Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-2-ci cild-18
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>

    Nə deyəydi Fuad: atası yəqin ki, düzgün hərəkət eləmişdi. Amma bəlkə Zəki müəllim də özünə görə haqlıymış. Hər halda məktəbdə müdirin dəyişməsi bu on iki nömrəli adamın həyatında ən mühüm cahanşümul hadisələr qədər böyük rol oynayıb - sanki bütöv bir tarixi epoxa dəyişib. Kim bilir, bəlkə Zəki müəllim qalsaydı, bu da elə odun, nöyüt daşıyadaşıya on illiyi birtəhər başa vurub attestat alardı, bəlkə hətta ondan sonra da bir tövrnən təhsilini davam etdirərdi, axırını bir yana çıxardardı. Hər halda otuz ildən sonra bu məsələnin haqqhesabını çəkməyə nə hacət? Fuada nə dəxli var bütün bunların? Amma nosilşik heç haqq-hesab çəkmək fikrində də deyildi. Gözlərində zərrəcən kin ya ədavət yox idi, əksinə köhnə məktəb yoldaşına rast gəldiyinə görə, onu tanımasına görə bərk sevinirdi... Əlbəttə, Fuadın sonrakı tərcümeyi-halından, indi kim olduğundan bixəbər idi. Onunçün Fuad - orta məktəbdəki həmin balaca uşaq idi. - Otuz üç il yaşı artmış həmin uşaq - Qurban müəllimin oğlu...
    İnstitut həyatı, hətta o bədnam məruzəylə əlaqədar qısa müddətli narahatlıq da nə qədər ilıq xatirələrlə bağlıydısa, məktəb illəri bir o qədər acı xatirələrlə qalmışdı Fuadın yaddaşında... hamısı da atasına görə. Uşaqlar ona müdirin oğlu kimi baxırdılar. Tündxasiyyət, acıdil, zabitəsiylə hamını lərzəyə salan "Topal Qurbanın" oğlu kimi. Müəllimlər də həmçinin. Çünki müəllimlərin özü də Qurbanın zəhmindən elə şagirdlər kimi qorxurdular. Çox illər sonra, artıq Fuad şəhər soveti sistemində işlərkən - hələ də müdir olan Qurban yeni məktəb binası haqqında təklif irəli sürdü və bu təklifi fəal surətdə müdafiə edən və keçirən Fuad oldu. Hamı elə bilirdi ki, atasının xətrinə belə canfəşanlıq edir. Qoy belə düşünsünlər.
    Əslində Fuadın istəyi təzə bina hazır olan kimi o köhnə məktəb binasını - bu qədər acı xatirələrlə bağlı o ikimərtəbəli evi - buldozerlər qabağına qatıb havaya sovurmaq idi. İndi, çox illər sonra, atasının hamıyla sərt rəftarı barəsində düşünəndə, Fuad, uşaqlıqda olduğu kimi, içindəki hirsindən qovrulub boğulmurdu, bir çox şeyləri daha dərindən dərk edirdi: başa düşürdü ki, bu sərtlik Qurban kişinin işinə doğrudan da namusla yanaşmasından, həqiqi ədalətçiliyindən və tələbkarlığından doğan bir sərtlik idi. O illərin davranış stilini də nəzərə almaq lazım idi, Qurbanın davanın od-alovundan keçib gəlməsini də... Amma o vaxt Fuad necə də əzab çəkərdi, ilahi... Neçə dəfə oğlan tualetində, dəhlizin xəlvət yerlərində tabaşirlə yazılan yazıları öz gözüylə görmüşdü. "Qurban - Qaban"... Kim yazırdı bunu - heç cür tapmaq olmurdu. Xidmətçi qadınlar deyinə-deyinə, donquldana-donquldana yaş əskilərlə silir, bir neçə gündən sonra isə yazılar yenə də ayrıayrı yerlərdə peyda olurdu... Hətta məktəb ərazisindən kənarda, iki-üç tin aralı bağda, səkidə də görmüşdü Fuad bu yazını... Ən ağırı o idi ki, hədəfinə yapışan bütün ayamalar kimi, bu ayama da dəqiq idi: Qurbanın zahiri görünüşündə, doğrudan da qabana oxşarlıq vardı. Yəni elə Fuadın özünün də... Axı ona da dalda "bala qaban" deyirdilər...
    Yəqin şagirdlərin qoyduqları bu ayama bəzi müəllimlərə də bəlli idi, bəlkə hətta bundan xoşlananlar da vardı. Hər halda Fuad məktəbin nifrətlə, kin və ədavətlə zəhərlənmiş havasını çox çəkmişdi ciyərlərinə, uzun illər boyu...
    Qurbanın xasiyyəti sonralar da dəyişmədi... Fuadın atasından aldığı ən böyük həyat dərsi də - onun xasiyyətini, rəftarını və deməli bütün bunlardan doğan səhvlərini təkrar etməmək dərsi idi...
    Son illər bu səhvləri atasının özünə də deyirdi, hələ müdir olduğu vaxtda: "Niyə birlikdə işlədiyin adamların heç olmasa adlarını dəqiq yadında saxlaya bilmirsən, ay dədə?" - deyərdi. - "Yadımda qalmır hamısının adı"... - "Yaz dəftərçənə. Niyə başa düşmürsən ki, sən birisinə yüz yaxşılıq edə bilərsən, amma adam içində həmin o adı Həsən olan adama dönə-dönə Hüseyn deyəndə, o da pərt olur, tutulur, özünü qəsdən təhqir edilmiş bilir və bütün sənin yaxşılıqların bir yana qalır, onun sənə acığı, kini, nifrəti bir yana. Adamlara ən böyük yaxşılıq odur ki, onların mənliklərini, qürurlarını tapdamayasan, axı, hərə özünə görə bir kişidir axı... Bax, Şövqüdən ibrət götür. Bütün işçilərinin nəinki özlərini, dədə-babalarını da yadında saxlayır, görürsən onlara elə fərli bir yaxşılıq da eləməz, amma hərəni bir dillə dindirir. Odur ki, hamı da başına and içir". Qurban: "Şövqüdən sən özün ibrət götür - dedi -mənimki day gecdir, yaşım ötüb, indən belə xasiyyətimi dəyişməyəcəm ki?...
    Elə bu işdən çıxması nə üstündə oldu? Qafur Əhmədliylə sözü çəp düşüb, nə var, nə var, Qafur camaatın içində buna "sən" deyib. Deyib, deyib də, cəhənnəmə ki! Deyir, işinin xətrəsinə kimə desən dayı demək olar... Deynən a kişi, indi sənin də işin Qafur Əhmədlinin əlindədir, "sən" deyib, toxunub sənə, nə olar, üstün vurma, ağartma sözü, keç üstündən. Sonra bir gün yeri gələr elə vurarsan ki, zıqq eləyər, hayıfını çıxıb qurduvu öldürərsən də... Yoxsa dur o boyda iclasda, şappatan denən ki, "malçişka, mən sənin atan yerindəyəm, sənin kimi min nəfər şagird yetirmişəm, sənin nə həddin var ki, mənə, qırx ilin müəlliminə "sən" deyirsən, stoluva-zada çox arxalanma, o stolun dalında çoxların görmüşük..." İndi gör Qafur Əhmədli neyləyib. O da insandır da, o da özündən çıxa, cavab qaytara bilərdi camatın yanında. Xeyr, xudanəkərda! Qafur Əhmədli gülə-gülə qalxıb ayağa, üzrxahlıq eləyib: "Bağışlayın, Qurban müəllim, - deyib, - çox üzr istəyirəm, qocaman müəllimsiniz, sizə hamımızın hörmətimiz var". İclasdan çıxanda da deyir girib Qurban kişinin qoluna, qapıya qədər ötürüb onu ədəb-ərkanla...
    Amma sonra altdan-altdan kişinin pıçını elə burub ki, heç Qurbanın tükü də tərpənməyib. İndi sən ki, belə pəs düşmüsən rayon maarif müdiriylə, onda kərək onqat ehtiyatla dolanasan. Amma belə atışmadan bir həftə sonra Qurban kişi durub raykom iclasında ki, bəli, "rayonumuzun maarif səviyyəsi aşağıdır, savadsız müəllimlərə tanışlıqla məktəbə təyinat verirlər. Odur ki, ziyalıların da çoxu övladlarını kəmsavad eləməmək üçün onları ayrı məktəblərə qoyur". Dəsgah burda başladı. Əhmədli bayraq elədi Qurbanın bu çıxışını, demoqoqluğa saldı o saat, nə bilim böhtançılıq, daha nə bilim nə... Üç günün içində məsələni həll etdilər, qurtardı getdi...
    -Qasım, bir öyrən gör nə oldu bu təyyarə, on beş dəqiqə keçdi ki...
    Qasım getdi. Nosilşik:
    -Moskva samalyotun qarşılıyırsan? - dedi. - Mən də onu gözləyirəm. Bir müddət də matdım-matdım Fuadın üzünə baxdı. - İşə bax e... Elə o vaxtdan səni görmək istəyirdim... Gör neçə il keçib e... Bir iş olmuşdu o vədə, uşaq idik, axmaq idik, bir qələtdi eləmişdik, gərək day məndən inciməyəsən...
    Fuad:
    -Nə iş? - deyə laqeydliklə soruşdu və həmin andaca qəfil amansız bir xatirə qırmanc kimi yaddaşını qamçıladı.
    ...və birdən-birə otuz ilin arxasında qalmış, tamamilə dəyişmiş sifəti - on iki nömrəli adamın sifətini tanıdı və onun adı da dərhal yadına düşdü - Zeydulla... Otuz il keçir o gündən, otuzdan da çox, amma yaddaşından qovmaq istədiyi o xatirə, ildə-ayda bir dəfə də olsa gözərib yandırır hafizəsini, bütün içini dolaşır, varlığını alt-üst edir. O vaxt Fuad bilmirdi ki, Zeydullanı məktəbdən nə üstə qovublar, heç qovulmasından da xəbəri yox idi. Amma bu yekəpər, ayıya oxşayan oğlanı məktəbdən tanıyırdı, Zeydulla iki sinif Fuaddan yuxarı idi.
    Bir gün - dekabr ayı idi, günü də yadındadır, dekabrın 17- si, adamın gözünü göynədən acı küləkli, rəngi solmuş boz, tutqun, soyuq bir gün idi. Külək zibil qutularını çevirmişdi, əzik-üzük, çirkli kağızlar səkilərə səpələnmişdi. Günlər qısalmışdı, Fuadgil ikinci növbədə oxuyurdu, məktəbdən çıxanda hava qaralmış olurdu. O gün məktəbdən çıxıb tinə çatanda Fuadın qabağını üç oğlan kəsdi. Zeydulla idi biri, o biri ikisini tanımırdı, onların məktəbində oxumurdular, yəqin.
    -Bura gəl!
    -Hara?
    Bərk-bərk qollarından yapışdılar:
    -Bax, bura! - məktəbin dalındakı yarıuçuq divarı göstərdilər. Ətrafda heç kəs yox idi.
    -Niyə?
    Çox danışma, gəl bura!
    Fuad dartınıb qaçmaq istədi. Amma yaşlı iki, oğlan, sağdan və soldan bərk-bərk onun qollarından yapışdı. Zeydulla arxada dayanıb ora-bura boylanırdı - görsün gələn yoxdur ki. Divara yanaşdılar. Zeydullanın əlində tabaşir vardı. Tabaşiri Fuada uzatdı və divarı göstərdi.
    -Yaz! - dedi.
    Fuad anlamadı.
    -Nə yazım?
    -Götür meli!
    Fuad tabaşiri əlinə aldı.
    -Yaz: "Qurban - qaban".
    Fuad çırpınıb çıxmaq istədi. Oğlanlar onun qollarını daha da bərk sıxdılar. Zeydulla:
    -Yaz, - dedi - özü də böyük hərflərnən yaz!
    Fuad:
    -Yox! - dedi.
    O biri:
    -Bilirsən sənə neylərik? - dedi.
    Arxadan Zeydulla yaxınlaşdı:
    -Bax, oxartana çəkərik ki, ömrünün axırıneycən invalid qalarsan. Aton kimi!..
    Elə belə dedi: "oxartana". Necə oldu ki, bayaq bu "oxartana" sözündən tanımadı onu. Bəlkə də "səni öldürərik" desəydilər, Fuad elə qorxmazdı. Amma məhz "invalid qalarsan" hədəsi onu qorxutdu. Bu, real hədə idi. Fuad ömründə öldürülmüş adam görməmişdi, amma invalid görmüşdü. Atasının taxta protezi gəldi durdu gözünün qabağında. Atası gecələr yatanda protezini çıxarıb qapının ağzında qoyardı. Gecənin bir yarısında durar, ağır nəfəs ala-ala protezi təzədən geyər, ikinci mərtəbədən aşağı, həyətə, tualetə düşərdi. Sonra qayıdıb yenə protezi çıxarar, bir ayağının üstündə tullana-tullana çarpayısına yanaşardı.
    -Di uzatma, yaz görək.
    Yazdı Fuad. Özü də boyu çatınca iri hərflərlə yazdı:
    QURBAN -QABAN.
    Əlbəttə, bəlkə gərək şikəst qalmağa razı olaydı, amma yazmayaydı. Amma cəmi-cümlətanı səkkiz yaşı vardı, ikinci sinifdə oxuyurdu və ürəyində fikirləşmişdi ki, yazıdır da, yazıdan nə olsun, bir bu yazı üçün bütün ömrünü protez taxsın? Nə biləydi ki, bu kiçicik yazı, iki sözdən ibarət, tabaşirlə yazılmış xətt - onunçün dünyada ən pozulmaz yazı olacaq. O yazılan ki, ona pozu yoxdur və bu yazı həmişə onun mənliyini, kişiliyini, heysiyyətini didib tökəcək, uçurub dağıdacaq, ömrünün ən xoş dəqiqələrində belə yaddaşına qəfilcən qayıdıb bu xoş dəqiqələri əzaba, ağrıya çevirəcəkdir və otuz il belə olub, otuz il də, ya bundan sonra neçə il həyatı qalıbsa – beş gün, beş ya iyirmi beş il - belə olacaqdı. İnsan ömründə bəzən elə sözlər, ya elə işlər olur ki, vaxt, hər şeyə məlhəm olan vaxt belə, onların qarşısında acizdir, onlar hər yaranı sağaldan, hətta ölüm itkisinin ağrısını belə keyləşdirən vaxta üstün gəlirlər.
    Belə sözlərdən, belə işlərdən sonra insan əbədiyyən tam xoşbəxt olmaq imkanından qısır olur. Haçansa, hardasa, özünü tam bəxtiyar və arxayın bildiyin anların birində elə bil yaddaşın qanayır, qayıdır o söz qulağına, o hərəkət gözlərinə və tam səadətin səninçün həmişəlik mümkünsüzlüyünü anlayırsan...
    Zeydulla:
    -Nöqtə də qoy! - dedi. - Sonra nə fikirləşdisə - yox, nöqtə yox, nida işarəsi... - deyə əlavə etdi.
    Fuad nida işarəsi də qoydu:
    QURBAN - QABAN!
    Qollarını buraxdılar, çıxıb getdilər. Tində dayandılar, Fuada tərəf çevrildilər. Zeydulla barmaqlarını ağzının içinə salıb bərkdən fit çaldı, dişlərinin arasından yelpicvarı tüpürdü və Fuada "şiş" göstərdi. Getdilər. Addımları, şaqqanaq çalıb bərkdən gülmələri, zarafatları uzun zaman eşidilirdi... Elə bərkdən deyib-gülürdülər ki... Evlərinə necə gəldiyi yadında deyil. Ancaq qapılarının yanında dayandı, nə isə düşündü, evə girmədi, geri döndü, hardansa əski tapdı, nohurda islatdı, gedib divardakı yazını sildi - sabah görüb-bilən olardı. Lap elə atasının özü görüb Fuadın xəttini tanıya bilərdi. Fuad özünü öldürmək istəyirdi o gecə, ancaq bilmirdi ki, bunu nə sayaq etmək olar... Sonra fikirləşdi ki, özünü öldürməyəcək, amma mütləq çox güclü bir adam olacaq və təkbaşına heç kəsə demədən, heç kəsi agah etmədən bu üçündən dəhşətli intiqam alacaq... Nə atasına, nə anasına, nə də başqa heç bir kəsə heç bir vaxt deməmişdi bu hadisəni... Amma neçə vaxt, neçə ay atasından gözlərini gizlədirdi, baxa bilmirdi atasının üzünə... O vaxt and içmişdi ki, intiqam alacaq, amma keçən bu otuz ildə bir dəfə də olsun, həmin uşaqlara rast gəlməmişdi və hətta bəzən Fuada elə gəlirdi ki, o üçü konkret, real simaları olan fərdlər deyilmiş, nə isə mücərrəd bir Şər, Zor, Qəddarlıq və Yamanlıq rəmzləri imiş. Və... budur bax, bu rəmz, on iki nömrəli nosilşik… Otuz ildən sonra elə bil yaddaş zindanının ən qaranlıq, zülmət hücrəsindən çıxıb gəlib bu mücərrəd Şər, Zor, Yamanlıq elçisi - sallaqdodaqlı, bulanıqgözlü nosilşik, düz onun qənşərində oturub və deyəsən, aman allah, o vaxtkı günahı üçün üzrxahlıq eləmək niyyətindədir... Bu üzrxahlıq daha da ağır bir işgəncə idi, çünki belə məlum olurdu ki, otuz il keçməsinə baxmayaraq həmin səhnə tək Fuadın yox, Zeydullanın da yadındadır. Deməli, Fuad kimi Zeydullayçün da bu adi, keçəri, ötəri bir epizod deyilmiş, vaçib, əsaslı, unudulmayan bir hərəkət imiş. O qədər əhəmiyyətli bir şey imiş ki, otuz il ərzində Zeydulla da onun günahını içində daşıyıb, bağışlanmaq istəyib və nəhayət bu gün niyyətinə çatıb - üzr diləyir.
    Fuad elə bilirdi ki, bu hadisəni ondan, Fuaddan başqa xatırlayan ikinci bir insan yoxdur və bu hadisə - bəlkə də ancaq onun yaddaşında mövcuddur... Sanki o Keçmişin də Gələcək kimi daima mövcud olduğunu, haradasa - itənlərdə donub qaldığını, yoxa-puça çıxmadığını - unutmuşdu. Halbuki Keçmiş də, Gələcək kimi həmişə var, həmişə durur axı... Daima baqidir. İntəhası biz insanlar birini tərk edib gedir, o birinə tələsirik. Bəlkə də dövrə vurub yenidən geri qayıtmağa tələsirik. Budur bax, oturub Keçmiş onun qarşısında - otuz il bundan qabaqkı hadisənin fitvaçısı, təşkilatçısı, iştirakçısı və canlı şahidi...
    -Bilirsən sənə neynərik? - belə demişdilər o vaxt. Bəlkə intiqam dəmi məhz elə indi, bax bu gün, bu saat gəlib çıxıb.
    Otuz il sonra Fuad həmin o cümləni qarşısındakı adama qaytara bilərdi: "Bilirsən sənə neynərik?" Məhz, "neynərəm" yox, "neynərik", çünkü o tək deyildi - bütün mənsəbi, vəziyyəti, gücü onun "tək"ini çoxlaşdırırdı və doğrudan da Fuad, istəsəydi, bu on iki nömrəli nosilşikə çox şey edə bilərdi - işdən qovdura bilərdi, döydürə bilərdi, bir bəhanə tapıb tutdura bilərdi - deyərdi ki, sərxoş halda gəlib mənə sataşır - Zeydullanın ağzından, doğrudan da şirin çaxır iyi gəlirdi. Başından əcaib bir fikir də keçdi Fuadın: Zeydullanın atasının adını öyrənsin və məcbur eləsin ki, Zeydulla öz atasını qaban adlandırsın, yazsın, iri hərflərlə, nida işarəsi də qoysun... Bəlkə heç hədə-qorxu da lazım deyil, Zeydulla bir şüşə "Ağdam" çaxırına dədəsini satmağa razıdır? Bəlkə də yox, bəlkə də dünyanın bütün ləl-cavahiratı və bütün, hədə-qorxusu Zeydullanı atasını satmağa vadar edə bilməz. Kim bilir? Bəs onda intiqam nə olsun? Axı Fuad haçansa - əlbəttə, lap uşaq yaşlarında - özünü inandırmışdı ki, Zeydulladan intiqam alacaq, elə güman edirdi ki, bu intiqamdan sonra acı xatirənin köynəyi daha onu incitməyəcəkdir. Ancaq Fuad çox sonralar başa düşdü ki, heç bir intiqam onun yaddaşını otuz il qabaqkı təhqirin çapığından xali edə bilməyəcək. Əgər bu söz düzdürsə ki, "ürək - şüşədir, sındırarsan kim yamar", onda başqa bir şüşəni sındırmaqnan öz sınığını yamamaq mümkündürmü, məgər? İndi Fuad bu sualın cavabını bilirdi. Şübhəsiz, bu adama heç bir şey etməyəcəkdi - bunu da bilirdi.
    Bu adam - o adam deyildi. O Zeydulla otuz ilin arxasında qalmış - harın, gücünə arxayın, acizə zalım bir varlıq idi. Bu Zeydulla...
    -Diqqət!
    Reproduktordan Moskva təyyarəsinin endiyini xəbər verdilər.
    Fuad:
    -Bağışla,- dedi, - təyyarənin qabağına getməliyəm.
    Zeydulla:
    -Mən də, - dedi.
    O da həmin təyyarəni qarşılayırdı. Gələn sərnişinlərin baqajlarını...

Onuncu fəsil


    Bakının, Abşeron aqlomerasiyasının şəhərsalma problemləriylə maraqlanırdı qonaqlar - ilk amfibiya-şəhər Neft daşları, şəhər landşaftının təşkili, şəhər peyklərində çoxmərtəbəlik problemləri, nəqliyyat qovşaqlarının prinsipləri, yerli şərait və iqlim baxımından layihələşdirmə istiqaməti, əhali artımıyla əlaqədar perspektiv planlaşdırma və proqnozlar - bütün bu məsələlər ətrafında suallar verirdilər. Bəziləri azmaz rusca danışırdı, amma hər halda əsas ağırlıq tərcüməçilərin üstünə düşürdü. Tərcüməçiləri cins şalvar geymiş Qalya adlı bir qız idi.
    Fuad suallara ətraflı cavablar verirdi, çoxlu rəqəm və sənədə isnad edirdi, amma gözləri qarşısında elə hey yarıuçuq divar, nida işarəsi və Zeydullanın sallaq dodaqları durmuşdu:
    "Oxartana çəkərik sənə..."
    Qarşılayanlar içində raykomun, nazirliyin, "İnturist"in nümayəndələri də vardı, proqrama görə qonaqlar bir saatdan sonra Mingəçevirə getməliydilər, odur ki, elə burdaca, Aeroportun restoranında onların şərəfinə yüngülvari bir banket təşkil olunmuşdu. Fuadı tamada seçdilər. Fuad:
    -Əziz qonaqlarımız! Bu gün bizimçün çox sevincli bir gündür, - dedi. - Bizə qonaq gəlməyinizə çox şadıq. Bu badələri sizin şərəfinizə qaldırırıq...
    ...Fuad:
    -Bu gün bizimçün çox kədərli bir gündür, - dedi. - Memarlığımıza ağır itki üz vermişdir. Görkəmli sənətkarlarımızdan biri, hörmətli müəllimimiz, istedadlı həmkarımız Fuad Salahlıdan həmişəlik ayrılırıq...
    Mikrofon nə isə xırıldayırdı. Onlar yenicə qurulmuş taxta artırmanın üstündə dayanmışdılar. Xeyli adam gəlmişdi qəbir üstünə. Fuad danışdıqca fikri gah bu xırıldayan mikrofona, gah onu dinləyən adamlara, gah gül-çiçək içində itmiş tabuta, tabutun üstündə Fuad Salahlının gülümsəyən fotoşəklinə, gah da tabutun yanında dayanmış qarapaltarlı, ağsaçlı qadına yayınırdı.
    -Fuad Salahlı, dərin biliyini, zəngin təcrübəsini cavanlardan, saysız-hesabsız tələbələrindən əsirgəmirdi. - Fuad bu sözləri tələffüz edir və düşünürdü: bu ağbaş qadın Solmazdırmı? Əlbəttə, Solmazdır. Vaxt insanı necə dəyişərmiş ilahi?! Təsadüf elə gətirmişdi ki, o vaxtdan Solmazı bir dəfə də görməmişdi və indi bu kök, ağır baxışlı, dərdi-qəmi qaralara bürünmüş qadını o vaxtkı arıq gəlinlə, çit paltarlı, həmişə mehriban gülümsəyən, əlinin tozunu ətəyinə silən, saçlarını biləyinin ardıyla gözlərinin üstündən çəkən - o nərmə-nazik gəlinlə eyniləşdirməkmi olardı?.. Bu ikisi - eynimi adam idi - ya biri orada, Keçmişdə qalmışdı, ikincisi indi, burada dayanmışdı?
    Qısaqol köynək geymiş vızbaş oğlan artırmaya qalxıb mikrofonu burdu, xırıltı kəsildi...
    Fuad mərhumun elmi işlərindən, maraqlı mühazirələrindən danışırdı, onun xatirəsinin qəlblərimizdə əbədi yaşayacağına əmin olduğunu bildirirdi... Birdən adamlar içində Şövqünü gördü... Görünür, Şövqü gecikmişdi: çünki yuxarıda, artırmada deyil, aşağıda idi, özü də lap arxada dayanmışdı. Fuad düşündü ki, Şövqü yaxşı eləyib gəlib, Fuad Salahlının ömrünün axırınacan küsülü qalmışdılarsa da, ölüm hər halda hər şeyi unutdurur. Ölümün böyük gerçəkliyi qarşısında bütün olub-keçən ədavətlərin kinküdurətin, mübahisə və mülahizələrin puçluğu, heçliyi, yalançı "əhəmiyyəti" çox aydın görünür. Fuadın ağlından bir fikir də keçdi: görəsən, Şövqü qanlıbıçaq düşməni, barışmaz rəqibi haqqında öz kürəkəninin bu cür ağızdolusu danışmasına necə baxacaq, həddən-ziyadə şişirtmə hesab etməyəcək ki bu sözləri? Hər halda Fuad mərhuma verdiyi yüksək qiymətlərdən heç birini azaldası deyildi. Bu gün axır ki, Fuad Salahlı layiq olduğu sözləri eşitməyə haqq qazanmışdı. Əgər eşidə bilsəydi.
    Fuad:
    -Əziz müəllimimiz Fuad Salahlını heç bir zaman unutmayacağıq! - deyə nitqini bitirdi.
    Nəfəsli orkestr kədərli bir musiqi cümləsi çaldı, dayandı. Sədrlik eləyən rektor mikrofona yanaşdı:
    -Söz verilir mərhumun dostlarından və həmkarlarından görkəmli sənətkarımız Şövqü Şəfizadəyə...
    Fuada elə gəldi ki, yer ayağının altından qaçır. Şövqü aramla artırmaya tərəf addımladı. Milçək uçsaydı eşidilərdi. Şövqü sanki nə onu dördgözlə izləyən adamları görür, nə hər tərəfdən şəklənmiş, qulaqların fərqinə varırdı. O, dərin fikirlər, xəyallar aləminə qərq olmuşdu. Yavaş-yavaş artırmaya qalxdı, təmkinlə mikrofona yanaşdı, bir müddət susdu, danışmadı.
    Sonra:
    -Yoldaşlar! - dedi - hörmətli sədr mənə söz verəndə məni Fuad Salahlının dostu adlandırdı. Qırx ildən artıq bir müddətdə mən bu dostluqla fəxr etmişəm. Doğrudur-bilənlər bilir - mübahisələrimiz, bir-birimizdən giley-güzarımız, incikliyimiz də olub, küsüb-barışmışıq da, rəhmətliklə... Amma mən həmişə onun mərdliyini, kişiliyini, professional namusunu, partiyaya, xalqa sədaqətini gənclərimiz üçün, elə hamımız üçün örnək bilmişəm. Burda Fuad Salahlının əməyinə, işinə yüksək qiymət verdilər. Mən deməliyəm ki, yoldaşlar, nə qədər yüksək qiymət verildisə də, bu azdır, Fuad Salahlı daha böyük sözlərə, daha yüksək təriflərə layiq bir adam idi...
    Qadın hönkürtüsü eşidildi. Solmaz dözə bilməyib bərkdən hönkürürdü. Şövqü ona tərəf çevrildi:
    -Əziz bacımız, Fuad Salahlının vəfalı rəfiqəsi... Solmaz xanım, inanın ki, sizin bu böyük dərdinizə sizin qədər biz də yanırıq. - Solmaz daha da bərkdən hönkürdü, Şövqünün də səsi titrədi! - Heç vaxt... heç vaxt, - dedi - biz Fuad Salahlı qardaşımızı unutmarıq. Rahat yat, qardaşım, qoy ana vətən torpağı səninçün pərqu döşək olsun...
    Solmazı kənara çəkdilər, su verdilər içməyə. Fuadın yadına düşdü ki, Salahlını işdən çıxardanda, deyirlər səkkiz ay Solmazın puluna dolanıblar. Dədə-babadan az-çox nəyi qalıbmışsa satıb...
    Şövqü susdu, dəsmal çıxardıb gözlərini sildi:
    -Bizim Fuad Salahlı, - deyə sözünə davam elədi, - lakin bu zaman mikrofon nədənsə ulamağa başladı - qulaqbatıran, aramsız, uzun, cingiltili bir səs yüksəldikcə yüksəldi. Vızbaş oğlan sıçrayıb mikrofonun yanına çıxdı, onu ora-bura hərlədi, qurdaladı, aşağı-yuxarı dartdı. Uğultu kəsildi, Şövqü nitqini davam elədi, amma indi də mikrofon onun sözlərini əks-səda kimi iki-üç dəfə təkrar edirdi:
    -Yoldaşlar... yoldaşlar... yoldaşlar... Fuad... Fuad... Fuad... Salahlının... Salahlının... Salahlının... xatirəsi... xatirəsi… xatirəsi... qəlbimizdə... qəlbimizdə... qəlbimizdə... həmişə... həmişə... həmişə... yaşayacaq... yaşayacaq... yacaq... yacaq... caq...caq.
    Şövqü eyni təmkinlə ağır-ağır mikrofondan aralandı, keçib artırmanın bir küncündə dayandı. Nəfəsli orkestr qəmli musiqi cümləsini bir dəfə də çaldı. Vızbaş oğlan mikrofonu bir az da qurdaladı və deyəsən axır ki, sahmana saldı, çünki rektor növbəti natiqə söz verəndə nə əks-səda vardı, nə xırıltı, nə uğultu... Növbəti natiq danışırdı və Fuada elə gəlirdi ki, bütün bu hadisələr qeyri-adi bir reallıqda cərəyan edir, sadəcə mistifikasiyadır, vəssalam... Bütün bu mitinq, bu dəfn mərasimi, çıxışlar - hamısı... Fuad Salahlı da ölüb-eləməyib...
    Və bütün bu illər arasında ötüb keçənlər də olmayıb heç bir vaxt. Fuad Salahlı institutda ilk gün gördüyü Fuad Salahlıdır, Oqtayla onu - Balaca Fuadı mənzillərinə dəvət edən - dəhlizdə ağac kötüyü, xərəkdə gil, otaqda gips, yarımçıq büstlər, şifonerin altında boruşəkilli "Aleksandr kağızları - layihələr, Motsart, Bax, çit paltarlı arıq Solmaz, konstruktivizm, Korbüze, memarlığın estetik və funksional mahiyyəti haqqında söhbətlər, konyak, limon qabıqları – Fuad Salahlı qırmızı darağını çıxarıb başını darayır, "Kazbek" papirosunu əzib damağına qoyur. Solmaz, çit paltarlı arıq Solmaz biləyinin ardıyla şəvə kimi qara saçlarını gözünün üstündən atır, Fuad Mehdiyev, Fuad - "Balaca Fuad", "adaşım" da o vaxtkı Fuaddır. Keçmişdə dayanıb, durub, donub qalmış Fuad və bu ölüm də yalandır, onun son qətiliyinə inanılası deyil; bu nə isə müvəqqəti, ötəri, keçəri ölümdür - müvəqqəti, keçəri, ötəri nigarançılıq, azar-bezar, dərd-sər olan kimi, bu ölüm də axır aqibət deyil, dəyişiləsi bir haldır, davamı yenə də həyat olacaq bir aldanışdır... Əlbəttə Fuad, Mehdiyev Fuad axirət aləminə, o dünyaya-filan inanmırdı, amma adaşı Fuadla, Salahlı Fuadla bir daha görüşməyəcəyinə, nahaq olmuş bütün qəbahətləri təshih edə bilməyəcəyinə, danışıb, dərdləşib, anlaşıb arada olan bütün bu hisi-pası birdəfəlik təmizləməyəcəyinə də heç cür inana bilmirdi. Həyatın irili509 xırdalı bütün başqa, ağır, amma dəfi mümkün hadisələri kimi bu ölümün də təkzibini gözləyirdi elə bil... Gümanı vardı buna sanki. Ölümün əbədi və sonuncu nəticəliyini qavraya bilmirdi.
    Fuad bəzi adamlar haqqında düşünəndə, öz içində onların yerini təyin etmək istəyəndə, onlara qiymət vermək, yaxşı pisliklərini ölçüb-biçmək istəyəndə qeyri-ixtiyari həmin adamların ölümünü gözləyirdi. Arzulamırdı, istəmirdi, əttövbə, allah göstərməsin, yox, sadəcə olaraq gözləyirdi. Bu, məsələn, pyesin, filmin sonunu bilmək intizarı kimi bir şey idi. Ölüm adamları əbədiyyətə bir növ bitkin, tamamlanmış şəkildə, əməllərinin yaxşılığı-pisliyi, bədliyi-xoşluğu baxımından, qoyduğu irsin, izin, adın müəyyənliyi baxımından - yekunlaşdıraraq, nəticələyərək təqdim edir. Fuad Salahlı haqqındasa ölümuylə tamamlanmış, bitmiş bir fərd kimi düşünmək mümkün deyildi. Hər halda: Balaca Fuad belə düşunə bilmirdi. Fuad ağlında onu da qeyd etdi ki, özü haqqında Böyük Fuadla əlaqədar olaraq düşünərkən istəristəməz özünü Balaca Fuad adlandırır. Qəribədir, nə çox Fuad adlı adam, amma nə qədər ki, Fuad Salahlı vardı, Fuad Mehdiyev Balaca Fuad olaraq qalacaqdı. Bütün tanış-biliş üçün. İndi yoxdur daha Böyük Fuad. Hər halda yoxdur. Nəfəsli orkestr həmin melodiyanı çaldı, növbəti natiq nitqini bitirmişdi.
    Sədr mikrofona yaxınlaşdı, yəqin ki, mitinqi bağlı elan edəcəkdi. Fuad gözucu sədrin əlindəki siyahıya, çıxışçıların siyahısına baxdı. Siyahıdakıların hamısı danışmışdı. Sədr mitinqi bağlamaq istəyirdi, amma aşağıdan, adamların içindən, ona əl elədilər. Fuad boylanıb baxdı - Oqtay idi əl eləyən.
    Camaatın içindən keçib artırmaya qalxdı. Sədrə:
    -Mən də danışmaq istəyirəm, - dedi.
    Fuad: "Səfehləməsə yaxşıdır, - deyə düşündü. - Yəqin ki, indi affektasiya vəziyyətindədir, artıq-əskik danışa bilər". Fuad qeyri-ixtiyari qayınatası tərəfə baxdı. Elə bil dünya Şövqünün gözündə deyildi. Elə bil hər şeydən, hamıdan təcrid olub dərin-dərin fikirlər aləminə qərq olmuşdu, buralardan çoxçox uzaqlara uçmuşdu xəyalı. Külək Şövqünün çiyinlərinə qədər uzanmış dümağ saçlarını dalğalandırırdı... Oqtay mikrofona yanaşdı:
    -Bir vaxtlar, -dedi, - Ələsgər Abdullayev adlı məşhur xanəndə olub, - bunu dedi və susdu, elə bil nəfəsi kəsildi. Pauza xeyli uzandı. Adamlar nəzərdə tutulmamış natiqin bu gözlənilməz çıxışına, bu qəribə pauzaya və dəfnə heç bir dəxli olmayan bu əcaib sözə - xanəndə Ələsgər söhbətinə matməəttəl qalmışdılar. Görünür, Oqtay öz həyəcanını boğa bilmirdi, görünür, məclis möhkəm tutmuşdu onu, yazıq, haçan belə böyük bir izdiham qarşısında çıxış edib axı?
    Nəhayət, iradəsini toplayıb, səsi titrəsə də sözünü davam elədi:
    -Bağışlayın, mən natiq deyiləm... Pis danışıram... amma danışmaya bilməzdim... Xanəndə Ələsgər gözəl "Rahab" oxuyarmış... Hamıdan yaxşı oxuyarmış "Rahab"ı... O öləndə, onu basdıranda... bağışlayın... mən çox həyəcanlanıram... Ələsgəri dəfn edəndə Cabbar Qaryağdı deyib ki, biz bu gün... Ələsgəri basdırmırıq, biz bu gün "Rahab"ı basdırırıq – Oqtay yenə susdu, bu pauza daha da uzun çəkdi, Fuad arxa tərəfdən onun yanında durmuşdu və Oqtayın sağ qıçının yarpaq kimi əsdiyini görürdü. Sifəti də ağappaq idi, elə bil un çəkmişdilər.
    - Sakit ol, özünü ələ al, - deyə Fuad Oqtayın qulağına pıçıldadı.
    Elə bil Oqtay bu sözə bənddi, elə bil tilsimi qırıldı və kəsik, əsəbi cümlələrlə danışmağa başladı:
    -Bəli, bu gün biz də... Fuad Salahlını basdırmırıq... memarlığımızın namusunu basdırırıq... professional vicdanımızı basdırırıq... Neçə-neçə baş tutmamış niyyətləri... tikilməmiş binaları... həyata keçməmiş layihələri... basdırırıq. Bəli, Fuad Salahlı müəllim idi, professor idi... Kitabları da var... Sevirdi də öz işini... amma axı... biz ki, hamımız bilirik bunu... axı o dünyaya başqa şey üçün gəlmişdi... Onun böyük istedadı... başqa sahədə idi... - O anadangəlmə proektirovşik idi... binalar tikməliydi o... şəhər salmalıydı... amma tikə bilmədi...
    Fuad düşündü: "Hə, başladı sarsaqlamağa".
    -Siz ki, bilirsiz niyə tikmədi... siz ki, hamısını bilirsiz yoldaşlar, bilirsiz ki, kim qoymadı onu... kim ömrü boyu ona hər işində mane olurdu...
    Fuad: "Əzvaylamasa olmaz", - deyə düşündü. Çevrilib baxmaq istəmədi, amma oğrun-oğrun qayınatasına tərəf nəzər saldı: Şövqü, sanki bütün bu deyilənləri eşitmirdi, əvvəlki təkin dərin-dərin xəyallara dalmışdı.
    -Bu gün də deməsək bu həqiqəti... Haçan deyəcəyik... Sədr mənalı-mənalı saatına baxdı, sonra pıçıltıyla Fuada:
    -Məsələ çox uzandı, - dedi. - 5-də iclasım var...
    Fuad da pıçıltıyla:
    -Hə, mən də yaman tələsirəm, - dedi.
    Oqtay:
    -Bilirsiz ki, Salahlını vaxtilə institutdan da çıxarmışdılar... - dedi.
    Fuad pıçıltıyla sədrə:
    -Cəmisi səkkiz ay, - dedi.
    Oqtay bunu eşitdi.
    -Bəli, səkkiz ay, - deyə çılğınlıqla təkrar etdi. - Mən olub-keçənləri yada salmaq istəmirəm... keçənə güzəşt deyərlər, amma mən bircə şeyi demək istəyirəm... Səkkiz ay Fuad Salahlı mübarizə etdi, haqqını tələb etdi, haqlılığını sübut elədi... Partiyamızın prinsipləri əsasında ədalət bərpa olundu, Fuad müəllim instituta qayıtdı. Mənim yadımdadır Fuad müəllimin instituta qayıtması və qayıdandan sonra ilk leksiyası... O, auditoriyaya girdi, yerini tutdu, hamı gözləyirdi ki, Salahlı qalib gəlməsindən, haqqın sübuta yetməsindən, rəqiblərinin uduzmasından, day nə bilim nələrdən danışacaq...
    Amma onun ilk cümləsi bilirsinizmi nə oldu? - Sükut çökdü, pauza uzandıqca uzanırdı, orkestr elə bildi ki, nitq qurtarıb və həmin musiqini yenidən çalmağa başladı, amma kimsə işarə elədi ki, saxlasınlar, çalmasınlar, musiqi yarımçıq kəsildi və
    Oqtay sözünə davam elədi:
    -Fuad Salahlı auditoriyaya girdi, yerinə keçdi, bizə baxdı, gülümsündü və dedi: "Keçən səfər biz modulyardan danışmışdıq, mühazirəmizi davam elətdirək, deməli, modulyar..." - Başa düşürsüz? - deyə Oqtay əvvəl aşağıda dayanmış adamlara, sonra isə artırmada dayananlara baxdı. - Keçən səfər-yəni ki, səkkiz ay bundan qabaq... elə bil bu səkkiz ayın həngamələri olmamışdı... Elə bil auditoriyadan səkkiz dəqiqə bundan qabaq fasiləyə çıxıb indi qayıtmışdı... Bax, bir bu hərəkət Fuad Salahlının bütün varlığını... mahiyyətini ifadə edirdi. Onun üçün vaxt ayrı-ayrı dövrlərə, kəsiklərə, parçalara bölünmürdü. Fuad Salahlıyçün vaxt bütöv, aramsız, fasiləsiz, daim hərəkətdə olan tam bir etik vahid idi... Vaxt onunçün mənəviyyat kimi, həqiqət kimi bitkin... tam bir... – Oqtay duruxdu, söz axtarır, tapa bilmirdi. Fuad pıçıltıyla: - Anlayış idi, - dedi.
    Oqtay:
    -Anlayış idi, - deyə təkrar etdi. - Fuad Salahlı eləyə biləcəklərini eləmədi, tikə biləcəklərini tikə bilmədi...
    Fuad düşündü ki, elə bil ağı deyir, amma onu da düşündü ki, Salahlının keçmiş yaralarından daha artıq Oqtay elə bil özünün gələcək uğursuzluqlarına ağlayır. Mitinq qurtardı. Fuad maşınına tərəf addımlayanda, kimsə qoluna girdi. Fuad çevrildi, Şövqü idi.
    Şövqü:
    - Uşaqlar bizdədir, - dedi. - Məktəbdən çıxıb bizə gəliblər... Proyektoru qurdum onlarçün. Pərviz kino göstərir, Ceyhun baxır...
    Fuad: "Deməli, atamgilə getməyiblər, qaçıb bu biri babasıgildə gizləniblər" - deyə düşündü, amma dinmədi...
    Sükut içində addımlayırdılar. Sükutu Şövqü pozdu:
    -Oqtay yaxşı danışdı, - dedi. - Çox təsirli danışırdı...
    Xoşum gəldi. Əlbətqə, bir az apolitiçnı çıxış etdi - necə yəni memarlığımızın vicdanını basdırırıq? - eybi yox, cavandır da, bir az hissə qapılır... Fuad Salahlı yazıq, deyirlər ona çox kömək edib, diplom müdafiəsində, işə düzəlməsində... Deyəsən, qohumluqları da çatır bir balaca - Fuadın arvadı tərəfdən... hər halda səmimi danışdı... Çox mütəəssir oldum, mən də...
    Fuad düşündü: "Hələ nə qədər çox şey öyrənməliyəm mən Şövqüdən, hələ nə qədər çox şey öyrənməliyəm". Fuad bilirdi ki, Oqtay Şövqüyçün çox kiçik bir hədəfdir ki, ona ciddi baş qoşsun... Amma indi birdən baş qoşmalı olsaydı Oqtayı birə kimi əzə bilərdi - həm də bütün taktiki sxem hazır idi: Fuad Salahlı Oqtaya himayədarlıq edib, qohumudur, odur ki, Oqtay da ifrata varıb Salahlını memarlığın vicdanı adlandırır. Vəssalam. Nə oyan, nə bu yan! Yuridik cəhətdən olmasa da, etik cəhətdən sxem hazır idi. - Hər bir çılğın hissin əsası - müəyyən munasibətlərə bağlıdır. Nədənsə, birdən Fuadın yadına Qafur Əhmədli düşdü... Şövqü köksünü ötürdü:
    -Eh, dünya, dünya! - dedi. - Sonra nə isə Fuadın alışmadığı bir bədbinliklə: - Bax, Fuad, məni basdıranda nitqfilan lazım deyil, sən allah, - deyə əlavə etdi. - Sənə vəsiyyət eləyirəm bunu...
    Fuad etiraz eləmək, "əşi, ağzınızı xeyrə açın" demək istəyirdi, amma Şövqü ona macal vermədi:
    - Yazıq Sadıx Dadaşov Moskvada öldü, xəstəxanada.
    Deyir ölümündən qabaq su istəyib, rəhmətlik. Gətiriblər, bir qurtum içib: - "Yox, - deyib - Şollar suyu", üzünü divara tərəf çevirib, keçinib. Maşınlara yanaşdılar. Şövqü "Volqa"sının qapısını açanda
    Fuaddan soruşdu:
    -Axşam danışırsan da? - sərginin açılışını nəzərdə tuturdu...
    Fuad başıyla təsdiq elədi. Şövqü bayaqkı bədbin intonasiyasından əsər-əlamət qalmamış, gümrah, işgüzar tonla:
    -Özünü topla, - dedi, - gərək əla danışasan ha!.. Mütləq son illərdəki müvəffəqiyyətlərimizi qeyd elə.
    Şövqü öz qara "Volqa"sına mindi, Fuad öz sarı "Moskviç"inə, Şövqü maşının içindən, pəncərədən Qasıma əl elədi. Qasımın ağzı getdi qulağının dibinə:
    -Allah Şövqü Camaloviçin canını-başını salamat eləsin!

On birinci fəsil


    Bunu bir həkim demişdi Fuada. Qatarda tanış olmuşdular. Moskvaya gedirdilər. Qış idi, təyyarələr vaxtlı-vaxtında uçmurdu, qatara bilet götürməli oldu. Beynəlxalq vaqonda həkimlə bir kupeyə düşmüşdülər. Biləcəridən keçən kimi hər ikisi tünd-göy rəngli, dar balaqlı cersi idman kostyumlarını geydilər. Həkim "Yerevan" konyakı çıxartdı, içdilər, nərd atdılar, ordan-burdan danışdılar, ümumi tanışları tapıldı. Elə onda söz düşmüşdü, həkim demişdi ki, çox yaşamaq istəyirsizsə özünüzü mənfi emosiyalardan qoruyun. Bu insanın əlindədir. İnsan istəsə ömrünü, gününü elə qura bilər ki, mümkün qədər az mənfi emosiyası olsun. Əlbəttə, tamam bunsuz mümkün deyil, istəsək də, istəməsək də hər gün müəyyən qədər ürəyimizi ağrıdan sözlər eşidir, bəd xəbərlər alır, bizə pis təsir edən hərəkətlərin, işlərin şahidi oluruq. Məsələn, bilirsən ki, bir məclis, bir yığıncaq, bir söhbət sənə pis təsir bağışlayacaq - getmə ora. Bilirsən ki, filankəslə görüşsən mütləq sənə ürək bulandıran bir qeybət eləyəcək - görüşmə onunla. Axı hər adamın dalınca danışan olur. Ancaq arif adam bunları heç eşidib bilmək istəmir, nə danışırlar dalında, qoy danışsınlar. Birisi guya "xeyirxahlıq edib "sənin barəndə filankəs filan sözü" dedi - deyə ağzını açan kimi, ağzından vurmaq lazımdır. "İstəmirəm biləm nə deyib filankəs mənim barəmdə, vəssalamU. Mənfi emosiyalar qədər insan ömrünü qısaldan ikinci bir bəla yoxdur. Hər şeyi onlar törədir - xərçəngi də, hipertoniyanı da, diabeti də, ürək, əsəb xəstəliklərini də...
    Yəqin doğru deyirdi həkim... Yəqin onun məsləhətlərinə əməl etmək gərəkdi. Ancaq necə əməl edəydi Fuad ki, məsələn, elə günü bu gün - axşamkı fərəhli tədbirin ərəfəsində neçə dəfə mənfi emosiyalar almalı oldu? Nə idi Oqtay - nanəcibin danışdıqları? Yüngül-yüngül atılıb çıxdı, dili topuq çala-çala danışdı, özü də nə dedi axı... Matəm tribunasını da ürəyinin kin-küdurətini boşaltmaq üçün istifadə elədi. Nə qədər xılt olarmış insanın ürəyində, ya rəbb? Özü də, heç məndən utanmır, xəcalət çəkmir, elə bu gün səhər yanıma xahişə gəlmişdin axı, mən də səni adam balası bilib bircə dəqiqənin içində xahişini yerinə yetirdim. İndi bu da mənim haqqsayımdır? "Qoymadılar", "İmkan vermədilərU, hamı bilir axı, kimin bostanına atırsan bu daşları. Hamı bilir axı ki, Şövqüyə deyirsən, dolayısıyla da elə mənə, Fuada - Balaca Fuada. Fuad hər şeyi başa düşürdü. Oqtay və Oqtay kimilərin, elə o cümlədən rəhmətlik Fuad Salahlının özünün də onlara - Şövqüyə, Fuada güzəştsiz və amansız münasibətlərinin kökünü, səbəbini, qidasını bilirdi. Bilirdi ki, Oqtay kimilərin, Salahlı kimilərin ürəkləri heç bir vaxt Şövqüylə, Balaca Fuadla, həyatda qarşılarına dəqiq məqsədlər qoymuş və bu məqsədlərə çatmış adamlarla düz gəlməyəcək. Bunu şüurla başa düşürdü Fuad, amma başa düşsə də qəlbən ağrıyırdı. Bir var şüurun, beyinin, məntiqin dəlilləri, bir də var ürək qanunları, hisslərin müvazinəti... Soyuq şüur mühakimə yürüdür ki, adamlardan, yaxşılıq belə elədiyin insanlardan qorun, məsafə saxla, çomağını əldən qoyma. Amma bunu nəzəri, mücərrəd cəhətdən dərk edirsən. Fikirləşirsən ki, day içində möhkəm qala tikmisən, heç bir acı söz, heç bir tikan, heç bir gizli ox sənə xətər gətirə bilməz. Amma bu mücərrəd şüur qalaları real hisslərin seli qarşısında nə qədər gücsüzdür, üfürsən yıxılandır... Ümumi yox, konkret bir bədxahlıqla rastlaşdınmı, ürəyinə batan iynələrin ağrısını duydunmu - bütün o abstrakt müdafiə sədlərin alt-üst olur, dağılıb puç olur... Görürsən ki, ilahi, içində heç bir, səngərinsüpərin yox imiş, ehtiyatında heç bir padi-zəhr saxlamayıbsanmış... Yenə deyəsən, Oqtayla danışıram, Oqtayla mübahisə edirəm. Nə olub belə? Niyə Oqtay bu gün, yəni tək elə bu gün yox, bir çox vaxtlarda mənim görünməz daxili opponentimə çevrilir?
    Elə bil bütün bunlar - Oqtayın atmacaları, bu günün bütün başqa hadisələri, görüşləri, yaddaşa soxulmuş xatirələri - axşamkı tədbirin, axşamkı yeni həyat pilləsinin, yüksəliş astanasının var-yox sevincini, ləzzətini, dadını qaçırtmışdı. Fuad özünü hədəfə dürüst nişan alınıb atılmış, dəqiq tuşlanmış, amma mənzili düz hesablanmamış güllə kimi duyurdu. Şübhəsiz, mənzilə çatacaqdı, hədəfə toxunacaqdı, amma çataçatda, dəyədəydə elə bil bütün hərəkət qüvvəsini, atım enerjisini itirmişdi. Heyi qalmamışdı... Heysizləşmiş güllə. Gücdən düşmüş güllə. Pulya na izlete...
    Maşın şəhərin hündür yerindən aşağılara endikcə Fuad qarşısında açılan mənzərəyə baxıb düşünürdü. Bir müddətdən, bəlkə bir neçə gündən, bir neçə həftədən, ya ən uzağı, bir neçə aydan sonra bu şəhərin tikilib ucalması, sökülüb-qurulması, dəyişdirilməsi, böyüməsi, genişləndirilməsi onun – Fuadın əlində olacaqdır. Hər halda bu məsələləri həll edən, şəhərin inkişaf yolunu müəyyənləşdirən əsas şəxslərdən biri olacaqdı Fuad. Məsələ yüzdə doxsan doqquz faiz həll olunub, bu gün axşam da yaxşı çıxış eləyəcək, bunu ki o bacarırdı, vəssalam...
    Əlbəttə, onun haqqındakı müsbət fikir - bir bugünkü çıxışla bağlı deyildi, Fuadın illər boyu addım-addım getdiyi, pillə-pillə qalxdığı yolun məntiqi nəticəsi idi. Onun işinə, enerjisinə, təşkilatçılıq bacarığına, müasir savadıma-biliyinə verilən qiymət idi.
    ...və Fuad onu da fikirləşirdi ki, haçansa, ciblərini qovrulmuş tumla doldurub, çırtlaya-çırtlaya gecə-gündüz Bakı küçələrini hadırlayanda, xoruz banında Asyagildən çıxıb evlərinə gedəndə, Bayıldan, Çəmbərəkəndədək piyada addımlayanda xəyalında qurduğu proyektlərin, düşüncəsində tikdiyi və sökdüyü evlərin, bütöv məhəllələrin, açdığı prospektlərin, saldığı meydanların, təsəvvüründə ucaltdığı binaların, şəhərin bütün görünüşünü dəyişdirəcək yeni siluetlərin - indi real gerçəkliyə, həyata keçirilməsinə çatmış, nail olmuş kimidir. Bu nailiyyət, bu çatım - həyatda Fuadın ən böyük qələbəsidir. İndi bütün bu xəyali planları - şübhəsiz, real imkanlardan doğan müəyyən təshihlərlə, həyata keçirmək onun, Fuadın əlindədir.
    ...və ən qəribəsi buydu ki, həmin gerçəkliyə çatmış xəyallar, arzu olaraq qaldığı vaxtlar onu ruhlandırdığı qədər fərəhləndirmirdi indi. Ona gənclik xülyalarının verdiyi cazibəli sevinci bəxş edə bilmirdi. O vaxtkı hissləri, başgicəlləndirən duyğuları yadındaydı, amma qəlbində deyildi, onları düşünüb xatırlaya bilərdi, amma yenidən eyni çılğınlıqla duyub yaşaya bilməzdi. Niyə belə olsun? Bu barədə macal tapıb əməlli-başlı fikirləşmək lazımdır. Maşın idarənin qabağında dayandı.
    Nelli:
    -Əhməd Nəzəroviç xahiş elədi gələndə ona dəyəsiz, - dedi.
    Fuad rəisin kabinetinə keçdi. Əhməd Nəzəroviç Nazirlər Sovetindəki görüşündən danışırdı. Əlbəttə, yenə heç bir məsələni fərri həll eləyə bilməmişdi. Fuada elə gəldi ki, Əhməd Nəzər öz iqtidarsızlığını artıq özü də dərk edir, yavaş-yavaş başa düşür ki, iş qardaşının vəzifədən gedib-getməməsində deyil, iş ondadır ki, Əhməd Nəzərin özünün dövranı çoxdan keçib, meydan Əhməd Nəzərlər meydanı deyil. Fuad otaqdan çıxarkən Əhməd Nəzər:
    -Dəfnə getmişdin? - deyə soruşdu. - Mən yubandım, gedə bilmədim. Yazıq Fuad Salahlı... Əşşi...
    Sabir hesabları bitirib gətirmişdi, Fuadın stolunun üstünə qoymuşdu. Fuad gözdən keçirib qol çəkdi. Mixail Moiseyeviç də çıxışı makinada çap elətdirib gətirmişdi. Fuad oxumağa başladı: Doroqie tovarihi! Seqodnə u nas soçen radostnıy denğ.
    Başını kağızdan qaldırdı. Gərək ki, bu cümləni bu gün haradasa işlədib. Hə, yadına düşdü, qonaqların şərəfinə verilən banketdə. O da yadına düşdü ki, dəfndəki çıxışını da belə başlamışdı: "Bu gün çox kədərli günümüzdür". Qələm götürüb bu cümləni pozdu.
    Çıxış yaxşı tərtib olunmuşdu. Mixail Moiseyeviç öz işinin ustası idi. Kimin harda necə danışması lazım olduğunu qırx il ərzində yaxşıca mənimsəmişdi Mixail Moiseyeviç... Çox vaxt Əhməd Nəzərin çıxışılarını dinləyənlər natiqin dərrakəsinə mat qalırdılar...
    Gündəlik qeydlər dəftərçəsinə baxıb Fuad bir-iki yerə də zəng vurdu, bir neçə məsələni də həll etdi, ya təxirə saldı, sabaha - biri günə keçirdi... İcra etdiyi işləri qeyd kağızından bir-bir pozurdu. Üçcə maddə qalmışdı: öz-özümlə görüş, atamgil, bir də gül şəkli...
    ...Qasıma:
    -Sür dədəmgilə, - dedi. Bir qədər sükutdan sonra soruşdu:
    -Qasım, uşaq necədir, qızdırması düşüb?
    Qoy elə bilməsin Qasım ki, yadımda deyil. Qasımın elə bil çiçəyi çırtladı, sevinclə:
    -Sağ olun, əziz olun, Fuad qədəş,- dedi, - indi, tfu göz dəyməsin, babatdır. Dünən getdim həkim gətirdim, dərman verdi. Şükür. Siz də çox sağ olun.
    Qurbangilə çatanda Fuad:
    -Get evə, - dedi, - məni gözləmə. Bəlkə uşağa bir şey lazımdır. Mən özüm piyada gedəcəm. Yaxındır bura.
    -Çox sağ olun, artıq olun.
    Fuad maşından düşdü. Saata baxdı, yeddiyə iyirmi dəqiqə işləmişdi. Atasıgildə iyirmi beş dəqiqə otura bilərdi...

***


    ...Dörd tərəfdən ikimərtəbəli şüşəbəndlərlə əhatə olunmuş bu həyət qutuya oxşayırdı. Şüşəbəndin pəncərələri nişastayla boyanmış, ağ bənövşəyi rəngə çalırdı. Uşaqlıqda Fuad belə nişastalı aynaların üstünə şəhadət barmağıyla şəkil çəkərdi - təyyarə, tank şəkli, köksü süngüylə dəlinmiş "fritslər"... Bu nişastalı pəncərələrin ardındakı şüşəbəndlərə üç ailənin qapıları çıxırdı: Qurbangilin bir qonşusu aktyor Feyzulla Kəbirlinskigil, bir qonşusu Anaxanım bacıgil idi; Kəbirlinskigil, bir Feyzulla özü idi, bir arvadı Həcər, bir də oğulları Eldar. Anaxanımgilin ailəsi böyük idi - özü, əri, iki qızı, üç oğlu. Ərinin bacısı oğlu da kənddən gəlib onlarda qalırdı, universitetdə oxuyurdu. Anaxanımgilin üç, Feyzullagilin və Qurbanın hərəsinin bir otaqları vardı.
    Həyətdə taxta skamyalar qoyulmuşdu, yay axşamlarında arvadlar həyəti sulayar, kişilər skamyalarda oturub nərd atar, çay içər, mırt vurardılar. Qurbanda tez-tez düşərdi həyətə; gün dolanıb həyətə düşəndə Qurban kətilini küçəyə çıxarar, armudu stəkandan çay içib təsbeh çevirər, küçədən gəlib-keçənlərə tamaşa edərdi... Bərk isti olanda Qurban parusin pencəyin soyunub tor maykada oturar, protezini açıb Fuada verərdi ki, evə aparsın, şalvarının dar balağını boş qalmış ayaq yerinin üstündən salladardı, bardaş qurub oturanda kətilin altında məstlərini cütləyib yan-yana qoyardı... Ümumən ən isti yay günlərində belə həyətləri sərin olardı. Qarşı şüşəbəndlərdən bir birinə çalın-çarpaz kəndirlər çəkilmişdi, üstünə paltar asılmışdı. Su kranı həyətdə idi. Tualet də həyətdə idi, qapısına qıfıl vurulmuşdu, sakinlərin hamısının öz açarı vardı, yol ötənlər üçün isə boz karton üstündə iri hərflərlə "həyətdə ibornı yoxdu" sözləri yazılıb vurulmuşdu. Gündə vedrəylə tualetə su tökərdilər, amma hər halda yenə qoxusu gəlirdi. Elə Ceyhun köpəkoğlu da, səhər bu iyi deyirdi... Tərs kimi tualet, düz Qurbangilin mənzillərinin altında idi. Odur ki, bura iy daha çox gəlirdi.
    Qurbangilin mənzili ikinci mərtəbədə idi. İndi Qurbangilin açıq pəncərələrindən döşəyüzü asılmışdı, şüşəbəndə, palazın üstünə isə yun sərilmişdi, Fuad gələndə Çərkəz yun darayırdı. Fuadı görüb ayağa durdu.
    -Xoş gəlmisən, ay bala, səndən nə əcəb belə? Görüm, deyən yuxuya gedib? - Qurbanı deyirdi.
    -Necədir halı?
    -İndi, şükür, babatdır, həkim gəlmişdi səhər. Ölçdü. Yüz altmışa düşüb. Dünən yaman qorxuzdu bizi - yüz doxsana çıxmışdı...
    -Bəs aşağısı...
    -Aşağısı pis deyil, - həştad idi. Amma deyir aşağıynan yuxarının arası çox olanda da yaxşı deyil, hə?
    Otağa keçdilər.
    Fuad otağa girən kimi doğma və əziz bir iy duydu... təzəcə ütülənmiş paltar iyi... Fuadın bütün uşaqlığı bu iylə bağlı idi.
    - Atası davada olanda Çərkəz qonum-qonşuların paltarlarını yuyar, qalaq-qalaq yığıb ütüləyərdi...
    Fuad da ütülənmiş, isti ütü qoxusu verən təmiz paltarları, ağappaq mələfələri, yorğan və balışüzlərini, dəsmalları yiyələrinə daşıyar, haqqın alıb anasına gətirərdi... Sonralar bu iyi heç vaxt, heç yerdə duymamışdı... Düşündü ki, niyə görəsən öz evlərində heç bir vaxt bu iyi duymur. Hardan duyacaq, Rumiyyə çirkli pal-paltarı kənara verir yudurtmağa, xırda-para şeyləri özü yuyub-ütüləyəndə də elektrik ütüsüylə ütüləyir...
    Elektrik ütüylə ütülənmiş paltarlar heç bir vaxt anasıgilin bu Nuh əyyamından qalmış iri, ağır, çuqun ütüylə ütülənmiş paltarların iyini vermir...
    Qurban yatmamışdı, nikel çarpayısında uzanmışdı, gözləri açıqdı, yanındakı kətilin üstündə bir stəkan çay, qəzetlər, dərmanlar, eynəyi və təsbehi qoyulmuşdu. Yorğanını xirtdəyinəcən çəkmişdi. Fuad əvvəlcə atasının daz başını gördü. Bu da irsən keçmişdi Fuada: iki-üç ildir onun da başı təpəsindən dazlaşmağa başlamışdı. Atası gözünü otağın o biri bucağında qoyulmuş iri akvariuma zilləmişdi. Balıq saxlamaq atasının köhnə azarı idi - indi belə şeyə "xobbi" deyirlər. Davadan qayıdandan bəri, yəni Fuad onu xatırladığı müddətdən bəri, balıq saxlamağa aludə olmuşdu, otaqları nə qədər darısqal olsa da bu iri akvariumu heç cür şüşəbəndə çıxartmağa razılıq vermirdi, "oranın havası düşməz balıqlara" deyirdi.
    -Xoş gördük, ay dədə, olmasın azar?!
    Qurban üzünü ona tərəf çevirdi.
    -Xoş günün olsun. Nə əcəb səndən belə?
    Doğrudan, bir ay olardı dəyməmişdi onlara. Hərdənbir telefonla soruşurdu. Əvvəllər heç olmasa həftədə, iki həftədə bir fasilədə atasıgilə baş çəkərdi. Son vaxtlar buna da imkan qalmamışdı...
    -Yaxşı, de görək, nə olub axı sənə?
    -Nə bilim əşi, dünən oturmuşdum, qəzetlərə baxırdım, gördüm başım yaman ağırlıq eləyir mənə... Çərkəz də bazara getmişdi...
    Çərkəz sözə qarışdı:
    -Gəldim gördüm uzanıb, sifəti, iraq-iraq meyit kimidir, qaçdım Anaxanımgilə, gəldi, təzyiqin ölçdü. - Anaxanım tibb bacısı idi. - Gördük bəs bir az yuxarıdır. - Görünür, təzyiqin neçə olduğunu gizlətmişdilər Qurbandan. - Skorı pomoşdan həkim çağırdıq...
    Fuad:
    -Bəs mənə niyə zəng eləməmisiniz? - dedi.
    Çərkəz:
    -Eləmişdik, evdə yoxdun.
    Fuadın yadına düşdü ki, dünən evə gecə on ikinin yarısında gəldi. - Sumqayıtda, içlasda idi... Çərkəz:
    -Hə, gəldi skorı pomoşdan həkim, cavan, suyuşirin bir qız idi...
    Qurban dedi:
    -O da gəlib hətərən-pətərən danışıb çıxıb getdi... Görünür, qandığı qrafa yoxdur...
    Çərkəz:
    -Yox, niyə elə deyirsən, a kişi? - dedi, - Dava-dərman verdi, saldı da təzyiqini...
    -Deyir mənə ki, ürəyin möhkəmdir, yəqin əsəbiləşmisən...
    Çərkəz tələsik:
    Axı nədən əsəbiləşəydi ki? - deyə xəbər aldı. - Heç elə bir şey olmayıb, srağagün həyətə düşmüşdü, Feyzulla kişiynən şirin söhbət edirdilər, axşamı da, oturub - ləzzətnən "Qayınana"ya baxmışıq televizornan... Kefi kök, damağı çağ yıxılıb yatıb, nədən əsəbiləşəcək?
    Fuadı sonsuz bir qüssə bürüdü. Fikirləşdi ki, son on-on bir ildə bir dəfə də olsun axşam gəlməyib atasıgilə. Elə gündüzlər atüstü dəyib hərdən-birdən... Onların axşam həyatı haqqında, iki yalqız qocanın axşamlarını necə keçirdiyi barədə heç bir təsəvvürü yoxdur və onu ən çox qüssələndirən anasının sözləri idi: bu qərib axşamların ən böyük sevinci "Qayınana" imiş. Necə deyərlər, müsbət emosiyası... Axşam oturub ləzzətnən
    "Qayınana"na baxıblar - nə səbəbdən təzyiqi qalxmalıydı kişinin?
    Qurban:
    -Əlqərəz, - dedi, - keçib gedib. İndi babatam. Sənin işlərin necədir? Evdə-eşikdə nə var, nə yox?
    Fuad:
    -Salamatlıqdır, - dedi. Evindən-eşiyindən, işindənpeşəsindən nə danışa bilərdi atasına? Elə əvvəllər də, Fuad uşaq olanda da, bu qaraqabaq lal-dinməz kişiylə söhbətləri heç tutmazdı. Çərkəz idi az-çox onların ünsiyyətini calayan. Çərkəz evdə olmayanda ikisi saatlarla bir yerdə qalıb, danışmağa söz tapmazdılar.
    Çərkəz evə gələn kimi otaq elə bil işıqlanardı, elə bil isti nəfəslə, söz-söhbətlə, gülüş-zarafatla dolardı. "Nə oturmusuz qaramat kimi, bir-birinizin sir-sifətinə tamaşa edirsiz, - deyərdi, - barı durub radionu quraydız. (O vaxtlar televizorları yoxdu), barı bir nərd oynayaydız". Gətirib özü nərdi qoyardı qabaqlarına, həvəslə oynayardılar. Hər ikisi sevirdi bu oyunu, amma Çərkəz təşəbbüsdə olmayınca heç biri - nə ata, nə oğul - nərd oynamağı təklif eləməyə qərar verə bilmirdi...
    Fuad böyüyüb evlənəndən sonra, oğul-uşaq sahibi olub onlardan yalnız cismən deyil, mənən də aralanandan, müstəqilləşəndən sonra daha az-az görüşər, amma daha artıq söhbət edərdilər. Daha doğrusu, indi söhbətin təşəbbüsçüsü Fuad olardı - atasının xasiyyəti dəyişməmişdi, dindirməsən, on saat da susa bilərdi. Amma lap axır vaxtlar, lap son illər söhbətləri yenə tutmurdu, indi də ayrı səbəbdən. Fuadın macalı yoxdu, yarım saatdan, qırx dəqiqədən artıq atasıgildə qala bilmirdi, bu yarımsaatlıq, qırxdəqiqəlik söhbətlər isə alayarımçıq, mənasız-məzmunsuz boş danışıqlar idi: "Nə var, nə yox? Sağlığın. Daha nə var, nə yox? Sağlığın, salamatlığım. Sizdə nə var, nə yox? Sağ ol, duaçıyıq", - qəbilindən. Ciddi bir mətləbdən söz salanda isə mütləq mübahisə edirdilər, hər ikisi əsəbiləşirdi. Qurban açıq-aşkar, Fuad isə içində, üzə vurmadan...
    Qurban işdən çıxarılan günün sabahı Fuad vaxt eləyib onlara gəldi və bu dəfə iki saata yaxın qaldı atasıgildə... O, atasına ürək-dirək, təsəlli verməyə gəlmişdi, amma söhbətləri çox tez gərginləşdi, mübahisəyə çevrildi. Söz-sözü çəkdi, Fuad özü də istəmədən kişinin yarasına duz basdı... Dedi ki, işdən getməyinin səbəbi, ancaq özündəndir, xasiyyətin tünddür, tərs damarın tutanda heç kəsi tanımırsan, adamlarla dil tapa bilmirsən, sərtsən, maksimalistsən... Qurban əvvəl-əvvəl dinmirdi, sakitcə qulaq asırdı oğluna... Fuad isə bundan daha da qızışırdı, hey danışırdı, faktlar, misallar, dəlillər gətirirdi, müxtəlif adamları nümunə çəkirdi.
    Nəhayət, Qurban qəmli-qəmli gülümsünüb:
    -Gör dünya nə yaman dəyişib, ay aman?!. - dedi. – Bir vaxtlar atalar oğullara öyüd verərdi, deyərdilər, bala, kəmhövsələ olma, cavanlığına, dəliqanlılığına salma... İndi tərsinə olub. Oğul ataya məsləhət verir ki, təmkinli ol, qızışma, sözünü ürəyində saxla...
    Fuad:
    -Çünki mən səndən böyüyəm, - dedi və dərhal əlavə elədi: - Yaşca böyüyəm səndən...
    Qurban mat-mat baxırdı.
    -Orasını əməlli qanmadım,-dedi, - necə yəni məndən yaşca böyüksən?
    -Bəli. Yaş elə illərin sayıyla ölçülmür ha! Vaxtın özünün də yaşı var. Mən səndən bir nəsil böyüyəm yaşca, çünki mənim həyat təcrübəmə sənin həyat təcrübən də daxildir və mənə sənin ömrünün nəticələri də məlumdur.
    Qurban:
    -Bir az qəliz qırıldadırsan, - dedi. Güldü, xeyli susandan sonra dilləndi. - Mən bir şeyi bilirəm, cilddən-cildə düşən adamlar həmişə olub və yəqin hələ uzun müddət də qalacaqlar yer üzündə, çünki onlar da doğub-törəyirlər. Amma axı bunun müqabilində cilddən-cildə girə bilməyənlərin də varisləri var. Olmalıdır, hər halda - Fuadın düz gözlərinin içinə baxıb əlavə etdi: - Mənəvi varislərini deyirəm...
    Fuad onun baxışlarından ürkdü elə bil, gözünü çəkdi, amma yenidən fikrini toplayıb:
    -Cilddən-cildə girmək niyə? - dedi. - Amma ifrat tərslik, ifrat qururla iş aşmır axı... Bax, tutalım elə sən... Nə qədər can qoymusan o məktəbin yolunda, həyatını, sağlamlığını vermisən bu işə, kim bilməsə də, mən ki, bilirəm. Nə sayaq əlləşib-vuruşurdun o təzə binanı tikdirmək üçün... İndi sentyabrda bina hazır olacaq, amma sən...

<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (06.12.2013) | Müəllif: R.C E W
Baxış: 571 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more