Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı |
-Xoş gördük, ana! - dedi. Anası da sakitcə: -Xoş gördük, - dedi və əlavə etdi, - gəlsənə içəri, - və bircə bu cümlədən məlum oldu ki, didərgin oğul neçə müddətdən sonra doğma ocağının başına qayıdıb. Çünki axı daima yaşayan adamı içəri xüsusi dəvət eləməyə nə hacət? Dəhlizə girdi. Paltosunu çıxara-çıxara anasının davranışına təəccüblənirdi - nə "ah-of" eləmişdi anası, nə qışqırmış, nə ağlamış, nə onu tənbeh etmiş, nə də bağrına basıb sevinmişdi. Çox adi və sadə görüş idi bu, elə bil heç nə olmamışdı. Zaur: -Atam necədir? - dedi. Anası: -İndi babatdır, - dedi. Sonra əlavə etdi. – Yaman qorxuzmuşdu bizi, təzyiqi qalxmışdı, ürəyi də incidirdi. Zaur atasının otağına daxil oldu. Məcid stolunun arxasında oturub işləyirdi. Zauru görüb ayağa qalxdı, əl uzatdı. Sonra hər ikisi oturdu və Zivər xanım getdi çay dəmləməyə. Sükutu Zaur pozdu: -Necəsən? Məcid uzun-uzadı, durğu işarələri işlətmədən, xəstəliyindən, həkimlərin konsiliumundan, təyin etdiyi dərmanlardan danışırdı və hər ikisi başa düşürdü ki, bu müfəssəl söhbətin əsas məqsədi aralarındakı yabançılığı dəf etmək, keçmiş məhrəmliyi yenidən bərpa etmək üçündür - bütün bunlar üçün isə vaxt, müəyyən muddət lazım idi - hər hansı danışıqlarla, kənar, əsl mətləbə dəxli olmayan söhbətlərlə doldurulmalıydı aralarındakı bu vaxt uçurumu, zaman yarğanı. Zivər xanım otağa qayıtdı, gözləri qıpqırmızı idi, amma üzü gülürdü. Zivər xanımın armudu stəkanlarda gətirdiyi çaydan qurtum-qurtum içir və üçü bir yerdə Məcidin xəstəliyindən danışırdılar. Zivər xanım arabir ötəri replikalarla Zaura ailələrindəki son xəbərlərdən məlumat verirdi, gəlib gedəndən danışırdı, kim zəng eləyib, kim soruşub, kimdən məktub gəlib, sözarası Zaurun kooperativ mənzilinin hazır olduğunu da eşitdirdi oğluna və dedi ki, bu günlardə ev təhvil veriləcək. Orderlər hazırdır, bir nəfər öz gözüylə görüb. Atası görünür yorulmuşdu bu söhbətdən, gərginlikdən və tez-tez masası tərəfə, açıq qalmış kitablara, kağızlara tərəf baxırdı. Zaur ayağa qalxdı, atasıyla görüşmədən o biri otağa keçdi. Zivər xanım onun dalınca gəldi və bu an Zaur anasının gözlərində qorxu, təlaş oxudu. Bu təlaş vəziyyətin qeyrimüəyyənliyiylə, Zaurun gəlişinin aydın olmayan məqsədiylə bağlı idi. Atası da, Zivər xanım da bilmirdi ki, Zaur necə gəlib - birsaatlığa, ikisaatlığa xəstə atasına baş çəkməyə, ya həmişəlik... Təhminəylə biryolluq əlaqəni kəsib evlərinə qayıdıb, ya qısa bir müddətə rüsxət alıb, bədbəxt ata-anasını yoluxmağa gəlib? Və odur ki, Zivər xanım diqqətlə oğlunun hərəkətlərini izləyirdi - hara, hayana gedəcək, çöl qapısına tərəfmi, öz otağına tərəfmi, ya da bəlkə elə bu otaqda oturacaq, yeməyə bir şey istəyəcək... Zaur divarlara göz gəzdirdi, elə bil ilk dəfəydi görürdü bu oboyları. Sukut üzücü, dözülməz idi. Zivər xanımın hövsələsi çatmadı: -Yerini dəyişmişəm, - dedi. - Çiməcəksən? Zaur da yalnız bu suala deyil, verilməmiş, amma nəzərdə tutulmuş başqa suala cavab olaraq: -Hə, - dedi. *** Çiləyin isti iynələrindən sonra, dabandaşının təmasından sonra, köpüklü şampunların mülayim tumarlarından sonra tərtəmiz, ağappaq yatağa uzanmaq, tanış otağın dogma divarlarına - hər qarışı, hər çapığı, hər məftili, xətti, ləkəsi tanış olan divarlara baxmaq nə qədər xoş idi. Divarlara haçansa Zaurun özünün çəkdiyi fotoşəkillər vurulmuşdu, çarpayısının yanında, gecə dolabçasının üstünə siqaret qutusu, alışqan, külqabı, yapon tranzistoru və maqnitofon qoyulmuşdu, yerindən durmadan ancaq əlini uzadaraq musiqi dinləyə bilər, siqaret çəkər, fikir-xəyallara dala bilərdi. Cürbəcür cihazların dəlisiydi, səsyazan aparatlarla saatlarla əlləşməyi, fotoqrafiyayla məşğul olmağı sevərdi. Sonra – maşın sürməyə başlayandan sonra - bu həvəsləri kölgədə qaldı, çoxundan vaz keçdi. Əsas marağı, həvəsi maşın motoruyla əlləşmək oldu. Bu həvəsin sayəsində idmanı da unutmuşdu tamam, qantellər, espanderlər otağın bir güncündə atılıb qalmışdı. Amma nahaq yerə - idmanı boşlamaq olmaz - yaşı da elə yaşdır ki, idmanla ardıcıl məşğul olmasa, bir də görürsən, Dadaş kimi göbək bağladı. Dadaşın adı beyindən keçən kimi, dərhal telefon səsləndi və Zaur diksindi bu zəngdən. Amma o saatca da düşündü ki, daha hər telefon zəngindən diksinməyə, təlaş keçirməyə səbəb yoxdur: nə Təhminəni çağıran kişi səsləri eşidəcəkdi dəstəkdən, nə anasının Təhminəyə aid olan hədələrini, söyüşlərini heç kəs onun "allo"suna cavab olaraq dəstəyi şırpadan asmayacaqdı daha. Dəstəyi götürdü: -Bəli. -Zaur?! -Bəli. - Mədinənin səsini tanımışdı. -Danışa bilərsiz, ya bəlkə çıxıb avtomatdan zəng vurasız mənə. -Yox niyə ki, lap rahat danışa bilərəm, buyurun, - soyuq bir nəzakətlə deyirdi bu sözləri. -Üç gündür sizi axtarıram, tapa bilmirəm, nə işdə, nə evinizdə. -Nədir ki, nə olub? -Bilmirəm, Zaur, - o həyəcanlı idi, - bilmirəm telefonla bu barədə danışmaq olarmı. Telefonunuz paralel deyil ki? -Yox. -Bilirsiz... Təhminənin halı yaman xarabdır. -Niyə, nə olub ki? -Necə nə olub? Tamam halı özündə deyil yazığın... Əlbəttə, bilmir ki, mən sizə zəng vurmuşam, yoxsa qoymazdı, amma siz gedəndən bəri dəli-divanə kimidir. Qorxuram ki, lap özünə bir şey eləyər. -Siz nə danışırsız? - Zaurun tonunda istehza var idi, halbuki qəsdən deyildi bu istehza, öz-özündən rişxənd, kinayə kimi alındı. -Dünən gecənin bir aləmində oyandım - bilmərəm üç idi, dörd idi, neçəydi - gördüm işığı yanır. Həm də musiqi eşidilir. Təəccüb qaldım. Durub keçdim yanına, gördüm oturub divanın üstündə, əlləriylə dizlərini qucaqlayıb, musiqiyə qulaq asır və içir... Bir şüşə konyakı təkbaşına içib. -Daha niyə nigaran qalırsız ki, - dedi Zaur, - bundan da yaxşı kef olar? Mədinə səbirsizliklə: -Eh, ay Zaur, - dedi, - Niyə özünüzü bilməməzliyə qoyursuz? Başa düşmürsüz ki, halı çox pisdir Təhminənin, mənə deyirdi ki, özümü öldürmək istəyirəm. Zaur susmuşdu. -Niyə başa düşmürsüz axı? Sevir e sizi. Hamıdan çox size sevir... Zaur: -Bəli, "hamıdan çox" - deyə təkrar elədi, - elə iş də bundadı ki, "hamıdan"... "hamıdadır" elə iş... Mədinə bu sözləri qulaqardına vurdu. -Bilmirsiz ki, əriylə da sizdən ötrü ayrıldı? Zaur: -Əşi, boşlayın görək, - dedi. Təzədən bütün bunlara qayıtmaq istəmirdi, amma tam arxayınlaşmaq üçün Təhminənin başında heç bir fəlakət olmadığını da bilməliydi. Əlbəttə ki, Mədinə hər şeyi şişirdir. Ayrılıqlarının ilk günləri Zaurun da az qala bağrı çatlayacaqdı, amma bax bir neçə gün keçdi, yavaş-yavaş sakitləşib, toxtayıb. Mədinə: -Sabah axşam bizə gəlin, - dedi. - Təhminəgilə yox e, bizə, mənim mənzilimə. Bir oturaq, ağıllı-başlı danışaq. Burda nə isə bir anlaşılmazlıq olub, vallah, kimsə girib aranıza... Yaman yazığım gəlir qıza... Zaur: -Yaxşı, - dedi. - Gecəniz xeyrə qalsın. -Gecəniz xeyrə qalsın. Amma məbadə deyəsiz mənim zəng elədiyimi. -Bəli, buyurun görək... Evə qayıtdığı ilk axşam, rahat keçirmək istədiyi ilk axşamı da burnundan tökdülər. Axı qəti söz vermişdi özünə - bütün olan-keçənləri biryolluq kəsib atsın, yenə təzədənmi başlanmalıdır hər şey? Əlbəttə, sabah Mədinəgilə gedib eləyən deyil... Zaur siqaret yandırdı, ayrı şeylər barəsində düşünmək istədi, amma nə qədər cəhd etsə də bacarmadı. Təhminə gəlib dururdu gözlərinin qarşısında. Otağı, divanı. Təhminə də əlləriylə dizlərindən tutub oturub divanın üstündə, musiqi dinləyir, konyak içir və xısın-xısın ağlayır. Bəlkə götürüm zəng eləyim ona? Telefon budur bax, əlimin altındadır, dəstəyi götürüb altıca rəqəmi yığmaq, vəssalam. Zəng vurub danışım. Ya heç danışmayım, zəng vurum səsini eşidim, asım. Bəs birdən telefonu cavab vermədi?... Birdən yoxdur evdə?.. Bu gün bazar ertəsidir, işləmir, evdə olmalıdır. Bəs birdən olmadı evdə?.. Evdə deyilsə, hardadır bu vaxt? Deməli, yenə bu barədə - Təhminənin harada olması barədə düşünəcək, deməli, yenə də biganə deyil buna, yenə də həyəcanlanacaq. Yaxşısı budur heç zəng vurmayım. Sabah zəng vuraram... Doğrudan da sabah zəng vurmaq olar... Elə bil bu fikirdən yüngülləşdi Zaurun ürəyi, ürəyindən asılmış daş qırılıb düşdü sanki. Sabah hökmən zəng vurar - bu fikirdən elə sevindi ki, sanasan itirdiyi, bir də görüşəcəyinə heç bir ümid bəsləmədiyi bir adama təsadüfən yenidən rast gəlib... Sabah zəng eləyər - yarıciddi, yarızarafat üzrxahlıq eləyər - hər halda o şilləni nahaq vurdu - bəli, zarafata salıb üzrxahlıq eləyər, sonra görüşməyi təklif edər. Əgər Təhminə ayrılmaqlarını, doğrudan da, ürəyinə salıbsa, doğrudan da iztirab çəkirsə bu ayrılıqdan, onda mütləq razılaşacaq, görüşəcəklər... Ümumiyyətlə, gələcəkdə də tez-tez görüşə bilərlər - amma indi daha tamam başqa cür - Zaur daha ayıq olar, bir də tələyə düşməz. Yazıq valideynlərini də incitməsin daha gərək... Sinləri də o sinn deyil, səhhətləri də... Zaur bundan sonra gərək tam ayıq başla davransın. Ayrılmağımızı istəmirsən, görüşmək istəyirsən, çox yaxşı, mən də razı, amma daha gərək hər görüşümüz gizli olsun, aləmə car çəkməyək. Həm də hər ikimiz dəqiq bilək ki, bu görüşlərin məhəbbətəfilana dəxli yoxdur, qadınla kişinin, erkəklə dişinin cinsi görüşləridir bu, vəssalam, şüttəmam... Və belə olan surətdə Zaurun nə borcuna Təhminəyə kim zəng vurur, kim vurmur, işdə olmayanda hardadır, harda deyil? Bir sözlə, onların münasibətləri ilk vaxtlarda, ilk görüşlərində necəydisə elə davam eləməlidir - nə məhəbbət gərəkdir Zaura, nə sədaqət. Yalnız elə-belə xoş görüşlər. Təhminə də buna razıdırsa, çox əcəb, görüşərlər, razı deyilsə... Nə deyib razı olmayacaq. Mədinə demirdi ki, ölüb əldən gedir?.. Səhər işdədir, axşam tərəfi zəng vuraram. Deməli, sabah zəng vuracam... Bu xoş fikirlə Zaur yuxuya getdi. Səhər ertədən oyandı, əl-üzünü yudu, mətbəxə keçdi. Zivər xanım oğluna çay tökəndə. -Bilirsən ki, atan sənə hədiyyə alıb? - dedi. – Əhd eləmişdi ki, sən evə qayıdan gün versin, amma deyəsən, utanır. Mənə deyir ki, sən de. Zivər xanım balaca açarı Zaura uzadaraq: -Get, bax, - dedi. - Qarajdadır. Yüyürə-yüyürə qaraja tərəf gedərkən Zaurun ürəyi nanə yarpağı kimi əsirdi, yox, yanılmamışdı, qarajda köhnə "Moskviç"in yerində par-par parıldayan təzə "Volqa" dayanmışdı. *** Nahar vaxtı atasıyla bir azca çaxır içdilər. Məcid bircə qurtum aldı, sağlıqsız-filansız qədəhini Zaurun qədəhinə toxundurdu və Zaur başa düşdü ki, atası onun evə qayıtmasının şərəfinə qaldırır bu badəni. Sonra atasının tezliklə sağalması şərəfinə içdilər. Zivər xanımın sağlığına içdilər ki, belə dadlıləzzətli plov bişirib. Hətta, kooperativ mənzilin şərəfinə də badə qaldırdılar. Sonra atası öz otağına keçdi. Zaur da dedi ki, istəyirəm bir maşını havaya çıxardım. Anası təlaşla: -Axı içmisən? - dedi. -Əh, nə içmişəm ki, iki-üç rumka yüngül çaxır da içməkdir? Tez qayıdacam. On beşinci fəsil Qeyr ilə hər dəm nədir seyri-gülüstan etdiyin? Bəzm urub, xəlvət qılıb, yüz lütfü ehsan etdiyin? Əhd bünyadin mürüvvətdirmi viran etdiyin, Hanı, ey zalım, bizimlə əhdü-peyman etdiyin? Cürümümüz noldu ki, bizdən eylədin bizarlıq? Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq. Sizdə adət bumudur? Böylə olurmu yarlıq? Hanı, ey zalım, bizimlə əhdü-peyman etdiyin?! Birdən-birə arıqlamış adam köhnə pencəyinin genliyini duyan təkin Zaur da sürdüyü maşının dəyişmiş ölçülərini hiss edirdi. Qarajdan həmişəki kimi "Moskviç"i deyil, təzə "Volqa"nı çıxararkən, maşının böyürləriylə qarajın qapısı arasındakı məsafəni elə ölçüb-biçməliydi ki, par-par parıldayan maşınını cızmasın. Odur ki, sol tərəfdən - sükan tərəfdən az, o biri tərəfdən isə çox məsafə saxlayırdı. Qarajın qapısı, doğrudan da, "Volqa" üçün bir az darısqal idi, metal çərçivəyə sürtülüb cızıla bilərdi maşın, amma bir yandan baxanda "Volqa" qarajın içinə elə bu qapıdan girmişdi də, özü də cızılıb-eləməmişdi. Görəsən kim salıb onu qaraja? Birdən ağlına gəldi: Spartak. Əlbəttə, Spartak. Axı anası deyirdi ki, Spartak köhnə "Moskviç"i satmağa (təbii ki, öz qiymətinə, mağaza vasitəsilə) kömək eləmişdi atasına. "VolqaUnı da gedib Spartakla birlikdə seçmişdi atası. Maşını həyətlərinə Spartak sürüb gətirmişdi, qaraja salmışdı, nömrə almaqda da fəal iştirak etmişdi. Zaur şəhər küçələrini bir-bir keçdikcə böyük və güclü maşına get-gedə daha çox alışır, hətta, isnişirdi. Doğrudur, hələ tam ram etməmişdi bu maşını, "Moskviç"in vərdişi hələ hakim idi əllərinə, ayaqlarına. "Moskviç"dəki pedallara, sükanlara bənzəyən pedalları, sükanları "Moskviç"ə vərdişli ayaqları, əlləriylə idarə edirdi, amma eyni hərəkətlərdən daha sürətli, daha güclü nəticələr alınırdı. Zaur onu da bilirdi ki, qısa müddətdən sonra bu maşınına da tamamilə məhrəm olacaq, onun hər sirrinə, xususiyyətlərinə, hər cür cəhətinə bələd olacaq və gələcək həyatının ən böyük sevincləri də məhz bu "Volqa"yla bağlı olacaqdı. "Moskviç"i sürərkən ona bu qədər tanış görünan küçələr indi elə bil birdən-birə darısqal və qısa olmuşdu və Zaur bilmirdi: bu tinə çəpəki, kəsə yolla burulsa "Volqa"nın quyruğu səkidəki qəzet köşkünə ilişməz ki görəsən? Şəhər küçələrinin, döngələrinin, dalanlarının torundan qurtulmağa can atırmış kimi, bivec piyadaların, xam sürücülərin, qırmızı işıqforların, qadağan işarələrinin hökmündən xilas olmağa çalışaraq maşını şəhər civarına tərəf yönəltdi. Get-gedə maşını daha çox öz iradəsinə tabe etdiyini böyük şövqlə duyur və açıqlığa, gedişgəliş az olan geniş yollara çıxdıqca sürəti hey artırır, başqa maşınları bir-birinin ardınca ötüb keçirdi. Geniş, rahat aerodrom yoluyla sürdükcə fərəh və asudəlik hissi onu daha artıq çulğalayırdı və özü də hiss etmədən şəhərdən uzaqlaşdıqca uzaqlaşır, Abşeronun şimal sahillərinə tərəf üz tuturdu. Ağlına gəldi ki, çoxdandır - daha doğrusu yay aylarında Təhminəylə birgə çimərliklərə getdiyi vaxtdan bəridir - bu yolla getməyib. Son həftə ərzində ilk dəfə idi ki, Təhminə haqqında sakit, həyəcansız, ağrısız düşünürdü. Dünənki müdrik qərarını bir də götür-qoy edir və bir də əmin odurdu ki, doğrudan da, çox ağıllı fikrə gəlib - Təhminəylə əlaqəni, münasibətləri tamam kəsmək lazım deyil, amma məbadə əvvəlki dəli divanəliyə, məcnunluqa qayıdasan ha. Hər şey əndazəsində, dəqiq ölçülüb-biçilmiş olmalıdır; hərdənbirdən zəng eləyər Təhminəyə, arabir görüşərlər, hər ikisiyçün yaxşı olar belə bir əlaqə. Yəni əslində elə münasibətləri də bu cür başlanmışdı da - hər şey necə də xoş idi, sakit idi, ta o vaxtacan ki, Zaur özü öz axmaqlığı və əbləhliyi ucundan xam xəyallara düşdü, başını cürbəcür səfeh fikirlərlə doldurdu: nə bilim, əsl məhəbbətdir bu, həqiqətən sevirəm. Qısqandı, ağrıdı, başı daşdan-daşa dəydi, hardan axı beyninə batdı ki, səadətə çatıb? Və sonra da qorxmağa, əsməyə başladı ki, birdən bu səadət deyil, aldanmışam, ya aldadılmışam. Axı səadət yalnız tək bir xoş anlar deyil ki... Səadət həm də dəhşətli qorxu anlarıdır - həmin bu səadəti itirmək qorxusundan müc olub qaldığın dəqiqələr... Bir neçə xoşbəxt dəqiqələrin qorxusunu, nigarançılığını saatlarla, günlərlə, həftələrlə, aylarla çəkməkdənsə tamam səadətsiz-filansız yaşamaq yaxşıdır. Əvvəllər elə belə görüşəndə və bu görüşlərdən sonra ayrılanda, bir-birləriyçün mövcud olmurdular artıq. Amma sonralar - bütün bu dolaşıq duyğular onun qəlbinə hakim kəsiləndə Təhminəni görmədiyi hər saat, Təhminənin harada olduğunu bilmədiyi hər dəqiqə min bir qara-qura şübhələrlə, bəd-bəd gümanlarla dolu olurdu. Sahil qəsəbələrinin içiylə sürürdü maşını. Dəvə belinin donqarlığını xatırladan cütbacalı yastı damlar, yel dəyirmanları, kələ-kötür daşlardan hörülmüş hasarlar, tikan kollarından qurulmuş çəpərlər, talvarlara dırmaşdırılmış meynələr, küləyin süpürüb divar dibinə yığdığı qum təpəcikləri - bütün bu qərib, həzin payız mənzərələri keçib getmiş günləri xatırladırdı - onların ilk görüş çağlarını - közərmiş ehtiraslarsız, itkilərsiz, uçqunlarsız xoş günləri... Uzaqda Murtuzovgilin bağları, evlərinin əyri eyvanı görünürdü. Bir dəfə Təhminəylə bura gəldikləri, içəri girdikləri yadına düşdü, hasarın yanından buruldu və dərhal əyləci basdı: az qala alaqapının ağzında dayanmış başqa bir maşınla - çəhrayı "Volqa"yla toqquşacaqdı. Bir an sonra Zaur dərk elədi ki, Murtuzovgilin qapıları qabağında dayanmış bu çəhrayı "Volqa" Spartakın maşınıdır... Zaur ehmallıca öz maşınını dar küçədə Spartakın "Volqa"sının yanından keçirtdi. Dar dalandan burulub gen yola çıxandan sonra fikirləşdi ki, ilin bu vaxtında Spartakın bağda nə işi var, görəsən. Sonra ağlına gəldi ki, bəlkə Spartak tək gəlməyib bağa, saysızhesabsız cananlarından biriylə gəlib... Zaur dəniz sahilinə çıxdı... Hava tutqun deyildi, amma dekabr dənizi, adamsız sahil payızın son nəfəsindən, qışın əvvəlindən xəbər verirdi. Haradasa sahilin bir tərəfində balıqçı komaları vardı və Zaur düşündü ki, indi bu komaların içində olmaq ayrı ləzzətdir - sahil soyuq olsa da, komalarda yəqin isti soba qalayıblar, pəncərələrdən baxırlar dənizə... Zaur maşınını sahil boyu sürəndən sonra yenidən şoseyə çıxdı. Qumlu sahilin təhlükəli yumşaqlığından sonra beton avtostradanın möhkəmliyi arxayınlıq hissi aşılayırdı, sürəti artdıqca artırmaq istəyi oyanırdı. Yol, demək olar ki, boş idi, təkdənbir maşınlar keçirdi. Yolun hər iki tərəfində plakatlar, çağırışlar, şəkilli diaqramalar vurulmuşdu. Şəkillərdən birinin üstündə eyni boylu, eyni biçimli, eyni cür ağaclar çəkilmiş, "Qəsəbəmiz nümunəvi olsun" sözləri yazılmışdı... Zaur qarşısında uzanmış geniş yolu seyr edir və get-gedə sürəti artırırdı - uzaqdan ona tərəf gələn maşına diqqət verdi, maşın get-gedə yaxınlaşırdı və bu andan etibarən elə bil hər şey Zaura yuxu kimi, ləng sürətli nümayiş etdirilən film kimi gəldi - elə bil vaxt başqa ölçülərlə, başqa sürətlə axmağa başladı, gerçəklik ayrı cür, ayrı rənglə, ayrı işıqda qavranıldı - qarşıdan gələn maşın Spartakın çəhrayı "Volqa"sı idi. Sükanın arxasında Spartak oturmuşdu, onun yanında qadın oturmuşdu və çəhrayı "Volqa" Zaurun maşınının yanından ötüb keçəndə Zaur bu qadının kim olduğunu da təyin etdi... Zaur bir müddət də getdiyi istiqamətdə getdi, ürəyi çırpınıb yerindən çıxacaqdı elə bil, hələ hər şeyi sanki axıracan dərk eləməmişdi və nə edəcəyini, nə etmək lazım olduğunu da bilmirdi hələ. Yalnız iki yüz-üç yüz metr keçəndən sonra kəskin saxladı maşını, döndərdi və geriyə sürdü - əks istiqamətə. Çəhrayı "Volqa" xeyli uzaqlaşmışdı, dəmiryolu keçidi həndəvərində idi. Zaur başa düşdü ki, Spartak da əlbəttə ki, onu tanıyıb və sürəti artırıb. Hər halda yarım dəqiqə ərzində Zaur onları haqlayardı, amma Spartak dəmir yol keçidini ötən kimi şlaqbaum bağlandı və Zaur uzun çoxvaqonlu qatarın keçibgetməsini gözləməli oldu. Artıq hər şey Zaur üçün aydın idi. Çəhrayı "Volqa"nın nə səbəbdən ilin bu vaxtında bağ qapısında dayanmasının səbəbini də bilirdi. Zauru görən kimi sürəti artırıb ondan qaçmasının səbəbini də bilirdi. Şlaqbaum düşhadüşdə altından keçib uzaqlaşmışdılar, niyyətləri, məqsədləri bir idi - qaçmaq, vaxtı udmaq, məsafəni udmaq, bir sözlə, hər şeyi udmaq. Həyat adlanan bu oyunda Zauru udmaq, ona qalib gəlmək. Qalib gəlmək və gülmək Zaura - sadəlövh, hər şeyə inanan axmaq Zauru doyunca lağa qoyub gülmək - onun sadədilliyinə gülmək - "ay nə bilim, Zaurik, sən bizə gələn gün oboylar çiçək açdı, ay Zaurik, səni belə sevirəm, sənə sadiqəm, mən nə bilim nə". Hər şey, hər şey, hamısı, bütün sözləri, nəvazişləri, göz yaşları-hamısı yalan imiş, pozğun, əxlaqsız qadının mahir işvələri, fəndləri, tələləri və hiylələriymiş, vəssalam... "Çərşənbə axşamı məşqdəyəm. Çərşənbə axşamıdır bu gün, bu imiş demə bunun məşqləri - Spartakla bağa getmək. Hər çərşənbə axşamı məşq adıyla bu bağa gəlirmiş yəqin, axmaq Zaur da divanın üstündə uzanıb onu gözləyirmiş, ay-hay... Əcəb olur sənin kimi axmağa. Sən orda divanda uzanıb siqaret çəkirdin, onlar isə burda, bu bağda həmin otaqda - ikisi... Təhminəylə Spartak... bu fikirlərdən, xəyalında canlanan bu səhnələrdən dəli olurdu Zaur və bu an maşınını qarşısından taqqataraqla ötən qatarın üstünə sürmək, toqquşmaq, əzilmək, parçalanmaq, həlak olmaq istəyirdi, amma eyni zamanda o iki nəfərdən hayıfını çıxmamış bu dünyadan köçmək də istəmirdi heç cür. Qatarın vaqonları qurtarmaq bilmirdi. Zaur bu vaqonlara baxıb, yenə də həmin o bağ otağını. Spartakın qolları arasında çırpınan Təhminəni görürdü və bilmirdi ki, bu Qatar haçan keçib qurtaracaq, Zaur haçan bu keçidi adlayacaq, onları haqlayacaq. Hər şeyin, bütün yaralarının, təhqirlərin, ona elədikləri bütün yamanlıqlarının hayfını çıxacaq. Hiddəti, əsasən, Təhminəyə aid idi. Qəribədir ki, Spartak haqqında, hətta kinsiz düşünürdü. Spartak Zaurdan daha dünya görmüş adam imiş, daha bic, daha fərasətli, daha təcrübəli imiş, vəssalam. Spartak kimisini hər cürə yağlı dillərlə aldatmaq olmaz. Zaur təki axmaq deyil ki, hər sözə inansın, hər saxta mehribançılığı həqiqət bilsin, hər hiyləni doğru saysın. Təhminənin bütün fəndlərinə, pişik tumarlarına, nəvazişli pıçıltılarına Spartak ancaq gülərdi, "mənə yox, mənə gəlmə" deyərdi və əcəb də edərdi, afərin Spartak. Spartak kimi olmaq lazımdır belə Təhminələrlə... İndi Zaur Təhminənin hər bir hərəkətini, hər sözünü, evdə olmadığı hər saatı - yalanla, fırıldaqla, saxtakarlıqla və riyakarlıqla bağlayırdı və yaddaşı qəsdən ona müxtəlif sübutlar, faktlar, xatirələr təqdim edirdi. Bu lənətə gəlmiş qatar, nəhayət ki, keçib getdi... Qalın sırıqlı pencək geymiş dolu bədənli qadın yoğun kəndirli çarxı hərləməyə başladı, şlaqbaum yavaş-yavaş qalxdı. Zaur maşını hərəkətə gətirib, qalxmaqda olan şlaqbaumun altından keçdi. Sürət göstərici saatda 130-la 140 kilometr arasında gedib-gəlirdi. Bir azdan çəhrayı "Volqa"nı qabaqda, aeroporta dönən yolun ayrıcında gördü. İndi əmin idi ki, çatacaq onlara, ancaq, görünür, onlar da Zaurun maşınını görmüş və sürətini artırmışdılar, elə bil məsafə azalmırdı iki maşının arasında, elə bil bir ölçüdə donub qalmışdı aralarındakı məsafə... Zaur qazı tam dibinəcən basdı və artıq onların maşınları bir-birinə toxunacaq dərəcədə yaxınlaşmışdı. Zaur düşündü ki, indicə sükanı bir balaca sağa əysə, belə dəhşətli sürətlə çəhrayı "Volqa"ya ilişdirsə maşınını, hər iki maşın kəllə-mayallaq aşacaq və hər üçü lap yəqin həlak olacaq. Bu üçlükdə ölüm tragikomediyanın məntiqi sonluğuydu. ...Ancaq baş vermədi bu sonluq... Spartakın əsəbləri tab getirmədi, sürəti aşağı saldı. Zaur onların maşınını keçdi, təqribən iki yüz metr qabağa çıxıb sürəti kəskin azaltdı, sonra tamam saxladı maşınını və yanböyrü qoyaraq yolu kəsdi. Spartak da kəskin saxladı və çəhrayı "Volqa" lazlarla sürüşüb Zaurun maşınının lap yanında dayandı. Zaur maşından çıxıb, onlara tərəf getdi. Spartak da maşından düşdü, amma yerindən tərpənmədi, "Volqa"sının qanadına dirsəklənib dayandı. Paltosuz idi, əynində mixəyi kostyum vardı, köynəyinnn yaxası açıq idi. Günün qürub çağında Zaur Spartakın bütün qızıllarını aydın görürdü – qızıl saat, qızıl üzük, boynundan tüklü sinəsinə sallanmış qızıl zəncir... İki qabaq dişi də qızıl idi... Spartakın rəngi qaçmışdısa da, üzündə təbəssüm vardı, cibindən qızıl portsiqar çıxardı, siqaret qoydu damağına, alışqanla yandırdı. Zaur alışqana da fikir verdi; "Ronson" idi - bəlkə bu da Təhminənin hədiyyəsidir. Zaur özü də təəccüblənirdi ki, indi, bu anlarda ən xırda təfərrüat da yayınmırdı diqqətindən... Təhminə tərəfə baxmırdı. Amma gözünün qırağıyla onu görürdü. Təhminə maşının içində hərəkətsiz oturmuşdu, donub qalmışdı sanki. Spartak siqareti diliylə yuxarı dişlərinin arasında tutmuşdu, ağzı da açıq idi. Bir az təlaşlı, amma həmişəki kimi sitizə təbəssümlə: -Nə oldu? - dedi. - Sınadın təzə maşınının sürətini? Əntiqə maşındı, doğrudan... Çox mübarək, sağlığına qismət olsun. Zaur bu sözlərdə murdar bir istehza duydu və yanaşıb Spartakın çənəsinə bir yumruq ilişdirdi: Spartak səndirlədi, amma yıxılmadı, dişləri bir-birinə dəyib siqareti qırdı, siqaretin közərən başı Spartakın köynəyinin açıq yaxalığından sinəsinə düşdü, köz sinəsəni, qarnını, yandırdı. Spartak əlini tələsik yaxasından içəri salıb sıqareti axtarmağa başladı: çox məzəli idi onun bu hərəkətləri. Spartakdan odekolon iyi gəlirdi. Nəhayət, siqareti tapdı, çıxartdı ordan, kənara atdı. Daha təbəssümdən əsər-əlamət qalmamışdı sifətində, tez maşının qapısını açdı, əlini paltosunun cibinə saldı. Həmin andaca maşının o biri qapısı açıldı və Təhminə bayıra sıçrayıb, tələsik addımlarla Zaura tərəf qaçdı. Zaur Təhminəyə tərəf baxmırdı, paltosunun cibindən bıçaq çıxarıb gələn Spartaka baxırdı. Bıçaq fin bıçağı idi, tiyəsi uzun və itiydi. Zaur fikirləşirdi ki, Spartak zərbə vurmağa cəhd etməmişdən bir an qabaq təpiklə onun qarnından ilişdirmək lazımdır və elə bu an özüylə Spartakın arasında Təhminənin mavi paltarını gördü. Moskvada Kino evinin restoranında həmin bu paltarda idi və bu paltarı Təhminənin bütün başqa paltarlarından daha çox sevirdi Zaur. Təhminə Spartakı bərk-bərk qucaqladı, onun bıçaq tutmuş əlindən yapışdı və kəsik-kəsik: -Qurban olum, Spartak, qurban olum sənə, - deyə-deyə maşının qapısına tərəf itələməyə başladı. Zaur düşündü ki, əlbəttə, Spartak çox istəsəydi Təhminənin əllərindən qurtula bilərdi, itələyə bilərdi bir qırağa Təhminəni, amma, görünür, özü də buna cəhd eləmirdi: düzdür özünü elə göstərirdi ki, guya Zaurun üstünə cummağa çalışır... Sağ əliylə Spartakın bıçaq tutan əlindən bərk-bərk yapışmışdı Təhminə, sol əliylə isə maşının qapısını açırdı. Qapını açan kimi yenə də sol əliylə Spartakı oxşaya-oxşaya, sığallaya-sığallaya və tələsik-tələsik ona nə isə deyə-deyə maşına dürtmək istəyirdi. Sözləriylə, əlləriylə, Zauru qoruyan tarım bədəninin bütün qüvvətiylə Spartakı birtəhər maşına saldı və dərhal qapını çırpdı. Başını qaldırmadan, bir kəlmə dinib danışmadan Zaurun qabağından keçdi, sağ qapıdan maşına mindi, oturdu. Maşının içində də nə isə danışırdılar hələ. Zaur isə durduğu yerdəcə dayanmışdı, gözləyirdi, onlardan qabaq çıxıb getmək istəmirdi. Nəhayət, Spartak motoru işə saldı, maşını çevirib əks istiqamətdə sürdü - dənizə tərəf, sahilə tərəf - bəlkə də əyri eyvanlı bağ evinə sarı... *** "Əcəb axmağammış, ilahi, adam da belə axmaq olarmış!". Şəhərə yaxınlaşdıqca fikirlər, sözlər Zaurun beyni içində qaynam-qaynam qaynayırdı. "Belə bir fahişənin üstündə mən iztirab çəkirdim, ürəyimə salırdım hər şeyi... Nəyimə lazım idi mənim o? Hardan beynimə salmışdım ki, bu cür qadını sevmək olar? Bütün o şirin dilləri, o yağlı sözləri, vədləri – hamısı başdan-ayağa fırıldaq imiş... Gör özü də kimnən - Spartakla!!! Aman allah, Spartakla ha... Gör bir fırıldaqçılığa bax, sən allah, necə də yalanlar tapıb deyirdi e... "maşınını qəsdən mənim evimin qabağında saxlayır... Ay səni... heç eybi yoxdur. Atamın oğlu deyiləm, bu hayfı onda qoysam... Necə eləyəm, onu elə yandıram, elə yandıram ki, cızdağı çıxsın... Spartakı qucaqlamışdı, guya məni onun bıçağından qoruyur, tüpürüm onun özünə də, bıçağına da. Amma ənginə əntiqə qoydum Spartakın, siqareti də qarnına düşdü, ləzzət elədi mənə... O gün elə Təhminəyə də yaxşı çəkmişəmmiş, yerində lap... İtin qızı it... heç eybi yoxdur... İndi mənə gülürlər, yəqin gediblər bağa, mənə gülürlər, daha da cuşa gəlirlər... Kef çəkirlər... gülün, heç eybi yoxdur, görək axırda kim güləcək... Məni, demək, aldatdınız da öz aləminizdə?.. İndi görək axırda kim-kimi aldadacaq... Zaur xəyal elədi, uzaq gələcəyi gətirdi fikrinə, bir gün haçansa, çox-çox illər sonra Təhminəyə rast gələcək, Təhminə lap qoca və eybəcər olacaq, amma qəmli-qəmli Zaura baxıb: - Zaurik, sən bizim hamımızdan bic çıxdın, - deyəcək - hamımızı aldadıb hamımıza doqquz qoydun, - deyəcək... Zaur da belə yuxarıdan aşağı baxacaq ona, etinasız gülümsünəcək, yəni ki, bəs sən nə bilmişdin Zauru? Amma bu çox-çox illər sonranın işiydi hələ, indi, bax indi neyləsin ki, Təhminəni yandırıb-yaxsın, kabab eləsin, hə? Şəhərin küçələriylə sürürdü artıq. Şəhərə gecə düşmüşdü. *** Təəccübdən Zivər xanımın ağzı açıla qalmışdı. -Ciddi deyirsən? Zaur: -Əlbəttə, ciddi deyirəm, - dedi. - Heç bu boyda da zarafat olar? Axır vaxtlar çox fikirləşmişəm bu barədə, çox götür-qoy eləmişəm... Mənzil də hazırdır... Odur ki, başlayın görək fəaliyyətə. Zivər xanım: -Çox gözəl, - dedi. - Elə günü sabah elçi göndərərik. Amma sonra fikrini dəyişməzsən ki? - Zivər xanım bir qədər ehtiyat edirdi: axı Zaurun qərarı çox gözlənilməz idi. Zaur: -Uşaq-zad deyiləm ki, fikrimi dəyişəm, - dedi. - Belə şeylərnən zarafat eləmək olmaz. Anası tələsik mətbəxə keçdi, geri qayıtdı... Nə isə axtarırdı, amma heç özü də bilmirdi ki, nə axtarır - sadəcə olaraq karıxmışdı arvad, başını itirmişdi elə bil, nə edəcəyini bilmirdi... Nəhayət, Zaura yanaşdı, diqqətlə, uzun-uzadı oğlunun gözlərinə baxdı və onu öpdü: -Sən mənim ağıllı balamsan, - dedi. - Mən elə bilirdim ki, allah insafsızlıq eləməz bizə qarşı, hər şey yaxşılığnan qurtaracaq... Sənin boyuna qurban olum mən... Atan da, bilirsən, necə sevinəcək... Day qızgili demirəm, əməlli-başlı bayram olacaq onlarçün. Alyanın ən böyük arzusuydu da bu. Zaur televizorun qabağında əyləşdi, xokkey oyununu gözləyirdi... "Amma bunu doğrudan əntiqə fikirləşdim ha, - deyə öz-özünə düşünürdü, - bomba kimi partlayacaq bu xəbər, bəzi-bəzi adamların yandırıb cızdaqların çıxaracaq... Doğrudan da, "ey həyat, sən nə qəribəsən...". Nə gözəlsən, ey həyat, cavan, güclü, sağlam olmaq nə gözəl şeymiş... Həm də sərbəst, azad olmaq, istədiyin kimi hərəkət eləmək, heç kəsdən asılı olmayasan, əksinə, səndən asılı olsunlar. Həm də bütün ömrün irəlidə olsun... Əla..." Doğrudan da, məgər onun həyatı əla, əladan da əla deyilmi - əntiqə təzə maşını var, əntiqə təzə mənzili olacaq, istədiyi kimi bəzəyəcək bu təzə mənzilini - ekspedisiyalardan qəribə, əcaib daşlar gətirəcək, meşələrdən əcaib budaqlar toplayacaq, maqnitofona quşların, meşənin, çayların, küləyin, dənizin səsini yazacaq, mənzillərini təbiətin gözəl bir guşəsinə çevirəcək. Uzaq ölkələrə səyahətlər edəcək, oradan da maraqlı şeylər gətirəcək - Afrika maskaları, yapon kuklaları, hind taxta fiqurları... Bütün dünyanı, bütün ölkəni gəzəcək, evdə də sağlam, xoşbəxt ailəsi olacaq - gül kimi təmiz arvadı, səliqəli, tərbiyəli, sağlam, xoşbəxt uşaqları, qoy gözü götürməyənlərin gözləri kor olsun; yansınlar, cızdaqları çıxsın paxıllıqdan, həsəddən. *** Yeddidə yığışmağa başladılar... Məcidin əmisi oğlu professor Bəhram Zeynallı gəldi. Şahin gəldi. Zivər xanımın dayısı gəldi... Dadaşın gəlməsi Zauru təəccübləndirdi, amma Zivər xanım oğlunu mətbəxə dartdı: -Sən allah, hirslənmə, - dedi. - Dadaşa bilirsənmi niyə görə demişik, çünki onlar tərəfdən Murtuzun bacanağı olacaq - Nemət, o da sizin nəşriyyatda işləyir, özü də Dadaşın əlinin altında: qoy onlar tərəfdən işçi olsun, bizim tərəfdən bu işçinin böyüyü - həm də Dadaş dilli-dilavərdir, sənin dədən kimi hər sözü kəlbətinlə çıxartmaq lazım deyil ağzından, qoy bir az meydan sulasın, səni tərifləsin orda. -Məni tərifləmək nəyə gərəkdir axı... Məni tanımırlar bəyəm? -Tanımağına, əlbəttə, tanıyırlar səni. Amma onlar da tək özləri olmayacaq ha. Onların tərəfindən də yəqin yad adamlar olacaq, gərək onların yanında səni də, elə bütün ailəmizi də bir əməlli-başlı təqdim eləyən olsun da. Odur ki, Dadaşa qaşqabaq eləmə, boyuna anan qurban. Zaur yorğun tərzdə: -Qaşqabaq niyə eləyirəm ki?.. Dadaş deyirsiz Dadaş olsun, mənimçün nə təfavütü var. Səkkizçün elçilər Murtuzovgilə yollandılar. Zaur isə krossvord doldurmağa başladı... Afrikada "K" hərfiylə başlanan on hərfli şəhəri heç cür yadına sala bilmirdi... Elçiliyə, təbii ki, ancaq kişilər getmişdi, qadın qohumlar isə Zivər xanımla mətbəxdə laqqırtı vururdular. Zaur sözləri aydın eşitməsə də qadınların nə barədə, nədən danışdıqlarını çox gözəl təsəvvür edirdi - qadınlar gah bərkdən məmnun-məmnun gülüşür, gah xısın-xısın pıçıldaşırdılar. *** -Yəni ki, Zauru xüsusi təqdim eləməyə ehtiyac da yoxdur. - Dadaş danışa-danışa çaydan qurtum-qurtum içir, qəndi dişləri arasında xırçıldadırdı - hamımızın gözü qabağında böyüyüb... Ailəsini də, maşallah, yaxşıca tanıyırsız, deyir, qonşu qohumdan yaxın olur adama, amma qonşu həm də qohum ola, görün bu da nə aləmdir də... Ha, ha, ha, zarafat bir yana. Məcid müəllim görkəmli alimlərimizdəndir, gözəl ailə başçısıdır, ailəsi də - demək artıqdır - ən təmiz, ən gözəl, mərifətli, qanacaqlı, sağlam ailələrdəndir. Ot da ki, bilirsiz, öz kökü üstündə bitər. Belə bir ailədə boya-başa çatmış oğul da, necə deyərlər, layiqli cavandı, hansı tərəfdən götürürsüz götürün - savadı, biliyi, tərbiyəsi, böyüknən böyükdür, kiçiknən kiçik. İki ildir bir idarədə çalışırıq – kollektiv arasında da əməlli-başlı nüfuz qazanıb, cavan olmasına baxmayaraq. Xasiyyəti ipək kimidir, ürəyi təmizdir, şəxsən mən bunu nöqsan saymıram, amma hər halda bunu Zaura nöqsan bilən varsa, nə olar, yaşa dolduqca, necə deyərlər, bərkə-boşa düşdükcə, şübhəsiz, təcrübəsi də artacaq. Hər halda böyük gələcəyi var Zaurun. Bilirsiz ki, pis adamçün sizin kimi hörmətli adamların qapısına elçi düşməzdik... Burda görürəm mənim dostum, Nemət müəllim də əyləşib, o da necə deyərlər, qız evinin adamıdır, amma eyni zamanda biz hamımız iş yoldaşlarıyıq, elə Nemət də Zauru yaxşı tanıyır və mənim sözlərimi təsdiq edə bilər. Nemət nə isə dodaqaltı mızıldandı, yəqin ki, Dadaşın sözlərinə şərik çıxdığını ifadə etməliydi. Murtuz pörtmüşdü, fısıltıyla ağır-ağır nəfəs alırdı. Bir az doluxmuşdu elə bil, axı hər halda ilk dəfəydi elçi qəbul edirdi. Amma o biri bacanağı Cabbar özünü çox fəal aparır, Dadaş danışdıqca: "bəli, bəli, qəşəng, qəşəng", - deyə replikalar verirdi. Nəhayət Dadaş nitqinə balaca bir ara verdi və Cabbar gözlərini Murtuzun üzünə zillədi. Murtuz yüngülcə başını tərpədən kimi Cabbar tələsik üyüdüb tökməyə başladı: -Bizimçün də böyük şərəfdir ki, sizin kimi mötəbər adamlar elçi gəlibsiz qapımıza. Zauru hamımız tanıyırıq, mərifətli, qanacaqlı cavandır. Siz də, şübhəsiz ki, Murtuzovlar ailəsinin yaxşı tanıyırsınız. Yəni Balayeviçi respukablikamızda kim tanımır axı? Görkəmli sərkərdədir, hərbi xadimdir, Firəngiz qızımız gözlərimiz qabağında böyüyüb. Doğrudur, indiyəcən onun səsini eşitməmişik, indiki At Balaxanım qızların tayı deyil, dindirirsən qıpqırmızı qızarır, başıaşağı, utancaq bir baladır, mən deyərdim qönçədir, fidandır, hələ gül kimi açılmayıb... Hamımız belə düşünürük ki, bu gözəl, göyçək cavanlar xoşbəxt, qəşəng ailə quracaqlar: Allah xeyir versin... Hamı gülümsündü, "allah xeyir versin" dedi və bir dəqiqə sonra Alya, Tahirə və Sürəyya armudu stəkanlarda çay gətirirdilər, bu səfər bütün çaylar şirin idi. Dadaş, başqa elçilər, ev adamları adət üzrə qaşıqları stəkanların içində şaqqıldada-şaqqıldada hərləməyə başladılar, hamı bir-bir Məcidi, Murtuzu, Alyanı təbrik etdi. Dadaşla Nemət isə nəşriyyatın işlərindən söhbətə qurşandılar... Saat doqquzda, elçilər gülə-gülə, bərkdən danışa-danışa qayıtdılar. Hamıdan qabaq içəri Dadaş girdi, Zauru da hamıdan qabaq o təbrik elədi... Deyəsən, Zauru marçıldadıb öpmək fikri də vardı Dadaşın, amma Zaur birtəhər üzünü kənar elədi və bu an Afrikadakı "K" hərfiylə başlanan şəhər birdən-birə yadına düşdü: Kasablanka. On hərf. Əlbəttə, Kasablanka... *** Səhəri gün də qadınlar görüşdülər. Zivər xanım Alyagilə getdi və hər şey barədə ətraflı danışdılar. Zaur geoloji ekspedisiyaya düzəlmişdi, bir aydan sonra getməli idi. Məsələni çox da uzatmağın mənası yoxdur. Həm də ki, doğrusu, hər ikisinin - elə Alya xanımın da, Zivər xanımın da ürəkləri bir az səksəkəli idi, iraq-iraq birdən bir şey çıxdı, birdən, nə bilmək olur, Zaurun başına başqa fikir düşdü. Odur ki, on günün içində həm nişan, həm də toy eləmək qərarına gəldilər. Hər iki tərəf tədarükünü çoxdan görmüş, lazım olan hər şeyi çoxdan hazır edib saxlamışdı. Alya lap qızı dünyaya gələn gündən xırda-xırda ona cehiz toplamağa başlamışdı - parçalar, yorğan-döşək, bahalı örtüklər, qab-qacaq, duz qabına qədər - hər şey səliqə-sahmanla hazır durub, məqamını gözləyirdi. Doğrudur, bəzi iri şeyləri hələ alasıydılar - soyuducu, mebel, amma Spartak boyun oldu ki, üç günün içində nə lazımdırsa tapar, tapdı da - 12 əşyadan ibarət ərəb mebeli, fin mətbəxi, ZİL soyuducusu - bütün bunların xərcini də Spartak özü çəkdi, Cabbarla Tahirə televizor, Nemətlə Sürəyya büllur çilçiraq aldılar... Zeynallıgil də qıza və qızın qohumlarına bahalı hədiyyələr alıb hazır qoymuşdular (o cümlədən Spartak üçün kostyumluq parça). Böyük bir restoranda dəm-dəsgahlı toy üçün məbləğ də əmanət kassasında hazır idi, yetmiş adamlıq toy etmək fikrindəydilər. Alya xanım "azından əlli yeri gərək bizim olsun, - demişdi, - o qədər dost-tanış var ki... "Adət üzrə nişanı qız evi, toyu oğlan evi eləməliydi. Alya xanımla Zivər xanımın diplomatik danışıqları sülh və əmin-əmanlıq şəraitində keçdi, söhbətin axırında Alya xanım Zaurgilin ailəsini sabah günortaya nahara dəvət elədi. Ayaq açdıya. *** Zaur işdən qayıdırdı. Soyuqdu, adamın iliyinəcən işləyən xəzri əsirdi. Yağış da çisələməyə başladı. Zaur maşınını saxlayıb düşdü, şüşə süpürücülərini taxdı və avtobus dayanacağında büzüşüb durmuş Mədinəni gördü. Zaur: -Mədinə, - deyə çağırdı. - Gəlin oturun, aparım sizi. Mədinənin əlində iri və görünür, çox ağır zənbil vardı, işdən sonra adəti üzrə bazara dəymiş, ayın-oyun almışdı, Mədinə tələsik maşına yaxınlaşdı, keçib oturdu və: -Zaur, - dedi, - sizi allah yetirdi mənimçün. Əlimqolum qırılmışdı lap. Avtobus da gəlib çıxmaq bilmir. Bir yandan da bu yağış, külək... Zaur təbəssümlə: -Evə? - deyə xəbər aldı. -Əlbəttə... Day heç ümidim yox idi ki, bu zənbillə gedib evə çıxacağam. Zaur: -Necəsiniz? - deyə soruşdu. -Sağ olun. Pis deyiləm. Uşaq bir az nasaz kimidir. -Nə olub ki? -Qripdir də yəqin, həm də öskürür. -İndi bütün şəhər qripdir. Mədinə: -Hə, kimi dindirirsən, xəstədir, - dedi. – Maşınıvız təzədir, hə? Çox mübarək, sağlığıvıza qismət olsun. -Sağ olun. Mədinə susdu, tərəddüd keçirirdi; desin, deməsin, nəhayət, Zaura çəpəki baxaraq demək qərarına gəldi: -Hə, sizi təbrik edirəm, eşitdim evlənirsiz. Zaur: -Çox sağ olun, - dedi və siqaret yandırdı. İndi Zaur da soruşa bilərdi: -Qonşunuz necədir? -Təhminə? - Guya Zauru Mədinənin başqa bir qonşusu da maraqlandıra bilərdi. - O da xəstələnib yazıq. -Nədir ki? O da qrip olub? -Qara ciyəri xəstədir onun... İndi də xəstəlik şiddətlənib, deyirdim axı bədbəxt qızına - sənə içmək olmaz, qulaq asmır. - Mədinə susdu, sonra əlavə etdi. - Bəs görmürsünüz, day heç televizora da çıxmır ki. Zaur: -Mən televizora baxmıram, - dedi. Mədinə həvəslə: -Lap yaxşı eləyirsiz, - dedi. - Baxmalı nə var ki. Elə boş şeylər göstərirlər ki... Mədinə televiziya verilişlərindən danışırdı, onları pisləyirdi, amma Zaur istəyirdi, yaman istəyirdi ki, Təhminə haqqında desin yenə bir şey. Görəsən Təhminə danışıbmı Mədinəyə o gün, o bağ yolundakı görüşlərini, Spartakın bağlarından qayıdarkən Zaura rast gəlməsini?.. Mədinə indi də dünənki verilişi söyürdü. -O nə film idi elə?.. Heç həyatda belə şeylər olur bəyəm? Zaur: -Təhminə yatır yəni? - deyə soruşdu. -Yox, bu gün bir az babatdır, bəlkəm hələ işə də çıxdı,- birdən bic-bic gülümsünüb, - istəsəz axşam televizorda görə bilərsiz onu, - deyə əlavə etdi. Zaur: -Bəli, bununçün televizora baxmağa dəyər, - dedi. Mədinə: -Qara ciyəri xəstədir, o isə hər axşam içir, - deyə təkrar elədi. - İçir, musiqiyə qulaq asır. Gecəyarısı ayılıram, baxıram, görürəm işıq gəlir, özü də musiqi çaldırır. Zaur gülümsündü. Gəlib Təhminəgilin küçəsinə çıxdılar. Həmin o bağın yanından keçirdilər. O bağın ki, haçansa - yox, Zaur dəqiq tarixi də deyə bilərdi - iyunun 5-də, ilk dəfə burada bir saatdan artıq gözləmişdi Təhminəni. Axır ki, Təhminə gəlib çıxmışdı, ağ düyməli qırmızı paltarda idi Təhminə o gün, dəniz sahilinə getmişdilər və münasibətləri də bundan başlamışdı... Zaur çöl qapısının ağzında saxladı maşını. Həmin bu yerdə bir geçə Spartak saxlamışdı maşınını və Zaur da onun təkərini deşmişdi... Mədinə birdən dedi: -Zaurik, inanın mənə, bircə sizinlə xoşbəxt idi o yazıq, - Zaur bu sözlərə təəccüb qaldı. Sözlərdən daha artıq Mədinənin ona lap Təhminə təkin "Zaurik" deməsinə təəccüb qaldı. Çiyinlərini çəkdi Zaur. Mədinə maşından çıxaraq: -Çox sağ olun, - dedi. - Lap qanımın arasına girdiz. Allah sizi xoşbəxt eləsin. Zaur: -Dəyməz, canım, nə böyük iş imiş, - dedi və maşını ağırağır sürdü. *** Zivər xanım: -Sabah işdən bir az tez gəl, - dedi. - Alya xanım qonaq çağırıb bizi. Zaur başını tərpətdi. -Bu gün getmişdim Alyagilə. Hər şey barədə danışdıq. Məsələni uzatmağın nə mənası var? Şahin restoranla iyirmisinə danışsın. İyirmisi şənbədir... Zaur başını tərpətdi... -Firəngizlə görüşmüsən heç? Zaur təəccüblə: -Yox, niyə ki? - dedi. -Necə niyə? Day sənin adaxlındır da. Bir görüşəydin, kinoya, teatra, konsertə aparaydın bir onu. Zaur: -Axı hələ rəsmən nişanlı deyilik, - dedi. - Görən-bilən nə deyər... Yaxşı düşməz... Anası onun istehzasını ya başa düşmədi, ya da başa düşüb üzə vurmadı. -Orası elədir, - dedi. - Sabah gedərik evlərinə, ayaqaçdı olar, sonra da tez-tez sən onlara gedərsən, o bizə gələr, yəni elə nişana, toya nə qalıb ki, - anasının gözlərində sevinc, fərəh, qürur vardı və Zaurun ona yazığı da gəldi hətta. Zivər xanım özünü saxlaya bilməyib, "Ay allah, bunun boyuna qurban olum mən, - deyirdi, - pərvərdigara, çox görmə bizə bu xoşbəxtliyi". Sonra anası: -Gecən xeyrə qalsın, - deyə yatmağa getdi. Zaur isə televizoru qurdu... Filmin son kadrları bitdi, ekranda Təhminə göründü... Yoldakı o görüşdən sonra Zaur görməmişdi Təhminəni və mat qaldı: solub-soluxmuşdu Təhminə, arıqlamışdı, tamaşaçılara xeyirli gecələr arzularkən sifəti gülsə də, gözləri qəmlidən qəmli, kədərlidən kədərliydi. "Gecəniz xeyrə qalsın..." Zaurun yadına düşdü ki, Təhminə həmişə uzanıb-uzanıb qurtarmaq bilməyən gecələrin dəhşətindən danışırdı. "Səhərə necə çıxasan, necə dözəsən səhərəcən, ilahi", - deyərdi... Füzulinin bir beytini tez-tez təkrar edərdi: "Ey Füzuli, şam-ğəm əncamına yoxdur ümid. Bir təsəllidir sənə ol söz ki, derlər var sübh". Bəlkə bu sözlər də Təhminənin bütün başqa sözləri kimi saxtakarlıq, riya, yalan idi... Kim bilir... Zaur ekranda Təhminənin gözlərinin lap dibinə, dərinliyinə baxmaq istəyirdi, bəlkə həqiqət orada, ən gizli, ən uzaq bir dərinlikdə gizlənib, amma bu dəm yox oldu Təhminə. Ekran boşaldı və Təhminədən yalnız ağ-mavi bir boşluq qaldı, sonra o da qaraldı, tündləşdi, işıldayan bir nöqtəyə çevrildi, sonra o nöqtə da qeyb oldu. Hardansa Zaurun başına qəribə bir fikir gəldi: durub düşsün, maşınına minsin, getsin telestudiyanın qabağına, qarşılasın Təhminəni. Necə də sevinərdi Təhminə, bəlkə də o yalançı sevinc idi, amma hər halda, yalanmı, doğrumu bu sevinc, bu gözlənilməz, qəfil sevinc Təhminənin bütün varlığını çıraq kimi işıqlandırardı və bu çırağın şöləsində, istisində Zaur özü də qızınardı, yalan da olsa, doğru da - bu işıq, bu isti, bu sevinc... Bax bu saatca maşına minib getmək, telestudiyanın qabağına çatmaq və: -Xoş gördük, Təhminə - demək. Bundan asan nə var dünyada? Amma Zaur bilirdi ki, bundan mümkünsüz bir iş də yoxdur dünyada onunçün. Bu asan iş dünyada ən müşkül iş idi. Durub televizoru keçirdi... On altıncı fəsil Əgər tutsam qəmim eldən nihan, səbrü-qərarın yox, Və gər şərhi-qəmi-pünhanım etsəm qəmküsarın yox. Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyarım yox, Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? Zivər xanım: -Gözlərinin qadasını alım Zaur, - dedi. - Olan-olub, keçən-keçib, barış Spartakla... Day qohum olmusuz da - Murtuzovgilin qapılarının ağzına çatmışdılar. Zaurun qucağında iri bir tort vardı! Zivər xanım gecə hazırlamışdı onu. Professorun əlində də iri gül dəstəsi vardı. Zaur anasına cavab vermədi və Zivər xanım sözünə davam etdi: -Mənə Alya danışıb, deyir, guya haradasa dalaşmısız Spartakla. Zaur: -Niyə dalaşmışıq, - dedi. - Vur-tut bircə dəfə yumruq ilişdirmişəm çənəsindən, vəssalam. -Yaxşı, indi keçmiş olsun bütün bunlar, gərək… Qapını açdılar. Alya xanım: -Xoş gəlmisiz, xoş gəlmisiz, - dedi. Dəhlizə keçdilər. Zaur tortu asılqanın yanındakı kətilin üstünə qoydu, atasıyla bir yerdə otağa keçdilər. Zivər xanım isə qadınların yanına, mətbəxə keçdi. Otaqda, üstü bəzənmiş masanın yanında, ağ köynək geymiş Murtuz Balayeviç Cabbarla nərd oynayırdı. Stolun başına Murtuzun polkovnik pencəyi asılmışdı, pencəyin yaxası orden-medallarla dolu idi. Nemət nərd oyununu müşahidə edirdi... Hər üçü qonaqları görən kimi qalxdılar, əl verdilər. Murtuz Zaurun kürəyindən vurub: -Hə, qoçaq, - dedi. Cabbar: -Buyurun, əyləşin, professor, - dedi. Murtuz Cabbara baxıb: -Bu saat bunun dərsin verim, - dedi. Nemət isə Zaurdan təzə işi barəsində soruşdu. Masanın üstündə quş südündən başqa hər şey vardı. Lap o kababxana müdiri Nadirin sözü olmasın, ilin bu vaxtında təzə xiyar, pomidor. Qədim alman servizlərinin içində növbə-növ salatlar vardı, rəngbərəng içkilər zəhmli ağır büllur qrafinlərə süzülmüşdü; -Buyurun görək. - Alya xanım hamını masanın başına dəvət elədi... Stolun başında Murtuzla Məcid əyləşdilər, onlardan sol əldə Zivər xanım, Cabbar və Nemət... Sağdan Zaur oturdu və onun yanındakı stulu boş saxladılar. Bir azdan Alya Firəngizi otağa gətirdi. Firəngiz qıpqırmızı qızarmışdı və dümağ paltarı yanağının çəhrayı, saçlarının, göz-qaşının zil qara rənglərini daha da parlaq göstərirdi. Saçları yoğun hörüklər şəklində hörülmüşdü. Gözlərini qaldırmadan hamıyla salamlaşdı... Zaur ayağa durdu, Firəngizi yanındakı boş stula otuzdurdu... Sürəyya, Tahirə və Alya stolun aşağı başında əyləşdilər. Onların yanında üç qız, bir nəfər oğlan uşağı da var idi - Sürəyyanın qızları və Tahirənin oğlu. Alyanın, Sürəyyanın və Tahirənin anaları Bikə xala gəldi otağa. Zaurla Firəngizi öpdü, dedi ki, ömründə ən şad günüdür bu gün, sonra üzr istəyib mətbəxə getdi, plovu o bişirirdi. Murtuz: -Bəs Spartak hanı? - deyə soruşdu və Alya cavab Verdi ki, indi gələr... - Zaurla Firəngizin sağlığına, valideynlərin sağlığına, qohumlarının sağlığına içdilər. Zaur Spartakın otağa daxil olduğuna diqqət verdi. Spartakın baxışlarında bir nigarançılıq sezdi... Amma Zaur Spartaka baxıb gülümsündü və Spartakın gözlərindəki nigarançılıq həmişəki sırtıq ifadəylə əvəz olundu, gəlib saymazyana Zaura əl uzatdı, görüşdülər... Murtuz artıq bir balaca dəm idi, növbəti sağlığı demək ünün ayağa qalxmışdı. Murtuzovlar ailəsinin sağlığına. Məcidin qaldırdığı badə istisna olunsa, bütün sağlıqları Murtuz özü deyirdi. -Bu gün, bu gözəl nemətlər düzülmüş stolun başında ən yaxın qohumlarımız yığışıb və çox xoş, gözəl bir münasibətə görə yığışmışıq, - dedi Murtuz Balayeviç. - Adə, Spartak bokalıva içki tök görək. Amma bax, içib keflənməyəsən ha, sən haramzadanı yaxşı tanıyıram mən. Vurmağa başlayanda açarıvı itirirsən. Spartak: -Ay papa, - dedi, - bu sözləri özüvə de də. Hamı gülüşdü və Alya xanım məzəmmətlə Murtuza baxdı: -Düz deyir də, - dedi, - sən də özünü saxla bir balaca, ürəyin yadından çıxıb? Murtuzun kefi ala buludda idi, odur ki, arvadıyla oğlunun məzəmmətinə başqa vaxt hirsləndiyi təkin hirslənmədi, heç eyninə də almadı bu sözləri: -Mənim hər şey yadımdadır, - dedi. Sonra kefli adamın "mənalı" inadıyla bir də təkrar etdi: - hər şey yadımdadır mənim... Qulaq asın, görün nə deyirəm... Bizim cavanların sağlığına içdik, onların gələcək təmiz, gözəl ailələrinin sağlığına içdik. Amma mən demək istəyirəm ki, üzünü Zaura tutdu, - ailə qurana qədər, evlənənə qədər nə olubsa, kişi gərək evinin qapısından eşikdə qoysun hər şeyi. Nə olub, olub, madam ki, evlənmisən, zəhmət çək, day şuluqluq eləmə, ailə gərək möhkəm, sağlam olsun. Hamı özünü bir qədər naqolay hiss elədi, polkovnikin eyhamları lap düzünəqulu idi, amma bu sözləri təkzib etməklə, ya onlara bir şey əlavə etməklə məsələni daha da ağartmaq olmazdı... Gərgin bir sükut çökdü. Yalnız professor arabir öskürür, boğazını arıtlayırdı. Bütün bu sözlərə, bütün bu vaqiələrə tam bir biganəlik hissi - bu hiss axır bir neçə gün idi ki, Zaurun bütün varlığına hakim kəsilmiş yeganə duyğu idi - Zauru qoruyurdu. Hər cür mənfi emosiyalardan, hər növ qanqaraltısından mühafizə edirdi. İndi Murtuzun danışdıqlarını da sifətinin ehtiram dolu ifadəsiylə və daxilində səslənən rişxəndli gülüşlərlə qavrayırdı. Murtuzun söhbətləri bu ziyafətin lap əvvəlindən, yox əslində bundan da qabaq, elçilik məsələsi başlayandan bəri polkovnikin fikirlərində dolaşırdı və indi erməni konyakının təsiriylə ürəyinin içindəkilər dilinin ucundan tökülürdü. İçdikcə Murtuzun fikirləri bu səmtdə daha da müəyyənləşirdi və görünür düyünü indi biryolluq açmaq istəyirdi... -Cavanlıqda hansımızın başına belə-belə şeylər gəlməyib axı hə? - O, Məcidə göz vurdu, professor lap özünü itirdi, - yox, bir söz demirəm, bu da lazımdır, cavan oğlançün bu vacibdir də, hətta... Necə deyərlər, həyatın gərək hər kefdamağını görəsən, hərif olmayasan, inkişaf üçün də lazımdır bu, lap elə sağlamlıq, səhhət cəhətincə də... Təbabət də təsdiq edir bunu... Amma... burada bir iş var... nə iş? Gərək ailə qarşısında, cəmiyyət qarşısında borcunu da heç vaxt yaddan çıxartmayasan... | |
Baxış: 687 | |
Bütün rəylər: 0 | |