Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölüm hökmü-14
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>

    Hər gün, Qəbiristanlıq Idarəsinin başqa işçiləri yox, şəxsən ya Ağakərim, ya Mirzəibi, ya da Vasili gəlib Orduxanın qəbrinin ətrafındakı gülləri, çiçəkləri, o sütül söyüd ağacını, o narı sulayırdılar, təzə-tər otların üstünü eyni ölçüdə biçirdilər, o ağ mərməri, o çəhrayı qraniti dəsmal ilə tər-təmiz silib par-par parıldadırdılar, bu geniş qəbir sahəsini səliqə ilə kvadrata almış qısa daş hasarın dişarını da silib süpürürdülər; bu işi hər gün – qışın qarında-çovğununda da, yayın cəhənnəm istisində də gəlib görürdülər, bu iş bir növ rituala çevrilmişdi, Vasili də, Ağakərim də, Mirzəibi də bunu Əbdül Qafarzadənin qarşısında özlərinin mənəvi borcları bilirdilər və Əbdül Qafarzadə də hər dəfə bura gələndə bunu görürdü, torpağın üstündəki təzə süpürgə izi, o ağ mərmərin, o çəhrayı qranitin eləcə tərtəmizliyi, o biçilmiç təzə tər otun ətri, elə bil ki, belə məqamlarda kişinin uçum-uçum uçunan ürəyinə bir təpər gətirirdi; Vasilinin, Mirzəibinin, Ağakərimin belə bir sədaqəti, vəfadarlığı az qalırdı Əbdül Qafarzadəni kövrəltsin və bəzən kövrəldirdi də. Sevilin zövqündə bir qız zərifliyi var idi və Orduxanın qəbrində də o qız zərifliyi hiss olunurdu; elə bil ki, bu qız zərifliyi ilə Orduxanın taleyi arasında bir yaxınlıq, doğmalıq var idi. Sevil atasından xahiş etmişdi və qəbir sahəsini kvadrata almış o qısa hasar üçün mişar daşı yox, mərmər yox, irili-xırdalı adi çay daşları gətirtmişdi və Əbdül Qafarzadə bu altı ildə bura o qədər gəlmişdi ki, hasar hörülmüş o çay daşlarını da bir-bir tanıyırdı. Sevil də, ən azı, həftədə bir dəfə, iki dəfə, çox zaman da balaca Əbdüllə birlikdə maşını sürüb bura gəlirdi. Əbdül Qafarzadə istəmirdi ki, balaca Əbdül qəbiristanlığa gəlsin, bu vaxtından uşağın ürəyi qısılsın, amma Sevil « – Net, papa, – deyirdi. – Pust on vseqda pomnit yeqo... Pust znayet kem on bıl dlya nas!..» – və Sevil dolmuş gözlərini gizlədirdi, istəmirdi ki, atası bu dolmuş gözləri görsün və ürəyi daha artıq sıxılsın: sağ olsun, yaxşı övlad idi, qeyrətli bacı idi, amma həyat da öz işini görürdü, hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmırdı, balaca Əbdül Orduxanı daha tamam yadından çıxartmışdı, yəni bilirdi ki, Orduxan adında bir dayısı olub, bura onun qəbridir, Orduxan anası üçün də, nənəsi üçün də, babası üçün də həddən artıq əziz bir adam olub, bu qəbir də onlar üçün müqəddəs bir yerdir, amma Orduxanın özünün sifətini, Orduxanın səsini, Orduxanın gülüşünü tamam yaddan çıxarmışdı, çünki Orduxan öləndə balaca Əbdülün cəmi iki yaşı var idi.
    Orduxandan da Xıdır kimi, heç nə qalmamışdı bu dünyada, təkcə özü atasının, anasının, bacısının xatirələrində qalmışdı, bir də ki, yəqin dostlarının, gəzdiyi qızların, qadınların xatirələrində qalmışdı, illər keçəcəkdi, nəsillər bir-birini əvəz edəcəkdi, Orduxanın xatirəsi o dostlarla, o qızlarla birlikdə qəbrə gedəcəkdi, dünyaya gələn yeni Qafarzadələr isə, yəni Sevilin törəmələri (onların famili nə olacaqdı? Allah bilir...Balaca Əbdülün famili Gülcahani idi və Əbdül Qafarzadə bunu da daxilən heç cürə qəbul edə bilmirdi) Orduxan barədə heç nə bilməyəcəkdilər; Orduxanın saralıb solmuş şəkilləri yəqin ki, köhnə ailə albomlarında qalacaqdı və həmin aprel günü o ağ mərmərlə, o çəhrayı qranitlə üzbəüz dayanmış Əbdül Qafarzadə elə bil ki, əlli il bundan sonra öz gələcək törəmələrinin Orduxanın o saralıb-solmuş şəklinə baxa-baxa dedikləri sözləri eşitdi: «– Ana, bu kimdi, belə?» « – Nə bilim, deyəsən, mənim nənəmin qardaşıdı...» Orduxanla bağlı əlli ildən sonrakı o danışıq elə bil ki, kobud, döyənəkli bir ovuc olub Əbdül Qafarzadənin ürəyini sıxdı və kişi fikirləşdi ki, təkcə adamlar adamlara oxşamır, ağaclar da adamlara oxşayır: bax, bu sütül söyüd, elə bil ki, Orduxan özüdür, təmiz, köməksiz, günahsız, amma vaxt gələcək bu söyüd də qol-budaq açacaq və o zaman bu söyüd daha Orduxana oxşamayacaq, o zaman o söyüd... Əbdül Qafarzadənin özünə oxşayacaq.
    Bu gözlənilməz müqayisə kişini diksindirdi və bu dəfə Əbdül Qafarzadə o çəhrayı qranitin üstündə yazılmış o
ƏBDÜLƏLI

sözündə qara torpaq nəmliyi, qara torpaq zülməti hiss etdi; bu hiss kişinin içinə bir havasızlıq gətirdi və Əbdül Qafarzadə özünü ələ alıb bu hissi uzaqlaşdırmaq istədi, bu hissdən qaçmaq istədi və Qarateli yadına saldı.
    Əbdül Qafarzadə də, Sevil də, Qarateli buralara qoymurdu, çünki ikisi də yaxşı bilirdi, Qaratel bircə dəfə də bura gəlsə idi, daha evə sağ qayıtmayacaqdı. Qaratel hərdən için-için, səssiz-səssiz ağlaya-ağlaya: «– Eybi yoxdur, – deyirdi, – dirimi buraxmırsız balamın yanına, ölümü apararsız onun yanına...» Qaratelin taqəti yox idi ki, dava-qırğın salsın, özü bura gəlsin...
    Dünyada nə qədər ev var, hərəsinin də bir dərdi, bir faciəsi var...
    Kənardan baxanda nə var ki?..
    Əbdül Qafarzadə, o ağ mərmərə, o çəhrayı qranitə baxa-baxa fikirləşdi ki, bu altı ildə o qədər özü öz içində ağlayıb ki, əslində, bütün bədəninin nəmi çəkilib və bayaqkı o quruluq hissi də elə buna görə yaranmışdı.
    Oğluna ağlayıb, yoxsa öz gününə?
    Bu dəm saqqallı bir adamın tanış siması, sapsarı şəkli, elə bil ki, birdən-birə o çəhrayı qranitə həkk olundu və o saqqallı kişi o aprel günü qəbiristanlıqda Əbdül Qafarzadəyə elə baxırdı ki, elə bil, dünyanın bir dərdli adamı nəhayət ki, başqa bir dərdli adam tapıb. Yox, Əbdül Qafarzadə heç vəchlə o saqqallı kişinin o sapsarı baxışları ilə beləcə üz-üzə dayanmaq istəmirdi. Heç vəchlə o dəhşətli, o yağışlı qış gecəsini xatırlamaq istəmirdi, amma ayaqları onu bu ağ mərmərin, bu çəhrayı qranitin yanına dartıb gətirəndə bilirdi ki, hər şey bununla qurtaracaq, bu dəhşətli xatirə yenidən gəlib gözlərinin qabağından keçəcək, yenidən onu qocaldacaq, yenidən onu öldürəcək...
    O sapsarı baxış elə bil ki, güclü bir maqnit kimi Əbdül Qafarzadənin bütün içini çəkib çıxarırdı və belə anlar Əbdül Qafarzadə, doğrudan da, az qalırdı ki, həlak olsun.
    O saqqallı adam, o sapsarı baxışların sahibi Nikolay Romanov idi, keçmiş imperator II Nikolay və o sarı da qızıl sarısı idi – II Nikolayın bu dəm çəhrayı qranitdən baxan siması qızıl onluğun, qızıl beşliyin üstündəki sifət idi və elə bil, o qəbiristanlıq sakitliyi içində, o aprel günündə II Nikolayın hissiz-həyəcansız, donub qalmış o sapsarı sifəti birdən -birə titrədi, tərpəndi və II Nikolay qarşısında dayanmış bu hündürboylu, iri sümüklü, qaraşın, qalın çeşməkli adama daha da zəndlə baxdı və soruşdu:
    «– Nə var, nə yox?»
    Əbdül Qafarzadə bu sözləri aydın eşitdi, bu sözlər elə bil ki, tamam başqa bir dünyadan gəlirdi, tamam başqa bir keyfiyyətdə idi, amma o səsdə bu dünyanın dəhşətli bir ağrısı, dəhşətli bir ələmi var idi, bu ağrı, bu dərd, əlbəttə, II Nikolayın özünün içindən tökülüb gəlirdi, bu, Nikolay Romanov taleyinin ağrısı, ələmi idi, amma eyni zamanda o səs Əbdül Qafarzadənin də halına acıyırdı:
    «– Nə var, nə yox?»
    Sonra o sapsarı sima ən dərin bir təəssüf hissi ilə ən yaxın bir həmdərd kimi, elə bil, Əbdül Qafarzadənin dərdini bölüşdü:
    «– Hər şey var, heç nə yoxdu... Hə?» Sonra o sapsarı sima yenə də dondu, o sapsarı bəbəksiz gözlər heç nə görmədi, heç hara baxmadı və o sarı sima, o bəbəksiz gözlərlə birlikdə çəhrayı qranitin üzərində yavaş-yavaş əriyib yox oldu...
    Əbdül Qafarzadənin gizli işləri çox idi, amma bütün o gizli işlər içində bu adamın elə bir sirri var idi ki, bu sirdən dünyada heç kimin xəbəri yox idi və əlbəttə, heç kimin də xəbəri olmayacaqdı; bu işdən, görünür, heç Allahın da xəbəri yox idi, çünki xəbəri olsaydı, qoymazdı.
    Altı il bundan əvvəl, o 27 dekabr günü, qışın o oğlan çağında Bakıda şıdırğı bir payız yağışı yağırdı və həmin o yağışın səsi indiyə qədər Əbdül Qafarzadənin yadından çıxmamışdı və nə qədər ki, yaşayacaqdı, heç vaxt yadından çıxmayacaqdı. Əlbəttə, yağış yağışdı, amma o 27 dekabr gününün, o qara günün, o amansız, o cəllad günün yağışının şırıltısında Əbdül Qafarzadənin ürəyinə hopmuş xüsusi bir ahəng, xüsusi bir inilti, ümidsizlik var idi; Qaratelin o dəli fəryadı da, Sevilin o hönkürtüləri də, qohumun, tanış-bilişin o ağlayışı da bir tərəfə idi, o şıdırğı yağış şırıltısının həmin xüsusi ahəngi, həmin iniltisi, ümidsizliyi bir tərəfə idi. Orduxan bircə həftənin içində getdi, qripdən getdi, o bədbəxtin görünür, alnına belə yazılıbmış: qrip oldu, qripin fəsadı böyrəklərinə verdi və heç kim uşağı xilas edə bilmədi. Hətta Vasili ilə Mirzəibinin təcili uçub bir günün ərzində Moskvadan gətirdikləri akademik Ivan Sergeyeviç Frolovski də Orduxanı müayinə edib rentgen şəkillərinə baxaraq: «– K sojeleniyu uje pozdno...» – dedi və elə həmin gün də Vasili ilə Mirzəibi akademiki təyyarə ilə Moskvaya yola saldı. Əbdül Qafarzadə oğlunu Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinə qoymuşdu ki, prokuror olsun (yazıq Orduxanın görkəmi, yaraşığı, elə bil, deyirdi ki, «məni prokuror elə!», amma sonra fikrini dəyişdi – Orduxan partiya işində işləməli idi, raykomun birinci katibi olmalı idi (özü də Bakı rayonlarından birinin!), çünki Sovet Ittifaqında raykom katibindən yaxşı vəzifə yox idi; restoran müdirinin də, sex müdirinin də, univermaq müdirinin də hamısının bir yerdə qazandığı raykom katibinin qazancının yanında bir heç idi. Hörmət, izzət də öz yerində: deputat, ordenlər, Sov. IKP MK-nın gül kimi sanatoriyaları, maşın, sürücü– nökər... buna görə də universiteti bitirdikdən sonra uşağı aspiranturada saxlatdırdı ki, qoy əvvəlcə müdafiə eləsin...
    Sən saydığını say, gör fələk nə sayır?..
    Orduxan həm də gözəl idmançı idi (əsl idmançı!), Azərbaycanın yığma voleybol komandasında oynayırdı, üç dəfə SSRI yığma komandasında oynamışdı və xəstəliyindən üç-dörd gün əvvəl yenə də Moskvadan teleqram almışdı ki, onu SSRI yığma komandasının məşqlərinə dəvət edirlər.
    Vaxtilə Xıdırın idmana həvəsi, idmanla bağlı arzuları indi Əbdül Qafarzadəyə, əlbəttə, sadəlövh görünürdü, amma o sadəlövhlükdə bir kövrəklik, bir əzizlik var idi və Orduxanın beləcə məşhur idmançı olmağı Əbdül Qafarzadə üçün elə bil ki, o kövrəkliyin, o əzizliyin davamı idi. 25 yaşlı Orduxan Bakının ən sayılan hörmətli oğlanlarından biri idi və Qaratel tanınmaz-bilinməz qızların zənginin əlindən az qalırdı qayçını götürüb telefon xəttini kəssin – Orduxan Bakının gözəl qızlarının sevdiyi oğlan idi.
    Dekabrın 27-də vəfat etdi (o vaxtdan nə Əbdül Qafarzadə, nə də Sevilgil Yeni ili bayram eləmirdilər və Sevilgildə ənənə belə idi ki, hər il dekabrın 27-dən yanvarın 2-nə kimi yeddi gün Ömər evdə, royalda Şopenin və Skryabinin fortepiano üçün qəmli pyeslərini çalırdı, daha doğrusu, çalmağa məcbur idi; o vaxtdan Vasili də, Mirzəibi də, Ağakərim də Yeni ili qeyd eləmirdilər, dekabrın 31-də axşam Əbdül Qafarzadənin evinə gəlirdilər, ordan-burdan söhbət edib çay içirdilər, çıxıb gedirdilər və Əbdül Qafarzadə dəqiq bilirdi ki, Vasili də, Ağakərim də, Mirzəibi də, hərə öz evinə gedir, yeyib-içib məclis keçirmir), dekabrın 28-də isə bu Tülkü Gəldi Qəbiristanlığında, bax, bu yerdə Orduxanı dəfn elədilər. O dəfn mərasimində Əbdül Qafarzadənin saysız-hesabsız tanışlarından (təkcə Azərbaycanın yox, SSRI -nin bir çox şəhərlərindən də gəlmişdilər və şəxsən gələ bilməyən tanışlar, dostlar isə öz adlarından başsağlığı vermək üçün nümayəndələr göndərmişdilər) savayı, Bakının az qala bütün cavanları da iştirak edirdi, gözəl qızların, qadınların ağlamaqdan qızarmış gözlərində o dəm əbədi görünən bir matəm var idi, amma o dəfn gününün heç bir təfərrüatı Əbdül Qafarzadənin yadında deyildi, çünki Əbdül Qafarzadə o dəfn mərasiminə qədər dünyanın ən dəhşətli bir gecəsini keçirmişdi.
    Dekabrın 26-da günorta Binə aeroportundan birbaşa xəstəxanaya, Orduxan üçün xüsusi ayrılmış palataya gələn (Vasili və Mirzəibinin müşayiəti ilə) akademik Ivan Sergeyeviç Frolovski: «– K sojeleniyu uje pozdno...» – deyəndən sonra Əbdül Qafarzadə başa düşdü ki, daha heç bir möcüzə baş verməyəcək, fələk Orduxanı aparır və həmin dəqiqədən də son günlərin əzab-əziyyətindən, iztirablarından sonra, kişinin beynində qəribə bir aydınlıq yarandı: taledən qaçmaq mümkün deyildi. Əbdül Qafarzadə boz gözlərini diqqətlıə akademik I.S.Frolovskiyə zilləyib dedi: «– Ya moqu ustroit yeqo daje v kremlyovskuyu bolnitsu, professor...» I.S.Frolovski dərindən köksünü ötürüb: «– Ne pamojet... Boyus, çto seqodnişniy den posledniy den yeqo jizni....» – dedi.
    Əbdül Qafarzadə Vasiliyə və Mirzəibiyə tapşırdı ki, akademiki lap yaxşı hörmətlə Moskvaya yola salsınlar (bu o deyən söz idi ki, akademikə veriləcək nəğd pulun, qara kürünün, konyakın miqdarını və həcmini əvvəlcədən danışılandan da xeyli artıq eləmək lazım idi). Özünü öldürən Qarateli palataya buraxmadı, Ağakərimin vasitəsilə evə göndərtdi və Sevilə də tapşırdı ki, anasının yanında olsun, qohum-əqrəbaya xəbər göndərdi, dost-tanışlara sifarişlər, tapşırıqlar verdi, Şeyxülislamın evinə adam göndərdi ki, ən savadlı mollalardan birini sabah üçün ehtiyatda saxlasın, özü isə bütün günü və gecəni Orduxanın çarpayısının kənarında oturdu. Səhər saat 5 ərəfəsində Orduxan, elə bil ki, diksinib gözlərini açdı, Əbdül Qafarzadənin əlindən yapışdı: «– Heç hara getmə...» dedi və çarpayının kənarında balasının yanında oturmuş Əbdül Qafarzadə hiss etdi ki, oğlu ölümdən qorxur, «– Heç hara getmə...» – sözləri o ölüm xofunun ifadəsi idi və həmin dəqiqədən də Orduxan gözlərini yumsa da, atasının əlini buraxmadı, həkimlər, şəfqət bacıları gəlib xəstə ilə məşğul olanda da əlini atasının əlindən ayırmadı (o əlin istisi də, soyuğu da, o əlin söylədikləri də həmişə Əbdül Qafarzadə ilə birgə idi və birgə də olacaqdı – hər halda, Əbdül Qafarzadə belə hesab edirdi). Səhər saat 8-ə işləmiş Orduxan birdən yerindən dikəldi, məktəbi və universiteti rus dilində oxusa da, evdə də, yoldaşlarıyla da, qızlarla da, adətən, həmişə rus dilində danışsa da, bu son məqamda Azərbaycan dilində «–Ay ata, ölürəm axı...» – pıçıldadı, Orduxanın gözləri doldu, Əbdül Qafarzadə isə çeşməyinin altında gözlərini yumdu. Bütün iyirmi altı illik ömrü ərzində Orduxan yəqin ilk dəfə idi ki, atasını beləcə köməksiz görürdü. Səhər saat 8-ə düz on beş dəqiqə qalmış Orduxan atasının qollarının üstündə son dəfə nəfəsini dərdi və gedər-gəlməzə uçdu.
    Orduxanın cənazəsini xəstəxanadan əvvəlcə Təzə pir məscidinə apardılar, yuyub kəfənə bükdülər, sonra evə gətirdilər və o günün, yəni dekabrın 27-sinin bütün təfərrüatı Əbdül Qafarzadənin yadında idi, evə başsağlığı verməyə gələn saysız-hesabsız adamları da sonralar bəzən gözlərini yumub bir-bir xatırlaya bilirdi (o vaxtdan keçən müddət ərzində o adamların da bir qismi indi bu Tülkü Gəldi Qəbiristanlığında yatırdı), elə bil ki, həmin 27 dekabr günü Əbdül Qafarzadənin beyni əlacsızlığın, fələyin qarşısında tamam gücsüzlüyün əlindən elə oyanmışdı ki, saat kimi dəqiq işləyirdi, beyin bəzən dərddən alovlanıb yanmaq istəyən hisslərin, həyəcanların üstünə su səpirdi; Orduxanı layiqincə dəfn eləmək lazım idi. Yağış həmin 27 dekabr günü başladı.
    Orduxanın cənazəsini qonaq otağındakı mizin üstünə qoymuşdular, royaldan tutmuş televizoracan otaqdakı bütün əşyaları boşaltmışdılar və o qırx kvadrarmetrlik otaqda hər tərəfə xalı-gəbə döşəmişdilər, dörd divar boyunca da kürsülər düzmüşdülər, başsağlığı vermək üçün gələn saysız-hesabsız kişilər, Orduxanın cavan dostları o kürsülərdə otururdular. Şeyxülislamın şəxsən göndərdiyi və Bakının məşhur savadlı mollalarından biri olan doxsan yaşlı Axund Fətulla Ağa cənazənin baş tərəfində, Əbdül Qafarzadə isə cənazənin yanında əyləşmişdilər. Qadınlar o biri otaqda oturmuşdular və onların ağlayışı, vay-şivəni kişilər oturan otaqda da aydınca eşidilirdi və Əbdül Qafarzadəyə başsağlığı vermək üçün gələn dəmir kimi möhkəm kişilərin də gözlərini yaşardırdı.
    Əbdül Qafarzadə o vaxt iyirmi ildən artıq idi ki, Sov. IKP-nin üzvü idi (1956-cı ildə şəxsiyyətə pərəstiş ifşa olunandan, Xıdır günahsız güllələnmiş şəxs kimi bəraət alandan sonra, partiyaya keçmişdi və indi iyirmi beş illik partiya stajı var idi), amma akademik I.S.Frolovski deyəndə ki: «– K sojeleniyu uje pozdno...», başa düşəndə ki, daha heç bir möcüzə baş verməyəcək, qət etdi ki, belə bir məqamda heç nədən çəkinməyəcək, yeganə oğlunu əsl müsəlman qaydasıyla, «əl-rəhman»la götürəcək. Qoy nə deyirlər-desinlər, qoy çığır-bağır salsınlar ki, partiya üzvlüyü ilə dindarlıq bir araya sığmaz, necə qət etmişdisə, elə də eləyəcəkdi (elə də elədi!). Yağış başlayandan sonra, həmin 27 dekabr günü Axund Fətulla Ağa həlim səsiylə əzbərdən Quran oxuduqca, Əbdül Qafarzadə o yağışın səsinə qulaq asmağa başladı və yavaş-yavaş Axund Fətulla Ağanın səsini də, arvadların qonşu otaqdan gələn vay-şivənini də eşitmədi, elə bil ki, bütün dünyada təkcə o yağışın səsi idi, vəssalam, daha heç bir səs yox idi dünyada və o yağış səsinin müşayiəti ilə Orduxanın anadan olduğu gündən başlamış qollarının üstündə can verdiyi vaxtacan, bütün uşaqlıq, yeniyetməlik, cavanlıq çağları Əbdül Qafarzadənin gözlərinin qabağından keçməyə başladı: gözünün qabağına gələn o görümlər suyun içində idi, elə bil, hələ qurumamış, yaş fotoşəkillər idi və o su təkcə eşikdə yağan o yağışdan axıb gələn xatirələrə dolmamışdı – heç kim Əbdül Qafarzadənin göz yaşlarını görmürdü (çünki yox idi!), o dəm Əbdül Qafarzadənin hissləri beyninin nəzarəti altında idi, amma buna baxmayaraq, kişinin görünməyən o göz yaşları bir sövq-təbii ilə o xatirələrə dolurdu.
    Əbdül Qafarzadə hiss edirdi ki, bütün bu xatirələrin, bütün bu iztirabların arxasında beynində nəsə bir lay, bir qat yaranıb, daha doğrusu, beynində nəsə bir qərar yaranıb və yeganə oğlunun cənazəsinin yanında oturmuş bu adam var qüvvəsi ilə çalışırdı ki, beynindəki o laya, o qata enməsin, elə-eləcə xatirələrə dalsın, çünki əslində həmin qərarın nə olduğunu bilirdi və özü özünün çıxardığı o qərardan qorxurdu...
    Gəlib-gedənlərin sayı gecəyə yaxın seyrəlməyə başladı, otaqda təkcə yaxın adamlar qaldı: bəzi qohumlar, dostlar, Ömər, Mürşüd Gülcahani, Mirzəibi, Vasili, Ağakərim, tez-tez o biri otağa keçib Qaratelə sakitləşdirici iynələr vuran həkim Bronşteyn, xüsusi hörmət əlaməti olaraq (aydındı ki, bu hörmət xüsusi də qiymətləndiriləcəkdi!) evinə getməyib gecəni cənazənin yanında oturmuş Axund Fətulla Ağa...
    Orduxanın dostları o qış gününün get-gedə bərkiyən şıdırğı yağışına baxmayaraq, gedib hərbi hissədən nəhəng bir çadır alıb gətirdilər, həyətdə qurdular, içinə işıq çəkdilər, soba yandırdılar, qonşuluqdakı məktəbdən xeylaq kürsü, miz gətirib çadıra düzdülər və özləri də səhərə kimi həmin çadırda oturdular. Əbdül Qafarzadə bütün gün ərzində bir tikə də çörək yeməmişdi, bircə qurtum da su, çay içməmişdi və gecə saat bir radələrində cənazə qoyulmuş o böyük otağın bir küncündə oturub özündən asılı olmayaraq, mürgü döyən Mürşüd Gülcahani gözünü açıb təzədən ətrafa baxdı, otaqda oturanların xeylaq seyrəldiyini gördü və ərkiçatan adam kimi yerindən qalxdı, cənazənin yanında oturub boz gözlərini çeşməyinin arxasından naməlum bir nöqtəyə zilləmiş Əbdül Qafarzadəyə yaxınlaşdı, əyilib kişinin qulağına pıçıldadı:
    – Get bir stəkan çay iç, bir tikə çörək ye... Belə olmaz axı... Sabah da bütün günü ayaq üstə olacaqsan.
    Əbdül Qafarzadə boz gözlərini o naməlum nöqtədən çəkdi, başını çöndərib Mürşüd Gülcahaniyə baxdı və həmin an yazıçı Mürşüd Gülcahaniyə elə gəldi ki, qudası onu başa düşmədi və ümumiyyətlə, onu heş tanımadı da; bütün qohumluqları ərzində Mürşüd Gülcahaninin bu adama ilk (və sonuncu!) dəfə yazığı gəldi, təkrarən pıçıldadı:
    – Get bir stəkan çay iç, bir tikə çörək ye... Əbdül Qafarzadə elə-eləcə Mürşüd Gülcahaniyə baxdı və birdən gülümsədi və oğlunun cənazəsi yanında oturmuş qudasının o gecəki həmin təbəssümündən Mürşüd Gülcahaninin kürəyinə bir üşütmə düşdü, yazıçının yuxusu qaçdı, daha bir söz deməyib küncdəki kürsüsünə tərəf qayıtdı.
    Əbdül Qafarzadə isə ayağa qalxdı, o böyük otaqdan çıxdı, qadınlar oturan otağın (ağlamaqdan, qışqırmaqdan səsi batmış Qaratel elə hey inildəyirdi) qabağından keçib yataq otağına girdi və qapını ardıyca açarla bağladı – Əbdül Qafarzadəgilin beşotaqlı mənzilində hər otağın qapısının da ayrıca açarı var idi; sonra işığı yandırıb, çarpayıların arasından keçdi, divara vurulmuş kitab rəflərinin qarşısında dayandı. Bu həmin kitablar idi ki, Əbdül Qafarzadə yuxuya getməzdən əvvəl bəzən onları varaqlayardı, bəzisini oxuyardı və bu rəfləri də üç-dörd il bundan əvvəl usta çağırıb öz layihəsi ilə divarın içinə saldırmışdı.
    Ayaq üstə hərəkətsiz dayandı, elə bil, nəyəsə qulaq asırdı, yaxud nəfəsini dərirdi, özünü ələ alırdı; sonra cəld və qəti hərəkətlə yuxarıdan üçüncü rəfin şüşələrini açdı, həmin rəfdəki tarixə, dinin (o cümlədən, xristian və yəhudi dinlərinin də) şərhlərinə aid kitabları bir-bir çıxarıb Qaratelin güzgülü tualet mizinin üstünə yığdı, sonra iki əli ilə boş rəfin kənarlarından yapışıb sərt bir hərəkətlə özünə tərəf çəkdi və rəf divarın içindən çıxdı, Əbdül Qafarzadə həmin rəfin arxasındakı nazik sellofan bağlamaları çıxartdı və həmin bağlamaları qucağında tutub bir müddət yenə də hərəkətsiz dayandı, yağışın bayırdan gələn şırıltısına qulaq asdı.
    Həmin üçüncü rəfin arxasındakı o sellofan bağlamalardan heç kimin, hətta Qaratelin də xəbəri yox idi. Bağlamalarda 500000 (beş yüz min) manat pul, 100000 (yüz min) dollar, əlli ədəd (Əbdül Qafarzadə bütün bu rəqəmləri dəqiq bilirdi) qızıl Nikolay onluğu, əlli ədəd qızıl Nikolay beşliyi, əlli adda da ləl-cəvahirat var idi: brilyant üzük və sırğalar, daş-qaşla bəzədilmiş boyunbağılar, bilərziklər... Bu – qara günün varidatı idi, dünyanın işlərinə etibarı olmayan Əbdül Qafarzadənin ehtiyatı idi (hər halda, özü belə düşünürdü) və mənzilində saxladığı bu ehtiyat Əbdül Qafarzadəyə rahatlıq vermirdi, həmin üçüncü rəfin arxasındakı o gizli yer həmişə Əbdül Qafarzadəyə, əslində, etibarsız bir yer kimi görünürdü, o yerin o etibarsızlığı həmişə kişini səksəkə içində saxlayırdı.
    Əbdül Qafarzadə qucağındakı sellofan bağlamaları çarpayıya tökdü, içində 500000 manat pul olan bağlamanı götürüb rəflərin arasında əvvəlki yerinə atdı, tumbanın üstündəki ortası çəllək kimi şişman büllur güldanı götürdü və səliqə ilə sellofana bükülüb iplə bağlanmış həmin bağlamaları – dolları, qızılları, ləl-cəvahiratı bir-bir gülqabının içinə yığmağa başladı və sonuncu bağlamanı gülqabının içinə pərçim eləyəndə Əbdül Qafarzadənin bütün içindən dəli bir ehtiras baş qaldırdı: əli ilə hiss edirdi ki, bu sonuncu bağlamanın içindəki, qızıl Nikolay beşlikləridir və Əbdül Qafarzadə o gecə yarısı, o şıdırğı yağış şırıltısının müşayiəti ilə həmin qızıllara baxmaq, həmin kiçik qızıl sikkələri gözü ilə görmək istədi; bu – qarşısıalınmaz bir ehtiras idi, bu ehtirası heç cürə boğmaq mümkün deyildi. Bütün bu dəqiqəyəcən hər bir işi, elə bil ki, əvvəlcədən yüz dəfə məşq edibmiş kimi, soyuqqanlıqla, sürətlə görən Əbdül Qafarzadənin birdən-birə ürəyi şiddətlə döyünməyə başladı, kişi nəfəsini dərib qapıya tərəf baxdı, ona elə gəldi ki, ürəyinin döyüntüsü bütün otaqlara yayılıb, sonra elə bil ki, qəflətən dərin bir sükut çökdü, bayırdakı o şıdırğı yağışın şırıltısı da eşidilməz oldu və Əbdül Qafarzadə o dərin sükutun yaratdığı daxili bir çəkisizlik içində titrəyən barmaqları ilə o sonuncu bağlamanın ipini ehtiyatla açmağa başladı.
    Əbdül Qafarzadə sağ əlinin ovcunu qarnının üstündə tutub, sol əli ilə bağlamadakı qızıl Nikolay beşliklərinin bir qismini ehtiyatla ovcuna boşaltdı. Qızıl Nikolay beşlikləri bir yerdə ağır idi, amma eyni zamanda, ayrı-ayrılıqda o qızıl sikkələrdə qəribə bir yüngüllük, qəribə bir zəriflik, hətta nəvaziş var idi. Əbdül Qafarzadəyə elə gəlirdi ki, yenə də uşaq vaxtlarındakı kimi o qalın yorğanın altındadır və o nəvaziş də həmin yorğanın içindəki nəvazişdir, həm də o qalın yorğan Əbdül Qafarzadəni hamıdan, hər şeydən, ağlasığan və sığmayan bütün qüvvələrdən qoruyurdu. Kişi ovcunu tərpətmədən (qorxurdu ki, qızıl sikkələr yerə dağılar) başını aşağı əyib qalın çeşməyinin ardından o Nikolay beşliklərinə baxırdı və həmin gecə yenə də bu adamın içindən dəli bir ehtiras baş qaldırdı: o bir ovuc qızıl beşlikləri və ümumiyyətlə, güldana pərçim edib doldurduğu bütün o qızılı təzədən saymaq istədi, amma bu dəfə bu dəli ehtirası üstələyə bildi və ovcundakı qızılı elə-eləcə büllur güldanın içinə boşaltdı, ovcunda qalmış sonuncu sikkəni işığa tərəf yuxarı tutub diqqətlə baxdı – bu dəm Əbdül Qafarzadə üçün dünyada heç kim və heç nə yox idi, yalnız II Nikolayın o sapsarı, donmuş siması var idi. Həmin sonuncu sellofanın içində qalmış qızıl beşlikləri də tələsik büllur güldana boşaltdı, sonra o sellofanla güldanın ağzını örtdü, ip ilə bərk-bərk bağladı (elə bil, içinə mürəbbə yığılmış balonun ağzını bağlayırdı), paltar dolabını açıb həmişə üst gözdə saxlanılan təzə dəyişiklərin, təzə köynəklərin sellofanını cırıb çıxartdı, büllur güldanı bu sellofanlara səridi, sonra əlinə keçən bir köynəyi – bu, Qaratelin həmişəki kimi, valyuta dükanından aldığı fransız gecə köynəyi idi – dolabdan götürüb, güldanı sellofanların üstündən o köynəyə bükdü və o böyük bağlamanı sağ əli ilə böyrünə sıxıb qətiyyət və eyni zamanda, ehtiyatla qapını açdı, yataq otağından çıxdı, Qaratelin inildədiyi otağın, sonra boş mətbəxin qabağından keçib girişdəki asılqandan paltosunu götürdü, şlyapasını başına qoydu və üçüncü mərtəbədəki mənzilindən çıxdı.
    Qaratelin iniltisi eşidilməz oldu, hər tərəfi o şıdırğı yağışın şırıltısı bürüdü və yağışın o səsi, elə bil ki, özü ilə bir sərinlik gətirdi, Əbdül Qafarzadə sinədolusu nəfəs aldı, paltosunu cəld əyninə geydi, ağır və iri güldanı bərk-bərk böyrünə sıxıb qaranlıq pilləkənləri aşağı düşdü.
    Həyət qaranlıq və adamsız idi. Orduxanın yoldaşları, cavanlar hamısı çadırın içinə yığılmışdılar və çadırdan gələn işıq həyət boyu bir-birinin yanında dayanmış maşınları – Orduxanın dostlarının, qohum-əqrabanın, Vasilinin, Mirzəibinin, Ağakərimin maşınlarını güclə işıqlandırırdı. Əbdül Qafarzadə qaranlıq ağaclığın arası ilə sürətlə addımlayıb həyətdən çıxdı və eləcə sürətli addımlarla da öz küçələrindən uzaqlaşdı.
    Yağış Əbdül Qafarzadənin bütün üst-başını, ayaqlarını islatmışdı, amma hərdənbir yanından ötən taksiləri saxlamırdı, çünki taksi sürücüləri onu tanıya bilərdilər. Külək yağışı Əbdül Qafarzadənin sifətinə çırpırdı, amma həmin dəm bu adam nə yağışın, nə də o qış küləyinin soyuğunu hiss edirdi, əksinə, tərləmişdi və bütün içi buğlanırdı, elə bil, qızdırma içində idi, hərarət bütün daxilini bişirirdi; eyni zamanda, o böyük və ağır güldanı böyrünə sıxmış Əbdül Qafarzadə gecənin o çağında, yağışın altında, Bakı küçələrinin adamsızlığı içində qətiyyən qorxu və tərəddüd hissi keçirmirdi – qərara almışdı, vəssalam, belə də olacaqdı. Nəhayət ki, qarşıdan gələn iri bir maşın faralarının işığı o şıdırğı yağışı yararaq Əbdül Qafarzadənin üstünə düşdü və Əbdül Qafarzadənin sövq-təbii ilk istəyi bu oldu ki, qaçıb həmin işıqdan gizlənsin – ona görə yox ki, qorxurdu, ona görə ki, elə bil, o işıq bütün bu gecə əməliyyatına yad və yabançı idi; Əbdül Qafarzadənin həyata keçirməyə başladığı bu əməliyyatla işıq bir-birinə tamam zidd idi. Bu adamın dəqiq işləyən beyni yenə də bütün hissləri, həyəcanları üstələdi, Əbdül Qafarzadə o iri maşının sürücüsünün gözü ilə özü özünü uzaqdan gördü: gecənin yarısı, o şıdırğı yağışın altında qara paltolu, qara şlyapalı hündür bir kişi böyrünə bir bağlama sıxıb bomboş küçə ilə sürətlə addımlayır... Hər halda, o maşını saxlamaq lazım idi. Əbdül Qafarzadə dayandı, sağ əli ilə bağlamanı qaldırıb bərk-bərk sinəsinə sıxdı və sol əlini qaldırdı. Bu dəm Əbdül Qafarzadə özü də hiss edirdi ki, lazım gəlsə, o, sürücünü öldürməyə hazırdır – heç bir tərəddüd keçirməz və öldürər.
    Maşın gəlib qabağında dayananda Əbdül Qafarzadə gördü ki, bu, zibil maşınıdır; o yağışın, küləyin içində, gecənin yarısı bu zibil maşını Bakının küçələrində nə eləyirdi? Allah bilirdi...
    Əbdül Qafarzadə qalxıb kabinkada oturaraq əli ilə üz-gözünün suyunu sildi, o bağlamanı qucağına aldı, sonra cibindən bir dənə onluq çıxarıb əvvəl başdan sürücüyə verdi və həmin zibil maşınını Tülkü Gəldi Qəbiristanlığına tərəf sürdürdü. Yaxşı ki, sürücü rus idi, azərbaycanlı, ya erməni olsaydı, marağından alışıb yanacaqdı, sorğu-suala başlayacaqdı, amma bu rus sürücü qırmızı onluğu cibinə basdı, təkcə:
    – Çert!.. Kakoy dojd a?! – deyib maşınını üzüyuxarı, birbaşa Tülkü Gəldi Qəbiristanlığına tərəf sürdü.
    Əbdül Qafarzadə zibil maşınını Qəbiristanlıq Idarəsinin yox, Tülkü Gəldi Qəbiristanlığının arxa tərəfində, köhnə torpaq yolun yanında saxlatdı. Buralarda günün günorta çağı da heç kim olmurdu, o ki, qala belə bir yağışlı-çovğunlu qış kecəsi və həmin anda Əbdül Qafarzadə fikirləşdi ki, bu külək ona kömək eləmək üçün beləcə əsir, bu yağış da ona kömək eləmək üçün beləcə şıdırğı yağır; bu – taledi, taledən isə qaçmaq mümkün deyil.
    Zibil maşınından düşüb, az qala, topuğa qədər palçığa bata-bata qəbiristanlığa girdi və o zibil maşınının səsi sürətlə uzaqlaşa-uzaqlaşa (sürücü o qırmızı onluğa baxmayaraq yəqin bu yerlərdən və bu sərnişindən tez uzaqlaşmaq istəyirdi) yağışın şırıltısı içində eşidilməz olanacan köhnə bir qəbrin yanındakı hündür küknar ağacının altında dayanıb gözlədi, sonra birdən-birə yağışın yuyub təmizlədiyi o küknar ağacının iyini hiss etdi. Bu iy ölü yerinə gətirilən əklillərin iyinə bənzəyirdi və Əbdül Qafarzadə bir an, cəmi bircə an indicə qonaq otağındakı mizin üstündə qoyub gəldiyi o cənazəni xatırladı, sonra yenə əli ilə üz-gözünün suyunu sildi, bütün ətrafda heç kimin olmadığını dəqiq elədi və sürətlə Tülkü Gəldi Qəbiristanlığının yuxarı hissəsinə, o təpəciyə tərəf addımladı.
    Orduxanın cənazəsini xəstəxanadan Təzə Pir məscidinə aparanda Əbdül Qafarzadə Mirzəibiyə, Vasiliyə, Ağakərimə bu yeri nişan vermişdi və oğlunun qəbrini burada qazdırmağı tapşırmışdı. Bu yer Əbdül Qafarzadənin şəxsi ehtiyatı idi, buranı ən mötəbər vəzifə sahiblərinin də qohumlarından gizlətmişdi, elə bil, fəhmi kişiyə deyirdi ki, saxla, lazım olacaq.
    Təpəciyin üstündə qəbri qazıb qurtarmışdılar və axşam yağış başladığını görüb orada tələsik bir talvar da düzəltmişdilər ki, yağış təzə qəbri korlamasın. Əbdül Qafarzadə hər addımına bələd olduğu qəbiristanlığın içi ilə palçığa bata-bata o təpəciyin yanına gəlib çıxdı və torpaq sürüşkən olduğu üçün az qala iməkləyəiməkləyə təpəciyə qalxdı, əlindəki o bağlamanı qazılmış qəbrin kənarına yığılmış torpağın üstünə qoydu, diqqətlə ətrafa baxdı, amma o qaranlıq içində gözünə nə taxta, nə də dəmir parçası sataşdı, sonra əlini paltosunun cibinə salıb həmişə özü ilə gəzdirdiyi açarları (mənzilin, kabinetin və seyfin açarlarını) çıxartdı və təzə qəbrin içinə girdi. Qəbrin aşağısını da, kənarlarını də mişar daşlarıyla səliqə ilə hörmüşdülər, amma hava rütubət olduğu üçün, o talvar yağışın qabağını tamam ala bilmədiyi üçün, mişar daşlarının arasındakı suvaq hələ qurumamışdı və Əbdül Qafarzadə aşağı çöməlib açarlardan ən uzunu ilə qəbrin aşağısına döşənmiş mişar daşlarının arasını sürətlə qazıb-qaşımağa başladı.
    Əbdül Qafarzadə açarla qazır, barmaqlarını mişar daşlarının arasına salıb suvağı çıxarır və heç nə barədə fikirləşmirdi, təkcə tez-tez qəbrin kənarına qoyduğu o böyük bağlamaya baxırdı; əlbəttə, bu dəm o həndəvərdə heç kim yox idi və heç kim də gəlib o bağlamanı oradan qaçıra bilməzdi (hətta bayaq o küknar ağacının altında xüsusi dayandı ki, zibil maşınının çıxıb getməyini gözləri ilə görsün, hərçənd o rus sürücü görkəmindən əfəlin birinə oxşayırdı), Əbdül Qafarzadə bunu başa düşürdü, amma buna baxmayaraq, ürəyində bir nigarançılıq var idi, ona elə gəlirdi ki, növbəti dəfə həmin yerə baxanda o bağlamanı orada görməyəcək; ürəyindəki o nigarançılıq bütün ətrafı basıb-bürümüş o şıdırğı yağışın altında, elə bil ki, bu adamı daha da tələsdirdi və o iyirmi dəqiqənin ərzində qəbrin aşağısından iki mişardaşı çıxartdı, açarla, barmaqları ilə o iki mişar daşın altında təxminən yarım metr dərinliyində, o bağlama enində bir deşik açdı, qəbrin kənarına qoyduğu büllur güldanı götürüb ehtiyatla həmin deşiyin içinə soxdu, sonra eşib çıxartdığı torpaqla da basa-basa o bağlamanın üstündən deşiyin ağzını örtüb hamarladı, mişar daşlarını öz yerinə qoydu, çıxartdığı qırıntılarını torpaqla qarışıq mişar daşlarının arasına yeritdi, ayağa qalxıb bir-iki ovuc torpaqla qəbrin aşağısını tamam hamarladı, qəbirdən çıxıb kənarda yenə də aşağı çöməldi, əlini uzadıb qəbrin içində ayaqlarının izini də palçıqla hamarladı.
    O yağışlı qış gecəsi qara gün üçün saxlanmış o varidat Tülkü Gəldi Qəbiristanlığında beləcə basdırıldı; bu yeri Əbdül Qafarzadədən başqa dünyada heç bir kimsə bilməyəcəkdi və yəqin ki, indi bütün Bakıda heç kimin var-dövləti beləcə etibarlı bir yerdə saxlanmırdı...
    Hər şey qurtardı, bütün bu əməliyyat başa çatdı və yalnız bundan sonra, Əbdül Qafarzadə qəbrin kənarında oturub nəfəsini dərdi, əllərini yanında uzatdı, kürəyini qəbrin içindən çıxarılmış torpağa söykədi (sabah o torpağı Orduxanın cənazəsi üstünə tökəcəkdilər), paltosunun, pencəyinin, köynəyinin, maykasının, şalvarının, tumanının, corabının yaşını hiss etdi və birdən-birə bu adamın bütün içindən fəvvarə kimi bir hönkürtü qopdu, gözlərinin yaşı sir-sifətində hələ də qurumamış yağışa qarışdı, sinəsindən dağlanmış yağ kimi, bütün varlığının cızdağını çıxaran bir inilti qopdu: «– Bu nə gündü mən düşmüşəm, ay Allah?!.»
    Qonaq otağında qoyub gəldiyi o cənazə də indi Əbdül Qafarzadənin gözlərinin qabağında idi və bu adam o təzə qəbrin kənarında həm dünyadan getmiş və sabah bu qara torpağa tapşırılacaq oğlu üçün ağlayırdı, həm də öz gününə. Əbdül Qafarzadə yenə də özünü kənardan gördü, yəni onun beyni bu məqamda da tam dəqiqliyi ilə işləyirdi, həmin yağışlı qış gecəsi öz vəziyyətinin bütün dəhşətini dərk edirdi. Yeganə təskinlik o idi ki, bunu heç kim bilməyəcəkdi və o dəhşətin yeganə şahidi Əbdül Qafarzadə özü idi...
    Təzə qazılmış qəbrin kənarından gələn o hönkürtü yağışın şırıltısına qarışıb Tülkü Gəldi Qəbiristanlığının Sulu dərəyə yaxın hissəsinə yayılmışdı və elə bil ki, o gecə çağı o hönkürtü həmin yağışın və həmin gecənin özünün hönkürtüsü idi... Əbdül Qafarzadə evə gəlib çatanda səhər saat 5-ə az qalırdı. Həyət dayanmaq bilməyən yağışın altında eləcə bomboş idi, çadırdan gələn işıq da eləcə maşınların üstünə düşmüşdü və Əbdül Qafarzadə yenə də qaranlıq ağaclıqdan keçib üçüncü mərtəbəyə qalxdı; hər şey yenə də üç-dörd saat bundan əvvəlki kimi idi. Əbdül Qafarzadə mənzilin açıq qapısından içəri girəndə Mürşüd Gülcahani tualetdən çıxırdı, arakəsmədə rastlaşdılar və yazıçı qudasını beləcə suyun-palçığın içində görəndə, yaş sifətinin rənginə və ifadəsinə baxanda yerində donub qaldı: ömrünün az qala qırx ilini yazıçılığa həsr etmiş Mürşüd müəllim ömründə bu görkəmdə, bu sifətdə adam görməmişdi( özü də ki, bu adam Əbdül Qafarzadə idi!). Əbdül Qafarzadə yağışın altında əsgiyə dönmüş şlyapasını, suyu axan palçıqlı paltosunu çıxarıb Mürşüd Gülcahaninin üstünə atdı və ardınca arakəsmənin parket döşəməsində iri ayaqqabılarının palçıqlı izlərini sala-sala birbaşa yataq otağına keçdi.
    Mürşüd Gülcahani arakəsməyə göz gəzdirdi ki, suyu tökülən bu soyuq paltonu, şlyapanı hara qoysun, nəhayət, əlindəkiləri boş bir kürsünün üstünə atıb Əbdül Qafarzadənin ardınca yataq otağına tərəf getdi. Mürşüd müəllim bayaqdan elə bilirdi ki, Əbdül Qafarzadə gedib yataq otağında yatıb, hətta ürəyində qudasının qarasına deyinirdi də ki, özü gedib yatıb, biz isə məcburuq ki, səhərə kimi bu otaqda, cənazənin yanında oturaq... Amma, sən demə, evdə deyilmiş... Özünü öldürmək istəyirmiş, nədir?..
    Mürşüd Gülcahani yataq otağına girəndə Əbdül Qafarzadə arxası qapıya tərəf, otağın düz ortasında, palçıqlı ayaqqabıları ilə hələ inqilabdan əvvəl toxunmuş və təravətini olduğu kimi saxlamış gözəl Təbriz gəbəsinin üstündə dayanmışdı. Mürşüd Gülcahani bir-iki addım irəli atıb dayandı, ayaqqabıları ilə o gözəl Təbriz gəbəsinin üstünə çıxmağa cürət eləmədi və sidq-ürəkdən gələn həzin və asta bir səslə:
    – Belə olmaz, ay qardaş, özünü ələ al... – dedi.
    Əbdül Qafarzadə sərt hərəkətlə üzünü arxaya çöndərdi, qıpqırmızı qızarmış və qapaqları da qızarıb şişmiş gözlərindən nifrət və qəzəb yağa-yağa Mürşüd
    Gülcahaniyə baxdı, boğuq bir səslə bağırdı:
    – Itil burdan! Itil! Itil, dedim sənə! – Sonra yaş pencəyiylə, palçıqlı ayaqqabılarıyla, yaş balaqları tamam palçığa batmış şalvarıyla birlikdə özünü üzüqoylu çarpayının üstünə atdı.
    Mürşüd Gülcahani ürəyi uçuna-uçuna, dizləri əsə-əsə, yataq otağından çıxdı...
    ...Indi o qara gecədən altı il keçmişdi, amma həmin yağışın səsi indiyəcən
    Əbdül Qafarzadənin yadından çıxmamışdı, o yağışın kişinin ürəyində hopub qalmış xüsusi ahəngi də, iniltisi də bütün bu altı il ərzində onunla birgə olmuşdu – bəzən açıq-aşkar, bəzən də dibdə qalmış çöküntü kimi; o yaş kostyumun, o yaş alt paltarının soyuğu da hərdən yada düşəndə, Əbdül Qafarzadənin bədəninə bir üşütmə gətirirdi.
    Həmin aprel günü o ağ mərmərlə, o çəhrayı qranitlə üzbəüz dayanmış, əllərini arxasında birləşdirib çeşməyinin ardından baxan boz gözlərini

QAFARZADƏ ORDUXAN ƏBDÜLƏLI OĞLU
(1951 – 1976)


    sözlərinə dikmiş Əbdül Qafarzadənin ürəyində həyəcanla və bütün varlığını yandırıb-yaxan inamsızlıq hissi ilə dolu bir istək var idi: heç olmasa, özü özünü əmin etsin ki, hər dəfə yalnız (yalnız və yalnız!) oğluna görə bu qəbri ziyarət edir; amma belə məqamlarda, elə bil ki, bu adamın içinə bir şeytan girirdi və təngnəfəs ola-ola nəbz kimi elə hey vururdu.
    Yox, təkcə oğluna görə gəlmirsən bura!..
    təkcə oğluna görə gəlmirsən bura!..
    təkcə oğluna görə gəlmirsən bura!..
    təkcə oğluna görə gəlmirsən bura!..
    təkcə oğluna görə gəlmirsən bura!..
    . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
    . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
    . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
    və II Nikolayın da sapsarı donmuş sifəti təzədən o çəhrayı qranitin üzərinə həkk olunurdu və II Nikolayın o sapsarı donmuş sifəti birdən-birə adamın tükünü ürpərdən bir ifadə ilə gülümsəyirdi – elə bil ki, meyit üzünü, dodaqlarını tərpədibgülümsəyir...
    Əbdül Qafarzadə geri çöndü və yenə də əlləri eləcə arxasında asta addımlarla o təpəcikdən aşağı endi, Tülkü Gəldi Qəbiristanlığının ensiz torpaq cığırları ilə Qəbiristanlıq Idarəsinə tərəf yollandı. Kişi özü də hiss edirdi ki, hər dəfə oğlunun qəbrinə gəlib-gedəndə yüz il qocalır; düzdü, bir müddət keçir və hər şey yenə də öz qaydasına düşürdü, amma, hər halda, ürək də dəmirdən deyildi və bütün bu iztirabları beləcə ürəyinin içinə salanda dözmürdü... dözməzdi... Əbdül Qafarzadə üzüaşağı gələ-gələ o çəhrayı qranitin üzərindəki

ƏBDÜLƏLI


    sözlərini xatırladı və bu dəfə kişinin daxilini bəlkə də həmin dəqiqəyəcən heç vaxt duymadığı bir vahimə bürüdü, hətta gözlərinin qabağına haçansa hansı bir qəbir daşınınsa üzərində yazılacaq

QAFARZADƏ ƏBDULƏLI ORDUXAN OĞLU
(1929 – ?)


    sözləri gəldi, istər-istəməz, bir an ayaq saxladı, onu soyuq tər basdı, ona elə gəldi ki, ürəyi bulanır, başı gicəllənir.
    Yox, belə olmazdı, yaşdan idi, nə idi? Öz tarixinin hansı bir məqamında isə insan çox sadə və eyni zamanda, dünyanın ən müdrik bir həqiqətini dərk edib: adam bir dəfə yaşayır və bir dəfə, cəmi bircə dəfə verilmiş bu ömrü beləcə iztirablarla, beləcə içini yeyə-yeyə, özünə işgəncə verə-verə yaşamaq düzgün deyildi; bircə dəfə verilmiş o ömrün, düzdü, əvvəli və sonu var idi, amma, əslində, o ömür özüözlüyündə bir əbədiyyət idi və həmin əbədiyyəti yaşamağı bacarmaq lazımdır. O hisslər, həyəcanlar yavaş-yavaş sakitləşməyə başladı, Əbdül Qafarzadənin beyni yenə də, elə bil ki, dumanın, çənin içindən çıxıb aydınlaşdı, dəqiq işləməyə başladı, baş qaldırmış o vahimənin üstünə közmüş kimi, su səpib söndürdü və nəhayət ki, kişinin içində bir sakitlik yaranmağa başladı. Əbdül Qafarzadə Qəbiristanlıq Idarəsinin həyətinə girib öz kabinetinə tərəf getdi.

15
HƏR ŞEY KEÇIB GEDIR...


    Tələbə Murad İldırımlı gecəni Bayıldakı şəxsi maşın dayanacağında keçirdi. Əvvəlki qarovulçular meyvə-tərəvəz daşımaq üçün işlədilən taxta yeşikləri söküb daldalanmaq üçün burada köşkə bənzər bir şey düzəltmişdilər və qış arxada qaldığı üçün tələbə gecələr burada daha dəhşətli soyuq içində olmurdu, əvvəlki qarovulçulardan yadigar qalmış köhnə «kerosinka»nın istisi o köşkə bənzər yerə kifayət edirdi, hər halda, tələbə taxta kətildə oturub əyin-başının üstündən yenə də əvvəlki qarovulçulardan yadigar qalmış, adda-budda didilib sökülüb cındıra dönmüş yun şala bürünərək ayaqlarının yanında yanan o «kerosinka»nın istisini hiss edirdi. Tələbə tamam sakit idi və o köşkəbənzər yerin boş gözlüyündən o aprel gecəsinin zülmətinə tamaşa edirdi: yer ilə göyün zülməti bir-birinə qarışmışdı və lap dərinliklərdə o qaranlıq içində güclə sezilən bir-iki ulduz görünürdü. Tələbə o uzaq ulduzlara baxırdı və düşünürdü.
    Quranın elə birinci «Fatihə surəsi» insanın belə bir müraciəti, belə bir inamı və istəyi ilə başlayırdı:
    «Rəhm edən, bağışlayan Allahın adı ilə (başlayıram).
     (Allah) rəhm edən, bağışlayandır.
    Cəza gününün sahibidir.
    Ancaq Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik.
    Bizi doğru yola yönəlt!»
    Bunu insan özü istəyir, bu istək insanın bütün içindən axıb gəlir, bunu insan şüuru da dərk edir: «Bizi doğru yola yönəlt!» Bəs, nə üçün Allah həmişə hamını doğru yola yönəltmir və nə üçün əyri yol da mövcuddur ki, insan özü özünü o yoldan sapındırmağı xahiş edir, məgər hər şey Allahın əlində deyilmi? Quranın ki «Bəqərə surəsi»ndə insana müraciətlə deyilir:
    «Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti (hökmranlığı) ancaq Allaha məxsusdur və sizin Ondan başqa bir haminiz və yardımçınız yoxdur?» Bir halda ki, göylərin və yerlərin səltənəti Allaha məxsusdur və Allah da Quranın dəfələrlə yazdığı kimi, adildir, bəs, nə üçün bu səltənətdə doğru yolla bərabər, əyri yol da mövcuddur və Allah nə üçün belə bir mövcudluğu qəbul edir, bununla barışır? Yenə də «Bəqərə surəsi»ndə deyilirdi:
    «Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə və ya şeyə) «OL!» deyər (fövran), o da olar».
    Bəs, nə üçün, nə üçün o həmin əyri yolları doğru yollara çevirmək üçün bir dəfə «OL!» demir? Axı, belə olsa, o zaman heç cəhənnəmə də ehtiyac olmaz, Cəza günündə, yəni Qiyamət günündə, pis əmələ qarşı pis əvəz, yaxşı əmələ qarşı yaxşı əvəz verilməz, çünki, ümumiyyətlə, pis əməl olmaz və hamı cənnətlik olar. Quranın «Nisa surəsi»ndə deyilirdi:
    «Yaxşı əmələ yardım göstərən şəxsə ondan (o işin savabından) bir hissə, pis əmələ yardım göstərənə isə ondan (o işin günahından) bir pay veriləcəkdir. Əlbəttə, Allah hər şeyə qadirdir!»
    Bir halda ki, belədir, bir halda ki, belə bir qadirlik var, bəs, nə üçün O kiminsə pis əmələ yardım göstərməyinə və ümumiyyətlə, pis əməlin mövcudluğuna imkan verir? Yalnız ona görə ki, Qiyamət günündə həmin günahların əvəzi veriləcək, günah işlədən insanlar cəzalanacaq? Bəlkə tələbə bütün bunları öz insan ağlı ilə fikirləşir və mahiyyətdən xəbəri yoxdur? Yəqin elə belədir...
    Yəqin, yəqin elə belədir...
    Günaşırı Bayıldakı o şəxsi dayanacaqda qarovul çəkdiyi gecələr tələbə Murad İldırımlı üçün ayıqlıqla yuxu arasında keçirdi, nə yata bilirdi, nə də ayıq qalırdı, mürgü içində zehni işləyirdi, tələbəni yorurdu və elə ki, səhər açılırdı, tələbə birbaşa universitetə gedirdi, dərsdən sonra evə qayıdırdı, o yazıq Xədicə arvad kirayənişininə baxıb: «– Anan ölsün sənün, bu nə gündü düşmüsən belə?! – deyirdi.
    – Nöş əziyyət çəkirsən sən belə, ay fağır? Nöş canuva cəfa eləyirsən belə?!» Əlbəttə, tələbə cavab verə bilmirdi ki, bu əziyyətin səbəbi ayda gətirib sənə 70 manat verməkdən ibarətdir... Yuxusuzluqdan tələbənin gözləri yumulurdu, amma elə ki, öz otağında dəmir çarpayıda uzanıb o göyümtül adyalı üstünə çəkirdi, heç cürə yuxuya gedə bilmirdi; ya qatmaqarışıq bir xəyal aləminə qapılırdı, ya heç vaxt həyatda görmədiyi, amma təsəvvür etdiyi erotik görümlər universitetdə bir yerdə oxuduqları qızların simasında gözlərinin qabağına gəlirdi və bütün görümlərin, xəyalların, kinküdurətin əzabından canını qurtarmaq üçün durub M. F. Axundov adına Respublika Dövlət Kitabxanasına gedirdi, sessiya imtahanlarına hazırlaşırdı, köhnə qəzetjurnalları vərəqləyirdi, bədii əsərlər oxuyurdu, ingilis dilini öyrənməyə çalışırdı və hekayələr yazırdı. O hekayələr isə heç harada çap olunmurdu (indiyə qədər bir yazısı da dərc edilməmişdi!), illərlə qəzetlərin, jurnalların Muxtar Xudavəndə kimi ədəbiyyat şöbəsi müdirlərinin mizlərinin gözündə yatıb qalırdı... Muxtar Xudavəndə havayı yerə hekayə çap etmirdi, ya gərək tapşırılaydın, ya gərək pul tapıb bir-iki dəfə restorana aparaydın, ya da ki, gərək kənddən ətdən, toyuqdan, motaldan, baldan bir pay gətirib Muxtar Xudavəndənin evinin qapısını döyəydin... Düzdü, indi kənddəkilər özləri yeməyə bir şey tapmırdılar, gəlib Bakıdan ucuz hökumət pendiri, hətta marqarin yağı alıb kəndə aparırdılar, amma bunun mətləbə dəxli yox idi...
    Dünən Xosrov müəllimlə birlikdə Tulkü Gəldi Qəbiristanlığından qayıdanda və məlum olanda ki, o yazıq Xədicə arvadı torpağa tapşırmaq üçün yer ala bilməyiblər, məhəllə camaatı narazılıqla gah Xosrov müəllimə, gah də tələbəyə baxa-baxa bir-biri ilə pıçıldaşdı, çörəkçi Ağabalanın əsgərlikdən təzə qayıtmış oğlu dodaqaltı söyüş söyə-söyə yerində qurcalandı və həmin anlarda tələbə Murad İldırımlı başa düşdü ki, iyirmi yeddi illik ömrünün ən məsul dəqiqələrini yaşayır, çünki birdən-birə heç vaxt bu dərəcədə hiss etmədiyi bir qətiyyət bu cavan adamın bütün varlığına hakim kəsildi: tələbə Murad İldırımlı Tülkü Gəldi Qəbiristanlığının müdirini öldürməli idi və öldürəcəkdi!
    Həmin dəqiqələrdə bir-biri ilə pıçıldaşan, bir-biri ilə məsləhətləşən məhəllə kişilərinə, dünyadakı pis-pis adamların qarasına qarğış eləyən məhəllə arvadlarına baxa-baxa tələbə başa düşdü ki, əslində, dörd il bundan əvvəl uzaq dağların qoynundakı o kimsəsiz, o miskin kənddən də elə bu qətldən ötrü Bakıya gəlib, elə bu qətl naminə dörd il Bakıda tələbəlik edib, bəlkə də elə bu qətl naminə təkcə Bakıya yox, ümumiyyətlə, dünyaya gəlib və o yazıq Xədicə arvad elə bu qətl naminə vəfat edib; hətta tələbəyə elə gəldi ki, Xədicə arvad vəfat etməyib, bu qətl yolunda həlak olub...
    Məhəllə camaatı məsləhətləşib bu qərara gəldi ki, yox, o qoca arvadı, o mömin arvadı aparıb Bakı Şəhər Sovetinin çöllü-biyabanda açdığı Təzə Qəbiristanlıqda basdırmaq günah bir işdir və məhəlləyə yaraşmaz, Xədicə arvadı dədə-baba qəbiristanlığında dəfn eləmək lazım idi; sonra Molla Əsədulla belə bir məsləhət verdi ki, məhəllədə pul yığmaq lazımdır və o pulu aparıb Tülkü Gəldi Qəbiristanlığının sahiblərinə vermək lazımdır ki, mərhuməyə torpaq ayırsınlar və bu gün daha keçdi, arvadı sabah Tülkü Gəldi Qəbiristanlığında dəfn etsinlər. Çörəkçi Ağabalanın əsgərlikdən təzə qayıtmış oğlu tələsik quru buz dalınca getdi ki, Xədicə arvadın cənazəsinin üstünə düzsünlər, meyit sabaha kimi ağırlaşmasın. – Gərək elə əvvəldən belənçinə ələyəydik!.. Day bunnarı da əliboş ora göndərmiyəydik!.. – Bu sözləri də Molla Əsədulla dedi, bütün təqsirlər Xosrov müəllimlə bu yöndəmsiz tələbə kirayənişindəymiş kimi, kinlə onlara baxıb təsbehinin dənələrini daha artıq bir sürətlə çevirə-çevirə bu dəfə də gözlərini Balaniyaza zillədi, elə günorta oturduğu yerdə oturmuş Balaniyaz, elə bil ki, bütün bu hadisələrdən qat-qat uca, ali bir məqamda idi və iti gözlərini artıq qaranlıq düşmüş həyətin günc-bucağında gəzdirirdi; Molla Əsədulla özünü saxlaya bilmədi, sol əlini havada yellədi, yəni ki, ay-hay...
    Molla Əsədullanın o sözlərinin də, gözlərindəki o ədavətin də, həyətə toplaşmış məhəllə camaatının pıçhapıçı da, hətta lal sükut içində dayanmış Xosrov müəllimin gözlərində hələ də keçib getmək bilməyən o ağrının da daha tələbə Murad İldırımlı üçün heç bir təsiri və mənası yox idi; hər şey tam dəqiqliyi ilə qət edilmişdi: Tülkü Gəldi Qəbiristanlığının müdiri qətlə yetirilməliydi və tələbə bütün varlığıyla hiss edirdi ki, belə də olacaq, o çeşməkli və dəhşətli adamı öldürəcək; hərgah belə eləməsə, öldürməsə, özü, yəni tələbə Murad İldırımlı bu həyatda yaşaya bilməyəcək.
    Məsələ yalnız o müdirdə deyildi, yəni yalnız onun şəxsiyyətində deyildi – tələbə bu adamı bütün ömründə birinci dəfə görürdü – məsələ onda idi ki... nədə idi? – tələbə bunu özü üçün dəqiqləşdirə bilmirdi, amma o adam ölməli idi və bu qətli məhz tələbə Murad İldırımlı yerinə yetirməli idi. Istintaqda, əlbəttə, cavab verə bilməyəcəkdi, bu adamı nə üçün öldürdüyünün səbəbini izah edə bilməyəcəkdi, çünki Tülkü Gəldi Qəbiristanlığındakı o təhqirə görə, hesabla daha artıq dərəcədə milis mayoru Məmmədovu öldürməli idi, amma müdiri öldürəcəkdi və o anlarda tələbəyə elə gəlirdi ki, müdir həmin adamdır, daha doğrusu, cəmiyyətdəki həmin qüvvədir ki, insanları «Əzizimin cəfası» romanını oxutmağa məcbur edir, çünki o yazılmamış romanın müəllifi elə Tülkü Gəldi Qəbiristanlığının həmin müdirinin özüdür...
    Tələbə Murad İldırımlı sözləri heç zaman bu cür tələffüz etmədiyi bir səlistliklə deyə-deyə, heç zaman bu dərəcədə (və ümumiyyətlə!) hiss etmədiyi bir sakitlik və qətilik içində məhəllə kişilərini inandırmağa çalışdı ki, pul yığmaq lazım deyil, sabah Tülkü Gəldi Qəbiristanlığında mütləq yer verəcəklər, səhər tezdən yenə ora gedəcək və mütləq yer alacaq.
    Həmişə sıxılan, həyəcanlanan bu yöndəmsiz kirayənişinin birdən-birə belə bir sakitliklə, arxayınlıqla, inamla danışması, hətta, deyəsən, Balaniyaza da təsir etdi və Balaniyaz gözlərini həyətin künc-bucağından çəkib heyran-heyran tələbəyə baxdı və özünü saxlaya bilməyib:
    – Molodçik! – dedi.
    Molla Əsədulla bu dəfə açıq-aşkar bir nifrətlə Balaniyaza baxdı, sonra tələbəni başdan ayağacan süzdü, gözlərinin ifadəsi ilə, dodaqlarının acı bir rişxəndlə dolu təbəssümü ilə, elə bil ki, tələbənin miskinliyini bir daha məhəllə camaatına göstərdi və dedi:
    – Nəlbəki boyda boyun var sənün!.. Sən gedib oradan necə yer alacaqsan, hə?!. Belə yer alanuydun, alaydun də! Avara ələmə camaatı!..
    Bu qədər adamın içində onu bu dərəcədə kiçildən, alçaldan həmin sözlər o dəm tələbə Murad İldırımlıya qətiyyən təsir etmədi və eyni sakitliklə, qətiyyətlə bir də təkrar etdi ki, sabah səhər Tülkü Gəldi Qəbiristanlığında Xədicə arvad üçün mütləq yer götürəcək. Rayondan gəlmiş bu cavan adamın, bu yöndəmsiz kirayənişinin beləcə bir qətiyyəti Molla Əsədullanı da, görünür, şübhəyə saldı və kişi pul yığmaq məsələsini daha təkid etmədi; molla bilirdi ki, ilk baxışda bu cürə nəzərə çarpmayan adamlardan nə desən gözləmək mümkündü; vaxtıyla məhəllədə kirayənişin olmuş bir beləsi indi Mərkəzi Komitədə işləyirdi və dəniz kənarında beşotaqlı mənzili var idi... Bir də ki, əgər pul yığsaydı, əvvəlinci elə gərək Molla Əsədullanın özü pul verəydi...
    O yazıq Xədicə arvadın evinin həyətə baxan pəncərəsindən – tələbənin kirayənişin qaldığı otağın pəncərəsindən gözlərini həyətə dikmiş və kişilərin görəcəkləri tədbirdən, gələcəkləri qərardan xəbərdar olmağa çalışan məhəllə arvadları da ərlərinin artıq xərcə düşməyəcəkləri üçün açıq-aşkar bir fərəhlə tələbə Murad İldırımlıya baxa-baxa səhər Molla Əsədullanın dediyi sözləri təkrar eləməyə başladılar:
    – O rəhmətlik arvad sənün xətrüvü o qədərnə çox istəyirdi ki!..
    – Səni oğlunnan çox istəyirdi, vallah!..
    – Allah sənün canuvu sağ eləsin!..
    – Allah sənün kimi oxumuşları bizim başımızın üstünnən əskik eləməsin!..
    Süz ağıllı olursuz!..
    Balaniyaz da başını tərpədə-tərpədə məhəllə arvadlarının dediklərini təkrar edirdi:
    – Əl-əlbət belədür!.. Əl-əlbət!..
    Xosrov müəllim isə eləcə lal sükut içində tələbəyə baxırdı.
    Tələbə məhəllədən çıxıb Bayıldakı şəxsi maşın dayanacağına gələndə yolda avtobusdan düşüb Bayıl tərəfə gedən marşrutla ikinci dəfə avtobusa minməzdən əvvəl təsərrüfat malları dükanına girdi və iki günlük yemək-içməyinin pulunu verib bir manat doxsan qəpiyə uzun və iti bir çörək bıçağı aldı. Indi o köşkə bənzər yerdə şala bürünüb taxta kətilin üstündə oturmuş tələbəyə elə gəlirdi ki, pencəyinin döş cibində gizlətdiyi o uzun çörək bıçağının soyuğu hərdən bu «kerosinka»nın istisini kəsir və o zaman tələbə bıçağın o buz soyuğunu bütün bədəni ilə hiss edirdi, amma bu hiss tez də keçib gedirdi, Bayıl tərəfin həmin gecə qaranlığı və sakitliyi içində əriyib yox olurdu.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.01.2014) | Müəllif: R.C E W
Baxış: 812 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more