Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-2-ci cild-13
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>

    Murtuz sözlərinin dalını pıçıltıyla, tək bir Məcidə danışırdı, amma Zaur hər kəlməni bircə-bircə eşidirdi:
    -Yadımdadır, mənim bir Zoykam vardı (Alyanın qulaqlarından iraq), arvad deyildi, vallah, od parçasıydı köpəyin qızı... Cavan sütül uşaqdım o vaxt, az qala ilişmişdim, bu Murtuz ölsün. Yamanca tovlamışdı məni, vallah, indi heç özüm də inana bilmirəm ki, necə olmuşdu, almaq istəyirdim hətta onu... Şükür, vaxtında ayıldım... İşdir də, düşəndə düşür... Amma indiki cavanlar, maşallah, bizlərdən çox-çox ayıqdırlar... Kefini-damağını da çəkirlər, amma day bizim kimi tələyə düşsünlər, gözləri tutulsun, xeyr, əstəğfürüllah, hərif-zad deyillər... Bax elə götür bizim bu Spartakı, mənim oğlumdur, amma belə-belə işlərdə səni də, məni də, yüz nəfər yaşlı, təcrübəli kişini də cibinə qoyar. Dünyanın hər üzünə bələddir, arvad məsələsində də tükü-tükdən seçir zalım oğlu.
    Sonra nədənsə Murtuzun fikri Spartakla Zaurun münasibətləri məsələsinə ilişib qaldı, uzun-uzadı sorğu-suala başladı ki, axı nə olub aranızda bir deyin görək. Spartak da, Zaur da bir ağızdan:
    -Əşi, heç nə, heç bir şey olmayıb, - deyirdilər. Murtuz da əl çəkmirdi, axırı:
    -Yaxşı, indi ki, deyirsiniz heç bir şey olmayıb, onda durum öpüşün, - dedi.
    Zaur başa düşdü ki, bundan da keçməlidir. Keçmişlə birdəfəlik vidalaşdığını, keçmişdə qalanları birdəfəlik ömründən qoparıb atdığını öz-özünə isbat etməkçün bu sınaqdan da keçməlidir. Salfet götürüb plovun yağına batmış dodaqlarını sildi, Spartak da ona baxıb yağlı dodaqlarını sildi, öpüşdülər. O gün yolda olduğu kimi indi də Spartakdan odekalon ətri gəlirdi.
    Çay gətirdilər, cürbəcür tortlar, pirojnalar, meyvələr gəldi süfrəyə, Murtuz indi də cəbhə xatirələrini danışırdı və birdən Zaur öz sifətinə zillənmiş zənli, kədərli baxışları duydu. Nemətin baxışları idi bu həsrət dolu baxışlar... Onların gözləri toqquşdu və Zaur bildi ki, bütün burda iştirak edənlərdən yalnız tək bir Nemət hər şeyi və o cümlədən, Zaurun halını həqiqi mənasında, olduğu kimi başa düşür. Hər şeyi, hər şeyi başa düşür. Zaurun halını da, Zaurun qərarını da, bu qərara gəlməyə onu vadar edən səbəbləri də və gələcəkdə onu, Zauru gözləyən nəticələri də.
 
***
 
    -Sağ olun, sağ olun...
    -Sən allah, gəlin də, xüsusi dəvət gözləməyin.
    -Uzaqda oluruq da, pilləkənin o biri başında, ha, ha, ha...
    -Day demə...
    -Bıy, yağış yağır ki...
    -Zaur aparar sizi maşınla.
    -Spartak da apara bilər.
    -Yox, Spartak çox içib.
    -Əşi nə içmişəm, boşlayın görək. Bu saat qonaqları Zaurla ikimiz evlərinə aparacayıq. Görək kimin maşını tez gedir.
    -Zaur, oğlum sabah bir bizə dəy.
    -Baş üstə, Alya xanım.
    -Professor, nərddə sizə borcum qaldı ha.
    -Yaxşı, salamat qalın da, girin içəri, yağışda islanarsız, hələlik.
    -Nə yaman qaranlıqdır, bir kibrit çəksənə.
    -Bu saat maşını çıxarım.
    -Mən də çıxardıram, bircə dəqiqə gözləyin.
    -Zaur, tez qayıt ha.
    -Spartak, yubanma ha.
 
***
 
    Diksinib oyandı, tez qol saatına baxdı, düz səhər saat altı idi. Mat qaldı Zaur, bəlkə yuxuda eşidib bu səsi, amma telefon ikinci dəfə zəng çaldı. Əlini uzadıb çarpayısının yanındakı dəstəyi qaldırdı, yuxulu səslə:
    -Allo, - dedi.
    Telefon susmuşdu. Zaur dəstəyi yerinə qoymaq istəyirdi ki, musiqi səsi eşitdi. Əvvəlcə uzaqdan gəlirdi bu səs, sonra elə bil xəttin o başındakı telefon dəstəyini səsə yaxınlaşdırdılar və Zaur "Küçələrə su səpmişəm" mahnısını eşitdi. Dinlədikcə yavaş-yavaş yuxudan ayılırdı, bu qəribə erkən konsertə təəccüblənirdi. Birdən-birə başa düşdü:
    -Alo, kimdir? - dedi, amma mahnı bitdi və dəstəyi asdılar...
    Və o zaman Zaur hər şeyi başa düşdü. Bildi ki, kimdir zəng eləyən, bildi ki, səhər saat altıdır, zəng vuran belə ertədən durmayıb, yox, yatmayıb bu gecəni, musiqiylə, konyakla, həsrətlə, onun - Zaurun həsrətiylə dopdolu bu gecəni yatmayıb, gözünü də qırpmayıb.
    İndi Zaur özü yığdı nömrəni, gümanın tam doğruluğuna inanmaq üçün. Dəstəyi dərhal qaldırdı, amma susmuşdu Təhminə, Zaur da danışmırdı. Telefonda başqa bir mahnı səsləndi:
     "Ay bəri bax, bəri bax..."
    Pəncərədən daş gələr,
    Xumar gözdən gələr.
    Səni mənə versələr,
    Allaha da xoş gələr...
    Mahnı qurtardı və dəstəyi asdı Təhminə. Zaur siqaret yandırdı və elə dərin, elə dərin bir həsrət duydu ki, az qala ulayacaqdı. Təhminənin necə bir gecə keçirdiyini təsəvvür elədi və bu zaman telefon yenə səsləndi. Dəstəyi qaldırdı, mahnıya qulaq asmağa başladı:
    Ömrüm boyu daş daşıdım,
    Gəmim dolmadı.
    Gənc yaşımdan bir qız sevdim,
    Mənim olmadı...
    "Təhminə, ay Təhminə, axı niyə sən belə etdin?" - demək istəyirdi Zaur, amma heç nə demirdi. "Özü də gör bir kimlə, Spartakla!" - demək istəyirdi Zaur, amma heç nə demirdi.
    "Təhminə, axı mən səni doğrudan da sevirdim və doğrudan da xöşbəxt idim səninlə" - demək istəyirdi Zaur, amma heç nə demirdi. "Hamısı yalan idi yəni? Yəni heç məni sevmirdin, sevirdinsə niyə belə yaraladın?" - demək istəyirdi Zaur, amma heç nə demirdi... "Axı mən bir də heç bir vaxt, heç bir vaxt xoşbəxt olmayacam, bilirsən ki, bunu, axı mən artıq yaşamıram, ölüyəm, canlı meyitəm" - demək istəyirdi Zaur, amma heç nə demirdi. Mahnı qurtardı. Təhminə dəstəyi asdı. Bir neçə dəqiqə keçdi və Zaur elə düşündü ki, hər şey bitib, bu zaman yenə zəng oldu, o telefonu qaldırdı və mahnını eşitdi:
    Qırmızı gül, sarı gül,
    Bağçaların varı gül.
    Gec açıldın, tez soldun,
    Açmayaydın barı gül...
    "Laçın" mahnısı idi... Təhminə bu mahnını dinləyəndə həmişə hıçqırıb ağlayırdı... Zaur özü də ağlayırdı indi, lap erkən uşaqlıq çağlarından bəri ilk dəfə idi ağlayırdı, səssizsəmirsiz ağlayırdı, gözlərindən yanaqlarına süzülən damcıları silmirdi. Ağlayırdı, çünki bilirdi ki, bu son vidalarıdır və yer üzündə yalnız yeganə bir qadın bu cür vidalaşa bilərdi...
    "Laçın" mahnısının son bəndi səslənirdi, - Zaur bilirdi ki, Təhminənin kasetində bu, son mahnıdır və indi – Zaurla Firəngizin toyları ərəfəsində Təhminə onun həyatından əbədilik çəkilib gedirdi...
    Araz üstə, buz üstə,
    Kabab yanar göz üstə.
    Qoy məni öldürsünlər
    Bir alagöz qız üstə...
    Mahnı qurtardı. Dəstək asıldı...
 
On yeddinci fəsil
 
    Vəfa hər kimsədən kim istədim ondan cəfa gördüm.
    Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.
    Mənə göstərdi gərdün, tirə bəxtim kövkəbin yüz gəz,
    Məni - bədbəxt ona hargah kim, baxdım qara gördüm.
    İstambul duman içində... Yuxu kimi birdən-birə açıldı duman içindən İstambulun minarələri, qülləli, qübbəli məscidləri... Səhərin bu erkən çağı duman Bosforun üstünü alıb çəhrayı üfüqəcən sərilirdi. Bu gecəni yatmamışdı Zaur. İndi də gəminin göyərtəsində dayanıb ilk dəfə gördüyü şəhərin səhər oyanışını seyr edirdi. Dəniz elə bil ağır - tunc dalğalarıyla özü öz səthini hamarlayır, ütüləyirdi, şəhər, limandakı gəmilərin siluetləri, binaların konturları görünməz sarı-çəhrayı projektorun şüalarıyla işıqlandırılmış dekorları xatırladırdı – projektorun özü - günəş də ağır-ağır üfüq xəttinin dalından yüksəklərə dartılır, dığırlanırdı.
    Günəşin şüaları onların gəmilərinin göyərtəsindəki gecə çıraqlarını da işıqlandırırdı və gecənin qaranlığında belə parlaq işıldayan bu çıraqlar, indi gün işığında sanki solubsoluxmuşdular. Gəmiləri yavaş-yavaş İstambul limanının körpüsünə yan alırdı və biraylıq səyahətlərinin son dayanacağı idi bu şəhər...
 
***
 
    Gəmidə Firəngizin ürəyi bulandı, qusdu, sonra gecə kayutda - gəmiləri artıq İstambuldan ayrılıb Odessaya yollanırdı - Firəngiz dedi ki, deyəsən, hamilədir.
    Odessaya düşən kimi Zaur təyyarəyə bilet aldı. Murtuzgilə və atasıgilə teleqram vurdu ki, qarşılasınlar. Təyyarə Simferopolda yerə enib qalxdı və Bakıya yollandı.
 
***
 
    Təyyarədən düşüb qarşılayanlarla görüşən təkin Zaur başa düşdü ki, nə isə bir iş var burda. Amma məsələ nədə idi, bunu başa düşə bilmirdi... Onları qarşılayanlar - Zivər xanım, Firəngizin atası və anası, Spartak, Spartakın bir dostu – Zaur onu üzdən tanısa da adını unutmuşdu - gülümsünə-gülümsünə Zaurgilə əl edirdilər uzaqdan, Zaurla Fira da əl edirdilər, amma Zaur uzaqdan belə gördü ki, anası Murtuzovgildən aralı dayanıb. Murtuzovlarla öpüşüb, görüşüb (onlar daha yaxın dayanmışdılar) anasının yanına gələndə Zaur anasının gözlərində nə isə oxudu - inciklik, narazılıq vardı bu baxışlarda. Zivər xanım Zaurla soyuq görüşdü, gəliniylə ondan da soyuq görüşdü.
    -Atan gələ bilmədi, - dedi və əlavə etdi: - Mən sənin maşınınla gəlmişəm, onda da gedəcəm. Özün sür, yaxşı? - Zaur başını tərpətdi. - Baqajı al, gəl maşına. Zivər xanım keçib Zaurun "Volqa"sında qabaq yerdə əyləşdi.
    Zaur bildi ki, onun maşınını bura Spartakın dostu sürüb gətirib və bu da təsadüfi deyil. Zivər xanım Murtuzovların maşınında, Murtuzovlarla bir yerdə gəlmək istəməyib və ümumiyyətlə, bu bir ayda iki ailənin arasında nə isə olub. Alya xanım Firəngizi səyahətləri haqqında sorğu-suala tutmuşdu. Murtuz ətrafı şəstlə seyr edirdi. Spartakla dostu isə, nə isə, qeyri-adi bir tərzdə gah Zaura, gah Firaya, gah Zivər xanıma baxırdılar.
    Alya xanımla Firəngiz qırağa çəkilib pıçıldaşmağa başladılar. Firəngizin pörtməsindən Zaur başa düşdü ki, hamilə olduğunu deyir anasına, Alya xanımın məmnun təbəssümündən bu xəbərin ona nə qədər ləzzət etdiyi də aydın olurdu... Yüklərini gətirdilər. Spartakla dostu kömək elədilər Zaura, beş iri çamadanı maşınlarda yerbəyer elədilər.

    Alya xanım:
    -Fira bizim maşında gedər, - dedi və Murtuzovların hamısı Spartakın çəhrayı "Volqa"sına tərəf getdi. Spartakın dostu da onlarla mindi maşına. Zaur öz maşınının sükanı dalına keçdi. Bir müddət motoru qızdırdı, sonra çəhrayı "Volqa"nın ardınca sürdü... Həmin o yola çıxdılar. Həmin o yola ki, bir neçə ay bundan qabaq bu yolla Zaur çəhrayı "Volqa"nı qovurdu... Amma Zaur həyatın qəribə dolanbacları haqqında düşünməyə macal tapmadı, Zivər xanım açıldı nə açıldı...
    Hər şey məhz Zaurun düşündüyü kimiydi, Zivər xanım deyirdi ki, adamları tanımaq olmurmuş, neçə ilin qonşusudurlar, həmişə də Murtuzovları abırlı adam bilib, amma sən demə Alya şeytana papış tikənlərdən imiş. Özü də, əri də özlərindən elə müştəbehdirlər ki, elə bil alçaq dağları bunlar yaradıblar. Qızlarının da tayı-bərabəri yoxmuş onların gözündə, göydən qızıl zənbildə düşübmüş, bilməmişik... Hələ bütün bunlar dərdin yarısıymış, sən bir görəydin ki, o julik Spartakı necə tərifləyib göyün yeddi qatına qaldırır Alya xanım. "Spartak belə, Spartak elə", dilindən düşmür arvadın Spartak. Arvadın həyasızlığına bax ki, düz Zivər xanımın gözünün içinə şappadan deyib ki, sən nahaq Zaurla Spartakı tən tutursan. Spartak hara, Zaur hara. Spartak müstəqil kişidir, bir evin dayağıdır, Zaur isə heç öz ailəsini əməlli-başlı saxlaya bilməz öz başına qalsa... Day mən də bu yerdə partladım, nə partladım. Nə olub, dedim, bəlkəm Zaur qapıva gəlib, səndən kömək-zad istəyib, ölüb-eləyib Zaurun atası-anası ki, sizlərə möhtac olsun... Zaurun, deyirəm, maşallah dalında dağ kimi dədəsi var... İndi gör bu ləçər qızı mənə nə cavab verir, - dədəsi, deyir həmişə olmayacaq ki. - Bəs sənin ərin necə, - dedim, - qurdla qiyamətə qalacaq? Hamımızın axırı bu qara torpaqdadır da, sən nə baxırsan ki, Zaurun atası xəstədir, heç kim bilmir ki, əcəl onu haçan və harda yaxalayacaq, görürsən bığıburma cavan yıxılıb ölür birdən, amma yaşlı, xəstə adam lap qoca yaşına kimi yaşayır. Bir də deyirəm, həkimlər deyib ki, professor yüz yaşı da sap-sağlam başa vuracaq. Özüm qəsdən həmişə Alyayla danışanda atana professor deyirəm, qoy o polkovnik ərini çox gözümüzə soxmasın.
    Zaur bütün bu ehtiraslara tamam biganəliklə yanaşırdı. Bilirdi ki, bütün ömrü bu dedi-qoduların içində keçəsidir indən belə. Bilirdi, qabaqcadan bilirdi ki, hər şey məhz elə-belə də olmalıdır, odur ki, indi nə təəccüblənir, nə hirslənirdi. Əlbəttə, doğma şəhərə qayıdışlarının ilk dəqiqələrindən kefinə soğan doğramaq - anasının xasiyyətinə, təbiətinə uyğun idi. Amma məgər bu qayıdışın, bu dönüşün özü belə sevincli, belə fərəhli idimi Zaurçün?
    Maraqlandığı üçün yox, nəzakət naminə soruşdu:
    -Axı, bütün bu qalmaqal nədən başlayıb?
    -Əşi, heç nə... Evinizin açarını Alyaya vermişdiniz. Nə deyirəm, öz işinizdir, yəqin elə məsləhət bilmisiz - ev sizin, ixtiyar sizin. Mən axmaq da fikir elədim ki, bəlkəm bir kömək lazımdır, yır-yığış eləmək lazımdır evdə, yəqin toz basıb da...
    Zəng elədim belə kamal-ədəblə dedim ki, Alya xanım, bəlkə onlar gələnə gedək bir evi yığışdıraq, künc-bucağı siləksüpürək, səliqəyə salaq. Yadımdadır axı, elə siz getməmişdən də ev tör-töküntü idi... Di, partlamadı. Alya xanım... Sən demə, şəstinə dəyibmiş xanımın: nə demək istəyirsən, deyir, törtöküntü niyə olur Firanın evi?.. Nədi, baxmır deyirsən, evə?..
    Nədi, deyir, neçə il onu naz-nemət içində böyütmüşük ki, sizing qulluqçunuz olsun? - Zivər xanım Alyanın zəhərli tonunu yamsılamağa çalışır, öz replikalarını isə həlim, yumşaq tonal tələffüz edirdi - yox, bacım, deyirəm, belə sözləri niyə gətirirsən dilinə, qulluqçu, qaravaş-zad nədir, intahası cavandır da, hər şeyi get-gedə öyrənəcək. Hələlik biz, deyirəm, onlardan böyüyük, təcrübəliyik, gərək qollarından tutaq, kömək eləyək, gedək bir yır-yığış eləyək, nə olacaq xəncərimizin qaşı düşməz ki. Bəlkəm mənim də bir köməyim dəydi. Yox, deyir, heç bir kömək-zad lazım deyil, - mən, deyir, bacılarımla gedib hər şeyi öz qaydasına salaram onlar gələnə... Bacılarını da tanıyırsan da... Biri o atmaralıdır Tahirə, əri yazığı bir qoz qabığına soxub ki, yazıq cınqırını çıxarda bilmir... O biri də Sürəyya - onu da tanıyıram nə yuvanın quşudur. Birinci ərini basdırıb, ili çıxan kimi bu Nemətə calayıb özünü - yanında da iki balası, neçə yaş cavandır özündən əri... Qızlarından da ki, olmaz.
    -Yaxşı, ay ana, - deyə Zaur Zivər xanımın sözünü kəsdi, - bütün bu həngamə nədən başlayıb axı?.. Evi yır-yığış eləməkdən?
    -İş yır-yığışda deyil e... İntəhası tanıdım bu adamları... Bu üç bacının xasiyyətiymiş bu - ərlərinin başında turp əkmək. Tahirəsi də elədir, Sürəyyası da... Alyanın özü elə deyil? Sən bu Murtuzun qozqurablığına, bazburutuna-filana baxma, arvadından it kimi qorxur, nə buyursa arvad, ləbbeyk deyir, bəs necə... Səni də eləcə tryapka eləmək istəyirlər ki, onların hər nazıyla oynayasan, ata-anadan keçəsən, naxələf çıxasan, onların istədiyi budur, bə nə?
    -Yaxşı, ay ana, boşla görək.
    -Düz demişəm?.. Alya qaçırtdı da dilindən. Sən demə, Alya xanım belə hesab eləyir ki, bizim ailəyə böyük minnət qoyub - əziz-xələf qızını sənə verib. Sən guya heç layiq də deyilsənmiş belə dünya gözəlinə ər olmağa.
    -İndi nədi, danışmırsız bir-birinizlə?
    -Qulaq as... Demək, bir neçə gün keçir, sizdən də bir xəbər yox, yaman nigaranam, Alyaya zəng vururam, görüm bəlkəm onlar teleqramdan-zaddan bir şey alıblar. Zəng eləyirəm, ədəblə belə hal-əhval tuturam. Özün necəsən, ərin necədir... Di, düşmədi mənim üstümə. Nə yemisən turşulu aş, day dişinin dibindən çıxanı dedi mənə.
    -Niyə axı?
    -Qulaq as, danışıram da - ...Sitarəni tanıyırsan da, qonşumuzu. Gəlib bir dəfə bizə, deyir, eşitmişəm Zaurun, maşallah, əntiqə evi var, özü də aləm obstavit eləmisiz. Gələndə onlar, deyir, bir mənə də papaq elə, mən də gedim baxım... Mənim də ürəyim təmiz, nə bilim ki, camaat qan çıxmayan yerdən qan çıxardır, açarlar, deyirəm, Alyadadır. Ev sahibləri ona, deyirəm, etibar ediblər açarlarını, ona denən, deyirəm, aparsın səni Zaurgilə elə indi, daha gəlməklərin neyləyirsən gözləyib?.. Day bilmirəm mənim sözümü Sitarə nə cürə çevirib deyib Alyaya, od vurub Alyanın təpəsinə.
    Düşmədi mənim üstümə, nə deyir bütün şəhərə car çəkirsən ki, ay açar belə gəldi, ev elə getdi. Göndərirəm, deyir, Spartaknan o andıra qalmış açarlarını, o eviniz də ki, var, deyir, nə belə mataq şey imiş... Firoçka, deyir, istəsəydi min pay bundan yaxşı evlərə köçə bilərdi. Elçilər, deyir, qapımızın dabanını çıxartmışdılar.
    -Hansı elçilər?
    -Əşi, yalandır deyir də, gözünün içinəcən... Kim idi ona elçi düşən? Yəni - mən bilmirəm, camaatın gözü kor, qulağı kardır bəyəm?.. Allahına şükür eləsin ki, qızının bəxti belə açılıb... Eybi yox, mən də bir iki kəlmə şirin söz dedim ona. Qiyamətəcən yadından çıxmaz. Məni o deyil, e, özümdən çıxardan , o əri heyvərədir. Guya ki, belə ağır kişidir, ağsaqqaldır öz aləmində, amma arvad işlərinə qarışmaqdan utanıb xəcalət çəkmir. Götürüb telefonu bu da, deməli, mənim üstümə xoruzlanır.
    -Mənim atam da ki, Alya xanımın cavabın verib, hə?
    -Xeyr, bircə o çatmırdı... Sənin atan əsl kişidir, arvadnan ağızbağız verən qurumsaqlardan deyil. Amma Murtuzla danışdı, özü də əməlli-başlı danışdı.
    -Görürəm burda vaxtınızı şən keçirmisiz.
    -Elə bilirsən bu hayıfı qoyacam mən onda? Məni yaxşı tanımırsan. Bircə bax sən sarıdan...
    Zaur bu söhbətin gizli mənasını yaxşı başa düşürdü, anasının gözlərindəki nigarançılığın, qorxunun, təlaşın səbəbi də aydın idi ona. Anası ondan arxayın deyildi, qorxurdu ki, birdən Alyayla qızı Zaurun saqqızını oğurlayıb, öz tərəflərina çəkərlər, bu ölüm-dirim mübarizəsində Zaur əks cəbhəni seçmiş olar... Zaur düşünürdü ki, anası gətirdiyi hədiyyələrdən xəbərdar olanda, biləndə ki, Zivər xanımla Alya xanıma eyni cür çəkmə, Məcidlə Murtuza eyni cür köynək alıblar, amma üstəlik, Spartaka iki qəşəng qalstuk da gətiriblər və bu qalstukları şəxsən Zaur özü seçib, gör onda nə mərəkə olacaq.
    "Bizim pulumuza səfərə çıxan öz oğlumuz qudalarımıza da elə bizə gətirdiyindən gətirir, hələ üstəlik Spartakı da yaddan çıxartmır, heç belə müsübət olar?.." Şəhərin içinə girmişdilər və Zaur gördü ki, çəhrayı "Volqa" sağa buruldu. Deməli, Firəngizin valideynləri öz evlərinin qabağında düşəcəklər. Bəlkə Firəngiz də onlara gedir – ata evinə...
    Bəlkə ümumiyyətlə, Alya xanım Firəngizi Zaurdan boşatmaq fikrinə düşüb?.. Çünki yəqin ki, o biri maşında da Alya xanım eyni hadisələri, eyni hiddətlə, amma tamam başqa şərhlə bəyan edir... Bəlkəm o biri maşında söhbət nisbətən sakit gedirdi, axı hər halda, Spartakın dostu da - tamam yad bir adam da var idi orda... Amma ehtiraslar elə qızışmışdı, elə püskürürdülər ki, yəqin orada da doğmaya, yada məhəl qoyan yox idi... Bayaq təyyarədən düşəndə uzaqdan Murtuzovlar hər ikisinə - Zaura da, Firaya da eyni cür gülümsəyirdilər, amma yaxına gələndə məlum oldu ki, bu təbəssümlər yalnız qızlarına aid imiş. Zaurla ağızucu görüşdülər. Deməli, bəlkə, doğrudan da, elə Alyanın niyyəti onların nigahlarını pozmaqdır? "Bəs uşaq necə olacaq görəsən?" - deyə düşündü Zaur və özü də başa düşdü ki, "boş fikirdir", əlbəttə, heç kəs onları boşatmaq istəmir...
    Evlərinə çatanda Zaur:
    -Yaxşı axır kimdə qaldı açarlar? - deyə soruşdu.
    Zivər xanım qürurla:
    -Kimdə olacaq, əlbəttə, məndədir, - dedi.
    Zaur çamadanları maşından çıxaran müddətdə Spartakın çəhrayı "Volqa"sı da gəlib çatdı və Fira da maşının içindəydi. Zaur, doğrudan, sevindi arvadının gəlməsinə... Spartak Zaura kömək elədi, şeyləri 8-ci mərtəbəyə qaldırdılar. Zivər xanım qapını açdı, dördü də mənzilə girdi... Zivər xanım amiranə bir tərzdə Spartaka göstəriş verdi:
    -Çamadanları bax o küncə qoy. - O özünü evin sahibi hiss edirdi, istəyirdi ki, başqaları da bunu dərk etsin birdəfəlik.
    Spartak:
    -Yaxşı, mən gedim, -dedi. Spartak nə isə tamam başqalaşmışdı elə bil, yavaş danışırdı, həmişəki kimi səs-küylü deyildi və elə bil hətta gözlərinə də kədər çökmüşdü...
    Zaur onu qapıyacan ötürdü, liftin düyməsini basdı, lift səkkizinci mərtəbəyə qalxmağa başladı. Spartak ona nə isə demək istəyirdi və Zaur yəqin bilirdi ki, nə demək istəyir, Spartak. Şübhəsiz, iki ailənin bu qarşılıqlı ədavət və nifrət toruna Spartak da düşmüşdü və bəlkə indi özü də istəmədən Zaura Alya xanımın, ya Murtuzun hansısa sözünü, hədəsini, ya təklifini, ya nə bilim, xəbərdarlığını çatdırmalıydı. Məcbur idi buna, ürəyində istəməsə də... istəməməyinə isə, açıq-aşkar görünürdü ki, istəmirdi, yoxsa bu qədər kədərli ifadə çökməzdi sifətinə, yazıq biçarə... Lift axır ki, gəlib çıxdı, qapısı açıldı. Spartak, nəhayət, iradəsini toplayıb boğuq səslə:
    -Bilirsən, Zaur... - dedi. - Sənə demək istəyirdim... Təhminə... ölüb…
    Liftin içinə girdi və əlavə etdi:
    -Serroz... Qara ciyəri... İyirmi günün içində yandı getdi yazıq.

On səkizinci fəsil

    Yandı canım hicr ilə, vəsli-ruxi-yar istərəm,
    Dərdiməndi-firqətəm, dərmani-didar istərəm.
    Heç bir vaxt təsəvvür edə bilməzdi ki, evlər, küçələr adamı bu qədər ağrıda bilər. Evlər, küçələr, maşınlar... 
    Bağın yanına buruldu, o bağın ki, iyun günü yaşıl "Moskviç"in içində Təhminəni gözləyirdi. Həmin o yerdə həmin rəngli "Moskviç" dayanmışdı - və elə bil parçalandı Zaurun ürəyi və hər şeyi birdən-birə xatırladı Zaur - burada, bax bu yerdə Təhminəni gözləməsini də, səbirsizliklə barmaqlarıyla sükanı döyəclədiyini də, o gün çəkdiyi siqaretin dadını da, hətta, Təhminənin səsini də. Ağ düyməli qırmızı paltar geymiş Təhminə qəfilcən onu arxadan səsləmişdi. Əlində də çanta vardı, çantada da "KamyuU konyakı, Zaurçün xüsusi gətirmişdi bu konyakı... Qapılarının qarşısındakı səki - haçansa Spartakın çəhrayı "Volqa"sı dayanmış səki - "Volqa"nın təkərini deşmişdi o gecə - səki də eyni cür ağrıtdı Zauru. Telefon budkası da - elə həmin o gecə Təhminəyə bu budkadan zəng vurmuşdu, telefon cavab vermirdi, sonra isə bildi ki, telefon doğrudan da xarab olubmuş, çünki pulunu vaxtında verməyiblərmiş... Bu da trolleybus dayanacağı. Təhminə işə gedəndə həmişə bu dayanacaqda minərdi trolleybusa, Zaur da ötürərdi onu. Təhminə trolleybusun pəncərəsindən əl edərdi Zaura və Zaurun çox xoşladığı bir hərəkətlə saçlarını alnından atardı, gülümsünərdi.
    Spartak Təhminənin ölüm xəbərini verəndən sonra bir müddət də liftin içində dayanmışdı, amma daha heç nə deməmişdi. Çünki söz qalmamışdı daha, qurtarmışdı bütün sözləri Spartakın da, Zaurun da. Nəhayət, Spartak liftin düyməsini basmışdı, liftin qapısı bağlanmışdı, lift aşağı enməyə başlamışdı. Zaur isə mənzillərinə qayıtmışdı, dəhlizdəki çamadanları, nədənsə, yataq otağına aparmışdı, yataq otağındakı çamadanları dəhlizə gətirmişdi. Bir neçə dəfə otaqdan otağa keçmişdi, nə isə götürmüş, nə isə qoymuşdu, sonra arvadına və anasına bir kəlmə demədən evlərindən bayıra çıxmışdı, liftlə deyil, pilləkənlə səkkizinci mərtəbədən aşağı düşmüşdü, küçənin tinində siqaret, dükandan kibrit almışdı və piyada Təhminəgilin evlərinə tərəf addımlamışdı... Hələ onda ağrını belə şiddətlə duymurdu, yaranın köynəyi vaxt keçdikcə artırdı və bu küçəyə, bu evə çatanda dözülməz olmuşdu. Zaur bu dözülməzliyin içindən keçib pilləkənlərlə - ona bu qədər tanış olan pilləkənlərlə, axırıncı dəfə əsəbi düşüb getdiyi pilləkənlərlə-qalxmağa başladı. Və ancaq bu zaman birdən-birə qəti dərk elədi ki, Təhminə yoxdur və bir də heç vaxt olmayacaq. Bir də heç vaxt görməyəcək Təhminəni... Nədənsə, Spartak da başından çıxmırdı və bu anlar fikirləşirdi ki, bax indicə hansı yollasa bir sirr açılacaq və məlum olacaq ki, Təhminəylə Spartakın arasında heç vaxt heç bir şey olmayıb və Zaurun bütün şübhələri boş və əbəs imiş. Bu həqiqət o qədər aydın təsdiq olunacaq ki, Zaurun ağrısı, peşmançılığı birə-yüz artacaq. Özünü günahkar biləcək, Təhminənin isə heç bir günahı olmadığından Zaurun lap bağrı çatlayacaq, daha artıq iztirab çəkəcək: intihar etmək istəyəcək, hətta günahını yumaq üçün... Hardansa yadına düşdü ki, bir dəfə Təhminə onu Spartakgilin bağına aparmışdı və orada demişdi ki, bura gəlmələrinin bir səbəbi də var, Zaur bu səbəbi ya çox sonralar biləcək ya da heç bir vaxt bilməyəcəkdi. Bəlkə də bu səbəbi bax indicə, bir neçə andan sonra biləcəkdi Zaur və bu səbəb hər şeyi birdən-birə gün işığı kimi işıqlandıracaq, izah edəcəkdi və hər şey aydın olandan sonra Zaurun nəticə verməyən sonrakı peşmançılığı onun bütün həyatının sağalmaz dərdi-yarası olacaqdı...
    Pilləkənin ikinci mərtəbəsində adamlar vardı, onlar tövşüyətövşüyə taxtaların içinə tablanmış iri şkafı qaldırırdılar, xəz yaxalıqlı qara palto geymiş kişi - yəqin ki, şkafın sahibiydi - hamballara göstəriş verirdi:
    -Sola çevirin, beləsinə keçməyəcək deyirəm sizə, soldan götürün, soldan. - Sonra Zauru gördü və ona müraciət elədi.
    - Keçmək istəyirsiz? - hamballara: - Yol verin, yoldaş keçsin, - dedi.
    Zaur adamların arasından, şkafın yanından keçdi və xəz paltolu adam yenidən göstərişlər verməyə başladı:
    -İndi bir az aşağıdan götürün, aha, bu tərəfini qaldır, ay qoçaq!
    Zaur üçüncü mərtəbəyə qalxdı. Təhminənin qapıları taybatay açıq idi, qapının üstündə isə yenicə vurulmuş lövhəcik görünürdü: "Əməkdar mühəndis rasionalizator Q.Kərimov. Qapıda vız başlı, ala-bəzək xalatlı bir qadın dayanmışdı - güman ki, əməkdar rasionalizatorun arvadı idi. Şkafı da görünür, təzə ev sahiblərinin mənzillərinə qaldırırdılar. Xəz yaxalıqlı palto geyinmiş adam yəqin elə mühəndisrasionalizator Q.Kərimov idi ki, vardı... Zaur qeyri-ixtiyari açıq qapıdan içəri baxdı - və elə bil ürəyi həmin bu qapının arasında qaldı. Təhminənin boşalmış otağında ancaq bir neçə stul və stol vardı, - Təhminənin deyil, Kərimovların stolu, stulları. Nə qədim divar saatı, nə Təhminənin fotoları, nə balaca əncir ağacı - alpinistlərin hədiyyəsi qalmışdı, Bircə oboylar həmin oboylar idi... Zaur çevrildi, qarşıdakı qapının ağzında dayandı və zəngi basdı.
    Uşaq səsi gəldi qapının ardından, sonra hirsli qadın qışqırığı:
    -Əşi, bir dayan görək də kimdi! - Uşağa qışqırırdı
    Mədinə. Qapı açıldı. Mədinə:
    -Zaur, - dedi, çənəsi əsdi. Bir də təkrar elədi - Zaur, - və ağladı...
    Zaurun göz yaşı yox idi. Hiss edirdi ki, ağlaya bilmir, amma haradansa, içinin dərinliklərindən boğazına qəhər qalxırdı, boğazında tıxanıb qalırdı.
    Qorşokda oturmuş beşyaşlı toppuş uşaq, anasının ağlamasını görüb bir müddət maddım-maddım baxdı, sonra özü də bərkdən bəyirməyə başladı...
    Qarşı qapıdakı xalatlı arvad təəccüblə onlara baxdı, sonra içəri keçdi və qapısını da örtdü. Mədinənin otağının yarıaçıq qapısından balaca televizorun ekranı görünürdü və bu da Zaurun yarasına duz basırdı elə bil. Zaur fikirləşdi ki, bir Aydan artıq Təhminəgildə qalıb, Mədinəylə qonşuluqda yaşayıb, amma bir dəfə də Mədinənin evində olmayıb.
Mədinə paltarının ətəyiylə gözlərini silərək:
    -Gəl içəri, - dedi.
    Zaur içəri girdi. Uşaq hələ də ağlayırdı. Mədinə qorşokla birlikdə onu götürüb harasa apardı və sakit elədi. Zaur kiçik və köhnə televizorun sönük ekranına, otağın kasıb avadanlığına baxırdı - hiss olunurdu ki, bu otağın sahibi sıxıntı iə ehtiyac içində dolanır... Uşaq, nəhayət, sakitləşdi və Mədinə yaş əllərini silə-silə otağa gəldi. Zaurun qabağında oturdu.
    Zaur siqaret yandırdı, Mədinə:
    -Haçan gəlmisən? - dedi. Zaura "sən" deyirdi, elə bil dərd onları yaxınlaşdırmış, bir-birinə doğma, məhrəm etmişdi.
    Zaur:
    -Bu gün, - dedi, - yarım saat bundan qabaq.
    Uşaq:
    -Mama, bəs biz haçan gedəcəyik? - dedi.
    -Gedərik, gedərik, bala, görürsən əmi bizə qonaq gəlib, - sonra Zaura müraciətlə əlavə etdi, - səhərdən day zəhləmi töküb. Yapışıb yaxamdan ki, kinoya gedək... Heç mənim kinoya getməyə həvəsim var?
    Uşaq ağlamsınıb:
    -Bəs haçan gedəcəyik? - dedi.
    -Gedərik, gedərik, get orda topla oyna, mən də gəlirəm indi.
    Oğlan könülsüz otaqdan çıxdı və Mədinə:
    -Belə işlər, Zaurik, - dedi. - Təhminə getdi əlimizdən... - və yenidən ağladı...
    Zaur bilmirdi nə desin, neyləsin, Mədinəni ovutmalıydımı, ya onun özünü ovudan gərəkdir indi?
    Nə isə demək xatirinə:
    -Mənə Spartak xəbər verdi, - dedi.
    Bəlkə, indi Spartakın adını çəkən zaman Mədinə birdən bir sirr açacaq və bu sirri bütün diri qalmış insanlardan yalnız tək bir Mədinə bilir. Və o zaman hər şey aydınlaşacaq, Zaur da belə bir səhv etdiyinə görə minqat artıq peşmançılıq çəkəcəkdi. Amma onu da bilirdi Zaur ki, Mədinə heç bir sirrfilan açmayacaq, çünki heç bir elə sirr-filan bilmir və əslində də, yoxdur yerli-dibli belə bir sirr... heç bir səhv də yoxdur, heç bir şey də yoxdur, hər şey necə vardısa eləcədir, bircə Təhminə yoxdur.
    -Serroz, qara ciyərində, iyirmi günün içində tələf olub getdi. - Mədinə eynilə Spartakın sözlərini təkrar etdi. Sonra isə hər şeyi danışdı Zaura, bütün ağır təfərrüatlarıyla, fiziki ağrılar barəsində, şişlər barəsində. -Heç ölmək istəmirdi yazıq. Xəstəlikdən qabaq tez-tez deyirdi ki, ölmək istəyirəm, sözdü də deyirdi, amma elə ki, doğrudan xəstələndi, ağrılar, əziyyətlər başlandı, xəstəxanaya düşdü və xəstəxanada da bildi ki, doğrudan da ölür, onda qaragün elə yalvarırdı ki, qurtarın məni, ölmək istəmirəm. Amma axıracan kişi qızı kimi mərd-mərdanə apardı özünü...
    Uşaq yenidən otağa gəldi:
    -Ana, bəs haçan gedəcəyik axı, kinoya?
    -Bu saat, bu saat, mənim göyçək balam, indicə gedəcəyik... Axır saatına qədər Muxtar gəlirdi yanına... Manaf da gəlirdi, necə yaxşı adam imiş Manaf, Zaur, heç bilməmişik vallah, bütün dəfn xərcini özü çəkdi, üç, yeddi də verdi, bu yaxında qırxıdır, amma day qırxını verə bilməyəcək, dəyişdilər də mənzili... Bir injener köçüb bura arvadıyla, bir çətən də külfəti var.
    -Mama, gedək də...
    -Bu saat, bu saat oğlum, qoy bir az əmiylə danışım, gedərik.
    Zaur qalxdı və indi ayaq üstə danışırdılar.
    -Görsən tanımazdın, Zaurik, elə arıqlamışdı ki, yazıq... Ağrılar yaman əziyyət verirdi, amma heç zarafatından da qalmırdı... Nə yaxşı oldu, deyirdi, heç kəs mənim qocalığımı, çirkinliyimi görməyəcək... Bir cavan göyçək oğlan müalicə edirdi onu. Ölümündən bir gün qabaq mənə dedi ki, heyf, belə göyçək oğlan məni ölü görəcək. Zarafat elədi ki, çılpaq görən olub məni, amma ölü görən olmayıb hələ, birinci bu cavan oğlan görəcək.
    Zaur siqaretini söndürdü, yenisini yandırdı.
    Mədinə:
    -Zaur, otursana, - dedi, sonra dəhlizə tərəf boylanıb əlavə etdi, - deyəsən başı qarışdı orda, əl çəkdi bizdən. -
    Doğrudan da, uşağın daha səsi gəlmirdi.
    -Dayan, bu saat sənə çay gətirim, - dedi.
    -İstəmirəm çay. Yenə danış ondan. - Zaur da Mədinəyə "sən" dedi. Mədinə indi onunçün ən doğma, ən yaxın adam idi.
    -Eh, ay Zaur nə danışasan... Elə bil heç yox imiş, heç nə də qalmadı bədbəxtdən. Amma bilirsən neçə gözəl insan idi... Necə qızıl kimi ürəyi vardı?.. Səni də yaman çox istəyirdi, Zaurik, indi istəməsin... Həqiqətdə istəyirdi... Sən gedəndən sonra bilirsən nələr çəkdi yazıq?
    Zaur:
    -Bilirəm, - dedi. - Bu barədə danışma.
    -Başa düşürəm, sənə də ağırdır, əlbəttə. Amma sən hələ cavansan, bütün ömrün də qabaqdadır. Hər şey unudulub gedəcək ay Zaur, bu etibarsız dünyanın işi belədir.
    Zaur:
    -Bəli, - dedi, - elədir...
    Mədinə fikrə getdi, sonra elə bil öz-özüylə danışırmış kimi:
    -Amma yazığı nahaq incidirdilər, - dedi.
    -Kim?
    Mədinə bir az tutuldu, sonra:
    -Bilmirəm, - dedi, - yəqin sizinkilərdən idi kimsə. Acığın gəlməsin. Sən arvadınla səfərə gedəndən sonra kimsə ona gündə zəng vururdu. Hə, qarnıboş, deyirdi, nə oldu, hıçqırığın içində qaldı? Kələyin baş tutmadı? Zaurun arvadı hamilədir, uşaqları olacaq.
    Mədinə Zaurun sifətinə baxdı, sərmərdi və tələsik:
    -Yox, anan deyildi, - dedi. - Ananın səsini tanıyırdı Təhminə, kimsə başqa adam idi.
    Zaur: "Alya? - deyə düşündü. - Axı, Alya onda bilmirdi ki, bizim uşağımız olacaq. Bu yalan hardan gəlibmiş ağlına?"
    -Doğrudan, yəni bir şey var? - Bu sualı Mədinə artıq sırf qadın marağıyla verirdi.
    Zaur qızardı və bir an ona elə gəldi ki, Təhminəymiş onun əsl arvadı, indi Firəngizdən olacaq uşağı Təhminəyə xəyanətdir.
    -Xəstəxanada da tez-tez səni yadına salırdı... Lap axır gününəcən...
    -Nə deyirdi?
    Mədinə gülümsündü:
    -Deyirdi ki, Zaur məni satdı onlara.
    -Kimə onlara?
    Mədinə çiynin çəkdi:
    -Nə bilim, elə beləcə deyirdi onlara...
    Uşaq yenə otağa qayıtdı:
    -Mama, haçan gedəcəyik bəs?
    -Bu saat, bu saat, mənim göyçək balam.
    Dəhlizə çıxdılar.
    Mədinə:
    -Spartak sağ olsun, - dedi, - o qədər köməyi dəyirdi ki, dərman lazım olurdu yerin dibindən tapırdı, hansı həkim lazım olurdu, öz maşınında gətirib aparırdı.
    Zaur:
    -Ayın neçəsində keçindi? - deyə soruşdu.
    -14-də...
    "Hansı ölkədəydik bu gün görəsən", - deyə düşündü. Zaur, yadına sala bilmədi.
    Qapıda:
    -Çox sağ ol, Mədinə, - dedi.
    -Niyə sağ ol deyirsən axı?
    -Mama, yaxşı, daha gedək də, əmi də gedir.
    -Bu saat, gedirik, - birdən Mədinənin yadına nə isə düşdü, - tamam yadımdan çıxmışdı, sənə kağız qoyub axı.
    -Kağız? - Zaurun ürəyi şiddətlə döyünməyə başladı: bəlkə bu idi sirrin açarı, bu kağız hər şeyi izah edəcək, hər şeyi aydınlaşdıracaqdı bəlkə? Mədinə otağa keçdi və bir azdan iki kiçik kağız parçasıyla qayıtdı. Kağızların biri qəbz idi, Zaur görən kimi xatırladı - Moskvada küçəni səhv keçdikləri üçün serjant Trofimov onları cərimə etmiş, qəbz vermişdi. Mədinə ikinci kağızı uzadaraq:
    -Ölümündən iki gün qabaq duxularının sirrini yazıb bura. Xahiş elədi ki, sənə verim: "Qoy Zaurun arvadı bu ətirləri vursun", dedi, "onda Zaur məni xatırlayacaq hər dəfə". Zaur karandaşla yazılmış kağız parçasını cibinə qoydu.
    Mədinəylə görüşdü və yavaş-yavaş pilləkənlərlə düşməyə başladı. İndi də pilləkənlərlə üçüncü mərtəbəyə piano qaldırırdılar və əməkdar mühəndis yenə göstərişlər verirdi. "Ehtiyatlı olun, bu pianinodur axı, belə kobud yerə vurmayın da, ehmallıca qoyun. - Zaura baxdı: - Keçmək istəyirsiz? - dedi. - Yol verin, cavan oğlan keçsin..."
    Zaur bir də çevrilib Təhminənin qapısına baxdı, qapı yarıaçıq idi. Pilləkənləri düşməyə başladı, bilirdi ki, ömründə bir daha heç vaxt bu pilləkənlərlə qalxmalı olmayacaq.
    Amma bilmirdi ki...

EPİLOQ

    Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,
    Mən kiməm, saqi olan kimdir, meyü-səhba nədir.
    Gərçi canandan dili-şeydam üçün kam istərəm,
    Sorsa canan bilməzəm kami-dili şeyda nədir.
    Hikməti - dünyəvü mafiha bilən arif deyil,
    Arif oldur bilməyə dünyəvü mafiha nədir.
    ...bilmirdi ki, Təhminəni bir də görəcək ömründə... Bilmirdi ki, bir axşam Təhminənin səsini eşidib diksinəcək, televizorun qabağına qaçacaq və ekranda görəcək Təhminəni - həmin o Moskva verilişinin videoyazısını verirdilər. Həmin o verilişdə Təhminə Zauru ad günü münasibətilə təbrik etmişdi, təbriki kəsmişdilər, amma Təhminənin Zaura həsr etdiyi hərəkəti - əliylə alnından saçlarını atması qalmışdı. O axşam - Təhminənin ölüm xəbərini bildiyi günün axşamı – Bakıya gəldikləri ilk axşam Zaur öz-özünə söz vermişdi ki, qızı olsa adını Təhminə qoyacaq. Bilirdi ki, ailədə narazılıq, söz-söhbət olacaq bunun üstündə, vaxt keçdikcə bu niyyətinin çətinliyindən qorxurdu Zaur və bilmirdi ki, doğrudan da, qızı olsa vəziyyətdən neçə çıxacaq, öz-özünə verdiyi sözün üstündən keçmək də istəmirdi bir yandan, artıq-əskik söhbətlərdən, qeybətlərdən, dedi-qodulardan da qorxurdu.
    Xoşbəxtlikdən oğlu oldu və uşaq olmamışdan iki ay qabaq Firəngizin atası Murtuz rəhmətə getdiyi üçün oğlanın adını Murtuz qoydular, Murtuz Balayeviç infarktdan öldü, çünki Spartak tutulandan sonra kişinin lap beli qırılmışdı. Spartak valyuta məsələlərində ilişmişdi, beş il kəsmişdilər Spartaka və məhkəmənin bu qərarından sonra bütün Murtuzovlar ailəsinin, o cümlədən də Alya xanımın tamam tası yatmışdı və Zivər xanım da ürəyində sevinirdi ki, qudasıgilin əməlli-başlı burunları ovulub.
    Zaur indi öz valideynləriylə az-az görüşürdü. Murtuzovgilə isə ildə-ayda bir baş çəkirdi, amma Alya uşaq olandan sonra qızı Firəngizə çox kömək elədi. Zaur bir müddət geoloji ekspedisiyada oldu, sonra Bakıya qayıtdı və atasının köməyiylə  nazirlikdə işə düzəldi. Zaur artıq dəqiq bilirdi ki, heç bir vaxt dissertasiya-filan yazası deyil, odur ki, nazirin referenti vəzifəsini təklif edəndə ona məmnuniyyətlə razılaşdı. Bu iş Zauru yeni çevrəyə daxil elədi və ona indi qəribə gəlirdi ki, haçansa cavanlıq vaxtlarında bu sayaq vəzifələrə rişxənd edərdi. Yadındadır, haçansa Zaur başqa bir nazirin köməkçisi vəzifəsində işləyən bir dostunu lağa qoyardı. Dostu deyəndə ki, "sabah kişiylə Moskvaya uçuruq", Zaur həmişə elə təsəvvür edirdi ki, dostu Moskvaya nazirin çamadanını daşımağa gedir. Ona elə gəlirdi ki, dostu nəinki nazirin çamadanını, hətta, nazir arvadının hamam boğçasını da daşıyır. Niyə belə düşünürdü - məlum deyil, axı, təbii ki, nazirin arvadının heç bir hamam boğçası-filan yox idi, çünki hamama getmirdi, özlərinin vannaları vardı, ona nə gəlmişdi ki, hamama getsin? Həm də boğçayla?.. Bəlkə bu təəssürat ondan doğmuşdu ki, Zaur bir dəfə həmin dostunu bazarda görmüşdü - nazirgilə bazarlıq edirdi. Zaur özü də təbii ki, heç bir çamadan-zad daşımırdı, bazarlıq-filan etmirdi, amma hərdən o da görürsən öz naziriylə Moskvaya gedirdi. Nazir sinli kişi idi, hərdən görürsən çox nəzakətli bir tərzdə Zaurdan xahiş edirdi ki, mehmanxanada onun yanında qalsın, lazım olanda növbətçidən çay dəmlədib gətirsin və bəzən nazir Qosplanda mühüm iclasa başı qarışanda Zaurdan onu da rica edirdi: madam boşsan, bir mağazaları gəz. Arvadının və qızının verdiyi siyahıya əsasən xırım-xırda şeylər almaq tapşırırdı. Təbii ki, pulunu da verirdi. Nazirin arvadı da çox mədəni və nəzakətli xanım idi. Zaurla hörmətlə danışırdı həmişə, çalışırdı ki, heç bir tövrlə onun izzət-nəfsinə toxunmasın, amma əlacsız qalanda bir-iki dəfə Zaurdan xahiş eləmişdi, usta tapıb gətirsin, vannalarının xarab olmuş kolonkasını düzəltdirsin, çünki ərinin başı elə qarışıqdır ki, ev işlərinin qeydinə qalmağa heç cür macal tapa bilmir.
    Zaur başa düşürdü hər şeyi, amma əslində elə onun özünün də işi başından aşırdı, nazir üçün müxtəlif kağız-kuğuzlar, sənədlər, vəsiqələr düzəldirdi, qəbula yazılmışları yola verirdi, nazirə gələn məktubları seçib sahmana salırdı, nazirin imzasıyla cavablar hazırlayırdı. Tez-tez nazirlə rayonlara gedirdilər, gündüz işlərini qurtarandan sonra axşam tərəfi qonaq evində rayon rəhbərlərinin iştirakıyla keçirdikləri xudmani məclislərdə nazir azacıq içməli də olurdu və balaca dəmlənəndə Zaura "sən" deməyə başlayırdı. Həmişə rəsmi danışan bu sərt və quru kişinin elə bil çiçəyi çırtlayırdı, südü daşırdı. Zaura: "sənin işindən razıyam, - deyirdi, - bir neçə il də işlə, sonra səni pərvazlandırıb uçurdacam", - deyirdi və əlavə edirdi ki, "sənin haqqında lazımi yerlərə də məlumat vermişəm, vaxt gələr, yaxşı müstəqil işə keçərsən..."
    Amma bədbəxtlikdən günlərin bir günü hörmət və ehtiramla pensiyaya göndərdilər naziri. Yeni nazir nisbətən cavan idi, iş başına keçəndən bir müddət sonra yavaş-yavaş əvvəlki nazirin adamlarını təmizləməyə başladı və Zaura da qandırdı ki, onun yerinə başqa namizədi var. Zaur ərizəsini verdi və bu vaxta atası Məcid də artıq dünyadan köçdüyü səbəbdən yaxşı bir iş tapa bilmədi özünə. Ancaq Dadaşın mərhəməti sayəsində yenidən həmin o nəşriyyata - köhnə yerinə qayıtdı... Zaurun bir uşağı da oldu - bu da oğlan idi, iki ildən sonra üçüncü oğlu da oldu və üç ildən sonra axır ki, qızı gəldi dünyaya. Zivər xanım bu qız nəvəsini görə bilmədi, uşağın dünyaya gəlməsindən on gün qabaq rəhmətə getdi və qızın adını Zivər qoydular... Üç ildən sonra Alya xanım da öldü, otuz ildən sonra onların çevrəsindəki adamlardan Dadaş, Səfdər dayı, Tahirə, Cabbar artıq yox idilər dünyada. Muxtar da yox idi. Təhminə ölən il onun idarədə nə isə davası olmuşdu, köçüb bir müddət Moskvada yaşadı, orada işi pis gətirmirdi, sonra nədənsə yenidən Bakıya qayıtdı və avtomobil qəzasına düşüb həlak oldu... XX əsrin axırına onların çevrəsindəki adamlardan Nemət, Sürəyya, Zaur və Firəngiz sağ idi. Spartak da beş ilini çəkib çoxdan çıxmışdı azadlığa və türmədən çıxandan sonra tamam başqa adam olmuşdu, dəyişmişdi. Bəli, bizə tanış olan bu adamlardan sağ qalanları - Nemət, Sürəyya, Zaur, Firəngiz, Spartak bir gün yığışmışdı hamısı bir yerə nəyisə qeyd eləməyə, deyəsən, Murtuzun - Zaurun oğlu Murtuzun ad günüydü. Bəlkə də yox, heç ad günü deyildi, bəlkə də o vaxt, yəni XX əsrin axırlarında ad günlərini qeyd etmək heç dəb olmayacaq, kim bilir? Hər halda müəllif ki, bunu dəqiq bilmir və müəllif onu da bilmir ki, o vaxt kitab oxuyacaqlarmı, sevəcəklərmi, öləcəklərmi, yaxud bir üsul tapıb ölümdən yaxalarını qurtaracaqlarmı insanlar? Ölümsüzlük qazanacaq və bu ölümsüzlüyün öhdəsindən nə sayaq qurtarmağın fikrini çəkəcəklər? Nə isə əlqərəz, bir gün yığışmışdılar bütün bizim diri qalmış qəhrəmanlarımız, yaxşıca nahar edib nərd atırdılar (dadlı naharlar və nərd, şübhəsiz, o vaxt da olacaq) və söhbət arası kimsə birdən Təhminəni yada saldı. Nemət idi, deyəsən Təhminəni yada salan, dedi ki, bu gecə qəribə yuxu görmüşdüm, heç ağlıvıza gəlməz kim gəlib girmişdi yuxuma
    - Təhminə. Bəli, Təhminə, özü də o vaxtkı yaşında, cavan, hamımızın yadında necə qalıbsa, bax o sayaq -gözəl, yaraşıqlı, cazibədar... Bu sözün üstündən Spartak dedi ki, qəribədir, bu günlərdə küçədə bir qadına rast gəlib, elə bil Təhminəylə iki almadır tən bölünüb. Əgər Spartak qəti bilməsəydi ki, Təhminənin uşağı-zadı yoxdur, and-aman eləyərdi ki, yəqin qızıdır, adam da adama bu qədər bənzəyərmiş. Ən qəribəsi də odur ki, həmin o qadın bugünkü çağın dəbiylə deyil, Təhminənin cavanlıq illərindəki dəblə geyinib-gecinmişdi, yalançılar sözü, lap elə bil Təhminənin o vaxtkı paltarlarından birini keçirmişdi əyninə... Nemət dedi ki, yəqin insanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki, onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında saxlayan adamlar durur, bu ölənlər də hələ yaşayırlar - fikirlərdə, xəyallarda, təsəvvürlərdə yaşayırlar. Biz də yəqin Təhminəni xatırlayan axırıncı adamlarıq, sonuncu nəsilik.
    Bu sözlər yaman beyninə batdı Zaurun, amma döymədə Spartaka iki tas uduzub unutdu bu fikri... Zaur bilmirdi...

***

    Xəyalilə təsəllidir, könül meyli vüsal etməz
    Könüldən dişrə bir yar olduğun aşiq xəyal etməz.
    ...bilmirdi ki, bir qədər də keçəcək və bir axşam, yağışlı bir axşam, yağışlı payız axşamlarının birində, qüssəli, yağışlı payız axşamlarının birində beli bükülmüş, sinli bir kişi avtobusdan düşəcək. Qoltuğunun altında nimdaş portfeli olacaq bu kişinin - portfelin içində kağızlar, çörək, kolbasa, pendir, bir də gündəlik qayğıları olacaq. Bəlkə kişi tindəki köşkün qabağında ayaq saxlayacaq, qəzet alacaq... Bəlkə yadına düşəcək ki, siqareti, kibriti qurtarıb, satıcıya pul verəcək (əlbəttə, əgər o vaxtlar pul hələ işlənəcəksə), siqaret alacaq, pulun qalığını hesablamadan cibinə atacaq. Sonra yavaş-yavaş evinə tərəf addımlayacaq... Televizorun (ya o zaman televizorlar olmayacaq, qoloqraflar olacaq, kim bilir) axşam proqramı haqqında, sabahkı işləri haqqında düşünəcək. Düşünəcək ki, oğluna çəkmə almalıdır, qızına palto, arvadına plaş və öz plaşını da təmizlənməyə verməlidir... Düşünəcək ki, qaz pilətəsini təmir etdirmək və dama qır saldırmaq lazımdır, yayda kurorta getmək üçün pul yığmaq lazımdır (əgər o vaxtlar pul işlənəcəksə hələ). Düşünəcək ki, təzə müdirlə heç dil tapa bilmir, düşünəcək ki, hava yaman pisdir və düşünəcək ki, çox mənasız bir ömür sürüb bu dünyada.
    Birdən diksinəcək: ona elə gələcək ki, küçənin o tərəfindən gənc bir qadın buruldu tini və dərhal da qeyb oldu... və bu qadının uzaq kölgəsi qəfil külək kimi onun ürəyinin içində əsəcək, unudulmuş bir qoxunu gətirəcək onun xəyalına... və qocanın qəlbində -dünyada ən basılmaz qüvvə olan bir hiss - ümid oyanacaq. Ümid bir anlığa çoxdan ötüb keçmiş gəncliyinin bütün şirin-acılarını qaytaracaq ona və sevdiyi butün qadınlar okeanda itmiş uzaq adalar kimi gəlib keçəcək gözlərinin önündən. Keçib gedən kölgəni haqlamaq, tutub saxlamaq istəyəcək, amma dərhal da bu fikri başından qovacaq və aramla yoluna davam edəcəkdir. Tinə çatanda dayanacaq ki, nəfəsini dərsin, çünki bu yoxuş lap adamın kələyini kəsir. Özözünə kənar şeylər haqqında düşünməyi qadağan edəcək, ancaq axşamkı televerilişlər (yaxud qoloverilişlər) haqqında, hava haqqında və belindəki yel xəstəliyi haqqında fikirləşməyə icazə verəcək... Lap onun böyründən vıyıltıyla keçən motosiklet yağış gölməçəsini onun üstünə çıldırladacaqdır. Motosikletdə isə cavan oğlanla cavan qız oturacaqlar, qız oğlanın boynunu bərk-bərk qucaqlayacaqdır və qoca kişiyçün həmişəlik qırmızı görünən işıqfor cavan motosikletçilər üçün yaşıl çırağını yandıracaqdır... Nə biləydi qoca.

***

    Həq bilir, yar deyil, canü-dilimdən qaib
    Nola gər qaib isə dideyigiryanımdan.
    ...Nə bileydi Zaur ki, bir neçə gün də keçəcək, bəlkə də bir neçə ay keçəcək, il keçəcək və Zaur yenə də günlərin bir günündə - daha buna heç şəkk-şübhə ola bilməz - yenə də günlərin bir günündə Təhminəni görəcək... Onlar az qala sifətsifətə toqquşacaqlar - Zaur və Təhminə... Təhminə Zauru görüb gülümsünəcək - həmin o ağ düyməli qırmızı paltarında olacaq Təhminə, həmin o otuz il bundan qabaqkı paltarında və belə məlum olacaq ki, vaxtın Təhminəyə heç bir dəxli yoxdur - heç dəyişməyib Təhminənin nə sifəti, nə bədəni, nə yaşı...
    Otuz il əvvəlki təkin gülümsünəcək Zaura və Zaur da dilidodağı titrəyə-titrəyə Təhminənin adını çəkəcək, amma adını çəkən kimi Təhminə çevriləcək, küçədəki adamlara qarışıb itəcəkdir. Bir az sonra Zaur onu metronun qabağında görəcək, dalıyca qaçacaqdır və yenidən görəcəkdir Təhminənin qırmızı paltarını metro vaqonunun içində... Qapıları bağlanmış, hərəkətə gəlmiş qatarın pəncərəsindən Təhminə ona əl eləyəçək, gülümsünəçək və Zaur o biri qatara minib dalınca gedəcəkdi. Daha Təhminəyə çatacağına ümidi olmayacaq, amma gələn dayanacaqlarda metrodan düşəcək. Bütün perronu ələk-vələk edəcək, eskalatorla yer üzünə çıxacaq, küçədə orabura döyükəcək və nəhayət, bir daha görəcəkdi onu – yeni mehmanxanaya girən vaxt görəcək... Dalıyca ora qaçacaq və görəcək ki, elə bu dəm Təhminə liftin içinə girdi. Zaur liftin qapısına tərəf atılacaq, amma qapılar bu vaxt bağlanacaq, Zaur divardakı işıq tablosuna baxacaq - tabloda liftin hərəkəti görünəcək - mərtəbələrin rəqəmləri bir-birini təqib edəcək - 2, 3, 4, 5, 6. Lift altıncı mərtəbəyə çatıb dayanacaqdır. Zaur düyməni basacaq və lift yenidən birinci mərtəbəyə qayıdacaq, tabut kimi ağır və əzəmətlə gələcək Zaurun qabağına; qapılar açılacaq, Zaur liftin içinə girəcək, altıncı mərtəbənin düyməsini basmaq istəyəcək və bu zaman məlum olacaq ki, altıncı mərtəbənin düyməsi yoxdur, çünki heç altıncı mərtəbənin özü də yoxdur, ev beş mərtəbəlidir. Çöldəki işıq tablosunda da yox imiş altıncı mərtəbə, Zaurun gözünə görünübmüş bu rəqəm. Zaur and içə bilərdi ki, lift məhz altıncı mərtəbəyə qalxmışdı.
    Hər halda beşinci mərtəbəyə qalxacaqdı Zaur, növbətçini sorğu-suala tutacaqdı, növbətçi də deyəcəkdi ki, heç bir qırmızı paltarlı qadın görüb eləməyib. Zaur bütün mərtəbəni gəzəcək, axtaracaq, sonra isə yanğın nərdivanıyla dama qalxacaqdı. Damda isə gözəl may gecəsindən, ulduzla dolu səmadan, eşqbazlıq edən pişiklərdən başqa heç nə və heç kim yox idi; təzəcə basılmış qırın iyi gəlirdi, vəssalam...
    Bu qəribə və izahsız vaqiədən başqa Zaurun həyatında ömrü boyu heç bir əcaib, qəribə, anlaşılmaz hadisə olmamış və olmayacaqdı: işi, ailəsi, uşaqları, dostları, tanış və qeyri-tanış adamlar vardı Zaurun həyatında, onlar doğulurdu, ölürdü və bir də qəbiristanlıq vardı, bu qəbiristanlıqda qərib bir məzar vardı və məzarın üstündə Təhminənin adı, famili və 1941-1965 rəqəmləri yazılmışdı. Mədinənin, Manafın və Muxtarın ölümündən sonra daha bu qəbrin üstünə heç kəs gəlmirdi...

***

    Tutuşdu qəm oduna şad gördüyün könlüm,
    Müqəyyəd oldu ol azad gördüyün könlüm.
    Nə gördü badədə bilməm kim oldu badəpərəst.
    Müridi-məşrəbü zöhhad gördüyün könlüm.
    Füzuli eylədi ahəngi - eyşxaneyi Rum.
    Əsiri-möhnəti-Bağdad gördüyün könlüm.
    Səhər saat yeddidə dəmiryol vağzalının bufetində oturmuşdular, şirin çaxır içirdilər, boyat çörəklə, qupquru qurumuş holland pendiriylə yavanlıq edirdilər. Məmməd Nəsir Zaurun söhbətinə diqqətlə qulaq asıb soruşdu:
    -Neçənci mərtəbəyə qalxdı?
    Zaur:
    -Altıncıya, - dedi - başımı verərəm ki, səhv etmirəm, öz gözlərimlə görmüşdüm 6 rəqəmini... Amma bina da beşmərtəbəlidir axı...
    Məmməd Nəsirin yaşı həştadı çoxdan keçmişdi, amma hələ də gümrah idi və allahın var günü səhər tezdən bir-iki stəkan "Ağdam" portveyni vurardı bədənə. Doğrudur, indi əvvəlkindən çox-çox az içərdi, amma əvvəlki təkin mütəmadiyən hər gün içərdi... Axır vaxtlar tez-tez Zaurla içərdilər - illər keçdikcə onların yaş fərqləri itib getmişdi və indi kənardan baxan elə güman edərdi ki, iki qoca şərab içə-içə ötən günləri, keçmiş xatirələri yada salır, nəşriyyatda birgə keçmiş uzun ömürlərindən söhbət edirlər...
    Zaur bir də təkrar etdi:
    -Bina axı beşmərtəbəli idi...
    Məmməd Nəsir uzun müddət harasa baxdı, gözləri yol çəkdi, elə bil baxışlarıyla divarı deşib harasa çox-çox uzaqlara baxırdı, sonra qəfilcən belə bir kəlam bəyan etdi:
    -Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki...

1974-1978
Bakı-Moskva-Göyçay

MACAL
(povest)


    Nə işim var, nə macalım
    El sözü
    Zen fəlsəfəsində fikir, düşüncə həqiqətləri, iş, əməl həqiqətlərindən seçilmir, sözlə fəaliyyət arasında, uyğunsuzluq yoxdur; insanlar yaradılışdan bərabərdirlər: Zen yalnız ictimai təbəqələşməni deyil, istedadla istedadsızlıq, ciddi işlə əhəmiyyətsiz iş arasındakı fərqi də inkar edir. Zen adi şüur məntiqinə qarşı qalxır, normal görünən vəziyyətlərin əcaibliyini açır və eyni zamanda rasional fikrin əcaib saydığı hallarda sadə, təbii məna aşkara çıxarır, məlum həqiqətlərə və nüfuzlu ehkamlara isə şübhəylə yanaşır... Zen ardıcılları öz humanist istəklərini fərdi nəcib davranış və hərtərəfli daxili özünütəkmil vasitəsiylə ifadə edirlər...
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (05.12.2013) | Müəllif: R.C E W
Baxış: 1014 | Reytinq: 5.0/2
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more