Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-2-ci cild-7
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>

    -O ki qaldı Dadaş, - dedi, - səni yüz faiz əmin edə bilərəm ki, bu, yalan sözdür, böhtandır, vəssalam. Mən lap yəqin bilirəm, Dadaşla onun arasında heç bir şey olmayıb, ola da bilməz.
    -Sən hardan bilirsən? Özü sənə deyib?
    -Yox, özü deməyib. İntəhası mən də həmin o idarədə işləyirəm və çörəyi burnuma yemirəm axı... Bu söhbət ağ yalandır. Amma Zivər xanım heç cür razılaşmaq istəmirdi.
    -Tək Dadaşdır bəyəm? Odey bizim qonşu da neçə vaxt onunla "dostluq" eləyib.
    Zaur:
    -Hansı qonşu? - deyə xəbər aldı və hiss elədi ki, bütün içi donub buz bağlayır.
    -Alyanın oğlu da... Spartak... Alya danışırdı, deyir, yazıq gedəyə aman vermirdi. Telefonumuzu, deyir, day yerindən çıxardırdı. Gecə bilməz, gündüz bilməz, zəngi zəngə calayır... Ciyəriyanmış hardan zəng vururmuş görəsən, öz evindən? Bəs əri balqabaq harada itib qalıbmış?.. Əh...
    İçi elə bil don bağlamışdı Zaurun, elə bil beyni ağırlaşmış, qıc olub qalmışdı, yavaş-yavaş özünə gəldikcə bircə istək hakim kəsişirdi qəlbinə: bu saatca Təhminəylə görüşsün, lapdan, aman, macal vermədən soruşsun Spartak barəsində və cavabından asılı olaraq ya münasibətləri birdəfəlik qırılsın, ya da... Sanki anasının səsini də artıq eşitmirdi. Anası elə hey üyüdüb tökürdü, deyirdi ki, axır Alya dözməyib, özü işə qarışıb, amma Alya mənim kimi oğluynan danışmayıb, axı oğlu da elə avaranın, yelbeyinin biridir, yox, Alya o çərhəyanın özüylə danışıb, zəng eləyib hədələyib ki, bax, əl-ayağını yığışdır, yoxsa gəlib saçlarını keçirdərəm əlimə, bircə-bircə yolub tökərəm tüklərivi. - Zivər xanım güldü. - Saçları da deyir, heç özününkü deyil o lotunun, qoymadır, parik taxır başına.
    Zaur elə bil bu hədələri artıq icra olubmuş kimi görürdü, elə bil gözləri qarşısında canlanırdı. Təhminənin gözlərinin Zivər xanım tərəfindən deşilməsi, tüklərinin, (bu tüklər parik-zad deyildi, özününkü idi - bunu Zaur yaxşı bilirdi) uzun saçlarının Alya xanım tərəfindən yolunmasını...
    -Çıxıram bir az havaya - dedi Zaur.
    Küçəyə düşən kimi avtomatdan Təhminəyə zəng elədi.
    -Bəli... bəli, eşidirəm sizi. - Telefondan yumşaq kişi səsi gəldi. - Manaf idi - Təhminənin əri.
    Zaur dəstəyi asdı...
    Axşam düşmüş, hava qaralmışdı. Zaur şəhəri gəzirdi. İki dəfə də zəng elədi. Manafın səsini eşidib asdı. Əlbəttə, salamlaşa bilərdi, öz adını deyə bilərdi və xahiş edərdi ki, Təhminəni telefona çağırsın: axı hər halda, bir idarədə işləyirdilər, neçə müddətdi tanışdılar. Amma belə etmək istəmirdi: əvvəla, ona görə ki, ümumiyyətlə, Təhminənin əriylə danışmaq heç ürəyindən deyildi. İkincisi, bəlkə Manafın qulağına da bir şey çatıb, həm də Manafın yanında Təhminə necə ona izahat verəcəkdi - Spartakla "dostluq" eləyib, ya yox? Bütün bu fikirləri beynində dolaşdıra-dolaşdıra şəhəri gəzirdi və gəzdikcə də elə bil sakitləşirdi. Lap tutalım Dadaş, ya elə Spartak Təhminənin adamı olub? Mənə nə? Nəyimdi mənim Təhminə? Arvadım, qızım, bacım? Tamam özgə bir adamdır. Gözəldir, cazibəlidir, məni də cəlb edir, çəkir. Çox gözəl, mən ki, niyyətimə çatdım, yaxınlığımız oldu onunla...
    Xoş dəqiqələr, saatlar keçirdik... İndi də, özünün dediyi kimi, ayrılmalıyıq. Çox əcəb... Daha iztirab keçirmək, qısqanmaq niyə?.. Nəyimdir mənim?.. heç nəyim... Onun qeyrətini mənmi çəkməliyəm?.. Həm də bütün bu əlaqələri - əgər doğrudan da olubsa bu əlaqələr - bizim münasibətlərimizdən qabaq olub...
    Mənə nə? Doğrudur, Təhminənin məhz Spartakla olması fikri Zaurun təpəsindən tüstü çıxarırdı. Kim olur-olsun, Spartak olmasın. Spartakı görməyə gözü yox idi. Hələ uşaq yaşlarından, həyətdə bir yerdə oynadıqları, dalaşdıqları vaxtlardan Spartakdan zəhləsi gedirdi. Spartak satqın idi, daima onları satırdı, həm də qorxaq idi. Zaur uşaqlıqda o qədər əzişdirmişdi ki, Spartakı. Alya xanım, əlbəttə ki, yalan danışır:
    Təhminə, dünya gözəli Təhminə Spartak kimi bir dəyyusla "dostluq"mu edə bilər?.. Əlbəttə ki, Spartak Təhminəyə heç yaxın da düşə bilməyib və məhz buna görə də ağzını allah yoluna qoyub artıq-əskik danışmağa başlayıb. Başqa səviyyədə Dadaş da bu cür davranmırdımı? Təhminə özü Zauru başa salmışdı ki, Dadaş necə edir bunu və nə səbəbdən edir? İndi də Spartak? Yəqin söz düşsəydi, Təhminə Spartak məsələsini də dəqiq-dürüst izah edərdi Zaura. Zaurun da ürəyində heç bir şəkk-şübhə qalmazdı...
    Axırıncı dəfə 12-nin yarısında zəng elədi, yenə də Manafın səsini eşidib dəstəyi asdı... Evə dönərkən düşünürdü: doğrudan, qəribədir, bax indicə bu saat Manafın səsini eşitdim. Gecədir. Yəqin Təhminəgilin pəncərələri də qaranlıqlaşıb. Onlar bir yerdədirlər, qaranlıq otaqda, gecəni bir yerdə keçirəcəklər, ərarvaddırlar. Amma bu fikir Zauru Spartak haqqındakı şübhələri qədər incitmir...
    Yağış çisələyirdi, Zaur evlərinə tərəf addımlayarkən birdən ağlına gəldi ki, sabah Təhminənin təzə iş yerinə zəng eləyə bilər. Telefonunu bilmirdi. Dadaşdan öyrənə bilər. Bəlkəm elə indi gecəyarısı Dadaşa zəng vurub öyrənsin? Məzəli bir əhvalat yadına düşdü, bu əhvalatı Təhminə danışmışdı ona: bir gecə Nemət içib dəm olub, gecə saat üçdə zəng eləyib Dadaşdan Təhminənin gözlərinin rəngini soruşub.
    -Yox, mən belə etməyəcəyəm, - deyə düşündü Zaur. - Gecə zəng eləməyəcəyəm Dadaşa. Səhər idarədə xəbər alaram.
    Sabahısı gün uzun zaman Dadaşa yanaşa bilmədi, otaq adamla dolu idi. Təhminənin yerində təzə bir işçi - qara bir qız oturmuşdu. Zaur Nemətlə bir-iki gəlmə ordan-burdan danışıb çıxdı otaqdan. Fasilə zamanı gələndə gördü ki, Dadaş otaqda təkdir... Dadaş iri şişman portfelini açmışdı, stolunun üstünə qəzet salıb evdən gətirdiyi yeməyini çuxartmışdı. Toyuq yeyirdi, otaq istiydi və Dadaşın sir-sifətindən tər axırdı, tər damcıları toyuğun yağına qarışırdı və bir an Zaurun bu görünüşdən ürəyi qalxdı...
    Dadaş Zauru görüb:
    -Buyur, buyur, - dedi, - gəl çörək yeyək...
    Zaur:
    -Nuş olsun, - dedi, kənardakı stolun dalına keçdi. Dadaş başa düşdü ki, Zaurun onunla işi var. Ağzındakı iri tikəni udub:
    -Mənə sözün var? - dedi.
    -Bəli. Təhminənin təzə işində telefonunu bilmirsiz ki?
    Dadaş:
    -Bilirəm, - dedi və barmaqlarının yağını silmədən əlini pencəyinin içəri cibinə saldı, oradan balaca telefon dəftərçəsini çıxartdı, ovulub didilmiş vərəqləri çevirdi, telefon nömrəsini tapdı və Zaura dedi, Zaur yazmadı. Bu nömrə də, Təhminənin ev nömrəsi kimi yaddaşına həkk olunacaqdı.
    Daha Dadaşla bir işi yox idi, öyrənmək istədiyini öyrəndi, həm də şahidsiz-filansız, artıq söz-söhbət nəyə gərək? İndi gedə bilərdi, amma bir az yubandı, nədənsə birdən soruşmağı qərara aldı:
    -Bəs niyə getdi axı burdan Təhminə?
    Dadaş ağzındakı loxmanı uzun zaman çeynədi, nəhayət, uddu bundan sonra da cavab vermədi, hələ bir müddət də tikəsini həzm eləyə-eləyə, udquna-udquna, səssiz-səmirsiz başını buladı. Axır ki:
    -Əşi, bu qızın işi uzun həngamədir, - dedi. - Elə ömrü boyu belə olacaq - kəpənək kimi ordan bura, burdan ora uçacaq... - Dadaş kəskin və sərt danışırdı, amma sonra sakitcə əlavə elədi: - Yəqin köhnə məhəbbəti yadına düşüb. Zaur mat-məəttəl qalıb:
    -Nə məhəbbət? - dedi.
    -Nə bilim, nədir o oğlanın adı, Muxtardır deyəsən.
    Məhərrəmov Muxtar. Televiziyada rejissordur nədir... Bilmirəm, aralarında nə haqq-hesab var, amma yüz faiz əminəm ki, Təhminəni o dartıb apardı televiziyaya. Diktor eləyəcək onu. Bu qız guya filosofdur, diplomu var, universitet qurtarıb, indi gedib diktor olacaq. Ay-hay... Nə olub deynən, nəyin əskikdi burda?! Maaş kimi maaşın vardı, qonorardanzaddan da yazırdıq hərdən, kefin istəyəndə gəlirdin, kefin istəyəndə gedirdin...
    Dadaşın sözləridən açıq hiss olunurdu ki, Təhminədən yanıqlıdır, möhkəm inciyib onun bu gözlənilməz hərəkətindən. Yəni, doğrudan, görəsən Dadaş Təhminəni sevirmiş ki, bu etibarsızlıq ona belə ağır təsir eləyib? İndi nə idi onu danışdıran?! - İnciklik, yanıq, qısqanclıq, ya da sadəcə himayədarlıq hissi, - heyfsilənirdi, yanırdı bəlkə Təhminəyə ki, öz qədrini bilmir, həyatda yerini tapa bilmir... Ya da elə bütün bu hisslərin hamısı bir yerdə hakim idi Dadaşa? Yaxşı, bəs bu Məhərrəmov deyilən kimdir belə, bu hardan çıxdı, bu nə yuvanın quşudur görəsən? Köhnə məhəbbət... Bəlkə "köhnə tanışım dəvət eləyirdi məni televiziyaya" deyəndə Təhminə məhz elə o Məhərrəmovu nəzərdə tuturdu. Köhnə tanış. Elə hara baxsan bunun köhnə tanışlarıdır. Belə də qadın olar, ilahi?
    Dadaş yeyib qurtarmışdı, toyuğun sür-sümüyünü yığışdırıb qəzetə bükürdü. Zaur da ayağa durmuşdu ki, otaqdan çıxsın, amma bu vaxt Dadaş qəfilcə dedi:
    -Zaur, bala, sənin atavı yaxşı tanıyıram, hörmətim var o kişiyə. Sən də elə mənim oğlum, incimə sözümdən, amma mən sənə məsləhət eləyirəm: Bir əmi kimi. O arvada baş qoşma. Zaur heç belə söhbət gözləmirdi, bir an özünü itirdi elə bil.
    "Deməli, belə, - deyə düşündü. - Deməli, bu xəbər hamıya yayılıb. Anası düz deyirmiş, yerin qulağı var. Yaxşı, əgər belədirsə, onda, deməli, Dadaş həmin o Muxtar Məhərrəmovdan söz salanda hər şeyi bilirdi, - bilirdi Zaurla Təhminənin münasibətlərini. Elə çıxır ki, acıqcan deyirmiş bu sözləri Zaura, ondan hayıf çıxmaq üçün, intiqam almaq üçün...
    Axı bütün bu şayiələr düzdürsə, onda, deməli, Zaur Dadaşın da rəqibidir, məqsədinə nail olmuş rəqibi".
    -Yaman afətdir o qız. İnan mənə. Mən hər şeyi başa düşürəm: gözəldir, həddən ziyadə gözəldir, cazibəlidir. Sən də cavan oğlansan... Amma ondan mümkünsə gen gəz. Səni lopp eləyib elə udar ki, heç ruhun da inciməz...
    Zaur ifadə tərzinə mümkün qədər çox zəhər qataraq:
    -Bəs mən elə bilirdim, siz ona yaxşı münasibət bəsləyirsiz, - dedi.
    Bu səfər Dadaş tutuldu, amma dərhal özünü ələ aldı və sakit-sakit sözünə davam elədi:
    -Mən, doğrudan da, ona pis münasibət bəsləmirəm.
    Yazığım gəlir ona. Bir insan kimi yaxşı cəhətləri də var. Amma nə olsun? Özü özünü məhv eləyəcək... Onunçün heç bir qanunkitab yazılmayıb, - kefi necə istəyir, elə də yaşayır. Dünyaaləm vecinə deyil... Axı belə də olmaz... Qayda var, adət var...
    "Yaxşı, ay kaftar haramzada, bəs sən, sinli, həm də evli kişi altdan-altdan Təhminəyə maz gedəndə - bu hansı qaydaqanuna, hansı adət-ənənəyə görə idi, hə? Özü də sənin işçin idi, tabeliyində idi", - Zaur belə düşündüsə də dinmədi, maddımmaddım Dadaşın sifətinə baxırdı. Dadaş isə get-gedə daha çox cuşa gələrək danışırdı:
    -Onunçün heç bir təfavütü yoxdur, kimiynən dostluq eləsin... Kimdir onun tanış-bilişləri? Baza müdirləri, nə bilim alverçilər, filan... Nə var, nə var, təzə bir parça alacaq, ya şuba, ya nə bilim, üzük-sırğa...
    Zaur bu bulanıq söz selinin qarşısında tam bir köməksizlik duyurdu, axı, hissə qapılıb çılğın etirazlardan başqa nəylə-hansı dəqiq faktlarla, dəlil-sübutlarla bu axının qarşısında dura bilərdi. Dadaş ancaq gülərdi onun çılğınlığına, "Ürəyi təmiz uşaqsan, onunçün də aldanırsan, onunçün də səni aldadıb barmağına dolaya bilib" - deyərdi, deməsə də düşünərdi. həm də axı Zaur özü əmin deyildi ki, Dadaşın sözləri tək bir quru böhtandır. Təhminənin hər yerdə tanışları vardı, - doğrudan da, beləydi bu - ən müxtəlif adamlar, cürbəcür peşə sahibləri düşməzdi dilindən. Gərək paltarlarını Bakının ən yaxşı dərzisində tikdirəydi, gərək şəkillərini beynəlxalq konkurslarda mükafatlar almış məşhur fotoqraf çəkəydi, bərbəri də gərək şəhərdə birinci bərbər olaydı, diş həkimi də. Nə deyirsən de, belə şeylərin dəlisiydi Təhminə. Belə şeylər, bu cür həyat tərzi isə müəyyən adamlarla, əksər hallarda kişi xeylaqlarıyla əlaqədar idi və belə olan surətdə, bütün bu imtiyazları havayı qazanmırdı ki, Təhminə. Təmənnasız olunmurdu ona bu lütfkarlıq - tapılmayan geyimlər, növbəsiz biletlər, qıt şeylər...
    Dünəndən bəri ikinci dəfədir ki, Zaur Təhminə haqqında dəhşətli şeylər eşidirdi və onu ağrıdırdı eşitdikləri. Amma məgər üç ay bundan qabaq - yaxınlıqlarından əvvəl də eşidib qulaqardına vurmurdumu ara-sıra aralığa düşən bu cür söhbətləri?.. Onda niyə bu söhbətlər Zaurun zərrəcə vecinə deyildi? Əksinə, bəlkə bu söhbətlər bir növ Zauru şirnikdirmişdi də. Bəlkə də haradasa, qəlbinin dərinliklərində fikirləşmişdi ki, əgər Təhminə, doğrudan da, belə "yüngülməcazdırsa", ayağı sürüşkəndirsə, mən niyə kənarda qalım? Zaur istədiyinə nail oldu, daha indi ağrımaq, nəyisə ürəyinə salmaq neyçün? Olan olub, keçən keçib... Mənim nə borcuma? Təhminə kimdir ki, mənimçün? Üç ayın xoş xatirələri, vəssalam.
    Belə düşünürdüsə də, haradansa xəstə diş kimi hovutqayıb zoqquldayan ağrını da ovuda bilmirdi. Hər halda Dadaşın cavabını verməli idi:
    -Mən heç bilməzdim ki, - dedi, - siz Təhminə haqqında belə pis danışarsız.
    Dadaş quru bir tərzdə:
    -Mən olanı deyirəm, - dedi. - Səni də xəbərdar edirəm.
    Çünki sən də mənim oğlumsan. Əmin kimi sənin...
    Çox gülməli çıxdı: "Mən sənin əminəm, sən mənim oğlum" və Zaur qəhqəhə çəkdi. Əsəbi bir gülüş idi bu, Dadaşın düz gözlərinin içinə baxa-baxa gülürdü. Və gülə-gülə də:
    -Nə siz mənim əmimsiniz, - dedi, - nə də mən sizing oğlunuz. Mən uşaq deyiləm... Nə elədiyimi özüm bilərəm... Düz üzünə dedi bunu Dadaşın və özünün də xoşuna gəldi ki, fikrini neçə də açıq, mərd-mərdanə bu burnu ziyilli kişinin üzünə çırpdı. "Mənimlə ömürlük düşmən olacaq, cəhənnəmə ki, olur-olsun. Əlindən gələni beş qaba çəksin" deyə düşündü və xudahafizləşmədən şəstlə otaqdan çıxdı...
 
Dördüncü fəsil
 
    Həm vüsali vurur od canıma, həm hicranı
    Bir əcəb şəm ilə düşdü səri-karim bu gecə.
    Hər bir insan yaşadığı evin içinə nə sayaq alışır, məhrəm olursa, maşın sürən adam da şəhərə, şəhərin küçələrinə, meydanlarına, dalan və döngələrinə, enişinə-yoxuşuna o cür alışır, məhrəm olur. Evlərin sakinləri mənzillərinin hər əyərəskiyinə bələd olduqları kimi, maşın sürən adam da yolların hamarına, çuxuruna bələd olur. "Dünən burada keçidi bağlamışdılar, bu çəpərin üstündə "sağa burulmaq olmaz" nişanı vurulub, bu yolayrıcında işıqfor pis işləyir, bu döngənin dalında çuxur var" - bütün bu əlamətlər sükan arxasına keçmiş adamçün gündəlik qayğılardır - daman dam, xarab olmuş su kəməri, sınmış pəncərə, cırıldayan döşəmə - ev sahiblərinin gündəlik qayğıları olduğutək. Mənzilinə alışmış adam otağının içində qaranlıqda da yeriyə bildiyi kimi Zaur da şəhərin avtomobil yollarını, küçələri, döngələri gözübağlı da seçə, tapa, burula bilərdi... Əlbəttə, gözübağlı sürmürdü maşını, diqqətlə başqa maşınları, piyadaları, işıqforları, yönəldici milisin hərəkətlərini izləyirdi. Amma şəhəri beş barmağı kimi tanıdığı üçün maşını sürərkən müəyyən istiqamət barəsində düşünmürdü, fikirləri tamam başqa, kənar məsələlərə yayınırdı... İndi isə o yalnız Dadaş haqqında fikirləşirdi - gündüz elədikləri söhbət haqqında...
    Dadaşın sifətini gözləri qarşısında dönə-dönə canlandırır, ona get-gedə daha artıq nifrət edərək, hey söyürdü kişini: 
    "Adam satan köpəkoğlu... Gör bir nə ağızdolusu danışırdı: "onunçün heç təfavütü yoxdur, - alverçilər, baza müdirləri..." Yaxşı, madam ki, heç təfavütü yoxdur, səni niyə mağmın qoyub? Yeddi həndəvərinə buraxmayıb, odur ki, belə salveylənmiş küçük kimi zingildəyirsən də. Ağzıgöyçəklik eləyib, özgənin üstünə min çirkab atırsan!"
    Amma ən dəhşətlisi o idi ki Zaur yüz faiz əmin ola bilmirdi: doğrudanmı Dadaşın atdığı çirkab ancaq onun öz uydurmalarıdır, real gerçəklik deyil? O, Təhminə haqqında Dadaşın sözlərindən təcrid olunaraq düşünmək istəyirdi və heç bir şey müəyyənləşdirə bilmirdi. Elə bil iki Təhminə vardı - biri Zaurla görüşlərdə mövcud olan Təhminə - Zaur onun hər sözünə inanmağa hazır idi - biri də başqa, Zaura yad, Zaurun tanımadığı, amma bir çox adamların fikrində, dilində, təsvirində mövcud olan Təhminə...
    Hansı Təhminə daha real, daha həqiqi idi? Bəlkə elə ikisi də. Biri əsl Təhminə... biri də onu yamanlayanların, onu istəməyənlərin öz təsəvvürlərində, xəyallarında yaratdıqları, bəzədikləri Təhminə... Axı onu bəzəyən, onun haqqında olmazın iftiralar uyduranların özləri də Təhminəyə biganə deyildilər - kəsirdilər ondan, ya nifrət edirdilər ona, ya kiməsə qısqanırdılar Təhminəni, ya paxıllıq edirdilər, ya hayıf çıxmaq istəyirdilər. Onun gözəlliyinin tamarzısında olanların çoxusu isə əslində istəyinə çatmayıb, heç olmasa uzun dilləriylə, bayağı söhbətləriylə, müfəssəl təsvirləriylə qurdlarını öldürmək istəyirdilər.
    ...Və bütün bu şeylər haqqında fikirləşdikcə Təhminəyə zəng eləmək həvəsi get-gedə sönüb gedirdi. Hələ dünən bu zəngin bir mənası vardısa, bu gün, Dadaşla söhbətdən sonar tamam yersiz bir iş olardı. Zəng eləyib nə barədə soruşacaqdı?
    Spartak barədə, ya o televiziya rejissoru barədə? Yaxud baza müdirləri, alverçilər barədə? Təhminə nə cavab verərdi bütün bu sorğu-suala? "Əgər məni fahişə hesab eləyirsənsə, onda nə təfavütü var sənin üçün, - deyə bilərdi, - yox, əgər hesab eləmirsən, necə ağlıva sığışdıra bilirsən bütün bu şübhələri?" Bəlkə də hər şeyi inkar edəcəkdi, bircə o televiziya rejissorunu boynuna alacaqdı... Ya Spartakı... Nə isə, yenə qarışırdı Zaurun fikirləri. Yox, özünü ələ almalıdır. Bütün bu şeylər haqqında düşünməməlidir. Gözləməlidir, vəssalam. Heç kəsnən Təhminə barəsində söhbət aparmaq lazım deyil. Özünə də zəng eləmək olmaz... Gözləmək lazımdır vəssalam... Gec-tez özü zəng eləyəcək, buna Zaurun şəkk-şübhəsi yox idi. Özü zəng eləsə, özü görüş təyin eləmək istəsə, görüş təyin eləsə, o zaman sözü açmaq olar.
 
***
 
    ...Günlər bir-bir ötürdü. Təhminədən səs-soraq yox idi...
 
***
 
    Bir axşam Zivər xanım sözarası dedi ki, Zaurun kooperativ mənzili bir-iki aya hazır olmalıdır. Zaur bu eyhamın gizli mənasını başa düşürdü: mənzildən söhbət salanda, anası ardınca evlənmə barəsində söz açardı... Zaur düşünürdü ki, doğrudan, təəccüb qalası işdir. Axı lap yaxşı bilirdi ki, anası gələcək gəliniylə yola getməyəcək, aralarında dedi-qodu olacaq, sancıb-dalayacaq gəlinini, yox əgər gəlin də dillidilavər olsa, söz götürməyəcək, cavabını verəcək, dava-mərəkə ərşə qalxacaq, sözgap düşəcək aralığa və bütün bunlara baxmayaraq, Zivər xanım oğlunu evləndirməyə, qayınana olmağa can atırdı, tələsirdi... Ərşdən-kürşdən, o yandan-bu yandan başlanardı bu söhbət, filankəs oğlunu evləndirdi, peşmankəs qızını ərə verdi, filançün elçi gediblər. Sonra Zivər xanım hərləyib-fırlayıb gətirərdi sözü Zaurun üstünə, başlardı ki, bəs, daha yekə oğlansan, evlənmək vaxtındır, nə çağacan subay gəzib dolanacaqsan, bizim də day o yaşımız deyil, atan iki dəfə infarkt keçirib, mənim özümü bu andıra qalmış astma lap əldən salıb, rəvadırmı ki biz bu dünyadan nisgilli, nakam köçək, oğlumuzun şad gününü görməyək, bircə balamızçün elçi düşməyək, könlü istəyən, gözü tutan bir təmiz qızın "həri"sini almayaq toyunda sındıra-sındıra oynamayaq, totuqmotuq nəvələrimizi atıb-tutub oynatmayaq və s. qəbildən sözlər, sözlər, sözlər... boş-boş sözlər. Xeyr, bağışlayacaqsan, boş-boş sözlər deyil bunlar... Bizim cavanlığımız çətin keçib, aclığa, kasıbçılığa, ehtiyaca, sıxıntıya dözmüşük, amma bir arzumuz olub, atanın da, mənim də ki, barı balamız xoşbəxt olsun, bu dünyada heç nədən korluq çəkməsin, halal südəmmiş, pak, təmiz bir qıza rast gəlsin, evlənib oğul-uşaq sahibi olsun, biz də qoca yaşımızda baxıb fərəhlənək, ürəyimiz böyüyüb dağa dönsün, o səadət ki, cavanlığımızda bizə nəsib olmadı, oğlumuzun, nəvələrimizin qismətinə düşsün, elə bizim xoşbəxtliyimiz də onların xoşbəxtliyidir də...
    Zaur bütün bu bəlağətə səbirlə tab gətirər, bığaltı qımışar, nə "hə", nə "yox" deyərdi, amma bu səfər anasının nitqinə təzə bir cəhət əlavə olundu, uzun-uzadı və mücərrəd arzuları bu səfər konkret bir adla bağlandı. Əvvəl Zaura elə gəldi ki, səhv eşidib.
    -Nə? - deyə xəbər aldı, - hansı Firəngiz?
    -Qonşumuzu deyirəm də, Alyanın qızını...
    Bu ad, bu təklif o qədər gözlənilməz idi ki, Zaur hətta özünü itirdi:
    -O ki lap uşaqdır.
    -Uşaq niyə olur, on doqquz yaşı var. İnstitutda oxuyur.
    Səndən cəmi-cümlətanı beşcə yaş kiçikdir. Elə-belə də olmalıdır da, ər gərək arvaddan bir az böyük olsun. Əlbəttə, Zivər xanım özüylə əri arasındakı yaş fərqini nəzərdə tuturdu - səkkiz yaş kiçik idi ərindan.
    -Ata-anasının əməlli-başlı könülləri var e... Alya neçə kərəm işarə vurub mənə... Deyir, sən xoşbəxtsən, bir oğlun var, oğlanın işi nədir ki, halva... Odey, mənim də oğlum var, bir qırnıq nigarançılığın çəkmirəm onun. Amma qız ayrı məsələdir. Rastına kim çıxacaq anası ölmüşün, hansı evə, hansı ocağa düşəcək.... Mənim qızım, deyir, bir açılmamış qönçədir tale, deyir, görən kimin bağına salacaq balamı... Adam, deyir o vaxt ürəyin buz kimi eləyir ki, qabaqcadan qızıvı köçürdüyün ailəni tanıyasan. Day mən də lap key Balaxanım deyiləm ki, bilirəm bu sözləri bizimçün deyir... Başa düşürəm bu xalı hara vurur...
    -Yaxşı nə qaçhaqaçdır, nə olub belə, qızı qarıyıb evdə qalıb ki? 19 yaşı var da qızın anası nə belə əl-ayağa düşüb?
    -Ay-hay... Mən nə deyirəm, bu nə deyir... Əşi başa düşmürsən nə məsələdir? Nə olsun 19 yaşı var? Bu gün-sabah ərə gedəsidir. Alya xanım da ondan nigarandır ki, kimə gedəcək, hansı evə, hansı ocağa düşəcək. Bir yandan da bizə, bizim ailəyə bələddir, səni tanıyır, gözünün qabağında böyümüsən, hansı ana istəməz ki qızı nəcib yerə düşsün?
    -Yaxşı, bəs sənə nə düşüb bu cür canfəşanlıq eləyirsən. Xalqın dərdi-səri sənə qalıb?.. Cavan, göyçək qızdır, vaxtı gələr, gedər ərə də. Sən niyə onun dərdəni çəkirsan?
    -Mən bəyəm onun dərdini çəkirəm? O qız evdə qalmayacaq, mən səni fikirləşirəm... Belə qızlar çöldə tökülüb qalmayıb ki... Gözəllik deyirsən - gözəllik, ağıl deyirsan - ağıl, yaxşı, hörmətli ailə deyirsən-yaxşı hörmətli ailə, abır-həya, ismət, adamı görəndə pul kimi qızarır, day sənə nə lazımdır?… Belə qıznan evlənərsən ömrün boyu ürəyivi buz kimi eləyərsən, heç kimin yanında da başın aşağı olmaz... Sən, deyəsən, belə-belə şeyləri hələ əməlli-başlı qanıb eləmirsən?
    Qəribədir ki, Zivər xaiım Firəngizin bütün məziyyətlərini bir-bir sadaladıqca qeyri-ixtiyari Təhminə gəlib durdu Zaurun gözləri qarşısında və Zaur bu saatca durub Təhminəyə zəng eləmək, onunla görüşmək istəyini güclə boğurdu.
    Zivər:
    -Sabah sənin ad gününə gələcəklər, - dedi.
    Zaurun fikirləri tamam başqa yerdə olduğu üçün bu xəbərdən diksindi:
    -Gələcəklər? Kim gələcək?
    -Necə yəni kim? Bəs sahərdən bəri kimdən danışıram…
    Qonşularımız -Alya, əri... qızlarını da gətirəcəklər. Zaurun elə bil içində çıraq alışdı: neçə olub ki, bunu nəzərə almayıb. Sağ olsun anası, yadına saldı: axı, sabah ad günüdür. Təhminədə də bilir bu günü, dəftərçəsinə da yazıb. Deməli, bax bu günü gözləyirmiş, ona görə zəng eləmirmiş. Bəhanə lazım imiş ona zəng eləməkçün, yenidən görüşməkçün, bütün əlaqələrini yenidən bərpa eləməkçün... Əlbəttə ki, belədir,
    İndi Zaur sevinclə düşünürdü bu barədə: çoxdan bəri, ta lap uzaq körpəliyində qalmış uşaqlıq illərindən bəri heç bir zaman ad günü haqqında belə bır intizarla düşünməmişdi. Uşaqlıq illərindən bəri həmişə bu gün - Zaurun ad günü onu darıxdırardı, axı, bu gün onunçün tamamilə yad və yabançı olan qohumlar toplaşar, bayağı söhbətlər edər, duzsuz sağlıqlar deyərdilər, sentyabr ayı olduğu üçün hələ isti olardı. Hamının pal-paltarı islanıb bədəninə yapışardı, otaqlarından tər iyi gələrdi və Zaur səbirsizliklə məclisin qurtarmasını, qonaqların dağılışmasını gözlərdi. İndi isə sabahkı gün haqqında xoş bir intizarla düşünürdü. Ona qiymətli bir hədiyyə bəxş edəcək gün kimi... Gözlənilməz sevinclərlə dolu olan bir gün kimi… Uşaqlıqdakı kimi…
 
***
 
    Ad günü deyil, ad gününün axşamı zəng elədi... Daha doğrusu, gecəsi. Gecə yarını keçmişdi və təqvimdə, doğrudan da, sentyabrın 23-ü idi - Zaurun ad günü. Zaur yatağına girmişdisə də, hələ yatmamışdı. Evin hər yerində işıq sönməyincə və bütün səslər kəsilməyincə yuxulaya bilmirdi. Atası həmişə erkən yatar, səhər də ertədən durardı. Anası isə Bakının televiziya verilişləri qurtaran kimi gedərdi yatmağa... 
    Bu gecə də atası çoxdan yuxulamışdı, amma anası hələ oyaq idi. Qonşu Sitarəylə birlikdə mətbəxdə əlləşirdi, sabahkı qonaqlığın hazırlığını görürdülər. Mətbəxdən şirni və ədviyyat qoxusu gəlirdi - paxlava, şəkərbura, şəkərçörəyi… Cürbəcür piroqlar, pirojnalar, tortlar hazırlamaq sarıdan Zivər xanımın tayı-bərabəri yox idi. Amma sabahkı gün öz adi məharətini də vurub keçməliydi, - axı, onun məclisinə Alya kimi tələbkar bir hakim qiymət verəcəkdi. Mətbəxdən anasıyla Sitarənin yavaş səsləri gəlirdi, professorun və Zaurun yuxusuna mane olmamaqçün qadınlar xısın-xısın danışırdılar. Zaur onların hər kəlməsini dəqiq eşitməsə də, söhbətlərinin məzmunundan agah idi: qadınlar xəmirin yaxşı qalxmasından, layların nazik yoğrulmasından, qoz-fındığın narın əzilib şəkərlə qarışdırılmasından, paxlavaya vurulacaq ədviyyatın miqdarından danışırdılar. Sabahkı məclisdən, qonaqlardan danışırdılar - kim paxlavanı, şəkərburanı daha çox sevir, kimin hansı tortdan, hansı piroqdan, hansı pirojnadan daha çox xoşu gəlir, hansı kişi dəlisidir şirniyyatın, hansı qadına heç bir şey bəyəndirmək olmur, halbuki keçən səfər öz evlərində aşının qazmağı yanıb kösöy olmuşdu... Olanda olur da, ay
    Zivər bacı, işdi, düşməknəndi də. Orası da elədir e, ay Sitarə, doğrudan, böyük məclis yola salmaq zor işdir, adamın lap kələyi kəsilir, əldən düşürsən, amma bir yana baxanda bircə balavın məclisində də qoluvu çırmalamayıb zəhmət çəkməsən, bəs nə vaxt çəkəcəksən... Əlbəttə, ay Zivər bacı, maşallah, allah saxlasın, belə oğul böyütmüsən, indi gərək hər əziyyətinə də dözəsən. Bəs necə, ay Sitarə, onun boyuna qurban olum, qızıldır onun xasiyyəti, ipək kimi yumşaqdır, ürəyi də elə təmizdir, elə təmizdir, sanasan şüşədir, odur ki, xətərəliyəm də, ay Sitarə, bu cür ki təmiz uşaqdır, ürəyi şüşə kimi safdır, hər şeyə, hər sözə, hamıya inanandır, elə qorxuram ki, keçsin bir afətin cənginə, sap kimi dolasın barmağına balamı. Eh, ay Zivər bacı, ağzıvı xeyirliyə aç, dünya bəgəm dərəbəylikdirzaddır, nə danışırsan, Zaur elə aciz-avara deyil, demə, maşallah ağıllı-mərifətli oğlandır, hər şeyin yerin biləndir, ürəyinə-zada salma, sən allah, vaxsey, vaxsey, piroq yandı, başımız söhbətə qarışdı...
    ...Və bu vaxt telefon zəng çaldı. Zaur yerindən sıçradı, -bu vaxt ancaq ona zəng eləyə bilərdilər: kim ola? Dəstəyi qaldırdı:
    -Allo!
    Dəstəyə qarmaqarışıq səslər doldu, - açıq havadan zəng olunmuşdu - küçəydimi, meydandımı - müxtəlif hənirtilər gəlirdi, sonra bu hənirtilərin içindən uzaq bir səs duruldu, aydın eşidildi, Zaur dərhal bu səsi tanıdı.
    -Mənəm, Zaurik, - dedi Təhminə. - Bağışla ki, belə gec zəng eləyirəm... Danışa bilirsən?
    -Əlbəttə.
    -Bütün günü sənə zəng eləmək istəyirdim, amma başım elə qarışdı ki, macal tapa bilmədim... - Səs arada kəsilirdi, xətlərin, cihazların xırıltısına qarışıb itirdi, amma Zaur hər halda Təhminənin dediklərini dəqiq qavrayırdı.
    -Sənə aeroportdan zəng vururam. Yarım saatdan sonra uçuram.
    Zaur susub dinləyirdi, nəinki cavab vermirdi, heç "hə". "yox" da demirdi. Təhminə təəccüblə:
    -Eşidirsən məni, Zaur? - deyə xəbər aldı. - Hə, eşidirsən?
    -Eşidirəm...
    -Səni təbrik eləyirəm... Yadımdadır, axı, - bu gün ad günündür. Sənə hədiyyə də almışam. Sabah sənə çatdıracaqlar, - tələsə-tələsə danışırdı, elə bil qorxurdu ki, birdən telefon əlaqəsi qırılar və demək istədiyi əsas şeyi deyə bilməz, - balaca bir şeydir hədiyyəm, amma həmişə sənin yanında olacaq ki, məni həmişə yada salasan... Sabah sənə çatdıracaqlar... Mədinə, qonşum gətirəcək... işivə.
    Zaur:
    -Təşəkkür edirəm, - dedi. - Yaxşı, soruşmaq ayıb olmasın, hara uçursan belə, nə münasibətlə? - Hiss elədi ki, mətbəxdə susdular, yəqin onun danışığına qulaq verirdilər.
    Təhminə sevinclə:
    -Moskvaya, - dedi. - Moskvadan sabah bizim verilişimiz var. Proqramı mən aparacağam. Baxarsan. – Sonra tələsik əlavə etdi. - Yaxşı, Zaurik, hələlik, mənə əl eləyirlər ordan, təyyarəyə minik başlayıb...
    Aeroport Zaurun gözləri qarşısında çanlandı: gecəyə qərq olmuş uçuş meydanı, rəngbərəng siqnal işıqları, qapısı açıq təyyarə, trap və trapda Təhminənin təzə dostları – televiziya işçiləri, qapının ağzında kiçik, cib fənərini yandırıb biletləri yoxlayan stüardessa. Bir azdan Təhminə də trapla dırmaşacaq, sonra təyyarənin qapıları kip bağlanacaq, propellər hərlənəcək, təyyarə yerlə bir az qaçıb havaya yüksələcək. Bir dəstə televiziya işçiləri deyib-güləcək, zarafatlaşacaq, sabahkı verilişlərindən, ümumi işlərindən danışacaqlar.
    ...Və Təhminə də onların içində olacaq. O köhnə dostu - televiziya rejissoru, nədir onun adı, Muxtardır, nədir, - o da yəqin oradadır, Moskvaya gedir o da... Bəlkə trapdan əl eləyən, Təhminəni çağıran da elə odur. Ya bəlkə indi lap Təhminənin yanındadır, telefonun böyründə, Təhminənin Zaurla söhbətini dinləyir. Mətbəxdən anasıyla Sitarə Zaurun söhbətini dinləyən kimi...
    Təhminənin bu gecə zəngi Zaurun ürəyini müxtəlif qatmaqarışıq hisslərlə doldurmuşdu, - açıq təyyarə meydanının nəfəs genişliyi, təyyarənin qalxacağı göylərin ulduzlu qaranlığı vardı bu telefon zəngində. Təhminənin səsi, nəvazişi, ona - Zaura diqqəti vardı... Amma bir də Zaura yabançı olan özgə sevinci vardı, uzaq səfər fərəhi – başqa həyat, yeni tanışlıqlar, münasibətlər kələfi vardı və bütün bunlar Təhminənin yeni işi, yeni həyatı idi. – Zaurun gözündən iraq, ömründən uzaq olan yad bir dünyadan gəlirdi bu soraqlar...
    -Salamat qal, Zaurik, bol-bol səadət arzulayıram sənə...
    -Sənə də yaxşı yol, - dedi Zaur. - Neçə vaxta gedirsən?
    -Üç günlüyə, - dedi, sükut çökdü, görünür bu sükut ərzində götür-qoy edirmiş: desin, deməsin, nəhayət, qərara gəlib yavaş səslə (doğrudanmı görəsən yanında kimsə vardı, ona görə yavaşdan dedi bunu) - pıçıltıyla əlavə etdi: - Sən də uç gəl Moskvaya, Zaurik... Yaxşı, mən qaçdım, hələlik... Sonra dəstəkdən kəsik-kəsik siqnallar eşidildi. Zaur Təhminənin son təklifi barəsində düşünürdü: doğrudanmı Təhminə bu sözləri dedi - son görüşlərində "daha ayrılmalıyıqU qərarını verəndən sonra, onların idarəsindən, Dadaşın ləng işləyən şöbəsindən çıxıb hay-küylü, əsəbi, daim hərəkətdə və tələsmədə olan televiziya dünyasına düşəndən sonra, təzə dostları-tanışlarıyla bir yerdə Moskvaya uçarkən, məhz ona, Zaura təklif elədi ki, dalınca gəlsin... Yox Zaur yanılmırdı, elə-beləcə demişdi Təhminə:
    -Zaurik, uç gəl Moskvaya...
    -Kim idi o? - mətbəxdən anasının səsi gəldi.
    - Heç, - dedi. - Bir tanışım idi.
 
Beşinci fəsil
 
    Degildim mən sənə mail, sən etdin əqlimi zail.
    Mənə tən eyləyən qafil səni görcək utanmazmı?
    Zaurun təqribi hesablamalarına görə Bakıda, Azərbaycan respublikasının başqa şəhər, kənd, şəhər və kəndtipli qəsəbələrində onların yetmiş yeddi nəfər qohumu vardı. Atasının və anasının hesablamaları etibarlı deyildi. Keflərinin kök vaxtlarında bir-birlərinin qohum-əqrəbasını saymağa başlayanda atası ortalığa bir rəqəm çıxarırdı, anası ayrı. Anasının hesablamalarına görə atasının qohumu daha çox idi, atasının hesablamalarına görə əksinə. Anası: "Bibim nəvəsinin ögey əmisi oğlu haradan mənim qohumum oldu ki..." - deyərdi, amma özü Məcidin dayısı qızının baldızı oğlunu ərinə yaxın qohum sayardı. "Hər halda ali məktəbə girəndə sənin yanına gəlmişdi ki, yaxın qohumusan, sən də ona kömək elədin... Doğrudur, işi düzələndən sonra bir də üzünü görmədik, amma hər halda ..".
    Əslində, ata və ana qohumlarından başqa bir də vardı, Məcid demiş, "sezon qohumları". Məlum deyildi ki, onlar kimin tərəfindən hardan qohum idilər, amma elə ki, imtahan mövsümü başlanırdı, bu haradansa peyda olmuş "sezon qohumları" qapılarını kəsdirirdilər. Nizamidən, Firdovsidən, Sədidən tutarlı misallar gətirib isbat edirdilər ki, qohum-əqrəba dar gündə gərək olar va əgər Məcid uşağa kömək eləməsə, deməli, böyük şairlərin hikmətli kəlamlarının bir qəpiklik mənası yoxmuş... Adətən bu müdrik beytlər Məcidgilin evlərində yay aylarında, sınaq imtahanları dövründə daha çox səslənirdi, amma başqa mövsümlərdə də cürbəcür qohumların cürbəcür xahişlərindən, təvəqqələrindən asudə deyildi Məcidin başı... Məcid ürəyiyumşaq adam idi, əlindən gələn yaxşılığı qohumlarından da, qohumu olmayan, tanıyıb-tanımadığı adamlardan da əsirgəməzdi və heç bir vaxt da elədikləri yaxşılıqların müqabilində heç bir şey gözləməzdi, heç quru "sağ ol"un da təmənnasında deyildi. Amma hərdən-birdən, görürsən düşürdü belə bir iş ki, yaxşılıq elədiyi adam, dar günündə qolundan tutduğu şəxs məqsədinə çatan kimi birdəfəlik yox olurdu, ilim-ilim itirdi, nə izi, nə tozu qalırdı, belə məqamlarda Məcid də görürsən, hərdən segah üstündə dodaqaltı zümzümə edərdi: "Bağda ərik var idi, salam-məlik var idi, bağdan ərik qurtardı, salam-məlik qurtardı".
    Bu, atasının əzbər bildiyi yeganə şer misralarıydı və yeganə musiqi motivi idi, professor bunu, özfəaliyyət iştirakçıları kimi, özü özüyçün, öz dilxoşluğu üçün oxuyurdu. Amma, hər halda bu müvəqqəti üzə çıxıb birdən-birə də qeyb olan təmannalı qohumlardan savayı əsl yaxın qohumları da vardı və bu qohumlarla daimi sıx əlaqə saxlayırdılar. Belə yaxın qohumlar Zivər xanımın bacıları, xalası və xalası qızlarından ibarət idi və bir də Məcidin, Bakıda yaşayan yeganə yaxın qohumu-məşhur cərrah, professor Bəhram Zeynallıdan şübhəsiz, Bəhram Zeynallının ailəsi - arvadı Rüxsarə xanım, oğlu Rasim də yaxın qohumlardan sayırdı, amma Bəhramın davada həlak olmuş qardaşının oğlu Qiyasla gediş-gəlişləri yox idi... Məcid bilirdi ki, Qiyas Dilarə adlı bir qızla evlənib, bir oğulları var, amma nə özü, nə də Zivərlə Zaur Qiyasın ailəsiylə heç tanış da deyildilər. Ömürlərində bir-birlərinin qapısını açmamışdılar, deyəsən Qiyasın əmisi Bəhramla gediş-gəlişləri vardı, amma Məcidgil Bəhramgildə tez-tez qonaq olsalar da, bir dəfə də onlarda Qiyasgilə rast gəlməmişdilər... Adətən Bəhramgillə, başqa qohumlarla görüşləri də müəyyən hadisədən-hadisəyə, tarixdən-tarixə olardı - ad günlərində, toy-nişanda, ya, allah eləməsin, hüzr məclislərində... Bu gün - Zaurun ad gününə də beş-altı nəfər qohum gəlmişdi - Zivərin iki bacısı, bir xalası qızı, (o biri xalası qızı gəlməmişdi, xalası xəstəydi, qızı da onun keşiyini çəkirdi), Bəhram Zeynallı arvadı Rüxsarə xanımla, (onlar da oğulları Rasimsiz gəlmişdilər...) Məcidin iş yerindən də iki nəfər gəlmişdi və o cümlədən atasının kafedrasında assistent olan Şahin. Şahin Zaurla həmyaş idi və onların ailələri üçün əvəzsiz bir adam idi - nə lazım olsaydı yerin deşiyindən tapardı. - Bax, elə bugünkü məclisçün bütün gərək olan sursatı - sədri düyüsündən, təzə balıqdan, kürüdən tutmuş hər cür xırım-xırdayacan - nə bilim borjomdu, yaşıl noxuddu, mayonezdi-filandı - hamısını Şahin "təşkil eləmişdi"... Qonşularla elə mehribançılıqları yox idi, qonşulardan bircə Murtuzovgil idi qonaqları - Murtuz özü - istefaya çıxmış polkovnik Murtuz Murtuzov bütün orden, medallarını taxmışdı, - arvadı Alya və qızları Firəngiz.
    "Qızlarını bizimkilərə - qohumlarımıza göstərməyə gətiriblər" - deyə düşünmüşdü Zaur. Amma məsələ ondadır ki, Murtuzovlarla bir yerdə Zaurun tanımadığı başqa bir ər-arvad da gəlmişdi, necə deyərlər, çağırılmamış qonaqlar. Alya xanım izahmı eləyirdi, üzrmü istəyirdi, hər halda qeyri-müəyyən bir tonal.
    -Tahirəylə Cabbar da gəlib çıxdılar bizə, dartdım onları da gətirdim, - dedi.
    Tahirə Alyanın ortancıl bacısı idi. Çünki kiçik bacısı da vardı -Sürəyya, Nemətin arvadı. Nemət tərcüməçi idi. Zaurla bir nəşriyyatda işləyirdi və Zaur onu son dərəcə duzsuz-dadsız bir adam hesab eləyirdi.
Amma Cabbarla Tahirəni Zaur birinci dəfə görürdü.
    Tahirə də Zivər xanıma:
    -Sən allah, bağışlayın,- dedi. - Alya qır-qıc oldu ki, gərək siz də gedəsiz, heç bilmirdim ki, Zaurun ad günüdür bu gün... hədiyyə bizim boynumuza. - Guya Tahirə üzrxahlıq eləyirdi, amma bu sözləri elə böyük bir təşəxxüslə deyirdi ki, onların mənası tamam başqa cür çıxırdı: yəni sizin minnətiniz olsun ki, biz təşrif gətirib sizə qonaq gəlmişik.
    Zivər xanım:
    -Eyib deyilmi, nə danışırsız, öz evinizdir, xoş gəlmisiniz, - deyirdi.
    Amma Zaur ona da fikir verdi ki, anası da tələffüz elədiyi sözlərə tamam başqa məna verdi. Anası da hiss eləmişdi Tahirənin forsunu, özündən müştəbehliyini və imkan tapan kimi onu yerində otuzdurasıydı...
    Zaur bunu da başa düşürdü ki, qonşuların bu nümayəndə heyəti yalnız. Firəngizi göstərməkçün gəlməyib, həm də Zaura baxmağa gəlib. Daha doğrusu, yalnız tək bir Zaura yox, oğlanın ailəsinə, qohum-əqrəbasına, evlərinə-eşiklərinə, dolanacaqlarına və davranışlarına, bir söz, "bizim Firoçkanın" düşə biləcəyi mühitə...
    Tahirə, görünür, Alyanın yalnız bacısı deyildi, həm də ən yaxın məsləhət-məşvərətçisi idi, odur ki, onun rəyi, fikri, təəssüratı vacib idi... Zaur, içində bütün bu bayağı oyuncaqlara nəinki gülürdü, müəyyən ikrah hissi də duyurdu, bu duyğularını ört-basdır etmək, üzə çıxarmamaq, hamıya xoş sifət göstərmək, mehribanlıq eləmək istəyirdi. Özü də bu halına təəccüb qalmışdı. Adətən bu sayaq münasibətlər, ümumiyyətlə, ad gününün saxta şadyanalığı onu əsəbiləşdirərdi. Zaur bu günün tez qurtarıb getməsini arzulayırdı.
    Amma bu gün səhərdən bəri bütün içini doldurmuş ilıq, xoş bir duyğu, elə bil onun bütün insanlara münasibətini də mülayimləşdirmişdi: heç kəs onu əsəbiləşdirmirdi...
    Dəqiqəbaşı əlini cibinə atır, "Ronson" alışqanını çıxarıb odlayırdı və ona elə gəlirdi ki, onun sevincinə, fərəhinə hamı şərikdir. Bu alışqanı bu gün işə Təhminənin qonşusu Mədinə gətirmişdi. Təhminənin dünən dediyi hədiyyəsiydi bu "Ronson" alışqanı, bir dəstə gül və üstündə təbrik sözləri yazılmış kağız... Zaur elə bil qəribə yuxu içində idi və ona müraciətlə deyilən sözləri də əməlli-başlı eşitmirdi, nəzakətsiz görünməmək üçün arabir "bəli, əlbəttə", yaxud "xeyr" deyirdi, amma özü də bilmirdi ki, "bəli-xeyri" yerində deyir, ya yox. Tahirənin əri Cabbar da nə barədəsə onunla qızğın söhbətə girişmişdi. Zaur da onu dinləməyərək hey başını yelləyir, "bəli, bəli, əlbəttə" deyirdi, amma özü də bilmirdi ki, nəylə razılaşır, nəyi belə qeydsiz-şərtsiz qəbul edir... Arabir diqqətini toplayıb Cabbarın fikrini almaq, nədən danışdığını təyin eləmək istəyirdi. Cabbar yanında oturmuşdu, amma elə bil səsi hardansa, çox uzaqlardan gəlirdi:
    -Başa düşürəm, atanızın işlədiyi institutda müdafiə eləmək yaxşı düşməz, söz-söhbət ola bilər. Amma istəsəz, mən danışaram, bizim institutda müdafiə edərsiz.
    Zaur: "bəli, bəli, əlbəttə" deyirdi, özü də bilmirdi ki, Cabbar dəqiq surətdə ona nə təklif edir. Cabbarın səsinə başqa səslər - atası Məcidin, anasının, xalalarının, Murtuzun, Alyanın, Bəhram əminin, Tahirənin, Rüxsarə xanımın, Şahinin səsləri də qarışırdı... Bircə Firəngizin səsi gəlmirdi... Firəngizin yanaqları qıpqırmızı alışıb yanırdı. Zaur fikirləşirdi ki, doğrudan da, çox gözəl qızdır Firəngiz və elə bil onun susub dinməməyini qavrayır, sükutunu eşidirdi. Firəngizin sükutu yəqin ki, Zaur haqqında, onunla quracağı gələcək xoşbəxt ailə həyatı haqqında təsəvvürlərlə dolu idi - ola bilməz ki, bütün bu xəyalları Alya xanım yavaş-yavaş, altdan-altdan qızına təlqin eləməsin. Səslər bir-birinə qarışırdı, amma ayrı-ayrı cümlələrə diqqət etsən, kimin nə danışdığını təyin etmək olardı.
    -Əşi, mənim ştabımda idi, əlaltım idi, şunu götür, şunu qoy, indi bir gör nə ağız bəhəm eləyib, küçədə görəndə adamzad tanımır. - Murtuz deyirdi bunu...
    -Keçən il Londondan qayıdanda Varşava qəbul eləmədi,
    Praqaya uçmalı olduq, mən idim, professor Speranski idi. - Bəhram Zeynallı deyirdi bunu...
    -Apardı məni sklada, mama, dedi, seç hansın bəyənirsən, vallah, Rüxsarə xanım, nə gizlədim, gözüm dörd oldu, day könlün nə istəyir - nə rəng, nə fason, nə biçimdə - hamısı var. - Alya deyirdi bunu. Həmişəki kimi oğlu Spartakın şücaətindən basıb-kəsirdi. Spartak haçansa onu cürbəcür qıt mallarla ağzınacan dolu olan qeyri-adi anbara aparıbmış, - bu əhvalatı Alya xanım azı bir on dəfə danışıb Zivər xanıma və Zivər xanım da azı bir yeddi dəfə Zaura. Spartak Alya xanımın sevimli mövzusu idi, amma yeganə mövzusu deyildi. Spartak mövzusundan başqa iki daimi mövzusu da var idi - əri Murtuzun xidməti və qızı Firəngizin isməti…
    -Lazım gəlsə mən elmi katiblə də danışa bilərəm, mənim xətrimi çox istəyir, təşkil edərik bizdə müdafiəyə buraxarlar. -
    Bunu Cabbar deyirdi və Zaur da:
    -Bəli, bəli, əlbəttə, - deyirdi ona.
    Zivər xanım mətbəxdən otağa gəldi:
    -Ay Zaur, - dedi, - qonaqlarımız darıxmır ki, bəlkə televizoru qurasan...
    Zaur televizoru qurdu və bir azdan sonra qonaqların canlı səslərinə televizorun səsi də əlavə olundu. İdman şərhçisi:
    -Voleybolçu qızlarımız inadla mübarizə aparıb layiqli qələbə qazandılar, - deyirdi...
    Bəhram Zeynallı:
    -Praqada da mühazirə oxumalı oldum, - deyirdi.
    Murtuz Murtuzov:
    -O gün axır yaxaladım küçədə, - deyirdi.
    Alya xanım anbardakı dublyonkalardan, Rüxsarə xanım komisyondakı servizdən, Tahirə yayda dincəldikləri kurortdan danışırdı. Cabbar:
    -İstəyirsiz, lap rektorun özüylə danışaram, - deyirdi. -
    Məncə etiraz eləməz...
    -Praqadan daha qatarla gələsi oldum. Speranskiylə bir kupeyə düşmüşdük...
    -Yapışdım yaxasından, adə, qırışmal, məni tanımırsan sən?
    -Day bir şey götürmədim, bax bu paltarı, Firoçkayçün fransızski sapojki, iki dənə yorğan örtüyü – Firoçkanın cehizliyi, bir də bir-iki xırda-xuruş. Spartak deyir, mama, dünyanın axırı ha deyil, haçan kefin istəsə yenə gətirərəm səni bura...
    -İstəyirəm alım o servizi, bizim bir dostumuz var - Şamxal, müstəntiqdir, onun arvadı Tamaranın ad günüdür, ona hədiyyə aparmaq istəyirəm...
    -Mən Krımda da olmuşam, Soçidə də... amma bura başqa aləmdir... Qum mirvari kimi, dəniz tərtəmiz, korpuslar elə rahat, elə səliqəlidir ki...
    -Kişi voleybolçular isə bu mövsümdə hələ ki, müvəffəqiyyət qazana bilməyiblər...
    -Rektor nə deyəcək ki?.. Bizim institutda, hətta, Tiflisdən,
    Yerevandan gəlib müdafiə edirlər...
    -Buyurun, stolun başına keçin!
    -Şahin, zəhmət olmasa, badələri doldur.
    -Bəs Spartak niyə gəlməyib?
    -Allah bilir haradadır indi...
    -Yaxşı, tamadamız kim olacaq?
    -Murtuz Balayeviç, polkovnik Murtuzov...
    -Xeyr, heç elə söhbət yoxdur, professor, professor yaxşıdır...
    -Hansı professor, professor burda ikidi.
    -Zeynallı...
    -Zeynallı da ikidir.
    -Yox, əlbəttə, professor Bəhram Zeynallı, Məcid day ev yiyəsidir, ev yiyəsindən tamada olmaz ki...
    -Çox sağ olun, Zivər bacı, deməli, mən ev yiyəsi deyiləm, mən özgəyəm?
    -Yox, ay Bəhram qardaş, siz də ev yiyəsisiniz, əlbəttə, öz evinizdir bura, elə ona görə də xahiş edirik ki, Zaurçikin məclisini siz aparasınız da.
    -Yox, Murtuz yaxşıdır, - dedi Bəhram.
    -Heç elə söhbət yoxdur, əsl tamada Bəhram müəllimdir, - dedi Murtuz.
    -Onda içək Bəhramın sağlığına, - dedi Məcid.
    -Yox, madam ki, mənim boynuma qoyduz tamadalığı, sözümə qulaq asın. Zaurun sağlığına içək, - dedi Bəhram.
    -Sağ ol, Zaur, - dedi Şahin.
    -Sağ ol, bala, - dedi Zivər.
    -Sağ ol, - dedi Məcid.
    -Sağ olun, Zaur, - dedilər. Rüxsarə xanım, Alya xanım,
    Tahirə xanım... Firəngiz heç nə demədi...
    -Sizin sağlığınıza, Zaur, - dedi Cabbar.
    -Dobrıy veçer, doroqie telezriteli, - dedi Təhminə.
    Zaur diksinib televizora tərəf çevrildi... Hamı qədəhlərini Zaura tərəf uzatmışdı, hamı qədəhlərini bir-birinə vururdu "sağ olun, sağ olun" deyib içirdi. Zaur isə elə bil bütün məclisi duman içində görürdü və bu dumanın içində bircə sifət durulub aydın seçilirdi - Təhminənin sifəti, bu hay-küydə bircə səs aydın eşidilirdi - Təhminənin səsi:
    -Mı naçinaem proqrammu azerbaydjanskoqo televideniə. Mı privezli Vam iz naşeqo solneçnoqo Baku...
    Zaur artıq sözlərin də fərqinə varmırdı. Təhminənin nə danışdığını da əməlli-başlı qavramırdı, yalnız səsinin ahəngini dinləyir və dodaqlarına qonmuş xəfif təbəssümü görürdü... Təhminə otaqdakıların da diqqətini çəkmişdi:
    -Buna baxın, Moskvadan verirlər, bizim Bakı verilişidir.
    -Hə qəzetdə yazmışdılar da...
    -Bu kimdir, təzə diktordur?
    -Hə də, nədi onun adı?
    Alya xanım quru bir tərzdə:
    -Təhminə, - dedi, - indi də diktor olub...
    Murtuz:
    -Bu ki, həmin o arvaddır, bizim...
    -Hə, hə, - deyə Alya ərinin sözünü kəsdi və Zaur bilirdi ki, kəsməsəydi Murtuz Balayeviç Spartakın adını çəkəcəkdi.
    Təhminə danışırdı, gülümsünürdü, milyon-milyon tamaşaçıya gülümsünürdü, tək bircə Zaura gülümsündüyü kimi, plyajda, maşının içində, Murtuzovların bağlarında gülümsündüyü kimi...
    Otaqda isə hamı bir ağızdan Təhminənin geyimini, sirsifətini, durub-oturmasını, bütün həyatını müzakirə edirdi. Kişilər dodaqaltı qımışırdılar, qadınlar paltarına, saçının burumuna ağız büzürdülər, bir-birlərinin qulaqlarına əyilib nə isə pıçıldaşırdılar və yeni məlumat almış hər adam "vay, vay, vay" deyə məzəmmətlə başını bulayırdı... Kimsə dedi ki, Təhminənin əri Manafı tanıyır, əməlli-başlı abırlı adamdır yazıq, indi başına nə kül töksün ki, bütün şəhərdə biabır olub.
    Kimsə cavab verdi ki, qadam onun ağzına, o da adını kişi qoyub, başına papaq geyir... Kimsə dedi ki, Təhminə elə bəzənib-düzənib, elə bil bayram xonçasıdır... Kimsə dedi ki, bəs görəsən adamı televizornan milyon adamın qabağına çıxardanda bir maraqlanmırlar tərcümeyi-halıynan, kimdir, nəçidir, nə yuvanın quşudur... Bu vaxt qapılarının zəngi çalındı. Şahin gedib açdı, Spartak içəri girdi, salamsız-kalamsız anasına:
    -Qapını bağlayıb getmisiz, mənim açarım səndədir axı, - dedi. Alya xanımın tənbehindən sonra ("Zaurun yaşıdır, niyə təbrik eləmirsən") çevrilib Zaura baxdı, Zaurun əlindəki "Ronson"a xüsusi bir diqqətlə nəzər saldı, mənalı-mənalı gülümsündü və hamının televizora tamaşa elədiyini görüb
    Spartak da ekrana tərəf çevrildi:
    -Oho, - dedi, - əhsən, Taxmuşa...
    Sonra Spartak çıxıb getdi. Təhminə də ekranda yerini ifaçılara verdi, mahnılar səsləndi və qonaqlar konserti dinləyədinləyə oxuyanlar, çalanlar barədə danışmağa başladılar…
    Filan xanəndə Parisdən nə gətirib, filan bəstəkar ayda nə qədər qazanır, filan rəqqasənin neçə yaşı olar...
    Tahirə deyirdi ki, Emin Sabitoğlunun mahnılarını sevir, Caboş deyirdi ki, Zaur mütləq onların institutunda müdafiə eləməlidir. Murtuz deyirdi ki, bütün bu xanəndələr, oxuyanlar müftəxordurlar, ortada yeyib qıraqda gəzməyi sevirlər, dava vaxtı çoxusu ön cəbhəyə getməkdən canını qurtarırdı, amma ad almaq-filan gələndə özlərini birinci qabağa dürtürdülər... Bəhram deyirdi ki, indiki oxuyanlar dava vaxtı çoxusu heç anadan olmamışdı, olanları da südəmər uşaqlar idi.
    Tahirə dedi ki, Polad Bülbüloğlunun mahnılarından da çox xoşu gəlir. Rüxsarə xanım dedi ki, paxlavaya söz ola bilməz, bilmirəm niyə gizlədir Zivər xanım bunun sirrini bizdən. Alya dedi ki, gərək bir xəlvət gəlib göz qoyam, öyrənəm Zivər xanımın sirrini. Zivər xanım da güldü, dedi peşkəşdir sizə bütün reseptlər. Murtuz Balayeviç də dedi ki, hə, nədi bu oxuyan gədə, bir belə saçın uzadıb qız kimi, bu moddu, nədi yəni belə?! Cabbar dedi ki, yüz faiz arxayın olun, mən bu müdafiə məsələsini boynuma götürürəm və Təhminə dedi:
    -Naşa peredaça okonçena. Do novıx vstreç. - Bir an duruxdu və əlavə etdi: - Mne xoçetsə pozdravitğ tex telezriteley, u kotorıx seqodnə denğ rojdeniə.
    Zaur bir an donub qaldı və nədənsə dərhal anasına baxdı. Anası da cəld ona baxdı və Zaur başa düşdü ki, anasıyla Zaurdan başqa bu otaqda heç kəs Təhminənin son cümləsinin fərqinə varmamışdı. Bircə anası bunun kimə aid olduğunu başa düşmüşdü və Zaur bir buna görə anasını bağrına basıb öpmək istəyirdi...
    …Üç-dörd qədəh içmişdi Zaur, beyni dumanlanmışdı, ya nəydi, amma birdən ona elə gəldi ki, Təhminəni sevir, heç kəsi heç vaxt sevmədiyi və sevməyəcəyi kimi sevir.
    Cabbar:
    -Günü sabah elmi katiblə danışaram, - dedi...
 
***
 
    Bütün gecəni gözünü qırpmadı Zaur. Səhər işə də hamıdan ertə gəldi. Mühasib Səfdər kişi gəlib çıxanacan özünə yer tapa bilmirdi.
    -Səfdər dayı, bu gün maaş verəcəksən?
    -Bəs necə? Günün ikinci yarısında...
    -Bayramlarda növbətçi olmuşam, üç gün otqulum var, götürə bilərəm?
    -Gərək direktor müaviniylə danışasan bu barədə.
    Direktorun müaviniylə danışdı. Müavin təəccübləndi, amma Zaurun ərizəsinə dərkənar qoydu. Saat ikidə Zaur cədvələ qol çəkib, 52 manat 30 qəpiyini aldı. İndi cibində 95 manatı vardı. Gedib aeroflotun kassasından gündüz reysinə bilet aldı, sonra poçta girib teleqram vurdu: Moskva, Üentralğnoe televidenie, Taxmine Aliyevoy. Leçu k tebe v prəmom I perenosnom smısle slova. Zavtra budu v Moskve. Reys 852, üeluö, Zaur".
 
***
 
    -Mən bilirəm sən niyə Moskvaya gedirsən... Dünən sənə qaş-göz eləyirdi televizordan, elə bilirsən başa düşmədim... Heç hara getməyəcəksən... Yalan deyirsən, heç bir işin-filan, heç bir komandirovkan-zad yoxdur... Guya bilmirəm, zəng eləyib idarədən soruşaram bu saat, görüm, nə təcili işdi belə səni əlimyandıda göndərirlər. Gördün, deməli yalan deyirsənmiş, heç eyib etməz, əlbət indi aton gəlib danışar səninlə. Necə, atovu da gözləməyəcəksən? Nə reys, nə bilet, a gədə, bu saat biletivi də götürüb çıraram, nə mənim başımı tovlayırsan a virananın balası, bu saat mən atova zəng eləyim.
    Necə, onsuz da gedəcəksən, deməli, vecinə deyil, atan da, anan da, deməli o həyasız köpəkqızı səninçün atondan-anondan əziz olub. Budu bizim haqq-sayımız, bütün əzab-əziyyətlərimizin, çəkdiyimiz zəhmətin əvəzi budu verirsən bizə, deməli, anavın göz yaşı da səninçün bir qoz imiş, gör bir o çərhaya bunun başını neçə fırladıb, sən allah; çərhaya deyil nədir, çərhaya da deyərəm, ləçər də, ondan onqat betərini də, hələ sən məni yaxşı tanımırsan, götürüb zəng eləyərəm onun o əri qurumsağa. Mənə yazığın gəlmir, barı xəstə atava yazığın gəlsin. Sənin heç insafın-mürüvvətin yox imiş, ə nə təhər adamsanmış sən. Yaxşı get, lütkomun biri lütkom, get görüm hansı pula gedirsən. Elə bilirsən elə əvvəlki kimi atan-anan cibinə xərclik qoyacaq, asta ye boğazında qalar, gedirsən elə get ki, bir də qayıtma, gözüm səni görməsin, naxələf övlad...
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (28.11.2013) | Müəllif: R.C E W
Baxış: 834 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more