Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı |
AĞ LİMAN (povest) GÜNLƏRİN BİR GÜNÜ Yaş -Üç yüz otuz üç!
Heç kəs hay vermədi. Kassaçı ucadan təkrar etdi: -333! Birdən Nemət duman içində dərk elədi ki, deyəsən onu çağırırlar. Yaxasından döşlük kimi asılmış kərpicvarı ağ lövhəyə baxdı: lövhənin üstündəki üç iri rəqəmi aydın gördü və var gücüylə barırdı: -Mənəm, Namazov Nemət! Səsi lap yavaşdan çıxdı. Növbədə dayanmış adamlar ona məzəmmətlə baxırdılar. Susmuşdular. Yorğun, kədərli görkəmləri vardı. Çoxusunun sifəti Nemətə tanış gəlirdi, amma kim olduqlarını təyin edə bilmirdi. Bu adamları harda görüb, haçan? Səssiz addımlarla kassaya yanaşdı. -Hara bilet almaq istəyirsiniz? -Bakıya. -Hansı qatara? Kislovodsk - Bakı, yoxsa Krasnovodsk - Bakı -Kislovodsk - Bakı, - dedi və fikirləşdi ki, yaxşı, bəyəm biz Kislovodskda deyilik? Kassaçı Səfdər dayı eynəyinin ardından mağmın-mağmın Nemətə baxdı, sonra zəhmlə soruşdu: -Bakıya getməyə icazən var? -İcazə lazımdır? Mən üç ildir növbəyə yazılmışam. -Dəxli yoxdur. Neçə bilet istəyirsən? Nemət barmaqlarını yummağa başladı. -Bir, iki, üç, dörd, beş, altı. Altı. Plaskart. Kupe. -Kimə-kimə? -Arvadım bir. Mən iki. Qayınanam üç. Üç də qızım. -Qızlar sənin deyil. Nemət təəccüb etdi: kassaçı qadın bunu hardan bilirdi? -Biri mənimdir, ikisi... -Birinə bilet verə bilərəm. O ikisinin də öz ataları gəlib alsın. Neməti qüssə bürüdü. Gərək həmişə belə bir əngəl çıxsın. Özü də lap son dəqiqədə. Üç il gözləyəndən sonra. Bu zaman yadına başqa bir məsələ də düşdü: "Qoy bunu da deyim, sonar bu da bir iş olar". -Pişiyimiz də var, - dedi, - pişiyə də bilet almaq lazımdır? -Mütləq. -Yaxşı, onda deməli, beş bilet verin, - barmaqlarını birbir yumdu, - arvadım, mən, qayınanam, kiçik qızım, pişik. Kassaçı biletləri yazmağa başladı. Bu vaxt növbədən kimsə çıxıb kassaçıya yanaşdı, əyilib qulağına nə isə pıçıldadı. Kassaçı diqqətlə Neməti süzdü: -Eyib olsun sənə, - dedi, - aldadıbsan bizi. Bir əyninin geyiminə bax. Nemət əvvəl öz geyiminə, sonra isə növbədə dayanmış yorğun, əzgin adamların geyiminə baxdı. Növbədə dayanan kişilər və qadınlar eyni rəngli boz zolaqzolaq pijama və xalat geymişdilər. Təkcə Nemətin əynində mavi rəngli saya pijama vardı. Adamlar ona məzəmmətlə baxırdılar. Bu zolaq-zolaq adamların içində Nemət qərib və əcaib görünürdü. Hamının yaxasından kərpicvarı lövhə asılmışdı, üstündə də qara rəqəmlər. -Axı mən növbəyə yazılmışdım. - Nemət adamlara yalvardı. - Üç həftə bundan qabaq, yox, üç il. Üç il bundan qabaq. Bilirdim ki, bilet işi çətindir. Nömrəm də 333-dür. -Hanı? - deyə bayaq kassaçıyla pıçıldaşan kişi Nemətə baxdı. - Sənin nömrən yoxdur. Nemət yaxasındakı lövhəyə baxdı: doğrudan da, lövhə ağappaq idi. Nemət yavaş-yavaş aradan çıxıb əkilmək istədi. Kassaçı Səfdər dayı arxadan onu harayladı. -Nemət, al biletini... -Bəs axı... -Bir bilet verə bilərəm. Pişik üçün. Çünki o, zol-zoldur. Nemət böyük mavi dənizin sahilinə çıxdı. "Kislovodskda dəniz? - deyə təəccüblə düşündü. - Bəlkə, bura Kislovodsk deyil, Krasnovodskdır. Aha, belə de. Bəs mən onda qatara miyə bilet alıram? Gəmiylə də getmək olar. Onda anamla atamı da apara bilərəm, axı onlar da hardasa bu tərəflərdədir". Kislovodsk parkının ağ sütunlu qapılarından yaşıl xiyabana daxil oldu. Söyüdlər sərin-sərin xışıldaşırdı. "Amma insafları varmış. Səfalı yerə sürgün eləyiblər. Atamı deyə bilmərəm, amma anam yazıq istiyə dözə bilmir". Nə qədər cəhd elədisə də, anasının sifətini yada sala bilmədi. Birdən xatırladı ki, gedib zol-zol pijama almalıdır. Yoxsa qatara bilet verməzlər. Kislovodskın məşhur "Pyataçok" küçəsinə çıxdı. Küçəni keçəndə arxadan milis fiti eşitdi. Ona aid idi; hərəkət qaydasını pozmuşdu. Milis bir də aramsız fit çaldı. Nemət dayanmadı. Addımlarını becidləşdirdi. "Bacarırsa qoy çatsın" - deyə sürətlə uzaqlaşdı. Milis isə şəhərlərarası telefon zəngi kimi aramsız fit çalırdı. Birdən fit səsi kəsildi. Nemət cəld tini buruldu, nəfəsinidərib geri qanrıldı: onu təqib edən yox idi. Qəflətən ağlına gələn fikirdən Neməti soyuq tər basdı. "Bilirsənmi daha niyə fit çalmır, niyə təqib etmir? Nömrəni yazıb, vəssalam. Bəs elə bilirdin qaçıb qurtarmısan? Lap arxayın ol, nömrəni yazıb götürüb, bütün postlara xəbər verəcək". Gözü divara sataşdı. Divarda tambul bir qız uşağının şəkli asılmışdı. Qıvırcıq saçları, çəhrayı, gödək, qırçınlı paltarı vardı. Yanaqlarından qan damırdı. Şəklin altında: "Ata, Kislovodskdan mənə səsli məktub yaz" sözləri yazılmışdı. Nemət "Pyataçokun" hündür yerindən üç nəfərin ona tərəf gəldiyini gördü. Biri böyük qızı idi, qızı ona yanaşıb: -Ata, mənə maqnitofon al, - dedi. İkincisi anası idi. Nemət onun üzünün cizgilərini ayıra bilmirdi. Amma bilirdi ki, anasıdır. Üçüncüsü Sürəyya idi - Nemətin arvadı. Sürəyya saatı soruşdu. Nemət iri küçə saatına baxıb: -Üç tamam, - dedi. Arvadının səsi lap yaxından eşidildi. -Ay Nemət, oyan görək! Saatı soruşuram. Nemət gözlərini açdı. -Nə? -Deyirəm saat neçədir? Mənim saatım yatıb. Nemət qol saatına baxdı. -Doqquza iyirmi dəqiqə qalıb, - dedi. -Sən allah, dur get çörək al. Çörəyimiz qurtarıb. -Yaxşı, bu saat. Beş dəqiqədən sonra. Gözlərini ovxaladı. Divara tərəf çevrildi. -"Taldı-Kurqan, Alagöl, Manançı". Bir ilə yaxın idi ki, Nemət iş otağını böyük qızına verib onun yerinə keçmişdi. Ancaq vaxtı ilə qızının çarpayının yanından vurduğu böyük xəritə hələ də divarda dururdu. Sovet İttifaqının siyasi xəritəsi. Ölkənin cənub sərhədi Nemətin balışının yanına düşürdü. Hər səhər Nemət gözlərini açıb bu xəritəni görürdü. O, Şərqi Qazaxıstanın şəhərlərini, göllərini, çaylarını əzbər bilirdi. Çox vədə gecələr yuxusu qaçardı. Qaranlıqda xəritə yazılarını seçmək olmurdu. Amma gözüyumulu halda da Nemət barmağını düz Taldı-Kurqanın, yaxud Alagölün, ya da Manançanın üstünə qoya bilərdi. Bəzən bu şəhərləri, çayları, gölləri, ümumiyyətlə bu ərazini təsəvvüründə canlandırmağa çalışırdı. Ucsuz-bucaqsız çöllər, alaçıqlar, susayıb göl, çay kənarına gələn at ilxıları... Uzun yallı ağ atlar... sonra yuxu bataqlıq kimi çəkib onu aparırdı. -Ay Nemət, sən allah, dur çörəyə get də... Yuxu qırsaqqız olub yapışmışdı, əl çəkmək istəmirdi. Ancaq Sürəyyanın səsində narazılıq xalları vardı. Nemət cəld yorğanı kənara atıb sıçradı. Bir-iki dəfə əlqolunu atdı - öz aləmində bu, səhər idmanı idi. Üzünü yuyub mətbəxə keçdi. -Adam-madam iysi gəlir, yağlı badam iysi gəlir. -Get çörək al gətir, onda yağlı badam da görərsən. Çörəyə növbə yox idi. On dəqiqədən sonra ər-arvad ağ, təmiz, səliqəli mətbəxdə qabaq-qabağa oturub çay içirdilər. Nemət: -Bir qatmaqarışıq yuxu görürdüm ki! - dedi. - Görürəm Kislovodskdayıq. Bakıya bilet almaq istəyirəm, özü də bax bu pijamada gəlmişəm, deyirlər yox, zol-zol pijama geyməsən bilet verməyəcəyik. Pişik miyoldadı. Nemət kolbasanın bir tikəsini ona atdı və gülümsündü: -Pişiyə də bilet alırdım. Ona bilet verdilər, dedilər zol-zoldur. -Belə ağıllı yuxular gördüyünçün ayılmaq istəmirdin? Saatı soruşuram, deyirsən üç. -Yuxuda saat üç idi də. Surəyya: -Mürşüdgil deyəsən bu il də Kislavodska gedəcəklər, - dedi. -Kislovodskın o bilet müsibəti yadıma düşəndə heç ora ayaq basmaq istəmirəm. Mixəyi qalstuku qırış idi, yaşılı bağladı. -Yaxşı, hələlik, - dedi. - Mən getdim. -Tez gələcəksən? Axı bu gün şənbədir... -Ay aqibətin xeyir, - şeşə bığlı Musa kişi qırmızı siqaret paçkasını Nemətə uzatdı. - "Arzu" da var a, bəlkə "Arzu" verim! Mağıl indi filtrin bolluğudur. -Yox, elə "Nərgiz" yaxşıdır. Kibritin varmı? Ay sağ ol. Siqareti damağına aldı. Kibrit çəkdi. O biri səkiyə keçib qəzet kioskuna yanaşdı. -Sabahın xeyir... Varındı? Salman kişi eynəyinin altından gözlərini azacıq qıydı. Nemətdən başqa heç kəsin sezə bilmədiyi "hə" işarəsini verdi. İşindən qalmadı: -Bu sənin "İzvestiyan". Al, bu "Kommunist". Buyur, "Gənclər", "Pravda" yoxdur, qurtarıb. TTrudU üç qəpik. "Bakı", əlbəttə, dünənkidir, yoxsa bugünkü olacaq səhər-səhər? "Komsomol?" Buyur, - deyə alıcıları bir-bir yola salırdı. Sonra becid bir hərəkətlə piştaxtanın altından qəzet çıxarıb Nemətə uzatdı. -Nemət: -İki dənədir də? - deyə soruşdu. -Eyib sözdür ki… -Ay səni yüz yaşa. Buyur. -Sağ ol! Xoş getdin! Bu iti əməliyyat növbədə dayanmış çil-çil köynək oğlanın nəzərindən yayınmadı. -Ə kişi, bəs deyirdin "Futbol" yoxdur? Deməli, daşbaşçün saxlamısanmış. Barı saç-saqqalından utan! Salman kişi partladı: -Ağzını dağıtma, qırışmal! Daşbaşı atan eləyir. Bu yoldaş abunəçi yazılıb. Abunəçini qoyub sənə verəcəyəm? Nemət aralanıb gedə-gedə Salman kişinin səsini eşidirdi. -Sən də zəhmət çəkib vaxtında yazılaydın. -Abunəçi burdan niyə gəlib alır? - Oğlan son zəif bir cəhd də etdi. - Evinə yazdırar da... -Kefi belə istəyir. Burda yəni sənlik bir iş var? Salman kişi elə böyük bir canfəşanlıqla ağın qara olduğunu isbat edirdi ki, çil-çil köynək oğlan təslim bayrağını qaldırdı: -Yaxşı, nöş dava eləyirsən? Bir sözdü dedim, deməmiş olum, bağışla. Nemət dodaqaltı qımışa-qımışa bağa girdi. Boş skamyada əyləşdi. "Yox, deyəsən bu gün pis başlamayıb... qəribə yuxu. Dadlı səhər yeməyi. Ətirli filtr. İki "Futbol" qəzeti". Günəşli ilıq gündü. Ağ seyrək buludlar pərən-pərən olub göyə dağılmışdı. "Belə gündə həmişə adamın ovqatı xoş olur". Amma ovqatının xoş olmasının ayrı, daha vacib səbəbi də vardı: Dadaş kişi sözünün üstündən qaçmasa... Qəzeti açıb baxmağa başladı. SSRİ və İrlandiya seçmə komandalarının sabahkı oyunu haqqında yazılar dərc olunmuşdu. Məşqçilərin bəyanatları, komandaların heyəti, gümanlar, fərziyyələr... -Sabahın xeyir, Nemət, işə getmirsən? Narın ətir iyi Nemətin burnunu çaldı. Başını qaldırıb Təhminəni gördü. -İndi gələcəyəm. Hazırlıqlı gəlmək istəyirəm. - Əlindəki qəzeti göstərdi. -İstəyirəm futbol yeniliklərindən əvvəlcə özüm agah olum. Təhminə: -Görək axırı bu futbol sizin başınıza nə oyun açır, - dedi və gülümsündü. Ağappaq, xırda tən-bərabər dişləri vardı. Qarğıdalı dənələri kimi bir boyda və narın. Qırmızı baharı paltarının qolları kəsik idi. Yaxasından ətəyinəcən bir düzüm düymə cərgələnmişdi. -Yaxşı, hələlik, - deyə əl elədi, uzaqlaşıb getdi. Nədənsə Nemət Təhminəni ürəyində həmişə Kaman-qız çağırırdı. "Kaman-qız!" Özünə deməmişdi, amma onu gördüyü ilk günlərdən belə adlandırmışdı. Səsinə görə yox. Səsi boğuq və bəm idi. Bəlkə ona görə ki, ucaboylu, arıq idi, uzun ayaqları vardı. Bəlkə də ona görə ki, kaman kimi onu da ancaq şaquli təsəvvür etmək olurdu. Bəzi qadınları üfüqi təsəvvür edə bilirsən. Amma Kamanqız şaquli qadın idi, gözlərini yumsan da, onu yalnız dimdik görəcəksən. Uzun ayaqlarıyla addımlayır, gedir. Quş kimi harasa tələsir. Həmişə ayaq üstə. Şəməşək. Kaman-qızı yataqda uzanan təsəvvür etmək çətindir. O yalnız üz-üzə dayanıb öpüşə bilər, qollarını boynuva salar. Dolayar qollarını boynuva. Dolayar uzun qollarını boynuva. Dolayar uzun qollarını boynuva şərf kimi. Yox, deyəsən, doğrudan da, bu gün pis başlamayıb. Bütün ayrı gözəlliklərdən başqa səhər-səhər dünyalar gözəlinin qarşına çıxması, iki gəlmə söz kəsməsi savabların savabıdır. -"Görək Dadaş kişi ovqatımıza soğan doğramasa. Dəbbələməsə!" Dünən işdən çıxıb evə gəlirdilər, birdən Dadaş Nemətə müraciət elədi: -Yaxşı, de görüm, sən bədii ədəbiyyat tərcümə eləmirsən? Vallah, deyir, elmə də, kütləyədə canım qurban, başımı elə bu yolda ağartmışam, amma tək elmi-kütləvi ədəbiyyat tərcüməsindən nə çıxacaq! Deyir, qaz vur, qazan doldur. Yaxşı, savadlı, ixtisaslı tərcüməçisən. Yavaş-yavaş keç bədii ədəbiyyat da tərcümə elə. -Eləyirəm də, Dadaş müəllim, hərdən görürsən düşəndə hekayədən, oçerkdən... -Hekayədən, oçerkdən nə olsun e... Maşallah bir çətən külfətin var. -İndi kinostudiya üçün "dublyaj" eləmişəm. "Jivıe I mertvıe" kino var e, bilmirəm, görmüsünüz... -Hə, Simonovun romanını çəkiblər. -Bəli. Aralığa sükut çökdü. Nemət tilov atmış balıqçı kimi gözləyirdi. "Hər halda məndən deməkdi. Tutdu qatıq, tutmadı ayran. Səhərdən bəhanə axtarırdım. Yaxşı ki, sözü özü saldı". Kiçik bir tərəddüdən sonra Dadaş: -Lap yaxşı, - dedi, - o roman bizim nəşriyyatın planında da var. Götür tərcümə elə. Bacararsanmı? Nemət şiddətli ürək döyüntüsünə görə dilinin dolaşacağından qorxdu, bir müddət danışmadı. Sonra: -Dublyaj eləyəndə materialın içinə girmişəm, - dedi və nəfəsini dərdi, - mətnə elə alışmışam ki, məncə, çətin olmaz. -Neynək. Mənim etirazım yoxdur. Yenə bir müddət susdular. Dinib-danışmadan addımlayırdılar. -Amma bilirsiniz də, Dadaş müəllim, - Nemət sükutu pozdu, - qabaqdan yay gəlir. İstəyirəm ayrı iş götürməyəm, elə bütün yayı oturub bunu işləyəm. Dadaş arif idi. Mətləbi göydə tutdu. -Sabah yadıma sal, - dedi. - Müqavilə bağlayaq səninlə. Oturub rahat işləyə biləsən. -Çox sağ olun. Pis kişi deyil bu Dadaş. Görüb-götürmüş adamdır. Özü deməyinə qırx ildir nəşriyyatda işləyir. Deyir başımın tükü sayı adamlar görmüşəm burda. Otuz beş il bundan qabaq kuryerlikdən başlayıb... Ay dadaş, başıva daş. Tərpənmə belə yavaş. Bəli, şunu götür, şunu qoy. Ora qaç, bura qaç. Ora-bura qaça-qaça bir gün olub korrektor, sonra redaktor, sonra şöbə müdiri... nə isə, indi nəşriyyatda heç beş də yox, üç kişinin biridir. Hörməti, söz-keçərliyi müdirdən heç əskik deyil. Amma, insafən, heç özünü dartmağı-zadı yoxdur. Böyüknən böyükdü, kiçiknən kiçik. Boş damarı da ki, futbol. Pah atonnan! Bu yaşda belə həvəs?! Futbol adı gələndə kişinin gözü-başı qaynayır. Elə "Futbolun" ikinci nüsxəsini də onunçün götürmüşdü. Avtobus dayanacağa çatıb nəfəsini dərdi. Qapıları açıldı, düşüş-miniş başlandı. Nemət nömrəsinə baxdı. Yox, mənimki deyil. Onun avtobusunun nömrəsi Nemətin yaşına uyğun idi - Görəsən camaatın dediyi nə dərəcədə həqiqətə uyğundur? Yəni doğrudan Dadaşla Təhminənin arasında ayrı haqq-hesab var? Heç inanılası deyil. Dadaş hara, Təhminə hara? Təhminə! Kaman-qız! Bəli, bu da sənin kaman-qızın. Şaquli qadın. Yox əşi, inanmıram, sözdür. Camaatdır da, danışmağa qeybət gəzir... Amma bir yana baxanda... Dadaş da az aşın duzu deyil ha, yüz fırıldaqdan çıxıb. Bildir Daşkəndə konfransa gedəndə yadımdadır nə oyunlardan çıxırdı. Nemət bir də Dadaşla Təhminəni gözlərində canlandırdı. Dadaşın yekə qarnını, daz başını, ziyilli burnunu... bir də Təhminənin uzun qıçlarını, uzun qollarını. Üz-üzə dursaydılar Dadaşın başı Təhminənin çiyninə çatmazdı. "Dola qollarını boynuma!" Qollarını Dadaşın yoğun peysərinə dolamaq üçün Təhminə gərək dizi üstə çökəydi. Ya da Dadaş taburetkanın üstünə çıxaydı... Nemət xəyalında canlandırdığı mənzərəyə özü də güldü. Dadaş taburetkanın üstündə! "Əşi, mənim nə borcuma! Onun əri var, bunun arvadı: özləri bilərlər. Bu gün mənim müqaviləmə qol çəksin. Vəssalam, şüttamam. Onda yayın pulu düzəlir. Onda bu gün dublyajdan mənə çatacaq pula maqnitofon alaram. Karmena çoxdan söz vermişəm". Karmen Nemətin böyük qızı idi. Üç qızı vardı, Ortancılı Cilda, kiçiyi Nərgiz. Nemət nə səsini itirmiş sabiq müğənni idi, nə də opera dəlisi. Opera dəlisi rəhmətlik Əsəd kişi idi. Karmenlə Cildanın atası, Sürəyyanın birinci əri. Nədənsə bir səhnə heç Nemətin gözləri qarşısından getmirdi: Əsəd kişi iri lırt meşin kürsünün lap dibinə çöküb. Bir dizinin üstünə Karmeni alıb, bir dizinin üstünə Cildanı. Hardansa tapdığı nadir opera vallarına qulaq asırlar. Karmen olardı o vaxt yeddi-səkkiz yaşlarında, Cilda beş-altı yaşında. İndiki kimi yadımdadır, qızların cüt paltarları vardı. Moskvadan gətirmişdi, çəhrayı paltarlar, qırçınlı, göm-gödək... Başlarında iri çəhrayı bantları vardı. Yanaqlarından da qan damırdı. Qıpqırmızı. Üzlərini Əsəd kişinnn üzünə qoyub saatlarla qulaq asardılar. Əsəd kişi də elə bil cənnətin tən ortasında oturub, aldığı zövqdən-səfadan gözlərini yumardı. Bir dənə də qəribə abajurları vardı. Elə xoş, ilıq işıq salırdı ki, bütün otaq isti pürrəng çay rənginə çalardı. Karmen məktəbə gedəndə dərslərindən axsamağa başladı. Əsəd professor idi, məşhur cərrah idi, ora-bura çəkirdilər, uşaqla məşğul olmağa hövsələsi hardandı? Elə boş vaxtı olan kimi valları qoyub çorta gedirdi, Uzun sözün qısası, soraqlaşıb Neməti tapdılar. Köhnə pulnan ayda 150 manata Nemət Karmenlə məşğul olurdu. Cildanı da məktəbə hazırlayırdı. 55-ci il idi. Nemətin 23 yaşı vardı, mətbəədə mürəttib köməkçisi işləyirdi, universitetdə də qiyabi oxuyurdu, biblioqrafiya şöbəsində. Anası bir il bundan qabaq rəhmətə getmişdi. Ömür vəfa eləmədi ki, atasının şad xəbərini alsın. Arvadı basdırandan iki həftə sonra Nemətə atasının bəraət kağızını təqdim elədilər. Əsəd Sürəyyadan iyirmi iki yaş böyük idi. Müharibədən qayıdandan bir il sonra Sürəyyayla evlənmişdi. Qısa müddətdə Nemət Əsədgilin ailəsinə çox isnişdi. Kasıblıq çəkdiyini bilirdilər, tez-tez nahara saxlayırdılar: "Tələbə babasan, otur, görək Sürəyya xanım bizi nəyə qonaq edəcək" - deyə Əsəd onu masanın başına dəvət edərdi. Həmişə arvadına "Sürəyya xanım" deyərdi. Nemət bir dəfə də olsun eşitməmişdi ki, Əsəd arvadını eləcə "Sürəyya" çağırsın, "xanımsız", yox, həmişə "Sürəyya xanım" ki, "Sürəyya xanım!" Böyük otaqları vardı. Yumşaq xalılarla döşənmişdi. Xalılar addım səslərini su hopduran kimi canlarına çəkirdi. Divarda Əsədin atasının iri şəkli asılmışdı. Qonaqları oldu, olmadı, fərqi yoxdur, həmişə masanın üstünə ağappaq, nişastalı süfrə salınardı. Bahalı qab-qacaq, gümüş çəngəl-bıçaq düzülərdi. Ailə üzvləri yaxalarına ağ salfet salıb eyni vaxtda masanın başına keçərdilər. Ev-eşik par-par parlayardı. Nemət heç bir dəfə də olsun Sürəyyanı, ya qızlarını səliqəsiz görməmişdi. Həmişə paltarları ütülü, saçları daranmış. Hər dəfə Nemətə elə gəlirdi ki, Sürəyya hamamdan bax bu dəqiqə çıxıb: əl-üzü tərtəmiz, ağappaq. Dərisi hamar-hamar... Çox vaxt Nemət İçərişəhərdəki dar, rütubətli daxmasına qayıdıb bütün gecəni yata bilmirdi. Gözünü əhəngi tökülmüş divarlara zilləyib, yerində o yan bu yana qurcuxurdu, yatanda da elə bil yuxusuna od tökülürdü. Novruz bayramı axşamı Neməti yenə saxladılar. Ağ süfrəyə yaşıl səmənilər, nazik, rəngbərəng şamlar, boyalı yumurtalar, bəzəkli xonça düzüldü. Şəkərbura, paxlava gəldi. Əsəd: -Yaxşı, xoş bayramdır, - dedi. - Amma heyf atababalarımız bir az xərifləyiblər içkini haram eləyəndə... İçkisiz məclisin nə duzu? Nemət gülümsündü. O bilirdi ki, Əsəd içən deyil. Bu sözləri də yüngül zarafat naminə, məzəyçün deyir. -Deyirəm, Nemət müəllim, - o yenə qımışdı: "Nemət müəllim", - gəlsənə bu köhnə bazara təzə nırx qoyaq. Bir balaca qədim ənənəni pozaq. Deyirəm o rəhmətlik kişilər bizdən inciməz, həmi?.. Əslinə qalsa, onların özlərinin də içməklə araları saz imiş. Əsəd kişi uzun bir əhvalat danışdı, 22-ci ildə 17 yaşında, ilk dəfə Bakıya gəlməsindən, əhli-kef əmisiylə içki məclisinə düşməsindən (indiki zabitlər evi var ha, bax onun yerində restoran idi), ömründə ilk dəfə dilinə araq vurmasından, sonar da halının xarab olmasından, biabırçılıqdan... Susdu və əlavə etdi: -Gəl adama bir azacıq konyak içək. Şirniyyatın malı konyakdır. Sürəyya xırda, zərif qədəhlər gətirdi. -Sağ olaq! Deyirəm gəl içək Sürəyya xanımın sağlığına! Nemət: -Sağ olunuz! Sürəyya bacı, sizin sağlığınıza! - dedi və həyatında ilk dəfə içdi. İkinci qədəhdən imtina etdi. "Gərək abırlı gedəm" deyə düşündü. Amma abajurun işığı o qədər mülayim, ilıq, mehriban, çay o qədər ətirli, Əsədin çaldırdığı musiqi o qədər həzin idi ki, heç durub getməyi gəlmirdi. Əsədgildən çıxanda gec idi. Küçədə dönüb bir də onların dördgöz pəncərəsinə baxdı. İki pəncərə qaranlıq idi – qızlar yatmışdılar. İki pəncərə isti pürrəng çay rəngli idi. Onların ardında musiqi səsləri yumşaq xalçalara hopub itirdi. Nemət bu pəncərələrə baxdı, baxdı, birdən tramvayın xırıltısını eşitdi, bildi ki, son tramvaydır, götürüldü, sürüşüb yıxıldı, tələsik durdu, yenə qaçdı və özünü zorla çatdırıb, axırıncı vaqonun dal qapısından içəri atıldı. Tramvay bomboş idi. Nədənsə içəridə işıq da söndürüldü. Relslər üstündə taq-taq taqqıldayan tramvayın axırıncı vaqonunda bir Nemət qaldı, bir də pəncərələrdə əks olunan ulduzlar. Qabaqkı vaqonda konduktor qızla sürücü oğlan bərk mazaqlaşırdılar. Dünyayi-aləm gözlərində deyildi. Havada baharın nəfəsi duyulurdu. Yaz gecəsinin nəfəsi. Bir fikir-hiss qəfil külək kimi Nemətin içində qopdu, bayraq kimi qəlbində dalğalandı: birdən-birə dərk etdi ki, Sürəyyaya aşiq olub. Bu kəşf damardakı qan kimi təpədən topuğacan içini dolaşdı, dövran etdi, qızdırdı. İçində nə isə uçub dağıldı. Düşündü, anladı ki, bu, hədər, ümidsiz, gümansız bir sevgidir. Nə əvvəli var, nə axırı. Sürəyya onunçun əbədiyyən çatılmazdır. Və bu fikrin mütləqliyi xəstə bir ehtiras kimi onu daha da gözərtdi, qövr etdirdi, elə bil qəlbinə, beyninə bir qom qor atdılar. Kədərlənmədi. İlıq, titrək, nigaran bir duyğu bütün varlığını limhəlim doldurmuşdu. Elə bil tramvay silkələndikcə o bu hissin bir giləsinin, bir damcısının dağılacağından qorxurdu. Tramvay relslərdə çaqqaçuruq atlandıqca pəncərələrdə ulduzlar diksinirdi... O gecə dar daxmasına getmədi. Səhərəcən küçələri hadırladı. Səhərəcən Sürəyya da onunlaydı. Aman allah! Elə bil bütün bunlar dünən olmuşdu. Ya da min il bundan qabaq. İndi, on il sonra o mart gecəsinin uzaq ürkək xatirələrini düşündükcə Nemət gülümsünürdü. Həyat qəribə gözlənilməzliklərlə doludur. On il bundan qabaq, o mart gecəsi Nemətə ömrünün bax bu gününü, 65-ci il 5 iyun gününü danışsaydılar, inanmazdı. Bu gün səhərdən bəri baş vermiş ən adi, xırda hadisələr- Sürəyyanın onu yuxudan oyatması, qarşı-qarşıya oturub çay içmələri, qəndqabını bir-birinə ötürmələri, evdən çıxarkən sağollaşmaları - bütün bunlar hamısı on il bundan qabaq Nemətə mümkünsüz bir xülya, çatılmaz bir röya kimi görünürdü. Doğrudan belədir e... . Bu fikirdən başqa bir xoş ümid də doğdu. Bəlkə on il sonar həyatında olacaqları da bu gün heç təsəvvürünə gətirə bilmir. Nemət ən gizli arzularını, quyular dibində gizlətdiklərini, heç bir zaman həyata keçəcəyinə inanmadıqlarını yada salmağa çalışdı. Yadına saldı, düşündü, güldü. Yəni doğrudan bir vaxt gələcək bütün bunlar reallığa, oluya çevriləcək? Çətin ağlı kəsir. Amma məgər on il bundan qabaq bu günümü danışsaydılar, inanardım? Yox. Deməli... Deməli, hər şey ola bilər. Fikrimdən qovduqlarım, quyular dibində basdırdıqlarım, haqqında düşünmək belə istəmədiklərim hamısı bir gün - beş ildən, on, on beş ildən sonra, həyatım ola bilər. Ancaq bu fikirdən sevinmədi. Çünki bu fikrin ardınca ikinci bədbin fikir də gəldi: bəlkə bütün bunlar reallığa, doğruya çevriləndə, ömrüm olanda onlar da bugünkü həyatım kimi adi, vərdişli, gündəlik olacaq... Bir gün Nemət həmişəki kimi qızlarla məşğul olmaq üçün Əsədgilə gələndə çöl qapılarını taybatay açıq gördü. Qonşular, qohumlar, tanıdığı və tanımadığı çoxlu adam girib-çıxırdı. Dəhlizdə Alyanı - Sürəyyanın böyük bacısını gördü. Əvvəl geyiminə diqqət elədi - geyimində nə isə bir tələsik matəm, lapdan düşmüş yas əlaməti vardı: başına qara örpək salmışdı, ancaq paltarı ala-bəzək idi. Sonra sifətini gördü. Gözləri şişmişdi, qıpqırmızı idi, amma dodaqları boyalıydı. Nemət hövlnak içəri keçdi. O gün gündüz saat ikidə Əsəd elə idarədəcə keçinmişdi. Ürəyi partlamışdı. Meyit balaca otaqda idi. Arvadlar olan otaqda. Böyük otaqda divar boyunca çoxlu stul düzülmüşdü. Qonşulardan yenə də daşıyırdılar. Nemətin tanıdığı və tanımadığı kişilər oturub xısın-xısın Əsədin özündən, rəhmətlik atasından, ölümün qaşla göz arasında olmasından, əcəldən, ürək xəstəliyindən, ümumiyyətlə, xəstəliklərdən söhbət edirdilər. Qara boz köynəyini şalvarının üstündən salmış, buxara papaqlı, çal topasaqqallı, Nemətin tanımadığı qoca bir kişi: -Ölüm var ki, ölümdür, ölüm də var zulumdur, - dedi. - Bununku lap zulum oldu. Yeddisi çıxanacan Nemət səhər-axşam hər gün gəlirdi. Yeddisi günü axşam camaat dağılışanda Sürəyya Nemətə yanaşdı: -Bu günlər aləm qarışdı, - dedi. Karmen onsuz da axsayır, indi yəqin lap geri qalıb. Sabahdan yenə məşğul olmağa başlayın, özü də lap ciddi. İki aydan sonra bir gün Nemət utana-utana Sürəyyaya yanaşdı: -Sürəyya bacı, - dedi. - Çoxdan bəri demək istədiyi sözləri necə deyəcəyini bilmirdi. - Bilirsiz, Sürəyya bacı, mən elə alışmışam ki, sizing ailənizə... istəyirdim deyəm sizə ki, mənə... pul-zad lazım deyil. Karmenlə də, Cildayla da elə-belə məşğul olacam... Sürəyya güldü: -Nə danışırsız, Nemət! - dedi. - Bir də belə sözü ağzınıza almayın. İnciyərəm. Möhkəm inciyərəm. Yayı Sürəyyagil heç hara getmədilər. Bakıda qaldılar. Əsədin ilini verdilər. Bir payız axşamı söz təzə filmdən düşdü. Sürəyya dedi ki, heç axırıncı dəfə kinoya getdiyi gün yadına gəlmir. Səhərisi gün Nemət "Bahar" kinoteatrına dörd bilet alıb gətirdi. Karmen və Cildanın səyləriylə Sürəyyanı birtəhər razı saldılar. Dördü bir yerdə "Bahar"da məzəli bir komediyaya baxdılar: cavan sevgililər öz ata-analarının bütün maneə və əngəllərinə baxmayaraq, yüz cür kələk qurub sonda bir-birinə qovuşurdular. Sürəyya xeyli güldü. Kinodan çıxanda Nemətə elə gəldi ki, o cavanlaşıb, elə bil birdən-birə birillik matəmi üzündən yuyulub tökülüb. Sürəyya əvvəlki Sürəyya, Əsədin sağlığındakı Sürəyya idi. Bəlkə də daha əvvəlki Sürəyya, Nemətin onu hələ tanımadığı bir vaxtın Sürəyyası. Əsədə getməmişdən qabaqkı çağın, qız çağının Sürəyyası. İki-üç dəfə də birlikdə kinoya getdilər. Dördü bir yerdə. Maraqlı xarici film gedirdi. On altı yaşına çatmamış uşaqları buraxmırdılar. Bu filmə ikisi getdi... Sürəyya və Nemət. Bəzən bulvara, parka gəzintiyə çıxırdılar. Sürəyya, Karmen, Cilda, Nemət. Bir dəfə dəniz seyrinə çıxdılar. Payız, asqılıqdan palto götürən kimi, ağacların başından küləyi götürüb getdi. Səssizlik çökdü təbiətə. Bir gecə sükut və sakitlik içində aram-aram, yavaş-yavaş, yumşaq-yumşaq qar yağmağa başladı. Qar gecəni ağartdı. Qış gəldi. Nemət timsah ağzı kimi aralanmış ayaqqabılarında artıq gəzə bilmirdi. Özünə təzə çəkmə aldı, paltoya pulu çatmadı. "Eybi yoxdur, pencək müəllim bu qışı da bizi birtəhər yola verər" - deyə düşündü. Bir gün Sürəyyagildən gedəndə Sürəyya ona qəzetə bükülü iri bir bağlama uzatdı. "Evdə açarsan" - dedi. Nemətin səbri çatmadı, elə pilləkəndə açdı. Dərhal geri qayıtdı. "Bu nədir? - dedi. - Mən sizdən inciyərəm. Eyib deyilmi?". O, doğrudan pərt olmuşdu. Uzun mübahisələrdən, xeyli çənə-boğaz olandan sonar Sürəyya onu razı saldı. Nemət evə təzə paltoda getdi. Evdə gördü ki, karıxdığından paltonun mağaza kağızını da çıxartmayıb, bütün yolu belə gəlib. Qış günlərindən birində qızlarla məşğul olub, evinə gedirdi. Sürəyya: -Otur bizimlə nahar eləyək, - dedi. - Yarpaq dolması bişirmişəm. Nahardan sonra "ləzgi qonağı" kimi dərhal durub qaçmaq olmazdı. Oturub Sürəyyayla söhbət etməyə başladılar. Qızlar öz otaqlarına gedib yatdılar. Nemət özü haqqında danışmağı sevməzdi. Bəlkə də bacarmırdı. Amma indi qəribə bir həvəslə Sürəyyanın suallarına müfəssəl, yerli-yataqlı cavablar verirdi. Əvvəl söhbət atasından düşdü. "Yadıma gəlmir, - dedi. - Lap duman içində xatırlayıram ki, boyu çox uca idi. Ya bəlkə o vaxt mənə elə gəlirdi. Axı onu aparanda beş yaşım vardı .." "Bəli, düzdür. Zakfederasiya vaxtı narkom olub, axır illərinə qədər böyük vəzifələrdə işləyib, 35-ci ildə Samuxda ispalkom işləyib. Anam danışardı, deyir, camaat onun başına and içirdi, evlər tikdirmişdi, yol saldırmışdı. Evindən aparmağa qorxublar. Bakıya çağırıb burda tutublar". "Hə, otuz səkkizinci ildə Bakıya köçdük. Camaat qoymurmuş, anama deyiblər ki, sən arxayın ol, səni də saxlayacayıq, uşağınızı da böyüdəcəyik. Amma anam razı olmayıb. Köçüb Bakıya. Dayım Bakıda imiş. Elə mən indi olduğum həmin bu evi də dayım tapıb. Hə, balacadır, çox balacadır, amma daha neyləyəydik. Hələ, siz onu deyirsiniz... bura təzə köçəndə qonşularımız bilirmiş ki, atamı aparıblar. Anam, rəhmətlik, deyirdi ki, adamın allahı var, insafən üzümüzə vurmurdular, amma öz aralarında danışırlarmış. Qonşumuzun bir oğlu vardı. Elə mənimlə yaşıd idi, beş-altı yaşında olardıq o vaxt. Həmişə çıxıb bizim damımızda oynayır, atılıb-düşürdü. Anam danışırdı ki, çıxıb deyirəm: ay bala, orda atılıb-düşmə, qırı xarab eləyirsən, yağış yağanda bütün su evimizin içində olur. Uşaq nə desə yaxşıdır? Çox danışma, siz qraq narodsuz". O vaxtdan anam həmişə acı-acı gülüb: neyləyək, a bala, qraq naroduq da, - deyərdi. -İnişil anam ağır xəstə yatanda... hə, vərəmdən öldü. Üstəlik yel xəstəliyi də vardı, hə, anam inişil xəstə yatanda o uşağın atası bizə dəyməyə gəlmişdi. Anamdan çıxmayan iş, danışdı bu əhvalatı. Kişi qıpqırmızı qızardı. "Bəs o vaxt mənə niyə xəbər eləməmişsiniz, - dedi, - öz damıma qır saldıranda sizin damınıza da saldırardım". Eh, nə isə... Sonra Sürəyya danışmağa başladı. Nemət indiyəcən heç bilmirdi ki, Əsədlə Sürəyya həm də Sürəyyanın anası tərəfdən yaxın qohum imişlər: dayıoğlu, bibiqızı. Əsəd də Nemət kimi uşaq yaşından yetim qalıb. Onu Sürəyyanın atası Fəttah kişi böyüdüb, Kiyevdə oxutdurub. Rəhmətə getməmişdən bir az qabaq Əsədi yanına çağırıb, deyib bax, bu üç qızımı sənə tapşırıram. Aralığa müharibə düşüb. Müharibədə Əsəd cərrah kimi yaman ad çıxarıb. Cəbhədə, deyir, qiyamət eləyirmiş. Ölüləri dirildirmiş. Təcrübəsi çox olub. Özü deyirdi ki, elə bil on akademiya qurtarıb gəldim. Gələndən üç il sonra professor olub. Fəttah kişinin külfəti müharibə vaxtı çox qıtlıq görübsə də, Əsəd qayıdandan bəri bir şeydən korluq çəkməyib. Sürəyyanın böyük bacısı Alyanı Əsədin cəbhə dostu Murtuz adında bir polkovnik alıb. -Tahirə, ortancıl bacım institutdan bir oğlanla gəzirdi, həmin bu Cabbarla, bir qrupda oxuyublar, elə ona da getdi. ...Bir gün də görürəm anam məni çağırıb deyir, bala, bacıların getdi, səninçün də yol açıldı, bəs, səni Əsəd istəyir. On doqquz yaşım vardı. APİ-də oxuyurdum. Sonra ki, Karmen oldu, institutdan çıxmalı oldum. Əsəd elə hey deyirdi ki, heç olmasa qiyabi oxu qurtar. Amma hardan? Cilda oldu. Başım elə qarışmadı ki... oxumaq yadıma düşsün. Eh, nə bilim, vallah! Söhbətləri çox uzandı. Nemət birdən saata baxdı və ürəyi tupp elədi: birin yarısı idi. Heç vaxt bu evdə belə gec qalmamışdı. Ayağa durmaq istəyəndə birdən gözləri Sürəyyanın gözlərinə sataşdı. Necə olub bayaqdan bəri bunu görməyib? Sürəyyanın gözləri dolmuşdu. Yanaqlarına iki gilə yaş axmışdı. Nemət lap özünü itirdi. Nə etməyi, hansı sözlərlə ovutmağı, təsəlli verməyi bilmirdi. Karıxıb qalmışdı. Sürəyya onun bu təlaşını gördü, baftalı kiçik dəsmalını çıxarıb göz yaşlarını sildi, gülümsəməyə çalışaraq: -Eybi yoxdur, - dedi, - mənə fikir vermə, keçər. Susdu və qəfilcən Nemətin heç gözləmədiyi sözləri əlavə etdi: -Allah mənə bir oğul vermədi. - Nemət bu sözlərdə nə isə bayaqkı qəmli söhbətə bənzəməyən başqa bir həyəcan duydu, sövq-təbii bir hisslə bu həyəcanın xalını, çalarını anladı və özü də həyəcanlandı. Elə həmin andaca Sürəyya alayavaş səslə: -Elə istərdim ki, oğlum olsun, - dedi, - özü də heç olmasa bir az sənə oxşasın. Nemətin ürəyi şiddətlə döyünməyə başladı. Qızardığını hiss etdi və bunu hiss etdiyindən, qızarmamağa cəhd göstərdiyindən və bacarmadığından daha da pörtdü. Sürəyya onun üzünə baxırdı, əvvəl iki yanağından çıxan iki "qırmızı turpu", sonra bütün sifətini bürüyən rəngi görür və Nemətin halını başa düşürdü. O, mehriban və bir qədər şıltaq təbəssümlə əlini Nemətin saçlarına çəkdi. Həmin dəqiqədəcə Nemət əsəbi və kəskin hərəkətlə Sürəyyanın əlini qapıb cod öpüşlərlə aramsız öpməyə başladı. Abajur çayın rəngi kimi dibə çökdü. Tavan uzaqlaşdı, qaraldı, itdi. Bir an Nemət məkan hissini itirdi, ancaq bir fikir beynində titrəyib duruldu ki, Sürəyya əlini çəkmir. Və qəfil qərarla Nemət illərdən, aylardan bəri rütubətli daxmasında boğduğu çılğınlıqla Sürəyyanı qolları arasına aldı, bağrına basdı və tez-tez öpməyə başladı. Dodaqlarını axtardı. Sürəyyanın çovuyan, itən dodaqlarını axtardı, tapa bilmədi, göz qapaqlarından, alnından, çənəsindən, boynundan öpdü. Nemətin iyirmi üç yaşı vardı və həyatında ilk dəfə barmaqlarında, dodaqlarında bəyaz qadın dərisinin hamarlığını duyurdu... -İcazə verin. Nemət başını qaldırıb ona tərəf əyilmiş kişini gördü. Siqareti damağından götürüb kişiyə uzatdı. Kişi siqareti papirosuna dirəyib sümürdü, yandırdı, "təşəkkür" deyib getdi, bağın içindən çıxdı, uzaqlaşdı. Bir aydan sonra evləndilər. Sürəyya nə məharət işlətmişdisə, o gündən bəri Karmen də, Cilda da Neməti "ata" bilirdilər. Nemət də onları doğma övladı sayırdı. 57-ci ildə Sürəyyanın Nemətdən bir qızı da oldu. Sürəyyanın anası Bikə xala qızı Nemətə gedəndən bəri bir il idi onlarla küsü saxlayırdı. Sürəyyanın Nemətə getməsiylə heç cür barışa bilmirdi. "Ay virananın övladı, bizi el içində xar etdin. O cür kişinin arvadı, yaraşar ki, ərinin meyidi soyumamış belə dılğırın, uşaq-muşağın birinə getsin?! Əvvəl, səndən neçə yaş balacadır. Sonra lüt-üryanın biridir, o necə ailə saxlayacaq, özüvü, o böyründəki tifilləri necə dolandıracaq?" Bikə xala çox dedi, Sürəyya az eşitdi. Bikə xala da axırda qızının daşını atdı. Bir il qapısını açmadı. Uşaq olandan sonra naəlac qalıb barışdı. Doğum evinə qızını görməyə gəldi. Nemətin də üzündən öpüb: "Qismət belə imiş, allaha qurban olum, - dedi, - olacağa nə çarə! Yazılana pozu yoxdur" Sonra Nemətlə evə gəldi, biş-düş elədi. Karmenlə Cildanın pal-paltarını yudu. "Bizim soyumuz belədir, - dedi, - oğlan doğmuruq. İki bacı biz idik. Mənim üç qızım var. İndi Sürəyyanın da üçüncü qızı oldu". (İki aydan sonra Bikə xalanı birtəhər dilə gətirdilər. Evini satıb tamam Sürəyyagilə köçdü. Sürəyyaya kömək oldu. Yoxsa yazığın lap kələyi kəsilmişdi.) -Ata-ananın birgə istəyiylə qızın adını Nərgiz qoydular. Yalnız metrikada adı yazdırıb evə qayıdarkən yolda Nemətin ağlına gəldi ki, yaxşı, axı "Nərgiz" də opera var. Deməli, qeyriixtiyari yazıq Əsəd kişinin ənənəsini davam etdiriblər. Amma Sürəyyaya bu barədə heç nə demədi. Yenə də dayanaq tərəfdən ləhləyib yoxuşu çıxan avtobusun səsi eşidildi. Nemət nömrəsinə baxdı, durub dayanağa tərəf addımladı. -Adam seyrək idi. Pəncərənin yanında oturdu. Nemətin ardınca avtobusa qalxan çadralı qarı keçib onun qabağında əyləşdi. Qarşıdan gələn trolleybusun "buynuzları" havada telindən çıxdı, yana əyildi. Sürücü yerə düşüb kəndiri çəkməyə başladı. Nemətin başına qəribə bir fikir gəldi: "Trolleybus müəyyən marşrutla gedir. Yolundan çıxa bilməz. Bir balaca yolundan sapsa, "buynuzları" hava telindən çıxar. Trolleybus hərəkətsizləşib qalar. Tramvay da sabit, dəyişməz yol üzrə hərəkət edir. Relsindən çıxsa qəzadır. Yaxşı, bəs bu minik, bax bu marşrut avtobusu adlanan salxaq araba niyə hər gün, hər saat eyni yolla gedir, hər gün bazarın, poçtun, bankın, kinonun, hamamın, dəlləkxananın qabağından keçir? Axı o, hansı yolla istəsə gedə bilər, hansı küçəyə kefi gəlsə burula bilər?! -Ağzında "marşrutlu avtobus" deyirsən. Onun taleyi daha mürəkkəbdir. Trolleybus və tramvayın yolunu dəyişməsinə texniki əngəllər mane olur. Avtobus isə mənəvi qadağaların əsiridir. Onun qadağası daxildəndir, qəbul olunmuş qaydaqanunlardan, razılaşdırılmış, təsdiqlənmiş hərəkət cədvəlindən asılıdır. O, bu cədvəli, bu bir dəfə qəbul olunmuş qaydaqanunları poza bilməz, yolunu aza bilməz. Pozsa, azsa... Bəh, bəh, lap şer çıxdı ki..." -Nemət düşündü ki, doğrudan da bu barədə fəlsəfi şer yazmaq olardı. Adı da "Qiyam etmiş avtobus" və yaxud "Qiyamçı avtobus!" On bir yaşında olanda Nemət şer yazmışdı. Bircə son misraları yadındaydı: Stalin rəhbərimizdir, Qələbə də bizimdir. Dayısına oxudu. Dayısı dedi ki, bala, sən niyə şer yazırsan? Məşhur adam olmaq istəyirsən? Hə, onda bil ki, Əhməd Namazovun oğlu istəyir lap İlyas Nizami olsun, onu üzə çıxmağa qoymazlar. Şair olub daldeydə daldalanmaq nəyinə gərəkdir? Ondansa sal başını aşağı, dərsini oxu, bəlkə axırın bir yana çıxdı. -Amma Nemət bir müddət yenə yazdı. On üç-on dörd yaşınacan. Xəlvət yazdı, heç kəsə göstərmədi. -Dadaş: -Yerin məlum, - dedi, - bu saat sporumuz düşmüşdü. -Nemət: -Hər vaxtınız xeyir, - dedi, - nədən spor eləyirdiniz ki? -Qapının yanında oturmuş cürübbəz Yəhya cır səslə çığırdı: -Dadaş müəllimlə mərc çəkmişəm ki, sabah Xusainov oynamayacaq. -Nemət dinib-danışmadan "Futbol" qəzetinin bir nüsxəsini Dadaşın masasının üstünə qoydu. -Burda komandaların tərkibini veriblər, - dedi. -Dərhal bütün otaqdakılar fırtınanın əydiyi gəminin göyərtəsindəymişlər kimi bir tərəfə - Dadaşın masası tərəfə axışdılar. Dadaş bir qədər suçlu hərəkətlə qəzeti açdı. -Hanı? -Nemət yerini tapdı: -Budey. -Aha, Kavazaşvili, Voronin... -İri gövdəli kişi quş kimi yerində atıldı: -Budur bax, Xusainov, hə, gördün, yaxşı bax, hə nədən mərc çəkmişdik? - Kişinin sevinci yerə-göyə sığmırdı. Onun fərəhi, səs-küyü otağı qüdrətli radiostansiya efiri dolduran kimi doldurmuşdu. - Əşi, sən yəni belə ağız bəhəm eləmisən ki, mənimlə futboldan mərc çəkirsən? -Otaqda bir mərəkə, bir səs-küy qopdu, gəl görəsən? Dadaşın qələbəsi bütün şöbənin təntənəsinə çevrildi. Yəhya elə bil bir az da cürübbəzləşdi, büzüşdü. Burnunun altında mızıldanmağa başladı. Dadaşın səsi gur-gur guruldayırdı. -Əşi, deyirəm iki oyundu onu buraxmırlar, sabahkı görüşə saxlayırlar, deyir yox, xəstədir, ayağı zədələnib. Əşi, mən bilirəm axı... -Qurban: -Gərək interesə mərc çəkəydiniz, - dedi. -Cümşüd: -Hə, düz deyir, interessiz ləzzəti yoxdur, - dedi. -Şöbələrində altı iş stolu qoyulmuşdu. Stollardan birinin açıq tərəfi qəzetlərlə örtülmüşdü. Bu, Təhminənin stolu idi. Şöbənin qalan işçiləri kişilərdi. Qurbandan başqa hamısı futbol cəfakeşi idi. Təhminənin də əri Manaf cəfakeş idi. Manaf futbola da Dadaşgillə gedərdi, stadionda abonement yerləri yan-yana idi. 16-cı sektor, 31-ci sıra. Dalbadal: Dadaş, Nemət, Manaf, Yəhya, Cümşüd. İndi Nemətə qəribə gəlirdi ki, nəşriyyata işə girməzdən əvvəl, o, futbol azarkeşi deyildi. Uşaqlıqda özü dalanlarında çox oynamışdı, amma böyüyəndən sonar biganələşmişdi, ildə, ayda bir dəfə futbola ya gedəydi, ya getməyəydi. Dadaş başda olmaqla şöbələrinin futbol azarı ona da yoluxdu. İndi o da ən aktiv cəfakeşlərdən olmuşdu. İndi özü də başa düşə bilmirdi ki, bir vaxtlar futbol kimi bir gözəlliyə necə biganə qala bilirmiş? -İndi oyunun öz ləzzətindən başqa, onun bütün dəm-dəsgahı da Nemətə xüsusi zövq verirdi: hələ çox erkən, yaz aylarından abonement tədarükü, sonra futbol mövsümünün təntənəli açılışı, futbol günləri boşalmış küçələrdən stadiona axışan adamların nəqliyyat rəqabəti və nəqliyyat həmrəyliyi, stadion radiosuyla verilən pozuq melodiyalar (bunun da öz ləzzəti var)... Minlərlə adamın saat kimi dəqiq bir ritmlə tum çırtlaması, avarçı qolları kimi qalxıb düşən əllər, xeyrimizə vurulan topların müştərək sevinci, məğlubiyyətlərin müştərək kədəri. -Hələ oyundan qabaq stadionda dost-aşnayla birlikdə, sırf kişi "kampaniyasında" subayvarı pivələmə... (istər meydançada, istər tribunalarda, istərsə də ümumiyyətlə futbol aləmində zənən tayfasının olmaması da az məziyyət deyil. Heç olmasa stadionda saat yarım adamın qulağı dinc olur.) -"Bu zəhər tuluğu Qurban pul qırpmaqdan başqa dünyada heç nəylə maraqlanmır. Hələ bizə də rişxənd eləyib deyir ki, siz ürəkdə heç biriniz futbol cəfakeşi-zad deyilsiz. Elə-belə boynunuza düşüb. Bütün bu marağınız, ehtiraslarınız da saxtadır, deyir. Axmaq adam, bəs nə bizi məcbur edir ki, bu futbol zəhrimarın yolunda bu qədər can qoyaq? Maraqlanmasaq, yanmasaq, nə düşüb axı bizə, işimizi gücümüzü atıb cumaq stadiona, radioya qulaq asaq, yüz minnətlə qəzet tapaq? Deyirəm, görürsən başını bulayır, cavab verməyə söz tapmır, axı nə cavab verəcək? Gah da görürsən deyir ki, bircə Dadaş əsl "bolelşikdir", siz hamınız ona yarınmaq üçün futbolbaz olmusuz. Axmaq adam. Belə səfeh fikir elə onun başına gələr. Gah da deyir ki, vaxtınızı bilmirsiniz nəynən doldurasınız, onunçun, deyir, cəfakeş olmusuz. Həyatınızda, deyir, vakuum var, futbolla doldurursunuz bu vakuumu. Futbol, deyir, tiryək kimi, nəşə kimi şeydir. Başı qatıb, gündəlik həyatı unutmaq üçündür. Əşi, qoy danışsın da, əbləh adamdır, zoğallayır özüyçün, kimdir onun ağzına baxan..." -Cümşüd: -Dadaş müəllim, - dedi, - siz futbolun cikini də bilirsiniz, bikini də. Sizcə, biri gün hesab necə olar? -Bir həftə idi ki, bütün şöbə birigünkü oyunun intizarıyla yaşayırdı. Bu oyunun şöləsi bütün idarə və ev söhbətlərinin, işin və məişətin üstünə çökmüşdü. Bir sözlə, bu həftəni İrlandiyayla oyun doldurmuşdu. Gələn həftə də vacib oyun vardır: Tiflislə Moskva "Torpedo"su. Gələn həftəni bu oyun dolduracaqdı. Ancaq birigünkü oyun keçməyincə, o biri oyun haqqında danışan yox idi. Həmin günü, ümumiyyətlə, böyük futbol günlərini bir təntənə, bayram, yeni il kimi, toybüsat kimi gözləyirdilər. -Dadaş qəti bir səslə: -3:0, - dedi. -Cümşüd: -Gör e! 3:0 - deyə təəccübləndi. O bunu elə dedi ki, guya artıq bu fərziyyə doğrulmuşdu. İrlandiya 3:0 hesabıyla uduzmuşdu. - Amma İrlandiya da güclü komanda idi ha! - Dadaşın fərziyyəsindən sonra Cümşüd birigünkü oyun haqqında keçmiş zamanda danışırdı. -Yəhya: -Heç vaxt, - dedi. - Ni za çto! Hesab iki-iki olacaq. -Gəlin mərc çəkək. -Dadaş: -Sən yenə mənimlə mərc çəkirsən? - dedi. – Bayaqkı dərs olmadı? -Yəhya tərs idi: -Yox, görərsiniz! İki-iki. -Yenidən mübahisə qopdu. Ağız deyəni qulaq eşitmirdi. Bayaqkı kimi "Futbol" qəzetini masanın üstünə qoyub məsələni ayırd etmək də mümkün deyildi. -Keçən səfər mən deyən oldu, yox? -Yox, sən demişdin birinci taymda iki top vuracaqlar, amma... -Nemət başa düşdü ki, bu fısqırıqda məsələni qaldırmağın yeri deyil. Kirimişcə otaqdan çıxdı. Dəhlizin başında, açıq pəncərənin qabağında Təhminə və Zaur söhbət edirdilər. Zaur pıçıltıyla nə isə deyirdi. Təhminə şaqqanaq çəkib gülürdü. Onun qəribə gülüşü vardı. Ha, ha, ha... Elə bil pianoda qamma çalınır. Yaxud motosikl uzaqlaşıb gedir... -Zaur özü gülmürdü. Yəqin Təhminə gülən müddətdə düşünüb, yada salıb başqa bir zarafat, ya məzəli söz hazırlayırdı. Gözləriylə də Təhminəni yeyirdi. Zaur başqa şöbədə işləyirdi. Hər dəfə onu görəndə Nemətin ağlına nədənsə "qoltuğuna qarpız veriblər" ifadəsi gəlirdi. Ancaq məcazi yox, hərfi mənasında. Elə bil Zaurun hər iki qoltuğunda görünməz iri qarpızlar vardı, ona görə əzələli qolları gövdəsindən belə dairəvi şəkildə aralı qalmışdı. Axır vaxtlar Zaurla Təhminəni tez-tez söhbət edən görəndə Nemətin başına başqa qəribə bir fikir də gəlirdi. Ona elə gəlirdi ki, Zaurun ən böyük istəyi Təhminəylə plyaja getməkdir. Axı niyə məhz plyaja? Bəlkə də bu fikir ondan doğmuşdu ki, Zaurun şəxsi maşını vardı, tez-tez plyaja gedirdi. Bəlkə də onun Təhminəyə "kor-kor, gör-gör" belə iştahla baxması Neməti bu qənaətə gətirmişdi. Hər halda plyaj Zaurun əzələlərini nümayiş etdirməsi üçün münasib yer idi. Nemət onlara yanaşdı: -Zaur, belə olmaz ha, - dedi. - Bax Manafa deyəcəyəm. - Manaf Təhminənin əri idi. Bir ay idi Moskvadaydı, ezamiyyətdə. - Sən ştangistsən, amma o da köhnə pəhləvandır. -Çəkimiz düz gəlməz. Mən ağır çəkiliyəm, o yüngül. -Ay qız, doğrudan ərin yüngüldür? -Təhminə güldü. Əlbəttə, bayaqkı kimi gülmədi. Xəfifcə gülümsündü. Nemətin zarafatı ortalıqda qalmasın deyə güldü. Nemət özü də bilirdi ki, zarafatı bəzi qəzetlərdə dərc olunan bayram şarjları, dostluq şarjları kimi duzsuzdur. Amma "ər29 arvad" mövzusunda sataşmalar şöbələrinin klassik yumoru idi. Birdən Nemətin gözü Təhminənin paltarına sataşdı. İki düyməsi açıq idi və oradan mavi alt paltarı görünürdü. Nemət fikirləşdi ki, bu mavi ərazi tamam başqa bir dünyadır - paltarın altındakı Təhminə, paltarsız Təhminə. Bir də onu fikirləşdi ki, bu ərazi onunçün əbədiyyən yasaq ərazidir. Bəlkə Dadaşın ora vizası var. Zauru da bilmirəm, deyə bilmərəm, amma mən heç vaxt, ömrümdə heç vaxt bu əraziyə keçə bilməyəcəyəm. Yalnız onun bir qarışını - iki açıq düyməlik maviliyini görə bilərəm. Gözünü çəkdi. -Təhminə: -Zaura yuxumu danışırdım, - dedi. - Yuxuda Riqanı görmüşəm. Ən qəribəsi odur ki, ömrümdə Riqada olmamışam. Mavi ərazi yenə Nemətin gözünə doldu və o dedi: -Bir vaxtlar mən də yuxumda heç bir zaman olmadığım şəhərləri görərdim... nə bilim, London, Paris... - o, pəncərəyə baxdı. Pəncərəyə səmanın mavisi dolmuşdu. - Umumiyyətlə pis vərdiş deyil. Otağından çıxmırsan, yatağından durmursan, pulsuz-pənəsiz bütün dünyanı gəzirsən. Bilet də lazım deyil, viza da. -"Viza" sözünü qəsdən işlətdi. Bayaqkı fikrini yada salıb özüyçün işlətdi. -Bəs indi nə görürsən? -Eh, ay Təhminə, indi yuxularımın bütün fantaziyası qaçıb. -İndi yuxu görmürəm, həyatdan parçalar, fraqmentlər görürəm. Gündüzkü həyatımın davamını görürəm. Məsələn, gündüz yarım list tərcümə eləmişəmsə, yuxuda dalını tərcümə edirəm, qonorarını da alıram, ya, da mağazada növbədə dayanıram, kimsə növbəsiz almaq istəyir, onu məzəmmət eləyirəm, ya da bazarda çənə-boğaz oluram. Ən böyük fantaziyam o olur ki, Kislovodsk - Bakı qatarına bilet alıram. Ya da idarəmizi görürəm. İşçiləri - Səfdər dayını, Məmməd Nəsiri, Dadaş müəllimi, Qurbanı - əlavə etmək istədi "səni" ancaq Zaura baxıb demədi. -Zaur açıq-aşkar əsəbiləşirdi. Nemətin gəlib söhbətlərinə qarışması, Təhminənin diqqətini yayındırması onu heç açmırdı. -Zaur: -Mən heç vaxt yuxu görmürəm, - dedi, - hələ ömrümdə bir dəfə də görməmişəm. -Təhminə: -Sən nə danışırsan? Ola bilməz! Heç vaxt inanmaram,- dedi. -Canımçün düz deyirəm. Heç bilmirəm yuxu görmək nəyə deyirlər, nə deyən şeydir. -Zaur çox cavan idi, lap uşaq idi və Nemət başa düşürdü ki, bu qəribə, lakin yüz faiz uydurma iddiayla o, yalnız yenidən Təhminənin diqqətini, marağını özünə qaytarmaq istəyir. -Nemət: -Mənim bir dostum vardı, - dedi, - deyərdi ki, yuxu görməyən adamlar Avstriyaya, İsveçrəyə bənzəyirlər. Təhminə suallı baxışlarla Nemətə baxdı. Yenə də onu təəccübləndirən, marağını cəlb edən Nemət olmuşdu. Zaur bir qədər kəskin tonla: -Niyə məhz Avstriya, İsveçrə, məsələn Kamboca yox? - dedi. -Kamboca? - deyə Nemət təkrar etdi və xəyalında xəritəni canlandırmağa çalışdı. - Yadımda deyil Kamboca dənizin sahilindədir, ya yox. O, Avstriya və İsveçrə deyirdi, çünki bu ölkələrin dənizə çıxışı yoxdur. O deyirdi ki, yuxu görməkdən məhrum adamlar dənizdən məhrum ölkələr kimidir. Avstriya, İsveçrə, daha hansı ölkələr dənizsizdir? -Təhminənin təəccübü açıldı: -Aaa, o mənada... -Sükut çökdü, Zaur cibindən daraq çıxarıb, bir qədər əsəbi hərəkətlə saçlarını daramağa başladı. Nemət: -Yaxşı, - dedi, - bağışlayın, söhbətinizə mane oldum. -"Görəsən bütün günü belə gəzəcək, düymələrini düymələməyəcək?" - deyə düşündü və bir neçə addım aralanandan sonra özünü saxlaya bilmədi, dönüb bir də -Təhminəyə baxdı. -İşdi şayət təsadüfən yuxumda Riqaya düşsəm, mütləq səni axtarıb taparam, - dedi. -Dişləri narın, tən-bərabər,qarğıdalı dənələri. Nemət otağa girdi. Futbol ehtirasları sinsiyib hamının içinə çökmüşdü. Başlarını aşağı salmışdılar, hərə öz işiylə məşğul idi. Deyəsən, Dadaş dünənki söhbətdən heç söz salmaq fikrində deyildi. -"Üzümə salım, deyim. Yox. Yaxşı düşməz". Ancaq deməsəm də, özünün yadına düşən deyil. Bəlkə bir bəhanə tapıb deyim. Məsələn, "bu gün gedəcəm dublyajın pulunu almağa, deyirdim sizə, "Jivıe i mertvıe". Yaxud "dünən şkafa baxdım, tapa bilmədim, bizdə burda yoxdur ki, o roman?" Yox, bu bicliklərin köhnə pulnan qiyməti beş qəpikdir. Dadaş qazdan ayıqdır. Ya bəlkə belə deyim: "Dünən oturub başladım bir az romandan tərcümə etməyə, pis getmir". Yox, bu da yaramaz. Deyər başlamısan, əcəb eləmisən, qurtar gətir, plana salaq... "Əşi, nə götür-qoy edirəm?". -Dadaş müəllim, - dedi, - dünən müqavilə haqqında danaşmışdıq, yadınızda? -Nemət duydu ki, otaqdakılar qulaqlarını şəklədilər. -Dadaş başını qaldırdı: -Hə, hə, əlbəttə, yadımdadır. Yəhya, zəhmət çək, Təhminəni çağır, bir müqavilə doldursun. Təhminə otağa girdi. Düymələri bağlanmışdı. Görəsən Zaur deyib? Siyirtməsindən müqavilə çıxarıb doldurmağa başladı. -Atanın adı, ünvanı... -Dadaş müəllim, neçədən bağlayırsınız? -Bir an səssizlik çökdü. Guya Qurban da, Yəhya da, Gümşüd də öz işləriylə məşğul idilər. Amma Nemət bilirdi ki, üçünün də qulağı darı dənləyir. Nemət düşünürdü: "Lap aşağısı 60, yuxarısı 150. Bunlar heç, indi görəsən həştad olacaq, yüz, ya yüz iyirmi?". -Dadaş: -Yüz iyirmi, - dedi, - sanballı işdir. -Təhminə yazdı. -Qol çək. -Nemət qol çəkdi. Dadaş da qol çəkdi. -Bay, 120 yazmısan ki... - dedi, - bəs mən 100 dedim. -Gülüşdülər. Bu da şöbə yumoru qəbilindən idi. Dadaş: -Daha keçib, qol çəkdik, - dedi, - babalı Təhminənin boynuna. Yazılana pozu yoxdur. -Dadaş: "Yazılana pozu yoxdur" deyəndə səhərki xatirə - Bikə xalanın doğum evində dediyi sözlər ani bir qığılcım kimi Nemətin fikrində alışıb söndü. -Nemət: -Çox sağ olun, - dedi. - Artıq dərəcədə minnətdaram. -Beh haqqında ərizəni də yaz, aparım müdir ikisinə bir yerdə qol çəksin. -...Dadaş kağızları götürüb otaqdan çıxdı. -Yəhya başını qaldırıb: -Sən çaldın, - dedi. -Nemət: -Yetim əlində qoğal əcaib? - dedi. -Gümşüd: -Ayəndə düşər şənbəyə novruz, - dedi. -Qurban heç nə demədi. Qaşqabağı yernən gedirdi. Nemət bilirdi ki, içini gəmirir. -Dadaş qayıtdı: -Hə, indi get Səfdərə təzimə. -Səfdər dayı baş mühasib idi. -Yox, yox, indi pulumuz yoxdur. Qəpik də. -Hələ idarənin tarixində elə hadisə olmamışdı ki, Səfdər bir adama gələn kimi əlüstü pul versin. -Bəs haçan olacaq? -On gündən sonra. -Amma Səfdər dayının bir məziyyəti var idi. On gündən sonra deyirdisə, düz on gündən sonra arxayın gedib pulunu ala bilərsən. Sözünün ağası idi. Dadaş, Səfdər dayı, bir də Məmməd Nəsir bu idarənin ən köhnə işçiləri idi. -Bilirsən ki, olsaydı, sənə yox deməzdim. Bayaq Dadaş gəlmişdi. Alacağı var. Birisi gün Riqaya gedir. Dedim yoxdur. Dalınca göndərərəm. -"Deməli, Dadaş birisi gün gedir. Bu nə pis oldu". Nemət çoxdan nərddə Dadaşa bir düşbərə-qutab uduzmuşdu. Özü də əhvalat yay məzuniyyətinəcən olmalıydı. -İndi bir sabahkı gün qalırdı. Çatdırmaq olardı. Amma bir az yaxşı düşmürdü. Müqavilə-filan... Elə çıxırdı ki, əzəz-əvəzdi, xəcalətdən çıxır. Yox, əlbəttə, Dadaş onu tanıyır, xasiyyətinə bələddir. Bilir ki, elə adamlardan deyil. Ancaq işçilərdən elə düşünənləri olacaq. Elə biri bu Qurban... "Gördün, lələ, öyrən, bacarana can qurban. Eh dünya, məlik dünya, təpəsi dəlik dünya!" və sair folklor yaradıcılığı... hər halda Dadaşa təklikdə demək lazımdır. Xəbərləri olmasın. Ancaq əvvəl "baş vəkillə" razılaşdırmaq lazımdır. Dəhlizdən evə zəng elədi. Mətləbi -Sürəyyaya açdı. -Özün bilirsən də, - dedi, - lazımdır. -Bir müddət qulaq asdı. | |
Baxış: 1442 | |
Bütün rəylər: 0 | |