Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölüm hökmü-17
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>
 KAK DELA?


    Xədicə arvadı Tülkü Gəldi Qəbiristanlığında yox, Bakıdan xeyli aralıdakı Təzə qəbiristanlıqda dəfn elədilər və çörəkçi Ağabalanın arvadı birinci dəfəydi ki, Təzə qəbiristanlığı görürdü, yana-yana:
    – Vay, vay, vay!.. – dedi. – Ağəz, bura lap mikrorayondu ki!
    Hələ illərin istisinə-soyuğuna düşməmiş və ölçüləri də, quruluşları da bir-birinə bənzəyən qəbir daşları göz işlədikcə bütün bu ətrafı bürümüşdü və bu az müddətdə Bakıdan xeyli aralıdakı o Təzə qəbiristanlıq elə böyümüşdü ki, dünyanın heç bir şəhəri o cürə sürətlə böyüyə bilməzdi. Buradakı qəbir daşlarının o eyniliyində, qəbir yerlərinin eyni ölçüdə xırda bostan sahələri kimi, yan-yana düzülüşündə bir yetimlik, kimsəsizlik var idi və çörəkçi Ağabalanın arvadı özünü saxlaya bilməyib ağlamsındı:
    – Yazıq Xədicə xala...
    Bu vaxt maraqlı bir hadisə baş verdi: iki gündən bəri ağlayan, yazıq Xədicə arvadın meyitini köhnə qəbiristanlıqda – məhəllə camaatının dədə-babasının dəfn olunduğu Tülkü Gəldi Qəbiristanlığında torpağa tapşırmaq istəyən, Təzə qəbiristanlıq söhbətini yaxına buraxmayan, qoca mömin arvadın ruhuna yaraşdırmayan məhəllə arvadları birdən-birə çörəkçi Ağabalanın arvadının üstünə çımxırmağa başladılar:
    – A-a-a... Nolub e, bura?..
    – Nöşün pis deyirsən, ağəz, qəbirsannıqdı də!..
    – Burda ki, bu qədər məxluq basdırıblar, adam döyüllərdi begəm?..
    Əlbəttə, bir halda ki, Tülkü Gəldi Qəbiristanlığında yer tapılmamışdı, bir halda ki, Xədicə arvadı gətirib burada dəfn eləyirdilər, daha bu mərasimi isbatdan çıxarmaq lazım deyildi, olacağa çarə yox idi, məhəllənin gücü çatmamışdı ki, arvadı aparıb dədə-baba qəbiristanlığında torpağa tapşırsınlar, daha üstəlik, yanıqsılanmaq lazım deyildi. Məhəllə camaatı – kişilər də, arvadlar da daha nə kirayənişin tələbəyə, nə də bu keçmiş rus dili müəlliminə yarıtmadıqlarına görə, söz verib, amma yerinə yetirməməyi – Tülkü Gəldi Qəbiristanlığında yer almağı bacarmadıqlarına görə acıqla baxmırdılar, daha nəzərləri ilə məzəmmət etmirdilər. Onsuz da son vaxtlar illər ötdükcə, dünya dəyişdikcə məhəllə istəsə də, istəməsə də, bunu üzə vursa da, vurmasa, da, öz acizliyi ilə barışırdı. Dünya get-gedə elə bir kola çevrilirdi ki, məhəllə daha o kola girə bilmirdi, olsa-olsa, çörəkçi Ağabalanın əsgərlikdən təzə qayıtmış oğlu kimi, hədə-qorxu ilə kifayətlənirdi. Indi hər şeyi pul həll edirdi, məhəllənin isə pulu yox idi, məhəllə kasıb idi; indi hər şeyi tanışlıq, tapşırmaq həll edirdi, məhəllənin isə elə bir adamı yox idi, ən böyük vəzifə sahibi Molla Əsədullanın qardaşı oğlu idi ki, o da 8-ci kilometr qəsəbəsində notarius işləyirdi və Xədicə arvadın yasına da heç gəlməmişdi... Dünya dəyişirdi... Daha doğrusu, dünya dəyişmişdi və o aprel axşamı ki, Xədicə arvadı gətirib Təzə qəbiristanlıqda dəfn eləyirdilər, olsun ki, məhəllə sövq-təbii hiss etdi ki, bundan sonra daha ölülərinin üzü bu tərəfədir – bu Təzə qəbiristanlıq tərəfə...
    Molla Əsədulla da arvadların arasından ötüb təzə qazılmış qəbrə tərəf gedəgedə:
    – Əslində, – dedi, – müsəlmançılıqda qəbirin üstü gərək torpaqla bərabər olsun, qəbir gərək torpağa qarışsın... Müsəlman qəbri gərək torpaqdan seçilməsin... O təmtəraq ki, indi ələyirlər, o, sonraların işidi, əvvəllər belə şeylər olmayıb!.. Müqəddəs bir şəxs ölərdi, yaxud ki, bir alimi-üləma köçərdi dünyadan, onda məqbərə tikərdilər, vəssalam!.. Indi müqəddəslik yoxdu ki, day!.. Kimin pulu var, məqbərə də onunkidi!..
    Tələbə fikirləşirdi ki, bəs, Molla Əsədullanın özünün necə, qəbrinin üstündə məqbərə tikəcəkdilər? Hər halda, o yazıq Xədicə arvadın qəbri, əlbəttə, torpaqdan
    seçilməyəcəkdi...
    Xosrov müəllim əllərini qara plaşının ciblərinə soxub yeni qazılmış qəbrin aşağı tərəfində məhəllə kişilərinin arasında dayanmışdı və hələlik içi boş qəbrə baxırdı, sonra gözlərini qaldırıb camaatın başı üstündən Təzə qəbiristanlığa baxdı və birdənbirə iki-üç il bundan əvvəl – təxminən 1978 – 1979-cu illərdə gördüyü və o vaxtdan bəri yadından çıxmayan bir yuxunu xatırladı: onda N. S. Xruşşovu yuxuda görmüşdü. Xruşşov əyninə yaxası naxışlı Ukrayna köynəyi geyib iki əliylə də tutduğu nəlbəkidən xortuldada-xortuldada çay içirdi. «– Zdravstvuyte, Nikita Serqeeviç!..» «– A-a-a!.. Xosrov muallim... Kak dela?» «– Niçeqo... A kak vaşi dela?» «– Toje niçeqo...»
    Xədicə arvadı basdırdıqları o aprel axşamı Xosrov müəllimə elə gəldi ki, N. S. Xruşşov da Bakıdan xeyli aralıdakı bu Təzə qəbiristanlıqda dəfn olunub və birbirinə bənzəyən o qəbirlərdən biri də N. S. Xruşşovundur.
    Təzə qəbir daşlarının eyniliyi, təmizliyi yenə də birdən-birə ağ xalatları Xosrov müəllimin yadına saldı, ağ xalatlar isə öz növbəsində professor Lev Aleksandroviç Zilberi gözlərinin qabağına gətirdi və Xosrov müəllimə elə gəldi ki, professor Zilber də bu Təzə qəbiristanlıqda dəfn olunub...
    Əlbəttə, xüsusən, son vaxtlar Xosrov müəllim nə qədər öz dünyasına qapılsa da və bəzən oradan çox çətinliklə ayrılsa da, başa düşürdü ki, Xruşşov da, professor Zilber də burada dəfn olunmamışlar və yəqin ki, haçansa – üç gündən sonramı, iki ildən sonramı, o özü, yəni Xosrov müəllim burada dəfn olunacaq (hərgah morqda sahibsiz qalmasa və sümükləri çıxarılıb təbabəti öyrənən gələcək həkimlər üçün dərs vəsaitinə çevrilməsə; çox güman ki, elə məhz belə də olacaqdı, çünki bu yer üzündə Xosrov müəllimin özündən savayı heç kimi yox idi).
    Xosrov müəllim öləcəkdi və mənalımı, mənasızmı (çox güman ki, mənasız...), uzun bir ömür sona yetəcəkdi və hərgah bu qəbiristanlıqda dəfn olunacaqdısa, o zaman onun da qəbir daşı bu saysız-hesabsız qəbir daşları kimi, dünyanın yetimliyindən, əlacsızlığından xəbər verəcəkdi... Amma o biri dünyada Xosrov müəllimin ruhu mütləq altı yaşlı Cəfərlə, dörd yaşlı Aslanla, iki yaşlı Azərlə görüşəcəkdi, çünki başqa cürə ola bilməzdi, hərgah o dünyadakı o görüş də olmayacaqdısa, hərgah o dünya da yox idisə, hərgah cənnət və cəhənnəm də boş bir əfsanə idisə və heç kim cəhənnəm odunda yanıb öz cəzasını almayacaqdısa, onda yaşayışın mənası nə idi və Xosrov müəllim səksən illik bir ömrün əzablarına nə üçün dözmüşdü, bu ömür nə üçün bu qədər uzanmışdı?
    Molla Əsədulla qəbrin baş tərəfində dayanıb Quran oxuyurdu və molla oxuduqca tələbə Murad İldırımlı bir-bir ətrafdakı məhəllə kişilərinə baxırdı, bu adamların çoxunu sifətdən tanıyırdı, amma bir qismini də tanımırdı və o dəm tələbəyə elə gəlirdi ki, Məlik Əhmədli də bu adamların arasındadı, elə bil ki, Məlik Əhmədli doğrudan da, həyatda var idi və doğrudan da o qəribə sərnişinlə görüşmüşdü və elə bil ki, bu Təzə qəbiristanlıqda o Zəhra kəpənək kimi çoxlu kəpənəklər uçuşmuşdu, indi gizlənmişdilər, gözləyirdilər ki, bu adamlar buradan getsin, təzədən uçuşmağa başlasınlar...
    ...Yazıq Xədicə arvadı Təzə qəbiristanlıqda torpağa tapşırıb axşam qaranlığı geri qayıdandan sonra, məhəllə kişiləri həyətdə ehsan süfrəsinin arxasında oturub arvadların bişirdiyi bozbaşı yedikləri vaxt Balaniyazın gözləri yenə də həyətin kənar-bucaqlarında gəzirdi, amma tələbə Murad İldırımlıya elə gəldi ki, Xədicə arvadın oğlu bu dəfə siçan axtarmir, yox, pul, qızıl axtarır, bilmək istəyir ki, Xədicə arvad varidatını harada gizlədib?..
    Elə ki, məhəllənin yeniyetmələri bozbaş kasalarını, pendirin, göyərtinin, yuxanın, çörəyin qalanını yığışdırdı, süfrəyə qənd, arvadların çaldığı halva düzdü, çay gətirməyə başladı, Balaniyaz birdən-birə ayağa qalxdı, həmişə nəsə axtaran iti gözlərinin güclə seziləcək işarəsi ilə Murad İldırımlını çağırdı, onda tələbə başa düşdü ki, nəsə bəd bir xəbər eşidəcək. Tələbə də qalxıb Balaniyazın arxasınca həyətin yuxarı başına, ayaqyolunun kənarındakı o damcılayan kranta tərəf getdi və orada üz-üzə dayandılar. Balaniyaz yenə də qarşısındakı bu gödəkboy kirayənişinə yox, həyətin künc-bucağına baxa-baxa:
    – Sən... – dedi, – sən day özüvə başqa yer tap!.. Sabahdan çıx burdan! Satıciyəm buranı! Əl-əlbət, uje dünən müştəri tapmışam!..
    Balaniyaz dünən də siçan axtarmırmış, müştəri axtarırmış...
    Sonra Balaniyaz həyətdəki süfrə arxasında oturub dinməzcə çay içən Xosrov müəllimə tərəf işarə etdi:
    – Ona da sən de... De ki, sabahdan çıxsın burdan! – Balaniyaz birinci dəfə tələbənin gözlərinə baxdı. – Nolar sən deyəndə? Anam elə çox istəyirdi səni ki!.. Ələlbət, çox istəyirdi!..
    Balaniyaz yazıq Xədicə arvadın o otaqlarının da, o balaca arakəsmənin, o balaca mətbəxin də bütün künc-bucağını axtaracaqdı, divarları qarış-qarış taqqıldadacaqdı, döşəmənin, tavanın köhnə taxtalarını qaldıracaqdı və anasının qızıllarını axtaracaqdı – hər halda, tələbəyə belə gəlirdi və hətta tələbə, elə bil ki, bunu artıq gözləriylə görürdü: Balaniyaz özü siçovul idi və o siçovul ora-bura qaça-qaça bütün buraları axtaracaqdı... Sonra da bu evi satacaqdı...
    Tələbə Murad İldırımlının bu gecə yatmağa yeri var idi, sabah da Bayıldakı şəxsi maşın dayanacağında qalacaqdı, yəni iki gecəlik aqibəti məlum idi. Bəs, Xosrov müəllim necə olacaqdı? O da bu gecə burada qalacaqdı. Bəs sabah? Quran deyirdi: «Ey iman gətirənlər! Səbr və ibadət etməklə – Allahdan kömək diləyin. Çünki Allah səbr edənlərlədir, onların dostudur».

18 INTIHAR


    Axşam düşhadüş idi və o aprel axşamı kimsəsiz çimərlikdəki talvarların, uzun kətillərin qışdan sonra hələ də rəngini itirməmiş rəngbərəng taxtaları, dəmir dirəkləri, iri və rəngbərəng brezent çətirlər yağışın altında tamam islanmışdı, qərbə tərəf axan topa-topa yaz buludlarının arasından hərdən bu yerlərə gün işığı düşürdü və o zaman o rəngbərəng brezent də, talvarların və uzun kətillərin rəngbərəng dəmir dirəkləri, taxtaları da, elə bil, o gün işığına sevinib parıldayırdı; sahilə cuman dalğalar ağappaq köpüklənmişdi və Giçbəsər qara gözlərini dənizin və topa-topa axan buludların bozluğu içində o ağlığa dikmişdi, sahilə çırpılan o dalğalara baxırdı. Sonra yağış birdən-birə başladığı kimi, birdən-birə də kəsdi və uzaqda güclə sezilən üfüq xəttindən buludların arası ilə yavaş-yavaş qövsi-qüzeh görünməyə başladı və o qövsi-qüzehin yaşıl, sarı, göy, qırmızı rəngi get-gedə lap aydınlaşdı. Çimərliyin düz qarşısında üfüq xəttindən qalxmış o qövsi-qüzeh buludların arası ilə dövrə vurub buralardan xeyli uzaqlarda yenə də üfüq xəttində qurtarırdı. Bomboş çimərliyin yuxarı hissəsindəki qayalığın önündə dal ayaqları üstə çöməlib qabaq ayaqlarını qumluğa dirəmiş Gicbəsər gözlərini o ağappaq dalğalardan çəkdi və qövsi-qüzehə baxdı. Bir müddət beləcə davam etdi, sonra o yaşıl, sarı, göy, qırmızı yavaş-yavaş buludların arasında, elə bil, əriməyə başladı, bir azdan tamam yox oldu – qövsi-qüzeh də birdən-birə dövrə vurduğu kimi, birdən-birə də o kimsəsiz çimərliklə, o qayalarla, o ağappaq dalğalarla vidalaşdı. Qövsi-qüzeh özü ilə bu kimsəsiz sahilə bir sevinc gətirdi, özündən sonra isə bir qəmginlik, bir həzinlik yaydı getdi.
    Dənizin o dalğaları həmin qəmginlik, həzinlik içində ağlığından, elə bil, buludlara verdi, buludlar da ağappaq ağardı və o ağ buludlar yavaş-yavaş seyrəlməyə başladı, qərb tərəfdə isə günəşin altında qırmızımtıl rəng aldı. Dəniz bomboş idi, buludların bir hissəsi qırmızımtıl, bir hissəsi isə ağ idi, o dalğaların da köpüyü ağappaq idi və Abşeron sahilindəki həmin aprel axşamı bütün bu rənglərin hamısında bir qüssə var idi.
    Uzaqda bir-iki dəfə şimşək çaxdı, amma o şimşəyin səsi gəlib bu bomboş çimərliyə çatmadı. Gicbəsər yerində dikəldi. Kiçicik hərəkət belə, bu itin bütün bədəninə bir ağrı yayırdı, amma o ağrıya baxmayaraq Gicbəsər bir-iki addım irəlilədi, elə bil, itin qara gözləri də o qəfil qövsi-qüzeh kimi, bu dənizlə, bu bomboş çimərliklə, islanmış rəngbərəng çətirlərlə, talvarlarla, uzun kətillərlə vidalaşırdı; sonra Gicbəsər başını aşağı salıb geri döndü və asta addımlarla qayaların arasından keçib çimərlikdən uzaqlaşdı.
    Çimərliyin də, qayalığın da ab-havasında təmizlik var idi, xüsusən, o yağışdan sonra təmizlik, elə bil, daha da artmışdı, irəlidən isə benzin iyi, dəmir iyi, mazut iyi gəlirdi, o benzin də, mazut da, dəmir də sürətdən, qəfil hücumlardan, həmlələrdən, zərbələrdən, təhlükədən xəbər verirdi və Gicbəsər də indi o təhlükəyə doğru gedirdi. Gicbəsər qayalığın üst tərəfində, qumluqda ayaq saxladı; Tülkü Gəldi Qəbiristanlığından çıxdığı müddətdə o qədər zəifləmişdi ki, qayaların arasından bir az yoxuş qalxdığı üçün ləhləyirdi və qabırğaları sayılan arıq böyürləri havadan teztez dolub boşalırdı. It yan-yörəsini iylədi və kənardakı tənha akasiya ağacına tərəf baxdı: ağacın dibində iki körpə küçük bir-birinə ilişə-ilişə ora-bura vurnuxurdu və bu küçüklərin tükü də eynilə Gicbəsərinki kimi, qəhvəyi-qara idi.
    Küçüklərin gözləri təzə açılmışdı və onlar Gicbəsəri əvvəlcə hiss edib, sonra görüb quma bata-bata, sürüşə-sürüşə bu böyük itin yanına qaçdılar, qıçlarına dırmaşmaq istədilər, qarnının altında vurnuxdular. Boynunun əzələləri çox ağrısa da, Gicbəsər başını qabaq ayaqlarının arasından aşağı əyib, qarnının altında vurnuxan küçüklərə baxdı, sonra başını qaldırıb gözlərini yavaş-yavaş uzaq işıqları görünən Bakı səmtinə dikdi və Gicbəsərin Tülkü Gəldi Qəbiristanlığı tərəflərə baxan gözlərində bir qüssə var idi (həsrət yox, qüssə).
    Gicbəsər gözlərini Bakı səmtindən çəkdi və yenə də qabaq ayaqlarının arasından qarnının altında vurnuxan küçüklərə baxdı.
    Küçüklərdən biri burnunu Gicbəsərin burnuna dirədi, ikinci küçük də vurnuxavurnuxa, özünə yer axtara-axtara nəhayət ki, burnunu Gicbəsərin burnuna dirədi və Gicbəsər bu iki küçüyün təmiz nəfəsini hiss etdi. Küçüklər başdan-başa bir etibar, bir ümid içində idilər, əmcək axtarırdılar və altdan yuxarı Gicbəsərin qarnını iyləyə-iyləyə, bir-birlərinə ilişə-ilişə o tərəf-bu tərəfə vurnuxurdular.
    Gicbəsər, əlbəttə, küçüklərin o etibarını, ümidini duyurdu. Uzaqlarda yenə də səssiz şimşək çaxdı.
    Gicbəsər ayaqüstə dayana bilmirdi, ya gərək yerə çömələydi, ya da uzanaydı, bu itin bədəni o qədər yaralı idi ki, ayaq üstə dayananda da ağrıyırdı, yeriyəndə də, amma Gicbəsər nə çöməldi, nə də uzandı, asta addımlarla irəliyə getməyə başladı. Küçüklərin ikisi də Gicbəsərin ardınca getdi və bir az beləcə getdilər, sonra Gicbəsər addımlarını yeyinlətmək istədi, amma bacarmadı, küçüklər isə yaxınlaşırdı və bu zaman Gicbəsər bir anlığa dayanıb arxa ayaqları ilə küçüklərin üstünə qum sıçratdı. Küçüklər də dayanıb gözlərini yumdu və qum sifətlərinə dəydi, yaş burunlarında, dodaqlarında yapışıb qaldı; küçüklər başa düşdü ki, daha irəli, o böyük itin ardınca getmək lazım deyil.
    Qarşıdakı qumsal dikdirin o tərəfindən dəmir yolu keçirdi və get-gedə dənizdən uzaqlaşan o dəmir yolunun sal dirəkləri mazuta bulaşmışdı, relslər yağlı idi və Gicbəsər eləcə asta addımlarla küçüklərdən uzaqlaşdı, o mazut iyinə, dəmir iyinə doğru getdi, bütün bədəni ağrıya-ağrıya, məftillərlə cızılmış sir-sifəti göynəyəgöynəyə dikdirin üstünə qalxdı və oradan ətrafa baxdı.
    Bakı tərəfin işıqları yavaş-yavaş sayrışmağa başlamışdı və orada Gicbəsər üçün heç bir naməlumluq yox idi, bu itin o uzaq sayrışan işıqlara baxan qara gözlərində indi tamam bir biganəlik var idi; Tülkü Gəldi Qəbiristanlığı da o tərəflərdə idi və əlbəttə, Gicbəsər başını aşağı salıb, canını dişinə tutub birtəhər gedib yenidən Tülkü Gəldi Qəbiristanlığına çıxa bilərdi – üç günəmi, beş günəmi, hər halda, gedib ora çıxardı, amma it biganə gözlərini o uzaq işıqlardan çəkdi və akasiya ağacının altına qayıdıb orada əvvəlki tək vurnuxan o iki küçüyə baxdı. Küçüklər Gicbəsəri görmürdülər və bir-birini iyləyə-iyləyə təzəcə gözlərini açdıqları bu dünyanı öyrənirdilər. Gicbəsərin qara gözlərinə yenə də birdən-birə dərin bir qüssə çökdü, daha doğrusu, gözlərindəki o qüssə (həmişəki qüssə!) daha da artdı və itin qılçaları titrədi, dörd ayağı üstə dura bilməyib dikdirin başında yerə çöməldi, elə bil ki, haçansa yekə, hərarətli bir əlin o küçükləri tumarlayacağını, sonra həmin hərarətin həmişəlik itib gedəcəyini, o küçüklərin dəmir tor çəpərlərin, daş hasarların ətrafında, asfalt yolların, küçələrin üstündə böyüyəcəyini əvvəlcədən hiss etdi, sonra o hisslər bir-birinə qarışdı və hər şeyi dəhşətli, dözülməz bir ağrı, dözülməz bir aclıq, dözülməz bir susuzluq əvəz etdi.
    Akasiyanın altındakı küçüklər bir-birini iyləyə-iyləyə sərçə kimi civildəyirdilər və o civilti dənizdən gələn uğultu müqabilində o qədər zəif idi ki, dikdirin hər iki tərəfini – o qumluğu, qayalığı da, uzanıb gedən o yağlı-mazutlu dəmir yolunu da, elə bil, şəffaf bir duman kimi, yazıqlığa, acizliyə, ümidsizliyə bürüyürdü.
    Qərb tərəfdə getdikcə qırmızısını tamam itirən buludların altında günəş batırdı, şərqdən isə ay çıxırdı və o aylı-günəşli aprel axşamı qumsal dikdirin başında çöməlmiş Gicbəsərin gözlərindəki qüssə, elə bil, bayaqkı o qövsi-qüzeh kimi əridi, gecə düşdükcə, o qara gözlərin də ifadəsi itdi, qaranlığa qarışdı.
    Gicbəsər ayağa qalxdı, dikdirin üstündən sonuncu dəfə uzaqlarda sayrışan o Bakı işıqlarına tərəf baxdı və başını aşağı saldı, həmin uzaq işıqları da, o tənha akasiya ağacını da arxada qoydu, dikdirdən düşüb dəmir yoluna çıxdı, relslərin arasına girib eləcə astaca-astaca getməyə başladı.
    Relslərin arası ilə yerimək çətin idi – relslərin bərkidildiyi mazutlu sal dirəklərin arası çınqılla doldurulmuşdu və hər dəfə dirəkdən çınqıla, çınqıldan isə təzədən dirəyin üstünə pəncəsini qoyduqda itin bütün əzələləri, yaralarının üstü qaysaq bağlamış dərisi dözülməz bir ağrı ilə ağrıyırdı, amma Gicbəsər relslərdən kənara çıxmırdı və başını aşağı salıb eləcə irəliləyirdi.
    Gicbəsər relslərin titrəyişini hiss etdi, uzaqdan sürətlə gələn təkərlərin səsini relslərdən eşitdi və it başını daha da aşağı saldı, elə bil, hansı bir zərbədənsə sövqtəbii qorunmaq istəyirdi, amma relslərin arasından kənara çıxmadı, əksinə, bədəninin ağrısına baxmayaraq addımlarını gücü çatınca dəqiq atmağa, relslərin tən ortası ilə irəliləməyə başladı.
    Arxadan gələn qatar sürətlə yaxınlaşırdı və Gicbəsər o sürəti indi daha cismani hiss edirdi, amma nə arxaya baxırdı, nə də relslərin arasından çıxırdı. Qatarın sürəti təkcə relsləri yox, o sal şalban parçalarını da titrətməyə başlamışdı və Gicbəsərin ürəyi də eləcə bir sürətlə döyünürdü, amma it relslərin arasından kənara çıxmırdı.
    Giçbəsər hiss edirdi ki, indicə dəhşətli bir zərbə alacaq və itin bütün fəhmi onu dartıb kənara atmaq istəyirdi, amma Gicbəsər bütün varlığını zorlayıb o fəhmini boğurdu, özünü o fəhminin ixtiyarına buraxmırdı. It o sürəti lap yaxınlığında duydu, sonra lap bir qarışlığında hiss etdi və sonra hər şey bitdi.
    Qatar sürətlə bu yerlərdən keçdi.
    Başqa heç bir səs eşidilmədi, yalnız qatarın səsi bütün bu ətrafa yayıldı.
    Sonra qatar uzaqlaşıb gözdən itdi.
    Bu yerlərə sakitlik çökdü.
    Günəş tamam batmışdı və qərbə axan buludların arasından hərdənbir ay görünürdü.
    Gicbəsərin bir yığın qanlı sür-sümükdən və qəhvəyi-qara tüklərdən ibarət cəsədi relslərin arasında qalmışdı.
    Uzaqlarda yenə səssiz bir şimşək çaxdı...
1984 – 1988.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.01.2014) | Müəllif: R.C E W
Baxış: 493 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more