Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı |
Mir Cəfər Bağırov gözlərini yoldaş Stalinin portretindən çəkdi, yazı mizinin arxasına keçməzdən əvvəl yenə də pəncərəyə ötəri bir nəzər saldı: təkcə Azərbaycan yox, bütün ölkəni qaldırmaq üçün, xalq düşmənlərini ifşa edib sonuncusunun da axırına çıxmaq üçün, milyonların ruhunu qaldırmaq, siyasi ehtirasını qızışdırmaq üçün yoldaş Stalin bayraq idi və bu bayrağı həmişə uca tutmaq lazım idi. Hələ inqilabdan əvvəl yoldaş Stalin – Koba Bakıda gizlin inqilabi fəaliyyət göstərəndə, Bakıda yaşayanda camaat ona «Gürcü Yusif» deyirdi və Mir Cəfər Bağırov bütün Bakını başdan-başa həmin gürcü Yusifin – yoldaş Stalinin memorial muzeyinə çevirmək istəyirdi – bu, Mir Cəfər Bağırovun qarşısıalınmaz, coşğun, ehtiraslı bir istəyi, məqsədi idi. Yoldaş Stalin demişdi: «V Tiflise eşyo bıl revolyutsionnım mladentsem i tolko v Baku dostiq stepeni uçenika mirovoy revolyutsii». Bu sözləri 30-cu illərin lap əvvəllərindəki çıxışlrından birində demişdi, indi isə yoldaş Stalin həmin «dünya inqilabının» müəllimi və rəhbəri idi. Kobanın Bakı ilə beləcə bağlılığı təkcə Bakıya yox, bütün Azərbaycan və Azərbaycan xalqına başucalığı gətirdi və bundan istifadə etmək lazım idi. «Koba» gürcücə «əla» demək idi və Kobanın adı ilə bağlı bütün işlər də əla görülməli idi. Lenin, yoldaş Stalini «çudesnıy qruzin» adlandırdı və onu «Stalnıy», yəni Stalin çağıranlardan biri oldu və bu da, əlbəttə, düz idi: yoldaş Stalin polad idi, amma adi polad yox, əla polad. Hələ Inqilabdan əvvəl Bakıda axmaq intelligent menşeviklər təbliğat aparırdılar ki, Koba qoçudu, amma bu təbliğatın nəticəsində Koba Bakı camaatının arasında daha da məşhurlaşdı, çünki insan gücə tabedi. Axmaq menşeviklər başa düşmürdülər ki, Kobanı qoçu kimi, quldur kimi qələmə verəndə, əslində, onu tərifləyirdilər. Menşeviklər heç vaxt xalqa yaxınlaşa bilməmişdilər, çünki xalqı tanımırdılar, xalqın psixolojisindən xəbərsizdilər. Lavrenti «Zaqafqaziya bolşevik təşkilatları tarixinin məsələsinə dair» kitabında Kobanın Zaqafqaziyadakı və xüsusən, Bakıdakı fəaliyyətini yaxşı işıqlandırıb. Bu kitab, əslində, Lavrentinin 1935-ci ildə Tbilisi partiya təşkilatı fəallarının yığıncağında söylədiyi məruzə idi və aradan keçən bu üç il yarımda 15 dildə 40 dəfə nəşr olunmuşdu. Lavrenti bu nəşrlərlə xüsusi fəxr edirdi və onları qonaqlarına göstərməkdən zövq alırdı. Lavrenti... Gəlib bu mərtəbəyə çatıb, amma hələ də sevinəndə uşaq kimi sevinir, elə bil, lap çağadır... Bu kitab Azərbaycanda da 99 min nüsxə ilə – indiyəcən görünməmiş bir tirajla nəşr edilmişdi və Mir Cəfər Bağırov «Bakı və Azərbaycan bolşevik təşkilatları tarixindən» adlı yenicə çap olunmuş öz kitabında Beriyanın əsərini yüksək qiymətləndirmişdi. «Özünün «Zaqafqaziya bolşevik təşkilatlarının tarixinə dair» adlı qiymətli əsərində fövqəladə qüvvət və parlaqlıqla yoldaş Stalinin Zaqafqaziyada inqilabi fəaliyyətini, bolşevizmin yaradıcısı və rəhbəri kimi onun rolunu, Leninlə birlikdə yeni tipli mübariz proletar partiyasını yaratmasını təsvir etmiş Lavrenti Pavloviç Beriya – yoldaş Stalinin sınanmış şagirdi və davamçısı partiyamız və dövlətimiz qarşısında müstəsna xidmətə malikdir». Amma bütün bunlar az idi, yoldaş Stalinin Bakı fəaliyyətini daha qabarıq yazmaq, yazdırmaq, təbliğ etmək və bunu başqalarının, hətta Lavrentinin özünün də gözünə soxmaq lazım idi... Həmin dəqiqələrdə Azərbaycan SSR Xalq Daxili Işlər Komissarı, həqiqətən, Mir Cəfər Bağırovun qəbul otağında oturmuşdu və gözlərini divardan asılmış saatdan çəkmirdi; elə ki, saat doqquza üç dəqiqə qaldı, Komissar daha səbr edə bilmədi, ayağa qalxıb əynindəki formanı düzəltdi, əllərini saçına çəkdi və gəlib qapının ağzında dayandı. Bütün Azərbaycan yenicə Komissar təyin olunmuş bu adamdan qorxurdu, amma bu adamın özü qat-qat artıq dərəcədə Mir Cəfər Bağırovdan qorxurdu və hər gün də bu kabinetin qapısı ağzında dayananda həmin qorxu hissi onun bütün içini bürüyürdü, özünü xüsusi bir ciddi-cəhdlə səfərbərliyə almağa sövq edirdi. Komissar, Mir Cəfər Bağırovu iyirminci illərin əvvəllərindən tanıyırdı, o vaxtlardan ki, Mir Cəfər Bağırov Azərbaycan çekistlərinə rəhbərlik edirdi, sonralar Azərbaycan Baş Siyasi Idarəsinin rəisi idi, Komissar isə o zamanlar orqanlarda sıravi işçi işləyirdi, yavaş-yavaş yoldaş Bağırovun, eləcə də iyirminci illərin əvvəllərində Bağırovun rəhbərliyi altında Azərbaycanda işləmiş Beriyanın diqqətini cəlb etdi, sadiq xidmətinə görə vəzifədən-vəzifəyə keçirildi, partiya işində çalışdı və nəhayət, cəmi bir ay bundan əvvəl Bağırovun təqdimatı və Beriyanın razılığı ilə Azərbaycan SSR Xalq Daxili Işlər Komissarı təyin edildi. Mir Cəfər Bağırovu yaxşı tanıdığı üçün, Komissar onun dəli xasiyyətinə bələd idi, hər dəfə birinci katibin qəbulunda olanda özünü ən ağlasığmaz suallara hazırlayırdı, verilən əmrlər barədə heç bir mülahizə yürütmürdü, adicə olaraq səliqə və ciddi-cəhdlə həmin əmrləri yerinə yetirirdi; indi də əynindəki formanın bağlanmış düymələrini yenidən bir-bir yoxlaya-yoxlaya fikrən özünü qarşıdakı söhbətə hazırlayırdı. «Azneft»in yeni rəisi, yeni baş mühəndisi, yeni müavinlər («Azneft»in əvvəlki rəhbərliyi xalq düşmənləri kimi ifşa olunub güllələnmişdilər), trestlərin rəisləri - hərəsinin əlində bir qovluq, qəbul otağının bir küncündə oturmuşdular və Mir Cəfər Bağırovun qəbulunu gözləyən bu adamlar burada Komissarı gördükdə, Komissarın özünü necə yığışdırdığını gözaltı müşahidə etdikdə, daha artıq vahimələnirdilər, cavabdeh olduqları sahələr üzrə rəqəmləri ürəklərində dönə-dönə əzbərləyirdilər. Düz saat doqquz tamam olan kimi, qəbul otağında üzərinə eyni biçimli, qara rəngli çoxlu telefonlar düzülmüş mizin arxasında əyləşmiş katib-köməkçi başının hərəkəti ilə işarə etdi, yəni ki, içəri keçmək olar və Komissar sonuncu dəfə özünü düzəltdi, qoltuğundakı qovluğu yoxladı (guya ki, qovluq harasa yox ola bilərdi...), sonra qapını açıb içəri girdi və rus dilində: – Salam, Mir Cəfər Abbasoviç, – dedi. – Icazə olar? Mir Cəfər Bağırov öz yerində oturmuşdu və qalın barmaqlarını bir-birinə keçirib mizin üstünə dirsəklənmişdi, o bir dəstə karandaş da qabağında idi; başını tərpətdi– bu hərəkət həm salam almaq, həm də içəri dəvət etmək idi. Komissar mizin qarşısındakı kürsülərdən birinin yanına gəlib ayaq üstə dayandı. Mir Cəfər Bağırov: – Otur... – dedi. Komissar kürsüdə əyləşdi və qovluğu qabağına qoyub açdı, amma heç bir söz demədən Mir Cəfər Bağırovun nə ilə maraqlanacağını, nədən başlayacağını gözlədi. Mir Cəfər Bağırov yuxusuzluqdan və yorğunluqdan qızarmış gözlərini Komissardan çəkib yenə də üzbəüz divardan asılmış həmin şəklə baxdı; kabinetin tavanından sallanmış sadə çilçırağın işığı şəklin üzərindəki şüşəyə düşüb onu parıldadırdı və bu zaman Mir Cəfər Bağırov bəlkə də ömründə ilk dəfə fikirləşdi ki, haçansa yoldaş Stalin də öləcək və o vaxt yəqin yoldaş Stalinin də cənazəsi Lenin kimi, şüşə sarfakanqın altında olacaq. Mir Cəfər Bağırov özü bu qəfil fikirdən səksəndi və onun sağlam ürəyi bir an, cəmi bircə an bərkdən döyündü, hətta ona elə gəldi ki, gözlənilmədən beynindən keçən bu fikri Komissar da duydu və Mir Cəfər Bağırov gözlərini yoldaş Stalinin şəklindən çəkib, Komissara baxdı və soruşdu: – Bayırda hava soyuqdur? Komissar sövq-təbii qarşısındakı qovluğun içindəki kağızlara baxdı və elə bil ki, yalnız bundan sonra Mir Cəfər Bağırovun bu dəfəki sualının bu qovluqdakı kağızlara dəxli olmadığını başa düşdü və bu sadə sualdan çaş-baş qaldı– Mir Cəfər Bağırov həmişə yalnız bilavasitə işdən danışardı və tabeliyində olan adamların hava haqqındakı fikirləri onu qətiyyən maraqlandırmırdı; amma Mir Cəfər Bağırov Komissarın cavabını gözləmədi və: – Sən də maşında gəzirsən... – dedi, sonra üzbəüz divardakı şəklə işarə edib: – Necə şəkildi? – soruşdu. Komissar başını çevirib yoldaş Stalinin divardan asılmış şəklinə baxdı və istəristəməz, ayağa qalxdı, amma nə cavab verəcəyini bilmədi və ümumiyyətlə, bu sualın nə üçün verildiyini başa düşmədi, ürəyində bir nigarançılıq baş qaldırdı. Mir Cəfər Bağırov mənasız suallar verən, hisslərlə yaşayan adam deyildi – Komissar bunu yaxşı bilirdi, amma eyni zamanda, Mir Cəfər Bağırov hər hansı bir dəqiqə dünyanın ən gözlənilməz hərəkətini edə bilərdi və Komissar bunu da yaxşı bilirdi. Düzdür, ildə-ayda bir dəfə elə anlar, məqamlar olurdu və Komissara elə gəlirdi ki, Mir Cəfər Bağırov ürəyinin ən dərin bir guşəsində sentimental, kövrək adamdır və var gücü ilə o sentimentallığı, kövrəkliyi ətrafındakılardan gizlətmək, qəddarlığıyla, sərtliyiylə özü özünü təsdiq etmək istəyir, amma lap qısaca bir müddət keçirdi və Komissar yanıldığını başa düşürdü, bu adamda heç bir sentimentallıq, kövrəklik yox idi və hərdənbir görünən o sentimentallıq, kövrəklik əlamətlərinin özü də qəsdən göstərilirdi. Mir Cəfər Bağırovun beyni hər bir sözün, hərəkətin təsirini çoxgedişli və dəqiq hesablayan bir şahmatçının beyni kimi işləyirdi. Fərq burasında idi ki, şahmatçı yalnız oyun zamanı, şahmat taxtasının arxasında əyləşdiyi vaxtlar həmin hesablamaları aparırdı, amma Mir Cəfər Bağırov fasiləsiz olaraq bütün sutka ərzində, yəni bütün ömrü, həyatı ilə bu oyunun içindəydi, daimi bir oyunçu idi. Bir dəfə Azərbaycanda qışın sərt keçdiyi vaxtlardan biri idi. Respublikada yun üzrə planı yerinə yetirmək heç cürə mümkün olmadı və o zaman öz kabinetində – bax, bu kabinetdə çağırdığı müşavirədə Mir Cəfər Bağırovun necə qışqırdığını və onun sifətinin bəlkə də ən ibtidai insanlara məxsus (bir-birləri ilə ölüm-dirim vuruşuna çıxdıqları zaman) ifadəsini, gözlərindəki qəzəbi və soyuğu Komissar heç cürə unuda bilmirdi. Həmin müşavirədən sonra, qışın o oğlan çağında Mir Cəfər Bağırovun bilavasitə göstərişi və nəzarəti ilə inzibati orqanların işçiləri yunçuluqla məşğul olan rayonları kənd-kənd gəzib, camaatın yorğanını, döşəyini çarpayısından dartıb çıxarıb yununu müsadirə etdilər və respublikanın yun planı da eləcə doldu. Yox, Mir Cəfər Bağırovun ürəyində heç bir nazikliyə, incəliyə, kövrəkliyə yer yox idi – hər halda, Komissarın bu barədə fikri tamam qəti idi. Hələ 1922-ci ildə Partiya sıralarının təmizlənməsi üzrə Qafqaz Ölkə Komissiyası siyasi dustaqları şəxsən döydüyünə görə M.C.Bağırova töhmət vermişdi və bundan düz on beş il sonra isə Mir Cəfər Bağırov respublika maarif naziri Məmməd Cuvarlinskini və kinofoto sənayesi idarəsinin rəisi Qulam Sultanovu şəxsən özü güllələmişdi. Komissar birinci katibin qəbulunda olduğu vaxtlar bir neçə dəfə Mir Cəfər Bağırovun yoldaş Stalinlə telefon söhbətlərinin şahidi olmuşdu. Əlbəttə, Mir Cəfər Bağırov, yoldaş Stalinlə böyük bir ehtiramla danışırdı, amma eyni zamanda, bu danışıqda bir məhrəmlik, bir yaxınlıq var idi, Mir Cəfər Bağırov yoldaş Stalin üçün adi rəhbər, partiya xadimi deyidi, həm də şəxsi sadiqliyi yüksək qiymətləndirilən bir adam idi. Mir Cəfər Bağırov bəzən kefinə düşəndə Azərbaycan SSR Daxili Işlər Komissarının müavini, sonra komissar, sonra yenə müavin işləyən Markaryanı «moy vernıy, tsennıy pyos» deyə çağırırdı və hamıdan da belə bir sədaqət tələb edirdi, çünki Mir Cəfər Bağırovun özü də yoldaş Stalin üçün belə bir sədaqət sahibi idi. Inqilabdan hələ xeyli əvvəl – 1909-cu ildə yoldaş Stalin Bakıda, Bayıl həbsxanasında 38 nömrəli kamerada dustaq yatmışdı. Belə deyirdilər ki, guya, o zaman siyasi dustaqları dəmir buxovlarla aparanda Koba qışqırmışdı: «– Niçeqo, tovarişi, niçeqo! Eti kandalı nam eşyo priqodyatsya!» Komissar tez-tez o dəmir buxovların buz soyuğunu öz boynunda hiss edirdi... Bayıl həbsxanasında o zaman 1500 dustaq var idi – canilər, oğrular, əyyaşlar, bir də bütün Zaqafqaziyadan və Orta Asiyadan gətirilmiş siyasi dustaqlar: bolşeviklər, demokratlar, sağ eserlər, sol eserler, menşeviklər, millətçilər... Yoldaş Stalin Bayıl həbsxanasında siyasi dustaqlarla qızğın mübahisələrə girişirdi, bolşevizm ideyalarını təbliğ edirdi, Marksın və Leninin əsərlərini oxuyurdu, esperantonu öyrənirdi, çünki gələcəyin yeganə dilinə inanırdı... Gələcək – yəni bu gün. Bu günün isə yeganə dili esperanto yox, ifşalar, həbslər və qətllər idi və həmin ifşadan, həbsdən, qətldən qorxan Komissarın özü o yeganə dili ciddi-cəhdlə həyata tətbiq edənlərdən biri idi. Komissar nə qədər çox qorxurdusa, bir o qədər artıq canfəşanlıqla ifşa edirdi, həbs edirdi, qətlə yetirirdi. Bayıl həbsxanası XDIK -nın indiki zirzəmilərinə bənzəmirdi, orada dustaqlar sərbəst gəzişirdi, siyasi müzakirələr aparırdı. Bir müddət Orconikidze də yoldaş Stalinlə bərabər Bayıl həbsxanasında yatmışdı və bir dəfə siyasi mübahisə üstündə Kobanın işarəsi ilə yumruq vurub, eser İliko Karzevadzenin ağzını partlatmışdı. Onda yoldaş Stalin demişdi: «Protiv partiynoqo protivnika vsyo dozvoleno!» Düzdü, sonra eserlər Bayıl həbsxanasında Orconikidzeni təkləyib nöyüt iyi verənəcən döymüşdülər, amma yoldaş Stalinin o zaman Bayıl həbsxanasında dediyi o sözlər bu gün, əslində, partiyanın əsas şüarı idi. «Bütün ölkələrin proletarları, birləşin!» – bu şüar hər yerdə yazılırdı, bütün qəzetlər o şüarla çap olunurdu, amma bu, söz idi. «Partiya əleyhdarına qarşı bütün vasitələrdən istifadə etmək olar!» – bu şüar isə heç yerdə yazılmırdı, amma əməl idi. Partiya isə – yoldaş Stalin demək idi. Azərbaycanda partiya – Mir Cəfər Bağırov demək idi. Komissar daimi bir gərginlik içində idi, çünki yoldaş Stalinin (partiyanın!) işlərindən baş açmaq, bu işləri məntiqi bir ardıcıllığa düzmək çətin idi və lap əvvəldən, lap cavanlığından yoldaş Stalin bir sirr içində idi. Bakı erməniləri hələ indiyə qədər danışırdılar ki, əsrin əvvəllərində yoldaş Stalinin yaxın dostu Stepan Şaumyan həbs olunanda onu Bakı milyonçusu Şibayevin xahişi ilə qubernator özü azad etmişdi, Şibayevi isə belə bir xahişə Koba məcbur etmişdi. Amma necə? Bunu yalnız Koba, bir də ki, sümükləri də çürümüş Şibayev bilirdi... 1907-ci ildə Sibirdə sürgündən qaçıb Bakıya gələn Kobanın üç qorxulu rəqibi var idi: Bakı polismeysteri polkovnik Martınov (köhnə tanış idi– əvvəllər Tiflis polisinin rəisi idi və Kobanı birinci dəfə Sibirə o sürgün etmişdi), menşeviklər, bir də ki, Bakı qoçuları. Koba Bakı qoçuları ilə tez dil tapdı, Bakı qoçuları ilə birlikdə menşeviklərin gözünün odunu aldı, polkovnik Martınov isə bir ildən sonra Balaxanı neft mədənlərində Kobanın gizləndiyi daxmanı tapdı və onu 1908-ci ildə Voloqdaya sürgünə göndərdi. Koba Voloqdadan qaçıb yenə Bakıya qayıtdı (indi sürgündən qaçan olsun, görüm necə qaçır!..). Axmaq Martınov!.. Koba inqilabi vərəqələri gizlincə onun mətbəəsində çap edirdi!.. Bütün bunları inqilabi fəaliyyət üstündə Bayıl həbsxanasında yatmış köhnə Bakı bolşevikləri yaxşı xatırlayırdı və indi xalq düşməni olmadıqlarını sübuta yetirmək üçün işgəncələr zamanı orqan işçilərinə, o cümlədən, Komissarın özünə danışırdılar, amma bu, köhnə Bakı bolşeviklərinin köməyinə çatmırdı, hamısı xalq düşməni kimi ifşa olunub güllələnirdi. Komissar – milliyətcə rus olan bu adam – ilk gənclik çağlarında Bayıl tərəfdə dəllək işləmişdi... Amma nə olsun? Yoldaş Stalin ilk SSRI Xalq Daxili Işlər Komissarı vəzifəsinə Yaqodanı təyin etmişdi, Yaqoda isə gəncliyində aptekçi idi. Yejov kim idi? Iyirminci illərdə Nikolay Ivanoviç Yejovu kim tanıyırdı? Heç kim! Haradasa Qazaxıstanda hansı bir işdəsə işləyirdi... Yaqoda düşmən çıxdı... Komissar elə-beləcə ayaq üstə dura-dura və gözlərini də yoldaş Stalinin şəklinə zilləyə-zilləyə bunu fikirləşib udqundu. Henrix Qriqoriyeviç Yaqodanın adı gələndə adam özünü yığışdırırdı, Komissar özü dörd-beş il bundan əvvəl hansı bir sıravi çekistisə tərifləmək istəyəndə «– Əsl yaqodaçıdır!» – deyirdi, Yaqoda nə qədər xalq düşmənini ifşa etmişdi, nə qədər maskalanmış qolçomaqları cəzasına yetirmişdi, sovet cəmiyyətinə nə qədər yabançı adamın – yüz minlərin səsini almışdı, sonra məlum olmuşdu ki, ən qəddar xalq düşmənlərindən biri elə Yaqodanın özüdür. Məhkəmədə Vışinski Yaqodanı Nikolay Ivanoviç Yejovu tədricən zəhərləməkdə ittiham etdi və Yaqoda da bunu boynuna aldı, güllələdilər, çıxdı getdi işinin dalınca, indi, elə bil, Yaqoda adında adam olmamışdı. Komissar bu cür etirafların qiymətini yaxşı bilirdi, bu cür etirafların imzalanmasında özü az iştirak etməmişdi. Vışınski məhkəmədə demişdi: «Göründüyü kimi, Yaqoda adi qatil deyil. O, ifşa olunmayacağına əmin olan bir qatildir. Lakin onun ümidləri burada da özünü doğrultmadı. Onun çürümüş qarantiyaları məhv oldu. Yaqoda və onun alçaq cinayətkar fəaliyyəti ifşa olundu, özü də xain Yaqodanın təşkil etdiyi və sovet dövlətinin mənafeyinə qarşı yönəltdiyi satqın kəşfiyyat tərəfindən yox, yoldaş Stalinin ən layiqli davamçılarından biri olan Nikolay Ivanoviç Yejovun rəhbərlik etdiyi əsl bolşevik kəşfiyyatı tərəfindən ifşa olundu». Komissar, Andrey Yanuaryeviç Vışınskini yaxşı tanıyırdı, hələ inqilabdan əvvəl Bakıdakı boşboğaz vəkillərdən biri idi. Hansı məzhəbə qulluq etdiyi məlum deyildi və işə bax ki, bu menşevik SSRI prokuroru olub Yaqodanı qatillikdə ittiham etdi– buna görə də Komissar hər şey gözləyirdi, özü özünün sabahkı gününə əmin deyildi. Yaqodadan sonra Komissara elə gəlirdi ki, Yejov daimidir, amma indi belə məlum olur ki, Yejovun da axırına az qalıb. Düzdü, Yejov hələ yoldaş Stalinlə birgə fəxri rəyasət heyətinə seçilirdi, Leninin vəfatının 15-ci ildönümü münasibətilə Böyük Teatrdakı matəm iclasına gələnlərin arasında yoldaş Stalinlə, başqa rəhbərlərlə bərabər, Yejov da vardı, amma Komissar cəmi il yarım bundan əvvəl Kalininin imzaladığı fərmanla «Dövlət Təhlükəsizliyi Baş Komissarı» rütbəsi almış Yejovun başının üstündəki qara buludları görürdü. Bir neçə ay bundan əvvəl Yejovu eyni zamanda su nəqliyyatı komissarı təyin edəndə Komissarın dalağı sancmışdı; keçən ilin dekabr ayının əvvəllərində isə Yejov SSRI Xalq Daxili Işləri Komissarı vəzifəsindən azad edildi, yerinə Lavrenti Pavloviç Beriya təyin olundu. Indi Yejov yalnız su nəqliyyatı komissarı idi – dünyanın bundan gülməli bir işi ola bilməzdi. Hər şey məlum idi, zaman göstərdi ki, Yejov da daimi deyil. HenrixYaqoda da 1936-cı ildə Xalq Daxili Işlər Komissarı vəzifəsindən gedəndən sonra, qısa bir müddət Xalq Rabitə komissarı (!) işləmişdi... Komissar, Nikolay Ivanoviç Yejovu müxtəlif iclaslarda, müşavirələrdə çox görmüşdü, bir neçə dəfə onun qəbulunda olmuşdu (hər dəfə də qəbul sona yetəndə Yejov tapşırmışdı: «– Peredayte moy bolşevitskiy privet tovarişu Baqirovu!» Yejov hələ ÜIK (b) P MK-da kadrlar şöbəsinə rəhbərlik etdiyi vaxtlardan M.C. Bağırovu şəxsən tanıyırdı və göndərilən bu salamlar, əlbəttə, M.C. Bağırova xüsusi hörmətin ifadəsi idi; M.C. Bağırovun özü də bir müddət ÜIK(b)P MK-da işləmişdi...), amma Komissarın 1937-ci ilin dekabrında gördüyü Yejov heç vaxt yadından çıxmırdı. Onda çekistlərin iyirmi illiyi münasibətilə Moskvada, Böyük Teatrdakı təntənəli iclasda Yejov yoldaş Stalinlə, Molotovla, Kaqanoviçlə, Voroşilovla, Kalininlə, Andreyevlə, Mikoyanla, Jdanovla, Xruşşovla, Bulqaninlə, Dmitrovla, Xoze Diasla birlikdə zala daxi oldu; onda hələ Kosiorla Çubar da xalq düşməni kimi ifşa edilməmişdilər və onlar da rəyasət heyətində idi. Komissar Böyük Teatrın parterində oturub səhnəyə baxırdı; əsasən, yoldaş Stalinə baxırdı, amma istər-istəməz tez-tez gözlərini Yejova zilləyirdi, balacaboylu, Yejov elə bil ki, Böyük Teatrın səhnəsinə sığışmırdı, adamın gözünə o qədər böyük görünürdü ki, az qala, yoldaş Stalin boyda olurdu və o vaxt Komissar birdən-birə fikirləşdi ki, Yejov ehtiyatlı olmalıdır; amma, görünür, Yejov özü öz daimiliyinə inanmışdı... Həmin təntənəli iclasda məruzəçi Yejov yox, A.I.Mikoyan idi. A.I.Mikoyanın əynində boğazına qədər düymələnmiş «Stalin köynəyi» var idi və o köynək də Mikoyanın bığı və saçı kimi qapqara idi, o qara qiyafə dünyanın qara işlərindən xəbər verirdi... Onda məruzəni nə üçün Yejov özü eləmədi? Boyu balaca idi və Böyük Teatrın səhnəsindəki xitabət kürsüsündən görünməyəcəkdi, ona görə? Yoxsa ona görə məruzəni Mikoyana tapşırmışdılar ki, Yejovun özünü tərifləsin. Təriflər söyləməkdə Mikoyan, əlbəttə, usta idi və bu sahədə ona çatan olmazdı. Hələ dördbeş il bundan əvvəl ÜIK(b) P-nın XVII qurultayındakı– «qaliblər qurultayı»ndakı! – qısa çıxışında Mikoyan düz 30 dəfə yoldaş Stalinin adını çəkib onu tərifləmişdi, örnək göstərmişdi. Düzdü, Nikolay Ivanoviç Yejovun qılıncının dalı, qabağı nə qədər kəssəydi də, o, Iosif Vissarionoviç Stalin deyildi, amma o zaman elə Yejov olmaq da az deyildi... Yejov, əlbəttə, Mikoyanın tərcümeyi-halından və gördüyü işlərin hamısından xəbərdar idi. Hər şey qalsın bir tərəfə, təkcə elə bu kifayət idi ki, SSRI Xalq Xarici Ticarət komissarı Mikoyanı yalana yox, həqiqətə əsaslanıb xalq düşməni kimi güllələyəsən: Anastas Mikoyan elə bir əlverişli şərait yaratmışdı və vasitəçilik etmişdi ki, köhnə tanışı, bütün Iraq neft kompaniyalarını əlinə almış milyonçu Qalust Gülbenkyan heç kimin xəbəri olmayan gizli alış-veriş nəticəsində öz şəxsi kolleksiyası üçün Leninqrad Ermitajından Rubensin, Rembrandtın, Bautsun, Vattonun, Terborxun, Lankranın bir çox əsərlərini almışdı. Düzdü, Qalust Gülbenkyan Q.Pyatkovun sədrlik etdiyi SSRI Dövlət Bankına müəyyən miqdarda valyuta keçirmişdi, amma o valyuta Rubensin, Rembrantın əsərlərinin həqiqi qiyməti müqabilində bir heç idi və ən başlıcası isə o əsərlər həmişəlik SSRI-dən çıxarılırdı, Mikoyan, əslində, Rusiyanı mənən qarət edirdi. Bəli, bu, həqiqət idi və Komissar bunu bilirdi (Mir Cəfər Bağırov da bunu bilirdi...), amma Komissar orasını da yaxşı bilirdi ki, Yejov həqiqət üstündə adam güllələmir, Yejova həqiqi cinayət lazım deyil, bu gün insanları güllələmək üçün yalan lazım idi, Anastas Mikoyan isə həmin yalanları quraşdıranlardan və həmin yalanlardan istifadə edənlərdən biri idi... Əlbəttə, yəqin yoldaş Stalin də Mikoyanın Gülbenkyanla əlaqəsindən xəbərdar idi, bir qucaq valyuta bəhanəsi ilə Rusiyanın mənəvi sərvətlərini milyonçu yerlisinə ötürdüyünü bilirdi, amma yoldaş Stalin üçün Mikoyanı öz yanında həmişə gözükölgəli saxlamaq və Mikoyandan istədiyi kimi istifadə etmək Rusiyanın mənən talan olunmasından artıq və vacib idi... Belə işlər barəsində fikirləşəndə bəzən bir rus adamı kimi, Komissarın içindən bir etiraz baş qaldırırdı, amma zəmanənin qorxusu o dəqiqə o daxili üsyanı, o milli təəssübkeşliyi boğub yox edirdi. Anastas Ivanoviç Mikoyan o zaman Böyük Teatrda dedi: «Xalq Daxili Işlər Komissarlığı xalq düşmənlərinə qarşı yoldaş Stalinin öyrətdiyi kimi mübarizə aparır, çünki bizim cəza orqanlarının başında stalinçi xalq komissarı yoldaş Yejov dayanmışdır. Yoldaş Yejov XDIK-da əsl sovet kəşfiyyatçılarının, gözəl çekistlərin özəyini təşkil etmişdir. O, XDIK-ı işçilərinin əsas özəyinə bolşevikcəsinə qayğı göstərmiş, onları Dzerjinski ruhunda, bizim partiyamızın ruhunda tərbiyə etmişdir ki, bütün çekist ordusunu daha da yüksəklərə qaldırsın. Yoldaş Yejov çekistlərə sosializmə, bizim xalqımıza alovlu məhəbbət və düşmənlərə nifrət təlqin etmişdir. Buna görə də bu gün bütün XDIK və ilk növbədə yoldaş Yejov sovet xalqlarının sevimliləridir». Həmin «sevimli Yejov» indi Su Nəqliyyatı komissarı idi... Hələlik belə idi... Bir ay bundan sonraya qədər, yoxsa elə sabaha qədər? Bəlkə elə, bax, bu gecə Dövlət Təhlükəsizliyi Baş Komissarının müqəddəratı həll olunurdu? Yakov Xristoforoviç Peters – Dzerjinskinin vaxtında Fövqəladə Komissiyanın sədri idi, keçən il xalq düşməni kimi güllələdilər. Dzerjinskinin özünün də ölümü, əslində, çox müəmmalı oldu və Komissar hərdən bu barədə də fikirləşirdi. Yaqodadan əvvəl Birləşmiş Dövlət Siyasi Idarəsinin rəisi V.R. Menjinskinin də ölümü başdan-ayağa bir sirri-xuda idi. Yaqodanı da güllələdilər, Yejov da, belə görünür ki, dibi zülmət qaranlıq olan uçurumun lap kənarındadır və barmaqla itələsələr izi-tozu qalmayacaq. Indi də Beriya gəlib... Keçən il dekabrın əvvəllərində S.M. Kirovun xaincəsinə öldürülməsinin dörd illiyi münasibətilə Azərbaycan KP Bakı komitəsinin xüsusi plenumu çağırılmışdı və Mir Cəfər Bağırov həmin plenumdakı məruzəsində xalq düşmənlərini – R.Axundovu, S.M. Əfəndiyevi, Ə.Qarayevi, hətta 1925-ci ildə vəfat etmiş, qəbri Qızıl Meydanda, Leninin mavzoleyinin yanında olan Nəriman Nərimanovu yenidən ifşa etdi və birdən-birə ilk baxışda heç bir dəxli olmadan dedi: «Bir sıra illər Zaqafqaziya partiya təşkilatlarına rəhbərlik etmiş, sınanmış stalinçi Lavrenti Pavloviç Beriya Zaqafqaziyada dəstəbazlığın və atamançılığın ifşasında, eləcə də bütün trotskiçi-buxarinçi, burjua-millətçi qatillərin darmadağın edlməsində müstəsna rola malikdir». Mir Cəfər Bağırov mətləbə dəxli olmayan söz danışan adam deyildi və Komissar o zaman sövq-təbii ilə hiss etdi ki, Beriya ilə əlaqədar nəsə ciddi bir hadisə baş verəcək, doğrudan da, dörd gündən sonra Beriya SSRI Xalq Daxili Işlər Komissarı təyin edildi. Bəs, Beriya özü necə, daimi idi? Indi hamı, Mir Cəfər Bağırov da Beriyanı tərifləyirdi, amma nə olsun? Bəyəm Yejovu hamı, o cümlədən də Mir Cəfər Bağırov tərifləmirdi? Keçən il Azərbaycan SSR Ali Soveti təsis edildi, ilk deputatlar namizəd göstəriləndə yoldaş Stalindən sonra ən tərifli sözlər Yejovun haqqında deyilirdi, qəzetlərdə Yejovun haqqında elə tərifli sözlər yazılırdı ki, heç Molotovun, Kaqanoviçin, Mikoyanın, Voroşilovun haqqında o cür sözlər yazılmırdı. Yox, daimi ancaq yoldaş Stalin idi, Azərbaycanda da daimi ancaq Mir Cəfər Bağırov idi. Yoldaş Stalin yəqin ki, Mir Cəfər Bağırovu Beriya kimi Moskvaya, daha böyük vəzifəyə aparmayacaqdı. Mir Cəfər Bağırov ÜIK(b) P MK-nın adicə üzvü idi, amma bu adicə MK üzvü, eyni zamanda, Azərbaycanın sahibi idi (partiya, sovet işçiləri Mir Cəfər Bağırovu öz aralarında elə beləcə də çağırırdılar: xozyain!). Azərbaycan Iranla, Türkiyə ilə sərhəddə idi, azərbaycanlıların Sovet Azərbaycanında yaşayanlardan üç dəfə artıq hissəsi Cənubi Azərbaycanda, Iranın tərkibində qalmışdı, buna görə də bu respublikada yoldaş Stalinin ən etibarlı adamı rəhbər olmalı idi. Ən başlıcası isə, yoldaş Stalinin də, Beriyanın da fəaliyyətinin böyük bir hissəsi Azərbaycanla bağlı idi. Bakıda yoldaş Stalini, Beriyanı tanıyan adamlar çox idi: düzdü, onların böyük bir qismi 37-38-də Mir Cəfər Bağırovun şəxsi rəhbərliyi və fəaliyyəti nəticəsində xalq düşməni kimi ifşa olunub güllələndi, amma arxivlər qalırdı, ifadələr qalırdı və bu kağızdakı faktlarla mübarizədə də Azərbaycanda ən etibarlı bir adam lazım idi. Komissar Bakıda arxivlərdən itirilən sənədlərin taleyini yaxşı bilirdi, Beriya SSRI Xalq Daxili Işlər Komissarı təyin edildikdən bir neçə gün sonra V.N. Merkulovu özünə birinci müavin elədi və yenə də bir neçə gündən sonra Merkulov Mir Cəfər Bağırovun şəxsi qonağı kimi Bakıya gəldi, Yeni il qabağı Moskvaya qayıdanda Bakının arxivlərindən axtarıb seçib götürdüyü qovluq-qovluq sənədləri də özü ilə apardı. O sənədlərdə yoldaş Stalin haqqında, Beriya haqqında nələr var idi? Bunu yəqin ki, daha heç kim heç vaxt bilməyəcəkdi... Nəhayət, Azərbaycanda Bakı partiya təşkilatı SSRI-nin ən nüfuzlu partiya təşkilatlarından biri idi. Bakı proletariatı Leninqraddan sonra ölkədə ən güclü inqilabi ənənələrə malik fəhlə sinfi sayılırdı və buna görə də burada etibarlı adam olmalıydı. Ölkənin tarixinin bu qızğın çağında Bakı proletariatı S.M. Kirov kimi, yoldaş Stalindən sonra ikinci bir lider yetişdirməməli idi (Kirovun yetişməsində Bakı proletariatının, əlbəttə, böyük rolu olmuşdu). Mir Cəfər Bağırov yalnız Azərbaycan K(b) P MK -nın birinci katibi yox, eyni zamanda, Bakı partiya komitəsinin birinci katibi idi, amma Mir Cəfər Bağırov rəqib deyildi və yəqin ki, o özü də heç vaxt Moskvaya işləməyə getmək istəməzdi: Moskvada o yalnız icraçı olacaqdı, Azərbaycanda isə o, yoldaş Stalinin icraçısı olmaqla bərabər, həm də hakimi-mütləq idi (xozyain!). Azərbaycanda yoldaş Stalin daha artıq dərəcədə Mir Cəfər Bağırovun qorxusuna təriflənirdi. Bütün Azərbaycan 37-38-dən sonra Mir Cəfər Bağırovun əlində idi, nə qədər istəsəydi, ovucunu sıxa bilərdi (və sıxırdı!), bu ixtiyarı, bu hüququ ona yoldaş Stalin vermişdi. Əlbəttə, Mir Cəfər Bağırovun özü də 37-38-dən sonrakı bütün yüksək vəzifəli partiya və dövlət xadimləri kimi, yoldaş Stalinin ovucunda idi, amma nə qədər qəribə olsa da, yoldaş Stalinin özünün də Mir Cəfər Bağırova ehtiyacı var idi: bütün Azərbaycan Mir Cəfər Bağırovdan qorxurdu və bu dəhşətli qorxu hissinə görə də hamı yoldaş Stalini sevməyə məcbur idi; Azərbaycan şairləri yoldaş Stalini tərifləməkdə bir-biri ilə bəhsə girirdi ki, Mir Cəfər Bağırovun diqqətini cəlb etsinlər, orden alsınlar, deputat seçilsinlər, Mir Cəfər Bağırov onlardan razı qalsın, çünki xalq düşməni kim ifşa olunmuş Hüseyn Cavidin də, Mikayıl Müşfiqin də aqibəti onların gözünün qabağında idi. Azərbaycan tarixində saray şairləri şahları, hökmdarları o qədər tərifləməmişdilər ki, nə qədər cəmi bircə ayda Azərbaycan sovet poeziyası yoldaş Stalini tərifləyirdi; mətbuatda dərc edilən fotomontajlarda yoldaş Stalin bir günəşə bənzədilirdi, Azərbaycan isə iki əllərini də o günəşə doğru uzadıb, gələcəyin maddi və mənəvi qələbələrinə doğru irəliləyirdi. Komissar ilk gənclik çağlarında dəllək olsa da, təbiəti etibarilə küt adam deyildi, bütün bunları bilirdi və burasını da yaxşı başa düşürdü ki, çox bilir, çox bilməyin isə aqibəti onun gözünün qabağında idi; Komissar bilirdi ki, onun çox bildiyini Mir Cəfər Bağırov da yaxşı bilir və Mir Cəfər Bağırov belə şeyləri qulaqardına vuran, yaddan çıxaran adam deyil... Bəli, əbədi yalnız yoldaş Stalin idi, burada isə Mir Cəfər Bağırov idi. Azərbaycan bir böyük şüşənin içinə doldurulmuş hava idisə, Mir Cəfər Bağırov yoldaş Stalinin bu şüşənin ağzına tıxadığı, üstünü də surqucladığı tıxac idi və bu tıxac əbədi idi, çünki yoldaş Stalinin haçansa o tıxacı dartıb o şüşənin ağzından çıxartmağa heç bir mülahizə, heç bir ehtiyac yox idi; bir də ki, o tıxac həmin şüşənin ağzında elə pərçim olub oturmuşdu ki, onu dartıb çıxarandan sonra, əvəzinə yeni bir tıxac pərçim eləyənə kimi, ətrafa hava yayılacaqdı, bu isə heç kimə, ilk növbədə isə yoldaş Stalinin özünə lazım deyildi. Yoldaş Stalin lazım olanda Mir Cəfər Bağırovdan Ittifaq miqyasında da istifadə edirdi və Mir Cəfər Bağırovun yoldaş Stalinlə, indisə, eyni zamanda, Beriya ilə xüsusi yaxınlığını bildikləri üçün, Ittifaq komissarları, hətta Siyasi Büro üzvləri ondan ehtiyat edirdilər. Cəmi il yarım bundan əvvəl, o zamankı SSRI Xalq Ədliyyə komissarı Nikolay Vasilyeviç Krılenko nüfuzlu bir adam idi, hamı bilirdi ki, o Leninin yaxın silahdaşıdır, sovet ədliyyəsi sahəsində böyük nəzəriyyəçidir, amma SSRI Ali Sovetinin ilk sessiyasında Mir Cəfər Bağırov Krılenkoya elə hücum çəkdi ki, axırı Ədliyyə komissarı üçün çox pis qurtardı. Mir Cəfər Bağırov sessiyadakı çıxışında dedi: «–Yoldaş Stalin demişdir – kadrlar hər şeyi həll edir. Kadrları diqqətlə seçmək, yetişdirmək, irəli çəkmək və yeni kadrlar hazırlamaq Xalq Ədliyyə Komissarlığının bilavasitə vəzifəsidir. Yoldaş Krılenko bu məsələlərlə məşğul olmur. Xalq Ədliyyə Komissarlığının rəhbərliyi özünə qarşı böyük təşəbbüskarlıq və ciddi münasibət tələb edir. Əgər əvvəllər yoldaş Krılenko vaxtının əsas hissəsini turizmə və alpinizmə sərf edirdisə, indi bütün vaxtını şahmat oyununa həsr edir. Mən bizim ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən, turizmin də, alpinizmin də, şahmatın da inkişaf etdirilməsinin böyük tərəfdarıyam. Lakin mən Xalq Ədliyyə Komissarlığı kimi mühüm bir komissarlığın işində və rəhbərliyində kiçicik zəifləmə ilə belə, eləcə də yoldaş Krılenkonun rəhbərlik etdiyi komissarlığın işinə qeyri-ciddi münasibətilə barışa bilmirəm. Biz, hər halda, özümüz üçün aydınlaşdırmalıyıq ki, söhbət kimdən gedir və yoldaş Krılenkonun simasında kimi görürük – alpinisti, yoxsa ədliyyə komissarını? Bilmirəm, yoldaş Krılenko özünü daha artıq dərəcədə kim hesab edir, amma ədliyyə komissarı kimi o, çox pisdir. Mən inanıram ki, yoldaş Molotov Xalq Soveti Komissarlarının yeni heyətini Ali Sovetə təqdim etdikdə bunu nəzərə alacaq». Molotov bunu nəinki nəzərə aldı, hətta öz çıxışında Mir Cəfər Bağırova xüsusi istinad etdi. SSRI Ali Sovetinin ilk deputatlarını Mir Cəfər Bağırovun üslubunda güldürdü: «Nelzya ne priznat reç tov. Baqirova vpolne obyektivnoy. On ukazal v otnoşeniye tov. Krılenko, narkoma yustitsii, ne tolko, na nedostatki, no i na polojitelnıye storonı, koqda on qovoril nasçot alpinizma, turizma i şaxmatnoqo dela». Sessiyadan sonra lap qısa bir müddət keçdi, düz bir il bundan əvvəl – 1938-in əvvəllərində, gərək ki, yanvar idi, bilavasitə Yejovun əmri ilə bu şahmat həvəskarını – Krılenkonu həbs etdilər, keçmiş ədliyyə komissarını ittiham etdilər ki, Buxarin, Pyatakov və Preobrajenski ilə birlikdə sovet hökumətinin, şəxsən yoldaş Stalinin əleyhinə qəsddə iştirak edib – yazıq bütün bunların hamısını boynuna aldı, məhkəmə cəmi 20 dəqiqə çəkdi və Krılenkonu güllələdilər. Komissar burasını da yaxşı bilirdi ki, Rudzutakın, Kosiorun, Eyxelin, Postışevin – çoxlarının xalq düşməni kimi ifşa olunmasında Mir Cəfər Bağırov müstəsna rol oynayıb: Bakıda Mir Cəfər Bağırovun əmri ilə həbs edilən xalq düşmənləri öz ifadələrində terrorçuluq məqsədilə bu adamlarla əlbir olduqlarını göstərirdilər. Həmin ifadələrin alınmasında Mir Cəfər Bağırovun əmri ilə Komissar özü bilavasitə iştirak etmişdi... Bağırovu tanımayanların və yaxud tanımaq istəməyənlərin, Bağırova yuxarıdan aşağı baxanların aqibəti də Komissarın gözlərinin qabağında idi. Marşal Yeqorov... gözləri ayağının altını görmürdü, Sovet Ittifaqı marşalı idi, elə bilirdi ki, Bağırovla kəllə-kəlləyə gəlmək olar... Aleksandr İliç Yeqorov hələ 1923-cü ildə Qafqaz Qızıl Ordusuna başçılıq elədiyi vaxtlardan Mir Cəfər Bağırovla düz gəlmirdi. Sonralar onların münasibəti açıq ədavətə çevrildi və keçən il bilavasitə Mir Cəfər Bağırovun iştirakı ilə Zaqafqaziya hərbi hissəsinin komandiri A.I. Yeqorovu xalq düşməni kimi ifşa etdilər və güllələdilər. Indi hara baxırsan Orconikidzenin şəklidir. Hamı ürəyi xəstə olduğu üçün həyatdan vaxtsız getmiş Orconikedzenin– yoldaş Stalinin ən yaxın silahdaşının, mətin bolşevikin xatirəsini əziz tutur, amma Komissar bunu da yaxşı bilirdi ki, hələ 35-də, 36-nın əvvəllərində Azərbaycanda ifşa edilən xalq düşmənlərindən, Mir Cəfər Bağırovun əmri ilə Orconikidzenin əleyhinə ifadələr alınırdı; bu ifadələrdə göstərilirdi ki, Azərbaycanda fəaliyyət göstərən əks-inqilabçılara – «Azərbaycan kontrevolyusion burjua – nasionalist təşkilat»a, «Azərbaycan kontrevolyusion nasionalist mərkəz»ə, Moskvada yaradılmış Mərkəz rəhbərlik edir və həmin Mərkəzin də başçısı Orconikidzedir. Mir Cəfər Bağırov bu ifadələrin əsasında yazdığı gizli məktubları birbaşa yoldaş Stalinin özünə göndərirdi. Hələ də ayaq üstə dayanıb yoldaş Stalinin divardan asılmış şəklinə baxan Komissar bütün bunlardan xəbərdar idi və ürəyi də nigarançılıqla dolu idi. Mir Cəfər Bağırov Komissarın ağarmış sifətinə baxa-baxa gülümsədi və: – Yaxşı şəkildir... – dedi. Komissar udqundu və: – Bəli, Mir Cəfər Abbasoviç! – dedi. – Yaxşı şəkildir! – Otur! Komissar yerində oturdu; şair Hüseyn Caviddən tutmuş, professor Çobanzadəyəcən Azərbaycanda on minlərlə xalq düşmənlərinin, o cümlədən, Mir Cəfər Bağırovla bir yerdə işləyən yüzlərlə partiya və dövlət xadimlərinin, hələ inqilabdan əvvəl partiya sıralarına soxulmuş yüzlərlə düşmənin ifşasında və onların aradan qaldırılmasında Mir Cəfər Bağırovun yaxın silahdaşlarından biri olan bu adam hələ də yoldaş Stalinin şəkli ilə bağlı sualın mənası barədə fikirləşirdi. O tərəfdən də hava haqqında sual... Maşınla gəzmək söhbəti... Komissar bilirdi ki, hələ də dustaqxanalarda istintaq altında yatan və xalq düşməni olduqlarını boyunlarına alan adamlardan birini onun üzünə durquzmaq, Komissarın özünü ifşa etmək Mir Cəfər Bağırov üçün bir stəkan su içmək kimi bir şeydir. Mir Cəfər Bağırov axşam oturub birlikdə piti yediyi, sağlığına qədəh qaldırdığı, gələcəkdə birlikdə görəcəkləri işlər barədə söhbət etdiyi adamı, gecə əmr verib tutdururdu– Komissar dəfələrlə bunun şahidi və iştirakçısı olmuşdu. Düzdü, Beriya özü şəxsən Komissarı tanıyırdı, ona etibar edirdi, amma bu tanışlıq, bu etibar Bağırovla Beriya arasındakı dostluğun müqabilində heç nə idi – Komissar bunu da yaxşı bilirdi və həmişə də yadında saxlayırdı. Komissar bilirdi ki (və beləcə çox bilməyi hərdən Komissarın özünü dəhşətə gətirirdi!..), hələ Azərbaycanda Sovet hakimiyyəti qurulmazdan əvvəl Beriya Bakıda Azərbaycan Demokratik Respublikasının – Müsavat hökumətinin əks-kəşfiyyat xəfiyyə idarəsində xidmət edib və yəqin ki, partiyanın gizli tapşırığı ilə bu işə girib... Nə isə, bu barədə nəinki danışmaq, heç fikirləşmək də düz deyildi... Bu bir sirrixuda idi və artıq heç zaman aydınlaşmayacaqdı: Merkulov Müsavat dövrü ilə bağlı Bakıdakı bir zirzəmidə saxlanan (Komissar bir neçə dəfə o zirzəmidə olmuşdu və Merkulov gedəndən sonra bunun qorxusunu xüsusi çəkirdi; Komissar bu barədə fikirləşəndə o zirzəminin qəbir rütubətini bütün ruhu və vücudu ilə hiss edirdi) sənədlərin də hamısını Moskvaya aparmışdı. Merkulovun Bakıya gizli səfəri ilə Mir Cəfər Bağırov şəxsən özü məşğul oldu... Mir Cəfər Bağırovla Beriyanın dostluğu o vaxtdan – onuncu illərin sonlarından başlamışdı və 1921-ci ilin fevralında Bağırov Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin olunan kimi, Lavruşa Beriyanı (Lavrenti Pavloviçi) öz yanına gətirdi, əvvəlcə Azərbaycan Fövqəladə Komissiyası məxfi operativ hissə rəisi, sonra özünə müavin etdi. Beriya Bağırovun rəhbərliyi altında Sovet hakimiyyətinin düşmənlərinə qarşı mübarizədə özünü göstərə bildi, Bağırovun təkidi və xasiyyətnaməsi ilə Gürcüstün Fövqəladə Komissiyasına keçdi. 1927-ci ildəki, Azərbaycanın indiki xalq düşmənləri kimi ifşa olunmuş rəhbərləri yoldaş Mir Cəfər Bağırovu inzibati orqanlardan uzaqlaşdırmaq istədilər, Zaqafqaziya Su Təsərrüfatı Idarəsinin rəisliyinə məsləhət gördülər, onda Mir Cəfər Bağırov da öz növbəsində Beriyanın köməyi ilə iki ildən sonra adı dəyişmiş köhnə vəzifəsinə qayıtdı – yenidən Azərbaycan Dövlət Siyasi Idarəsinin rəisi oldu. Bir ildən sonra Moskvaya getdi, marksizm– leninizm kurslarında oxudu, ÜIK(b) P MK-da işləməyə başladı və artıq ÜIK(b)P Zaqafqaziya Ölkə komitəsinin birinci katibi olmuş L.P. Beriya yoldaş Stalinlə Bağırov arasında ünsiyyət yaratdı. 1933-cü ilin sonunda Mir Cəfər Bağırov Azərbaycan K(b) P MK-nın və Bakı komitəsinin birinci katibi seçildi və ən gülməlisi də, əlbəttə, buradakı «seçildi» sözü idi... Bütün bu hadisələrin hamısı Komissarın gözlərinin qarşısında baş vermişdi. Komissar bu hadisələrin müşayiətçisi yox, iştirakçısı olmuşdu və bütün bu müddət ərzində yoldaş Bağırova sədaqətlə xidmət etmişdi, yarı sözdən Bağırovu başa düşmüşdü, ona görə də Azərbaycan Xalq Daxili Işlər komissarı təyin olunmuşdu və yoldaş Bağırov öz şəxsi düşmənlərinin, zəhləsi gedən adamların çoxunu Komissarın əli ilə o biri dünyaya göndərmişdi... O biri dünya gözəl bir dünyadı, cəhənnəm əzabı bu dünyadadı... Komissarın ürəyinin ən dərin guşələrində, o dərinlikdə ki, hər dəfə özü də ora enməyə qorxurdu, bax, orada, o dərin guşə qədər də dərin bir təəssüf hissi var idi. Azərbaycanda Sovet hakimiyyəti qurulanda o da gərək o ağıllı adamlara qoşulub qaçıb çıxıb gedəydi, bu cəhənnəmdən uzaq olaydı... Indi hansı bir gözəl Avropa ölkəsindəsə (Fransada, yaxud Almaniyada. Yox, Almaniya yox, çünki Almaniyada da Hitler var idi, ora da başdan-ayağı siyasət ocağı idi, qorxu-ürkü idi... Ora yox... Isveçrədə, Isveçdə, o uzaq və uzaq olduğu qədər də xoşbəxt – hayıf, orada yaşayan axmaqlar o xoşbəxtliyi başa düşmürlər – adada – Islandiyada...) kiçik bir dəllək salonu var idi, bəlkə də dəllək salonu yox, lap restoranı var idi... Gecənin yarısı tumanını batırmayacaqdı ki, indi Bağırovun adamları gəlib onu aparacaq və onun səsi də işgəncədən it kimi zingildəyən o dustaqların səsinə qatışacaq... Indi qorxusuz-ürküsüz bir ölkədə, bir kiçicik restoran yarımqaranlığında bir küncdə oturub müştərilərinə tamaşa edə bilərdi, bir tərəfdən də asta-asta yüngül, qayğısız, intim (!) bir musiqi çalınaydı... O zaman ki, Mir Cəfər Bağırovu Zaqafqaziya Su Təsərrüfatı Idarəsinin rəisi təyin etmişdilər, onda keçmiş Azərbaycan Demokratik Respublikasının başçısı və Müsavat Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə mühacirətdə olduğu dövrdə Türkiyə mətbuatında yazmışdı: «Azərbaycan xalqının cəlladı Bağırovu Su Təsərrüfatına başçı qoymuşlar, zənn edirəm ki, Zaqafqaziya çaylarının suları Azərbaycan oğullarının qanına bulaşmış əllərini yuyub təmizləməkdə ona kömək edəcəkdir...». Məhəmməd Əmin Rəsulzadənin bu sözlərini Mir Cəfər Bağırov özü bir neçə dəfə misal gətirmişdi– bəzən qəzəblə, bəzən də gülə-gülə və onun o gülüşü şaxta kimi adamı yandırırdı. Məhəmməd Əmin Rəsulzadə bu sözləri hələ on-on bir il bundan əvvəl demişdi, hələ 37 də, 38 də irəlidə idi; indi də 39 başlayıb... Məhəmməd Əmin indi, görəsən, nə deyir? Ona nə var ki, qorxusu yox, ürküsü yox, kardonun o tərəfində... Nə arvadının aqibətindən qorxur, nə anasının, nə də bacısının. Uşaqlarının taleyindən də nigaran deyil... Kardonun o tərəfində rahatca oturub çaxır içə-içə Bağırovu söymək (hətta yoldaş Stalini də!) asandır, amma gəl özün bu qazanın içində qayna, onda görək necədir halın?.. Nə isə... Mir Cəfər Bağırov hərdənbir məclislərdə konyak içib bir az keflənəndə birdən Beriyanı yadına salırdı: «– Qde moy Lavrenti?» – deyirdi, əvvəllər Tiflisə, indi isə, Moskvaya – Beriyanın evinə zəng çalırdı, telefonla onun sağlığına badə qaldırırdı. Komissar bunu da bilirdi ki, Beriya SSRI Xalq Daxili Işlər Komissarı təyin olunandan sonra, ilk tədbirlərdən biri də budur ki, Moskvada, Krapotkin küçəsində, çekistlərin yaşadığı binanın bütün sonuncu mərtəbəsini – yeddi otaqlı böyük mənzili Mir Cəfər Bağırova verir: Moskvaya gələndə mehmanxanada yox, MK-nın qonaq evində yox, öz mənzilində qalsın... Hər halda, çekistlər arasında belə şayiə gəzirdi və uzun illərin təcrübəsi nəticəsində Komissarın qulaqları ən qısadalğalı radio antennası kimi bir şeyə çevrilmişdi: kiçicik şayiələri də o saat tuturdu. Əlbəttə, Mir Cəfər Bağırov ilə Lavrenti Pavloviç Beriya dost idilər, özü də bu yalançı dostluq, siyasət xətrinə dostluq yox, həqiqi dostluq idi, amma bu həqiqətlə bərabər, bunlar elə adamlardı və taleyin hökmü ilə elə bir yüksək mərtəbədə dayanmışdılar ki, münasibətləri, bir-birinin əlindən tutması, bir-birinə arxa olması yalnız həmin dostluğun (həqiqi dostluğun!) nəticəsi ola bilməzdi; başqa bir səbəb də var idi və Komissar bunu aşkar hiss edirdi: əslində, Beriya özü də Bağırovdan qorxur və Beriya istəsəydi də Bağırovu məhv edə bilməzdi, çünki Bağırov, yoldaş Stalinin əlində Beriyanın özünə qarşı saxladığı bir kart idi. Bağırov Beriya haqqında çox bilirdi və Bağırovun Beriya haqqında belə çox bildiyini yoldaş Stalin bilirdi... Aydın məsələdir, Mir Cəfər Bağırov, yoldaş Stalinin Molotov kimi, Mikoyan kimi, Voroşilov, Kaqanoviç, Kalinin, Andreyev, Jdanov kimi (indi isə Beriya kimi!) yaxın əsabəsi deyildi, amma sevimlisi idi, qiymətləndirdiyi adam idi və buna heç bir şəkk-şübhə yox idi. Komissar hər dəfə Moskvada olanda, SSRI Xalq Daxili Işlər Komissarlığında Mir Cəfər Bağırova xüsusi hörmətin şahidi olurdu, hətta Bağırova yaxın adam olduğu üçün Komissarın özünə də hörmət edirdilər, bəzən lap yaltaqlanırdılar... Əlbəttə, yoldaş Stalinə görə, daha doğrusu, yoldaş Stalinin Mir Cəfər Bağırova münasibətinə görə... Bəli, belə idi işlər... Mir Cəfər Bağırov qayğıkeş bir bağban kimi, elə bil ki, Beriyanı – indi pensie taxdığı gözləri ilə bütün Sovet Ittifaqına baxan irili-xırdalı şəkilləri yoldaş Stalinin şəkilləri ilə yanaşı, idarələrin, müəssisələrin divarlarından asılmış, adı yoldaş Stalinin ən yaxın silahdaşları və şagirdləri sırasında çəkilən Lavrenti Pavloviç Beriyanı cücərtdi, bəslədi və gələcəkdə daha artıq, daha vüsətli inkişaf etməkdən, qol-budaq atmaqdan ötrü onu qüdrətli (və fəhmli!) bir aqronoma – yoldaş Stalinə təhvil verdi... Mir Cəfər Bağırov mizin üstündəki karandaşları yenə də ovcuna yığdı və yerindən qalxıb otaqda var-gəl eləməyə başladı və onun bu hərəkəti Komissarın bütün içini yeyən şübhələrini daha da artırdı: Mir Cəfər Bağırov, adətən, əsəbiləşəndə var-gəl edirdi, hətta iclas vaxtı rəyasət heyətində oturanda da bəzən yoldaş Stalin kimi durub gəzinirdi. Mir Cəfər Bağırov kabinetin pəncərəsi qarşısında ayaq saxladı, iri əlləri arasındakı karandaşları bir-birinə sürtdü və o karandaşlar şaqqıldadıqca, Komissar daha artıq bir nigarançılıqla gözaltı yoldaş Stalinin divardan asılmış şəklinə nəzər saldı, sonra yenə arxasını ona tərəf çevirmiş Mir Cəfər Bağırova baxdı. Əlbəttə, Mir Cəfər Bağırov bircə dəqiqənin içində Komissarın illərdən bəri göstərdiyi sədaqəti, xidməti unuda bilərdi və o zaman hər şey qurtarardı, Komissar istintaq altında yatan (hələlik yatan...) minlərlə xalq düşmənindən birinə çevrilərdi, lap elə həmin Ostaşko kimi. Ostaşko Bakı partiya komitəsinin keçmiş katibi, Mir Cəfər Bağırovun yaxından tanıdığı, az qala, hər gün görüşdüyü partiya işçisi idi və xalq düşməni kimi ifşa olunmuşdu. Ostaşko Rudzutakın, Postışevin və Kosiorun əleyhinə ifadə verməli idi, onlarla əlbir olduğunu, yoldaş Stalinə qarşı terrorçu planların hazırlanmasında iştirak etdiyini imzalamalı idi. Mir Cəfər Bağırov bu işi şəxsən Sumbatov-Topuridzeyə tapşırmışdı və Komissar yaxşı bilirdi ki, Mir Cəfər Bağırov hər hansı bir işi Sumbatov-Topuridzeyə – uzun müddət Azərbaycanda orqanlarda rəhbər işlərdə işləyib, Bağırova şəxsi xidmət göstərən ən yaxın və iş bacaran bir adama, Beriyanın yaxın dostuna tapşırırsa, deməli, bu iş xüsusi əhəmiyyətə malik idi, ifadə Moskvaya göndəriləcəkdi. Yuvelian Davıdoviç Sumbatov-Topuridze həmin 1937-ci ildə Azərbaycan SSR Xalq Daxili Işlər komissarı idi və saçını həmişə ülgüclə dibindən qırxdıran – elə bil ki, qarpız kimi girdə başında ömründə tük bitməyib – bu adam Azərbaycanda Sovet hakimiyyəti qurulduğu 1920-ci ildən etibarən Mir Cəfər Bağırovun əlinin altında işləmişdi. Sumbatov-Topuridze də prokuror Vışınski kimi, köhnə menşevik idi. 1927-ci ildə Azərbaycan K(b) P MK-nın o zamankı katibi Əliheydər Qarayevin (indi xalq düşməni kimi ifşa olunub güllələnmişdi) təkidi ilə Mir Cəfər Bağırov Azərbaycan Fövqəladə Komissiyasının sədrliyindən götürülüb, Zaqafqaziya Su Təsərrüfatı rəisi təyin edildikdə, Sumbatov-Topuridzeni də orqanlardan kənar etdilər, amma 1929-cu ildə Mir Cəfər Bağırov yenidən Azərbaycan Baş Siyasi Idarəsinin sədri təyin edildi və dərhal da Sumbatov-Topuridzeni orqanlara qaytardı. SSRI Ali Sovetinin ilk deputatlarından biri olan bu dazbaş adam Ostaşkonu şəxsən dindirmişdi və nəhayət, ifadə imzalanmışdı, amma bir gündən sonra, Ostaşko imzaladığı ifadəsindən imtina etmişdi, imza atanda özündə olmadığını demişdi. Ostaşko milliyyətcə rus idi, rəhbər partiya işçisi idi və buna görə də onun verəcəyi ifadənin xüsusi əhəmiyyəti var idi. Mir Cəfər Bağırovla Komissar (onda hələ komissar deyildi) gecə saat on ikidə Sumbatov-Topuridzenin kabinetinə girəndə Ostaşko orada idi. Komissar əvvəlcə Ostoşkonu tanımadı, vaxtı ilə tez-tez görüşdüyü, birlikdə Bakı zəhmətkeşlərinin bayram nümayişlərini qəbul etdiyi bu adam iyirmi üç günün içində o qədər dəyişmişdi ki, onu ilk baxışdan tanımaq mümkün deyildi: üz-gözü şişib qançır bağlamışdı, partlamış dodaqları açıq qalmışdı, əlləri, ayaqları əsirdi. Ostaşko kabinetə girən Mir Cəfər Bağırovu görən kimi özünü onun qabağında yerə atdı, xırıltılı bir səslə: «– Kak xoroşo çto vı prişli... Kak xoroşo çto vı prişli... Tovariş Baqirov. Tovariş Baqirov... Vı niçeqo ne znayete o koşmarax v NKVD. Eto ujas... Vı ne mojete sebe daje predstavit, tovariş Baqirov. Kak xoroşo çto vı prişli... U menya vımoqayut priznaniye v kontrrevolyutsennıx prestupleniyax. Vı je znayete menya. Kakoy je ya kontrrevolyutsioner? Kak xoroşo çto vı prişli. Tut fabrikuyet dela na rukovoditeley partii, pravitelstva, na soratnikov tovarişa Stalina. Pomoqite. Pomoqite, tovariş Baqirov. Razve naşa sovetskaya kontrrazvedka...» O zaman Mir Cəfər Bağırovun sifətindən Komissarın canına üşütmə salan bir təbəssüm keçdi və Mir Cəfər Bağırov təpiyi ilə vurub Ostaşkonu özündən uzaqlaşdırdı, açıq-aşkar bir narazılıqla Sumbatov-Topuridzeyə baxdı. Iki nəfər çekist Ostaşkonun qollarından yapışıb sürüyə-sürüyə qonşu otağa apardı və oradan bir müddət Ostaşkonun heyvan kimi anqırtısı eşidildi. Səhəri gün Sumbatov-Topuridze yenidən imzalanmış ifadəni Mir Cəfər Bağırovun mizinin üstünə qoydu və Ostoşko da daha bu ifadədən imtina etmədi. Sovet komsomolunun Aleksandr Kosarev kimi dünənə qədər adlı-sanlı başçısı, hətta rəhbəri – hamı ona yoldaş Stalinin varisi kimi baxırdı – 1937-ci ildəki məruzələrindən birində: «Bizim bir sıra yoldaşlar trotskiçiləri – xalq düşmənlərini hər yerdə axtarırlar, lakin öz aralarında, komsomolda axtarmırlar və buna görə də düşmənlə mübarizəni lazımi dərəcədə sərt aparmırlar, komsomol fəallarının sıralarını trotskiçi və digər əksinqilabi elementlərdən tələb olunan bir fəallıqla təmizləmirlər!» – deyə canfəşanlıq edirdi, amma bu sözləri deməyindən heç bir il keçməmiş, Mir Cəfər Bağırovun köməyi və bilavasitə iştirakı ilə Kosarevin özünü tutub xalq düşməni kimi ifşa etdilər və güllələdilər. Mir Cəfər Bağırov Azərbaycanın hökmdarı idi, amma əli uzun idi, lazım olanda gedib Moskvaya da çatırdı və onun üçün, əslində, yoldaş Stalindən başqa, bir də ki, Beriyadan başqa ayrı bir nüfuz sahibi yox idi. Indi bu qış axşamı Mir Cəfər Bağırovun qarşısında oturmuş Komissar qətiyyən şübhə etmirdi ki, gicgahının tükləri ağarmış, burnunun altında ensiz, amma qalın bığına da dən düşmüş birinci katib, Ostaşkoya vurduğu o təpikdən birini də onun sifətinə endirə bilər. Mir Cəfər Bağırov yenidən öz yazı mizinin arxasına qayıtdı və: – Hə... – dedi. – Təzə nə var? Komissar həyəcandan açıq-aşkar titrəyən barmaqları ilə özündən asılı olmayaraq, qovluğun içindəki ən sonuncu vərəqi dartıb çıxartdı. Bu kağızdakı məlumat bilavasitə Mir Cəfər Bağırovun özünə aid idi və Komissar, əslində, bu məlumatı lap axıra saxlamışdı. 37-38-ci illərdə xalq düşməni kimi ifşa olunub güllələnmiş Ruhulla Axundov, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Dadaş Bünyadzadə, Sultan Məcid Əfəndiyev, Ayna Sultanova, Hüseyn Rəhmanov, Həmid Sultanov, Məmməd Cuvarlı və başqa keçmiş partiya, dövlət rəhbərləri istintaqın ilk çağlarında Mir Cəfər Bağırov haqqında iftiralar söyləyirdilər və həmin iftiralar bu kabinetdə verilən məlumatlarda ilkin olaraq söylənirdi (şahidsiz söylənirdi!), sonra, əlbəttə, həmin xalq düşmənləri taqsırlarını boyunlarına alırdılar, sovet hökumətinin əleyhinə terrorçuluqla məşğul olduqlarını və Azərbaycan bolşeviklərinin sınanmış rəhbəri yoldaş Mir Cəfər Bağırov haqqında düşünülmüş iftira söylədiklərini etiraf edirdilər. Vaxtıyla iclaslarda görünəndə hamının ayağa qalxıb əl çaldıqları (indi hamı ayağa qalxıb Mir Cəfər Bağırova əl çalırdı!) bu nüfuzlu adamların – Azərbaycanın keçmiş partiya və dövlət rəhbərlərinin istintaq zamanı döyülüb nə günə düşdüyünü Komissar öz gözləri ilə görmüşdü. Zaqafqaziya Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyov səs eşidən kimi, kameradakı dəmir çarpayının altına girirdi və onu oradan çıxarıb növbəti istintaqa aparmaq müsibət olurdu... Komissar burasını da bilirdi ki, vaxtilə Qəzənfər Musabəyovgillə Mir Cəfər Bağırovgil Qubada qonşuluqda yaşamışdılar və Qəzənfərin anası öz çağası ilə – Qəzənfərlə bərabər, Mir Cəfəri də döşləriylə əmizdirmişdi. Mir Cəfər Bağırov təkcə Qəzənfər Musabəyovu tutdurmamışdı, Qəzənfərin bacısı, Azərbaycan SSR Xalq Ədliyyə Komissarı Ayna Sultanovanı da, Aynanın əri, respublikada müxtəlif komissarlıqlara rəhbərlik etmiş Həmid Sultanovu da (onların hamısı inqilabdan əvvəl partiyanın üzvləri idi) tutdurub güllələtmişdi və nəhayət, öz süd anasını – Qəzənfərgilin anasını da həbs elətdirib Bayıl həbsxanasına saldırmışdı. Döyülüb ağzı-gözü qana bulaşmış o qoca arvadın Bayıl həbsxanasında qışqıra-qışqıra: «Ay Allah, Mir Cəfərə bu döşümdən verdiyim südü haram elə! Onu dünya işığına həsrət qoy!» – deyə qarğış yağdırmağını da Komissara çatdırmışdılar. Ayna Sultanova isə güllələnəndə: «–Stalinin adı ilə ölürəm» – demişdi. Azərbaycan Mərkəzi Icraiyyə Komitəsinin sədri, ZSFSR Mərkəzi Icraiyyə Komitəsi sədrlərindən biri, SSRI Mərkəzi Icraiyyə Komitəsi sədrinin – «ümumittifaq ağsaqqalı» M.Kalininin müavini Sultan Məcid Əfəndiyevi isə Mir Cəfər Bağırovun orqanlarındakı ən yaxın silahdaşlarından, inandığı adamlardan biri – Borşev və «Boksyor» ləqəbli müstəntiq Musatov dindirirdi və vurduğu hər zərbədən sonra «Boksyor» ləzzətlə soruşurdu: «–Hə, «prezident», boynuna alırsan terrorçuluğunu, yoxsa yox?..» Sadəlövh Sultan Məcid... Elə bilirdi Bağırovun əlindən qurtara biləcək, yoldaş Stalinə arxalanırdı... Yoldaş Stalinlə 1907-ci ildən tanış idi, Bakıda birlikdə gizli fəaliyyət aparmışdılar, sonralar – Sovet hakimiyyəti qurulduqdan sonra Sultan Məcid Moskvada Şərq Xalqları Kommunist Təşkilatları Mərkəzi Bürosu sədrinin müavini idi və yenə də yoldaş Stalinlə birgə işləyirdilər. Elə ki, Mir Cəfər Bağırov Sultan Məcidi sıxışdırmağa başladı, bu sadəlövh qoca yoldaş Stalinə və Kalininə məktublar yazdı, arvadı Zivər xanımın vasitəsilə Moskvaya göndərdi, məktublar ünvana yetişdi, Zivər xanım köhnə tanışları N.Krupskaya ilə görüşüb söhbət etdi, N.Krupskaya xüsusi olaraq yoldaş Stalinin yanına getdi və bütün bunların nəticəsi o oldu ki, Sultan Məcidi burjua millətçisi və terrorçu kimi güllələdilər, çıxıb getdi işinin dalınca... Sadəlövh qoca... Kalininə ümid edirdi... Kalinin öz canının hayında idi və imkan tapanda da, tapmayanda da yoldaş Stalinə yaltaqlanırdı. Mir Cəfər Bağırov isə kefinin kök vaxtlarında Kalinini «Keçisaqqal» deyə çağırırdı. 37–38 daha qurtarmışdı, daha Qəzənfər Musabəyov, yaxud Sultan Məcid Əfəndiyev kimi tanınmış və nüfuzlu adamlar qalmamışdı, onların hamısı cəzasına çatıb ləğv edilmişdi, ailələri sürgünə göndərilmişdi. Indi həbs edilən xalq düşmənlərinin ifadəsində Mir Cəfər Bağırovun adına rast gəlmək olmurdu, rast gələndə də məhbuslar bu adı ehtiramla çəkirdilər, onlar barədə qaldırılan cinayət işinin əsassız olduğunu yoldaş Mir Cəfər Bağırova çatdırmağı xahiş edirdilər. Bugünkü məlumat isə bir az başqa cürə idi. Komissar əlindəki kağıza baxa-baxa udqundu və: – Bu gün bir nəfər, xalq düşməni kimi həbs olunub... – dedi. Mir Cəfər Bağırov çeşməyinin girdə şüşələri arxasından diqqətlə Komissara baxdı və sidq-ürəkdən təəccüb etdi, yəni nə olsun ki, bir nəfər xalq düşməni həbs edilib. Komissar bu naqolay vəziyyəti hiss etdi və nəsə demək istədi, amma cümləsini dəqiq qura bilmədi: | |
Baxış: 796 | |
Bütün rəylər: 0 | |