Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-2-ci cild-17
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>

    Oqtay bir dəfə ağzından qaçırtdı ki, "Fuad, sən elə bilirsən biz sənə paxıllıq edirik, vallah, inan ki, eləmirik". Lap "qarğa, məndə qoz var" oldu. Çox əcəb, eləmirsiz, daha yaxşı, atovuz rəhmətlik. Bəs niyə eləmirsiz? Çox nahaq eləmirsiz! Gərək eləyəydiz! Şövqü demişkən sənətkarda gərək bir az paxıllıq olsun, bütün başqa ehtiraslarla və bütün başqa cəhətlərlə yanaşı. Hələ onu demirəm ki, hər bir kişidə, elə yəni qadında da - bu hiss bir qədər olmalıdır... Şübhəsiz, bu hiss başqa hissləri üstələməməlidir, həddən artıq şişib adamın beynini zəhərləməməlidir, amma əndazəsində, xörəkdə duz kimi, şəxsiyyətin tərkibində də paxıllıq olmalıdır. Yaxşı, paxıllıq demə, həsəd de, rəqabət hissi de, özgənin uğurlarına qısqanclıq de, nə bilim nə deyirsən de. İş sözdə deyil ki, məsələnin məğzində, mahiyyətindədir... Nə belə fəxr edirsiz ki, paxıl deyilik. Deməli, yarış hissi yoxdur sizdə, qalib gəlmək əzmi, iradə, inad, qüvvə yoxdur. Gücsüzlərin təsəllisidir sizing təsəlliniz; odur ki, həmişə güclülərin kölgəsində daldalanıb qalacaqsınız. Əşi, bir toxta görək, elə qızışırsan ki, bu daxili mükalimədə... Nə xəbərdir, nə olub belə, bütün bu şeyləri ürəyivə salırsan, işin-gücün qurtarıb? On beş iyirmi dəqiqəlik yolda tək qalmaq imkanın var, beyninə doldurursan cürbəcür həşəratı... Qoy yayınsın fikirlərin, ətrafa, yollara, çöllərə bax.
    -Qasım, necə bilirsən, çatacayıq? Təyyarə on beş dəqiqədən sonra enir ha?
    -Ayıb sözdür ki, Fuad qədəş. Kimi qarşılamağa gedirik belə?
    -Xaricilərdir.
    -Uşaqlar danışırdı axı... Deyir on beş ölkədən amerikanski arxitektorlar gəlir, hə?
    Fuad güldü:
    -Ay səni Qasım, səndən də sözlər çıxır e! Necə yəni on beş ölkədən amerikanski arxitektorlar? Amerikanski arxitektor Amerikadan gələr də... Amma bu gələnlər Amerikadan deyil, Demokratik Almaniyadandır...
    -Day keç xətamızdan da, Fuad qədəş, bisavad adamlarıq...
    "O səfər Oqtay nə desə yaxşıdır, deyir"...
    -Fuad qədəş, sağlığıvıza qismət olsun, əmiri evdir ha...
    Fuadgilin yaşadıqları binanın qabağından keçirdilər. Şövqünün layihəsiylə tikilmişdi bu ev... Şövqü özü də burda yaşayırdı, Fuadgillə eyni blokda, iki mərtəbə yuxarı – Fuadgil beşdə idilər, Şövqü yeddidə... Əvvəllər Fuadgil yeddidə, dörd otaqlıda idilər. Şövqügil beşdə - beş otaqlıda. Bilqeyis xanım rəhmətə gedəndən sonra Şövqü: tək adamam, beş otaq nəyimə lazım, - dedi, - həm də arvaddan sonra bu mənzilə girəndə yaman xiffət eləyirəm. - O vaxt Ceyhun da təzə olmuşdu, Fuadgilin ailəsi böyümüşdü. Bir sözlə, Fuadgil beş otaqlıya köçdülər, Şövqü isə onların dörd otaqlı mənzilinə daşındı...
    Bina, doğrudan da yaraşıqlı bina idi... Kim deyirdi ki, bu sərt konstruksiyalı, şüşə-beton qutunu - həmin o "tort" binaları tikən memar layihələşdirib? Şövqünün professionallığına söz ola bilməzdi...
    Neçə ildir bu mənzilləri dəyişdirdikləri? Bilqeyis xanım ölən il. Ceyhun olan il. Nə dəhşətli il idi, ay aman... Şövqünün başına o əhvalat da həmin il gəlmişdi... Bəlkə elə Bilqeyis xanımın ömrünü də qısaltdı o əhvalat. Bədbəxt arvad yamanca qorxmuşdu, ürək-göbəyini yemişdi vahimədən. O vaxtlar Şövqü maşın sürərdi. Özü sürərdi. Elə o vaxtdan birdəfəlik tərgizdi sükan arxasına keçməyi. Bir gün Bilqeyis xanımla bağdan qayıdırmışlar... Binəqədinin yanında cavan bir oğlanı basmışdı maşın... Yazığın canı elə oradaca çıxmışdı... Bilqeyis xanım lap başını itirmişdi, amma Şövqü özünü çox sakit və təmkinlə aparırdı... Bilqeyisi gətirib evlərinə çatdırdı, Fuadgilə zəng elədi, dedi Rumiyyəyə bir şey demə, boyludur, ona pis təsir edər, amma özün gəl, bir-iki saat Bilqeyis xalanın yanında otur, ona ürək-dirək ver, qoyma həyəcanlansın, mənim təcili işim var, getməliyəm. Fuad bu iki saatı Bilqeyis xanımın yanında olmazın əziyyət çəkdi, hər on dəqiqədən bir arvad qışqırıb qəşş edirdi, Fuad həkim, təcili yardım da çağıra bilmirdi, Şövqü tapşırmışdı ki, məbadə səs-küyə salasız... Fuad özü həkimlik etməli olurdu, qəndin üstünə valeryan damcıladıb birtəhər Bilqeyis xanımın ağzının içinə qoyurdu, su gətirirdi, üzünə su səpir, ayıldır, "əşi, bir toxtayın görək, nə olacaq Şövqü Camaloviçə ki?" deyə ovutmaq istəyirdi arvadı... Bilqeyis xanım isə yalnız: "Saat, saat" - deyə sayıqlayırdı və yenidən qışqırıb qəşş edirdi... Fuad sonralar bildi ki, maşın altında qalan oğlanın qol saatı varmış və oğlan təkərin altına düşəndə saatı sol yanağına yapışıb, həkk olub qalıb... Bilqeyis xanım da meyitin sifətini görmüşdü, qana qərq olmuş sifətini və sol yanağına həkk olmuş saat siferblatını...
    Şövqü iki saatdan sonra qayıtdı, gözləri çuxura düşmüşdü onun da, saqqalı qeyri-adi bir sürətlə uzanmış və elə bil bu qısa vaxt ərzində tamam ağarmışdı; bəlkə də Fuada elə gəlirdi... Ancaq Şövqü arvadına: - "Di sakit ol, - dedi. - Sakit ol, hər şey yaxşı olacaq?… Deyir, təqsir öləndədir... Demə içibmiş, halay-valay vururmuş, özü gəlib girib maşının altına... Şövqü ölənin ailəsinə də çox maddi yardım göstərdi... Bir sözlə, sovuşub getdi bu məsələ, dilə-dişə də düşmədi... Çox adam heç indiyəcən eşitməyib bu əhvalatı... Amma bir ay sonra Bilqeyis xanım rəhmətə getdi. Nə dəhşətli günlər idi, ilahi. Niyə bu gün mənim yadıma, ancaq pis, ürək ağrıdan şeylər düşür... Rumiyyənin qarnı burnunda idi... Anasının tabutunu qucaqlayıb hönkür-hönkür ağlayırdı... Fuadın anası ona yanaşdı, tabutdan aralamaq, ovutmaq istədi, çiyinlərini qucaqladı... Bu səhnə indiyə kimi Fuadın gözləri qarşısındadır: Rumiyyə o qədər adamın içində kobud bir hərəkətlə Çərkəzin əllərini çiynindən atdı, bərkdən: "Əl çəkin məndən!" - dedi. Əlbəttə elə məqamda, Rumiyyəyə nə demək olardı, dərddən lap ağlı çaşmışdı, amma hər halda...
    Çərkəz uddu, bir şey demədi, kirimişcə kənara çəkildi. Bilqeyisi basdırıb qəbir üstündən qayıdandan sonra da onlara gəldi, mətbəxə keçdi, gələn qonaqlara çay paylamaq, ev-eşikdə əl tutmaq istədi... Arada bir də Rumiyyəyə yanaşdı: "Qızım, bir toxta, ölənlə ölmək olmaz, özünə yazığın gəlsin, - dedi - qarnında da balan var". Rumiyyə kəskin ədayla üzünü yana çevirdi, gələnlərdən kiminləsə bərkdən danışmağa başladı..
    Çərkəzin sözü ağzında yarımçıq qaldı. Gecə isə Rumiyyə Fuada: "Anana de ki, mənə təsəlli-zad verməsin, - dedi, - öz dərdim özümə bəsdi..." - Rumiyyənin gözlərində elə dərin bir iztirab vardı ki, Fuad etiraz edə bilmədi. "Çaynan-zadnan da işi yoxdur, Köməkçi çoxdur, paylayarlar". Çox sonralar bir dəfə hardansa söz düşdü, Şövqüylə bu barədə danışdılar. Şövqü belə izah etdi ki, həmişə Bilqeyisin gətirib-apardığı stəkan-nəlbəkini başqa adamın əlində görmək ağır olub yəqin Rumiyyə üçün; qonşu, yad adam başqa məsələ... Amma yaxın qohum, Çərkəz bacı, Bilqeyisin qab-qacağını işlədərkən nə isə doğrudan adamın ürəyinə pis gəlir. Fuad anasına heç nə demədi, təbii.
    Çərkəz özü hiss etmişdi. Kənar adam kimi bir qırağa çəkildi. Üçünü verəndə gəldi, bir də yeddisində... Qırxına xəstələnmişdi, gələ bilmədi. Bir də ilində gəldi. Və bir də ayrı heç bir vaxt onların qapısını açmadı... Əvvəllər Fuad bunun fərqinə varmırdı. Bilqeyis xanım sağ olanda da bir elə gedişgəlişləri yox idi. Çərkəz də, Qurban da Fuadgilə olsa-olsa bayramdan bayrama gələrdilər. Rumiyyə isə ümumiyyətlə bu neçə illik qohumluq ərzində Fuadın ata evində ya üç, ya dörd dəfə olmuşdu. Şövqüylə Bilqeyis isə, gərək ki, bircə dəfə olmuşdular. Fuadla Rumiyyənin toy günündə... Bilqeyisin ili çıxandan sonra Pərvizin ad gününü elədilər. Qurbanla Çərkəz gəlmədilər. Çərkəz gündüz gedib Pərvizi məktəblərində təbrik eləmiş, hədiyyəsini vermişdi. Ceyhunun yaşına da Qurban tək gəldi, Çərkəzsiz, yarımca saat oturub getdi... Neçə il bu cür oldu: oğlanların yaşına ya heç biri gəlmirdi, ya ancaq Qurban gəlirdi, tez də gedirdi... Çərkəz Bilqeyisin ilindən sonra bir dəfə də olsun ayaq basmamışdı oğlunun evinə... Bir gün təsadüfən söz açıldı. Fuad atasıgilə gəlmişdi, Qurban evdə yox idi, söz-sözü çəkdi və oğlu gileyləndi ki, ay ana, heç bizim qapımızı açmırsan. Elə belə, sözgəlişi demişdi, doğrusu bunu çox da ürəyinə salıb fikir eləməyə macalı yox idi. Çərkəz: "Eh, ay bala, təki sən xoşbəxt olasan, rahatlığın olsun, - dedi. - İndi mən gəldim, gəlmədim, bunun nə təfavütü var..." - Sözlü adama oxşayırsan, ana, səndə söz var?
    Çərkəz araya ayrı söhbət qatdı, Fuad əl çəkmədi: ay ana, axı sizdən əziz mənim kimim var? - dedi və Çərkəz də kövrəldi.
    - Vallah, boş şeydir, ara söhbətidir, amma qulağıma bir söz çatıb. Rumiyyə neçə yerdə deyib ki, bu allahın heç insafı yox imiş, mənim xanım-xatın anamı əlimdən aldı, Çərkəz arvad buz baltası kimi sapbasağdır.
    Çərkəz ağlamsındı, örpəyinin ucuyla gözlərini sildi: "Ay bala, ölüm hamıyçün var dayna, bir gün əcəl bizim qapımızı da döyəcək, indi mənim nə təqsirim var ki, onların qapısını bizdən əvvəl tanıyıb"... Bir az da ağlayıb toxtadı, gedib əlüzünə su vurdu, qayıtdı, gülümsünüb: - "Bağışla, sən allah - dedi - dilim dinc durmadı, sənin də ürəyini incitdim. Heç atan da bilmir bu söhbəti - Bir az susdu və əlavə elədi: - Odur ki, gəlmirəm bala. Deyirəm, qız məni görəcək, yaraları təzədən qövr eləyəcək… nəyə lazımdır bu... Uşaqlarçün burnumun ucu da göynəyir, ad günləridir - filan, gələrdim, niyə gəlməzdim, lap qollarımı çırmalayıb yeyib-içməyinizi də düzəldərdim, məclisinizi də yola verərdim, amma deyirəm şadlıqlarına niyə zəqqum qatım axı"...
    Fuad and-aman elədi ki, böhtandır, Rumiyyə heç vaxt bu cür sözü dilinə gətirməz, mən mütləq öyrənib biləcəm ki, bu yalanı kim uydurub. Səhərisi gün ezamiyyətə getdi, ordan qayıdanda təcili məruzəyə hazırlaşmalı oldu, başı qarışdı, macal eləyib nəinki öyrənə, heç Rumiyyəylə danışa da bilmədi... Əlbəttə, Rumiyyəylə danışmağa nə cür olsa vaxt tapardı, amma qorxurdu ki, Rumiyyə həngamə qaldıra, əksinə Çərkəzi borclu çıxarda, Fuadın özüylə də dava-dalaş, umu-küsü başlaya... Bütün bunlara isə Fuadın nə həvəsi, nə hövsələsi, nə də macalı vardı...
    Qasım:
    -Bax, odey o binanı da Şövqü Camaloviç tikib, həmi? - deyə xəbər aldı. Fuad təsdiq elədi və Qasım: - Maşallah, kəllədir ha! - dedi. - Hə, Fuad qədəş, yaman kəllədir? Fuad yenə başıyla təsdiq elədi ki, hə, doğrudan da yaman kəllədir...
    Qasım:
    -Şövqü Camaloviçin tayı-bərabəri yoxdur,-dedi. - Böyüklə böyükdür, kiçiklə kiçik... Bax, mənim beş balam var, allaha and olsun, özüm bəzən adlarını çaşbaş salıram, amma Şövqü Camaloviç, Fuad qədəşin, Qəmbərin ölmüşünə, hamısının bircə-bircə adını bilir, hər məni görəndə əvvəlcə uşaqların anasını soruşur: - Qızxanım bacı neçədir, sonra da birbir uşaqların hamısını - Məmmədəli, Zakir, Zəfər, Səidə, İsmixan. - Məəttəl qalasıdır, vallah, bu yaşda belə hafizən olsun. Tfu, tfu, göz dəyməsin! Allah onu bizim başımızdan əskik eləməsin. Bax, idarədə də beləydi, o vaxt mən onunla işləyən vaxtlar işçilərin hamısının bircə-bircə adını bilərdi, hamısıynan hal-əhval tutardı. Şəhərdən çıxıb Balaxanı şosesiylə gedirdilar.
    -Fuad qədəş, danışırlar ki, Şövqü Camaloviçə Moskvada böyük vəzifə təklif eləyiblər - cəmi arxitektorların böyüyü, razı olmayıb, deyib mən bütün Bakını tikib qurtarmayınca, burdan heç hara ayaq basan deyiləm. Deyirlər, guya Şövqü Camaloviç əhd eləyib ki, Bakını gərək Parijə çatdıram, sonra öləm... Yəni Parij, doğrudan belə gözəldir, hə, Fuad qədəş, sən ki olmusan orda?
    -Gözəldir...
    -Yəni Bakıdan da gözəldir?
    -Hər şəhərin öz gözəlliyi var, - deyə Fuad dolayı cavab verdi.
    -Orası elədir, əlbəttə... Amma malades Şövqü Camaloviç, kişi adamdır... Moskvada o cür vəzifədən boyun qaçırdasan?!. Yəni elə bizim Qəmbərin tayıdır da... Qəmbəri də Leninqrada aparırdılar, universitetə. Getmədi ki... bu ölsün...
    Fuad: "Şifahi xalq yaradıcılığı"- deyə düşündü. Bu folklore nümunəsi yəqin ki, neçə il bundan qabaq olmuş bir epizodun bəzədilmiş bəhrəsidir. Doğrudan da neçə il qabaq o vaxt hələ Bilqeyis xanım sağ idi. - Şövqünün Moskvaya köçmək məsələsi vardı, əlbəttə "cəmi arxitektorların böyüyü kimi yox, memarlıq institutunda kafedra müdirliyinə dəvət olunmuşdu. Bilqeyis xanım iki ayağını bir başmağa dirədi ki, mən Bakıdan heç yerə köçən deyiləm, gözümün ağı-qarası bircə qızımızı qoyub hara gedirik bu qoca yaşımızda. Şövqü də çox götür-qoy elədi, əlbəttə, Bilqeyisi dilə gətirə bilərdi, amma hərtərəfli fikirləşib anladı ki, itkisi qazancından çox olacaq. Moskvada - adicə bir kafedra müdiri olacaq-nə burdakı imtiyazları qalacaq, nə burdakı imkanları... İndi bir gör camaat bunu necə bəzəyib: Parijə çatmaq-filan... Bakını tikib qurtarmayınca... Ay səni!..
    Bu cür ad çıxartmağın özü də elə fərasətdir... "Cığal Şövqü". Fuad Salahlının sözü idi bu. Ancaq Fuad Salahlıdan bircə dəfə eşitmişdi cəmi-cümlətanı. Oqtaydan daha tez-tez eşidərdi bu ifadəni, əlbəttə o vaxtlar, Fuad hələ Rumiyyəylə evlənmədiyi illər. İndi Oqtayın nə həddi vardı Fuadın yanında qayınatasına cığal desin. O vaxtlar - Fuad Şövqügilə ayaq açandan sonra, amma hələ Rumiyyəylə aralarında bir şey olmayan zamanlarda - bir dəfə Şövqünün üstündə Oqtayla mübahisələri düşdü.
    Oqqay Şövqünü yamanlayır, Fuad isə müdafiə edirdi. Oqtay deyirdi ki, Şövqünün heç bir memarlıq prinsipi yoxdur, həmişə üzdədir, çünki burnu havadan iy çəkir, hansı dövr nə üslub, nə forma tələb edirsə ona da uyğunlaşır. Fuad da etiraz edib deyirdi ki, bu məgər pisdir? Dövrün tələbinə cavab vermək - özü məgər bir prinsip, bir əqidə deyil? Oqtay da onda dedi ki, - nədənsə bu sözlər Fuadın yadında qalıb - əqidələr cürbəcür olur-doğrusu da ola bilər, yanlışı da... Amma əgər bir adam öz əqidəsinə görə əzab-əziyyətə, zillətə dözürsə bu bir şeydir, başqa bir adam öz əqidəsinə görə hər cür imtiyazlara nail olursa, naz-nemət içində dolanırsa - bu başqa şey... Deməli, Oqtayın sözündən belə çıxırdı ki, imtiyazlar verən əqidə yanlış əqidədir - absurd fikirdir, bu fikrin məntiqi ardıcıllığını davam etdirsən nələrə gəlib çıxmaq olar. İlk xristianlar öz əqidələri yolunda min işgəncəyə dözürdülər, ya islam şəhidləri öz əqidələri yolunda ölümə gedirdilər, bu məgər onların əqidələrinin düzgün olması deməkdir? Bu mübahisəni
    Oqtay: "Hər halda Şövqü çığaldır!" - sözləriylə bitirdi. - Görünur Fuadın dəlillərinə tutarlı bir cavab tapa bilmədi. - Cığaldır, vəssalam, oyununu düz, qayda-qanunla oynamır... Qəribədir ki, Fuad sonralar dəfələrlə bu sözləri yadına salır və tam başqa bir çəhətdən bu ifadəyə haqq qazandırırdı: Şövqü, doğrudan da cığal idi, amma bu sözün Oqtaygil nəzərdə tutduğu mənasında yox, hərfi, müstəqim, birbaşa anlamında...
    Şövqü şahmat oyununda yaman cığal idi. Bu oyunu yaman sevirdi, özü də babat oynayırdı, yaxşı yox, məhz babat, ortabab... Fuadla yaxınlıqlarının ilk çağlarında şahmat onların arasında bir növ ünsiyyət körpüsüydü. O ilk vizitdən sonra Fuad tez-tez gəlməyə başladı. Şövqügilə. İlk vaxtlar Şövqü özü onu axtarıb tapar, evinə dəvət edər, oxumağa kitablar, baxmağa albomlar verərdi. Arabir xırda-para memarlıq tapşırıqları da verər, kurs işlərinə nəzər salar, sırf professional qeydlər və məsləhətlər edərdi. Bu kitabları, albomları oxuyub qaytara-qaytara, tapşırıqları yerinə yetirə-yetirə Fuad bu evə ayaq açdı və bir qədərdən sonra ailələrinə məhrəm oldu. Bu vizitlər zamanı Şövqüylə hökmən bir-iki partiya şahmat oynayırdılar. Oyuna başlamazdan Şövqünün öz təklifiylə razılaşardılar ki, "bax, qaytarmaq yoxdur, fiqura toxundunmu, gərək onu oynayasan", Fuad bu qaydaya tam riayət edirdi, getdiyi oyunun səhv olduğunu dərhal başa düşsə də qaytarmırdı, amma Şövqü, Şövqü belə bir səhv oyun oynayıb uğursuz nəticəsini görən kimi "yox, bu olmadı, mən huşsuzluq elədim, sən də fürsətdən istifadə etdin" deyə oyunu qaytarır, başqa fiqurla hərəkət edirdi. Və buna görə, Fuad Şövqüdən qat-qat yaxşı oynasa da, həmişə uduzmalı olurdu. Onun heç bir vaxt udmaq imkanı yox idi, çünki rəqibini nə qədər çətin vəziyyətə salır salsın, Şövqü, "yox, bu olmadı", - deyib bir neçə oyunu geri qaytarır, özüyçün əlverişli vəziyyət yaradırdı. Fuad içində qovrulurdu, amma heç cür üzə vurmurdu, Şövqünün bütün cığallıqlarını təbəssümlə udurdu. Ən çox onu yaxıb-yandıran o idi ki, Şövqü bu yolla qələbə qazanan kimi: "Hə, gördün dostum, - deyə qürrələnirdi. - Get dolan hələ, xamisən, hənuz, bəs sən nə bilirdin? Elə bilirdin qoca Şövqü bir stəkan sudur ki, götürüb içəsən. Məni udmaq tül işdir"...


    Şövqünü udmaq, doğrudan da çətin idi, daha doğrusu qeyri476 mümkün idi, çünki elə bil onunçün heç bir qanun-qayda yazılmamışdı. Nə isə... Çığal Şövqü. Qəribə ayamadır, kimin ağlına gəlib bu görəsən? Rumiyyəyə də keçmişdi bu cığallıq. Əlbəttə, Rumiyyə nə şahmat, nə də başqa bir oyun oynardı, amma Fuad bu sayaq cığallıq prinsiplərini adicə həyat, məişət məsələlərində də çox müşahidə etmişdi. Rumiyyəyçün də əsas şey - məqsədinə nail olmaq, istədiyinə çatmaq idi. Hansı yolla, nə üsulla – bütün bunların o qədər də əhəmiyyəti yox idi.
    Rumiyyəylə yaxınlıqları elə şahmatdan başladı. "Salam" və "xudahafizdən" başqa Fuadın Rumiyyədən eşitdiyi ilk söz, daha doğrusu ilk cümlə. "Mənə də öyrədin şahmat oynamağı" - cümləsi oldu.
    Fuad həmişəki kimi Şövqüylə oynayırdı, Şövqünün vəziyyəti bir az qəliz idi və o, dərin fikirlərə dalmışdı. Bilqeyis xanım evdə yox idi və çayı onlara Rumiyyə gətirirdi. Yapon qravürləriylə süslənmiş qara podnosda iki stəkan çay, limon, mürəbbə, qənd gətirdi qoydu, amma nədənsə həmişə olduğu kimi otaqdan çıxmadı, onların yanında kürsüyə çökdü və şahmat taxtasına baxmağa başladı. Fuad göz qoydu ki, Rumiyyə heç bir şey anlamadığı şahmat oyununa diqqət kəsilərək, arabir oğrun-oğrun ona, Fuada da baxır... Birdən birə Fuada müraciət edib, şahmat öyrətməsini istədi və əlavə etdi: Papa elə hey söz verir, amma öyrətmir...
    Əlbəttə, Fuad ona şahmat-filan öyrətmədi, nə onda, nə sonralar, yəqin elə Rumiyyə özü də bunu sözgəlişi demişdi; sən deyən xüsusi bir arzusu yox idi. Amma bu təklifdən sonra onlar arabir danışmağa başladılar. O vaxt Rumiyyə bir oğlanla gəzirdi. Çox illər sonra, artıq Fuadla neçə ildi ər-arvaddılar, bir gecə, nə isə səmimi etiraflar ovqatında Rumiyyə boynuna aldı ki, həmin o oğlanı doğrudan da sevirdi, amma heç bir vaxt ona getmək fikrində olmayıb. "Ər olmazdı ondan, - dedi - evdarlıq damarı yoxdu onda". Amma o vaxt bir ilə yaxın gəzmişdi həmin oğlanla.
    Gəzdiyini heç atası da bilmirdi deyəsən. Fuad onları bir neçə dəfə küçədə, kinoda görmüşdü. Bu da yadındadır ki, qol-qola gəzmirdilər, həmişə bir-birindən bir az aralı yeriyirdilər. Oğlan Rumiyyədən hündür idi... Çatmaqaş, alagözlü sifayi bir gəncdi. Adı Çingiz idi, amma nədənsə hamı, o cümlədən Rumiyyə özü də ona Ovçu deyirdilər. Bəlkə doğrudan da ova-zada gedərmiş, ya bəlkə bu ləqəbin başqa tarixçəsi varmış, Fuad bilmirdi, maraqlanmamışdı, sonralar da soruşub eləmədi. Ümumiyyətlə, bir o gecədən savayı heç bir vaxt Rumiyyəylə onun haqqında danışmamışdılar - guya heç belə adam yerli-dibli olmayıb. Amma bir səhnə indiyəcən Fuadın yaddaşında yaşayır və qəribədir, indiyəcən onu ağrıdır: bir dəfə Fuad Şövqügildə çox oturdu, Şövqüylə işləyirdilər və Fuad onlardan gecə birin yarısında çıxdı. Rumiyyə evdə yox idi. Onda hələ köhnə mənzillərində - "torta" bənzər binada yaşayırdılar. Fuad çöl qapısından küçəyə çıxdı və evləri səmtə getməyə başladı. Tini burulanda bomboş küçədə addım səsləri eşitdi və gələnləri gördü: Ovçuyla Rumiyyə idi. Fuadın yaddaşında qalan o idi ki, həmin axşam - gecəyarısı - hər ikisi çox, qeyri-adi dərəcədə gözəl görünürdülər və Fuadı ağrıdan da o idi ki, bir-birlərinə həddən ziyada yaraşırdılar. Rumiyyə dümağ paltarda idi, yubkasının ətəkləri - o dövrün modasına uyğun olaraq çətir kimi gen idi, enli qırmızı kəmər taxmışdı və eyni cür qırmızı dəridən olan uzun qayışlı çantasını çiynindən keçirmişdi. Uzun qara saçları çiyinlərinə tökülmüşdü. Fuad o an özünü Ovçunun şəxsində görmək istədi, yəni özü, Fuad olsun, Fuadlığında qalsın, amma Ovçunun uca boy buxununda, onun qiyafəsində, saçları da bax beləcə gur, gözləri də belə gömgöy, qaşları da belə çatma, kirpiklərn belə uzun, yanında da Rumiyyə olsun və Rumiyyə də məhz onu - Fuadın "mən"iylə Ovçunun simasının qəribə, mümkünsüz vəhdəti olan bir varlığı - sevsin. Bu ani bir hiss idi, Rumiyyə Fuadı görüb gülümsündü, Fuad da gülümsündü, salamlaşdılar, amma nə Fuad, nə də onlar ayaq saxladı, ötüşüb keçdilər və qəfilcən Fuad bir duyğudan, ürəyinə dammış və sanki qəti qərar şəklini almış bir daxili hökmdən diksindi. Elə bil kimsə, qaibdən gələn bir səs onun qulağına pıçıldadı ki, bütün bunlara baxmayaraq, yəni Ovçunun Rumiyyəylə bir-birinə bu qədər yaraşmalarına baxmayaraq, onların indiki məsud bilməzliklərinə, bir sözlə, heç nəyə, heç nəyə baxmayaraq, Rumiyyə məhz sənin, Fuadın arvadı olacaq və sən, Fuad heç də Ovçunun zahiri cildinə girmədən, öz boyunda-biçimində, bu qızı Ovçunun əlindən alacaqsan. Haçan? Necə? Nə yolla? Hansı anlaşılmaz məntiqə görə? Bilmirdi. Amma hökmən Rumiyyəni alacağına əmin oldu. Elə qəti bildi ki, bunu, sanki bu artıq həyata keçmiş bir iş idi və hətta, qəribədir, bir an Ovçuya yazığı da gəldi. Vaxt sübut etdi ki, bu inamı - həqiqət imiş. Bəzən Fuad fikirləşirdi ki, vaxt çox əcaib bir məfhumdur. Biz nahaq elə düşünürük ki, vaxt axır, durmadan hey axır; Keçmiş keçib, gələcək gələcək. Yox, vaxt donub qalmış, hərəkətsiz, sabit bir məfhumdur. Vaxt dəyişmir, bu bizik dəyişən, biz insanlarıq, özümüzük keçmişdən İndiyə, İndidən gələcəyə adlayan. Keçmiş isə həmişə var və öz yerində durub qalıb. Həmçinin gələcək - o da var, o da bütün hadisələriylə, vaqiələriylə, dolaylarıyla hazır, bitkin bir şəkildə mövcuddur və bizi gözləyir, bizim gəlib ona yetməyimizi gözləyir. Deməli, o vaxt, Fuad Ovçuyla Rumiyyəni küçədə görəndə bu ikisinin gələcək ayrılığı, Fuadla Rumiyyənin nigahları, Bilqeyisin ölümü, Pərvizin, Ceyhunun doğulması - hər şey, hər şey artıq mövcud idi, haradasa dayanıb onları gözləyirdi, gözləyirdi ki, müəyyən aylar, illər məsafəsi keçiləndən sonra bütün bu hadisələr indiləşsinlər...
    ...Və bu gözlənilməz gələcək o gecəyarı bir an içində vəyh kimi qəfildən Fuada açılmışdı - ayrı heç kəsin xəbəri yoxdu bu gələcəkdən - nə Bilqeyis xanımın, nə Ovçunun, nə Rumiyyənin... heç kəsin... Bircə Fuaddan başqa. Bəlkə bir də Şövqüdən başqa...
Səkkizinci fəsil


    Rumiyyənin ad gününü bilirdi. Şövqünün divardan asdığı iri təqvimdə üç gün qırmızı flamasterlə dairələnmişdi - özünün, Bilqeyisin və Rumiyyənin ad günləri. Rumiyyənin institutdakı dərs cədvəlini də bilirdi. Həmin gün saat 11-də gedəcəkdi dərsə. Fuad bazara gedib çox iri bir dəstə bağlatdırdı – qırmızı qladioluslar. İndi də bunu yadına salanda qulağının dibinəcən qızarır - pulu Asyadan almışdı; əlbəttə, başqa bir bəhanəylə. Onun yarısında Şövqügilin evlərinin yanındakı avtomatdan zəng elədi, telefona Rumiyyə özü çıxdı.
    -Rumiyyə xanım, sizi ürəkdən təbrik edirəm!
    -Sağ olun, kimdir ki?
    -Fuaddır.
    -Aa, Fuad...
    Fuad:
    -Çox xahiş edirəm iki dəqiqədən sonra qapını açıb liftin qabağına gələsiz.
    -Liftin qabağına? - Rumiyyə təəccübləndi. - Niyə?
    -Çox rica edirəm, - deyə Fuad təkrar etdi. – İki dəqiqədən sonra.
    Dəstəyi asdı binaya girdi. Diqqətlə dinləməyə başladı. Üçüncü mərtəbədə açılan qapı səsini eşidəndə gül karzinkasını liftin içinə qoydu, özü çıxdı və çöldən əlini uzadıb üçüncü mərtəbənin düyməsini basdı. Liftin qapısı bağlandı, lift yuxarı hərəkətə başladı. Fuad bilirdi ki, lift üçüncü mərtəbəyə çatacaq, qapısı açılacaq və Rumiyyə boş adamsız liftin içində ona təqdim olunan qladioluslar dəstəsini görəcəkdi. Əlbəttə, Fuad qalxıb gülləri özü də təqdim edə bilərdi, amma bu gün nə isə qeyri-adi bir hərəkət eləmək istəyirdi və bu qeyri-adi hərəkəti ilə Rumiyyənin yaddaşında iz salmalıydı.
    Yuxarıdan səs gəldi:
    -Fuad, Fuad!.. - Rumiyyə onu çağırırdı.
    Fuad hay vermədi, binadan çıxıb yola düzəldi. İnstitutda bütün günü qulağı səsdə idi. Doğrudan da Şövqü Fuadı tapdırdı, sifariş göndərdi ki, axşam mütləq onlara gəlsin. Necə uğursuz bir axşam idi o axşam... Fuad özünü necə da alçaldılmış, əzilmiş hiss edirdi. Yenə də Asyadan pul aldı, gümüş qaşıqlar gətirmişdi Rumiyyəyə hədiyyə. Rumiyyə xoş təbəssümlə gülümsünüb: "Bu nə xəcalətdir", - demişdi, gözlərində isə ancaq soyuq bir biganəlik vardı. - "Hədiyyənizi səhər liftlə göndərdiniz də". - Bu Fuadın qeyri-adi hərəkətinə verilən birinci və sonuncu qiymət oldu. Fuad elə zənn etmişdi ki, Rumiyyə bütün axşamı bu qəribə hərəkətdən söz salacaq, qonaqlarına da bu barədə danışacaq. Amma Rumiyyə bir daha bu söhbətə qayıtmadı, guya heç belə bir iş olmamışdı. Onun fikri, diqqəti, marağı Ovçuda idi, butün başqa qonaqlarda idi, hamıda idi, bircə Fuaddan başqa. Yığışanlar cavanlar idi - deyib-gülürdülər, rəqs edirdilər. Hamısı. Bircə Fuaddan başqa. Fuad sıxılırdı, dinib-danışmırdı və buna görə daha da sıxılırdı. Ona elə gəlirdi ki, hamının baxışlarından - "bu çuşka hardan gəlib çıxıb bura" ifadəsini oxuyur. Bəlkə onun dinibdanışmamasının səbəbini rus dilini bilməməsində görürdülər, halbuki Fuad rus dilini də bütün burda danışıb-gülənlərdən pis bilmirdi. Ürəyində Allaha yalvarırdı ki, ona müraciət etməsinlər, o da cavab verməli olmasın, birdən dili dolaşar, səhv danışar, biabırçılıq... Amma ona müraciət edən, ona məhəl qoyan yox idi. Bir dəfə Fuad cəsarətini toplayıb özü söhbətə qarışmaq istədi, amma sözünü elə yavaş səslə dedi ki, heç kəs eşitmədi, bircə Ovçu: - Nə? - deyə soruşdu, amma Fuadın təkrarını gözləmədən durub rəqs eləməyə başladı. Bundan belə Fuad söhbətə girişmək təşəbbüsündə bulunmadı. Tərs kimi rəqs etməyi də bacarmırdı, hamı durub rəqs edəndə masanın başında tək-tənha qalıb daha da sıxılırdı, bircə siqaret idi dadına çatan - siqareti siqaretə calayırdı. (0 axşamdan sonra institutlarında rəqs dərnəyinə yazıldı, səliqəylə düz üç ay məşğələlərə getdi, babat oynamaq öyrəndi). Fuada elə gəlirdi ki, rəqs etməməsi, danışmaması, sıxılması hamının diqqətini çəkir, onun burada yersizliyini hamının nəzərinə çatdırır. Hətta bütün başqa oğlanların geyimindən o qədər də fərqlənməyən kostyumu, köynəyi, ala-bəzək qalstuku da onun özünə indi son dərəçə yöndəmsiz, zövqsüz görünürdü. Fuada elə gəlirdi ki heç kəs ona fikir verməsə də, hamı arabir oğrun-oğrun nəzər salıb xısın-xısın gülür, işarələrlə, göz-qaş eyhamlarıyla onu lağa qoyur. Belə deyildi, şübhəsiz, - onun burda olmasının fərqinə varan, ona diqqət yetirən yox idi; sadəcə, heç kəsin vecinə deyildi o, çünki burada hamı birbirini çoxdan tanıyırdı və hamı bir-biriylə məşğul idi...
    Rəqslərə ara verib masaya yanaşdılar, hamının sağlığına birbir tost dedilər. İlahi, Fuad necə istəyirdi ki, onu da yada salsınlar, onun da sağlığına tost desinlər və heç olmasa onun haqqında xoş sözlər danışılan müddətdə hamının diqqəti ona cəlb olsun... Sonralar çox-çox məclislərdə Fuadın şərəfinə çoxçox təmtəraqlı badələr qaldırıldı, ancaq bütün bu nitqlərin cana yayılan şirinliyi o gecəki intizarın - öz sağlığına tost eşitmək intizarının - hafizədə həmişəlik qalmış təlx təmini dəyişdirə bilmədi. Yəqin ki, Şövqü burda olsaydı, mütləq Fuadı yada salardı, sağlığına bir-iki kəlmə xoş söz deyərdi, amma Şövqü də, Bilqeyis xanım da o biri otaqlarda idilər, bura gəlmirdilər, burda ancaq cavanlar idi, onların da ki, nə Fuad borclarına idi, nə də onun qəlb iztirabları...
    Rumiyyə hamıyla rəqs edirdi, amma ən çox Ovçuyla oynayırdı... Ovçu məzəli əhalatlar danışır, hamını güldürürdü, diqqət mərkəzində idi bütün axşam... Fuad durub gedə bilərdi, üzr istəyib, "bağışlayın, getməliyəm, səhər tezdən duracam"- deyə bilərdi və heç kəs də rəncidə olmazdı, heç duymazlardı da onun getdiyini. Amma Fuad getmirdi, əzilsə də, sıxılsa da, mıxlanıb qalmışdı yerində, tərpənmirdi və ta axıracan, səhər üzü qonaqlar dağılışmağa başladığı vaxta qədər, dözdü bu işgəncəyə... Və bu gecə ikinci dəfə qəti inandı ki, Rumiyyə mütləq onun olacaq...
    Bir neçə gün sonra Fuad yenə də Şövqügildəydi. Rumiyyə də evdəydi. Arada Şövqü otaqdan çıxanda Fuad qəfilcən soruşdu:
    -O gün sizin ad gününüzdə bir qız vardı, çəhrayı paltarlı, pianinoda çalırdı...
    -Elya?..
    -Hə, deyəsən adı Elya idi.
    -Necə bəyəm?
    -Heç, - dedi, amma elə dedi ki, Rumiyyənin şəkkişübhəsi qalmasın: burda nəsə bir iş var...
    Bir qədər sükutdan sonra Rumiyyə özü bu söhbətə qayıtdı:
    -Qardaşı bizimlə yoldaşdır, Ovçunun dostudur. Bacısı heç bilmirəm nə münasibətlə gəlmişdi, mən onu çağırmamışdım. Fuad hiss elədi ki, Rumiyyə nə isə ağız büzür Elyaya.
    Deməli, hədəfi düz seçmişdi. Elya o məclisdə hamıdan gözəl, hamıdan cazibəli idi. Rumiyyənin özündən də... - Deməli, tilovu düz atmışdı.... .
    Rumiyyə nə isə daxili tərəddüd keçirirdi, desin, deməsin, axır ki, dözə bilməyib, rişxəndlə:
    -Nədi, tanış olmaq istəyirsiz Elyayla? - dedi.
    -Yox, tanış olduq, - tanış olmamışdılar, amma kimdir bunu bilən - hətta telefonunu da verdi mənə - bu da yalan idi, amma kim idi yalanını çıxardan-bilmirəm heç harda itirdim...
    Rumiyyə açıq-aydın tutuldu, amma dərhal da özünü ələ alıb daha artıq bir istehzayla:
    -İstəsəz verə bilərəm telefonunu, - dedi.
    -Əgər sizə zəhmət olmasa, çox xahiş edirəm...
    Əlbəttə, nə Rumiyyə Elyanın telefonunu verdi, nə Fuad təkrar bu söhbətə qayıtdı, amma hər halda məqsədinə nail olmuşdu: Rumiyyə olan yerdə başqa bir qıza maraq göstərən adam özü də maraq doğurmalıydı. Bu da Asyanın dərslərindən idi: "Bir qadında maraq oyatmaq istəyirsənsə, ona göstərdiyin yüngülcə marağın müqabilində, rəfiqəsinə onqat artıq maraq göstər. Səni, ona etinasızlıq göstərən adamı guya ki, aludə olduğun rəfiqəsinin əlindən almaq heç bilirsən qadına nə böyük zövq verir?! Qadın qəlbinin cığırı rəfiqəsinin qəbrinin üstündən salınıb".
    - Asya belə deyirdi, əlbəttə hansı kitabdasa oxumuşdu bu sözləri, ya kimdənsə eşitmişdi. Amma oxuduğu, eşitdiyi fikir görünür öz qəlb təcrübəsiylə də uyğun gəlirdi. Odur ki, bunu öz tövsiyəsi kimi qələmə verirdi.
    Asyayla instituta girəndən az sonra tanış oldu. İnstitutda laborant-maşinistka işləyirdi Asya, özü də Fuaddan on yaş böyük idi. Ərə getmiş, boşanmışdı. Uşağı da vardı, amma uşağını Asyanın anası saxlayırdı. Asya tək yaşayırdı. Bayılda, köhnə ikimərtəbəli evin birinci mərtəbəsində balaca bir otağı vardı, qapısı həyətə açılırdı, həyətdə söyüd ağacının kölgəsində kiçik taxta stol və iki-üç kətil də qoyulmuşdu. Evi Bayıl təpələrinin hündür yerində idi; həyətin dəmir çəpərləri və söyüd yarpaqlarının arasından geniş bir mənzərə açılırdı - şəhərin böyük bir qismi və dəniz ayağının altında idi. İyirmi səkkiz yaşlı Asya ağ çağ, dolu, tarım bədənli, kürən "alışdımyandım" saçlı bir qadın idi və həmişə əndamını kip tutan dar paltarlar geyindiyindən, bədənin mütənasib tarımlığı daha da aydın gözə çarpırdı... Makina stolunun arxasında ayağa duranda, əyilib kağızları yığışdıranda paltarının açıq yaxalığından görünən dik, hamar, iri və yumru döşləri çox tələbənin yuxusuna haram qatmışdı. Amma öz aralarında ən açıq-saçıq söhbətlər edən, birinin də üstünə beşini qoyub danışan sütül cavanların heç biri Asyaya yaxın düşməsiylə qürrələnə bilməzdi.
    Niyə məhz Fuada qismət oldu Asyanın bu çağı? Nəylə cəlb etdi onu Fuad? Kim bilir? Kim baş açar qadın qəlbinin qəribə lağımlarından, izahsız məntiqindən, sirli, sehrli şıltaqlıqlarından? Bütün tələbələr kimi, Fuad da kurs işlərini ona yazdırırdı, pulu qurtaranda borc istəyirdi, səkkiz martda pul yığıb hədiyyə alırdı Asyaya, bekar vaxtlarında onun-bunun babalını yuyub mırt vururdular... Niyə məhz Fuada saldı mehrini? Bəlkə səbəb heç də Fuadın şəxsiyyəti deyildi: sadəcəsi Asyanın ömrünün müəyyən keçid məqamı idi. Ərindən ayrılmışdI. Alışmadığı təklik onu boğur, çabaladır, həyasız, kobud təkliflər zəhləsini tökürdü... Fuad isə elə gənc, elə məsum uşaq idi, ağzından süd iyi gəlirdi...
    Yaxın olduğu qadınlardan heç biri Fuada Asya qədər təcrübə bəxş etməmişdi. İnsani təcrübə, cinsi təcrübə, həyati təcrübə... Onlar münasibətlərini hamıdan gizlədirdilər, amma cüzi psixoloji müşahidə qabiliyyətinə malik olan adam hər şeyi
    - Asyanın gözlərindən oxuya bilərdi. Fuadı görər-görməz
    Asyanın elə bil gözləri işıqlanırdı və Fuad bütün həyatı boyu bu işığı, özünün yandırdığı və bir gün öz əliylə keçirdiyi bu çırağı başqa heç bir qadının gözlərində görmədi...
    ...İki dəfə, şəhərin müxtəlif yerlərində Fuad Ovçunu möhkəm dəm halda görmüşdü. Bir dəfə hətta elə sərxoş idi ki, dili söz tutmurdu, ayağı yer. Fuad qoluna girib taksiyə əyləşdirdi, pasportuna baxıb ünvanı dedi, hətta taksinin pulunu da verdi... Fuada rast gəlməsəydi küçənin bir küncündə yıxılıb qala bilərdi ya milisə düşərdi... Ovçu heç tanımamışdı da Fuadı, nə sərxoş çağında, nə də ayılandan sonra.
    "Ola bilməz ki, o cür qız belə bir əyyaşa ərə getsin" – Fuad belə düşünmüşdü və qərara gəlmişdi ki, nə yolla olur-olsun bu təhlükəni Bilqeyis xanıma və Şövqüyə çatdırmaq lazımdır... Amma buna ehtiyac qalmadı... Bir gün Fuad qəribə bir xəbər eşitdi. Ovçu yanıb ölüb... Əvvəl inanmadı eşitdiyinə. Şövqügilə gəldi. Rumiyyə için-için ağlayırdı. Fuadı görüb öz otağına keçdi. Şövqü evdə yox idi. Bilqeyis xanım: "Bədbəxt qız lap əldən düşüb - dedi, Fuadı mətbəxə çəkib xısın-xısın əhvalatı danışdı. Bilirsən də, Rumiyyə bir oğlanla gəzirdi, gəzirdi deyəndə yəni, belə əməlli-başlı gəzib eləmirdilər, eləbelə yoldaş idilər, tay-tuş idilər, hərdən görürsən kinoya-zada gedərdilər, ikisi, üçü" - Fuad öz-özünə qeyd elədi ki, indi, Ovçu yer üzündə olmayandan sonra nəyə lazımdır ki, Rumiyyənin üstündə müəyyən bir kölgəsi qalsın, Bilqeyis xanımın da cəhd elədiyi elə bu idi: "Elə-belə, dost idilər, yoldaş idilər, ikisi, üçü bir yerdə kinoya gedərdilər...".
    "Nə isə, sözüm onda deyil, dünən, deyir, həmin bu bədbəxt, küçəynən gedirmiş, bir də görüb ki, səkinin yanında bir avtobus dayanıb özü də avtobus od tutub yanır, içində də uşaqlar. Qapısı pərçim olub açılmır, uşaqların da qışqırığı ərşə qalxır. Yerdən daş götürüb sındırıb avtobusun pəncərəsini, vurub özünü oda, salıb içəri, uşağın ikisini-üçünü qurtarıb, amma day özü də alışıb başdan-ayağacan yanıb, anası ölmüş, pojarnı gəlib, deyir, odu söndürəndə iş-işdən keçib. Aparıblar xəstəxanaya, elə yoldaca canını təhvil verib qaragün... Bizdə görməmiş olmazsan, adına da bilmirəm niyə Ovçu deyərdilər e! Əsil adı Çingiz idi".
    Fuad indiyə qədər bunu anlaya bilmir: əlbəttə, şücaətdir, igidlikdir, hər oğulun işi deyil - özünü oda vurub uşaqları ölümdən qurtarasan... Amma axı Ovçu "vidindən-fasonundan" heç də belə fədakar adama oxşamırdı. Onunku kef-damağ idi; yeyib-içmək, geyinib-kecinmək, rəqs vurub göyçək qızlara yağlı-yağlı komplimentlər demək... heç inanmaq olardı ki, belə ərköyün - tanımadığı, yad uşaqların yolunda özünü bada versin... yəqin dəm olub, kefli-kefli gözü qızıb, cumub odun içinə...
    Fuad bu günə qədər həmin fikirdə idi.

***


    Nə dəliliklər etmirdi Rumiyyənin yolunda, ilahi? Allahın ver günü dalısınca instituta gedirdi, bəzən gecə səhərəcən pəncərələrinin altında dolanırdı. Şövqünün bütün bunları bilibagah olmasından çəkinmirdi, əksinə, hətta, istəyirdi ki, Şövqü onun bu çılğın eşqindən xəbərdar olsun. Fuadın bu nigaha, bu nigahın baş tutacağına, əlində heç bir əsası olmasa da, heç bir şəkk-şübhəsi də yox idi. Şövqünün yaxşı munasibətini bilirdi. Amma Şövqü etiraz da eləsəydi, "vaveyla" deyib göyün yeddi qatına da çıxsaydı, Fuad Rumiyyədən əl çəkən deyildi. Ovçunun ölümündən sonra dünyada elə bir qüvvə yox idi ki, Rumiyyəni onun əlindən ala bilsin.
    Qüvvə yox idi, amma müəyyən bir maneə vardı və bu maneənin adı Asya idi... Doğrudur, Fuad onu çox da elə ciddi maneə saymırdı. Onların əlaqələri dörd il idi ki, davam edirdi və məntiqi sonuna çatmaq üzrə idi. Əfsus ki, Asya bunu hələ dərk etmirdi. Ona həyat təcrübəsindən dərs deyən bu qadın ən adi bir həqiqəti anlamamışdı ki, Fuad heç vaxt onunla evlənməz, "institutu qurtarmağı gözləmək" və s. bu qəbildən sözlər ancaq bəhanədir. Fuad bəzən elə düşünürdü ki, bu bəhanələrin məhz bəhanə olduğunu Asya özü də dərk edir və onunla, Fuadla bunu dərk edə-edə yaşayır. Yox, əgər dərk etmirdisə, müəyyən xülyalara qapılırdısa, Fuadın bir təqsirimi vardı bunda? Yəni doğrudanmı Asya ciddi inana bilərdi ki, iyirmi iki yaşlı Fuad özündən on yaş böyük qadınla, ərdə olub boşanmış bir qadınla, altı yaşlı qızı olan bir qadınla, Fuadla dörd il yaşayan bir qadınla, dörd il yaşayandan sonra rəsmən evlənəcək? Asya idarədən qayıdandan sonra evində də, elə idarənin özündə də boş vaxt tapan kimi makinada kiminçünsə yazılar yazırdı, bununçün muzd alırdı, azdan-çoxdan pulu vardı və bu pulları da qoca anasına, körpə qızına və Fuada xərcləyirdi. Özü əyin-başına fikir verməzdi, amma Fuadın hər imtahanından, hər zaçotundan sonra ona köynəkdən, qalstukdan, çəkmədən alardı. Bir dəfə hələ çox bahalı zamş əlcəklər də almışdı, indiyəcən durur bu əlcəklər, qızıl saat da almaq istəyirdi. Fuad hər dəfə belə hədiyyələrdən sonra Asyanı danlayırdı, "neylirsən axı, nəyimə lazımdır mənim, özünün o qədər xərcin var ki" - deyərdi, həm də məni pis vəziyyətdə qoyursan, axı bilirsən ki, mənim sənə hədiyyə eləməyə imkanım yoxdur, bir də belə şey eləsən götürməyəcəm hədiyyəni" - deyərdi və hər dəfə də götürürdü və hər dəfə də Asya uğunub özündən gedirdi, Fuadı qamarlayıb bağrına basırdı, o üzündən, bu üzündən öpürdü: "Sənə qurban olum, - deyirdi, - elə sən də mənim bir balamsan da - deyirdi, - gicəm, dəliyəm, vallah, amma sevirəm səni", - deyirdi... İlk vaxtlar bu ehtiras Fuadın da başını dumanlandırdı, qarşısıalınmaz bir qüvvə onu hey Asyanın yanına çəkirdi, amma illər keçdikcə bu görüşlər get-gedə seyrəlir və hər cür təravətdən, bayramdan uzaq bir məcburiyyətə çevrilirdi Fuadçün. Bıqdırıcı, darıxdırıcı, sevincsiz bir məcburiyyətə...
    Rumiyyə peyda olandan sonra, Asyayla görüşləri əsil mənəvi işgəncə idi. Ancaq Fuad bu əlaqəni birdəfəlik pozmağa da tələsmirdi nədənsə; hər halda Rumiyyəylə məsələni rəsmiləşdirməyincə Asyanı heç bir şeydən agah etmək istəmirdi. Onu da düşünürdü ki, üzülüşmələrinin səbəbləri Şövqü Şəfizadənin "mamlı-matan", cavan qızı olduğunu biləndə Asya lap özündən çıxacaq... Qorxurdu ki, hətta əsəbiliyinin, hövsələsizliyinin dar vaxtında, Asya hikkəsindən qisasa da əl ata bilər. Xoşbəxtlikdən heç bir məktubu-sənədi yox idi Asyada və onların əlaqələri barədə də adamlar yalnız güman, fərziyyə edə bilərdilər; güman, fərziyyə - sübut-dəlil ki deyil... Birdən Asya lap dəli olsa, dekanlığa müraciət eləsə, Fuad bunun da fəndini tapmışdı; "Eloğlusu" Zülfüqarovun yanına girib lotuyana cəyil söhbət eləyəcəkdi. "Dünya dağılsa da mən Şövqü Şəfizadənin qızını alasıyam, - deyəcəkdi - və ondan sonra Şövqünün əliylə bütün məni istəməyənləri, bütün mənə badalaq gələnlərin, bütün məni incidənlərin dədəsinə od qoyacağam". Zülfüqarov kimilər məhz bu dili başa düşürlər. Görüm onda Zülfüqarov mənim qabağıma nəynən çıxacaq. Şövqü demişkən "yüz elə Zülfüqarov tək bir Şövqünün əlində heç nədir" ...Amma allah eləsin, buna ehtiyac qalmasın, məsələ yoğunlamasın, Asyayla da halallıqla, xoşluqla ayrılaq, hər halda neçə ildir bağlıyıq onunla, yaxşılı-yamanlı günlərimiz olub, çox çətin dəqiqələrdə Asya kişi qızı kimi ona arxa, dayaq olub; allah kərimdir, o da münasib bir adama rast gələr, yenidən ailə qurar, xoşbəxt olar. Otuz iki yaş nə yaşdır ki!.. Heç cür istəməzdi ki, Asyanın könlünü qırsın, axı dörd il bağlılığın o qədər xatirəsi var, zarafat deyil axı!.. Amma bu xatirələrə, minnətdarlıq hissinə cavan ömrünü də qurban verəsi deyildi ha!.. Olan olub, keçən keçib, vida məqamı gəlmişdi, Asyayla onun yolları haçalanıb ayrılmalı idi... Çox naz-qəmzədən, çox əzilib-büzülmədən sonra, Fuadın, necə deyərlər, ürəyinin yağını əridəndən sonra axır ki, Rumiyyə bir gün: "yaxşı"- dedi, evlənmələrinə razılıq verdi. Şövqü də məsələni biləndə "yox" demədi. Ən çox etiraz edən Bilqeyis xanım oldu. "Tayımız deyil, əslin-nəslin tanımırıq və s. və i. a. mızıldanmalardan sonra nəhayət, o da ipə-sapa yatdı, imana gəldi. Yanvarın dördündə Qurbangil Şövqünün yanına elçi gəldilər. Elçilər dəstəsinə Zülfüqarov da özünü zornan dürtüşdürdü. - Ömründə ilk və bəlkə də axırıncı dəfə Şövqünün evinə girmək fürsətini Zülfüqarov heç fövtə verərdi. Şövqü elçiləri təmkinlə qarşıladı, özünü çox ağır aparırdı.
    Dedi, yaxşı madam ki, gəlmisiz, fikirləşərik, məsləhətləşərik, cavabınızı sonra deyərik. Elçiləri nəticəsiz geri qaytardı, "bir həftədən sonra gəlin" - dedi... Bu bir həftədə Fuad bir az da saralıb-soldu, şam kimi əridi və bir həftə sonra elçilər (o cümlədən əlbəttə ki, Zülfüqarov) Şövqügilə təşrif gətirəndə Şövqü "Nə deyirəm ki, xoşbəxt olsunlar" - dedi və Bilqeyis xanım hamıya şirin çay gətirdi. Şadlığından lap başını itirmiş Zülfüqarov "dəbdir, qaydası belədir deyə qaşığını stəkanında ora-bura hərlətməyə, cingildətməyə başladı, amma Şövqü qaşqabağını töküb: "bir az yavaş, sən allah, - dedi, - başbeynimiz getdi...".
    Yanvar ayının onu idi o gün, amma Fuad, Asyaya o gün də heç nə demədi. (O gün gecəni Asyanın yanında qalmışdı). Düşünürdü: "on dördünə nə qalıb ki?.." Güman edirdi ki, bu üç gün ərzində xəbər Asyanın qulağına çatmaz. Məsələni Asyaya on dördündə açmaq istəyirdi. Çünki yanvarın 13-ü köhnə təqvimlə yeni il günü - Asyanın da ad günü idi, həmişə bu günü xüsusi qeyd edərdilər. Fuad bu səfər də - birgə olduqları bu son ildə də -Asyanın bayramına zəhər qatmaq istəmirdi. "Qoy ad günü keçsin, deyərəm". Amma Asya məsələdən ikinci elçiliyin səhərisi gün xəbər tutdu. Aman allah, o nə şəbeh idi, Asya çıxartdı? Göz yaşları, hədələr, isterika, yalvarış... hər şeyi yadına salmışdı - ta, onun kurs işlərini pulsuz yazmağına qədər, müəllimlərin qılığına girib bəzi fənlərdən ona qiymət yazdırdığına qədər... "Deməli, institut illərində sənə mən gərək idim, diploma çıxıb institutu qurtaranda Şövqü Şəfizadə gərək oldu?.." Niyə axı onda da, sonralar da, Fuadın evlənməsindən söz düşəndə hamı əvvəlcə Şövqü Şəfizadənin adını çəkirdi, guya o, Şövqünün qızıyla deyil, özüylə evlənmişdi... Asyanı necə inandıraydı ki, Rumiyyəyə aşiq olub, təmənnasız-filan sevir onu, Şövqünün qızı deyil, adi bir adamın övladı olsaydı da, anadan-atadan yetim olsaydı da beləcə sevəcəkdi... Heç Asya buna inanardı? "Adə, mənə gəlirsən, - deyirdi Asya - təmənnasız-filan, aşiq olmuşam filan, adə, həmin o sənin adamların Şövqügilə elçi gedən gecə sən mənim yanımda qalmamışdın?" Bu doğrudan da belə idi, amma bunun sırf bir təsadüf olduğunu necə başa salaydı Asyaya? Asyanın qəlbini qırmadan, izzəti-nəfsinə toxunmadan, necə qandıraydım onu ki, lap heç Rumiyyə məsələsi olmasaydı, bu cür münasibətimiz nə qədər davam edə bilərdi, mən ki səni alası deyildim, əzizim... İndi mənim iyirmi iki yaşım var, sənin otuz iki. On ildən sonra mənim otuz iki yaşım olacaq, sənin qırx iki. Mənim qırx yaşım olanda isə sənin yaşın əllini haqlayacaq. Qırx yaş kişi ömrünün ən yetkin çağıdır... Əlli yaşlı qadın isə... bütün bunları Asyaya necə deyəydi axı... Bircə dedi ki, istəsən, biz yenə də əvvəlki kimi görüşə bilərik, hərdənbir. İndiyəcən sirrimizi bilən olmayıb, bundan sonra da olmaz... Bunu Asyaya təsəlli üçün demişdi. Əcəb təsəlli oldu? Asya yanındakı gecə çırağını götürüb ona tərəf vızıldatdı, yaxşı ki, Fuad başını vaxtında yana çəkdi, yoxsa başı yarılacaqdı.
    Elə bil Asyanın isterikası da elə bununla bitdi. Elə bil toxtadı bir növ. Durub mətbəxə keçdi, Fuad eşitdi ki, parçla vedrədən ləyənə su tökur - əl-üzünü yuyur. Sonra otağa qayıtdı, sifəti elə bil dartılmışdı, avazıyıb gözlərinə çəkilmişdi, bircə gözləri qalmışdı sifətində, qocalıb çirkinləşmiş, iri gözləri. Asya sakit bir tərzdə:
    -Get, - dedi.
    Fuad nə isə demək istədi, amma Asya onu ağzını açmağa qoymadı:
    -Xahiş edirəm səndən, çıx get, - deyə sakitcə təkrar etdi.
    Fuad ayağa durdu: inana bilmirdi ki, bütün bu qalmaqallı səhnələrdən sonra və bütün bu illərin əlaqəsindən sonra beləcə, biryolluq üzülüşə bilərlər. Otaqdan həyətə çıxanda da hələ inanmırdı, həmişəlik ayrıldıqlarına. Həyətdən küçəyə çıxdı və yenə də inanmırdı, gözləyirdi ki, arxadan çağıracaq, çağıracaq onu, hətta təlaş edirdi ki, Asya yüyürüb küçəyə çıxacaq və bütün bu çılğın səhnənin ardı küçədə, camaatın gözü qarşısında davam edəcək. Ancaq heç bir səs gəlmədi. Çevrilib pəncərəsinə baxdı. Pəncərədə də heç kəs görünmürdü... İkili hisslər keçirirdi Fuad. Bir yandan asudəlik hissi - sevinirdi ki, son müddətdə onun qarşısına çıxan bu ən ciddi problem həll olundu, ağrıyla, göz yaşıyla, haray-qışqırıqla, amma hər halda düyün açıldı - ən çətini arxada qaldı, o bundan da çılğın səhnə, bundan da çılpaq ehtiraslar gözləyirdi, nisbətən sakit, dinc oldu hər şey - buna sevinirdi. Amma həm də qüssəliydi bir qədər. Tək ona görə yox ki, neçə ildən bəri sevincini, kədərini, gileyini, istəyini gətirdiyi bu söyüdlü həyətdən, bu yarıqaranlıq otaqdan, Asyanın bir az soğan, bir az qovrulmuş tum qoxuyan isti nəfəsindən, bir qədər qaba nəvazişlərindən, lağlağı söhbətlərindən, adamları yamsılamaq məharətindən və məxsusi Fuadçün bişirdiyi dadlı xörəklərdən ayrılır. Bir də ona qüssələnirdi ki, Asya onu bir neçə saatın içində itirə bildi və saxlamaq, qaytarmaq üçün daha heç bir cəhd, temperamentinə uyğun olan heç bir dəli-dolu hərəkət eləmədi, elə sakitcə: "Yaxşı, çıx get" - dedi, eləcə sakitcə qovdu ki, doğrudan da birdəfəlik çıxıb getsin...
    Amma bəlkə... Bu fikirdən diksindi Fuad, hardansa yadına düşdü birdən: kimin haqqındasa danışmışdı ona Asya - üstünə nöyüt töküb yandırıb özünü. İraq-iraq birdən bir xata çıxar qızın əlindən... Allah, sən saxla, Fuad özünə yer tapa bilmədi bu fikirdən, istədi geri dönsün, amma dönmədi, bir saatdan sonra avtomatdan zəng elədi Asyaya, səsini eşidib sakitləşdi, danışmadan asdı dəstəyi, bir də gecə zəng vurdu, səsini eşitdi, lap arxayın oldu, sakitcə yuxulayıb yatdı... On üçündə də zəng elədi, ad gününü təbrik etmək, hətta hədiyyə alıb evlərinə getmək istəyirdi. Bütün günü telefon cavab vermədi. 14-də də telefonu cavab vermədi. 15-də Asya işə çıxdı. Fuadla pilləkəndə rastlaşdılar. Asya özünü görməməzliyə vurdu, Fuad da onu saxlamadı. Bir həftə, ya on gün sonra Asyadan məktub aldı. Oxudu məktubu, cırıb atdı, nəyə lazım idi ki, saxlasın, birdən ələ keçib-eləyə bilərdi. Amma məktubun məzmunu indiyəcən yadındaydı... Elə Asyanın son görüşlərində dediyi sözlər idi məktubda da, həmin elə o sözlər daha ədəbi cümlələrlə ifadə olunmuşdu. Özü də makinada çap olunmuşdu, Asyanın evindəki həmin o "Kontinental" makinada. K. hərfi o biri hərflərdən bir az aşağı düşürdü bu makinada... Yazırdı ki, ömrümün səninlə keçən illərinə heyfsilənmirəm. Ona heyfsilənirəm ki, bu yaşımda adamları tanıya bilmirəm hələ. Ay yazıq, axı sən heç sevməyə qadir deyilsənmiş. Tək bir özündən başqa heç kəsi sevmirsən... Öz işinin xətrinə hamının - lap elə doğma atovun, anovun da meyitini tapdayıb keçərsən. Bu gün məni atdığın kimi, bir gün indi təzə nişanlının - "təzə nişanlı?!" Guya köhnə nişanlısı da vardı - atasının işi bir balaca yaş olan kimi onu da atarsan... Gülməli o idi ki, Asya məktubun axırında şer də yazmışdı:
    Ey vəfasız, gözü ağlar qaldım mən.
    Ürəyimin başı dağlar qaldım mən.
    Başqa bir gözələ uydun, məni atdın.
    Nə olar, təki sən xoşbəxt ol, qoy ağlar qalıım mən...
    Şerdən sonra R. S. də var idi; Xoşbəxt ol, Fuad. Amma bu xasiyyətlə sən çətin xoşbəxt olasan. A.
    Əlbəttə, məktub yaralanmış qadın mənliyinin fəryadı idi, ittihamlarının heç biri düz deyildi... Amma bu məktubu yada salanda Fuad həmişə bir şeyi fikirləşirdi: görəsən, doğrudanmı Asyanın falı, ya bəlkə qarğış idi bu, - düz çıxmışdı. Görəsən, doğrudanmı Fuad xoşbəxt deyildi və əgər deyildisə, doğrudanmı heç bir vaxt xoşbəxt olmayacaqdı da? Və onda doğrudan belədirsə, nədir xoşbəxtlik, nə deməkdir xoşbəxt olmaq? O düşünürdü ki, əksər insanların - elə Fuad özü də o cümlədən - təsəvvüründə xoşbəxt olmaqçün lazım olan hər şey var onda - ailə, sevdiyi arvadı, iki oğlu, evi, özü seçdiyi peşəsi, vəzifəsi, pulu, hörməti, gələcəyi... Və xoşbəxt idimi o? Bilmirdi, qəti bir şey deyə bilməzdi bu barədə, bircə onu bilirdi ki, bu haqda düşünməyə macalı yoxdur, vəssalam. Bəzən də düşürürdü ki, xoşbəxtlik bəlkə sənin duyduqların deyil, sənin haqqında başqalarının təsəvvürüdür - sənə "bəxtəvər" deyənlərin sənin haqqında rəyi, fikri, təsəvvürü. Öz içində nə duyursan duy, əgər başqaları səni öz arşınlarıyla ölçürlərsə, o arşınlarla ki, sən özün də elə başqalarını həmin arşınlarla ölçürsən, - və bu arşınlara görə, onların təsəvvüründə sən mütləq xoşbəxtsən, onda deməli, elə sənin bəxtiyarlığın da bundadır - özgələrə bəxtəvər görünməkdə, özgələrin həsədinə səbəb olmaqda... Bunu daha gözəl, daha qısa və daha dəqiq ifadə edib kimsə, haçansa: "Çölüm özgəni yandırır, içim özümü". - Bəlkə elə doğrudan da insanın xoşbəxtliyi çölünün özgələri yandırmasıdır və əgər belədirsə, onda deməli, Asyanın falı çin çıxmayıb...
    Mayın ortalarında Rumiyyəylə evləndilər. Qiyamət toyları oldu. Bütün Bakı danışırdı bu toydan. Həmin gecə Moskvaya uçdular. Bir aya qədər "Rossiya" otelində qaldılar. Sonra Şövqügilin bağlarına qayıtdılar. Sentyabrda Şövqü Fuadı şəhər soveti sistemində işə keçirtdi. Rütbəsi də elə pillə-pillə buradan qalxmağa başladı...
    O vaxtdan Asyanı görməmişdi, amma inişil teatrda təsadüfən qarşı-qarşıya çıxdılar. Yanında cavan göyçək bir qız da vardı. - Yəqin qızıdır, ancaq özünün başı-o kürən saçlarıağappaq idi Asyanın. Qəribədir, Asyanın yazdığı o gülməli, kəmsavad, vəzni pozuq, qafiyəsi axsaq şer indiyə qədər yadında qalıb Fuadın... "Nə olar, təki sən xoşbəxt ol, qoy ağlar qalım mən".

Doqquzuncu fəsil


    Təyyarə on beş dəqiqə gecikirdi. Fuad fikirləşdi ki, bəlkə cənazənin götürülməsinə çata bilmədi, amma dəfnə hər halda özünü yetirər. Əslində elə çıxışı da orada, qəbir üstündəydi... Axır vaxtlar tez-tez müxtəlif dəfn mərasimlərində nitq deməli olurdu. Şövqü zarafatla ona: "Molla Fuad" - deyirdi.
    -Çay içirsiz, Fuad qədəş?
    Fuad cibindən manatlıq çıxartdı:
    -Al gətir.
    -Eyib sözdür ki, Fuad qədəş. - Qasım pulu almadı, iki stəkan çay süzdürüb balaca masanın üstünə gətirdi. – Gedib bir siqaret də alım.
    Fuad cibindəi "Apollon-Soyuz" qutusunu çıxartdı, Qasıma uzatdı.
    Qasım:
    -Yox, sağ olun, - dedi, - bunu çəkə bilmirəm, öysürdür məni. Mənimki "Avrora"dı... - Sonra Fuadın damağına qoyduğu siqareti göstərib: - Qəmbər gətirmişdi bundan mənimçün Moskvadan, bir blok, çəkə bilmədim, Kül ağlıma, gərək sizə gətirəydim e... siz xoşlayırsız...
    Fuad gülümsündü:
    -Sağ ol, varımdı, - dedi.
    Qasım:
    -Qəmbər Moskvadan gələndə otuz-qırx blok gətirir bundan... Qəribə adamdır e... deyirəm, adam da tüstüyə bir ətək pul verər? Deyir, bəs sən gündə "Avrora" almırsan, o da tüstüdür də... Bir yandan baxanda düz deyir elə... Vərdişdir, allah kəssin bu vərdişi... Amma Qəmbər özü postoyannı bundan çəkər, bir də o bir başqası var e, amerkanski, qırmızı qutusu olur... bax ondan... Hər dəfə Moskvadan gətirər - iyirmi, iyirmi beş blok. "Allahu əkbər - deyə Fuad düşündü, - sən də, sənin Qəmbərin də"...
    -Yubanma, Qasım, get siqaretini al, - dedi - indicə təyyarə enəsidir.
    Qasım bufetə tərəf getdi. Fuad qara eynəyini çıxartdı, ətrafa göz gəzdirdi; bufetin qabağında Qasım növbəyə dayanmışdı... Yumşaq kreslolarda adamlar oturmuş, uzanmışdılar, hətta şirinşirin yatanlar da vardı. Arabir reproduktorlardan, düşüb-qalxan təyyarələr haqqında elanlar eşidilirdi.
    - Bağışdöyüz...
    Fuad başını qaldırdı. Qarşısında dayanmış adama baxdı - sallaq dodaqları, bulanıq gözləri vardı, sifəti saqqallıydı, əyin-başı da elə bil üstündən tökülürdü. Çərkəz "şulum" deyərdi belə adamlara. Döşündə nosilşik nömrəsi asılmışdı: 12.
    -Bağışdöyüz a, - deyə on iki nömrə yenə təkrar elədi. -
    Siz gavar Qurban müəllimin oğlusuz?
    Fuad:
    -Bəli, - dedi, - təəccübləndi; çoxdan bəri onu Qurban müəllimin oğlu kimi tanıyan olmazdı; əksinə, Qurbanı Fuada, Şövqüyə görə tanıyardılar.
    On iki nömrə şaqqanaq çəkib güldü, gülüşündə də bir əcaiblik vardı.
    -Gör ha!.. O saat tanıdım... Gör bir neçə il görməmişəm səni, amma tanıdım. Bir kərəm səni televizorda görəndə də tanımışdım...
    Fuad qeyri-müəyyən bir şey mızıldadı.
    -Məni tanımadun?
    -Xeyr.
    -Səninnən bir məktəbdə oxuyurdum da... Fuad nə qədər cəhd etsə də, bu sifət hafizəsində heç cür canlanmırdı.
    -Sora Qurban kişi qovdurdu məni o məktəbdən. Bu fakt da
    Fuadın yadına heç nə salmırdı. Qasım qayıtdı, nosilşikə tərstərs baxıb:
    -Ə, çıx get işivə, ə, - dedi - nə durmusan burda, di yeri, yeri!..
    Fuad:
    -Dayan, Qasım, - dedi, - tanış çıxmışıq.
    On iki nömrə bu sözdən ürəklənib stula oturdu.
    -Qurban müəllimdən əvvəl direktor Zəki müəllim idi də... Oxartana məni nöyüt almağa göndərib ki, Zəki müəllim. Yadında, məktəbimizin tinində nöyüt dükanı vardı...
    Bu Fuadın yadına gəlirdi, özünün nöyüt növbələrində dayandığı günlər, evlərini qızdıran, xörəklərini bişirən kerosinkaları da yadında idi.
    -Oxartana odun daşımışam ki, Zəki müəllimin evinə.
    "Oxartana" sözü də Fuadın yaddaşını nə isə cırmaqladı.
    -Bəs atam səni niyə çıxartdı ki?
    Nosilşik güldü:
    -Başdan bir az xərəb idim də. Nə oxuyurdum, başımda qalmırdı. Nəxartana ki, Zəki müəllim direktor idi, mənə deyirdi, sən elə nöyüt gətir, odun daşı, ev-eşikdə bizə əl-ayaq elə, dalısıynan işün yoxdu, qiymətdərüvi mən özüm yazdıracam. Elə yazdırırdı da, gəlib dördüncüyə çatdım. Dörddən Qurban müəllim başladı bizə dərs oxumağa, özü də ki, direktor oldu. Day mənə göz verdi, işıq vermədi. Kütsən deyirdi, həm də tənbəlsən... Səninki deyir lap dvoynoy olub, - deyirdi - həm kütsən, həm tənbəl. - Nosilşik yenə şaqqıldayıb güldü. - Düz deməyinə düz deyirdi e, oxumağnan heç aram yoxdu, kitab-dəftər görəndə elə bil qara basırdı məni... Nəysə, qovdurdu da kişi məni day ondan sonra əməllibaşlı oxumadım heç. Bir az o məktəb, bir az bu məktəb - oxumağın daşın atdım getdi...

<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (06.12.2013) | Müəllif: R.C E W
Baxış: 848 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more