Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-2-ci cild-2
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>

    -Əti özüm tapacam, - dedi, - səhər tezdən gedərəm. Hər nə lazımdır alaram. Yox, heç kəs, bir Dadaş olacaq, bir də Murtuzgilə deyərik. Tahirəgilə. Vəssalam.
    -Dadaşa dəhlizdə yanaşdı, dedi.
    -Əşi, bu nə zəhmətdir, nə xəcalətdir, qoy qalsın payıza.
    -"Görürsən, müqavilə, nə bilim, əvəz-əvəz məsələsini heç ağlına da gətirmir".
    -Yox, canımçın, çoxdan hazırlıq görmüşük. İntəhası bilmirdim ki, biri gün gedirsiniz. Odur ki, belə bir az gec deyirəm.
    -Uşaqlara demisən?
    -Nemət bir an tutulan kimi oldu.
    -Yox, deyirəm, elə özümüz oturaq, necə deyərlər, xudmani, çünki bilirsiz, - dolaşıb səbəb tapmağa çalışdı.
    -Dadaş dərhal onun imdadına çatdı.
    -Aa, nə olar, lap yaxşı, deməli, sabah üçdə.
    -Nemət otaqlarına girib papağını götürdü,
    -Mənim bir balaca işim var gedirəm. Xudahafiz.
    -Pilləkənlə düşəndə kimsə qəfilcən onun qolundan yapışdı. Nemət diksinib dayandı. Məmməd Nəsir idi.
    -Ay səni xoş gördük.
    -Salam, salam, Məmməd Nəsir.
    -Otuz beş il bundan qabaq Dadaş, Səfdər, Məmməd Nəsir bu idarəyə bir vaxtda işə giriblər. İdarədə yaşından asılı olmayaraq hamı Dadaşa Dadaş müəllim, Səfdərə Səfdər dayı deyərdi. Məmməd Nəsiri isə cavan da, qoca da, uşaq da, böyük də adıyla çağırırdı. Bu üçündən başqa bütün ayrı işçilər idarəyə çox-çox sonralar gəlib. Otuz beş il bundan qabaqkı idarə folklorunu:
 
    -"Ay Dadaş, başına daş,
    -Tərpənmə belə yavaş" -
misralarını da orta və gənc nəslə elə Məmməd Nəsir çatdırıb. İndi də Nemətin qulağına əyilib: "Yenə onun şöbəsindəsən?" - deyə xəbər aldı və simayi-şəms üstündə xısın-xısın oxudu:
    -Ay Dadaş, başına daş...
    -Nemət bildi ki, yenə dəmdir. Məmməd Nəsirin həyatda iki ehtirası vardı: nərd atmaq və vurmaq. İçəndə başqa aləm idi. Məmməd Nəsir beli bükülmüş, saçları seyrəkləşmiş ortaboylu arğaz bir kişi idn. Qəribə yazıq təbəssümü vardı. Elə bil icazəylə gülümsünürdü. Həm də böyük məşəqqətlə gülümsəməyə icazə almışdı. Elə bil yerimək, oturmaq, yaşamaq icazəsini də böyük çətinlik və yalvar-yaxardan sonar almışdı. Həm də müvəqqəti almışdı.
    -Köynəyinin yaxası həmişə çirkdən qartmaq bağlayırdı. Ayıq vaxtlarında savadlı korrektor idi. Bütün aldığını içkiyə verirdi. Arvaddan, oğul-uşaqdan da heç kəsi yox idi. Özü deyərdi ki, bir həsirəm, bir də Məmməd Nəsir. Onu idarədə Dadaş saxlatdırırdı. Dadaş olmasaydı, yəqin içməyin ucbatından çoxdan qovulmuşdu. Bir vaxtlar, 30-35 il bundan qabaq bərk dost imişlər. Can bir qəlb. İndi bu dostluqdan əsər-əlamət qalmamışdı. Amma hər halda Dadaş həmişə onu müdafiə edirdi: "İşiniz yoxdur, dəyməyin, yola verin getsin, bədbəxt adamdır". Məmməd Nəsirdən ucuz şirin çaxır iyi gəlirdi.
    -Ömər Xəyyam deyir ki:
    -Bər xaki fikəndi meyi qulqun məra
    -Xakəm bədəhən məgər to məsti rəbbi!
    -Yəni mən içmişəm, ay fələk, sən nöş piyansan? Farsların yaxşı bir sözü var: rus demişkən, aslan yest aslan. Bir həsirəm, bir Məmməd Nəsir. Bir gün mənəm, Hüseyn Sərrafdır, bir də Səlim Şeyda vardı, şair-qəzəlxan idi, şair deyirəm e sənə, indikilərdən yox, əsl şair, görürsən dayanıb səninlə danışır, birdən susur, gedir özünə, fikirləşir, bəli bir az keçir, bir qəzəl! Nədi, təbi gəlib, elə bil ağzından dürr tökür.
    -Bülbülü Şeydanın halın sorma nasehdən, fəqir,
    -Hər tikəndə qanı vardır, könlünü güldən soruş.
    -Hə, onu deyirəm axı, həmin bu Səlim Şeydadır, mənəm, bir də Sərraf, mömin kişilərdən biri idi. Gündüz mollalıq edirdi, axşamlar Əsli Kərəm oxuyurdu. Hə, üçümüzük - Məmməd Nəsir əlini boğazına çəkdi, - bax bura qədər içmişik, nuş olmuşuq. Amma indi gərək paxmellənək. Di gəl bir qara qəpik pulumuz qalmayıb. Bir də gördük Sisyanov küçəsiylə Bandelninin tinindən Əhməd Fani gəlir. Getdik tutduq onu, dedik bəs Mirzə, sən bilirsən ki, biz sənin dostunuq. Dedi, bəli, bilirəm. Niyə də bilməyim, axı? Dedim: bəs bilirsən ki, biz ölmüşük. Dedi: xeyr. Bunu bilmirdim, çünki bu gün hələ qəzetlərə baxmamışam. Yəqin nekroloqdan-zaddan çıxmamış olmaz. Dedim: bəs qəzeti görsən inanarsan? Dedi: bəli, inanaram, Dedim: Hüseyn Sərraf, cum bir qəzet al. Dedi: köhnəsini, təzəsini? Dedim: hansından tapsan. Bəli, aldı gətirdi. Dedim sər bura. Sərdi Əhməd Faninin ayağının altına. Dedim: bəs, Mirzə, üçümüz burda uzanıb qalsaq, inanarsan ki, ölmüşük? Dedi: bəli, indi inandım. Çıxartdı bir qızıl Nikolay onluğu verdi. Onluq deyirəm sənə, onluq, qızıl onluq... Bəli, getdik, bir həftə kefin istəyən içdik. Bir-birimizi səhər tapdıq, axşam itirdik. İndi pulumuz qurtarıb, gərək paxmel olaq. Neyləyək? Üçümüzük. Mənəm, Səlim Şeydadır, bir də Hüseyn Sərraf. Gedirik Tarqovıynan...
    -Nemət gördü ki, canını asanlıqla qurtaran deyil.
    -Məmməd Nəsir, - dedi, - de görüm Krasnovodska  haçan gedirik e?
    -Məmməd Nəsir bir an söhbətinə ara verdi. Nemətin sözlərini dərk etmək istədi. Döyükdü. Sonra birdən başa düşdü.
    -Krasnovodska? Hə, hə, bildim. Haçan istəyirsən. Sənin könlün haçan istəsə, Məmməd Nəsir qulluğunda hazır.
    -Nemət bura təzə işə girəndə bir gün Məmməd Nəsir onu tutdu ki, gəl minək gəmiyə gedək Krasnovodska. Nemət təəccübləndi.
    -Krasnovodskda nə var?
    -Heç nə. Elə-belə. İndi şənbədir. Minək gəmiyə gedək.
    -Çaxır götürək, bala-bala vuraq özümüzçün. Dənizin seyrinə dalaq, külək də bala-bala üzümüzə vursun. Düşək Krasnovodskda bir yaxşı xudmani yer tapaq. Oturaq bir balaca vuraq. Sonra yenə minək gəmiyə, bala-bala vura-vura qayıdaq geri. Səhər də beçə xoruz kimi çıxaq işə. Necədir səninçün?
    -Nemət:
    -Yox, - dedi, - bu işdə bir məna görmürəm.
    -Məmməd Nəsir kəhrəba təsbehini pencəyinin sürtülmüş qoluna keçirtdi:
    -Oğul, - dedi, - hər şeydə bir məna olsaydı, həyatın bir mənası olmazdı.
    -Çıxıb getdi. Sonralar işçilər Nemətə dedilər ki, Məmməd Nəsir bu təklifi hamıya eləyir. İndiyəcən heç kəs də razı olmayıb.
    -"Krasnovodsk! Barı bir səfalı yer ola. Deyirlər, nə su var, nə də bir kölgəlik".
    -Məmməd Nəsirin dumanlı yorğun gözlərində nə isə bir həvəs qığılcımı oyandı:
    -Bu gün şənbədir, verək özümüzü sübh obaşdannan. Mən bu gün özümə əməlli maya qoymuşam. Amma səniynən yenə içərəm.
    -Gələn şənbə, Məmməd Nəsir. Allah qoysa, gələn şənbə mütləq gedərik.
    -Eh, - deyə Məmməd Nəsir əlini yelləyib getdi. Nə qədər sərxoş olsa da, başa düşdü ki, nisyə söhbətdir.
    -İdarənin çöl qapısının ağzında anqutboğaz bir oğlan Nemətə müraciət etdi:
    -Nəşriyyat buradır?
    -Nemət bu oğlanı ilk dəfə görürdü. Qoltuğunda iri bir qovluq vardı.
    -Sizə kim lazımdır?
    -Oğlan boğazını arıtladı.
    -Mənə, - deyə kəkələdi, - burda kitablara kim baxır?
    -Kitablara?
    -Hə, kitab çap eləmək işinə.
    -Nemət: "Yəqin cavan yazıçıdır, aman allah" - deyə düşündü.
    -Kitab yazmısan?
    -Bəli.
    -Nədəndir?
    -Bizim müasir cəmiyyətin həyatından.
    -Hekayədir, romandır, poemadır?
    -Hamısı var. Hekayə də, şer də. Altı ildir yazıram. Apardım jurnala, dedilər nəşriyyata aparsan yaxşıdır. Birbaşa kitabın çıxar. Dedilər, onlar belə şeylər axtarırlar.
    -Bir an içində kinolent kimi səhnələr Nemətin gözü qarşısından keçdi. Bu nataraz gəncin ömrünün epizodları: oxuduğu kitablar, izlədiyi mətbuat, yazmaq meyli, qaraladığı səhifələr. Müxtəlif redaksiyaların daş qapıları. Qarşılarındakı adamın cızmaqaraçı olduğunu təyin edən, şəbədə üçün obyekt axtaran bəzi redaksiya işçilərinin nabələd adamçün aydın olmayan dolamaq priyomları. Nəzakət pərdəsiylə örtülmüş istehza, rişxənd, lağ. Yaxa qurtarmağın yetmiş iki müxtəlif fəndi. Sanki bütün bunları Nemət öz gözüylə görmüşdü. Daha doğrusu, görmüşdü də.
    -Bu və buna bənzər yüzlərcə hədər həvəs... Bütün bunlar Nemətə nə qədər tanış idi! Öz başına gəlməmişdisə də, onda elə bir duyğu vardı ki, guya bütün bu işlərdən özü keçib. Hər halda o bu gəncə nə qədər acı və kədərli, mütləq lazımlı söz deyə bilər, həyat dərsi verə bilərdi. Birdən-birə Nemət istədi ki, qayıdıb Məmməd Nəsiri, məhz Məmməd Nəsiri, ayrı adamı yox, tapsın, bu gənci də götürsün, gedib xudmani yerdə otursunlar, bala-bala içsinlər, içib səmimi olsunlar, bala-bala söhbət eləsinlər, ürəklərini boşaltsınlar, çünki Məmməd Nəsir demişkən, qarnını doldurmasan, ürəyini boşalda bilməzsən. Düz deyir. Ayıq vaxtı ürəyinin dibində pas atıb qalanları, çürüyüb ürəyində itənləri üzə çıxarıb özgəsinə açmaq olmur. Onlar da qalır, kif atır, çürüyüb ürəyini də çürüdür, ömrünü də.
    -İçəndən sonra Nemət bu anqutboğaz, bu yöndəmsiz geyinmiş oğlana deyərdi ki, bala, mənə qulaq as. İnan, hələ gec deyil. Mənim dayım, allah ona rəhmət eləsin, allah bütün ölənlərinizə rəhmət eləsin, mənim dayım demişkən, İlyas Nizami deyilsənsə, vaz keç, boşla, girişmə bu işə. Özüvə peşə seç. Texniki peşə olsa daha yaxşı. Yazıqsan, bala. Sonra başına döyəcəksən, gec olacaq. Bunun axırı yoxdur. Sənin kimi yüzlərcə, minlərcə gənc bax bu saat, sənin yazdığını, lap elə sənin yazdığın kimi, ya bir az ayrı cür, heç tafavütü yoxdur, bir az daha yaxşı, ya daha pis, daha savadlı, ya daha bisavad, hə, sənin yazdıqlarını onlar da yazır. Hələ gec deyil, Cavansan. Ömrün qabaqdadır. At bu işin daşını. Əlbəttə, əgər İlyas Nizami deyilsənsə! Yox, bəlkə İlyas Nizamisən? Hə, onda başqa məsələ. Bəlkə elə doğrudan İlyas Nizami oldun. Kim bilir?
    -Nemət:
    -Çıx üçüncü mərtəbəyə, - dedi, - on birinci otaq.
    -Nəşriyyatdan çıxıb studiyaya tərəf getdi. Meydançadan keçəndə gördü ki, on bir-on iki yaşında uşaqlar futbol oynamağa hazırlaşırlar. Ayaq saxladı. Dayanıb onları izləməyə başladı.
    -İçlərində ikisi lap balaca idi. Yeddi-səkkiz yaşında. Yəqin onları qapıçı qoyacaqlar. Həmişə uşaqlar ən balacaları, ən zəifləri qapıçı təyin edirlər. Oğlanlardan biri daş qoydu - ştanqa! Bir neçə addım saydı, ikinci daşı qoydu. Bu bir qapı! Sonra gedib eyni üsulla ikinci qapını düzəltdilər.
    -Doğrudan da balacaları qapıçı qoydular. İki dəstəyə bölündülər. Üç-üç. Bir nəfər artıq idi.
    -Sən sudya!
    -"Sudya" cığallığa başladı.
    -Özün ol sudya. Mən istəmirəm. Mən oynamaq istəyirəm.
    -Yaxşı, indi sən ol. Üç qoldan sonra mən olaram, sən oynayarsan.
    -Razılaşdılar. Kapitan yerdən çöp götürüb yumruğunda gizlətdi. O biri komandanın kapitanı tapdı.
    -Oyun başlandı. Nemətin öz uşaqlığı yadına düşdü. O qədər bax lap bu cür futbol oynayıb ki... Küçə futbolunun ənənələri, texnikası, qanunları dəyişməzdir. 25 il bundan qabaq da hər şey beləcə idi. Daş ştanqalar. Balaca qapıçılar. Vaxt yox, qol hesabı oyun.
    -Qolların cığallanması. "Yox, yan getdi", ya da "hündürdən getdi, ştanqanın üstündən" - hər şey, eynilə olduğu kimi qalmışdı.
    -Tofiq, ver mənə! Özün çıx. Ala, Nazim!
    -Ruka! Ruka! - deyə qışqırışdılar.
    -Əli topa toxunmuş oğlan küçə futbolunun əfsanəvi qanununa isnad etdi. "Prijataya ruka" - dedi. Mübahisə başlandı. Birdən kiminsə ağlına gəldi ki, hakimin də bir rolu ola bilər, hakim amiranə bir səslə:
    -Pinal, - dedi. Nəhayət, o da bir anlıq xəlifə olmuşdu.
    -Cərimənin səbəbkarı bir kəlmə də kəsmədi. Dinməzcə penalty yerini təyin etməyə başladı: qapıdan addımladı. "İndi gör necə addımlayacaq!" Doğrudan da addımlarını elə iri atırdı ki, qorxurdun bağanağı aralı qalsın. Belə saya-saya onuncu addımda gəlib rəqibin qapısına çıxdı. Özü də başa düşdü ki, deyəsən çox ağ eləyib. Sonuncu addımını bir az qısa etdi.
    -Bax buradır, - dedi, - vurun!
    -Bayaqdan bəri dinməz-söyləməz ona tamaşa edən rəqib komandanın kapitanı:
    -Ala! - dedi və özü saymağa başladı.
    -"İndi gör bu necə sayacaq!"
    -Bu kapitan elə bil ayağı zəncirli dustaq kimi yeriyirdi - dıpbır-dıpbır. Penalti yeri lap yaxın oldu. Təzədən haray qopdu. Nemət özü də bilmirdi ki, nə səbəbdən işini-gücünü atıb burada dayanıb, belə maraqla bütün bu şeyləri izləyir, ayrılıb gedə bilmir.
    -Kövrək uşaq xatirələrinin riqqətindən başqa bu futbolda nə isə başqa bir şey də var idi. Hisslərin, həvəslərin çılpaqlığı, təmənnasızlığı, saflığı, təmizliyi...
    -Görəsən bizim şöbənin cəfakeşləri bu oyuna baxsaydılar, nə deyərdilər? Əlbəttə, Qurban zəhər tuluğudur. Dedikləri də hamısı tikanlı sözlərdir. Ancaq bəlkə onun dediyində bir faiz, yarım faiz, çərək faiz həqiqət var. Futbol marağında bəlkə də çirkin bir şey yoxdur, ancaq hər halda çox kədərli bir şey var.
    -"Boşluğu doldurma". "Cəfakeşlik çoxunuzun boynuna düşüb". Ay səni, Qurban! Amma bəlkə cəfakeşliyə səbəb işdaşların söhbətindən, marağından, həvəsindən geri qalmamaq istəyidir? Deməli, belə çıxır ki, hamı bir-birinin ucbatından cəfakeş olub. Bir-birinin xətrinə.
    -Qol! Qol! - deyə uşaqlar qışqırışdılar.
    -Studiyanın kassası qarşısında xeyli adam vardı. Nemət yarım saata qədər növbədə durdu. Zənd-zəhləsi getdiyi İ. də burda idi.
    -İrişə-irişə:
    -Görürsən də, - dedi, - soyuruq hökumətimizi.
    -Bir xeyli pul aldı.
    -Kasıbçılığımızı eləyirik də. - İrişə-irişə saydı. Nemətə tərəf uzatdı:
    -Sən mənim canım, buyur üstündən götür.
    -Çox sağ ol. Özüm alacağam.
    -İrişə-irişə cibinə qoydu:
    -Di sağ ol!
    -İrişə-irişə çıxıb getdi. Nemət: "Pulu da adamlar cürbəcür alır - deyə düşündü. Biri halal zəhmətinin dəyəri kimi, açıq üzlə. Birisi də bax bunun kimi, elə bil qəbih bir iş tutur, qanunla aldığı pulu da oğru təki alır. Elə bil haram mal yeyir, üstünü açmasınlar deyə də hamıya irişir. Eh, nə isə..."
    -Deməli belə. İndi gedək, maqnitofon alaq. Poçtamtın yanından keçəndə əlini döş cibinə atdı. Pasportu yanında idi. İçəri girdi "Do vostrebovaniya" yazılmış pəncərəyə yanaşdı:
    -"Mənim bura gəlməyim nəyə oxşayır? Elə bil qəbir üstünə gəlirəm. Ya da suyu qurumuş dəyirmana. Yox, bu bənzətmələrin heç biri düz deyil. Bu pəncərənin ardında heç kəsi basdırmamışam. Burda qurumalı bir şey də yox idi". Hər dəfə yolu bu küçədən düşəndə poçta girər, pasportunu uzadıb gözləyərdi. Qəribə bir həyəcanla gözləyərdi. Kağızçı səliqəylə zərfləri yoxlayar, hər dəfə də eyni sözləri deyərdi: bir şey yoxdur. Məktub hələ yəqin yoldadır. Hardan da olaydı? Nemət bilirdi ki, yolda-zadda da deyil. O heç yerdən, heç kimdən məktub gözləmirdi: Yox yerdən məktub çıxmayacaqdı ki... Yaddaşını ələk-vələk eləsə də başqa şəhərdən ya Bakının özündən ona "do vostrebovaniya" məktub yazacaq bir adam xatırlaya bilməzdi. Amma nədənsə bu küçədən tək keçəndə hər dəfə həmin pəncərəyə yanaşırdı. Yanında bir sənəd olmayanda heyfsilənirdi:
    -Namazov, aha, var. Yox, bu, Namazov Nadir imiş. Siz
    -Nemətsiniz!
    -Bəli, mən Nemətəm.
    -Kağızları bir-bir ötürüb son zərfi də bir qırağa qoydu:
    -Hələlik heç nə yoxdur, - dedi. Şüşənin yarımdairəvi kəsiyindən pasportu qaytardı.
    -Nemət ağır-ağır pəncərədən aralandı. Qəfilcən fikrində gözlənilməz bir bənzətmə oyandı. "Bu da mənim qəribəliyimdir, - deyə düşündü. - Məmməd Nəsrin Krasnovodsku kimi... Hər şeydə məna axtarsan..." Siqaretini odlayıb küçəyə çıxdı.
 
NƏRGİZİN XORUZ BABAYA MƏKTUBU
 
    -Salam, Xoruz baba!
    -Xoruz baba, mənim adım Nərgizdir. Xoruz baba, mənim doqquz yaşım var. Xoruz baba, mən bu məktubumda sizing tapşırdığınız quş adlarını yazıram. Quş adları: göyərçin, qaranquş, sərçə, sığırçın, bildirçin, qarğa, ağacdələn, sağsağan, qartal, şanapipik, qaraquş, tovuz quşu, turac, laçın, qırqovul, cüllüt, dolaşa, durna, bayquş, kəklik. Ev quşları: toyuq, xoruz, ördək, hind toyuğu, qaz. İyirmi altı quş. Xoruz baba, mənim Rəhilə yoldaşım var. Rəhilə yaxşı oxuduğu üçün müəllimə onu sinifkom seçib. Onların maqnitofonları var. Xoruz baba, ora sizin səsinizi yazıblar. Sən Rəhilənin adını radioda demisən. Rəhilənin atası səni yazıb maqnitofona, sən deyirsən Rəhilə Həsənova mənə məktub yazıb. Xoruz baba, mən də sənə məktub yazmışdım. Xoruz baba, atam bizə də maqnitofon alacaq. Xoruz baba, mənim adımı da radioda de. Atam maqnitofon alanda mən deyərəm səni maqnitofona yazsın. Maqnitofon almağı Karmenlə Cilda istəyir. Atam onlarçun alacaq. Atam dedi ki, dərslərimi yaxşı oxusan, Xoruz baba sənin də adını çəkər. Rəhilə deyir ki, Xoruz baba sənin adını deməz, sən hesabdan üç almısan. Xoruz baba, mən hesabdan beş alacam. Xoruz baba, mən yaxşı qızam. Xoruz baba, mən ailəmizdə kiçik yaşlı olduğum üçün, atam, anam, nənəm və bacılarım mənə hörmət bəsləyirlər. Mən anamın sözünə qulaq asıram. Nənəmə kömək eləyirəm. Mənim nənəm mənə çoxlu nağıllar danışır. Xoruz baba, mən çoxlu nağıllar, mahnılar, şerlər bilirəm. Mən pianinoda "Kukla" mahnısını çala bilirəm. Xoruz baba, mən həmişə radioda sənin bizim üçün verdiyin nağıllara qulaq asıram. Xoruz baba, sabah radioda mənim də adımı de. Xoruz baba, mən yaxşı qızam. Mənimçün "Telefon" mahnısını çaldır.
    -İmza: Sizin kiçik nəvəniz
Namazova Nərgiz Nemət qızı
 
İKİ-BİR
 
 Fələk iki bir atdı
Bəxtimin nərdi kimi
    -Zaur bilirdi ki, axır Təhminəni razı salacaq, çünki bu elə bir təklif idi ki, ilk dəqiqədən həqarətlə rədd olunmamışdısa, deməli, gec-tez qəbul olunacaqdı.
    -Axı niyə mütləq plyaja getmək istəyirsən?
    -Yadında, mən "Moskviç"imi alanda sən dedin ki, yaxşı oldu, yayda bizi plyaja apararsan.
    -Mən deyirdim bütün şöbəynən gedərik, demirdim ki, ikimiz...
    -Bütün şöbə? - Zaur rişxəndlə sadalamağa başladı.-
    -Dadaş, Nemət, Qurban...
    -Təhminə uğunub getdi.
    -Axı, Zaur, başa düş, eşidən-bilən nə deyər, mənim ərim...
    -Biz nə günah işlədirik ki... ərin Bakıda olsaydı... amma indi burda yoxdur... gedək çimək, iki saata qayıdarıq.
    -İki saata? Yəqin? ....
    -"Vəssalam!".
    -Lap yəqin. Söz verirəm.
    -Təhminə alt dodağını dişləri arasına alıb, başını yana əydi. Saçları çiyninə axdı.
    -Gedim qarajdan maşını götürüm, iyirmi dəqiqədən gəlirəm evinizin qabağına.
    -Yox, yox, evin qabağına gəlmə. Evimizin yanında bağ var e, onun sol tərəfində gözlə.
    -Oldu. Çox gözəl.
    -Zaur üçüncü mərtəbəyə dırmaşmağa başladı. Pillələri beşbeş atılır, bığaltı gülümsünür, zümzümə edirdi. Uçmağa qanadı çatmırdı. Pilləkənin başında Məmməd Nəsirlə toqquşdu. Tünd çaxır iyi Zaurun burnunu çaldı. Məmməd Nəsir onun qolundan yapışdı.
    -Mən ölüm, - dedi. - Gedək bir nərd ataq.
    -Məmnuniyyətlə, Məmməd Nəsir, gələn səfər. İndi yaman tələsirəm.
    -Dartınıb çıxmaq istədi.
    -Məmməd Nəsir:
    -Bircə tas, - dedi, - sən mənim canım.
    -Ay kişi, dedim də, tələsirəm...
    -Məmməd Nəsir:
    -Yeddi dəfə orfoqrafiyanı dəyişdilər, - dedi. – Amma məni işdən xaric eləyə bilmədilər. Hər dəfə qaydaları əzbərləyirəm. Qoy gəlsin sənin cavan korrektorların. Görək hansımız yaxşıyıq. Əski əlifbanı da bilirəm, latını da, indikini də.
    -Yaxşı, a kişi, burax qolumu...
    -Yox, dayan, sən cavansan, görməmisən. Kişilər vardı, kişilər. Kişi deyirəm e sənə. Kişi. Bax həmin bu yerdə Teymur Mahmudov məni tutdu. Deyir: "Nə olub, Məmməd Nəsir, gözümə bir az turş dəyirsən?" Dedim: "Yox, sağ oluz, yaxşıyam". Eh kişilər vardı. Hər birisi bir şiri-nər, aslan, bəbir. Zaur qolunu qopardıb götürüldü.
    -Məmməd Nəsir onun dalınca baxıb, baxıb, başını buladı. Öz-özüylə danışa-danışa pilləkəni enməyə başladı.
    -Deyirəm, əmim Türkiyəyə gedib, mənim nə təqsirim? Niyə daş eləyib ayağıma bağlayırsız... Deyirlər, yox, ot kökü üstə bitər. Deyirəm, əşi, o vaxt mən uşaqdım. Nikolay vaxtı çıxıb gedib. Özü də Əliqulu kişi hardan mənim köküm oldu? Üzünü də görməmişəm. Deyirlər yox ki, yox, yox oğlu yox. Niyə gizlətmisən ki, əmin xaricdədir? Çıxardırıq səni işdən. - Pilləkəni qalxan qızlara salam verdi: - Salaməleyküm, xanım qızlar, hər vaxtınız xeyir. – Qızlar pıqqıldayıb gülüşdülər.
    -Məmməd Nəsir onlara fikir verməyib öz-özünə danışmağını davam etdirdi: - Çıxarırsız çıxarın, neynək. İndi də viqovor verirlər ki, içirsən. Eh, mənə nə var, bir həsirəm, bir Məmməd Nəsir. İçirəm, neçün ki, lazımdır. Yəhya, ay Yəhya, mən ölüm, gedək bir nərd ataq.
    -Yekə kişisən, get özünə iş tap.
    -Ay Cümşüd, sən atovun goru, mən nə dedim ki. Deyirəm, gedək nərd ataq, bəyəm bimərifət söz dedim?
    -Yəhya:
    -Məmməd Nəsir, deyəsən, yenə o söz, - dedi və çırtmayla boğazına vurdu.
    -Ay bic xərəngə, - deyib Məmməd Nəsir göz vurdu. - Məmməd Nəsiri el içində xar eləmə. Açma sandığı, tökmə pambığı.
    -Cümşüd:
    -Məmməd Nəsir, şöbə müdirisən, yoxsa idarənin müdiri? - deyə xəbər aldı.
    -Hə? Yox, hələ redaktoram, ha, ha, ha... Vur bura, mən ölüm. - Məmməd Nəsir otuz beş il idi bu idarədə korrektor işləyirdi. Amma deyirdi ki, üçüncü qədəhdən sonra oluram redaktor, beşincidən sonra şöbə müdiri, yeddincidən sonar idarənin müdiri. Sonra daha hesabı itirirəm. Ancaq bir vaxt görürəm ki, zamministrəm. Sonra ministr. Sonra Hindistan padşahı. Sonra allah...
    -Deməli, redaktorsan? Nə əcəb bəs, belə az vurmusan. Bu gün ki, şənbədir. Əsl məqamdır.
    -Ay Cümşüd, bəlkə gedək bir nərd ataq?
    -Sabah, Məmməd Nəsir, sabah.
    -Yəhyayla Cümşüd yarımçıq qalmış söhbətlərini davam etdirə-etdirə pilləkənlə düşməyə başladılar.
    -Bəli, indi Nemət olub gülməşəkər. Getmə gözümdən, gedərəm özümdən.
    -Əşi, dünən Dadaşla xosunlaşırdılar, mən bildim ki, işin içində iş var.
    -Məmməd Nəsir:
    -Sabah bazardır, - deyə onların dalınca qışqırdı, amma cavab almadı. Zümzümə eləyə-eləyə dəhlizlə getdi:
    -Bilsən nə qədər, sevgili canan, can alansan.
    -Xeyir ola, Məmməd Nəsir, yenə segah deyirsən?
    -Az qala makinaçı Tavusla toqquşdu.
    -Məmməd Nəsir:
    -Segah deyil, qızım, dilkeşdir, - dedi və sonra əlavə etdi, - ay səni xoş gördük, əhvali-şərif?
    -Sağ ol, duaçıyam.
    -Çoxdandır gözümə dəymirsən?
    -Rayona getmişdim. Anama dəyməyə. Bizim tərəflərdə olmamısan ki? Bir gözəl, səfalı yerlərdir, iki göz istəyir tamaşasına. Bu səfərimdən çox razı qaldım.
    -Məmməd Nəsir.
    -Ən yaxşı səfər... - deyə sözə başladı.
    -Bilirəm nə deyəcəksən. - Tavus onun sözünü ağzında qoydu, - ən yaxşı səfər şərab kuzəsinin boğazından dibinə səfər etməkdir. Yüz dəfə eşitmişəm.
    -Ay sağ ol. Bu yolu ki, keçirsən, çatırsan şüşənin dibinə, düşürsən cənnətə. Bəli, hurilər, qılmanlar, məlaikələr... Özləri də qələt eləyirlər, cənnətdə "suxoy zakon"zad yoxdur. İçki bax buracan - əlini hulqumuna dirəynb elə bil mişarladı. - Bəli, iki saat, üç saat olursan Cənnətqradda. Yanında da sənin kimi bir canalan canan. Bax, bir var can, bir var canan, bir də var canalan...
    -Tavus:
    -Ala ey, - deyə iki əlini çətir kimi Məmməd Nəsirin başına tutdu, - ətin tökülsün, kişi, ətimizi tökdün.
    -Hə, cənnətdə ki bir az cövlan eləyirsən o yan-bu yana, sonra uzadırlar səni xərəyə, yəni ki, çarpayının üstünə, gətirirlər obratnı geri. Ayılıb görürsən bəli, yenə öz otağındasan ki, varsan, həmin-zəmin, Məmməd Əmin. Tavus çıxıb getmişdi.
    -Məmməd Nəsir onun dalınca baxıb:
    -Qudurasan qurbağa, - dedi, - bizim rayon, sizing rayon... Mərdan kişi düz deyirdi ki, bu bakılılar, qarabağlılar, qazaxlılar, nə bilim gəncəlilər, göyçaylılar, naxçıvanlılar içində azərbaycanlı olmaq çox çətin məsələdir.
    -Məmməd Nəsir belini büküb dəhlizlə yolunu davam etdirirdi. Evə gedən işçilərə kamal-ədəblə: "Salaməleyküm, hər vaxtınız xeyir, xoş getdiniz, sağ olun, gülə-gülə" deyirdi. Həmişə aşağı baxdığındanmı beli bükülmüşdü, ya beli bükülü olduğundanmı həmişə aşağı baxırdı? Dadaşgilin qapısına çatdı. Qapını elə açırdı, elə bil qapıdan üzr istəyirdi ki, bağışla səni açıram. Qapını açıb yan böyürü, barmaqlarının ucunda, tələsik içəri şütüyürdü.
    -Dadaşgilin otağına elə girdi ki, elə bil otaqda yatan, ya xəstə var. Dadaş kağız-kuğazını iri şişman portfelinə yığışdırırdı. Portfel elə yekəqarın idi ki, bura lap adamı da yerləşdirmək olardı. Təhminə siyirtməsindən balaca güzgüsünü çıxarıb dodaqlarını boyayır, sonra diliylə boyanı yalayırdı. Qurban başını aşağı sallayıb nə isə yazırdı.
    -Məmməd Nəsir:
    -Salaməleyküm, - dedi, - xanım qız, səni görməmişəm.
    -Təhminə güzgüsünü sumkaya qoyub:
    -Salam, Məmməd Nəsir, - dedi.
    -Dadaş:
    -Nədi, Məmməd Nəsir, sözlü adama oxşayırsan? - dedi.
    -Məmməd Nəsir dırnaqlarını çeynəyə-çeynəyə:
    - Deyirəm, bəlkə bir ataydıq... - dedi.
    -Canımçün tələsirəm, yoxsa məmnuniyyətlə, - mixəyi, zəhmli portfelini əlinə götürdü. Ötkəm səslə: "Di salamat qalın" - dedi.
    -Dadaşın enli kürəyi bir anlığa qapını tamam tutdu. Məmməd Nəsir üzünü bu kürəyə tutub:
    -Sağ oluz, gülə-gülə, - dedi, bir-iki dəfə başını əyib Bkürəklə vidalaşdı, beli daha da büküldü, yarıqat oldu, - sağ oluz, xanım qız, sən də xoş getdin. Qapı örtüldü. Dadaşın ağır addımlarının səsi gəlirdi: elə bil dəhlizdə bir cüt ütü yeriyirdi. Bu səsə Təhminənin dikdaban çəkmələrinin addım səsləri calandı: elə bil döşəməyə gilə-gilə su damırdı.
    -Səslər uzaqlaşdı, itdi.
    -Qurban başını qaldırdı:
    -Məmməd Nəsir, düzdü, deyirlər sənin bu Dadaşla xüsusi zarafatın var?
    -Necə bəyəm? Nə zarafat?
    -Qurban qımışdı:
    -Nə bilim vallah, uşaqlar danışır. Deyirlər bərk içəndə gecə saat ikidə, üçdə gedirsən bunlara. Zəngi basırsan, arvadı oyanıb gəlib qapını açır. Deyir nə olub, nə təcili işdir ki? Deyirsən bəs çox təcili işdir. Bəli, Dadaş bir tuman-köynəkdə gözünü ovuşdura-ovuşdura qapıya çıxır. Deyir nə olub, nə var, nə xəbərdir, ay Məmməd Nəsir, gecənin bu vaxtında? Sən də ki, - Qurban papiros çəkənlərin xırıltılı gülüşüylə güldü, - sən də ki, çırtıq çalıb deyirsən:
    -Tupbuludu, tupbulu.
    -Cupbuludu, cupbulu.
    -Məmməd Nəsir də bərkdən güldü. Ağzında bir dənə sağ dişi yox idi.
    -Olub-olub, - dedi, - əşi, mən bu Dadaşın dabbaqxanada gönünə bələdəm. Neçə il yoldaş olmuşuq. Sən o vaxt uşaq olardın. Birinci bura işə mən gəlmişəm. Elə o vaxtdan korrektor işləyirəm. Yeddi dəfə orfoqrafiyanı dəyişdilər. Hamısını da əzbərlədim. Latını da bilirəm, ərəbi də, indikini də. 
    -Bir gün Parapetin tinində Mirzə Cəlilə rast gəldim.  Göy parusin pencəyi vardı. Əlində də əsası. Dedi: "Məmməd Nəsir, axı biz belə deməmişdik, qardaş". Eh, ay Qurban, adamlar var idi, adamlar görmüşdük.
    -Qurban:
    -Dadaş da o vaxtdan işləyir?
    -Yox, birinci bura mən gəlmişəm. Sonra dartdım Səfdəri gətirdim. İndi baş mühasibdir e... o vaxt kassir köməkçisi idi. Şunu götür, şunu qoy. Bu Dadaş da var ha... Bunu da bura mən işə düzəltmişəm. Bir gün bax elə bu yerdə, söz yerinə çəkər Teymur Mahmudova rast gəldim. Dedi: nə var, Məmməd Nəsir, gözümə bir az turş dəyirsən? Dedim: bəs sağ oluz, sağlığınıza dolanırıq. Amma bir, yoldaşım var. Mümkün eləsəydiniz, onu işə götürərdiniz. Dedi: bəs nə yoldaş? Dedim: bu Dadaş. Dedi: bəs nə bacarar? Dedim: Bəs hər nə desən. Dedi gəlsin kuryer götürüm onu hələlik, sonra baxarıq. Eh, kişilər vardı o vaxt, hanı indi onlar!.. Qaldıq uşaq-muşaq əlində. İndi hər yerindən duran...
    -Bəs düzdür ki, bu Dadaş Teymur Mahmudovdan material verib?
    -Məmməd Nəsir çiyinlərini çəkdi:
    -Əşi, gedək bir nərd ataq da...
    -Deməli, Dadaşı işə sən düzəltmisən. Kuryerlikdən başlayıb gör hara qalxıb!
    -Hə, o vaxt yaman ləng idi. Elə hey qışqırırdılar: ay Dadaş, di tez ol, tərpən. Əlli-ayaqlı ol bir az. Şer də qoşmuşdular: ay Dadaş, başıva daş, tərpənmə belə yavaş. İndi gör kimdir!
    -Qurban:
    -Müdirin sağ əli, - dedi, - sözü qılınc kimi keçir.
    -Kəsdiyi başa sual yoxdur. Amma insafən səni həmişə müdafiə eləyir. O səfər töhmət vermək istəyirdilər, qoymadı.
    -Məmməd Nəsir:
    -Çox sağ olsun, - dedi. - Mən ki, ondan bir pislik görməmişəm, ancaq yaxşılıqdan başqa. Adamın allahı var. Əşi, kişisən, dur gedək bir nərd ataq.
    -Yox, gərək evə qaçam. Beş dəqiqə gec gəlsəm, arvad günümü göy əsgiyə bürüyəcək. Sən belə-belə şeyləri bilməzsən, Məmməd Nəsir, sənə nə var ki, subay adamsan...
    -Subaylıq sultanlıqdır. Bir həsirəm, bir də Məmməd Nəsir.
    -Otaqdan çıxdı. Otaqların çoxu boşalmışdı. Səfdər dayı dəmir qapısını qıfıllayıb pilləkənə tərəf yollandı. O həmişə işə hamıdan tez gəlib hamıdan gec gedərdi.
    -Məmməd Nəsir:
    -Səfdər, - dedi, - bir nərdlə necəsən?
    -Səfdər dayı fikirli və dalğın görünürdü. Səsi eşidib diksindi, başını qaldırdı. Elə bil Məmməd Nəsiri əvvəlcə tanımadı, elə bil onu ilk dəfə görürdü. Eynəyini çıxarıb nəfəsini şüşəyə verdi, sonra dəsmalla sildi.
    -Ey, ay Nəsir, - dedi, - mən nə hayda, sən nə hayda!
    -İki ay bundan qabaq Səfdər dayının arvadı rəhmətə getmişdi.
    -Məmməd Nəsir:
    -Ay Səfdər, - dedi, - vallah, bu dünya bir yer deyil. Bir başım açılmır, bir macal eləyə bilmirəm ki, gedib özümü öldürüm.
    -Səfdər:
    -Özünü niyə artıq zəhmətə salırsan, əcəl onsuz da özü gəlib səni tapacaq.
    -Məmməd Nəsir pıçıltıya keçdi:
    -Səfdər, deyirlər Dadaş Teymur Mahmudovdan danos yazıbmış, hə?
    -Səfdər dayı arı qovurmuş kimi dəsmalını yellədi:
    -Məmməd Nəsir, sən ölənlərinin goru, xatovu məndən uzaq elə. Sən içmisən, dünya vecinə deyil.
    -Tələsik addımlarla çıxıb getdi: tak-tuk, tak-tuk... Maşını qarajdan çıxaranda Zaurun yadına düşdü ki, çimmək paltarı yadından çıxıb idarədə qalıb. Yay vaxtı bu dənizliyini həmişə idarədə qoyurdu. Görürsən işdən sonar uşaqlarla sözləşib tələsik bir cumdular dənizə.
    -Maşını nəşriyyatın qabağına sürdü. İş qurtarmış, camaat dağılmışdı. Qapını döydü. Qapıçı: heç kəs yoxdur, - dedi, - hamı çıxıb gedib.
    -Bilirəm, - deyə Zaur tələsik onun yanından içəri dürtüldü, - yadımdan şey çıxıb qalıb.
    -Öz otaqlarına çıxdı. İçəri girdi, siyirməni çəkdi, qəzetə bükülmüş dənizliyini götürdü. Saata baxdı və birdən təəccüblə qulaq verməyə başladı. Bomboş idarənin yuxarı mərtəbəsindən nərd səsi aydın eşidilirdi. "Bıy, Məmməd Nəsir burdaymış ki! Görəsən kimi xamlayıb?"
    -Fikirləşdi ki, qoy çıxım baxım, görüm kimi xamlayıb. Əvvəl-əvvəl Təhminəylə danışmağa mövzu da olar. Ümumiyyətlə, fikir verib Təhminə Məmməd Nəsirdən danışmağı sevir, o biri məktəb əhvalatını da danışaram. "Sonra da keçərsən ayrı söhbətlərə, incə mətləbə, Zaur kişi. Ay vələddüzzina!".
    -Bığaltı qımışdı, saçlarına sığal verdi, yüyürüb yuxarı mərtəbəyə dırmaşdı, nərd səsi gələn otağa tərəf getdi. Qapını açdı, baxdı. Mat qaldı. Otaqda Məmməd Nəsirdən başqa heç kəs yox idi. Məmməd Nəsir öz-özüylə nərd oynayırdı. Zaurun gəlişini duymadı:
    -At, Dadaş, - dedi. Atdı. - Aha, şeş qoşa.
    -Oynadı.
    -İndi lələşün Məmməd Nəsir atsın.
    -Atdı.
    -İki-bir. - Başını qaşıdı. - Yaxşı, mən bu iki-bir andıra qalmışı hardan oynayım? Əldən oynasam bataram ki... ayrısı da yoxdur. - Oğrun-oğrun ətrafa döyükdü. Zauru yenə görmədi. - Bu heç, - dedi. - Guya bu olmayıb. Qoy bir də atım. Özümüzük də, bilən olmaz.
    -Atdı.
    -Tfu səni. Yenə iki-bir. Gətirmir də...
    -Zaur yavaşca qapını örtüb ağır-ağır pilləkəni düşməyə başladı. Başını buladı, gülümsündü. Qapıçıya:
    -Sağ olun, - dedi və çıxarıb otuz qəpik verdi.
    -Küçəyə çıxanda bir də başını buladı.
 
DADAŞIN PROFESSOR TEYMUR MAhMUDOVA MƏKTUBU
    -Moskva
    -Dobrolyubov küçəsi, 11-ci ev, mənzil 7.
    -Hörmətli və əziz professor! Atəşin salamlar. Cürbəcür işlər adamın başını elə qarışdırır ki, heç bir macal tapıb Sizə məktub yaza bilmirəm. Nəhayət, bu gün, şənbə günü öz-özümə dedim ki, daha nə cür olursa-olsun, gərək vaxt tapıb Sizə biriki kəlmə yazam. Məktub yazmıramsa, bu o demək deyil ki, Sizdən xəbərsizəm. Moskvadan gələn tanış-bilişdən həmişə Sizi soruşuram. Səhhətinizin, kef-əhvalınızın sağlam və gümrah olduğunu eşidib çox sevinirəm. Tez-tez mərkəzi mətbuatda imzanızı görəndə ürəyim dağa dönür. Professor, siz bəlkə heç özünüz də təsəvvür edə bilmirsiniz ki, sizin adınız, işiniz, taleyiniz, ömrünüz bizim nəsil üçün nə deməkdir. Mən həmişə əsl sovet adamı, yüksək ülvi bir humanist, bütün çətinliklərdən mərd-mərdanə və açıq alınla çıxan bir adamı təsəvvür etmək istəyəndə məhz Sizi düşünürəm. Sizin necə ağır illərdən çıxıb, haqsız ittihamlara məruz qalıb sarsılmaz inam və etiqadla, yenidən qurub yaradan insanların içində belə ləyaqətli yer tutmağınız yalnız cavan nəslə deyil, elə bizim yaşlı nəslimizə də ibrət dərsidir. Doğrudan bəzən elə adamlara rast gəlirsən ki, kiçicik bir haqsızlığı, ya kəsiri görüb laqeydləşir, yorulur, yaxasını kənara çəkir, heç nəyə qarışmır, başını girləyir.
    -"Dəymə mənə, dəymərəm sənə, ya azacıq aşım, ağrımaz başım". Siz isə bütün kəşməkeşlərdən sonra yenə də əvvəlki hünərlə, cavanlıq həvəsiylə, gənclik ehtirasıyla işləyir, çalışır, yaradır, xalqımıza, millətimizə xeyir verirsiniz. Əziz Teymur müəllim, bu təmtəraqlı və pafoslu sözlər üçün məni bağışlayın. Ancaq inanın ki, bu sözlər ürəkdən gəlir, qəlbimin ən dəruni, ən səmimi hissələrini ifadə edir.
    -Əziz professor, keçən yay söz verdiniz gəlmədiniz, heç olmasa bu il sözünüzün üstündə durun. Universitetdə dərsləriniz qurtaran kimi istirahətə bura gəlin, necə deyərlər, doğma Vətən torpağı yolunuzu gözləyir. Gedək bir əməlli-başlı Azərbaycanı gəzək. Qalxaq Göy gölə. Özüm öz əlimlə Sizə yaxşı bir kabab çəkim. Ötək ordan Şuşaya, Laçına, Kəlbəcər tərəfə. Siz ki maşallah, belə səyahətlərin aşnasısınız. Sonra da Bakıda bizdə bir köhnə dost-aşnaynan yığışaq, armudu stəkanlarda bir yaxşı məxməri çay içək, bir nərd ataq. (Nərd oynamağı unutmamısınız ki?) Yeri gəlmişkən, bildir Yəhyayla sizə bir nərdtaxta göndərmişdim. Nuxada bir ustaya şəxsən özüm sifariş vermişdim. Belə ayrı aləmdi, əl işi... Bilmirəm xoşunuza gəldi, yoxsa yox? Burda sağ-salamatlıqdır. Səfdər kişinin arvadı öldü. Mina xanım, bilmirəm yadınıza gələr, ya yox? Bəli, professor, bizim nəsil də yavaş-yavaş seyrəlir. Baxırsan köhnə dostlardan kim qalıb? Kimdi qalan o vaxtın adamlarından? O vaxt, sizin işə götürdüyünüz adamlardan indi idarədə qalan bir mənəm, bir Səfdər, bir də Məmməd Nəsir. Məmməd Nəsir zalım oğlu da elə hey içir. Onu vaxtında evləndirmədik ki, bəlkə arvad ipə-sapa yığaydı. Yoxsa indi tək adamdı, nə vecinə? O gün az qala işdən qovacaqdılar. Qoymadım. Durdum dedim, atacaqsınız bayıra, neyləyəcək? Bayıra atmaq asandır. Gəlin bir məsləhət eləyək, qolundan tutaq, kömək eləyək. Köhnə işçidnr, idarənin veteranıdır. Savadlı korrektordur. Hələ siz cavanlar ondan çox şey öyrənə bilərsiniz. Bilirsiniz də professor, cavanlardır, odlu-odlu danışırlar, elə bilirlər hamıdan ağıllıdırlar. Deyirəm onlara ki, biz sizin yaşda olmuşuq, amma siz hələ bizim yaşa çatmamışsınız. Odur ki, siz biləni biz çoxdan bilirik, amma biz biləni siz hələ bilmirsiniz. Uzun sözün qısası, saxlatdım Məmməd Nəsiri. Sizi də köməyə çağırdım. Dedim bəs professor da eşitsə, bizdən inciyər, axı Məmməd Nəsiri bura işə o götürüb.
    -Nə isə, əziz professor. Sizə xeyli başağrısı verdim. Ancaq Sizə bir işim də düşüb. Bilirəm, indi Sizin yerinizə başqa adam olsaydı, düşünə bilərdi ki, hə, işin düşüb, elə məktubu da onunçün yazmısan. Ancaq mən sizin qəlbinizin genişliyinə bələdəm, bilirəm ki, belə dar fikirlərə düşməzsiniz. Hər halda mənim haqqımda belə düşünməzsiniz. Məsələ ondadır ki, biz burda "Tarixi şəxsiyyətlər" seriyası buraxmaq haqqında təşəbbüs irəli sürmüşük və prinsipial razılıq almışıq. İndi bu məsələnin təsdiqini Moskvada bir az tələsdirmək lazımdır. Mən özüm bu iş üçün Moskvaya gəlmək istəyirdim. Ancaq sonra fikirləşdim ki, heç kəs bu işə Sizin kimi kömək edə bilməz. Sizin orada necə böyük nüfuza malik olduğunuzu yaxşı bilirəm və odur ki, Sizdən artıq dərəcədə xahiş edirəm, bu işə himayədarlıq edin. Əgər prinsip etibarilə razısınızsa, konkret məsələlər barəsində Sizə yeni bir məktub yazaram:
    -Ayrı elə bir yenilik yoxdur. Bizim Aqil bu il orta məktəbi qızıl medalla bitirib. Meyli də Moskvayadır. Ali məktəbi orda oxumaq istəyir. Deyirəm, elə bilirsən asandır Moskvada imtahan verib ali məktəbə qəbul olunmaq? Amma heç bir şey eşitmək istəmir. Hələ özü də bilmir hansı sahəyə gedəcək. Bəlkə Siz bir məsləhət verəsiniz. Nə isə... bu da bir problemdir.
    -Hörmətli professor. Cavabınızı səbirsizliklə gözləyirəm. Daha böyük bir intizarla Sizin özünüzü burada gözləyirik. Dərin hörmət hissiylə Dadaş
5 iyun 1965
 
ÜÇÜNCÜ
 
    -Siqareti siqaretə calayırdı: "Əgər dolamaq istəyirmişsə, çox mənasız zarafatdır". "Bəlkə bağın o biri tərəfini deyib? Yox, orda maşın saxlamaq qadağandır. Sol tərəfi dedi. Sol tərəf buradır da". Zaur maşının saatına bir də baxdı, sonra qol saatına baxdı. Sözləşdikləri vaxtdan düz 45 dəqiqə keçirdi. "On beş dəqiqə də gözləyim. Olsun bir saat. Əgər gecikirsə, bir saat bəsidir. Ondan artıq mən heç Bricit Bardonu da gözləmərəm. Yox, əgər mənimlə zarafat eləmək fikrinə düşübsə, nə olar, heç eyib etməz, mən də papaq altında qalan oğlanlardan deyiləm".
    -Yeddi dəqiqə də keçdi. Son siqareti damağına qoydu. Boşalmış qutunu xışmalayıb ovcunda əzdi, tuşlayıb səkidəki zibil qutusuna atdı. Maşının gözünü açıb təzə qutu götürdü, cibinə qoydu, rulu tumarlamağa başladı.
    -Lap qulağının dibində səs eşitdi:
    -Bağışla, deyəsən bir az gecikmişəm.
    -Bayaqdan bəri bu səsi gözləyirdisə də diksindi, qanrılıb baxdı. Təhminənin qırmızı paltarının ağ düymə cərgəsini gördü.
    -Zərər yoxdur, - dedi, - keç bu tərəfə.
    -Qapını açdı. Təhminə içəri keçdi, əlindəki iri ala-bula sumkanı Zaura uzatdı.
    -Zaur:
    -Ver sumkanı bura, - dedi, - arxaya qoyum. Nə yığmısan bura bir belə?..
    -Heç, bir az yemək götürmüşəm.
    -Zaur maşını işə saldı, hərəkətə gətirdi…
    -Yemək? Yemək neyləyirsən, evdə yeyəydin də, - üzünü
    -Təhminəyə tərəf çevirib bığaltı gülümsündü, - iki saata qayıdarıq da...
    -Təhminə maşının güzgüsünü üzünə tuşlayıb, saçlarını düzəldirdi.
    -Yeməyinə yemişəm. Dedim birdən yubandıq. Acsaq...
    -Aa... belə de, - mənalı-mənalı Təhminəni süzdü. "Pah atonnan! - deyə düşündü, - gör dünyanın nə günüdür?! Yad kişiylə plyaja gedir. Özü də bilir niyə gedir, amma tədarükünü də yaddan çıxarmır. Qarnının da qeydinə qalır. Bəli, XX əsrdir, Zaur kişi. Romantika vaxtı çoxdan keçib".
    -Hansı tərəfə gedək? - deyə Təhminədən soruşdu.
    -Təhminə dərhal:
    -Pirşağı tərəfə, - dedi. - Pirşağıdan da o tərəfə bir plyaj var. Yaxşı yerdir, sakit, adamsız...
    -"Görünür, yaxşı bələddir. Kişinin qızının əməlli-başlı səriştəsi varmış. Kül başına, Manaf!"
    -Uşaqlıqda Pirşağıda bağımız vardı. Atam sağ olanda. Çimməyə həmişə o tərəfə gedərdik. Bir qiyamət qayalıq var orda...
    -Səs-küylü, adamlı küçələrdən keçib geniş şoseyə çıxdılar. Yol basırıq idi. Şənbə günü axşama doğru elə bil bütün şəhər maşın-maşın, avtobus-avtobus sahil bağlarına tərəf axışırdı. Maşınların dal şüşələri bostanı andırırdı: xiyar, qovun pomidor...
    -Boy-buxunu, yaraşıqlı sifəti, idmançı inadı və başqa keyfiyyətləri Zauru erkən kişiləşdirmişdi. İyirmi üç yaşında çox şey görmüşdü. Təcrübədə kamilləşmiş fitri bir məharətlə hər növ, hər çeşidli qadınla söhbət sala bilir, söhbətdə hər şeyin faizini, dərəcəsini, məqamını da bilirdi. Nə dərəcədə qəlizdən qırıldatmaq, neçə faiz yumor, ikibaşlı eyhamlar. İncə mətləblərə keçmək məqamını da duyurdu, incə söhbətdə müvazinət saxlamaq ustalığı da vardı. Yeri gəldikcə gah adam üzünə həyəcan göstərir, tutulur, özünü itirir, gah da adamına görə açıq-saçıq danışırdı. Təhminənin özüylə də küncdəbucaqda müxtəlif çeşidli söhbətlərdən az eləməmişdi. Amma bax indi, onun, nağıllarda demişkən, arzu-kamına, muradına çatmasına lap az qalan bir zamanda, onu məqsədinə doğru saatda 80 kilometr sürətlə aparan bu maşının içində gözlənilməz bir acizliklə danışmağa söz tapmırdı. Bilmirdi nədən başlasın, hansı səmtdən gəlsin. Təhminə də susmuşdu. Birdən Zaurun yadına Məmməd Nəsir düşdü.
    -Nə olub, niyə gülürsən?
    -Heç əşi, yadıma düşdü bir şey. Bayaq qayıtmışam idarəyə, bir də gördüm...
    -Məmməd Nəsirin öz-özüylə nərd oynamasını yerli-yataqlı danışdı. Deyəsən əhvalatın duzu Təhminəyə çatmadı:
    -Bəyəm adam öz-özüylə nərd oynaya bilər?
    -Yox da elə məsələ ondadır. Heç kəsi tutub tovlaya bilməyib, odur ki, öz-özüynən oynayır.
    -Təhminə: .
    -Məmməd Nəsir çox qəribə tipdir, - dedi.
    -Əşi, ayrı aləmdir. Keçən yay bunun bacısı qızı universitetə girir. Yəqin içib dəm olub, lovğalanıb ki, bəs mən düzəldərəm. Mənim bir yoldaşım universitetdə işləyir, o danışır: deyir, görürəm bir gün bu Məmməd Nəsir dayanıb universitetin qabağında yetim quzu kimi büküb boynunu. İçəri buraxmırlar. Özü də bir balaca dəmdir. Bəs qapıçıya dedim ki, burax onu, bilirsən bu kimdir? Böyük adamdır. Buraxdırdım onu içəri. Bacısı qızı da yanında imiş. Deyir içəri keçən kimi belini düzəltdi, yanındakı qızın əlindən dartdı birbaş imtahan verilən otağa. Mən də, deyir, düşdüm bunların dalınca, görüm bu neyləyəcək. Açdı, deyir, sinif qapısını, girdi içəri, bəli, imtahandır, uşaqlar oturub. Komissiya-filan. Komissiyada da bir Rəhim var, odur, bir də Cavanşir var, köhnə müəllimlərdəndir, odur. Bəli, Məmməd Nəsir, deyir, kamal ədəblə bunlara salam verdi, dedi, bəs Cavanşir, məni tanıyırsan? - Bəli, tanıyıram. - Çox əcəb, çox gözəl. Rəhim, sən necə? - Bəli, mən də tanıyıram, Məmməd Nəsir. – Çox əcəb. Bax bu mənim bacım qızıdır. Bildiniz də? Daha ayrı söz demirəm. Bacım qızı! Bildiniz? - Bəli bildik. - Hə, qızım, keç otur. Xatircəm ol. Vəssalam! Di salamat qalın, - deyib otaqdan çıxıb, bir də qayıdıb ki, bağışlayın a, siz də bağışlayın, uşaqlar. Sonra çıxıb gedib, bacısıgildə basıb kəsib ki, bəs sən arxayın ol, ürəyini buz kimi elə. Elə bil ki, qızın oturub universitetdə leksiyada.
    -Maşın bol gediş-gəlişli şəhərbasardan çıxıb, getdikcə seyrəkləşən yolla irəliləyirdi. Susmuşdudar. Bir azdan sonra Təhminə:
    -Yaxşı, nə olub, qəbul eləyiblər qızı? - deyə soruşdu.
    -Hardan qəbul eləyəcəklər? Tökülmüşdü. Kəsiblər gedib.
    -Niyə?
    -Neçə niyə? Məmməd Nəsirin ağzına baxan kimdir? Adamı o cür tapşırarlar?
    -Təhminə:
    -Əlbəttə, - dedi, - tapşırmağın da öz ritualı, qaydaqanunları var. Neçə deyərlər, zəngin adət-ənənələri. Əvvəlcə kənar söhbətlər, sizin it bizim ərsini apardı, o yandan, bu yandan, havalar xoş keçir, daha nə var, nə yox, sonra belə sözarası kiçik bir işarə, ehyam, arifsən, gərək başa düşəsən, sən mənim işimi düzəlt, biz də xəcalətdə qalmarıq, filan-peşməkan, əl-əli yuyar, əl də üzü...
    -Zaur:
    -Eh, kim kimədir, - dedi. Bir qədər susandan sonra
    -Məmməd Nəsirlə əlaqədar başqa bir əhvalatı xatırladı. - Məmməd Nəsirin müdirimizlə olan əhvalatından xəbərin var?
    -Yox.
    -Bir gün Cəfər müəllim küçədə Məmməd Nəsirə rast gəlib. Deyib: axşamın xeyir, Məmməd Nəsir. Bir də görüb ki, Məmməd Nəsir iki əlini başına çəkdi ki, vay, Cəfər müəllim, bütün mayam batdı. Kişi başa düşməyib: - Nə danışırsan Məmməd Nəsir, nə mayabazlıqdır? Deyir: bəs, Cəfər müəllim, əməlli-başlı özümə maya qoymuşdum. İçib əntiqə dəm olmuşdum. Sizi gördüm tamam ayıldım. Bütün mayam batdı.
    -Təhminə güldü, Zaur:
    -Neyləsin yazıq Məmməd Nəsir, - dedi. - O da kamını içməkdən alır. Tək kişidir. Ürəyi darıxır, içir də. Bədbəxt oğlu vaxtında bir halal süd əmmişin başını bişirib evlənməyib də, - udqunub əlavə etdi, - əlbəttə, bişirmək onunçün o qədər də asan deyil, amma...
    -Təhminə:
    -Səninçün necə? - dedi, - səninçün asandır?
    -Zaur çırtmayla siqaretinin külünü atdı.
    -Baxır da, - dedi və güzgüdə Təhminəyə göz vurdu. -
    -Baxır atəşin hərarətinə.
    -Onda mənə bir siqaret ver, bir də atəş.
    -Oho, sən çəkirsən? Heç bilməzdim.
    -Kibrit çəkdi. Maşının içindəki yeldöyəndə kibritin odu yaralı quş kimi çırpınıb söndü. Təhminə ikinci kibriti çəkib əlləriylə odu bələdi, bürüdü, ovuclarının içində gizlətdi. Bir qullab vurub:
    -Sən hələ çox şeyi bilmirsən, əzizim, - dedi.
    -Bircə onu bilirəm ki, bu maşının içində indiyə kimi belə dünya gözəli oturmayıb.
    -Yəni bura çox dünya gözəli mindirmisən?
    -Zaur nə isə qeyri-müəyyən bir səs çıxardı, həm təsdiq, həm inkar kimi qəbul etmək olardı.
    -Maşını çoxdan almısan?
    -Yeddi ay olar.
    -Kaş soruşmayaydı ki, hansı pula? "Atamın puluna" demək istəmirdi. Təhminə soruşmadı. Yəqin hamı kimi o da bunu bilirdi.
    -Yaxşı işləyir, - dedi. Yarısual, yarıtəsdiq ifadəsi ilə dedi.
    -Ceyran kimi qaçır. Zarafat deyil e, əlli at gücü var burda.
    -Neçə?
    -Əlli.
    -Mənim bir tanışım vardı. "Volqa"sı vardı. Elə hey qürrələnirdi ki, yetmiş at gücündədir. Bir dəfə lap zəhləmi tökdü, dedim bilirsən nə var, maşının yetmiş at gücündədir, amma başında yeddi at beynicə ağlın yoxdur. Küsdü məndən, o gedən getdi.
    -Kimdi ki o?
    -Çox bilsən, tez qocalarsan. - Zaurun tutulduğunu görüb, - elə-belə, bir tanışım idi, - dedi, - aramızda heç bir şey yox idi.
    -Zaur düşündü ki, ağlına gələn sualı versin, ya verməsə yaxşıdır, sonra qərara gəlib.
    -Təhminə, - dedi, - bağışla, sənə bir şəxsi sual verim.
    -Amma incimə.
    -Aha.
    -Bəs Manaf səni qısqanmır?
    -Təhminə gülüb əlini onun başına çəkdi, saçlarını qarışdırdı. Xoş bir gizilti iynə-iynə Zaurun bədənini dolaşdı. Bir an gözləri dumanlanan kimi oldu, əlində rul oynadı, maşın sərxoş kimi ləngər vurdu.
    -Təhminə müvazinətini güclə saxlayaraq:
    -Oho, nə yaman odlu cavansan, - dedi.
    -Zaur cəld özünü ələ aldı. Bir qədər əsəbi güldü. Maşın yolu yumaq kimi təkərlərinə sarıyırdı. Ağaclar, teleqraf dirəkləri arxaya yıxılıb qalırdı. Uzaqda asfalt üzərində ilğımlar-gölməçələr parlayır və yoxlaşıb gedirdilər. Maşın yolu hərisliklə udur, udurdu.
    -Təhminə:
    -Məndən sənə əmanət, - deyə sükutu pozdu, - əgər günlərin bir günündə işdi-şayəd evlənib eləsən, mütləq arvadını qısqan. Qısqanclıq duydun, duymadın, əsasın oldu, olmadı, heç təfavütü yoxdur, əgər istəyirsənsə arvadın səni saysın, sənə hörmət eləsin, yerivi bilsin, mütləq qısqan onu. Əlbəttə, daha lap xırdaçılıq eləyib zəhləsini tökmə, yazıqdır. Görürsən elə kişilər olur e, yerli-yersiz səfeh-səfeh qısqanıb arvadı çərlədir, dığ edirlər. Əlbəttə ki, o cür yox, amma belə öz qaydasında, həmişə gərək arvadın elə bilsin ki, sən onu dəlicəsinə qısqanırsan, amma ağır kişisən, büruzə vermirsən. Onda bütün işlər yaxşı gedər. Görürsən sənə necə məişət dərsi verirəm, desələr kim öyrətdi, denən elə özüm bilirdim.
    -Çox sağ ol, artıq dərəcədə minnətdaram.
    -Uzun bir qullab vurub sözünə davam etdi:
    -Çünki bilirsən, qısqanmamaq arvadı təhqir edir, fikirləşir ki, yəqin ya ərim mənə biganədir, sevmir məni, ona görə qısqanmır. Ya da ərimin rəyincə mən elə idbar bədəncərəyəm ki, heç kəs, heç bir kişi ömründə mənə yaxın düşməz. Bildin?
    -Necə deyərlər, əndazədən çıxmadan, həddi-ölçünü itirmədən belə qaydasınca bir balaca qısqanmaq mütləq lazımdır.
    -Sənin ərin belə edir?
    -Təhminə onun atmacasını qulaq ardına vurdu:
    -Sənə bir dərs də verim, - dedi. - Heç olmasa bugünkü səfərimizdə təzə bir şey öyrən. Əgər arvadın bilsə ki, ona xəyanət etmisən, coşub özündən çıxa bilər, qab-qacağı sındırar. Çox dəlisovdursa, nə bilim, lap vurar özünü yandırar, ya gedib rəqibinin saçını yolar, üz-gözünü cırmaqlayar, dağıdar. Yox əgər insan adamdırsa, nəcibdirsə, xasiyyətcə həlimdirsə, üzə vurmaz, içinə salar, içini yeyər, içəridə yanıb-yanıb qovrular. Ərinə qəzəblənər, qızar, nifrət eləyər. Amma bu hisslərin heç biri həqarət deyil. Ərə qarşı həqarət, ikrah hissi ancaq bir halda baş qaldırır. O vaxt ki, arvad özü ərinə xəyanət edir, həm də bilir ki, əri bunu hiss eləyə-eləyə özünü bilməməzliyə, eşitməməzliyə, görməməzliyə qoyub. Bax onda arvad kişidən iyrənməyə başlayır. Bütün başqa hisslər, qəzəb də, nifrət də sovuşub gedir, sönür, soyuyur, amma bu hiss, iyrənmək hissi ömürlük qalır. O adama daha yaxın dura bilmirsən. Elə bil qurbağa, kərtənkələyə toxunmaqdan çimkinən kimi çimkinirsən. Bildin? - O, əlini yenə Zaurun saçlarına tərəf uzatdı, lakin tez çəkdi. - Yox, yox, sən allah, - dedi, - yaxşı yadıma düşdü. Sən elektriklisən. Sonra maşını aşırdarsan, xataya düşərik.
    -Zaur:
    -Bütün bunlar mənimçün çox mürəkkəbdir, - dedi, - onunçün də evlənmirəm.
    -Bir yana baxanda elə yaxşı eləyirsən.
    -Yenə bir müddət sükut çökdü. İki dolu taksi hay-haraylı siqnallarla onları haqlayırdı. Qabaqdakı maşının sürücüsü əlini siqnala batırıb çıxarmırdı. Zaur çəpəki güzgüyə baxıb, ayağını qaza basdı. Maşının şüşələri titrədi. İndi maşınlar döş-döşə gedirdi. Sürücünün yanında oturmuş bığlı kişi onlara baxıb irişir, dişlərinin iki cərgəlik qızılında günəşi əks etdirirdi.
    -Təhminə:
    -Nə oyun çıxarırsan? - dedi. - Nə bəhsə-bəhsə girmisən? Qoy keçib getsinlər... Yavaş-yavaş sür, söhbət eləyirik.
    -Zaur ayağını pillə-pillə qazdan çəkdi. Hər iki taksi güllə kimi ötüb qabağa çıxdı. Kəsik-kəsik siqnallarla qələbələrini qeyd etdilər, uzaqlaşdılar.
    -Təhminə:
    -Mən idarəyə gələndə uzun zaman işçilərlə dil tapa bilmirdim, - dedi. - Mənə elə gəlirdi ki, çox kütdürlər.
    -İçlərində bircə Nemət ağıllı, mədəni adama oxşayırdı. O da həmişə elə qayğı içində idi, elə bil alnında yazılmışdı ki, "neyləyim, necə eləyim nə cür dolanım?" Mənə elə gəlirdi ki, heç vaxt onlarla dil tapa bilməyəcəyəm. Amma vaxt adamı bilirsən necə dəyişir! Adam heç özü də bilmir, - maşının küləklik pəncərəsini açıb siqaretin kötüyünü bayıra vıyıldatdı, - bax, saatı görürsən, saniyə əqrəbi necə tez qaçır. Gözünü zillə bax, gör heç saat əqrəbinin hərəkətini görə bilərsən?
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (27.11.2013) | Müəllif: R.C E W
Baxış: 941 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more