Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-2-ci cild-15
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>

    Fuad axır vaxtlar çəmin tapmışdı belə söhbətin… Qasımın danışıqlarını eşidir, amma dinləmirdi. Bəzən də, lap canı boğazına yığılanda: "Qurban olasan Şövqüyə, yoxsa səni çoxdan əkmişdim, - deyə düşünürdü. - Eybi yox səninlə mənim aramda da az qalıb". Təzə yerinə Qasımı götürməyəcəkdi. Şövqü də gərək day ondan incimiyəydi. Oranın öz sürücüsü var, özü də pis oğlan deyil. "Volqa"nı ondan alıb Qasıma vermək, onu Qasımın "Moskviç"inə keçirtmək olardı, amma yaxşı düşməzdi bu... Necə baxardılar buna?.. Ətrafına öz adamların yığır və s. Şövqü də bunu başa düşməlidir məncə. Qasım ki bir şey itirmir. Qalar elə əvvəlki işində, ya da axır ki, bağa köçüb qardaşı Qəmbərə bağban durar. Yaxud qalıb Fuadın yerinə gələni gəzdirər. Fuadın yerinə gələn. Kim gələcək yerinə Fuadın? Neçə vaxt idi ki, arabir bu barədə fikirləşirdi, amma hələ qəti qərara gəlməmişdi. Çox götür-qoy edib üç nəfərin üstündə dayanmışdı, amma bu üçündən birini seçməyi bacarmırdı. Bu haqda ətraflı düşünməyə də macalı yox idi. Hələ vaxt var, qoy hələ mənim öz məsələm həll olunsun. Məsələ, şübhəsiz həll olunmuşdu, bu gün-sabahlıq idi, necə deyərlər...
    -Fuad qədəş, məktəb hazırdır a!.. İki aya təhvil verəcəklər.
    Payızdan burda başlayacaq dərslər. Fuad çevrilib pəncərədən baxdı, taxta hasar ardından ucalan üçmərtəbəli binanın inşaatı, demək olar ki, bitmişdi. Zahiri tərtibat işləri qalırdı. Qasım dərindən köks ötürdü və Fuad başa düşdü ki, yenə həmin söhbəti salacaq. Bu söhbəti təzələməyə, çeynəyib-çeynəyib dönə-dönə çəkib-çevirməyə Fuadın heç bir həvəsi yox idi. Amma, deyəsən, bu gün Qasımın da qırımı ayrı idi - uzun-uzadı söhbətlər başlamağa meyli yox idi. Nə əcəb Qasımdan, nə olub ona bu gün belə... heç eyni açılmır. Nə soruşacaqdı Qasımdan, yadına düşmürdü ki, düşmürdü... Qasım birinci ahının Fuada çatmadığını zənn edərək ikinci dəfə daha dərindən ötürdü köksünü və bununla da kifayətlənməyib, axır ki, sözünü ürəyində saxlaya bilmədi:
    -Allah baisin evin yıxsın, - dedi və bir qədər sükutdan sonra əlavə etdi, - bir adamın ki, ayağı başından böyük ola, ondan daha nə gözləyirsən - Fuadın qanmadığını görüb, sözünü xırdaladı - Fuad qədəşin, Qəmbərin ölmüşünə - papağı 42 razmer geyir, ayaqqabını 43.
    Fuad güldü. Qasımdan hərdən doğrudan da baməzə sözlər çıxırdı. Həm də bu sözün düzünü duymaq üçün gərək Qafur Əhmədlinin vücudunu təsəvvüründə canlandıraydın. Qafurun başı bədəninə görə doğrudan da çox balaca idi. Qasım Şövqünün yanından gedəndən sonra və Fuadın yanına gəlməmişdən qabaq bir müddət Əhmədlinin yanında işləmiş, onunla yola gedə bilməmiş, ərizəsini verib çıxmışdı. Həmişə bu hadisədən söz düşəndə Qəmbərə isnad edib deyərdi: Qəmbər dedi, Qasım, bizim adımıza, nəslimizə yaraşmaz ki, sən o cür müxənnət adamın qapısında şoferlik eləyəsən. Şövqü də elə o vaxtlar Fuada demişdi ki, Qasım bir nanəcibə rast gəlib, yola gedə bilmir onunla, Qasımı işə götür. Qasım Qafur Əhmədliyə şəxsi düşməni kimi baxırdı və indi Əhmədlinin Fuadın atası Qurban müəllimə elədiyi pisliyi eşidəndən bəri elə bir bu zəmində-Qafur Əhmədliyə ədavət zəminində - Fuadgilin ailəsinə, bu səfər Fuadın atası tərəfdən, bir növ daha da məhrəm olmuşdu. Qasım sövq-təbii bir iftixar hissi də keçirirdi bu səbəbdən: məni yola verməyən adam, həm də gör kimlərə təpik atır - Fuad qədəşin atasına, Şövqü Camaloviçin qudasına! Qafur Əhmədli rayon maarif şöbəsinin müdiri idi və Qurbanı bir ay bundan qabaq məktəb müdirliyindən onun fəal təşəbbüsüylə çıxartmışdılar. Bu gün-sabah tikilib hazır olacaq bu təzə məktəb binasının bünövrəsini Qurban qoymuşdu. Otuz ilə yaxın müdirlik etdiyi məktəbi köhnə, darısqal binadan yeni layihəyə əsasən tikilmiş təzə müasir binaya köçürmək üçün Qurban dəridən-qabıqdan çıxmış, bir neçə il bundan qabaq, axır ki, qərarı təsdiqlədə bilmişdi. Payızda köhnə məktəb bu təzə binada dərsə başlayacaqdı və məktəbin bir ay bundan qabaq təyin edilmiş yeni müdiri sentyabrın birində buranın qapısına bağlanmış qırmızı lenti qayçıyla kəsəcəkdi...
    Deyirlər ki, təzə müdir Qafur Əhmədlinin adamıdır, kimi deyir yerlisidir, kimi deyir qohumudur, kimi də deyir ki, xeyr nə qohumdur, nə yerlisi, yeyb-içmək dostudur, özü də bu yerə gəlmək üçün şöbə müdirini əməlli-başlı "görüb". Elə o vaxtdan canbir qəlbdirlər. Bu onun məclisinin başında oturar, o bunun.
    Qasım:
    -O adam özgə nüsxə, özgə tumdur - dedi. - Mən demişəm, onun başı qarnındadır, bir qarın yeməyə dədəsini də satar... Fuad qədəşin, Qəmbərin əziz canıyçün, düz gözünün içinə demişəm... Balamı sağ görməyim, yalan deyirəmsə...
    Qasım "Balamı sağ görməyim" deyəndə Fuadın birdən yadına düşdü: Qasımın oğlu ağır xəstələnib. Dünən qızdırması qırxa çıxmışdı. Qasım xahiş elədi, Fuad onu işdən ertə buraxdı, həkim, dərman dalınca gedəsi idi. Onu soruşasıydı, uşağı, səhərdən heç cür yadına sala bilmirdi, amma indi, yadına düşəndən sonra da Qasım macal vermirdi ki soruşsun. Elə hey üyüdüb tökürdü, elə hey Əhmədlinin qarasına danışırdı:
    -Şax gözünün içinə dedim, allaha and olsun. Bir dəfə dedi mənə ki, başım ağrıdan çatlayır, get mənə piramidon al gətir. Day yığmışdım ondan xirtdəyəcən, özümü saxlaya bilmədim, dilim dinc durmadı, dedim, gedərəm, nöş getmirəm, amma gedib sənə piramidon yox, purgen gətirəcəm. Purgen niyə, dedi, dedim ona görə ki, sənin başın ağrıyanda qarın dərmanı içməlisən. Sənin başın da, ürəyin də qarnındadır... Sən qarnıvın qeydinə qal, başıvı neynirsən... Qəmbərə danışmışam, day o qədər gülüb ki, qəşş eləyib gedib özündən. Qafur Əhmədli onunçün mənimlə pəs düşdü də... - Qasım susdu bir müddət sonra şaqqanaq çəkib güldü: - Purgen ha! - öz atmacası bərk xoşuna gəlmişdi, həm də yaddaşı pis idi, bu əhvalatı azı on yeddi dəfə danışmışdı Fuada. Qasımın baməzəliyindən yəqin ki Qafur Əhmədli də çəkdiyini çəkib və hətta Əhmədliyə qarşı mərhəmətə bənzər bir hiss də oyandı Fuadın ürəyində: necə olsa bir il Qasımın yumoruna dözüb heyvancığaz. Zənd-zəhləsi gedirdi bu adamdan. Atasına qarşı nanəcib rəftarına görə də, Qurbanın Fuadın atası, Şövqünün qudası olduğunu bilə-bilə onların heç birini saya salmadığına, elədiyini elədiyinə görə də... Eyib etməz... Heç zərəri yoxdur, yeri gələr, dərsini verərik... Örkən nə qədər uzun olsa da gəlib bir gün əlbət keçər doğanaqdan... Qoy bir macal eləyim. Qafur Əhmədlinin yatsa heç yuxusuna da gəlməyəcək ki, bu gözlənilməz badalağı kim vurdu ona, hardan dəydi, bu zərbə... Qoy bir macal eləyim...
    Qasım:
    -Purgen ha! -deyə yenə güldü. - Ay səni evinəcən, kişi... Səndən də sözlər çıxır a, ay Qasım!..
Üçüncü fəsil


    -Siz bu gün müdirsiniz, sabah heç kim... adicə bir müəllim! - Qadının dili təpirdi, al qırmızı boyanmış dodaqları tir-tir titrəyirdi. Bərk həyəcanlanmışdı, əsəbdən, hikkədən bütün içi qaynayırdı. - Bəli, yerivizi bilin. Mənim yoldaşım isə Əhmədlidir. Siz bu gün varsız, sabah yox, Əhmədli isə həmişə Əhmədlidir!
    Məsələn, Əhmədli. Qadın, əlbəttə ki, Əhmədli demirdi. Başqa bir adamın adını çəkirdi. Amma Fuadın yadında qalmamışdı - qadının ərinin əsil familiyasını xatırlaya bilmirdi. İyirmi səkkiz il keçirdi bu söhbətdən, hardan yadında qalaydı. Ad, familiya yadında qalmamışdı, amma qalan hər şey, ucaboylu, ağcamaya qadının qabardin paltosuna, torlu qara şlyapasına, səsinin, həyəcanının hər çalarına, hər xalına qədər - hər şey dəqiq yadında idi. Atası onu görmürdü. Arxası qapıya dayanmışdı. Fuad da Qurbanın kabinetinə təsadüfən gəlmişdi, bufetdən ponçik almaq üçün atasından pul istəyəsəydi. O vaxt Fuad altıncı sinifdə oxuyurdu. Qapıda Fuad Bilqeyis xanımın (məsələn, Bilqeyis xanımın) qəzəbdən pörtmüş sifətini görüb ayaq saxlamış, istər-istəməz acı, kinayəli sözlərinə qulaq vermişdi. O, atasının səsini eşitmir, üzünün ifadəsini görmürdü, ancaq atasının kürəyindən belə sifətinin sapsarı saraldığını duyurdu. Bilqeyis xanım oğlunun davasını çəkməyə gəlmişdi. Görünür, Qurban uşağı sinifdən qovubmuş: "Bir də bu halda məktəbə gəlmə, get bu məcnun zülflərini qırxdır",- deyib. İndi də Bilqeyis xanım bu cümləni dönə-dönə təkrar edirdi. "Yaxşı, pis oxuya, dəcəllik edə, siz də bizə, valideynlərinə şikayət edəsiz, bu başqa məsələ. Yoxsa nə var, nə var, saçı uzundur. Yaxşı, tutalım lap elə saçına görə zameçani eləyirsiz, bunu yəni təklikdə, xəlvət yerdə demək, uşağı qandırmaq olmazdı bəgəm... Yoxsa axı yekə oğlandır, səkkizinci sinifdədir, tay-tuşunun içində, qız var, oğlan var...
    Uşağın da özünə görə samolyubası var axı... Bəlkəm, qulağınıza səs dəyib, bəlkəm adamsız görmüsüz onu... nədir dünya bəgəm dərəbəylikdir, onun atası-anası bəgəm ölüb ki, onunla bu sayaq rəftar eləyirsüz... Adıvı da müəllim qoymusan uşaq dünəndən gəlib yemir, içmir, üzülüb əldən gedib..."
    Qurban susub durmuşdu, Bilqeyis xanım elə hey üyüdüb tökürdü... Ancaq Fuad atasının susmasından nigaran idi. O, atasının bu cür susmasına yaxşı bələd idi. - Qurbanın belə sükutu əsəbiliyin, gərginliyin son həddidir, indi nə isə olacaq, nə isə olacaq...
    -Vallah, yoldaşım bilsə...
    Qurban bu tərəfə çevrildi və Fuad onun sifətini gördü...
    -Çıxın bayıra... bu saatca!.. - Fuad bu sözləri eşitmədi
    Qurbanın dodaqlarının tərpənişindən oxudu və bu zaman, Qurban çevrilərkən Bilqeyis xanımın oğlunu da gördü - həmin o səkkizinci sinifdə oxuyan oğlanı, nə idi onun adı, ay allah?
    Bilqeyis xanım... Əlbəttə, arvadın da adı, çox güman ki, Bilqeyis deyildi... Bilqeyis Fuadın rəhmətlik qayınanasının adıdır. Qayınanasının da ki, dünyada gözünün ağı-qarası bircə balası olub, - Rumiyyə, Fuadın arvadı Rumiyyə, Rima, Rimiçka. Rima, Rimiçka, Rumiyyə də ki, tamam başqa məktəbdə oxuyub... Amma... Amma hafizə sandığında həmin qadın nədənsə Fuadın çox illər sonra tanış və daha sonralar da qohum olduğu Bilqeyis xanımla eyniləşirdi. Niyə? Kim bilir? Bəlkə zahiri bir bənzəyiş vardı. Bəlkə Bilqeyis xanım da dodaqlarını belə al qırmızı boyayırdı. Bəlkə bu cür qabardin paltosu ya qara torlu şlyapası vardı. Yox, Fuadın heç yadına gəlmir Bilqeyis xanımın dodaqlarına belə al qırmızı boya çəkməsi. Qabardin paltosu bəlkə vardı, bəlkə də haçansa – o vaxtlar, qabardin dəb olan çağlar - Fuadın onu hələ tanımadığı zamanla varmış... həmçinin qara torlu şlyapası da... Bəlkə zabitəsi, harınlığı, mənəm-mənəmliyi? Bəlkə kobudluğu - Qurbana qarşı kobudluğu? Yox, Bilqeyis xanım Fuadgillə, Qurbanla qohum olduqları müddətdə bircə dəfə da olsun nə Qurbanla, nə Çərkəzlə, nə də Fuadın özüylə belə qaba, sərt danışmamışdı. Bəs bu assosiasiya, anım, bu bənzətmə, eyniləşdirmə nədəndir, neçindir, hardandır? Niyə həmişə bu səhnə Fuadın zehnində alışıb sönəndə, həmin qadını öz içində Bilqeyis adlandırır? Bəlkə də ona görə ki, əsil Bilqeyis xanım da, o şərti Bilqeyis adlandırdığı qadın da ucaboy idilər, Qurban kişi isə (elə oğlu Fuad da ona çəkib) balacaboylu idi. Və hər iki qadın Qurbanla danışanda ona yuxarıdan aşağı baxırdılar. Əlbəttə, qayınanasını nəzərdə tutduqda Fuad bu ifadəni məcazi yox, hərfi, müstəqim mənasında işlədir.
    -Fuad qədəş, pererivdə bir yerə gedəcəyik?
    -On ikinin yarısında burda ol, Qasım, aerodrome gedəcəyik.

***


    Fuad vərdiş halını almış ötəri bir baxışla qapının üstündəki yazıya - öz adı, familiyası qəbul günləri və saatları qeyd olunmuş lövhəyə baxdı və katibənin otağına keçdi. Fuadın və rəis Əhməd Nəzərovun katibələri müştərək idi. Katibə Nelli ayağa durub salam verdi. Sağa və sola açılan hər iki qapı - rəisin və müavininin - Fuadın qapıları taybatay açıq idi. İri divar saatı düz doqquzu göstərirdi. Bütün bunlar da dəqiq vərdiş halını almışdı - katibə Nelli işə doqquzdan qabaq gəlirdi - doqquza onmu, beşmi dəqiqə qalmış... Fuad düz doqquzda gəlirdi, rəis isə ona on beş dəqiqə işləmiş. Fuad özünə qəti söz vermişdi ki, o biri kabinetə keçəndən sonra da bu adətinə xilaf çıxmasın. Həmişə düz doqquzda gəlsin və gələcək müavinindən də eyni dəqiqliyi tələb etsin. Fuadın bu kabinetdən o kabinetə keçməsi artıq, demək olar ki, həll olunmuş məsələ idi, yaxın həftələrin, bəlkə də günlərin birində bitib başa çatmalıydı bu iş.
    Fuad otağına keçənə qədər Nelli ayaq üstdə qaldı. Nelli qısaqollu, təzə yaşıl paltar geyinmişdi və bu paltar on doqquz yaşlı yaraşıqlı qızı daha da gözəlləşdirirdi. Fuad qaş-qabağını salladı; Nellinin masasının yanında cins şalvarlı, idmançıya suyu çəkən cavan, lap sütül bir oğlan dayanmışdı. Fuad onu üzdən tanıyırdı. Mir İsmayılın şöbəsində işləyirdi, ancaq, deyəsən, vaxtını öz şöbəsindən daha artıq Nellinin yanında keçirirdi, nə barədəsə hey xısın-xısın danışıb-gülüşürdülər. Özünə tənbeh eləmək yüngüllük olar, amma bir macal tapıb Mir İsmayıla demək lazımdır, qulaq-burması versin. Doğrudur, idarənin bütün başqa işçiləri, daha doğrusu, butün kişi əhli də Nelliyə biganə deyildi. Hərə bir bəhanə tapıb özünü bu otağa salır, ara xəlvət olduqda Nelliyə bir-iki compliment deyir, bayramlarda, illah da səkkiz martda ilk hədiyyəni – bir plitka şokolad, bir dəstə gül, bir flakon tapılmayan ətir – indi kimin fərasəti nəyə çatırdı - Nelliyə gətirərdilər. Əlbəttə, Nelliyə qarşı bu xoş rəftarın yeganə səbəbi qızın gözəlliyi, gəncliyi, yaxud hamının ondan bir balaca kəsməsi deyildi. Çoxlarının Nelliyə belə xoş münasibətinin sırf praktik, əməli səbəbləri vardı: Nellinin vasitəsilə xahişini idarə rəhbərlərinə daha tez çatdırmaq olardı, Nelli lazımi sənədə, istənilən arayışa şəxsi münasibətlərindən asılı olaraq çox tez ya çox gec qol çəkdirə bilərdi, Nelli şeflərin qəbuluna düşmənin məqamını hamıdan dürüst bilirdi - rəisin ya müavininin bu gün ovqatı necədir - qanı qaradır, ya kefi ala buluddadır, filan məsələ bu gün qaldırılsa - lap yerinə düşər, ya bu işin hələ ki, heç üstün vurmasan yaxşıdır və nəhayət, Nelli müdiriyyətin bir-biriylə münasibətlərini, hər hansı bir işçiyə əlaqəsini də hamıdan səhih bilərdi - müdirlə müavini necə salamlaşdılar, müdirlə partkom necə görüşdülər, müavinlə mestkom necə danışdılar - bütün bu məlumatları ancaq və ancaq Nellidən almaq olardı...


    Sözün düzü Fuad özü də bu qızdan bir balaca kəsirdi... Nə isə xoşuna gəlirdi onun çiyninə tökülmüş dümdüz saçları, altdan-altdan oğrun-oğrun baxması, uzun qıçları və həmişə ciddi ifadə saxlamağa çalışan sifətinin gözlənilməz, qəfil gülüşlə işıqlanması. Burda bir günah iş yox idi ki, xoşu gəlirdi, vəssalam. Ancaq bir çoxlarından fərqli olaraq Fuadın qəti əqidəsi vardı: işlədiyin idarədə, illah da tabeçiliyində olan qızgəlinlərə heç bir vaxt ayrı gözlə baxmamaq. Yəni baxmamaq deyəndə, o qədər də dəqiq deyildi bu təbir, baxmağına baxırdı, lap belə əməlli-başlı baxırdı və fikrindən də cürbəcür gözəlgözəl xəyallar keçirdi. Ancaq həmişə bu şıltaq istəklərini, bu ötəri xəyallarını kökündən kəsib atmağı da bacarırdı. Əlbəttə, Nelliylə kiçik bir flirt heç də bəd olmazdı. Fuadın yaşı qırxı ötmüşdü və əgər haçansa onu yaşca özündən böyük qadınlar daha artıq cəlb edirdisə, son illər, əksinə, daha çox gəncliyə meyl edirdi - düşünürdü ki, yəqin bu qocalmağın da olmasa - yaşa dolmağın əlamətidir... Bəzən fikirləşirdi, - haçansa, lap gənc yaşlarında qərara gəlmişdi - qadınların xoşuna gəlmək üçün gərək çox məşhur, ya çox istedadlı, ağıllı, bir sözlə nə isə qeyri-adi adam olasan və qeyri-adi işlər görəsən, yüzlərin, minlərin içində seçiləsən və çoxları buna can atır, bütün ömürlərini, həyatlarını sərf edirlər ki, seçilsinlər, başqalarından üstün olsunlar, bəyəndikləri qadınların da diqqətini cəlb etsinlər və bu mübarizəyə gedən illərdə nə qadınlara doyunca vaxt ayırmağa, nə əməlli-başlı sevibsevilməyə, nə də insanı məst edib, gündəlik yaşayışdan ayırıb aparan məhəbbətə macal qalır... Və qadın, gözəllik, nəşə və məhəbbət naminə seçilmək ehtirası artıq bir vasitə yox, özü özlüyündə məqsəd olur. Və bəlkə Fuadın bu yaşında Nelli kimi gənc və cazibəli bir qızla sevişməsi - özü ən ali bir məqsəddir - rəislikdən də, bütün başqa niyaz-imtiyazlardan daha yüksək və həqiqi məqsəd. Ancaq Fuad onu da dərk edirdi ki, ağlından keçənlər - xam xəyallardır, ailəsi var, iki oğlu var, Şövqü var və bütün bunlar uzunmüddətli, bəlkə də ömürlük dəyərlərdir, ən qızğın, ən çılğın eşq isə bir aya, üç aya, uzağı bir ilə alışıbsönür, neçə deyərlər, yanır, sovrulub havaya gedir - yerində külü qalır, vəssalam. Amma hər halda könlü, necə deyərlər, gizli istəklər guşəsini -surquclu möhürlərlə kip bağlamaq da düz deyil axı... Nelliylə kiçicik bir roman... Əlbəttə Bakıda yox, məsələn, bir aylıq yay məzuniyyəti kurort - Krım, Soçi, Pribaltika... yaxud daha da arxayınçılıq olsun deyə - ümumiyyətlə ağlagəlməz bir yer - Bakı camaatına heç vəchlə rast gəlməyəcəyin bərgüzidə guşəsi böyük məmləkətimizin - Baykal gölü, İssık-göl, nə bilim Kamçatka kurortları... Aman, aman... Bəlkə də, haçansa, kim bilir... Fuad rəis olandan sonra, bir gün, işgüzar bir ezamiyyət. Çox ciddi və təmkinli tonla: "Nelli! Məni Moskvaya çağırırlar, müşavirəyə, orada cürbəcür yazı-pozum, tapşırıqlarım olacaq. Kadr şöbəsinə deyin, sizin də əmrinizi hazırlasın". Bunlar hamısı çox gözəl, amma, görəsən, Nellinin heç yatsa yuxusuna gələrmi ki, Fuad ağlında belə şeylər tutub... Niyə tərs kimi həmişə ucaboylu qızlardan xoşu gəlir? Bircə Rumiyyədən başqa, Rumiyyəylə boyları bərabər idi - əlbəttə, Rumiyyə dikdaban çəkmə geyməsəydi. Neçə dəfə boyunun qısalığı Fuadı xoşladığı qızlardan məhrum etmişdi. İndi Fuad bu məsələyə müəyyən məzəylə baxırdı, ancaq axı, haçansa ilk gənclik illərində bu zarafat deyildi, faciə idi. Faciə ha, faciə tapdın, gülməlidir, vallah! İndi bəlkə məzəli gəlir, amma ilk gənclik illərində, rastına çıxan hər bir gözəl qıza sevişmək, evlənib ailə qurmaq niyyətiylə baxarkən – bu qızların böyük bir qismi ona əbədiyyən çatılmaz idi. Boylarına görə. Küçədə yan-yana, qol-qola gedərkən kişinin başı qadının çiynindən olması - Fuadçun dözülməz bir lövhə idi.
    Gülməlidir, həm də faciə idi bu. İllah da bir dəfə - Fuad Əsmərə aşiq olanda. Əsmər Oqtayla bir sinifdə oxuyurdu, Fuadgildən iki sinif aşağı. İçərişəhərdə olurdular. Əsmərgil - bir özüydü, bir də anası... Sonralar Əsmər Camala ərə getdi. Camal onların məktəblərində ingilis dili dərsi deyirdi, Qurbanla da heç yola getmirdi... Qurban "zəhləm elə əzmə-büzmə kişilərdən gedir - deyərdi - bir kişi ki, cibində dırnaq qayçısı gəzdirə ondan nə gözləyirsən...U Doğrudan da Camal ifrat səliqə-sahmanlı idi... Hamı elə bilirdi ki, Əsmər Oqtayla gəzir, həmin bu Oqtayla, Muradov Oqtayla və Fuad Əsməri Oqtaya dəlicəsinə qısqanırdı. Bir gün heç kəsin gözləmədiyi bir halda Əsmər Camala ərə getdi, bir qədərdən sonra isə onlar Bakıdan köçdülər. Sonralar Fuad yavaş-yavaş Əsməri unutdu, ağrısıacısı da qaysaqlanıb sağaldı, amma o illər, o illər Fuad lap dəlidivanə idi. Boyunun çıxması üçün nə etmirdi Fuad, basketbola yazılmışdı, müalicə gimnastikasıyla məşğul olurdu. Xısın-xısın için yeyirdi, amma ürəyindəkiləri Əsmərə açmamışdı, qorxurdu gülər, lağa qoyar, Oqtaya, başqa uşaqlara danışıb ələ salar Fuadı...
***


    Stolunun arxasına keçən kimi gündəlik işlər dəftərçəsini açdı. "Nə etməli, kiminlə görüşməli, kimə zəng etməli, hara getməli" və sairə qrafalara bölünmüş vərəqə göz gəzdirdi.
    -10-da plan müşavirəsi, rəisinin yanında. 11-də mənim yanımda letuçka. 12-10-da aerodrom. ADR heyətinin qarşılanması. Onlarla nahar. 4-də dəfn. 7-də açılış!!!
    "Açılış" sözündən sonra üç nida işarəsi qoyulmuşdu və bunun mənasını yalnız Fuad özü bilirdi. Və nəhayət, axırda vaxtı göstərilməmiş bir maddə: Tözözümlə görüş - Fuad gülümsündü.
    Nelli bugünkü qəzetləri və bir stəkan çay gətirdi. Fuad: "çoxdandır qıza çay alıb vermirəm - deyə düşündü. - Rəisə çay verir, mənə gətirir, özü də içir - Moskvadan ona gətirdiyim on paçka hind çayı yəqin çoxdan qurtarıb". Dəftərçənin sabahkı vərəqinə "çay" yazdı. Qəzetləri gözdən keçirdi - hər gün ona on-on iki qəzet gətirirdilər, yalnız ikisini - "Pravda"nı və "Bakraboçi"ni diqqətlə oxuyurdu. Ona iyirmi dəqiqə işləmiş yuriskonsult Mixail Moiseyeviç otağa daxil oldu. Salamlaşdı. Sənədlərlə, kağızlarla dolu qovluğu Fuadın qarşısına qoydu. Fuad kağızları nəzərdən keçirdikcə Mixail Moiseyeviç izahat verir və Fuad da sənədlərə dərkənar qoyurdu.
    Mixail Moiseyeviç növbəti kağızı göstərərək:
    -Fuad Qurbanoviç - dedi, - Çetvertaə proektnaə prosit zaqasit zadoljennostğ po pervomu kvartalu.
    -Çetvertaya masterskaya - Fuad fikrə getdi, sonra – Ne vozrajayu - dedi və ərizəyə dərkənar qoydu. Əhməd Nəzərovla, - uşaqlar onun adını Əhməd Nəzər qoymuşdular ("Əhməd Nəzərəm, birin vuranda minin əzərəm") - bəli, Əhməd Nəzərlə işlədiyi iki il müddətində Fuad ondan çox şey öyrənmişdi. Öyrəndiklərinin böyük qismi neqativ dərslər idi - rəisinin bu və ya başqa hərəkətinə, davranışına, rəftarına, özünü tutmasına, işçilərlə münasibətinə, özündən aşağıdakılarla və özündən yuxarıdakılarla danışıqlarına diqqət edir və "bu cür yaramaz" deyə qərar verirdi. Öyrəndiklərinin kiçik bir qismi isə pozitiv dərslər idi -hər halda Əhməd Nəzər neçə ilin "təcrübəli kadr işçisi" idi. O, cümlədən "Etiraz etmirəm" düsturunu da Fuad Əhməd Nəzərdən əxz eləmişdi.
    Burda incə bir mətləb vardı; bir var deyəsən "razıyam", "yaxşı təşəbbüsdür", "bəyənirəm" və sairə, bir də var deyəsən: "etiraz etmirəm. "Razıyam", "bəyənirəm"- deyəndə sən bir növ irəli sürülən təklifə şərik çıxırsan, deməli, bu işin məsuliyyətini də müəyyən dərəcə bölüşürsən. Etiraz etmirəm isə bir növ passiv münasibət deməkdir. Təklifi sən irəli sürməmisən, fikrə ortaq deyilsən, sən sadəcə olaraq bu məsələyə etiraz etməmisən, gələcəkdə bu iş pis nəticələnsə də sənin məsuliyyətin ancaq onda olacaq ki, etiraz etməmisəm. Günahın deyir yarısı, çərəyi, çox olsa onda biri. Bu çox əlverişli düstur idi və konkret iş əsnasında Fuad bu ifadənin xeyrini çox görmüşdü. Növbəti sənədi Fuad xeyli nəzərdən keçirdi.
    Mixail Moiseyeviç:
    -Gtot vopros oqovoren s Axmedom Nazaroviçem, - dedi.
    "Xeyr, mən də hərif deyiləm, - deyə Fuad düşündü.-Məlumdur ki, bu cəncəl işdir".
    -Raz oqovoreno s Axmedom Nazaroviçem - dedi – vot on i podpişet.
    Mixail Moiseyeviç qımışdı. Hər ikisi hər şeyi başa düşürdü. Mixail Moiseyeviç şübhəsiz Əhməd Nəzərin yaxın zamanda gedəcəyini bilirdi. Yəqin ki, yerinə Fuadın gələcəyini də eşitmişdi. Hər ikisi onu da çox gözəl bilirdi ki, bu ərəfədə Fuad heç bir dolaşıq məsələyə müdaxilə etmək istəmir. Eyni zamanda Əhməd Nəzər də belə köçəri ovqatında ikən ayağına məsul bir işin pərsəngini bağlayıb getmək istəmir. İki ay idi ki, həmin sənəd Mixail Moiseyeviç demişkən "otfutbolivalosğ ot naçalğnika k zamu, ot zama k naçalğniku".
    Telefon zəng çaldı. Saat ona iyirmi beş dəqiqə işləmişdi. Fuad "başlandı" deyə düşündü, dəstəyi götürdü:
    -Mexdiyev u aparata, - dedi - A, yallah Cabir. Sağlığın, gözəlliyin - dəstəyi əliylə qapayıb Mixail Moiseyeviçdən – u vas vse ko mne? - deyə soruşdu.
    Mixail Moiseyeviç:
    -Yeşo odin vopros, liçnıy, - dedi. - No ya zaydu popozje. - Kağızlarını qovluğa yığışdırıb otaqdan çıxdı.
    -Xeyir ola, Cabir, həmişə qulluğunda hazır! - O biri telefon səsləndi, Fuad birinci dəstəyə: - Bağışla, Cabir, bircə dəqiqə, - dedi, - ikinci telefonun dəstəyini qaldırdı. - Mexdiyev u apparata. Tak, sluşaö, vas ponəl. Yets! - dedi, düyməni basdı, Nelli otağa daxil olanacan birinci dəstəyə - eşidirəm, Cabir. - dinləməyə başladı. Nelli otağa daxil olanda əliylə telefonun dəstəyini qapayıb, Nelliyə: Sumqayıtı al, Novruzovu, - dedi. - Nelli otaqdan çıxdı. - Cabir, arxayın ol, tapşıraram, məşğul olarlar.
    Selektor xırıldadı, sonra Əhməd Nəzərin səsi gəldi:
    -Yoldaş Mehdiyev.
    "Yoldaş Mehdiyev. Yəqin yanında adam var, ya telefonla danışır, yoxsa belə rəsmi müraciət etməzdi, həmişə Fuad deyir, yaxud Fuad müəllim, ya da rusca danışanda Fuad Qurbanoviç".
    -Bəli.
    -Sabahın xeyir, Vorobyevdən cavab çıxdı?
    Fuad:
    -Sabahınız xeyir. İndi Sumqayıtla danışacam, - dedi.-
    Dəstəyi qaldırıb nömrə yığdı:
    -Qriqorən, barev ara, vonses? Nə oldu a kişi, bəs sən söz vermişdin? - Olacak, olacak... Menə vot uje s utra terebət... Sən allah, özün məşğul ol. Mənim adımdan da de Zahidə... Nu yest, poka... "Ararat" uduzdu ha, kirvə!.. ha, ha, ha!.. Ay səni...
    Nelli daxil oldu:
    -Novruzov yerində yoxdur, yoldaş Mehdiyev. Dedim gələndə sizə zəng vursun.
    Fuad:
    -Yaxşı, - dedi. "Bu yaşıl paltar zalımın qızına yaman yaraşır. Görəsən, bir adamla gəzir? Yəqin gəzir, əlbəttə, belə göyçək qızı, heç asudə qoyarlar?" - Kadr şöbəsini yanıma çağırın!
    -Baş üstə. Çay içirsiz?
    -Yox, sağ olun.
    Dəftərinə qeyd etdi: Sumqayıt, Novruzov. Cabir. Plemyannik - Qadjiyev Ağa. Qriqoryan. Pensiya məsələsi".
    Kadr şöbəsinin müdiri daxil oldu:
    -Siz çağırmışdınız, yoldaş Mexdiyev?
    Fuad:
    -Bəli, - dedi. - Oformite prikaz. - O, qeydlərinə baxdı.
    - Qadjiyev Aqa. Seqodnəşnim çislom. Skolka raz ə moqu povtorət gto vam?
    - Na ispıtatelğnıy srok?
    -Da.
    -Baş üstə.
    Fuad telefon dəstəyini götürdü, kadr şöbəsinin müdirinə: - Gedə bilərsiz, - dedi və daxili telefonla üç nömrə yığdı: - Sabir, qardaş, nə oldu sənin rasçetların? Atam balası, sabah mənim macalım olmayacaq, bu gün axşam evdə baxmaq istəyirdim. Özün bilərsən, amma məndən deməkdir, sonra inciməyəsən məndən, THa!.. Bəli, hökmən!.. Bu gün beşəcən mənim stolumun üstündə olmalıdır. Lap da zarafata salmısız.
    - Sonra sərt bir tərzdə: - Belə getsə biz çətin işləyə bilərik! - dedi və cavab dinləmədən dərhal dəstəyi asdı. Saata baxdı, ona on dəqiqə qalırdı. Onda plan iclası, on birdə letuçka. Sonra aerodrom. Dəfndə də danışmalıdır, axşam da. Axşamkı çıxışını hazırlamağı Mixail Moiseyeviçə tapşırmışdı, dəfndəki çıxışını isə kiməsə tapşırmaq yaxşı düşməzdi. Yazıq Fuad Salahlı... Mənə həmişə "adaş" deyərdi, ya da "Balaca Fuad". Daha doğrusu, həmişə yox, o vaxtlar, bütün o hadisələrdən qabaq... Eh dünya, dünya... Əşi, bir şey deyər də dəfndə... Tabut başında day uzun vəzariyyət oxumaq lazım deyil ki... Amma axşamkı çıxışı mütləq gözdən keçirmək lazımdır... Qoy Mixail Moiseyeviç qaralamasını hazırlasın, sonra Sabirə verərəm, bir də əl gəzdirsin, kənək adam olsa da, savadına söz yoxdur...
    Fuad gülümsündü. Yadına bir şey düşdü. Bir gün başı yaman qarışıq idi. Əlli cür işi bir-birinin üstünə qalaqlanmışdı. Bir az yükünü yüngülləşdirmək üçün işçiləri bir-bir çağırıb ayrı-ayrı işləri tapşırırdı. İşlər o qədər müxtəlif çeşidli və elə çox idi ki, heç onları qeyd eləməyə də vaxt tapmamışdı, elə belə şifahi surətdə beynində nömrələmişdi. Nelli armudu stəkanda isti çay gətirmişdi, şokoladlı Moskva konfetini stəkanın yanına, nəlbəkiyə qoymuşdu. İsti çayın hərarətindən şokolad ərimişdi, Fuadın əlini bulamışdı, barmaqları çiriş idi, amma macal eləyib gedib yuya bilmirdi. Bir saat ərzində görəcəyi işləri ağlına sıralayarkən əlini yumağı da on bir, ya on iki nömrəli maddə kimi yadında saxlayırdı. İşçiləri çağırıb on bir işin hərəsini birinə tapşırdı və on bir nəfər on bir tapşırıq alıb gedəndə, otaqda hələ tapşırıq almamış on ikinci işçini görəndə Fuadın elə bil beynində çıraq alışıb-söndü, yadına düşdü ki, görülməli xırda işlərdən biri də əllərini yumaq idi və bu həngamədə nə desən çıxar, bir də görürsən ağlı çaşıb həmin işçiyə "hə, sən də al apar mənim əllərimi yu gətir"-deyib biabır olar.
    -Yoldaş Mehdiyev, - Nelli qapıda dayanmışdı – size istəyirlər, dedim məşğulsuz, dedi özünüz vaxt təyin etmisiz.
    -Kimdir ki?
    -Oqtay Muradov..
    -Hə. Oqtay. - Fuadın yadına düşdü. - Xoroşo, soedinite.
    -Yallah, Oqtay, bir də salam. Canımçün, bax beş dəqiqədən sonra Əhməd Nəzəroviçin yanında iclas başlanır, bir saatdan az çəkməz, on birdə də mənim yanımda iclasdır... Lap, iclasbazlar olub getmişik... Day demə… Nə məsələdir axı? Hə, yazıq Fuad Salahlı... Yaxşı, deməli, dayan görüm - susdu, dəftərçəsinə baxdı. 11-də letuçka, 12-10-da aerodrom... - Gəl belə eləyək, Oqtay, mən iclasımı beş dəqiqə tez qurtararam, aerodroma da beş dəqiqə gec gedərəm, Qasım – şoferimi deyirəm, adı Qasımdır, yolda qovub çatdırar. Deməli, bir on dəqiqəlik müxtəsər görüşə bilərik. Düz saat on ikiyə beş dəqiqə qalmış gəl. Amma bax, dəqiq ol, ha!.. Biz biçarələr, saatla yaşayan adamlarıq, dəqiqəmizə söz var...
    Dəstəyi asdı. Oqtay Fuadın yanında, həmin bu kabinetdə bir dəfə olmuşdu. Onda da Yazıq Fuad Salahlının hansı işiyləsə əlaqədar gəlmişdi, nə iş idi, xatirimdə deyil. Əlbəttə Fuad Salahlı özü endirib gəlməzdi öz işiyçün, Oqtayın gəldiyini bilsəydi də narazı olardı. Oqtay ondan gizli gəlmişdi və Fuad nə lazımdırsa elədi... Halbuki Fuad Salahlıyla neçə ildi salamkəlamları yox idi... Ta o vaxtdan... Oqtayla da az-az, ayda, ildə bir dəfə görüşərlər, rəsmi yerlərdə, iclasda, sərgidə, müzakirədə... İlahi, necə qısqanırdı Əsməri həmin bu Oqtaya... Sən demə, aralarında heç nə yox imiş, sən demə, Əsmərdə başqasının gözü varmış, Camal onu çoxdan marıtlayıbmış... Bu qısqanclığın əsassız olduğu çoxdan məlum olsa da Fuada, hər halda Oqtaya münasibətində indiyəcən bir qeyri-səmimilik vardı - heç cür yatmırdı ürəyinə bu Oqtay. Yəqin elə Oqtayın da ondan xoşu gəlmirdi doğrusu. "Öz-özümlə görüş". Fuad gülümsündü. Dəftərçəsindəki bu yazı Oqtaydan yadigar qalmışdı.
    ...O gün də başı yaman qarışıq idi Fuadın. Yüz cür işi vardı, iclaslar, mirvari kimi sapa düzülmüşdü bir-birinin dalınca. Ancaq, hər halda, Fuad ölçüb-biçib Oqtaya vaxt ayıra bildi, qəbul etdi onu. Mütləq Oqtayın xahişinə əməl etməli, onu qəbul etməliydi. Bütün bu illər ərzində Oqtay bir dəfə də olsun onun yanına düşmək tamarzısı olmamışdı. Bir məktəbdə oxumuşdular. Orta məktəbdə. Oqtay Fuaddan iki sinif aşağı idi. Oqtayla həm də bir institutda oxuyublar. Burada artıq bir kursda idilər - axı Fuad iki il hərbi xidmət çəkib qayıtmışdı. Dostluq edirdilər o vaxt. Əsmər Camala ərə getmişdi, keçmişin qısqanclıq əzabları, rəqabət ehtirası indi sönüb getmişdi, əksinə, ümumi xatirələr - orta məktəb xatirələri onları yaxınlaşdırmışdı. Ta o hadisələrə qədər. Fuad Salahlı... Yazıq Fuad müəllim...
    O vaxt Oqtay birinci dəfə Fuadın qəbuluna gələndə, Fuad nədənsə elə zənn edirdi ki, Oqtay bu kabineti, telefonları, katibənn görəndə bir az karıxacaq, Fuadın özüylə də nəsə başqa bir tonla, müəyyən naqolaylıq duya-duya danışacaq. Amma, əksinə, Oqtay özünü elə apardı ki, elə bil bu kabinetə ilk dəfə deyil gəldiyi, guya elə butün ömrü belə-belə yerlərdə keçib. Ya bəlkə özünü sındırmamaq, tox tutmaq istəyirdi...
    O səfər də söhbətləri vaxt qıtlığından düşdü. Fuad haradasa oxumuşdu ki, hər dövrün öz defisitləri, qıtlıqları var. Bir dövrdə ən qıt və deməli, ən qiymətli şey qızıldır, başqa bir dövrdə neft, ya məsələn, çörək, ya ərazi, torpaq, su... Bizim dövrdə isə ən defisit olan, ən çox qıtlığını duydurumuz şey - vaxtdır. "İnanırsankı, kitab-jurnal oxumağa da macalım qalmır. Oğlanlarımın üzünü bəzən heç bazardan bazara da görə bilmirəm, görürsən, bazar günü də bir iş çıxır, elə-belə günləri day demirəm; axşam mən gələndə onlar yatırlar, səhər tezdən hərəmizin ağzı bir tərəfə düşür". Söz də elə bu kitab oxumaq söhbətindən çözələndi. Oqtay dedi ki, bu yaxınlarda zenbuddizmə aid çox maraqlı bir kitab oxuyub və bu fəlsəfənin bir çox müddəaları sanki, ona onun özünü izah edib. Fuada da məsləhət bildi ki, oxusun, hətta söz verdi ki, Fuad tapmasa, öz kitabını ona göndərər. Doğrudan da bir həftədən sonra göndərdi. Bir gecə, Fuad yatağına nisbətən tez girmişdi, acid Oqtayın göndərdiyi kitabı, vərəqlədi, ora-burasına baxdı, doğrusu, bir mətləb qanmadı. Hiss etdi ki, yavaş-yavaş mürgüləyir. Yuxu gözlərini tamam qapamamışdan bir az qabaq fikirləşdi ki, Oqtay bədbəxtin də lap ağlı çaşıb, vaxtında evlənmədiyinin nəticəsidir. Arvadı, uşağı olsaydı, belə-belə cəfəngiyatlara baş qoşmağa macal tapmazdı. Deynən, ay zalım balası, ciddi işlə məşğul ol, pis memar deyilsən, qabında, şübhəsiz, azdan-çoxdan bir şey var, amma nə olsun, axırını bir yerə çıxarda bilmədin ki... Yaşın da daha o yaş deyil ki, ümidlərlə, xam xəyallarla yaşayasan: "gör nələr edəcəm, gör hamıya necə doqquz qoyacam, - bu yaşda belə xülyalarla yaşamaq gülüncdür... Dünyada heç bir şeyi təxirə salmaq olmaz, "haçansa nə isə edəcəm, haçansa nə isə dəyişəcək, haçansa nə bilim nə olacaq" gümanlarıyla yaşamaq – özözünü aldatmaqdır, zəiflikdir, vəssalam. Nə varsa, nə yoxsa indidir, bu gündür, dayanmaz vaxt axınının bax, bu indicə durduğun astanasındadır, bu günündə bir şey yoxdursa, sabahına da ümid bağlama, əzizim. Müdrik babalar da elə çox gözəl deyib ki, bu günün işini sabaha qoyma...
    ...Qəribədir, niyə o həmişə Oqtay barəsində düşünəndə içində onunla qızğın mübahisə edir, sanki Oqtayın səssizsözsüz etirazları, iradları, əks-dəlilləri, onu, Fuadı daha artıq bir inadla öz baxışlarını, öz nöqteyi-nəzərini, öz əqidələrini müdafiəyə qaldırır və Fuad bu görünməz müsahibinə nəyisə elə hey isbat etmək istəyir. Yazıq Oqtay kənd hamamlarına layihə çəkməklə məşğuldur və üzdə həmişə bununla bərk fəxr edir. Ancaq iftixarını elə böyük həvəslə və elə tez-tez bəyan edir ki, elə bu özü adamı bir balaca şübhəyə salır. Ali təhsilli memarsan, institutu əla diplomla bitirmisən, indi qırx yaşını haqlayanda, ancaq rayon hamamlarını tikməyə qabil olmusansa özündən, öz taleyindən küs, - deməli, artığına iradən, gücün, bacarığın, inadın çatmayıb. Öz aramızdır, bir az da içki yıxdı onun evini... Elə yazıq Fuad Salahlı da yaxşı vuran idi. Əlbəttə, Fuadın dili gəlməzdi belə söz deməyə, amma çox ağzıgöyçəklər iddia edirlər ki, elə Oqtay Muradovla Fuad Salahlının dostluğu da araq dostluğudur. Nə isə… hər halda Fuad Salahlı - Fuad Salahlıdır, adı-sanı, hörməti, odur bax, indi öləndə də qəzetdə nekroloq çıxdı, fəxri xiyabanda dəfn olunur. Bəs, allah eləməmiş, sabah Oqtay Muradov ölsə, özündən sonra nə qoyub gedəcək - kənd hamamlarını?
    Həmişə təmizlikdə!.. Ya bəlkə elə Oqtayın qabiliyyəti, talantı elə bu qədərlik, bu əndazəlik imiş...
    İnstitut uğurlarına baxma, institut uğurları institutda qaldı. Həm də o illər Fuad Salahlı almışdı Oqtayı qanadının altına. Oqtayın diplom müdafiəsini Fuad yaxşı xatırlayırdı: az qala bayrama, nümayişə çevrilmişdi, hamı bir ağızdan Oqtayın böyük gələcəyindən dəm vururdu. Yeni bir Karbüze, Rayt, ya nə bilim Vesnin qardaşları-üçü bir yerdə, Dadaşev və Hüseynov - ikisi bir yerdə - bunlar hamısı tək bir Oqtayın sifətində peyda olmuşdular. Bəs nə oldu? Rayon hamamları. Səhhət vicud - həmişə təmizlikdə! Deməli, bir atımlıq barite varmış Oqtayın. Oqtay, yazıq başa düşmür ki, həyat ayrı-ayrı triumflardan ibarət deyil, gündəlik, hər saatlıq, hər dəqiqəlik çətin, ağır mübarizədir. Bu mübarizədə, ancaq güclülər qalib gələ bilər, yalnız inadlılar uda bilərlər. Oqtay bunu heç cür başa düşmək istəmir. Heç Fuadın özü də, yəni böyük Fuadın, Salahlı Fuadın özü də bunu əməlli-başlı başa düşmür, daha doğrusu, başa düşmürdü, rəhmətlik. Elə bütün bunları başa düşməyədüşməyə də getdi bu dünyadan. Axıra qədər başa düşmədi ki, bir şey qazanmaq istəyirsənsə, bir şeyə çatmaq istəyirsənsə gərək sənin gücünü bilsinlər, qüvvəni, təpərini duysunlar, imkanlarından xəbərdar olsunlar, yoxsa...
    Oqtaya da bu fikirləri təlqin etmək istəyirdi Fuad, amma Oqtay heç qulaq da asmırdı. Əksinə, onun sözündənsöhbətindən belə məlum olurdu ki, Oqtay Fuada nisbətən daha arxayındır, daxilən dincdir, taleyindən, işindən də daha artıq razıdır. O səfər Fuad Oqtaya az vaxt ayıra bildiyinə görə üzrxahlıq edirdi - bir sən mənim günümə bax - günlük işlər siyahısını Oqtaya göstərdi - indi birdir, həmi, ikidə raykomda görüş, üçdə nazirin qəbulunda olmalıyam, 4-də baş memarla obyektə gedirik, beşin yarısında konstruktor bürosunun işçiləri yanıma gələcək, beşdə - Novruzovla görüş...
    Oqtay:
    -Ora bir görüş də qeyd elə, - dedi, - öz-özünlə görüş.
    Fuad güldü:
    -Onu düz deyirsən, adamın heç öz-özüylə görüşməyə vaxtı qalmır və nədənsə qələmi götürüb dəftərçəsinə "Özümlə görüş" sözlərini yazdı, Oqtaya göstərdi, hər ikisi güldü.
    Ən qəribəsi o idi ki, həmin gündən etibarən keçən görüşləri, icra olunmuş işləri bir-bir gündəlik siyahıdan pozur, təxirə salınmış işləri, görüşləri isə sabaha və ya başqa bir tarixə keçirirdi və icra olunmamış işlər, baş tutmamış görüşlər sırasında mexaniki olaraq "öz-özümlə görüş" maddəsini də hər gün günün siyahısına salırdı. Buna bir növ adətkərdə oldu. Selektor xırıldadı:
    -Bəli, Əhməd müəllim.
    -Fuad, gəlirsən? İclası başlayırıq.
    -Gəlirəm.
    Fuad durub otaqdan çıxırdı ki, Nelli gəldi, nə isə xüsusi bir eyhamla (əlbəttə bu eyham güclə sezilirdi):
    -Telefonu götürün, - dedi.
    -Kimdir? İclasa gedirəm.
    Nelli yenə də eyni, güclə sezilən vurğuyla:
    -Reyhan xanımdır, - dedi.
    "Aman allah, heç hənanın yeridir!" Reyhanla iki il bundan qabaq tanış olmuşdu. Reyhan qəzetdə işləyirdi, Fuadın yanına müsahibə almağa gəlmişdi.
    İlk baxışdan Fuadın gözü qızı tutdu, macalı nə qədər dar olsa da, müsahibəyə ayırdığı vaxtdan bir saat artıq danışdılar. Fuad müxbir qızın suallarına geniş, ətraflı cavablar verirdi, şübhəsiz, müəyyən dərəcədə özünü göstərirdi də. Ancaq müsahibənin axırına yaxın Fuada o da aydın oldu ki, bu qız məhz Fuaddan intervü almağa təsadüfən gəlməyib, öz şəxsi məsələsi də var və bu müsahibə də ancaq bəhanə imiş. Reyhan bir neçə ay qabaq ərindən ayrılmışdı, evini dəyişmək, daha doğrusu, təzə mənzil almaq istəyirdi və Fuaddan bu işdə kömək gözləyirdi. Fuad, doğrudan da kömək elədi, 8-ci mikrorayonda birotaqlı mənzil düzəltdi Reyhana. Orderi alan gün gözləri sevincdən par-par parıldayan Reyhan Fuadın kabinetinə gəldi, həyəcanını saxlaya bilməyərək ağlamağa və Fuada təşəkkür etməyə başladı. Fuad onu sakit elədi, "hələ təşəkkür eləmək tezdir, - dedi, - sizə telefon da qoyduracam, telefonsuz müxbir olar? Doğrudan da bir neçə ay sonra telefon çəkdirdi Reyhangilə və bir axşam zəng elədi: "Sabah evinizi görməyə gəlmək istəyirəm", - dedi.
    Altı gümüş stəkanqabı və altı büllur stəkan gətirdi. "Stəkanlar məndən, çay sizdən!" - dedi. Gecə yarısına qədər oturub şirin söhbət edirdilər, Fuad nümayəndə heyətlərinin tərkibində olduğu xarici ölkələrdən maraqlı şeylər danışırdı; axı dünyanın yarısını gəzmişdi. Reyhan sonsuz diqqət və riqqətlə dilləyirdi. Bir həftədən sonra yenə görüşdülər. Bu dəfə Fuad bir dəstə gül və bahalı güldan gətirmişdi…
     - "Bu nə zəhmətdir çəkirsiz?" - "Sizə gül gətirmək istəyirdim, amma bükməyə sellofan tapılmadı, odur ki, güldan da almalı oldum". - dedi. Gülüşdülər, Sonralar yaxınlıq dəqiqələrinin məhrəmliyində Reyhan pıçıltıyla etiraf edirdi ki, Fuad onu təmənnasızlığıyla qazana bildi.
     - Axı nə ev düzəldəndə, nə telefon qoyduranda o adi bir işarə, xırdaca bir eyhamla belə büruzə verməmişdi ki, Reyhandan xoşu gəlir. Bu nəciblik və nəzakət idi Reyhanın qəlbini əfsunlayan. Fuad ona necə deyəydi ki, ilk görüşlərindən, o ilk müsahibədən hər şeyin məhz bununla nəticələnəcəyini dəqiq müəyyənləşdirmişdi. Bu əlaqə hər ikisinə xoş idi və Fuadı hər cəhətdən təmin edirdi. Reyhanın mənzili şəhərin mərkəzindən uzaq, gözdən-qulaqdan iraq, xəlvət bir yerdə idi - kim idi buralarda Fuadı tanıyan; deməli, hər şeyi gizli saxlamaq imkanı da çox idi. Allah göstərməsin, Rumiyyənin, ya elə Şövqünün qulağına bir şey çatsın. Qəribədir ki, Şövqünün xəbərdar olmasından daha çox ehtiyat edirdi, nəinki arvadının bir şübhəyə düşməsindən. Reyhan bir dəfə idarəyə gəlmişdi, amma Fuad tapşırmışdı ki, bir də gəlməsin. Telefon etməsi də o qədər açmırdı Fuadı, görürsən bax, elə bu Nelli vələddizzüna, nə isə iynəyib çüyləyib. Belə məsələlərdə qadın intuisiyası, doğrudan da sirrxudadır.
    Hardan, necə duyurlar; axı telefonla Fuad həmişə çox quru və rəsmi danışır. İndi də bax elə belə bir tərzdə danışırdı:
    -Bəli.
    -Salam, nə olub sənə, heç zəng-zad eləmirsən?
    -Vallah, başımı qaşımağa macalım yoxdur. Necəsən?
    -Sən soruşanı yaxşıyam.
    -Di yaxşı, incimə, bu günlərdə mütləq görüşərik.
    -Bu günlərdə? - Səsində məyusluq, bir az kinayə duyulurdu. - Mütləq zəng vuracam. Yaxşı, bağışla, sən allah, iclasdır - və yalan olsa da əlavə etdi - yanımda...
    -Zəngini gözləyəcəm.
    Fuad da dəstəyi asdı, gündəlik siyahının axırına gül şəkli çəkdi. Dəftərində R. hərfində, Reyhanın telefonunun qabağında da gül şəkli çəkmişdi. Nə idi bu-ehtiyatçılıq ya poeziya – özü də bilmirdi. Əlbəttə Reyhanın telefonu yadında idi, amma yaddaşına çox da arxayın olmurdu, illah da uzun zaman zəng vurmayanda telefonu unutmaq qorxusu vardı. Reyhanın ad gününü də unuda bilər, təbrik etməzdi, Reyhan möhkəm inciyərdi. Odur ki, cib dəftərinin illik təqvimində 9 sentyabr rəqəminin qabağında da gül şəkli çəkmişdi. Bu gül bir növ Reyhanın rəmzi idi. Amma bütün bu məsələ, deyəsən bir az uzanıb axı...
    İl yarım idi onların yaxınlığı və Fuad stolunun arxasından durub kabinetin qapısına tərəf addımladığı müddətdə fikirləşdi ki, bu ötüb keçmiş həvəsin bəhrəsi olan perspektivsiz əlaqəyə son qoymaq vaxtı çatıb. Deyəsən, Reyhan onun bu niyyətini özündən belə qabaq duyub. Odur ki, narahatlıq keçirir. Reyhan yazıq ona doğrudan da qəlbən bağlanmışdı, hər halda, alışmış, isinişmişdi və ayrılıq onunçün çətin olacaq. Amma indi ayrılmasalar, ağrı daha da amansız olacaqdı, daha çox isinişə, daha artıq vərdiş edə bilərdi Fuada. Bəzən vərdiş məhəbbət qədər, hətta məhəbbətdən də güclü bir qüvvə, bir ehtiyac ola bilir. Fuad bunu bilirdi və Reyhanla mümkün qədər mehriban vidalaşmaq istəyirdi. İndi əsl məqamdır, xoşluqla, yaxşılıqla, ağrısız-acısız ayrılmaq gərəkdir. Görürsən, Nelli də Reyhanın zəngini xüsusi eyhamla xəbər verir... Bircə o qalmışdı ki, camaat agah olsun bu əlaqədən. Bir söz - sonra gec olar. Məsələni vaxtında xətm etmək lazımdır, ehtiyatla, həssaslıqla, nəzakətli, nəcib şəkildə. Macal tapıb bir fikirləşmək lazımdır ki, nə sayaq olsun bu ayrılıq. Kabinetin qapısını açıb qəbul otağına keçdi. Əhməd Nəzərin qapısı ağzında "mütləq san-gigiyena sənədlərini soruşacaq" - deyə düşündü.

Dördüncü fəsil


    Doğrudan da Əhməd Nəzər iclası san-gigiyena sənədlərindən başladı. Söhbət şəhərin yeni iri yaşayış massivinin perspektiv planlaşdırılmasından gedirdi. Planın işlənməsi neçə vaxtdı yubandırılırdı, çünki sanitar gigiyena komissiyası massivin sağlamlıq-səhiyyə cəhətdən yaşayışa yararlı olması haqqında rəyi hələ sənədləşdirib verməmişdi.
    -Niyə indiyəcən almamısız bu sənədləri?
    Fuad keçib iri müşavirə masasının sağ kənarında, rəisin yanında əyləşdi. Masanın ətrafında Əhməd Nəzərovdan və Fuaddan başqa səkkiz nəfər də vardı - şöbə müdirləri, baş mühəndis, partkom...
    Fuad:
    -Mən bu məsələylə məşğul olmuşam - dedi - komissiyanın sahəyə aid müəyyən mülahizələri var. Sahənin bəzi hissələri bataqlıqdır, su kommunikasiyaları baxımından təhlükəlidir.
    Əhməd Nəzər:
    -Yaxşı, iradlarını aydın şəkildə niyə yazıb vermirlər? - dedi.
    -Bu barədə komissiya üzvlərinin vahid rəyi yoxdur. Hələ öz aralarında mübahisə edirlər. Əhməd Nəzər mis portsiqarından siqaret çıxartdı, müştüyünü filəyib əsəbi hərəkətlə siqareti ora taxdı, odladı.
    -Yaxşı "vahid rəyə" - o, Fuadın ifadəsini yüngül bir istehzayla təkrar etdi - nə vaxt gələcəklər? Neyləmək lazımdır ki, axırı mübahisələri bir şeylə nəticələnsin?
    Ortalığa sükut çökdü. "Neyləmək lazım olduğunu gərək sən özün biləsən, - deyə Fuad düşündü, - bizdən soruşursan".
    Sükutu Fuad pozdu:
    -Nazirləriylə danışmaq lazımdır. O, göstəriş versə sənədləri tələsdirmək olar.
    -Bəs niyə nazirlə danışmamısınız?
    Fuad düşündü ki, əgər Əhməd Nəzər sualı ayrı cür versəydi, məhz ona, Fuada müraciətlə "nazirlə niyə indiyəcən danışmamısan?" şəklində qoysaydı, bəlkə onda tutduğu vəzifəyə azdan-çoxdan layiq olardı. Hər halda bir müddət də həmin bu yerdə işləyə bilərdi. Amma Əhməd Nəzər sualını konkret olaraq məsuliyyət daşımalı olan adama - Fuada şamil edə bilmədi. Cəsarəti çatmadı və Fuad da bunu bildiyi üçün ötkəm bir tərzdə:
    -Kim danışmalıydı ki nazirlə? - deyə soruşdu.
    Əhməd Nəzərin yenə də şansı qalırdı; yenə də "Necə yəni kim danışmalıydı, əlbəttə sən danışmalıydın", ya rəsmi iclas olduğu üçün: "Siz danışmalıydınız, yoldaş Mehdiyev" - deməliydi. Ancaq o, gözlərini o yan-bu yana hərləyib:
    -Nə bilim, gərək danışaydız da... - deyə mızıldandı.
    "Nə bilim". Bilmirsən, buna görə də bu vəzifəni tutmağa haqqın yoxdur. Bu vəzifəni tutan adamın əlində təpər olmalıdır, yumruğunu stola vurmağı bacarmalıdır, sənin isə müavininə gücün çatmır, ondakı qalsın lazımı yerlərdə məsələ həll eləməyə..."
    Fuad bilirdi ki, Əhməd Nəzər onun, yəni Fuadın kim olduğundan yaxşıca agahdır, Şövqünü də tanıyır. Yəqin öz aqibətindən də xəbəri vardı, bugün-sabahlıq olduğu qulağına dəyməmiş olmaz, Fuadın namizədliyini də eşitmişdi yəqin.
    Bəli, bilirdi ki, axır günləridir, vəzifəli həyatının, ömrünün altmış yeddinci ilində erkən yaşlarından alışdığı stollara, şəxsi maşına, katibəyə və sairə və sairəyə vida etməlidir: qarşıda onu nə gözləyirdi; fərdi pensiya, Mərdəkan, Zuğulba, Bilgəh istirahət evlərinin seyrək kölgəli xiyabanları, özü kimi revmatizmdən, revmokarditdən, radikulitdən, nə bilim daha nələrdən şikayətlənən qoca təqaüdçülərlə domino, nərd oyunları, keçib getmiş illərin, dövranların xatirələri, "Filankəs Filankəsoviç yadındadır, hansı Filankəs, qalalı Filankəs, hə Peşmənkəs Peşmənkəsoviçlə bacanaq idi ha, əvvəllər filan vəzifədə idi, sonra keçdi filan vəzifəyə" qəbilindən əvvəlsizaxırsız söhbətlər, qəzetlərdən bildikləri yeni təyinatlar, yeni vəzifəyə keçmiş yeni, çox vaxt tanımadıqları adamlar barədə müzakirələr, mübahisələr və yenə domino və yenə nərd-taxta və yenə tibbi müayinələr, analizlər, iynələr, dərmanlar və yenə "Filankəs Filankəsoviç yadında, bəs Peşmənkəs Peşmənkəsoviçi heç demirsən"... və s. və i. a. və s. və i. a. Əhməd Nəzər Əşrəf Nəzərovun dost-doğma qardaşı idi. Şübhəsiz, yəqin Əhməd Nəzər ürəyində belə fikirləşir ki, ona qardaşının təpiyi dəyib. Altı ay bundan qabaq Əşrəf Nəzərovu şiddətli töhmətlə vəzifəsindən azad etmişdilər. Əhməd Nəzər də yüz faiz əmin idi ki, özünün də pıçı qardaşına görə burulub. Amma axı Fuad bilirdi ki, bu belə deyil, daha doğrusu, bu məsələyə başqa cəhətdən baxmaq lazımdır. Əhməd Nəzəri indi heç də qardaşına görə çıxartmırdılar, amma o vaxtlar qardaşına görə irəli çəkmişdilər və indiyə qədər də məhz qardaşına görə saxlamışdılar. Hamı, bəlkə elə Əhməd Nəzərin özü də, dərk edirdi ki, o, bu yerin adamı deyil, amma nə qədər ki, Əşrəf iş başında idi, Əhməd Nəzəri laxlatmaq çətin məsələydi. Əlqərəz, Əşrəf gedəndən bir az sonra hamı elə bil birdən-birə ayıldı: axı doğrudan da Əhməd Nəzər hara, belə məsul vəzifə hara? Əhməd Nəzər müharibə iştirakçısı idi, döyüş təltifatları vardı və deyirlər ki, cəbhədə, doğrudan-doğruya şücaət göstərmişdi. Görünür, igidliyin də növləri, çeşidləri, janrları var: müharibə janrı, gündəlik məişət janrı, inzibati-təşkilatçılıq janrı. Müharibədə qoçaqlıq göstərmiş bu adam inzibatitəşkilatçılıq cəbhəsində tam bir aciz idi, zavallı və gücsüzdü. Məişət janrında isə ondan betər - davanın odundan-alovundan keçmiş bu yekəpər, qarabuğdayı kişi arvadından oddan qorxan kimi qorxurdu. Nelliyə heç gözünün ucuyla baxmaq yuxusuna da girməzdi Əhməd Nəzərin, yəni elə yaşda deyildi, amma arvadı Həvva xanım mənasız qısqanclıq ucbatından az qala yazıq qızı işdən qovdurmuşdu. Nellinin qanının arasına Fuad girdi, saxlatdırdı. Gözləri qara həlqələrlə köbərlənmiş, xəstə böyrəkli Əhməd Nəzər təmiz adam idi, şəksiz: qarşısına qızıl xəzinə tök, tamahı çəkməzdi: amma iradəsi boş, dediyini keçirə bilməyən, əlüstü güzəştə gedən, bir az təpinən kimi tez fikrini dəyişən - belə bir məxluq idi rəisləri. Nə özündən kiçiklərlə danışmağın çəmini tapa bilirdi, nə özündən böyüklərlə. Odur ki, nə öz idarəsində, sən deyən nüfuzu vardı, nə yuxarılarda hörməti-sayı... Bir yandan da kəmsavad idi, bədbəxt oğlu... Lap belə piyadə e... Şəhərin inşaat perspektivlərinin qabaqcadan müəyyənləşdirilməsi - proqnozlaşdırma (belə naqolay bir adı vardı idarələrinin) kimi mürəkkəb, məsuliyyətli bir sahəyə tükənməz enerjisi, müasir savadı-biliyi və əsas da həvəsi, ehtirası, meyli olan adam başçılıq etməliydi.
    Fuad:
    -Mən, əlbəttə, nazirlə danışa bilərdim, - dedi, - amma yaxşı düşməz. Nazirlə rəis səviyyəsində danışmaq lazımdır. Rəis dura-dura müavinin nazir səviyyəsinə çıxmasına nazir necə baxar?
    Əhməd Nəzər:
    -Yaxşı, mənə papaq eləyəydin, mən danışaydım da, - dedi və telefonlar kitabçasını açıb vərəqlədi. - Nə çətin iş imiş bəgəm?
    O, nömrəni tapıb, dəstəyi qaldırdı. Fuad öz-özünə qeyd etdi ki, hövsələsizlik, darmacallıq Əhməd Nəzərin başqa bir naqis cəhətidir. Nədir götürüb indi lapdan nazirə zəng vurursan, əvvəl işi hərtərəfli mənimsə, nə istədiyini bil, sonra da məsələni əsaslı şəkildə qaldır. Amma Əhməd Nəzər artıq nazirlə şirin söhbətdə idi. Bu da onun daha bir nöqsan cəhəti. Heç bir vaxt rəsmi danışıqları belə ərkyana - familyar üslubda aparmaq olmaz.
    -Sən mənim canım... Əşi... əşi, qoy oturmuşuq, a kişi... Ay zalım, kefə baxırsan ki!.. Ha-ha-ha!.. O da həştaddandır.
    Əlbəttə, Əhməd Nəzər özünü müəyyən dərəcədə işçilərinə, otaqdakılara da göstərirdi. Şöbə müdirlərinin gözlərinə kül üfürürdü: yəni bir baxın, mən nazirlə necə çaşka-loşkayam, görün mən kimlərnən qapaz-qapaz oynayıram, kimin gücü çatar mənə bata, boş-boş sözlərə, qeybətlərə fikir verməyin, yarımda möhkəməm. Bəlkə də belə primitiv fəndlər kimisə şaşırda bilərdi, amma hər halda Fuad o həriflərdən deyildi, həm də ki, bütün bu "canınçün, canımçünün" praktik iş cəhətdən əhəmiyyəti bir qara qəpik idi. Fuad bilirdi ki, nazir Əhməd Nəzərin canına, başına and içə-içə onun heç bir sözünü, işini ciddi qəbul eləmir.
    Doğrudan da Əhməd Nəzər bir müddət hal-əhval tutub, gəvəzələyəndən sonra mətləbə keçəndə sir-sifəti dəyişdi: aydın idi ki, nazir onun xahişini mədəni və işgüzar şəkildə rədd edərək nə isə tutarlı səbəblər gətirir.
    -Hə, belə de... Yox əşi?!.
    "Əşi" sözü Əhməd Nəzərin ən çox işlətdiyi söz idi, dünyanın, kainatın bütün mürəkkəb problemlərini, insanlığın bütün qəliz duyğularını, düşüncələrini üç hərflik bu söz vasitəsilə müəyyən edirdi... Həm təəccübünün, həm narazılığının, həm sevincinin, həm qorxusunun ifadəsiydi bu tutumlu söz: əşi!.. Kefi lap kök olanda bu sözə dördüncü hərf də əlavə edirdi: "Əşşi..." Duyğu təlatümünün son həddi isə "əşi, yox əşi" cümləsində təcəssüm olunardı. Əhməd Nəzər dinləyir, nazir nə isə deyirdi. Fuad nazirin səsini eşitməsə də, dediklərini dəqiq bilirdi. Bilirdi ki, bax, indi nazir instruksiyaya isnad edir, amma yeni instruksiyanın on dördüncü maddəsinin üstünü vurmur. Bu maddədən Əhməd Nəzər də xəbərdar deyildi, xəbərdar idisə də indi hafizəsində deyildi, şübhəsiz! Fuad isə yadına salmaq istəmirdi. Öz təqsiridir, qoy altın çəksin. Əvvəlcə məsələni ağıllı-başlı öyrən, sonra gap telefonu da! Bu yaşda kişiyə mən təzədən "əlif-bey" öyrətməli deyiləm ha!
    Əhməd Nəzər telefonu asdı. Fuad artıq - təzə instruksiyanı qovluqdan çıxarıb masanın üstünə qoymuşdu.
    Əhməd Nəzər:
    -Nazir deyir ki, instruksiyaya görə...
    Fuad onun sözünü kəsdi:
    -Nazir yəqin təzə instruksiyanın 14-cü maddəsini unudub.
    Yeni instruksiya rəisin qabağında idi. Əhməd Nəzər uzağı görmə eynəyini çıxarıb yaxını görmə eynəyini taxdı, tələsik qarşısındakı vərəqlərə göz gəzdirdi, Fuadın qırmızı qələmlə altını çızdığı 14-cü maddəni dodaqlarını tərpədə-tərpədə ürəyində oxudu və dərhal telefonun dəstəyini qapdı… İndicə zəng elədiyi nömrə yadından çıxmışdı, yenidən dəftəri açdı, tapdı, telefonun fırlanqacını hərlədi. Fuad: "Bu da bir səhv, - deyə düşündü. - Özünü necə də yüngül aparır bu boyda kişi. Elə bil "ağır otur, batman gəl" məsələni ömründə eşitməyib. Halbuki bu məsəl birinci növbədə məhz elə vəzifəli şəxslərə aiddir.
    -Mənəm yenə... hə Əhməddir... Əşi, sən bizi dağa-daşa niyə salırsan a kişi, budur bax, təzə instruksiya, səhifə yeddi, 14-cü maddə - bir gör nə yazılıb - V sluçae, esli... o maddəni nazirə oxumağa başladı, ancaq elə birinci cümlənicə yarımçıq kəsdi, təəccüblə - Bilirsən? Bəs bilirsənsə onda... -
    Susub qulaq asmağa başladı.
    Fuad: "Ay hay! Ay sən bu məsələni həll elədin ha!" - deyə düşündü.
    -Yaxşı, nə deyirəm ki, onda qalsın... Əşi, sağlıq olsun.- Nəzər dəstəyi asdı, - bu məsələ, görünür, hələ tam yetişməyib, - dedi. - Gördüz nazirlə danışdım, belə qərara gəldik ki, bu məsələyə bir də qayıdaq. Hələlik qalsın.
    "Hələlik. Bu hələlik gör neçə ay çəkəcək. Əgər bu neçə ayı Əhməd Nəzər stolundan dəbərməsə. Halbuki onca dəqiqənin ərzində həll eləmək olardı"...
    -Keçək ikinci məsələyə.
    İkinci məsələnin Fuada bilavasitə dəxli yox idi. Fuad şöbə müdirlərini qeyri-ixtiyari olaraq müştəri gözüylə süzdü. Öz yerinə şübhəsiz bunlardan birini təklif eləməliydi: Sabir, Mürsəl, Mir İsmayıl. Mir İsmayıl yaxşı işçidir, şorgözlüyü olmasa. Çətin düzələ. Evləndi, amma arvad da əl-ayağını yığışdıra bilmədi. Sabirin savadına, biliyinə söz ola bilməz, amma dikbaşdır. Ondan yaxşı müavin təsəvvür də eləmək olmaz. Fuadla ikisi bir yerdə dağı dağ üstünə qoyardılar, əgər...

<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (05.12.2013) | Müəllif: R.C E W
Baxış: 827 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more