Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölüm hökmü-13
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>

    – Deməli, o zaman daha Əbdül Qafarzadələr olmayacaq, igid?
    – Xeyr, ustad, xeyr... millət oyanacaq... O zaman yalnız millətini sevən insanlar yaşayacaq... O gün gələcək, ustad, gələcək... Mütləq gələcək... – və bu sözləri deyə-deyə gənc nasir Səlim Bədbin kövrəldi (millətdən söhbət düşəndə həmişə beləcə kövrəlirdi). – Yazıq millət... Bədbəxt millət...
    ... Maşının işığı yaxınlaşdıqca Gicbəsər nəsə daha artıq həyəcanlanmağa başladı və bu işıq itin üstünə düşəndə, Gicbəsər, nəhayət ki, elə bil, nəyisə qabaqcadan hiss edib, nədənsə ürküb sürətini artırdı, qaçmağa başladı. Maşında oturanlar birdən-birə qabaqlarında peyda olmuş bu heyvanı tanımadılar:
    – Canavar...
    – Yox, çaqqaldı, çaqqal...
    – Ət aparır...
    – Itdi...
    – Hə, hə, itdi...
    Ərəstun Bozdağlı nəhəng qolunu irəli uzadıb:
    – Bu it də Mürşüd Gülcahani kimi hərisdi... – dedi.
    Səlim Bədbin bayaqkı hiddətdən sonra əmələ gəlmiş bir ikrah hissi ilə:
    – Camaat yeməyə ət tapmır, bunun ağzındakı ətə bax... – dedi.
    – Zəhmətkeş ətidir o...
    – Camaat əti talonla yeyir...
    – Fəhlə ətidir, kolxozçu ətidir o...
    Səlim Bədbin maşının sürətini artırıb asfaltın üstü ilə iti qovmağa başladı və it yolun sağına-soluna tərəf atıla-atıla qaçıb qurtarmaq üçün, dəmir tor çəpərlərin, daş hasarların arasından bir imdad yeri, bir sığınacaq axtarırdı, amma bütün bu cəhdlərin hamısı boş idi – dəmir torlar, daş hasarlar qurtarmaq bilmirdi.
    – Qov onu...
    – Qov...
    – Qov...
    Maşın asfaltın üstündə vurnuxduqca Ərəstun Bozdağlı başı şüşəyə dəyməsin deyə, əzəmətli əllərini qabağa dirəyib:
    – Sən Bədbin yox, Boransan, qoçaq, – dedi. – Səlim Boran. Arxada oturanlar isə, elə bil ki, o gözəl məclisin xumarından ayılıb, fürsət düşdüyü üçün ədəbiyyat, mənəviyyat və millət məsələlərindən canlarını qurtarıb açıq-aşkar bir ovçu ehtirası ilə gözlərini irəlidə qaçan, həyatını və ağzındakı əti xilas etmək üçün, özünü yolun sağına, soluna atan itdən çəkmirdi və qışqırırdı:
    – Qov onu...
    – Qov...
    – Qov...
    Gənc nasir Səlim Bədbin iki əli ilə də sükanı sıxıb, elə bil ki, bu qovhaqovla nəşriyyat müdiri Islamzadədən, əqidəsiz Mürşüd Gülcahani və məşhur müftəxor Muxtar Xudavəndə kimilərindən, adını gənc yazıçı qoyub paxıllıq edənlərdən, dediqodu ilə məşğul olanlardan intiqam alırdı, sükanı sürətlə sağa-sola fırladıb, maşının qazını artırıb iti təqib edirdi.
    Gicbəsər onu qovan o maşının qorxusunu, dəhşətini bütün varlığı ilə hiss edirdi, amma yaralı ayağına, zədəli boğazına, taqətsizliyinə baxmayaraq, iti eləcə sürətlə, eləcə dəli kimi qaçmağa məcbur edən yalnız o maşının qorxusu, dəhşəti deyildi, bəlkə də daha artıq dərəcədə ağzındakı o əti yerə sala biləcəyinin qorxusu idi. Gicbəsərin əngi elə sıxılmışdı ki və it ağzının o kipliyinə o qədər güc sərf etmişdi ki, elə bil, o balaca quzu budu da indi bu itin özünün bədəninin bir hissəsi idi.
    – Qov...
    – Qov...
    – Qov...
    Gicbəsəri, elə bil, sonu görünməyən, bitib qurtarmaq bilməyən uzun bir dəmir və daş qəfəsə salmışdılar – bu qəfəs uzanırdı, uzanırdı, it daha nəfəs ala bilmirdi, ürəyi az qalırdı o quzu budu ilə birlikdə ağzından çıxıb asfaltın üstünə düşsün. Gicbəsər qaça-qaça özünü təzədən yolun sağ tərəfinə atanda gənc nasir Səlim Bədbin (Boran) iti keçdi və bu dəfə it iki maşının arasında qaldı; arxadan gələn ikinci «Jiquli» də işığı Gicbəsərin üstünə salmışdı və o maşında oturmuş cavan qələm əhli də ehtirasla qışqırırdı:
    – Qov onu...
    – Qov...
    – Ay əclaf, biz əti talonla yeyirik, sən müftə?
    – Qov...
    – Qov...
    Gicbəsər iki maşının arasında qaçırdı və bu maşınlardan arxada gələni onu qovur, irəlidə gedən isə iti qabağa buraxmırdı və o şənbə gecəsi, Abşerondakı o asfalt yolda Gicbəsər yəqin ki, bütün ömründə duymadığı bir dəhşət içində idi, hətta o Qara itin onu boğazlamağı da indi bu dəhşətin yanında bir heç idi; daha hər şey, dişlərinin arasında sıxdığı o kiçik quzu budu da Gicbəsərin yadından çıxmışdı və Gicbəsər bu qovhaqovda, motorların və əyləclərin tükürpədən səsindən maşınlardan gələn dəli qışqır-bağırdan canını qurtarmaq istəyirdi.
    – Qov onu...
    – Qov onu...
    – Qov... Qov... Qov...
    Bu dəfə yolun sağ tərəfindəki dəmir torun aşağısında Gicbəsər bir yırtıq tapdı və bütün gücü ilə özünü o yırtığa təpdi, Gicbəsər heç özü də hiss etmədi ki, ağzındakı kiçik quzu budu dəmir tora ilişib necə yerə düşdü, torun yırtılmış yerinin iti uclu məftilləri itin bədənini necə kəsdi, cızdı, qanatdı; it yırtıqdan keçib əncir ağaclarının arası ilə qaçdı və üzümlüyə girdi. Bura bağ həyəti idi və Gicbəsər ləhləyə-ləhləyə, canı, az qala, ağzından çıxa-çıxa o həyətdə başqa bir it hiss etdi, o başqa itin hənirtisi gələn kimi, böyük darvazanın kənarındakı dəmir torda yenə bir yırtıq tapdı (xoşbəxtlikdən bu bağın yiyəsi həyət-bacaya yaxşı fikir vermirdi...) və zəhmli hənirtisi yaxınlaşan o başqa it onu qamarlamamış özünü həmin yırtığa dürtüb eşiyə çıxdı, dəmir məftillər yenə də üz-gözünü, bədənini kəsdi, cızdı, qanatdı, tüklərini yoldu...
    Asfalt yoldakı o iki maşının dibinəcən sıxılan əyləclərinin səsi bütün o ətrafdakı əncir, xartut, gilənar, ərik,alça, nar, iydə, badam ağaclarının, meynəliyin həmin gecə dincliyini pozdu, elə bil ki, o aprel gecəsi Abşeronun göyündəki ayıulduzları da dağıtdı.
    Irəlidə isə dəniz uğuldayırdı və Gicbəsər dili ağzından çıxa-çıxa, ləhləyələhləyə, təkcə qılçı və boğazı yox, bütün bədəni ağrıya-ağrıya, gizildəyə-gizildəyə dənizə tərəf getdi, böyrü üstə dəniz kənarındakı nəm qumun üstünə düşüb qaldı. Artıq uzaqdakı o maşınların motoru yenidən işə düşdü və Gicbəsər get-gedə itib yox olan o motor səsini sona qədər eşitdi. Maşınların uzaqlaşıb itən o səsində indi bir təmkin, bir aram var idi, elə bil ki, hər şey Gicbəsərin dəniz kənarında beləcə düşüb qalmasına bağlı imiş...
    Gicbəsər başa düşdü ki, o qorxulu, o dəhşətli qüvvələr ondan uzaqlaşdı, amma bu – Gicbəsərin əzablarını qətiyyən azaltmadı, Gicbəsərə heç bir rahatlıq gətirmədi. Yüngülcə meh əsirdi, dəniz dalğalı deyildi, amma yuxarı qalxmayan, aşağı düşməyən eyni bir uğultuyla uğuldayırdı və bu uğultu elə bil ki, göydəki o ayla, ulduzlarla heç uyuşmurdu.
    O aprel gecəsi diş həkimi Nəcəf Ağayeviçin fin soyuducusundan çıxmış o balaca quzu budu da toza-torpağa batıb elə-eləcə o tor dəmir çəpərin yanında qalmışdı və əlbəttə, Gicbəsər indi qalxıb geri qayıtsaydı, bəlkə də həmin əti tapardı; bir azdan gec olacaqdı, başqa qurd-quş, başqa itlər (elə həmin həyətdəki it) gəlib o quzu budunu tapacaqdı; amma Gicbəsər, ayağa qalxmadı, o ətin ardınca getmədi və Gicbəsər elə bil ki, ümumiyyətlə, bütün dünyanı yadından çıxarmışdı, yalnız dənizin səsini eşidirdi və bu uğultu özündən, yəni dənizdən savayı başqa heç nədən xəbər vermirdi...
14 ƏBDÜL QAFARZADƏ


    Əbdül Qafarzadə o aprel günü cavan katibə qızın dükandan alıb gətirdiyi pendir-çörəyi yeyəndən və Bədurə xanımın həmişəki kimi, əla dəmlədiyi hil qarışıq hind çayından iki armudu stəkan içəndən sonra, kabinetindəki pəncərənin qabağında dayanıb buradan aşağı-yuxarı – bütöv mənzərəsi görünən Tülkü Gəldi Qəbiristanlığına baxırdı; elə bil ki, qəbiristanlıq tamam başqa bir dünyadan – təpədən dırnağacan kədərli, qəmli dünyadan, tamam fərəhsiz, tamam əlacsız bir dünyadan xəbər verən, həyatın mənasızlığından, ömrün vəfasızlığından deyən bir şəhərcik idi və pəncərədən görünən bu saysız-hesabsız qəbirlərin başdaşları da həmin kədərli, həmin fərəhsiz və əlacsız şəhərciyin əbədi bir sükuta, hərəkətsizliyə qapanmış sakinləri idi.
    Əlbəttə, həkim Bronşteyn ilə professor Mürsəlbəyli tamam başqa-başqa adamlar idi, amma indi, nədənsə, Əbdül Qafarzadəyə elə gəldi ki, həkim Bronşteynin rənglənmiş saçı və bığı ilə professor Mürsəlbəylinin ağappaq nişastalı xalatı və tüklü sinəsi arasında nəsə bir yaxınlıq var və ən qəribəsi isə bu oldu ki, həmin dəm Əbdül Qafarzadəyə elə gəldi ki, elə bil, o rənglənmiş saç və bığla, o nişastalı ağappaq xalat və tüklü sinə ilə bu Tülkü Gəldi Qəbiristanlığı arasında da nəsə bir yaxınlıq, hətta doğmalıq var; bu çox xoşagəlməz bir hiss idi və Əbdül Qafarzadə çalışdı ki, bu hissi özündən uzaqlaşdırsın.
    Düzdür, Əbdül Qafarzadə bu gün sübh tezdən gözünü açanda qışdan sonra birinci dəfə günəşin istisini hiss etdi, günəşin o hiss olunan şüalarında bir nikbinlik, bir ruh yüksəkliyi var idi, sonra, bax, kabinetdəki bu pəncərə yadına düşdü, bu qəbir daşları gözünün qabağına gəldi və səhər sübhdən günəşin gətirdiyi o təmizlik, o hərarət, elə bil ki, bir çirkab içində yox olub getdi; belə idi, qəbiristanlıq dünyanın ən bədbin bir yeri idi, amma bununla bərabər, qəbiristanlığa çirkab bir şey kimi baxmaq da, əslində, günah idi və dünyanın faniliyinin, həyatın mənasızlığının bir ümidsizlik gətirdiyi belə anlarda Əbdül Qafarzadə çalışırdı təskinliyi onda tapsın ki, dünyaya gəlmiş və bir gün də dünyadan köçəcək nə birinci, nə də sonuncu insandır və bir halda ki, belədir, bir halda ki, dünyanın böyük-böyük alimləri (Ibn Sina!), şairləri (Füzuli!), sərkərdələri (Napoleon!), dövlət adamları (Lenin!) həyatın bu mənasızlığı müqabilində ruhdan düşməyiblər, öz böyük işlərini görüblər, deməli, həmin mənasızlıq barədə heç fikirləşmək də düzgün deyil; o şey ki, səndən asılı deyil, nə üçün fikirləşib özünə dərd edirsən?
    Əbdül Qafarzadə dəsmalını çıxarıb çeşməyinin şüşələrini sildi, sonra qalın və tüklü barmaqları ilə boz gözlərinin ətarafını ovxaladı, çeşməyi təzədən gözünə taxdı, həmişəki kimi, əllərini arxasında birləşdirib sinəsini qabağa verdi və fikirli-fikirli kabinetdən çıxdı, onu görən kimi dik ayağa qalxan cavan katibə qızın yanından ötdü və Qəbiristanlıq Idarəsinin həyət qapısı ağzında dayanıb irəlidəki bütün yamac boyu torpağa döşənmiş qəbirləri gözdən keçirdi.
    İllərdən bəri dillərinin üstündəki hərflər pozulub oxunmaz olmuş makinasında bu dəfə Bakının meyvə-tərəvəz köşklərinə meyvələrin maşınlarla daşınmasının iqtisadi məsələlərinə həsr olunmuş bir namizədlik dissertasiyası çap eləyən Bədurə xanım (bu makinada Bədurə xanımdan başqa heç kim heç nə çap edə bilmirdi) gözləmə otağından keçib həyətə adlayan Əbdül Qafarzadəyə baxdı, iri çeşməyinin arxasında fikrə dalmış boz gözlərini görəndə başa düşdü ki, kişi yenə qəbiristanlığı gəzməyə gedir; adamda bəzən bir həvəs əmələ gəlir ki, bulvarda gəzməyə çıxsın, yaxud dağda, meşədə, çəmənlikdə gəzsin və Bədurə xanım da Qəbiristanlıq Idarəsində işlədiyi bu uzun illər ərzində bilirdi ki, Əbdül Qafarzadənin də içindən hərdən belə bir həvəs baş qaldırır ki, qəbiristanlığı gəzsin, özü də bu, kədərli, qüssəli bir həvəsdir. Axır vaxtlar kişidəki bu həvəs, elə bil ki, artmışdı, böyümüşdü, bir ehtiyaca çevrilmişdi, az qala, nəfəs alınası havaya, yeyiləsi çörəyə dönmüşdü və elə bil ki, o kədər, o qüssə də artmışdı. Belə məqamlarda Bədurə xanımın Əbdül Qafarzadəyə yazığı gəlirdi, hətta, avtomat kimi, makinanın yazısız dilləri üzərində gəzən barmaqlarını saxlayıb bir anlıq qəhərlənirdi də (sonra barmaqlar yenə avtomat kimi, işə başlayırdı.
    Bədurə xanımın dünyasında Əbdül Qafarzadə, əlbəttə, dəhşətli bir adam idi,bu adam Bədurə xanımın bütün həyatını məhv etmişdi (hər halda, Bədurə xanımın özünə belə gəlirdi və illər keçdikcə bu tək qadın daha artıq bir əlacsızlıqla, daha artıq bir ədavətlə, kin-kidurətlə Əbdül Qafarzadəni öz tənhalığının, kimsəsizliyinin, köməksizliyinin, hətta qocalmağının yeganə təqsirkarı hesab edirdi), amma bununla belə, ürəyinin lap dərinlərində hərdən bu adamla bağlı nəsə doğma bir hiss də baş qaldırırdı, bu hiss çox ötəri olurdu, çox yüngül idi, amma baş qaldırırdı və həmin ötərilik, həmin yüngüllük o hissə bir zəriflik, bir xəfiflik gətirirdi. Əbdül Qafarzadə olanda nə olar, o da ata idi və o atanın balası bu qəbiristanlıqda yatırdı...
    Qarovulçu Əflatun Tülkü Gəldi Qəbiristanlığına elə öyrənmişdi ki, gündüzlərini də gəlib burada keçirirdi və bu kiçik boylu, bir dəri, bir sümük olan arıq, amma çox diribaş, necə deyərlər, qayışbaldır adamın sutka ərzində nə vaxt yatmağı məlum deyildi; həmin aprel günü də qarovulçu Əflatun burnunu çəkə-çəkə Tülkü Gəldi Qəbiristanlığının həyətində ora-bura girib çıxırdı və qapının ağzında dayanmış Əbdül Qafarzadəni görən kimi, kişinin üstünə yüyürdü, dili ağzında böyük olduğu üçün kələ-kötür danışa-danışa:
    – Salaməleyküm, Əbdül!– dedi. – Bu adı nədi, şey, mənə görə qulluğun? Bir şey-zad lazımdı?
    Qarovulçu Əflatun bütün Qəbiristanlıq Idarəsində yeganə adam idi ki, Əbdül Qafarzadəni adı ilə çağırırdı (və bununla təkcə Tülkü Gəldi Qəbiristanlığında yox, evdə arvadının, oğlu Kolxozun və üçü ərə getmiş, ikisi hələ də ər gözləyən qızlarının, nəvələrinin yanında da göz-görəti fəxr edirdi), qalan camaat isə – dülgərdən, bənnadan, fotoqraf Əbülfəzdən tutmuş makinaçı Bədurə xanıma kimi, hamı kişiyə «Əbdül Orduxanoviç» – deyə müraciət edirdi; təkcə alkoqolik qəbirqazanlardan başqa; alkoqolik qəbirqazanlar Əbdül Qafarzadənin heç adını da bilmirdilər, bilsələr də, yadlarında saxlamırdılar, amma bu adamdan, yəni Əbdül Qafarzadədən dəhşətli dərəcədə, heyvani bir vahimə ilə qorxurdular, çünki hərdənbir nədən ötrüsə alkoqoliklərə acığı tutanda, qəzəblənəndə Əbdül Qafarzadə çilingər Ağakərimi çağırırdı, alkoqolikləri yerə yıxdırıb yaxşıca döydürürdü. Alkoqolik qəbirqazanlar çilingər Ağakərimin zindan kimi ağır təpiyinə, yumruğuna dözərdilər, amma Əbdül Qafarzadə onları eşşək kimi döydürəndən sonra, qarovulçu Əflatunun köşkünə saldırırdı, qapını qıfılla bağladırdı, tapşırırdı ki, bir sutka ərzində onlara bircə qram da araq verməsinlər (heç su da verməsinlər) və alkoqolik qəbirqazanlar, bax, buna dözə bilmirdilər, bu müsibət bir işgəncə idi, dəhşətli bir cəza idi və onlardakı o heyvani qorxu hissini də həmin cəza yaratmışdı. Alkoqoliklər beləcə cəza alanda qarovulçu Əflatun bütün sutka ərzində bayırda qalırdı, soyuq havalarda gecələr darvaza boyu ora-bura yüyürə-yüyürə (yağış yağanda isə işlər lap pis olurdu), taksiləri, araq müştərilərini gözləyə-gözləyə hərdən köşkə yaxınlaşırdı, içəridə zarıldayan alkoqolikin qarasına: «– Öl, o adı nədir, şey, köpək oğlu!» – deyirdi, sutka tamam olandan və alkoqolik azad ediləndən sonra, ayaqyolu iyi verən köşkə girib yenə də alkoqoliklərin qarasına eləcə deyinədeyinə təmizlik işləri aparırdı. Heç vaxtıyla bu köşkdə qalan Gicbəsər də (bu it axır günlər gözə dəymirdi – itmişdi, ölmüşdü, nə olmuşdu?..) it ola-ola bu köşkü bu alçaq alkoqoliklər kimi, beləcə batırmırdı...
    Əbdül Qafarzadə qarşısında dayanıb qulluq gözləyən bu balaca adama baxdı; gözünü açandan məhəllədə Əflatunu elə beləcə görmüşdü – bu adam qocalmırdı və bunlar nəsillikcə beləcə çox yaşayan, beləcə qıvraqdılar. Bunun bir anası vardı, yaşı yüzdən keçmişdi, amma civə kimiydi, bir yerdə dayanmaq bilmirdi, bişirirdi, yuyurdu, süpürürdü... Birdən-birə xərçəng xəstəliyindən öldü (xərçəng tapmasaydı, hələ indi də yaşayardı) və deyirdilər ki, guya o arvadın ağrılarını sakitləşdirmək üçün aptekdən verilən narkotik dərmanları bu əclaf Əflatun anasına vermirmiş, baha qiymətə narkomanlara satırmış... Nə desən olar, bu qarovulçu Əflatundan nə desən çıxar. Bəlkə də elə-belə deyirdilər, kim bilir, yalan sözlər idi bəlkə? Adamın adı çıxınca, canı çıxsa yaxşıdır, amma deyirdilər, başqa sözlər də deyirdilər... Şayiə gəzirdi ki, guya, bu Əflatun cəlladdı, yəni güllələnməyə məhkum olunmuşları bu gedib həbsxanada güllələyir və xüsusi maaş alır... Əbdül Qafarzadə bu şayiəni dəqiqləşdirmək üçün, Əflatundan heç nə soruşmamışdı, başqa yerlərdən də öyrənməmişdi (istəsəydi, əlbəttə, öyrənə bilərdi), çünki qarovulçu Əflatun nə qədər iyrənc məxluq olsa da, Xıdırla dost olmuşdu və doğrudan da məlum olsaydı ki, Əflatun cəlladdır, bu, Əbdül Qafarzadəyə pis təsir edərdi.
    Onda Əflatun tramvay sürürdü, Əbdülgil də məhəllənin uşaqları ilə qaçıb gedib o tramvaya minirdilər, gedə-gedə tramvaydan atılırdılar və bir dəfə Əflatun bunu Xıdıra xəbər vermişdi və yazıq Xıdır, Allah ona min kərə rəhmət eləsin, bu işin üstündə Əbdülü o qədər döymüşdü ki, yadına düşəndə, indi də o sillələrin, o təpiklərin yerini hiss edirdi. Xıdır bir dəfə də Əbdülü papiros çəkmək üstündə beləcə döymüşdü. Xıdır istəyirdi ki, Əbdül güclü olsun, sağlam olsun, Xıdır istəyirdi ki, bu canavar dünyada Əbdüldən çəkinsinlər, Əbdül yem olmasın, yeyən olsun. Yazıq Xıdır gərək indi sağ olaydı...
    Hər dəfə Xıdır yadına düşəndə Əbdül Qafarzadənin ürəyində, elə bil, təptəzə yara yeri ağrıyırdı, illər keçirdi, amma o yara sağalmırdı, hətta Orduxan bu dünyadan köçəndən sonra, Əbdül Qafarzadənin ürəyində Orduxanın o dəhşətli yarası ilə bir yerdə Xıdırın da yarası öz yerində qalırdı – Orduxanın o dəhşətli yarası Əbdül Qafarzadənin ürəyində Xıdırın yarasını yox etməmişdi.
    Xıdır indi qırx ildən artıqdır ki, dünyada yoxdu, amma bu balaca adam, bu Əflatun necə vardısa, eləcədi, civə kimi bir şeydi, burnunu çəkə-çəkə, «o adı nədi, şey...» – deyə-deyə burdan vurub ordan çıxır. Nə olar, dünyadı, qoy yaşasın... Xıdır ilə Əflatunun münasibətləri yaxşı idi; bədəni, elə bil, tuncdan tökülmüş Xıdırın yanında balaca Əflatun həmişə kiçiklik etmişdi, birdən-birə partiyaya keçəndən, tramvay sürməyi buraxıb məktəbdə müdir müavini işləməyə başlayandan sonra da o pis zəmanədə Əflatun Xıdırın yanında qudurmamışdı, əksinə, əlləşib-köməkləşib Xıdırı həmin məktəbə idman müəllimi düzəltmişdi və Əbdül Qafarzadə bunu heç vaxt yadından çıxartmayacaqdı, ömrünün axırına kimi Əflatuna çörək verəcəkdi. – Yox, Əflatun, heç nə lazım deyil, çox sağ ol. – Əbdül Qafarzadə bu sözləri dedi və fikirləşdi ki, əslində, hərgah dünyada, doğrudan da, xoşbəxtlik deyilən bir şey varsa, onda, bax, bu balaca adam, bu Əflatun dünyanın elə ən xoşbəxt adamıdı ki, var – beşdə alacağı yox, onda verəcəyi, qəpik-quruşunu qazanır, ailəsini dolandırır, həyatdan da razıdır, vəssalam; Əbdül Qafarzadənin hərdənbir beləcə «balaca adam» lara həsəd aparmağı var idi və ona elə gəlirdi ki, bu həsəd hissi tamam sidq-ürəkdəndir.
    Qarovulçu Əflatun bir müddət eləcə dayanıb Tülkü Gəldi Qəbiristanlığına tərəf gedən Əbdül Qafarzadənin ardınca baxdı... Əflatun iclaslarda Mir Cəfər Bağırovu çox görmüşdü, o gözəl vaxtlarda ki, partiya fəalı idi, Bakıdakı bütün iclaslara gedirdi. Doğrudan gözəl vaxtlar idi, hamı Əflatundan qorxub çəkinirdi və Əflatun da partiyanın yolunda canını qoymuşdu. Bir dəfə – 1939-cu ilin yazı idi, Bakı maarif işçilərinin filarmoniyanın binasında keçirilən siyasi yığıncağında filarmoniyanın qapısından içəri girən Mir Cəfər Bağırov dəhliz boyu hər iki tərəfdən divar dibinə çəkilib heykəl kimi dayanmış adamlarla görüşəndə Əflatunla da əl tutuşmuşdu və Mir Cəfər Bağırovun çeşməyin altındam baxan gözləri, sifəti heç zaman qarovulçu Əflatunun yadından çıxmırdı, o gözlərdə, o sifətdə elə bir daxili soyuqluq vardı ki, adamın bədəninə üşütmə salırdı. Və qarovulçu Əflatun Əbdül Qafarzadə ilə də, beləcə yaxından üzbəüz dayananda onu Mir Cəfər Bağırova oxşadırdı və təbiət qarovulçu Əflatuna zəngin hisslər bəxş etməsə də, həmin daxili soyuğu, Əbdül Qafarzadənin də baxışlarında, qalın dodaqlarının təbəssümündə hiss edirdi, münasibətləri çox yaxşı olsa da, əslində, bu adamdan da vaxtilə Mir Cəfər Bağırovdan qorxduğundan az qorxmurdu...
    Əbdül Qafarzadə eləcə fikirli-fikirli Qəbiristanlıq Idarəsinin həyətindən çıxıb Tülkü Gəldi Qəbiristanlığının içinə girdi və onu görəndə özlərini yığışdıran – kimisi gülməyini saxlayırdı, kimisi əlindəki siqareti gizlədirdi, kimisi danışığını kəsirdi – işçilərinə fikir vermədən, o işçiləri heç görmədən Idarədən uzaqlaşdı. Əflatun, Xıdırı kaş o məktəbə heç düzəltməyəydi, Xıdır o məktəbdə satqın adamların, alçaqların qurbanı oldu və 1939-cu ilin o qarlı qış gecəsi üç nəfərin qapını döyərək içəri girib Xıdırı aparmaqları bütün təfərrüatı ilə Əbdül Qafarzadənin yadında idi.
    Həmin qış gecəsi Əbdül qalın yorğanın altında yatmaq istəyirdi, amma yata bilmirdi, çünki Əbdül dünənki gecədən hiss etmişdi ki, nəsə olub və bu «nəsə» xeyirliyədir, bu elə bir «nəsə»dir ki, Xıdırın işləri yaxşı olacaq, Xıdır daha da böyüyəcək. Bu «nəsə» dünən gecə olmuşdu, Xıdır məktəb müdirinin qızının ad gününə getmişdi, Əbdül bunu bilirdi və orada nəsə bir hadisə baş vermişdi. Əbdül bilmirdi ki, bu nə hadisədir, amma hiss edirdi ki, Xıdırın işləri yaxşı olacaq. Xıdır qonaqlıqdan gec gəldi, soyunub yerinə girdi, amma səhərə kimi yata bilmədi, otağın qaranlığında Əbdülün də yatmadığını hiss etdi: «– Sən niyə yatmırsan?» – soruşdu, «– Yat» – dedi, amma bilirdi ki, Əbdül yatmayacaq, çünki Əbdül Xıdıra o qədər öyrənmişdi ki, Xıdırı o qədər istəyirdi ki, Xıdırla baqlı bütün hissləri açıq elektrik xətti kimi həssas idi, böyük qardaşının həyəcanını o saat duyurdu.
    Və qonaqlıqdan qayıtdığı o gecə Xıdır: « – Yat... – dedi. – Yat... Hər şey əla olacaq. Bizimki hələ bunnan sonradı. Əntiqə günlər hələ bunnan sonradı. Sənin üçün də əntiqə olacaq, yat!» Xıdır o sözləri elə dedi ki, o sözlərdə də Xıdırın bədənindəki əzələlər kimi bir güc, bir inam var idi və balaca Əbdül onda o qalın yorğanın altında Xıdırın dediyi o «əntiqə» sözünün ürəyə yayılan, xoş, mülayim, hətta yorğandöşəyin içinə bir nəvaziş gətirən təsiri ilə yuxuya getdi.
    Ikinci növbədə oxuyan Əbdül qonaqlığın səhəri məktəbdən qayıdanda Xıdır evdə idi, kefinin kök çağlarında olduğu kimi, fitlə «Sarı bülbül» çalırdı (indi də hər dəfə «Sarı bülbül» çalınanda, oxunanda Əbdül Qafarzadənin bütün daxili aləmi riqqətə gəlirdi və hər dəfə elə bil ki, o «Sarı bülbül» Xıdırın bəxtsiz taleyi üçün çalınırdı, oxunurdu), soğanla qoyun əti qızartmışdı ( Xıdırın bişirdiyi o sonuncu xörəyin, o ət qızartmasının dadı indiyə kimi Əbdül Qafarzadənin yadında idi, xatırladıqca o dadı ağzında hiss edirdi), Əbdülə bir şüşə limonad, özünə bir qrafin pivə almışdı; iki qardaş mizin arxasında oturub çörək yedilər. Xıdır hərdən baş barmağını qaldırıb özündən, az qala, iyirmi yaş kiçik olan qardaşına göstəriridi «– Əla olacaq işlər, əla» – deyirdi. Əvvəlcə Əbdülə elə gəlirdi ki, söhbət hansısa bir idman yarışından, idmanla bağlı nədənsə gedir, amma mizin arxasında Xıdırla üzbəüz oturub o gözəl ət qızartmasını yedikcə o on yaşlı balaca oğlan başa düşürdü ki, yox, bu dəfə söhbət idmandan getmir, bu dəfə nəsə daha böyük bir iş olacaq və o böyük iş Xıdırı da, Əbdülü də daha artıq xoşbəxt edəcək. Əbdül heç nə soruşmurdu, çünki bir-birlərini çox istəsələr də, bu iki qardaş arasında böyük-kiçiklik var idi, lazım bilirdisə Xıdır özü deyəcəkdi, lazım bilmirdisə Əbdülün sual verməyi hörmətsizlik olardı.
    Həmin qış gecəsi Əbdül yenə də qalın yorğanın altında idi. O qalın yorğan evdə tək idi və Xıdır o qalın yorğanı Əbdülə vermişdi, özü qışda da üstünə adyal salırdı. Çox soyuq olanda adyalın üstündən paltosunu salırdı. O qalın yorğan Əbdülün üzünü görmədiyi atasından, güclə xatırladığı anasından qalmışdı və o yorğanın ən gözəl, ən şirin cəhəti o idi ki, Xıdır onu özünə qıymırdı, o qalın yorğanla Əbdülü elə bil ki, təkcə soyuqdan qorumurdu, ümumiyyətlə, dünyanın buz kimi üşüdən işlərindən, bəd əməllərindən qoruyurdu.
    Sonra qapı döyüldü, o üç nəfər içəri girdi, yorğan-döşəkdən qalxmış yuxulu Xıdıra geyinməyi əmr elədilər, sonra da Xıdırı qabaqlarına qatıb apardılar. O on yaşlı uşaq o saat başa düşmüşdü ki, bu üç nəfər xeyir işdən ötrü gəlməyiblər və qorxudan daha çox anlaşılmaz bir təəccüb, heyrət hissi o uşağın kiçik varlığını bürümüşdü: dünən gecəki o gözəl «əntiqə» sözündən sonra, axşamüstü mizin arxasında oturub yedikləri o gözəl qızartmadan sonra, Xıdırın hərdənbir baş barmağını qaldırıb dediyi o «əla» lardan sonra bu üç nəfərin gecəyarısı bu cür gözlənilməz gəlişi, Xıdırla bu cür hörmətsiz rəftarı o on yaşlı uşağı çaşdırıb mat qoymuşdu və həmin uşaq yalnız o vaxt özünə gəldi ki, o üç nəfər Xıdırı otaqdan çıxarır.
    Əbdül qalın yorğanı üstündən bir tərəfə atıb ayağa sıçradı, dəli kimi qışqırdı və o zaman Xıdır arxaya çevrilib otaqda yanan onluq nöyüt lampasının işığında Əbdülə baxdı. «Qorxma, – dedi, – qayıdacağam». Xıdırın o sözlərindən sonra Əbdülün ürəyinə bir arxayınlıq gəldi, Əbdül sakitləşdi, çünki Xıdır kimi güclü adama kim nə edə bilərdi? (Bu balaca axmaq – Əbdül – o zaman Stalin baba haqqında ancaq gözəl nağıllar eşitmişdi: Stalin baba yetmiş iki dil bilir, Stalin baba sovet idmançılarının dostudur – bunu yazıq Xıdır tez-tez deyirdi – Stalin baba Kursk vağzalında bir yetim oğlanı ac görüb ağlayıb, öz maşınını həmişəlik o oğlana bağışlayıb... Amma əziz Stalin baba canavardır – bunu o balaca axmaq hardan biləydi?.. ) O onluq lampanın işığında Xıdırın sifətində elə bir mehribanlıq vardı, dodaqlarındakı təbəssümdə elə bir doğmalıq vardı ki və bu mehribanlıq, bu doğmalıq o üç nəfərin sifətindəki, hərəkətindəki, danışığındakı soyuqluqdan, yadlıqdan o qədər seçilirdi ki, Əbdül o arxayınçılığa baxmayaraq ağlamağa başladı.
    Küçədə maşının çırpılan qapısının səsi eşidildi, sonra maşın yerindən tərpəndi və o maşının səsi içində apardığı Xıdırla birlikdə Əbdülgilin evindən uzaqlaşdı. Əlbəttə, 1939-cu ilin o qarlı qış gecəsi o on yaşlı uşağın ağlına gələ bilməzdi ki, o maşın Xıdırı, əslində, bir yoxluğa apardı, həmişəlik apardı; o on yaşlı uşağın ağlına gələ bilməzdi ki, indən belə qocalıb əldən düşmüş bibisinin himayəsində bir qarnı ac, bir qarnı tox, kimsəsiz və köməksiz böyüyəcək... Bu azad və xoşbəxt ölkədə özü özünə bir gün ağlayacaq, özündən başqa bir köməyi, bir dayağı olmayacaq... Hər şey keçib gedir və bütün bunlar da həmişəlik bir keçmişdə qalmışdı, bütün bunlardan nə yazıq Orduxanın xəbəri vardı, nə Sevilin xəbəri vardı, nə də balaca Əbdülün xəbəri vardı; bütün bunlar Əbdül Qafarzadənin həyatının qisməti idi və bütün bu acı xatirələr yalnız ona məxsus idi; hər bir adam öz taleyini öz çiyinlərində daşımağı bacarmalı idi.
    Iki gün əvvəl yağış yağmışdı və qəbiristanlığın içi ilə gedən yeganə asfalt yolun hər iki tərəfindəki torpaq hələ də qurumamışdı, adda-budda xırda gölməçələr var idi, palçıq idi. Amma o çirkli gölməçələr də, o palçıq da qəribə idi, bu dəm elə bil ki, Tülkü Gəldi Qəbiristanlığına nəsə kiçicik bir həyat əlaməti gətirirdi, çünki o aprel günü əllərini arxasında birləşdirib, sinəsini qabağa verərək asta-asta addımlayan Əbdül Qafarzadə qəbiristanlıqda heç zaman duymadığı bir quruluq hiss edirdi; bu qəbir daşları da, elə bil, qupquru quma dönmüşdü, indicə tökülüb dağılacaqdı.
    Bu quruluq hissi, elə bil ki, qəbiristanlıqdan qalxıb Əbdül Qafarzadənin özünün bədəninə keçmişdi, içinə dolmuşdu, bu dəm kişinin bədəni də, iç-ciyəri də qupquru qum idi, qum saatındakı kimi, indicə süzülüb asfaltın üstünə töküləcəkdi; iki stəkan çay içdiyinə baxmayaraq, kişinin ağzında da bir quruluq var idi və bu quruluq da öz növbəsində, elə bil ki, fikirlərə, düşüncələrə, xatirələrə keçirdi və indicə o fikirlər, düşüncələr də, o xatirələrdə qupquru qum olub o qəbir daşları kimi, yerə töküləcəkdi.
    Birdən-birə baş qaldırmış bu quruluq hissi o qədər gücləndi ki, Əbdül Qafarzadəyə elə gəldi, elə bil, burnu, qulaqları, gözləri də, saçı da o qupquru qumla dolub və kişi az qaldı əlini arxasından çəkib saçını, qulağını qumdan təmizləsin; bu quruluq hissi Əbdül Qafarzadənin həmişəki təmkininə güc gəldi, kişi sürətlə addımlaya-addımlaya, az qala qaça-qaça üç il bundan əvvəl qəbiristanlığın ortasında, yolun kənarında düzəltdirdiyi bulağa tərəf gəldi.
    Iki gün bundan əvvəl Molla Əsədulla bu bulağın qabağında idi, qəhvəyi rəngli Buxara papağını başından götürüb bulağın daş sürahısının üstünə qoymuşdu və tələsmədən əl-üzünü yuyurdu, Əbdül Qafarzadənin gəldiyini görəndə dərhal suyun yanından kənara çəkildi və qız əli kimi zərif əlləri ilə ağappaq qısa saqqalını sığalladı. Iki gün bundan əvvəl Əbdül Qafarzadə, bax, bu bulağın başında Molla Əsədullaya tamam-kəmal bir salam verdi:
    – Əs-səlami əleyküm, molla dayı.
    Molla Əsədulla yaxınlıq eləməsə də, bu adamın, yəni Qəbiristanlıq Idarəsinin müdirinin Bakının çox mükəmməl kişilərindən biri olduğunu yaxşı bilirdi. Əbdül Qafarzadənin qudası (deyirdilər ki, guya, yazıçıdır) Mürşüd Gülcahani bir müddət Molla Əsədullagilin həyətində yaşamışdı (faytonçu Əliməmmədin – çoxdan rəhmətə gedib – qızı Ədiləni almışdı və öz evi olmadığı üçün Əliməmmədgildə qalırdı, duzsuzun, qanıb-qandırmazın biri idi, o necə yazıçı olub, Allah bilir...) və Molla Əsədulla uzaqdan-uzağa da olsa, Qafarzadələrin ailəsinə bələd idi, buna görə də Əbdül Qafarzadənin yarıistehzalı, yarızarafat salamını ciddi qəbul etdi (başa düşürdü ki, belə adamlarla zarafatın axırı onun üçün yaxşı qurtarmaz) və bu salama tam dəstgahı ilə cavab verdi:
    – Əleyküm əs-salam və rəhmətullahi və bərəkətühü!1, dadaş. Əbdüll Qafarzadənin Tülkü Gəldi Qəbiristanlığına gəlib-gedən mollaların heç biri ilə xüsusi tanışlığı yox idi və ümumiyyətlə, bu adamın mollalardan xoşu gəlmirdi, çünki indi əsl mollaları barmaqla saymaq olardı, əksəriyyəti fırıldaqçı idi, pul qazanırdı. Əbdül Qafarzadə, xüsusən, axır vaxtlar dinlə çox maraqlanırdı, axşamlar boş vaxtlarında (o vaxtlar ki, evdə ikisi olurdu – Qaratellə Əbdül Qafarzadə və Qaratel də taqətsiz halda divanda uzanıb gözlərini yumurdu) kresloda oturub özü dəmlədiyi hil qarışıq hind çayından içə-içə dini kitablar oxuyurdu və hər dəfə də bu qərara gəlirdi ki, din başqa şeydir, mövhumat başqa şeydir: din – ciddi məsələdir, mövhumat isə nadanlıq və cəhalətdir.
    Əbdül Qafarzadə Tülkü Gəldi Qəbiristanlığındakı dəfn mərasimlərində iştirak edib pul qazanan mollalarla şəxsən tanış olmasa da, bu adamların hamısı haqqında məlumatı var idi və o cümlədən, indi bulağın qabağında onunla üzbəüz dayanmış bu Molla Əsədullanın da hansı yuvanın quşu olduğunu yaxşı bilirdi, buna görə də həmin istehzasını – zarafatını davam etdirdi:
    – Riba nə deməkdir, molla dayı?
    Molla Əsədulla nə diksindi, nə də gözünü qırpdı, əksinə, bir müəllim ədası ilə Əbdül Qafarzadənin sualına cavab verdi:
    – Ribanın mənası müamilə deməkdir, dadaş, yəni ki, sələmçilik. Bizim indiki dilimiznən desək, dadaş, yəni ki, borcun faizi. Riba qadağandır, dadaş və nəinki riba özü qadağandır, o şeyə ki, ribanın kiçik bir ünsürü var, o da qadağandır, misal üçün, lotereya. Belədir, dadaş!..
    – Bay? Başıva dönüm sənin, molla dayı, yəni Quranda bir şey yazılıb bu barədə?
    – Əlbəttə, yazılıb, dadaş, əlbəttə! Bəs necə yazılmayıb? Quranda deyilir ki,
    «Allah alış-verişi halal, sələm almağı isə haram etmişdir». Bir başqa ayədə də deyilir ki, dadaş, «Allah sələmlə qazanılan malın bərəkıtini məhv edər, sədəqəsi verilmiş malın isə bərəkətini artırar».
    Cəmi məxluqatın əşrəfi olan insan, doğrudan da, eyni zamanda dünaynın ən qəribə məxluqu idi: Əbdül Qafarzadə yaxşı bilirdi ki, indi beləcə mömin bəndə olub mollalıq edən bu adam – Molla Əsədulla, müharibənin bütün dörd ilinin dördünü də ərləri, ataları, oğulları, qardaşları cəbhədə vuruşan, öldürülən, itkin düşən arvadların, uşaqların sonuncu qızıl üzüyünü, qızıl saatını, boyunbağısını müamilə ilə girov götürüb və o dörd ildə – 1941 ilə 1945 arasında bir padşah xəzinəsi qızıl yığıb. Uşaqlarına bir qarın çörək almaqdan ötrü sonuncu üzüyünü gətirib yüksək faizlə Əsədullanın yanında girov qoyan arvadların çoxu sonradan pul tapıb gəlib o nişan üzüyünü, yaxud ata-babadan qalmış o qızıl saatı, yaxud anasından, nənəsindən qalmış yeganə qızıl boyunbağını, bilərziyi, sırğanı Əsədulladan geri götürə bilmirdi və bütün o varidat qalırdı papaqçı Əsədullaya. Əsədulla o vaxtlar papaq tikən idi, mollalığa sonralar başladı, müharibədən xeyli keçmiş – N.S. Xruşşovun vaxtında... Molla Əsədulla mollalıqdan çoxlu pul qazanmağına baxmayaraq, hərdənbir – oğlanlarını evləndirəndə, ya qızlarını ərə verəndə – yığdığı o qızıllardan xırım-xırım satırdı və Molla Əsədullanın heç xəbəri də yox idi ki, Qəbiristanlıq Idarəsində işləyən ocaqçı Mirzəibiyə satdığı (əsasən, ona satırdı) qızılların hamısı gəlib çatırdı Əbdül Qafarzadəyə; bu qızılları Mirzəibinin vasitəsilə Molla Əsədulladan Əbdül Qafarzadə alırdı.
    Molla Əsədulla yenə yaxşı idi, heç olmasa, Quranı bilirdi, düzdü, «riba» sözünü izah edəndə heç utanıb-qızarmırdı, amma hər halda, Qurandan sitatlar gətirirdi; indi bu qəbiristanlığa elə lotu mollalar gəlib gedirdi ki, əslində heç Qurandan xəbərləri də yox idi: həbsxanadan çıxmış keçmiş dələduzlar, vaxtilə elmi ateizmdən mühazirələr oxuyan keçmiş müəllimlər, hətta bir nəfər keçmiş sirk artisti...
    Əbdül Qafarzadə iki gün bundan əvvəl boz gözlərini qıyıb çeşməyinin üstündən düz Molla Əsədullanın gözlərinin içinə baxdı və:
    – Bizim bu qəbiristanlığa gələn mollaları tanıyırsan? – soruşdu.
    Molla Əsədulla:
    – Niyə tanımıram, dadaş? – dedi. – Əlbəttə, tanıyıram.
    – Hamısını?
    – Çoxunu! – Molla Əsədulla bu sual-cavabların mənasını başa düşməsə də – müdir onun biliyini yoxlayırdı, nədi? – səbrlə və ciddi cavab verirdi. – Çoxunu tanıyıram.
    Hərgah Molla Əsədulla bu mollaların çoxunu tanıyırdısa, deməli, yaxşı bilirdi ki, bunların hamısı lotu-potudur. Əbdül Qafarzadə indicə verəcəyi suala əvvəlcədən gülümsədi, çünki bu sualla, elə bil ki, Molla Əsədulladan kiminsə, nəyinsə intiqamını alırdı və soruşdu:
    – Sən öləndə bu mollalardan hansı gəlib sənin üstündə yasin oxuyacaq?
    Əbdül Qafarzadənin hərdən sözü beləcə şax, beləcə üzə deməyi vardı, amma Molla Əsədulla da köhnə qurd idi, heç gözünü də qırpmadı və əlini narın və ipək kimi yumşaq ağ saqqalına çəkib:
    – Mən hələ ölənəcən, dadaş, – dedi, – özüm çox adamın üstündə yasin oxuyacağam!..
    Bu vaxt hardansa birdən-birə fotoqraf Əbülfəz peyda oldu, elə bil, qəbirlərdən birinin içindən çıxdı və o saat da fotoaparatı gözünün qabağına tutub bulağın yanında Əbdül Qafarzadə ilə Molla Əsədullanın şəklini çəkdi:
    – Çox gözəl dayanmışdız, Əbdül Orduxanoviç, əsl bədii foto olacaq! Bir azdan gətirib sizə verəcəyəm!
    Molla Əsədullanın o ikibaşlı sözlərindən sonra, fotoqraf Əbülfəzin birdən-birə beləcə peyda olması və onların şəklini çəkməsi iki gün bundan əvvəl Əbdül Qafarzadəyə pis təsir etdi. Əbdül Qafarzadə, ümumiyyətlə, şəkil çəkdirməyi xoşlamırdı, şəkil çəkdirdiyi anlarda, elə bil ki, gələcəyin təəssüfünü, gələcəkdəki yoxluğu hiss edirdi: haçansa kimsə bu şəklə baxıb deyəcək: «–Bu, Molla Əsədulladır, əclafın, alçağın biri idi, indi yəqin sümükləri də çürüyüb qəbirdə!.. Gorbagor olsun! Yetim-yesirin puluyla bəslədi özünü də, uşaqlarını da... Bu da Əbdül Qafarzadədi, bir vaxtlar Bakıda Tülkü Gəldi Qəbiristanlığı var idi, həmin qəbiristanlığın müdiri idi...»
    Sonra nə deyəcəkdilər?
    Gör fikir onu hara aparıb çıxartdı...
    Hə, sonra, sonra nə deyəcəklər?
    Iki gün bundan əvvəlki o görüşü niyə indi beləcə yadına saldı?
    Həmin aprel günü Əbdül Qafarzadə az qala qaça-qaça özünü bu bulağa yetirdi, çeşməyini tələsik gözündən çıxartdı, ovcunu su ilə doldurub üç-dörd dəfə üzünə çırpdı, yaş əlini boynuna-boğazına çəkdi. Bulağın suyu elə bil ki, o qumu yuyub apardı, o quruluq hissinə də bir nəmlik gətirdi, elə bil, qumu malaya çevirdi (dəfn mərasimi zamanı qəbirlərin üstünü, bax, belə mala ilə hamarlayırdılar), Əbdül Qafarzadənin fikrinə, rəyinə bir genişlik gətirdi və kişi elə bil, bir balaca özünə gəldi; bayaqkı o gözlənilməz (və xoşagəlməz) hissin – həkim Bronşteynin rənglənmiş saçı və bığı ilə, professor Mürsəlbəylinin ağappaq nişastalı xalatı və tüklü sinəsi ilə bu qəbir daşları arasındakı yaxınlıq, doğmalıq hissinin ürəyində özünə yer tapmış çöküntüsü də, deyəsən, yavaş-yavaş yox olub gedirdi...
    Ancaq... Sonra, sonra nə deyəcəklər?
    – Nə deyəcəklər?..
    Əbdül Qafarzadə həmişə birdən-birə qəflətən doğan bu cür suallardan qaçırdı və bu dəfə də tələsik fikirləşdi ki, mollalar açıq-aşkar qudurub; düzdü, indi keşişlər də mollalardan geri qalmırdı, neçə il idi ki, Əbdül Qafarzadəgilin qonşuluğunda bir keşiş yaşayırdı, səhərdən axşamacan araq içib qarımış bacısı ilə söyüşürdü, amma Tülkü Gəldi Qəbiristanlığına keşiş gəlmirdi, molla gəlirdi və bulaqdan uzaqlaşıb qəbiristanlığın içinə doğru gedən Əbdül Qafarzadə fikirləşdi ki, bu mollaların (Molla Əsədulla qarışıq) dərsini vermək lazımdı, onları daha artıq sıxmaq lazımdı, lap sıxıb sularını çıxarmaq lazımdır.
    Əbdül Qafarzadə, əlbəttə, mollaları yaddan çıxarmamışdı və bu işi çilingər Ağakərimə tapşırmışdı. Çilingər Ağakərim hər bazar günü Tülkü Gəldi Qəbiristanlığına gəlib-gedən mollaların (təxminən on beş molla idi) hər birindən iyirmi manat pul alırdı və hamısını bir yerə yığıb bazar ertəsi işə gələn Əbdül Qafarzadəyə verirdi, Əbdül Qafarzadə də kefinə düşəndə o pulun üstündən bir dənə, kefinə düşəndə iki dənə, hətta bəzən üç dənə iyirmibeşlik götürüb Ağakərimin cibinə basırdı. Mollaların hər birinin hər həftə verdikləri o iyirmi manat, bir növ, yer pulu idi, verməzdilər, Ağakərim də onları Tülkü Gəldi Qəbiristanlığından qovardı, qoymazdı ki, bir də ayaqlarını bura bassınlar. Mollalar kimə şikayət edəcəkdilər? Heç biri rəsmi molla kimi məsciddə qeyd olunmamışdı, kim idi bu əldəqayırma mollaların şikayətinə baxan? Gedib hökumətə şikayət edəcəkdilər, hökumət də Qəbiristanlıq Idarəsinin müdirinə bir dənə təzə Fəxri Fərman verəcəkdi ki, ictimaiyyətə yad ünsürlərə qarşı yaxşı mübarizə aparırsan! Mollalar bunu yaxşı bilirdi və belə bir soyğunçuluğa görə ürəklərində həm hökuməti, həm də Tülkü Gəldi Qəbiristanlığının sahiblərini söyə-söyə pulu Ağakərimə verirdilər. Indi əllərini arxasında birləşdirib, sinəsini qabağa verə-verə qəbirlərin arası ilə gedən Əbdül Qafarzadə tamam qət etdi ki, bundan sonra bu lotu-potu mollaların (o cümlədən, Molla Əsədulladan) hər birindən həftədə iyirmi manat yox, otuz manat (hələlik, otuz manat, sonrasına hələ baxacaq...) alacaq, kim də bu pulu vermək istəmədi, it kimi qovduracaq buralardan...
    Bu əldəqayırma mollalar, əslində, elə sümsük it kimi bir şey idilər və həftədə gətirib o otuz manatı verməkdən başqa əlacları yox idi. Dilənçiləri də sıxmaq lazım idi... Düzdü, Ağakərim Tülkü Gəldi Qəbiristanlığının daimi dilənçilərindən də həftədə on beş manat pul yığırdı, amma dilənçilər də qudurmuşdular və Əbdül Qafarzadənin eşitdiyinə görə, onlardan biri əvvəllər– inzibati orqanlarda işləmiş Məmmədağa Ələkbərov adlı, arvada oxşayan alçaq gizlincə bir «Jiquli» almışdı (hökumətdən də pensiya alırdı)... Dilənçilərin də vergisini mollalar kimi həftədə otuz manata qaldırmaq lazım idi!..
    Əbdül Qafarzadə həmişə qəti bir qərara gələndə özünü yüngül hiss edirdi, indi də belə oldu. Bayaqkı o quruluq hissi keçib getmişdi və Əbdül Qafarzadə Tülkü Gəldi Qəbiristanlığındakı qəbirlərin arası ilə addımladıqca başdaşlarına həkk olunmuş şəkillərdə bəzən tanış sifətlər görürdü, gözü tanış adlara sataşırdı – bu adamlardan kiminləsə yaxın, kiminləsə uzaq tanış idi və indi onların hamısı torpağa tapşırılmışdı; əlbəttə, bu, kədərli bir təəssüb hissi doğururdu, amma o kədərli təəssüf hissi ilə bərabər, bu dəm Əbdül Qafarzadə birdən-birə nəsə bir nikbinlik, bir ruh yüksəkliyi də hiss etdi: o yaxın və uzaq tanışlar, heç tanış da olmayan bütün bu adamlar indi torpağın altında idi, amma Əbdül Qafarzadə on il, iyirmi il, otuz il bundan əvvəl olduğu kimi, sağ və salamat idi; elə ola bilərdi ki, indi bu adamlardan biri beləcə gəzərdi, Əbdül Qafarzadə isə qara torpağa qarışmış olardı, amma belə deyildi, sağ adam Əbdül Qafarzadə idi və bunun özündə də, görünür, bir naxış, bir bəxt var idi, o naxışı, o bəxti bəzi vaxtlar Əbdül Qafarzadə az qala cismani hiss edirdi; düzdü, Əbdül Qafarzadənin çətin günləri olmuşdu, lap dəhşətli günləri də olmuşdu, amma hər halda, o naxış, o bəxt həmişə onun taleyinin üstündə idi və həmişə də belə olacaqdı – Əbdül Qafarzadə buna tamam inanırdı. Bayaqkı o quruluq hissindən sonra, indi keçirdiyi bu hiss, bəzi uşaqların özlərinin, ya atalarının, analarının heç vaxt ölməyəcəyinə, həmişə yaşayacaqlarına inam hissinə bənzəyirdi və Əbdül Qafarzadə özü də ürəyinin hansı bir dərin nöqtəsində isə bunu başa düşürdü, amma o dərin nöqtəyə enmək istəmirdi.
    Hər bir yaxşı, işgüzar mer, bələdiyyə rəisi, sovet sədri şəhərin, qəsəbənin bütün küçələrini, dalanlarını, binalarını tanıdığı kimi, Əbdül Qafarzadə də Tülkü Gəldi Qəbiristanlığındakı təzəli-köhnəli bütün qəbirlərin, demək olar ki, hamısını tanıyırıdı, qəbirlərarası torpaq yollara, cığırlara bələd idi. Bu qəbiristanlıq köhnə olduğu üçün, sahəsi bitib-tükəndiyi üçün burada yer götürmək, ölünü dəfn etmək çox çətin iş idi. Bəzi ölülərin burada ata-baba sahəsi var idi və onları gətirib həmin sahədə dəfn edirdilər. Bu ölü sahiblərinin xərci də az çıxırdı, amma o adamların ki, burada yeri yox idi, xərcləri beşqat, bəzən lap onqat artıq çıxırdı. Təzə salınmış sadə və səliqəli qəbiristanlıq şəhərdən xeyli uzaqda idi və o qəbiristanlığın şəhər sakinləri arasında heç bir qiyməti-hörməti yox idi. Bakı sakinləri şəhərin mərkəzində, dənizə yaxın yerlərdə mənzil alıb yaşamaq istədikləri kimi, ölülərini də Tülkü Gəldi Qəbiristanlığında dəfn etmək istəyirdilər, təzə salınmış o səliqəli-səhmanlı qəbiristanlıq isə elə bil ki, panel binaları bir-birindən seçilməyən mikrorayonlar idi və o mikrorayonlarda yalnız köməksiz, yuxarılarla əlaqəsi olmayan, əsasən, kasıb adamlar yaşayırdı...
    Tülkü Gəldi Qəbiristanlığında ölülərini basdırmaq üçün yer almaq istəyən adamlar ya Ağakərimlə, ya Mirzəibi ilə, ya da Vasili ilə danışıqlar aparırdı, sayılan, hörmətli adamlar isə bilavasitə Əbdül Qafarzadənin özünə müraciət edirdilər. Əbdül Qafarzadə bu adamlara qəbir yeri götürməyə icazə verəndən sonra, onları yenə də ya Ağakərimin, ya Mirzəibinin, ya da Vasilinin üstünə göndərirdi, çünki özü bilavasitə pul haqq-hesabı eləmirdi. Əbdül Qafarzadə qəbiristanlıqda görümlü yerdə olan, rahat yollu (yəni o yeganə asfalt yolun kənarlarında) su kəmərinin yaxınlığındakı qəbir yerlərinin qiymətini çox baha müəyyən eləmişdi və bu yerlər, adətən, mağaza və restoran müdirlərinə, əli pulla oynayan başqa adamlara qismət olurdu. Qəbiristanlığın mərkəzində basırıq olmayan geniş bir sahəni isə Əbdül Qafarzadə vəzifəli adamların qohum-əqrəbası üçün saxlamışdı və bu sayaq ölülər üçün qəbir yerini Fərid Kazımlı zəng çalıb sifariş verirdi, tək-tük hallarda isə Rayon Partiya Komitəsinin birinci katibi M.P. Qəribli özü zəng edirdi – bu baxırdı ölmüş adamın yaxınının, qohumunun vəzifəsinin yüksəkliyinə, Əbdül Qafarzadə vəzifəli adamların ölülərinə verilən qəbir yerindən ötrü, əlbəttə, özünə bir qəpik də pul götürmürdü, bu ölülər qanunla dəfn olunurdu, hansı xidmət göstərilirdisə mühasibatda dövlət pereskurantı ilə pulu alınıb qəbzi verilirdi. Əslində, Qəbiristanlıq Idarəsininm mühasibatı yalnız bu zaman – vəzifəli şəxslərin ölüləri dəfn olunarkən bilavasitə ölü sahiblərindən qəbir yeri üçün, xidmət üçün pul alıb qəbz verirdi, qalan vaxtlar isə mühasibat öz işini yalnız Ağakərimin, ya Mirzəibinin, ya da Vasilinin göstərişlərinə əsasən, qururdu, planı doldurmaq üçün gündəlik nə qədər qəbz lazımıydısa, yazılıb mühasibat dəftərində qeydiyyatdan keçirilirdi, surəti saxlanır, əsli isə cırılıb tullanırdı (guya ki, müştəridədir) və hər ayın axırında da baş mühasib Yevdokiya Stanislavovna maaşdan əlavə yenə də ya Ağakərim, ya Mirzəibi, ya da Vasili vasitəsilə Əbdül Qafarzadədən 500 manat, kassir Marqarita Iosifovna isə 300 manat pul alırdı. Bu əməliyyat illərdən bəri elə qurulub qaydasına düşmüşdü ki, hər şey Bədurə xanımın 50 yaşının tamam olması münasibətilə Əbdül Qafarzadənin hədiyyə alıb bu qadına bağışladığı yapon qol saatı kimi dəqiq işləyirdi (Bədurə xanımın 50 yaşının tamam olmasını isə Əbdül Qafarzadədən başqa Tülkü Gəldi Qəbiristanlığında heç kim bilmirdi – Bədurə xanım bunu faciəli bir sirr kimi gizlədirdi).
    Tülkü Gəldi Qəbiristanlığında üstünü ot-alaq basmış, unudulmuş, daha heç kimin ziyarət etmədiyi xeyli miqdarda köhnə qəbirlər var idi və Əbdül Qafarzadə bəzən həmin qəbirləri də təzədən qazdırıb, yeni sahələr kimi camaata verdirirdi, o köhnə qəbirlərdən çıxan sür-sümükləri isə alkoqoliklər dərin qazdıqları quyuya tullayırdılar.
    Bəzi adamlar isə hələ sağ ikən özləri üçün Tülkü Gəldi Qəbiristanlığında yer götürürdülər, qəbri qazdırıb hördürürdülər, hətta boş qəbrin üstündə günbəz tikdirirdilər, ətrafında söyüd, nar, əncir ağacı, gül-çiçək əkirdilər, özləri də həftədə bir-iki dəfə gəlib gələcək qəbirlərinin yanındakı o ağacları, o gül-çiçəyi sulayırdılar. Bu adamlar, əsasən, ömrünün sonunu yaşayan qocalar idi, ya öz pullarına, ya da oğullarının, kürəkənlərinin pullarına Əbdül Qafarzadədən həmin yeri on beş, iyirmi qat baha qiymətə alırdılar (həmin pula birotaqlı kooperativ mənzil tikdirmək olardı) və əlbəttə, bu qəbirlər Qəbiristanlıq Idarəsində heç bir qeydiyyatdan keçmirdi; amma axır vaxtlar yavaş-yavaş bir dəb əmələ gəlirdi: sex açıb dövlətin müəssisəsini əslində öz şəxsi gəlir mənbəyinə çevirən, yaxud alverə qurşanıb birdən-birə pul qazanan (və s.) qırx beş-əlli yaşlarında cavan və sağlam adamlar da ev, bağ, maşın alandan sonra özlərinə qəbir yeri də götürürdülər, hətta özlərinə heykəl də qoydururdular. Əbdül Qafarzadə bu cür adamlar üçün qəbir yerinin qiymətini xüsusi qaldırırdı və ürəyində bu adamların hamısını, əlbəttə, axmaq hesab edirdi... Əbdül Qafarzadə əllərini eləcə arxasında birləşdirib, sinəsini irəli verib, qəbirlərin arası ilə asta-asta addımlayıb gedirdi və özü də yaxşı bilirdi ki, ayaqları onu hara aparır; indicə bu adamın içində baş qaldırmış o nikbinlikdə, ruh yüksəkliyində yavaş-yavaş bir nigarançılıq əmələ gəlirdi və yarımca saatın içində bu cür müxtəlif ovqatlara düşməyi onu yorurdu. Iki gün bundan əvvəl o fotoqraf Əbülfəz (o əclafı buralardan qovmaq lazımdır!..) necə oldu ki, gəlib o bulağın üstünə çıxdı və Molla Əsədulla ilə birlikdə şəklini çəkdi?
    Niyə gəlib o şəkli çəkdi?
    Yəni bunun bir mənası var? Çəkdi, çəkdi də...
    Hər halda, həmin aprel günü Tülkü Gəldi Qəbiristanlığındakı qəbirlərin arası ilə gedən Əbdül Qafarzadə bir fotosoyuqluğu, bir fotocansızlığı hiss etdi və həmişə belə məqamlarda olduğu kimi, Əbdül Qafarzadə fikrini yayındırmaqdan ötrü öz işi barədə, təsərrüfatı barədə fikirləşməyə başladı.
    Əbdül Qafarzadə bir anlıq ayaq saxlayıb başını daha da qaldırdı və yalnız ətrafındakı qəbirlərə yox, bütün qəbiristanlığa baxdı: bu Tülkü Gəldi Qəbiristanlığı bir xəzinə idi, özü də yalnız məcazi mənada yox, elə həqiqi mənada xəzinə idi; burada torpağın altında nə qədər qızıl diş protezləri var idi, yığsaydın, yəqin ki, tonqan az eləməzdi... Bir ton qızıl... Heç ton olmasın, yüz kiloqram olsun... Lap əlli kiloqram olsun...
    Nə vardı ki, iki alkoqolikə tapşıracaqdı, gecə düşəndən sonra gəlib qəbirləri açacaqdılar, meyitlərin, skeletlərin çənəsini götürüb protezləri çıxaracaqdılar, sonra da qəbrin üstünü əvvəlki qaydasında düzəldəcəkdilər. Kimin xəbəri olacaqdı? Heç kimin... Kim biləcəkdi, eşidəcəkdi? Heç kim...
    Son üç ildə bu fikir itirdi, batırdı, yenə də təzədən pırtlayıb çıxırdı və Əbdül Qafarzadə hər bir yeni ideyasını həyata keçirməzdən əvvəl hərtərəfli hazırlıq gördüyü üçün, yüz ölçüb bir biçdiyi üçün, hətta həmişə kabinetindəki seyfdə saxladığı Azərbaycan SSR Cinayət Məcəlləsini götürüb baxmışdı da. Azərbaycanda indiyə qədər belə hadisə olmamışdı – Əbdül Qafarzadə bunu dəqiq bilirdi və elə buna görə də Cinayət Məcəlləsinin 231-ci maddəsində belə bir işdən ötrü cəmi 2 il həbs cəzası nəzərdə tutulurdu. Pudlarla qızılın müqabilində cəmi 2 il həbs – bu lap gülməli idi... Hərgah bu işin üstü açılsaydı da, – amma Əbdül Qafarzadə bu əməliyyatı elə tədbirlə keçirə bilərdi ki, heç vaxt üstü açılmazdı – hər halda, açılsaydı da, Əbdül Qafarzadə elə Mirzəibinin özünə tapşırardı ki, get, başına dönüm sənin, iki ili yat, bu da əvəzində sənin üçün bir pud qızıl! Qalan ömrünün sonuna kimi ye iç, kef elə...
    Düz üç il idi ki, bu fikir Əbdül Qafarzadəyə rahatlıq vermirdi və kişi bütün həyatında, bütün fəaliyyətində ilk dəfə qəti bir qərara gələ bilmirdi və bundan əzab çəkirdi. Əlbəttə, dünyada gor eşməkdən murdar bir iş ola bilməzdi, amma o biri tərəfdən də baxanda, axı, bu qədər qızıldan (havayı, tamam havayı qızıldan!) keçmək də düzgün deyildi; o rəhmətliklərin ki, indi az qala sümükləri də çürüyür (heç çürüməsin! nə fərqi var? Dünən ölən adamla, 1913-cü ildə bu dünyadan getmiş və Tülkü Gəldi Qəbiristanlığında torpağa tapşırılmış o Məşədi Mirzə Mir Abdulla Məşədi Mir Məmmədhüseyn oğlu arasında heç bir fərq yox idi, ikisi də haqq dünyasında idi...), indi o qızıl diş protezlərinin onlar üçün nə əhəmiyyəti, nə mənası var? Əbdül Qafarzadə dəfələrlə özü özünün bu sualına cavab verirdi ki, heç bir mənası və heç bir əhəmiyyəti yoxdur! Amma yenə də qəti qərara gələ bilmirdi... Yenə o dözülməz, hər dəfə ürəyinə saplağına qədər xəncər soxan o dəli hiss bir ildırım kimi, Əbdül Qafarzadənin içindən keçdi: bu torpağın altında onun öz balası da yatır və onun balasının da qızıl dişləri var idi...
    Bilirdi, bilirdi ki, ayaqları onu hara aparır, bilirdi ki, niyə hər dəqiqədə bir ovqata düşür, bilirdi ki, o yazığın qəbri çəkir onu, yəqin elə gecə ikən, elə yuxuda ikən o yazığın qəbri sövq-təbii onu özünə çəkirmiş və sübh tezdən birdən-birə ovqatının o cür təlx olması da yəqin elə həmin sövq-təbiinin nəticəsi idi... Düz altı il bundan əvvəl o soyuq dekabr günü Orduxanı da burada, bu Tülkü Gəldi Qəbiristanlığında dəfn eləmişdilər və Orduxanın qəbri qəbiristanlığın yuxarı hissəsinin qurtaracağında, kiçik bir təpəciyin üstündə idi, o təpəcəyin arxa tərəfi Sulu dərə idi, qarşıda bütün qəbiristanlıq, qəbiristanlıqdan aşağıda isə bütün şəhər görünürdü. O vaxt Əbdül Qafarzadə özü bu yeri seçmişdi, bu yerin axar-baxarlı olması, elə bil ki, nə isə kiçicik bir təskinlik idi.
    Əbdül Qafarzadə əvvəlcə Orduxanın qəbrini elə düzəltdirmək istəyirdi ki, həmin qəbir dünyadan nakam getmiş o gözəl, o günahsız məxluqa layiq olsun, bütün başqa qəbirlərdən seçilsin, istəyirdi burada elə bir abidə ucaltsın ki, o abidənin yüz illərlə ömrü olsun, Bakının ən görkəmli – Babəkin, Koroğlunun, Leninin, Kirovun, əvvəllər isə Stalinin heykəllərinə görə yüksək adlar, böyük mükafatlar almış – heykəltəraşlarını, arxitektorlarını bu işə cəlb etsin, lap gedib Moskvadan məşhur sovet sənətkarlarını bu işdən ötrü Bakıya gətirsin, amma yavaş-yavaş həmin istək soyudu və Əbdül Qafarzadənin həmişə ayıq olan zehni bu dəfə də o ehtiraslı atalıq hissini üstələdi; o cür dəmdəstgahlı qəbir, əlbəttə, camaatın diqqətini cəlb edəcəkdi, söz-söhbətə səbəb olacaqdı, toyda da deyəcəkdilər, yasda da və əlbəttə, ayda 135 manat maaş alan bir adamın camaatın gözü qabağında öz oğlu üçün o cür cəh-cəlallı bir qəbir düzəltdirməyi düzgün deyildi...
    Kapitalist ölkəsi olsaydı, Türkiyə, Iran olsaydı, başqa məsələ... Sovet Ittifaqı qəribə bir ölkə idi, burada hökuməti də, camaatı da aldada-aldada nə qədər istəsən şəxsi varidat qazanmağa imkan, şərait var idi, amma o varidatı açıq xərcləməyə imkan yox idi... Hər halda, ehtiyatlı olmaq lazım idi – dünyada hələ heç kim ehtiyatdan zərər çəkməmişdi...
    Orduxanın qəbri sadə, səliqəli və yaraşıqlı idi... Yaşıllıq, güllər, çiçəklər, kiçik bir çarhovuz, çarhovuzun yanında hələ qol-qanaq açmamış sütül bir söyüd ağacı, bir az aşağıda yayda qıpqırmızı güllər açan, payızda ovuc dolusu iri-iri bar gətirən nar ağacı, o nar ağacının yanında ağ mərmərdən sinə daşı, çəhrayı qranitdən başdaşı və üstündə də yazı:

QAFARZADƏ ORDUXAN ƏBDÜLƏLI OĞLU
(1951-1976)


    Hər dəfə çəhrayı qranitin üstündə həkk olunmuş bu yazını oxuyanda Əbdül Qafarzadənin bütün bədəni uçunurdu, altıncı il idi keçirdi, amma kişi heç cürə bu yazıya alışa bilmirdi, onun şüuru, əlbəttə, dərk edirdi ki, bu çəhrayı qranitin, bu ağ mərmər daşın altındakı onun balasıdır, amma ürək bunu heç vəchlə qəbul eləmirdi. Həmin aprel günü Əbdül Qafarzadə yenə də o çəhrayı qranitlə üzbəüz dayandı, dəsmalını cibindən çıxarıb çeşməyinin şüşələrini sildi, yenidən çeşməyi gözunə taxdı və indi o çeşməyin tərtəmiz şüşələrinin arxasından baxan o boz gözlərdə bir dünya dərd, ələm var idi.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.01.2014) | Müəllif: R.C E W
Baxış: 570 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more