Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölüm hökmü-10
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>

    – Sizlə... Sizi...
    Mir Cəfər Bağırov birdən-birə gülümsədi:
    – Nədi, söyüb məni?– soruşdu.
    Komissar tələsik:
    – Yox, yox, – dedi. – Sizin sağlığınıza içməkdən imtina edib.
    Mir Cəfər Bağırov eləcə gülümsəyə-gülümsəyə o bir dəstə karandaşı yenə də iri əllərinin arasına alıb, bir-birinə sürtdü.
    – Kimdir?
    Komissar gözlərini kağızdan çəkməyərək:
    – Müəllimdir. – dedi. – Xosrov Ələkbərli...
    – Hardandır?
    – Əsli Hadrutdandır, özü indi Bakıda yaşayır...
    – Hadrutdan?
    – Bəli.
    – Bu cür düşmənlər idi də, Hadrutda taunu yayan... – Mir Cəfər Bağırov ayağa qalxıb kabinetdə var-gəl eləməyə başladı və bu adamın kobud cizgili sifətində bayaqkı təbəssümdən əsər-əlamət qalmamışdı.
    – Harada olub bu əhvalat?
    – Dünən axşam. Məktəb müdirinin qızının ad günündə.
    – Kim çatdırıb?
    – Bu gün məktəb müdirinin özü zəng eləyib rayon partiya komitəsinə xəbər verib.
    Bu dəfə karandaşların şaqqıltısı, elə bil ki, daha da bərkdən gəldi və hələ də özü ilə bağlı şübhələrdən yaxa qurtarmamış Komissar susub Mir Cəfər Bağırovun növbəti sualını gözlədi.
    – O kimdir?
    – Məktəb müdiri, Mir Cəfər Abbasoviç? Famili Babazadədir.
    Mir Cəfər Bağırov ayaq saxladı:
    – Nə?
    – Famili Babazadədir, Mir Cəfər Abbasoviç. – Komissar gözünü kağızdan çəkib Mir Cəfər Bağırova baxdı və başa düşdü ki, yoldaş Bağırov bu adamı tanıyır.
    Mir Cəfər Bağırov soruşdu:
    – Ələsgər Babazadə?
    – Bəli, Mir Cəfər Abbasoviç. Iyirmi ilə yaxındır ki, məktəb müdiri işləyir... – Komissar məktəb müdirinin Mir Cəfər Bağırovla yerli olduğunu da qeyd etməyi lazım bildi (məlumat üçün bu kabinetə girməmişdən əvvəl burada adı çəkiləcək adamlarla bağlı bütün göstəriciləri öyrənirdi): – Əsli qubalıdır. Yoldaşlar onu çox yaxşı xarakterizə edirlər...
    Qəribə idi, neçənci hadisəydi ki, kimsə birdən-birə Mir Cəfər Bağırovun yadına düşür, axşam, ya gecə isə, eləcə də gözlənilmədən həmin adamın adı pırtlayıb bu cür qovluqların, kağızların arasından çıxırdı.
    Yenə birdən-birə o uzaq uşaqlıq çağları yada düşdü. «Qulliverin səyahəti» kitabının bütün bu illər ərzində unudulub getməmiş xoş təsirini yenidən hiss etdi, amma o xoş təsirdə bir nisgil var idi və həyətdəki alma bağının bir küncünə qısılıb hirsindən ağlayan o uşaq, Mir Cəfər Bağırovun gözlərinin qabağına gəldi. Düzdü, Mir Cəfər Bağırov heç vaxt özünü tənha hiss etmirdi, amma hərdən uşaqlıq çağlarını xatırlayanda bütün içinə bir həsrət yayılırdı və illər keçdikcə bu həsrət də artırdı: o gözəl, o qayğısız uşaqlıq çağları bir də heç vaxt geri qayıtmayacaqdı, çünki əbədi bir keçmişdə qalmışdı...
    Mir Cəfər Bağırov təzədən yazı mizinin arxasına keçdi və hər dəfə Komissarı üşüdən soyuq ifadə ilə:
    – O necə məktəb müdiridir ki, terrorçuları evinə yığır?– soruşdu.
    Komissar dərhal:
    – Düzdür, Mir Cəfər Abbasoviç, – dedi, elə bil ki, söhbət indicə təriflədiyi adamdan getmirdi.
    Komissar üçün hər şey aydın idi: məktəb müdiri terrorçu kimi güllələnməli idi. Məsələ burasında idi ki, 1 dekabr 1934-cü il qanununa görə terrorçuluqda təqsirləndirilən adamlar dərhal güllələnirdi, onların müdafiə olunmağa, bağışlanmaq haqqında müraciət etməyə ixtiyarı yox idi. Mir Cəfər Bağırovun orqanlarda işləyən yaxın silahdaşlarından biri – Atakişiyev, tabeliyində olan əməliyyat işçilərindən həmişə tələb edirdi:
    «– Dayte v priznaniyax kusoçek terrora.» Mir Cəfər Bağırovun, eləcə də Beriyanın Azərbaycandakı şəxsi düşmənlərinin hamısı terrorçu kimi güllələnmişdi.
    ... Həmin gecə saat bir ilə iki arası, Mir Cəfər Bağırovun «Azneft»in rəhbərləri ilə hələ də müşavirə apardığı vaxt Ələsgər müəllim də, Kələntər müəllim də, Firidun müəllim də, Əlibaba müəllim də və Xıdır müəllimin özü də bir-bir evlərində yuxudan oyadılıb terrorçu kimi həbs olundu və ailələri bir daha o adamları görmədi.
9
«OLUM, YA ÖLÜM?»


    Bakının qərb tərəfində yerləşən Keşlə həbsxanasında bir kamerada on iki nəfər idi: Şair idi, Dramaturq idi, dörd professor idi – Ədəbiyyatşünas, Folklorçu, Filosof və Dilçi, – Nəşriyyat müdiri idi, Məktəb müdiri idi, Kitabxanaçı idi, Redaktor idi, Xosrov müəllim idi, bir də Bir Nəfər.
    Bu Bir Nəfərin danışığı dolaşıq idi, sözündən gah belə çıxırdı ki, partiya işçisidi, gah belə çıxırdı ki, Azneftdə mühəndisdi, gah da belə çıxırdı ki, Qızıl Orduda siyasi işçidi (daha doğrusu, idi!); hər halda, qalan on bir nəfər o Bir Nəfərə etibar etmirdi, ondan çəkinirdi, onun yanında sözünü, söhbətini kəsirdi. Bunun sövqtəbii bir səbəbi bəlkə də onda idi ki, Bir Nəfər sifətdən Mir Cəfər Bağırova oxşayırdı: eynilə bir boyda, sifətlərinin quruluşu oxşar, oxşar burun, oxşar çənə, oxşar ensiz, amma cod tüklü bığ, hətta oxşar girdə şüşəli çeşmək...
    Şair bu Bir Nəfəri kamerada ilk dəfə görəndə diksinmişdi və öz-özünə fikirləşmişdi ki, bu ki, bu dərəcədə Mir Cəfər Bağırova oxşayır, hansı qurd ürəyi yemiş bunu tutub xalq düşməni kimi bu kameraya soxmağa cürət edib?.. O Bir Nəfər çaşbaş danışsa da, hərdən yersiz suallar versə də, görünür, Keşlə həbsxanasında gedən istintaq onun şəxsiyyətini tamam sındırmamışdı və kamera yoldaşlarının şübhəsini hiss edib bununla barışmışdı, and-aman eləmirdi, kamerada bəraət almağa çalışmırdı, yerində uzanıb gözlərini çeşməyinin girdə şüşəsi arxasından tavana zilləyirdi. Istintaq zamanı onu çox döyəndə, həmin şübhəyə («Yalandan döyüblər ki, bunun vasitəsilə bizdən söz alsınlar...») baxmayaraq, kameradakılar Bir Nəfərə də kömək eləməyə çalışırdılar, onu taxtına uzadırdılar, üzgözünün qanını silirdilər.
    Düzdü, məhbuslar (??? – bu adamların hüquqi vəziyyəti müəyyən deyildi; onlar kim idi: məhbus? istintaq altında yatan? cinayətdə şübhələnən şəxs? şahid? – məlum deyildi, amma onların hamısını birləşdirəcək bir məfhum var idi: xalq düşməni!) bu Bir Nəfərə kömək edirdilər, amma gecə, ya gündüz istintaqa çağrılıb, təzədən kameraya gətiriləndən sonra da, onun həqiqi məhbusluğuna inanmırdılar, onlara elə gəlirdi ki, Bir Nəfərin istintaq zamanı aldığı yaralar da onları inandırmaq üçündür; elə bil ki, Mir Cəfər Bağırova bu qədər oxşayan bir adam heç vaxt həqiqi məhbus ola bilməzdi, o Şairin, o Dramaturqun, yaxud Redaktorun, Kitabxanaçının taleyini bölüşə bilməzdi...
    Istintaq isə hər gün, daha doğrusu, daima davam edirdi, çünki burada gün, sutka məfhumu yox idi, kameradakı adamlar (məhbuslar?!) gecə-gündüz hər hansı bir vaxt istintaqa çağırıla bilərdilər və çağırılırdılar da. Onlardan Sovet hökumətinin, şəxsən yoldaş Stalinin əleyhinə birgə mübarizə apardıqları adamların adını tələb edirdilər və onları tanımadıqları, bilmədikləri adlardan ibarət siyahıların altına qol çəkməyə məcbur etmək istəyirdilər (və çəkdirirdilər!), Mir Cəfər Bağırova qarşı qəsddə iştirak etdiklərini boyunlarına qoyurdular.
    Bu kamera dünyadan, yəni hara istəsən gedə biləcəyin küçələrdən, istədiyin vaxt başını qaldırıb baxa biləcəyin göydən, istədiyin vaxt əlini uzadıb toxunacağın ağacdan o qədər uzaqda idi ki, buranın sement divarlarına, döşəməsinə, tavanına bir quyu ümidsizliyi hopmuşdu, o quyu o qədər dərin idi ki, ağzı görünmürdü və o quyunun dibindən başını qaldırıb lap ölənə qədər bağırsaydın da səni eşidən olmayacaqdı, çünki sən xalq düşməni idin və sən bunu inkar etmək, kiməsə nəyisə başa salmaq üçün yox, bunu təsdiq etmək üçün kameraya salınmışdın.
    Amma bu kamerada da dünya kimi, bir gəldi-gedərilik var idi, bir tərəfdən dolur, bir tərəfdən boşalırdı. Elə ki, qapı açılırdı, familiyanı çağırıb:
    – Istintaqa, – deyirdilər, deməli, doğrudan da, istintaqa aparırdılar.
    Familiyanı çağırıb:
    – Şeyləri götür!– deyirdilərsə, deməli, məhbusu hara isə aparırdılar, hətta belə bir dəli ümid var idi ki, bəlkə də azad edirdilər...
    Elə ki, yalnız familiya çağırılırdı və daha heç nə əlavə edilmirdi, heç bir əmr verilmirdi, bu, dəhşət idi, bu, elə bir dəhşət idi ki, quyunun o dibi də o dəhşətin yanında, heç olmasa, nəfəs almaq, ağlamaq, inildəmək üçün yararlı bir yer idi; familiyanı çağırıb heç nə əlavə etmirdilərsə, bu o demək idi ki, məhbusu güllələnməyə aparırlar. Məhbus bunu bilirdi, qışqırırdı, özünü yerə çırpırdı, təqsirkar olmadığını deyirdi, kameradakı o biri məhbusların əlindən, ayağından yapışıb buraxmaq istəmirdi, hətta sidiyi, nəcisi şalvarını bulayırdı və onu qollarından yapışıb bağırda-bağırda, sürüyə-sürüyə kameradan çıxarırdılar. Məhbus da var idi ki, elə bil, lal olurdu, elə bil, qurma yay ilə hərəkət edən mexanizmə çevrilirdi, dinməz ayağa qalxırdı, dinməz kameradan çıxırdı. Məhbus var idi ki, söyürdü, nəhayət ki, ürəyini boşaltmağa məqam tapırdı və bəlkə də ömründə dilinə gətirmədiyi ən pis küçə söyüşləri ilə keşikçilərə hücum edirdi və süpürləşə-süpürləşə üç-dörd nəfər köməkləşib onu kameradan çıxarırdı. Məhbus da var idi ki, ayağa qalxırdı, bir müddət susub (bəlkə hələ də nəyəsə ümid edib?!):
    – Mənim vicdanım təmizdir!– deyirdi. – Yaşasın yoldaş Stalin!
    O kameradakı məhbuslar, düzdü, daha insan deyildilər, amma insanlar kimi o məhbuslar da müxtəlif idilər.
    Bu kameradan, bu quyu dibindən kənardakı həyatda – o yerdə ki, istədiyin vaxt tramvaya minə bilərsən, istədiyin vaxt suyu qızdırıb çimə bilərsən, istədiyin vaxt sahilə gedib dənizin səsinə qulaq asa bilərsən, bax, orada bəzən qəribə, hətta ağlasığmaz, heç bir məntiqlə uyuşmayan hadisələr baş verirdi və o ağlasığmaz hadisələrdən biri də bu idi ki, Ələsgər müəllim də, Kələntər müəllim də, Firidun müəllim də, Əlibaba müəllim də, Xıdır müəllimin özü də həbs olunub terrorçu kimi tələsik güllələndikləri halda, Xosrov müəllim hələ də istintaq altında idi...
    Xosrov müəllim o yazıqlardan bir neçə saat əvvəl, tək həbs olunmuşdu və zəmanə elə zəmanə idi, o qədər tutulan var idi ki, görünür, Xosrov müəllimin cinayət işi tələsik güllələnmiş o terrorçular dəstəsindən ayrı düşmüşdü və ümumiyyətlə, istintaq zamanı müstəntiq Məmmədağa Ələkbərov Xosrov müəllimi terrorçu kimi ittiham etmirdi; Xosrov müəllim adi xalq düşməni idi. Qəribədir, müstəntiq Ələkbərovun ya o güllələnmiş terrorçular dəstəsindən xəbəri yox idi, ya o dəstəni yadından çıxarmışdı, hər halda, bu barədə heç nə demirdi və o zaman Xosrov müəllim üçün burada təəccüblü bir şey yox idi, çünki Xosrov müəllimin özünün o terrorçular dəstəsindən xəbəri yox idi, Ələsgər müəllimin də, Kələntər müəllimin də, Firidun müəllimin də, Əlibaba müəllimin də, Xıdır müəllimin də güllələndiyini, həmin o Keşlə həbsxanasında yatdığı günlərdə məktəbdə dalbadal «izhari-nifrət» mitinqlərinin keçirilməsini, o terrorçu müəllimlərə lənətlər yağdırılmasını, Cümşüdlünün hər gün gəlib məktəbdəki o «izhari-nifrət» mitinqlərində iştirak etməsini, Arzunun hər gün xitabət kürsüsünə qalxıb Ələsgər müəllimin iç üzünü açmasını, onu ifşa etməsini, atasının zirzəmidə gizlətdiyi o kitabları tapıb əşyayi-dəlil kimi «Pavlik Morozovçular dəstəsi»nə təhvil verməsini və bütün dəstə üzvləri ilə birlikdə vaxtıyla Əvəz bəyin bağışladığı o kitabları, o qədim əlyazmalarını yandırmasını bilmirdi...
    Kamerada, əslində, həmişə on üç məhbus olurdu (bu kameranın norması belə idi) və dünənə kimi («dünən» məfhumu bu kamerada «bu gün» və «sabah» məfhumları kimi, tamam şərti idi, burada zaman vahidi eyni idi, «dünən»siz, «bu gün»süz və «sabah»sız idi...) bu kamerada da on üç məhbus var idi, amma dünən gecə on üçüncü o məhbusu – xalq çalğı alətləri orkestrinin bədii rəhbəri idi və istintaq zamanı qışqırmaqdan səsi batmışdı, özü də pis apardılar, familiyasını çağırdılar və daha heç nə demədilər, o məhbus isə özünü yerə atdı, batmış səsiylə çığıra-çığıra, dırnaqları ilə kameranın sement döşəməsini qaşıyıb, nədənsə yapışmaq, kamerada qalmaq istəyirdi, amma o bədbəxt oğlunu ayaqlarından tutub sürüyə-sürüyə apardılar.
    Kameraya on üçüncü yeni məhbusu gətirəcəkdilər və kamera heç zaman qurtarmaq bilməyən bir ümidlə o on üçüncü məhbusu gözləyirdi – o on üçüncü məhbus bu quyu dibindən kənardakı o uzaq həyatdan nəsə yeni bir xəbər gətirə bilərdi; hər dəfə kameraya salınan o on üçüncü məhbus (adamlar dövrə vururdu, dəyişirdi, o on üçüncü məhbus da həmişə kameraya gətirilən axırıncı dustaq olurdu...) elə bil ki, qəzet kimi bir şey idi və gətirəcəyi xəbərlər saysız-hesabsız məhkəmə iclaslarından, dünənə qədər rəhbər sayılan, böyük alim, böyük yazıçı, qabaqcıl təsərrüfatçı sayılan və sayı tükənməyən, qurtarmaq bilməyən xalq düşmənlərini ifşa edən yığıncaqlardan, «izhari-nifrət» mitinqlərindən savayı, o quyunun dibində nəsə kiçicik bir nur səpələyən işıqdan da bəhs edə bilərdi... Qapı açıldı və Şair də, Dramaturq da, Ədəbiyyatşünas da, Folklorçu da, Filosof da, Dilçi də, Nəşriyyat müdiri də, Məktəb müdiri də, Kitabxanaçı da, Redaktor da, Xosrov müəllim də, o Bir Nəfər də cırıltısına heç cürə alışa bilmədikləri bir nigarançılıqla qapıya tərəf baxdılar: indi kimin familiyasını çağıracaqdılar və familiyadan sonra nə deyəcəkdilər (deyəcəkdilərmi?)? Amma heç kimin familini çağırmadılar, iki nəfər keşikçi on üçüncü yeni məhbusu qollarından tutub sürüyə-sürüyə bir kisə torpaq kimi kameranın ortasında sementin üstünə atdılar və həmin cırıltıyla da qapını örtdülər, qıfılını çəkib bağladılar və addımlarının əks-sədası həbsxananın dəhlizindən bütün kameralara yayıla-yayıla getdilər.
    O on üçüncü məhbusu, görünür, əvvəlcə istintaqa aparıb, sonra bu kameraya gətirmişdilər və o adamı o qədər döymuşdülər, işgəncə vermişdilər ki, – ingilis casusu idi? yoxsa buxarinçi idi? bəlkə trotskiçi, yaxud maskalanmış müsavatçı idi, bəlkə qəddar pantürkist idi (bəlkə elə hamısından idi?) və bunları boynuna almaq istəmirdi?– elə bil, heç inildəməyə də halı yox idi, yaxınlaşıb onu qaldırmaq, ona kömək eləmək istəyən Şairə, Dramaturqa, Ədəbiyyatşünasa, Folklorçuya, Filosofa, Dilçiyə, Nəşriyyat müdirinə, Məktəb müdirinə, Kitabxanaçıya, Redaktora, Xosrov müəllimə və o Bir Nəfərə baxdı, sonra təzədən Dramaturqa baxdı və qançır olub şişmiş göz qapaqlarının altından gülümsədi.
    Bu adamın sifəti elə bir gündə idi ki, onu tanımaq mümkün deyildi, amma bu sifət həm tanış idi, həm də təpiyin, yumruğun altında yadlaşmışdı, amma buna baxmayaraq, Şair onu tanıdı və həyəcanla:
    – Hamletdir!.. – qışqırdı. – Hamletdir! Yavaş olun! Yavaş qaldırın! Bu, Hamletdir!.. Bu kameradakılar da o on üçüncü məhbusu yalnız indi tanıdı. Azərbaycanda bütün xalqın sevə-sevə Hamlet adlandırdığı (səhnədə Hamletin unudulmaz surətini yaratdığı üçün) o artistin əsl adı, əsl familiyası, elə bil ki, Bakının qərb hissəsindəki Keşlə həbsxanasının o kamerasında hamının yadından çıxdı, elə bil ki, o on üçüncü məhbusu, doğrudan da, orta əsrlərdən, Danimarkadakı Elsioner qəsrindən tutub gətirib bura atmışdılar.
    Və bir müddətdən sonra, Hamlet yerində dikəldi, yenə də bir-bir Şairə, Dramaturqa, Ədəbiyyatşünasa, Folklorçuya, Filosofa, Dilçiyə, Nəşriyyat müdirinə, Məktəb müdirinə, Kitabxanaçıya, Redaktora, Xosrov müəllimə və o Bir Nəfərə – tamaşaçılarına baxdı, bu adama elə bil ki, hardansa bir qüvvə, bir şövq gəldi və o ayağa qalxmaq istədi, amma ayağa qalxa bilmədi, yerində dizlərinin üstündə oturdu, onun şişib qançır-qançır göyərmiş simasına, elə bil ki, birdən-birə bir işıq gəldi və Hamlet çox məhbuslar görmüş, çox ah-nalələr eşitmiş o kameranın belə yəqin ki, divarlarına həmişəlik hopacaq, hətta sement döşəməsini, tavanını da dəlib keçəcək bir səslə Cəfər Cabbarlının tərcüməsində öz şah monoloqunu söyləməyə başladı: – Olum, ya ölüm... Budur məsələ! Hankı daha şərəflidir? Düşmən qəzanın bu ağır toqaqlarına dayanmaq və ya fəna silabinin coşğun dalğalarına qarşı qoyub onu qorutmaq, əzmək... Yer üzündən qaldırmaq, ölmək, uymaq, bu qədər... Qəlbin iztirablarını, yaranmışların nəsibi olan minlərlə əzabları bir yuxu ilə bitirmək... Belə bir son istənilməzmi?..
    Hamlet o kamerada o monoloqu söylədikcə, Xosrov müəllim heç cürə özü ilə bacarmırdı; bütün dünyanı, bütün həyatını, bütün taleyini yadından çıxarmaq istəyirdi, hər şeyi – altı yaşlı Cəfəri də, dörd yaşlı Aslanı da, iki yaşlı Azəri də, Şuşaya gedən o faytonun ardınca bir dolu parç su atan Şirini də, o ölü xoruzu da, o tonqalı da, gecə yatanda qollarını geniş açan Gülzarı da – hər şeyi unutmaq, unutmaq istəyirdi, yalnız Hamletə qulaq asmaq, yalnız Hamletin o monoloqu ilə yaşamaq istəyirdi; yox idi, dünyada nə Əflatun müəllimlər, nə də Xıdır müəllimlər, yalnız Hamlet var idi... amma Xosrov müəllim heç nəyi unuda bilmirdi və fikir dəli bir ehtirasla onu istintaqda keçirdiyi saatlara çəkirdi, yenə də müstəntiq Ələkbərovla üz-üzə gətirirdi...
    ... Müstəntiq Məmmədağa Ələkbərov tez-tez ətli dodaqlarını yalayırdı və istintaq otağında kiçik yazı mizinin üstündəki elektrik lampasının işığını düz Xosrov müəllimin gözlərinin içinə salıb:
    – Deməli, belə... – deyirdi, sonra hər biri kiçicik bir çəllək kimi ətli barmaqlarını bir-bir mizin üstündə oynada-oynada soruşurdu: – Hadrutda rus dilində ərizələr yazmağını boynuna alırsan?
    Müstəntiq Ələkbərov Xosrov müəllimin bütün tərcümeyi-halına bələd idi və
    Xosrov müəllim təəccüb edirdi ki, bu adamlar ki, təkcə bir onun barəsində bu qədər məlumat toplayırlar, bəs yerdə qalan o saysız-hesabsız xalq düşmənlərini ifşa etməyə necə vaxt tapırlar?
    – Hə, boynuna alırsan də ki, Hadrutda rus dilində ərizələr yazırdın?
    Xosrov müəllim udqunurdu, gur işığa görə heç nə görməyən gözlərini yumurdu, yenə udqunurdu, uzun hülqumu nazik boğazında enib-qalxırdı, başı ilə dediklərini təsdiq edə-edə:
    – Yazırdım... – deyirdi.
    Müstəntiq Məmmədağa Ələkbərov Xosrov müəllimin bu etirafından ləzzət alırdı, ətli dodaqlarını yalaya-yalaya, üçqat buxağını qaşıya-qaşıya bərayi-ehtiyat bir də soruşurdu:
    – Deməli, yazırdın?
    – Yazırdım...
    – Kimə yazırdın?
    – Camaat gəlib xahiş edirdi, mən də yazırdım...
    – Yox, yox, bir dəqiqə!.. – Müstəntiq Ələkbərov ətir iyi verən yumşaq və ətli barmağını Xosrov müəllimin uzun burnunun qabağında saxlayırdı. – Bir dəqiqə dayan!.. Bilirsən ki, məni azdırmaq mümkün deyil! Mən Ələkbərovam, başa düşdün? Müstəntiq Ələkbərov! Başa düşdün, yoxsa yox?! – Və müstəntiq Ələkbərov qadın kimi gülürdü. – Mən səndən soruşuram ki, o ərizələri kimin adına yazırdın?
    Sualıma cavab ver!
    – Rəhbərlərin adına...
    Müstəntiq Ələkbərov ciddiləşirdi və elə bil ki, bir sıçrayışla qarşısındakını məhv edəcəkdi, soruşurdu:
    – Buxarinin adına yazırdın?
    – Nə bilim?..
    – Hə, yoxsa yox?
    – Bəlkə də...
    – Bəlkəni əkiblər, əvəzinə noxud bitib! – Müstəntiq Məmmədağa Ələkbərov çiyinlərini ata-ata gülürdü.– «Bəlkə» olmaz! Hə, yoxsa yox?! Cavab ver!
    – Ola bilər!
    – Deməli, hə! Rıkovun da adına ərizə yazırdın?
    – Rıkov Xalq Komissarları Sovetinin sədri idi də...
    – Aha! Deməli, yazırdın!
    – Camaat xahiş edirdi... Hərənin bir dərdi-səri var idi... Xahiş edirdilər, mən də hökumətin sədrinə yazırdım də...
    – Bax, belə... Gör nə açılır iç üzün sənin? Adamı belə danışdırarlar! Müstəntiq Ələkbərovdan heç nə gizlətmək mümkün deyil!.. Deməli, Buxarindən, Rıkovdan kömək istəyirdin, hə? Zəhmətkeşlər arasında təbliğat aparırdın ki, Buxarin, Rıkov sizə kömək edəcək, hə? Cavab ver, hə?
    Xosrov müəllim susurdu, arıq boğazının uzun hülqumu enib-qalxırdı, birdən deyirdi:
    – Axı... Axı, yoldaş Stalinin də adına ərizələr yazırdım! Ən çox yoldaş Stalinin adına yazırdım!
    Yoldaş Stalinin adı hər dəfə belə anlarda Keşlə həbsxanasındakı o istintaq otağına gərgin bir sükut gətirirdi və o sükut içində Xosrov müəllim müstəntiq Ələkbərovun mütəkkə kimi yoğun bədənində ürəyinin, elə bil ki, birdən-birə narahat döyüntüsünü eşidirdi. O sükut davam edirdi, müstəntiq Ələkbərov nə deyəcəyini bilmirdi və qəflətən Xosrov müəllimin üzünə tüpürürdü..
    – Əclaf oğlu, əclaf! Məni provakasiyaya çəkmək istəyirsən?!
    O bir lopa tüpürcək Xosrov müəllimin üzündən süzülüb dizlərinə qoyduğu əlinin üstünə tökülürdü...
    – Ölmək... Uymaq... Uymaq?.. Bəlkə də röyalar görmək? Budur, işdə məsələnin çətin yeri... Həyatın boranları keçdikdən sonra bu ölüm yuxusunda biz nələr görəcəyik? Budur yolun keçidini kəsdirən, budur bizi uzun həyatın sürüntülərinə məcbur edən!.. Buna görədir ki, fəlakət bu qədər sürəklidir...
    O fəlakət, elə bil ki, Hamleti yenidən titrətdi və eyni zamanda, Hamletə daxili bir güc gəldi, Hamlet yerindən tərpəndi, dırnaqları gömgöy qançır bağlamış yalın ayaqlarını kameranın sement döşəməsinə qoydu, taxtın üstündən qalxdı və o dəm Hamletin sifətindəki o yaralar görünmürdü, o dəm gözlərinə gəlmiş işıq sifətinə yayılmışdı və həmin işıqlı gözləri ilə bir-bir Şairə, Dramaturqa, Ədəbiyyatşünasa, Folklorçuya, Filosofa, Dilçiyə, Nəşriyyat müdirinə, Məktəb müdirinə, Kitabxanaçıya, Redaktora, Xosrov müəllimə və o Bir Nəfərə baxdı, Hamletin o işıqlı gözləri elə bil ki, o quyunun dibində o adamların ürəyinə ilıq, hətta isti bir şüa saçdı, eyni zamanda, o ürəkləri qəhərlə doldurdu, o qəhər onların boğazına pərçim olub qaldı.
    – Yoxsa dünyanın bu zülm fəsadına, hökmranların təkəbbürünə, güclülərin təhqirinə qaytarılmış, tapdanmış bir eşqin acı iztirablarına, qanunların boşluğuna, hakimlərin utanmazlığına, rəzillərin xidmətlərinə qarşı coşan nifrətlərə kim dayanmaq istərdi? Halbuki bir xəncər bizi bunların hamısından əbədilik qurtara bilər!..
    ... Müstəntiq Məmmədağa Ələkbərov ətli dodaqlarını yalayırdı, üçqat buxağını qaşıyırdı və ətli barmaqları ilə kiçik yazı mizinin üstündə qarşısına qoyduğu kitabı vərəqləyirdi. Bu, Veniamin Kaverinin «Konets xazı» kitabı idi, Xosrov müəllimi evdən aparanda axtarış zamanı Hadrutdan (həyatının Hadrut parçasından!) o yeganə yadigarı müsadirə etmişdilər və indi istintaq zamanı həmin kitab onun əksinqilabi fəaliyyəti ilə bağlı əşyayi-dəlil idi.
    – Deməli, belə... Bu kitab sənindir, hə?
    – Bəli...
    – Əlbəttə, sənindir!.. Bunu necə danasan. Hə?
    – Mən danmıram ki...
    – Dana da bilməzsən!
    – Bəli... Mənimdir, mənim kitabımdır, danmıram...
    – Istintaqa kömək eləmək istəyirsən, ona görə danmırsan? Xeyr!.. – Müstəntiq
    Məmmədağa Ələkbərov ətir iyi verən barmağını Xosrov müəllimin gözlərinin qabağına gətirib hədələyirdi. – Xeyr! Ona görə boynuna alırsan ki, başqa əlacın yoxdur!.. Müstəntiq Ələkbərov səni divara dirəyib!.. Oxumusan bu kitabı?
    – Bəli...
    – Neçə dəfə oxumusan?
    – Bir dəfə...
    – Düzünü de!
    – Düzünü deyirəm də...
    – Sən dedin, müstəntiq Ələkbərov da inandı, hə? Cəmi bir dəfə oxumusan, hə?
    – Bəli...
    – Danmaq istəyirsən, hə? Istintaqı səhv yola yönəltmək istəyirsən? Baxarıq!..
    Hardandı səndə bu kitab?
    – Bağışlayıblar...
    – Kim bağışlayıb?
    – Professor Zilber... Bu kitab onun qardaşının kitabıdır... Professor Zilber
    Hadrutda bağışlayıb mənə...
    – Yəhudidir?
    – Bilmirəm...
    – Deməli, bilmirsən, hə?.. Yaxşı... «Çeloveku uvidevşeqo i perejivşeqo ad.»
    Bunu sənə yazıb də?
    – Bəli...
    – Bu yazını da ki, sən oxumusan?
    – Hansı yazını?
    – «Çeloveku uvidevşeqo i perejivşeqo ad.»
    – Əlbəttə, oxumuşam...
    – Bax, belə!.. Deməli, xalq sosializm qurur, amma sən cəhənnəmdə yaşayırsan də?! Sovet Ittifaqı, Sovet Azərbaycanı sənin üçün cəhənnəmdir, hə? Cavab ver, tez cavab ver! Hə, yoxsa, yox? Fikirləşmə! Cavab ver!
    – Yox... O vaxt Hadrutda taun epidemiyası var idi...
    – Bəlkə elə yəhudilərə qoşulub o epidemiyanı sən özün yaymısan Hadrutda, hə?
    – O adam Hadrutu taundan qurtardı... – Xosrov müəllim bu sözləri söyləyəndə professor Zilberin sifəti gözlərinin qabağına gəldi, elə bil ki, professor Zilber yenə də Hadrut xəstəxanasında olduğu kimi, gəlib Xosrov müəllimin çarpayısının kənarında oturmuşdu... Müstəntiq Ələkbərov mizin üstündəki elektrik lampasının işığını Xosrov müəllimin gözlərinə salmışdı, amma Xosrov müəllim bu dəm o Keşlə həbsxanasının istintaq otağında o gur işıqla yox, professor Zilberlə üz-üzə oturmuşdu və professor Zilber yenə də tauna qarşı mübarizə aparırdı, çünki professor Zilber səhv etmişdi, professor Zilber elə bilirdi ki, tauna qalib gəlib, amma taun davam edirdi...
    Və Xosrov müəllimin xəbəri yox idi ki, professor Zilber də xalq düşməni kimi həbs olunub, xəbəri yox idi ki, bu – artıq professor Zilberin Hadrutdan sonrakı həyatında ikinci həbsdir: birinci dəfə 1934-də həbs edildi, ikinci dəfə (yəni indi...) yaz-yay gənə ensefalitinin virusunu kəşf etdikdən sonra həbs edildi və sonralar – 1940-cı ildə hələ bir dəfə də həbs ediləcəkdi... Əlbəttə, Xosrov müəllim falabaxan deyildi və bütün bunlardan xəbərsiz idi.
    Xosrov müəllim bilmirdi, amma müstəntiq Ələkbərov professor Zilberin xalq düşməni kimi həbs olunduğunu bilirdi və dilini qalın dodaqlarına çəkə-çəkə:
    – Elə bilirsən heç nədən xəbərimiz yoxdur?.. – deyirdi. – Neçə dəfə oxumusan bu kitabı, boynuna al?! Neçə dəfə?..
    – Bir dəfə oxumuşam...
    Müstəntiq Məmmədağa Ələkbərov yenə bir an susurdu və yenə də birdən-birə Xosrov müəllimin üzünə tüpürürdü:
    – Əclaf oğlu, əclaf! Istintaqı azdırmaq istəyirsən? Svoloç!.. Xosrov müəllimin sifəti elə bil ki, zibil yeşiyi idi, müstəntiq Məmmədağa Ələkbərov hirslənib tüpürmək istəyəndə, ora tüpürürdü.
    – Acı həyatın ağır cəbrini nifrət və göz yaşlarıyla kim daşımaq istərdi? Yalnız bir qorxu... Orada nə olacaqdır?.. Orada... O bilinməz vadidə ki, oradan bu vaxta qədər kimsə qayıtmamışdır... Iradə sarsılır və bizi bilinməz bir aləmə atılmaqdansa acı iztirablara dayanmağa məcbur edir. Qorxaq fikrin müdhiş etirafı, qəti bir iradənin iti boyası, təfəkküratın zülmətinə qarşı solur. Düşündükcə tələsik həyəcanların cəsarəti sönür... Fikir işə keçməyir... Sus, Ofeliya! Gözəl pəri, öz dualarında mənim də günahlarımı xatırlat...
    Artist məhbus idi, tamaşaçılar məhbus idi, yalnız Şekspir bütün dövrlərin Şekspiri idi, Şekspir əbədi bir azadlıq içində idi, onun üçün keçilməz divar, aşılmaz sərhəd yox idi və müstəntiq ələkbərovların tüpürcəkləri arasından da, Hamletin bədənindəki o qançırların gömgöylüyü içində də Şekspir o quyunun dibinə gəlib çıxa bilirdi...
    Sonra Hamlet gülümsədi, gülümsəyə-gülümsəyə yerində səndirlədi, amma yıxılmadı, özünü saxlaya bildi, əlini uzadıb, guya ki, tamaşaçılardan bir dəstə gül aldı, o gül dəstəsini iylədi, sinəsinə sıxdı və dedi:
    – Bu, mənim səhnədə aldığım sonuncu gül dəstəsidir!.. Hamlet yerinə tərəf addım atmaq istəyəndə dizi büküldü, üzü üstə sementin üstünə yıxıldı, burnu, dodaqları partladı, qan ağzının suyuna qarışıb sementə yayıldı. Şair cəld onun qolundan tutub qaldırdı və Hamlet bu cavan Şairə baxa-baxa, elə bil ki, o monoloqunun davamını söylədi:
    – Əlini məndən çək, zavallı!.. Məgər sən mənim kim olduğunu bilmirsənmi? Mən xalqın düşməniyəm, mən terrorçuyam, mən casusam!.. Əlini çək, yoxsa bir xəstəlik kimi, sənə də yoluxar!.. Əlini çək, Şair!.. Ah, zavallı!.. Yoxsa artıq sənə də yoluxub bu xəstəlik?..
    Hamletin gözündəki o işıq artıq Danimarka şahzadəsinin yox, qızdırmalı xəstə bir təfəkkürün işıltısı idi. Şair, Hamleti öz yerində uzatdı.
    Elə bir sükut çökdü ki, Keşlə həbsxanasındakı o kamerada heç zaman belə bir sükut olmamışdı.
    Nə qədər keçdi? Bir saat? Üç saat? Beş saat? Sonra qapının qıfılı yenə də cingildədi, qapı yenə də cırıldadı və Hamletin familiyasını çağırdılar, daha heç nə əlavə etmədilər.
    Hamletin durub getməyə taqəti yox idi, iki keşikçi onun qoltuğundan yapışdı və ayaqları sementin üstü ilə sürünə-sürünə Hamleti apardılar.
    Hamlet bir kəlmə də söz demədi, sonuncu tamaşaçıları ilə vidalaşmadı. Bəlkə də Hamlet heç bilmirdi ki, hara gedir...
    Yenə qapı cırıldadı, qıfıl bağlandı.
    O kameraya yenə sükut çökdü və həmin sükut içində Filosof pıçıldadı:
    – Görəsən, Lenin sağ qalsaydı, indi onu da həbs edərdilər?.. Bu pıçıltını kameradakıların hamısı eşitdi, amma daha heç kim qorxmadı; qorxmadı ki, bu pıçıltını keşikçilər də eşidər...
    Və ömrünü marksizmə həsr etmiş Filosofun aylardan bəri Keşlə həbsxanasındakı o kamerada hovlanmış qızdırmalı zehni dəqiq cizgilərlə, aydın rənglərlə Marksın, Engelsin simasını onun gözlərinin qarşısında canlandırdı və Filosofa elə gəldi ki, Marks da, Engels də, onunla birlikdə Keşlə həbsxanasındakı o kamerada məhbusdur, yəni tamamilə hüquqsuz, dünyanın hər hansı bir qanunqaydasından kənar edilmiş, tamam bir ümidsizlik və kimsəsizlik içində olan məxluqdur, Marksa, Engelsə də Hamletə verdikləri kimi, işgəncə verirlər – dişlərini sındırırlar, dırnaqlarının altına iynə yeridirlər, təpiklə vurub qabırğalarını sındırırlar, partlamış dodaqlarının qanı saqqallarından süzülüb axır...
    Müstəntiq Məmmədağa Ələkbərov Marksın, Engelsin də üzünə tüpürür, onlardan da tələb edir ki, yapon-alman casusları olduqlarını boyunlarına alsınlar, trotskiçi, pantürkist, müsavatçı olduqlarını, yoldaş Mir Cəfər Bağırovu öldürmək istədiklərini, bilavasitə yoldaş Stalinə qarşı çevrilmiş terrorçu sui-qəsddə iştirak etdiklərini boyunlarına alsınlar...
    və Filosofun qızdırmalı zehni qızmar bir günəş altında Karl Marksı, Fridrix Engelsi ağappaq əhəng çəkilmiş daş bir hasarın qarşısında gördü, ikisinin də kürəyi o ağappaq hasara söykənmişdi, ağappaq köynəkləri cırılmışdı və çılpaq sinələri güllə gözləyirdi, Filosof tüfəngləri görmürdü, amma bilirdi ki, o çılpaq sinələrə tüfənglər tuşlanıb...
    və Filosof o görünməyən tüfənglərin sahiblərinə qışqırmaq istəyirdi ki, bunlar Marksdır, Engelsdir, bunları güllələmək olmaz, bunları güllələməyin, amma səsini çıxara bilmirdi, qorxurdu: tutub özünü güllələyərdilər...
    və atəş açılmazdan əvvəl Marks da, Engels də sinələrini daha da irəli verdilər, son güclərini toplayıb əllərini irəli uzatdılar: «– Yaşasın yoldaş Stalin!..» qışqırdılar...
    yaşasın yoldaş Stalin!..
    yaşasın yoldaş Stalin!..
    yaşasın yoldaş Stalin!..
    yaşasın yoldaş Stalin!..
    . . . . . . .
    . . . . . . .
    sonra o görünməz tüfənglərin tətiyi çəkildi, Marksın da, Engelsin də sinəsindən qan fışqırdı...
    Marks da, Engels də yox oldu, görünməz oldu... və o ağappaq daş divardakı iri qan ləkələri qızmar günəş altında qıpqırmızı parıldadı...
    Və həmin gecə Xosrov müəllim heç vaxt yuxusuna girməyən bir adamı Keşlə həbsxanasındakı o kamerada yuxuda gördü.
    Xosrov müəllim bütün ömründə Mir Cəfər Bağırovu cəmi bir dəfə görmüşdü: 1935-ci il aprel ayının 28-də Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyinə həsr olunmuş təntənəli iclasda; raykomdan Cümşüdlü məktəbə üç dəvətnamə göndərmişdi və Ələsgər müəllim o dəvətnamələrdən birini Xosrov müəllimə verməyi məsləhət bilmişdi. O, iclasda böyük zalın axırıncı cərgəsində oturmuşdu, Mir Cəfər Bağırov isə səhnədəki rəyasət heyətində əyləşmişdi, amma tez-tez qəzetlərdə, jurnallarda şəklini gördüyü üçün Azərbaycanda hamıya elə gəlirdi ki, Mir Cəfər Bağırovu yaxından görüb.
    Və Keşlə həbsxanasındakı həmin gecə Xosrov müəllim Mir Cəfər Bağırovu yuxusunda gördü: Mir Cəfər Bağırovun sifəti bir zülmət içindən, elə bil ki, dərin, çox dərin bir quyunun dibindən çıxdı, sürətlə yaxınlaşdı və o sifət Xosrov müəllimin qarşısında dayandı. Xosrov müəllim bu sifətə baxdı, girdə çeşmək şüşələrinin arxasından ona zillənmiş o gözlərə baxdı və elə yuxunun içində Xosrov müəllimin bütün bədənini soyuq bir tər bürüdü, çünki Mir Cəfər Bağırovun girdə çeşmək şüşələrinin arxasından zillənmiş gözlərində on il bundan əvvəl Hadrutun dörd kilometrliyində yanan o tonqalın şöləsi var idi və o şölə taun saçırdı. Xosrov müəllim əllərini irəli tutub, üzünü kənara çevirib o taundan qorunmaq istəyirdi, qaçmaq istəyirdi, amma üzünü hara çevirirdisə də, əllərini nə qədər irəli uzadıb itələmək, özündən uzaqlaşdırmaq istəyirdisə də, girdə çeşmək şüşələrinin arxasından zillənmiş o gözlər ondan əl çəkmirdi, o gözlərin saçdığı taun qapqara mazut kimi Xosrov müəllimin sifətinə, yaxasına yayılırdı və bu zaman uzaqdan elə bil ki, diridiri o tonqalda yanan altı yaşlı Cəfərin, dörd yaşlı Aslanın, iki yaşlı Azərin qışqırtısı eşidildi və o qışqırtını eşidən Şirin də tonqalda yana-yana canavar kimi uladı...
    – Sən taunsan! Taunsan! Taunsan! Taunsan! Sən taunsan! – Xosrov müəllim o gecəyarısı Keşlə həbsxanasındakı o kamerada o Bir Nəfərin yaxasından yapışıb silkələyirdi və var gücü ilə bağırırdı, o Bir Nəfəri – Mir Cəfər Bağırovu didib dağıtmaq, parçalamaq istəyirdi: – Taun! Taun! Sən taunsan! Taun!
    Beləcə qeyri-insani cığırtıyla yuxudan oyadılmış o Bir Nəfərin, elə bil ki, səsi batmışdı, bir söz deyə bilmirdi, yaxasını Xosrov müəllimin qaxac, taxta kimi qupquru əllərindən qurtara bilmirdi və az qalırdı boğulsun.
    – Taun! Taun! Taun! – Xosrov müəllim dəli kimi qışqırırdı.
    Yuxudan oyanıb özünü yetirmiş Şair, Xosrov müəllimi qucaqladı, Xosrov müəllimi kənara çəkməyə çalışdı, amma cavan Şairin buna gücü çatmırdı, Xosrov müəllim isə heç cürə özünə gələ bilmirdi və soyuq tər axan nazik boğazının damarları şişə-şişə həmin qeyri-insani səslə qışqırırdı:
    – Taun!.. Taun!.. Taun!..
    Xosrov müəllim Bir Nəfəri boğmaq, öldürmək istəyirdi, Şair onunla bacara bilmirdi, sonra Filosof, Redaktor köməyə gəldi və üçü bir yerdə Bir Nəfərin yaxasını Xosrov müəllimin əlindən aldı, Xosrov müəllimi çəkə-çəkə yerinə gətirdi. Xosrov müəllim tövşüyürdü, ürəyi elə çırpınırdı, elə bil, doğrudan da, indicə sinəsini deşib çıxacaqdı və Xosrov müəllim yavaş-yavaş özünə gəlirdi. Yerindən necə qalxmışdı, o Bir Nəfəri Mir Cəfər Bağırov bilib üstünə necə getmişdi?– yadında deyildi...
    Sonra kameraya sakitlik çökdü və o sakitlik içində birdən-birə o Bir Nəfər uşaq kimi hönkürə-hönkürə ağlamağa başladı.
    – Bəs SIZ məndən nə istəyirsiniz? SIZ, SIZ axı, SIZ niyə məni incidirsiz?..
    Sonra günlərin bir günündə yenə qapının qıfılı cingildədi, qapı yenə cırıldayacırıldaya açıldı, Xosrov müəllimin familiyasını çağırdılar və:
    – Şeyləri götür, – dedilər, Xosrov müəllimi təxribatçılıqda təqsirləndirib ona on il həbs cəzası kəsdilər, Sibirə, Tomsk vilayətinin Kolpaşevo rayonuna, vaxtilə yoldaş Stalinin sürgün olunduğu Narıma göndərdilər.
    Iosif Vissarionoviç Stalin inqilabdan əvvəl Narımda sürgündə olmuşdu, indi isə Iosif Vissarionoviç Stalinin tutduğu adamları Narıma göndərirdilər. I. V. Stalini 1912-ci ilin yayında Peterburqda həbs edib iyulun axırlarında siyasi dustaq kimi «Kolpaşeve» gəmisi ilə Tomsk şəhərindən Narıma göndərmişdilər. O zaman Tomskda polis idarəsi «Iosif Vissarionoviç Cuqaşvilinin 1912-ci il iyun ayının 8-dən etibarən, açıq polis nəzarəti altında 3 il müddətində Narıma sürgün edilməsi haqqında» yeni bir gizli iş açmışdı. Yoldaş Stalin kəndli Yakov Aqafonoviç Alekseyevin Poloy gölünün sahilindəki balaca taxta evində yaşadı və elə həmin il sentyabrın 1-də Tümenə gedən gəmi ilə Narımdan qaçdı.
    Yoldaş Stalindən başqa da bir çox bolşeviklər Narımda sürgündə olmuşdular və yoldaş Stalin o bolşeviklərin köməyi ilə qaçmışdı. Ayrı-ayrı vaxtlarda inqilabi fəaliyyətlərinə görə II Nikolay polisinin Narıma sürgün etdiyi bolşeviklərdən 1898- ci ildən partiyanın üzvü, Lenin öləndən sonra altı il Sovet hökumətinə başçılıq etmiş Aleksey Ivanoviç Rıkov, 1899-cu ildən partiyanın üzvü Aleksandr Vasilyeviç Şotman, yenə də 1899-cu ildən partiyanın üzvü Veniamin Davıdoviç Veqman, onlarla başqaları dəfələrlə Narımda sürgündən qaçmışdı, elə Narımın özündə inqilabi fəaliyyət göstərmişdi, Böyük Oktyabr inqilabının qələbəsindən sonra yüksək partiya və dövlət işlərində işləmiş və 1937-38-ci illərdə xalq düşməni, terrorçu və casus kimi güllələnmişdilər...
    Xosrov müəllimin Narımda gördüyü ilk tanış adam Qırmızı Yaqub oldu; bu adam da siyasi dustaq idi. Qırmızı Yaqub qırx beş dərəcə şaxtada üz-gözünü bürümüş əsgi-üsgünün altından güclə eşidilən səsiylə:
    – Dedilər ki, guya, mən buxarinçiyəm, məllim... – dedi. – Ancaq zalım uşağı, heç başa salmadılar ki, buxarinçi nə deməkdir... Buxarinçi nə eləyir?.. Nə eləyir ki, belinə 15 il basıb Sibirə göndərirlər?.. Eybi yox, uçitel, biz səninnən taun görmüşük, Sibir nədir ki, biz səninnən, məllim, tauna qalib gəlmişik...
    Xosrov müəllim əsgi-üsgü ilə yumaq kimi qalın sarınmış əllərini əllərinə vuravura yerində hərəkət edən Qırmızı Yaquba baxdı, heç nə demədi, sonra, elə bil ki, o uzaq Sibir torpağında, o buzun, şaxtanın içində Qırmızı Yaqubla yox, özü özü ilə danışdı:
    – Yəni qalib dəldiz tauna?..
    Bu sual sonralar da Xosrov müəllimin yadından çıxmırdı... O uzaq Sibir torpağında Xosrov müəllimin çox gözlənilməz görüşləri oldu, amma o gözlənilməz görüşlərdən ən unudulmazı 1947-ci ilin yay günlərindən birində Ob çayının (Iosif Vissarionoviç Stalin 1912-ci ilin sentyabrında qayığa minib bu çayla sürgündən qaçmışdı) sahilində baş verdi: Xosrov müəllim Tümen vilayətindən gətirilən siyasi dustaqların arasında Məmmədağa Ələkbərovu gördü. Bu adam heç arıqlamamışdı.
    Məmmədağa Ələkbərov sürgündə ölən müsəlman dustaqların dəfnində mollalıq edirdi və belə bir xidmətə görə hər dustaq öz yemək payından kəsib Məmmədağa Ələkbərova verirdi.
    Məmmədağa Ələkbərovdan daha ətir iyi gəlmirdi, amma nəsə başqa bir iy gəlirdi və Xosrov müəllim heç cürə müəyyən edə bilmirdi ki, bu nə iyidir... Məmmədağa Ələkbərov Xosrov müəllimi tanıdımı, tanımadımı? – Xosrov müəllim bunu bilmədi və özü də bu barədə heç nə demədi və heç nə soruşmadı; amma hərdən Xosrov müəllimə elə gəlirdi ki, bu adamla Mir Cəfər Bağırov qətiyyən bir-birinə oxşamasalar da, xarici görkəm etibarilə və yəqin ki, xasiyyətcə də, şəxsiyyətlərinin miqyasına görə də başqa-başqa insan tipləri olsalar da, əslində, onlara, diqqətlə baxanda, əkiz qardaşlar kimi, bir-birilərinə bənzəyirdilər; hətta Xosrov müəllimə elə gəlirdi ki, Mir Cəfər Bağırov özünü gizlətməkdən ötrü dönüb Məmmədağa Ələkbərov olub... Bəs, Sibirə necə gəlib çıxıb?..
    Xosrov müəllim bir küncdə oturub beləcə diqqətlə Məmmədağa Ələkbərova baxırdı, Məmmədağa Ələkbərovu müşahidə edirdi.
    Qırmızı Yaqubu da o Ob çayının sahilində Məmmədağa Ələkbərov müsəlman qaydası ilə torpağa tapşırdı və başqa azərbaycanlı, tatar, özbək, çeçen, ləzgi, qazax, qabardin, balkar, qaraçay, inquş, tacik, qırğız dustaqlar kimi, Xosrov müəllim də öz yemək payının bir hissəsini ayırıb Məmmədağa Ələkbərova verdi. Xosrov müəllim düz on yeddi ildən sonra, 1956-cı ilin payızında Bakıya qayıtdı, bəraət aldı, amma daha müəllimlik etmədi, qəzet köşkündə oturub qəzetjurnal satmağa başladı.
    Xosrov müəllim o qarlı qış günü tutulub gedəndən sonra Gülzar onunla əlaqə saxlamamışdı (yəqin ki, əlaqə saxlaya bilməmişdi...), gözlərini də yola dikib Xosrov müəllimi gözləməmişdi və bir nəfər dərbəndli sürücüyə ərə gedib Dərbəndə köçmüşdü. Bir dəfə – altmışıncı illərin ortalarında – Xosrov müəllim Bakıya gəlmiş Gülzarla görüşdü və az qala, otuz illik ayrılıqdan sonra o qısa görüş qoca bir arvadla qoca bir kişinin səmimi görüşü idi, elə bil ki, iki yaxın qohum görüşürdü və o qısa, səmimi görüşdən sonra bu iki nəfər bir də heç vaxt bir-birini görmədi, bir-birindən xəbəri olmadı.

10
DAN YERININ ŞƏFƏQLƏRI


    Həmin gün dənizin üzərində üfüq xətti boyunca qıpqırmızı bir səhər açılırdı və dan yerinin o qırmızısı Xəzərin suyunu da qıpqırmızı qızartmışdı, elə bil ki, suyun altında sürü-sürü balıqlar yaralanmışdı, parçalanmışdı və o balıqların qıpqırmızı qanı suyun üzünə çıxmışdı.
    Qəribə idi, bütün ömrü boyu təzə, qanlı ət həsrətində olmuş Gicbəsər üçün o sübh çağı üfüqün və dənizin o qırmızısında nəsə xoşagəlməz bir cəhət vardı, elə bil ki, o dan qırmızısı o əlçatmaz təzə ət parçasından yox, kin-küdurətdən, hiddətdən qızarmış gözlərdən, vurulan təpiklərdən, atılan daşlardan («– Paşol!»; «– Sürük burdan!») xəbər verirdi və dənizkənarı bulvarda qarnı üstə kol dibində uzanıb çənəsini qabaq pəncələrinə söykəmiş Gicbəsər hələ tam açılmamış yuxulu gözlərini kolun yarpaqları arasından o üfüq və dəniz qırmızısına zilləyib baxırdı. Gicbəsər səksəkə içində yatdığı o bir neçə saat gecə ərzində tez-tez gözlərini açıb qaranlığa baxmış və indi o qaranlıq qırmızıya çevrilmişdi, Gicbəsər də həmin qırmızıya baxırdı...
    Gicbəsərin zədələnmiş boğazının qanı boynunun çirkli qəhvəyi-qara tüklərində qaysaq bağlamışdı və o zədənin ağrısı gecədən bəri itin bütün bədənindən keçirdi, kiçicik tərpənəndə ağrı daha da artırdı və Gicbəsər dan yerinin o qırmızısına baxabaxa bir azdan ayağa qalxmaq, yerimək, qaçmaq, gizlənmək, axtarıb yeməyə nəsə tapmaq əzab əziyyətini əvvəlcədən hiss edirdi və elə bil ki, bir azdan iti gözləyən o əzab-əziyyətin ağır yükü indidən Gicbəsəri sıxırdı, əzirdi, o yük altında çənəsi zindan kimi, qabaq pəncələrinin üstünə pərçim olmuşdu.
    Dünən Gicbəsər Bakının bu it üçün tamamilə yad küçələrini dolaşa-dolaşa, elə bil ki, Bakının bütün ərazisini öz aralarında bölüşdürmüş kimsəsiz məhəllə itlərindən gizlənə-gizlənə, sayı-hesabı qurtarmaq bilməyən maşınlardan, avtobuslardan, trolleybuslardan, motosikletlərdən qoruna-qoruna, divarlara, hasarlara qısıla-qısıla gecə gəlib dənizkənarı bulvarla üzbəüz böyük binalardan birinin həyətinə girdi, bir müddət o binanın divarının dibində dayanıb qulaq asdı, havanın qoxusunu yoxladı: bütün bina televizorla futbol oyununa baxırdı və hərdən bütün bina birdən səs salırdı, hərdən sakitlik çökürdü və futbol şərhçisinin tələsik danışığı eşidilirdi. Gicbəsər binadan gələn bu səsdə qorxulu bir şey hiss etmədi; həyətin yuxarı başındakı zibil yeşiklərinin üstünə çıxmış üç-dörd pişikdən savayı başqa ins-cins yox idi və bir sözlə, bu böyük binanın divarına, bu həyətin asfaltına, taybatay açıq bu həyət darvazasının həyətinə Bakının başqa böyük-kiçik binalarından, həyətlərindən, bağlarından, meydanlarından fərqli olaraq, elə bir şey hopmamışdı ki, Gicbəsəri ürkütsün və it başını aşağı sallayıb balaca qara gözləriylə diqqətlə baxa-baxa asta addımlarla zibil yeşiklərinə tərəf getdi. Düzdü, içi zibillə dolu dəmir yeşiklərin üstünə qalxmış o pişiklərin hərəkətsizliyindən, eləcə bir biganəlik içində dayanıb baxmaqlarından yəqin Gicbəsər başa düşmüşdü ki, orada yeməli bir şey yoxdu, amma Gicbəsər nəsə tapmalı idi, nəsə yeməli idi, çünki Tülkü Gəldi Qəbiristanlığından çıxdığı o səhərdən sonra, neçə gün idi ki, Gicbəsər, demək olar ki, heç nə yeyə bilməmişdi və həmin günlərin yorğunluğu, səfilliyi, didərginliyi daha o aclığa dözə bilmirdi.
    Bu vaxt bir cırıltı səsi o gecə çağı həyətin futbol müşayiətli sakitliyini pozdu və Gicbəsər o saat ayaq saxlayıb başını binaya tərəf çevirdi, cırıltı gələn səmtə baxdı: yuxarı mərtəbədəki binalardan birinin həyətə baxan eyvan qapısı cırıldayacırıldaya açıldı, əlində qəzet bükməsi tutmuş bir qadın eyvana çıxıb həyətə tərəf boylandı, o tərəf-bu tərəfə baxdı, heç kəs olmadığını və görmədiyini yəqin edib qəzet bükməsini zibil yeşiklərinə tərəf tulazladı.
    Bağlama şappıltı ilə zibil yeşiklərinin yanında asfaltın üstünə düşdü və Gicbəsər cavan vaxtlarındakı bir cəldlik və ehtirasla üç böyük sıçrayışa özünü o Allah payına yetirdi və qəzet bükməsini yerdən qapdı. Pişiklər hirslə fışıldayıb kənara çəkildilər, Gicbəsər isə əlləri paydan çıxmış o pişiklərə məhəl qoymadan gözəl ətri gələn bükməni tələsik həyətin divar dibinə gətirdi və ağzının suyu axaaxa, qabaq pəncələrinin köməyi ilə o bükmənin kağızını didişdirib cırdı, tələsik bir acgözlüklə o gözəl artıqları təpişdirə-təpişdirə yeməyə başladı: bir az kolbasa qırıqlarıydı, qığırdaqları, bəzi yerlərdə hətta əti üstündə qalmış çolpa sümükləri idi, dişlənmiş, doğranmış soyutma yumurta qalığıydı, nəsə yağlı xörəklərə dəymiş o gözəl xörəklərin ətrini və tamını özündə saxlamış çörək parçaları idi... amma bütün bunlar az idi (görünür, ikinəfərlik məclisin artığı idi), amma, hər halda, sınmış, laxlamış, seyrəlməyə başlamış dişləri ilə o çolpa sümüklərini tələsik mədəsinə ötürdükcə Gicbəsər hiss edirdi ki, bədəninə bir qüvvə gəlir, o gecənin qaranlığında, elə bil ki, itin gözlərinə də işıq gəlirdi.
    Pişiklər Gicbəsərin beş-altı addımlığında dayanmışdılar və birdən-birə peyda olmuş bu naməlum itin divar dibində gözəl qoxusunu duyduqları o gözəl nemətləri təpişdirməyinə baxırdılar – acıqla, kinlə baxırdılar. Pişiklər əvvəllər heç vaxt görmədikləri bu itin qocalığını və ən əsası isə, taqətsizliyini yəqin ki, başa düşmüşdülər, ondan qorxmurdular və hətta elə bil ki, Gicbəsərin üstünə cumub o nemətləri qaçırtmaq istəyirdilər; amma Gicbəsər o kolbasa qırıqlarını da, sümükləri də, çörək, yumurta qalıqlarını da daha yeyib qurtarmışdı və indi qəzet parçalarını iyləyirdi, indicə yediklərinin asfalt üstündəki yerini yalayırdı, başını yerdən qaldırmayaraq hərdənbir gözləriylə altdan yuxarı açıq-aşkar bir minnətdarlıqla qapısı cırıldayan o eyvana tərəf baxırdı.
    Bina birdən küy saldı (görünür, qol vurmuşdular), amma o küyün Gicbəsərə dəxli yox idi, o küy qorxusuz, ürküsüz idi və o küyün özü də indi dünyanın birdənbirə beləcə gözlənilməz Allah payından xəbər verirdi. Gicbəsər eləcə qəzet qırıqlarını iyləyirdi, asfaltın üstünü yalayırdı və o pişiklərin birdən-birə necə qaçıb aradan çıxmağından xəbəri olmadı, elə bil ki, Gicbəsərin o qəzet bükməsindəki nemətlərdən sonra, iy duymaq, hənirti eşitmək qabiliyyəti də korşalmışdı və hər şeyi o zaman başa düşdü ki, artıq gec idi, böyük, bu qaranlıq gecə kimi qapqara bir it sonuncu həmlələrlə atılıb iti dişləri ilə Gicbəsərin boqazından yapışdı. Ağrının və o qəfil həmlənin xofundan Gicbəsər elə zingildədi ki, bu zingilti o iri, qara itin hirsli və qorxunc hənirtisi müqabilində o qədər yazıq, köməksiz bir fəryadla səsləndi ki, həmin böyük binada yaşayan və o aprel gecəsi televizorun qabağında oturub futbola baxan adamların bəzisi yerlərindən qalxıb pəncərələrdən həyətə tərəf boylandılar.
    Bu iri, cavan və sağlam qara erkək it bütün bu ətrafda yaşayan itlərin gözünün qorxusu, başının ağası idi və bu ətrafdakı bütün küçə qancıqlarının da əsl sahibi, doğulan küçüklərin əksəriyyətinin atası da o idi. Qara itin bədənində müxtəlif cinsli itlərin qanı qaynayırdı və son on-on beş nəsil boyu bu müxtəlif qanlar bir-birinə qarışıb Qara iti dünyaya gətirmişdi və elə bil ki, bu Qara it şəhərin küçələrində son on-on beş nəsil boyu kimsəsiz əcdadlarının çəkdikləri əzab-əziyyətlərin hayıfını almaq üçün (kimdən və nədən?!) bu dünyaya gəlmişdi; hər bir naməlum it Qara itin düşməni idi və bu əraziyə, Bakının bu hissəsinə ayaq basmamalı idi.
    Gicbəsər boğulurdu və bərəlib, az qala, hədəqəsindən çıxan və yerdən-göydən imdad uman gözlərini o böyük binanın yuxarı mərtəbələrinə (cırıldayan qapılı o eyvana tərəf!) dikib bütün gücünü toplayıb bir dəfə də (yəqin ki, sonuncu dəfə!) həmin dəhşətli fəryadla zingildədi.
    Bu, möcüzəydi, nə idi? – o eyvandan ki, bayaq həyətə Gicbəsər üçün Allah payı atılmışdı, bax, həmin eyvanın qapısı yenə cırıltıyla açıldı və bu dəfə qadın yox, kişi eyvana çıxdı (yəqin ki, o kolbasanı, çolpanı, yumurtanı yemiş kiçik məclis əhlinin biri idi) və səbətə yığılmış kartoflardan bir yekəsini götürüb zərblə itlərə tərəf atdı:
    – Poşol!..
    O aprel gecəsi həyətə yayılan o «Poşol!» sözü, bütün ömrü boyu eşitdiyindən fərqli olaraq, Gicbəsər üçün o qədər doğma səsləndi ki, itin boğulub sönməkdə, dağılmaqda olan beynində bir ümid yarandı. Yuxarı mərtəbədən zərblə atılmış o iri kartof isə Qara itin böyrünə dəydi və hikkədən yerə-göyə sığışmayan Qara it Gicbəsərin boğazını buraxıb başını yuxarı qaldırdı və yoğun, hirsli bir səslə o eyvana tərəf hürdü. Eyvandan ikinci bir kartof atıldı, amma o kartof Qara itə dəyməsə də, Qara itin hirsini-hiddətini lap artırdı – it daha da bərkdən və acıqlı hürdü.
    Deyəsən, yenə qol vurdular və o böyük bina yenə də sevinclə bir hay çəkdi və Qara itin hürməyi binanın o hayına qarışdı.
    Gicbəsər isə artıq həyətdən çıxıb bayaqkı o dəhşətli qorxunun qovduğu bir sürətlə o böyük bina ilə dənizkənarı bulvarın arasındakı geniş prospekti keçirdi. Prospektin hər iki tərəfi ilə şütüyən maşınların sürücüləri boynundan qan axan və tövşüyə-tövşüyə başını götürüb qaçan, maşınlara fikir verməyən bu iti vurmasın deyə, əyləci basırdılar və maşın əyləclərinin o tükürpədici səsi Gicbəsəri, elə bil ki, daha artıq qovurdu və it o prospekti, nəhayət ki, keçib bulvara girəndən sonra özünü sıx bitmiş zeytun ağaclarının arasına verdi və bir an ayaq saxlayıb dərindən nəfəsini dərə-dərə arxaya – o böyük binaya tərəf baxdı: o cavan, o sağlam Qara itin səsisəmiri gəlmirdi, elə bil ki, o geniş prospekt Gicbəsərin ömründə heç vaxt görmədiyi coşğun bir çay idi və Gicbəsər o çayı keçib canını qurtarmışdı, Qara it isə çayın o biri tərəfində qalmışdı, çayın o coşğunluğu – sürətlə ötən o maşınlar Gicbəsəri bayaqkı o dəhşətli qorxudan xilas etmişdi və indi də Gicbəsəri qoruyurdu. Gicbəsər nəfəsini dərdi, amma hələ də dərindən ləhləyə-ləhləyə zeytun ağaclarının arasından keçib üstü səliqə ilə qayçılanmış kollardan birinin arxasından bulvara baxdı: asfalt salınmış uzun və geniş sahil boyunca heç kəs yox idi, bütün bulvar bomboş idi. Dəniz də qapqara bir qaranlıq içində idi və göz baxdıqca uzanan bu genişliyin beləcə kimsəsizliyi, elə bil, Gicbəsərin gözlərinə daha artıq bir kədər gətirdi və it elə həmin kolun dibində torpağın üstünə çökdü.
    Gicbəsər boynundan axan qanın istisini hiss edirdi və o yaranın yeri nəbz kimi vururdu. Irəlidən külək əsmədiyi üçün dənizin sakit uğultusu eşidilirdi, arxadan isə – o zeytun ağaclarından o tərəfə o böyük bina ilə bulvarın arasındakı prospektdə orabura ötən maşınların səsi gəlirdi və o maşınların işığı da hərdən zeytunların arasından keçib kolun dibinə zəif bir işıq salırdı; bulvardakı asfaltdan isə küçələrdəki maşın, rezin, benzin, yağ iyi gəlmirdi, amma Gicbəsər daha bunların fərqində deyildi, bu itin bütün bədənində elə bir taqətsizlik, elə bir ağrı var idi ki, içindəki nigarançılığı, maşın qorxusunu üstələmişdi...
    Və indi beləcə qıpqırmızı bir səhər açılırdı...
    Gicbəsər bütün gecəni burada keçirmişdi və indi üstünün, kənarlarının yarpaqları səliqə ilə qayçılanmış o kolun dibindən o qırmızıya baxırdı və yəqin başa düşürdü ki, artıq vaxtdır, qalxmaq lazımdır, arxayın bir yer tapmaq, yemək tapmaq lazımdır, amma qalxmırdı, çənəsini qabaq pəncələrinin üstünə dirəyib yuxulu qara gözləri ilə eləcə o qırmızıya baxırdı. Gicbəsər heç olmasa, başını arxaya çevirmək, o böyük binaya tərəf nəzər salmaq istəyirdi, çünki butün gecə ərzində o Qara itin xofu Gicbəsərin içində olmuşdu, o sağlam, cavan, güclü it gəlib Gicbəsəri burada tapa bilərdi; amma başını arxaya da çevirmirdi – kiçicik bir hərəkət belə, Gicbəsərin boğazının ağrısını bütün bədəninə yayırdı.
    It gözlərini o qırmızıdan çəkib heç bir hərəkət etmədən, tərpənmədən Bakının dağlıq hissəsinə sarı baxdı, o tərəflərə ki, orada Tülkü Gəldi Qəbiristanlığı olmalıydı... Bir müddət gözlərini o tərəflərə dikdi və bu dəm itin Tülkü Gəldi Qəbiristanlığı tərəflərə baxan gözlərində bir biganəlik vardı...
    Gicbəsərin qulaqları özündən asılı olmayaraq şəkləndi və itin o sübh çağı birdən-birə bulvara girmiş maşının səsini eşitməsi ilə, təkərlərin, benzinin, dəmirin iyini duyması bir oldu və Gicbəsərin içində ilişib qalmış o nigarançılıq daha artıq bir həyəcanla baş qaldırdı.
    Sübh tezdən işə başlamış Bakı Sanitariya Idarəsinin furqonlu maşını dənizkənarı bulvara girib hələ su buraxılmamış fəvvarənin yanında dayandı və əyinlərinə ağ xalat geymiş iki nəfər maşından düşüb diqqətlə o tərəf-bu tərəfə baxmağa başladı. Maşının sürücüsü sinəsini sükana dirəyib gərnəşdi və əsnəyəəsnəyə deyindi:
    – Bu vaxt itlər də yatıb!..
    Maşından düşmüş o iki nəfər sanitardan birinin əlində tüfəng var idi. Bu adamlar şəhəri quduz və xəstə itlərdən təmizləməli idilər, yəni instruksiya belə idi, amma bu iki nəfərin o gülünc instruksiyaya əməl etməyə (yəni itlərin xəstəliyini müəyyənləşdirməyə) nə vaxtları, nə də həvəsləri var idi, onlar üçün hər hansı kimsəsiz küçə iti quduz və xəstə idi. O tüfəngli sanitarda, görünür, uzun müddətdən bəri bu işlə məşğul olduğu üçün, xüsusi bir sövq-təbii yaranmışdı, düz Gicbəsərin arxa tərəfdən dibinə uzandığı o dekorativ kola tərəf yeriməyə başladı. Ikinci sanitar da həmkarının ardınca gəlirdi.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.01.2014) | Müəllif: R.C E W
Baxış: 520 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more