Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-2-ci cild-6
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>

    -Otelin qabağında okean sahili də qəribə təsir bağışlayırdı: bütün çimərlik boyu bir-birindən müəyyən məsafələrdə dirəklər basdırılmışdı. Uzaqdan qəbiristanlığa oxşayırdı bura. Eyni boylu-biçimli əsgər məzarlarına... Kimləri basdırıblar bu çimərlikdə - dənizdə batanlarımı? Yox, bu dirəklər sərhəd dirəkləriydi - çimərliyin ayrı-ayrı sahələri "Enqor" otelinin ayrı-ayrı nömrələrinə mənsub idi: bu nömrələrin sakinlərinə... Sahil qarış-qarış parçalanmış, bölünmüş, paylanmışdı, ocean isə sərhədsiz, azad idi...
    -Üç gün qaldılar Dakarda, Atlantik okeanında çimdilər, şəhəri dolaşdılar, - uca, ağappaq binaları, qamışla samandan quraşdırılmış komaları gördülər, Kermel bazarını və əsrlərdən bəri qolu bağlı qulların zindanı olan Qore adasını gəzdilər... Sabah isə geri, vətənə qayıtmalıydılar. 
    -Zaur: "Vallah, sağ olsun anam, - deyə düşünürdü, - axı, bu səyahətə çıxmağımızı o təkid elədi. "Sonra oğul-uşaq basacaq sizi, macalınız olmayacaq belə-belə səyahətlərə, nə qədər cavansız, əliz-qoluz bağlı deyil, gedin gəzin də"... Anası düz deyirdi, - belə səyahət insana ömründə olsa-olsa bircə kərəm düşür... Anası onu çox dilə tutdu.
    -Zaur etiraz eləmirdi, amma doğrusu, çox elə meyli də yox idi. Axır vaxtlar hər şeyə necə yanaşırdısa, bu səyahətə də eyni cür münasibət bəsləyirdi - tam bir biganəlik, laqeydlik... "Nə olar, gedərik-gedərik, getmərik-getmərik"... Bir yana baxanda, səyahətlər, xoş günlər, həyatın bütün başqa naz-nemətləri - məgər Zaur bütün bunların xətrinə dəyişməmişdimi ömrünü? Amma indi bu barədə düşünmək istəmirdi, ümumən heç bir şey düşünmək istəmirdi.
    -Qaranlıqda pıçıltıyla arvadını çağırdı:
    -Yatmısan? - Cavab çıxmadı. Bilirdi ki, çavab çıxmayacaq. Firəngizin nə zaman yatdığını sakit, dinc nəfəs almasından bilirdi. "Firəngiz heç zaman xoruldamır". 
    -Bu, nigahlarının ilk ayında Zaurun elədiyi ən böyük və xoş kəşflərdən idi. Doğrudan da, Firəngizin xoruldaya biləcəyini təsəvvür eləmək də mümkün deyildi. Zaur fikrində həmişə Firəngizi çox bahalı şüşədən cilalanmış şəffaf güldana bənzədirdi. Ağla sığışdırmaq olmurdu ki, belə bir güldan xoruldaya bilər, qışqıra bilər və bir də Zaurda belə bir təsəvvür vardı ki, qəfilcən bu güldana naqolay toxunmaq, onu salıb sındırmaq olar... Özündən altı yaş kiçik olan bu qıza, onun arvadı olmuş Firəngizə münasibətində dolaşıq bir duyğu kələfi vardı - həm nəvaziş, həm qayğı, həm də qalın bir pərdə...
    -Firəngiz çox utancaq idi, kimsə onun haqqında danışanda qıpqırmızı qızarar, yanaqlarını puçur-puçur həya təri basardı. Bu, bəzən Zauru əsəbiləşdirərdi, nədənsə dərhal Firəngizin ailəsi - atası Murtuz, anası Alya, qardaşı Spartak gəlib dururdu gözlərinin qarşısında: o zaman Zaura elə gəlirdi ki, Murtuzun kobudluğu, "mənəm-mənəmliyi", Alyanın özündən müştəbehliyi, Spartakın cüvəllağılığı kimi Firəngizin isməti, məsumluğu da yapma bir naxışdır, aləmə nümayiş etdiriləsi zahiri bir dəyərdir. Amma Firəngizi təklikdə, ailəsindən ayrıayrılıqda qavrayanda, Zaur qıza daha mehriban münasibət bəsləyirdi, onun, doğrudan da, çox təvazökar, utancaq olduğuna inanırdı, saflığına və uşaq təmizliyinə, sadəliyinə həsəd aparırdı: düşünürdü, nə yazıq ki, mən özüm daha heç bir vaxt belə saf və sadədil, dinc və arxayın ola bilməyəcəyəm...
    -Bəlkə də Zaurun nicatı məhz bundaydı - özüyçün deyil, başqalarıyçün, Firəngiz üçün, gələcək övladları üçün yaşamaqda... Və elə bir həyat qurmaqda ki, zahirən belə həyat hamıya - o cümlədən Firəngizə və gələcək övladlarına bəxtiyar bir yaşayış kimi görünsün... Və bəlkə o zaman - Firəngizin, gələcək övladlarının gözlərində bu xoşbəxtliyi, arxayınlığı, qayğısızlığı görərkən Zaur özü də səadətin yoluxucu təsirini duyacaq, öz içində ailə sevincinin əkssədasını eşidəcəkdi.
    -Zaur gələcək güzəranlarını, mənzillərinin quruluşunu, avadanlığını xəyalında canlandırmağa çalışdı, amma hiss elədi ki darıxır, ürəyi qısılır. Ayrı bir şey haqqında düşünmək istədi, fikri bir məsələdən başqasına qaçdı, bilmədi nə barədə düşüncün və ümumiyyətlə bir şey haqqında düşünmək vacibdirmi... Bəlkə də yox, amma onda da bilmirdi ki, qəfil ayıldığı bu gecə saatlarını - yata və dura bilmədiyi bu qeyri156 müəyyən vaxt boşluğunu nəylə doldursun... Görəsən aşağıda, otelin qarşısındakı eyvanda neçə dənə gün çətiri var? Azı iyirmi - otuz dənə… Nə rəngdədirlər onlar? Qırmızı, sarı, yaşıl, göy, mavi, çəhrayı, sarı… yuxu doğrudan da onu çəkib apardı…
    -Bu iyi yuxuda duydu və yuxuda da dərk elədi ki, yuxudadır, ayılmayıb. Amma yuxuda da tanıdı bu iyi. Bu iy tək bircə idi, təkrarsız idi. Afrikanın iyi kimi. Amma bu Afrikanın iyi deyildi. Zaur hələ də yuxu içində idi, yuxu içində fikir eləyirdi: hardan gəlib çıxdı bu qoxu bura, Dakara, otelin 17-ci mərtəbəsinə? Yuxuda fikirləri elə bil qıc olub tutulmuşdu, silkinib yuxudan çıxa, ayıla bilmirdi və buna görə də daha da eymənirdi. Bu iyin nə iy olduğunu, bu qoxunun kimin qoxusu olduğunu bilirdi axı... hələ də yuxudaydı, amma bu qoxudan başqa - Təhminənin qoxusundan başqa - müxtəlif fransız ətirlərinin qarışığından yaranan bu təkrarsız qoxudan başqa - heç bir şey duymurdu. Bu ətir qarışığının sirrini bircə Təhminə bilirdi və həmin sirri hamıdan gizli saxlayırdı. "Hər hansı bir ətiri, ən nadir tapılan ətirləri belə almaq olar, - deyərdi Təhminə. - Deməli, bu ətirləri hər hansı bir qadın vura bilər. Amma hər qadının öz təkrarsız qoxusu olmalıdır. Odur ki, həmin ətirləri bir-biriylə qarışdırmaq lazımdır, hərəsindən bir azacıq qarışdırmaq lazımdır. Nə qədər? Bu, sirdir və bu sirri bircə mən bilməliyəm".
    -Röyasız yuxu içində - sönmüş ekran qarşısındaymış kimi
    - Zaur intizarla gözləyirdi. Budur bax, bu saat ekran işıqlanacaq, yuxu rənglərə boyanacaq, səslərlə dolacaq və Təhminə canlanacaqdır - onunçün nə var ki, məsafələri qət etsin, qitələri, okeanları aşsın, sərhədləri keçsin. Əgər dünyanın o başında güclə duyulan, zərif və zəif qoxusu Zauru haqlamışdısa, sifətinin, səsinin, nəfəsinin, gülüşünün bura gəlib çıxması çətinmi iş idi? Yuxunun dolaşıq, qarmaqarışıq məntiqinə dayanaraq düşünürdü: hansı reyslə uçub gəlib bura, axı Moskvadan bura təyyarə həftədə bir uçur? Yuxuda belə bunu unutmamışdı və yuxuda düşünürdü ki, axı bu yuxudur, gərək oyanam, gərək cəhd eləyəm oyanmaqçün, gərək əlimi uzadıb gecə çırağını yandıram. Əlini uzadırdı, gecə çırağını yandırırdı, amma çıraq yanmırdı və Zaur başa düşürdü ki, hələ da yuxudadır, yuxuda uzadıb əlini çırağa, əslində isə heç uzatmayıb da, yuxuda yandırıb çırağı, əslində heç yandırmayıb da, yuxuda ayılıb yuxudan, əslində heç ayılmayıb da...
    -Ayılmayıbsa, deməli, indicə görəcək onu... Və o gündən bəri birinci dəfə görəcək Təhminəni. Neçə ay keçmişdi o gündən? Yox, arada bir dəfə görmüşdü Təhminəni. Yuxuda yox, real həyatda da yox, - televizorda görmüşdü... Bircə dəfə, vəssalam. İndi isə... buyur, Qərbi Afrikada, müstəqil Seneqal respublikasının paytaxtı Dakar şəhərində gəlib duracaqdı gözləri qarşısında:.. Nə tez də sənədlərini toplayıb təhvil verib: tibbi arayış, anket, üç imzalı xasiyyətnamə, viza... hamısı da belə təcili, tez... Bütün bunları toplayıb düzəldib, bütün bunlardan keçib. Hər şeyin çəmini, yolunu tapıb ki, teztələsik uçub bura gəlsin. Burada, dünyanın o başında Zauru yaxalasın və hər şeyi geriyə döndərsin. Bütün olub keçənlər, ötüb-itənlər yenidən qayıtsın, dirçəlsin, yenidən başlansın.
    -Amma axı başlamamalıydı hər şey təzədən. Olan olmuş, keçən keçmişdi, biryolluq, həmişəlik, dönüb-qayıtmaz bir mütləqlikdir. Bəs onda... Axı, bu, yuxudur, - deyə düşünürdü... - Yuxunun nəyindən qorxursan, yuxunun nə təhlükəsi var? - deyə düşünürdü. -Ayılıb oyanacam, hər şey keçib gedəcək, - deyə düşünürdü və onu da düşünürdü ki, yuxudamı, oyaqlıqdamı, bu dünyada Təhminənin nəvazişlərindən qorxulu heç nə yoxdur onunçün. Təhminənin nəvazişləri, sığalları, beyni dumanlandıran oxşamaları, çılğın pıçıltıları, deyilməmiş gileyləri... Bir da qapqara, uzun, sıx kirpikləri - o kirpikləri elə qaldırırdı, elə bil qədim bir kitabın ağır səhifəsini açır və o kirpiklər Təhminənin sifətinin tən yarısına kölgə salırdı. Bir dəfə Zaur içmişdi, dedi ki, sən kirpiklərini qaldıranda elə bil bəşəriyyət tarixində yeni bir səhifə açılır...
    -...Yuxuda, iradəsi zəifləyib möhkəm şüur, məntiq buxovları boşalanda Zaur onun, Təhminənin alaqaranlıq istəklərinə tabe olacaqdı. Axı bu istəklər həm də onun özünün, Zaurun istəkləri idi. Bir gün Zaur iradəsini toplayıb bütün hiss-həyəcanlarını ürəyindən birdəfəlik qoparıb ata bilmişdi. Ancaq yuxunun öz qanunları var, daha doğrusu, yuxu bütün qanunlardan azaddır. Zaur isə indi heç bir azadlığa hazır deyildi, istəmirdi heç bir azadlıq-filan. Yalnız bircə şey istəyirdi - yuxudan ayılmaq.
    -Ən çətini göz qapaqlarını qaldırmaq, gözünü açmaq idi... Bir cəhd elədi, güc-bəlaynan göz qapaqlarını açdı, amma bu da yuxu idi - yuxuda cəhd eləmişdi, yuxuda açmışdı gözlərini. Bunu anlayıb bir də cəhd elədi və bu səfər, doğrudan da, oyandı... Bir an, ayılandan sonra düz bircə an ona elə gəldi ki, bu otaqda - Afrikanın iyi hopmuş bu otel nömrəsində başqa bir qoxu, Təhminənin rayihəsi də qalır hələ. İndicə canını qurtardığı yuxu girdabının cazibəsi qəlbini limhəlim doldurmuşdu, amma Zaur bilirdi ki, xilas olmalıdır bu hisslərdən; rahat, dinc yaşamaqçün bütün bunları biryolluq özündən iraq eləməlidir və bu gecəni də sakit başa vurmaq istəyirsə, indicə durub geyinməlidir, nömrədən çıxıb aşağı Ndüşməlidir, fikirlərini yayındırıb, düşüncələrin yönünü dəyişib, sonra qayıtmalıdır otağına. Yalnız bundan sonar sakit uzanıb yata bilərdi.
    -Qaranlıqda ayaqqabılarını axtararkən Firəngiz səsə oyandı. Bir şey demədi, amma nəfəsinin dəyişməsindən Zaur arvadının ayıldığını bildi.
    -Zaur:
    -Nədənsə yata bilmirəm, - dedi, - çıxıb bir az okeanın qırağında gəzmək istəyirəm.
    -Firəngizdən səs çıxmadı. Nə hə, nə yox. Zaur düşünürdü ki, eyni tərzdə "istəyirəm gedib özümü dənizə atam" - deyə də bilərdim və yenə də Firəngiz etirazını bildirməzdi... Bəzən Zaura elə gəlirdi ki, Firəngiz laldır. Bəzən tanış-bilişlər deyəndə ki, hələ heç bir vaxt Firəngizin səsini eşitməyiblər, Zaur fikrə gedirdi: o özü haçan eşidib arvadının səsini? Nə isə yadına sala bilmir. Ancaq ayrı-ayrı sözlər... - hə, yox. - Gedək - hə, qalaq - yox. Yataq - hə, duraq - yox... ya da əksinə... hə, yox, vəssalam... Zaur cəkmələrini, şalvar-köynəyini geyinib nömrədən çıxdı... Düyməni basdı, lift gəldi. Lifti idarə edən oğlan - otelin xidmət paltarını geymiş balaca zənci Zauru görüb gülümsündü, fransızca nə isə dedi. Zaur da başını yelləyəyelləyə gülümsündü, amma oğlanın nə istədiyini başa düşmədi: bəlkə pul istəyirdi ondan, yaxud xoş gecələr arzulayırdı, ya saatı soruşurdu, ya liftin yavaş getməsindən şikayətlənirdi? Kim bilir? Gecənin bu vaxtında okeanın sahili bomboş idi... Əslində okeana da, dənizə də baxanda onların ucu-bucağı görünmür, amma birbaşa təəssürata beynin məlumatı əlavə olunanda, okeanın hüdudsuzluğu adama daha müdhiş, daha əfsanəvi görünürdü.
    Sahilə yaxın yerlərdə, ləpədöyəndə otelin çimərlik çıraqlarının şölələriylə işıqlanmış okeanın uzaqları get-gedə qatı və qorxunc bir qaranlığa qarışırdı, haradasa zülmətin qovuşduğu üfüqlərdə itib gedirdi, amma o intəhasız ucqarlarda, getdikcə uzaqlaşan üfüqün o tayında okeanın başqa sahili də var idi - Amerika sahili...
    Zaur:
    "İnşallah, bir vaxt Amerikaya da səyahət eləmək lazımdır. Firəngiznən bir yerdə - deyə duşündü və birdən-birə bütün bunların puçluğunu, heçliyini dərk elədi. Nə qədər mənasız idi bütün bu şeylər. Amerikaya səyahət etmək istəyi, bura, Afrikaya gəlmələri, burada, bu yad okeanın yabançı sahilində dinclik, aram axtarması, hər şeyi unutmaq niyyəti... Axı heç bir təyyarə, heç bir gəmi, heç bir nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir və "səadət axtarmaq ifadəsi" o demək deyil ki, səadəti axtarıb tapmaq üçün düzə-dünyaya düşməlisən... Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən-belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür - hara gedirsən get - nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq...
    Zaur əyildi, barmaqlarıyla soyumuş, narın sahil qumlarına, dalğaların yaladığı irili-xırdalı, hamar daşlara toxundu və qəsdən, bilərəkdən bu duyğunu yenidən oyatmağa çalışdı – bu duyğu xatirəsi barmaqlarının ucundan əllərinə keçdi, əllərindən qollarına, çiyinlərinə, köksünə, bədəninin bütün hüceyrələrinə. Bir gizilti kimi gəzdi bütün varlığında bu duyğunun xatirəsi... xoşbəxtlik xatirəsi... Sonralar yalanı üzə çıxsa da, yaşadığı an əsl bəxtiyarlıq kimi duyulan o uzaq anların xatirəsi. O xoşbəxt anların ki, Zaur onları da sahildə, narın qumlarla, balıqqulaqlarıyla, yosunlarla, dalğaların uğultusu, mehin nəvazişləriylə sərt, sal qayalarla, ulduzlu göylə birgə yaşamışdı... Qumuyla, mehiylə, səsləriylə, göyünün ulduzlarıyla bura oxşayan başqa bir sahildə... Okeanın yox, dənizin sahilində...
    Buralardan çox-çox uzaq bir dənizin...

 

İkinci fəsil
 
    Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə,
    Neməti-vəslin görüb, nazın çəkirdim can ilə.
    Bu ensiz sahil uzandıqca uzanırdı... Sahil xəttinin əyri- köndələn köbəri gah ləpələri yumruqlar kimi əzən qayalar boyu, gah dümdüz hamar çimərliklər boyu çəkilmişdi. Dəniz balaca, xudmani körfəzciklərdə sahilin bətninə girir, sivri, nazik, qumlu burunları öz altına çəkir, gah qabarıb sahili, qayaları qamarlayır, kiçicik qum adalarını basıb içinə alır, gah da çəkilir - yenidən üzə çıxmış qumlu sahələri - burunları, adacıqları mülayim ləpələriylə tumarlayırdı. Sahilin dənəvər qızılı qumlarını yavaş-yavaş sığallayır, oxşayır, pişik balasını yalayan kimi yalayırdı. Xırda daşları, qılları, balıqqulaqlarını təsbeh kimi bir-bir çevirirdi, sonra qəfilcən rəftarını dəyişir, dalğaları dəli rüzgarlarla qamçılanmış kimi şahə qalxırdı, bayaqkı nəvazişdən, sığaldan əsər-əlamət qalmırdı, külək qumları havaya sovurur, dəniz elə bil yüyürüb qan-tər içində qayalara çatmaq, daşların yalçın sərtliyinə çırpılıb çilik-çilik olmaq istəyirdi.
    Bu sahil - Pirşağı tərəflərdəki Mayakdan Mərdəkandan o yana ucalan QRES borusuna qədər uzanmış bu sahil, sahil qəsəbələriylə - Buzovna, Zuğulba, Bilgəhlə Xəzər arasında qalmış bu sahil, qərbə doğru getdikçə Nardaranın, Sarayın, Coratın yanından keçib Sumqayıta çatır və Sumqayıtdan da yuxarı - şimala doğru uzanırdı. Dənizin uzaq üfüqündə tülu edən günəş bütün sahilin üstüylə kos kimi dığırlanıb keçir və axşam tərəfi Zuğulba təpələrinin ardında qürub edirdi. Amma günəş təpələrin dalında gözdən itəndən sonra belə onun maili şüaları - projektor işığı kimi - səmaya sancılırdı və bu şüaların əksi dənizin səthinə qızılı-paslı talalar salırdı. Şüalar get-gedə qısalır, hava get-gedə qaralır və dənizin üzündə qəribə kölgələr dolaşırdı - təpələrin, buludların, qayaların əcaib kölgələri. Sahil evlərinin qızılı rəngə çalan pəncərələri ətrafa həzin bir qəriblik hissi çiləyirdi elə bil. Axşamın bu çağında sahildə kədərli bir dinclik hakim idi - dənizin gecə həyatı başlanmazdan qabaq qısa bir müddət belə olurdu - təkəmseyrək adamlar hələ də çimirdilər, dənizdən çıxmışdılar, onların siluetləri bir qara ləkə kimi görünürdü. Sahildə bir-iki maşın yubanıb qalmışdı... Ala-toranlığın gecə qaranlığına keçdiyi bu son dəqiqələrdə çılpaq bir kişi oğrun-oğrun ətrafa boylanaraq - görən olmasın - qurulanır, geyinir, başını darayırdı... Yubanmış maşınlar səssizcə-səmirsizcə çimərliklə hərəkət edirdi. Çimməkdən qayıdan axırıncı dəstələrin hənirtisi, gülüşü artıq tam qaranlıqlaşmış havada eşidilib itirdi... Çimərlikdən çıxıb uzaqlaşan maşının arxa işıqları iki qan-qırmızı lent kimi maşının ardınca sürünüb gedirdi.
    Bu sahil Zaurçün dünyanın ən cazibədar bir guşəsi idi və heç bir tərifli təbiət mənzərəsi-sıldırım dağlar, sıx kölgəli meşələr, gur şəlalələr, köpüklü çaylar, yaşıl vadilər, dərin dərələr, sərin təpələr - heç nə, heç yer qızmar günəşin yandırıb-yaxdığı bu quru, ağacsız-bitkisiz sahilin gözəlliyinə tay ola bilməzdi...
    Təhminə:- Havalar soyuyub ha -dedi. Zaur uzun tiftikli iri sarı qətfəni maşından ona uzatmışdı. Təhminə qurulanırdı. Dənizdən indicə çıxmışdı və sulardan maşına qədər gəldiyi yol boyu damcı-damcı zəncirvarı iz salmışdı, maşının içinə isə ayağından səpələnən qumları gətirmişdi.
    -Day çimmək olmaz... Axırıncı dəfədir bu.
    Zaur:
    -Hə, - dedi və siqaretini sümürdü, - payızdır...
    -Üç ay nə tez keçdi Zaur, hə? Yadında birinci dəfə bura gəlməyimiz. Onda iyun idi, hə?
    Zaur:
    -İyunun beşi idi, - dedi, - mənim dəqiq yadımdadır...
    -5 iyun 1965-ci il. Gərək bu tarixi qayalarda bir yerə həkk eləyəydin. Gələcək nəsillərə yadigar qalsın.
    Zaur:
    -Altında da yazardım: Zaur Təhminə və oxla dəlinmiş ürək şəkli çəkəydim, hə?
    Təhminə:
    -Bəli, - dedi, - bu yay da belə keçdi... Bizim yay...
    Zaur çevrilib arxaya baxdı: Təhminə saçlarını darayırdı.
    -Gedək?
    -Gedək.
    Zaur motoru işə saldı və maşını qumlu sahil yollarıyla şoseyə tərəf sürməyə başladı.
    Susmuşdular. Təhminə birdən-birə:
    -Zaur, - dedi, - bilirsən ki, mən işdən çıxıram?
    -Nə?
    -Dəyişirəm iş yerimi.
    Zaur maşının sürətini azaltdı, elə bil lap saxlamaq istəyirdi, çevrilib Təhminəyə baxdı:
    -Neçə yəni? Hara belə?
    -Televiziyaya. Təsəvvür eləyirsən, məni diktor götürürlər.
    Bir dostum var, o düzəltdi... Neçə ildi elə hey məni dilə tuturdu ki, gəl televizorda bizimlə işlə, amma onda nədisə fikir vermirdim. İndi birdən yadıma düşdü onun təklifi, o gün götürdüm zəng elədim... Orda işləyir, amma vallah, belə tapşırıqsız-zadsız özüm öz gücümlə getdim, məni sınaqdan keçirtdilər, mətn verdilər, oxudum - azərbaycanca da, rusca da - bəyəndilər... Görünür, məqamına düşmüşəm, elə diktor axtarırlarmış, Moskvadan deyir, verilişimiz olacaq, elə lap yerinə düşdü. Böyüklərdən biri məni təriflədi də: hər iki dildə, deyir, mükəmməl danışırsınız, zahiri görünüşünüz də münasibdir.
    Zaur Təhminənin indicə ona verdiyi bu təzə xəbər haqqında düşünür və özü də təyin edə bilmirdi ki, sevinir, yoxsa heyfsilənir. Təhminənin belə bir qərara gəlməsinin səbəblərini bilmirdi, amma hər halda başa düşürdü ki, bu qərar müəyyən dərəcədə onun özüylə - Zaurla, onların münasibətləriylə bağlıdır...
    -Niyə birdən-birə bu qərara gəldin axı?
    Bilirdi ki, Təhminənin cavabı dəqiq və dürüst olacaq, nə varsa, onu deyəcək.
    Təhminə:
    -Sənə görə, - dedi.
    -Mənə görə?
    -Əlbəttə. - Sonra əlavə etdi: - Gündə səni görmək mənə çətin olardı.
    -Məni görmək yəni belə məşəqqətdir səninçün?
    -Eşitməmisən, aşıq deyib: nə gözlərim səni görsün, nə könlüm qubar eyləsin. Hər gün səni görəcəydim, fikirləşəcəydim ki, daha mənimki deyilsən.
    Zaur az qala dilindən qaçırtmışdı: "Məgər mən haçansa səninkiydim ki, indi daha səninki deyiləm", amma demədi bunu, həmin fikri başqa cür ifadə elədi:
    -Nə dəyişib bizim münasibətlərimizdə?
    Təhminə səssiz gülümsündü. Zaur görməsə də, elə bil bu təbəssümü kürəyiylə hiss elədi, maşının güzgüsündə Təhminənin sifətinə baxdı. Təhminə təbəssümünü hələ silib atmamışdı üzündən.
    -Zaurik, yəni doğrudan sən heç nə başa düşmürsən? - dedi: - Doğrudan, başa düşmürsən ki, bizim axırıncı görüşümüzdür?.. Yaxşı, tutalım, axırıncı görüşümüz deyil, bir şəhərdə yaşayırıq, yəqin bir-birimizə rast gələcəyik təsadüfdəntəsadüfə... amma bu son görüşümüzdür. O mənada ki, - yenə gülümsündü, - bir daha bu cür görüşməyəcəyik.
    "Niyəsini" soruşmaq istədi Zaur, amma dinmədi, səbəbini özü tapmaq istədi. Axı Təhminə onu hey məzəmmət edirdi ki, həssas deyilsən, zərif deyilsən, qadınla kişi münasibətlərinin bütün incəliklərini duya bilmirsən. Hiss edə bilmirsan ki, bu əlaqələr nəylə düyünlənir və nədən qırıla bilər... Amma hər halda Təhminənin bu qərarı Zauru çox da sarsıtmırdı. Hətta, müəyyən biganəliklə qarşıladı bu sözləri. Bəlkə də bu, sırf fizioloji bir halla əlaqədar idi. Bir az qabaqkı ehtiraslı, çılğın məhəbbət görüşündən sonra Zaur özündə bir laqeydlik, boşluq, toxluq hiss edirdi. Axır vaxtlar çox tez-tez görüşürdülər, bir də bundan idi bəlkə bu doyğunluq. Bəlkə Təhminə bu xəbəri bir neçə saat bundan qabaq, onlar çimərliyə gələrkən, öpüşlərdən, ağuşlardan, pıçıltılardan və nəvazişlərdən qabaq desəydi, Zaur daha çox narahatlıq keçirərdi. Bir neçə gün, Təhminəni yenidən ağuşuna almaq istəyi çılğın, dözülməz bir ehtirasa çevrilincəyə qədər bu fikrə - "ayrılmaqları", "bir daha görüşməyəcəkləri" fikrinə nisbətən sakit və biganəliklə baxa bilərdi. "Nə yaxşı ki, o axmaq məktubu çırıb atdım. Təhminəyə göndərmədim - deyə düşünürdü. - İlk yaxınlığın təsiri altında, həm də dəm vaxtımda yazdığım o kağızda nələr qırıldatmamışdım, ilahi...
    İndi bütün o fikirlər necə də gülməli gəlir mənə, məhəbbətfilan, sənsiz yaşaya bilmirəm, getmə gözümdən, gedərəm özümdən. Nə sevgi, nə filan, əşşi?.. İstək var, ehtiras var, arzukamına çatmaq intizarı var, bir də istədiyinə nail olandan sonar doyğunluq, bezginlik, biganəlik var, vəssalam. Qalan hamısı sözdür, havayı söhbətlərdir..."
    -Bilirsən bu kimin bağıdır?
    Təhminənin səsi Zauru fikirlərindən ayırdı.. Yolun sol tərəfində nahamvar boz daşlardan hörülmüş uca barının arxasında ikimərtəbəli, əyri-köndələn eyvanlı bir ev vardı.
    Eyvan bulanıq yaşıl rəngə boyanmışdı.
    - Yox.
    -Murtuzovgilin. Sizin qonşularınızın.
    Zaur təəccüblə:
    -Murtuz Balayeviçin? - deyə xəbər aldı. - Sən hardan onu tanıyırsan?
    -Oğlunu tanıyıram.
    -Spartakı? - dedi və elə bil içində nə isə titrədi. Spartakı yaxşı tanıyırdı. Bilirdi nə yuvanın quşudur, qadınlara, illah da gözəl qadınlara nə gözlə baxır. Ümumiyyətlə bilirdi nə oyunlardan çıxır Spartak. Ağzını allah yoluna qoyub, qadınlar haqqında nələr danışdığından da xəbərdar idi, Təhminənin
    Spartakla tanışlığı Zauru heç açmırdı. Amma qəsdən biganəliklə:
    -Bəs Spartakı hardan tanıyırsan? - deyə soruşdu.
    -Mənim bir rəfiqəm var, onun tanışıdır.
    "Tanışıdır" sözü Zaurun bütün içini qaynatdı, axı bilirdi Spartakla tanışlıq qadınçün nə deməkdir.
    Təhminə birdən:
    -Saxla, - dedi. Zaur əyləci basdı və maşın iri dəmir darvazanın düz qabağında dayandı.
    -Nədir?
    -Gəl düşək. Bilirsən bu eyvandan nə gözəl mənzərə görünür. Adamın ürəyi açılır.
    -Bircə elə bu çatmırdı. Özgənin bağında nə işimiz var?
    -Tərsliyinə salma, bircə dəqiqəliyə düşək.
    Zaur könülsüz-könülsüz maşından çıxdı.
    -Deyəsən, sən bu eyvandan çox seyr eləmisən mənzərəni, dedi. - Heç ağlıma da gəlməzdi ki, sən Murtuzovgilə gedibgəlirsən? Bakıda da gəliş-gedişiniz var? Bəs nə əcəb heç rastlaşmamışıq bizim həyətdə?
    -Əşi, yox, canım. Bakıda heç evlərini tanımıram. Bu bağda da bircə dəfə olmuşam... Qonaqlıq idi, çoxlu adam vardı, mən də haradansa gəlib düşmüşdüm onların kompaniyasına...
    -Kim verirdi qonaqlığı, Spartak, ya Murtuz Balayeviç?
    -Murtuz Balayeviç kimdir. Spartakın atası? Heç onun sifətini də görməmişəm. Qonaqlığı Spartak düzəltmişdi... O vaxt mənim rəfiqəmlə gəzirdi. Deyəsən, Spartakın ad günü idi, yadımda deyil, bir söz, məni də dartıb gətirdilər.
    -Sən əlbəttə, tək idin, ərsiz...
    -Allahu-əkbər. Nə belə məni sorğu-suala tutmusan? hə,
    Manaf, deyəsən doğrudan da Bakıda yox idi.
    Zaur:
    -Tiflisdəydi, - dedi və dərhal da dediyinə peşman oldu... 
    Elə bil Təhminə birdən-birə söndü, içinə çəkilib büzüşdü. Axı hər ikisinin yadında idi: Təhminə Zaura özü demişdi ki, Manafın Tiflisdə aşnası var, ara-sıra bəhanə tapıb onun yanına cumur. İndi Zaur ona məhrəmliklə açılmış bu sirri şapalaq kimi çırpmışdı Təhminənin üzünə. Təhminə qəmli-qəmli başını buladı.
    -Özün bil, - dedi. - Mən istəyirdim ki, eyvandan baxasan, dəniz, kənd çox qəşəng görünür. İstəmirsən baxma, daha məni sancmaq nəyə lazımdır?
    Zaur günahını yumaq üçün yumşaqlıqla:
    -Axı qapı bağlıdır, - dedi və nəvazişlə Təhminənin gözlərinin içinə baxdı.
    Təhminə, doğrudan da, elə bil yumşaldı.
    -Bəs uşaqlıqda heç üzüm oğurluğuna getməmisən? - dedi.- Bir yandan da idmançısan hələ, aş görüm bu barını. Zaur da bu yarızarafat danışıq və davranış tərzini saxlamağa çalışdı, odur ki, qıvraq bir hərəkətlə tullanıb barının üstündən yapışdı, dartınıb hasarın üstünə çıxdı və o tərəfə aşdı... Darvazanı taybatay açdı və Təhminəni içəri dəvət elədi.
    -Buyuracaqsınız, xanım, - dedi.
    Axar-baxarlı eyvandan dənizin, sahilin, qəsəbənin geniş mənnzərəsini seyr edirdilər. Eyvanın döşəməsində azı bir on cüt köhnə, yırtıq çəkmə, məst vardı. Onların arasında nimdaş dikdaban qadın ayaqqabıları da vardı,
    Təhminə:
    -Vaxtilə bu ayaqqabılar dəb idi, - dedi və qəfilcən xəbər aldı. - Bacısını necə, tanıyırsan? Spartakın bacısını.
    -Firanı? Əlbəttə, tanıyıram. Dedim axı – bizim qonşularımızdır. Nədir ki?
    -Heç. Deyirlər, çox gözəl qızdır, mən görməmişəm...
    -Bilmirəm, - dedi, - fikir verməmişəm: gözəldir, ya yox.
    Zaur bunu müəyyən əsəbiliklə dedi, çünki xoşu gəlmirdi Murtuzovlardan. Doğrudur, Fira haqqında bunu deyə bilməzdi, bu cavan qızcığazdan nə xoşu, nə acığı gəlirdi. Elə bil o heç yoxmuş, amma ata-anasından, illah da qardaşından zəndzəhləsi gedirdi.
    -Hər halda, - dedi, - Fira ailələrinin başqa üzvlərindən bir cəhətcə üstündür ki, dinib danışmır, heç olmasa həmişə susur...
    -Deyəsən, onlarla aran yoxdur, hə? Doğrudan a, heç ağlıma gəlmir, - harda görünüb ki, qonşu-qonşuyla yola getsin... Mətbəxdə yəqin gündə dava-mərəkədir, xəlvətə salıb bir-birinizin qazanına çəngəylə duz atırsız, elədi?
    Zaur quru tərzdə dedi:
    -Çox üzr istəyirəm, amma bizim mətbəxlərimiz ayrı168 ayrıdır, mənzillərimiz də başqa-başqa mərtəbələrdədir .
    -Belə de. Onda deməli qonşuyla ədavət daha yüksək zəmindədir? Murtuzovgil təzə fin mebeli alıblar, amma bizimki, Zeynalovlarınkı köhnə ərəb mebelidir, dad-bidad!
    Zaur:
    -Adamı sancıb-dalamaqdan ləzzət alırsan? - dedi,
    -Yaxşı, yaxşı, mısmırığını sallama, canım-ciyərim, - dərindən nəfəs aldı, - ciyər demişkən, dərindən nəfəs al, Zaur, - dedi, - çək bu havanı ciyərlərinə, məcundur bu... Oxqay...
    Zaur siqaret çıxartdı. Təhminə:
    -Çəkmə, - dedi, - özünü zəhərləmə. Bir bu təmiz dəniz havasını doyunca ud.
    Zaur siqareti qutusuna qoydu.
    -Ay səni Zaurik, qiyamət oğlansan.
    -Yaxşı, söhbətimiz yarımçıq qaldı axı... Başa salmadın məni ki, niyə bu axırıncı görüşümüzdür və nə səbəbdən ayrılmalıyıq.
    -Nə səbəbdən? - Təhminə çiyinlərini çəkdi. - Bunu izah eləmək uzun çəkərdi. O qədər səbəb var ki... Məsələn, belə bir səbəb: birdən bir səhər yuxudan durarıq, görərik ki, bir qəlbdən min qəlbə aşiq olmuşuq bir-birimizə. Hər halda ikimizdən birimiz, tutalım elə mən, aşiq oldum sənə, vuruldum. Onda necə olsun?.. Kimə lazımdır bu - sənə, mənə?.. Bir də ki... ümumiyyətlə, axı həyatı qəlizləşdirmək neçin, hə? Onsuz da cəncəldir bu həyat...
    Zaur düşündü ki, onu düz deyir, həyatı qəlizləşdirmək nəyə gərək?
    -Axı belə məlum oldu ki, bu cəhətdən arxayınçılıqdır, - dedi. - Sən aşiq olub eləyən deyilsən, olsaydın olardın da, üç aydır görüşürük - vurulub eləməmisən ki? - "Aşıq olmaq", "vurulmaq" sözlərini hər ikisi yüngül bir istehzayla tələffüz edirdi. - Hə, vurulmamısan ki, mənə? Düz demirəm?
    Təhminə:
    -Bəs sən? - dedi.
    -Mən!
    -Bəli, sən. Sən necə, vurulmusan?..
    -Əlbəttə. Bu nə sözdür. Mən elə birinci görüşümüzdən dəli-divanəyəm... Axı sənə də ilk görüşdən dedim ki sevirəm səni... Məcnun kimi, mən nə bilim, Kərəm kimi, Fərhad kimi...
    -Dayan, dayan, küyə basma... Demək - bir şeydir, duymaq, dediklərini doğrudan-doğruya hiss etmək – başqa şey... Bir də ki, sən bütün bu yağlı dilləri o vaxt, üç ay bundan qabaq tökürdün, onda aramızda heç bir şey yox idi. Bəs indi, indi də bu sözləri təkrar eləyə bilərsənmi. Belə yarızarafatnan, lağ-lağıya sala-sala, masqaraya qoya-qoya yox, ciddi-ciddi, tam ciddiliklə... dilinə gətirə bilərsən bu sözləri?..
    -Dəli olmusan, Təhminə?.. Əlbəttə, mən zarafat eləmirəm, ciddi sözümdür, doğrudan da sevirəm səni... vurulmuşam sənə...
    Zaur bu sözləri deyirdi, amma özü də hiss edirdi ki, tamamilə tutumsuz, içi boş sözləri tələffüz edir, bu sözlərin dalında duran duyğuların heç birini həqiqətdə yaşamadan deyir. Hətta bu yarızarafat tərziylə də gizlədə bilmirdi yalanını və Təhminə də bunu dərhal duydu: tükü-tükdən seçərdi Təhminə...
    -Yaxşı, di boşla, Zaur, - dedi. - Adamın lap ürəyi qalxır sənin bu sözlərindən... havayı-havayı danışdıq, bəsdir.
    Zaur əlini Təhminənin üzünə çəkdi. Bilirdi ki, sözlər kara gəlməyəndə, gücsüzləşəndə köməyə hərəkətlər, əllərin nəvazişi, sığal, təbəssüm yetir. Təhminə onun əlindən yapışdı, bir qədər öz sifətində saxladı Zaurun əlini, sonar üzündən araladı, çevrilib ovcunun içinə baxdı. Elə baxdı, elə bil Zaurun əlinin içini birinci dəfəydi görürdü.
    -Əllərin nə iridir, Zaurik! - dedi.
    Haradansa, çox uzaqlardan elektrik qatarının səsi gəldi və bu səs uzun müddət havada qaldı, sonra yavaş-yavaş əriyib itdi...
    Təhminə şəhadət barmağını Zaurun ovcunun içinə dirədi, yumşaq, pişik cırmağı kimi iti bir hərəkətlə dırnağını Zaurun ovcundakı cızıqlara çəkdi və dedi:
    -İstəyirsən falına baxım?
    -Baxa bilərsən?
    -Əlbəttə. O biri əlini də aç görüm.
    Zaurun hər iki əlini əlləri arasına aldı, uzun-uzadı ovuclarının içinə tamaşa elədi.
    -Sağ əl keçmiş və indiki vaxtdır. Ona görə ki, sağ əl fəaldır, işdədir, olmuş və indi bu saat olacaq işləri göstərir. Sol əl isə gələcəkdir, hələ olacaq hadisələri xəbər verir, odur ki, hələ hərəkəti azdır, passivdir... Bax, bu xətlər xoşbəxtlik, yalqızlıq, kədər xətləridir... Bu gözləmədir, bu xətt isə qəribə, gözlənilməz işlərə qadir olub-olmamağını göstərir. Görək indi səndə necədir? Bax bu, şöhrət xəttidir, səndə var bu xətt. Bu xətt Ay xəttindən başlanır, yəni real həyatdan daha çox fantaziyalara qapılırsan... Amma bu xətt də real həyat xəttinə qovuşur. Bunu görürsən, bax, bu xətt... Aha... İşə bax, iki, ya üç uşağın olacaq - hər halda ikisi mütləq oğlan uşağıdır...
    -Yəni bunu da təyin eləmək olur?
    -Bəs necə? Elə bilirsən halvaymış səninçün... Bax, bu xətti görürsən - sənin bir bacarığın varmış - bütün hisslərini, düşüncələrini işə, zəhmətə yönəldə bilirsənmiş... Şüurun dəqiqdir, müstəqimdir, bir balaca, lap belə cüzi dərəcədə xəyala, fantaziyaya meyl edirsən... Lap qoca yaşlarınacan ömür sürəcəksən və axıra qədər də həyatı sevəcəksən... Dövlətin çox olmayacaq. Başqa şəhərə köçüb eləməyəcəksən... Aha,.. bu xətt mübarizə xəttidir, amma o heç bir başqa xəttə qovuşub eləmir. Bax, bu da Venera kəməridir -sevmək və aldanmaq bacarığı... Bu xətt də yarıda qırılır... Bütün xətlər elə bil yarımçıqdır e, Zaurik!
    -Dad yarımçıq əlindən...
    -Dalına qulaq as... Ən çətin sınaqdan orta yaşlarında keçəcəksən... Ömrün haçalanacaq - bax, görürsən, bu haçalanmış xətt - tale xəttidir - haçansa iki od arasında qalacaqsan... Sinnə dolduqca xasiyyətin daha mülayim olacaq, amma zəhmin, zabitən artacaq... Kaş sənin sinli çağını, zəhmlizabitəli vaxtını görəydim. Zaurik, heç səni bu sifətdə təsəvvür edə bilmirəm...
    -Yaxşı, mənim məsələmi bildik. İndi öz falına bax.
    -Yox, nə danışırsan, qorxuram, heç vaxt öz falıma baxmaram, qoymaram da ki, başqası baxsın. Bir dəfə baxdırmışam, bəs eləyib.
    -Baxdırmısan, nə çıxıb ki?
    -Demirəm.
    -Yaxşı, de görək, ürəyimizi çəkmə...
    -Yox, yox...
    -Özün bil...
    Zaur təkid eləmədi və həmişə olduğu kimi indi də inadından vaz keçən kimi Təhminə özü razılaşdı:
    -Yaxşı, deyərəm, ancaq bircə şərtlə, - dedi, - bu sirri heç kəsə verməyəsən. Bir sən bil bunu, bir də mən. Ovcumun içinə bax, bu xətti görürsən, burada qırılır, görürsən?
    -Hə...
    -Bilirsən niyə qırılır burda?
    -Yox.
    -Bu mənim ömrümdür. Qırılması da ölüm. Erkən ölüm... Bir qoca falçı vardı, o baxıb falıma, o dedi...
    -Utanmırsan, ali təhsilli qızsan, başını belə cəfəngiyatla doldurursan.
    Elə bil eşitmədi Zaurun sözlərini:
    -Bəzən düşünürəm, Zaur, - dedi. - Birdən, doğrudan da, bütün bu sən demiş cəfəngiyat düz oldu, necə deyərlər, çin çıxdı. Günü sabah azarladım öldüm, təyyarədə, ya maşında qəzaya düşdüm, nə bilim, min cür səbəbdən insan ölə bilər...
    Bəzən belə fikirlər dolur başıma, öz-özümə yaman yazığım gəlir, az qalıram ağlayım... Düşünürəm ki, sabah yıxılıb ölsəm, kim mənimçün yanacaq? Ərim? Tutalım bir ay, üç ay heyfsiləndi, sonra hər şeyi unudacaq gedəcək... Başqa kim - qonşumuz Mədinə, o da tutalım bir ay, yox, bir ay da yox, iki həftə yas saxladı mənimçün... Başqa kim? Sən? Yaxşı, sən də iki həftə, ya bağışla, iki həftə çox uzun müddətdir, bir həftə üç gün mənimçün matəm saxladın, dərdə-qəmə batdın, lap saldın ürəyinə... Sonra? Sonra axı sən də unudacaqsan, elə deyil?..
    Hər şeyi unudacaqsan... Bu görüşlərimizi də, o sahili də, bax həmin bu eyvanı da... Düz demirəm?
    -Səfeh-səfeh danışmaqdan yorulmadın? Nədi elə başına qara-qura fikirlər salırsan, gah ayrılmağımızdan dəm vurursan, gah ölümdən. Gəl yanıma...
    Otağa keçdilər. Otaqda içində neçə vaxtdan bəri insan yaşamayan mənzilin səliqəsizliyi vardı - güncdə sement qutuları qoyulmuşdu, bir qırağa mismarlar, çəkiclər, mişar və rəndə atılmışdı, qab-qacaq pəncərə ağzına yığılmışdı, qarğıdan hörülmüş həsir səbətlər üst-üstə qalanmışdı, sınıq-salxaq şkafın rəflərində sirkə, abqora şüşələri düzülmüşdü, zivənin dalına döşəklər, üzsüz balışlar və yorğanlar yığılmışdı...
    Zaur Təhminəni öpdükcə, oxşadıqca Təhminə:
    -Qəsdən, qəsdən səni bura gətirdim, - deyirdi, - axırıncı dəfə, son dəfə, son dəfə səninlə olmaq istəyirdim...
    Zaur etiraz eləmirdi, amma çox yaxşı bilirdi ki, sözdür bütün bunlar hamısı, axırıncı görüşləri-filan deyil, yenə görüşəcəklər, yenə sevəcəklər bir-birlərini, çünki Təhminə onsuz - Zaursuz yaşaya bilmir. Buna lap qəti əmin olmuşdu Zaur, odur ki, sakit idi... Deyir, axırıncı görüşümüzdür, çox gözəl, mən daha görüşmək üçün heç bir təşəbbüs göstərməyəcəyəm, desə, deyəcəyəm ki, "balam, özün qərar vermədin, axır görüşümüzdür?". Özü məni axtaracaq, özü tapacaq, mən ancaq gözləməliyəm, vəssalam...
    Maşına minəndə Təhminə:
    -Amma səni o bağa aparmağımın bir səbəbi də var idi, dedi: - Bu səbəbi heç vaxt bilməyəcəksən.
    -Nə səbəbdir ki?
    - Demirəm.
    Zaur inad eləmədi. Bilirdi ki, təkid eləməsə Təhminə özü deyəcək. Amma bu səfər belə olmadı. Təhminə heç bir şey demədi. Nə onda, nə sonra.
    ...Və Zaur bağa gəlmələrinin bu ikinci səbəbini heç bir vaxt bilmədi. Bəlkə də heç yox imiş belə bir səbəb, Təhminə elə-belə, onun marağını cəlb eləmək üçün demişdi bunu. Kim bilir?.. Evlərinin tininə burulmamış maşını saxladı. Təhminə elə maşının içindəcə Zaurun boynundan öpdü:
    -Əlvida, - dedi və tələsik maşından çıxıb iti addımlarla evlərinə tərəf addımladı.
    "Əlvida. Sağ ol. Hələlik". Vida sözlərinin heç bir fərqi yoxdur. "Hələlik" deyib ömürlük ayrılmaq olar. "Əlvida" deyib üç gündən, üç saatdan, on beş dəqiqədən sonra yenidən görüşmək olar... Bu belədir, əlbəttə, amma hər halda evdə, çimmək otağına keçib, soyuq çiləyin altında yuyunanda Zaura birdən elə gəldi ki, suyun güclü iynələri onun bədənindən sahilin qumu, dənizin duzu, isti günün təriylə birlikdə Təhminənin öpüşlərini, sığallarını, əllərinin təmasını da həmişəlik yuyub aparır. Sözlərini, pıçıltılarını, saçlarının iyini... Bir də heç bir zaman Təhminəylə görüşməyəcəklər, saçlarını əliylə alnından atdığını, dodaqlarında tükənmiş təbəssümün, gözlərinin dibində sönən son qığılcımlarını Zaur heç vaxt görməyəcək. "Əlbəttə, belə deyil, - deyə düşündü. - Əlbəttə, yenə görüşəcəyik. Gözləmək lazımdır. Gözləmək, vəssalam".
 
Üçüncü fəsil
 
    Yaxşı görünür surəti məhvəşlərin, əmma
    Yaxşı nəzər etdikcə, sərəncamı yamandır!
    Zaur valideynlərini çox istəyirdi. Həm də yaşa dolduqca daha artıq istəyirdi onları. Daha doğrusu, yetkinlik yaşında o, öz valideynlərini lap körpə vaxtında sevdiyi kimi sevirdi - təbii və təmənnasız bir məhəbbətlə... Körpəliklə yetkinlik yaşı arasında qalan qısa bir dövrdə - beş-altı il çəkmişdi bu müddət - Zaurun təqribən 14-15 yaşından 19-20 yaşına qədər - valideynlərinə münasibəti başqa cür idi. Əlbəttə, sevirdi onları, amma bu sevgidə bir bəyənməzlik, üstüörtülü, bəzən də açıqdan-açığa rişxənd, istehza da var idi - valideynlərinin yaşayış tərzinə, köhnəlmiş anlayışlarına və zövqlərinə bir növ ağız büzərdi. Amma, eyni zamanda, bu bəyənmədiyi həyat tərzinin bütün niyaz-imtiyazlarından da bolluca istifadə edirdi, bahalı hədiyyələrdən - ali məktəbə daxil olduğu il atası ona, "Moskviç" bağışlamışdı - imtina eləmirdi. O illər Zaurun bütün marağı idmanla, caz musiqisiylə, rəqslərlə və qızlarla, xarici geyim-kecimlərlə və xarici filmlərlə bağlı idi. Valideynləri ev-eşiklərini ağır, zəhmli, tünd mixəyi rəngli köhnə mebellə doldurmuşdular. (Belə mebel sonralar yenə dəbə mindi, amma o illər geriliyin, pis zövqün rəmzi kimi görünürdü Zaura). Valideynləri bufetlərinin üstünü, servantlarının içini bahalı qab-qacaqla doldurmuşdular, masanın, hətta röyalın üstünə də iri büllur güldanlar, mürəbbə vazaları, gülqabılar düzülmüşdü. Valideynləri hind filmlərindən zövq alırdılar, atası saatlarla radiocihazı qurdalayıb ərəb və İran musiqisinə qulaq asardı - ləzzətlə gözlərini də yumardı, qulağını dirəyərdi cihazın dinamikinə, necə deyərlər, "çorta gedərdi" və yalnız hərdən-birdən ağzını marçıldadıb "bəh-bəh" deyərdi. Valideynləri böyük cah-cəlallı məclislər düzəldərdilər, bu məclislərdə uzun-uzadı, adamın ürəyini çəkən duzsuz sağlıqlar deyilərdi. Və valideynləri elə bil iynə üstündə oturardılar: amandır, birdən qonaqların yeri səhv düşər, başda oturmalı qonaq aşağı düşər, aşağıda oturmalı adam başa keçər, amandır, birdən bir adam yaddan çıxıb qalar, sağlığına badə qaldırmazlar, amandır, birdən siyahının sırası, ardıcıllığı pozular: kiminsə ünvanına əvvəlcə sağlıq deyilər (halbuki onun sağlığı sonra deyilməliydi), kiminsə sağlığı sonra deyilər (halbuki əvvəl deyilməliydi) və belə məclislərdə tamadalığa məhkum olmuş bədbəxt, yumordan məhrum biçarə, dəridən-qabıqdan çıxardı ki, məzəli bir söz desin və dediyinə də bircə özü gülərdi, amma qonaqlar da başa düşəndə ki, bu yerdə gülmək lazımdır, birtəhər, zornan irişərdilər...
    Valideynlərinin bütün bu həyat sistemini Zaur öz-özlüyündə "müsəlmançılıq" adlandırardı və heç fikirləşməzdi ki, bədbəxt müsəlmanlar haçandan sağlıq deyiblər görəsən, haçandan bəri tamada seçiblər? Bir də ki, saysız-hesabsız qohum-əqrəbaları vardı və tez-tez onlara təşrif gətirən bu yad adamlarla kəlmə kəsmək, xoş-beş eləyib, hal-əhval tutmaq məcburiyyəti vardı... Bir də evlərinə gələnlərlə anasının daimi söhbətləri, qeybətləri vardı: kim necə yaşayır, kimi hara qabağa çəkiblər və məlumdur ki, nə yolla çəkiblər, kim kimin adamıdır, kim kimin arxası, dayağıdır, kim kimin yerlisidir, filankəs filankəslə gəzir, filankəs də filankəslə, filankəs filan qədər qazanır, filankəs filan şeyi alıb, filankəs arvadını döyür, ya filankəs ərinin başına min fırıldaq açır... Bütün bunlar Zaurçün yad və yabançı idi, onun sevmədiyi, bəyənmədiyi, bəzən, hətta nifrət bəslədiyi başqa bir aləmin bəlirləri idi. Və bu aləmin təzahürləri Zaurun canını lap boğazına yığan vaxtlarda o, hətta öz valideynlərinə də xor baxırdı. Amma qəribədir, bu cür münasibətin nəticəsi tamam başqa olurdu. Zaur bu anlarda valideynlərinə az qala ikrah hissi ilə yanaşsa da, onların sədəqələrindən imtina etmirdi, əksinə, elə bil daxilində valideynlərinə qarşı bir növ ifrat, təmənnaçılıq hissi oyanırdı: müxtəlif şəkillərdə, müxtəlif bəhanələrlə valideynlərindən elə hey bir şey çəkib qoparmaq istəyirdi.
    Valideynlərindən deyəndə - anası evdar qadındı, atası idi qazanan, amma atasına birbaşa müraciət etməyə cəsarəti çatmırdı, atasıyla aralarında müəyyən pərdə saxlanırdı, odur ki, tələblərini, istəklərini anasının vasitəçiliyi ilə edirdi: "palto, kostyum, almaq istəyirəm", "səfərim var" və sairə səbəblər gətirirdi. Bəzən ürəyinin sözünü zarafata salıb deyirdi: "kiminçün saxlayırsız bu pulları, bilmirəm, tək bircə balanıza da xərcləməyəndə kimə xərcləyəcəksiniz professorun vardövlətini?"
    Hər istəyinə, hər arzusuna əməl olunurdu Zaurun və qəribədir - valideynlərinin oğullarına qarşı bu səxavəti, bu əliaçıqlığı oğullarında minnətdarlıq hissi oyatmırdı, olsa-olsa içi istehza qarışıq məmnun bir təbəssüm qonurdu dodaqlarına... 
    O illərdə Zaur su pərisinə oxşayan sarışın saçlı Tanya adlı bir qızla gəzirdi. Tanya idmançı idi, yelkənli qayıqları sürmək üzrə çempion idi. Məlum deyil ki, hansı yollarla Zaurun anası oğlunun kiminlə gəzdiyini iyləyib-çüyləyib bilirdi. Bu əlaqə heç ürəyindən deyildi Zivər xanımın və nədənsə həmişə o qız haqqında cəm halında danışardı:
    -Yenə sənin Tanka-mankaların zəng eləmişdi...
    Tanka-manka həmin o Tanya adlı qız idi, həmin o su pərisinə oxşayan qayıq çempionu. Və həmin o su pərisinə oxşayan sarışın qayıqçı qız günlərin bir günündə ata-anasıyla Lvova köçdü və Zaurun həyatından həmişəlik qeyb oldu... Zaur az-az xatırlardı onu, hər dəfə xatırlayanda elə bil yaddaşına ilıq bir bahar mehi əsirdi - uzun sarı saçları islanmış Tanyanı gözləri qarşısına gətirən kimi dərhal xəyalında dənizin sonsuz maviliyi - qızın gözləri rəngdəydi bu mavilik  bir də dalğaları yarıb aşan iri ağ yelkənli qayıqlar canlanırdı. Zaurun atası, geoloji-mineraloji elmlər doktoru, professor Məcid Zeynallı nə qazanmışdısa öz əlinin zəhmətilə, uzun və çətin həyat mübarizələrində qazanmışdı. 30-cu illərdə ucqar bir dağ kəndindən Bakıya gələndə Məcid Zeynallının yamaqlı çəkməsi, bircə dəst boz şalvar-köynəyi və şalvarının cibində cəmi-cümlətanı üçcə manat pulu vardı... Məcid mədənlərdə qara fəhlə işlədi, vağzalda hambal işlədi, hətta bir müddət yeməkxanada aşpaz köməkçisi işlədi. Rabfakın axşam şöbəsində təhsil aldı. Xüsusi bir qabiliyyətə malik olmasa da zəhmətsevərlik, yuxusuz gecələr, inad gücünə universitetə daxil oldu, oranı əla qiymətlə bitirib Leninqrada aspiranturaya getdi... 1936-cı ildə Leninqradda dissertasiya müdafiə elədi, elmlər namizədi oldu. Bakıya qayıtdı və elə həmin il işə düzəldiyi institutun makinaçısı Zivərlə evləndi... Zivərgilin Dağlı məhəlləsində dədə-baba evləri vardı. İkimərtəbəli evin ikinci mərtəbəsini kirayə verərdilər, birinci mərtəbəsindəki iki otaqda isə Zivərin anası və bacılarıyla bir yerdə Məcidlə Zivər düz bir il yaşadılar. Bir il sonra Məcidgil şəhərin mərkəzində azad olunmuş mənzillərdən birinə köçdülər, sonralar qonşularındakı iki otağı da öz mənzillərinə qatdılar və indiyəcən də burada yaşayırdılar...
    Qırxıncı ilin sentyabrında Zaur dünyaya gəldi... Dava düşdü və topçu-zabit Məcid Zeynallı Sevastopolda yaralandı, qospitaldan sonra təcili Bakıya çağrıldı və bir dəstə geoloqla bir yerdə İrana göndərildi. Davanın axırınacan İranda qaldı. İrandan gətirdiyi şeylər içində Zaurun ən çox yadında qalan laklı çəkmələr və əlvan şokolad qutuları idi... Davadan sonra Məcid Zeynallı doktorluq müdafiə elədi, kafedra müdiri təyin olundu və Qırmızı Əmək Bayrağı ordeni aldı. Təhminənin falında bir şey həqiqət idi: yaşa dolduqca Zaur, doğrudan da, yumşalırdı, mülayimləşirdi. Əvvəla, valideynlərinə qarşı mehribanlaşmışdı. Elə bil münasibəti daha təmənnasız olmuşdu. Doğrudur, yenə də hərdən-birdən anasına: "yaxşı, bir əlivizi cibivizə atın görək, - deyirdi, - professorun pulları kif atıb", amma indi ata-anasından pulu da elə bil bir növ utana-utana, çəkinə-çəkinə alırdı... İşə girəndən sonra özü də qazanırdı. Doğrudur, donluğu xərcinin onda birini də ödəməzdi, amma, buna baxmayaraq, hər dəfə anasından pul alanda deyirdi ki, borc götürürəm, maaşda qaytaracağam: hər ikisi bilirdi ki, bu günü-gündən artan borc heç bir vaxt ödənilməyəcək...
    Bir dəfə isə lap pərt oldu. Əslində bu pərtlik də deyildi, nə isə bir başqa hiss idi. Zaur biləndə ki, atası onun adına üçotaqlı kooperativ mənzil yazdırıb və pulunu da verib, həm bir qədər əsəbiləşdi - "kim bilir haçan hazır olacaq bu mənzil, ondansa bu pulları verəydi, indi xərcləyəydim" - deyə düşündü, həm bir az şəstinə dəydi - deməli, mənim gələcək mənzilim də atamın hesabınadır, amma bir tərəfdən də sevindi - hər halda özünün ayrıca evi olacaq... Belə ayrıca otaq həsrətində olurdu, çox vaxt, tez-tez lazım olurdu ona belə bir məxsusi mənzil...
    Amma hər halda... Bir dəfə atası özü bu barədə söhbət saldı. Bu söhbəti açmaq üçün atası qəsdən elə vaxt seçmişdi ki, Zivər xanım evdə olmasın.
    -Əlbəttə, - dedi atası, - biz istərdik ki, həmişə səninlə bir yerdə yaşayaq, amma bilirsən özün də, - bunu gizlətməyin nə mənası var - ananın xasiyyəti tünddür. Sənin gələcək arvadın lap məlaikə olsa da, ikisi bir yerdə yola getməyəcəklər. Ailədə narazılıq, dedi-qodu nəyə lazımdır, ondansa bu başdan işimizi elə tutaq ki, arada hörmət-izzət qalsın... Vaxtdır, sən də gərək evlənmək barədə fikirləşəsən. Bizim də daha baba, nənə olmaq yaşımızdır. Əməlli-başlı fikirləş, hər cəhətcə götür-qoy elə. O vaxta ev də hazır olar... İnşaallah, o vaxta gərək müdafiə də eləyəsən...
    Atası heç bir vaxt onunla belə danışmamışdı. Ümumiyyətlə, az-az danışırdılar, atası elminə - kitablar aləminə qapılmış qaradinməz bir adam idi, arvadıyla nadir hallarda danışar, oğluyla isə demək olar ki, heç danışmazdı. Bu cür açıq sözləri isə Zaur, ümumiyyətlə, birinci dəfə eşidirdi ondan. Elə buna da mat qalmışdı. Amma bundan daha artıq başqa bir şeyə mat qalmışdı Zaur. Mat qalmışdı ki, atası neçə illər bundan qabaq öz həyatını dəqiq qrafik üzrə qurduğu kimi, indi onun, Zaurun da həyatını bu cür dəqiq planlaşdırmışdı: ali təhsil, dissertasiya, mənzil, evlənmə, övlad… Doğrudur, bəzən görürsən gözlənilməz hadisələr də olur, məsələn: ikinci dünya müharibəsi. Qrafik müəyyən dərəcədə pozulur. Amma hər halda ikinci dünya müharibəsi də, ağır yaralanması da Məcid Zeynallının çox gənc yaşlarında müəyyənləşdirdiyi həyat cədvəlini - qarşıya qoyulmuş bir məqsəddən yeni bir məqsədə gedən dümdüz yolu dəyişə bilməzdi. Və bu dümdüz yol üzrə gedən hərəkəti Məciddən sonra onun oğlu Zaur davam etdirməli idi. Sonra isə, inşalllah, Zaurun oğlu qədəm qoymalı idi bu yola…
 
***
 
    Şam yeməyindən sonra atası öz iş otağına çəkildi, Zaur jurnalları vərəqləyirdi ki, birdən Zivər xanım:
    -Bura bax, - dedi, -qulağıma cürbəcür sözlər çatır ha…
    Zaur "Oqanyok"dakı krossvordu gözdən keçirərək laqeydcəsinə:
    -Nə sözlər?
    -Səni tez-tez bir xanımla görürlər.
    "Oqonyok"u bir qırağa qoydu:
    -Nə xanımla?
    -Nə bilim, nədir onun adı - Nərminədi, Təhminədi nədi…
    Zaur hiss elədi ki, qızarıb pörtür və qulaqları od tutub yanır.
    Özünü ələ alıb:
    -Nədir ki? - dedi.
    -Yaxşıdır yenə sifətində bir az həya qalıb, - dedi anası, - bir gözümün içinə düz bax görüm.
    Zaur güclə gülümsündü və anasının gözlərinin içinə baxdı.
    -Düzdür ki, onu maşınına mindirib bütün Abşeronu gəzdirirsən?
    "Aman Allah, hər şeyi yerli-yataqlı çatdırıblar".
    -Bilmirsən ki, yerin qulağı var?… Heç ağlın var, heç bir beynivə vurursan? Ərli arvaddır axı… Sənin Tankamankalarından deyil…
    -Kimdir bu xəbərləri sənə çatdıran?… Camaatın işi-gücü qurtarıb…
    -Yox, görünür sənin işin-gücün qurtarıb… Heç əməllərindən utanıb eləmirsən… Bura bax, gör nə deyirəm, sən day balaca uşaq deyilsən. Bığlı, saqqallı yekə kişisən... Mən heç vədə sənin işlərinə qarışmamışam ki, hə, de də, qarışmamışam, yox? Amma bu səfər, bax, deyirəm, aç qulaqlarını yaxşı-yaxşı eşit, gör nə deyirəm. Nə qədər ki, atovun qulağına çatmayıb, biryolluq bu işdən əl çək. Bildin?
    Məsələnin bu cür qoyuluşu özündən çıxarırdı Zauru: nə ultimatumdur bu belə, o südəmər körpə-zaddır bəyəm? Amma dinmədi... Bəlkə elə Zivər xanım da gərək söhbətini burada xətm eləyəydi. Sözünü bununla qurtarsaydı Zivər xanım, hər şey bəlkə ayrı cür olardı. Amma Zivər xanım harın arvad idi, içində hikkəsindən qaynayırdı və dilini dişləyib demək istədiklərini ürəyində saxlaya bilməzdi. Və dediyi sözlər də bütün sonrakı hadisələr üçün təkan oldu... Zivər xanım üzgözünü elə turşutdu ki, elə bil çimçəşirdi, iyrəndiyi murdar bir şey haqqında danışırdı:
    -İndi də sənə ilişib, - dedi, - idarəvizin bütün kişiləriylə fırıldaq çıxarıb doyub, indi növbə sənə çatıb?!
    Zaur yerindən sıçradı:
    -Bəsdir, - dedi, - ayıbdır səninçün, bu cür sözlər danışmaq... onun-bunun ara söhbətlərini təkrar eləmək yaraşmaz sənə...
    Yəqin bunu çox sərt dedi, çox əsəbi dedi, anası elə bil barmağını dişlədi, sövq-təbii bir hisslə elə bir şeyi duydu ki, o hələ Zaurun özünə də tam aydın deyildi. O vaxt, Zaurla Təhminənin əlaqələri, Zaurun fikrincə, qeyri-ciddi, yüngül bir şey olduğu vaxtda Zivər xanım qadınlıq və analıq intuisiyası ilə bu əlaqələrin ciddiliyini dərk eləmişdi.
    Kinayəylə:
    -Ara söhbətləri?! -deyə təkrar elədi. - Əcəb ara söhbətləridir! Bütün şəhər danışır da bu söhbətləri... Bircə sənin kimi uşağı ələ salıb aldada bilərlər ki, bütün bunlar ara söhbətləridir, boş qeybətlərdir... Bütün şəhər bilir ki...
    -Bütün şəhər... Anget paylamısan bütün şəhərə?
    -Anket-zad lazım deyil... Hamı bilir də... Özü də onunçün təfavütü yoxdur kim olsun... nə idi o kişi, o yaşlı kişi var e, dədəsi yerindədir, əşi sizing idarədə işləyir, nədir o köpəkoğlunun adı, balaca dazbaş kişidir e, burnunda da ziyil var...
    Bilirdi ki, anası kimi nəzərdə tutur, amma boğazına ip də salsaydılar Zaur Dadaşın adını çəkməzdi... 
    Zivər xanımın özünün yadına düşdü:
    -Hə, Dadaş, deyirəm axı, adı Dadaşdır. Utanıb yerə girmir, həyasızın qızı... Denən, cavan gəlinsən... Sir-sifətdən də babatsan - bu, Zivər xanımın Təhminə haqqında dediyi birinci və axırıncı yaxşı söz oldu: "babatsan" – cavan ərin var... Amma di gəl, gör kimnən eşqbazlıq eləyir - qoca idbar kişiynən...
    Zaur dəqiqləşdirməyə çalışdı:
    -Deməli, belə çıxır ki, eşqbazlıq eləməyi günah deyil, günahı ondaymış ki, qoca idbar kişiylə eşqbazlıq eləyir?
    -Sən mənimlə burada söz güləşdirmə... Kimnən eşqbazlıq eləyir - öz işidir. Bir də o əri qurumsağın işidir. Kül onun başına ki, bu cür arvadı evində saxlayır. Amma, bax, səndən əl çəksin. Yoxsa, allaha and olsun, onun başına bir oyun açaram ki, öz adını da yadından çıxarar. - Zivər xanım Təhminəyə nə edəcəyini daha da dəqiqləşdirərək əlavə elədi. - Gözlərini çıxararam o it qızının...
    Zaur anasının xasiyyətinə bələd idi, bilirdi ki, anası dediyini eləyəndir, bütün bu əhvalat da, görünür, Zivər xanıma möhkəm toxunmuşdur. Zaur məsələni daha da gərginləşdirmək istəmirdi, odur ki:
    -Sən allah boşla görək, ay ana, - dedi. - Aramızda heç nə yoxdur. Bir idarədə işləyirik, tay-tuşuq, bəlkəm indi işdən çıxanda bir-iki dəfə onu maşınla aparmışam, vəssalam... Nə böyük bir məsələ imiş ki bu? Əgər belə ürəyinə salırsansa, yaxşı, söz verirəm ki, bir də onu maşınıma mindirməyim, qoy trolleybusla getsin. - Həmişəki kimi yarızarafat tərzində danışırdı, amma elə bil daxili bir nigaranlıq hissi keçirirdi, nədənsə ona elə gəlirdi ki, Təhminəni bir növ satır və məhz elə buna görə, özünə vicdanı qarşısında bəraət qazandırmaqçün
    Təhminəni müdafiə eləmək istədi:
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (28.11.2013) | Müəllif: R.C E W
Baxış: 860 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more