Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-2-ci cild-14
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>
Dao-şen (V əsrin birinci yarısı) fəlsəfəsində əsas maddə, həqiqətin birdən-birə, qəfildən dərk edilməsi fikridir. Bu filosof belə hesab edir ki, həqiqi kerçəklik ayrı-ayrı parçalara bölünmür və odur ki, tədricən dərk oluna bilməz; həqiqi kerçəklik insanı bir an içində tam dolğunluğuyla işıqlandırır. Zen fəlsəfəsinə görə insan özünü va dünyanı anlamağa çalışır və deməli müəyyən fəaliyyət göstərir, yəni öz-özünü və dunyanı dəyişdirir... İşlənmiş günahları sonrakı yaxşı işlərlə yumaq fikri, gələcək bəxtiyarlıq naminə hazırkı yamanlıqlara bəraət qazandırmaq ideyası, Zen əxlaqına kökündən ziddir… Zen əxlaq prnsiplərinin pafosu insanların əzəli saf varlıqlarının bərabərliyini təsdiq etməkdir. İnsanların bu təbii bərabərliyi etikanın başqa cəhətlərini də müəyyənləşdirmişdir. Xeyirxah, yaxşı fikir xeyirxah, yaxşı əmələ tən tutulur, hər hansı bir işi dəyər ölçüləriylə qiymətləndirmək səhv sayılır və s.
    ...Mənəvi yetkinliyin əsas əlaməti şöhrət və mənsəb hərisliyinin puçluğunu anlamaqdır. Yalnız bu zaman insan üçün adi həyatın - zahiri əlamətləri gözə çarpmayan adi həyatın - əsil mənası açılır. Y. Zavadskaya. "Vostok na Zapade" kitabından, Moskva, "Nauka", 1970.
    "Ay Səfdər... bir başım açılmır, bir macal eləyə bilmirəm ki, gedib özümü öldürəm".
    "Ağ liman". Məmməd Nəsirin "kəlamlarından".

 

Birinci fəsil

 

    Gecdi. Gecə biri keçmişdi, ikiyə işləyirdi. Sabah da hər ikisi tezdən durmalıydı. O qədər iş vardı, gəl görəsən. Başlarını qaşımağa macalları olmayacaqdı. Xırda-xuruş yüz çür məsələ çıxacaqdı ortalığa. Axşam da toy. Toydan sonra da yol - gecə təyyarəsi - Bakı vaxtıyla saat üçün yarısında qalxır. Moskvada səhər saat altıda olacaqdılar - Moskva vaxtıyla. Demək, sabahkı gecəni yatmayacaqdılar - ilk toy gecələrini. İndiki gecəni, sabaha açılacaq bu gecəni - bir-birindən ayrı keçirəcəkləri son subaylıq gecəsini - doyunca yatmalıydılar. Heç olmasa səhər saat yeddiyə-səkkizə kimi...
    Fuad yeddidə durmalıydı, Rumiyyə səkkizə, doqquzun yarısına qədər yatıb yuxusunu ala bilərdi. Demək, indi ayrılsalar - Fuad gedib evlərinə çatana, yatağına girib yuxulayanacan saat iki olardı, heç olmasa beş saat yata bilərdi. Rumiyyə də Fuad gedəndən sonra xırda para işlərini görüb çarpayısına uzanardı - azı yeddi saat yatardı. Onda sabah sifətində heç bir yorğunluq, əzginlikdən əsər-əlamət olmazdı, ay parçası kimi tər-təzə, bulaq suyu kimi dumduru gəlin, Aydan arı, sudan duru... Odur ki, ayrılmaq lazım idi. Əqrəblər ikinin yarısına çataçatdaydı. Ayrılmaq lazımdı. Gecdi...
    Amma heç ayrılmaqları gəlmirdi. Otaqdan çıxdılar, indi də qapının ağzında, pilləkən meydançasında vidalaşırdılar. Bir onon beş dəqiqə də burda dayandılar. Fuad pilləkənin məhəccərinə söykənib siqaret çəkirdi. Rumiyyənin əllərində nədənsə iki çay qaşığı vardı, onları bir-birinə vururdu, yarıaralı çöl qapısının çərçivəsinə söykənmişdi. Fuad onlara düz doqquzda gəlmişdi. Dörd saatdan artıq idi ki, Bilqeyis xanım demişkən, elə hey mırt vururdular, amma sözləri-söhbətləri qurtarmaq bilmirdi. Əvvəl Şövqüylə Bilqeyis xanım da onlarla idi. Fuad gələndə çay içirdilər. Stolun üstündə üç növ mürəbbə, iri parçalara doğranmış kəllə qənd, nazik-nazik dilimlənmiş lumu, üç armudu stəkan, bir də bugünkü qəzetlər vardı. Televizor da işləyirdi, amma baxmırdılar. İdman verilişi idi, idmanla bu evdə heç kəs maraqlanmırdı. Fuaddan başqa. Amma Fuad hələ ki, bu evin sakini deyildi.
    Fuad salamlaşıb oturduqdan sonra Bilqeyis xanım qalxıb mətbəxə keçdi, dolabı açdı, dairəvi büllur vazada zoğal mürəbbəsi gətirdi. Fuad masa üstündəki üç növ mürəbbədən daha artıq zoğal mürəbbəsini sevirdi və Bilqeyis xanım bunu bilirdi...
    Fuad arxası televizora əyləşdiyindən hərdənbir qanrılıb ekrana baxırdı və ekrana tərəf boylanarkən gözü qeyri-ixtiyari sağ divardan asılmış iri xalıya sataşırdı. Fuad, yəni elə Şövqünün özü də bu xalıya müəyyən yüngülvarı istehzayla yanaşırdılar. Hər ikisinin peşəsiylə bağlı olan sənət zövqləri belə bayağı bir şeyi qəbul edə bilməzdi; xalının tən ortasında Şövqünün iri şəkli - tam bir fotoqrafik dəqiqliklə həkk olunmuş, altında da qızılı ilmələrlə 50 rəqəmi toxunmuşdu. Xalçanı keçən il - Şövqünün yubileyi günündə ona hədiyyə vermişdilər. Ordan-burdan söhbət edirdilər, arabir sabahkı toydan da söz düşürdü.
    Saat on birə yaxın Bilqeyis xanım hamıya "gecəniz xeyrə qalsın" deyib öz otağına çəkildi. Şövqü hələ bir saat da onlarla qaldı. On ikinin yarısında Fuad durmaq istədi, Rumiyyə qoymadı, nə isə təzə bir söhbət saldı və Fuad yenidən yumşaq kürsüyə çökdü, təzə siqaret qutusu çıxarıb açdı, Şövqüyə təklif etmədən odladı - gələcək qayınatası çəkmirdi. Söhbət yenə də sentyabr planlarına döndü. Sentyabrdan Fuad təzə işə - şəhər soveti sisteminə keçəcəkdi. Şövqü buranın perspektivlərindən, üstün cəhətlərindən danışırdı. Əslində elə Fuadın bu işə keçməsi Şövqünün təşəbbüsü, Şövqünün planı idi və onun yardımıyla həyata keçməkdəydi. 12-dən bir az keçmiş Şövqü də durub o biri otaqa keçdi. Vidalaşmasa da aydın idi ki, yatmağa gedir. Bu vidalaşmamağın özündə nəzakətsizlik yox, əksinə müəyyən takt vardı: vidalaşsaydı, Fuad bunu eyham kimi qəbul edə bilərdi, yəni gecdir, sən də dur get evinizə.
    -Demək olar ki, heç vaxt Rumiyyəylə tək qoymazdılar onu otaqda. O biri otaqlarda, ya mətbəxdə olsalar da ara sıra ya Şövqü, ya Bilqeyis xanım müəyyən bəhanə tapıb bu televizorlu otağa - Fuadla Rumiyyənin görüşüb-danışdıqları otağa baş çəkərdilər.
    Birin yarısında Fuad durdu.
    -Gecdir, - dedi.
    Rumiyyə bir az incik:
    -Nu, raz gecdir, get, - dedi...
    Fuad yerindən tərpənmədi.
    ...Qonşu otaqdakı saat biri vurdu. Fuad, nəhayət qəti və qıvraq hərəkətlə qalxdı. Qapıda:
    -Elə bilirsən yadımdan çıxıb? - dedi. - Toy paltarını mənə göstərmədin.
    -Sabah görəcəksən də...
    -Sabah hamı görəcək. Amma mən gərək hamıdan qabaq görəydim, axı hər halda...
    Rumiyyə qətiyyətlə təkrar etdi:
    -Sən mənim toy paltarımı, ancaq sabah görəcəksən. Bircə sabah, vəssalam.
    -Niyə?
    -Qonşumuzun qızı var, Lalə. Gələn həftə onun toyudur, toyumuzdan sonra ona satacam.
    Fuad:
    -Vay səni?! - deyə doğrudan-doğruya təəccübləndi. -
    Nə olub, niyə satırsan? Pula-zada ehtiyacın var?
    Rumiyyə fınxırdı.
    -O, gün primerka edirdim, gördü, yaman xoşuna gəldi...
    Mən də fikirləşdim ki, toydan sonra mənim nəyimə lazımdır - uzun, ağ paltar - adamın əl-ayağına dolaşır... Odur ki, razılaşdıq. "Maşallah, işgüzar qızdır".
    -Nədir ki? - Rumiyyə onun şaşqınlığını görüb gülümsündü. - Deyirsən, yəni bəlkəm bu paltar genə bir kərəm də lazım oldu?
    Uzun zaman Fuad Rumiyyənin zarafatlarına alışa bilmirdi, daha doğrusu, onun nə zaman ciddi danışdığını, nə zaman lağlağı etdiyini duymurdu. Rumiyyə masqara edəndə belə, sifətində tam bir ciddilik olardı. Yalnız gözlərinin lap dibində şeytanlar oynamağa başlardı. Fuad bu qığılcımları görməyə, seçməyə yavaş-yavaş alışdı. Alışdı, sezdi və sevdi bu qığılcımları. Rumiyyənin gözlərini, baxışını, səsini, bütün varlığını sevdiyi kimi bu şeytan qığılcımlarına da məhrəmləşdi.
    İndi də qızın gözlərindən cin tökülürdü. Fuad onu öpdü. Gözlərindən öpdü Rumiyyənin. Qız geri çəkildi. Bu hərəkətin sözlə tərcüməsi: ayıbdı - demək idi - ata-anamdan ayıbdır, yaxud qonşulardan görən olar. Əlbəttə, o bu sözləri demədi. Ata-anası da, qonşular da çoxdan yatmışdı. Fuad yenə qızın çiyinlərindən tutub özünə tərəf çəkdi, öpmək istədi, Rumiyyə qıvrılıb onun qolları arasından çıxdı, pıçıltıyla:
    -Səbrin olsun, - dedi. - Bir an elə bil gözləri yol çəkdi.
    - Biri gün Moskvadayıq. - Təsəvvür edirsən "Rossiya"da üç otaqlı nömrəmiz olacaq. Papa bu gün xüsusi zəng vurdurub: Bir sən, bir mən... Ancaq ikimiz... gecə-gündüz...
    Fuad:
    -Təsəvvür edirəm, - dedi. - Elə bil gözləri dumanlandı.
    Əllərini Rumiyyəyə tərəf uzatdı.
    -Yaxşı, bəsdir, di get...
    Fuad kəskin hərəkətlə ondan aralandı, tələsik və əsəbi addımlarla bir-iki pillə düşdü, dayandı.
    -Fuad!
    Fuad yenidən qayıtdı.
    -Sən allah, Fuad, o çalançılara de ki, çuşka kimi çalmasınlar.
    Görürsən elə bərk filəyirlər ki, lap adamın qulağı batır.
    Fuad güldü.
    -Yaxşı, - dedi, - arxayın ol, tapşıraram...
    Mayın ortaları idi. Aprel küləklərinin soyuq sədaları qarşıdakı bürkü yayın isti nəfəsiylə toqquşurdu - bir gün sərin keçirdi, səhərisi günəş adamın beynini deşirdi. Hətta bir gecəgündüzün ərzində hava neçə dəfə dəyişirdi. Axşam Rumiyyəgilə gələndə meh əsirdi, Fuad boz kostyumunu geymişdi, mavi mil-mil qalstuk taxmışdı; indi gecə iki radələrində meh kəsmişdi, hava elə bil qatılaşmışdı və Fuad qalstukda, pencəkdə darıxdı, yaxasını açdı, qalstukunu boşaltdı, sonra pencəyini də çıxartdı, tərlədiyini hiss edib köynəyinin qollarını çırmaladı...
    Küçələr bomboş idi - adamsız, maşınsız. Reklamlar sönmüş, pəncərələr qaranlığa qərq olmuşdu. Yalnız küçə çıraqları yanırdı, bir də qapısı qıfıllı dükan vitrinləri işıqlı idi. Fuad zümzümə etməyə başladı: "Deyirlər ki, toy olacaq, Məşdibad arvad alacaq... Bəs nə zaman, nə zaman toy olacaq?"
    - Yuxudurmu bütün bunlar, ilahi? Bu odurmu, Fuad Mehdiyev, Fuad Qurban oğlu Mehdiyev, Qurban kişiylə Çərkəz arvadın oğlu, 1936-cı ildə Bakıda doğulmuş, ali təhsilli memar, layihə bürosunun əməkdaşı - bu odurmu? Bu mənəmmi? Gecə saat ikidə oxuya-oxuya, fit çala-çala Bakı küçələrini dolaşıram? Mənəm, özüməm ki, varam, Fuad Mehdiyev, Fuad Qurban oğlu Mehdiyev, iyirmi beş yaşlı memar, özü də hardan gəlirəm? - Şövqü Şəfizadəgildən... Şövqü Şəfizadə, qotazlı göy pamazı pijama pencəyində, ayaqlarında yumşaq məst... Həmin o Şövqü Şəfizadə ki...
    Bilqeyis xanım. "Bilirəm, Fuad, sənin zoğal mürəbbəsindən xoşun gəlir"... Həmin o Bilqeyis xanım ki... Pah atonnan! Doğrudan, deyir sən öz saydığını say, gör fələk nə sayır! Fələyin işin bilmək olmazmış doğrudan. Beş il bundan qabaq kimin ağlına gələrdi ki, mən, biçarə tələbə baba Fuad Mehdiyev Şövqü Şəfizadəylə, həmin o Şövqü Camaloviç Şəfizadəylə qohum olacam? Fuad? Hansı Fuad? Hə, Şövqü Camaloviçin kürəkənini deyirsiz? Dünən zaqsa getdilər... Sınaq müddəti gözləməli də olmadılar. Şövqü zəng vurdu, gələn kimi kəbinlərini kəsdilər... Bilqeyisin atası yetmiş iki yaşlı Muxtar, bütün Abşeronda "Bizonalı Muxtar" adıyla tanınan qoca qəssab, tələb eləmişdi ki, kəbin kağızını ona göstərsinlər, şəxsən özü öz gözüylə görsün. Dünən günorta vaxtı Fuad qayınanasıyla birlikdə Şövqünün maşınında Buzovnaya getməli oldu. (Rumiyyə bəhanə eləyib boyun qaçırtdı). Muxtar neçə ildi ki, Buzovnadan, daha doğrusu, Buzovnadakı evinin həyətindən kənara çıxmırdı. İldə, ayda bir dəfə məscidin yanındakı çayxanada görünərdi, Bakıda isə axırıncı dəfə, yalan olmasın, iyirmi beş il bundan qabaq olmuşdu. Şövqüylə Bilqeyis evlənəndə. Bilqeyis Muxtarın birinci arvadından idi. İkinci arvadından bir oğlu varmış, müharibədən qayıtmayıb. İndiki arvadından, qırx iki yaşlı Xeyrənsədən isə iki qızı və bir oğlu var. Rumiyyənin xalaları on yeddi və on beş yaşlarında, dayısı on iki yaşında idi... Muxtar uzun-uzadı kəbin kağızına baxdı, gözlərinin işığı çəkilmişdi, sanki Fuada və Bilqeyisə inanmırmış kimi oğlu Maliki çağırtdırdı, iki dəfə kəbin sənədini ona oxutdurdu və ancaq bundan sonra: "Allah xeyir versin", - dedi...
    Kəbin kağızı Fuadın pencək çibində idi... Pasportunun arasında... Mümkündürmü belə bir səadət, ilahi? Bu mənəmmi? Adamın da bəxti belə gətirərmi!.. Amma...
    Haradandı bu hiss, lap uşaq yaşlarından ona tanış idi bu qorxu, bu təlaş... hər şey yaxşı olanda, işləri düz gələndə, necə deyərlər, bəxti gətirəndə, həmişə anlaşılmaz qorxu, təlaş, vahimə hissi altdan-altdan onun içini gəmirərdi... Nə isə baş verəcəyi, nə isə bir uğursuzluğa düçar olacağı, yaşadığı bu xoş anların, bəxtiyar saatların nə iləsə, dəhşətli bir peşmançılıqla, böhranla, bədbəxtçiliklə əvəz olunacağı qorxusu... İndi də bu təlaş, anlaşılmaz, səbəbi və sirri bilinməz nigarançılıq duyğuları Fuadın sevincinə qeyri-müəyyən bir acı qatırdı, səadətin şirin dadına təlx bir təm verirdi... Nə üçün, nədən? Hardan idi bu qorxu, nəyə əsaslanırdı bu gizli həyəcan? Birdən bir şey oldu? Nə ola bilər axı? Sabah toydur, toylarıdır.


    Dunyanın heç bir qüvvəsi bu toyun qarşısını ala bilməz, bu nigahı poza bilməz. Çox əcəb... Sonra, təyyarəylə Moskvaya uçurlar... Aha, bəlkə o, təyyarədən nigarandı? Qəza-filan... yox, bu daha lap ağ olar ki... Melodrama... həyat melodrama deyil... Toy eləyəsən, yuz adamlıq toy, bütün dəm-dəsgahıyla, sonra da belə ucuz ölüm?! Amma, bir yana baxanda, melodrama kimi, məntiq kasadlığı da var bu dünyada... Bəzən əcəlin elə qəribə, elə məntiqsiz və mənasız şıltaqları olur ki... Əcəl gözlə qaş arasındadır, düz deyiblər... Təsəvvür eləyirsən?! Toy, dəmdəsgah, şadlıq, şadyanalıq.. Klarnet səsi ərşə bülənd olur... Hədiyyələr, sağlıqlar, arzular, öyüdlər... "Xoşbəxt olun, qoşa qarıyın, oğullu-uşaqlı olun!" Sonra da... qəza?! "Necə də yaraşırlar bir-birinə, gəlin, pis gözlərdən iraq, ay parçası kimidir, maşallah, bəy də deyirlər qabiliyyətli uşaqdır, allah onları bir-birinə çox görməsin"... Sonra da qəza? "Bəs harda yaşayacaqlar? Harda, yəqin ki, oğlangildə, yox ağəz, deyirlər oğlanın evi pisdir, heç Şövqü qoyar ki, əziz-xələf balası bir şeydən korluq çəksin... Həm də, aman-zaman bircə övladlarıdır, onu gözlərindən iraq qoymazlar, gətirərlər gədəni öz evlərinə, maşallah, bir cah-cəlallı ev-eşikləri var, kimə qalacaq? Beş otaqlarından ikisini verərlər cavanlara da... Yox, eşitməmisiz bəs, kooperativdə ev tikdirib qızına, bulvarın yanında təzə bina tikirlər e, bir aya hazırdır, ora köçəcəklər, qızım, sən məndən soruş". Sonra da qəza? "Sən allah, bir bədbəxtçiliyə bax ey!.. Necə də bir-birlərinə yaraşırdılar qaragünlər?!. Deyir, mərdimazarın gözü çıxsın, görən kimin gözü dəydi. Toyun gecəsi əcəl alsın başının üstünü, xudaya, belə də müsibət olar! Görəsən, heç qurtaranzad olub?.. Haradan olacaq əşi, göyün yeddi qatından təyyarədən tarappadan düşə yerə, salamat qurtaran olar, indi yazıqların sağ tikələri qulaqlarının dibindədir... Deyirlər, Şövqü havalanıb, danışığını-zadını bilmir, heç adam-zad da tanımır...
    Bəs elə olacaq da... Aman-zaman bircə balanı itirəsən, naznemət içində böyüt, boya-başa çatdır, vursun toy gecəsi belə güdaza getsin, durduğu yerdə... Əcələ qanun-kitab yazılmayıb, a kişilər, vallah, billah!.. Eşitdiz də yazıq Şəfizadənin müsibətini?.. Hə də, bir yerdəydik sizinlə toyda qabaq-qarşıya oturmuşduq. Yazıqlar... Elə deyir, toydan, restorandan birbaş aerodroma gəliblər ki, təyyarəyə çatsınlar, deyir, maşını yolda qovurmuşlar ki, gecikirik... Ölümlərinə tələsirmişlər, biçarələr... Deyirlər, heç arzu-kamlarına da çatmayıblar... Anası, vallah, bir yana-yana ağlayırdı, bir göynəyirdi, gəl görəsən... "Bu dünyadan gəlin olub qız gedən balam!" - deyirdi, yazıq... Deyirlər, oğlan da arxitektor imiş, bədbəxt qalsaydı, Şövqü onu çox irəli çəkəcəkdi, oğlu yoxdur, kürəkəndən yaxını kim olacaq!?". "Tfu səni, - Fuad siqaret çıxarıb odladı - adamın başına əcəb sarsaq fikirlər gəlir e!.. Fuad Mehdiyev, şadlığından şitlik eləmə! Toy da olacaq, bütün qayda-qanuniylə, təyyarə də sağ-salamat vaxtında gəlib düşəcək Moskvaya, heç burnuvuzun ucu da qanamayacaq.
    "Rossiya"da da üç otağınız - kamınıza da çatacaqsınız, murad verib murad alacaqsınız, ay səni, lotu!..."
    Fuad gülümsündü və yenə zümzümə etməyə başladı. "Deyirlər ki, toy olacaq. Məşdibad arvad alacaq, bəs nə vədə, nə vədə toy olacaq, bəs nə vədə…
    Sakit, səssiz küçədə qəfil hənirti, boğuq danışıqlar eşidildi:
    - Qurban olum, can-ciyər, dola məni o qazamatdakı qərdəşüvün başına, anamın bircə balasıyam, anama yazığın gəlsin...
    Fuad ağlamsına-ağlamsına yalvaran kişi səsini aydın eşitdi. Zümzüməsini kəsdi, ayaq saxladı. Səs yaxından gəlirdi, haradasa bir az aralı idilər danışanlar... Hər söz, hər kəlmə bircə-bircə eşidilirdi. Boğuq nəfəslər, süpürüşmə hənirtiləri gəldi, sonra yenə də həmin kişi səsinin yalvarışları başladı:
    -Qərib İmamrzaya and verirəm, öldürməyin məni, atam qəbri bilməmişəm, qələt eləyib p... yemişəm atabaatamla...
    Başqa bir kişi səsi eşidildi:
    -Əkbər də indi qazamatda sənin kimi bəyirir.
    Fuad səs gələn səmtə boylandı və nəhayət onların siluetlərini seçdi. Küçənin o biri tinində qaraltılar görünürdü. Fuadla onların arasında kiçik bir bağ vardı, ağaclar tindəki səhnəni aydın seçməyə imkan vermirdi, amma hər halda, Fuad səkinin yanında dayanmış "Moskviç"i gördü. İki kişi üçüncüsünü - yalvaran da görünür, bu üçüncüsü idi - sürüyə-sürüyə maşının açıq qapısına tərəf aparırdılar. Dartılan adam ayaqlarını yerə dirəmişdi. Qolları onu aparanların qoltuqları arasında bərk-bərk sıxılmışdı, bədəni maili vəziyyətdə idi. O, maşının açıq qapısı ağzında dayanmış dördüncü adama yalvarırdı...
    Fuad dördünün də cavan olduqlarını təyin edə bildi...
    Sürüklənən:
    -Sənə qurban olum, Nəcəf! -deyə yenə maşının yanında dayanana yalvardı. - Ətağa cəddi bilməmişəm... Fuad, "Qorxaqdır, - deyə düşündü, - elə ona görə də satqındır. Lap yəqin kimisə satıb, bunlar da indi cəzasını verəcəklər".
    Onu dartıb lap maşının qapısına yaxınlaşdırmışdılar.
    -Sənə qurban olum... - O, bəm səslə yalvarırdı, görünür, qışqırıb haray qaldırmaqdan qorxurdu. Həm də kim idi gecənin bu vaxtı harayına çatan. İmdadına yetən olsa da, yetən yetənə kimi bunun işini bitirərdilər. O da başa düşürdü vəziyyəti, maşının qapısında dayanan Nəcəf adlı adama yalvarırdı, görünür, burada böyük həmin o Nəcəf idi.
    Nəcəf:
    -Yaxşı, mumla, oğraş! - dedi. - heç olmasa gəbərəndə kişi kimi gəbər!
    -Nəcəf, anam yazıqdır e...
    -Sənin anavı da, bacıvı da!.. - Nəcəf söydü.
    "İndi ölüm mütləqdir,- deyə Fuad düşündü - ya söyülən ölməlidir, ya söyən. İki nəfər şahidin yanında anasını, bacısını söydü. İndi bu gen dünyada ikisinə yer qalmadı, mütləq biri ölməli, biri qalmalıdır. Söyülən sağ qalsa, mütləq fürsət tapıb söyəni öldürəcək. Amma çətin sağ qala - onların əlindədir, onlar - üç, bu - tək. Basacaqlar maşına, aparıb öldürəcəklər xəlvət yerdə, sonra da boğazına daş bağlayıb atacaqlar qayalıqdan dənizə, heç meyiti də tapılmayacaq" - nədənsə Fuad bu səhnələri bütün çılğınlığıyla gördü və birdən də sarsıldı. Sanki yalnız indicə qəfilcə dərk elədi ki, söhbət canlı məxluqdan gedir. Qorxaq da olsa, satqın da olsa, özünü əskik də tutsa, hələ yaşayan, nəfəs alan, yalvaran, anasını yada salan insandan... Yarım saat, bir saatdan sonra isə həmin adam yer üzündə olmayacaq - nə boğuq nəfəsi, nə yalvarışları, nə anası haqqında yaddaşı... Sonra milis izə düşsə, canilər tutulsa, cəzalandırılsa belə bütün bunların ölən üçün heç bir fərqi yoxdur. Hər şey indi, bax bu an, onu maşına basanacan həll olunur. Əgər indi onun imdadına çatan olmasa... Kim çatacaq? Küçə bomboş idi. Vaqiənin yeganə şahidi Fuad idi; bunu düşünən kimi, bütün başqa fikirlər və lövhələr də başından ani sürətlə keçdi. O, Fuad, qarışmalıdır. Köməyə çatmalıdır. Onlar üç nəfər olsa da, hər halda Fuad bir şey etməlidir. Haray qaldırmalıdır, bəlkə eşidən oldu. Yəqin ki, silahlıdırlar. Bıçaq ya tapança? Bəlkə də hər ikisi. Mən daş götürə bilərəm yerdən.
    Bir az yaxınlaşıb vıyıldadaram üstlərinə, həm də qışqıraram, guya kimisə, yaxında olan yoldaşlarımı çağırıram. Bəlkə hürkdülər... Bəlkə də yox... O zaman... Fuad dəfələrlə öz ölümünü yuxusunda görmüşdü. Qəribədir, ömrünün son anını, yəni əsl ölüm dəqiqələrini görmürdü, sərmərib ayılırdı həmişə. Amma bu ana qədər olan bütün ərəfəni dəfələrlə görmüşdü. Həm də bütün canlı təfərrüatıyla: məkanı, hədə sözlərini, motivləri, səbəbləri və nəhayət, cinayət silahını... Yuxularında nədənsə onu həmişə bıçaqla öldürərdilər... Bəlkə elə yuxuları bax, bu gecəki aqibətinin qəribə bir sirlə qabaqcadan aşkarlanmış, xəbər verilmiş sədası imiş... Deməli, Fuadınkı da burayacanmış... Qəza! Bu da qəza!.. Sabahkı toya nə mane ola bilərdi? Bu da qəza! Melodrama. Amma toydan sonra yox, toydan bir gecə qabaq. Həm də ikisi yox, ancaq bəy. Dul qalmış arvad: axı rəsmən Rumiyyə onun arvadı idi, kəbin kağızı budur, bax, pencəyinin cibində, möhürləri də hər ikisinin pasportunda. Bir az ağlayar Rumiyyə, sonra təsəlli tapar... Keçən səfərki kimi... Ovçuyla olan kimi... Ovçunu Fuad əvəz elədi... Fuadı da əvəz eləyən tapılar, hər halda ata-anası Rumiyyəni darda qoymaz... Ovudarlar, təskinlik verərlər, başını qarışdırıb səyahətə apararlar... Sonra da ərə verərlər... Üç aydan, altı aydan, bir ildən sonra. Görəsən, yenədəmi həmin restoranda olar toy? Yenədəmi "Rossiyada" üç otaq?
    "Çalançılar çuşka kimi çalmasınlar, filəməsinlər". Rumiyyənin toy paltarı necə, özünə qismət olmadısa, qonşu qızınamı satılacaqdı, ya saxlayacaqdı özündə - gələcək toyu üçün... Nə qəribə fikirlər gəlir adamın başına, ilahi!..
    Qətlə məhkum olmuş adamın başını, bədənini artıq maşının içinə basmışdılar, amma ayaqları hələ çöldə idi, hələ də çapalayırdı. Çöldə olan ayaqları, sanki həyatın son qarışı olan səkiyə mıxlanmışdı, ayaqlarını heç cür yerdən qopara bilmirdilər, odur ki, maşın qapısı da bağlanmırdı...
***


    -Dayanın!.. - deyə Fuad var səsiylə bağırdı. - Haray, ay camaat, adam öldürürlər. Şövqü, Əhməd, Məmməd bəri gəlin!..
    O, bağın içindən qaçdı, ağacların dibindən daş götürdü, özünü maşına yetirdi, daşı oğlanlardan birinin başına çırpdı, məhkumun bir qolunu azad etdi, çiynini maşının qapısına verib, qapını bir az araladı və elə həmin anda kürəyində əvvəlcə müdhiş bir soyuqluqla təmas, sonra dəhşətli ağrı hiss elədi, sanki bel əzələləri birdən-birə qıc oldu! Başı da birdənbirə elə bil ağırlaşdı, sanasan bütün beyni yumruq kimi yığıldı, sonra tuluq kimi partlayıb axdı, gözlərinin bəbəklərinə doldu, gözləri böyüyüb hədəqəsindən çıxdı. Fuad əvvəlcə gözlərinin tutulduğunu, sonra isə öldüyünü dərk etdi və sonra artıq heç bir şey dərk etmədi…
    Bilqeyis xanım qara kəlağayısının ucuyla gözlərini silə-silə meyit sifətinə düşmüş Rumiyyəyə təsəlli verirdi.
    -Mənim bədbəxt balam, kim sənin taleyini qarğayıbmış ay qızım, görüm onun balaları qan qussun. İkinci dəfədir sənin bəxtin belə qara gətirir, ay tifil...
    Şövqü qohumlardan hansınasa tapşırıq verirdi:
    -Buz gətirin, istidir, meyiti saxlamaq çətindir. – Sonra başqa bir qohumunu çağırıb: - Get mənim otağımda, stolun üstündə toya çağırılanların siyahısı var, götür onu. Bəlkə bizim müsibətimizi eşitməyənlər var, bilməzlər, axşam restorana gələrlər, biabır olarıq. Zəng vur hamısına bircə-bircə xəbər elə ki, bəs belə... toyumuz vaya döndü... Restorana da xəbər elə - xərci neçə eləyər, arxayın olsunlar, verərik...
    Fuadı nənəsinin yanında basdırdılar. Cənazəni qəbrə salıb üstünə torpaq atanda Rumiyyənin ürəyi getdi. Üzünə su səpdilər, iki arvad qollarına girib maşına tərəf apardı. Gözləri qıpqırmızı qızarıb şişmiş Rumiyyə güclə addımlayırdı, gah sağ tərəfdəki arvada, gah sol tərəfdəki arvada tərəf əyilib ağırlığını onların çiyinlərinə salırdı...
    Şövqü də beli əlinə götürdü, qəbrə torpaq atdı. Fuadın atası Qurban kişini infarkt vurdu. Anası Çərkəz də dözmədi bu dərdə, öldü. Rumiyyə düz bir il, bir aydan sonra - iyun ayı idi - ərə getdi. Əri memar idi. O vaxt kooperativ mənzil hazır oldu. Toydan birbaş təzə mənzillərnnə getdilər. Bir həftə sonra toy səyahətinə çıxdılar. Avqustun axırına - üzüm dəyənə Şövqügilin bağına qayıtdılar. İki həftə qaldılar, bolluca üzüməncir yedilər, dənizdə doyunca çimdilər. Sentyabrda Şövqü Rumiyyənin ərini şəhər soveti sisteminə - həmin o yerə, Fuadın yerinə - işə düzəltdi. Rumiyyənin ərinin adı... Fuad onun adını bilmirdi. İkinci fəsil
    -Pərviz, tı vzəl zavtrak?
    -Da, mama, vzəl, vzəl...
    -U tebə skolğko urokov seqodnə, pətğ? Djeyxun, a u tebə? Tri?
    -Çetıre, mama.
    -Podojdeşğ Pərviza. V polovine pervoqo za vami zaedet
    Qasım, otvezet vas k Qurbanu.
    -Gto ehe zaçem? - Bunu Pərviz dedi.
    -Zvonila Çerkez. U neqo, çto-to davlenie podnəlosğ...
    "Çərkəz", "Qurban". O bilmirdi ki, arvadı uşaqlarıynan danışanda qayınatasını, qayınanasını adıyla çağırır. Babanız yox, nənəniz yox, məhz Qurban, Çərkəz. Yaxşı, bəs Rumiyyə onların özlərinə necə müraciət edir. Nə qədər cəhd elədisə də yadına sala bilmədi. Deyəsən, Rumiyyə, ümumiyyətlə heç vaxt onun valideynlərinə müraciət etmirdi. Əriylə danışanda, onlardan söz düşəndə "atan" ya "anan" deyir. Fuad həmişəki kimi uşaqların səhər səs-küyünə oyanmışdı, Rumiyyə və uşaqlar Fuaddan bir saat qabaq durardılar. 7-də Rumiyyə oğlanlarını yedizdirir, günorta yeməklərini çantalarına qoyur, səkkizə on beş dəqiqə qalmış Qasım onları məktəbə aparır, Fuadın dalınca qayıdırdı. Fuad səkkizdə durur, səhər yeməyini yeyir, üzünü qırxır və doqquza on beş dəqiqə qalmış aşağı düşürdü... Qasım düz on iki dəqiqəyə onu işə çatdırırdı...
    Oğlanlarının məktəbə maşınla getmələri heç Fuadın ürəyindən deyildi... Amma bu dəb Pərvizin uşaqlığından qalmışdı. Yeddi il bundan qabaq Pərviz birinci sinfə gedəndə onu tək buraxmadılar evdən. Ancaq onda yaxşı idi, Pərviz ikinci növbədə oxuyurdu. Fuad tənəffüsə maşınla evə gəlirdi (onda sürücüsü Qasım deyildi, Raçik idi), nahar edirdi və tənəffüsdən sonra işə qayıdanda Pərvizi də maşınla məktəbə qoyurdu.
    Üçüncü sinifdən Pərviz özü təkbaşına gedib-gəlməyə başladı. Amma iki il bundan qabaq Ceyhunun məktəb yaşı çatdı. Birinci il onun da işi asan idi - ikinci növbədə idi və yenə də Fuad, indi artıq təzə iş yerindən tənəffüsə gəlibqayıdanda (burada sürücüsü Qasım idi) kiçik oğlunu məktəbə atardı. Bu ildən tərs kimi Ceyhunu da, Pərvizi də birinci növbəyə keçirdilər. Qasım səhərlər bir saat tez gəlməli oldu. Qasım evə məhrəm adam idi, vaxtilə Şövqünün şoferi olmuşdu. Rumiyyə Qasımın gözləri qabağında böyümüşdü. Fuad təzə vəzifəyə keçəndə Qasımı şofer götürməyi də ona elə Şövqü məsləhət bilmişdi. Odur kı, Qasım işə bir saat tez gəldiyinə görə donquldanıb eləməzdi. Həm də (yenə Şövqünün məsləhəti ilə) Fuad ona lazımi hörmət edirdi; imkan olan kimi buraxırdı, spidometrdə qeyri-mütənasib çoxalan rəqəmlərin fərqinə varmırdı; bilirdi ki, Qasım tamahkar deyil, maşına yaxşı baxır, maşını hissə-hissə söküb talayan, saz detalları nimdaşıyla əvəz edən nacins şoferlərə oxşamır. Azdan-mazdan xırda-para xaltura qazancı varsa, halal-xoşu olsun. Neçə baş külfət saxlayır. Qasımın dəqiqəsinə söz ola bilməzdi. "Baş üstə Fuad qədəş, düz səkkizin yarısında qapunda cabəca hazıram", "Gözüm üstə, Rumiyyə qızım, düz ikinin yarısında qulluğundayam".
    Amma hər halda uşaqların maşınla məktəbə getmələri Fuadı heç açmırdı. Əvvəla, belə şeyə yaxşı baxmırlar, xüsusilə son vaxtlar ciddi yanaşırlar belə məsələlərə: hökumət maşınını şəxsi məqsədlər üçün istifadə etmək - filan, peşməkan. Eşidib-bilən olacaq, mütləq. Çatdırıb eləsələr yaxşı düşməz. Ancaq nə etməli, Fuadın bütün gün ərzində başını qaşımağa macalı olmurdu. - "Zəhmət çəkib bir saat tez dur, apar. - Mümkün deyil, gecələr ikidən, üçdən tez yatdığım olmur, mən yazıq da, sutkada heç olmasa beş-altı saat yatıb yuxumu almalıyam, ya yox... Yuxusuz gecədən sonra günün bütün gərginliyinə tab gətirmək asan işdir bəyəm? – Arvadın aparsın, işləyib eləmir, nə olar, əgər..." Xəyali müsahibin bu dəlilinə Fuad dürüst və dəqiq cavab tapa bilmirdi. Necə izah edəydi ki, Rumiyyə heç vədə buna razı olmaz. "Onsuz da yuxuma haram qatıb yeddidə dururam, sənin uşaqlarının yeməyini hazırlayıram, bu bəs deyilmiş, geyinib-kecinib məktəbə də getməliyəmmiş, bilməmişik... Bəs onda, görəsən, bu maşın nə üçündür? Ancaq elə sən cənabı işə aparıbgətirmək üçün? Özün bil, səninçün burada bir çətinlik varsa, papama deyim, hər səhər maşınını göndərsin..." Rumiyyə belə cavab verərdi. Şövqü də belə deyərdi, Bilqeyis xanım... Rəhmətlik Bilqeyis xanım sağ olsaydı, o da yəqin belə deyərdi...
    Ancaq Fuadın heç bir vaxt açıq bildirmədiyi narazılığının başqa səbəbi də vardı. Oğlanlarının məktəbə maşınla getmələri ona öz uşaqlığını xatırladırdı. Çox adam, görürsən, uşaqlıq illərini yüngülvarı qəribsəmə, həzin qüssə duyğularıyla yad edir. Amma Fuad öz uşaqlığına nifrət edirdi. Uşaqlığının qəfildən yaddaşına qayıdan hər parçası onda yalnız məyusluq, əsəbilik, pərişanlıq hissləri oyadırdı. O vaxtlar maşınlı valideynlər daha az idi, şəxsi maşını olanlar isə, heç ümumiyyətlə yox idi. Hər halda Fuadın oxuduğu məktəbdə yox idi belələri. Amma idarə maşınları olan valideynlər tək-tük də olsa var idi və hətta belə birisinin oğlu Fuadla bir sinfə düşmüşdü. Özü də tərs kimi bir parta arxasında otururdular. Müharibə təzə qurtarmışdı. Fuadın parta qonşusunun atası hansı nazirlikdəsə yüksək rütbə sahibiydi. "BMV" maşını vardı. Oğlanın nə adı Fuadın yadında qalmışdı (Ramiz? Rəşid? Rasim?), nə də sifəti. Bircə o yadında idi ki, Ramiz - Rəşid - Rasimin saçları qıvırcıq idi. Xırdacaxırdaca qıvırcıqlar - qoyun tükü kimi. Ramiz - Rasim - Rəşid birinci sinfə iki həftə gec gəldi, sentyabrın ortaları idi - dərslər çoxdan başlanmışdı. Fuadgil artıq bir neçə hərfi keçmişdilər; yəni Fuad özu məktəbə getməmişdən bir neçə ay əvvəl də demək olar ki, bütün hərflari tanıyır və hətta höccələyə-höccələyə sözləri qurub oxuya da bilirdi. Yüzəcən saya bilirdi. Təzə gələn oğlan da hərflərə bələd imiş, "Yeddiyə", "yedi" deməsinə baxmayaraq sayıb yüzdən o yana da keçirdi. İki həftə gecikməknən heç nə itirməmişdi. Geri-zad qalmamışdı.
    Nədənsə onu Fuadın yanında oturtdular. Fuad indi başa düşür ki, niyə oğlana məhz Fuadın yanında yer verdilər, daha doğrusu bu yeri niyə saxlamışdılar. Rəşid - Rasim – Ramiz üçün. Fuadın atası - Qurban müəllim həmin məktəbdə dərs deyirdi. O vaxtlar hələ müdir deyildi. Müdir bir ildən sonra, Fuad ikinci sinfə keçən vaxt oldu. Müharibədən təzə qayıtmışdı Qurban müəllim. Döşü medallarla doluydu. İki ordeni də vardı, amma qıçının birini davada qoyub gəlmişdi. O vaxtlar Qurban müəllimin məktəbdə, müəllimlər arasında yalnız zəhmi deyil, nüfuzu, xətri-hörməti də böyük idi... Başına and içirdilər.
    Fuada da elə ilk gündən atasına görə hörmət edirdilər. Sinif rəhbərləri Mina müəllimə onu birinci partada otuzdurdu. Yanındakı yer boş idi. Yəqin ki, müəllimlər Ramiz - Rəşid- Rasimin gecikəcəyindən xəbərdar idilər. Nə isə, sentyabrın ortalarında təşrif gətirib buyurdu, Fuadın yanında əyləşdi. Yaşıd idilər Fuadla, amma Fuad onun çiynindən olardı. İlk tanışlıq günündəcə Fuad parta qonşusuyla əlaqədar üç şeyə diqqət yetirdi və bütün bu üç şeyə görə təzə gələn oğlan onun ürəyinə yatmadı: birincisi boyca Rəşid -Rasim – Ramiz sinifdə hamıdan uca idi. İkincisi qoluna qızıl saat taxmışdı və üçüncüsü... Üçüncüsü dərslər qurtaranda məlum oldu. Uşaqlar məktəbdən bir yerdə çıxdılar, küçəyə düşdülər. Rəşid – Ramiz - Rasim "BMV" maşınına yaxınlaşdı, mindi, getdi. Heç kəslə də vidalaşmadı. Bəlkə ona görə ki, məktəbdə hələ heç kimlə tanış deyildi. Sabahısı Fuad qəsdən tez gəldi, dayanıb məktəbin hündür şüşəli qapılarından küçəyə baxdı, baxdı. Zəngin çalınmasına beş dəqiqə qalmış "BMV" məktəbin qabağında dayandı, Ramiz - Rasim - Rəşid düşdü.
    Üçüncü sinifdə oxuduqları vaxt həmin oğlan onların məktəblərindən çıxdı, Fuad indiyə qədər bilmir: ayrımı məktəbə keçirtdilər oğlanı, ya tamam Bakıdan köçüb getdilər? O vaxtdan bəri bir dəfə də ona rast gəlmədi. Kim bilir, bəlkə də çox illər sonra həyatda rast gəlib ötəri tanış olduğu saysızhesabsız adamlardan biri məhz elə bu Rəşid - Ramiz - Rasimdir. Bir-birini tanımayıblar. Ola bilsin. Ancaq Fuad bunu nə qəti iqrar, nə də inkar edə bilərdi. Heç famili də yadında qalmamışdı. Bəlkə Qurban kişinin yadındadır o uşaq? Hardan? İllər boyu yüzlərcə uşaq gəlib keçib Qurban müəllimin ömründən - bu da onlardan biri. Bəlkə oğlanın atası yadındadır Qurbanın - o vaxt məktəblərində "BMV"-li valideyn neçə nəfər olardı ki, bəlkə də həmin, o Ramiz - Rasim - Rəşid indi məşhur adamdır. Fuad öz-özünə, gülümsündü. Hər halda Ramiz Mirişli deyil. Rasim Balayev deyil. Rəşid Behbudov da deyil. Bəlkə heç adı da bunların heç biri deyilmiş, tutalım Qasım imiş, məsələn... Yox, Qasım ola bilməzdi. Dəqiq yadında idi, adı R. hərfiylə başlanırdı. (Rüstəm, Rəhim, Rafiq?) ya da içində R. vardı. - Bəşir, Cəfər, Arif? Çünki yadındadır. R. hərfini belə birtəhər, şirin tələffüz edirdi və hər dəfə öz adını çəkəndə qızlar pıqqıldaşardılar.
    Aman allah, bu andıra qalmış "BMV" Fuada nə qədər olmazın əziyyətlər verərdi. Bir dəfə, heç olmasa bircə dəfə o, maşına minməyi necə də arzulayardı, ilahi!,. Qəribədir, indi gülməli görünən bu arzu, indinin özündə də onun yaddaşında məzəli bir xatirə kimi deyil, bu günəcən qövr eləyən bir nisgil kimi, həsəd, qısqanclıq, izzət-nəfəs əzabları və amansız bir ehtiras kimi, qarşısıalınmaz, dözülməz cazibə qüvvəsinə malik olan həvəsin yanığı, acısı kimi qalıb. Hafizəsindən qovduğu həmin xatirələr hərdən-birdən ani, keçəri, tələsik lövhələr kimi zehnində alışıb sönüncə Fuad anlayırdı ki, "BMV"-li oğlana ikili, haçalanmış münasibəti - meyli-nifrəti əbəs deyilmiş. Oğlan başqa bir həyat tərzindən gəlmiş elçi idi, qızıl saatlı, "BMV"-li, yay əyləncələri dərsə iki həftə gecikməyə imkan verən bir həyatdan və bu həyatın şirnikdirici, nəfsi qıcıqlandırıcı şövqü Fuadı cəzb edir, çəkirdi və eyni zamanda çatılmaz bir sərab kimi görünərək nifrətini, yanığını, kinini közərdirdi. "BMV"-li oğlanın özü də yeddi yaşlı yaşıdının qəlbində cücərən, kükrəyən, boğulan və yenidən dirçələn bütün bu müxtəlif və mürəkkəb hisslərin yaşamasına əsas verirdi. O, uşaqların hamısıyla çox tez ünsiyyət bağladı. Amma Fuada daha artıq yaxınlıq göstərirdi və bu sıx təmasın məntiqi nəticəsi olaraq bir həftə sonra Fuad parta qonşusunun dəvəti ilə "BMV"-yə minmək imtiyazını qazanmasaydı, sonrakı peşmançılıqlar da baş verməzdi, ruhi əzablara da qatlaşmalı olmazdı... Neçə gün idi ki, Fuad dərsdən sonra Rəşid – Rasim - Bəşir - Arif hər nə idisə gədənin adı - o qıvırcıq saç oğlanın maşınında dərsdən birgə gedirdilər. Fuadgil oğlanın yaşadığı binadan tam əks bir istiqamətdə olurdu. Amma buna baxmayaraq o, maşınla oğlangilin tininəcən gəlir, burda hər ikisi maşından düşür, şofer oğlanı pilləkənlə üçüncü mərtəbəyə qaldırır, Fuad isə iki tin geri qayıdıb tramvaya minirdi.
    Günlərin bir günündə isə elə dərs vaxtı qıvırcıqbaş oğlan birdən Fuadın qulağına əyilib pıçıldadı:
    -Bu gün səni maşınla aparmayacam.
    Bu bəyanat o qədər gözlənilməz, o qədər qəfil idi ki, əvvəl Fuada çatmadı, ona elə gəldi ki, nə isə düz başa düşməyib, düz eşitməyib. Qonşusuna tərəf çevrilib
    -Nə? - deyə soruşdu.
    Fuadın yadındadır, indiki kimi yadındadır ki, oğlan gülümsünürdü, elə mehriban, elə xoş gülümsünürdü ki… Və gülümsünə-gülümsünə də, çevrilib Fuada baxmadan dodağının altında yavaşcadan təkrar etdi:
    -Deyirəm, bu gün səni maşına qoymayacam.
    Ən qəribəsi, Fuadın sonrakı anlayışlarına görə ən dəhşətlisi isə o idi ki, Fuad belə gözlənilməz sərt rəftar üçün heç bir əsas verməmişdi. Heç bir əsas. Heç bir sözüylə, heç bir hərəkətiylə qıvırcıqbaşa zərrəcə toxunmamışdı - dünən mehriban görüşüb ayrılmışdılar, bu gün səhər də eyni mehribanlıqla görüşmüşdülər. Bəs bu qəfil cəzanın səbəbi nə idi? Bəlkə bunu oğlana evdə ata-anası tapşırmışdı. O vaxt belə bir fikir Fuadın ağlına gəlməmişdi, ancaq çox sonralar, hafizəsinə həmişəlik həkk olunmuş bu epizod haqqında ara-sıra düşünərkən, Fuad yenə də bu fikri - yəni ultimatumun səbəbini valideynlərin təkidində görmək fikrini - rədd etmişdi. Çox sonralar, bu barədə fikirləşərkən, o, nəhayət səbəbi dərk etmiş və Fuada elə gəlir ki, tam doğru dərk etmişdi. Qıvırcıqbaş oğlanın gözlənilməz şıltaqlığının bircə səbəbi vardı: ərköyünlük.
    Gücünü bilən və duyan bir şəxsin özündən asılı bir varlığı sındırmaq, mütiləşdirmək, alçaltmaq zövqü... Acizə zalımlıq. Əlbəttə, qıvırcıqbaş oğlan ciddi düşünülüb-daşınılmış bir plan üzrə davranmırdı, qarşısına konkret bir məqsəd - məhz Fuadı sındırmaq məqsədi qoymamışdı; bu sövq-təbii bir ehtiras idi və məlum deyil - sonrakı yetkin həyatında, yaşa dolduqda da oğlan bu naqis ehtiraslarını yaşatdımı, yaxud butün bunlar elə uşaqlıq qəddarlığı səviyyəsində əriyib getdi... Hər halda o vaxt qəti səslə bəyan olunmuş bu qərar, "səni maşına qoymayacam" hökmü tam bir soyuqqanlılıqla çatdırılmışdı Fuada və ən dəhşətlisi o idi ki, Fuad bu hökmü tam bir soyuqqanlılıqla qarşılamaq, eyninə almamaq, beş qat artıq biganəlik göstərmək, özünü sındırmamaq əvəzinə əskik bir yola qədəm qoymuşdu, yalvarıb-yaxarmağa başlamışdı. Əlbəttə ki, açıq-açığına yalvarmırdı, səbəbini öyrənməyə çalışırdı.
    -Axı niyə axı?
    -Elə-belə.
    -Niyə axı elə-belə?
    -İstəmirəm, ona görə.
    -Niyə istəmirsən axı?
    -İstəmirəm, vəssalam...
    -Axı, niyə axı...
    O, yalnız suallar verirdi. Amma "istəmirəm, vəssalam"ın cavabı "istəmirsən, belə cəhənnəmə istə, gora istə" olmadıqda, hər bir "axı niyə" sualı elə yalvarmaq idi də! Fuadın atası da bu məktəbdə dərs deyirdi və "BMV"-li oğlan bunu da bilirdi. Deməli, Fuada qarşı belə tam bir özbaşınalıqla hərəkət edərkən o, nəinki Fuadı saya salmırdı, atasıyla, atasının məktəb dairəsindəki nüfuzu, imkanları, zabitəsi va zəhmiylə də hesablaşmırdı...
    -Dedim ki, istəmirəm...
    -Axı niyə, hə?
    -İstəmirəm, vəssalam, şüttəmam.
    Həm də bütün bu mükalimə dərs vaxtı, pıçıltıyla, gedirdi. Qıvırcıqbaş Fuada tərəf çevrilmədən diqqətlə yazı lövhəsinə, orada tapşırıq yazan müəllimə baxırdı, təbəssümü də üzündən əskilmirdi. Fuadın isə dərs-filan eyninə deyildi. Bir daha "BMV"-yə minməyəcəyi dəhşəti, illah da bu cəzaya heç bir günahı, təqsiri olmadan məhkum olunduğu onun bütün fikirlərini pırtdaşıq etmişdi. "Niyə axı, niyə?" "İstəmirəm, vəssalam".
    Qasıma dönə-dönə tapşırmışdı ki, maşını məktəbdən bir tin aralı saxlasın. Pərvizlə Ceyhuna da demişdi ki, məbadə sinif yoldaşlarınız sizin məktəbə maşınla gəlib-getdiyinizi bilsinlər.
    -Mama, Djeyxun qovorit çto on ne poydet k Qurbanu.
     "Salaməleyküm. Bu küçüklər də demə, babalarını adıyla çağırırmışlar..."
    -Kak gto ne poydet? Djeyxun, kak tebe ne stıdno? Çerkez je zvonila, prosila, çtobı vı zaşli k deduşke.
    -K kakomu deduşke?
    "Əlbəttə "deduşka" ancaq Şövqü ola bilər - ana babası". -Kak k kakomu, raz ə qovoru Çerkez zvonila, znaçit k deduşke Qurbanu. On bolen.
    Dünən Qurbanın təzyiqi qalxmışdı. Fuad özü də bu gün vaxt tapıb atasıgilə dəyməliydi.
    -Mam, ya ne xoçu tuda.
    -Poçemu Djeyxun?
    -U nix ploxo paxnet.
    Pərviz pıqqıldayıb güldü. Ceyhunun sözlərinə Rumiyyə də güldü və azərbaycancaya keçdi:
    -Adam elə deməz, ayıbdır:…
    Fuadın yatağından qalxıb Rumiyyəni danlamasına, "bu da sənin verdiyin tərbiyə, gör doğma babasıgilə necə münasibət bəsləyirlər" deməsinə də hacət qalmadı. Rumiyyə özü kiçik oğlunu tənbeh edirdi. Bu, doğrudan da belə idi. Ancaq oğlanların ata tərəfdən baba-nənəsinə bu cür münasibətləri dolayısıyla Rumiyyənin özünün qayınata-qayınanasına əlaqəsindən mayalanmışdı, mürəkkəb "böyük"lər davranışının uşaqlığın sadə güzgüsündə əksi idi. Burası da belə idi. Qurbanla Çərkəzin evləri - Fuad da subay çağlarında iyirmi beş il həmin bu mənzildə yaşamışdı - köhnə, sınıq-salxaq, ikimərtbəli binanın ikinci qatındakı tək otaq - rütubətliydi, aşağıdan, həyətdən ümumi ayaqyolunun iyi vururdu otağa. Və bu da həqiqət idi. Rumiyyə də, oğlanlar da dəhlizə çıxdılar. Fuad bilmədi ki, mübahisələri nəylə qurtardı. Görəsən, gedəcəklərmi uşaqlar babalarıgilə? Yəqin gedərlər. Adətən, Rumiyyə istədiyini elətdirir; uşaqlar onun sözünə baxırlar. Əlbəttə, əgər doğrudan da istəyirsə bunu Rumiyyə, xala xətrin qalmasın deyə təkid etmirsə... Qapı çırpıldı, Fuad yatağından qalxdı. Bu gecə də heç bir yuxu-filan görməmişdi. Ümumiyyətlə,axır vaxtlar yuxu gördüyü yadına gəlmir. Arxayın sakit yatmışdı, amma nədənsə ürəyində bir səksəkə, narahatlıq duyurdu. Qəribə xətərə idi bu; sanki nə isə pis bir hadisə baş verəcəyini gözləyirdi. Bəlkə də atasının təzyiqi sarıdandır nigarançılıq çəkir. Ya başqa bir xətərəsi var? Nə? Hər halda onu da bilirdi ki, bütün bu qeyri-müəyyən hisslər, fikirlər yarım saat-qırx dəqiqəlikdir - gedib iş yerinə çatanacan. İdarəsinə çatdımı, iş günü başlandımı - öz adı da yadından çıxacaq. Belə-belə hisslər ancaq səhər, yuxudan erkən oyananda, yatağından duranacan on-on beş dəqiqə bekar vaxtı qalanda baş qaldırırdı, ya da nadir hallarda, gecə ikidən sonra qəfildən yuxusu qaçanda. Adətən yuxusundan şikayəti olmazdı. Gecə təqribən birdə, ikinin yarısında çarpayısına uzanardı, jurnalları adda-budda vərəqləyib bir qırağa qoyardı, gecə çırağını keçirərdi və dərhal da yuxu girdabına qərq olardı.
    Nadir hallarda, ildə-ayda bir dəfə, yarım saat-bir saat yuxusu gecikərdi və o zaman başına hər cür ilan-qurbağa fikirlər gələrdi. Şövqü demişkən: "əhvalı mütəğəlğəl" olardı. Ancaq, xoşbəxtlikdən, bu dolaşıq fikirlər kələfini seçib sonalamağa, arıtlayıb durultmağa, keçirdiyi bu qəribə halın qəribəliyini dərk etməyə macal qalmırdı. Yuxu sayıq havadar kimi özünü yetirirdi, onun sakitliyinə qahmar çıxırdı. Bir də səhər üzü oyananda gecə nələr barəsində fikirlər etdiyi heç yadına da düşmürdü. Daha doğrusu, yadına salmağa heç bir həvəs, "əşəddi-ehtiyac" duymurdu.
    Durdu geyindi, yuyunmaq otağına keçdi. Ağ və mavi çex kafelləriylə zövqlə işlənmiş hamam otağı, ağappaq vannanın, mütəhərrik çiləyin, şəffaf su üzü kimi aydın dairəvi güzgünün, əlvan sabunqabının, diş pastalarının, cürbəcür şampunların, təraşdan qabaq və təraşdan sonra kremlərin, kişi odekalonunun, dırnaq qayçısını səliqəsi, hər əşyanın - bədən təmizliyi, yaxşı ovqat, gümrah ruh üçün hazırlanıb yerbəyer edilmiş bütün bu xırda, fəqət gərəkli əşyalar dünyasının sahmanı - Rumiyyə tərəfindən və onun sərt təlim sistemiylə tərbiyələnmiş oğlanları tərəfindən, elə Fuadın özü tərəfindən ciddi səylə qorunan bütün bu səhman-səliqə - hərdən onu sıxır, bıqdırırdısa da daha çox hallarda sevindirir. Gözünü, könlünü oxşayırdı. Hətta dəsmallar asılqanının üstündə də Rumiyyə səliqəylə dörd kiçik kağız parçası yapışdırmışdı: "Fuad", "Rumiyyə", "Pərviz", "Ceyhun" - hərənin öz dəsmalı - qətfəsi vardı və bu rəngbərəng məhrabalar heç bir vaxt dəyiş-düyüş düşməməliydi. Fuad kabinetinə keçdi, "Filips" markalı elektrik üzqırxan maşınını cərəyana qoşub güzgü qarşısında dayandı. Üzünü qırxa-qırxa axar-baxarlı eyvanlarından açılan geniş mənzərəni seyr edirdi: eniş-yoxuşlu Bayıl burnundan Zığ təpələrinə qədər mavi xalı kimi sərilmiş Xəzər açıqlığında nə qədər cilovsuzdusa da, burada, limanda, halqavarı körfəzin içində həmişə sığallı, hamar, yatımlı olurdu. Dünən sulardan qalxıb şəhərin siluetlərini görünməz, sezilməz etmiş duman, bu səhər tamam yoxa çıxmışdı, səma açıq-aydın, tərtəmiz idi və Narginə qədər şəhərin, dənizin bütün lövhəsi ən xırdaca detallarına kimi görünürdü. Narginin özü də ovuc içindəymiş kimi seçilirdi. Liman içində bir neçə gəmi vardı, burnu dəbərmiş katerlər də belədən-belə şığıyırdı. Fuadın fikri üzündə olsa da, gözünün qırağıyla şəhərin səhər mənzərəsinə baxırdı - yaxın bulvarın dümdüz xiyabanlarına, Bakının orasında-burasında boy verib ucalan çoxmərtəbəli binalara - həmişəki kimi müştəri gözüylə baxırdı. Çoxmərtəbəli binalar doğrudan da Bakının siluetini çox dəyişib, əlbəttə, onları daha münasib, daha dəqiq paylaşdırmaq olardı şəhər sahələrinə... Sağlıq olsun, hələ çox işlər var görməli bu şəhərdə. Bu şəhər onun - Fuadın şəhəri idi. Burada doğulmuşdu, burada böyümüş, oxumuş, evlənmiş, əvvəl oğul, sonra ər, sonra ata olmuşdu. Haçansa baba da olacaqdı. Haçansa ölüb gedəcəkdi və bu şəhərin torpağına gömüləcəkdi. Görəsən, hansı qəbiristanlıqda basdıracaqlar onu? Hər halda şübhəsiz, ümumi qəbiristanlıqda yox.
    Qapının zəngini eşitdi. Rumiyyə açdı.
    -Hə, gətirmisiz? Necə verəcəyik?
    Rumiyyə pul dalınca otağa keçdi. Fuad anladı ki, mağazadan ərzaq gətiriblər. O gün Rumiyyədən xahiş eləmişdi ki, yaşıl noxud sifariş versin, görəsən yadından çıxmayıb ki?..
    Dəhlizə keçdi, qarabuğdayı oğlanın ədəblə verdiyi salamı aldı. Döşəməyə qoyulmuş iri həsir zənbilə gözucu baxdı. Bir kilo yağ, ət, yumurta, dörd şüşə borjom, toyuq, smetan, iki banka yaşıl noxud vardı zənbildə. Rumiyyə pulunu gətirdi, kağıza qol çəkdi və zənbili boşaltdı, şeyləri mətbəxə, buz dolabına daşımağa başladı. Fuad da mətbaxə keçdi. Rumiyyə qayqanaq bişirirdi, saçaqlı dama-dama süfrənin üstündə al qırmızı plastmas qabda kərə yağı, holland pendiri, lay-lay nazik doğranıb odda qızdırılmış qara çörək düzülmüşdü. Rumiyyə:
    -Oqtay zəng eləmişdi, - dedi. - Səni istəyirdi.
    Fuad ağzındakı loxmanı çeynəyə-çeynəyə:
    -Hansı Oqtay? - dedi.
    -Muradov Oqtay.
    -Nə deyirdi?
    -Nə bilim, dedim yatmısan, yarım saatdan sonra zəng eləsin. İndi zəng vurar, yəqin. Görəsən nə işi düşüb.
    -Nə bildin işi düşüb?
    -İşi düşməsə obaşdan niyə zəng vurur.
    Məsələ tək Oqtayda deyildi, adamların əksəriyyətinin əksər hərəkətlərində, sözlərində, hətta adicə diqqət əlamətlərində belə, Rumiyyə, həmişə bir təmənna görürdü. Bu cəhətdən Rumiyyə, əlbəttə atasının qızı idi. İnsan münasibətləri yalnız müəyyən təmənna-asılılıq zəminində qurulur - bu, Şövqünün də möhkəm əqidəsi idi.
    Telefon zəng çaldı.
    Rumiyyə:
    -Buyur, - dedi, - adın çək, qulağın bur.
    -Bəli. Eşidirəm.
    -Fuad?
    -Mənəm.
    -Salam, Oqtaydır.
    -Xoş gördük, Oqtay!
    -Səninlə bir balaca işim var. Görüşə bilərik?
    -Bu günlər yaman məşğulam, Oqtay. Gəlsənə bir həftədən sonra zəngləşək.
    -Yox, Fuad, vacib işdir. Hökmən bu gün görüşməliyik.
    -Nə təcili məsələdir ki belə?
    -Fuad Salahlıyla əlaqədardır.
    Fuad başını qaşıdı.
    -Yaxşı. Onda gəl belə danışaq, bir saatdan sonra mənə işə zəng elə. İş telefonum var ki səndə... Görüm necə eləyirəm, bəlkə arada bir vaxt tapdım. Canımçün heç macalım yoxdur...
    -Bilirəm, Fuad, amma bu elə işdir ki... Bilirsən də, Salahlı...
    -Yaxşı, zəng vurarsan, bir şey fikirləşərik. Di salamat qal!..
    Dəstəyi asdı. Deyəsən, Oqtay incidi. İncidisə çox nahaq yerə...
    Bəlkə Oqtay elə zənn edir ki, Fuad özünü baha satır, darter özünü, ya qudurub-eləyib bəlkə... Bir dəfə zarafata salıb "Day sən bizləri bəyənməzsən, sən yüksək dairələrdə oturubdurursan, - demişdiU. - Səfehqulu. Fuad, elə axmaq deyil ki, qudursun ya özün dartsın. Məsələ ondadır ki, Oqtayla Fuad başqa-başqa ritmlərdə yaşayırlar. Ritm uyğunsuzluğu - bax, iş bundadır. İnsanlar arasında ən çox anlaşılmazlıq yaradan, hətta ailədə belə ən çox giley-güzar törədən də elə budur - ritm uyğunsuzluğu. Ərlə arvadın arasındakı narazılığa da çox vaxt - maddi çətinliklər, qohumlar, nə bilim mədəni səviyyənin bir-birinə tən gəlməməsi deyil, məhz ritm uyğunsuzluğu səbəb olur: ər bir ritmdə, bir sürətlə yaşayır, arvad başqa ritmdə, başqa sürətlə... Arvadın, görürsən uzun-uzadı söhbətlərə, aram ünsiyyətə, səbirli və təmkinli hisslərə, fikirlərə, sakitcə düşünüb-daşınmağa vaxtı da var, həvəsi, meyli də... Ərindən də bunu istəyir-diz-dizə oturub tələsmədən danışsınlar, arxayın-arxayın gəzintiyə çıxsınlar, yavaş-yavaş bütün məsələləri, gələcək planları götür-qoy eləsinlər, tələsmədən xatirələrə dalsınlar - bu onun, arvadın həyat ritmidir. Kişinin isə vaxtı-macalı yoxdur, bütün işləri çatdırmaq üçün tez düşünməli, tələsik qərarlaşdırmalı, becid hərəkət etməlidir... Uzun-uzadı götür-qoylara, davamlı ünsiyyətə, ətraflı mükaliməyə imkanı yoxdur... Arvadın, uşaqların qeydlərinə qalmağa, qayğılarına dalmağa boş-bekar saatı da olmur.
    Oqtay da bax belə... Oqtay başqa ritmdə yaşayır. Tələsmədən sərgiləri gəzməyə, arxayın-arxayın kitab oxumağa, küçələri seyr eləyə-eləyə piyada addımlamağa vaxtı var. Dostlarıyla şirin söhbət və qızğın mübahisə eləyir, rastına çıxanlarla müfəssəl hal-əhval tutur, telefonla yerli-yataqlı danışır. Elə sadəcə olaraq öz içinə qapılıb arxayın-arxayın hər şeyi düşünüb-daşınır. Halal-xoşu olsun, vaxtı var, amma Fuadın yoxudur, axı. Heç nəyə, heç nəyə macalı yoxdur. Gündəlik praktik işdən başqa, vəzifəsinin xüsusiyyətindən doğan və hər saat qarşısına çıxan onlarla konkret məsələnin həllindən başqa. "Bu məsələ belə, o məsələ də bax belə. Vəssalam, keçək yeni məsələyə..." Budur, Fuadın həyat ritmi! Odur ki, bu ritmi gərək başa düşəydilər, Oqtay da elə Fuadın ailəsi də, Rumiyyə də, uşaqlar da, atası-anası da... Ritm uyğunsuzluğunun səbəbi və təqsiri Fuadda deyil ki, daha ondan incimək nəyə gərək?..
    Qapıdan çıxanda:
    -Rima - dedi, - işdən sonra dədəmgilə dəyəcəyəm.
    Sonra da tədbirimiz var. Gec gələcəm...
    Rumiyyə heç nə demədi.
    -Salam, Qasım, uşaqları apardın?
    -Salam, Fuad qədəş, bəs necə?
    Maşının arxa tərəfində oturdu.
    -İdarəyə.
    Qasımdan nə isə soruşmalıydı, amma nə? Heç cür yadına sala bilmirdi. Yəqin nədirsə, o qədər də əhəmiyyətli şey deyil. Əhəmiyyətli olsaydı yadında saxlardı, ya da yazıb qeyd edərdi bir yerə. Amma hər halda nə idisə, elə şey idi ki, soruşmalıydı, kərək soruşaydı - bu, dəqiq yadındadır. Nə? Bəlkə Qasımın özü yadına saldı. -Nə var, nə yox, a Qasım? Qasım: -Sağlığınız, - dedi və susdu. Maşın Nərimanov prospektindən İnşaatçılar prospektinə buruldu. Üzüaşağı getməyə başladılar. Qəribədir ki, Qasım dinib-danışmırdı. Məəttəl qalasıdır lap. Adətən, Qasım dil-boğaza qoymazdı. Nələrdən danışmazdı Qasım - Amerikanın xarici siyasətindən, birinci xəlifələrin həzrət Əliyə münasibətindən, hind kinolarından, JEK-dəki həyasız müdirin hoqqalarından, çəkməçi Xaçikin lotereyayla motosiklet udmasından, qonşularındakı ərzaq dükanına qəfil oblavadan, Neftçinin kubok almaq şanslarından, Şövqünün alicənablığından, rəhmətlik Bilqeyis bacının zəfəranlı plovundan, Fuada həsəd çəkən paxılların gözlərinin gec-tez çıxacağından, Rumiyyənin yorğan sırımaq üçün Qızxanım arvada ismarış göndərməsindən və Qasımın bacısının gedib həmin arvadı Bülbülədən tapıb gətirməsindən, Pərvizlə Ceyhunun, maşallah, allah saxlasın, mərifətli uşaq olmalarından və Qasımın öz övladlarından, əmisi oğlanlarından, xalası nəvələrindən, dayısı qızlarından, nə bilim daha kimlərdən, nələrdən və ən çox da əlbət ki, Qəmbərdən. Qəmbər Qasımın böyük qardaşı idi. Qasımgilin saysız-hesabsız qohum-əqrabası içində yeganə oxumuş, ali təhsilli adam idi və özü də Universitetdə laboratoriya müdiri idi... Haçansa və hardasa Fuad da tanış olmuşdu Qəmbərlə... Qasımın isə dilindən düşməzdi Qəmbər... Özü də onun adını həmişə Fuadın adıyla qoşa çəkərdi, "Fuad qədəşin, Qəmbərin canıyçün...", "Qəmbərin, Fuad qədeşin ölmüşünə...", "Bu çörək mənə haram olsun, gözlərim bir də Qəmbəri, Fuad qədəşi görməsin, əgər yalan deyirəmsə..." Qəmbər Qasımçün, hədsiz-hüdudsuz bir iftixar mənbəyi idi. Fuad əyninə təzə bir şey geydimi, ya evlərinə təzə bir şey aldımı, Qasım mütləq "sağlığınıza qismət Fuad qədəş, toçnı bunun cüt ekizindən Qəmbər də alıb" - deyərdi. Hərdən Qasım bədbin fikirlərə qapılıb taleyindən şikayətlənərdi. "Deyirəm Pərvizə, bax, bala, dərslərinə yaxşı fikir ver, oxu, böyük adam ol, atan kimi, Qəmbər kimi... yoxsa mənim kimi bisavad kimin nəyinə gərəkdir". "Qəmbər deyir, at bu şoferliyi, gəl otur mənim bağımda, bir az bağa-zada da baxarsan, əyin-başın, yemək içməyin də məndən... Daha indi mənə məvacib verməyəcək ki... qardaş qardaşdan məvacib alar? Biabır olarıq ki, camaatın yanında. Amma deyir, bax bağda səninçün ayrıca bir ev də tikdirim, külfətini də gətir ora, qış-yay qal orada, həm bağa göz olarsan, həm də oranın havası bilirsən - can dərmanıdır. Bilirəm, Fuad qədeş, Qəmbər də, siz də imkanınız olsa bir gün bu şəhərdə qalmazsız, hayıf deyil bağ... Amma day siz vəzifə adamlarısınız, mənə nə var ki, mən Fuad qədəş deyiləm, Qəmbər deyiləm ki, hər dəqiqəm qızıl qiymətinə olsun, hökumətin işi mənsiz də aşar, dəli şeytan deyir, keç otur Qəmbərin bağında... Özünün orda yaxşı ikimərtəbəli evi var. Görməmiş olmassız. Görməmisiniz?.. Əşi, nə danışırsan?. Day o bağın tərifin eşitməyən yoxdur. Bir dəsgahdır, vallahi!... Abşeronda deyir, bir akademik var, onun bağı birincidir, Qəmbərinki ondan sonra ikinci... Yox, Şövqü Camaloviçin bağına da söz ola bilməz! Mənim yadıma gəlir Şövqü Camalovicgil o bağa köçdüyü il... Rumiyyə bacı lap qundaqda idi o vaxt...
    Qasım iyirmi il Şövqünün şoferi olmuşdu. Bilqeyis xanım rəhmətə gedəndə bu boyda kişi hönkürüb zırhazır ağlayırdı. Fuad heç vaxt Qasımın xətrinə dəyməzdi, amma çox vaxt onun uzun-uzadı biməzmun söhbətləri adamı lap təngə gətirirdi. İllah da Qasım məzəli danışmağa cəhd edəndə. Bəzən Fuad düşünürdü ki, həyatda ağır mənəvi işgəncələrdən biri də duzsuz yumora dözmək işgəncəsidir. Qasım: filankəsin papağı sətəlcəm olub, deyirdi. Fuad istər-istəməz fikirlərindən ayrılaraq: Papağı, necə yəni papağı sətəlcəm olub? - deyə xəbər alırdı. - Qasım sözləri bir-bir, iştahla tələffüz edərək:
    - Bəs necə - deyə təmkinlə danışmağa başlardı: Yelbeyindü də... Başında o qədər yel əsib ki, papaq, qaragün, sətəlcəm olub da... Fuad bilmirdi neyləsin, gülsün, ya susub matdım-matdım
    Qasıma baxsın.
    -Qasım, saatın yenə yatıb?
    -Yatıb, Fuad qədəş... Bilmirəm bu niyə postoyannı yatır, yuxusun ala bilmir. Elə qururam, bir az çaq-çuq eləyir bir də gördün, yallah, başın qoydu balışa, xorna çəkdi özüyçün...

<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (05.12.2013) | Müəllif: R.C E W
Baxış: 959 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more