Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-2-ci cild-16
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>

    Əgər Sabirin tərsliyi olmasaydı. Onunla çətin dil tapa. Sabir Fuadın hər dediyinə ləbbeyk deməyəcək, şəksiz, başlanacaq mübahisələr, çəkişmələr... Nəyə gərəkdir bu başdan elə özüyçün problem yaratsın... Amma, səd heyf, işçi kimi Sabirin tayı-bərabəri yoxdur. Mürsəl. Mürsəl əksinə, Fuadın bir sözünü iki eləməyəcəkdi. İşçi kimi də pis deyil. Əlbəttə, Sabirə, heç Mir İsmayıla da çatmaz, amma hər halda işləyə bilər. Amma... Mürsəlin də bir xüsusiyyəti var... bunu heç cür nəzərdən qaçırmaq olmaz ha! Mürsəl çox xoşsifət, güləş adamdır, üzdə hamıyla yaxşı münasibətdədir, mehriban rəftarı, qılığı var. Ancaq idarədə elə adam yoxdur ki, elə içi Fuad qarışıq, Mürsəl onun haqqında xüsusi bir şey bilməsin: özü də həmin adamı azçox ləkələyəcək, üstünə müəyyən kölgə salacaq bir şey. Doğrudur, bildiklərini bayraq eləyən, iclaslarda gözə soxan, ya güncdə-bucaqda qeybət qıran deyildi, amma hünərin var bir balaca Mürsəlin ayağını basdala, qıvrılıb ilan kimi səni elə çalar, özün də mat-məəttəl qalarsan. Bir dəfə Fuad nə məsələ üçünsə ona möhkəm təpindi; Mürsəl Fuada bir neçə mətləbi elə bir ustalıqla, elə bir incəliklə xatırlatdı ki, Fuadın ayağının altından yer qaçdı: atası Qurbanın o uğursuz çıxışını da, Şövqünün tərcümeyi-halından bəzi detalları da - o cümlədən avtomobil qəzasını da... Fuadı ən çox sarsıdan buydu ki, Mürsəlin çox zərif eyhamlarından aydın olurdu: O, Fuad Salahlı məsələsindən də və hətta Asiyadan da - yəni təqribən iyirmi beş il bundan qabaqkı məsələlərdən də bixəbər deyil...
    Fuad barmağını dişlədi. Deməli, bu həmişə nəzakətlə gülümsünən, mehribançılıqla hal-əhval tutan adam – hamıya qarşı, o cümlədən elə Fuadın özünə qarşı da əməlli-başlı yaraqlı-yasaqlı imiş, ehtiyatında, necə deyərlər, silah saxlayıbmış qara günüyçün. Amma Mürsəl bişmiş adam idi. Çox mahiranə bir tərzdə Fuada onu da eşitdirdi ki, mənə dəyibdolaşan olmasa, özüm heç-bir vaxt heç kimə mərdimazarlıq eləyən deyiləm. Fuad da, dünənin uşağı deyildi... Altdanaltdan, öz kanallarıyla o da Mürsəl barədə münasib, kara gələ biləcək məlumatlar toplamışdı və bunu Mürsələ çatdırmağın da qeydinə qalmışdı. Qoy bilsin hər halda, onda əlaqələr də, tənasüb də düzgün olar, necə deyərlər, tərəzinin gözləri düz gələr - səninki səndə, mənimki məndə...
    Yaxşı, bütün bu mülahizələrdən, mənfi-müsbətlərdən, götürqoylardan sonra axırı hansını seçmək düz olardı: Sabiri? Mir İsmayılı? Mürsəli? Bir arxayın vaxtda macal tapıb qəti qərar vermək lazımdır.
    Əhməd Nəzər:
    -Yaxşı, qurtardıq, - dedi. - Yarım saatdan sonra mən
    Nazirlər Sovetində olmalıyam. Fuad, sən yerindəsən?
    -İndi yanımda letuçkadır. Sonra aerodroma gedəcəm. Raykomdan tapşırıblar. ADR-dən nümayəndə heyəti gəlir. Dörddə də dəfndir.
    -Hə, - Əhməd Nəzər köksünü ötürdü və başını buladı. - Əşi, yazıq Salahlı... Neçə vaxtdı rast gəlmirdim ona, amma doğrudan çox namuslu adam idi...
    -Siz də gedəcəksiz dəfnə?
    -Çalışaram. Dörddədir, deyirsən? Əşşi, vallah, axşam da açılışdır da! Sən danışacaqsan, hə?
    -Bəli.
    Hər ikisi diqqətlə bir-birinin gözlərinin içinə baxdılar. Əvvəl Əhməd Nəzər qaçırtdı gözlərini. Fuad dik baxırdı onun gözlərinin içinə. Hər ikisi bu son mükalimənin gizli mənasını bilirdi: axşam şəhərin perspektiv planlaşdırılmasına aid layihələr sərgisi açılacaqdı. Təntənəli açılışda təbii ki, rəis danışmalıydı. Amma üç gün bundan qabaq Əhmədə də, Fuada da zəng vurub demişdilər ki, Fuadın danışması məsləhətdir. Bunun səbəbini hər ikisi başa düşürdü. Əhməd Nəzərin məsələsi həll olunmuşdu. Belə mühüm tədbirdə yarısabiq rəisin deyil, gələcək rəisin danışması daha məqsədəuyğun sayılırdı. Şövqü bunu eşidəndə Fuadı yanına çağırtdırdı: sən başa düşürsən bu nə deməkdir? Hamı orda olacaq. Bu təyinat qabağı sənin, necə deyərlər, son sınağındır. Məsələn həll olunmağına olunub, amma bilirsən də, bir uğursuz söz, bir namünasib çıxış - hər şeyi dəyişə bilər. Əhməd Nəzəri də sən tək əlli tutma, baxma, köhnə qurddur, indi bütün vasitələrə əl atıb, bütün kanallarını işə salıb, doğrudur, bir qələt eləyə bilməz, biz də, deyir dəvə qulağında yatmamışıq, amma hər halda, sənin çıxışından da çox şey asılıdır, gərək elə danışasan ki, heç kəsin ürəyində zərrəcən şəkk-şübhə qalmasın: o yer məhz sənin yerindir, elə bil lap boyuna biçilib.
    Fuad heç nə demədi, gülümsündü, amma bu tədbirin səviyyəsini, bu çıxışın əhəmiyyətini o özü də çox gözəl dərk edirdi.
    İşçilər dağılışdılar, otaqda Fuadla Əhməd Nəzər qaldı. Fuad düşündü ki, məqamdır, bundan yaxşı fürsət ələ düşməyəcək. Sonraya saxlamaq lazım deyil, bu məsələni. Fuadın Əhməd Nəzərə işi düşmüşdü. Şəxsi işi. Daha doğrusu istəyirdi ki, Əhməd Nəzəroviç vəzifəsini tərk etməmişdən qabaq bu məsələni həll etsin, bu məsələ məhz onun, Əhməd Nəzəroviçin əliylə olsun. Fuad yaşadıqları evin yaxınlığında, böyür-bitişik qonşu binanın birinci mərtəbəsində özünə qaraj düzəltdirmək istəyirdi. Orada münasib bir rastvor var idi, icazəsin almaq lazımdı. Amma rəis olandan sonra bu məsələni qaldırmaq yaxşı düşməzdi. İndi isə Əhməd Nəzər bu işi səssiz-küysüz həll sdə bilərdi. "Heç olmasa bu fərsizdən də bir xeyir görək də"... Fuad məsələni necə açmağı da fikirləşmişdi. Şövqünün məsləhətləri kara gəlmişdi. Şövqü: "Tutalım ki, vəzifəli bir adama şəxsi işin düşüb - deyə haçansa ona verdiyi faydalı öyüdlər sırasında belə bir situasiyanı da misal gətirmişdi - eyni zamanda həmin adamla həll eləməli ictimai bir məsələ də var. Tədbirsiz adam necə hərəkət edər? Gələr, ümumi, ictimai işlərdən ağızdolusu danışar, sonra axıra yaxın utana-utana, çəkinə-çəkinə öz kiçik şəxsi xahişini deyər. Bunu tədbirsiz adamlar belə edər. Niyə? Çünki o kiçicik şəxsi xahişini bildirən kimi, vəzifəli adamın dərhal ürəyinə gəlir: Hə, aşna, elə əsl mətləbin bu imiş, ümumi, ictimai məsələlər də bəhanə imiş... Gör indi tədbirli adam necə edir. Mərd-mərdanə açıq surətdə öz şəxsi xahişindən başlayır. Nə olacaq, riyakarlıq nə lazım, həyatdır, hamımızın dərdsərimiz, ehtiyacımız var: birinə ev lazımdır, birinə maşın, birinə bağ, birinə mən nə bilim telefon çəkdirmək, mebel, pianino, - nə bilim daha nə? Bəli, bu şəxsi xahişini deyib qurtaran kimi macal vermədən: amma bu heç, bu xırda işdir, - deyir. - Düzələr düzələr, düzəlməz düzəlməz, əsas sizing yanınıza gəlməkdə məqsədim... Bəli, burda keçər ümumi, iri, ictimai məsələlərə odlu-odlu danışar. İndi gör təəssürat necə oldu? Vəzifəli adam düşünür: insandır, həyatdır, şəxsi xahişi üçün gəlib, nə olar, amma ağlındakı öz işi deyil, əsas fikri-zikri ümumi məsələlərdir bu adamın, ictimai işlərdir, xalqın mənafeyidir..."
    Bəlkə də Şövqünün reseptləri hər qapıya düşəcək açar deyildi, amma hər halda iki-üç dəfə Fuadın karına gəlmişdi. İndiysə Fuad sınaya bilmədi bu üsulu. Elə ağzını açmaq istəyirdi ki, Əhməd Nəzər qəfildən:
    -Fuad, oğlum, - dedi - sənə bir balaca işim düşüb.
    "Vəssalam - deyə Fuad düşündü - qara məni basınca mən qaranı basım".
    -Buyurun, Əhməd müəllim, - dedi.
    -Deyir, şər deməsən, xeyir gəlməz, bu böyrəyim mənə yaman əziyyət verir, bir yandan da hipertoniya... Deyir, həştaddandır... Mənim də hay-hayım gedib, vay-vayım qalıb. Əşşi, neçə vaxtdır səninlə danışmaq istəyirdim elə... İstəyirəm, çəkilim daha bir kənara, yorulmuşam Fuad, day indi siz cavanların əyyamıdır, biz, deyir, elədiyimizi eləmişik, gördüyümüzü görmüşük... O gün bir mötəbər yerdə də söz saldım, məni çox dilə tutdular ki, bəs hara gedirsən, sənin vəzifəni kim apara bilər. Səni nişan verdim, Fuad, dedim, odey, bax, hazır kadrdır, gözümün qabağında böyüyüb-yetişib, indi cavandır, biz də lazımı kömək, məsləhət edərik. Görək, deyəsən, saqqızların oğurlamışam..." indi deyirəm sən də biləsən. "Ay kişi, kimə gəlirsən, day mənə yox da!" – Fuad belə düşündü, ancaq: "Çox sağ olun, çox minnətdaram", - dedi. Bir az quru çıxırdı, amma bundan artıq dil-ağız eləməyi nəfsi götürmürdü heç cür. Axı Əhməd Nəzərin dediklərində bir misqal da həqiqət yox idi, əksinə vəzifəsində qalmaq üçün, Fuadın başın əkmək üçün dəridən-qabıqdan çıxırdı. İndi axır ki, kitabının bağlandığını dərk edib, başlayıb məni ələ salmağa, ay səni kişi, yəni səncə belə sadəlövhəm, bu qədər uşağam ki, sənin sözlərinə inanam! Yaxşı, bunlar hamısı heç, de görək xahişin nədir axı?.. - İndi Fuad, oğlum, səndən bircə ricam var. İnşallah, gəlib oturacaqsan mənim yerimdə, elə belə də olmalıdır, gərək qocalar öz yerlərini vaxtı gələndə cavanlara təhvil versinlər, həyatın qanunudur bu! Hə, bir söz, keçəcəksən mənim yerimə... Xahişim odur ki, səndən, Nicatı yola verəsən. Bir gizilti keçdi Fuadın bədənindən. Bu da yəqin onun, Fuadın zəif cəhəti, boş damarı idi. Böyük və çətin bir sahəyə rəhbərlik edən, yüzlərcə işçini idarə edən adama sentimentallıq yaraşmaz. Fuaddasa qalmışdı bu sentimentallıq. İndi də Əhməd Nəzərin sözləri mütəəssir etmişdi onu. Buna qədər ikrah hissiylə olmasa da, hər halda bir növ etinasızlıqla, hörmətsizliklə baxdığı yöndəmsiz çirkin kişi - birdən-birə ona nə isə yaxın, məhrəm, - yaxın, məhrəm demək bəlkə düz olmazdı, - hər halda anlaşıqlı bir insan olmuşdu... Elə bil içi boş müqəvvanın simasında, öz qayğıları, öz dərd-səri, ən əsası isə öz nəcibliyi olan bir canlı adam görmüşdü... Və bu an Fuad, zahirən zərrə qədər bir-birinə oxşamasalar da, Əhməd Nəzərin sifətində öz atası Qurbanın hansı cizgilərinisə gördü... Fuaddan qabaq Əhməd Nəzərin müavini vəzifəsində Qaraş adlı bir mühəndis işləyirdi. Yeddi-səkkiz ay işləyəndən sonra Əhmədlə ləc düşüb; Əhməd bundan yazıb, bu Əhməddən. Fuad bu intriqanın bütün təfərrüatını bilmirdi, bircə onu eşitmişdi ki, son dəfə Qaraş Əhməd Nəzərdən otuz iki səhifəlik bir ərizə yazıb - beş-altı mötəbər idarəyə və on-on beş qəzet-jurnala göndərib. Əhməd Nəzəri savadsızlıqda, biliksizlikdə ittiham etmək olardı, əlbəttə, amma Qaraşın özü də sən deyən yüksək savad-bilik sahibi deyildi. Elə otuz iki səhifəlik ərizəsinin özündə, deyir, azı yetmiş səhv varmış. Ayrı isə Əhməd Nəzəri nədə ittiham etmək olardı - təmizliyi, pul, qadın məsələlərində, dostbazlıq, yerlibazlıq və sairə bu kimi işlərdə ifrat vasvasılığı aləmə məlum idi... Qohumbazlıq... Bəli, Qaraş arayıb-axtarıb məhz belə bir faktı tapmışdı: Əhməd Nəzərov ona tabe olan bir layihə bürosuna öz oğlunu işə düzəldib... Əlbəttə, Qaraşın ərizəbazlığından bir şey çıxmadı, o vaxt Şövqü də məsələyə qarışdı. Əhmədi müdafiə elədi. Qardaşı Əşrəf də möhkəm idi yerində hələ və Qaraşın özünü biabırçılıqla işdən qovdular; bu həqiqət tərəfdarının (ərizəsində özünü belə adlandırırdı) natəmizliyi, əliəyriliyi üzə çıxdı... Elə Fuadı da o vaxt təyin elədilər bu vəzifəyə. Əvvəllər Fuadın heç könlü yox idi. Amma Qaraşın yeri boşalan kimi Şövqü Fuadı bu yerə "itələməyə" başladı... Əhməd Nəzər Şövqüyə vaxtlıvaxtında kömək göstərdiyi üçün dil-ağız edirdi. Şövqü isə
    Fuada: "Geci iki ilə Əhməd pensiyaya çıxacaqdır, - deyirdi, - o yer səninkidir".
    Şövqü şahmatı zəif oynayır, amma həyatda yeddi-səkkiz oyunu irəlidən görür. Fuad müavinliyə təyin olunandan bir ay sonra Şövqü öz ad gününə qızı və kürəkəniylə birlikdə Əhməd Nəzərovu da çağırmışdı. Ömründə ilk dəfə Şövqü kimi məşhur bir adamın məclisinə düşmüş Əhməd Nəzər lap karıxıb qalmışdı, özünü itirmişdi, necə deyərlər, məclis onu tutmuşdu, odur ki, cəsarət üçün bir az artıq içib kefləndi. Eyvanda Fuadı qucaqlayıb: "Mən səni oğlum bilirəm, Fuad!" - deyirdi - Şövqü Camaloviçin xətrini dünyalarcan istəyirəm. Elə sevinirəm ki, məhz səni göndəriblər bizim idarəyə, bir yerdə yaxşı işləyəcəyik, inşallah... Əşi, o Qaraş köpəkoğluna mən nə pislik eləmişddm axı... Adam balası olsaydı onu yağ içində böyrək kimi saxlayacaqdım, başladı mənimlə qoz-qoz oynamağa əşşi... Məni ən çox yandıran bilirsən nədi, Fuad? Hər nə yazıb o ərizədə yazıb, hamısını halal edərdim ona, bircə məni yandırıb cızdağımı çıxaran bilirsən nədir? Nicat haqqında yazdığı...
    Və o gün Əhməd Nəzər bir az artıq içdiyiçün böyük bir sirri açdı Fuada: Nicat onun doğma oğlu deyilmiş. Övladları yoxmuş, Əhmədlə arvadının olmurmuş uşaqları. Müharibədən sonra qərara gəliblər ki, gedib uşaq evindən yetim uşaq götürsünlər, saxlayıb böyütsünlər... Birini, lap körpəsini seçiblər, gətiriblər və yalnız bir-iki aydan sonra məlum olub ki, uşaq anadangəlmə şikəstdir, sümükləri bərkimir, bütün ömrünü xüsusi korsetlərdə keçirməlidir və hər gün tələf ola bilər. Deməli, uşaq neçə il yaşayır yaşasın, onlara heç bir sevinc verməyəcək, yalnız əziyyət və qayğı gətirəcəkdi; amma aparıb qaytarmayıblar uşağı; əvvəla ona görə ki, bu bir-iki ayı əməllibaşlı isinişiblər uşağa və ikinci də ona görə ki, "əgər aparıb qaytarsaydıq, kim götürəcəkdi o yazığı, qeydinə kim qalacaqdı?" Həmin o uşaq idi Nicat və həmin o oğulluğunu, ömründə ilk və son dəfə "qohumbazlıq" edərək Əhməd gözündən iraq olmayan bir yerə yüngülvarı bir işə düzəltmişdi, tabeliyində olan işçilərinə də tapşırmışdı ki, ondan muğayat olsunlar və indi də həmin o Nicatı tapşırırdı gələcək rəisə - Fuada; bu idarədən gedərkən bircə ondan xətərəli idi...
    "Vəzifəsindən sui-istifadə edib fərsiz oğlunu özünün idarəsində işə oformit eləyib" - Qaraşın ərizəsində belə yazılmışdı.
    Fuad:
    -Xatircəm olun, Əhməd müəllim, - dedi və düşündü ki, bu vədiylə vəzifəyə təyin olunacağı gümanının dürüstlüyünü təsdiq edir bir növ...
    Əhməd:
    -Sağ ol, - dedi və nədənsə birdən ayrı məsələyə keçdi: - Deməli, Fuad Salahlının dəfnində danışacaqsan?
    Fuad duruxdu:
    -Bəli, Memarlar İttifaqından zəng vurub xahiş elədilər. - Ondan çıxmayan iş, sanki nə isə izahat verirdi, ya bir növ özünə haqq qazandırmaq istəyirdi. Qəribə davrandığını dərk edərək daha da karıxdı və başqa - ondan çıxmayan bir iş etdi:
    - Nədir ki? - deyə suçlu-suçlu soruşdu. Bu tamam mənasız və yersiz sual idi və ona elə gəldi ki, Əhməd Nəzər eynəyinin altından bic-bic gülümsündü. Bu an Əhməd Nəzər yenə dönüb həmişəki Əhməd Nəzər olmuşdu - Fuadın sevmədiyi, xoşlamadığı, heç bir insani münasibət, heç bir istilik duymadığı yad, uzaq, biçimsiz bir varlıq...
    Əhməd Nəzər:
    -Heç əşi... - dedi və bu deyilişdə də, bu həmişəki "əşi"nin intonasiyasında, çalarında da Fuad bir eyham, bir tikan, bir "badalaq" duydu... Tələsik Əhməd Nəzərin yanından çıxdı, qəbul otağından keçərkən Nelliyə baxsa da, onu sanki görmədi. İşçilər artıq onun kabinetinin qapısında toplaşmışdılar, Fuadın ardınca içəri keçdilər, Fuad öz kürsüsünə əyləşib: -Hərənizə beş dəqiqə - deyə "letuçkaya" başladı. Şöbə müdirləri cari işlər haqqında qısa hesabat verirdilər, Fuad onları eşidir, amma dinləmirdi. Fikirləri bu otaqdan və bu zamandan çox-çox uzaqlarda idi. Fuad Salahlı idi fikirlərində dolaşan.

Beşinci fəsil


    İnstitutdakı müəllimlərin çoxusu elə bil bir-birinə oxşayırdı, amma Fuad Salahlı heç kimə oxşamırdı. Qara saçları, arıq, əsəbi sifəti, ucu sivri burnu, nazik mütəhərrik dodaqları və eyni cür daima hərəkətdə olan nazik uzun barmaqları vardı. Həmişə "Kazbek" çəkərdi, həmişə də papirosu qeyri-adi bir formada əzib burardı. Həmişə üst-başına kül ələnmiş olardı, həmişə də pencəyinin üst cibində sıx dişli qırmızı daraq olardı, tez-tez o darağı çıxarıb saçlarını dala darayardı. Mühazirə zamanı da daraq əlindən düşməzdi və bir dəfə hətta institutda böyük bir iclasda kürsüyə qalxanda bir əlində çıxışı, kağız-kuğaz, bir əlində daraq vardı, danışa-danışa arabir saçlarını dala darayar və yatımsız tükləri elə həmin dəqiqədəcə yenidən alnına tökülər, sağ gözünün üstünü örtərdi. Nə isə bir əsəbilik, çılğınlıq, darhövsələlik vardı bütün hərəkətlərində, davranışında, özünü tutmaq manerasında. Danışıq tərzi də elə beləcə idi: əsəbi, kəsik, amma eyni zamanda da son dərəcə dəqiq ifadə olunmuş düşüncələrin durub dayanmaz axarı... Sözlər, sanki çağlayır, bulaq kimi qaynayıb üzə çıxırdı – fikir fikri çəkir, mülahizə mülahizəyə calanırdı. Fuad Salahlının mühazirələrində iynə atsaydın yerə düşməzdi. Əllinci ilin ortaları idi və o vaxt Fuad Salahlının müasir memarlığın köklüköməcli problem məsələləri haqqında cəsarətli fikirləri, memarlığın estetik və funksional vəhdəti haqqında mülahizələri, bəzəkçilik, eklektika, yalançı ənənəçilik, sırf bədiilik, ifrata çatmış zahiri dəbdəbə və başqa bu kimi naqisliklərə qarşı amansızlığı, barışmazlığı, yeni tikinti materiallarından doğan yeni inşaat imkanları haqqında verdiyi məlumatlar, konstruksivizmin müsbət cəhətləri, müasir dünya arxitekturasındakı bizə də faydalı ola biləcək meyllər haqqında söhbətləri tələbələr üçün tamamilə yeni, təsəvvürəgəlməz bir aləm açırdı. Nədənsə tələbələrindən meylini ən çox Fuadla Oqtaya salmışdı. Fuada "balaca Fuad, adaşım" deyirdi həmişə... - "Balaca Fuad" ifadəsi o vaxtlar Fuada bərk dəysə də, hər halda hiss edirdi ki, Böyük Fuad onu doğrudan da çox istəyir... İndi istəməsin. Oqtayla birlikdə Fuad Salahlının evinə də gedib gələrdi. Fuad sonsuz idi, bir özüydü, bir də arvadı. Arvadı Solmaz heykəltəraş idi, o vaxtlar emalatxanası yox idi. İkiotaqlı mənzillərinin bir otağı Fuad Salahlının çertyojları, kitablarıyla, rəsmləriylə dolu idi, o biri otaqda gips, palçıq, ağac parçaları, hazır və yarımçıq heykəllər, büstlər, müxtəlif kompozisiya maketləri düzülmüşdü. Hətta bayır qapılarının çölündə, mənzillərinin qabağındakı pilləkən meydançasında da iri bir ağac kötüyü, xərəkdə palçıq qoyulmuşdu - mənzillərinə sığışmamışdı bunlar, qonşuların deyinməsinə baxmayaraq bura çıxarmışdılar. Oqtayla Balaca Fuad onlara qonaq gələndə,
    Solmaz əllərinin gipsini, palçığını ətəyinə silər, amma siləndən sonra da əl verməzdi, "bağışlayın, əllərim bir az çirkdir" deyərdi. Məlum deyildi ki, belə olan surətdə, madam ki, əl uzatmayacaqdı, daha ətəyinə niyə silirdi barmaqlarını... Böyük Fuad onlara müxtəlif albomlar göstərərdi, mütləq qaytaracaqlarını vəd alıb oxumağa cürbəcür tapılmayan kitablar verərdi, bəzən hətta haradansa, köhnə şifonerin hansı yuxarı gözündənsə konyak çıxarırdı, bir-iki qədəh vururdular da...
    Evlərində həmişə musiqi səslənərdi. Patefonu iki otağın arasındakı açıq qapının ağzında qoyardılar, musiqi hər iki otaqda eşidilərdi - hər ikisi musiqi sədalarının müşayiətilə işləməyə vərdiş eləmişdi. Əsasən, Baxın və Motsartın əsərlərini dinlərdilər, bir də köhnə xanəndələri - Cabbar Qaryağdını, Seyid Şuşinskini, Zülfünü - bu vallar Solmazın atasından, şuşalı Səlimbəydən qalmışdı...
    Fuad Salahlı mühazirələrində nə qədər parlaq bəlağətə malik olsa da adi həyatda az danışan, qaradinməz bir adam idi. Amma bəzən musiqinin, konyakın təsirindən cuşa gələrdi, dil boğaza qoymazdı və o zaman, düzdür çox nadir hallarda olurdu bu, haradansa, şifonerin altından boruşəklində bükülmüş, saralıb-solmuş iri "Aleksandr kağızlarını" çıxardardı, hələ davadan qabaq çəkdiyi və heç bir vaxt həyata keçməmiş layihələrini, müxtəlif binaların çertyojlarını göstərirdi. Bu layihələr o illərdə tikilən binaların heç birinə oxşamazdı. İndi neçə il sonra da Fuad, Balaca Fuad hərdən bir o layihələri xatırlayır, bəzən hətta yuxusunda da görür və düşünürdü ki, onlardan çoxu - xüsusilə dəniz sahilində tikilməsi nəzərdə tutulmuş Xəzər muzeyi - akvariumun layihəsi – indinin özündə də hər hansı bir şəhərin yaraşığı ola bilərdi... Əlbəttə bir şərtlə ki, mühəndis hesablamaları təzədən edilsin, yeni inşaat materialları və yeni tikinti üsulları nəzərə alınsın... Ancaq kim idi bununla məşğul olan, bir halda ki, Fuad Salahlının özü də buna qatlaşmadı...
    Bəzən söhbət Şövqüdən düşərdi, çünki Şövqü o dövrdə də, yəni elə bütün başqa əvvəlki və sonrakı dövrlərdə də ən məşhur memarlardan, proyektləri ən çox icra olunmuş müəlliflərdən biri idi. Fuad Salahlının gənclik yoldaşı idi Şövqü. Bir yerdə oxumuşdular Leninqradda, neçə il bir yataqxanada, bir otaqda tələbəlik həyatının acısını-şirinini dadmışdılar. Yolları sonralar ayrıldı və indi, indi-yəni onda, əllinci illərdə - bir-birləriylə qanlı-bıçaq idilər. Hər halda institutda hamı belə danışırdı, deyirdilər ki, bir-birlərini görməyə gözləri yoxdur. Amma Fuad heç bir vaxt mühazirələrində Şövqüdən danışmazdı - nə lehinə, nə əleyhinə. Öz evlərində, Oqtayla və "Balaca Fuadla" söhbətlərində isə, bəzən ürəyini boşaldardı. "Şövqü istedadlı adamdır, şübhə yoxdur, buna, -deyərdi - özü də ən dəhşətlisi odur ki, hər şeyi çox gözəl başa düşür, memarlıqda yaxşının nə, pisin nə olduğunu çox gözəl bilir və bunu bilə-bilə yaxşını qoyub pisdən yapışır. Konyukturşikdir, vəssalam. Cığaldır Şövqü!" Cığal Şövqü. Şövqünün bu ayamasını da Balaca Fuad ilk dəfə Salahlının dilindən eşitmişdi. Bundan kəskin bir söz heç bir vaxt deməmişdi Fuad Salahlı Şövqü haqqında... Sonralar söz çıxartdılar, birinin üstünə beşin qoyub artırdılar ki, Fuad Salahlı Şövqüyə paxıllıq edir, odur ki, hər yerdə kölgəsini qılınclayır. Amma, Balaca Fuad o bədnam məruzəsini heç də böyük Fuadın fitvasıyla yazmamışdı, ay tövbə! Əlbəttə adamın allahı var, bütün bu söhbətlərin, Salahlıyla təmasın, albomların, kitabların Balaca Fuadın memar kimi yetişməsində, zövqünün biçimlənməsində təsiri çox olmuşdu və onun bu iqlimdə tərbiyələnmiş zövqü o illərdə Bakıda ucaldılan bəzək-düzəkli torta bənzəyən binaları qəbul edə bilməzdi. Tələbə elmi cəmiyyətində məruzəsində də məhz bunu demişdi və bura toplaşmış tələbələrin gurultulu alqışları altında Şövqü Şəfizadənin bir neçə əsərini də tənqid etmişdi. Fuad Salahlı bu məruzəylə ilk dəfə burada, Balaca Fuadın çıxışı əsnasında tanış olmuşdu. Amma məsələni elə şişirtdilər, elə böyütdülər ki!..
    Dekan Zülfüqarov Qurban kişinin yerlisiydi, kənddə dədəbabadan qonşu olmuşdular, burada, Bakıda da bir-iki dəfəFuadgilin evlərində olmuş, Çərkəz arvadın pürrəng çayına "bəh, bəh" demişdi. Dekan Zülfüqarov həmişə Balaca Fuada "hə, eloğlum" deyərdi, Qurbanı soraqlaşardı: "kişinin əhvalişərifi necədir? - sonra həmişə əlavə edərdi: ondan muğayat ol ha, mənim ellim canlara dəyən oğlandır"...
    Başı nə qədər qarışıq olsa da, Balaca Fuadı görəndə dekan Zülfüqarov həmişə dişlərini ağardırdı. Fuadın yadına düşdü ki, doğrudur, Zülfüqarov həmişə onu görəndə irişərdi, amma "dişlərini ağardardı" demək düz olmaz, dişləri heç vaxt ağara bilməzdi, dişləri sapsarı, dişlərinin dibləri isə həmişə qırmızı olardı, bilmirəm nə səbəbdən həmişə dekan Zülfüqarovun qabaq dişlərinin dibi qanamış olardı, damağından dişlərinə qan sızardı və odur ki, dekan dodaqlarını çırmalayanda dişləri də qarışıq bir rəngdə - sarı, çəhrayı rəngdə görünərdi. Həmişə Balaca Fuadı xoş bir sözlə dindirərdi: "Hə, balaca kişi, xeyir ola, qaşqabağın yernən gedir. O cür kişinin balası gərək həmişə başını şax tuta"... "Əə, ay allahsız, yenə qan eləmisən, deyirlər, kurs işin qiyamət çıxıb..." "Eloğlu, gəlsənə səni bir Tiflisə göndərək, gedəsən tələbə konfransına, hə?"
    Balaca Fuadın məruzəsindən iki gün sonra, onu dekanın yanına çağırdılar. Elə leksiyadan çıxartdılar, dekanın katibəsi gəldi, müəllimdən izin istədi - Mehdiyevi təcili yoldaş Zülfüqarovun yanına çağırırlar, - dedi. Fuad dekanı tanımadı. Həmişə gülərüzlü, şirindilli Zülfüqarovun sir-sifətindən zəhrimar yağırdı. Başını qaldırıb kinli-kinli uzun müddət Fuada baxdı, nəhayət dilləndi:
    -Mehdiyev, - dedi. - "Fuad bala" yox, "eloğlu" - yox, "balaca kişi" yox, məhz "Mehdiyev", - o nə məruzədir, etmisiniz? - "Etmisiniz!", "Siz", Fuad elə bildi söhbət ayrı adamdan gedir, Zülfüqarov heç vaxt ona "siz" deməzdi. "Siz nə etdiyinizi dərk edirsinizmi?" - Otaqda kənar adamlar da vardı, bəlkə Zülfüqarov ona görə belə danışır. Hər halda Fuad, ömründə birinci dəfə idi ki, bir adamın sifətinin necə dəyişdiyini görürdü, "çevirərəm boz üzümü" ifadəsinin müstəqim mənasını əyani şəkildə dərk edirdi. Doğrudan da kənar adamlar otaqdan çıxandan sonra Zülfüqarovun üzünün ifadəsi dəyişməsə də sözlərinin lüğət tərkibi bir qədər dəyişdi:
    - Ədə, a qırışmal, o nə qələtdir elə, başından böyük qələtlər eləyirsən? Sənin Şövqü Şəfizadəylə nə işin var, a mən deyən? Tayın-tuşundur sənin Şövqü Şəfizadə?!. Sənin o sərçə cüssənəbir elə Şövqü Şəfizadəyə sataşmaq yaraşır... Sən heç qanırsan, heç beynivə vurursan bir, kimdir Şövqü Şəfizadə... İndi sən də guya hıqqanıb-zıqqanıb memar olmaq istəyirsən, onu bil ki, doğrudan da işdi-şayət memar olsan, bütün ömrüvü Şövqü Şəfizadənin kölgəsində daldalanacaqsan... Bilirsən kimdir bizim sahədə Şövqü Şəfizadə? Bildin, sırğa elə as bunu qulaqlarından, gərək Qurban kişiyə deyim o qulaqlarıvı bir möhkəm çəksin... Şövqü Şəfizadə bizim hamımızı qatlayıb cibinə qoyar e!.. İstəsə adamı göyə qaldırar, istəsə palçığa batırar, bildin?
    Bu vaxt partkom içəri girdi və Zülfüqarov yenə tonunu dəyişdi:
    -Yox, biz bu məsələnin üstündən belə asanlıqla keçə bilmərik, - dedi, - siz lazımi cəzanızı almalısınız. Yoxsa hər yerindən duran tələbə mötəbər, hörmətli sənətkarlarımız haqqında ağzına gələni danışsa, bu yaxşı nəticə verməz. Fuadın sifətindən puçur-puçur tər axırdı, pərtliyindən, eşitdiyi təhqirlərin iynələrindən boğulurdu, hiddətindən dili də tutulmuşdu elə bil, ağzını açıb bir kəlmə cavab verə bilmirdi, yer yarılsaydı yerə girərdi...
    Fuadın məsələsi tələbə elmi cəmiyyətində (dekan Zülfüqarovun iştirakı ilə) müzakirə olundu, onu institutdan çıxarmaq məsələsini qaldırdılar. Məsələnin qəti həlli rektorun ezamiyyətdən qayıtmasına qaldı. O da yadında idi ki, məruzəsinə hamıdan çox əl çalan bəzi tələbə yoldaşları indi Fuadı görəndə gözlərini gizlədirdilər, elə müəllimlərin də bir qismi özlərini görməməzliyə vururdu. Sonralar o, dönə-dönə düşünmüşdü ki, bu bir neçə həftənin dərsi həyatın ona verdiyi dərslərdən ən mühümü idi, bəlkə də ona görə ki, ilk ciddi dərsi idi dünyada; adamların etibarına bələd olduğu ilk dərs...
    Asya o zaman çox ona ürək-dirək verdi, sağ olsun. Doğrudan doğruya arxa oldu, ən çətin dəqiqələrdə ruhdan düşməyə qoymadı. Rektorun gəlməsini edam kimi gözləyən Fuadın təsəllisi yalnız Asyanın həyanlığı idi. Asya:
    -Nəzir demişəm, - deyirdi, - görərsən, hər şey xeyirnən qurtaracaq.
    Rektor qayıdan günün sabahısı Fuadı yenə mühazirədən çağırdılar. Bu səfər rektorun yanına apardılar. Kabinetdə rektordan başqa dekan Zülfüqarov və Fuadın tanımadığı çalsaçlı, lopabığlı bir kişi də vardı. Fuad bu səfər də, az qala, tanımayacaqdı Zülfüqarovu. Elə bil tamam başqa adam idi qabağındakı. Dekan olduğu fakültədə həmişə şəstlə gəzən, özünü p... yemiş turac kimi tutan Zülfüqarov – bu hündürboylu, bazburutlu kişi - burada elə bil büzüşüb cücəyə dönmüşdü, yersiz-yersiz və mənasız-mənasız hey irişir, kos kimi ora-bura dığırlanan göz bəbəklərini rektordan çalsaç kişiyə, o kişidən rektora qaçırırdı, üşüyən adamlar kimi əlini əlinə sürtürdü.
    Rektor Fuadı təpədən-dırnağa süzüb:
    -Qəhrəman bu imiş, - dedi. - Pah atonnan, əjdaha imiş ki bu!..
    Hər üçü güldü. Hamıdan bərk Zülfüqarov hırıldadı... Fuad qıpqırmızı qızardı, pörtdü, ona elə gəldi ki, boyunun törə olmasına söz atırlar; indi bu üç kişi onu masqaraya qoyub rişxənd edəcək. Ancaq bura gələndə qəti qərar vermişdi: "Ölmək-ölməkdir, xırıldamaq nə deməkdir", özünü mərdmərdanə aparacaq, cavablarını verəcək, qovurlar institutdan qovsunlar. İndi də bu "əjdaha" atmacasına sərt bir cavab verməlidir, tutarlı bir söz tapıb deməlidir. Elə ağzını açmaq istəyirdi ki, tanımadığı kişi:
    -Bala, - dedi, - dərslərini oxuyub başa vurdun?
    Fuad elə bildi ki, kişi institutu nəzərdə tutur. Yəni ikinci kursdaca tələbəliyini birdəfəlik başa vurduğuna işarə edir: deməli, çıxardırlar onu institutdan, Asyanın nəziri-flanının bir feyzi olmayıb... Hiss etdi ki, soyuq tər basır onu, vermək istədiyi ötkəm cavablar bir-bir uçub getdi beynindən və az qala yalvarırmış kimi səsi əsə-əsə:
    -Yox, mən hələ oxumaq istəyirəm, - dedi, - mən...
    Tanımadığı kişi həlim baxışlarla onu süzdü və:
    -Bala, - dedi, - mən bugünkü dərslərini deyirəm, qurtardı bugünkü dərslərin?
    Zülfüqarov Fuada macal vermədən:
    -Yox, hələ bir dvuxçasovkaları da var, - dedi.
    Kişi ağır-ağır Zülfüqarova baxıb:
    -Elə bilirəm dekanın müsaidə edər, - dedi. - İstəyirəm mənimlə gedəsən.
    - Kişinin sözü qurtarmamış Zülfüqarov tələsik:
    -Əlbəttə, əlbəttə, nə söz ola bilər, - dedi.
    Kişi rektorla möhkəm əl tutdu, Zülfüqarova isə ağızucu bir vida edib otaqdan çıxdı. Fuada işarə elədi ki, dalınca gəlsin. İnstitutdan çıxdılar, qara rəngli bir maşına yanaşdılar. Kişi ona arxada yer göstərdi, özü qabaqda əyləşdi. Yol boyu dinibdanışmadılar. Yalnız maşın hündür, çox yöndəmsiz bir binanın (Fuad bilirdi ki, bu binanı Şövqü Şəfizadə tikib) qabağında dayananda və kişi:
    -Düşək, - deyəndə, Fuad:
    -Hara gedirik ki? - deyə soruşdu.
    Kişi:
    -Bizə - dedi - səni evimizə qonaq aparmaq istəyirəm.
    Deyəsən məni tanımadın? Həmin o tənqid elədiyin Şövqü Şəfizadə mənəm də...
    Fuad Şövqügilin qapısından ilk dəfə o gün girdi...
    Bilqeyis xanımın adnan deyilən zoğal mürəbbəsini də ilk dəfə o gün daddı. Rumiyyəni də ilk dəfə o gün gördü. Ən əsası isə Şövqünü o gün tanıdı.
    Bilqeyis xanım süfrəyə çay gətirəndə Şövqü:
    -Bəlkə aclığın var? - dedi. - Bəlkə Bilqeyis xalan bizə bir şey hazırlasın?
    -Yox, sağ olun, toxam.
    Bilqeyis xanım otaqdan çıxdı, onlar ikisi qaldı və Şövqü çaydan qurtum-qurtum içərək sözə başladı:
    -Bu məsələni mən bu gün eşitdim, daha doğrusu, bu gün eşitdim ki, səni bir balaca incidiblər. O saatca durub gəldim instituta. Görən, bu uşaq neyləyib ki, bunlar belə bir-birinə dəyiblər. Xahiş elədim gətirdilər mənə məruzəni, oxudum və rektorunuza dedim ki, bu tələbəni tənbeh eləmək yox, mükafatlandırmaq lazımdır. Çoxdu məgər belə dərrakəli, savadlı, müasir zövqlü cavanlarımız ki, onların da başından vuraq? Yox, adamın allahı var, rektorunuz ağıllı oğlandır, özü burda olsaydı qoymazdı, o balacalardır canfəşanlıq edənlər, o dekanınızdır nədir, sir-sifətindən yaltaqlıq yağır. Elələrindən özünü qoru, bala, pambıqla baş kəsərlər, mən belələrinin tumuna yaxşı bələdəm. İç çayını, soyutma. Fuad eşidib inanmırdı, matı-qutu qurumuşdu, ağzını açıb kəlmə kəsə bilmirdi.
     Şövqü:
    -Fuad, bala, - deyə sözünə davam elədi, - sənin məruzənin hər fikrinə, hər cümləsinə iki əlimlə qol çəkirəm. Məni də bir balaca tənqid eləmisən, lap belə düz eləmisən, yerində eləmisən. Biz də burda, ponimayeş li malenğkiy kulğt v oblasti arxitekturı yaradırıq: Şövqü Şəfizadənin tənqid eləmək yasaq imiş. Nə olub balam, Şövqü Şəfizadə göydən qızıl zəmbillə düşüb, allahdır, peyğəmbərdir, nədir, yəni heç nöqsanı ola bilməz Şövqü Şəfizadənin? Fuad, mənim oğlum yoxdur, bircə qızımın canına and içirəm, bir sənə deyirəm bunu: tikdiyim binaların doxsan faiziyçün utanıb xəcalət çəkirəm...
    Fuad:
    -Yox, elə niyə deyirsiz, Ermənikənddəki fabrika... - deyə sözə başladı, Şövqü onun sözünü ağzında qoydu:
    -Bilirəm, - dedi. - O işdən imtina etmirəm, otuzuncu illərdə tikmişəm onu. Konstruktivizm dövrüydü onda. Bir də Bayılda məktəb, yadındadır? Vəssalam. Amma qalanlar... bax indi bu oturduğumuz ev var ha, imkanım olsa, dinamit qoyub partladardım vallahi!.. Neyləyəsən, tələbat elə idi, zövq elə idi... Deyirdilər gərək vağzal keçmiş padşah saraylarını kölgədə buraxsın cah-cəlalıyla. Elə bilirsən başa düşmürdük? Bilmirdik ki, camaata bərbəzəkli fasadlar, dekorativ sütunlar, dəbdəbəli tağlar, meydan boyda dəhlizlər yox, sadə, yığcam, əlverişli mənzillər lazımdır, mümkün qədər çox mənzil, mümkün qədər çox və sadə, münasib yaşayış sahəsi... Dahi Korbüze demişkən:
    "Ev - yaşayış maşınıdır" və buna da can atmaq lazımdır. Can atmaq lazımdır ki, bu maşın saz olsun, hər detalı düzgün ölçülüb-biçilsin, artıq heç nə olmasın bu maşında - nə zahiri bərbəzək, nə göz qamaşdıran estetik forma. Yoxsa bəs biz haçan həll edəcəyik mənzil problemini. Eybi yoxdur, çox şey dəyişəcək... Moskvadan təzəcə gəlmişəm - çox dəyişikliklər olacaq, böyük tədbirlər hazırlanır. İndi sən də görəcəksən, oğlum, bu qoca Şövqü kişinin qabında hələ çox şey qalıb... Sən də, yəqin sənin kimi düşünən başqa cavan yoldaşların da - xahiş edirəm onlara da de, - mənə keçmiş işlərimə görə yox, gələcək işlərimə görə qiymət verin. Keçmiş işlərim elə bil olmayıb.
    Fuad Şövqüdən çox şey əxz etmişdi ömrü boyu, ancaq əxz etdiyi ən vacib şey-dünənsiz yaşamağa öyrənməsi idi. Elə yaşamağa ki, guya heç dünənki gün yerindən-dibindən olmayıb hər şey bax, bu gün səhər başlanıb... Sonra o biri otağa, Şövqünün kabinetinə keçdilər. Xalçalarla döşənmiş geniş işıqlı otaq döşəmədən tavana qədər kitab rəfləriylə əhatə olunmuşdu. Fuad Salahlının onlara göstərdiyi müasir dünya memarlığının tək-tük reproduksiyaları müqabilində burada Korbüzenin, Raytın, Mis van der Roenin, Hropiusun, Joltovskininiri həcmli nəfis albomları vardı. Fuadın, adlarını yalnız kitablardan bildiyi bir çox görkəmli rus, erməni, gürcü, eston memarları öz fotoşəkillərini, kitablarını, albomlarını xoş sözlərlə Şövqüyə hədiyyə vermişdilər. Müasir dünya arxitekturasının problemlərini, cərəyanlarını, imkanlarını Şövqü heç də Fuad Salahlıdan az bilmirdi və bütün bunlar haqqında ondan pis danışmırdı...
    Şövqü:
    -Fuad, bala, - deyirdi, - memarlıqda böyük dəyişikliklər gözlənir, mənim də böyük perspektiv planlarım var. Amma mənə köməkçilər lazımdır; - birini bu gün tapdım - sən, daha kimləri cəlb etmək olar? Sənin kimi, mənim kimi düşünən tələbə dostlarından kimi məsləhət bilirsən, kim bizimlə işləyə bilər?
    Fuad Oqtayın və bir neçə başqa yoldaşının adını çəkdi.
    -Bəs müəllimlərinizdən? Mən yaxşı bələd deyiləm sizing institutun müəllimlərinə, amma yəqin onların içində də bizim əqidəmizə yaxın olanları var. Yəqin elə sən də bu məruzəni yazanda hər halda müəllimlərindən kimləsə məsləhətləşibsən, kimsə sənin fnkirlərini bəyənib, səni ruhlandırıb, həmi?
    Fuad:
    -Müəllimlərimizdən bizə ən yaxın Fuad Salahlıdır, - dedi.
    Şövqü:
    -Fuad savadlı memardır, - dedi, - amma rus demişkən neudaçnikdir, heç bir vaxt dövrün nəbzini tuta bilməyib o...
    Bilqeyis xanım yenə çay gətirdi.
    Şövqü:
    -Bir də, Fuad, bala, - dedi - məndən sənə amanat – bir şeyi heç vaxt yaddan çıxartma. Aramızda sənin o dekanın, nədir onun familiyası?
    -Zülfüqarov.
    -Hə, o Zülfüqarov kimiləri də var... Və bir Zülfüqarovla yüz nəfər Fuad Salahlı kimisi bacarmaz, amma yüz Zülfüqarovun öhdəsindən bir Şövqü Şəfizadə gələr! – Bu sözləri açıqdan-açığa qürrələnərək deyirdi, özü də başa düşdü ki, bir az lovğalanma kimi çıxır və dərhal mülayimcəsinə əlavə etdi: - Bax bütün bunları mən sənə oğlum kimi deyirəm...
    Güclü olmaq lazımdır, bala, güclü... Mənim babam rəhmətlik həmişə deyərdi ki, dağ olmaq istəyirsən, dağa söykən... Axşam altı olardı, Fuad Şövqügildən çıxanda. Səhər institutda Zülfüqarov onu görən kimi gülə-gülə:
    -Eloğlu, sudan yaman quru çıxdın ha! -dedi. - Canından, başından muğayat ol. Kişinin kefi necədir e, Qurban qağanın?
    Fuad nəyi unutsa da bunu unutmadı. Bir il bundan qabaq pensiyaya çıxmış Zülfüqarov onun qəbuluna gəlmişdi. Xırda bir xahişi vardı. Fuad onu xüsusi bir nəzakətlə qarşıladı, amma israrla qocaya "sən" deyirdi, tez-tez "eloğlu deyirdi, arada bir "allahsız" da gupadı. Zülfüqarovun xahişini yerinə yetirmək Fuadçün su içmək kimi asan bir iş idi. Amma Fuad:
    -Canınçün eloğlu, çox zor iş üçün ağız açırsan, - dedi. - Əlimdən gələni edərdim sənin xətrin üçün, amma heç düzələn məsələyə oxşamır.
    Əli ətəyindən uzun, suyu süzülə-süzülə çıxıb gedən Zülfuqarovu kabinetinin qapısınacan ötürdü və Zülfüqarov qapıdan çıxanda özünü saxlaya bilmədi:
    -Eloğlu, - dedi, - bax, canından-başından muğayat ol ha!
    O vaxt isə məsələlər, doğrudan da xeyrə həll olundu. Asya deyirdi ki, mənim nəzirlərim allahı rəhmə gətirdi. Doğrudan da aldığı kiçik məvacibin yarısını nəzir-niyaz paylamışdı Asya səfeh... Fuadı təbii ki, institutdan qovub eləmədilər, ondan yan gəzənlər yenə mehribanlıq göstərdilər.
    Amma Böyük Fuadı - Salahlı Fuadı bir ay sonra tələbələr arasında zərərli fikirlər təbliğ etdiyinə görə, müasir milli memarlığımıza xor baxıb nihilist münasibət bəslədiyinə görə, konstruktivizmə və Qərb memarlığına aludəçiliyinə görə institutdan çıxartdılar.

Altıncı fəsil


    Fuad saata baxdı və Mir İsmayılın sözünü kəsdi.
    -Yaxşı, mən aerodroma getməliyəm, Yekunlaşdır çıxışını, Mir İsmayıl.
    Mir İsmayıl:
    -Yekunlaşdır deyəndə, elə dediklərim bu qədərdi, - deyib oturdu.
    -Yaxşı, onda qurtaraq iclası, gedə bilərsiz.
    İşçilər otaqdan çıxdılar. Fuad Nellini çağırdı:
    -Qaraja zəng vurun, Qasım gəlsin, aerodroma gedirəm.
    -Baş üstə, yoldaş Mehdiyev, amma orda sizi gözləyirlər, deyir özünüz vaxt təyin etmisiz.
    -Kimdir o, vaxtım yoxdur, tələsirəm.
    -Oqtay Muradov.
    -Hə, Oqtay. - Fuad əlini başına apardı, saçlarını qarışdırdı - çağır gəlsin - dedi.
    Oqtay daxil oldu:
    -Görürəm yenə iclasları durna qatarı kimi səfə düzmüsən, - dedi.
    -Day demə, yallah Oqtay - Durub əl uzatdı. - Bir macal eləyə bilmirəm ki, səninlə görüşüb ağıllı-başlı söhbət eləyək, danışıb-dərdləşək.
    -Özün özünlə görüşməyə vaxt tapırsan ki, mənimlə də tapasan...
    -Bax, bura bax, - dəftərçəsini göstərdi - sənin sözlərin yadımdan çıxmayıb ha!.. Gündə özümçün qeyd edirəm: - özüm özümlə görüş. Yəqin mənim də yavaş-yavaş başım xarab olur.
    -Buna heç vaxt macal tapmayacaqsan, o qədər ki, sən camaatla iclas keçirirsən.
    -Eh, ay Oqtay, elə bilirsən, camaatla iclas keçirirəm.
    Camaat iclasda danışır, mən qulaq asmıram, özüm özümlə öz içimdə gündə yüz iclas keçirirəm, yüz daxili səs eşidirəm; amma yekunlaşdırıb qərar çıxartmağa macalım olmur.
    Telefon zəng çaldı.
    -Bəli. Yox, saat ikidə. Bəli. Dəfn dörddədir. Oldu. - Dəstəyi asdı və eyni zamanda o biri telefon səsləndi. Oqtaya:
    - Görürsən də mənim günümü? - dedi. - Bəli, eşidirəm, yoldaş Sadıxov. Baş üstə, göndərərik.
    Özü nömrə yığdı:
    -Mürsəl, trestə arayış göndərin. Sadıxovun adına. Sabah yox, adama sözü neçə kərə deyərlər?!. - Cavab gözləmədən dəstəyi qoydu.
    Oqtay:
    -Mən çox fikir eləmişəm, - dedi, - sənin tipdə adamların fəallığı bilirsən nədəndir, hə? Öz-özünüzdən qaçmaq istəyirsiz, vəssalam...
    Fuad bir qədər sərt:
    -Elə bu dərin fikrini mənə çatdırmaq üçün yanıma gəlməyə belə can atırdın? - dedi və dərhal da özünü ələ aldı; yox, bu sayaq danışmamalıdır, itməcazlıq, acıdillik uğursuzluğun, küskünlüyün əlamətidir; Oqtay bu cür atmacalar ata bilər, amma Fuadın ixtiyarı yoxdur: adamlara rəhbərlik etmək istəyirsənsə, onların narazılıqlarına, həsədlərinə, acıqlarına da gərək dözümün olsun, gərək onların qabıqlarına girə biləsən ki, keçirdikləri, içlərində boğduqları hissləri-həyəcanları başa düşə və yola verə biləsən. - Bağışla, Oqtay, - dedi, - ürəyinə dəymək istəmirdim.
    Oqtay da gülümsündü:
    -Sən də incimə, - dedi. - Nə isə bu çox uzun söhbətdir, bir gün, inşallah, macal taparsan eləyərik bu söhbəti. - Oqtayın gicgahları ağappaq ağarmış, ordları batmışdı, son vaxtlar lap düşüb yazıq, ya bəlkə Fuad Salahlının ölümüdür ona belə ağır təsir edən?
    -Ayrı şey üçün gəlmişəm yanına. Bilirsən də, bu gün Fuadı basdırırıq.
    -Bilirəm - "Basdırırıq". - Dəfndə çıxış edəcəyini demədi Oqtaya, onsuz da Oqtay orada olacaq, görəcəkdi. Kədərli görkəmlə: -Yazıq Fuad, heyf ondan - dedi.
    Oqtay onun təəssüfünə məhəl qoymadı:
    -Biz qəzetə elan vermək istəyirik, - dedi. - Mən, Asəf, Sultan, bir neçə nəfər - onun keçmiş tələbələri, iş yoldaşları. Amma götürmürlər, deyirlər elan onsuz da çoxdur. Sən kömək edə bilməzsən ki?
    Fuad:
    -Edərəm, - dedi, dəstəyi qaldırdı, nömrənn yığdı, xahişini bildirdi və təşəkkür elədi. Oqtaya:
    -Vəssalam, - dedi, - verin elanınızı. Mənə görə başqa qulluğun?
    Oqtay:
    -Çox sağ ol, - dedi, - mən heç düşünmürdüm ki, belə asan həll oluna bilər. Sən ki bunu elədin, böyük işdir, səhərdən çalışırdıq bir şey çıxmırdı, - ayağa durdu.
    Fuad:
    -Otur, - dedi, - hələ bir neçə dəqiqə vaxtım var, çataram alman qardaşları qarşılamağa. De görüm kim-kim verirsiniz, başsağlığını? Sən, Sultan, Asəf...
    -Cahangir, bir-iki yoldaş da var, sən tanımazsan...
    Fuad:
    -Məni də yazın, - dedi.
    Oqtay tutulan kimi oldu:
    -Axı sən... - deyə sözə başladı, amma susub durdu, elə bil söz axtarırdı - axı sən hər halda rəsmi adamsan...
    - Ad, familiyamı bütünlüklə yazmayacaqsınız ki... Oqtay, Sultan, Asəf, Cahangir, bir də Fuad, kim nə bilir hansı Fuaddır?
    -Özün bil... yazarıq, - nə isə Oqtay çox könülsüz deyirdi bunu, - amma neynirsən axı?.. Hə - nə isə yadına düşdü. - həm də sənin familiyan rəsmi nekroloqun altında yazılıb da?
    -Nə olsun? Rəsmi nekroloq - rəsmi nekroloqdur, bu başsağlığını isə yaxın adamlar verir...
    -Bəli, yaxın adamlar! - Oqtay lap məyuslaşmışdı.- Yaxşı, yazarıq sənin adını, bilmirəm amma neyləyirsən bunu?
    -Necə yəni neyləyirsən? Bəs siz neyləyirsiz? Sən, Asəf, Sultan? Onsuz da bu indi yazıq Fuad Salahlının vecinə deyil... hər halda mən də onun tələbəsi olmuşam axı...
    -Düzdür, olmusan. - Oqtayın səsində nə isə bir xal, çalar vardı, bunu yalnız Fuad duya bilərdi. - Amma qəribə bir höcətlik Fuada da hakim kəsilmişdi, xəstə bir həvəs - məsələni axıracan açıb-ağartmaq həvəsi duyurdu.
    -Nədi, Oqtay? Deyəsən, bu heç səni açmadı axı... Məni öz dəstənizə yaraşdırmırsınız axı deyəsən? İndi yəqin ürəyində deyirsən; əcəb işə düşdük, kaş heç bu məsələyçün Fuada müraciət etməyəydik, nə bileydiz ki, öz adımı da böyrünüzə qoşacam? İndi məni kənar eləmək də yaxşı düşməz, amma mənim adımı öz aranızda görmək də ürəyindən deyil... axı heç kim bilməsə də siz ki biləcəksiniz Fuad - yəni hansı
    Fuaddır bu!
    -Sənə nə olub, Fuad? Bu nə qəribə söhbətdir belə?
    -Niyə ki, mən açıq danışmağı sevirəm, hərdən-birdən. Çox vaxt açıq söhbətə macalım olmur, elə əslinə baxsan indi də yoxdur, amma rus demişkən, "radi sportivnoqo interesa", mənimçün maraqlıdır: deməli, elan verməyə kömək lazım olanda Fuad Mehdiyev yaxşıdır, amma adının sizinlə yanyanaşı çəkilməsinə layiq deyil...
    -İndi bir yaxşılıq elədin, o saat gərək başımıza qaxıb burnumuzdan tökəsən?
    -Yox, niyə ki. İntəhası sənin hərəkətindən belə çıxır ki...
    -Yaxşı... - Oqtay elə bil birdən qarara gəldi - indi ki, açıq danışmaq istəyirsən, mən də açıq danışaram. Məsələ onda deyil ki, sənin adın bizim siyahıya layiq deyil. Özün də bilirsən ki, bu əbləh söhbət olardı. Məsələ ondadır ki, Fuad Salahlının ailəsinə verilən başsağlığında sənin adının düşməsi... necə deyim... münasib deyil.
    -Niyə?
    -Özün bilirsən niyə... Bütün o əhvalatlar yadından çıxıb?
    -Ay sağ ol, aton rəhmətlik! Mənə də elə bunu bilmək lazım idi. O, əhvalatlardan iyirmi üç il keçir. Ən ağır cinayəti də müddətin uzaqlığına görə bağışlayırlar. Siz, sən və sənin dostların isə hələ də bu kini ürəyinizdə saxlayırsız! Halbuki mənim heç bir cinayətim-zadım da olmamışdı. Elə Fuad Salahlı rəhmətlik özü də ömrünün axırınacan mənimlə barışmadı və bu dünyadan da mənə olan ədavətini apardı. Amma mən ona hörmət edirdim, edirəm və edəcəm xatirəsinə...
    İndi Oqtay, sən, mənim məktəb yoldaşım, sən de görüm, yəni doğrudan da bu fikirdəsən ki, o vaxt Salahlını mənim üstümdə çıxartmışdılar institutdan...
    -Nə bilim, Fuad, amma hər halda o vaxt hamıda belə fikir oyanmışdı ki, onu sən satmısan Şövqüyə?
    -Şövqüylə qohum olacağım o vaxt mənim heç yuxuma da girməzdi. Doğrudur, məni institutdan çıxartdırmağa Şövqü qoymadı, kstati o vaxt Fuad Salahlı hardaydı?
    -Yalan demə! Fuad o günlər sənə kömək eləmək üçün dəridən, qabıqdan çıxırdı, döymədiyi qapı qalmamışdı, indi neyləsin ki, gücü çatmadı. Yalnız Şövqünün və Şövqü kimilərin gücü çatardı bu işə.
    Fuad:
    -Nə isə, keçənə güzəşt deyərlər, - dedi - amma bu məsələni birdəfəlik gəlin ayırd edək: mən heç vaxt heç kəsi satıb-eləməmişəm. Düzdür, o vaxt Şövqü məni evinə çağırdı, soruşdu, mən də dedim ki, Fuad Salahlının məruzəmin umumi ruhundan xəbəri var idi. Bu məgər sirr idi? Məgər Fuad Salahlı onda, ya sonralar kimdənsə gizlədirdi Şövqüyə olan münasibətini? Hamı bilirdi ki, Şövqünü görməyə gözü yoxdur...
    -Məsələ onda deyil, Fuad. Məsələ tamam başqa şeydədir. Sən axı bilirsən ki, Salahlı sənə və mənə neçə münasibət bəsləyirdi. Övladı yox idi, ona görəmi, ya başqa səbəbdənmi bizi oğlu bilirdi, ardıcılları bilirdi, səni məndən də artıq istəyirdi... Nədənsə beyninə batırmışdı ki, özünün eləyə bilmədiklərini, həyata keçməmiş planları, layihələri biz yerinə yetirəcəyik və birinci növbədə də sən, məhz sən!.. Amma sən... onu institutdan çıxardandan sonra, kim çıxartdırdı, nə yolla, necə, bunda işim yox, amma Salahlı institutdan qovulandan sonra sən bircə dəfə də onun qapısını açmadın; o vaxt bərk Şövqüylə cur olmuşdun...
     Şövqügilə gedib-gələndən bəri bircə dəfə də olsun Fuada yaxınlıq göstərmədin, elə bil heç o adda adam tanımırsan. Fuadı bu bilirsən necə yandırırdı. Heç cür beyninə sığışdıra bilmirdi ki, insan birdən-birə belə dönük çıxa bilər, bütün o söhbətlərimizi, birgə arzularımızı, mübahisə və müzakirələrimizi, hər şeyi, hər şeyi tapdalayar. Bəzən gecələr mübahisəmiz uzananda Solmaz bizə kartof qızardardı, yadında... bir dəfə pulumuz yox idi, yadında, Fuadın ad günüydü, olan-qalan qəpik-quruşumuzu verib araq almışdıq, Fuadgildə də yalnız bircə dənə, bircə dənə lumu qalmışdı, lumunu da yeyib qurtardıq, sonra araq içib lumu qabıqlarını zakuska eləyirdik, yadında? - Oqtay adda-budda danışırdı, amma bu hətərən-pətərən danışıq deyildi. Fuad bu pərakəndə sözlərin, dağınıq xatirələrin dəqiq məntiqini izləyə bilirdi. - Bütün bunları sən bir günün içində unutdun, adlayıb keçdin...
    Şövqünün... - Əgər desəydi ki, "qızın aldın" Fuad onu otağından qovacaqdı, Oqtay bir an susub - Şövqünün... adamı oldun - dedi, yenə susdu, baxışları harasa çox uzaqlara dikildi və sükutdan sonra əlavə etdi: - Bilirsən nə çətin günləri oldu Fuadın... İnstitutdan çıxardılandan sonra...
    -İnstitutdan çıxardılandan sonra - deyə Fuad Oqtayın dalğın tonunu yamsıladı. - Başa düşmürəm nə bayraq eləmisiz bunu institutdan çıxartdılar, səkkiz aydan sonra da bərpa elədilər... Hətta işləmədiyi vaxtın maaşını da aldı, səhv etmirəmsə...
    Oqtay qəmli-qəmli:
    -Yox, səhv etmirsən, - dedi, - amma səkkiz ay – 240 gün, 240 gecə deməkdir, Fuad, hər saatı, hər dəqiqəsi min əzaba çevrilən 240 gün, 240 uzun-uzadı, qurtarmaq bilməyən gecə...
    Fuad güldü:
    -Afərin, tez hesabladın! Ayı günə tez vurdun, amma 240 gün, nə bilim neçə min saat, neçə milyon dəqiqə olsa da, hər halda bu müddət keçib getdi və Fuad yenə instituta, əvvəlki mövqeyinə qayıtdı ki...
    -Çünki təslim olmadı, haqqını tələb etdi, haqlı olduğunu isbat elədi.
    -Xeyr, bağışla, tamam başqa səbəblərə görə... Qəzetlərdə partiyanın qərarı çap olundu - memarlıqda bəzəkçilik barəsində. Fuadın da dili uzun oldu ki, mən də məhz elə bunları deyirdim də...
    -Görürsən ki! Deməli, ədalət hökmən qalib gəlir.
    -Mən görürəm, amma sən də bil ki, mənim vicdanım təmizdir Fuad Salahlının ruhu qarşısında. Bilmək istəyirsənsə Şövqünün də...
    Oqtay:
    -Dilinə gətirmə bunu, Fuad, - dedi. - Səni deyə bilmərəm, amma Şövqü Fuada elədiyini eləyib... Əlindən gələni eləyib, onu layihəçi memar, yaradan, tikən memar olmağa qoymadı... Hətta Fuad Salahlı elmi işə qapananda burada da ona mane olmaq istədi, dissertasiyasını ləğv elətdirməyə çalışdı, intəhası bacarmadı.
    -Bütün bunlar ara qeybətləridir, Oqtay. Məni bağışla, amma sənə heç yaraşmaz belə xala-bacı söhbətlərini təkrar eləmək...
    -İncimə, Fuad, bilirəm Şövqü qayınatandır, Rimanın atasıdır, amma mən bilmədiyimi demərəm...
    Fuad bir an qorxdu, qorxdu ki, Oqtay doğrudan da dəqiq faktlar, inkaredilməz sübutlar gətirər və Fuadçün bu da bir mənəvi problem yaradar; macalı hardaydı Fuadın bu cür köhnə-güləşdə qurdalanmağa, həm də axı indi Fuad Salahlı dünyadan gedəndən sonra bütün bunların kiminçün və nə əhəmiyyəti vardır?
    -Yaxşı, Oqtay, qadası, mübahisə eləməyək, istəmirsiz, yazmayın mənim adımı, bəlkə Solmaz xanımın da xoşuna gəlmədi bu heç. Axı o da yəqin Şövqünü və məni ərinin düşməni sayır...
    Oqtay nə hə, nə yox dedi, ayağa qalxdı, dinməzcə Fuadla görüşüb otaqdan çıxdı. Fuadın isə xəyalında çoxdan yadına salmadığı, unutduğu, daha doğrusu, unutmaq istədiyi, demək olar ki, unutduğu, amma büsbütün unuda bilmədiyi bir səhnə canlandı: Fuad Salahlı instituta bərpa olunan gün dəhlizdə dayanıb gülümsünür, tələbələr bir-bir yanaşıb onu təbrik edirlər. O, Balaca Fuad isə ürək eləyib yanaşa bilmir Böyük Fuada. Axı səkkiz aydır ki, görüşüb kəlmə kəsməyiblər. Niyə, axı niyə yanaşmadı, yanaşa bilmədi. O vaxt-Balaca Fuadın Böyük Fuad qarşısında, nə qəbahəti, nə günahı vardı ki, bunu etməkdən çəkındı?! Niyə, axı niyə qorxurdu ki, əl uzatsa Böyük Fuad əlini cibində gizlədər və Balaca Fuadın əli havada qalar...

Yeddinci fəsil


    -Fuad qədəş, aerodroma gedirik?
    -Hə, Qasım, özü də bir az tez sür, iyirmi dəqiqəyə çatmalıyıq.
    -Oldu.
    "Axı niyə Oqtayın ürəyində bu qədər pas var? Üzə vurmur, amma hər sözündən, hər hərəkətindən sezilir ki, Fuadı gözləri götürmür. O da, Sultan da, Asəf də. Rumiyyə olsaydı deyərdi:
    "Əlbəttə, gözləri götürməyəcək, paxıllığını çəkirlər də. Rumiyyənin belə məsələlər barəsində qəti və dəqiq fikri var. Amma Fuad keçmiş tələbə yoldaşları haqqında bu cür müstəqim, birbaşa düşünmək istəmirdi, belə fikirləri başından qovurdu...
    Bir yana baxanda, görünür, Rumiyyənin sözlərində də həqiqət var. Yaxşı deyiblər ki, fələk məni dostlarımdan qorusun, düşmənlərin öhdəsindən birtəhər gələrəm. Doğrudan da düşmənin münasibəti aydındır: düşmən düşməndir. Düşmən dönük çıxa bilməz, üz döndərə bilməz, etibarsızlıq eləməz. Axı düşmənə etibarın yoxdur ki, xainliyində də sarsılasan. Dönük çıxmaq, üz döndərmək, etibarsızlıq - dostların imtiyazıdır.
    "Dost-dost" deyirsən Sultan Asəf, Cahangir hardan sənin dostun oldu? Salam, əleyksalam, vəssalam. Ümumiyyətlə, vardırmı sənin dostun? Oqtay haqqında müəyyən mənada demək olardı bu sözü, amma bu dostluq da iyirmi ilin arxasında qalmışdı, bu illər uçurumunun dibində o qədər hadisələr, itkilər, qazanclar olmuşdu ki... yaxşı, dostluqları özlərinə qalsın, amma belə ürəkbulandıran atmacalar, iynələr, tikanlar nəyə görədir axı?.. Fuad bütun bunlara nəylə əsas vermişdi... Nə təqsiri, nə günahı vardı onların qarşısında. Bəlkə günahı bir bu imiş ki, onların heç birinin axırı - bu, ya digər səbəbdən bir yana çıxmadı. Tələbəlik həyatları bir başlamışdı, ilk addımlarını birgə atmışdılar, necə deyərlər, startda hamısının imkanları eyni idi. Fuadın təqsiriydi ki, o həyatda daha çox qazanmışdı, Oqtay və Oqtaykimilər isə yalnız və yalnız öz prinsipləri üzərində əsə-əsə qalmışdılar... Həm də məlum deyil, əgər sanballı bir qazancın hesabına bu prinsiplərindən keçməli olsaydılar keçərdilər, yoxsa yox. "Biz satılmırıq!" Bəlkə ona görə ki, alan yoxdur, dostlarım, hə? Prinsip - işdir - tikilmiş bina, salınmış massiv, nimdaş binalardan azad olub açılmış meydan... Onlar əlbəttə, Fuada bağışlaya bilməzdilər ki, Fuadın bu şəhərdə həmişəlik izi qalacaqdır - neçə-neçə bina, prospekt, yaşayış rayonu... Öz aləmlərində onlar yəqin elə düşünürdülər ki, Fuadın planlaşdırdığı məhəllələri daha yaxşı planlaşdıra bilərdilar, saldığı küçələri, tikdiyi binaları daha uğurlu yarada bilərdilər. Amma edə bilmirdilər, ona görə də içlərini yeyə-yeyə qalmışdılar. Yəqin dalınca küncdə-bucaqda qeybət də qırırdılar ki, "Fuadın bəxti Şövqüylə qohum olanda gətirdi". Qoy elə düşünsünlər, cəhənnəmə ki... Qəribədir, niyə mən öz içimdə bu qədər mübahisə edirəm Oqtayla, Oqtaylarla, hətta hirslənirəm, qızıram onlara. Niyə fikrimi bu qədər məşğul edirlər. Niyə mənə elə gəlir ki, Oqtay da, onun dostları da nə səbəbdənsə özlərini məndən yuxarı tuturlar, məni özlərinə tay bilmirlər. Halbuki tərsinə olmalıydı məntiqnən.

<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (05.12.2013) | Müəllif: R.C E W
Baxış: 770 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more