Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-2-ci cild-10
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>

    -Bu saat gəlirəm, - Təhminənin narahatlığını görüb - zəng eləməliyəm, - dedi, - avtomatdan zəng vurub qayıdıram.
    Qapıdan çıxdı, pilləkənləri beş-beş atılaraq aşağı düşdü. Spartakın çəhrayı "Volqa"sı əvvəlki yerində idi - bir tərəfi səkidə, o biri tərəfi küçədə, elə bil iki təkəriylə küçəyə yiyəlik iddiasındaydı, iki təkəriylə də səkiyə. Zaur cib bıçağını çıxartdı və "Volqa"nın dal təkərlərini deşdi, sonra tələsmədən çevrilib pilləkənlərlə yuxarı qalxdı. Təhminə pəncərənin qabağında dayanmışdı, uğunub gedirdi:
    -Gördüm, - dedi, - Zaurik, səndən də işdər çıxır ha.
    Zaur:
    -Hələ sabah da bir onun dərsini verəm gərək, - dedi.
    -Yox, işin olmasın, qurban olum sənə... Sən mənim igid cəngavərimsən... hansı əsrdən gəlmisən, ey mənim igid cəngavərim? hə, cavab ver?
    Zaur:
    -On altıncı əsrdən,- dedi.
    -Düzdür, elə mən özüm də ya on beşinci əsrdən, ya da on dördüncü əsrdənəm. Amma görürsən iyirminci əsrdə görüşmüşük... Elə bütün işlər bundadır da...
    Aşağıdan maşın səsi eşidiləndə gecə yarıdan keçmişdi.
Spartak maşını işə saldı, maşın yerindən tərpəndi, amma dərhal da dayandı, qapısı açıldı. Zaurla Təhminə bərkdən güldülər.

***

 

    Spartakla səhər həyətdə görüşdülər, Zaur öz "Moskviç"inə tərəf gedirdi, meşin pencək və göy idman şalvarı geymiş Spartak isə öz "Volqa"sını yuyurdu. Zaura həmişə elə gəlirdi ki, Spartakın özündən müştəbehliyi "Volqa"sına da sirayət edib. Elə bil maşının da xasiyyəti varmış və məhz bu "Volqa" çox təkəbbürlü xasiyyətliymiş. Bəlkə də bu təəssürat ondan doğurdu ki, Spartak hər yerdə, həmişə "Volqa"sını burnu dik yuxarı saxlayırdı...
    Zaur:
    -Bura bax, Spartak, - dedi, - dünən axşam necə gəlib çıxdın evinizə?
    -Necə bəyəm?
    -Təkərin deşilmişdi axı.
    Spartak təəccüblə:
    -Sən hardan bilirsən? - deyə soruşdu.
    -Hardan biləcəm, özüm deşmişəm də.
    -Sən?
    -Bəli, mən.
    Spartak səmimi təəccüblə:
    -Niyə? - deyə soruşdu.
    -Ona görə ki, bir də maşınıvı harda saxlamağın yerini biləsən.
    Spartak dərhal hər şeyi başa düşdü və etinasızlıqla:
    -Maşın mənimdir, kefim harda istədi, orda da saxlayacam, - dedi.
    Zaur sakitcə:
    -Özün bilərsən, - dedi. - Məndən deməkdir... Hələlik bircə təkərini deşmişəm. Amma gələn səfər yenə bu maşını o yerdə görsəm, dörd təkərinin dördünü da deşəcəm, üstəlik dal şüşəylə qabaq şüşəni də sındıracam. Bilirəm, pulun çoxdur, təmir elətdirərsən, amma sonra sənin sir-sifətivi də elə günə qoyacam ki, day heç kəs təmir edə bilməsin.
    -Bilirsən nə var, çox qozqurablıq eləmə. Səndən qorxanzad yoxdur burda. Xox, qorxdum. Səndən qorxan-zad yoxdur burda...
    Belə desə də, Zaur gözlərindən gördü ki, bir balaca qorxub Spartak, hələ uşaqlıq oyunlarından Zaurun dəlisov xasiyyətinə, tərs damarına bələd idi axı. Amma Zaur maşınına minib həyətdən çıxanda birdən başına ayrı bir fikir də gəldi. Düşündü ki, Spartakın ona cavab qaytarmamasının, həsdəməsinin səbəbi yalnız qorxu deyil. Spartak, yəqin ki, ailələrinin planlarından agah idi, ucundanqulağından eşitmişdi ki, bacısını Zaura vermək istəyirlər. Spartak yəqin güman edirdi, kim bilir, bəlkə də baş tutacaqdı bu sevda. Belə olan surətdə gələcək yeznəylə pərdəni aradan götürməyin nə mənası vardı?

 

***

 

    Zivər xanım:
    -Mən day səninlə danışmayacam, - dedi. - Səninlə qoy dədən özü danışsın. Heç utanıb eləmirsən, ə, heç qızarıb eləmirsən? Bir tikə abır-həya yox imiş sənin sifətində, səhər üzü gəlmisən evə, utanıb yerə girmirsən heç... Ərindən ona görə boşanıb ki, səni sabahacan yanında saxlasın... Tfu... Eyib eləməz, day atan da hər şeydən agah oldu, səninlə nə tövr rəftar eləməyi özü bilər atan.
    Axşam atası çağırdı Zauru otağına. Atası aramla, təmkinlə, yeknəsəq bir tonla danışırdı, həm də çox uzun idi söhbəti və hər ikisi - atası da, Zaur da - bu söhbətdən üzülürdülər. Zaur bir daha yəqin elədi ki, insana ən ağır yaraları məhz ən yaxın adamlar vura bilirlər. Əlbəttə, atasının danışığı anasının harayqışqırığından çox fərqli idi, sözlər, ifadələr də bambaşqa idi, ton da, amma mənası, məğzi eyni idi. Zaur bir də ona fikir verdi ki, atasının nitqində durğu işarələri yoxdur - nə nöqtə, na vergül, nə nida - elə-belə, ardı-arası kəsilməyən, fasiləsiz, uzun, yeknəsəq bir monoloq... Nə səsini qaldırırdı, nə həyəcanlanırdı, nə də nəfəsini dərmək üçün dayanırdı - nöqtəsiz, vergülsüz, axırsız bir cümlə - lal axan çayın ağır ləngəri: "Əgər o qadın belə düşünürsə ki, bizim çoxlu vardövlətimiz, pulumuz var və bütün bunlara da o sahib duracaq, çox yanılır".
    Atasının dediklərinin sadə və aydın məğzi bu idi ki, Zaur özü özlüyündə heç nədir, heç kəsi cəlb etməyə qadir deyil və əgər kimsə onu çənginə keçiribsə, burda mütləq başqa bir mətləb var, daha doğrusu, yalnız bircə mətləb-maddi təmənna var, vəssalam. Bu fikri dönə-dönə müxtəlif şəkillərdə təkrar edəndən sonra atası başqa bir mətləbə keçdi:
    -Sən yekə kişisən, özün bilərsən həyatını neçə qurmağı, istəsən, hətta, ala bilərsən o qadını, çünki mən eşitdim ki, o, ərindən də ayrılıb, amma bu halda sən bizim oğlumuz deyilsən artıq, yeganə balamız olsan da, anan da, mən də belə hesab edərik ki, heç yerli-dibli övladımız olmayıb, yaxud da olub və ölüb. Nə qədər çətin olsa da bu cür düşünmək, hər halda bu namussuzluqdan, biqeyrətlikdən min pay yaxşıdır. Amma bir məsələ də var axı... Tutalım elə sən də vaz keçdin bizdən, yəni biz səni oğulluqdan çıxartdığımız kimi, sən də bizi ataanalıqdan çıxartdın, saymadın bizi, elə hesab elədin ki, atananan yoxdur, ölüb. Çox əcəb. Tutalım ki, aldın o qadını - yaxşı bəs necə dolanacaqsınız, harda, nə pulla?.. Həm də axı anan mənə danışıb, o qadın geyinib-kecinməyi də sevir, o şəhəri - bu şəhəri gəzib-dolanmağı da sevir, vərdiş edib bu sayaq həyata, sən hansı qazancınla bu ehtiyaclarını ödəyəcəksən onun? Ödəyə bilməyəcəksən, eləmi, o da vərdiş etdiyi həyat tərzindən əl çəkmək istəməyəcək və onda deməli, atası üz-gözünü turşutdu, - bu barədə danışanda belə ürəyim qalxır. Deməli, belə olan surətdə sənin arvadın onun-bunun hesabına geyinib-kecinəcək, dolanacaq, özgə kişilərin – başa düşursən? Sənin qeyrətin bunu necə qəbul edər və sən adamların gözünün içinə necə baxa bilərsən, - bu Zivər xanımın nitqləri idi, amma indi cümlələr durğu işarələrsiz və kişi səsiylə tələffüz olunurdu. - Sən deyə bilərsən ki, xeyr mənim heç evlənmək-zad fikrim yoxdur, elə-belə müvəqqəti, keçəri bir əlaqədir bu. Çox əcəb, belə olan surətdə yenə nakişi hərəkətidir sənin hərəkətin. Axı, bəlkə onun da həyatı sənə görə qırılır, dağılır, onu da bir düşünməlisən axı. Əlaqəniz müvəqqətidirsə, hər bir müvəqqəti şey gec-tez qurtarır və bir gün bu əlaqə də qırılanda, onun halı necə olacaq, axı o da insandır, onu da nəzərə al, onu da düşün. Atasının fikrindəki bu çalar Zaurçün də gözlənilməz idi və indi ona elə gəlirdi ki, atası, hətta, müəyyən bir mülayimliklə, nəvazişlə danışır və hətta, cümlələrinin arasında pauzalar da verir, durğu işarələri də qoyur.
    -Sözumə qulaq as, oğul, o qadın haqqında çox söz gəzir, mən bilmirəm hansı düzdür, hansı yalan, mənim işim deyil bu. Amma mən bir şeyi bilirəm, o bizim tayımız deyil. O tamam başqa yuvanın quşudur. Sənin rastına belə qadın çıxmamalıydı... Aıanla mən səni belə böyütməmişik... Biz - anan da, mən də - ancaq sənin gələcəyini düşünürük, səni xoşbəxt görmək istəyirik və bundan böyük məqsədimiz də yoxdur həyatda... Xoşbəxt olmağın isə bircə yolu var: insan gərək həyatda qarşısına müəyyən dəqiq məqsədlər qoysun və onlara nail olmağa can atsın... Bu məqsədlər nədir - iş, faydalı əmək, bir də təmiz, möhkəm ailə... Ailə gərək səni işdən, fəaliyyətdən yayındırmasın, əksinə işinin, əməyinin səmərəli olması üçün hər cür şərait yaratsın... Mən başa düşürəmcavanlıqdı filan, amma məncə, sən cavanlığın kefini kifayətcən çəkmisən daha. Mən nə sənin yaşında, nə də bütün ömrüm boyu sən görənləri görməmişəm... Amma hər şeyin vaxtı, məqamı var... Sən indi gərək daha bütün bu keflərlə, əyləncələrlə birdəfəlik vidalaşasan, gələcəyin haqqında ciddi düşünəsən. Birinci növbədə namizədlik dissertasiyası haqqında... İndi bir il, il yarım nədir ki, amma bu gecikmədən başlanır hər şey, namizədliyi gecikdirirsən, doktorluq da filan qədər yubanır, gələcək elmi karyeran da filan qədər geri atılır... Elə ailə də belədir... Hər şey gərək öz vaxtında olsun. Bir aya mənzilin də hazırdır. Ananla mənim arzum budur ki, bu mənzilə sən yeni ailənlə birlikdə köçəsən, təmiz, namuslu, ismətli bir qızla həyat qurasan. Bəlkə də atasının bütün bu sözlərini bir vaxt unuda bilərdi, xatirələrin acısı da yaddan çıxıb gedərdi, yaraların yeri də yavaş-yavaş qaysaqlanıb sağalardı, amma atası bir cümlə də əlavə etdi və həmin bu cümlə hər şeyi həll elədi - gərək deməyəydi, deməyəydi gərək atası bu cümləni:
    -Mənə "Volqa" boyun olublar, - dedi atası, - maşını sənə toy hədiyyəsi kimi alacam. Güman edirəm ki, toyunu da çox gözləməli olmayacayıq.

    Gərək deməyəydi, deməyəydi gərək atası bu sözləri. Axı bilirdi ki, Zaur necə də "Volqa" tamarzısıdır, hətta, gecələr Zaurun yuxusuna da girirdi bu maşın. Gərək atası deməyəydi bu cümləni. Təhminədən əl çəkməyin bahasına verilən rüşvəti təklif etməyəydi gərək Zaura.
    Zaur:
    -Yenə bir sözün var, ata? - dedi.
    -Nə sözüm?
    -Deyirəm, daha ayrı bir sözün yoxdur ki, mənə.
    Məcid şübhəylə:
    -Yox, - dedi.
    -Çox əcəb. - Atasının sevimli ifadəsini təkrar etdi. -
    Mən diqqətlə qulaq asdım sən deyənlərə. Mən sizin oğlunuzam və hər ikinizi - anamı da, səni də - çox istəyirəm. Amma nə etməli, görünür, qismət beləymiş. Kim nə deyir desin, mənimçün heç bir dəxli yoxdur. "Volqa" təklif etdiyinçün mənə çox sağ ol. Amma mən sənin "Moskviç"ini də qaytarıram, bu da açarları... Əynimdəki bir bu kostyumdan başqa heç bir şey götürmürəm... Salamat qalın...
    Məcidin rəngi ağappaq ağardı, dili-dodağı təpə-təpə:
    -Rədd ol, - dedi, - itil gözlərimdən, rədd ol o fahişənin yanına!
    Zaur anasıyla görüşmədən qapıdan çıxdı...

Onuncu fəsil

 

    Ey, məh, mənimlə dustlarım düşmən eylədin,
    Düşmən həm eyləməz bu işi kim, sən elədin.
    Torpağın altından, yerin dərinliyindən işığa can atan ot kimi, bitki kimi Zaur da yuxunun qaranlıq və qatı zəminindən səhərə doğru boylanırdı...
    Tül pərdəli pəncərələrdən çəpəki günəş şüası olub otağın döşəməsinə düşmüşdü səhər... Mətbəxdən ləzzətli iylər olub otağa süzülürdü səhər... Haradasa yarıpıçıltılı, gülüşlü, sevincli səslər qatmaqarışığıyla radionun ertə konsertiylə mənzilə dolurdu səhər. Təhminə idi yarıpıçıltıyla danışan, gülən... Qonşu Mədinəydi yarımpıçıltıyla danışan, gülən. Səhər açılmışdı, Təhminə mətbəxdə qayğanaq bişirir, çay dəmləyir, Mədinəylə laqqırtı vururdu və Zaurdan danışırdılar. Səsinin hər xalında sevinc vardı Təhminənin, gülüşünün hər çalarına bəxtiyarlıq hopmuşdu Təhminənin və bütün bu səhər sevincləri
    Zaurla bağlıydı...
    -Tənbəlin böyüyümüş Zaur,- deyirdi, - heç cür oyanmaq istəmir, - otağa gəldi. - Tənbəl, tənbəl, a tənbəl, yatsan olar iş əngəl, dur Zaurik, gün çıxıbdı günortanın yerinə. Hələ də gözləri qapalıydı Zaurun, tamam ayılmamışdı, amma yuxulu da deyildi, qəribə bir orta vəziyyətdə idi - məkanı, harda olduğunu, ayın tarixini, öz vəziyyətini dəqiq təyin edə bilməzdi indi, amma eyni zamanda, xoş bir səhər hissi, qayğısız bir erkənlik, təzəlik, saflıq ovqatı duyurdu, bir yüngüllük, işıq vardı içində, elə bil içində xoş bir mahnı oxunurdu. Təhminənin səsi yenə uzaqlaşdı, yenə mətbəxdən gəldi:
    -Müsibətlə durur yuxudan, elə birtəhər əl-üzünü yuyub küçəyə cumur ki, işə gecikməsin. Uşaq kimidir lap. Gərək uşaq kimi qaydına qalasan, özbaşına qoysan, səhər heç çay-çörək də yeməz... - səsi yenə yaxınlaşdı və otaqdan gəldi. – Xan həzrətləri buyurub dursunlar, yemək-içmək hazırdır. Zaur gözlərini açdı, gülümsündü, gərnəşdi.
    -Yox, çox pis öyrədiblər, ərköyün böyüdüblər, - yenə də mətbəxdə Zaurdan Mədinəyə şikayət edirdi.
    Məhəbbətlərinin ilk çağlarında - adamın bütün içini çapıbtalayan görüşlərin xoş qarətindən sonra Zaurda qəribə bir istək oyanırdı - Təhminədən ayrılandan sonra dostlarıyla, sırf kişi məclisində oturmaq, yeyib-içmək, deyib-gülmək istəyi. Bəzi kişilərin öz eşq macəralarından açıq-saçıq söhbət eləmələrindən zəhləsi gedirdi Zaurun. Heç bir vaxt özü belə söhbətlər eləməzdi, illah da ki, Təhminəyə aid heç bir şeyi heç kəslə bölüşməz, qürrələnməzdi. Amma məhəbbət görüşlərindən sonra sırf kişi məclislərinin asudəliyi Zauru cəlb edirdi, çünki bura - öz zarafatları, ümumi məzəli söhbətləri, müştərək xatirələri olan dostların məclisinə - Zaur içini limhəlim dolduran bir sirlə, sehrlə, heç kəslə bölüşülməyəcək duyğularla gəlirdi. O da söhbətlərdə, mübahisələrdə, zarafatlarda iştirak edirdi, amma fikri-xəyalı buralardan uzaqlarda - Təhminənin yanındaydı və fərəhlə düşünürdü ki, yəqin Təhminə də, harada olursa olsun, Zauru yada salır, keçmiş görüşlərinin xoş anlarını bir də fikrində canlandırır, yaşadır. İndi Zaur başa düşmüşdü ki, Təhminə də təqribən belə bir hiss keçirirmiş və Zaurla görüşlərindən sonra mütləq Mədinəylə ünsiyyət, təmas ehtiyacı duyurmuş. Aşiq olan insan eqoistləşir, ona elə gəlir ki, keçirdiyi xoşbəxtlik, səadət dəmləri başqalarına da yoluxa bilər. Halbuki başqasının sevinci insanı çox nadir hallarda eyni dərəcədə sevindirə bilər, əksərən, hər bir insan başqasının sevincinə biganə qalır, bəzən hətta, qısqanır, ya həsəd çəkir bu özgə sevincinə. Məhəbbət – iki nəfərin şəxsi işidir, deyirlər ki, üçüncü artıqdır, amma bəzən məhz bu üçüncü gərək olur iki sevişənə - səadətlərinin şahidi kimi. Bu şahid güzgü kimi lazımdır onlara - güzgüyə baxıb öz xoşbəxtliklərini görmək üçün. İndi Zaurla Təhminənin xoşbəxt günlərinin belə bir güzgüsü, belə bir şahidi peyda olmuşdu və adı Mədinə idi... Mədinə gündə neçə dəfə keçirdi
    Təhminəgilə - lap səhər erkən da, gecənin bir yarısında da. Çox vaxt gəzməyə də bir yerdə çıxırdılar - Təhminə, Zaur, Mədinə...
    Küçədə təsadüfən rastlarına çıxan bir adam – ümumi xatirələrin qəhrəmanı olurdu: "Yadında, "Azərbaycan" kinosunun yanında o axsaq vəkilə rast gəldik: öz-özüylə danışırdı, yəqin məhkəmədəki nitqini məşq edirdi...". "O qoca arvad yadında, parapetin yanında itlə gəzməyə çıxmışdı, iti nə yaman özünə oxşayırdı, ay allah?"
    Bir dəfə gecəyarısı kinodan qayıdırdılar. Cavan bir oğlana rast gəldilər, oğlan evlərin tinində elektrik qutularının qapaqlarını açır və işıq reklamlarını keçirirdi. Əmanət kassaları, sığorta, yeni filmlər haqqında iri şəhər reklamlarının hərfləri bir-bir sönürdü. Belə qəribə bir peşə varmış - gecələr şəhərin reklam işıqlarını söndürmək peşəsi... Mötəbər ailə başçısı ailə üzvləri yatandan sonra mənzilin bütün işıqlarını yoxladığı, söndürülməmişini söndürdüyü kimi bu oğlan da şəhərin çıraqlarını keçirirdi. Təhminə, Zaur və Mədinə uzun zaman bu romantik peşədən danışdılar və Təhminə dedi ki, bir başqa romantik peşə sahibini də tanıyır - o da bulvardakı fontanları səhərlər işə salır və gecələr yatırdır. Bir gün xəstələnib işə çıxmasa bulvardakı fontanlar o gün fəvvarə vurmayacaqlar.
    -Amma ən maraqlı peşə bilirsiniz hansıdır? - Təhminə əvvəl Zaura, sonra Mədinəyə baxdı. - Hava məlumat idarəsində işləmək. Mən özüm bir vaxt yaman metereoloq olmaq istəyirdim. Təsəvvür edirsiz, yağışdan, küləkdən xəbərdar olacaqsan, buludlar hardan gəlir, qasırğa harada qopacaq, ildırım haçan çaxacaq...
    Bəzən bu gəzintilər zamanı tanışlarına rast gəlirdilər və tanışlar hər üçünü - Təhminəni, Zauru, Mədinəni diqqətlə süzürdülər. Və həmin o şəxslər ki, Təhminənin hər hərəkətini Zaurun anasına yetirərdi, indi Zaurla Təhminənin və Mədinənin gecə gəzintiləri haqqında arvada yerli-yataqlı xəbərlər çatdırır, yarasına duz basırdılar. Cin vururdu Zivər xanımın təpəsinə və o telefonu qapıb, Təhminəyə zəng edir, dişinin dibindən çıxanı deyirdi... Zaur bu barədə ancaq üçüncü, ya dördüncü zəngdən sonra bildi...
    Bir dəfə gördü ki, Təhminə telefona yanaşdı, dəstəyi qaldırdı: "Bəli, mənəm", - dedi, amma birdən-birə ağappaq ağardı, dili-dodağı əsdi və bir müddət lal dinməz dəstəyi qulağında saxlayıb asdı.
    Zaur
    -Kim idi? - deyə xəbər aldı.
    Təhminə:
    -Düz düşməyiblər, - dedi. Zaur başa düşdü ki, yalan deyir, amma nə illah elədisə də, Təhminə bir şey demədi.
    Zaurun heç ağlına da gəlməzdi ki, anasıymış zəng vuran. Onun ağlına tamam başqa şeylər gəlirdi: yenə də qısqanırdı Təhminəni, yenə də elə bilirdi ki, Təhminə ondan nə isə gizlədir. Axı, doğrudan da, Təhminəyə çox tez-tez zəng vururdular, özü də dəstəkdən gələn səslərin çoxu kişi səsi idi... Təhminə telefonla çox mehriban danışırdı, sonra isə mısmırığını sallayan Zaura:
    -Sən də qəribə adamsan e, Zaurik, - deyirdi, - dərzimdir də. Demişdim ki sənə, paltomu vermişəm qısaltsın. Axşam primerkaya getməliyəm.
    -Nə danışırsan, Zaur, diş həkimidir də, görmürsən dişlərimi müalicə elətdirirəm, zəng eləmişdi ki, bu gün gəlməyim, işi var, gələn həftə gəlim.
    Amma ikinci, ya üçüncü dəfə idi iki, bax beləcə telefonu götürür, nə isə eşidib susur və dinməzcə dəstəyi yerinə qoyurdu və bundan sonra da bir müddət halı özündə olmurdu.
    -Yenə ayrı yerə düşüblər? - deyə soruşdu Zaur.
    Təhminə:
    -Hə, - dedi və tələsik vanna otağına keçdi... Zaura elə gəldi ki, oradan hıçqırıq səsləri eşidilir, amma yarım saatdan sonra Təhminə vannadan çıxdı, sifəti tərtəmiz və açıq idi, üzü də qayğısız gülümsünürdü.
    Səhərisi gün yenə zəng olundu və Təhminə dəstəyi qaldırıb pərişan bir halda susduqda Zaur bildi ki, zəng vuran həmin adamdır, ehmallıca arxadan Təhminəyə yanaşdı, birdən kəskin hərəkətlə dəstəyi qapıb öz qulağına tutdu. Dəstəkdən hiddətli qadın səsi və elə bil zəhərlə yoğrulmuş bir nəfəs gəlirdi:
    -Ay qəhbə, ay üç manatlıq şortu, sən elə bilirsən uşağımızı əlimizdən ala biləcəksən? Ay sənin ölmüşünü görüm, ay mürdəşir yusun sənin o həyasız sifətini! - Zaur dərhal dəstəyi qoydu, bu səsi dünyada heç bir başqa səslə dəyişik sala bilməzdi - anasının səsiydi bu.
    Təhminə qolu-qanadı sanki qırılıb yanına düşmüş Zaura baxdı, qəmli-qəmli gülümsündü:
    -Di sakit oldun? - dedi.
    Zaur xəcalətindən nə edəcəyini bilmirdi, bilmirdi nə desin, nə etsin və güc-bəlayla yalnız:
    -Dünən də o idi? - deyə soruşdu
    Təhminə ağır-ağır başını yellədi, sonra yavaş səslə əlavə elədi:
    -Hər gün zəng eləyir. Sən bura köçəndən bəri hər gün.
    Bir ay idi Təhminəgildə yaşadığı. O soyuq noyabr günü atasıyla danışdıqları, evlərindən çıxıb getdiyi axşam yadında idi. Atasıyla o ağır söhbətdən sonra, anasıyla görüşmədən qapını çırpıb evlərindən çıxmış, bura gəlmiş və hər şeyi Təhminəyə danışmışdı... Təhminə:
    -Zaurik, - dedi, - yəqin ki, mən yaxşı adam, nəcib qadın olsaydım, gərək sənə deyəydim: yox, yox, əzizim, cavan həyatını mənə qurban vermə, qayıt evinizə, ata-ananı bədbəxt eləmə. Amma mən yalan danışmaq istəmirəm. İstəyirəm qalasan mənimlə, hətta, belə ağır şeylərin bahasına olsa da qalasan... Yəqin mən çox pis adamam və çox amansız qadınam... Neyləyəsən?..

***

    Yalnız Təhminənin yanında qalandan sonra Zaur uzun gecələrin Təhminəyçün nə qədər əzablı olduğunu başa düşdü. Təhminə yata bilmirdi, yuxusuzluq bəlasına düçar idi və səhəri açmaq onunçün həyatın ən ağır işgəncələrindən idi. Təhminə bu dəhşətli tənhalıq gecələri haqda çox danışırdı Zaura və deyirdi ki, ən dəhşətli tənhalıq-gecə tənhalığıdır və əriylə yaşadığı vaxtlar o bu dəhşətli gecə tənhalığını bəlkə daha da ağır hiss edirdi, "indi isə sən - canlı, isti bir varlıq - buradasan, yanımdasan və mən özümü tənha hiss eləmirəm" - deyirdi...
    -Xan, barı bir gözünüzü açın, yeməyinizi yatağa gətiriblər. Padnosda qayğanaq, kofe və xırda-xırda doğranmış kəllə qənd gətirmişdi... Dünən axşam kəllə qəndləri yox idi. Zaur axşam çay içəndə dedi ki, bu biri qəndi xoşlamır və Təhminə səhər tezdən durub dükana düşmüş, Zaur yuxudan oyananacan kəllə qənd alıb gətirib, xırda-xırda doğramışdı. İndi Zaur bütün bunları yadına salıb, sonsuz bir məmnunluqla kəllə qəndi ağzına qoyur elə gülümsünürdü. Təhminə onun bu məmnun gülüşünə baxıb qəhqəhə çəkdi:
    -Aman allah, kişilər lap uşaq kimidirlər e... Xırda bir arzunuzu yerinə yetirən kimi ağzınız gedir qulağınızın dibinə. Madam ki, hər xırda istəyinizə əməl edirik, elə bilirsiz ki, day sizin yolunuzda sino gedirik. Odur ki, tez tora düşürsüz də.
    Zaur qəndi uddu, kofedən bir qurtum aldı, udqundu və:
    -Bəs əslində belə deyil, sino getmirsən mənimçün? - dedi.
    Təhminə cavab vermədi, dilini göstərdi ona və otaqdan çıxdı. Zaur addımlarını dinləyirdi Təhminənin. Təhminə mətbəxə gedirdi, otağa qayıdırdı, əynindəki paltar təkin sadə və yüngül bir melodiya zümzümə edirdi, hardan düşmüşdü bu melodiya dilinə? Bu melodiyada işıqlı bir səhər erkənliyi vardı, divara düşmüş çəpəki günəş şüaları, sabundan üfürülən şarlar vardı, apaydın, apaçıq mavi səmada uçan rəngbərəng çərpələnglər vardı - qayğısız uşaqlığın bütün işığı, buludsuzluğu vardı və ilıq dekabr gününün gözlənilməz bol günəşi pəncərələrdən otağa dolub oboyların çiçəklərini də elə bil doğrudan çırtdatmışdı... Kofe də isti idi, çörək də isti və təzəydi, qayğanaq da ləzzətliydi, Təhminə də sadə melodiyanı hey zümzümə edirdi və bütün bunlar elə cavab idi də…

***

    Səhərlər Təhminənin səliqəli mətbəxində yemək yeyərkən bəzən öz evlərini yada salardı. Təhminənin mətbəxi həmişə tərtəmiz olardı, döşəməsi qara-yaşıl kvadratla döşənmişdi, masanın üstündə də dördkünc Vyetnam salfetləri düzülmüşdü, elə bil pəncərələrdən düşən işıq da dəqiq kvadratlara bölünmüşdü. Bu mətbəxin səliqəsi-sahmanı nədənsə Zaurun xəyalında anasının mətbəxini canlandırırdı. Evlərində mətbəx masasının üstü həmişə qalaq-qalaq çirkli qabla dolu olardı və Zaur səhər yeməyini yemək istəyəndə bu çirkli-yağlı boşqabları aralayıb masanın üstündə kiçicik bir yer açardı, çayını-çörəyini orda yerləşdirib, birtəhər yeyərdi. Tələsik yeyərdi, çünki ətrafdakı yağloçalara, illah da hardansa gəlib bu boşqabların arasına düşmüş anasının iri darağına baxanda ödü ağzına gələrdi. Darağın üstündə də həmişə bir çəngə tük olardı...
    -Mətbəxin, evin, üst-başının təmizliyinə, səliqəsinə Təhminə o qədər vaxt sərf edərdi ki, Zaur, hətta, təəccüblənirdi də. Təhminə: "Bəs necə, - deyərdi, - evdə təmizlik ən vacib şərtdir, adamın kefi-əhvalı da, özünü necə hiss eləməsi də hamısı bundan başlanır. Evin təmizliyini gərək uşaqdanböyüyə hamı gözləsin. Özü də lap körpəlikdən tərbiyə etmək lazımdır bu hissi".
    Uşaqların tərbiyəsi haqqında saatlarla danışa bilərdi... oğlu olsaydı onu necə tərbiyə etməsindən (idmanla məşğul olardı mütləq, ən kiçik yaşından üzmək öyrənərdi), qızı olsa onu necə böyütməsindən (gəlin kimi geyindirib bəzəndirərdim onu, üç yaşından balet məktəbinə verərdim ki, bədəni mütənasib olsun) elə hey söz açardı və deyərdi ki, onun uşaqları dünyada ən səliqəli və ən gözəl uşaqlar olardı yəqin.
    Amma bəzən tamam başqa şeylər deyirdi... İstərdim ki, deyirdi, çoxlu uşağım olsun, hamısı da səliqəsiz, murdarçı, bütün bu mənzili çirkləndirib batırsınlar və həm də bu uşaqlar Zaurun uşaqları olsun. Hər ikisi-Zaur da, Təhminə də - bütün günü onların çirklərini, zibillərini təmizləsinlər, his-paslarını yusunlar, dallarıycan zibillərini təmizləsinlər, yorulub əldən düşsunlər, amma bütün bunlara baxmayaraq yenə də bir-birini sevsinlər. Bütün günü uşaqlarla əlləşib axır ki, onları yatırsınlar və onları yatırandan sonra yenə də bir-birlərinə qovuşsunlar - bax əsl məhəbbət bu olardı - məişətin, gündəlik həyatın hər çür xırda-para qayğılarından, əzab-əziyyətlərindən, çirkindən, hisindən-pasından keçib, əvvəlki çılğınlıqda qalan məhəbbət doğruçu məhəbbətdir, yoxsa ki, elə-belə "quru-quru qurbanın olumun" nə qiyməti var?
    -Sən heç bilirdin, Zaur, demə uşaqlar ana bətnində yuxu görürlərmiş... Bircə biləydim nə görürlər yuxularında, axı hələ dünyadan xəbərsizdirlər, nə xəyalları, nə təsəvvürləri ola bilər ki, onu da görsünlər yuxuda. Amma elmi, tibbi surətdə təsdiq olunub ki, ana bətnində yatıb dururlar, yuxu görürlər, özləri də bilirsən nə cür yuxuya gedirlər - ana ürəyinin döyüntüsü altında... yəqin orada... bu səs təbil səsi kimi gəlir. Belə bir eksperiment eləyiblər: ana ürəyinin döyüntüsünü maqnitofona yazıblar və yenicə dünyaya gəlmiş uşağın qulağının dibində səsləndiriblər, o saat yuxuya gedib uşaq... Eh, Zaurik, heyf ki, mən ana ola bilməyəcəyəm heç vaxt.
    -Nə əcəb bəs uşaq götürmürsən? - dedi Zaur.
    "Götürmürük" yox, məhz "götürmürsən". Bu barədə hər ikisi
    - Zaur da, Təhminə də eyni anda fikirləşdi...
    Təhminə bir qədər susduqdan sonra:
    -Bilirsən, - dedi, - mənim də ağlıma gəlib. Amma qərara gəldim ki, heç bir vaxt eləməyim bu işi. Axı, Zaurik, mən dəliyəm, xasiyyətimi bilirsən necədir, üç günə, bir həftəyə, bir aya o uşağa elə bağlanardım ki, doğma balamdan da artıq istərdim. Amma hər an, hər dəqiqə onu da düşünərdim ki, mənimki deyil. Qorxudan ürək-göbəyimi yeyərdim, birdən uşağın əsl ata-anası çıxdı və nə cürsə tanıdılar uşağı - nağıllardakı kimi, məsələn, kürəyindəki bir xala görə. Yaxud lap elə ata-anası olmasın, hər halda kimsə bir mərdimazar bir gün həqiqəti açıb deyəcək uşağa. Tutalım oğlan olsun, bir vaxt evlənəcək, o zaman arvadı mütləq açacaq bu sirri ona - sənin anan doğma deyil ki, deyəcək... Ya arvadı olmasın, başqa adam olsun, nə çoxdur belə "xeyirxahlar", mənim o qədər istəməyənlərim, düşmənlərim var ki, biri elə tutalım sənin anan - Zaur qızardı, - başqası, məni yandırmaqçün, məndən intiqam almaqçün mütləq açacaqlar həqiqəti uşağa. Təsəvvür eləyirsən, deməli, mən bütün ömrümü gərək iynə üstündə oturam, hər dəqiqə, hər gün qorxam ki, bu gün, ya sabah uşaq həqiqəti biləcək… Deməli, o tam mənimki olmayacaq. Mən isə istəyirəm ki, kim isə tam mənasında mənim olsun, ancaq mənim... - Yenə bir müddət susdu, sonra qətiyyətlə əlavə etdi:
    -Yox, özgə uşağı elə özgə uşağıdır. Mənimki deyil... Sənin kimi Zaurik... axı sən də mənimki deyilsən... Gec-tez itirəcəm səni... bilirəm axı...
    Bu söhbət Zaurun Təhminənin yanına köçdüyü lap ilk günlərdə olmuşdu. Zaurun haradasa ürəyinin lap dərinliklərində gizlətdiyi bir hissin, ürəyinə dammış bir duyğunun Təhminə tərəfindən belə dəqiq ifadə olunması qəribə idi. Mat-məəttəl qalasıydı... Onlar ikilikdə içki içəndə belə Təhminə həmişə stolun üstünə üçüncü bir qədəh də qoyurdu: bu sənin, bu mənim, bu da bizim ayrılığımızın... Görüşlərinin ilk günündən gələcək ayrılıqları da onlarla birgə yaşayırdı, gündən-günə böyüyərək gündən-günə onlara yaxınlaşırdı.

***

    Söhbət tamam kənar məsələdən düşmüşdü - həqiqi və yalançı kübarlıqdan. Həqiqi kübarlıq - nə bilim, babanın babasının kim olmasından, əsil-nəcabətdən, qandan-filandan asılı deyil... - deyirdi Təhminə. Həqiqi kübarlıq insanın gözü toxluğunda, özünü tutmasında, daxili ləyaqətindədir. Həqiqətən kübar və ziyalı adamı mən addımlarından tanıya bilərəm, insanın necə yeriməsi onun varlığı, mənliyi, insanlığı haqqında çox şey deyir. Məsələn, götürək Muxtarı. Muxtar haqqında söhbətlər birgə yaşadıqları günlərdə Zaurun ən çox qanını qaraldan şey idi. Muxtar haqqında söhbətlər, bir də telefon zəngləri. Elə hamıdan çox zəng eləyən də Muxtar idi.
    Zaur təəccüblə:
    -Bütün günü idarədə bir yerdəsiniz, söhbətinizi eləyib qurtarmırsınız ki, evə gələn kimi yenə bir saat Muxtarla telefonla laqqırtı edirsən?
    Təhminə gülə-gülə:
    -Zaurik, niyə başa düşmürsən, - deyirdi, - idarədə hamı ancaq işlə məşğuldur, söhbətə, qeybətə macal qalmır. Amma telefonla qeybət qırırıq. Axı Muxtarın da qeybətlə arası kökdür. Nə deyirsən de, öz aramızdır, arvadların adı çıxıb, kişilər qeybəti arvadlardan çox xoşlayırlar. Mənim dostlarımın çoxusu...
    Zaur onun sözünü yarımçıq kəsib:
    "-Mənim dostlarım, mənim dostlarım", - deyə Təhminənin ağzını əydi, - yaman çoxdur sənin dostların... Yadında saxla, adam istəyəndə ki, dostu çox olsun, axırda bir nəfər də həqiqi dostu qalmır.
    Təhminə soyuq bir tərzlə:
    -Nədi, yəni özünü nəzərdə tutursan?.. Hədələyirsən məni? Ya xəbərdarlıq edirsən?
    Zaur:
    -Necə istəyirsən o cürə başa düş, - dedi. İlk dəfə onda toqquşdular.
    Təhminə dinmədi. Kirimişcə geyindi, heç nə demədən çıxıb getdi... Zaur onun hara getdiyini bilirdi, axşam verilişi vardı, yarım saatdan sonra Zaur televizoru qurdu və ekranda Təhminəni gördü. O axşam bütün verilişlərə baxdı və verilişlərin arasında elan edən Təhminəni gördü... Axırıncı verilişin qurtarmasına iyirmi dəqiqə qalmış Zaur geyinib küçəyə düşdü, maşın tutdu, televiziyanın qabağına gəldi.
    Birinci mərtəbədəki mənzillərin pəncərələrindən televiziya ekranının mavi şüası görünür və Təhminənin səsi gəlirdi... Təhminə verilişin qurtardığını elan etdi, hamıya "gecəniz xeyrə qalsın" dedi... Beş-on dəqiqə də keçdi və Zaur Təhminənin tələsik addımlarla trolleybus dayanacağına tərəf qaçdığını gördü. Zaur çağırdı, Təhminə onu gördü, gülümsündü. Onlar qucaqlaşdılar, adamsız gecə avtobusuna mindilər və avtobus onları Təhminənin evinə - onların evinə tərəf apardı...

***

    -Sən gərək məni qısqanmayasan, Zaurik, - qaranlıqda onun pıçıltıları sanki sözlərə xüsusi bir siqlət verir, həqiqət aşılayırdı; bu sözlərə inanmamaq olmurdu – qısqanmaq bilirsənmi nə deməkdir, deməli, sən özün öz zəifliyini etiraf edirsən. Amma heç kəsə qısqanmamaq hamıdan güclü olmaq deməkdir. Mən istəyirəm sən güclü olasan, Zaurik, hamıdan güclü... Özünə inanasan... Bir də mənə inanasan, Zaurik... İnan mənə... Mən sənə xəyanət etmərəm... Nə qədər ki, biz bir yerdəyik...

***

    Axşamlar tez-tez musiqiyə qulaq asardılar. Təhminənin çoxlu lent yazıları vardı, amma bu yazıların toplanmasında heç bir dəqiq prinsip, ya sistem yox idi. Müxtəlif musiqi parçalarını yazdırmışdı - yalnız özünün sevdiyi musiqiləri. Çox vaxt yalnız klassik musiqini və "Leyli və Məcnun" operasını dinləmək istəyirdi... Hər axşam bir qədər rəqs etmək də xoşlayırdı, ağır ritmli caz musiqisi-blüzləri çaldırırdı və otağın dar sahəsində Zaurla qol-boyun olub, uzun zaman rəqs edirdilər. Gözlərini yumar, uzun saçlarını Zaurun çiynindən onun kürəklərinə sallayar, qollarıyla Zaurun boynunu qucaqlardı.
    Çox vaxt xalq mahnıları çaldırardı: xatirəsində hər mahnı nə ilə isə bağlı idi... Musiqiyə xüsusi bir münasibət bəsləyirdi və deyirdi ki, Zaur onu atıb gedəndən sonra musiqi sonuncu və yeganə pənahı olacaq. "Onda musiqi qurtaracaq məni, - deyirdi, - yoxsa ölərəm, ya da içkiyə qurşanaram". Saatlarla
    "Küçələrə su səpmişəm", "Səndən mənə yar olmaz", "Aman ovçu", "Pəncərədən daş gəlir", "Girdim yarın bağçasına", "Papirosun yana-yana", "Qaragilə" mahnılarına, ən çox da "Laçın" mahnısına qulaq asardı... Qəlbinin ən dərin, ən gizli hisslərini, söz tapıb ifadə eləyə bilmədiyi duyğularını elə bil bu mahnıların melodiyalarında, sözlərində tapırdı. Bu sözlər - məhəbbət, ayrılıq, nisgil, ümid haqqında mahnı sözləri - dünya qədər qədim və əbədi sözlər - elə bil Təhminənin ürəyinin, varlığının dibindən, ən dərin, ən gizli guşələrindən qopub gəlirdi.
    -Zaurik, gör bir nə qədər sadədir və gözəldir: "Küçələrə su səpmişəm, yar gələndə toz olmasın" gör necə sevərlərmiş bir vaxtlar, Zaurik, indi gör necə sevirlər. Məsələn, sən mən keçən küçələrə heç su səpərsənmi, toz olmasın deyə?
    Zaur:
    -Bakıda mümkün deyil bu, - deyirdi, - küçənin bir başına su səpənəcən xəzri o biri başını yenə toza qərq eləyəcək.
    -Eh, ruhun yoxdur sənin.
    Ayrı mahnı səslənirdi və Təhminə də indi başqa sual verirdi: "Qoy məni öldürsünlər bir alagöz qız üstə". - Zaurik, sən heç razı olarsanmı ki, səni bir alagöz qız üstündə öldürsünlər? Öldürmək yox, e, allah iraq eləsin, öldürmək-zad nədir, amma bax, məsələn, sevdiyin alagöz qızın üstündə razı olarsanmı ki, bir qədər çətinliyə, əzab-əziyyətə dözəsən?
    -Məlumun olsun ki, mən çox çətinliklərə, əzab-əziyyətə dözürəm, bir qaragöz qız üstdə...
    -Eh, Zaurik, heç nə başa düşmürsən sən. Ürəyin genişliyinə bax e: "Qoy məni öldürsünlər, bir alagöz qız üstə". Bəs bu sözləri bilirsən, qulaq as, fikir ver: Bir evdə ki, sən tək gözəl olmadı, o ev viran olub, talanmaq gərək". Zaurik, bu sözlər xalqın təfəkkürünü yüz dənə qalın elmi kitabdan daha gözəl ifadə edir.
    Maqnitofondan mahnı səslənirdi: "Səndən mənə yar olmaz" - və Təhminə Zaurun düz gözlərinin içinə baxa-baxa bu sözləri təkrar edirdi: "Səndən mənə yar olmaz". Zaur, doğrudan da, təəccüblənirdi. Təəccüblənirdi ki, sevdiyi, amma indiyə qədər belə diqqət vermədiyi xalq mahnıları onun və Təhminənin münasibətlərindəki ən dərin, ən mübhəm duyğuları bu qədər səlis və aydın, bu qədər təsirli və yanıqlı, belə sərrast və dəqiq ifadə edə bilirlər. "Pəncərədən daş gəlir, ay bəri bax, bəri bax, xumar gözdən yaş gəlir, ay bəri bax, bəri bax. Səni mənə versələr, ay bəri bax, bəri bax, allaha da xoş gələr, ay bəri bax, bəri bax...".
    Təhminə bu sözləri də təkrar edir:
    -Doğrudan da, Zaurik, səni mənə versəydilər, allaha da xoş gələrdi, - deyirdi, amma nə olsun ki, verməyəcəklər səni mənə, dünyasında verməzlər, bilirəm axı...
    Papirosun yana-yana,
    Od düşüb şirin cana.
    Vallah, qoyub gedərəm, ay gülüm,
    Qalarsan yana-yana...
    Bu mahnıdakı hədə zarafatyana bir hədə idi, amma bu zarafatın dibində acı və qaçılmaz bir həqiqət də var idi. Axı necə olurdu, necə olurdu ki, haçansa, çox-çox qabaqlar yaşamış insanlar, onların - Zaurla Təhminənin - bu gün duyduqlarını eynilə onlar duyduqları kimi duymuş, belə gözəl və sadə sözlərlə, yanıqlı və əbədi melodiyalarla ifadə edə bilmişlər?.. Hisslərin yaşı, tarixi yoxdur, insanlar həmişə, hər yerdə eyni cür duyublar, eyni duyğular keçiriblər - məhəbbət, qısqanclıq, ağrı, sevinc, güman, nisgil, ümid, həsrət duyğuları - və eyni cür nəticələrə də gəliblər: ağrıyla-acıyla "səndən mənə yar olmaz" qərarını veriblər və bu qərarın özündə şıltaq bir yalan, tərs bir işvə var, necə yəni səndən mənə yar olmaz, səndən başqa da mənim, ya məndən başqa da sənin yarın ola bilərmi, mümkündürmü bu, əlbəttə, yox, əlbəttə, biz bir-birimiz üçün yaranmışıq, kim bizi ayıra bilər, əlbəttə, əlbəttə, biz birbirimizinik, əlbəttə "səndən mənə yar olmaz..."
    "Laçın" mahnısı səslənəndə isə Təhminə həmişə ağlayırdı, bu mahnı qəlbinin hansısa, Zaura belə məlum olmayan tellərini tərpədirdi, gözləri dolurdu, yaş gilə-gilə yanaqlarına süzülürdü. Niyə, nədən bu sözlər Təhminəyə belə dərin təsir göstərirdi: "Elçiləri qırılmış. Özü elçi düşən yar..."

***

 

Təhminəgilə köçəndən bəri ilk dəfə maaşını alan kimi Zaur bazara getdi... Maaşının tən yarısını xərclədi - meyvə, qozfındıq, kişmiş, qərənfil və hətta, ət aldı. Nə isə indiyəcən yaşamadığı bir hiss - evdarlıq hissi duyurdu və pilləkənləri fərəhlə, sevinclə, tələsə-tələsə qalxırdı. Təhminə kefinə soğan doğramadı? İki kilo əti o yan-bu yana çevirdi, üz-gözünü turşudub:
    -Adam belə ət alar, - dedi, - başdan-ayağa sürsümükdür, bir də şəntir. Hardan ağlına gəldi bazarlıq eləmək? Heç olmasa mənə deyəydin, göndərərdim səni Fazilin yanına, mənim tanışımdır, həmişə ətin yaxşı yerindən saxlayır mənimçün... Evdə səni pis öyrədiblər, yəqin ömründə bazarlıq eləməmisən, hə?
    Zaur hirslə:
    -Bəli, - dedi - bazarda tanış ətçim də yoxdur.
    -Elə görünur ki, yoxdur, yoxsa belə uşaq kimi başını aldadıb zir-zibili verməzdilər qoltuğuna.
    Zaur dinmədi, qaşqabağını salladı və ta axşama kimi Təhminəylə kəlmə kəsmədi. Axşam televizorla filmə baxırdılar, yenə də dinib danışmırdılar. Filmdə toy səhnələri vardı... Təhminə birdən gözlənilməz bir tərzdə Zaura müraciət elədi:
    -Zaurik, bilirsən necə istərdim ki, mənim də toyum olsun. Özü də lap elə bizim bütün dədə-baba qaydalarıyla: əvvəl elçilər gəlsin, həri alsınlar, sonra nişan, sonra toy... Uzun ağ paltar, çalğıçılar, gəlin havası, güzgü, şamlar...
    Düz Zaurun gözlərinin içinə baxıb susdu, yenidən danışmağa başlayanda Zaur mat qaldı ki, Təhminə necə də məharətlə onun ürəyindən keçən ən ani fikirləri, düşüncələri açıq kitab kimi oxuya bilir - elə düşüncələri, elə fikirləri ki, Zaur özü belə onları dəqiq müəyyənləşdirə bilmirdi.
    -Zaurik, sənin başına gələcək bütün bunlar, bilirəm. Elçi də göndərəcəksən, nişanın da, toyun da olacaq. Amma, vallah, heç çür sənin Spartakla yeznə-qayın olacağını təsəvvürümə gətirə bilmirəm.
    Zaur başını buladı. Təhminə ciddi tərzlə:
    -Bilirsən nə var? - dedi. - Başını-zadı yelləmə. Nə olub, deyirlər, doğrudan da, gül kimi qızdır. Minnətin olsun sənin. Ümumiyyətlə, başa düşmürəm nə adətdir siz kişilərdə, dartıb özünüzü dağ başına qoyursunuz "evlənəcəm, evlənməyəcəm, bəyənirəm, bəyənmirəm...". Guya ki, evlənməyinizlə qadınları xoşbəxt eləyirsiz.
    Zaur siqaret çıxartdı, kibrit çəkdi, kibritin qığılcımından bir qor kənara sıçradı, divarın güncündə dayanmış iri, əlvan hava şarının üstünə düşdü. Təhminə:
    -Vay, neylədin, - deyə yerindən sıçradı: şar partlamışdı...

 
***
 
    Sonralar Zaur heç cür müəyyənləşdirə bilmirdi - haçan, axı haçan başladı bütün bu şeylər. Bəlkə növbəti bir zəngdən sonra
    - Təhminə tanışlarından kimləsə uzun-uzadı danışırdı. Zaur isə mətbəxdə papiros çəkir, hirsini içində boğur və Təhminənin şən zarafatlar etməsinə, deyib-gülməsinə diqqət edirdi... Ondamı? Ya başqa bir vaxtda - Təhminə özünü pis hiss eləyirdi, xəstələnmişdi, bazara Zaur getməli oldu, hər şeyi alıb gətirəndən sonra isə Təhminə onun bazarlığını lağa qoymağa başladı, "əlindən heç bir iş gəlmir, - dedi: - bu nədi belə alıb gətirmisən, deyirdim sənə axı, Fazilə yanaş, mənim adımdan xahiş elə, ətin yaxşı yerindən versin...".
    Zaur ölsəydi də Fazilə yanaşmazdı. Təhminə onu nişan verəndən sonra göz qoymuşdu bu yoğun peysərli, qırmızısifət, qarabığlı ətsatana, az-çox gözəgəlimli qadınlara, qızlara-ət verəndə Fazilin ağzının suyu axırdı…
    Bəzən Zaura elə gəlirdi ki, Təhminə qəsdən onun yaralı yerlərini qurdalayır, zəif damarını tutur... Küçədə Zaur hər hansı bir maşına bir az artıq baxdımı, Təhminə dərhal masqaraya başlayırdı. "Hə, nədi, "Moskviç"in yadıva düşüb?
    Valideynləri dəcəl oğlancığazlarını cəzalandırıblar - oyuncağını əlindən alıblar yazıq uşağın". Bu cümlələrin deyiliş tərzi, "oğlancığaz, uşaq" sözləri Zauru cin atına mindirirdi. Hiss edirdi ki, hiddət onu get-gedə daha artıq boğur, bütün içini çulğalayır və belə dəqiqələrdə o, hətta Təhminəyə nifrət edirdi. Bəlkə də bu hiss başqa bir gün başlamışdı. O gün ki, Təhminə Mədinənin yanında Zaurun anası barədə danışmağa başladı, dedi ki, indi tək evdə yox, idarədə də Təhminəni rahat buraxmır, ora da zəng vurur. Mədinə dedi ki, kaş bircə dəfə Zivər xanım zəng vuranda dəstəyi mən götürəydim, dərsini verərdim onun. Zaur özünü güclə saxladı, hiddət butün içini çulğamışdı, o tək Mədinəyə yox, Təhminəyə də ağzından çıxanı demək istəyirdi, - axı hər halda söhbət anasından gedirdi... Doğrudur, anasının hərəkətləri də nalayiq hərəkət idi, amma hər halda Mədinənin - tamamilə yad adamın borcu deyil onların sırf ailə məsələlərinə qarışsın. Yaxşı. ki, Mədinə artıq-əskik söz demədi və heç bir vaxt bu söhbətə qayıtmadılar, amma o gün Mədinə bircə kəlmə də desəydi anası barədə, - Zaur aləmi dağıdacaqdı..
    Bütün bunlardan xırda-xırda müəyyən bir fikir, bir hiss oyanırdı, necə deyərlər, dama-dama göl olurdu və bir gün Zaur nədənsə, yaman darıxdı, qəribsədi anasıyçün, Təhminənin səliqəli, təmiz mətbəxində şam yeyərkən anasının çirkli, səliqəsiz mətbəxi gəldi durdu gözlərinin qabağında – fikri yayındı, gözləri yol çəkdi. Təhminə də dərhal bunu gördü, amma Zaurun imdadına yetməkdən, təsəlli verib, ovudub, yenidən onu yanına qaytarmaqdansa, əksinə, elə bil tərs damarı tutdu, rişxəndlə istehzaya keçdi:
    -Hə, nə olub, uşağın gözləri yenə yol çəkir? - dedi. - Olmaya "Moskviç"i düşüb yadına?
    Qəsdən belə deyirdi, qəsdən Zaurun intizarını, ata-ana həsrətini "Moskviç"lə, Zaurun məhrum olduğu məişət rahatlıqlarıyla, bayağı vərdişlərlə bağlamaq istəyirdi. Zaura elə gəlirdi ki, Təhminə onu yalnız "Moskviç"ə qısqanır. Ona qəribə görünürdü ki, özü Təhminəni belə ağrıyla, əziyyətlə hamıya qısqandığı halda, Təhminə Zauru heç kəsə qısqanmır. Zaur onu da bilirdi ki, Təhminə onun keçmiş məhəbbət əlaqələrindən, hətta, idmançı Tanyadan belə xəbərdardır, amma heç vaxt Zauru nə keçmişdə, nə indi, ya da gələcəkdə mümkün ola biləcək əlaqələrinə görə zərrə qədər qısqanmırdı. Nə idi bunun səbəbi? Bəzən Zaura elə gəlirdi ki, Təhminə əslində onu sevmir, ona görə də biganədir. Bəzənsə duşünürdü ki, yox Təhminənin xasiyyəti belədir, ümumiyyətlə, qısqanmağa qadir deyil.
    Bu barədə söhbətləri düşəndə Təhminə zarafata saldı:
    -Bilirsən, Zaur, - dedi, - mən o qadınlardanam ki, heç kəsə qısqana bilmərəm, əksinə hamı mənə qısqanmalıdır kimisə... Lap tutalım sən başqasıyla oldun, məni unudamı biləcəksən?
    Zaur fikirləşirdi ki, yəqin doğrudan da belədir: deyirlər, kişini bir qadının dərdindən yalnız başqa bir qadın qurtara bilər. Təhminənin dərdindən qurtara bilən qadınmı vardı bu dünyada?
    Bəzən onların ayrılacaqları barədə Təhminə soyuq və sərt bir dəqiqliklə danışırdı. Bir axşam Təhminənin uzun-uzadı telefon söhbətindən sonra Zaur yenə onu sorğu-suala tutdu: kimnən danışırdın, niyə belə uzun danışırdız, nə barədə belə gülüşürdüz.
    Təhminə lap özündən çıxdı:
    -Bura bax, Zaur, - dedi, - lap təngə gətirdin məni. Bəsdir də… Canımı boğazıma yığmısan bütün bu şübhələrinlə... Nə istəyirsən məndən, canım? Yaşayırıq səninlə, mənim evimdə qalırsan, həmişə yanındayam, daha nə lazımdir sənə, başa düşmürəm... Bəlkəm məni qıfılla bağlayasan, evdən bayıra buraxmayasan, hə? Telefonu da kəsdirəsən biryolluq? Nə vermisən mənə ala bilmirsən? Ailə qurmusan mənimlə bəlkə, ya uşağım var səndən?! Nə böyük qurbanlar vermisən mənim yolumda ki, bu qədər çox şey tələb edirsən? Evinizdən çıxıb getməyinlə çox qürrələnmə, bilirsən? Böyük fədakarlıqdır - maşınından keçib! Darıxma, qayıdacaqsan evinizə, maşınını da qaytaracaqlar sənə, evləndirəcəklər də səni halal süd əmmiş qızla.
    Zaur ömründə Təhminəni belə acıqlı, zəhər dilli görməmişdi, elə bil gözü-başı od püskürürdü. Amma birdənbirə susdu, elə bil sakitləşdi, süstləşdi və yorğun bir ədayla, yavaş səslə sözünü tamamladı: - Çıxıb gedəndən sonra nə qalacaq səndən mənə? - Gözü Zaurun kibritinin oduyla partlamış, atılıb bir qıraqda qalmış boş şara sataşdı: - bircə bu şar - deyə gülümsündü, - onu da yandırdın...
    Zaurun matı-qutu qurumuşdu, nə edəcəyini bilmirdi. Bilmirdi ki, indi, bu saat necə hərəkət etsə daha düzgün olar: durub Təhminəni söysünmü, yaxud ondan üzr istəsinmi, yaxud heç bir söz demədən çıxıb getsinmi bu evdən... Təhminə siqaret yandırdı, dərin bir qullab vurub tüstünü havaya buraxdı və Zaura tərəf çevrilib:
    -Bax bu tüstü kimidir bizim münasibətlərimiz, - dedi, əlini yelləyib tüstünü qovdu, - görürsən, heç bir şey yoxdur…
 
On birinci fəsil
 
    Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz.
    Bu həm bir qəm ki, el tənindən əfqan eyləmək olmaz.
    Nə müşkül dərd olursa, bulunur aləmdə dərmanı.
    Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz.
    -Neçə yaşındasız?
    -Bunun nə dəxli var?
    -Dəxli çoxdur. Uşaq deyilsiz, öz hərəkətlərinizə nəzarət eləməlisiniz, cəmiyyət qarşısında məsuliyyət duymalısız.
    -Cəmiyyətin bura nə dəxli var axı?
    -Necə nə dəxli var? Biz cürbəcür siqnallar alırıq. Gərək bu siqnallardan müəyyən nəticələr çıxaraq. Bizim komsomol təşkilatı, hətta, sizin məsələnizi büroya çıxarmaq istəyirdi… Siz özünüz də deyəsən, axı büronun üzvüsünüz?
    -Bəli.
    -Görürsünüz. Siz komsomol bürosunun üzvüsüz, özgələrə nümunə olmaq yerinə özünüzü bu cür nalayiq aparırsız. Yalnız komsomolçular deyil, idarəmizin başqa mötəbər işçiləri də sizin hərəkətlərinizdən çox narazıdırlar.
    Zaur dərhal "Dadaş" deyə düşündü.
    -Yoldaşlar belə hesab edir ki, sizin özünüzü belə aparmağınız kollektivimizin üstünə kölgə salır, gənclərin əxlaq tərbiyəsinə mənfi təsir göstərir, ümumən bizim əxlaq kodeksimizə ziddir.
    -Mən ərizə verib çıxa bilərəm işdən.
    -Yaxşı-yaxşı, özünüzdən çıxmayın. Mən kollektivin fikrinə biganə qala bilmərəm... Siz də hələ cavansınız. Bütün ömrünüz qabaqdadır, parlaq gələcəyiniz ola bilər, əgər indidən ağlınızı başınıza yığsaz, lazımsız hərəkətlərə yol verməsəz, əgər siz...
    Zaur onun sözünü ağzında yarımçıq qoyub otaqdan çıxdı.
 
***
 
    Zaur qapını öz açarıyla açıb içəri girdi, indicə yazıb verdiyi ərizənin - işdən çıxmaq haqqında ərizənin - hər sözünü bir də beynində götür-qoy edirdi... Yaxşı, bəs hara işə düzələcək? İşə düzəlmək üçün ona kömək edə biləcək tanış-bilişini yadına salmaq istəyirdi... Geoloji ekspedisiyanın birinə qoşulmaq olardı, bu barədə fikirləşən kimi Azər Mərdanovu xatırladı. Universitetdə bir yerdə oxumuşdular, o vaxtdan bəri dost idilər. Azər indi, deyəsən, haradasa Filizçay tərəfdədir. Əgər bu iş düzəlsə, Zaurun taleyi tamam dəyişə bilər və Təhminəylə münasibətlərində də müəyyən bir dəyişiklik əmələ gələr: axır günlər Təhminənin evində - nə deyirsən de - hər halda bir vaxt Manafın mənzili olan evdə - yaşamaq onunçun ağır idi... Manaf, əlbəttə, Zaurun orada yaşamasından xəbərdar idi, amma bir dəfə də olsun Təhminəni evi dəyişmək haqqında qərarı icra etmək üçün tələsdirməmişdi. Təhminə də bunu qiymətləndirirdi və özü tələsirdi, tezliklə mənzilini iki ayrı-ayrı otağa dəyişmək istəyirdi, amma olunan təkliflərdən heç birini bəyənmirdi. Bu məqsədlə də çox zaman uzun-uzadı telefonla danışar, cürbəcür mənzillərn gəzirdi və hətta, hansı mənziləsə
    - Zaur bunu biləndə lap dəli olmuşdu - Spartakla birlikdə getmişdi. Özü demişdi bu barədə Zaura...
    Zəng oldu, Zaur telefonu götürdü:
    -Zaur? Salam, Muxtardır.
    Zaur:
    -Tanıdım, - dedi, - Təhminə evdə yoxdur.
    -Haçan gələcək?
    -Bilmirəm.
    -Bağışlayın.
    Zaur divanın üstündə uzanıb papiros çəkirdi, tavana baxırdı. Harda ola bilər Təhminə? Hər halda işdə deyil, yoxsa Muxtar evə zəng eləməzdi. Bəs hardadır? Bu barədə fikirləşmək mənasızdır. Soruşsan deyəcək ki, dərzidəydim, ya çəkməçidə, ya diş həkiminin yanında, ya rəfiqəmgildə, ya mənzilə baxmağa getmişdim - yüz cür variantı vardı və bu variantların heç birinin düz olub-olmamasını yoxlaya bilməzdi, yoxlamaq istəməzdi Zaur, amma heç birinin yüz faiz doğru olduğuna inana da bilmirdi.
    Telefon zəng çaldı. Zaur dəstəyi qaldırdı:
    -Bəli:
    Dəstəyi dərhal asdılar: du, du, du...
    Zaur fikirləşdi ki, yəqin yenə zəng vuracaqlar, hər dəfə divandan qalxıb telefona yanaşmağa ərinirdi, odur ki, dolabçanı divana tərəf çəkdi, indi uzandığı yerdən əlini uzadıb dəstəyi qaldıra bilərdi...
    Yarım saat da keçdi və yenə telefon səsləndi. Zaur dəstəyi qaldırdı, elə bildi yenə asacaqlar, amma Muxtarın səsini eşitdi:
    -Siz allah bağışlayın, Zaur, Təhminə hələ gəlməyib?
    -Yox
    -Bəs hardadır görəsən?
    -Bilmirəm.
    -Xahiş edirəm gələn kimi mənə zəng vursun. Vacib işim var. Özüm də arabir zəng vuracam.
    Zaur heç nə demədi...
    Balaca əncir ağacına baxırdı. Təhminə hey bu ağacdan danışardı, daha doğrusu, bu ağacı onlara hədiyyə gətirmiş alpinist dostlarının söhbətlərini təkrar edərdi; haradasa Naxçıvanda, dağlarda tapmışdılar bu ağacı, Gəmiqayanın yanında. Gəmiqaya adlı yerdə, rəvayətə görə, Nuhun gəmisi lövbər salıbmış və oralarda alpinistlərin dediklərinə görə qayaların üzərində maraqlı şəkillər var. Qobustan qaya rəsmləri kimi...
    Telefon zəng vurdu:
    -Bəli.
    Yenə asdılar: du, du, du...
    Zaur səhərdən dilinə bir şey vurmamışdı, amma yerindən durub mətbəxə keçmək, naharı qızdırmaq istəmirdi. Heç bir şey istəmirdi. Ümumiyyətlə, yalnız bax beləcə uzanmaq, papiros çəkmək və heç bir şey haqqında düşünməmək istəyirdi. Hətta, geoloji ekspedisiya barəsində, Filizçay partiyası, Mərdanov Azər barədə belə düşünmək istəmirdi. Ona elə gəlirdi ki, əslində heç yoxdur da belə geoloji partiya və varsa da, hər halda, Zaurun ora düşməsi qeyri-mümkün bir xülyadır...
    Ümumiyyətlə, ona elə gəlirdi ki, həyatında heç bir çıxış yolu yoxdur, indiki həyatını dəyişə biləcək və eyni zamanda onu keçmiş həyatına qaytarmayacaq üçüncü bir yol, üçüncü bir variant yoxdur və hər şey bitib-tükənib onunçün, bütün yollar baqlanıb, bütün qapılar örtülüb, bütün pəncərələr qapanıb...
    Yenə də zəng oldu, Zaur gülümsündü ki, bu cavabsız zənglər dəqiq və müəyyən bir ardıcıllıqla səslənir, düz yarım saatdan bir...
    -Allo.
    Asdılar.
Saat doqquzdan sonra Zaur nigaran olmağa başladı. Axı bilirdi: Təhminə bu gün işləmir və işləməyən günlərdə heç vaxt belə gec gəlmir evə. Bəlkə cədvəli dəyişiblər. Təhminə kimisə əvəz eləyib. Bunu öyrənmək çox asan idi, durub televizoru qura bilərdi, amma ayağa qalxıb otağın o biri güncünə keçməyə, televizoru yandırmağa həvəsi yox idi. Həm də ki, işdə olsaydı, Muxtar onu evdə axtarmazdı... Pəncərədən Mədinəgilə tərəf boylandı, onun da işıqları yanmırdı... Saat onu keçəndə ciddi nigaran oldu, qorxurdu ki, birdən Təhminənin başında bir qəza olar. Düz saat 11-də bir də zəng elədilər, asdılar. Muxtar daha zəng eləmirdi. Əlbəttə, dəstəyi asan Muxtar deyildisə... Yəqin ki, o deyildi, belə xasiyyətli adam deyildi Muxtar. Əgər o deyildisə, "vacib bir iş üçün" daha zəng vurmurdusa Muxtar, deməli, Təhminəni tapmışdı və Zaur da daha nigaran olmamalıydı. Təhminənin başında qəzafilan yox idi.
    On ikinin yarısında gəlib çıxdı Təhminə və dəhlizdə paltosunu çıxaran vaxt yenə telefon səsləndi.
    Zaur:
    -Telefonu götür, - dedi.
    Təhminə:
    -Sən götür, - dedi.
    -Mən götürəndə asırlar, - dedi.
    Təhminə yorğun-yorğun:
    -Bilirəm. - dedi. Çox əzgin görünürdü Təhminə.
    Telefon isə hey səslənirdi.
    Zaur:
    -Muxtar zəng eləmişdi, - dedi, - dedi ki, vacib işi var.
    Bu sözlərdən sonra Təhminə aramla telefona yanaşdı, dəstəyi qaldırdı, nə isə eşidib dərhal asdı və ağır-ağır kürsüyə çökdü.
    Zaur diqqətlə ona baxırdı.
    -Hardaydın? - dedi.
    Təhminə:
    -Canımı götürüb sənin ananın əlindən qaçmışdım, - dedi və birdən hönkürüb ağladı.
    Zaur yerindən durdu, Təhminəyə yanaşdı, əllərini onun çiyinlərinə qoydu:
    -Nə olub sənə? - dedi.
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (02.12.2013) | Müəllif: R.C E W
Baxış: 860 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more