Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı |
Gedirsən, ay oğul, ay bala, gözümün işığı, anan ayağının altında ölsün. Necə yəni nigaran olma, axı ana ürəyidir, necə nigaran olmasın, bilmirəm hara gedirsən, kimin yanına, nə olsun ki, üç günə qayıdacaqsan?! Bu üç günə vacibdir o lotubeçənin yanına gedəsən?! Yaxşı, demirəm, demirəm onun haqqında pis söz, amma axı, görürəm axı, başını hərlədib sənin, dünya-aləm gözündə deyil sənin bu saat, mən bu dərdə necə dözüm, ilahi?! Gəlib mənim meyitimi görərsən, heç olmasa bu plaşı at çiynivə, şərfi dola boynuva, soyuqdur indi oralar yəqin?! Aman allah, bu nə müsibət idi bizim başımıza gətirirsən. Öləydim bu günü görməyəydim, barı bir əlcə teleqram vur görüm necə gedib çatdın? Cadu eləyib sənə, allaha and olsun cadu eləyib, görüm sənə cadu eləyənin əli-qolu qurusun, dili tutulsun. Görüm onu gözü ağlar qalsın, necə mənim gözüm ağlar qalır balamın dalınca. Dayan görüm, adə, qoy bir su atım barı dalınca... Allah, nə günahımız var ki, sən bizim başımıza belə müsibət açırsan, teleqramı yaddan çıxartma ha... Altıncı fəsil Canlar verib sənin kimi cananə yetmişəm Rəhm eylə kim, yetincə sənə cana yetmişəm. Naş samolet poşel na snijenie. Proşu vas zasteqnutğ remni I vozdercatjsə ot kureniə. Leysan yağışdan sonra Moskva səması tərtəmiz və açıq idi. Havada saflıq duyulurdu. Yağış elə bil dərbədər buludları süpürüb, göy üzünü tərtəmiz yuyub silmişdi və ətrafa çökmüş mavilik aerovağzalın şüşə qalereyasını da əhatə eləmişdi: şəffaf qalereyanın içində adamlar görünürdü - qarşılayanlar, yola salanlar; uçub gedənlər, uçub gəlmişlər... Təyyarədən düşüb qalereyanın içiylə gedən sərnişinlər içində Zaur da addımlayırdı və qalereyanın o biri başında, qarşılayanlar içində Təhminə dayanmışdı. Zaur onu lap uzaqdan gördü, əl elədi. Təhminə də Zauru gördü və ona tərəf atılmaq istədi, amma tünd-göy rəngli xidmət paltarı geymiş qız təbəssümlə onu saxladı - qarşılayanların qalereyaya keçməyə ixtiyarı yox idi... Zaur bunu gördü, qaçdı Təhminəyə sarı, yeddi-səkkiz metrdən sonra Təhminə onun boynuna atıldı: -Zaurik, - dedi, - nə yaxşı ki, gəldin... Çox-çox illər sonra, qoca yaşlarında, hərdənbir ömrünün acı və xoş xatirələrini fikrində arıtlayanda, şadlıq və kədər günlərini yada salanda Zaur düşünürdü: əgər həyatı boyu bəxtiyar illəri, ayları, günləri, saatları, dəqiqələri olmuşdusa - xoşbəxt dəqiqələrinin ən xəşbəxti bax bu bir neçə an idi - Domodedova aeroportunun şəffaf qalereyasında – uzaqdan Təhminəni görəndə, ona tərəf qaçanda, Təhminəni qolları arasına alanda və Təhminə deyəndə: -Zaurik, nə yaxşı ki, gəldin... *** -Baqaj nədi, dəli olmusan?.. Elə-beləcə gəlmişəm. Gedək. Taksilər harda dayanır?
Təhminə: -Yox, - dedi, - mən bura tez gəlmişəm, - sənin təyyarəni gözləyən vaxt buradakı meşədə gəzdim. Bilirsən nə gözəl meşədir... Gedək göstərim sənə... Şosedən çıxıb şam meşəsinə girdilər. Zaur Təhminəni öpmək istədi, amma Təhminə barmağını dodaqlarına qoyub: -Sss, dayan, bir qulaq as, - dedi... İnanılası deyildi, amma Zaur həqiqətdə də eşitdi... Adamın ağlına sığışmırdı ki, burada, təyyarə uğultusundan qulaq batan müasir aerovağzalın yaxınlığında, üstündən vıyıltıyla elədən-belə maşınlar keçən şosenin lap böyründə - quşlar cəh-cəh vururdu, elə bil bütün bu hay-küyü vecinə almırdılar... Zaur: -Lap bülbül kimi cəh-cəh vururlar, - dedi. -Doğrudan, adam heç inana bilmir, hə? Gül-bülbül, aşiqməşuqə gülməlidir eləmi?.. Orta əsr qəzəllərindən çıxıb gəliblər elə bil... Amma Zaurik, bu ki, yalan deyil, əzizim, doğrudan da, elə bil bülbül oxuyur. Özü də zalım gör nə baş alıb gedib, gör necə cəh-cəh vurur... Bizimçün oxuyur, e, Zaur, eşidirsən. Qollarını Zaurun boynuna doladı. - Qulaq as, Zaurik. - Təhminə indi pıçıltıyla danışırdı. - Gərək mən sənə bu sözü deməyəydim. Bilirəm bunu demək düz deyil, gərək deməyəm... amma... sevirəm səni, Zaurik... dəli kimi sevirəm... Sənsiz dura bilmirəm... Səndən başqa heç kəs lazım deyil mənə... bilirəm gərək deməyəydim bütün bunları sənə... - güldü. – İndi quduracaqsan yəqin, dartıb özüvü qoyacaqsan dağ başına... amma neyləyim, demək istəyirdim bunları sənə... Zaur da pıçıltıyla dedi: -Təhminə, yəqin mən də sənə deməməliyəm bu sözləri, amma mən də deyəcəyəm: ölürəm səninçün, Təhminə... Sənsiz bir saat, bir dəqiqə qala bilmirəm... Bax, indi bu saat yıxılıb ölə bilərəm xoşbəxtliyimdən. İstəyirsən çıxım şoseyə, özümü atım maşının altına, bax bu saat, bu dəqiqə... -Dəli, maşının altına niyə atırsan özünü. Onlar meşənin içiylə gəzirdilər və Zaur elə hey danışırdı. Təhminəni televizorda görməsindən, öz ad günündən, qonaqlardan, qonşulardan, hətta Firəngizi ona ərə vermək niyyətlərindən... Zaur indi yaşadıqları anların səadətiylə o dərəcədə sərxoş idi ki, bu xəbərin Təhminəni ağrıda biləcəyini heç ağlına da gətirmirdi: içi bəxtiyarlıqla limhəlim elə dolmuşdu ki, bu bəxtiyarlığın bütün ətrafdakılara da sirayət edəcəyinə, onları da xoşbəxtlik dəryasına qərq edəcəyinə şübhəsi yoxdu... Doğrudan da, bu xəbəri eşidəndə ani bir kölgə keçdi Təhminənin sifətindən, amma o dərhal gülümsündü və Zaurun Firəngizlə evlənməsini zarafata saldı. Təhminə onu öpürdü. Moskvaya gəlmələrindən, verilişdən danışırdı, deyirdi ki, burada yaman bəyəniblər verilişi də, Təhminənin veriliş aparmasını da... Meşədən çıxıb şoseylə addımladılar. Moskvayacan piyada getmək istəyirdilər, - Moskvaya isə yetmiş kilometr qalırdı... Zaur indi sevdiyinə də əmin idi, sevildiyinə də və sevgi onu elə qüvvətli bir xoşbəxtlik duyğusuna bürümüşdü ki, heç bir şey bu səadəti yaralaya bilməzdi və ona görə də Zaur Spartak söhbətini də elə-belə, sözarası saldı, dedi ki, bu qeybətlər neçə gün məni dəli-divanə eləmişdi... neçə gecə yuxumu qaçırmışdı. Təhminə: -Ay səfeh, gör bir kimə qısqanırsan, - dedi. - Adam da hər axmaq sözə, hər iyrənc qeybətə inanar?.. Spartak gicbəsərin biridir... heç ağlıva sığışdıra bilərsən ki, onunla mənim armada bir şey ola bilər? Yəni heç məni tanımırsan? Ya onu tanımırsan bəlkə? Demişəm sənə ki məsələ necədir. Spartak mənim bir rəfiqəmlə görüşürdü və həmin o rəfiqəmin xahişi ilə bir-iki dəfə zəng eləmişəm Spartakgilə, bu, düzdür! Anası da yəqin sonra bilib ki, zəng eləyən mənəm... Amma mənimlə ömründə iki gəlmə kəsməyib anası, o da ki, qalsın davamız ola... Mən yəni o günə qalmışam ki, onun anasıyla ağız-bağıza verim?.. Əcəb fikirdəsənmiş mənim haqqımda. Zaur indi, Spartak sarıdan tam bir arxayınçılıq duyarkən Dadaşın dediyi o televiziya rejissoru haqqında da soruşmaq istədi, heç olmasa bilsin görək o da burada Moskvadadırmı. Amma bunun nə mənası vardı, madam ki, Təhminə Zauru bura, yanına çağırmışdı və Zaur gəlmişdi, - onda deməli, həmin o rejisorun Moskvada olub-olmamağının Təhminəyçün heç bir təfavütü yox imiş… Yaxşı, bəs Dadaşın dediyi o baza müdirləri, alverçilər - Təhminənin tanış-bilişləri, o barədə necə, söz salsınmı? Amma Təhminə, sanki Zaurun fikirlərini oxuyubmuş kimi özü danışmağa başladı: -Zaurik, - dedi, - bunu bil: mənim barəmdə çox şey danışırlar və bundan sonra, məhz bax elə sənə daha çox iftiralar uydurub deyəcəklar... Əgər ürəklərinə damsa ki, biz səninlə doğrudan-doğruya xoşbəxtik, bunu heç bir vaxt bağışlamayacaqlar bizə... Yüz çirkab tökəcəklər başımdan və çalışacaqlar ki, bunların hamısı sənin qulağına çatsın. Amma mən istəyirəm ki, sən bir neçə şeyi dəqiq biləsən, Zaur. Birincisi odur ki, mələkə-zad deyiləm, bu barədə heç bir illüziyan olmasın. Amma bu da həqitətdir ki, mən hələ heç kəsi səni sevən kimi sevməmişəm və indiyəcən hələ heç kəsə də deməmişəm ki, onu sevirəm... Bax ən böyük, ən əsas həqiqət budur... Zaurik, dünyada bir həqiqət, bircə həqiqət var - qəlbin həqiqəti və səadət, xoşbəxtlik də elə budur, vallah. Bax, bu axşam var dünyada, bu meşə var, quşlar oxuyurdu bu meşədə, sən varsan, mən varam, bir-birimizi sevirik, bir yerdə olanda bəxtiyar oluruq, - budur bax həqiqət və bundan başqa heç bir ayrı həqiqət yoxdur. Sən uçub Moskvaya gəlmisən, orada aerodromun qalereyasında uzaqdan səni görüb bilirsən necə sevindim! Bəs sən?.. -Mən də... -Görürsən... Bax bu dəqiqələr var e, bu şoseylə Moskvaya gedirik ikimiz - sən və mən, - bəxtiyarlıq budur, Zaurik, həqiqət, ən böyük həqiqət də budur... Ayrı bir həqiqət arama bizim münasibətlərimizdə... Bir yerdə olduğumuz dəqiqələrin xoşbəxtliyi ilə yaşa... Budur əsl həqiqət… ...düz deyirmiş Təhminə… *** Uzun zaman şoseylə piyada getdilər, sonra yoruldular, avtobusa mindilər, avtobus adamla dolu idi - balıq ovundan qayıdan tilovlu adamlar da çox idi avtobusun içində. Nogin meydanında düşdülər… Moskva çayının sahili ilə addımladılar... Təhminə: -Bu da mənim iqamətgahım, - dedi. "Rossiya" otelinin pəncərələrindən axşam işıqları şölələnirdi, çəhrayı pərdələr işıqları öz rənginə boyayırdı... Frunze sahilinə çatdılar, damında aeroflotun reklamı yanan üçmərtəbəli evin həyətindən keçib Krım körpüsünə çıxdılar... Onlar heç kəsin tanımadığı böyük və şən şəhərdə azadlıq, asudəlik duyğularında məst kimiydilər, qol-boyun olub halayvalay vura-vura gəzirdilər. Elə bil illərin yükünü də atmışdılar üstlərindən, - elə bil on altı-on yeddi, ən çoxu on səkkiz yaşındaydılar, tanımadıqları adamlarla salamlaşırdılar və bu adamlar da təəccüblə onlara cavab verirdi, gül alırdılar və cavan oğlanlarla qızlara bağışlayırdılar, telefon avtomatlara girib Bakı nömrələriylə Moskva abonentlərinə zəng vururdular və Dadaşın nömrəsinə cavab verən boğuq səsli kişidən Dadaşı xəbər alırdılar. Mübahisə edirdilər: eyni telefon nömrələrinin Bakıdakı və Moskvadakı sahiblərinin səsləri oxşayır bir-birinə, ya yox... Oteldəki liftlərin üstündə də mərc çəkirdilər. Hansı tez gələcək. Zaur ikinci, Təhminə üçüncü deyirdi. Üçüncü əvvəl gəldi və Zaur Təhminəyə bir manat uduzdu... Məlumat kioskunun qarşısında növbəyə durdular, növbələri çatanda soruşdular: "Moskvada xoşbəxt adamın ünvanını verə bilərsinizmi", məlumatçı qız mat-mat onlara baxırdı və hər ikisi "Soruşsalar, bizim ünvanımızı verin", - dedilər... Tirə girdilər... Zaur sərrast nişan atıb ətir uddu. Təhminəyə bağışladı. Təhminə dedi ki, mütləq bu ucuz ətiri də bahalı fransız ətirlərinin tərkibinə qatacaq, - onda qoxusunun sirri lap açılmaz olacaq - səadət qatılacaq bu qoxuya-deyirdi... Dondurma satan arvaddan dondurma alarkən ona Mixail Vasilyeviçdən çoxlu salam dedilər... Arvad gözünü döydü, hansı Mixail Vasilyeviç?.. Küçəni düz keçmədilər, milis saxladı onları, üç manat cərimə istədi. Zaur pulu uzadandan sonra milis qəbz verdi… Təəccüblə qəbzi aldılar, serjant Trofimovun imzasından, cərimənin səbəbindan və məbləğindən başqa orada bugünkü tarix də yazılmışdı - 25 sentyabr. Zaur qəbzi cırıb atmaq istəyirdi. Təhminə qoymadı, səliqəylə büküb sumkasına atdı… -Heç bunu cırmaq olar? - dedi. - Bu bizim ən xoşbəxt günümüzün qəbzidir. Serjant Trofimov özü təsdiq edib bu tarixi... Qoy yadigar qalsın... Dünyada yeganə təqsirimizin – Kutuzov prospektini düz keçməməyimizin şəhadəti kimi qalsın. Zaur: -Yaxşı, - dedi. -Gedək mənim nömrəmə... -Sənin nömrənə? -Hə, mən təkəm nömrədə. -Məni buraxarlar? -Növbətçiylə danışmışam... Dost olmuşuq onunla, məni görübmüş televizorla... Elə bil nə isə sancdı Zaurun ürəyində. Təhminənin belə asanlıqla növbətçiylə dil tapıb yad adamı nömrəsinə gətirməsi nə isə pis təsir bağışladı ona. Təhminə elə bil onun ürəyindəkiləri oxuyaraq. -Amma, sən allah, yenə ilan-qurbağa gəlməsin fikrinə, - dedi: - İntəhası mən bu gün gündüz sənin teleqramını göstərdim növbətçiyə, hər şeyi olduğu kimi dedim və arvad məni başa düşdü. *** -Dayan, elə yox, yavaş, dayan, özüm soyunum... İşığı keçir... Gəl bura... darıxmışam səninçün yaman... Canımsan mənim... Ay allah, dəli olacağam mən... Zaurik, mənsiz necə dözürdün bu qədər vaxt... əzizim mənim, canım... Gecənin ən gizlin, ən isti sözlərini deyirdi Təhminə, ən çılpaq sözlərini. Nömrədəki reproduktordan musiqi eşidilirdi. Qadın müğənni həzin və yorğun səslə kədərli bir mahnı oxuyurdu... Sonra onlar sakit uzanıb siqaret çəkəndə Təhminə dedi: -Bilirsən bu nə mahnı idi, Zaur? -Yox. -Qədim gürcü mahnısı. Bütün bu gün və bu gecə ərzində ilk dəfə olaraq yavaşdan və qəmli-qəmli əlavə etdi. -Mən olmayanda birdən bu mahnını eşitsən hər şey yadına düşəcək. Moskva, bu gecəmiz... "Mən olmayanda", - deyə Zaur onu yamsıladı. - Yenə başladın? -Bilirsən, həyatdır, hər şey ola bilər. Sən başqa qadınlarla da ola bilərsən və lap yəqin olacaqsan da... Amma bu cür olmayacaq Zaur, heç kəslə olmayacaq bir də, mən bilirəm.. Ayrı cür ola bilər, bəlkə bundan da yaxşı, amma bu cür yox... Ola bilməz ki, hər şey bax beləcə təkrar olsun. Domodedovo meşəsindəki quşlar da, o küçədəki cərimə də, bu qədim gürcü mahnısı da... Bu bizimdir, ancaq bizim... Başqa heç kəsin... Onunçün də mən arxayınam... …düz çıxdı Təhminənin sözləri… *** Səhər saat 10-da Mayakovski metrosunun yanındakı yeraltı keçiddə Bakı təyyarəsinə bilet aldı... Aşağıda, perronda ayrıldılar. Təhminə telestudiyaya getdi, məşqi vardı... -Axşam 9-da, Şabolovkada, televiziyanın qabağında gözlə məni, - dedi və uzaqlaşan qatarın pəncərəsindən Zaura əl elədi... Zaur eskalatorla yuxarı qalxdı. Mayakovski meydanına çıxdı, Qorki küçəsiylə Baş Teleqrafa tərəf addımladı... Dünəndən bəri heç nə yeməmişdi, yatmamışdı, amma nə yorğunluq hiss eləyirdi, nə yuxusuzluq... Qısamüddətli səhər yağışının yuyub islatdığı səkilərlə yeriyir və bir saat, beş saat, səkkiz saat bundan qabaqkı kimi yenə də Təhminənin pıçıltılarını eşidir, sığallarının, əllərinin, saçlarının, dodaqlarının təmasını duyurdu... Moskvanın bütün gözəl qadınları - payız küçəsinin bütün qadınları Təhminəni xatırladırdı Zaura və heç biri ona tay ola bilməzdi... Zaur dünən Təhminəylə keçdiyi yerlərdən indi tək keçmək istəyirdi, amma bu təkliyində tənha deyildi, Təhminə də onunlaydı - sözləri, nəvazişləri, pıçıltıları, ən çılğın məhəbbət anlarında gah yumşaq, gah ehtirasdan boğulmuş kəsik gülüşləri, dodaqlarının istisi, uzun incə barmaqlarının sərinliyi, küçədə, liftin, eskalatorun, ya avtobusun basabasında qeyri-ixtiyari, qəsdənmi, təsadüfənmi Zaurun köksünə qısılması, belinin, dizlərinin toxunuşu yalnız fikrində, xəyalında deyil, bədəninin hər hücrəsində yaşayan, nəbz kimi döyünən xatirələr – Zauru indiyə qədər heç bir vaxt duymadığı, yaşamadığı bir səadət burulğanına qərq edirdi və bu burulğan içindən yenə də Təhminənin sifəti, gülüşü, danışıqları durulub çıxırdı. Nə qədər söhbətlər etmişdi Təhminə bu gecə. Elə bil indiyəcən dəniz sahilindəki yay görüşlərində demədiyi, danışmadığı, ürəyində saxladığı bütün sözləri, bütün söhbətləri bu ilıq Moskva gecəsində deyib qurtarmaq istəyirdi... Uşaqlığından danışırdı ən çox. Pirşağıdakı bağlarından, yayın son günlərindən, çimərlikdə düzülmüş əlvan pioner dəstələrindən, bazar günləri həmişə saat ikidə verilən muğamat konsertlərindən – aram melodiya dənizin, qızmar sahilin, odlu qumların üstündən tüstü kimi uçub gedirdi. Uşaqlığından əbədi tərk olunmuş diyar kimi danışırdı, elə bil, didərgin, itkin düşmüşdü bu diyardan... Qızmış qumlar günorta çağı yalın ayaqlarını yandırardı, axşamlar isə qumlar soyuq və nəm idi. Gecə qonşularıgildən evlərinə qayıdanda üzüm meyvələrinin arasından hoppanarkən qorxurdu ki, birdə gümüşü ayın ziyasında, boz qumların içində görünməz olmuş ilanı basdalar, ilan qayıdıb çalar onu. Qonşularıgildə aşiq olmuş ilanlar haqqında əfsanələr danışırdılar, and içirdilər ki, ilanın bir qıza bənd olub onu təqib etməsini öz gözlərilə görən olub... Qonşuda onun tay-tuşları balaca uşaqlar çox idi... cürbəcür oyunlar oynardılar, bir-birinə qorxulu əhvalatlar danışardılar, gecəyarısı balaca Təhminə evlərinə qayıdanda bu qorxulu nağılların vahiməsindən xoflanardı, aylı gecədə qarışıq kölgələrdən eymənərdi, əti ürpəşərdi... Eyvanlarına ayaqlarının ucunda qalxardı ki, atasını və nənəsini oyatmasın, ehmallıca miçətkənin altına girərdi, amma yuxulamazdı, iri ulduzlarla bəzənmiş açıq yay səmasına baxar və uzaqdan - neftçilərin istirahət evindən eşidilən musiqi səslərinə qulaq verərdi. Orada rəqs edərdilar. Cürbəcür musiqi havaları çaldırardılar, amma hər gecə ən axırda eyni tanqoyla bitirərdilər bu konserti, həmin tanqo indiyəcən Təhminənin qulaqlarındadır, sözlərini də xatırlayır... Bu tanqoda deyilirdi ki, batan günəş həzin-həzin dənizlə vidalaşır. İndinin özündə də tasadüfən bu tanqonu eşidəndə gözləri dolur, uşaqlığı, bağları, atası yadına düşür. Neftçilərin istirahət evində Təhminədən on-on iki yaş böyük oğlanlar və qızlar rəqs edərdilər, onların aləmi özgə bir aləm idi, musiqi, tanqolar, aylı gecələrdə sahil gəzintiləri, görüşlər və ayrılıqlar, sevgi və şirin ağrılar vardı bu aləmdə. Təhminə sevinirdi ki, bu aləm onunçün hələ irəlidədir... Anası yadına gəlmirdi, yaş yarımında itirmişdi anasını, onu yalnız köhnə, saralmış fotolarına görə xəyalında canlandırırdı, lap uşaq yaşlarında möcüzəyə inandırmışdı özünü ki, anası ölüb eləməyib, hardasa uzaq bir yerdədir, bir gün gəlib çıxacaq. Təhminəyə iri, yaraşıqlı kukla, çoxlu konfet və - nədənsə bunu həmişə düşünürdü - sarı, güllü iri çətir gətirəcək... Anasını uzun ağappaq paltarda təsəvvür eləyirdi həmişə, özü də həmişə onu lalələrlə dolu olan ucsuz bucaqsız bir düzənlikdə görürdü. Anasının səsini, danışıq tərzini heç cür xəyalında canlandıra bilmirdi, odur ki, anası haqqında düşünəndə onun səsini tanış qonşu qadınlarından birinin səsi, danışıq tərzi kimi qavrayırdı. İllər keçdikcə yaşı artdıqca Təhminə bu xəyalların puçluğunu başa düşürdü. Nənəsi bir dəfə ona anasının qəbrini də göstərmişdi. Artıq dərk edirdi ki, anası doğrudan-doğruya ölüb və heç zaman gəlməyəcək. Amma buna baxmayaraq, ulduzlu yay gecələrində yenə də anası haqqında düşünürdü, indi daha gələcək zamanda yox, keçmiş zamanda... Anasının bir gün diriləcəyini, qayıdıb gələcəyini fikirləşmirdi, anasının bir vaxt necə, nə sayaq diri olduğunu, yaşadığını təsəvvüründə yaşatmaq istəyirdi... Xəyalında canlandırırdı anasının və atasının cavanlıqlarını - lap gənc vaxtlarını. O çağı ki, o vaxt heç Təhminə də yer üzündə yox imiş, hələ atasıyla anası təzə-təzə gəzməyə başlayıblarmış. Təhminə gözlərini yuman kimi aylı gecə, dəniz sahilini görürdü və cavan atasıyla cavan anası məhz bu sahildə görüşürdülər, ay da məhz bax elə indiki kimi işıqlandırırdı qumları, suları, uzaqdan da məhz elə bu musiqi - bu kədərli tanqo eşidilirdi və atasıyla anası - ikisi-boş sahildə onlardan başqa heç kəs yox idi -uzaqdan gələn musiqi sədaları altında tanqo rəqsini oynayırdı və ikisi də bilirdi ki, bu son rəqsləridir, indi, bu an - xoşbəxtdirlər, amma bu xoşbəxtlik bitməyə, qurtarmağa, bir daha qayıtmamağa məhkum olmuş bir bəxtiyarlıqdır. Sonra Təhminə dedi ki, lap bu yaxınlarda, bir ay bundan qabaq yenə yuxuda ata-anasını görmüşdü, anası uzun ağ paltarda, atası isə yaxası açıq apaş köynəkdə idi, aylı gecədə, həmin o sahildə rəqs edirdilər. Yuxuda həmin tanqonu da eşidirdim: "Utomlennoe solnüe nejno s morem prohalosğ". "Yuxuda elə ağlayırdım, hıçqırıq boğurdu məni, bütün yastığım göz yaşlarından islanmışdı, - bir an susub, əlavə etdi. - Manaf oyatdı məni ki, nə olub sənə belə"... İlk dəfə Manafın adını çəkdi, amma heç bir şey danışmaq istəmirdi əri haqqında. Qonşusu Mədinə haqqında danışırdı, deyirdi ki, Mədinə əsl dostdur, qadınlar arasında bu cür etibarlı dost tapmaq çətin məsələdir. Mədinə heç bir vaxt məni satmaz, deyirdi, Dadaş haqqında danışırdı, deyirdi ki, Dadaşdan qurbağadan, siçandan çimçişən kimi çimçişir, o idarədə stollarının yaxın olmasına belə güclə tab gətirirdi, çünki belə məsafədə də Dadaşdan həmişə tər iyi gəlirdi, lap ürəyim bulanırdı... Nemətdən danışırdı, deyirdi ki, bir dəfə Nemət gecə saat dörddə mənə zəng eləmişdi, yox, ay axmaq, əlbəttə, eşq elan eləmək üçün yox, kim gecənin bu vaxtı eşq elan eləmək üçün zəng vurar, yox, ürəyinin dərdlərini danışırdı. Nemət, deyirdi ki, həyat onu sıxır, boğur, mən nə bilim nə, insandır da... Spartak? Əşi, nə yapışmısan bu Spartakdan? Axmağın, yelbeyinin biridir Spartak... Amma deyim sənə, o qədər də axmaq deyil ha, hər halda yaxşıca pul qazanmağın fəndin bilir... Bilirsən heç necə dövlətlidir Spartak? Atasının pulu! Ay-hay, atası pensiyaya dolanan adamdır, atasının o qədər pulu hardandır, əksinə, Spartak dolandırır atasını da, anasına da, elə bacısını da geyindirib-kecindirən Spartakdır, hə, tamam yadımdan çıxmışdı, axı, onun bacısı sənin gələcək adaxlındır, baxtın kəsib, Zaurik, Spartak bacısıyçün bir cehiz verəcək, gəl görəsən, bütün ömrün boyu Spartakın hesabına kefnən yaşaya bilərsən, yaxşı, yaxşı, qaşqabağını sallama, zarafat eləyirəm də, zarafatdan inciməzlər ki, sənə qurban olum. Spartak kimdir? Spartak sənin dırnağına da dəyməz, o niyə səni saxlasın ki... Amma zarafat bir yana qalsın, Spartak pula pul demir... Moskvaya gələndə üç-dörd oteldə nömrə saxlayır. Niyə? Nə bilim niyə, harınlıqdan, varlığa nə darlıq. "Rossiya"da da həmişə beşotaqlı lüksda qalır, bir dəfə bərk pərt idi ki, həmin o beşotaqlı lüksa düşə bilməyib. Çünki o vaxt həmin luksdə arxiyepiskop Makstios qalırmış. Spartak zəncir çeynəyirmiş lap. -Yaxşı, soruşmaq ayıb olmasın, sən bütün bunları hardan bilirsən? -Özü danışıb... Rəfiqəmə danışırmış, o da mənə söhbət eləyib... Əlbəttə, Spartak gopçudur, birinin üstünə beşin qoyub danışır, amma hər halda dili varsa, dilçəyi də var... Pul olandan sonra... -Yaxşı, hardandır axı, bu qədər pulu? -Demişəm sənə, alverçidir də .. -Bəs qazamata düşməkdən qorxmur? -Əlbəttə, gec-tez ilişəcək... Amma dindirsən gör sənə nə cavab verir. Onsuz da hamı ölüb gedəcək, deyir. Dünya beş gündür, nə qədər imkan var, kef çəkəcəm, harda qırıldı-qırıldı... -Görürəm, sən Spartakın həyat fəlsəfəsinə əməlli-başlı bələdsən. -Zaurik, yəni doğrudan sən belə səfehsən ki, məni Spartak kimi bir əyyaşa qısqana bilərsən? -İnanmıram ki, fikri pul və qadın olan bu əyyaş sənin kimi gözələ biganə qalsın... Yəni heç sənə girişməyə cəhd eləməyib? -Necə yəni əlbəttə, eləyib... Lap sino gedirdi mənimçün... Nə vədlər vermirdi, ilahi, şuba, daş-qaş, nə bilim daha nələr... Amma çox tez başa düşdü ki, mən o deyən yuvanın quşu deyiləm, belə-belə şeylərlə mənim başımı tovlamaq olmaz. Onda... ilahi, sən özün saxla. - Təhminə qəhqəhə çəkib güldü - Spartak ayrı üsula əl atdı. Mənə şer oxumağa başladı... Allahuəkbər... ha, ha, ha... -Nə oldu bəs? -Necə nə oldu? Şerlərinin təsiri də elə şuba, daş-qaş vədləri kimi... Spartak da, baxma, o qədər də axmaq deyil, başa düşdü ki, bir şey çıxmayacaq, amma onda da... başladı ağzın boş qoyub orda-burda danışmağa, guya ki, mənimlə arasında nə isə var... Bax, sən bayaq danışanda ki, anası belə deyir, mən o saat barmağımı dişlədim, lap yəqin anasının beyninə bu fikri Spartak salıb. Anası axı onun məhəbbət macəralarıyla bərk fəxr eləyir... Elə ki, Manaf Bakıdan bir yerə getdi, Spartak o saat gətirib maşınını bizim evimizin qabağında saxlayır, bəzən gecənin yarısınacan, səhərə qədər maşın orda durur. Özü, allah bilir, hara gedir, bəlkəm də elə evlərində yıxılıb yatır... Bir anekdot var e, eşitmisən hərəmxana haqqında... Hərəmxana sahibi arvadlarının hər birinə deyir ki, o biri arvadımın yanına gedəcəyəm bu gecə, özü də gedib tək yıxılıb yatır. -Niyə? -Nə niyə? Hərəmxana sahibi niyə tək yatır? -Yox, Spartak niyə maşını sizin evin qabağında qoyur? -Məlumdur niyə... Şəhərdə hamı onu tanıyır axı, maşınını da tanıyırlar. Hamı da bilir ki, o evdə mən yaşayıram və ərim də bu vaxt Bakıda yoxdur... İndi gecə bizim evin qabağında Spartakın maşınını görəndə nə düşünəcəklər... Bir yandan da özünün dili bir belə... -Yaxşı, sən niyə buna son qoymursan, demirsən ona? -Nə deyəcəm? Zaurik, neçə dəfə demişəm ki, sənə: mənim barəmdə nə danışırlar qoy danışsınlar, vecimə deyil. Mən elə hesab edirəm ki, insanın öz daxili əxlaqı olmalıdır və əgər bu əxlaq varsa, insan öz daxili əxlaqına sadiqdirsə, bütün zahiri şeylərin heç bir əhəmiyyəti yoxdur - kim nə bilim nə dedi, nə fikirləşdi. -Yaxşı, bir şeyi başa düşmürəm: bütün bunları bilə-bilə Spartakla haqq-salamı niyə kəsmirsən? -Nə haqq-salam, əşi? İldə-ayda bir dəfə rast gəlirəm ona... Hərdən görürsən Spartakdan da adama xeyir dəyir, bir şey-zad lazım olanda deyirəm, o saat tapıb gətirir. Bax, məsələn, elə sənin bu "Ronson"unu o tapıb gətirdi mənə. Zaur ad günündə Spartakın alışqana mənalı-mənalı baxmasını yada saldı, bu baxışın səbəbini ancaq indi başa düşdü və pərtləşdi. -Əgər mən bilsəydim... -Yaxşı, yaxşı özündən çıxma. Öz puluma almışam bu hədiyyəni, intəhası tapmağına Spartak tapdı. Pulun almaqistəmirdi, gücnən verdim... Adamın allahı var: Spartak nə cür həllöyüş olsa da, hər halda xəsis adam deyil. "Xəsis olmaz da - deyə Zaur fikirləşdi. - Bu qədər müftə qazancın olanda, səxavətli olmağa nə var ki. İllah da gözəl qadının yanında…U Spartakın əliaçıqlığı, ciblərinin dolu olması, Təhminənin bu barədə ağızdolusu danışması Zauru incidirdi, əlbəttə... Zaur deyəndə ki, Spartak atasının pullarını xərcləyər, Təhminə gülmüşdü də, əksinə, demişdi, bütün ailə Spartakın hesabına dolanır, Spartakın puluna, Spartakın səxavətinə. Bu da dəyirdi Zaura. Təhminə qeyri-ixtiyari onun zəif damarına toxunurdu, axı, Zaur özü, 24 yaşında ali təhsilli gənc olsa da, hələ də atasının hesabına geyinib-gecinirdi, gəzib-dolanırdı. Amma hər halda bütün bunlara baxmayaraq, Təhminə Zauru sevirdi... Spartakın var-dövləti, səxavəti, hətta şer oxuması da Təhminəni cəlb eləməmişdi, bu Moskva gecəsində, otel nömrəsində Təhminə məhz Zaurun boynunu-boğazını öpüşlərə qərq edir: -Sevirəm səni... sən hamıdan yaxşısan... mənim canımsan, əzizimsən, - deyirdi... İndi gündüz Moskva küçələrini dolaşıb bütün gecəki sözləri, xatirələri bir daha yaddaşında oyatdıqca, çək-çevir elədikcə Zaur ancaq və ancaq bəxtiyarlıq hissi keçirirdi, heç bir xalla, heç bir fikirlə ləkələnməmiş tam bir xoşbəxtlik duyğusu. Və bu duyğu o qədər qüvvətli idi ki, aşıb-daşıb içindən çıxırdı, başqalarına, küçədən keçən yad adamlara da yoluxurdu. Zaura elə gəlirdi ki, bu hissin gücü qarşısında heç nə dayana bilməz, bu hiss hamını inandırmağa və bütün maniələri dəf etməyə qadirdir. O əmin idi ki, hətta ata-anası belə bu hissin şiddətini bilsələr, heç bir etirazları qalmaz. Məgər öz oğullarının düşmənləri idi ata-anası, məgər arzuları onu xoşbəxt görmək deyildi və əgər belədirsə, Zaur ömründə birinci dəfə olaraq sözün əsl mənasında xoşbəxt ikən nə deyə bilərdilər axı? Bu xoşbəxtlik nəinki ata-anasına, hətta qonşularına, Alya xanımgilə də sirayət etməliydi. Zaur inanırdı ki, Murtuzovlar belə, Firəngizi nə qədər Zaura ərə verməyi arzulasalar da, onun indiki xoşbəxtliyi qarşısında çəkilməliydilər, "qismət bu imiş" deyib Zaurla Təhminəyə uzun birgə ömür arzulamalıydılar. Və bütün başqa tanış-bilişlər də belə... və o cümlədən Təhminənin əri Manaf da belə... "Mənimlə xoşbəxt olmadı, barı Zaurla xoşbəxt olsun" deyə qırağa çəkilməliydi Manaf və ümumiyyətlə, bütün adamlar bu dünyada belə nadir şey olan həqiqi səadəti görüb ona qibtə eləməliydilər. Firəngiz, doğrudan, yaxşı qızdır, fağır .. Evlənmək olardı onunla, ala bilərdim onu, yaxşı ailə qura bilərdik. Amma nə edəsən ki, bu dünyada Təhminə var və Zaurun bəxtinə də məhz belə qəliz və xoşbəxt sevgi düşüb. Yeddinci fəsil Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbr Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?! Axşam doqquzda Şabalovkaya gəldi, telestudiyanın qarşısında var-gəl eləməyə başladı. Studiyanın çöl qapılarından içəri elə hey adam girib-çıxırdı. Zaur da bir on beş dəqiqə bayırda gözləyib içəri girdi. İçəri foyedə də adam çox idi, dəmir məhəccərin yanında milis durmuşdu və foyenin o biri tərəfinə keçənlərin buraxılış vərəqələrini yoxlayırdı. Zaurun, təbii ki, buraxılış vərəqi yox idi, odur ki, foyenin o biri tərəfində qaldı... Foyenin bu tərəfi tüstü içində idi və hətta divardakı lövhədə də göstərilirdi ki, papiros çəkmək yeri məhz elə buradır. Lövhənin altında, döşəmənin üstündə dairəvi sink qutu qoyulmuşdu, belə qutularda lent saxlayırlar, indi isə həmin qutunun yarısı külqabı olmuşdu, papiros, siqaret kötükləri ilə dolu idi. Arabir bu qutunun yanına gəlirdilər, acgözlüklə bir-iki dərin qullab vururdular və siqareti divara basıb (divar kül ləkələrindən qapqara idi) qutuya atırdılar... Qara cemperli qız çiyninə palto ataraq küçəyə çıxdı, kimisə harayladı, geri qayıtdı... Başqa bir eynəkli qız telefonla harasa zəng eləməyə cəhd edirdi. Qara cemperli qız növbətçi milisə yanaşaraq kağız verdi ona: - Vot, pojaluysta, spisok akterov, oni seyças proydut, - dedi. Sallaq bığlı oğlan foyeyə çıxdı və bayırdan gəlmiş meşin pencəkli, özü kimi sallaq bığlı başqa bir gənci görüb: -Privet, starina, - dedi, - uqosti siqaretoy. Kakie u tebə? -Bete. Nu kak tebe? -Çto? -Nu, vçera. Fellini. -Nu, starik, qrandiozno oçumel, starik, süena v tunnele - gto obaldetğ mojno. -Da, koneçno, starik... No vse je znaehğ", po moemu, Fellini ot barokko prişel k rokoko... Nədənsə bu cümlə Zaura xususi ləzzət verdi, pıqqıldayıb gülməkdən özünü güclə saxladı... Eynəkli qız axır ki, niyyətinə çatdı, telefonda istədiyi adamın səsini eşidib: -İr, gto ə Ölğka, - dedi - Bitıy ças torçu zdesğ ne moqu do tebə dozvonitğsə. Təhminə foyenin o başından gəlirdi, uzun paltar geymişdi, yanında da iki kişi və uzun, sarışın bir qadın vardı. Zaura tanış gəlirdi bu qadın və az sonra yadına düşdü ki, onu ekrandan tanıyır - Moskva televizorunun diktoru idi. Kişilərdən biri də, görünür, moskvalı idi, o biri isə... Zaur, heç vaxt görməmişdi bu adamı, amma dərhal tanıdı, kim olduğunu təyin elədi. Şübhəsiz, həmin televiziya rejissoru, adı Təhminənin dilindən düşməyən Muxtar Məhərrəmov bu idi. Muxtar çox da yaşlı adam deyildi, amma başı ağarmışdı, birçəkləri tamam ağ idi, başında da ağ tüklər qaradan çox idi. Dolu bədəni bir az lırt təsir bağışlayırdı, bu təəssüratı qırış zamş pencəyi, əzik köynəyi və səliqəsiz bağlanmış qalstuku da artırırdı, bu adam, deyəsən üst-başına heç fikir verən deyildi. Ağıllı və kədərli gözləri vardı. Muxtarın sifəti yorğun idi. Həm də bu yorğunluq bir gərgin günün, bir yuxusuz gecənin əzginliyi deyildi, illərin yorğunluğu idi. Bu yorğunluqda həyatdan bezarlıq da olmasa, hər halda, dünyanın hər üzünə bələdçilikdən doğmuş bir pərişanlıq vardı, bu adam elə bil yaşının illərindən qat-qat artıq yaşamışdı dünyada və hər şeyi də bilirdi insanlar haqqında. Görünür, Muxtar Məhərrəmov elə sayaq adam idi ki, dünyada heç bir şeylə təəccübləndirmək olmazdı onu. Belə adamlar bədbəxtlikdən heç nəyə ürəkdən sevinə bilmirsə, xoşbəxtlikdən heç nəyə də dərindən kədərlənmirlər... Qəribədir, adamların başları da müxtəlif cür ağarır: bəzilərinin başı ağappaq qar kimi ağarır, bəzilərininki elə bil kif-atır... Muxtarın çallığı kül rəngində idi, amma elə bil yalnız saçları yox, sifəti də kül rəngində idi, alnında və dodaqlarının ətrafında dərin qırışlar, gözlərinin altında qara həlqələr vardı və Muxtar içində boğulmuş adam təsiri bağışlayırdı. Bircə dişləri ağappaq idi və Muxtar güləndə nazik qara bığlarının altından ağaran dişləri sifətinə xoş bir ifadə verirdi... Təhminə Zauru görüb əl elədi, amma gəlmədi ona tərəf, dayanıb dostlarıyla danışırdı... Söhbətləri nə isə uzanırdı, amma Zaur səbirlə gözləyirdi, bilirdi ki, indicə Təhminə onlarla görüşüb ayrılacaq, Zaurun yanına gələcək və onlar yenə də dünənki kimi Moskva küçələrini elədən-belə ölçəcəklər... Yenə də cürbəcür adamlar foyeyə girib-çıxır, vəsiqələrini göstərirdilər, yenə də ayrı-ayrı cümlə qırıqları, ayrı-ayrı sözlər dəyirdi Zaurun qulaqlarına: "trakt, monitor, Xutsiev, Xesin, Fellini..." Nəhayət, Təhminə dostlarıyla vidalaşmağa başladı, əvvəlcə əlini kişiyə uzatdı, kişi Təhminənin əlindən öpdü, sonra qadın diktorla qucaqlaşıb öpüşdülər, sonra isə hər ikisinə bir daha əl eləyib, çıxışa tərəf addımladı. Muxtar da moskvalılarla görüşüb Təhminənin yanınca gəlirdi. Zaur heç bu variantı ağlına gətirməmişdi... Təhminə: -Tanış olun, - dedi. - Zaur - Muxtar... Hər ikinizə birbiriniz haqqında o qədər danışmışam ki, elə tanış kimisiniz. Muxtar: -Çox şadam, - dedi və əlini uzatdı. Zaur da əlini uzadıb nəzakətlə: -Mən də şadam, - dedi. Təhminə: -Gedək, - dedi və onlar küçəyə çıxdıqda hər ikisinin qoluna girdi. -Yolumuz hayanadır, hara gedirik indi? - Təhminə heç birinə müraciət eləmirdi, amma birinci Muxtar cavab verdi: -Sənin kefin hara istəsə… Təhminə: -Bilirsən nə var, Zaur, - dedi. Zaur öz-özünə qeyd elədi ki, Muxtarın yanında ona "Zaurik" yox, Zaur deyir. - Muxtarın başına gözəl bir fikir gəlib, bizi yeməyə dəvət eləmək istəyir. Məncə dahiyanə fikirdir bu, sən necə bilirsən? Zaur tutulmuşdu, axı ona elə gəlirdi ki, bu axşam da ikisi olacaqlar, dünənkitək... Amma budur bax bu Muxtardır nədir, hardansa çıxdı ortalığa və Təhminə də indi onun adından dəvət eləyir Zauru şam yeməyinə. Belə görünür ki, Muxtarın hesabına... Özü niyə dinmir bəs. Muxtar: -Zaur, - dedi, - əgər, axşam elə vacib işiniz yoxdursa, gedib bir yerdə oturmaq pis olmazdı məncə, hə? "Gör bir məsələni necə qoyur? Vacib işiniz yoxsa... Burada mənim Təhminədən başqa nə vacib işim ola bilər?.. Yəni məgər bilmir bizim Təhminəylə münasibətlərimizi?.. Təhminə qandırmayıb onu?.." Pis bir fikir gəldi Zaurun başına: "Bəlkə elə mən özüm də Təhminəylə həmin bu Muxtarın əsl münasibətlərindən bixəbərəm... Bu nə söhbətdir belə: "vacib işiniz yoxsa...". Tutalım ki, mənim vacib işim olsaydı, mən Təhminəni bununla qoyub gedəcəydim bəyəm...". Amma qəribədir ki, Zaur Muxtara yox, Təhminəyə əsəbiləşirdi... bu ikibaşlı münasibətlər üçün əsəbiləşirdi... Bir istədi açığcan desin ki, hə, vacib işim var; amma qorxdu ki, onu saxlayan olmasın, elə Təhminə də o cümlədən, madam ki, vacib işin var, xoş gəldin… -Yox, bir elə işim yoxdur, - dedi. Muxtar: -Lap yaxşı, - dedi. - Onda kino evinə gedək. Taksi saxladılar - Muxtar qabaqda oturdu, Zaurla Təhminə dalda. Muxtar ünvanı dedi. Gəlib çatdılar, Muxtar sürücünün haqqın verəndə də Zaur özünü birtəhər hiss elədi, indi burada qabağa düşmək, "yox, mən verərəm" demək gülünc olardı, axı, yeməklərinin daha böyük xərcini Muxtar çəkəcəkdi. Eyni zamanda Muxtarın hesabına taksiylə gəlmək, yemək də heç açmırdı Zauru: Şam yeməyinin hesabını verməyə isə heç bir imkanı yoxdu, cibində cəmi-cümlətanı onca manat pulu qalmışdı. Taksidə gələrkən Zaur susmuşdu. Muxtarla Təhminə danışırdılar, verilişləri haqqında, Moskva televiziyasının imkanları haqqında, onları bir neçə müddətdə sıx bağlamış olan ümumi işləri barədə söhbət edirdilər. Burada imkanlar, doğrudan da tamam başqadır. Bakıda iki trakt məşq olanda allahımıza şükür eləyirik, burada isə rejissor yeddi-səkkiz trakt ala bilir... Aparaturaları da necə kamildir, heç olmasa o sinxron videoyazı aparatının bircəciyi bizim studiyada olaydı. Amma bütün bu söhbətlərin dibində bir qürur hissi də vardı: bunlara baxmayaraq yaxşı bir veriliş hazırlaya, apara bilmişdilər. Hətta, Təhminəyə yarızarafat-yarıciddi burda qalıb işləməyi də təklif eləmişdilər. Muxtarı isə lap çoxdan bura dəvət edirlər. Kino evinin qapısında Muxtar üzvlük biletini göstərdi: - Bunlar da mənim qonaqlarımdır, - dedi və onlar içəri keçdilər. Elə pilləkəndəcə Muxtar hansı tanışlarınasa rast gəldi, mehriban görüşdülər, şirin söhbətə başladılar... Təhminə iri güzgünün qarşısına keçdi, saçlarını düzəldir, dodaqlarını boyayırdı. Zaur isə neyləyəcəyini bilmirdi, siqaret çəkmək istəyirdi, amma bilmirdi: məhz burda siqaret çəkmək olar, ya yox... Elə bil onu tamam unutmuşdular. Muxtarın təzə-təzə tanışları yanaşırdı ona, Təhminə isə güzgünün qabağında bərk məşğul idi. Foyedəki adamları Zaur ömründə birinci dəfə görürdü, amma çoxunun sifəti yaman tanış gəlirdi. Ekrandan tanıyırdı onların sifətlərini. Məşhur, adı dillər əzbəri olan aktyorlar deyildi bunlar əlbəttə, amma hər halda çox filmlərdə çəkilmişdilər və odur ki, sifətləri də yaddaşlarda həkk olunmuşdu. Zaur yadına sala bilmirdi ki, bax bu müasir dəblə geyinmiş qadını hansı filmdə görüb, özü də sadə rus kəndlisi geyimində... Bax bu dama-dama pencəkli oğlan isə hansı filmdəsə alman zabitini oynayırdı... -Nədir, Zaurik, darıxmırsan ki? - Təhminə ona yanaşdı və Zaur yenə də öz-özüyçün qeyd elədi ki, Muxtar olmayanda Təhminə həmişəki kimi "Zaurik" deyir. - Ya kino ulduzlarına tamaşa eləyirsən? Zaur: -Bəli, - dedi, - canlı Larionovanı gördüm indicə. Təhminə də eyni zarafatcıl ədayla: -Mən də canlı Tixonovu gördüm, - dedi. -Dostlar, siz allah bağışlayın, - Muxtar onlara tərəf gəldi, amma yenə də hansı tanışınısa gördü, salamlaşdılar, qucaqlaşıb öpüşdülər. Təhminə: -Qəribə adamdır, - dedi. - Bax televiziyada da belədir. Hamı tanıyır onu, özü də hamının ürəyi gedir onunçün, görən kimi bağırlarına basıb öpürlər... Niyə belə qaşqabaqlısan, Zaurik?! Zaur: -Yox, - dedi, - kefim lap kökdür. - Və birdan-birə lap səfehcəsinə soruşdu: - Məni daha sevmirsən? Təhminə güldü: -Dəli, əlbəttə sevirəm... Elə darıxırdım səninçün bütün günü ki... Bəs sən neyləmisən bütün günü? Zaur cavab verməyə macal tapmadı. Muxtar qayıdıb gəldi və Təhminə indi də Muxtara müraciət elədi: -Muxtar, o yelpicli qadın kimdir? Muxtar qadının adını dedi. -Bəs o cavan oğlan, yanındakı, əridir? -Keçmiş əridir... Bax, onlara kofe gətirən oğlan da indiki əridir... Yaxşı, gedək restorana? Restoran, demək olar ki, tamamilə boş idi. Böyük salonda cəmi-cümlətanı üç-dörd stolun ətrafında adamlar oturmuşdu. Stolların üstündə kiçik çıraqlar yanırdı. Ayrı işıq yox idi restoranda, odur ki, salon alaqaranlıq idi. Küncdə, pəncərənin yanında oturdular - sağda Təhminə, ortada Zaur, solda Muxtar. Ofisiant məzəli şəkillər çəkilmiş menyunu gətirib qabaqlarına qoydu. Təhminə oxumağa başladı, elə bil yeməklərin adından belə dadlı iy gəlirdi, Zaur hiss elədi ki, möhkəm açıb - axı bütün günü dilinə bir şey vurmamışdı. Təhminə: -Heç özüm də bilmirəm nə istəyirəm, - deyə menyunu Muxtara ötürdü, - sən seç... Muxtar: -Duru xörək yeyəcəyikmi? - deyə soruşdu. Təhminə: -Əlbəttə, yox, - dedi, - axşam-axşam nə duru xörəkbazlıqdır?.. Mən toyuq istəyirəm. -Tabaka? -Hə. -Zaur, bəs siz? Zaur çiynini çəkdi. Muxtar: -Şəxsən mən yaxşı bir tikə ət parçası yeyərdim, - dedi, ofisianta baxdı. - Podjarku u vas takje vkusno qotovət, kak prejde? Ofisiant başıyla təsdiq elədi. -Toqda davayte nam dve podjarki, da, Zaur? -Aha. Bir xeyli məzə də sifariş verdi Muxtar. -Yaxşı, içməyə nə içəcəyik? Təhminə: -Nə bilim, siz nə içəcəksiniz ki? Muxtar koynak sifariş verdi. Ofisiant hər şeyi yazıb getdi... Sükut çökdü, sonra Muxtar: -Fikir verdiniz, nə qəmli gözləri var? - dedi. – Ofisiantı deyirəm... Zaur bu sözlərə təəccüb elədi, çünki o özü Muxtarın gözləri haqqında bayaq bu cür düşünmüşdü. Muxtar: -Mən fikir vermişəm ki, ofisiantlardan, xüsusilə də yaşlı ofisiantlardan çoxunun gözləri qəmli olur... Qəmli və ağıllı... Görünür, peşələriylə bağlıdır bu cəhət... Ofisiant da allah kimi qəmli və müdrik olur. - O gülümsündü. Təhminə: -Bəyəm sən allahı görmüsən? - dedi. - Nə bilirsən ki, allah müdrik və qəmlidir?.. Yaxşı, tutalım müdrikdir, bununla razılaşmaq olar birtəhər, bəs qəmli niyə olsun ki, allah? -Bircə səbəbdən... Elə ofisiantlar da o səbəbdən qəmlidirlər: allah da, ofisiantlar da insanlara yaxşı bələddirlər, onların bütün zəif, naqis cəhətlərini görürlər, buna görə də qəmlidirlər... Zaur da bu sayaq, maraqlı bir şey demək istəyirdi. Muxtara etiraz eləmək istəyirdi, həm də elə bir tərzdə eləmək istəyirdi ki, həm ağıllı olsun, həm də məzəli, amma elə bil bütün zehni qıc olub qalmışdı. Heç bir şey düşünməyə, tapıb deməyə iqtidarı yox idi, sanki çuqun ağırlığı çökmüşdü bütün içinə, dili də elə bil zəncirlə kilidlənib hərəkətsiz qalmışdı. Özünü çox naqolay hiss edirdi, qorxurdu ki, birdən kobud bir səhv eləyər, çəngəlləri-bıçaqları qarışıq salar, ya yöndəmsiz davranıb nəyisə salıb sındırar. Salfeti hara qoymağı da bilmirdi, əllərinə də yer tapa bilmirdi elə bil. Ona elə gəlirdi ki, bu narahatlığını Təhminə də, Muxtar da duyurlar, xususilə də Muxtar. Zaur görurdü ki, Muxtar hərdənbir altdan-altdan ona göz qoyur, hərəkətlərini izləyir və Zaurun bütün varlığını, içini, roentgen cihazındaymış kimi görür. Zauru bu cür gördüyüyçün də ona bir qədər yüngül istehzayla baxır - yaşlı adam uşağa baxan kimi... Ofisiant məzələri gətirdi, konyakı badələrə süzdü. Muxtar yeməkdən bircə tikə də ağzına götürməmiş konyakı daddı, sağlıqsız-filansız bir qurtum içdi, sonra isə uzun müddət badəni ovucları arasında sürtdü, elə bil isidirdi, sonra yenə də kiçik bir qurtum aldı... Zaur da içmək istəyirdi, amma bilmirdi necə eləsin. Muxtar kimi sağlıqsız-filan, kiçik-kiçik qurtumlarlamı?.. Təhminə: -Bir az salat ver, mənə, - dedi. Zaur pis bir hisslə Muxtarın qonaq elədiyi məzələri Təhminənin boşqabına qoyurdu. Sonra badəsini qaldırdı: -Sənin sağlığına, Təhminə, - dedi. Təhminə: -Çox sağ ol, əzizim, - dedi və bir qurtum aldı. Muxtar Təhminəyə baxıb gülümsündü və o da bir qurtum içdi. Sonra: -Amma öz aramızdır, konyak doğrudan da əla konyakdır ha, - dedi. Zaur da təsdiq elədi. Muxtar qəfilcən Zaurdan soruşdu: -Bəs siz nəylə məşğulsuz? Zaur: -Geoloqam, - dedi və bir qədər sükutdan sonra əlavə elədi. - Amma nəşriyyatda işləyirəm... Təhminəylə bir yerdə işləyirdik. -Elədir, hə, Təhminə deyirdi axı... Geoloq... Romantik sənətdir... həmişə, dağda daşda... Zaur tutuldu - onun söyər yerinə toxunmuşdu Muxtar. Zaur həmişə xəcalət çəkirdi ki, bütün kurslarından bircə o əsl peşəsiylə - geoloq peşəsiylə məşğul olmur, nəşriyyatda geologiyaya aid kitabları redaktə edir. Nəşriyyata anasının təkidiylə işə düzəlmişdi, aspiranturaya daxil olmaq üçün staj lazım idi. Doğrudur, heç aspiranturaya da girmədi, yenə də anasının təkidiylə sərbəst mövzu götürdü, amma hər halda ikinci ildi ki, bu nəşriyyatda ilişib qalmışdı. "Dağlar, meşələr..." Bilmirdi Muxtar qəsdənmi onun yaralı yerinə toxunmuşdu, ya təsadüfən demişdi bu sözləri. Romantik sənət... Təhminə ki, hər halda Zaurun bu zəif damarından agah idi, amma o da Muxtarın sözlərinin fərqinə varmırdı elə bil. Eybi yox, Zaur da borclu qalan deyil. -Bəs siz nə sənət sahibisiniz? - deyə Muxtara müraciət elədi. Əlbəttə, onun nə sənət sahibi olduğunu çox gözəl bilirdi, necə də bilməyə bilərdi ki, söhbətləri bayaqdan məhz elə Muxtarın işi-peşəsiylə əlaqədar idi. Muxtar qımışdı və zeytunu ağzına atıb: -Mən televiziya rejissoruyam, - dedi, - amma mənim də əsl peşəm deyil bu... Təhsilimə görə mən kino rejissoruyam. Vaxtilə Moskvada kino institutunu qurtarmışam. Bu, uzun əhvalatdır... Muxtar bunu elə tərzdə dedi ki, Zaur düşundü: "Deyəsən, mən də yaralı yerinə toxunmuşam", - məmnun oldu bundan, amma bu səfər Təhminə əlüstü söhbətə qarışdı: -İnstitutu qurtarandan sonra Muxtarı burada, "Mosfilm"də saxlayırlarmış... Elə nahaq qalmamısan o vaxt... Qalsaydın, indi neçə böyük film çəkmişdin. Muxtar: -Ay Təhminə, məgər iş filmin böyüklüyündə, kiçikliyindədir? - dedi. - Hər şey daha qəlizdir həyatda. Həm də daha sadə... Həm daha qəliz, həm daha sadə, - deyə bir daha təkrar elədi. - İnsan ömründə bir sərhəd var, görünməz yaş sərhədi, - əlbəttə, sən də, Zaur da bu sərhəddən hələ çox uzaqsınız, amma mən daha keçmişəm bu sərhədi, odur ki, danışa bilərəm bu barədə... Bu sərhədə çatanacan hər şey qabaqdadır, ümidlərlə, arzularla, xəyallarla yaşayırsan – filan şeyi filan filan eləyəcəyəm, filan iş filan cür olacaq. Elə ki, bu sərhədi keçdin - istəyirsən lap bizim o Şirəli baba kimi yüz əlli il yaşa - hər şey arxada qalmış olacaq, ancaq xatirələr, həyata keçməmiş arzular barəsində, baş tutmamış niyyətlər haqqında xatirələr, vəssalam. Konyakdan bir qurtum aldı və Zaura baxdı: -Bilirsiz, Zaur, lent, plyonka - böyük məsələdir. Lent qalır - böyük film olsun, kiçik olsun, fərqi Yoxdur - plyonkaya, lentə çəkmisən - kinofilm, ya telefilm - qalacaq. Amma mənim peşəm kədərli peşədir. Televiziya verilişləri, filmləri yox a, verilişləri rejissoru... Verilişi hazırladın, efirə verdin, vəssalam, şüttamam, daha yoxdur o veriliş, heç bu qədər zəhmətin, əzab-əziyyətin elə bil yerli-dibli olmayıb... Başa düşürsüz? Zaurun yerinə Təhminə cavab verdi: -Lap mənim kimi. Elan elədim, ekrandan getdim, vəssalam, izim-sorağım qalmır. Muxtar: -Bəli, - dedi, - doğrudan, kədərli işdir. Nə qədər əmək sərf eləyirsən, gecə-gündüz bilmirsən, ağlında, qəlbində nə varsa hamısını tökürsən ortalığa, əsəblərinin, sağlamlığının hesabına veriliş hazırlayırsan, bəzən həftələrlə, aylarla ancaq bu barədə düşünürsən, bütün istedadını, - yaxşı, deyək ki, istedad böyük sözdür, - qabiliyyətini deyək, bacarığınıtəcrübəni deyək - bir söz, varın-yoxun nəyin varsa, qabında, necə deyərlər, nə varsa atırsan ortalığa, veriliş hazırlayırsan, yarım saat, qırx dəqiqə, çoxu bir saat efirdə səslənir, sonra... - siqaretindən bir qullab alıb dodaqlarını araladı, tüstü burulaburula yuxarı qalxdı, - bax bu tüstü kimi uçub gedir hamısı, heç nə qalmır... Yox, Doğrudan, çox kədərli peşədir... -Ofisiantların peşəsi kimi? - deyə Zaur yadına saldı. Təhminə dərhal: -Tək ofisiantların yox, həm də allahın, - dedi. Muxtar gülümsündü: -Bəli kədərimiz allahınkı qədərdir, amma müdrikliyimiz yoxdur. Təhminə: -Muxtar, gəl bir yerdə bir film eləyək. Sən çək, mən də oynayım. Bilirsən necə oynayaram... Sənin bütün məşhur aktrisalarından yaxşı. Hə, nə olar, gəl bir təşəbbüs eləyək də... Ümumiyyətlə, gəl səninlə birgə bir iş görək də axır ki. - Zaura Təhminənin bu cümləsi bir az ikibaşlı göründü. -Mən ki sənə çoxdan bunu təklif edirəm. - Muxtar da beləcə ikibaşlı cavab verdi. Təhminə: -Ciddi deyirəm, - dedi. - Yəni təkid eləsən, sənə film verməzlər çəkməyə?.. Niyə baş qoşmursan bu işə axı? Heç olmasa mənimçün, mənim xətrimə... Baş rolda çəkərsən məni?.. Muxtar: -Gecdir daha, - dedi. - Bu yaşda mən həyatımı dəyişməyəcəyəm ki?.. Elə sənin də daha vaxtın keçib. Təhminə: ....-Utanmazın biri utanmaz, - dedi, - dilin necə gəlir mənə belə söz deməyə. Ölürəm, kinoda çəkilmək istəyirəm. Heç olmasa nə isə qalsın bu dünyada məndən bir gün yıxılıb öləndə. Özü də indi istəyirəm, çünki sonra, sən demiş, doğrudan da, gec olacaq, vaxtı keçəcək. İstəyirəm ki, kino ulduzu olum, şəkillərimi jurnallarda çap eləsinlər. Sevdiyim rəng? Mavi... Bəyəndiyim filmlər - rejissor Muxtar Məhərrəmovun əsərləri... Xobbim? Nədir, doğrudan da mənim xobbim? Muxtar: -Bəzənib-düzənmək, - dedi. Təhminə: -Əh, siz kişilər heç nə başa düşmürsüz bu dünyada, - dedi - Başa düşmürsüz ki, gözəl qadın da milli dəyərdir, nadir ağaclar kimi, faydalı qazıntılar kimi, tarixi abidələr kimi... Muxtar: -Təvazökarlığına söz ola bilməz, -dedi. Təhminə: -Nədir, deyəcəksən, gözəl deyiləm? Gözəlliyimi də danacaqsız yoxsa? Muxtar: -Yox, danmıram, - dedi. - Amma dəqiqləşdirmək istəyirəm. Sən doğrudan da çox gözəl idin. Təkrar edirəm: Təhminə: -Naxal, - dedi və barmağıyla zarafatyana hədələdi Muxtarı, sonra Zaura tərəf döndü. - Zaur, bəs sən nə ağzına su alıb durmusan, necə centlmensən, müdafiə eləsənə məni bu köntöy ədəbsizdən. Amma Zaur ağzını açmamış Muxtar: -Sənin cavabını verirdim, - dedi, - Muxtar Məhərrəmovun əsərləri haqqında istehzana görə... -Ay Muxtar, yəni zarafat-zad başa düşmürsən? -Bəs sən? Sən zarafat başa düşmürsən? Heç mən sənin gözəlliyin haqda keçmiş zamanda danışa bilərəm? Zaur hiss eləyirdi ki, Muxtarla Təhminənin arasında gedən bu yarızarafat, yarıciddi atışmanın dalında uzun illərin sıx münasibətləri, tanışlığı, dostluğu durur, - bunlar hamısı bütöv bir aləmdir və Zaur bu aləmdən tamam bixəbərdir... Ofisiant isti yeməkləri gətirdi, onlar yeməyə başladılar, arabir sağlıqsız-zadsız, qurtum-qurtum konyakdan da içirdilər, içkinin xumarı yavaş-yavaş Zaurun fikirlərini dumanlandırırdı və o sıxılır, özünü son dərəcə naqolay və artıq hiss eləyirdi bu məclisdə. İstər-istəməz özünü Muxtarla müqayisə eləyirdi və Muxtarın hazırcavablığı, ülfətə-ünsiyyətə yatımlığı, hətta yumşaq kədəri müqabilində Zaur özünü son dərəcə ağır, qılıqsız, hətta, küt və bəsit adam kimi qavrayırdı... Yadına salırdı Təhminənin dünənki sözlərini, gecə nəvazişlərini, düşünürdü ki, bütün bunlar yalan deyilsə, onda Təhminə nəyə görə, axı, nəyə görə, Zauru sevir? Təhminə kimi bir qadın hansı cəhətlərinə, hansı məziyyətlərinə görə Zaur kimi bir adamı sevə bilər axı? Ancaq Zaurun zahiri görünüşünə, boybuxununa, sir-sifətinə, cavanlığına, gücünə görəmi? Əgər belədirsə, deməli, onları yalnız və yalnız şəhvət bağlayır? Bəs onda Domodedovo meşəsində cəh-cəh vuran quşlar, Moskva küçələrindəki dünənki şıltaqlıqları, əlaqələrindəki bütün poeziya - bunlar necə olsun bəs, bütün bunlar da yalnız şəhvət oyunlarıyçün bir hazırlıq imiş yoxsa? | |
Baxış: 829 | |
Bütün rəylər: 0 | |