-Görünür, qismət deyildi.
-Qismət adamın öz əlindədir. Bir az tədbirli olmaq lazım idi, vəssalam. Podumaeş "sən" deyib Qafur Əhmədli. Bir qoduğun qanacaqsızlığına bu cür vacib işi, səninçün bu qədər əziz olan işi qurban verəsən? Qulaqardına vuraydın, guya heç eşitməmişdin...
Qurban:
-Eşitmişdim axı, - dedi.
Fuad:
-Deyirəm ki, guya heç eşitməmişdin, - deyə təkrar elədi - o vaxt eyninə almayaydın bunu. Madam ki, sənə belə təsir edib, dinməyəydin, amma yadında saxlayaydın, əlbət məqamı düşərdi, elə vurardın Qafur Əhmədlini ki, qiyamətəcən ombasından yapışıb gəzərdi...
Fuad danışdıqca Qurban zəndlə, diqqətlə, çox böyük diqqətlə oğluna baxırdı, sanki onu birinci dəfə görürdü. Fuad sözünə ara verəndə isə Qurban qeyri-adi bir həlimliklə, ondan çıxmayan bir yumşaqlıqla:
-Bacarmadım, oğul, - dedi, - udmağı bacarmadım.
Fuad bilmədi, atası "udmaq" sözünü nə mənada işlətdi - "udmaq"- təhqiri həzm etmək, susmaq, dinməmək mənasında, ya da "udmaq" - qalib gəlmək, zəfər çalmaq mənasında...
Qurban bir də təkrar etdi:
-Bacarmadım, udmağı bacarmadım...
Fuad:
-Zato - dedi, - Qafur Əhmədli istədiyini elədi. Ayının, deyir, yeddi oyunu vardı...
-Zato, - deyə Qurban kəskin bir şəkildə oğlunun sözünü yarımçıq qoydu, Fuadın "zato"sunu eynilə oğlunun intonasiyasıyla təkrar etdi: - Zato Qafur Əhmədli ömrünün axırınacan heç vədə, heç yerdə bir də mənə "sən" deməz... Ata-bala bir daha heç vaxt bu söhbətə qayıtmadılar...
Amma bu gün Qurban birdən:
-Binanı haçan təhvil verirlər? - deyə xəbər aldı. -
Məktəbi deyirəm.
-Aaa... avqustun on beşinə komissiya qəbul edəsidir.
Qurban:
-Gözün üstündə olsun, - dedi, - tezbazar eləməsinlər. Mən ora Riqadan təzə avadanlıq sifariş vermişdim. Bilməzlər, əldən çıxardarlar...
O, hələ də məktəbin fikriylə yaşayırdı. Hələ də heç bir şey dərs olmamışdı ona...
Fuad:
-Arxayın ol, - dedi.
Yenə susdular. Fuad saatına baxdı. On dəqiqə otura bilərdi hələ.
Qurban:
-O gün, Qafur Əhmədli zəng vurmuşdu, - dedi. Fuadın təəccübləndiyini görüb güldü. - Kefimi soruşdu. Olmaya səni böyüdüb-eləyirlər, qulağına səs dəyib yoxsa? Deyir, Qurban müəllim, mənə görə nə qulluğuvuz var?
-Bəs sən nə dedin?
-Nə deyəcəm? Dedim ki, həlləm-qəlləm adamlarla mənimki tutmaz, asdım trubkanı...
-Niyə?
-Necə niyə? Kefim belə istədi, vəssalam.
-Adam həmişə hər istədiyini eləyər?
-Bəs adam həmişə ondan nə istəyirlərsə onu eləyər?
Fuad gördü ki, atasının qırımı başqadı. Susdu, mübahisə eləmədi. Çərkəz otağa girdi, əlində tava vardı.
-Ay Fuad, qurban olum, bilirəm tələsirsən, ayrı şey çatdıra bilmədim, bir bu qayğanağı ye, yenə ürəyində durum olar, yəqin səhərdən acsan, anan ölsün?
Fuad başını buladı, - yemişəm ana, ac deyiləm, - dedi, - aeroportda, banketdə yemişəm...
-Neynək, bir bu qayğanağın da dadına bax.
-Vallah, könlüm istəmir.
Çərkəz məyus-məyus tavanı otaqdan apardı. Fuad ayağa durdu və birdən gözləri divara sataşdı. Birinci dəfə fikir verirdi buna. Ya bəlkə təzə şey idi, ona görə ilk dəfə görürdü:
Qurbanın çarpayısının yanından Ceyhunla Pərvizin iri fotoşəkilləri vurulmuşdu...
Fuadın içindən buğum-buğum qalxan, boğazını qəhərlə tıxayan, gözlərini dumanlandırıb dolduran duyğu-peşmançılıq, günahlılıq, nisgil idimi bu, qəribə, izahsız, dolaşıq dünyada qəribə, izahsız, dolaşıq insan münasibətlərinin, ata-oğul, ailə, nəsil əlaqələrinin pırtdaşıq kələfiydimi - bilmirdi, nə idi bu bağrını çatladan - nə idi axı?!. Bircə macal olaydı bunu əməlli-başlı düşünüb aydınlaşdırmağa...
-7-də vacib tədbirim var, - dedi, - getməliyəm. Sabah leçkomissiyadan həkim götürüb gələrəm yanına.
-Lazım deyil, day yaxşıyam.
Çərkəz:
-Fuadı ötürüb qayıdıram, - dedi.
-Fuad yolu-zadı tanımır? - Yenə dilini dinc qoymadı
Qurban.
Şüşəbəndə çıxdılar. Çərkəz pıçıltıyla:
-Ceyhunu yaman könlü istəyir, - dedi,
-Elə Pərvizi də istəyir, amma Ceyhunçün lap burnunun ucu göynəyib. Bərk-bərk tapşırıb ki, məbada sizə deyim. Özləri haçan istəsələr onda gələrlər deyir. Dünən gedib qonşudan zəng eləmişəm ki, xəbəri olmasın. Rima dedi bu gün göndərərəm, amma gəlmədilər.
Fuad:
-Yəqin dərsləri çox olub, gələ bilməyiblər... - dedi.
Pilləkənə çıxdılar. Çərkəz nə isə sözlü adama oxşayırdı, amma elə bil deməyə dili gəlmirdi.
Axır ki:
-Fuad, bala, qurbanın olum, incimə, - dedi, - bu ev məsələsindən bir xəbər çıxmadı ki?
Fuadın yadına düşdü ki, anası neçə dəfə söz salıb, burden təzə evə köçmələri üçün kömək istəyib. Fuad da boyun olmuşdu ki, kömək edər. Şövqüylə məsləhətləşmişdi. Şövqü demişdi ki, özün bil, ancaq məndən məsləhət soruşursansa, hələ bir az gözlə... İndiki situasiyada yaxşı düşməz, təpiyi sənə dəyər. O saat səni istəməyənlər ora-bura yazacaqlar ki, bəs Fuad Mehdiyev vəzifəsindən sui-istifadə edir, öz valideynlərinə təzə ev verir.
Fuad:
-Ay ana, - dedi, - neçə il dözmüsüz, bir az da səbir eləyin, indi görək neynirik...
Çərkəz:
-Sənə qurban olum, ay bala, - dedi, - başımızın ucalığısan... - Çöl qapısına çatanda əlavə etdi: - Bilirsən, mən dözərdim e, amma bu tualet lap əziyyətdir. Hər halda qoca kişidir də, gecələr neçə dəfə durub taytaya-taytaya aşağı düşür. Fuad başını tərpətdi, yəni ki, hər şeyi başa düşürəm. Anasıyla görüşüb küçəyə çıxdı, evlərinin tinində, səkidə iri qır tiyanı qoymuşdular. Fuad bir-iki addım atmışdı ki, anasının səsini eşitdi:
-Fuad, ay Fuad.
-Nədi?
-Başıva dönüm, ay Fuad, kül mənim yaddaşıma, deyirəm axı nə deyəcəydim sənə... Qurban olum, Fuad, bu balıqların suyun dəyişə bilmirəm təkbaşına... Qurban da düşüb yorğandöşəyə...
Bəlkəm bir kömək eləyəydin, akvariumu boşaldaydıq... bağışla, sənə zəhmət verirəm...
Fuad saatına baxdı:
-Ana, vallah tələsirəm, vacib iclasa getməliyəm. Sabah
Qasımı göndərərəm, gəlib sənə kömək eləyər.
-Neynək... Get bala, iclasından qalma, qurban olum sənə...
Amma yadından çıxmasın ha!… Qorxuram balıqlar zay ola.:. Qurbanın da ki, fikri-zikri bu balıqlardır... Ceyhunla Pərvizin üzlərindən öp...
On ikinci fəsil
Sərginin açıldığı yer atasıgilin evinə yaxın idi. Ora tərəf addımladıqca Fuad çıxışını bir də məşq edirdi. Mixail Moiseyeviçin yazdığı cibində idi, onu əzbər bilirdi, tezislərini özü vermişdi axı. Amma sinədən danışmaq istəyirdi - kağızsız çıxışın təsiri daha artıq olur. Çıxışını məşq etdikcə hərdən fikri ora-bura yayınırdı, lakin nigaran olmurdu bundan. Təcrübəsi vardı, yaxşı bilirdi ki, tədbir başlayan kimi bütün içi sim kimi gəriləcək, tarımlanacaq, fikirləri də toplanıb sapa düzüləcək, nizama düşəcək...
Bu da sərgi yeri... Yeddiyə altı dəqiqə qalmışdı. Amma nə qəribə - heç kəs yox idi. Nə izdiham, nə qonaqlar, nə maşınlar.
Sərginin növbətçisi Fuadı görüb:
-Salam, yoldaş Mehdiyev, - dedi: - Açılışa gəlmisiz? - Fuadın təəccübünü başa düşərək, - Bəs sizi xəbərdar eləməyiblər? - deyə soruşdu. - Bir saat o yana çəkiblər, səkkizdə olacaq açılış...
-Belə de!.. Yaxşı, onda bir az gəzib-dolanım, səkkiz üçün gələrəm.
Deməli, bir saat vaxtı vardı. Qutabxananın yanından keçəndə Fuadı iy vurdu, ağlına gəldi ki, nahaq yerə anasının qayğanağından imtina elədi... Banketdə nə yemişdi ki... elə belə, quş yeməyi, indi də möhkəm acıb... Evə gedib-gəlməyə çatmazdı, atasıgilə gedə bilərdi, vaxt vardı... Bəlkə gedə... Yox, yüngüllük çıxar, ayda bir dəfə gəlir atasıgilə, indi yarımca saat bundan qabaq onlardan çıxandan sonra təzədən atıla-atıla qayıtsın ki, nə var, nə var, qayğanaq yeməyə gəlmişəm? - Bəlkə elə bu yanından keçib ötdüyü qutabxanaya girsin? Kimdir burda onu tanıyan. Girib qurdun öldürər, bir vaxtlar burada əntiqə dadlı qutab verərdilər. Təqribən bir on beş il bundan qabaq...
Fuad qutabxanaya girdi. Balaca, darısqal yeməkxana tüstüyə qərq olmuşdu. Adam çox idi. Xoşbəxtlikdən Fuadı tanıyan və Fuadın tanıdığı adamlardan bura gələni çətin ola... Küncdə bir stol boşaldı, arxasından durdular. Fuad keçib oturdu; masanın üstü yeyib gedənlərin artıqlarıyla dolu idi - boş araq şüşəsi, içinə papiros, siqaret kötükləri basılmış, yağı donmuş boşqablar, əzilib bulaşmış kağız salfetlər...
Xidmətçi gəlib stolun üstünü yığışdırdı, süfrəni çırpıb o biri üzünə çevirdi...
-Nə buyuracaqsınız?
-Nəyin var?
-Ət qutabı da var, göy qutabı da, hansından xətriniz istədi...
-Beş dənə ondan qoy, beş dənə də o birindən.
-Gözüm üstə, bir şey içəcəksiz, araq da var, konyak da, çaxır da...
-Yox, bir şüşə soyuq borjom.
-Borjom yoxdu, badamlı gətirim?
-Gətir. Amma tez elə, vaxtım azdır.
-Baş üstə...
Əvvəlcə pendir gətirdi, vəzəri, turp, tutma xiyar, bir şüşə də badamlı... Bir azdan qutablar da hazır oldu... Qutablara söz ola bilməzdi. Fuad elə iştahla yeyirdi ki...
Kənar stollarda şıdırğı sağlıqlar deyirdilər, bərkdən gülübdanışırdılar.
-Nöş sənin sağlığıva deyirəm, çünki kişi oğlansan, oğulsan. Ağabala da kişidir, bu ölsün... amma mən liçni sənin sağlığıva içirəm, nöşün ki, oğulsan, kişi adamsan...
-Tofiqin qardaşı qayıdıb əsgərlikdən, o gün bizimçün söhbət elədi, and içir ki, öz gözümlə görmüşəm...
-Mən nöş sənin sağlığıva içirəm, nöşün ki, kişi adamsan sən, yox adamın allahı var, Ağabala da kişidir, amma sən oğulsan, mən onunçün içirəm sənin sağlığıva... bax deyərsən ki, Nadir piyandır, canımçün bu ölsün, Ağabalaya da demişəm, Tələt kişi adamdır...
-Yox, sən mənə de görüm, hər samitin bir saiti olmalıdır ya yox, hə? Hər gülün bir bülbülü, hər fincanın bir nəlbəkisi, hər samitin bir saiti olmalıdır ya yox, hə, mən ölüm necə sözdür?
-Yalan deyirəm bu bərəkət mənə haram olsun, mən on qəpik verməzdim Fazil alan maşına... xamlayıblar Fazili...
-Deyir öz gözümlə görmüşəm bax, Nadir də ordaydı, neçə adamın yanında and içdi...
-Mən nöş sənin sağlığıva qaldırıram, Tələt, sonra deyərsən sənə işim-zadım düşüb, bax, on iki imam haqqı işim-zadım düşməyib sənə... intəhası, sən kişi adamsan, oğulsan... Quran haqqı düz deyirəm!..
Bu söz, cümlə, səs hərc-mərcliyində Fuad kürəyinə zillənmiş baxışları elə bil birdən-birə duydu, başını çevirdi, geriyə baxdı. Doğrudan da qapı tərəfdəki masanın arxasında oturmuş buxara papaqlı sinli kişi zəndlə Fuada baxırdı. "Aman allah, kaş ki, tanış çıxmaya, ya bəlkə sərxoşdur, gəlib yapışacaq yaxamdan. Yox mollagunə adama oxşayır, sərxoş olmaz, onda yəqin tanışdır. İşə düşəcəm".
Fuad bilmirdi qalan qutabları ağzına yeyir, burnuna, durub burdan çıxmağa tələsirdi. Özünü saxlaya bilmədi, çevrilib bir də buxara papaqlı kişi oturan səmtə baxdı. Kişi yenə də gözlərini Fuada dikmişdi, hətta deyəsən gülümsünürdü də... Bəli, gülümsünürdü, açıqdan-açığa gülümsünürdü Fuada baxıb, sonra başını da tərpətdi hələ - salam verdi. Fuad da istəristəməz salamını aldı və bu zaman kişi durub onun masasına yanaşdı.
-Qonşu, - dedi, - demə ki, səni tanımadım ha...
Fuadın ürəyi düşdü: "Görəsən ötən ömrün hansı müdhiş qəlpəsi keçmişdən qopub mərmi kimi onun üstünə gəlirdi".
-Deyən sən də məni tanımadın, qərdeş oğlu. Əlabbasam da, qırçı Əlabbas.
Fuadın hafizəsində duman içindən Əlabbasın sifəti durulmağa başladı. Bəli, vardı belə bir qonşuları – qırçı Əlabbas...
-Qurban müəllimin oğlu deyilsən, balam?
-Bəli.
-Mən də bu məhəllədənəm də. Damıvıza o qədər qır basmışam ki...
Fuadın, nəhayət, yadına düşdü, qırçı Əlabbas. Yalın ayaqlarının qızmış qırda yandığını duydu elə bil, qır iyi gəldi burnuna. Sonra isə o vaxtkı Əlabbasın hisdən qapqara qaralmış sifətini xatırladı və hətta qardaşı Ağarzanı da yadına saldı. Ağarzayla yaşıd idilər. O qədər çilingağac, atmirnoy oynamışdılar ki...
Fuad:
-Necəsən, Əlabbas dayı? - dedi.
-Sağlığıva dolanırıq. Day qolumda o qüvvət qalmayıb, elə gözlərim də zəifləyib bir balaca, amma səni tanıdım ha, görürsən. Bayaqdan göz qoyuram, görürəm, balam deyəsən axı bu adamın suyuşirin dəyir gözümə...
-Elə mən də səni o saat, sən yanaşan kimi tanıdım. Yenə qır basırsan? - Atasıgilin tinindəki qır tiyanı yadına düşdü. - O tindəki tiyan sənindir?
-Bə nə! Qonşu - görünür, o da Fuadın adını unutmuşdu - nə əcəb, heç gəlib-eləmirsən bu tərəflərə?..
-Nə bilim, vallah, yolum düşmür...
-Yaxşı, de görüm oğuldan-uşaqdan nəyin var?
-İki oğlum var.
-Allah saxlasın…
-Allah səninkiləri də saxlasın, Ağarza necədir?
Əlabbas tutuldu, elə bil bir müddət dili söz tutmadı.
-Qonşu, - dedi - bəs bilmirsən ki, Ağarza beş ildi rəhmətə gedib. Özün pəsməzara da gəlmişdin ki, Qurban kişiynən... Yasamaldaydı yasımız, heyvan uşaq orda təzə ev almışdı axı...
Fuad qıpqırmızı qızardı. Əlbəttə, yadına düşdü. Atasıyla getmişdilər yasa. Əlabbasa başsağlığı da vermişdilər, "axır qəminiz olsun" da demişdilər. Onu çaşdıran Yasamal oldu. Yaddaşındakı Keçmişdə Ağarza, yaşıdı, məhlə uşağı Ağarza burada yaşayırdı, burada, bu küçələrdə, bu dalanlarda onunla qaçdı-tutdu, aşıq-aşıq, gizlənpaç oynardılar. Əlabbasın arvadı Məşədi Gülsüm xalanın düzəltdiyi qırmızı şirni konfeti – taxta çöpə keçirilmiş qırmızı "xoruzu" Ağarza tində satardı və bəzən satmamışdan əvvəl yalayardı, həm öz qurdunu öldürərdi, həm də "xoruzu par-par parıldardı. Fuada da təklif edərdi ki, yalasın... Amma Çərkəz bərk-bərk tapşırmışdı ki, məbadə o qırmızı şirin "xoruzlardan" yeyəsən, azar-bezar gələr adama onlardan... Bu xoruzların puluna neçə dəfə kinoya getmişdilər, Ağarza demişkən "İndiski qrabnisa" filminə, "Bağdadski vor" filminə, daha neçə-neçə əmiri kinoya... həmin Ağarza, uşaqlıq yoldaşı Ağarza, bax, bu məhəllədəki keçmişdə qalmışdı, sonrakı illər Fuad onu görməmişdi, Yasamala isə tamam başqa bir adamın, heç bir vaxt tanımadığı, görmədiyi bir başqa Ağarzanın yasına getmişdi. Atası Qurbanın təkidiylə:
"Qonşudur, haqq-salamımız var, ayıbdır. Vaxt tap gedək". Birbirinə oxşayan Yasamal evlərinin, bir-birinə oxşayan həyətlərindən birində qurulmuş çadırın altında bir-birinə oxşayan təziyyə məclislərindən biri...
-Bağışla, Əlabbas dayı, demək istəyirdim ki, Ağarzanın külfəti necə dolanır?
-Niyə, sağ ol, pis deyillər.
"Bəlkə yenə səhv eləyib. Bəlkə Ağarzanın heç külfəti-filanı yoxmuş, subay ölübmüş. Gərək bir Çərkəzdən, ya atasından xəbər alsın".
Əlabbas durdu, görüşdüyündən qat-qat daha az bir mehribançılıqla Fuadla xudahafizləşdi, bufetçiyə yanaşdı, sonra çıxıb getdi...
Fuad xidmətçini çağırıb yeməyinin pulunu ödəmək istədi, xidmətçi:
-Sizin hesabınız çatıb, - dedi.
Küçəyə çıxanda Fuad fikirləşdi ki, heç yaxşı düşmədi. Həm qırçı Əlabbasın onu qonaq eləməsi, həm də Ağarza haqqında o yersiz sual. Amma indi bütün bunlarla doldurmamalıydı başını, çıxışını düşünməliydi. Səkkizə on beş dəqiqə qalmışdı. Bayaq gəldiyi tinə deyil, o biri tinə buruldu və dərhal, bir an içində, tini sağa burulan kimi iki küçə arasındakı üçkünc bağı görən tək, bütün səhnə bir an içində gözləri qarşısında canlandı. Həmin bağ, həmin tin, həmin küçələr idi... Yəni doğrudanmı, o gündən bəri yolu bura düşməyib heç?
Toy günlərindən bir gün qabaq - gecə vaxtı - bir ya iki radələri olardı - indi dəqiq yadında deyil - amma hər halda gec idi, gecə yarını keçmişdi - Fuad Rumiyyəgildən çıxıb evlərinə gəlirdi. Buradan keçəndə gördü ki, üç nəfər, ya dörd nəfər idilər, yadında deyil, bir nəfəri maşına basıb aparmaq istəyir, görünür başına bir iş gətirmək niyyətindədirlər; öldürmək, boğmaq, kim bilir - nə; çünki o adam qurbanlıq quzu kimi mələyirdi, daha doğrusu, səsini qısmışdı, amma xısın-xısın yalvarıb-yaxarır, ilan dili çıxardırdı ki, keçin mənim günahımdan, anama rəhminiz gəlsin....
O vaxt Fuad istədi köməyə çatsın, hətta bir addım atdı da, amma dərhal ayaq saxlayıb durdu, əksinə, - bu lap dəqiq yadında idi, - bir evin çöl qapısına qısılıb gizləndi. Gizləndi ki, onu görməsinlər, şahid kimi ona da xətər gətirməsinlər birdən, pusdu onları, ta ki o biçarəni maşına basıb apardılar. Amma bu pusquda durduğu, qısılıb gizləndiyi dəqiqələrdə Fuadın beynindən kinolenti kimi min cür fikir, min cür səhnə keçdi: elə bil açıq-aydın gördü ki, işə qarışsa necə öldürərdilər onu, necə kürəyindən bıçaqlardılar, elə bil kürəyinə sancılmış bıçağın soyuğunu da duydu, bədəninin qıc olmasını da.
...və hətta bundan sonrakı səhnələri də gördü - elə əyani gördü ki, sanki gerçəkləşiblərmiş - elə bil doğrudan da haradasa mövcud olan, amma xoşbəxtlikdən, onun, Fuadın heç bir vaxt yetib çatmadığı bir gələcəyi görür, öz ölümünü, yasını, dəfnini, deyilən sözləri və hətta Rumiyyənin başqa birisinə ərə getməsini, təzə toyunu. Çıqqırını belə çıxarmadan qısılıb gizləndiyi o anlar niyə belə açıq-aydın görmüşdü bu qəmli gələcəyi, elə aydın, elə əyani şəkildə görmüşdü ki, həmin gələcəyin gerçəkliyinə, büsbütün inanmaq olardı. Bəlkə belə bir gələcək, doğrudan da mövcud imiş, amma Fuad taleyini aldadıb, bu gələcəyə gedən yoldan burulub, başqa yolla, kəsə cığırla başqa bir gələcəyə - indi içində yaşadığı gələcəyə yetirib özünü.
Qəribədir... çox qəribə fikirdir... deməli, taleyimizə gələcəyin bir neçə müxtəlif variantı yazılıb, onlardan hansı birini seçmək isə özümüzdən asılıdır. Deməli... qəribə fikir idi bu... ətraflı fikirləşmək lazım idi bu barədə... Macal olanda... O gecə, o uzaq gecə maşın tərpənəndə ölümə məhkum olmuş adam axır ki, çığırdı, bərkdən qışqırdı. Elə dəhşətli qışqırdı ki, qışqırığı indiyənəcən Fuadın qulaqlarındadır. Amma maşın çox böyük bir sürətlə uzaqlaşıb getdi... Maşın səsi də, insan səsi də uzaqlaşıb itdi...
...Fuad marığından çıxdı, ətrafa boylanıb evlərinə tərəf addımladı o gecə... Həyətləri zülmət qaranlıq idi. Göz-gözü görmürdü. Otaqları da qaranlığa qərq olmuşdu. Ata-anası çoxdan yatmışdı. Fuad qaranlıqda çarpayısına tərəf addımlayanda ayağı ilişdi akvariuma, akvarium aşdı, atasıgil oyanıb işığı yandıranacan balıqların çox qismi tələf oldu... Sonralar Qurban təzə akvarium aldı, təzə-təzə balıqlar saxladı... Neçə il keçmişdi bundan: on doqquz il? Atası hələ də balıq saxlayır. Balıqlar, akvarium... Nə isə yadına düşdü Fuadın... Bir neçə addım da atdı sərgi yerinə tərəf. Nə barədəsə düşünür, düşünür, düşünürdü...
Sərgi salonunun qapısını gördü. Maşınlar bir-bir gəlib dayanırdı, maşınlardan çıxan adamlar bir-birlərinə əl verirdi, görüşürdülər, sərgi salonunun qabağında topa-topa yığışıb söhbət edirdilər. Beş dəqiqə qalmışdı səkkizə. Fuad nəsə düşünür, düşünürdü. Ayaq saxlamışdı hətta... Sonra sərgi salonu tərəfə bir də nəzər saldı, çevrilib geri addımladı...
***
Çərkəz həyətdə Anaxanımla danışırdı. Təəccübdən gözləri böyüdü.
-Bıy başıma xeyir, Fuad, sən hardan gəldin ay bala?
-Gəldim balıqların suyunu dəyişməyə...
-Bəs iclasa getmədin?
Fuad:
-Getmədim, - dedi.
Yurmula. Dubultı. İyul, 1977
|