Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Rzayev Anar-2-ci cild-3
<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>

    -Amma gözünü çək, iki-üç saatdan sonra bax, görəcəksən ki, burdan bura gəlib. Adam da belədir. Uşaqlıqda tez-tez dəyişir. Saniyə əqrəbi kimi. Böyüyəndə isə yavaş-yavaş. Saatlar, günlər gedir, ömürdən gedir, gündə necə dəyişdiyini duymursan, ancaq hər dəqiqə, hər saat dəyişirsən. İki-üç ildən sonra birdən baxırsan özünü tanımırsan. Əşi, yəni bu mənəm?
    -İndi sən də belə dəyişmisən?
    -Hərdən düşünürəm özümü tanımıram. Necə oldu ki, mən bu adamlarla uyuşdum? Uyuşdum yox e, dostlaşdım, mehribanlaşdım, eyniləşdim...
    -Nə olar ki? Dostlaşmısan, dostlaşmısan da. Dostlaşmaq bəyəm pis işdir?
    -Demirəm ki, pisdir. Məsələ onda deyil. Mən onlara alışdım. Başa düşürsən, meyllərinə, həvəslərinə, sözlərinə, zarafatlarına, ibarələrinə. Özlərinin, arvadlarının, uşaqlarının ad günlərinəcən əzbər bilirəm. Mövqelərinə də bələdəm, məclislərinə də, tostlarına, tamadalarına... əh!
    -Yəni belə pis adamlardır?
    -Eh, sən nə yapışmısan: pis-pis! Heç nə başa düşmürsən. Pis adam. Yaxşı adam! - əlini başına apardı, küləyin dağıtdığı saçlarını səliqəyə salmağa başladı, - dünyada nə pis adam var, nə yaxşı adam. Ömür elə uzun çəkir ki, ancaq pis olmağa, ya ancaq yaxşı olmağa heç kəsin hövsələsi çatmır. Görürsən biri həyatı boyu gah yaxşı olur, gah pis...
    -Yox, baxma, yenə adamnan adamda təfavüt var. Məsələn tutaq Dadaş necə adamdır? Güzgüdə baxışları toqquşdu.
    -Təhminə güldü:
    -Ay vələdüzzina, məndən söz almaq istəyirsən?
    -Zaur:
    -Yox, - dedi, - mən camaatın şəxsi işinə qarışmaq istəmirəm.
    -Təhminənin baxışında əvvəlcə təəccüb oxundu, sonra nəyisə anlamış kimi:

    -A, belə de, - dedi, ciddiləşdi və əlavə etdi: - Bax, bir şey məni çox maraqlandırır. Hamı elə bilir ki... - bir an tutuldu, qısa tərəddüddən sonra davam etdi. - Mən Dadaşın aşnasıyam. Çox yaxşı, indi məni maraqlandırır görüm, sən bu barədə nə fikirləşirsən? Bax, sən Zaur Zeynalov.
    -Zaur:
    -Zeynallı, - dedi, - mən? Nə bilim, mənə elə gəlir ki...
    -Sən özün də dedin ki, mən dünya gözəliyəm. Çox yaxşı.
    -Deməli, istəsəm yüz sənin kimi cavan oğlan başıma fırfıra kimi fırlanar.
    -Zaur kəskin ədayla:
    -Fırlansınlar da!
    -Oho, damağına dəydi. Yaxşı, yüz yox, on, beş. Yaxşı, səndən bircə dənədir, bax, elə sən özün. Məndən xoşun gəlir, eləmi?
    -Zaur:
    -Elədir, lap elədir, - dedi və əsəbi hərəkətlə qazı basdı.
    -Maşın zəncirdən açılmış kimi irəli cumdu.
    -Yaxşı, yaxşı, sakit ol. Dediyim odur ki, Dadaş mənim nəyimə lazımdır? Keçəl, yekəqarın, yekəburun, qoca. Ondan bir keçəcəyim, bir təmənnam da yoxdur. Müdirimdir. Çox olsun lap bəd başına məni işdən çıxartdıracaq, yəni bir yerdə bir parça çörək qazana bilməyəcəyəm? Siqaret ver görüm...
    -Yandırdı.
    -Ay sağ ol. Məsələ ondadır ki, Dadaş özü də bunu başa düşür, hərif deyil. - Tüstünü halqa-halqa maşının tavanına üfürdü. - Dadaş barmağının ucuyla da mənə toxunmayıb.
    -Yəni onda bir toxunası hal da yoxdur. Hay-hayı gedib, vayvayı qalıb, - güldü, - amma burda bir məsələ var. Dadaşa şayiə, söz-söhbət lazımdır. Çünki o yaşda, o ağız burunda mənim kimi cavan, gözəl bir arvadın adamı olmaq onun başının ucalığıdır.
    -Yolun kənarında bir neçə nəfər dayanmışdı. "Moskviç"I görüb əllərini qaldırdılar. Maşın yanlarından ötüb keçəndən sonra arxadan qışqırışdılar.
    -Məndən nə gedir? İndi ki bundan Dadaşın könlü xoş olur, qoy olsun, qoca kişidir.
    -Düz demirsən. Mən eşitmişəm ki, söz düşəndə Dadaş həmişə bu şayiəni danır.
    -Ay allah, nə yaman uşaqsan sən hələ! Əlbəttə danacaq. O vaxt ki, bu şayiə yox idi, onu yaratmağa cəhd edirdi. Bəli, bəli, bu fikir onun özündən başqa heç kəsin ağlına gəlmirdi. Özü başladı belə rəy yaratmağa. Əlbəttə, çox ustalıqla, altdanaltdan. Nə bilim işdən bir yerdə çıxmaq, məni ötürmək, ikibaşlı sözlər, mənalı baxışlar. Məsələn, otaqda mənimlə qəsdən sırf rəsmi danışırdı. Çöldə-bayırda, dəhlizdə isə tutub uzun-uzadı söhbət edirdi. Özü də xısın-xısın, pıçıltıyla. Hamı da görür axı. Deyirlər, balam, bu nə söhbətdir ki, otaqda hamının yanında eləmirlər; xəlvətə çəkilirlər? Sonra başqa şeylər də vardı. Məsələn, bax belə xırda təfərrüat. Axşam bizə zəng eləyir, mənimlə, Manafla danışır. Görürsən, deyirəm ki, xəstəyəm, bəlkə sabah işə gələ bilmədim. Bəli, səhər, idarədə bunu belə xüsusi cür xəbər verir: Təhminə bir balaca kefsizləyib, bu gün işə gəlməyəcək.
    -Yaxşı, sən də sözbazlıq eləmə də, burada nə var ki?
    -Başa düşmürsən? Guya bu məlumatı sadəcə telefonla almayıb, hamıda belə təsəvvür oyanır ki, guya bu nə isə yaxın, məhrəm adamdır, bir sözlə, ev adamıdır. Ailənin içindən gəlib işdə xəbər verir. - Susdu və bir qədər əsəbi əlavə etdi: - Təhminə işə gəlməyəcək. Guya başqası bunu zəng eləyib bilə bilməzdi. Kibriti ver görüm. Sönüb. Aha... Hə, sonra ki, başladı söz-söhbət, eyhamlar, onda da arifdi, başladı danmağa, özü də elə can-başla danmağa başladı ki, yatanları da ayıltdı. Çox vaxt görürsən, özü bu söhbəti heç eşitməyənlərə eşitdirirdi: əşşi mənimçün söz çıxarıblar, yaxşı deyil, qızım yerindədir; gedər ərinə çatar, duz-çörək kəsmişik, filan-peşməkan. Deyərsən daha bundan namuslu adam yoxdur, - istehzayla əlavə etdi, - qeyrət dağarcığı, - susdu, sona yenə sözünə davam etdi. - Hə, belə-belə hamıda fikir oyandı ki, bəli, burda mütləq bir iş olmamış deyil. Mən də qaldım gic vəziyyətdə. Hər sözümü, hər hərəkətimi başladılar müəyyən yerə yozmağa. Dadaşa mehribanlıq da göstərsəm, etinasızlıq da, heç fərqi yoxdur. Hər şeyi bir cür başa düşürlər.
    -Birdən nədənsə Zaurun Təhminəyə yazığı gəldi. Düşündü ki, bütün bu yüngülməcazlığına, əzilib-büzülməsinə baxmayaraq, yəqin onun da öz dərdi-səri var.
    -Təhminə:
    -Əlbəttə, - dedi, - mən də istəsəm, yüz cür kələk qurub işin içindən çıxaram. Məsələn, bəd ayaqda adımı bir başqasıynan çıxardaram. Dadaş da qalar qurumsaq kimi baxabaxa. Qəfildən maşının güzgüsündə gözləri Zaurun nigaran baxışlarıyla haçalandı, bir an içində şıltaq bir fikir beynindən keçdi.
    -Məsələn, - dedi, - şayiə buraxardım ki, səninlə sevişirəm. Hamı da inanardı, çünki, maşallah, şəkil kimi göyçək oğlansan, özün də subay, - şaqqıldadı, - bura bax, yoxsa elə bilirsən səninlə plyaja getməyə də onunçün razı oldum, məqsədim var, hə? Düzünü de, sən allah, elə fikirləşirdin?
    -Arvad deyilsən sən, şeytansan, şeytan.
    -Nə olar? Qoy şeytan olum. Bir var dəli şeytan. Mən də dərdli şeytanam.
    -Nədir axı sənin dərdin, Dadaş?
    -Təhminə bu sözləri də qulaqardına vurdu, cavabsız qoydu.
    -Bəli, çox şey edərdim, - dedi, - etmirəm, çünki mən adamların hamısını başa düşürəm. Bilirəm bu dünyada kimə gərək olan nədir. Dadaşa ancaq vur tut quru söz-söhbət lazımdır. Necə deyərlər, ocağın tüstüsü. Nə olar, qoca kişidir, qoy könlü xoş olsun. Məndən nə gedir?
    -Necə nə gedir? Bəs adına ləkə gəlmir?
    -Əzizim, - dedi, - adlarına ləkə düşməkdən qorxan bilirsənmi kimlərdir? O adamlardır ki, təmiz elə bir adlarıdır, özləri çoxdan çirkab içindədirlər. Ona görə də ancaq quru adlarını qoruyurlar. Aman günüdür ləkə düşər. Əgər mən özümü ləkəli bilmirəmsə, adamlar adıma nə ləkə vurur-vursun vecimə deyil.
    -Bəs Manaf da belə duşünür?
    -O...mənim ərim ayrı oğlandır. Dünyada tayı-bərabəri yoxdur. Deyir ki, ürəyim buz kimidir, arvadımdan arxayınam.
    -Təhminə aydan arıdır, sudan duru, intəhası, gözəldir. Gözələ həmişə söz qoşarlar, o qədər paxıl gözügötürməyən var ki... 
    -Düz demir, sən allah?
    -Nə bilim, yəqin düz deyir də.
    -Təhminə rişxəndlə ona baxdı.
    -Elə bilirsən dediyinə özü inanır? Qəlbinin dərinliyində bilir ki, mən onu sevmirəm, deməli, ona sadiq də deyiləm.
    -Ancaq bu fikri beynindən rədd edir, bu barədə düşünmək belə istəmir. Amma orda, lap, lap ürəyinin dibində, barmağını Zaurun köksünə sarı uzatdı, - bax burda bir quyu var ha, onun lap dibində, özünə belə təsəlli verir ki, nə olsun, mən də Təhminəyə xəyanət edirəm. - Təhminə bərkdən güldü. - Amma məndən beşbetər aşnaları bir ifritə bədəncərədirlər, gəl görəsən! İkisini mən tanıyıram. Biri Bakıdadır, biri Tiflisdə. Kişinin oğlu mejduqorodnı Don-Juandır. Yəqin Moskvada da adamı var, amma mən tanımıram. Hər halda tez-tez bəhanə tapıb cumur Moskvaya. Odey, indi də bir aydır Moskvadadır. Deyəsən, günü pis keçmir. Tezliklə qayıtmaq fikri yoxdur. Laqeyd, tənbəl hərəkətlə maşının güzgüsünü özünə tərəf çevirdi, dodaq boyasını çıxarıb dodaqlarını boyamağa başladı. O, solğun boyaları sevmirdi, həmişə dodaqlarına al-qırmızı rəng çəkir, özü də boyanı dodağına elə sıxırdı ki, dodağı qatqat boyanırdı. Boyanı bağlayıb balaca sumkasına qoydu.
    -Amma zövqü bir şey deyilmiş. Bilmirəm heç məni necə bəyənib. Bakıdakı dəhrəcanlı bir şeydir, dam boyda. Tiflisdəki də dəmbərəgöz, allah göstərməsin.
    -Zaur:
    -Sən də bütün bunlardan belə sakit danışırsan, - dedi və öz sualından özü utandı. - "Deyəsən, hansı əsrdə yaşadığını unutmusan, Zaur kişi" - deyə düşündü.
    -Eh, mənə nə! Od ver görüm. Sağ ol. Birinçi dəfə eşidəndə pis oldum. Sonra adət etdim, laqeydləşdim. Ən ləzzətlisi də odur ki, elə bilir mənim heç nədən xəbərim yoxdur. Gəlir, belə ciddi tonla "sovnarxoza çağırmışdılar" - deyir. - "Tiflisə bir həftəliyə ezamiyyətə göndərirlər". Mən də bilirəm axı, işdən öz hesabına bir həftəlik məzuniyyət alıb. "Sabah gedirsən? - deyirəm, - yoluna nə hazırlayım?" Bəli, Tiflisdə də şıdırğı hazırlıq gedir. Bir nəfər var, mənə danışıb. Deyir arvadın ayrıca mənzili var, iki otaq. Manaf teleqram vuranda ki, bəli gəlirəm, otaqlara xüsusi xəli döşənir, döşəkçələr, mütəkkələr düzülür, kişinin oğlu keçmiş xansayağı kef eləyir. Sonra...
    -Zaur çevrilib Təhminəyə baxdı. Təhminə tuşla çəkilib uzadılmış kirpiklərini qaldırdı. Birdən Zaur onun gözlərinin lap dibini gördü. Səhrada qəflətən qum axıb-çöküb quyu açılan kimi, Təhminənin gözlərində nə isə uçub-dağılmışdı, gözlərinin lap dibində, bəlkə də dibsizliyində nə isə zil qaranlıq bir lağımın ağzı açılmışdı. Qəlbin gizlinlərinə açılan bir lağım, uçuruma aparan bir yolun ağzı.
    -Zaur:
    -Lazım deyil, - dedi, - danışma. Keç ayrı söhbətə.
    -A... belə de. Bu cür söhbətlər sənin zərif qəlbinə toxunur. Bəs özünü elə göstərirdin ki, müasir oğlansan, həyatın hər üzünü görmüsən, dəyirmanın bu başından girib o başından çıxmısan, - gözlərini qapamadı, amma gözlərinin içindəki quyunun ağzı tutuldu, gözləri yenə də həmişəki kimi şıltaq və işvəkar, şux və işıqlı idi, - nə oldu, xoşun gəlmir belə söhbətlərdən? Həyatdır da bu, oğlum, həyat demirsən, qulaq as!
    -İstəmirəm. Bu həyat deyil, həyatın astarıdır. Mənim belə söhbətlərdən xoşum gəlməz. Görürəm səninçin danışmaq ağırdır, danışma, nə vacib olub...
    -Ağırdır? Əksinə. Ağır neçin olur? Ağır-zad deyil. - Uzun zaman yola baxdı, sonra, - mən Manafı başa düşürəm, - dedi, - cavanlıqda çətin dolanıb. Ailə saxlayıb. İndi, necə deyərlər, bolluğuna düşüb. Yaşı keçdikcə cavanlıqda ötürdüyü dəmlərin əvəzini çıxmaq istəyir. Dünyada ən yaman dərd görməmişlikdir.
    -Siqaret tüstüsündən boğuldu. Bir xeyli öskürdü. Sonra birtəhər sakit oldu.
    -Tiflisdən gələndə də yoluna yemək qoyurlar, - dedi, - qab-qacağı bilmirəm gizlədir, ya atır. Bir dəfə, bilmirəm, içmişdi, ya kef başına vurmuşdu, çaşıb evə Asyanın qabqacağını gətirmişdi. Tiflisdəki arvadın adı Asyadır. Belə göy kasa idi. Noxud-noxud ağ naxışlı. Mən də götürüb gizlətdim.
    -Gələn səfər Tiflisə gedəndə yeməyini o kasaya qoydum. Elə bilirsən başa düşdü?
    -Deyirsən iki evin qab-qacağını əzbər bilsin?
    -Yox, heç olmasa Asya xanım onu başa salaydı.
    -Nə bilirsən, bəlkə Tiflisə çatanda da sənin qab-qacağını gizlədir?
    -Təhminə şaqqıldadı.
    -Bax bu mənim ağlıma gəlməmişdi. Yox, bala, gələcəyin parlaqdır, - sonra çılğınlıqla əlavə etdi: - Dünyada ən çox acığım gələn şey riyakarlıqdır, bir də yalan...
    -Zabratın yanından Pirşağı yoluna buruldular. Avtobus dayanağında bir kişi uzaqdan "Moskviç"i görüb əl qaldırdı.
    -Saxla götürək onu.
    -Bir o çatmırdı.
    -Xahiş edirəm saxla. Yoxsa bütün söhbətlərimiz qurtardı, danışmağa sözümüz qalmadı, heç olmasa saxla görək nə istəyir.
    -Zaur ayağını əyləcə basdı. Maşın sürüşüb dayandı. Kişi sadə kəndli geyimində idi. Yanında çarşablı bir arvad da vardı. Maşın dayanan kimi kişi zənbilini qapıb maşına tərəf gəldi.
    -Qardaş, - dedi, - Pirşağıyacan apararsan bizi?
    -Təhminə:
    -Gəl aparaq, - dedi, - gör nə yorğundurlar.
    -Zaur.
    -Yaxşı, oturun, - dedi.
    -Kişi arvada əl elədi. Sonra ucadan qışqırdı:
    -Bəri gəl, Əlmərdan.
    -Dayanaq köşkünün altından ucaboylu bir oğlan çıxdı. Axsaya-axsaya maşına tərəf gəlməyə başladı:
    -Zaur:
    -Ancaq iki yerim var, - dedi və Təhminəyə tərəf dönüb əlavə etdi. - Ə moqu vzətğ tolğko dvoix. Vstretişğ qaişnikov, nepriətnostey ne obereşğsə. Hara gedirsən, bunlar kimdir? Özün bilirsən də... budut spraşivatğ i o tebe.
    -Oğlan axsaya-axsaya gəlib maşına çatdı.
    -Zaur:
    -Əmi can, - dedi, - iki yerim var. Ancaq ikiniz otura bilərsiniz.
    -İkimiz? A bala, bəs bu üçüncü yoldaşı neyləyək?
    -Üçüncü kimdir?
    -Üçüncü? Gözümün ağı-qarası. Bircə oğlum. Gedib şəhərdə imtahanlarının hamısını beşə verib. Boyuna qurban olum onun.
    -Zaur əllərini yellədi.
    -Təbrik edirəm, - dedi, - gözünüz aydın. Ancaq... daha neyləyək, yerimiz ikidir.
    -Əlimərdan:
    -Dədə, ay dədə, - odey bax avtobus gəlir...
    -Ay səni xoşxəbər olasan. Əşi, bir saatdır gözləyirdik. Oğlum, bağışla, sizi də yoldan elədik.
    -Allah bağışlasın.
    -"Moskviç" hərəkətə gəldi, uzaqlaşıb getdi.
    -Təhminə:
    -Radio işləyir? - dedi, - bir şey tut.
    -Hələ tezdir. Bir azdan...
    -Şlaqbaum lap "Moskviç"in burnunun qabağında endirildi. Maşın yerə mıxlanmış kimi dayandı. Dəmir yolunun o biri tərəfində də iri yük maşınları dayanıb gözləyirdi. Təhminə:
    -Bilmirəm niyə, - dedi, - axır vaxtlar tez-tez yuxumda şlaqbaqum görürəm. Zol-zol şlaqbaum.
    -Zaur:
    -Səndən də sözlər çıxır a, - dedi, - adam da yuxuda şlaqbaum görər?
    -Deməli görərmiş də ki, görürəm. Əvvəllər həmişə yol görərdim. Uzun-uzadı yol. Getdikcə gedirsən, getdikcə gedirsən. Heç hara da gəlib çıxmırsan. İndi də şlaqbaum görürəm.
    -Uzaqdan qatar göründü. Yaxınlaşdı, hay-küylə keçib getdi.
Səs-küy içindən Təhminənin sözləri qırıq-qırıq eşidildi:
    -Görürəm... haçan... zolaq...
    -Yol gözətçisi qalın məftilli hərləngəci fırlatmağa başladı, şlaqbaum yuxarı qalxdı.
    -Hər iki tərəfdə dayanmış maşınlar irəli cumdu. Zaur "Moskviç"i qabarıq relslər üstündən ehmallıca keçirdi. Maşınsız yola çıxıb sürəti artırdı. Külək pəncərələrdən içəri doldu.
    -Təhminə:
    -Üçüncü! - dedi. - Fikir verdin? Yaxşı sözdür, hə?
    -Bayaqdan bəri fikirləşirəm. Bundan yaxşı söz tapmaq çətindir, hə? Nə qədər məna var bu sözdə?
    -Hansı sözdə?
    -Suala cavab vermədi.
    -Həyatın mənası da elə budur da!
    -Xeyir ola, yenə həyatın mənasından dəm vurursan? Yoxsa , sənin də könlünə filosofluq düşüb?
    -Bəs nə bilirdin? Bilmirsən ki, mən filosofam, diplomum da var hətta? Fəlsəfə fakültəsini qurtarmışam.
    -Yox əşi... Yatsam yuxuma da girməzdi.
    -Sən ki yuxu görmürsən.
    -Görsəm də, görməsəm də, hər halda heç təsəvvür eləyə bilməzdim ki, sən filosofsan.
    -Niyə? Fəlsəfə hara, mənim kimi yelbeyin hara, hə?
    -Yox, mən elə demək istəmirdim. Amma ümumiyyətlə mənə elə gəlir ki, fəlsəfə arvad işi deyil.
    -Yox, əzizim, əsl elə arvad işidir. İntəhası kişilər fəlsəfəni kitablardan çıxarırlar, arvadlar qarınlarından. Bağışla a, deyəsən bir az kobud çıxdı... Xətrinə dəymədi ki... Sən geofakı qurtarmısan da?
    -Bəli.
    -Diamat keçmisən?
    -Keçmişəm.
    -Bilirsən tezis, antitezis, sintez nədir?
    -Məni imtahan eləyəcəksən?
    -Yox, bir fikir ver. Birinçi tezis, həmi? İkinci, onun əksi antitezis. Üçüncü ikisinin sintezi, hə?
    -Yaxşı, nə olsun?
    -O olsun ki, bax, uşaq da üçüncüdür - sintez. Qadın tezisdir. Kişi antitezis. Uşaq sintez. Bax, mən tezisəm, sən antitezissən... - qəfilcən susub dayandı.
    -Zaur: "İşə düşmədik, - deyə düşündü, - heç bilməzdim ki, belə səftərəngidir. Sən tezis, mən antitezis, uşaq sintez. Bircə uşaq çatmırdı..."
    -Heç fikirləşmisən ki, dinin də, fəlsəfənin də, cürbəcür etiqadların da əsasında üç rəqəmi var? Çünki həyat elə bu üçlük deməkdir. Üçüncü - uşaq deməkdir, nəticə, çıxış, yol, məna, məntiq deməkdir. Son deməkdir. Bəlkə elə ona görə də uşağı olmayan adama sonsuz deyirlər. Sonsuz! Dəhşətli sözdür, eləmi?
    -Yaxşı, bu qədər "uşaq, uşaq" deyirsən, bəs özünün niyə uşağın yoxdur?
    -Mənim? Ha, ha, ha. Mənim ha? Əzizim, bütün bu dediklərim nəzəri mülahizələrdir. Dəliyəm ki, uşağım olsun?
    -Dünya beş gündür, əzizim, gəz, dolan, kefini çək.
    -Manaf da belə deyir?
    -Manaf? Yox, Manaf yəqin istəyir. Kişilərə nə var ki? Onlara nə əziyyət düşür? Amma bəs mən yazıq deyiləm ki, cavan ömrümü uşağın cığ-vığında çürüdüm? Yox, əzizim, uşaq saxlamaq, böyütmək mənim təbiətdə adamçün deyil. Odur qonşumuzda bir arvad var, Mədinə. Görürəm də, uşaq dığ eləyib onu, canını boğazına yığıb. İndi üç yaşındadır. Arvada göz verir, işıq vermir. Əri də yazığı atıb gedib.
    -Atıb gedib?
    -`-Hə. Elə birinci il. Uşaq olandan altı ay sonra. Bir yandan namərdlikdir, bir yandan baxanda da, yazıq başını götürüb qaçıb. Uşaq aman vermirdi ki... Sutkada 24 saat ağlayırdı.
    -Aralığa yenə sükut çökdü. Dəniz hələ görünmürdü. Amma elə bil nəfəsi, havası, iyi duyulurdu.
    -Uşaq olmamışdan kişi lap Mədinəni divara çıxardırmış ki, bəs uşaq istəyirəm. Sonra bir gün Mədinə deyib ki, hamiləyəm.
    -Kişinin az qalıb ürəyi getsin. Başlayıb şadlığına şitlik eləməyə. Səhərisi gün qoyun kəsdirib. Mədinə deyir ki, doqquz ay başıma pərvanə kimi dolandı. Deyir, gəlib qulağını qoyardı qarnıma, qulaq asardı, görsün nə eşidir; uşaq hərəkət eləyir, yoxsa yox. Diqqətlə, deyir, qulaq asırdı, dəqiqələrlə. Lap saatsaz saata qulaq asan kimi, - adəti üzrə yenə qəfilcən susdu, söhbətini yarımçıq kəsdi. Baxışları yenə də maşının güzgüsündə toqquşdu. Təhminənin gözləri uzaqlaşmışdı.
    -Harasa çox-çox aralı bir aləmə çəkilmişdi. Susması kimi yenidən danışmağa başlaması da qəfil, gözlənilməz oldu, - axı mənim atam saatsaz idi. Yadımdadır, xarab saatları gətirərdi. Düzəldərdi, sonra qulağına qoyub dinlərdi. Tam dəqiq işləyib-işləmədiyini səsiylə təyin edərdi. Bax, o kişi də arvadının qarnına belə qulaq asarmış. Bir kinoda görmüşəm, kəndçilər də torpağa elə qulaq asırlar. Gördüm, lap atam yadıma düşdü. Geoloqlar da bəzən yerə qulaqlarını qoyurlar. Düzdür, hə, axı, sən geoloqsan?
    -Hə, düzdür.
    -Yaxşı, bəs geoloq dağda-daşda olar, sən nəşriyyatda niyə işləyirsən?
    -Bu, uzun söhbətdir. Sonra danışaram... Deməli, kişi arvadının qarnına qulaq asıb-asıb, nə eşidibsə qaçıb gedib.
    -Yox, uşaq olandan altı ay sonra getdi. Dedim ki, bayaq sənə.
    -İndi dənizin nəfəsi, havası lap aydın duyulurdu.
    -Bilirsən, Mədinə danışır ki, hamilə vaxtı adam içəridən uşağın istisini hiss edir... Elə bil qarnında soba gəzdirirsən.
    -Zaur:
    -Personalnaya peredvijnaya peç, - dedi, - zapas batarey 9 mesyatsev.
    -Gülmə. Gör bir sənə bu gün nə qədər bilik verdim.
    -Xüsusilə ginekologiya - mamaçalıq cəhətdən. Sabahdan rahat gedib doğum evində işləyə bilərəm.
    -Əlini uzadıb radionu qurdu. "Araz" proqramının çağırtısı eşidildi. Sonra qadın diktorun səsi gəldi:
    -Danışır Bakı! Yerli vaxtla saat 17-dir. Son xəbərlər. Nyu- York. Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik şurası səhər iclasında...
    -Təhminə əlini uzadıb radionu keçirdi.
    -Bilirsən, mən həmişə nə fikirləşirəm. Amma gülmə. Bax, uşaq dünyaya gələn kimi ağlayır. Hə? Görəsən bəs ana bətnində də ağlayır?
    -Zaur cavab vermədi. Çönüb Təhminəyə baxdı, başını buladı.
    -Təhminə hırıldadı:
    -Təsəvvür eləyirsən? Küçədə arvad gedir, Qarnı burnunda. Öz qarnını sığallayır, "ağlama, bala, - deyir, - ağlama, ağlama" - əlləriylə qulaqlarının ucunu dartdı, - allah göstərməsin, - dedi, - allah göstərməsin!
    -Olmaz keçəsən ayrı söhbətə?
    -Ayrı söhbətə? Yaxşı, bu saat sənə gülməli şey danışacam.
    -Mədinə ərindən ayrılandan sonra...
    -Yenə Mədinə?
    -Yox, dayan, indi ayrı şey danışıram. Kişi Mədinədən ayrılanda, deməli, otaqları böldülər. Biri qaldı Mədinəyə, biri - kişiyə. Sonra kişi dəyişdi, amma bir müddət qonşu oldular.
    -Hə, Mədinə danışır, deyir bir gün Rafiqi yatızdırmışam, yaydı, çıxmışam şüşəbəndə, oxuyuram özüm üçün. Yaman deyibgülən, çalıb-oynayan arvaddır. Ölmüşün yaxşı da səsi var. Hə deyir, oxuyuram, o mahnı var e, "Ətrini yastığından alıram, sənsiz?" Bəli, oxuyuram, getmişəm özümə, bir də görürəm o biri otaqda kişi pəhəpəh bərk boğazını arıtlayır. Dayandım, fikirləşdim, dedim ağrım ürəyinə, sonra elə bilər onunçün oxuyuram, onun ətrini yastığından alıram. Külbaş həmişə tənbəki iyi verərdi. Ay sən öləsən, dedim, yalansa səni görüm torpaq səndən hündür olsun! Nə uzadım, deyir, getdim, evdə nə ki balış vardı, hamısının üzünü çıxartdım, yudum, sərdim eyvandan, lap qapısının ağzından. Niyə gülmürsən, gülməli deyil?
    -Əcəb arsız arvaddır!
    -Yamanca arsızdır. Görürsən deyir ərindən, kişini yaş yuyur, quru sərir, söyür, nə bilim qarğayır, ağlayır, sonra başlayır oğlunu öpməyə, dişləməyə, deyir qurban olum buna, ər nəyimə lazımdır, atam da budur, qardaşım da, ərim də. Bir də görürsən gözlərinin yaşı qurumamış götürdü uşağı, düşdü ortalığa, başladı süzüb oynamağa.
    -Zaur:
    -Bu da dəniz, - dedi.
    -Hələ çəkilib bitirilməmiş rəsm kimi idi dəniz. Elə bil rəssam kətana yalnız bir neçə cizgi çəkmişdi - sahilin köbəri, üfüq xətti, nöqtə-nöqtə qayalar. Vur-tut ikicə də rəngə əl atmışdı: maviyə, səma və dəniz üçün, bir də sarıya, sahil qumları üçün. Elə bil seyrək kətanın üstündə hələ çəkiləsi çox şey vardı. Səmaya pərən-pərən buludları, dənizə köpüklü dalğaları əlavə etmək olardı. Göydə qağayılar çəkmək olardı, yerdə əlvan köşklər, suda ağ yelkənlər. Sahildə, dənizdə adamlar çəkmək olardı. Ancaq hələ heç biri çəkilməmişdi. Nə dalğalar vardı, nə yelkənlər, nə qağayılar, nə də adamlar.
    -Bax, bu yol Pirşağıya gedir, ancaq sən bu yana burul, aha, bax belə, indi tut bu yolun ucundan, sür. Gedib mən deyən yerə çıxacaqsan.
    -Maşın torpaq yolla atılıb-düşməyə başladı.
    -Hələ çox gedəcəyik?
    -Gəlib çatdıq. Saxla.
    -Dişdəm-dişdəm qayalar bu plyajı sahilin o biri sahələrindən ayırırdı. Bura lap xəlvət yer idi. Təpə tənha. Torpaq yol da gəlib qumlarda itirdi.
    -Maşını saxlayıb qumluğa düşdülər. Təhminə ayaqqabılarını çıxarıb əlinə götürdü. Ayaqlarında narın qumların xoş qıdığını duyanda elə bil vaxt uzaqlarında qalmış qərib bir diyara - uşaqlıq diyarına düşdü. Boğazında qəhərlənən ilıq, sentimental bir dalğadan boğulacağından qorxaraq, dərhal özünü ələ aldı, bütün oyanan, baş qaldıran xatirələri süpürüb atdı.
    -Sumkanı bəri ver, - dedi. Arxa pəncərənin qabağında fotoaparatı görüb bu mövzudan yapışdı. Uşaqlıq diyarından qaçdı.
    -Sən foto çəkirsən?
    -Hərdən-birdən. Aparat çoxdan yadımdan çıxıb maşında qalıb.
    -Götür, şəklimi çəkərsən.
    -"Yox, əzizim, keçəl suya gedən deyil, - deyə Zaur düşündü.- Zaur kişi lap sən deyən uşaq deyil, şəkil sənəddir. Mənim də belə-belə sənədlərdən xoşum gəlməz".
    -Ləpədöyənə çatdılar. Zaur əlini suya vurub:
    -Qiyamət sudur - dedi və soyunmağa başladı.
    -Mis kimi qaralmış bədəni boynundan topuqlarınacan əzələ idi. Hər hərəkətində əzələlər oynayırdı. O özü də bu əzələ oyunundan və oyunun yaratdığı mənzərədən həzz alırdı.
    -Bəs niyə soyunmursan?
    -Mən hələ çimmirəm.
    -Niyə?
    -İstəmirəm.
    -Elə qəti səslə dedi ki, Zaur inad eləmədi. Əllərini torpağa qoyub, iki dəfə mayallaq aşdı. Bir neçə kərə tullandı, əl-qol atdı. Sonra dənizə cumdu.
    -Bayaqdan bəri gözlərini ondan çəkməyən Təhminə paltarını soyunmadan dənizin içinə girdi, su dizinə qalxanacan irəlilədi. Zaur bir-iki dəfə suya baş vurdu. Həftənin, işin, yolun aqırlığı qat-qat, qabıq-qabıq canından çıxırdı. Suyun üzdə yuxu kimi ilıq, dərində soyuq axını dərisini oxşayır, əzələlərinin
gərginliyini boşaldır, əsəblərini sakitləşdirirdi. Nənəsinin sözü yadına düşdü. "Xalçanı yatımına görə sığallayarlar". Elə bil dəniz onu yatımına görə sığallayır, oxşayır, dincəldirdi. Üzüb uzaqlara getdi, sahil kiçildi, maşın sarı fonda yaşıl ləkəyə çevrildi. Təhminə görünməz oldu. Su boy vermədi. Dənizin əzəmətli hüdudsuzluğu, ləpəsiz hamarı, dəniz sakitliyinin baş gicəlləndirən ahəngi bir an vahimə kimi onu basdı, eyməndirdi.
    -Lakin dərhal özünü topladı. Uzun illərin idman məşqlərini, üzgüçülük məharətini xatırlayıb rahatlaşdı, toxtadı. Bildi ki, bu hiss, su boy vermədiyindən, bir də dənizin aram ləngərindən oyanır. Qollarını açdı, dənizin üzündə xaçvarı uzandı. Göyü gördü. Hardansa gəlib keçən seyrək buludlara baxdı. Təhminəni düşündü. Onun qənirsiz gözəlliyini, boyalı dodaqlarını, sürməli gözlərini, uzun ayaqlarını. Gülüşündəki, səsindəki, qoxusundakı qadın cazibəsini. Xasiyyətindəki qəribəliyi, pərakəndəliyi, söz-söhbətinin dağınıq məntiqsizliyini...
    -İstədiyi və isindiyi başqa qadınları xatırladı və etiraf etdi ki, hələ heç birisi onu bu dərəcədə cəzb etməyib. Sövqi-təbii, ançaq qəti bir arxayınlıqla bilirdi ki, özü də Təhminənin xoşuna gəlir. "Yaxşı, bəs beləysə, biz sadəcə bir birimizin ola bilmərikmi? Bəs nə üçün bu təbii, insani istəyə mütləq cürbəcür don geyindirmək lazımdır - nə bilim hiss, duyğu, məhəbbət, intizar, nə bilim daha nə cür təmtəraqlı, boş-boş bekara sözlər. Nə üçün, axı nə üçün bu qədər yersiz hədər, havayı söz demək lazımdır? Nə üçün bu qədər danışmaq lazımdır? Əgər biz hər ikimiz bunu istəyiriksə, bu olmalıdırsa, mütləq olacaqsa, bütün bu sözlər, nə mənim, nə də onun inanmadığı sözlər, duymadan, istəmədən kimə lazımdır? Mənə yox, ona yox. Bəs kimə? Burada bizdən başqa kim var ki? Heç kəs... Ancaq yenə də nə mənə, nə də ona lazım olan sözlər deyilməlidir, sanki burda kimsə, başqa bir görünməz var, onun xatirinə, onun başını tovlamaq üçün. Nə qəribə! Bəlkə bu da bir dəbdir, adət-ənənədir?
    -O, Təhminənin bütün yoldakı danışıqlarını da bax elə bu dəbin nömrələri sayırdı. Gərək mütləq əvvəl-əvvəl o yandan-bu yandan, kənar-kənar işlərdən danışasan, göstərəsən ki, yox heç vəchlə ola bilməz ki, mənim fikrimdə bir elə o məsələ olsun.
    -Yox, yox, əksinə, bu heç mənim ağlıma da gəlmirdi. Sən nə danışırsan? Yox, yox... Ay-hay! Bu yalan, riyakarlıq kimə gərəkdir? Dedim ki, gedək plyaja ikimiz, ha, bax mən o sözləri deyəndən, sən razılaşandan indiyəcən bütün keçən vaxt ərzində, nə danışırıq danışaq, ikimizin də fikrində bir budur. Sənin də, mənim də. Yaxşı bəs bütün uzun müqəddimələr, uvertüralar, bu cürbəcür don geyindirmək komediya deyil, nədir?
    -Heç olmasa mənimlə dənizə girəydi. Bəlkə dənizdə adam yarımçılpaq olanda, sözlərə, istəklərə də don geyindirib bəzəmək lazım olmur. Bəlkə dənizdə bu boş sözlərsiz də keçinmək olar. Deyərdim, gəl sənə üzmək öyrədim, toxunardım, qucaqlardım, sinəmə sıxardım. Vəssalam. İndi sahildə gərək bütün mərhələləri keçəsən. "Saçların nə gözəldir, qoy sığallayım, bəli, əlini saçına çəkirsən, sonra boynuna, sonra birdən qəfilcən, guya ki, coşub qucaqlayırsan, bəli, ehtirasın aşıb-daşıb, sonra... tfu!
    -Sahilə tərəf üzməyə başladı. Təhminə görünmürdü. Sahilə çıxdı. Boylandı. "Bəli də, işimiz var!" Bərkdən çağırdı:
    -Təhminə!
    -Burdayam.
    -Başını qaldırıb qayanın zirvəsində Təhminəni gördü.
    -Ehtiyatlı ol, yıxılarsan!
    -Qorxma. Aparatı götür. Çək mənim şəklimi bax burda.
    -Yaxşı.
    -Aparatı götürdü. Sayğacına baxdı. Lent çoxdan qurtarmışdı.
    -Tərpənmə, - dedi, sakit dayan. - Aha, oldu.
    -Belə də çək. Bax bu cür.
    -Yaxşı. Aha. Oldu. Di düş bura.
    -Təhminə qayaların üstündən keçi kimi tullana-tullana lap aşağı düşdü. Zaur yerə sərələnmişdi, özünü günə verirdi. Tüklü sinəsi qabarıb-enirdi. Sonra üzüstə çevrildi, torpağa sərilib quyu qazmağa başladı. Təhminə sumkanı açıb yuxa, göyərti, qırmızı turp, ar pendir çıxartdı. Kiçik salfeti sərdi. Həmişə kefdə damaqda yaşayan bu məclislər gözəli elə bir evdarlıqla süfrə açırdı ki, Zaur ona sonsuz bir təəccüblə baxırdı.
    -Mən heç bilməzdim ki, səndə belə evdarlıq damarı var.
    -Bayaq dedim, yenə də təkrar edə bilərəm ki, sən hələ çox şeyi bilmirsən. Bax, məsələn, bilmirsən, mən bu sumkada sənə nə sürpriz hazırlamışam.
    -Zaurun barmaqları qazdığı quyuda suya çatdı. Başını qaldırıb:
    -Nə sürpriz? - deyə soruşdu.
    -Təhminə cavab vermədən əlini sumkanın içinə salladı. Tünd rəngli bir şüşə çıxartdı.
    -Moskvadan gətirmişəm, - dedi. - Bir il idi gizlədib saxlamışdım. Sənin qismətin imiş. Fransız konyakıdır. 
    -"Kamyu". Düzdür, konyakı belə zakuskayla içməzlər, amma daha keçib. "Vallah, bəhməz almışam, bal çıxıb, - deyə Zaur düşündü və öz-özünə zarafat elədi. - bax Zaur kişi, almaq-boşamaq söhbəti olmasın".
    -Nəyə gülürsən öz-özünə?
    -Heç, vallah, Təhminə, səndən bircə dənədir.
    -Sonra günəş qürub etməyə başladı. Paslı qürub dənizə də pas saldı. Sonra içdilər. Bir də içdilər. Bir də. Bir də. Sonra ay çıxdı. Sonra Zaur qolunu Təhminənin boynuna saldı. Təhminə onun qolunu şarf kimi boynundan açdı.
    -Dayan, - dedi, - dayan. Sən fotoqrafsan, gərək biləsən, məhəbbət də foto kimi qaranlıqda aşkar olur.
    -Sonra Təhminə:
    -Gəl gecəni burda qalaq, - dedi.
    -Zaur cəmisi dörd qədəh içmişdi və düşündü ki, keçən ay iki yüz manat verib "Moskviç"inə ölüm-zülümlə dörd dənə qəttəzə "yaroslavski pokrışka" alıb. Bu çöllü-biyabanda qalsalar, gecə gəlib maşını tamam soyub-talaya bilərlər. Əlbəttə, o, idmançıdır. Ştanqadan dərəcəsi var. İkisini-üçünü şil-küt eləyə bilər. Amma birdən dəstəylə gəldilər, silahla?
    -Sonra o bir qədəh də içdi və:
    -Gözəl fikirdir, - dedi, - qalırıq gecəni burda.
    -Sonra Təhminə uşaqlığından danışmağa başladı. Üçüncü sinifdə oxuyanda bir rəfiqəsi onu ərlə arvad arasındakı əlaqələrdən, uşaqların doğulmasından agah edib. – Axmağın birisi, - dedim, - sənin öz atan-anan belə eləyir, mənim atam-anam heç vaxt belə iş tutmaz. O, sırtıq-sırtıq üzümə nbaxdı, güldü: - Axmaq sən özünsən, - dedi. - Bəs onda sən necə dünyaya gəlmisən, hə, necə? Mən onunla dalaşdım, küsüşdük. Amma düşünüb bildim ki, düz deyir. Cürbəcür şeylər yadıma düşdü. Neçə gün ata-anamın üzünə baxa bilmirdim. Elə hey soruşurdular ki, qızım, sənə nə olub? Cavab vermirdim. Ürəyimdə deyirdim ki, nə olub, nə olub? O olub ki, sizdən zəhləm gedir, utanmazlar!
    -Sonra Zaur dedi ki, yenə ər-arvad, uşaq söhbəti salma, içirəm sənin sağlığına.
    -Təhminə:
    -Mən də sənin sağlığına, - dedi, - uşaq istəmirəm, ancaq səndən istərdim.
    -Zaur dedi ki, xeyr, bağışlayacaqsan, sonra əlavə etdi ki, heyf duz yoxdur. Turpu duza batıranda ayrı ləzzətdir. Sonra ulduzlar çıxdı və Təhminə dedi ki, elə bil göyə duz səpiblər. Duzlayıblar göyü elə bil, duzu səninçün səpiblər, batır turpu ulduzlara, ye, Zaur dedi ki, onda ulduzları hər nə istəsən, təsəvvür etmək olar, məsəlçün, tum. Təhminə dedi ki, əlbəttə, olar, gəl götürək ulduzları çırtlayaq.
    -Tamam qaranlıq oldu və Zaur əlini Təhminənin paltarındakı düymələrə atdı. Təhminə onun əlini kənara çəkib dedi ki, dayan, sənə bir nağıl danışım. Zaur da dedi ki, nağıl istəmirəm, səni istəyirəm. Təhminə də dedi ki, elə bu nağıl mənim özüm haqqındadır. Bu nağılı ona nənəsi danışıb, lap çoxdan. Əsliynən Kərəmin nağılıdır. Deyir, toy günü Əslinin atası Əsliyə bir paltar bağışlayır. Bax lap bu mənim paltarım kimi yaxadan dizəcən düyməli. Sən demə bu paltar tilsimlənibmiş. Toy gecəsi Kərəm gəlib bir-bir düymələri açır, axırıncı düyməyə çatanda, bütün düymələr təzədən bağlanır. Zaur dedi ki, çox sarsaq nağıldır. Kərəm də əfəlin biriymiş, heç vacib deyil ki, axırıncı düyməni açasan. Təhminə dedi ki, elə əsl sarsaq sən özünsən, nağıl isə dahiyanə nağıldır, özü də lap mənim haqqımdadır. Çoxları elə bilir ki, mənim bütün düymələrimi açıblar, qalır lap axırıncı, mən isə təzədən yaxamacan düymələnib kilidlənirəm.
    -Zaur dedi ki, zərər yoxdur, açarıq düymələrini. Təhminə dedi ki, belə sitizə gülmə, sənə yaraşmır, belə güləndə sən də başqalarına oxşayırsan. Amma mən istəmirəm ki, sən onlara oxşayasan. İstəyirəm sən heç kəsə oxşamayasan. İstəyirəm ki, səndən uşağım olsun. Sənə oxşasın, amma sən heç kəsə oxşama. Zaur dedi ki, əşi, nə uşaq-uşaq salmısan! Belə uşaq istəyirsən təşkil elə də, maşallah ərinə nə gəlib. Yoxsa ərin... Təhminə qədəhdəki konyakı Zaurun başına tökdü və dərhal peşman oldu. Dedi ki, heyf o konyakdan, sənin boş başına tökülməkdənsə, mənim qarnıma getsəydi daha yaxşı olardı, hər şeyi unudardım. Sonra Təhminə əyilib onun üzündən öpdü və dərhal kənara sıçradı, - vəssalam, - dedi, - mənə yaxın gəlmə. Sonra dedi ki, əgər uşaq istəsəydim on səkkiz yaşında olanda doğardım. Dedi ki, on səkkiz yaşında mən uşaq saldırmışam. Dedi ki, bu mənim ilk eşqim idi. İlk və son eşqim. Sonra Təhminə ilk və son eşqini danışmağa başladı. Dedi ki, on altı yaşında olanda o adama rast gəlib. Onun adını çəkməyəcəyəm. Çünki onu hamı tanıyır, bəlkə elə Zaur da tanıyır. Yox, axmaq, əlbəttə, Dadaş deyil, nə yapışmısan bu Dadaşdan? Dadaş nə zibildir onun yanında? Dadaş onun heç dırnağı da ola bilməz. O, dünyalar gözəli idi, mən onu məlaikə, huri-qılman, Yusifi-Kənan, nə bilim, şahzadə, allah, peyğəmbər bilirdim. Onun yolunda hər şeyə hazır idim. Onu görəndə ağlımı itirirdim, öl desəydi ölərdim, qal desəydi qalardım. Bir gün bildim ki, hamiləyəm. Axmaq canım həm qorxudan ödümü udmuşdum, həm də sevinirdim. Getdim ona da dedim, elə bildim o da sevinəcək. Axı bilirdim ki, uşaqları yaman sevir, özü də deyirdi ki, bu yaxında ev alacam, onda evlənəcəyik. Bax, bu kağız rəngində oldu. - Nə danışırsan, - dedi, ayağıma yıxıldı, yalvarmağa başladı. - Bədbəxt eləmə məni, mənim rayonda ailəm, uşaqlarım var. Apardı məni Ermənikənddə bir həkimin yanına. Saldırdım uşağı. Bu da mənim həyat universitetim idi. Eh, nə isə, gəl içək.
    -İçdilər, sonra Zaur soruşdu ki, bəs Manaf?
    -Eh, nə Manaf! Bilmirəm bu Manaf səni niyə bu qədər maraqlandırır? Manaf kimdir? Mənimçün Manaf bir heçdir, sıfırdır, yoxdur. Odey Tiflisdə arvad-uşağı var, getsin onların yanına.
    -Uşağı da var?
    -Qızı var. Yeddi yaşında. Bu il məktəbə gedəcək. Çantazad alıb ona aparıb. Guya mən bilmirəm. Gizlədir məndən.
    -Vaxtilə Manaf mənim dərdimdən ölürdü. Amma ona mən heç məhəl qoymurdum. Deyirdi öldürərəm özümü, gərək səni alam. Axır bir gün lap məni cəzana gətirdi, zəhləmi tökdü, dedim, bilirsən nə var? Bax, aç qulağını eşit: səndən əvvəl mənim adamım olub, özü də onunla əməlli-başlı yaxın olmuşam. Üzünə baxdım, yazığım gəldi. Ağappaq ağarmışdı, barmaqlarını qulaqlarına tıxadı, indiki kimi yadımdadır, sonar üzünü örtdü, bir müddət heykəl kimi donub qaldı. Sonra çıxıb getdi. Üç gün ilim-ilim itdi. Üç gündən sonra gəldi ki, bəs ölüb qurtarmışam. Doğrudan da üç günün içində gədənin ordu orduna yapışmışdı, gözləri düşmüşdü çuxura. Dedi ki, mənim üçün daha heç bir şeyin dəxli yoxdur. Qəbulumsan. Elə günü bu gün gedək ZAQS-a. Dedim xeyr, əvvəlcə şərtimi bil. Heç vaxt o adam haqqında nə məndən bir şey soruşacaqsan, nə də ayrı yerdən bilməyə çalışacaqsan. Bu bir. Heç vaxt üzümə vurmayacaqsan... - Sən nə danışırsan, - dedi. - Əlbəttə. 
    -Daha bu barədə danışmadıq. İki gündən sonra getdik ZAQS-a. Toyumuz axşamı baxdım ona, yazığım gəldi. Gördüm çox sınıqdı. Bir gözü gülür, biri ağlayır. Dedim, bilirsən nə var, şərtimiz şərt yerində. Amma qoy sənə deyim: həmin o adam mənim nişanlım idi. Toyumuz bir həftədən sonra olacaqdı.
    -Amma... uşaqlıq elədik... bilirsən də, olanda olur... axmaqlıq... Toyumuza iki gün qalmış getdi dənizdə batdı. Vallah, elə bil dünyanı Manafa bağışladılar. Az qala ayağıma yıxılıb ağlayacaqdı. Ay allah, kişilər nə yaman axmaq olur! Təhminə danışır, danışırdı. Zaur onun səsini eşidir, ancaq sözlərini qavramırdı. O, arxası üstə uzanıb ulduzlara baxırdı, saçlarında qumların gecə nəmliyini - torpağın tərini duyurdu. Uzaq ulduzlara baxır, dənizin xışıltısını, Təhminənin səsini eşidir və Məmməd Nəsirin çox sevdiyi və tez-tez təkrar etdiyi bir fikri xatırlayırdı. Düz deyir Məmməd Nəsir, dünyada ən gözəl səfər içki şüşəsinin boğazından dibinə etdiyin səfərdir.
    -Bu səfərə ikimiz çıxmışıq. Gəlib çatmışıq lap şüşənin dibinə. Dibinə lap az qalır. İndi başqa bir aləmdəyik. İsti, mehriban, xoş, içki şüşəsinin dibi kimi kədərli bir aləmdə... xoş hara, kədərli hara? Eh, aləm başımda qatışıb! Təhminə! Təhminə! Təhminə də düşünürdü. Danışa-danışa düşünürdü. İçməklə yox, keçmişiylə sərxoşdu. Elə bil uzaq günləri içib dəm olmuşdu. Danışıqları qarmaq kimi keçmişə ilişir, illər, aylar arxasında qalmış xatirələri çəkib çıxarırdı. Təhminə düşünürdü ki, adam heç vaxt qəlbən, ya zehnən, fikirlə, ya hisslə bəxtiyar olmur. Bəxtiyarlıq ancaq keçəri duyumların təsadüfiliyidir. Unudulmuş bir qorxunun, bir səsin, sözün, toxunuşun qəfil külək kimi yaddaşa qayıtması...
    -Təhminə xoşbəxt olduğu anlar haqqında düşünürdü, bu anlar o qədər tələsik, keçəyən, ötəyən idilər ki, onların xatirələrini də beyində aydın canlandırmaq olmurdu. İllah da içkiylə dumanlanmış beyində. Ancaq bir neçə cizgi, boya... yay gecəsi, Pirşağı bağı, gecə, ulduzlu göy...
    -Təhminə lap balacadır. Nənəsiylə axşamdan yatıb. Gecə səslərə oyanır, qatmaqarışıq səslər eşidir, adamların kim olduqlarını təyin edə bilmir, ancaq bilir ki, qohum-qardaşdır, şəhərdən qonaq gəliblər. Deməli, səhər hamısı dənizə gedəcək. Sevincli bir hiss qəlbini bürüyür. Yenidən yuxu onu çəkib aparır...
    -...Hər gün düz saat on iki radələrində dənizin üfüq xəttində təyyarələr görünür. Dənizin üstüylə ucadan uçurlar. Paraşüt buraxırlar. Ağappaq paraşütlər qönçə kimi açılır, çiçək-çiçək mavi dənizə tökülür. Nənəsi hələ sağdır.
    -...Sahil... Güclü xəzri. Atasıyla qayanın üstündə dayanıblar. Atasının qıçına sığınıb. Dəniz dalğalarını bayraq kimi qaldırıb. Dəniz nümayiş kimi üstlərinə gəlir.
    -"Səni gördüm. İllərlə səni görməyə bilərəm. Təki biləm ki, sən varsan. Varlığını uzaqdan-uzağa da duya bilərəm. Sahil kəndlərinin sakinləri dənizi görməsələr də, duyduqları kimi. Ancaq, əzizim, dəhşət odur ki, bir gün gedib görəsən dəniz yox olub". - Uzun kişi barmaqları Təhminənin sağ əlinin barmaqlarını bir-bir sığallayır, bir, iki, üç, dörd, beş. Sonsu təəccüblə Təhminədən soruşur: əzizim, sənin beş barmağın varmış?
    -Moskva. Biz Moskvaya gələndə may bayramının ərəfəsi idi. Aerodromdan şəhərə gəlirdik. Hər yan qırmızı geymişdi. Qırmızı bayraqlar, qırmızı şüarlar. Taksiylə mərkəzə gəlirdik və hər dəqiqə işıqforların qırmızı işığına büdrəyib dayanırdıq. Biz Moskvadan gedəndə hər yan yaşıl geyinmişdi. Ağaclar, otlar, sarmaşıqlı eyvanlar. İşıqforun yaşıl işıqları, yaşıl yarpaqlar kimi, yağışlı-günəşli küçələrə - aerodroma tərəf yönələn maşınımızın təkərləri altına səpələnmişdi. Hər dəfə içən kimi Moskvadayam. Yağış yağır. Yay yağışı. Göy guruldayır. Adamlar qaçışırlar. Yağış kəsir. Hava açılır. Altıncı mərtəbədə bir ev. Pəncərə. Pəncərədə uzun, ağ, qırmızı, çəhrayı qladioluslar. Pirşağı. İkindi çağı şəhərə gedən elektrik qatarının fit səsi uzaqlaşır, itir... Yayın son günü, payızın ilk günü. Sakit qumlar. Adamsızlaşmış bağlar. Boş boz sahil. Boz teleqraf dirəkləri, arxayın bir sükut. Səssizlik...
    -Moskva. İsti, yumşaq xalı döşənmiş otaq. Yarımçıq işıq. Çöldə çovğun, qar, külək. İçəridə qazla yanan soba. Radioda uzaq, kəsik melodiyalar. Öz aramını, sonunu tapa bilməyən sərgərdan bir melodiyanın yorğun, usanmış kədəri... Uzaq dənizlərin, təlatümlü okeanların ardından gələn, çovğunlu, boranlı efirdə gah itən, gah eşidilən bir səs. Ərəb qızının yanıqlı mahnısı. Elə bil oxuyan, gecə özüdür. Uzun, qüssəli Şərq gecəsi. İçini dolaşıb keçə kimi isidən konyak. Ağ yun toxunma köynəkli dünya gözəli.
    -Nədən qorxursan, dəli, nədən qorxursan?
    -Təhminə hönkürüb ağlamağa başladı. Zaur onu ovutmaq istədi.
    -Təhminə:
    -Yaxşı, ağlamıram, heç, keçər, sən fikir vermə, - dedi. - Sən arvadların göz yaşlarına çox da fikir vermə, çox vaxt özümüz də bilmirik ki, niyə ağlayırıq. Gəl içək.
    -Son qədəhi içdilər.
    -Zakuskamız da qurtarıb.
    -Təhminə:
    -Odey, ayı görürsən? - dedi. - Konyaka ən əla zakuskadır. Sən sağ tərəfini dişlə, sol tərəfini mənə saxla.
    -İçdilər. Hərəsi ayın bir tərəfindən dişlədi. Təhminə: doymadıq, - dedi, - gəl ulduzlardan plov bişirək, yeyək. Göyü dənizin üstünə tutub ulduzları süzdülər. Bişirdilər, yedilər. Təhminə Zaurun üstünə qum səpməyə başladı:
    -Gəl səni qumda basdırım.
    -Zaur:
    -Cavanam,- dedi, - yazığam. Anamı ağlar qoyma. İndidən niyə basdırırsan, hələ muradıma çatmamışam.
    -Sonra yadına bir əhvalat düşdü. Təhminəyə danışdı. Bir dəfə ər-arvad axşam tərəfi plyaja çimməyə gedirlər. Arvad xəstəymiş, qum vannası qəbul edirmiş. Kişi basdırır arvadı boğazınacan qumun içinə, bircə başı çöldə qalır, özü də gedir dənizə çimməyə. Hava bir az da qaralır. Arvad da qumun içində xumarlanır, mürgüləyir. Qaranlıqda plyajnan səssiz, işıqsız gedən bir maşın arvadın başını görmür, basıb üstündən keçir, heç xəbəri də olmur. Kişi dənizdən çıxıb görür ki, arvadı, bəli, xurd-xəşil olub ölüb. Az qala dəli olur, deyir öz əlimlə torpağa basdırdım.
    -Zaur başını qaldırıb Təhminəni görmədi. Ora-bura boylandı, qayalara, sahilə, dənizə, göylərə baxdı. Göyə təzə ay çıxmışdı, təzə ulduzlar düzmüşdülər. Ay işığında qayaların kölgələri daha da uzanmışdı. Sarı qumlar gümüşə çalırdı. Ay dənizə saldığı yolu pul-pul döşəmişdi. Bir səs, hənirti duyulmurdu. Bir an Zauru soyuq vahimə basdı. Dəniz uğuldayır, uğuldayırdı. Qumlar ürpərir, ürpərirdi. Təhminə qeyb olmuşdu. Zaur durub üstündən qumu çırpdı, ora-bura qaçdı. Qayaların lağımlarına baxdı. Birdən dəniz tərəfdən hənirti eşitdi. Dönüb baxdı. Elə bildi yuxu görür. Dənizdən çıl-çılpaq bir qadın çıxırdı. Elə bil ay işığından heykəl düzəltmişdilər. Lap yaxına gələndə Zaur onun soyuqdan titrədiyini gördü. Bir an içərisində onu qolları arasına aldı. Qucağına qaldırdı. Qayaların altına apardı.
Təhminə:
    -Səni istəyirəm, səninəm, - deyə odlu-odlu pıçıldayırdı.
    - Səndən uşaq istəyirəm.
    -Zaur hər şeyi - özünə çoxdan aydınlaşdırdığı, qəbul etdiyi davranış qanunlarını da, bütün qadağaları, xəbərdarlıqları, məsləhətləri, tövsiyələri, bütün ehtiyatlarını unutdu. Hər şeyi unutdu.
    -Bir an onun bütün varlığı, məni, keçmişdi, indisi, gələcəyi, atasının maşını, anasının şəhərdə qalmaq, nəşriyyatda işləmək təkidi, bütün keçən sərgüzəştləri, bığlarına hopmuş bütün qadın öpüşlərinin ətri, yağış altında gözləmələri, xəlvəti telefonavtomat söhbətləri, duyduğu bütün qoxular, eşitdiyi bütün nəğmələr, oxuduğu bütün kitablar, ona gülümsünən bütün gözlər, içinə dik baxa bilmədiyi başqa gözlər, uşaqlıq dəcəllikləri, yetkinlik çağının həvəsləri, idman yarışları, institute həyatı, məşqlər, səfərlər, leksiyalar və imtahanlar, maşın sürmək ehtirası, yaddaşındakı bütün sözlər, adlar, telefon nömrələri, damarındakı bütün dadlar, çəkdiyi cürbəcür siqaretlər, qulağındakı səslər, bu gün, dünən, bu axşam, bu gecə, dənizin səsi, ay, burdakı ulduzlar - hər şey, hər şey yığılıb, bir vəhdətə çevrilmişdi. İstək, ehtiras, həyəcan dolu, gözləyən, tələsən, axtaran bir vəhdətə. Və bu vəhdət başqa bir möcüzəyə, qaranlıq, gizli, dar vəhdətə qovuşmalı idi. Başqa bir insanın bütün həyatını, keçmişini, indisini, gələcəyini, fikrini, qəlbini, kədərini, ümidini, sevincini, aldanışlarını, bezarlığını, onun - Zaurun heç bir zaman bilmədiyi və bilə bilməyəcəyi şübhəm bir aləmi özündə cəmləşdirən vəhdətə qovuşmalı idi, qovuşurdu...
    -Zaur Təhminənin üzünü, saçlarını, iztirablı gülüşünü qumların haşiyəsində görürdü. Təhminə Zaurun sifətini qaranlıq göyün, ulduzların haşiyəsində görürdü. Və bu an varlığının hər hüceyrəsiylə inanırdı ki, bu ehtiras, bu intizar, bu ağrı, mütləq, mütləq nəticələnməli, sonlaşmalı, yeni bir həyata, yeni bir insane çevrilməli, onlar İkisi Üçüncünü yaratmalıdırlar. Və bu Üçüncü də hər ikisinin həyatı, acıları, sevinclərini bütün vağzallarda, aerodromlarda, otaqlarda, telefonlardakı gözləmələrini, idarədəki peşələrini, ya evdəki qayğılarını və tək bunların yox, bunlardan qabaq olanların - əcdadların da varlıqlarını, ömürlərinin son və ən vacib mənalarını, bəlkə Zaurun anasının saçlarının, bəlkə Təhminənin atasının gözlərinin rəngini özündə toplamalı, yığmalı, əks etməli, təmsil etməlidir. İnsan nə qədər mürəkkəb olursa da, sonda o özünü nə isə çox qısa və yığcam bir düsturla ifadə edə bilir. Və bu düstur çaxmaq daşı kimi, kibrit kimi, başqa bir düstura, başqa çaxmaq daşına, kükürdə toxunub qığılcım, yeni həyat qığılcımı, yeni həyat yaradır, dünyaya Üçüncünü gətirir.
    -Bu Üçüncünün də öz həyatı, öz ağrıları, həvəsləri, meylləri, anlayışları, zövqü, kədəri olacaq və o yenə başqa birisinə rast gələcək və yenə...
    -Əzizim, canım, gözüm, ciyərim, varlığım, - Təhminə elə bil nəfəsiylə sözləri gözərdirdi, - sevgilim, yarım, ərim, gözəlim, bircə dənəm. - Təhminə boğulurdu. İnləyir, söz axtarırdı. - Canım, çiyərim, gözüm, - məhəbbət sözləri qurtardı, - axmaq, it, dəli, gic, pişik, dəvə...
    -Zaurun dodaqlarında Təhminənin dodaqlarının, dərisinin, boyasının, pudrasının ətri, bir də dəniz suyunun, küləyin, qumların dadı bir-birinə qarışmışdı. Zaurun başını var gücüylə üzünə yapışdırdı. Siqareti divara basıb söndürən kimi qızartdaq, odlu dodaqlarını Zaurun dodaqlarına sıxıb söndürmək istəyirdi.
    -Sevirsən məni, sevirsən? - deyə Zaur tələsik pıçıldayırdı.
    -Oğlumuz olacaq, Zaur, oğlumuz, oğlumuz...
    -Maşında oturub zarıyırdı.
    -Sətəlcəm olmuşam, - deyirdi. - Allah, allah, ölürəm, - deyirdi.
    -Zaur "bircə düz yola çıxa bilsəydim, - deyə düşünürdü, - onda iş asandır. Bu qaranlıqda quma batsaq, köməyimizə gələn də olmaz, gərək səhərəcən qalaq".
    -Saat ikinin yarısı idi. Qalıb səhəri gözləmək olmazdı. Təhminənin halı xarab idi. Ehtiras sönəndən bəri konyakın dumanı Zaurun başından çəkildikcə, "bu nə iş idi mən düşdüm" - deyə sakit ola bilmirdi.
    -Üşüyürəm, üşüyürəm. - Təhminə yumaq kimi büzüşür,
    -Zaura sığınır, ancaq yenə də qızına bilmirdi. - Üşüyürəm, üşüyürəm.
    -Zaur əvvəlcə gözlərinə inanmadı. Qabaqda qırmızı işıq görmüşdü. Yük maşınının qırmızı dal işığı. Bu işığın ucundan tutub sürdü. Təxminən yüz metrdən sonra şoseyə çıxdılar. Zaur rahat nəfəs aldı. Üçə yaxın şəhərə çatdılar. Yatmış şəhərin gecə vitrinləri işıqlı idi və bu işıqlarda nə isə son dərəcə mehriban, xoş, isidici bir məlhəm vardı. Təhminənin titrəməsi də elə bil kəsildi. Daha uçunmurdu.
    -Siqaret ver bura...
    -Zaur cibindən qutunu çıxarıb ona uzatdı.
    -Al, axırıncı siqaretdir.
    -Axırıncıdır? Qoy onda özünə qalsın.
    -Yox, evdə varımdır, götür.
    -Təhminə siqareti dodaqları arasına aldı. Hansı radiostansiya isə gecə konserti verirdi. Konsert yəqin gecə klubundan verilirdi. Kişi yumşaq səslə həzin melodiya oxuyur, konferansye hansı dildə isə zarafat edir, adamlar gülüşür, əl çalırdılar.
    -Bəs kibrit?
    -Zaur ciblərini döyəcləyib kibrit qutusunu tapdı. Təhminəyə verdi. Təhminə bir-bir kibritləri çıxartdı.
    -Hamısı yanıqdır ki, - dedi, qutunu pəncərədən tulladı.
    -Ayrı yoxumdur.
    -"Moskviç" Təhminəgilin evinin qarşısında dayandı. Təhminə qapını açdı, sumkasını götürdü və dedi ki, sonra Zaur nigaran qalar, ancaq qalmasın, lap arxayın olsun. Neçə dəfə burda həkimə getmişəm, elə Moskvaya da onunçün getmişdim. Orda özümü ən yaxşı mütəxəssislərə göstərdim. Lap qəti dedilər ki, sənin heç bir vaxt uşağın olmayacaq. Bəli, belə işlər, əzizim, al bu siqaretini, onsuz da kibrit yoxdur. Zaur ağzını açmağa macal tapmamış Təhminə damağındakı siqareti onun dodaqları arasına soxdu.
    -Ötürmə, lazım deyil, - deyə tələsik darvazaya tərəf qaçdı, çevrilib bir də əl elədi, güldü. Nə qamma çalındı, nə motosikl uzaqlaşdı...
    -Darvazanın qaranlığına girib itdi. Zaur maşını işə salıb hərəkətə gətirdi. Yatmış şəhərin adamsız, səssiz-hənirtisiz küçələriylə soyuq neon işıqlı vitrinlərin yanından ötüb keçirdi. Radioda gecə konserti qurtardı. Radio da susmuşdu. Bir an Zaura elə gəldi ki, ağzındakı bu siqaretlə bütün dünyada lap tək qalıb. Tərs kimi kibrit də yoxdur...

 

ZAURUN TƏHMİNƏYƏ MƏKTUBU

 

    -Təhminə! Mən bu məktubu indi yazıram. Səndən ayrılandan bir saat sonra. Sənə qəribə gələcək ki, biz ayrılandan bir saat sonra, özü də gecə saat 4-də məktub yazmaq nə vacib düşüb. Bəlkə də səninçün bu vacib deyil. Amma mənimçün çox vacibdir. Məktubu niyə yazıram. Çünki məktubda deyəcəyim şeyləri elə-belə, sözlə, sənin üzünə deməyə, hətta telefonla deməyə belə heç vaxt cəsarət etməzdim. Heç bilmirəm, demək istədiklərimi məktubla deyə biləcəyəmmi. Demək istədiyim Təhminə, yəqin ki, sən məni uşaq sayırsan, hissə qapılan sadəlövh bir uşaq. Nə olar, say. Hər halda mənimçün bu çox vacibdir. Heç bilmirəm nə yazıram. Elə hey yazıram vacibdir, vacibdir, nədir vacib? Heç özüm də bilmirəm. Bircə onu bilirəm ki, bu gün mənim gözüm açıldı, elə bil çox şeyi təzədən gördüm, anladım. Bir yandan Məmməd Nəsirin təkbaşına nərd oynaması, bir yandan bizim bugünkü səfərimiz, xüsusən sənin son sözlərin (həkimlərin sənə dediyi sözlər), bütün bunlar hamısı elə bil mənim varlığımı alt üst etdi. Bilirsən, əgər mən yazıçı olsaydım, bütün bu hissləri, bu psixoloji incəlikləri daha dəqiq təsvir edə bilərdim. Ancaq məndə bu məharət yoxdur, odur ki, fikirlərimi, hisslərimi də belə dolaşıq ifadə edirəm. Nə isə mənə elə gəlir ki, mən indiyə qədər hamını və birinci növbədə də özümü aldatmışam. Həqiqətdən qorxmamaq, həqiqət nə qədər acı olsa da, onun düz gözünün içinə baxmaq lazımdır. Bunu mənə sən öyrətdin. Doğrudan da dünyada ən murdar şey riyakarlıqdır, ruslar buna xanjestvo deyirlər. Mən də başa düşdüm ki, bundan sonra mən heç bir vaxt nə heç kimi, nə də özümü aldatmamalıyam. Bilirsən, Təhminə, səndən ayrılandan sonra maşınla boş küçələri dolaşırdım və başıma min cür fikir gəlirdi. Bir istəyirdim gedib bu saatca Manafa teleqram vuram ki, bəsdir bu yalan, Təhminə səni sevmir, məni sevir, biz onunla bir-birimizi sevirik. Biz evlənəcəyik. Gəl Bakıya, məhkəməylə Təhminəylə boşanın... Sonra istədim təzədən Pirşağıya dəniz qırağına, həmin o yerə gedəm. Sonra istədim maşınımı divara vurub əzəm. Sonra qarara gəldim evə gedib ata-anamı oyadam. Hər şeyi onlara danışım, deyim ki, çox sağ olun, məni dünyaya gətirmisiniz. Ancaq adam gərək iki dəfə doğulsun.

<< 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (28.11.2013) | Müəllif: R.C E W
Baxış: 883 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more