-Bacarmıram day, Zaur, bacarmıram... Təngə gəlmişəm. Hər gün mənə zəng vurub küçə söyüşləriylə söyür, çirkab qalmayıb başıma tökməsin... Mənim nə günahım var ki, sən işdən çıxmaq barəsində ərizə yazmısan, hə? Mənim heç xəbərim də yox idi bundan. Amma anan məni hədələyirdi ki, məhkəməyə verəcək, milisə xəbər eləyəcək, daha nə bilim nə... Mənim nə təqsirim var, ilahi? Sən allah, sən ölülərinin, dirilərinin canı, qayıt evinizə, Zaur, mənim də canım qurtarsın. Rahat buraxın məni, sən allah, sən də, sənin anan da. Daha səbrim çatmır, çatmır səbrim, vallah... Qaçıb vannaya girdi... Zaur divarın oboylarına baxırdı... Həmin oboylara ki, Təhminənin dediyinə görə, Zaur gələn gün çiçək açmışdılar, indi torşerin alaqaranlıq işığında bu oboylar tamam başqa cür görünürdü... Zaur siqaret çəkirdi, cürbəcür fikirlər gəlirdi başına - özü barədə, Təhminə barədə, anası barədə düşünürdü. Təhminə vannadan çıxdı, əynində mavi xalat vardı və həmişəki kimi hamamdan sonra sifəti sakit, arxayın, tərtəmiz idi; elə bil bütün qayğılarını, dərd-qəmini, əzab-iztirablarını yuyub atmışdı. Telefon səsləndi, Zaur telefona tərəf atıldı, dəstəyi qaldırdı və indi asılacağını bildiyi üçün tələsik özü: -Ay ana, axı sən niyə belə edirsən? - deyə bircə cümlə dedi. Xəttin o biri başında susmuşdular, bir müddət bu sükut davam etdi. Zaur yenidən sözə başlamaq istəyirdi ki, qəflətən dəstəkdə bərkdən güldülər - kişi səsiylə bərkdən qəhqəhə çəkdilər... Zaur dəstəyi asdı və Təhminəyə heç nə demədi. Nə mənası vardı bir şey deməyin. "Mən nə bilim kim idi bu, - deyəcəkdi Təhminə, - mən bütün telefon xuliqanlarını tanıyıram bəyəm?" Bir də ki, son günlərin bütün iynələrindən, tikanlarından, küsüşmə-dalaşmalarından, tənəli sözlərindən, zəhərli atmacalarından, şübhələrindən, əsəbiliyindən sonra ilk dəfə idi ki, Zaur Təhminəni belə sakit, arxayın halda görürdü. Hamamdan sonra həmişəkindən onqat gözəl idi. Şampunla yumuşdu saçlarını, hansı meşə bitkilərininsə, hansı ağac yarpaqlarınınsa ətri vardı bu şampunda və qoxu Təhminənin saçlarına, bütün bədəninə hopmuşdu. Zaur onu öpüşlərə qərq edirdi, elə bilirdi ki, ilıq bir bahar günü meşədədirlər, ətraf yaşıllığa, sərinliyə, sıx yarpaqlar arasından düşən günəş şüalarına qərq olub, onlar məhəbbətlərinin uzaq ilk günləri qədər bəxtiyar və hər şeydən asudədirlər... Təhminəni sığallayırdı, oxşayırdı – bu nəvazişlər, tumarlar, öpüşlər qurtarmaq bilmir, uzandıqcauzanırdı və elə bil hər ikisinin ürəyinə danmışdı ki, bütün bu çılğınlığın axırına az, lap az qalıb...***
-Səkinə, ərizəni direktora verdin? -Yox, Dadaş aldı məndən. -Dadaş? Dadaşın bura nə dəxli var? -Dedi ki, direktorla özüm danışacam. Bir də xahiş elədi ki, onun yanına gələsən. Dadaşın... Dadaş: -Əşi, sən bir toxta görək, - dedi və güncdəki masanın arxasında oturmuş Qurban tərəfə əyri-əyri baxdı. - Ərizən burdadır, budu ey, məndədir. -Mən axı sizə yazmamışam bu ərizəni. -Bilirəm, bilirəm, ancaq səninlə bir balaca söhbətim var mənim. - Bir də tərs-tərs Qurban tərəfə baxdı. Qurban başını aşağı salıb, guya ki, öz işiylə məşğul idi, amma qulağı darı dənləyirdi. Dadaş ərizəni Zaura uzatdı. - Ala bax, budur ərizən, haçan istəsən, müdirə apara bilərsən. Amma səndən kiçik bir xahişim var, səninlə balaca bir söhbət edək, sonra haçan istəsən gir direktorun yanına, direktor qaçıb eləmir ki, işin axırınacan burda olacaq - Dadaş birbaşa Qurbana müraciət elədi. - Qurban, - dedi, - bir neçə dəqiqəliyə zəhmət çək çıx otaqdan, mənim Zaurla xudmani söhbətim var. Qurban qaşqabağıyla yer süpürə-süpürə otaqdan çıxdı, amma çıxmamışdan qabaq bir xeyli masasının siyirtmələriylə əlləşdi - açdı, bağladı, kağızları səliqəyə saldı, götürdü, qoydu, bir söz, xeyli onların, illah da Zaurun əsəbləriylə oynadı. Nəhayət, çıxdı otaqdan, qapını da örtdü arxasınca. Dadaş: -Bilirəm, Zaur, - dedi, - mənimlə o qədər də aran yoxdur. Səbəbini də bilirəm. Amma inan ki, mən ancaq sənin yaxşılığını istəyirəm, gec-tez özün də bunu görəcəksən. Mən ərizəvi anavın xahişiylə götürmüşəm. O, təsadüfən haradansa bilib və mənə zəng eləmişdi. Məsələ ondadır ki, atan xəstələnib. - Zaur həyəcanla yerində qurcuxdu. -Yox, yox nigaran olma, elə ciddi bir şey yoxdur. Bir az təzyiqi qalxıb, amma mən özüm həkimlə danışdım, deyir, qorxulu bir şey deyil. Əsəbdəndir, vəssalam, bir-iki gün dincələr, hər şey öz qaydasına düşər. İndi səndən də xahişim budur ki, bir-iki gün səbir eləyəsən, atan eşitməyib bu məsələni, amma eşitsə, bir az da əsəbiləşəcək, indiki vəziyyətində isə, özün başa düşürsən, əsəbiləşmək olmaz ona... Anan da elə bu barədə xahiş eləmişdi məndən. Qoy atan sağalsın, sonra ərizəni apar, çıxırsan işdən çıx, özün bilərsən. -Atam yatır? -Yox, anan deyirdi ki, evdə gəzir, amma işə çıxmağa həkimlər icazə vermirlər. Sabah gedib dəyəcəm ona... İstəyirsən, qoy bu ərizə də məndə qalsın, heç olmasa bazar ertəsinəcən gözlə. Mən danışdım direktorla, o müavin də bir az zırı adamdır, səninlə kobud danışıb bir az, bilirəm, direktora da çatdırdım bu məsələni, dedim, axı olmaz belə, bu tərzdə danışmaq olmaz belə incə mətləblər barəsində, özü də yeniyetmə gənclə. Axı yaşı-filanı da gərək nəzərə alasan. Zaur: -Yaşın bura heç dəxli yoxdur, - dedi. -Yox, dediyim odur ki, özgənin işinə belə kobud şəkildə müdaxilə etmək ədəbsizlikdir, qanacaqsızlıqdır. Bəyəm belə məsələni kobud, qaba inzibatçılıq yoluyla həll etmək olar? Neyləyəsən, belə peziqırıq adamlar da var da... Köynəyinin tərli, kirli boyunluğu, ora-bura dığırlanan göz bəbəkləri - bu adamın bütün görkəmi Zaurun ürəyini bulandırırdı. Əlləri necə də gödəkdir, barmaqları necə də qısadır, ilahi, elə bil ilk dəfə idi görürdü onun gödək barmaqlarını. Zaur ayağa qalxdı: -Yaxşı, - dedi, - bazar ertəsinəcən gözləyərəm. Dadaş: -Otur, - dedi, - sənə bir neçə kəlmə sözüm də var. Amma xahiş eləyirəm axıracan dinləyəsən... Dünən Təhminəylə danışmışıq. - Bu cümləni birnəfəsə dedi, elə bil qorxurdu ki, Zaur ağzından vurar, durub çıxıb gedər, söhbətləri yarımçıq qalar. - Dünən bütün axşamı Təhminəylə söhbət eləmişik. Amma ürəyinə ayrı bir şey gəlməsin, ha... Zaur, nədənsə, ancaq Dadaşın gödək barmaqları haqqında, gödək əlləri haqqında düşünürdü, belə gödək əllərlə Təhminəni necə qucaqlamaq olardı, ilahi? -Sən bilirsən ki, mənim ona münasibətimi. Nə olursaolsun, mənim ona müəyyən rəğbətim var və bir çox yaxşı cəhətlər görürəm onda. "Gödəkdi əlləri də, barmaqları da, yaman gödəkdir". Zaur bir kəlmə dinib danışmırdı. -Hə, sözüm odur ki, dünən Təhminəyə zəng elədim, görüşdük və hər şey barəsində ətraflı danışdıq... Zaur, inan mənə, sizin aranızda nə olubsa, olub keçib, hər şey bitib, hər şey qurtarıb. Təhminə artıq başa düşüb bunu, sən də bir azdan başa düşəcəksən, amma bir az gec başa düşəcəksən və o vaxta qədər də həm özün əzab çəkəcəksən, həm də başqalarına, o cümlədən atanla anana əziyyət verəcəksən... Xahiş edirəm sözümü kəsmə, axıracan dinlə məni. Mən hər şeyi başa düşürəm, - rast gəlmisiniz bir-birinizə, bəyənmisiz birbirinizi, bağlanmısız bir-birinizə, məhəbbət deyirsən buna, sevgi deyirsən, nə deyirsən de, sözüm yoxdur. İkiniz də cavansınız, sağlamsınız, gözəl-göyçəksiniz, bir birinizi cəlb etmisiniz, nə günah var ki, bunda?.. Bilirəm, hamısın bilirəm. Moskvada da olmusuz bir yerdə, indi Bakıda da bir mənzildə yaşayırsınız. Amma, oğul, inan mənə, bir gün hər şey sona yetir, ən çılğın ehtiras belə bitib tükənir və əgər kişiylə qadını ehtirasdan başqa heç nə bağlamırsa - yəni ailəylə, uşaqlarla, nigahla bağlı deyillərsə - onda bu cür əlaqə elə bir dəhşətli işgəncəyə çevrilir ki, gəl görəsən. Zaur Dadaşın nitqindəki hər çaları yaxşıca duyurdu; eşqdən, məhəbbətdən danışanda - rişxəndini, gənclikdən, gözəllikdən danışanda - həsədini, aralarında hər şeyin bitib- tükənməsindən danışanda - duyduru ləzzəti - hər şeyi, həşeyi qavrayırdı. Zaur onu da bilirdi ki, bu ağsaqqal təmkini, bu həlim danışıq, bu öyüd-nəsihət - hamısı eyni bir məqsədə yönəlmişdi: Zauru sındırmaq, qırmaq, ram etmək - hədələrlə, tənələrlə, inzibati tədbirlərlə nail ola bilmədiklərinə Dadaşın xəbis müdrikliyilə, mötəbər məsləhətləriylə, mülayim rəftarıyla çatmaq istəyirdilər. Ən dəhşətlisi bu da deyildi. Ən dəhşətlisi o idi ki, qəlbinin dərinliklərində Zaur, Dadaşın sözlərindəki həqiqəti duyurdu, bilirdi onun dedikləri düzdür, doğrudur, amansız, çılpaq və yeganə həqiqətdir. Bircə şeyi bilmirdi - bütün bunları, ehtirasın bitib-tükəndiyini, birgə həyatlarının işgəncəyə çevrildiyini Dadaşa Təhminə özümü danışmışdı, yaxud Dadaşın öz gümanları, çin çıxmış fərziyyələri idi? - Hər halda dünən Təhminənin Dadaşla görüşməsinə şəkk- şübhə ola bilməzdi. -Hər şey sənə belə dəhşətli faciə kimi görünməsin e,- dedi. - Dünyanın axırı bilmə hər şeyi. Sənin ömrünün sonu deyil ki bu, olsa-olsa ancaq bir epizodudur. Həyat bilirsən nə uzundur. Zaur, yalan deyirlər, qısa deyil ömür, biz çox yaşayırıq, lap çox, o qədər, o qədər şey görüb bilirik, o qədər şeydən keçirik ki, həyatımız boyu hər cürə bərkə-boşa düşürük, dünyanı, necə deyərlər, əməlli-başlı dişimizə vururuq. İndi ayrılsanız, ömrünüzün bu günlərini həmişə xoş bir təəssüflə, yüngül bir qüssəylə yad edəcəksiniz, şirin bir yuxu kimi, amma əlaqəniz davam etsə, bu, əməlli-başlı əzab-əziyyətə çevriləcək... Tıx deyincə yeyib toxluq eləməkdənsə, hər şeydən bir balaca doymamağın özgə ləzzəti var, inan mənə. – Bu sözlərdən sonra Dadaş gülümsündü və bu sözlərdən sonra Zaurun gözləri qarşısında haçansa gördüyü bir səhnə canlandı: Dadaş toppuş, gödək barmaqlarıyla soyutma toyuğu paralayır, ağzının içinə basır, hava da istidir, tər və yağ bir-birinə qarışıb axır çənəsindən boğazına, çirkli boyunluğunun ardına, boğazına, döşünə, sinəsinə... Zaur ayağa durdu, yenə də kəlmə kəsmədən qapıya tərəf addımladi. Dadaş onun arxasınca: -Bu gündə, sabahda bir atana baş çək, -
- dedi. - O saat bütün azar-bezarı keçib gedəcək... On ikinci fəsil Fəthi-meyxanə üçün oxuyalım fatihələr Ola kim, üzümüzə açıla bir bağlı qapu. Nəşriyyatdan çıxıb yavaş-yavaş küçələrlə addımlamağa başladı. Evlərinə getmək istəmirdi. Öz-özünə acı-acı güldü: "evimizə..." Məgər onun evi vardı? Onun "evim" dediyi yer - Manafın sabiq mənziliydi. Çalışdı ki, bu barədə fikirləşməsin. Ayrı şeylər barədə düşünməyə cəhd etdi və birdən duydu ki, yamanca acıb, Təhminənin mətbəxini xatırladı, düşündü ki, evə getsə Təhminə nahar qızdırıb qabağına qoyacaq. Zaur da dinməzsöyləməz yeyəcək, heç birisi bir kəlmə də danışmayacaq, çünki ikisi də biləcək ki, danışacaqları hər bir söhbət gec-tez davadalaşla nəticələnəcək və həm də ki, bu dava-dalaş, yəqin ki, axırıncı savaşları olacaq... Yaxud dalaşmasalar, elə-belə danışsalar, bir-birini anlamağa, başa düşməyə çalışsalar, vəziyyətlərini, hallarını, hisslərini, fikirlərini bir-birlərinə sakit və təmkinlə izah etsələr belə, bunun da yeganə nəticəsi ayrılıq olacaq, hər ikisi mütləq bu qərara gələcəkdi - ayrılmalıyıq... Trolleybusa minmədi, yolunu bulvardan saldı. Bulvar adamsız idi. Havalar pis keçmirdi, ağaclar tamam çılpaq olmasaydı, adama elə gələrdi ki, payız təzəcə girib. Amma payızın son ayı, qışın əvvəli olması yalnız ağacların yalın budaqlarından deyil, həm də havanın çox tez qaralmasından məlum olurdu. Adamlar idarələrindən çıxanda hələ işıq idi, amma evlərinə yollanarkən haradasa - trolleybusun, avtobusun içində - qaranlıq onları haqlayırdı. Bu keçid, xüsusilə metro sərnişinləri üçün kəskin idi. İşıq keçiddən yerin altına enir, öz dayanacaqlarında yer üzünə qalxanda isə qatı qaranlığa qərq olmuş şəhərə çıxırdılar... Zaur bulvarla addımlayırdı. Sahil xiyabanına səpələnmiş şüşə kababxanaların, çayxanaların, qutabxanaların mehrəm və mülayim çıraqları ətrafa işıq çiləyirdi. Bu şüşə yeməkxanalarda - akvarium içindəymişlər kimi - təkdənbir adamlar oturmuşdu, elə bil işığın, istinin başına yığışmışdılar, yavaşyavaş söhbət edirdilər. Heç buradan çıxmaqları gəlmirdi. Ocaq başı kimi cəlbedici idi bu məclislər. Bəzən insan yad şəhərin otellərində belə isti nəfəsə, ünsiyyətə, təmasa ehtiyac duyur - həm insanların içindəsən, həm də aralısan onlardan - heç kəsi tanımırsan, səni də heç kəs tanımır, amma hər halda, haradasa lap yaxında həyanların var - başqa insanlar - söhbət etmək, sorğu-suala tutulmaq, cavab vermək məcburiyəti də yoxdur, eyni zamanda ilıq hənirtiləri çatır sənə... Kababxananın borusundan tüstü çıxırdı, ləzzətli iylər gəlirdi, Zaur da yolundan burulub kababxanaya tərəf addımladı. Adam az idi. Dörd nəfər dəm kişi bir-biriylə qızğın mübahisəyə girişmişdi, bir-birinə isbat eləmək istəyirdilər ki, doğrudur, Əhmədov əclafın biriydi, amma Ağayev ondan da betərdir. Başqa bir masanın dalında iki nəfər gənc oğlan, küncdəki dördüncü stolun ardında isə cavan oğlanla qız əyləşmişdilər. Zaur arxası qapıya oturdu. Piştaxtanın arxasındakı bufetçi radiocihazı qurdalayırdı, nəhayət, konsert verən İran stansiyasını tapdı... İki başqa xidmətçi mətbəx qapısının ağzında mırt vururdu. Zaur xeyli oturdu, nəhayət, xidmətçilərdən biri tələsmədən yanaşdı. Zaur kabab və iki yüz qram araq sifariş verdi. Bir azdan sonra xidmətçi göyərti, pendir, bir şüşə "Badamlı", üstünə xaş-xaş səpilmiş çörək və kiçik armudu qrafində araq gətirdi. Zaur arağı qalın çapma stəkana süzdü, bir qurtuma başına çəkdi... Ac qarnına içdiyi araq dərhal təsirini göstərdi. Zaurun beyni yüngülcə dumanlandı və kiçik kababxananın, gur işıqlı elektrik qızdırıcısıyla yaxşıca isidilmiş bu şüşə otağın məhrəmliyi, şüşələrin arxasındakı gecəyə, qaranlığa qərq olmuş bulvarın, ağır, qatı, zülmət dənizin yaxınlığı - hamısı birlikdə Zaurun ürəyini riqqətə gətirdi: elə bil ki, burda əyləşən adamlar da, xidmətçilər də, kök bufetçi də ona əziz və dogma oldular. Piştaxtanın ardındakı divara zillədi gözlərini – divara "Oqonyok"dan kəsilmiş rəngli reproduksiyalar, Zeynəb Xanlarovanın və Müslüm Maqomayevin portretləri, Stalinin generalissimus formasında, habelə anası və oğluyla birlikdə şəkilləri, "Neftçi" futbolçularının fotoları vurulmuşdu... Bir neçə kinoaktrisanın şəkilləri də vardı divarda, adlarını bilməsə də sifətləri tanış gəlirdi Zaura. Zaur cəhd eləyib onları hansı filmlərdə gördüyünü də yada sala bilərdi. Lenanı, Moskvada kino evində tanış olduğu Lenanı tanıdı, dərhal da Moskva sərgüzəştləri yadına düşdü. Muxtarı xatırladı və elə bu vaxt qulağının dibində tanış bir səsdən diksindi: -Ay sizi xoş görmüşük. Başını qaldırdı və masasının yanında dayanmış gülümsünən adamı gördü - Muxtar Məhərrəmov idi... Qəribə təsadüf idi. Sanki Muxtar Zaurun fikirlərindən canlanıb çıxmış, hansı cinin əmriyləsə peyda olmuşdu elə bil... Zaur ayağa qalxdı, əl verib görüşdülər. -Buyurun, əyləşin, - dedi. Muxtar dərhal stul çəkib oturdu. -Elə indicə sizə zəng vurmaq istəyirdim, - dedi. -Bizə, yəni Təhminəyə, - deyə dəqiqləşdirdi Zaur. Muxtar yüngülcə gülümsündü. -Yox, məhz sizə, - dedi, - Təhminəylə telefonla danışdım, dedi ki, hələ işdən qayıtmamısınız, indilərdə gələrsiniz... Zaur "Necə də arxayındır Təhminə, - deyə düşündü, - necə də arxayındır ki, mütləq indilərdə gələcəm". -Siz də demə, burada - kababxanada kefdəsiniz - Muxtar araq qrafininə işarə elədi. Zaur gülümsündü, araqdan öz stəkanına və ikinci təmiz çapma stəkana Muxtar üçün süzdü. Muxtar: -Zəhmət çəkməyin, - dedi. - Mən bu saat deyərəm gətirərlər. Arif! - deyə xidmətçini çağırdı. Xidmətçi dərhal gəldi. Kök bufetçi də Muxtarın səsini eşidib piştaxtanın arxasından başını yellədi, hal-əhval tutdu. Arif: -Muxtar müəllim xoş gəlib, - dedi. – Çoxdandı görünmürsüz? Muxtar: -İş çoxdur, - dedi. - Bəs Nadir hanı? -Nadir indi gələr. Biz burdayıq da, nə qulluğunuz var, buyurun. -Yaxşı, bir iç-qovurma düzəlt bizimçün, iki şiş də qabırğayla ağ ətdən kabab çək. -Baş üstə!.. Nə içəcəksiz? Yox, verilişim var, içməyəcəyəm mən... Yaxşı, day keçib, iki yüz araq gətir. Zaur müəllimlə birtəhər həzmi-rabedən keçirərik… Xidmətçi getdi. Muxtar: -Nadir buranın böyüyüdür, - dedi. - Qəribə oğlandır. Zaur: -Məni niyə axtarırdınız ki? - deyə soruşdu. Muxtar cavab verə bilmədi, Zaurun başının üstündən indicə açılmış qapı tərəfə baxırdı. Sonra ayağa durdu. -Hə, - dedi, - adını çək, qulağını bur, Nadir müəllim özü də təşrif buyurdu. Zaur da çevrildi və qapıdakı potaboy, yekəqarın, qırmızıyanaq kişini gördü. Nadir Muxtarı görüb dişlərini ağardırdı, daha doğrusu, dişlərini ağarda bilməzdi, çünki bütün dişləri qızıldan idi... Tələsik onlara tərəf gəldi. -Ay Muxtar müəllim xoş gəlib bizim tərəflərə... Çoxdandı görünmürsən, a kişi? Muxtar: -Tanış ol, - dedi. - Zaur mənim dostumdur. Nadir razılıqla başını tərpətdi, Muxtarın dostu olması Zauru onun gözlərində elə bil bir neçə mərtəbə ucaltmışdı. -Nə var, nə yox, ay Muxtar müəllim?.. Baxırıq, izləyirik işivizi... Həm sevinirik, həm həsəd aparırıq. Muxtar: -Nəyə sevinirsən və nəyə həsəd çəkirsən ki? - deyə xəbər aldı. -Hə, bunları bu saatca bircə-bircə sənə deyəcəyəm. - Nadir yoğun boynunu çevirmədən barmaqlarıyla çiyninin üstündən çırtma çaldı və xidmətçi Arif dərhal onlara yanaşdı. Muxtarın sifariş verdiyi iç-qovurmanı, arağı da gətirmişdi... Nadir gözucu tavaya baxıb Arifdən soruşdu: -O ətdəndir? Arif: -Eyib sözdür ki, Nadir qədəş, - dedi. - Biz bəyəm adamımızı tanımırıq? Muxtar müəllimə hamımızın hörməti var, - Nadirin məmnun-məmnun dodağı qaçdı, amma sonra qrafindəki arağı görüb qaşlarını çatdı. -Bu nədir bəs? - dedi. Muxtar üzrxahlıq edirmiş kimi: -İşim var, Nadir, getməliyəm, - dedi. Nadir: -Yox, canımçün, ürəyimə toxunarsan, - dedi va sonra Arifə müraciətlə, - uberite gtu menzurku, - deyə əlavə etdi. - O dünənki ekstralardan hələlik bir şüşə gətir, birin də qoy xolodelnikə... Orda xolodelnikdə pivə var e, bilirsən hansından deyirəm də, ondan da hələlik üç-dörd şüşə gətir bura, dalısına baxarıq. Arif tapşırığı yerinə yetirməyə getdi və Nadir təmkinlə kababxanadakı adamlara göz gəzdirdi. -Belə-belə işlər, Muxtar müəllim, - dedi. Arif beş şüşə çex pivəsi gətirəndə Muxtar: -Bax bu olmadı da, - dedi. - Köhnə dostları yaddan çıxardırsan. Nadir: -Canımçün, Nadirin ölmüşünə dünən axşam almışıq on yeşik, elə bu gün sənə zəng vurmaq istəyirdim, özün öz ayağına gəlib çıxdın. Bir qutusunu məxsusi sənünçün ayırmışam, bilirəm axı çex pivəsinin bazısan mənim kimi, istəyirsən bax elə indi götür apar. -Yox, indi işə gedirəm, amma sabah səhər gəlib aparacam. -Əşi, nə zəhmət çəkirsən, özüm göndərərəm evinə. Arif qırmızı "Ekstra" etiketli araq şüşəsini açdı, təzə gətirdiyi üç nazik qədəhə süzdü və getdi. Nadir: -Hə, Muxtar müəllim, soruşursan ki, niyə sevinirəm, niyə həsəd çəkirəm, hə? - dedi. Muxtar artıq unutmuşdu bu söhbəti, amma Nadir təmkinlə öz fikrini şərh eləməyə başladı: -Ona görə sevinirik ki, Muxtar müəllim, siz bizim fəxrimizsiz, başımızın ucalığısınız... Siz - sənət adamları - bizim yolumuzda çalışırsız, bizim zövqümüzə qida verirsiz, odur ki, bizim də borcumuzdur ki, sizə hər cür hörmət eləyək neçin ki, siz bizim fəxrimizsiniz... O ki, qaldı həsəd çəkmək məsələsinə, hə, burda məsələ bir az başqa cürdür. Məsələ ondadır ki, axı biz də baxırıq bu televizora da. Evdə üç dənəsi varımdır mənim - uşaqlarım köpək uşaqları elə ancaq Moskvaya baxmaq istəyirlər, məni bəyənmirlər, rusca, deyirlər səhv danışırsan, papa, ələ salıb dolayırlar məni, it uşağı, hə, sözüm onda deyil, bir söz, almışam onlarçün televizor ki, baxın nə qədər keyfinizdir Moskvaya: caza-maza qulaq asın, amma mənimki Bakıdır - bizim o komediya artistlərimiz var e, vallah, onları dünyanın heç bir Raykininə-zada dəyişmərəm... Arvad da ki, bədbəxtin qızı bütün günü mətbəxdə əlləşir, odur ki, yazıqdır da, televizorun bir dənəsin də alıb qoymuşam onunçün mətbəxə, qoy soğan soya-soya baxsın özüyçün, kef çəksin, mən ölüm, necə sözdür, hə? Ha, ha, ha! Burda işdə də televizorum var, mətbəxin dalında, orda bir balaca xudmani otağım var, - nədənsə, Muxtara göz vurdu, - ay səni, Muxtar müəllim, yaman arif adamsan, tükü-tükdən seçirsən, hə televizorun birin də qoymuşam ora, hərdən baxıram özümçün bala-bala... Hə, sözümün canı odur ki, hərdən baxıram televizora, görürəm adə, bu nə işdir belə, elə ki, yazdılar verilişin rejissoru Muxtar Məhərrəmov - mütləq bir təzə mamlımatan canan çıxasıdır ekrana. Deyirəm, dinmə, Muxtar müəllimin təzə şikarıdır bu... indi diktordur, artiskadır, oxuyandır - hər halda həmişə bir təzəsini, svejisini, belə necə deyərlər, tavada təzə qızardılmışın çıxarır Muxtar müəllim... İndi özün de, həsəd çəkməyəsən, neyləyəsən, biz deyir, dəridən-qabıqdan çıxırıq ki, bir belə canalan afətlə tanış olaq, amma Muxtar müəllim elə gününü bu cür dilbərlərin içində keçirir. Mən ölüm, necə sözdür? Əşi, vur bura görək, ay Muxtar müəllim, halal xoşun olsun, dünya deyir, beş gündür, bacarana can qurban... vur bura... Muxtar Nadirin əlinə bir balaca toxundu. Nadir: -Odur ki, deyirəm, qaldıraq bu badələri sənin sağlığına, Muxtar müəllim. Ömrüvün axırınacan elə-belə kefdə-damaqda yaşayasan. Biz də sənin kölgəndə dolanaq... Amma yoldaşlıqda bu yaxşı şey deyil ha, hərdən-birdən dostlarızun da könlünü şad elə də. Nə olardı o gözəllərdən biriylə bizləri də tanış eləyəydin. Muxtar zarafatyana bir ərklə, amma eyni zamanda kifayət dərəcədə sərt tərzdə: -Çiy söz danışırsan, Nadir, - dedi. - Məni görünür kimnənsə dəyişik salmısan. Nadir dərhal sözün dəyişdi: -Yaxşı, yaxşı, incimə, zarafatım var səninlə, ərkim çatır, nə olar? Dediyim odur ki, bax mən çex pivəsi alan kimi o saatca səni salıram yada. İndi dünya dağılmaz ki, sən də bir dəfə o iş yoldaşlarını - elə içində o gözəl qızlar qarışıq - götürüb gələsən bu Nadir qərdeşivə qonaq, səninçün bir süfrə açım, bir məclis düzəldim ki, dadı damağınızdan getməsin. Dalıynan sənin nə işin var?.. Yaxşı, yaxşı, day bu barədə bir kəlmə kəsməyəcəyəm, vurduq bunu sənin sağlığına. İçəndən sonra Nadir fikirləşdi ki, Zaur bu söhbətləri ayrı cür başa düşər, odur ki, izahat verməyə başladı: -Siz yəqin bilmirsiz, - dedi, - biz Muxtar müəllimlə çoxdanın curuyuq. Sonra ürəyinizə ayrı şey-zad gələr e... Guya ki, mən özümçün canan-zad tapa bilmirəm, kasadlıq çəkirəm bu cəhətdən? Ay-hay, canımçün, bilmirəm arvadların əlindən hara qaçım gizlənim. Qarğa-quzğun kimi tökülürlər üstümə hər tərəfdən. - Nadir bu sözləri deyəndə Zaura baxırdı, birdən allah eləməmiş, bu qaraqabaq oğlan elə düşünər ki, Nadir - hərifdir, qadın tamarzısıdır, kiminsə köməyinə möhtacdır. Muxtar: -Nadir, bilirsən nə var, - dedi, - səninlə mənim sinnimiz elədir ki, gərək imkan tapdıqca qadınlardan gen gəzək. Nadir Muxtarın sözlərini eşitməyibmiş kimi söhbətini davam elədi: -Bu günlərdə bura iki oğlanla bir qız gəlmişdi. Gördüm ki, bizimkilər deyil, özgə şəhərdəndirlər. Oğlanlar da lap elə maygülüdürlər-biri belə başı daz, eynəkli, o biri də balaca, cürübbəz - üfürsən yıxılar. Amma qız, allaha and olsun, bir dünya gözəlidir ki, iki göz istəyir tamaşasına. Ucaboy, fiqurası əmiri, üzü ağappaq, elə uzun qıçları vardı, allaha and olsun elə bil çiynindan başlayır lap. Nə isə, göz qoydum bunlara... Arif bunlara qulluq eləyir, mən də görürəm ki, yox, aşnam, qızın gözləri elə o yan-bu yandadır, belə dağınıqdır gözləri, mən day belə-belə şeylərdə saç ağartmışam axı... Görürəm ki, bu gədələrin heç biri tay deyil ona, yəqin ikisinin də ürəyi gedir bu qız üçün, amma qız bunlara heç məhəl də qoymur. Görürəm, puldan da belə xeyli kasaddılar. Üç pors kabab sifariş veriblər, bircə şüşə də çaxır. Arif apelsin təklif eləyib bunlara, uzunuzadı haqq-hesab eləyiblər, axırda da deyiblər, yox, lazım deyil. Barmağımı dişlədim, əsl məqamdır, dedim... Noyabr ayıdır, bəli, göndərdim bunların stoluna əntiqə parnik xiyarları, pomidorları, təsəvvür eləyirsən, noyabrın axırında təzə pomidor, xiyar... Yanında da bir şüşə əntiqə konyak... Əvvəl istədim iki şüşə göndərəm ki, gədələr vurub bədənə lap dəm olsunlar, sonra fikirləşdim ki, belə nərmənaziklərçün elə bir şüşə də bəs eləyər xosumvay olmaqçün... Bəli, axırda da iri bir dəstə qırmızı qərənfil göndərdim, dedim de ki, kababxananın böyüyüdur sizi belə qonaq eləyən - bizim elin adətidir bu. Gördüm bəli, gözləri par-par parıldadı üçünün də, əsas da ki, qızın... Birdən ağlıma gəldi ki, köpəyin qızı özü içib dəm olar, əməlli-başlı qanmaz ki, məsələ nə yerdədir. Mənim də xüsusi fransız likyorum var. Muxtar, müəllim, sən ki, bilirsən də nədir o, qadın bir qədəh dilinə vuran kimi özü kişinin üstünə atılır, ha, ha, ha, ay xətakar... Bəli, bu likyordan göndərdim, dedim deyin ki, bəs qadın yalnız bu likyordan içsin, çünki bu da bizim el adətimizdir... Bəli, Arif gəlir ki, bəs, Nadir qardaş, qız səni görmək istəyir, soruşur ki, hardadır bəs bu səxavətli, gözəl insan. Mənəm ha gözəl! Ay səni, evinəcən... Yox, deyirəm, keçəl suya gedən deyil, hələ tezdir, aşna, mənim sir-sifətimi görərsən, yediyin-içdiyin burnundan tökülər, mənim də mayam batar. Hələlik gərək sən bir az da bu likyordan içib dəmlənəsən, onda bütün dünya gözündə huri-qılman görünəcək. Köpək oğlunun fransızları bu işlərin allahıdırlar da... Bir söz, oturmuşam bir qıraqda kirimişcə, elə göz qoyuram bunlara, gördüm oğlanlar day lap lülüş oldular. Arifə deyirəm, öyrən gör, harda qalırlar, de ki, müdirimiz sizə qonaq gəlmək istəyir, şəhərimizin suvenirlərini gətirmək istəyir... Bəli, Arif öyrənib bilir ki, Pribaltikadan gəliblər, "Bakı" qostinisasında qalırlar. Təbii ki, oğlanlar ayrı nömrədə, qız da başqa qadınla bir nömrədə. Bunu mən hər ehtimala qarşı öyrənmişdim, amma hər şey daha asan başa gəldi... Oğlanlar lülüşqə olub qaldılar. Otuzdurdum onları maşınıma - bilirsən də "Volqa"mı burda, mətbəxin dalında saxlayıram həmişə - gətirdim qostinisaya, qıznan bir yerdə belə ədəblə, nəzakətlə apardım oğlanları nömrələrinə, uzandırdım çarpayılarına. Hamısı da belə kulturnu ha... İndi deyirəm qıza, qız da tamam ayıqdır, amma likyordan əməlli-başlı hallanıb, bəli, nəzakətlə, ədəb-ərkanla deyirəm qıza: heyif, deyirəm, sizin oğlanlarınız belə zəif çıxdılar, amma siz maşallah tamam ayıqsınız... İndi axşam şəhərə çıxmağınız yaxşı olmaz. Nömrədə qalıb darıxacaqsınız, bəlkəm mən maşınla gəzdirim sizi, şəhərimizi göstərim. Qız sevincək: çox sağ olun, əlbəttə, çox razı olaram sizdən, deyir. Day burda mənim sir-sifətimin bir əhəmiyyəti yoxdur. Əsas iş ondadır ki, mənim maşınım var, özüm də çox belə nəzakətlə, kulturnu rəftar eləyirəm. Özgə bir arvadla nömrədə qalıb neyləyəcək yazıq, bağrı çatlayar ki. Bəli, hər şey yağ kimi getdi. Əvvəl apardım Kirov parkına, şəhəri seyr elədi, sonra belə ehmallıca maşını şəhərin kənarına sürdüm, arada başını söhbətə qarışdırdım, "bir az o yanda mənim bağımdır, Buzovnada" dedim. Zaur: "Murtuzovgilinki kimi - deyə düşündü. –Axı onların da bağı Buzovnadadır". -Bəli, gəldik çıxdıq bağa... Day nə deyim... Zaur fikir verdi ki, bundan qabaqkı bütün təfsilatları yerliyataqlı danışan Nadir sonluğu nə isə tələsik tamamladı. Səbəb nə idi? Nadirin utancaqlığı, abır-həyasımı, yaxud başqa bir şey? Bəlkə də bütün bu tədbirlə qurulmuş tələlərə, konyaklara, noyabrda stolun üstünə düzülmüş parnik pomidorlarına, xiyarlarına, qərənfillərə va fransız likyoruna baxmayaraq, əhvalat heç də Nadir arzu etdiyi nəticəylə bitməmişdi? Çox güman ki, Nadirin söhbətinin axırının itməsi də elə bu səbəbdən idi. Nadir qədəhlərə araq süzdü, içdilər, Muxtar saatına baxdı. Nadir isə başqa bir qadına aid yeni bir əhvalat danışmağa başladı. Danışdı ki, bir qadından yaman kəsirdim, onunla tanış olmaq üçün dəridən-qabıqdan çıxırdım. Nəhayət, ümumi tanışımız tapıldı və ilk tanışlıq xətrinə qadına hədiyyə olaraq kremplin parça göndərmək istədim. Bir dostum məni sklada aparıb üç cür kremplin göstərdi - boz, yaşıl və göy rəngli... Əvvəl istədim üçünü də alıb göndərim, hansını bəyənsə, seçsin, sonra qorxdum birdən zalımın qızı üçünü də bəyənər, yox, dedim, baha düşər, xarab eləyər səni, əvvəlcədən belə öyrətsəm, sonra neçə çıxaram bunun altından? Özüm göy rəngini seçdim, göndərdim, ismarış elətdirdim ki, bəli, axşam ona qonaq gəlmək istəyirəm. Tək yaşayır, "Monolit"dən bir tin yuxarı... Adresini çoxdan bilirdim, axşam bir yaxşı bağlama düzəltdirdim: - dörd-beş sveji tabaka, içkisi-filan yanında, apelsin, bir dəstə gül - hər şey öz qaydasında... Hə, bir də təzə pomidorla xiyar... Özü də noyabr ayı idi... Zaur diqqət elədi ki, Nadirin bütün məhəbbət sərgüzəştləri noyabr ayında cərəyan edir və ilin bu vaxtlarında ortaya pomidor, xiyar çıxartmasıyla Nadir xüsusi fəxr edir... Kiməsə yamanca oxşayırdı Nadir, amma kimə, Zaur nə qədər etsə də yadına sala bilmirdi. Nadirin danışdığı bu əhvalat da əvvəlki əhvalat kimi birdənbirə, gözlənilməz-tələsikliklə qurtardı və Nadir artıq təzə bir əhvalata başladı. Xüsusi kayut götürərək bir aşnasıyla gəmidə Krasnovodska getməsindən danışırdı indi də... Həmin bu aşnası üç dəfə eyni bir üzüyü aldırmışdı Nadirə. Bir dəfə bahalı üzüyü Nadirə göstərib, "bu üzüyü gətiriblər mənimçün, bilmirəm götürüm-götürməyim - demişdi. Nadir: "xoşun gəlirsə, əlbəttə, götür" - demişdi, pulunu çıxarıb vermişdi və ilk dəfə ayrıca kayutda Krasnovodska getmişdilər... Yarım ildən sonra (qadın elə bilib ki, Nadirin yadından çıxıb) aşnası ikinci dəfə həmin üzüyü Nadirə göstərib, eyni sözləri təkrar etmişdi: "bilmirəm götürüm-götürməyim". Nadir dəm imiş, ya da doğrudan da unudubmuş, odur ki, bu səfər də fərqinə varmadan "əlbəttə, götür" - deyib, pul çıxarıb verib və onlar ikinci dəfə Krasnovodska gediblər... Ancaq üç ay sonra yenə də Nadirin dəm vaxtında arvad üçüncü dəfə həmin üzüyü göstərib həmin sözləri deyəndə qan vurub Nadirin təpəsinə: "Yaxşı, ay ləçər, - deyib, - istəyirsən sənin on barmağının onuna da bu cür üzük alıb taxım, amma day mənə paçka basmaq niyə?.. Mən bəyəm hərif-zadam səninçün ki, üçüncü dəfədir həmin üzüyü aldırırsan mənə?" -Əşi, qadınların işi uzundur, - deyə Nadir sözünü yekunlaşdırdı, - danışmaqla qurtarar bəyəm? Zaur nə qədər cəhd edirdisə də, bu adamın kimə bənzədiyini təyin edə bilmirdi. Danışıq tərziylə bənzəmirdi, amma nəyiləsə, nəyiyləsə kimisə yaman xatırladırdı... Dayan, dayan... Elə bil nə isə Zaurun beynində durulub aydınlaşmağa başladı, amma Nadir dərhal onu fikirlərindən ayırdı. Zaura müraciətlə: -Gəlin bunu da içək sizin sağlığınıza, - dedi. - Bağışlayın, siz nə sənət sahibisiniz? Zaur: -Nəşriyyatda işləyirəm, - dedi. Nadir: -Yaşa, - dedi, - nəşriyyat işçiləri bizim hamımızın fəxrimizdir, başımızın ucalığıdır... Siz bizə mənəvi qida verirsiniz, bizim də borcumuzdu ki, sizə nə cür ki, lazımdır, o cürnə hörmət göstərək... Nəşriyyatda kitab buraxırsız da, ya bəlkə səhvim var? Ay sağ ol... Kitab biliyin anasıdır. Kitabsız indi bir addım atmaq olmaz... Mənim atam rəhmətlik, - allah ölənlərivizə rəhmət eləsin, - yaman istəyirdi ki, mən də oxuyub alim olum, nə bilim, kitab yazan olum. Elə əmim də məni görən kimi başlayır, danlamağa ki, bircə sənsən bizim ailənin adını batıran. Axı, doğrudan da, bizim nəsildə hamı oxumuşdur, bircə mənəm belə fərsiz çıxan. Neyləyim, vaxtında ağlım olmayıb, oxuyub başımı bir yana çıxarda bilməmişəm, indi də birtəhər çaq-çuruq eləyirəm də. Bütün qohum-əqrabam hamısı oxumuşdular, amma bilmirəm, nə məsələdir ki, bu oxumuşlar həftə səkkiz mən doqquz gəlirlər yanıma ki, bəs gərək borc verəsən bizə, puldan korluq çəkirik. – Nadir qəhqəhə çəkib güldü. - Ay Muxtar müəllim, zarafatdır da, dilxoşluqdur da, bala-bala edirik özümüzçün. Amma əmim, doğrudan da, böyük adamdır. Kişi əməlli-başlı alimdir e... Hə, yeri gəlmişkən, elə o da nəşriyyatda işləyir, bəlkəm siz tanımamış olmazsız? Dadaş. Zaur: "Əlbəttə, Dadaş, - deyə düşündü, - nə cür olub ki, indiyə qədər tapa bilməmişəm bu adamın kimə bənzədiyini? Bu gödək əllər, bu toppuş qısa barmaqlar - bunlar ki, Dadaşınkıyla eynidir". Zaur sual, yox, təsdiqlə: -Cabbarov Dadaş, - dedi. -Tanıyırsız? Zaur: -Bir yerdə işləyirik, - dedi və düşündü ki, vəssalam, hər şey gəlib nöqtəsində dayandı. Bütün iplər bir-biriylə bağlanıb düyünləndi. İndi Nadir bir neçə əhvalat da danışacaq və məlum olacaq ki, Təhminəylə də yaxından tanışdır. Nadir: -Təsadüfə bax e, - dedi. - Yox, bu məsələnin üstündən belə yüngülvarı keçmək olmaz. Bu məsələni gərək biz əməllibaşlı qeyd edək. Adə, Arif! - deyə çağırdı, - o arağı bəri gətir görüm. Amma Muxtar: -Yox, yox, - dedi, - mən daha içən deyiləm, getməliyəm. Tələsirəm. Qalsın başqa səfərə. Amma özünüz bilin, bəlkə Zaurla ikiniz içmək istəyirsiniz. Hər halda, mən gedirəm. Zaur: -Yox, - dedi, - mən də tələsirəm. Nadir: -Yox, siz mənim ürəyimi qırırsız, qoy bir boşqabları təzələsin, bir-iki şiş isti kabab gətirsin, bir balaca araq, dünya dağılmaz, iş qaçmır ki... - amma Muxtar onu dinləmədən yavaşca durdu, "bağışlayın, bir dəqiqə" - deyə harasa çıxdı və bir qədərdən sonra qayıtdı. -Zaur, gedirsiz? - dedi. Zaur: -Bəli, gedirəm, - dedi, ayağa durdu. Nadirə müraciətlə: - Necə verəcəyik? - deyə xəbər aldı. Muxtar: -Çatıb, - dedi. -Necə? - Nadir yerindən sıçradı. - Adə, Arif, adə, qırışmal, utanmırsan Muxtar müəllimdən pul alırsan? Arif boynunu büküb: -Neyləyim, ay Nadir qədəş, - dedi. - Muxtar müəllim dedi ki, almasan, bir də bura ayaq basan deyiləm. Nadir: -Muxtar müəllim, yaman sataşırsan a, - dedi, - mən sifariş verirəm, xərci sən niyə çəkirsən? Mən sizi qonaq eləmək istəyirdim. Muxtar: -Biz xanım deyilik ki, bizi qonaq edəsən, - deyə gülümsündü. - Həm də, - Zaura göz vurdu, - mən Zaurun üsuluyla hərəkət elədim. Bir dəfə Moskvada bax bu sayaq o məni qonaq elədi, mən də borclu qalmaq istəmədim. Nadir, sağ ol, deməli, pivəni gözləyirəm. Nadir: -Mütləq, - dedi, amma hiss olunurdu ki, möhkəm pərtdir. Axı nə Muxtara, nə də əmisi Dadaşın iş yoldaşı Zaura səxavətini, əliaçıqlığını lazımınca nümayiş etdirə bilməmişdi. ...Zaurla Muxtar bulvarın adamsız xiyabanlarında addımlayırdılar. Sükutu Muxtar pozdu: -Siz yəqin təəccüblənərsiz... Mənim bu sayaq – Nadiri deyirəm - bu sayaq adamlarla tanışlığıma təəccüblənirsiniz. Məsələ ondadır ki, məni hər cür, hər növ insanlar maraqlandırır - yaxşısı da, pisi də, axmağı da, ağıllısı da, təmizi də, əyyaşı da... Azarımdır cürbəcür adamlarla görüşmək, təmasda olmaq, sözlərini eşitmək, anlamağa çalışmaq onların düşüncə və həyat tərzini. Zaur: -Nə üçün axı? - deyə soruşdu. Muxtar: -Nə bilim, - dedi və təkrar etdi, - nə bilim... Amma illər keçdikcə mən özümü də, başqalarını da daha pis anlayıram. Heç başa düşə bilmirəm insanları da, özümü də. Bircə onu bilirəm ki, bu dünyada sual çoxdur, cavab az. Bulvardan çıxdılar... Muxtar: -Taksini hardan tapaq indi? - dedi. - Burada bütün taksilər Bayıl tərəfə gedir. Zaur: -Yaxşı, axı demədiz, mənə niyə zəng vurmuşduz. Muxtar: -Hə, deyirəm axı, nə isə sözüm qaldı sizə... Məsələ ondadır ki... Aaa, taksi! - deyə çağırdı. - Taksi! Saxla görüm! Maşın düz onların qabağında dayandı. Muxtar: -Bağışlayın, sən allah, - dedi və maşına əyləşdi, - yaman tələsirəm, gecikmişəm daha doğrusu, sabah axşam sizə zəng vuraram, danışarıq. Yaxşı? Maşın hərəkətə gəldi. Zaur hiss edirdi ki, içkinin ağır dumanı beynini get-gedə daha çox bürüyür. Ağır-ağır evə tərəf addımladı. Təhminənin evinə tərəf... On üçüncü fəsil Ah idi həmnəfəsim ah ki, ol həm axır, Çıxdı ikrah qılıb gülbeyiehzanımdan. Heç vaxt bu pilləkənləri belə ağır bir hisslə belə ağır-ağır qalxmamışdı. Qapının ağzında da xeyli yubandı, cibindən çıxardığı açar heç cür yuvasına düşmürdü. Axır ki, qapını açdı, mənzilə girdi. Təhminə evdəydi. Zaur keçib əllərini yudu, bir xeyli də orda yubandı. Sonra otağa keçib kürsüdə əyləşdi. Təhminə də qarşıdakı kürsüdə oturmuşdu, siqaret çəkirdi. -Nahar eləmirsən? - deyə soruşdu. Zaur: -Yox, yemişəm, - dedi, o da siqaret çıxarıb odladı... Hər ikisi dinib danışmadan siqaret çəkirdi, heç biri söhbəti açmaq istəmirdi və hər ikisi bilirdi ki, gec-tez mütləq söz açılmalıdır. Nəhayət, Zaur qərara gəldi: -Dünən Dadaşlaydın? - deyə xəbər aldı. Təhminə başıyla təsdiq elədi: -Elçi göndərmişdilər yanıma Dadaşı, - dedi. - Sənin valideynlərin... Sövdalaşmaqçün. Deməli, mən səni onlara qaytarıram, əvəzində onlar məni rahat buraxırlar, daha qulağımı dəng eləmirlər. Zaur: -Əcəbdir, - dedi. - Mən demək elə-belə cansız bir əşyayam, dəyiş-düyüş edirsiz. -Bu sənin özündən asılıdır. - Zaura elə gəldi ki, bu sözlərlə Təhminə yenə də onun zəif damarını tutmaq istəyir. Axı çox gözəl bilirdi ki, Zaurun söyər yeri məhz budur – onun müstəqilliyinin, sərbəstliyinin şübhə altına alınması: indi beyni içki dumanı içində olarkən Təhminənin niyyəti ona daha dəqiq və aydın görünürdü. Təhminə: -Hər halda, - dedi, - mən səni zorla tutub saxlamaq fikrində deyiləm. Mənim evimə özün öz ayağınla gəlmisən, haçan kefin istəsə, özün öz ayağınla çıxıb getməyə də ixtiyarın var. -Ehtiras bitib-tükəndi? - Zaur kinayəylə Dadaşın sözlərini təkrar elədi. Təhminə əsəbi bir tərzdə: -Ehtirasın bura nə dəxli var? - dedi. - Dünya tək bir ehtiras üzərində qurulmayıb ki. "Dadaşın fikirləridir büsbütün". -Bircə şey mənə aydın deyil, - dedi Zaur. - Niyə sən bizim ikimizə aid olan məsələləri Dadaşla müzakirə eləməlisən? Dadaş sənin nəyindir - əmindir, atandır, nəyindir, hə? Təhminə kədərlə: -Mənim nə atam var, - dedi, - nə də anam. O sənsən, maşallah, atan da var, anan da. Zaur əllərilə saçlarını qarışdırdı, sonra üzünü, gözlərini ovuşdurmağa başladı. -Axı niyə məhz Dadaşla danışırsan bizim işlərimiz haqqında? -Dedim də sənə, bu anavın təşəbbüsüdür. Tək Dadaş olsaydı, dərd yarıydı. Haradansa Muxtara da tanış tapıblar. O da dünən axşam bu məsələyçün axtarırmış məni. Bu xəbər gözlənilməz olmadı Zaurçün. Bayaq Muxtar deyəndə ki, səninlə sözüm var, Zaurun ürəyinə dammışdı. Axı ayrı nə sözü ola bilərdi ki, Muxtarın Zaurla? -Hətta, Mədinəyə də zəng vurubmuş. -Mədinəyə? Təhminə: -Bəli, - dedi, sonra rişxəndlə əlavə etdi, - amma Mədinəyə zəng eləməyi yaxşı olub. Mədinə onun cavabını yaxşı verib. Büküb abrını ətəyinə... Mədinəni tanımır hələ anan... dilinə bələd deyil, Mədinə doqquz qoyar ona söyüş söyməkdə. -Mədinənin nə həddi var ki, mənim anama söyüş söysün?- Zaur hiss edirdi ki, bütün əsəbləri gərilib, hirsindən əsirdi və hiss edirdi ki, bu gərginlik Təhminəyə də yoluxur. Ya bəlkə əksinə Təhminənin hirsi, hiddəti, əsəb gərginliyi Zaura təsir edirdi. Təhminə: -Bəs sənin ananın nə həddi var ki, Mədinəni aradüzəldən yengə adlandırır? Həyasızlığa bax sən allah... Nə var, nə var Mədinənin əri yoxdu. Əri yoxdursa, ona ağzından gələni demək olar? Nə olub, Mədinənin nəyi əskikdir ondan, öz əlinin zəhmətiylə dolanır, balasını saxlayır... Heç mən bilmirdim, demə sənin anan da cavanlıqda elə Mədinə kimi makinaçı işləyirmiş, intəhası ananın bəxti gətirdi, mötəbər adama ərə getdi, amma Mədinəninki gətirməyib də. -Sus, kəs səsini, - dedi Zaur, - anam barəsində artıqəskik danışma, - o az qala qışqırırdı. -Bəs nə haqla anan Mədinəni təhqir edir, kim verib bu haqqı ona? -Təhminə də qışqırırdı. Əsəbdən əsim-əsim əsirdi... - aradüzəldən yengə. Zaur: -Düz deyib anam, sənin Mədinən elə aradüzəldən yengədir ki, var. Heç bir vaxt Təhminəni bu sifətdə görməmişdi; elə bil üzü əyildi Təhminənin. -Deməli, belə. Aradüzəldən... mən də, deməli, onun kadrıyam da. -Mən belə söz demədim. -Nə olsun demədin? Fikrində ki, tutmusan. Həmişə fikrində bunu tutmusan. Əlaqəmizin ilk günündən mənim haqqımda belə düşünmüsən. Fahişə hesab eləmisən məni. Elə ona görə də mənə yaxınlaşmaq fikrinə düşmüsən də. Fikirləşmisən ki, nə var, yüngül, ayağısürüşkənin birisidir də... Sonralar ən xoşbəxt günlərimizdə də bu fikir içini gəmirib, həmişə-həmişə şübhələnmisən məndən. Xəyanət, etibarsızlıq gözləmisən məndən. Ürəyinin dibində məni əxlaqsız qadın hesab eləmisən həmişə. Elə indi də bu fikir səni rahat qoymur. Ona görə ki, sən südəmər uşaqsan, kişi deyilsən hələ. Zaur içindəki bütün zəhəri dilindən tökərək: -Əlbəttə, kişi Dadaşdır, Spartakdır, qəssab Fazildir, - dedi, - sənin aləmində... -Kişi məlakəni fahişə edən deyil, fahişəni məlakə edəndir. Zaur: -Düz deyirsən, mən bunu bacarmadım - dedi. Təhminə ağappaq ağardı və: -Dur, çıx get burdan, - dedi. - Yüyür get anavın yanına, "Moskviç"ivin yanına. Alçaq. Zaur özü də bilmədi ki, necə oldu, birdən-birə şillə çəkdi Təhminəyə. Təhminə əlləriylə üzünü örtüb yerindən sıçradı, qaçıb otaqdan çıxdı. Zaur da ayağa durdu, dəhlizə çıxdı. Yavaş-yavaş çöl qapısına tərəf addımladı, sonra otağa qayıtdı, cibindən qapının açarını çıxardıb, dolabçanın üstünə qoydu. Yenidən dəhlizə çıxanda qeyri-ixtiyari mətbəxə tərəf baxdı: Təhminə mətbəx masasının arxasında hərəkətsiz oturmuşdu, əlləriylə sifətini örtmüşdü. Zaur qapını çırpıb çıxdı... *** Unutmaq olmaz axı, unutmaq olmaz axı, unutmaq olmaz axı ki, bu ancaq oyundur... Yeniyetməlik çağlarında, qadınlar dünyasına qədəm qoyduru ilk aylardan, illərdən bunu dərk eləmişdi, bilmişdi, öz-özünə tövsiyə vermişdi axı. Ciddi, ya qeyri-ciddi, qısa, ya uzun müddətli, təsadüfi, keçəri, yaxud əsaslı, davamlı əlaqələrinin heç birində Zaur bu dərsi, bu qanunu unutmurdu... bəs necə oldu ki, o, kişi çağında bu vacib həyat təcrübəsini unutdu birdən-birə? Niyə imkan verdi ki, cilovsuz bir duyğu varlığına hakim kəsilsin, iradəsini buxovlasın, ona bu qədər ağrı və acı gətirsin. Unutmamalıydı, bütün bunların yalnız oyun, əyləncə, ötəri xoş münasibətlər olduğunu unutmamalıydı bir an da. Unutdu və indi budur - cəzasını çəkir... necə oldu ki, bu cür aldandı, necə oldu ki, oyunun qanunlarını pozdu və bu oyunu məhəbbət bildi? Məhəbbət bilən kimi də oyun amansızlaşdı, əyləncə yox, işgəncəyə çevrildi... Elə bilirdin ki, möcüzə baş verib? Sevgi filan... ancaq kitablarda və kinolarda olur bu, ya da həyatda olursa, yalnız 17-18, ən uzağı 19 yaşında, vəssalam. Sən isə 24 yaşında bu cür aldandın... Öz yaşının acı, amma vacib dərslərini necə unutdun ki, belə tələyə düşdün, ay biçarə? Beynində qaynayıb pırtlaşan fikirlərlə şəhərin küçələrini dolaşa-dolaşa adamsız qaranlıq dalanlara gəlib çıxdı. Burada şəhər evləri qurtarırdı, çöllük başlanırdı... On dördüncü fəsil Məhrəm qoyub önərmə sinəmdə qanlı dağı, Söndürmə öz əlinlə yandırdığın çırağı. Əvvəl elə bildi ki, öz "Moskviç"ini sürür, sonra birdən başa düşdü ki, yox öz maşını, həm də "Moskviç" deyil bu maşın, çəhrayı "Volqa"dır. "Volqa"nın sükanı arxasında idi Zaur, özü də lüt idi, - bircə mayka vardı əynində, amma maşını geniş və izdihamlı küçəylə sürürdü. Əvvəl ona elə gəldi ki, bu küçə Moskvadakı Leninqrad prospektidir, sonra gördü ki, yox, Bakıdakı Nərimanov prospektiylə sürür... Tindən milislər çıxdılar, işarə elədilər ki, Zaur saxlasın maşını. Zaur saxlamadı, saxlaya da bilməzdi, axı özgənin maşınını qaçırtmışdı – bu bir, maşın sürmək vəsiqəsini götürməmişdi - bu iki, lüt idi, heç trusiki də yox idi əynində, bircə mayka vardı və maykayla birtəhər örtünmək istəyirdi - bu üç, həm də dəm idi, - bu da dörd - kababxanada "Ekstra" arağı və çex pivəsi içmişdi, bütün bunlarla bərabər küçənin tərs istiqamətində sürürdü, bu da beş, bu da altı, yeddi, səkkiz, kimsə elə bil onun başının üstündə sayırdı və Zaur başa düşürdü ki, yuxudadır, amma ona elə gəlirdi ki, bunu başa düşəndən sonra ayılıb yuxudan və yuxuda yox, doğrudan doğruya, real gerçəklikdə maşın sürür, sükan arxasındadır, əynində də tək bircə maykası var və dəhşətlə onu da duyurdu ki, tək deyil, maşının içində kimsə başqa bir nəfər də var - haçan mindirmişdi bu adamı, yadına gəlmir, yox, heç kəsi mindirməmişdi, amma maşının arxa kürsüsündə kimsə vardı və Zaur çevrilib o sərnişinə baxmasa da, onu görməsə də, nəfəsindən kim olduğunu bilirdi - Təhminə oturmuşdu arxada. Milislər iki motosikldə Zaurun maşınını qovurdular, amma dünya dağılsa da Zaur onların təqibindən qaçıb qurtarmalıydı, çünki ələ keçsəydi biabırçılıq olardı, professor oğlu özgənin maşınını qaçırdıb, həm də kimin maşınını – öz qonşusu Spartakın maşınını?.. Özü də təsəvvür edirsiz, şəhərin içində, günün günorta çağı sükan dalında lüt ətcəbala oturub, bu da kifayət deyilmiş, maşınına yad bir arvadı da mindirib, başqa bir kişinin arvadını - axı Təhminə Dadaşın arvadı idi. Bir az qabaq da məhkəmədə keçmiş əri Muxtardan boşanmış, Dadaşa ərə getmişdi, amma Dadaş da ikiləşirdi, kimsə başqa bir adam da vardı, eynilə Dadaşa oxşayan, onun kimi potaboy, yekəqarın, burnu ziyilli və əlləri də eynilə Dadaşın əlləri kimi gödək, barmaqları da beləcə qısa və toppuş; amma bu adam Dadaş deyildi, onun ikiləşmiş surəti idi. Kim idi bu adam, kim idisə noyabrda pomidor və xiyar yeyirdi, indi də həmin adam tüfəngini Zaurun peysərinə tuşlamışdı, gözləyirdi ki, maşın sürətini bir azca yavaşıtsın və o zaman tətiyi çəkəcəkdi bu adam - bu ikinci Dadaş. Zaur bunu duyduğu üçün sürəti daha da artırırdı, nəhayət, qazı axıracan basdı. Ayağı möhkəm metal səddə dirəndi - sonuncu sürətə çatmışdı, bundan tez gedə bilməzdi maşın... və əksinə sürət get-gedə azalmağa başladı və bu zaman arxadan tüfəng atmağa başladılar. Atan milis paltarı geymiş iki Dadaş idi, amma qəribədir, tüfənglərinin patronları qırmayla deyil, toxumla doldurulmuşdu və Təhminə dedi ki, bu gül toxumlarıdır. Bu zaman qarşı tərəfdən də onlara sarı motosikletlər gəlməyə başladı - hamı burdaydı - Spartak da, atası Murtuz da, Mədinə də, Muxtar da... Birdən Təhminə arxadan Zaurun boynunu qucaqladı, daha doğrusu qollarını uzun şərf kimi Zaurun boğazına doladı, Zauru boğmağa başladı. Zaur xilas olmaq üçün əllərini sükandan ayırdı. Təhminənin qollarını boğazındaı qoparmağa çalışdı. Təhminə isə həmin andaca sükandan yapışdı və kəskin hərəkətlə sükanı sola burdu, maşın sola döndü və hər ikisi gördülər ki, yolun sol kənarında dibi görünməyən bir uçurum var və maşın da düz bu uçuruma tərəf gedir... -Nə olub, a kişi, nə qışqırırsan. - Zaur bu səsə və birdən otağı bürümüş işığa ayıldı. Qapıda Azər Mərdanov dayanmışdı. Azərin əynində zolaq-zolaq pijama vardı. Azər təbəssümlə: -Nə yaman qışqırırsan. Qara basırdı səni? - dedi. Zaur: -Qışqırırdım? - deyə xəbər aldı. -Bilirsən necə? O biri otaqda eşidib durdum. Zaurun çarpayısının baş tərəfində pəncərə vardı və pəncərəyə damcı-damcı yağış yağırdı... Zaur: -Bağışla, səni də yuxudan elədim, - dedi və əlini uzadıb siqaret götürdü. Azər işığı keçirib öz otağına keçdi. Zaur siqaretini odladı... Dünən küçələri dolaşa-dolaşa gəlib bura - köhnə universitet yoldaşı Azər Mərdanovun mənzilinə çıxmışdı. Xoş bir təsadüfdən Azər bu axşam ekspedisiyada deyildi, Bakıdaydı. Zaurun macəralarından bixəbər idi Azər, Zaur da heç nə danışmadı ona. Bircə onu dedi ki, müəyyən səbəblərə görə bir neçə gün Azərgildə qalmaq istəyir, əlbəttə, əgər mümkündürsə, Azəri narahat eləməzsə... Azər: -Nə narahatçılıq, canım, nə danışırsan, istəyirsən lap bir il qal, - dedi. - Onsuz da üç gündən sonra ekspedisiyaya gedirəm. Bəlkə də Zaur bura təsadüfən gəlib çıxmamışdı. Azərin subay həyatından da xəbərdar idi, qonaqpərvərliyindən də, amma bəlkə bura gəlməyinin əsas səbəbi Azərin köməyilə ekspedisiyaya düzəlmək arzusuydu. Axşam bu barədə xeyli danışdılar. Azər: "Mən bir İdrislə məsləhətləşərəm, - dedi, - görüm nə deyir. - İdris universitetdə onların müəllimi olmuşdu, tanınmış geoloq idi. Azərin işlədiyi ekspedisiyaya hamilik edirdi. Azər: "Yəqin ki, İdris səni yaddan çıxartmayıb, - dedi, - mənə elə gəlir ki, düzəltmək olar bu işi. Hər halda mən imkan düşən kimi danışaram". "Sadıllı" çaxırı içir, Azərin bişirdiyi qayğanağı yeyir və dünyada hər şeydən danışırdılar. - Azərin çalışdığı ekspedisiyadan, ümumən geologiyadan, universitet illərindən, köhnə yoldaşlarından, dünya futbol çempionatından, qadınlardan, ailə qurmağın vacibliyindən, oğul-uşaq atası olmağın ləzzətindən, daha nə bilim nədən və Zaur bircə kəlmə də həyatının son aylarındakı hadisələrdən söz açmadı. Guya olmamışdı da heç bütün bu bəlalar... *** Zaur Dadaşdan ərizəsini götürərək: -Mən sizin xahişinizə əməl elədim, - dedi. - Üç gün keçdi, bu gün bazar ertəsidir, bu gün ərizəmi direktora vermək istəyirəm: Dadaş: -Demək, hər halda, çıxmaq istəyirsən burdan? - dedi. - Bəs harda işləyəcəyini necə, fikirləşmisən? -Fikirləşmişəm, narahat olmayın. Geoloji ekspedisiyaya götürürlər məni. Dadaş uzun zaman dinmədi, zənlə Zaura baxdı: -Yaxşı, atangilə necə izah eləyim mən bu xəbəri? Zaur: -İzah eləmək lazım deyil, - dedi. - Bu axşam özüm atama deyəcəm, hər şeyi özüm deyərəm ona.
*** Hətta futbol oynayan uşaqlar da onu görüb dayandılar və ən balacası oyundan ayrılıb yuxarı, evlərinə qaçdı ki, bu təzə xəbəri çatdırsın... Zaur tamam sakit idi. Həyətlərindən, futbol oynayan uşaqların arasından keçdi, pilləkənlərlə yavaş-yavaş qalxmağa başladı. Artıq xəbər yayılmışdı və qonşular müxtəlif pəncərələrdən oğrun-oğrun baxırdılar. Zaura elə gəldi ki, hətta Murtuzovların pəncərəsində Murtuz Balayeviçin şəxsən öz daz başı da göründü. Mis lövhə üstündə "Professor M. Zeynallı" yazılmış qapıya yanaşdı. Zəngi basanda tamam sakit idi, amma qapının ardından tələsik addımları - anasının addımlarını eşidəndə öz ürəyinin döyüntülərini də eşitməyə başladı. Qapı açıldı, anasını gördü, darhal da başa düşdü ki, bu gəlişi qəfil deyil anası üçün: "Dadaş agah edib" - deyə ağlından keçirdi:
|