Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-2-ci cild-9
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>

    Muxtar danışır, danışırdı. Zauru fikirlər aləminə, qəm dəryasına qərq eləmiş içki Muxtarı əksinə nəşələndirmişdi, dil boğaza qoymurdu. İndi o öz peşəsini yamanlamırdı, əksinə tərifləyirdi, deyirdi ki, dünyada heç bir başqa sənətə dəyişməz onu, doğrudan da, deyirdi, məgər möcüzə deyilmi bu? Gecənin tənhalığında tək bir adamın başına gələn fikirlər, sözlər əvvəlcə kağız üzərində maddiləşir, sonra isə səhərisi gün onlarla, yüzlərlə adamın iştirakıyla sifətlərə, rənglərə, səslərə, lövhələrə çevrilir, canlı həyatın bir parçası olur və bütün bu həyatın nəbzi rejissorun ovcunun içindədir. Bu həyat ekran işığıyla minlərə, milyonlara göstərilir, onların yaddaşına, zehninə həkk olunur. Nə olsun kn, ekran sonra solub sönəcək, bütün sözlər, bütün sifətlər əriyib yoxa çıxacaq - bu dünyada daimi nə var ki? Xoş bir yuxudan aldığımız təəssürat kimidir bu - yaddaşımızda, qəlbimizdə qalır. Və xoş bir yuxudan, ya yaxşı bir verilişdən yaddaşımızda qalan iz məgər həyatın başqa maddi ləzzətlərindən daha azmı zövq verir insana? Muxtar niyyətlərindən, həyata keçməmiş arzularından danışırdı - ayrı-ayrı səhnələr, parçalar, obraz - dağıntıları...
    -İçərişəhər haqqında film çəkmək istərdim, - deyirdi. - İçərişəhərin evləri yadınızdadır da... Bax, bütün hadisələr bu evlərdə, həyətlərdə, o dar küçələrdə gedərdi, finalda isə - finalını elə aydın görürəm ki, filmin, tez-tez yuxuma girirlər bu kadrlar - finalda İçərişəhər evlərinin damlarını göstərərdim və damlardan birinin üstünə zil qara paltarlı gənc, gözəl bir qız paltar sərərdi... İpin üstündə ağlar, mələfələr, balış üzləri asılıb.
    Hamısı da ağappaq, meh onları yellədir və qara paltarlı qız da bu ağ parçaların arasında görünüb itir, göy üzü açıqdır, uzaqda da gömgöy dəniz... bu bir növ rəqsdir-ağ parçaların, qara paltarlı qızın, küləyin rəqsi... Amma eyni zamanda kəndirdəki ağlar elə bil yelkəndir və bu evlər də yelkənli qayıqlardır, uzaqdakı mavi dənizin içində üzürlər... Başa düşürsüz, kameranı elə nöqtədə qoyardım ki, evlərin damı gəmi göyərtəsinə oxşardı və ağlar da yelkən kimi dənizin fonunda görünərdi-həm plastik obrazdır bu, həm də rəmzi... Biz çox vaxt yelkənləri döşəküzünə çeviririk, amma mən döşəküzülərini yelkənə çevirmək istəyirəm. Amma bu rəmzin başqa mənası da var. Damların üstündə yellənən ağlar həm də təslim bayraqlarıdır... İçərişəhərin köhnə evləri müasir buldozerlərə müqavimət göstərə bilmirlər, onlar dağılmağa, sökülməyə məhkumdurlar və təslim bayrağı kimi damların üstündə mələfələri, döşəküzlərini qaldırırlar... Kiminsə şeri vardı bu məzmunda... "Ağ döşəküzüləri nə görürlər yuxuda? Görürlər ki, uzaq cənub dənizlərində yelkənlərdir...", ya "uzaq cənub dənizlərinə kölgə düşür bu yelkənlərdən..." - xatirimdə deyil.
    Təhminə birdən Muxtarın uzun monoloqunu kəsdi:
    -Gəl sənin sağlığına içək, Muxtar, - dedi. - Zaura çox danışmışam sənin barəndə. Zaur da mənimçün əziz adamdır.
    Zaur: "Zaur da" - deyə ürəyində təkrar elədi.
    -Odur ki, deyirəm, Zaurik, - "Zaurik"- Muxtarın sağlığına qaldıraq bu qədəhi. Muxtar əsl dostdur, elə dostdur ki, ən çətin dəqiqədə, ən pis vəziyyətində ondan kömək uma bilərsən və o da əlindən gələni əsirgəməz. Heç vaxt da boynuna minnət-zad qoymaz ki, bəs filan-peşməkan... ya görürsən bir təmənnası olsun... bir söz...
    -Bir söz, boşla bu söhbətləri, - deyə Muxtar onun sözünü kəsdi. - Lap bal-bəhməz oldu... Nə bilirsən təmənnasızam, ya yox, bəlkə ürəyimdə mənim də təmənnam var. Uzun sözün qısası - gəlin, elə-belə içək, vəssalam, sağ olun.
    Təhminə sərxoş inadıyla:
    -Yox, - dedi, - mən bir neçə kəlmə də demək istəyirəm, xahiş edirəm sözümü kəsməyəsən... Mən demək istəyirəm ki, dostlar da cürbəcür olur. Elə dostlar var ki, yaxşı günün dostudur, ancaq yaxşı günündə sənin böyründə hərlənir, - üç qara qəpikdir qiyməti belə dostun. Elə dost var ki, yaman günün dostudur, bax belə dostu adam gərək çox yüksək qiymətləndirsin. Amma əgər həmin bu yaman günün dostu, ancaq yaman gündə sənin imdadına çatırsa, amma yaxşı günündə səndən gen gəzirsə, bu da məncə birtərəfli dostluqdur e. Adamın ürəyi darıxar bu cür dostluqdan, sən otur gözlə ki, mənim pis günüm haçan gələcək, onda öz dostluğunu sübut elə... Yox, bu da yarımçıq dostluqdur bir növ. Amma bir başqa cür dostluq da var, məncə əsl dostluq da elə budur... Yaman günündə səni tək qoymaz belə dost, amma yaxşı günündə də yaxasın qırağa çəkməz. Sənin dərdivə də şərikdir, sevincinə də sevinir. Sənin sevincin onun sevincidir, onun sevinci sənin sevincindir, dayan görüm, tamam çaşdım ,ki... deyəsən, çox içmişəm... Nə isə... sənin sağlığına, Muxtar!
    İçdilər, sonra Muxtar durub harasa getdi və Təhminə:
    -Bilirsən necə insan adamdır, - dedi. - Sənətkarlığına da söz ola bilməz, - allah vergisidir də...
    Zaur düşündü ki, bu allah zalım mənə niyə bir şey verməyib görəsən.
    -Zaurik, nədirsə, elə bil pərişan dəyirsən bu gün gözümə? Nə olub?
    Zaur:
    -Qəribədir, - dedi, - mən fikir vermişəm ki, Muxtarın yanında sən mənə "Zaur" deyirsən. Muxtar olmayanda "Zaurik".
    Təhminə şaqqanaq çəkdi:
    -Ay allah, əcəb ağılsızsan, - dedi.
    -Biz hardan ağıllı olaq? Ağıllı allahdır, ofisiantlardır, bir də rejissorlar.
    -Lap zəhər tuluğusanmış ki sən, Zaur… Nədi, yəni məni qısqanırsan, kimə, Muxtara? Ay-hay! İstəyirsən, lap bax
    Muxtarın yanında səni qucaqlayıb öpüm, Zaurik, yox, lap elə "Zaurcığaz" deyim sənə, istəyirsən?
    Zaur:
    -İstəyirəm, - dedi. - Gəl bircə burdan çıxaq gedək.
    Muxtar:
    -Znakomtesğ, - dedi, onunla bir kişi və bir qadın da yanaşmışdı stola. Muxtar Zaur və Təhminəni rusca onlara təqdim elədi, sonra dedi ki, gələnlərin adı Saşa və Lenadır. Onu da əlavə elədi ki, əlbəttə, Lenanı və Saşanı təqdim eləməyə ehtiyac yoxdur, onları kim tanımır ki, - bu ər-arvad çox məşhur kino aktyorları idi.
    Muxtar Saşayla Lenanı da stollarının başına dəvət elədi. Ər-arvad ikisi də artıq möhkəm dəm idilər və Saşa oturarkən az qaldı stuldan yıxılsın.
    -Pardon, - dedi, - oçenğ rad... Sonra - Madam, - deyə Təhminəyə müraciət elədi, - vı ne vozrajaete esli ə sədu rədom s vami?
    Təhminə etiraz eləmədi və Saşa ondan soruşdu ki, siz də aktrisasınızmı? Təhminə dedi ki, xeyr, mən televiziya diktoruyam.
    Lena:
    -Ax da, ə je videla vas po televizoru, - dedi, - pozavçera gto bılo.
    Saşa Təhminədən xəbər aldı ki, bəs nə əcəb siz aktrisa deyilsiz, Təhminə də çavab verdi ki, bu barədə rejissorlardan soruşmaq lazımdır, məsələn, elə Muxtardan. Muxtar da dedi ki, icazə verin əvvəl mən özüm soruşum ki, nə içəcəksiz. Saşa:
    -Da teperğ vse odin xren, - dedi. - Nu davay vodki...
    -A vı Lena?
    -Mne toje vse ravno, vodka, tak vodka... Sonra Lena
    Zaurdan soruşdu ki, adı nədir:
    -Zaur.
    -Zaur! Krasivoe stepnoe imə! A kak zovut menə?
    Zaur cavab verdi ki, özünüz daha yaxşı bilərsiz.
    -O, ne budğte qrubım, çelovek so stepnım imenem, - dedi Lena, - vı je doljnı znatğ toçno:

    Saşa:
    -Vı pğete konğək, a mı vodku, - dedi. - Kakaə-ta anarxiə poluçaetsə u nas za stolom.
    Muxtar:
    -Net, u nas za stolom ne anarxiə, a monarxiə, - dedi, - poskolğko estğ koroleva. İ daje dve korolevı.
    Lena:
    -Vot gto ə panimaö - vostoçnaə qalantnostğ, - dedi.
    Saşa dedi ki, gəlin onda içək gözəl şərq qadınlarının sağlığına. İçək onların sağlığına ki, parancanı çıxarıb atıblar və konyak içirlər, sonra Təhminədən soruşdu ki, Təhminə paranca taxıbmı?
    Təhminə cavab verdi ki, bizlərdə, ümumiyyətlə, heç vaxt, heç kəs parancanın nə olduğunu bilməyib. Muxtar dedi ki, bizdə çadra olub, bu isə başqa şeydir. Lena dedi ki, mən bilirəm, parança Özbəkistanda olub. Sonra əlavə elədi ki, bildir Daşkənd festivalının iştirakçısıydım. Daşkənddə əntiqə plov bişirirlər. Zaur dedi ki, bizim plovumuz daha ləzzətlidir. Zaur söhbətə ona görə qarışdı ki, susması diqqəti cəlb eləməsin, amma Saşa dərhal bunu tutdu və bərkdən:
    -Bravo, bravo, sfinks zaqovoril, - dedi. - Vı molçali dolqo i zaqadoçno i nakoneü reşili raskrıtğ usta, çtobı zaşititğ çestğ naüionalğnoy kuxni.
    Lena onun sözünü kəsib:
    -Nu, xoroşo, - dedi, - ne... - və qəliz bir söyüş əlavə elədi.
    Təhminə özünü o yerə qoydu ki, guya eşitmədi. Zaur qıpqırmızı qızardı, Muxtar isə mülayimliklə Lenadan xahiş elədi ki, söyüş söyməsin, bizlərdə adət belədir ki, qadının yanında söyüş söyməzlər.
    Saşa dedi ki, onda yaşasın günəşli Azərbaycan respublikası və arvadına müraciətlə əlavə etdi:
    -U nix nasçet gtoqo znaeşğ kak stroqo, çutğ çto, esli çest, zadeta, srazu pırnut nojom v serdüe ili pulö v lob.
    Sonra Zauru göstərib əlavə elədi ki, görürsənmi, bu xanımın, yəni Təhminənin yanında necə mühafizəçi var. Muxtar dedi ki, Saşa, məncə, sən Bakıda olmusan və sağsalamat qayıtmısan ordan, nə bıçaqlayan olub səni, nə gülləylə yaralayan.
    Saşa:
    -Da, potomu çto ə bıl tam nije travı, tişe vodı, - dedi.
    Muxtar:
    -Nu, nasçet vodı tı izlişne skromniçaeşğ, - dedi, - pomoemu tı tam pil vse, çto uqodno, tolğko ne vodu.
    -Starik, ə deystvitelğno probıl tam tri dnə ne prosıxaə, - dedi. Bakıda olmasından danışdı, dedi ki, təyyarədən düşəndə məni sizin kinonun rəhbər işçiləri qarşıladılar, sonra harasa getdik, haradasa görüş idi, nəydi, daha dalısı yadıma gəlmir, bir onu bilirəm ki, üç gündən sonra kimsə gətirib məni basdı Moskva təyyarəsinə... Ayrı heç nə yadına gəlmirdi Saşanın.
    Qədəhini qaldırıb:
    -Nu, xoroşo, vzdroqnuli, - dedi, sonra yenə Təhminəyə baxıb dedi ki, bilmirəm bu Azərbaycan rejissorlarının gözləri hardadır, belə bir dünya gözəlini məgər kinoda çəkməmək olar heç?
    Təhminə dedi ki, onlar çəkmir, siz çəkin. Saşa da dedi ki, məmnuniyyətlə və Təhminənin ünvanını, telefonunu istədi. Təhminə ünvanını və telefonunu vermədi, amma dedi ki, istəsəz, məni Muxtarın vasitəsilə tapmaq olar.
    Saşa:
    -On çto, vaş löbovnik gtot çertov, persök? - dedi.
    -Təhminə quru tərzdə:
    -Net, - dedi.
    -A kto vaş löbovnik?
    Təhminə:
    -A u menə net löbovnika, - dedi. - U menə estğ muj.
    -A kto vaş muj?
    Ani bir tərəddüddən sonra Təhminə Zauru göstərdi... Sonralar Zaurla Təhminə mübahisə edirdilər: Təhminə belə deyəndə kim daha artıq quruyub qaldı - Zaur özü, ya Muxtar... Sonralar Təhminə Zauru başa salırdı: elə dedim ki, Saşa birdəfəlik əl çəksin məndən. Doğrudan da, Saşa elə bil ayıldı, dərhal ahəngini dəyişdi. Zaura baxıb dedi ki, ancaq xahiş edirəm mənim qol-qabırğamı sındırmayasız, yüz faiz inanıram ki, bunu əla bacararsız, amma mən, ümumiyyətlə, arvadbaz deyiləm, mən alkoqolikəm, lazım gəlsə, arvadım da bunu təsdiq eləyə bilər.
    -A poşel tı... - Lena ərini müəyyən ünvana göndərmək istəyirdi ki, birdən Muxtarın sözləri yadına düşdü, əlləriylə ağzını tutub, üzr istədi.
    Saşa Muxtara müraciətlə:
    -Starikan, a davnenğko mı s toboy ne pili, - dedi, vaxtilə kursunda bir oxuduqları institutun dekanı Pal Palıçı yada saldı, soruşdu ki, Muxtarın yadındadırmı Pal Palıç?
    Muxtar cavab verdi ki, əlbəttə, yadındadır. Saşa da dedi, bəs Muxtar bilirmi ki, ölüb yazıq Pal Palıç, Muxtar cavab verdi ki, şübhəsiz bilir və hətta, başsağlığı teleqramı da göndərib.
    Saşa dedi ki, mən isə heç teleqram da vura bilmədim. Kannda idim, filmimizin premyerasında, qayıdanda bildim. Təhminə soruşdu ki, Kann xoşuna gəlibmi Saşanın. Saşa cavab verdi ki, üçüncü dəfədir Kann festivalında iştirak edir və lap zəhləsini töküb ora - qəbullar, nə bilim, presskonferensiyalar, kokteyllər, amma ağıllı-başlı içmək mümkün deyil... Amma bu səfər bəxti onda gətirdi ki, Fellininin təzə filminə baxdı orda, hələ bizdə yoxdur bu film, Muxtara müraciətlə:
    -Nu, starik, - dedi - gto obaldetğ mojno, skaju tebe.
    Zaur qəfilcən:
    -A po-moemu, - dedi, - Fellini ot barokko prişel k rokoko...
    Zaurun bu bəyanatı o qədər gözlənilməz oldu ki, hamının gözü kəlləsinə çıxdı, hamı bir müddət maddım-maddım birbirinin sifətinə baxdı, nəhayət, Saşa:
    -Nu, tı vıdaeşğ, starik. - dedi.
    Təhminə də qəhqəhə çəkib Zaura "afərin" dedi.
    Zaur isə kiçik qədəhini bir qırağa qoyub iri bir fujer götürdü, ləbələb konyak tökdü və göz qırpımında başına çəkdi. İçəndən sonra dedi ki, onun fikrincə dünyada an yaxşı film "Tarzan"dır. İstəyirdi ki, onun geriliyinə, primitiv zövqünə gülsünlər; amma əksinə, Lena Zaurun fikrinə qəhmər çıxdı, dedi ki, tamamilə razıdır bu sözlə, Tarzan heç olmasa sağlam kişidir. Sonra əlini Zaurun saçlarına çəkib:
    -A vı sami poxoji na Tarzana, - dedi, - takoe je dikoe pervobıtnoe suşestvo s lesnım imenem...
    Təhminə:
    -So stepnım - qovorili vı, - dedi.
    Lena da cavab verdi ki, meşə, düz, dağ - hamısı bir... və dərhal da üzr istədi, daha söyüş söyməyəcəyinə and içdi...
    Sonra Lena da Bakıya gəlməsindən danışdı, kinostudiyada balaca bir rolda çəkilibmiş, orada maraqlı bir adamla da tanış olub, rejissordur, bəlkə tanıyırsız. Adını xüsusi bir səylə tələffüz elədi: Ağamehdi...
    Muxtar dedi ki, tanıyır belə bir adamı. Lena dedi ki, çox maraqlı məxluqdur. Lenaya nələr vəd eləmirmiş ki, həmişəlik Bakıda qalsın. Saşa Zaurdan xəbər aldı ki, siz də rejissorsunuz? Zaur cavab verdi ki, xeyr rejissor deyiləm, tüfeyliyəm, çıxıb ata-anamın boynunda oturmuşam. Saşa sakit-sakit cavab verdi ki, bu da pis peşə deyil, həm də gör necə gərək məharətin olsun ki, özün də valideynlərinin boynunda oturasan, hələ arvadını da orada əyləşdirəsən. Təhminə, məzəmmətlə başını buladı, yəni ki, niyə, axı, belə, Zaur.
    Zaur cavab verdi:
    -Ona görə belə deyirəm ki, sizin bütün bu söhbətləriniz lap məni boğaza yığdı daha, - Kann festivalı, Fellini, ağ yelkənlər, nə bilim, daha nə cəfəngiyat. Sonra əlavə elədi: - Ə samıy obıknovennıy, prostoy çelovek...
    Lena:
    -Nu, gto uje skuçno, - dedi, - kakaə-to demaqoqiə poşla. Davayte luçşe vıpğem.
    Saşa:
    -İskustvo prinadlejit narodu, - dedi və Zaura müraciət elədi: - A mejdu proçim, predstavitelğ prostoqo naroda, qde gto vı dostali takie şikarnıe tufli, ə ix daje v Parije ne moq kupitğ? Posmotri ka, Len...
    Hamı Zaurun çəkmələrinə baxdı. Zaur nə isə fikirləşib, dedi ki, satıram, özü də qət təzədir... Saşa soruşdu ki, neçəyə, Zaur dedi ki, qırx manata, özüm almışam. Məlum oldu ki, Saşayla ayaqlarının ölçüləri də eynidir 42. Zaur gördü Saşanın, deyəsən, doğrudan da meyli var, dedi, amma bircə şərtim var, sövdamız bax indicə, elə buradaca baş tutmalıdır. Mən öz ayaqqabımı sizə satıram, sizin ayaqqabılarınızı özüm geyirəm, üstəlik də mənə qırx manat pul verirsiz... Saşa fikirləşdi və dedi ki, razıyam.
    Muxtar da, Təhminə də, hətta Lena da bilmirdilər, onlar zarafat edir, ya ciddi danışırlar, amma Zaurla Saşa artıq çəkmələrini dəyiş-düyüş eləmişdilər. Saşa:
    -Len, day emu sorok rubley, - dedi.
    -Da ne çudi tı...
    -Day qovorö. Tufli je blesk, gto on po pğənke otdaet, protrezveet eşe peredumaet.
    Lena, doğrudan da, sumkasından qırx manat çıxardıb Zaura verdi və Muxtar dedi ki, onda gəlin içək Saşanın təzə çəkmələrinin şərəfinə... Təhminə dedi ki, həm də Zaurun təzə çəkmələrinin şərəfinə.
    Zaur üzr istəyib, stolun arxasından durdu, ehmallıca ofisiantı kənara çağırdı, hesabı bilib pulunu verdi. Sonra qayıdıb öz yerində oturdu.
    Saşa dedi ki, yaxşı, vaxtdır, hər şeyi yedilər, içdilər, qurtardılar, əntiqə çəkmə də qazandı aralıqda, indi isə evə getmək lazımdır, işıqları da söndürərlər daha.
    Hamı yerindən durdu.
    Muxtar:
    -Siz gedin, - dedi, - mən gəlib çataram sizə. – Zaur gedə-gedə yavaşca çevrilir, Muxtarın ofisiantı çağırmasına ləzzətlə göz qoyurdu... Küçəyə çıxdılar. Binanın qapısındakı bir neçə maşını sahibləri işə salır, qızdırırdılar. Bir maşından Lenayla Saşanı çağırdılar.
    Saşa və Lena Təhminə və Zaurla görüşdülər, dedilər ki, qonşularıdır çağıran. Aeroport metrosuna tərəf gedirlər, onsuz da yolları ayrılır. Muxtara da salam desinlər, heyf ki, sabah Kiyevə getməlidirlər, yoxsa görüşərdilər, bir də Moskvaya gələndə mütləq zəng vursunlar, hökmən görüşmək lazımdır. Keçib maşına mindilər, pəncərədən əl elədilər, maşın yola duşüb uzaqlaşdı... Muxtar elə bu vaxt çıxdı binadan.
    -Ayıb deyilmi, Zaur, - dedi. - Axı, mən dəvət eləmişdim, siz niyə vermisiz hesabı?
    Zaur:
    -Təzə çəkmələrimin şirnisini verdim, - dedi.
    Təhminə:
    -Nə? Deməli sən... - deyə sözə başladı və birdən hər şeyi başa düşdü, - ağılsız…
    Sonra sözünü yarımçıq kəsib, Zaurun boynuna atıldı, ayaqlarını da yerdən üzüb havadan sallandı. Zaur da onu bağrına basıb o yan-bu yana hərləyirdi və elə bil hər ikisi Muxtarın burada olduğunu unudaraq uşaq kimi şən gülüşürdü.
    Muxtar:
    -Metroya getmirsiniz? - dedi. "Siz" - yəni Təhminəylə Zaur.
    Zaur:
    -Yox - dedi. - Piyada getmək istəyirik.
    Muxtar tələsik vidalaşıb getdi. Becid addımlarla metro stansiyasına tərəf gedirdi. Zaur arxadan onun azacıq bükülmüş yorğun kürəyinə baxır və Muxtar haqqında onun özünün tapdığı obrazlarla düşünürdü: qırışıb-əzilmiş yelkən, heç bir zaman daha yelkən ola bilməyəcək ağ parça... qayıqları, uzaq cənub dənizlərini isə ancaq yuxularında görə bilər... Özgə şəhərdə, qərib oteldə, tənha nömrədə yatıb gördüyü yuxularda...

Səkkizinci fəsil

 

    Bu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,
    Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.
    Telefonun dəstəyini Təhminə özü götürdü. Zaur:
    -Xoş gördük. Xoş gəlmisən, - dedi.
    Təhminə:
    -Sağ ol, - dedi, səsində nə sevinc vardı, nə intizar. Elə bil Zaurla on dəqiqə bundan qabaq ayrılmışdılar. Halbuki son görüşlərindən bir həftə keçmişdi, bu bir həftə ərzində Zaur Moskvadan uçub Bakıya gəlmişdi, Təhminə üç gün də Moskvada qalmışdı, sonra isə qatarla o da Bakıya yollanmışdı. Dünən gəlib çıxmışdı Bakıya, bu gün isə Zaur ona avtomatdan zəng eləyirdi.
    -Bəs dedin gələn kimi zəng vuracam? Dünəndən gəlmisən, zəng eləmirsən.
    Təhminə:
    -Nə bilim, vallah, - dedi, səsi soyuq idi. Küləkli boz bir payız günü idi, elə bil Təhminənin səsinə də çökmüşdü bu günün soyuqluğu, tutqunluğu.
    -Sevirsən məni?
    Təhminə:
    -Aha, - dedi, amma elə biganəliklə dedi ki, deməsəydi yaxşıydı.
    -Haçan görüşək?
    Bir az sükutdan sonra Təhminə:
    -Mən özüm sənə zəng vuraram, - dedi. - İdarəyə...
    -Haçan?
    -Bilmirəm baxarıq...
    -Bu gün?
    -Yox, bu gün yox, sabah, birisi gün də yox... bir neçə gündən sonra...
    -Axı niyə axı?.. Nə olub ki, bəlkə bir hadisə baş verib hə?
    -Yox, Zaur heç bir şey olmayıb. Amma işim var, bir məsələni həll eləməliyəm. Səndən də xahiş edirəm, bu günlər zəng vurma mənə. Bir neçə gündən sonra, bir həftədən sonra təxminən, özüm səni taparam, yaxşı?
    Zaur həvəssiz:
    -Yaxşı, - dedi. - Özün bil...
    Zaur birdən-birə yenə də:
    -Sevirsən məni? - deyə soruşdu.
    Təhminə tələsik:
    -Hə, hə, sevirəm, - dedi və Zaura elə gəldi ki, bu sözləri Zauru tez başından eləmək üçün deyir. Bir də təkrar elədi. - Özüm sənə zəng vuraram. Hələlik.
    Zaur da:
    -Hələlik, - dedi və Təhminə dərhal dəstəyi asdı.
    Telefondan kəsik siqnallar eşidilməyə başladı, du, du, du...

 

***

 

    Günlər keçirdi, Zaur evdə də, işdə də, hər telefon zəngindən diksinir, dəstəyə tərəf atılırdı, amma Təhminə zəng vurmurdu ki vurmurdu.
    Zaurun əsəbi vəziyyətəni anası da duyurdu... və buna ayrı rəng verirdi... Zaurun Moskva səfəriylə bağlı inadını, tərsliyini, höcətliyini görüb, Zivər xanım dərk eləmişdi ki, hərbə-zorbayla oğluna təsir göstərə bilməyəcək, başqa yol seçmək lazımdır - hər şeyi "pişim-pişim"lə həll eləmək gərəkdir. Zivər xanım indi Təhminəni açıq yamanlamırdı, dolayı yollarla söhbət salıb, Zauru ona qarşı doldurmaq istəyirdi. Onu da bilirdi ki, sözü hərləyib-fırlayıb Təhminənin üstünə gətirən kimi Zaur çəmkirib otaqdan çıxacaq, söhbəti uzatmağa qoymayacaq, odur ki, Zivər xanım az sözlə çox şey demək məharətinə yiyələnirdi: oğlu sözünü kəsib otaqdan çıxanacan bir cümləylə, bir məlumatla onun qəlbinə şübhə toxumları səpməyə çalışırdı...
    -Eşitmişəm, Moskvada sənin rəqibin də olub ki, - deyirdi. - Nədi o televizor rejissoru, Muxtar Məhərrəmovdu nədi. Bəs davanız düşmədi? Məşdibad demişkən, qızın iki adaxlısı varmış ki...
    -Bəsdir, qurtar, - deyə Zaur başını götürüb qaçırdı, amma gələn səfər anası qəsdən televiziya verilişlərindən söz salırdı, guya ki, təsadüfən Muxtarın adın çəkirdi, sonra isə: "sənin rəqibin" - deyə yenə işarə vururdu...
    Başqa bir səfər anası:
    -Hərənin öz yeri var da, - deyirdi, - ər ad üçün, adı olsun ki, ərdədir, ərli arvaddır. Spartak geyindirib-kecindirmək üçün, Muxtar işdə qabağa çəkmək üçün, sən... sən isə səfehqulu, elə-belə-gün keçirməkçün lazımsan ona. Ən pisi səninkidir, bu gün səninlə gününü keçirdər, sabah başqasıyla...
    Bəzən isə tamam qəribə mülahizələr yürüdürdü: "Bilirəm səndən niyə belə bərk yapışıb, - deyirdi, - elə bilir ki, biz öləcəyik, bütün bu ev-eşik, bu var-dövlət ona qalacaq... Ay hay... asta ye, boğazında qalmasın..." Bu, lap gülməli fikir idi və Zaur əsəbiləşməkdənsə maraq göstərirdi:
    -Başa düşə bilmirəm, sizin ev-eşiyiniz hardan ona düşə bilər axı?
    -Bunu başa düşməyə nə var ki?.. Onun fikri budur ki, biz ölək, sənə ərə getsin, bu ev-eşiyə sahib dursun... Asta ye, boğazında qalar...
    Zaur bu sayaqlamanı müəyyən bir məntiqə bağlamaq istəyirdi:
    -Axı, öz ərinə nə gəlib…
    -Külü qoyum elə ərin təpəsinə... Ondan boşanmağa nə var ki, bir stəkan su içmək kimi asan işdir o cür arvadın əlində.
    -Deməli, sənin məntiqindən belə çıxır: Təhminənin indi evi də var, əri də. Ərindən boşanır, evindən əl çəkir ki, allah eləməmiş siz öləndən sonra bizim evə köçsün? Yəni buna səndən başqa bir inanan olar?
    -Sən ələ sal, qoca anavı, atovu lağa qoy... Əlbəttə,
    Təhminə xanım sənə bundan yaxşı şey öyrətməyəcək ki. Əlbəttə, könlündən keçir də... O qotur evlərini bizim bu cəhcəlallı mənzilə kim dəyişməz, aralığa salıb ərini də dəyişər, nə çətin imiş onunçün bu... O ev-eşiyi ki, atanla mən iynəylə gör qaza-qaza illərlə düzəltmişik, hazırına-nazir Təhminə xanım gəlib bütün bu var-dövlətə sahib durar. Ölmüşdü deynən Zivər ki, sən onun nəslinin başında turp əkəsən... Vallah öləm məni basdıralar ha, onda da qəbrimin içindən, yerin yeddi qatından durub gəlib, öz əllərimlə boğaram onu.
    Anasının fantastik fərziyyələri gülməli gəlirdi Zaura, həm gülməli, həm də ağlamalı, amma bir yandan ona sevinirdi ki,əgər anasının fərziyyələri bu dərəcədə həqiqətdən uzaq, boşbekara gümanlardısa, onda deməli, verdiyi bütün başqa xəbərlər, topladığı bütün başqa məlumatlar - o xəbərlər, o məlumatlar ki, onları qaşıq-qaşıq zəhər kimi hər gün Zaurun içinə tökürdü - onlar hamısı da mənasız və puç şayiələr imiş...
    Zivər xanım Moskvada Təhminəylə Muxtarın məhəbbət macəralarından danışırdı və Zaur bilirdi ki, bütün bu söhbətlər boş uydurmalardır, amma sonra fikirləşirdi ki, məgər Təhminənim Moskva səfərinin bütün təfərrüatına, hər saatına, hər gününəmi bələddir? Əlbəttə, yox... - Bakıya qatarla həmin o Muxtarla bir kupedə gəlib ki - deyirdi anası və Zaur bilirdi ki, bu, həqiqətdir, amma əlavə eləyəndə ki, "ikiadamlı kupedə gəliblər", Zaur bunun yalan olduğunu da dəqiq bilirdi.
    Təhminə, Muxtar və televiziyada işləyən iki qız - dördü bir yerdə - bir kupeyə bilet almışdılar, Zaurun yanında. Amma bəlkə... Niyə, axı nəyə görə Təhminəylə olanda onun vəfasına, sözlərinin həqiqiliyinə Zaurun şəkk-şübhəsi qalmır, amma elə ki, üç gün-beş gün görüşmədilər - "bütün şəhərin danışdığı" və anasının ona müfəssəl çatdırdığı şayiələr Zaurun içini didib-tökür, beynini gəmirirdi... Domodedovo meşəsində Təhminə: "bax indi, bu saat, bu dəqiqə biz xoşbəxtik və ən böyük həqiqət da budur" - demişdi və Zaur da o zaman bunu həqiqət kimi qavramışdı, amma "bu saat, bu dəqiqədən" başqa da vaxt axarı vardı axı. Bəs bu vaxtın, Təhminəylə görüşmədiyi anların həqiqəti, Təhminənin onsuz, Zaursuz olduğu və kim bilir, kimlə olduğu dəqiqələrin həqiqəti nədə idi? Bəlkə də bu dəqiqələr kiminçünsə başqa birisiyçün ən böyük həqiqət idi, Təhminəylə başqa birisiyçün... Zauru dəhşətə gətirən də elə bu fikir idi...
    -Mən ölü, sən diri, - dedi Zivər xanım, - görəcəksiz, ərindən boşanacaq o. Öz planları var onun. Alya da deyir ki, televiziyaya keçib ki, o Muxtarı tovlayıb yoldan çıxartsın, ərə getsin ona... Özü bilər e, öz işidir, kimə gedir getsin, bircə səndən qəmişini çəksin.
    Zaur "bəlkə, doğrudan da belədir", - deyə düşünürdü. Bəlkə, Təhminə seçirmiş: "Zaur, ya Muxtar və axırı Muxtarı seçib... Vacib işi də elə budur. Buna görə də "sən mənə zəng vurma, özüm zəng eləyəcəyəm" deyir və zəng eləmir...". On gün də keçdi və Zaur bu müddət ərzində Təhminəni ancaq bircə dəfə gördü - televiziya ekranında...

 

***

 

    Təhminə axır ki, qərara gəldi, dəstəyi götürdü və nömrəni yığdı
    Qadın səsi gəldi:
    -Bəli... - Təhminə susmuşdu, qadın səsi bir də təkrar
    -Eşidirəm…
    Təhminə əlini uzatdı ki, dəstəyi assın, amma dayandı, nəfəsini dərdi və bilərək ki, bu sözlərlə hər şey həmişəlik həll olunur, dedi:
    -Manafı çağırın...
    İndi də xəttin o biri ucunda sükut çökdü və bu zaman Təhminə səhərdən bəri öz-özünə təkrar elədiyi cümləni dedi:
    -Madam ki, mən bu nömrəylə zəng eləyirəm, deməli, Manafın sizdə olduğunu bilirəm. Xahiş edirəm onu telefona çağırın.
    Görünür, orada uzun zaman məşvərət apardılar, sonra addımlar eşidildi, sonra isə Manafın səsi gəldi. Özünü tamamilə itirmiş, öz adından belə imtina etməyə hazır olan yazıq bir insanın səsi.
    -Bəli...
    -Mənəm, Manaf, Təhminədir, - bir an qorxdu ki, hətta Manafın ürəyi gedə bilər. Amma daha geriyə yol yox idi, - Manaf indi başa düşdün ki, mənim hər şeydən xəbərim var? Bilirəm ki, Tiflisdə deyilsən, Bakıdasan, harda olduğunu da bilirəm, görürsən zəng elədim. - O, Zoyanın adını, familiyasını, dəqiq ünvanını da demək istədi, amma fikirləşdi ki, bu artıqdır. - Özü də çoxdan bilirəm, - yalnız bir bunu əlavə elədi. Manaf udqundu...
    Təhminə:
    -Heç bir vaxt dava-dalaşa çıxmamışıq səninlə, indi də belə fikrim yoxdur. Amma xahiş edirəm ki, yarım saatlığa evə gələsən, vacib bir məsələni həll eləyək. Biz ayrılmalıyıq. Bir kəlmə də dinib-danışmırdı Manaf və yalnız Təhminə: - Yarım saatlığa gələ bilərsənmi? - deyə təkrarən soruşanda
    Manaf batmış bir səslə:
    -Yaxşı, - dedi.
    Təhminənin zənn elədiyi kimi iyirmi dəqiqədən sonra gəldi Manaf, sir-sifəti meyit rəngində...
    Əgər Manaf Təhminənin gözlərində bu qədər miskin və iyrənc olmasaydı, hətta, yazığı da gələrdi ona.
    -Biz ayrılmalıyıq, Manaf, - dedi, - daha bu cür yaşamaq olmaz... Mənim bir hakim tanışım var, tez ayırarlar bizi, əngəlsiz-filan...
    Manaf yenə də susmuşdu, başını almış bu gözlənilməz bəlanın dəhşəti ona qara bir yuxu kimi gəlirdi. Axı ömrünün dəqiq düşünülmüş və onun gümanıyla yaxşı ört-basdır edilmiş bütün düzümü, sahman-səliqəsi alt-üst olurdu.
    -Sənin Zoyayla, ya başqa qadınlarla əlaqən... mən onların da adını bilirəm, inan buna, bir söz, bütün bu xəyanətlərinin heç bir dəxli yoxdur... Sən çoxdandır, neçə ildir ki, məni aldadırsan, amma görürsən ki, indiyəcən vecimə olmayıb bu.
    Çünki səni sevmirəm, Manaf. Demirəm ki, haçansa sevmişəm, indi sevmirəm, yox, heç vaxt sevməmişəm... Bilirəm, bəlkə də bunu eşitmək səninçün ağırdır, amma, doğrudan da, belədir. Bizim evlənməyimiz böyük səhv idi. Hər halda mənim həyatımın ən böyük səhvi adi...
    Manaf onun dediklərini sanki heç dərk etmirdi, bayaqdan bəri. Təhminənin zəngindən bəri fikirlərində dolaşan sual yalnız bu idi ki, görəsən Təhminə haradan öyrənib hər şeyi, kim deyib ona, necə təyin edə bilib hər şeyi belə dürüst, telefon nömrəsinə qədər, bundan başqa daha nə bilir və ən əsas məsələ - görəsən hələ bir şey eləmək mümkündürmü, ailələrini, nigahlarını saxlamaq mümkündürmü? Bəlkə yalvarıb-yaxarsın, ya əksinə, çığır-bağır salsın, Təhminəni borclu çıxarsın? Yox, bunlardan heç biri bir nəticə görməyəcəksə, onlar hökmən ayrılacaqlarsa, onda Manafın gələcək həyatı necə qurulacaq, elə Zoyanın özüylə ya başqalarıyla necə olacaq münasibətləri?
    İndi azad və sərbəst olandan sonra daha gizlənməyə bilərmi, ya əksinə, daha artıq gizlənməlidir və asudəlik onun qarşısına yüz cür təzə problem çıxaracaq?..
    Mənzil Təhminənin atasından qalmışdı və Təhminənin adına idi, Təhminə:
    -Səndən yeganə xahişim budur ki, - dedi, - hələlik bu evi təkotaqlı mənzilə dəyişənə qədər sən Zoyagildə, ya kefin harda istəyir orda qal... Bu xahişimi yerinə yetirərsən? 
    Və ancaq bu zaman Manaf hər şeyi sonunacan, son nöqtəsinəcən başa düşdü, başa düşdü ki, qətidir ayrılmaqları, heç bir şeylə qarşısıalınmazdır bu iş və birgə ailə həyatıyla bağlı nə vardısa, məsələn, bax elə bu mənzilləri - bir də heç vaxt, heç vaxt olmayacaq...
    Təhminə tamam yad bir adam olacaq Manafçün, daha bir də heç vaxt, heç vaxt onlar bir divanın üstündə yan-yanaşı oturub televizora baxmayacaqlar, mətbəxdə bir yerdə çay içməyəcəklər, bir-birinə qapı açmayacaqlar və bir-birinı telefona çağırmayacaqlar... Ağır, ləng bir qorxu yavaş-yavaş Manafın bütün içini doldurdu: yavaş-yavaş tam bitkinliyi ilə dərk edirdi ki, bir də heç vaxt Təhminəni mavi, tiftikli xalatda hamamdan çıxıb nəm saçlarını darayan görməyəcək. Dəhşətli bir peşmançılıq hissiylə onu da duyurdu, hər hansı bir vaxt - keçmişdə ya indi - əlaqə saxladığı qadınların hamısından daha artıq, dünyadakı butün qadınlardan daha artıq Təhminəni xoşlayırdı. Təhminəyə məftun idi və neçə ilin ərarvadı olsalar da, əslində heç bir gün, heç bir gecə, heç bir saat da Təhminəyə malik olmayıb. Bəlkə elə Təhminənin soyuqluğu, biganəliyiydi Manafı başqa qadınların ağuşuna atan?.. Başqa qadınların nəvazişi onda özünə inam hissi oyadırdı, o hissi ki, Təhminəylə olanda itirirdi, daha doğrusu, heç bir vaxt duya bilmirdi Təhminəylə olanda. İndi, bu an dəli bir ehtiras oyanmışdı Manafda, Təhminəni bağrına basmaq, paltarlarını dartıb cırmaq, çabalayan çılpaq bədənini qolları arasında sıxmaq, öpüşlərə, nəvazişlərə qərq eləmək! Amma onu da bilirdi ki, bu saat yer üzündə bundan mümkünsüz şey yoxdur, dünyada heç bir qadın indi onunçün keçmiş arvadı Təhminə qədər uzaq və əlçatmaz deyil. Bunu dərk edə-edə hər halda yenə də inanmaq istəmirdi - Yaxın bir adamın ölümünə inanmamaq istəyi kimi bir şeydi bu istək... İllər boyu birgə yaşadıqları bu otağın ora-burasına göz gəzdirirdi: divarlarda Təhminənin iri fotoşəkilləri, atasından qalma iri divar saatı, əlvan üfürmə şar - Bolqarıstandan gətirmişdi onu Təhminə və balaca, lap balaca əncir ağacı - təbiətin qəribə şıltağı, dağlarda bitmişdi bu mikroağac va onların ümumi dostları - alpinistlər hədiyyə gətirmişdi Manafgilə toylarından bir neçə ay sonra. O vaxtlar, evlənmələrinin ilk illərində, aralarında nə isə ümumi bir şey vardı məsələn, ümumi dostları. Sonralar hərəsi öz həyatına qapıldı.... Təhminənin səbir kasasını dolduran son damla nə olmuşdu görəsən. - Manaf bu barədə düşünür və Təhminənin paltarlarının düymələrini sayırdı, bu düymələr indi onunçün ən açılmaz möhürlər idi... Divar saatı on bir dəfə vurdu...

 

***

 

    -Bəs mən nə deyirdim. - Zivər xaıımın həyəcandan gözübaşı qaynayırdı - bu dünyada bircə öldüyüm günü bilmirəi mən... Deyirdim sənə ərindən boşanacaq, deyirdim, demirdim hə?
    -Kim?
    -Kim, kim? Sənin aşnan... Belə de, sənin heç xəbərin də yoxmuş ki... Alya gəlmişdi... Onun da dərdi mənimkindəndir yazığın, deyir bilmirəm haraya müraciət eləyim, ÜK-ya?
    "Pravda"ya yazım bəlkə?
    -Bir ağıllı-başlı de görüm nə olub axı.
    -Nə olacaq, bu həyasızın qızı bütün təmiz ailələri pozacaq vallah... Alya deyir ki, yenə dadanıb zəng eləməyə Spartaka, yazığa aman vermir. Neçə aydır deyir, mağıl qulağımız dinc idi, bilmirəm kimə uymuşdu. Spartakın yaxasından əl çəkmişdi… Alya bunu mənə eşitdirir, e... Sənin fırıldaqlarından xəbərdardır. Moskvaya bir yerdə getməyivizi də bilir. İndi də, deyir, qayıdıb Moskvadan, yapışıb yenə Spartakın boğazından. Nə göz verir, nə işıq... hə, o yandan da deyir, məsələ qaldırıb, ərindən boşanır. Yəqin mənim oğlumun xirtdəyinə keçmək fikrindədir, deyir Alya yazıq... Spartakın pullarına tamah salıb, yaxşı təmiz ailəyə dürtülmək istəyir... Ay onun mürdəşir yusun üzünü, deyir Alya... Amma mən bir yandan sevinirəm ki, vallah, o Spartak - o da o. İtin dişi, donuzun dərisi... təki səndən əl çəksin, amma bir yandan Alya da yazıqdır da... Vallah, ana olmaq da bir bədbəxtçilikmiş bu dünyada.
    Zaur daha onu eşitmirdi, telefona yanaşdı, elə evdəncə zəng elədi... Birinci dəfəydi ki, Təhminəyə evlərinin içindən zəng eləyirdi. Telefon cavab vermədi.
    Zivər xanım altdan-altdan qımışaraq:
    -Hardan cavab verəcək? - dedi. - Səhər gördüm Spartak "Volqa"sını qarajdan çıxarırdı. İndi də onun maşınında gəzir də... Spartakın "Volqa"sını sənin "Moskviç"indən üstün tutur də... - amma birdən Zivər xanım susdu, diqqətlə Zaurun üzünə baxdı və tamamilə başqa, yumşaq həlim bir tərzdə:
    -Ay oğul, - dedi, - qanını qaraltma, anan qurban. Sənin tayın deyildi o... Qurban olum, o kimdir ki, sən bir belə ürəyivə salırsan, özüvə dərd eləyirsən bu şeyləri... Çıxart başından, sənə qurban olum... Gəl sənə dolma bişirmişəm, səhərdən acsan, işdən gəlmisən, bir tikə çörək ye, gözlərinin qadasını alım...
    Zaur geyinib küçəyə çıxdı ki, anasının səsini eşitməsin. Nə kinayəli, nə mehriban, nə acı, nə şirin sözlərini eşitmək istəyirdi...
    Küçəylə gedir və düşünürdü: bu nə təzə söhbətdir belə... Doğrudanmı Təhminə yenə Spartaka zəng eləyib, indi nə işi düşüb görəsən?.. Bəs Zaura niyə zəng eləmir və bu nə boşanmaq məsələsidir belə, bu söhbət hardan çıxıb? Spartakın nə dəxli var buna?.. Bu boşanmanın - əgər doğrudan da boşanırsa - Spartakla nə əlaqəsi ola bilər? Bəs Muxtarla? Muxtar bilirmi bu barədə bir şey?.. Bəs özü hardadır. Təhminə, axşam doqquzdur axı... Yenə zəng elədi. Sonra bir də, bir də... Telefon susmuşdu... Gecə on birin yarısı olmuşdu artıq. Telefon susduqca Zaurun nigarançılığı da artırdı və bilirdi ki, əgər bu axşam Təhminəylə danışıb bütün bu məsələləri aydınlaşdırmasa, rahat ola bilməyəcək. Küçələri gəzə-gəzə gəlib Təhminəgilin evlərinin qabağına çıxdı. Evlərini də tanıyırdı Təhminəgilin, pəncərələrini də və bu pəncərələr indi işıqlı idi. Pəncərələri işıqlı görən kimi Zaur cəld telefon budkasına girdi - yəqin axır ki, Təhminə gəlib çıxıb evə, amma nömrə yenə də cavab vermədi. Zaur budkadan çıxdı və birdən par-par parıldayan çəhrayı "Volqa"nı - Spartakın "Volqa"sını gördü. Maşın düz Təhminəgilin qapılarının qabağında dayanmışdı, iki təkəri - bir tərəfi səkinin üstündəydi.
    Elə bil hər şey birdən-birə Zaurun beynində işıqlandı, "deməli belə" - deyə düşündü. İndi lap qəti əmin idi ki, Spartak Təhminəgildədir, Təhminə də evdədir, hər ikisi o işıqlı pəncərələrin dalında oturub, telefon zənglərinə qəsdən cavab vermirlər və anasının, Alyanın, "bütün şəhərin" danışdığı söhbətlərdə, şübhəsiz, həqiqət var... Ərindən də yəqin ki, boşanır Təhminə, Spartaka da şübhəsiz ki, zəng eləyir. Muxtara da... Birdəfəlik bütün bunlara son qoymaq lazımdır, - deyə düşündü Zaur, özü də məhz indi, bu saat. İndicə qalxacam onların mənzillərinə, qapılarını döyəcəyəm, telefonu götürmədikləri kimi qapını da açmayacaqlar - Zaur cəm halında düşünürdü evdəkilər haqqında, amma Təhminəylə Manaf kimi yox, Təhminəylə Spartak kimi – qapını açmayacaqlar, eybi yox, təpiklə vurub sındıraram, qoy səsküyə qonşular çıxsın, onsuz da bütün şəhərdə rüsvay olmuşuq, qoy lap biabır olaq, amma həqiqət axır ki, biryolluq üzə çıxsın.
    Zaur elə bil qızdırma içində sayıqlayırdı öz-özünə; Çöl qapısından, yüyürə-yüyürə üçüncü mərtəbəyə dırmaşdı, zəngi basdı... Qapının dalından səs səmir gəlmirdi. Zaur barmağını zəngin üstünə qoydu və çəkmədi - aramsız çalırdı zəngi. Bir azdan qapı ardından tələsik addım səsləri eşidildi və
    Təhminənin təəccüb dolu səsi eşidildi:
    -Kimdir?
    -Mənəm, Zaurdur, - dedi.
    Qapı açıldı və mat-məəttəl qalmış Təhminə:
    -Sənsən? - dedi....

 

Doqquzuncu fəsil

 

    Vəsl qədrin bilmədim hicran bəlası çəkmədən, Zülmət hicr etdi çox mübhəm işi rövşən mana.
    Zaur boğuq səslə:
    -Bəli, mənəm, - dedi. - Gözləmirdin?
    Təhminə çiynini çəkdi
    -Gəl içəri də, - dedi.
    İçəri keçdilər. Otaqdan yavaş musiqi sədaları, mətbəxdən isə qovrulmuş şabalıd iyi gəlirdi.
    -Sən hardan gəlib çıxmısan bura?
    -Telefonu niyə götürmürsən?
    -Xarabdır da telefonum. Dünəndən işləmir. Yəqin pulun gecikdirmişəm, kəsiblər... Yaxşı, burda niyə dayanmışıq, gəl otağa.
    Zaur ömründə birinci dəfə Təhminənin otağına girirdi. Təsəvvüründə çox canlandırmışdı bu otağı. İndi isə Təhminənin dəfələrlə, bütün təfsilatıyla təsvir elədiyi şeyləri görürdü-standart rumın mebeli, divarlarda Təhminənin iri fotoları, güncdə əlvan üfürmə şar, təbiətin qəribə şıltağı - xırdaca əncir ağaçı, ləng kəfkirli iri divar saatı - bütün bunlar vardı otaqda, amma təsvir olunmamış və təsəvvür edilməyəcək, izah olunmayacaq bir hava, nə isə xüsusi bir rövnəq, bir zövq də duyulurdu hər yerdə - Təhminənin zövqü, Təhminənin şəxsiyyəti... Torşerin alaqaranlıq şöləsində, kiçik dəyirmi masanın üstündə iki stəkan çay, konfet, mürəbbə və üç qədəh vardı: qədəhlərdən ikisi boş, üçüncüsü dolu idi.
    Təhminə:
    -Əyləş, - dedi.
    -Qonaqların var?
    -Əşi, nə qonaq... Qonşumuzdur - Mədinə…
    -Bu konyakı onunla içirsiz?
    -Bəli. İndi səni də qonaq edərik, - Təhminə bufeti açıb konyak şüşəsini çıxartdı. Şüşənin yarısı boş idi.
    -Yarım şüşə konyakı elə ikiniz vurmusuz? - Zaur sərt və kəskin danışırdı: cinayətkarı ifşa edən müstəntiq ahəngi vardı səsində.
    -Zaurik, bir az nəzakətli danış. Sənə konyak verirlər iç, nə borcuna butulkanın yarısını kim boşaldıb.
    -Belə de.. Çox əcəb... Görürəm, ayrı qonağın da var. Tək bir qonşu Mədinə deyil.
    Təhminə təəccüblə:
    -Ayrı kimdir? - deyə soruşdu.
    Zaur özünü güclə saxlayaraq:
    -Bax bu üçüncü qədəhin sahibi... Amma doğru buyurdun, nə borcuma kimdir o, odur ki, soruşmuram da.
    Təhminə elə bil üçüncü qədəhi yalnız indi gördü, bir müddət maddım-maddım bu qədəhə baxdı, sonra birdən bərkdən güldü.
    -Ceyranı lap gözündən vurdun, - dedi. - Doğrudan da bu qədəhin sahibi mənim üçüncü qonağımdır.
    Zaur dözmədi:
    -Soruşmaq ayıb olmasın, bəs o kimdir belə? - deyə xəbər aldı.
    -Kimdir? Necə kimdir? Sən.
    -Mən? - "nədi yəni Zauru açıq-açığına dolayır?".
    -Salaməleyküm. - Mədinə otağa daxil oldu, əlində iri bir boşqab vardı, boşqabın içində də qovrulmuş şabalıd. Zaur Mədinəylə görüşdü.
    Təhminə:
    -Doğrudan a, lap yadımdan çıxmışdı, - dedi. - Siz axı tanışsınız. – Zaura "Ronson" alışqanını Mədinə gətirmişdi işə.
    Təhminə:
    -Görürsən, Mədinə, - dedi. - Bilmirəm Zauru qayınanası çox istəyir, ya kim çox istəyir, amma hər halda lap məqamında gəlib çıxıb. Axı o da qovrulmuş şabalıdın dəlisidir.
    Zaur düşündü ki, hər şey, hər şey Təhminənin yadındadır, bir dəfə, hələ əlaqələrinin başlamasından çox qabaq Zaur nəşriyyata qovrulmuş şabalıd alıb gətirmişdi. Təhminəni də qonaq eləmişdi və elə onda demişdi ki, çox xoşlayır qovrulmuş şabalıdı...
    -Yaxşı, əyləş görək, Mədinə.
    Təhminə iki boş qədəhə konyak süzdü, üçüncü dolu qədəhi isə Zaurun qabağına qoydu.
    -Bilirsən nə münasibətlə içirik? - deyə Zaurdan soruşdu.
    Zaur:
    -Yox, - dedi.
    Təhminə:
    -Bir iş vardı onu qeyd eləyirik.
    Zaur hiss edirdi ki, Təhminə bu axşam nə isə həyəcanlı, bir qədər çılğın va əsəbidir, amma nə idi bunun səbəbi, bilmirdi - Zaurun qəfilcən gəlməsimi, ya başqa bir hadisəmi? Ya bəlkə bir az artıq içmişdi Təhminə.
    Təhminə əsəbi gülüşlə:
    -Adətən adamlar xoş hadisələrn qeyd edirlər, - dedi,- amma biz Mədinəylə mənim boşanmağımı qeyd edirik.
    Mədinə:
    -Sən də keçdin bizim dəstəyə, - dedi.
    Zaur bilirdi ki, Mədinə neçə il bundan qabaq ərindən ayrılıb, balaca, məzəli bir oğlu da var; Təhminə həmişə bu uşaq haqqında danışardı... Sükut çökdü... Sonra Təhminə:
    -Bu gün məhkəmə oldu, Zaur - dedi. - Rəsmən ayrıldıq. Zaur bilmirdi nə desin: "Niyə? Nə səbəbə?" sualları da, təəssüf, ya təəccüb hissləri izhar etmək də, sevinmək də, kədərlənmək də eyni dərəcədə yersiz idi. Mədinə bu sıxıntılı vəziyyəti aradan qaldırmaq üçün içi şabalıdlı boşqabı Zaura tərəf uzatdı. Təhminə başını aşağı dikib gözlərini qədəhinə zilləmişdi. İki damla yaş gözlərindən yanaqlarına süzüldü. Zaur ilk dəfə idi ki, onu ağlayan görürdü.
    Mədinə:
    -Əşi, yaxşı görək, - dedi, ayağa durdu. Təhminənin çiyinlərini qucaqladı. Təhminə bir dəfə, cəmisi bircə dəfə hıçqırdı və dərhal da özünü ələ aldı, hıçqırığını boğub, yanaqlarındakı, gözündəki yaşı sildi və gülümsündü:
    -Əşi, fikir verməyin, - qədəhini qaldırdı. - Gəlin içək,
    - dedi, - hamımızın sağlığına.
    İçdilər və Zaur xəbər aldı:
    -Bəs niyə zəng eləmirdin?
    -Nə bilim... elə istəyirdim... bəlkə sabah zəng vuraydım... - yenə elə bil çənəsi oynadı, ağlamsınan kimi oldu, səsi titrədi, amma yenə də dərhal öz zəifliyindən utanırmış kimi gülümsündü. - Əsəblərim lap pozulub, - dedi - Bütün bu günlər elə bil qızdırma içində yaşayırdım... Nə yaxşı ki, sən gəldin, Zaurik.
    Mədinə çaydan bir qurtum içib:
    -Yaxşı, mən gedim, - dedi. - Geçdi...
    Təhminə:
    -Hara tələsirsən, əşi? - dedi. -Bu qədər zəhmət çəkib, şabalıd qovurmusan... Əntiqə qovrulubdur, hə, Zaur?
    -Aha...
    -Heç olmasa özün də bir dadına bax da, Mədinə. Elə bil öz malındır, - sonra Zaura müraciətlə əlavə elədi: - Şabalıdları elə Mədinə alıb gətirib mənimçün. Təsəllidir də hər halda …
    Zaur:
    -Mən də yaman nigaran qalmışdım, - dedi. - Bu gün eşitdim sənin ayrılmağını... Zəng vururam, telefonun cavab vermir. - Zaur artıq üçüncü qonaq haqqında düşünmürdü, indi mənzildə onlardan başqa heç kəs yox idi, - şkafın içində gizlətməyiblər ki onu. Bəlkə də Zaur gələnəcən çıxıb gedib bu naməlum şəxs.
    Təhminə Zaura deyil, Mədinəyə müraciətlə:
    -Bilirdim ki, Spartak ağzında söz saxlayan deyil. Daha doğrusu, heç Spartak özü də yox e, anası...
    Mədinə başıyla təsdiq elədi.
    -Məsələ ondadır ki, - indi Təhminə Zaura müraciət edirdi, - bizim rayonun hakimi Spartakın canbir qəlb dostudur. Spartaka zəng elədim ki, dostuna desin, day çox uzatmasınlar məsələni. Bilirsən də adamın lap ürəyini çəkirlər:
    "Bəlkə bir də fikirləşəsiz, ailəvizi dağıtmayın, gedin, filan vaxtdan sonra gəlin" və sairə. Görürsən uzandı məsələ neçə ay... Bizimki də belə idi ki, fikirləş, fikirləşmə onsuz da hər şey həll olunmuşdu, daha bunu çək-çevirə salmağın nə mənası var axı... Spartak, allah ondan razı olsun, doğrudan da, kömək elədi. Amma heç bu sözü ürəyində saxlaya bilərdi Spartak? İndi yəqin aləmə car çəkib. Val qurtardı. Təhminə durub cihazı keçirdi.
    Mədinə:
    -Yaxşı, gecdir, daha mən gedim, - dedi və bu dəfə
    Təhminə onu saxlamadı. Qapıyacan ötürdü Mədinəni, dəhlizdə uzun müddət nə barədəsə pıç-pıç etdilər. Zaur indi nə duyduğunu, nə düşündüyünü özü də dəqiq təyin edə bilməzdi, döyükə-döyükə qalmışdı, - otağın divarlarına baxırdı, oboylar çox zərif idi - mavi fonda ağ narın çiçəklər...
    Təhminə qayıtdı:
    -Nə belə diqqətlə baxırsan divarlara?
    -Qəşəng oboylardır. Çiçəklər çox zərifdir.
    Təhminə birdən:
    -Zaurik, - dedi, - sən gəlmisən, ona görə də bütün bu çiçəklər açıblar. Birinci dəfədir sən mənim evimə gəlmisən, oboylar da çiçəkləyib, görürsən.
    ... və Zaur yenə də axıracan anlaya bilmirdi – doğrudanmı Təhminə səmimi deyir bu sözləri, onu sevdiyindən deyir, ya dolayır, ələ salır...
    -Nə yaxşı ki, gəldin, Zaurik, Allah yetirdi səni bu axşam.
    Elə pis idi ürəyim, dünya gözümdə deyildi. Ağlıma gəlirdi ki, bax indi Mədinə çıxıb gedəcək, mən də yəqin öləcəm.
    -Bəs niyə axı mənə zəng eləmirdin? Niyə mənim bütün bu əhvalatlardan xəbərim olmasın? İndi nə olsun ki, tanış hakim dostum yoxdur, amma hər halda bəlkə mənim də köməyim dəyərdi sənə.
    -Çox sağ ol, Zaurik. Amma dünyada elə işlər var ki, onu gərək adam tək-tənha, təkbaşına həll eləsin. Ayrı heç kəsi qarışdırmasın gərək belə işlərə.... Sənə zəng eləmirdim; çünki əlimi-ayağımı bağlamışdı bu boşanma məsələsi, istəyirdim birdəfəlik qurtarsın bütün bu dəhşət... Bilsən bütün bu illər nə qədər əzab, narahatlıq içində yaşamışam, özüm özümə nifrət edirdim bəzən... Nə qədər yalan, riya olarmış... İlahi, çox şükür ki, qurtardı bütün hər şey, birdəfəlik bitdi. Bilsən neçə azadasudə hiss eləyirəm özümü. Amma hər halda asan da deyil bu azadlığa birdən-birə alışmaq... Həm də bütün bu günlərin gərginliyi… Səhər durdum, məhkəmədən qabaq, gördüm bütün içim elə bil qırılıb tökülüb. İstədim içəm gedəm məhkəməyə, sonra fikirləşdim, bunu da söz eləyərlər, ya bəhanə edib ayırmazlar bizi, təxirə salarlar iclası. Bir söz, içmədim getdim, ayırdılar bizi, gəldim evə, yıxıldım çarpayının üstünə, düz dörd saat üzüqoylu qaldım beləsinə... Sonra durdum, başladım içməyə, əvvəlcə təkbaşına, sonra Mədinə də işdən gəldi... Mədinə içən deyil, - o mənəm pyanıska... Amma hər halda o da mənimlə qədəh-qədəhə vururdu, necə deyərlər "qaraltı" verirdi mənə. Yarım şüşəni boşaltdıq. Vurduq bədənə, sən demiş...
    Zaur öz qədəhini göstərdi:
    -Bəs bu qonaq kim idi? Spartak?
    -Başına at təpib, Zaur? Spartak ömründə mənim evimin kandarına ayaq basmayıb. Dedim ki, sənə, sənin qədəhindir bu.
    -Necə yəni mənim? Axı mən gələndə masanın üstündə idi, həm də dolu idi. Sən hardan bilirdin ki, mən gələcəm?
    -Zaurik, axı sən niyə mənə inanmırsan?.. Lap təkbaşına içəndə də mən həmişə bir qədəhi artıq qoyuram, ürəyimdə tuturam ki, bu da Zaurun qədəhidir... Köhnə bir anekdot var e, eşitmisən? Bir pyanıska həmişə iki qədəhdən içirmiş – biri özününkü, biri də guya dostununku... Arvadı danlayır, başlayır bir qədəhdən içməyə, - mən içkini atdım deyir, dostumdur içən... Mən də bax belə. Axı bir az dəliyəm mən, Zaur, indiyəcən başa düşməmisən hələ? Səninlə ilk dəfə plyaja getdik ha, bax o gündən haçan içməli olsam, bir qədəhi də doldurub deyirəm: bu da Zaurun payı... Mədinə də bilir mənim bu dəliliyimi...
    Zaur gülümsündü, nəvazişlə, qayğıyla, həm də bu gün ərzində ilk dəfə olaraq dərin daxili bir arxayınçılıqla gülümsündü. Və bu təbəssüm bir müddət - bəlkə də çox qısa bir müddət - hər ikisinə qayğılarını, nigaranlıqlarını, irilixırdalı bütün qəm-qüssələrini unutdurdu, ürəklərini səadətlə olmasa da, xoş, ilıq mehribanlıqla, sakitliklə doldurdu.
    -Zaurik, axı niyə sən həmişə mənim yalanımı çıxarmağa cəhd edirsən... Guya mən bir cinayətkar-zadam, hansı qəbahətimisə səndən gizlətmək, ört-basdır etmək istəyirəm, sən də min fənd qurub, min sorğu-suala tutub ifşa etmək istəyirsən məni? - Təhminə başını Zaurun sinəsinə qoydu, sonra üzünü Zaurun sifətinə tərəf çevirib əlavə etdi. - Başa düş, Zaur, əzizim, birdəfəlik başa düş axır, sevirəm səni, sevirəm. Yalnız tək bir səni sevirəm... Bilirəm mənim deyilsən. Sənə heç bir hüququm çatmır, sənin cavan həyatını dağıtmağa da heç bir haqqım yoxdur... bilirəm bütün bunları... Amma sənsiz dura da bilmirəm. Bütün bu günlər dəli-divanə idim səninçün. Min dəfə sizin idarənin qabağından keçirdim və özüm özümə deyirdim: salam, Zaurik. Bilmirəm, Zaurik, nə olacaq, necə olacaq, heç bir şey bilmirəm. Nə istəyirəm, onu da bilmirəm. Lap azmışam, Zaurik, özüm öz içimdə azmışam. Zaur bunu demək istəmirdi, amma qeyri-ixtiyari ağzından çıxdı bu söz:
    -Mən elə bildim Spartak sizdədir. Maşını aşağıda dayanıb.
    -Maşını aşağıdadır? Görürsən bu fırıldaqçını... Bir yandan mənə, doğrudan, çox köməyi dəydi, amma o biri yandan belə murdar xasiyyətləri var da. Bilir ki, ərimdən ayrılmağım camaata yayılacaq, qəsdən gətirib maşınını evimin altında saxlayır... Dedim axı ona... O səfər telefonla danışanda söz düşdü, dedim Spartak, niyə belə eləyirsən? Deyir, heç dəxli var? Bəlkə sizin evdə mənim başqa tanışlarım da olur. Deyirəm, kimdir axı tanışın? Hər şeyi deməzlər ki, deyir...
    Bilirəm axı yalan deyir, gözünün içinəcən, tanışı-zadı yoxdur bu evdə... - Susdu, sonra əlavə elədi, - amma nə deyim, vallah, bəlkə doğrudan da bir dostu-tanışı bu tərəfdə olur, axı o qədər tanışı var ki, bu adamın... Nə belə diqqətlə baxırsan mənə, Zaurik? - Təhminə də gözlərini düz Zaurun gözlərinin içinə zillədi, sonra, - Zaurik, belə baxma, sən allah, - dedi, - söndür gözlərini, Zaurik... Bayaq gələndə də gözlərin od tutub yanırdı, dedim, məni də alışdırıb yandırarsan... Söndür gözlərini, Zaurik, - deyə sərxoş inadıyla təkrar elədi. Zaur Təhminədən aralanıb ayağa durdu, qapıya tərəf addımladı.
    Təhminə təlaşla:
    -Zaurik, hara belə? - deyə soruşdu.

<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (28.11.2013) | Müəllif: R.C E W
Baxış: 810 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more