Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölüm hökmü-8
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>

    Xosrov müəllimin arvadının adı Gülzar idi, uşaq bağçasında tərbiyəçi işləyirdi və Xosrov müəllim dünyanın ən qəribə bir təsadüfü nəticəsində Gülzar xanımla tapışandan sonra elə bil ki, illərdən bəri dəmir çərçivəyə salınmış bütün hissləri, bütün düşüncələri azadlığa çıxmışdı. Hadrutdan sonra Xosrov müəllim nəinki hansı bir xoşbəxtliyisə arzulayırdı, hətta belə bir arzuya iddiası da yox idi, amma elə ki, Gülzar xanım birdən-birə, tamamilə, gözlənilmədən onun həyatının bir parçasına çevrildi, məlum oldu ki, əslində, Xosrov müəllimin bütün hiss-həyəcanı, bütün bədəni belə bir xoşbəxtliyin, belə bir məhəbbətin həsrətində imiş. Hadrut və Hadrutdan sonrakı illər Xosrov müəllimi o qədər əzmişdi, o qədər yormuş, incitmişdi ki, indi həmin yorğunluğun, həmin acının yavaş-yavaş bədənindən çıxmasını, az qala, cismani hiss edirdi.
    Gülzar xanım yeddi ildən sonra uşağı olmadığı üçün, kişi bərbərxanasında dəllək işləyən birinci ərindən ayrılmışdı (o dəlləyin indi ikinci arvadından dörd uşağı vardı) və uşaq bağçasında tərbiyəçi işləsə də, əslində, səliqə-səhmanlı ev-eşik saxlamaqdan ötrü, ərdən ötrü yarandığı üçün, bütün fikrini-zikrini, bədənini çuğlayan qızğın hissləri öz içində boğa-boğa düz yeddi il tək yaşamışdı, bu müddətdə bu yaraşıqlı, ətli-qanlı qadına tamah salan çox olmuşdu, amma Gülzar xanım o adamların heç birini yaxına buraxmamışdı, hisslərin əlində yanıb-yaxılsa da, həyasından keçməmişdi və birinci əri o dəlləkdən sonra heç bir kişi ilə bir yastığa baş qoymamışdı. Qonşuluqda yaşayan Xosrov müəllim də birdən-birə, tamamilə, gözlənilmədən Gülzar xanımın həyatına daxil olmuşdi və tək yaşadığı o yeddi ilin xəyalları, şirin yuxuları bu iki ayda Gülzar xanım üçün həqiqətə çevrilmişdi. Xosrov müəllim ev yiyəsi və kişi idi, eyni zamanda, Xosrov müəllim – bu uzunboylu, ağsaçlı adam – Gülzar xanım üçün, elə bil ki, həm də övlad idi: bu iki ayda Gülzar xanım Xosrov müəllimə əri və övladı kimi xidmət edirdi.
    Xosrov müəllim əlini mizin altında Gülzar xanımın ağappaq və dolu əlinin üstünə qoydu; əlbəttə, bunu heç kim görmədi, amma Gülzar xanımın qırmızı yanaqları daha da pörtdü və bu qadında birdən-birə dəli ehtiras yarandı ki, indicə ərini qucaqlayıb bağrına bassın; gicgahı nəbz kimi vurmağa başladı və özünü güclə saxladı, əlini isə Xosrov müəllimin quru, amma hərarətli əlinin altından çəkmədi. Məclisin gərginliyi yavaş-yavaş ötüb keçirdi və Kələntər müəllim yenə də ayağa qalxdı, yenə də içinə konyak süzdüyü qədəhi əlinə götürdü, amma altdan yuxarı Kələntər müəllimə baxan Xıdır müəllim bu dəfə də birdən-birə ayağa qalxdı:
    – Əziz dostlar!– dedi. – Tamadadan min dəfə üzr istəyirəm ki, onu afsaytda qoyuram. Ancaq ürəyimə bir gözəl sağlıq gəlib ki, onu da bu gözəl məclisdə mən deməliyəm! Bu qədəhləri qaldıraq yoldaş Stalinin yaxın silahdaşı və tələbəsi, Azərbaycan bolşeviklərinin sevimli rəhbəri, Azərbaycan zəhmətkeşlərinin qayğıkeş atası, əziz Mir Cəfər Bağırov yoldaşın sağlığına! Yaşasın, min yaşasın yoldaş Mir Cəfər Bağırov!
    Yenə də məclisə bir anlıq sükut çökdü, amma bu dəfə Xıdır müəllim qədəhi o saat başına çəkmədi, nə isə hiss edib dayandı, bir-bir mizin arxasındakı adamlara baxdı.
    Xosrov müəllim heç vəchlə əlini mizin altında Gülzar xanımın əlinin üstündən çəkmək istəmirdi, amma birdən-birə, tamamilə, gözlənilmədən, tamamilə, qəflətən Xosrov müəllimə elə gəldi ki, yenə də Hadrutdakı o tonqalı görür, hətta o tonqalın istisini hiss etdi, bu isti, Gülzarın əlinin hərarətini çəkib Xosrov müəllimin ovucundan çıxartdı; bu həmin tonqalın istisi idi ki, illərdən bəri gecə yatdığı çarpayıda da, gündüzlər dərs dediyi sinif otağında da Xosrov müəllimi təqib etmişdi və bu məclisdə oturanlardan heç kimin, hətta, Gülzarın da o təqibdən, o təqibin ağrısından-acısından xəbəri yox idi. Xıdır müəllimin indicə dediyi sağlıq Xosrov müəllimin Gülzarla birlikdə bu iki aylıq həyatına o qədər yad idi, Gülzarla birlikdə, əslində, ilk dəfə cəmiyyət içinə çıxdığı bu məclisdəki hisslərinə, həyəcanına o qədər yabançı idi ki, heç özü də bilmədi ki, birdən-birə necə ayağa qalxdı və Xıdır müəllimə baxa-baxa əsəbdən titrəyən bir səslə:
    – Mir Cəfər Bağırov yoldaş bizim rəhbərimizdi, düzdü, – dedi. – Amma niyə qoymursuz səhərdən bəri bu gözəl qızın – Xosrov müəllim uzun qolunu qaldırıb barmağı ilə Arzunu göstərdi – sağlığına içək, bu gözəl qızı təbrik edək. Bu dəfə o balaca otağa elə dərin bir sükut çökdü ki, məclisdəkilərin, o cümlədən də Xıdır müəllimin gözləri elə bərələ qaldı ki, özündən asılı olmayaraq, Xosrov müəllimin dizləri titrəməyə başladı, nə dediyini, necə bir iş gördüyünü, elə bil ki, indi başa düşdü və həmin məqamda ilk özünə gələn adam yenə də Ələsgər müəllim oldu, tələsik ayağa qalxdı:
    – Bir dəqiqə, bir dəqiqə, Xosrov müəllim, – dedi və həyəcandan udqundu. – Arzu qaçmır ki, buradakı özümüzünküdü, sağlığına da içəcəyik, təbrik də edəcəyik. Ancaq bu qədəhləri qaldıraq Xıdır müəllim deyən sağlığa. Doğrusu, bizi qabaqladı Xıdır müəllim, yaxşı da elədi... hamımızın ürəyindən dedi, sənin də ürəyindən dedi, Xosrov müəllim. Sağ olsun yoldaş Mir Cəfər Bağırov, onun sağlığına. O böyük insan başımızın üstündən əskik olmasın, həmişə bizə bu cür müdrik rəhbər olsun. Həmişə bizə yol göstərsin!
    Mizin arxasında əyləşənlər yenə də bir nəfər kimi ayağa qalxıb qədəhləri başlarına çəkdilər və Xosrov müəllim də birdən-birə titrəməyə başlamış əlini uzadıb mizin üstündəki qədəhi götürdü, arağı Mir Cəfər Bağırov yoldaşın sağlığına içdi. Xosrov müəllim başa düşmüşdü ki, səhv edib, bağışlanmaz bir səhv buraxıb və bu səhv ona çox baha başa gələ bilər. Gülzarı ondan ayıra bilər və Xosrov müəllim ölməyə hazır idi, amma yenə də tək yaşamaq istəmirdi, bu iki ayın istisinin yenə də həmişəlik bir keçmişdə qalmasını istəmirdi.
    Bundan sonra məclis heç cürə əvvəlki həvəsi, əvvəlki şövqü bərpa edə bilmədi; mizin arxasında əyləşən qonaqlar, elə Ələsgər müəllim də, Firuzə xanım da tez-tez ürkək nəzərlərlə Xıdır müəllimə tərəf baxırdı: Xıdır müəllim qaş-qabağını sallayıb papiros çəkirdi və heç kimə baxmır, heç bir söz demirdi.
    Xosrov müəllimin bütün içindən dəhşətli bir qorxu hissi baş qaldırmışdı və o tonqalın istisi, elə bil ki, bədəninin tüklərini ütürdü, elə bil ki, o bir nəfərin iki əlilə də başı üstündə fırlatdığı o məşəl indicə bütün sir-sifətini yandıracaqdı və Xosrov müəllim yenə də udqunduqca, uzun və ucu iti hülqumu enib-qalxdıqca adama elə gəlirdi ki, bu adam başdan-başa əzab-əziyyət içindədi.
    Təkcə Gülzar xanım, elə bil ki, heç nə başa düşmürdü (və yəqin elə doğrudan da belə idi!), eləcə gülümsəyirdi, eləcə məhəbbət, nəvaziş dolu nəzərlərlə ərinə baxırdı, sonra Gülzar xanım özü əlini mizin altında Xosrov müəllimin əlinin üstünə qoydu, amma Xosrov müəllim daha o əlin hərarətini hiss etmədi.
    Ələsgər müəllim dedi:
    – Indi Arzudan xahiş edək bir şer oxusun!
    Arzu özünün beləcə ad günlərində təzə əzbərlədiyi şerlər oxuyurdu və bu şerlər siyasi-ictimai mövzularda olurdu, çünki Arzu siyasi-ictimai mövzulu şerləri xoşlayırdı; həmin qış axşamı da ayağa qalxıb əllərini arxasına qoydu, ütülənmiş qırmızı ipək qalstuklu sinəsini irəli verdi və hər bir sözü xüsusi vurğu ilə tələffüz edə-edə şer dedi:
    Bəşər dühasının sönməz ulduzu,
    Əziz rəhbərimiz, atamız Stalin!
    Ürəyimiz, sevgimizin sonsuzu
    Bil ki, əzəl gündən sənindir, sənin!
    Ey bütün ellərin şöhrəti, şanı,
    Aparırsan bizi zəfərlərə sən!
    Əməlin qərq edib nura cahanı!
    Bir nəğmə çağlayır mənim sinəmdən:
    Eşq olsun Stalinə!
    Yaşasın Stalin!
    Həyatın mənası,
    Məzmunudur o!
    Arzu şeri deyib qurtaran kimi, hamı əl çaldı və Ələsgər müəllim fürsətdən istifadə edib Xıdır müəllimə baxa-baxa bir daha yoldaş Stalinin şərəfinə sağlıq dedi və yenə də hamı, o cümlədən, Xosrov müəllim ayağa qalxıb qədəhləri dibinəcən içdilər.
    Arzu isə indi rus dilində bir şer söyləmək istəyirdi. Bu şeri keçən il «Oqonyok» jurnalında oxuyub əzbərləmişdi, oradakı bir parça, xüsusilə, xoşuna gəlirdi və Arzu yenə də hər sözü xüsusi vurğu ilə tələffüz edə-edə dedi:
    – Osip Kolıçev. «Priqlaşeniye k pesne». Otrıvok iz stixotvoreniya.
    Vı bıli vçera
    Bezımennı,
    Sedaya zurna
    Suleymana, Djambula
    Sedaya dombra...
    Tak poyte je
    Stalinu
    Slavu
    Stixami,
    Podobnımi splavu
    Zolota i serebra!..
    Yenə hamı əl çaldı və Ələsgər müəllim fikirləşdi ki, görəsən, yenə də qalxıb Stalin yoldaşın sağlığına içsinlər, yoxsa yox? Yox, lazım deyildi, bu lap ağ olardı və Ələsgər müəllim qaş düzəltdiyi yerdə vurub gözü də çıxarardı.
    Əlbəttə, Arzunun bu cür şerlər əzbərləməyi, əslində, Ələsgər müəllimin ürəyincə deyildi, amma nə etmək olardı, Arzu zəmanə uşağı idi və bu axşam Arzunun bu iki şeri söyləməyi lap yerinə düşdü; Xıdır müəllim, hər halda, tamam eşşək deyildi, qoy başa düşsün, görsün ki, məktəb müdirinin ailəsi necə ideyalıdır və Xosrov müəllimin bayaqkı hərəkəti də təsadüfi bir şeydir.
    Əvvəlcə, o vaxtlar ki, Əvəz bəy hələ ingilis casusu və terrorçu kimi ifşa olunmamışdı, belə ad günlərindən birində Arzu əllərini arxasında tutub, sinəsini qabağa verib (onda hələ pioner deyildi) əziz Stalin baba haqqında əvvəlcə Azərbaycan dilində, sonra da rus dilində şerlər deyəndə Əvəz bəy (Ələsgər müəllimin yanında oturmuşdu) dodaqaltı pıçıldadı: «–Yaxşı ki, fransız dilində də belə şerlər demir». Onda Ələsgər müəllim özünü eşitməzliyə vurdu, amma bir müddət ürəyi nigarançılıqla döyündü, diqqətlə mizin arxasında oturanlara, xüsusən, Əflatun müəllimə baxdı –yox, Əvəz bəyin o pıçıltısını heç kim eşitməmişdi və Əflatun müəllim də içib keflənmişdi, dünya da vecinə deyildi. Bu hadisə o vaxt olmuşdu – üç il bundan əvvəl, o vaxt heç kim Əvəz bəyin pıçıltısını eşitməmişdi, amma buna baxmayaraq, Əvəz bəy indi həyatda yox idi. Əvəz bəy güllələnmişdi və güllələnəndən sonra da məktəbdəki iclaslarda, mitinqlərdə, «izhari-nifrət» yığıncaqlarında hamı, o cümlədən, Ələsgər müəllim Əvəz bəyin adını çəkir, onu dönə-dönə ifşa edir, sayıq olmağa, maskalanmış xalq düşmənlərini görməyə çağırırdı. Pıçıltını eşitmək vacib deyildi, bəzən Ələsgər müəllimə elə gəlirdi ki, əlaqədar orqanlar uzaqdan-uzağa adamın ürəyinə də girir, düşüncəsini də oxuyur və həmin vaxtlar Ələsgər müəllimin bütün əhvalı pozulurdu, güclə özünü ələ alırdı, Əflatun müəllimi tovlaya-tovlaya, qoltuğuna verə-verə, pişim-pişimlə məktəbdə camaatı yola verirdi.
    Arzunun on yaşı tamam olduğu həmin qarlı qış axşamı Xıdır müəllim eləcə papiros çəkir, hərdənbir araq içir, danışmır və fikirləşirdi. Xıdır müəllim dünyanın işləri barədə, insanların naşükürlüyü barədə, qeyrətsizliyi, vicdansızlığı barədə fikirləşirdi. Inqilabdan əvvəl biz nə idik? Heç nə, bir nəfər də fərli idmançımız yox idi. Bu boyda Azərbaycanda beş-altı dənə pəhləvan var idi, beş-altı dənə də ağırlıq qaldıran, vəssalam! Onlar da primitiviydi, beynəlxalq arenaya çıxmamışdılar.
    Bakının cəmi-cümlətani ikicə dənə idman klubu var idi: «Sokol», bir də ki, «Unitas», vəssalam. Elə Rusiyanın özündə nə var idi? Bircə Poddubnıydı, bir də ki, Zaikin də, başqa nə varıydı. Yoldaş Stalin ölkədə bədən tərbiyəsini bu cür inkişaf elətdirdi!.. Indi ölkədə altmış minə (minə!) qədər bədən tərbiyəsi kollektivi var, idmançıların sayı beş milyona yaxındı, minə qədər idman zalı var, stadionların sayı üç yüzü (üç yüzü e!) ötüb! Daha nə istəyirsiz, ay qeyrətsizlər?! Sovet gimnastları Antverpendə Üçüncü Fəhlə Olimpiadasında iştirak etdi! Bu qədər yüksəlişi görməmək olar? Kim eləyib bizim bu yüksəlişimizi? Yoldaş Stalin! Bəs Azərbaycanda kim eləyib bunları? Yoldaş Mir Cəfər Bağırov! Gimnastika, yüngül atletika, basketbol, voleybol... Inqilabdan əvvəl varıydı bunlar? Allahın topu yox idi, cındır əsgiləri basırdılar girdə torbanın içinə, ağzını tikirdilər, guya ki, topdu, Kömürçü meydanında futbol oynayırdılar... Bəs indi necə olur ki, adını da müəllim qoymusan, yeni nəsil tərbiyə edirsən, ay Xosrov müəllim, adamın dili də gəlmir sənə müqəddəs sovet müəllimi sözünü desin! – o boyda kişinin, o boyda rəhbərin sağlığına içmirsən? Üzdən baxırsan ki, fağırın biridi, amma, əslində, vələdüznanın cövhəridi bu Xosrov müəllim. Görmürsən zaraza, gedib özünə necə arvad tapıb alıb? Arvad deyil, balıqdı köpək qızı!..
    Xıdır müəllim nifrət dolu nəzərlərlə Xosrov müəllimə baxdı və Xosrov müəllim də bu baxışların altında ağappaq ağardı, hiss etdi ki, kiçilir, tamam balacalaşır və dünyanın hər üzünü görmüş bu adam Xıdır müəllimin həmin baxışları altında az qaldı ağlasın. Xosrov müəllim sövq-təbii hiss edirdi: elə bir səhv buraxıb ki, bunun axırı mütləq pis qurtaracaq; iki aydı ki, Xosrov müəllim hər dəfə evdən çıxıb məktəbə gedəndə (məktəbdən başqa bir yerə getmirdi) Gülzarla bir yerdə yatdıqları çarpayıdakı döşəyin, balıncın o mehriban, o sevimli istisini də özü ilə aparırdı, sinifdə uşaqlara dərs keçirdi, amma boynunun ardında, kürəyində o istini hiss edirdi, o balınc istisi də, o döşək istisi də, əslində, Gülzar xanımın sim kimi tarım çəkilmiş, dolu və hamar bədəninin istisi idi və Arzunun on yaşının tamam oduğu həmin qış axşamı Xosrov müəllimə elə gəlirdi ki, o istini güclə onun bədənindən, hisslərindən dartıb çıxarırlar.
    Kələntər müəllim bir az içəndən sonra, dostluqdan, etibardan, vəfadan, səmimilikdən, xeyirxahlıqdan gözəl sözlər dedi. Füzulidən və Seyid Əzim Şirvanidən müdrik misallar söylədi, Ələsgər müəllim məclisin siyasi səviyyəsini qaldırmağa çalışa-çalışa bir bəhanə tapıb yenidən Mir Cəfər Bağırov yoldaşın şərəfinə sağlıq dedi (və mizin arxasındakıların hamısı ayağa qalxıb qədəhlərini dibinəcən boşaltdılar), sonra Bakı ilə, Azərbaycan bolşevikləri ilə xüsusi bağlı olduqları üçün, yoldaş Stalinin yaxın silahdaşlarından və şagirdlərindən yoldaş Anastas Ivanoviç Mikoyanın və yoldaş Lavrenti Pavloviç Beriyanın şərəfinə sağlıq dedi, mizin arxasında əyləşənlərin də hamısının haqqında ayrı-ayrılıqda sağlıqlar deyildi (bircə Xosrov müəllim və Gülzar xanım haqqında heç kim, o cümlədən, Ələsgər müəllim də cəsarət edib sağlıq demədi), hətta Firidun müəllim iki-üç xalq mahnısı da oxudu, amma bütün bunlara baxmayaraq, məclisdəki o gizli, o üstüörtülü gərginlik axıradək davam etdi. Təkcə Gülzar xanım dünyadan xəbərsiz idi, hətta sağlıqlarına söz deyilmədiyi də bu qadına təsir etməmişdi, eləcə mehribanlıqla, eləcə səmimiyyətlə hamının üzünə gülümsəyirdi, eləcə məhəbbət dolu gözləriylə Xosrov müəllimə baxırdı və Gülzar xanımın iri, qara gözlərinin dərininə çökmüş və o iri qara gözləri işım-işım işıldadan o xoşbəxtlik, o səadət də bütün məclis boyu o qadınla birgə oldu. Xıdır müəllim isə bütün idmançı iradəsini toplayıb özünü məcbur etdi ki, məclisin axırına qədər otursun və hamı ilə birlikdə bu mizin arxasından qalxsın, yoxsa belə çıxardı ki, Xıdır müəllim meydandan qaçır; yox, Xıdır müəllim meydandan qaçmayacaqdı, çünki rəqibin qarşısından geri çəkilmək, güzəştə getmək Xıdır müəllimin idmançı təbiətinə zidd idi, bu adamlar hələ Xıdır müəllimi yaxşı tanımırdılar.
    Gecə qonaqlar dağılandan sonra, Ələsgər müəllim, elə bil ki, bütün məclis boyu oynadığı roldan çıxa bilmirdi, şəstlə Arzudan soruşdu:
    – Hə, necə oldu? Gördün sənin yubileyini necə keçirtdik?!
    Arzu başı ilə təsdiq edə-edə:
    – Hə, yaxşı oldu, – dedi. – Ancaq divar qəzetində Xosrov müəllimi də tənqid edəcəyəm.
    Ələsgər müəllim hiss etdi ki, qızarır:
    – Niyə?
    – Bəs görmədin?
    – Nəyi?
    – Stalin babanın sevimli şagirdi Mir Cəfər Bağırovun sağlığına içmədi!
    Həmişə təmkinli Ələsgər müəllim o qədər yanıb-yaxıldı ki, özünü saxlaya bilmədi, əməlli-başlı hirsləndi:
    – Ay qız, sən necə adamsan? Bəs, o sənin sağlığına içmək istəyirdi də!
    – Nolsun? Sən özün dedin ki, mənim sağlığıma həmişə içmək olar. Ancaq rəhbərlərin sağlığına birinci içmək lazımdır. Sən də bir şeyi düz eləmədin.
    – Mən? Mən nəyi düzgün eləmədim?
    – Sən dedin ki, Arzu özümüzünküdür, onun sağlığına sonra içərik. Belə çıxır ki, rəhbərlər özümüzünkü deyil...
    Ələsgər müəllimin matı-qutu qurudu:
    – Mənim daha sənə heç bir sözüm yoxdur...
    – Nədi? Düz demirəm? Rəhbərlər özümüzünkü deyil?
    Ələsgər müəllim özünü ələ aldı:
    – Özümüzünküdü, əlbəttə... Ola bilsin ki, mən fikrimi düzgün çatdırmamışam.
    Amma sən də Xosrov müəllimi düz başa düşməmisən. Xosrov müəllim o cürə demək istəmirdi...
    – Bəs necə demək istəyirdi?
    – Istəyirdi ki... Bilirsən, elə şeylər var ki, sən hələ balacasan, başa düşmürsən...
    – Başa düşmürəm?
    – Başa düşmürsən... Sən ağıllı qızsan, amma elə şeylər var ki...
    – Çox yaxşı. Onda bizim divar qəzetimizdə sən mənə cavab yazarsan!
    – Belə şeyləri yazmaq olmaz.
    – Niyə?
    Ələsgər müəllim gəlib qızının yanında oturdu, Arzunu öpdü, Arzunun xoşladığı maraqlı hadisələrdən danışmağa başladı, Arzunun fikrini yayındırmaq istədi, Firuzə xanım (fikrində Xıdır müəllimin yeddi arxa dönənini söyə-söyə) mətbəxdə çəngəl-bıçağı, boşqabları yuyub quruladıqca, Ələsgər müəllim Arzuya xoş sözlər dedi və birdən-birə özü də hiss etdi ki, o qarlı qış gecəsi qızına yaltaqlanır...
    Səhəri gün o qar yenə də hər tərəfi eləcə bürümüşdü, amma o qarın ağlığı, elə bil ki, dünən axşamkı təmizliyini itirmişdi və Ələsgər müəllimə elə gəlirdi ki, qarın o ağlığı nəsə gözəgörünməz bir çirkabla örtülüb; elə bil ki, o qar irin idi, nazik pərdəsini partladıb ətrafı batıracaqdı.
    Ələsgər müəllim gecəni çox narahat keçirmişdi, çarpayıda uzanıb hər iyirmiotuz dəqiqəlik mürgüdən, yüngül yuxudan sonra diksinib, ayılıb özünə ürək-dirək vermişdi: «Heç nə olmaz. Nə olacaq axı? Lap gözəl qonaqlıq keçdi. Bir söz idi dedi də... Sonrası yaxşı oldu, hər şeyi yuyub apardı. Dördgözün (Mir Cəfər Bağırov eynək taxdığı üçün camaat hərdən öz-özünə fikirləşəndə, ən yaxın, ən etibarlı adamla o tərəf-bu tərəfə baxa-baxa pıçıltıyla danışanda onu belə adlandırırdı: dördgöz) sağlığına iki dəfə içildi... heç nə olmaz...» və Ələsgər müəllim səhər qalxıb o soyuq havada mətbəxdəki əlüzyuyanın altında möhkəmcə yuyundu (soyuq havalarda heç vaxt belə yuyunmazdı), o soyuq su, elə bil, kişiyə bir toxtaqlıq, bir təpər verdi, amma evdən çıxıb ayağının altındakı qarı xırçıldada-xırçıldada məktəbə yaxınlaşdıqca, o nigarançılıq yenə də artmağa başladı.
    Məktəbdə Ələsgər müəllimin müdir otağına birinci girən adam Kələntər müəllim oldu və Kələntər müəllim o səhər çağı dünyanın ən qayğılı adamlarından biri idi.
    – Yaxşı məclis keçirdik. O gün olsun ki, Arzu balanın iyirmi illiyini keçirək!
    – Çox sağ ol...
    – Firuzə xanımın da süfrəsinə söz ola bilməz.
    – Hə. – Ələsgər müəllim gülümsədi, amma ürəyi daha artıq bir narahatlıqla döyündü, çünki Ələsgər müəllim gözlərindən görürdü ki, Kələntər müəllim də çox nigaran bir gecə keçirib.
    – Çox yaxşı keçdi məclis... – Kələntər müəllim gözlərini Ələsgər müəllimin gözlərindən yayındırdı. – Ancaq... bu zalım oğlu zalım Xosrov müəllimin başına Allah bir az ağıl qoysun...
    – Fikir vermə, keçdi, getdi... Bu barədə nə qədər az söhbət olsa, bir elə yaxşıdı... Guya ki, heç nə olmayıb, üstünü vurma!..
    – Mən harda vuracağam üstünü? – Və birdən-birə o əhli-kef, o zarafatcıl, nikbin Kələntər müəllimin dodaqları tutrədi. – Qorxuram!.. – dedi. – Qorxuram!.. Yeddi qızın atasıyam...
    Ələsgər müəllim həmişə müdir otağındakı mizin üstündə olan qalın şüşə qrafindən stəkana su töküb Kələntər müəllimə yaxınlaşdı və suyu Kələntər müəllimə uzatdı:
    – Sakit ol, əşşi!.. Nə olacaq sənə? Sənə nə dəxli var? Qazan qaynasa, o bədbəxt oğlu Xosrovun başında qaynayacaq də...
    – Deyirsən mənə dəxli yoxdu?
    – Əlbəttə!
    – Bəs sənə?
    Ələsgər müəllim təəccüb etdi və ürəyi daha şiddətlə vurmağa başladı:
    – Mənə? Mən də sənin kimi. Mənə də dəxli yoxdu!..
    – Axı, sənin evində olub!..
    – Nə olsun?
    Suyu içəndən sonra bir az özünə gəlmiş Kələntər müəllim çiynini çəkdi, sonra söruşdu:
    – Necə bilirsən, o köpək oğlu Xıdır gedib xəbər verəcək? – Köhnə bakılı olduğu üçün Bakı sakinlərinin çoxunu tanıyan Kələntər müəllim: – Bunlar, – dedi, – Xıdırgil nəsillikcə pis adam olublar!.. Bunun atası hambal Orduxan, deyirlər, bir kasa bozbaşdan ötrü hazırmış bütün Bakını satsın!..
    Ələsgər müəllim bir söz demədi; əslində, bu kabinetə girən kimi, Xıdır müəllimi çağırmaq istədi, amma çağırmadı, fikirləşdi ki, «qarğa, məndə qoz var» olar. Xıdır müəllim olanda nə olar, o da adamdı, o da başa düşə bilər ki, başqalarını bədbəxt eləmək olmaz, ailələri var, uşaqları var, onları didərgin salmaq olmaz. Kələntər müəllimdən sonra, Firidun müəllim həyəcanla kabinetə girdi:
    – Bu əclafı görürsən?! Ələsgər müəllim, əlbəttə, bilirdi ki, söhbət kimdən gedir, amma Firidun müəllim həmişə ədəb-ərkanla danışan mədəni bir adam idi və onun beləcə həyəcanlanması, beləcə söyməsi Ələsgər müəllimin, onsuz da, pozulmuş əsəblərini daha da gərginləşdirdi:
    – Kimi söyürsən? Nolub axı, sizə? Kimi deyirsən?
    – Necə kimi? Xıdırı! Indicə yaxınlaşıb məndən soruşur ki, dünənki hadisəni bu gün partbüronun iclasına qoyacaqsan, yoxsa yox? Özü də elə-belə soruşmur e, hədəylə soruşur...
    Ələsgər müəllim özünü saxlaya bilmədi:
    – Bay sənin imanına tüpürüm!..
    – Sən də belə adamı məclisə çağırırsan...
    – Sizə görə çağırırdım də!.. Deyirdim ki, bu imansızın sizlərdə işi olmasın!.. Mən nə bilim ki, Allah Xosrovun ağlını başından alıb? Nə bilim, qanadıma baxmışdım?
    Firidun müəllim kabinetdən çıxanda Ələsgər müəllim birdən-birə Əvəz bəyi xatırladı, daha doğrusu, Əvəz bəyin arvadını, qızını yadına saldı; indi Əvəz bəyə nə vardı ki, bu dünyaya bir gün gələn bir gün də köçəsi idi, dərd o arvadın, o qızın dərdi idi, xalq düşməninin ailəsi kimi, evsiz-eşiksiz didərgin düşmüşdülər, bax, bu yerdə deyiblər ki, vay qalanın halına... O tək arvad, o tək qız indi Qazaxıstanın o çöllərində nə eləyirdilər, hansı müsibətin içindəydilər?.. Indi bu nə işiydi belə, bu nə oyunuydu Xosrov çıxartdı?.. Taleyin işidi-nədi?..
    Əlibaba müəllim içəri girdi:
    – Salam.
    – Salam.
    – Nə var, nə yox?
    – Nə olacaq? Sağlığın...
    – Bilirsən nə var? Dünən içməyimə baxma, araq tutmurdu məni. Bütün gecəni fikirləşmişəm. Iyirmi ilin partiyaçısıyam! Uşaq döyüləm mən! Sinəmi qabağa verib Xosrovu müdafiə edəcəyəm! Mən hələ bolşevik vicdanımı itirməmişəm! Amma çoxları itirib! Çoxları çoxdan itirib!.. Mən...
    – Əşşi, hələ bir dayan görək də... – Ələsgər müəllim başa düşdü ki, Əlibaba müəllim də bütün gecəni özünə toxtaqlıq verib. – Nə olub?
    – Necə nə olub, a kişi, yatmısan? Bütün məktəb soruşur ki, dünən Ələsgər müəllimgildə nə hadisə baş verib helə? Xıdır yayıb hamıya... Kimi görür, deyir ki, baxarsız, nə oyun açacağam o uzun biqeyrətin, Xosrovu deyir, başına!..
    Ələsgər müəllim yenə də özünü saxlaya bilmədi:
    – Nə alçağıymış, ə, bu? – Həyəcandan Ələsgər müəllimin bütün içi əsirdi, özü də öz ürəyinin tıppıltısını eşidirdi və elə bil ki, bu dəm o uzaq Qazaxıstan çöllərindəki Əvəz bəyin arvadıyla qızı deyildi, Firuzə xanımla Arzu idi. Ələsgər müəllim yaşadığı illərin qorxusunu heç vaxt bu qədər dərindən hiss etməmişdi, fəlakəti bu qədər yaxında duymamışdı. Qazaxıstanın o kimsəsiz çöllərində, o qar çovğununun içində, şikara baxan canavar gözləri kimi, çılğın kişi gözlərinin, şəhvətli baxışlarının altında iki nəfər kök ana-balanın – Firuzənin və Arzunun güzəranı Ələsgər müəllim üçün o qədər gerçək göründü ki, kişinin ürəyi bulandı, alnını soyuq tər bürüdü, mədəsindən sancı tutdu.
    Ələsgər müəllim təcrübəli adam idi, özünü ələ almağı bacarırdı, ən çətin məqamlarda da tədbirlə hərəkət edirdi, amma həmin qış səhəri məktəbdə on səkkiz il əyləşdiyi o müdir otağında Ələsgər müəllim uşaq kimi tamam bir ümidsizlik içində batırdı.
    Bir müddət otağa heç kim girmədi, amma bütün o müddət ərzində Ələsgər müəllimə elə gəldi ki, kimsə qapının arxasında dayanıb, ürəyi döyünə-döyünə içəri girməyə cəsarət etmir; beləydisə də, belə deyildisə də, qapı açıldı, Xosrov müəllim içəri girdi, eləcə qapının ağzında dayandı.
    Ələsgər müəllim başdan-ayağa bir yazıqlıq içində olan bu uzun, arıq adama baxdı: dünənki şövqdən, dünənki xoşbəxtlikdən əsər-əlamət yox idi və elə bil ki, Xosrov müəllim əvvəlkilərə, yəni Gülzarla tapışmadığı vaxtlara nisbətən də daha artıq bir qaragünlük içində idi. Ələsgər müəllimə elə gəldi ki, Xosrov müəllimin o ağ saçları da, əslində, bu gecə ağarıb və elə bil ki, Ələsgər müəllim Xosrov müəllimə yox, sonu lap yaxın olan əlacsız bir xəstəyə baxır, hətta bir anlıq, cəmi bircə anlıq Ələsgər müəllimə elə gəldi ki, Xosrov müəllim tabutun içində uzanıb və o tabutu indi gətirib qapının ağzında dik qoyublar; kişi özü gözünün qabağına gələn bu görümdən diksinib ayağa qalxdı və gəlib Xosrov müəllimlə üzbəüz dayandı. – Əşşi, – dedi Ələsgər müəllim, – sənə nə olacaqdı o... o... – Ələsgər müəllim bu yerdə özünü saxladı, ürək eləyib ONU (dördgözü) söymədi, – onun sağlığına içsəydin? Hə? Istəmirsən, ürəyində başqa sağlığa iç də, sənin ürəyinə girən var?! Uşaqsan sən, hə? Bu qədər müddətdi sən bu zırıltını görmürsən? Hə? Indi də sarını udmusan!..
    Xosrov müəllim udquna-udquna, nazik boğazının uzun və iti hülqumu yuxarıaşağı qalxıb düşə-düşə:
    – Bilmirəm, – dedi, – vallah, bilmirəm necə oldu o sözlər ağzımdan çıxdı...
    Sizi də pis vəziyyətdə qoydum... Mən cəhənnəm, qorxuram sizə də söz gələ...
    Ələsgər müəllim bu dəfə əməlli-başlı səksəndi:
    – Bizə niyə? Biz nə etmişik ki?..
    Xosrov müəllim:
    – Nə bilim... – dedi. – Adamın ürəyinə hər şey gəlir...
    Bu vaxt kabinetin qapısı açıldı və gözlərindən qəzəb yağan Xıdır müəllim içəri girmək istədi, amma Ələsgər müəllimi Xosrov müəllimlə üzbəüz dayanmış görüb qapını bərk (nümayişkarcasına!) örtdü.
    – Bunu görmürdün orda sən, ay bədbəxt oğlu? – soruşdu.
    Ələsgər müəllim qapıdan gözünü çəkib yenə də Xosrov müəllimə baxa-baxa açıq-aşkar bir ümidsizliklə:
    – Bunu görmürdün orda sən, ay bədbəxt oğlu?– soruşdu. –Başına söz qəhətiydi sənin? Özün də təzə-təzə bədliyin daşını atmısan, təzə ailə qurmusan!.. Xosrov müəllim səhərə kimi yatmamışdı; qonaqlıqdan evlərinə gələndə əvvəlcə soyunub yerlərinə girdilər, tramvayla gəldikləri üçün soyuğa düşmüşdülər və bayırın o soyuğundan sonra dünyanın işlərindən xəbəri olmayan Gülzar xanım çarpayıda Xosrov müəllimi hamar dərili, dolu və isti qucağına basdı və o hamar dəri, o isti, o mehriban bədən Xosrov müəllimə hər şeyi unutdurdu, belə istinin, belə mehribanlığın içində Xosrov müəllimin iki aydan bəri davam edib gələn və bayaqkı məclisdə birdən-birə, az qala, tamam uzaqlaşıb getmiş o xoşbəxtliyi, elə bil, yenə də geri qayıtdı və o xoşbəxtlik məqamlarında Xosrov müəllim üçün dünyada nə Xıdır müəllim, nə Mir Cəfər Bağırov, nə də onun qorxusu var idi; Gülzarın tək-tənha yaşadığı o yeddi il ərzində öz içində əlbəyaxa olduğu, boğduğu hisslər indi hər dəfə təzə bir eşqlə qarşısını almaq istəmədiyi bir ehtirasla coşurdu və bütün bu iki ay ərzində onlar həmin eşqlə, həmin ehtirasla yaşayırdılar və həmin qarlı qış gecəsi də belə oldu, sonra Gülzar tamam taqətdən düşüb gözəl bir yuxu ilə yatdı və Xosrov müəllim iki ay bundan əvvələ qədər illərdən bəri tənha yaşadığı o balaca otağın qaranlığı içində lap başqa bir dünyanın – iki ay bundan əvvələ qədər Xosrov müəllim üçün səsçatmaz, ünyetməz bir dünyanın sirri, əfsanəsi kimi alaqaranlıqda Gülzarın ağ və dolu qollarına, iri və hərarətli döşlərinə baxdıqca birdən-birə yadına saldı ki, dünyada Xıdır müəllim var, dünyada Mir Cəfər Bağırov var və dünyada Xıdır müəllimlə Mir Cəfər Bağırov arasında – bu uzun məsafədə – get-gedə böyüyən, biri o birisindən uca elə adamlar (və o qədər adamlar!) var ki, Xosrov müəllim kimilərinin minini birdən büküb-bürmələyib maye azotun içinə basar, heç «uf» da deməz və o maye azotun soyuğu, elə bil ki, birdən-birə Xosrov müəllimin nəzərlərində Gülzarın isti bədənini buza çevirdi və indi o hamarlıq da buz hamarlığı idi.
    Xosrov müəllim səhərə kimi çarpayıda oturdu və həmin maye azot soyuğu içində ikisinin – Gülzarla Xosrov müəllimin arasına soxulmaq istəyən fəlakəti bir varlıq kimi hiss etdi. Hardasa uzaqlarda yanan o tonqalın şölələri də isti yox, həmin maye azot kimi, soyuq saçırdı...
    Xosrov müəllimə elə gəlirdi ki, səhər açılacaq və o yenə də Ovanesin faytonuna minib YENIDƏN evdən çıxacaq, o gedər-qayıtmaz səfəri YENIDƏN başlayacaq, uşaqlar yenə də həmin o səhərdə olduğu kimi, səs-küy salacaq:
    – «Ata, sağ ol!..» – Bunu Cəfər deyəcək...
    – «Ata, tez gəl!..» – bunu Aslan deyəcək...
    – «Ata... Ata...» – bunu da iki yaşlı Azər deyəcək və Şirin bir dolu parç suyu yenidən onun ardınca atacaq və sonra Şirin də, altı yaşlı Cəfər də, dörd yaşlı Aslan da, iki yaşlı Azər də yenidən məhv olacaqlar, onu yenidən Hadruta buraxmayacaqlar və o tonqal yenidən alışıb yanacaq.
    Xosrov müəllim çarpayıdan qalxmaq istədi, gedib əl-üzünü yumaq, bir az sakitləşmək istədi, amma kiçicik bir hərəkət də edəndə o gecəyarısı ona elə gəlirdi ki, Ovanesin faytonunda Şuşaya gedir, bu hərəkət də ona görədir ki, fayton yırğalayır və Şuşaya aparıb çıxaran o dağ yolu indi qapqara bir rəngə bürünmüşdü və Xosrov müəllim bu qara rəngi o qədər gerçək hiss edirdi ki, elə bil, indicə bu qara rəng bir şirə kimi, üz-gözünə, bədəninə yapışacaqdı və ən dəhşətlisi bu idi ki, Xosrov müəllimə o anlarda elə gəlirdi, elə bil, bu qara rəng indicə Gülzarın da o ağappaq bədənini bürüyəcəkdi.
    O gecə çağı çarpayıda oturmuş Xosrov müəllimin içindən eynilə o tonqalın kənarında olduğu kimi, bir zarıltı baş qaldırmağa başladı, daha doğrusu, bu səs insan zarıltısından daha artıq, bir zingiltini xatırladırdı və o zingilti get-gedə artırdı, amma bu vaxt deyəsən, Gülzar da Xosrov müəllimin içindən baş qaldırmış o səsi yuxuda eşitdi və... gülümsədi.
    Xosrov müəllim otağın qaranlığı içində Gülzarın sifətindəki o təbəssümü açıqaşkar hiss etdi. Gülzar yerində qurcalandı, qollarını daha da geniş açıb, Xosrov müəllimə tərəf çöndü. Gülzar ağappaq qollarını yastıq boyu uzatmışdı və qoltuğunun yumşaq tükləri də qaranlıq içində seçilirdi, döşünün biri ipək gecəköynəyinin yaxasından çölə çıxmışdı və Xosrov müəllim yenə də birdən-birə o döşlərin hərarətini hiss etməyə başladı, bu hiss, elə bil ki, onun içinə nəsə bir ilıqlıq gətirdi və həmin zingiltini kəsdi.
    Xosrov müəllim özünün başına gələcək müsibətdən qorxmurdu – müsibətdə onun üçün qorxulu bir şey yox idi – Xosrov müəllim Gülzar hisslərinin, Gülzar rəftarının bu iki aya dolmuş hərarətinin, istisinin donmağını, eləcə maye azota çevrilməyini istəmirdi. Sonra Xosrov müəllim Ələsgər müəllimi yadına saldı, Kələntər müəllimi yadına saldı, Əlibaba müəllimi yadına saldı, firidun müəllimi yadına saldı, bu adamların ailələri barədə fikirləşdi, Firuzə xanımı, Arzunu gözlərinin qabağına gətirdi və başa düşdü: elə bir səhv edib ki və bu səhvin nəticəsi elə ola bilər ki, Kələntər müəllimin yeddi qızından tutmuş Arzuyacan hamı küçələrə tökülər...
    Ələsgər müəllim gözlərini qapının ağzında dayanmış Xosrov müəllimdən çəkib mizə tərəf yaxınlaşdı, yenə Xosrov müəllimə nəsə demək istədi, amma demədi, təkcə əlini yellədi və köksünü ötürdü; elə bil, Xosrov müəllimin saçları doğrudan da bu bir gecənin içində ağarıb.
    Xosrov müəllim getdi. Ələsgər müəllim kabinetin məktəb həyətinə baxan pəncərəsinə yaxınlaşdı. Pəncərənin taxta sürahısına irili-xırdalı saxsı dibçəklər düzülmüşdü və o dibçəklərdə cürbəcür güllər bitmişdi, bu güllərin cürbəcür rəngi var idi və o rənglərin hamısı – qırmızısı da, sarısı da, bənövşəyisi də, yaşılı da indi Ələsgər müəllim üçün dünyanın dərdli, kədərli işlərindən xəbər verirdi... Bu gözəl gülləri Firuzə xanım bəsləyib, yetişdirib Arzu ilə məktəbə, bu otağa göndərmişdi və bu gözəl, bu zərif güllərin, çiçəklərin, əlbəttə, dünyadan xəbəri yox idi, bu gözəl, bu zərif güllər bilmirdi ki, bəzən insan nə günə düşür, bəzən insan ürəyində nələr çəkir, vicdan necə ağlayır...
    Ələsgər müəllim hiss etdi ki, kabinetin qapısı açıldı, amma geri çevrilmədi, bir müddət eləcə güllərə baxdı və bu otuz ilin müəlliminə birdən elə gəldi ki, kimsə onun kürəyini nişan alıb, indicə atacaq, güllə, indicə onun kürəyini deşəcək, o güllə keçib Firuzəyə dəyəcək, Arzuya dəyəcək, hətta Ələsgər müəllim kürəyində o güllənin göynəyən yarasını duydu və sərt hərəkətlə geri çevrildi.
    Xıdır müəllim qapının ağzında dayanıb qəzəbli nəzərlərlə Ələsgər müəllimə baxırdı. Xıdır müəllim də narahat, həyəcanlı bir gecə keçirmişdi. Evləri şəhərin Bayıl tərəfində idi və dünən gecə Ələsgər müəllimgildən çıxanda tramvaya minmədi, o uzaq yolu qarın altında piyada getdi: bu cür piyada getmək həm bədənə xeyir idi, həm də Xıdır müəllim fikirləşirdi, satqın adamlar barədə düşünürdü. Cəmiyyəti Xosrov müəllim kimi satqınlardan təmizləmək lazım idi. Özü də dayanıb gözləmək olmazdı. Xıdır müəllim nə vaxta qədər dayanıb gözləyəcəkdi? Hücuma keçmək lazım idi, hücuma! Hansı komanda – istəyir futbol olsun, istəyir basketol, nə olur-olsun, – hücuma keçməsə, qələbə qazana bilər? Heç bir komanda! Bir qara qəpiyə də dəyməyən adamlar görürsən ki, sayıqlıq edir, hücuma keçir, Xosrov müəllim kimilərini ifşa edir, yüksək də mərtəbələrə qalxır. Bəs, Xıdır? Xıdırın nəyi əskikdir? Özü də zəhmətkeş ailəsindən çıxıb! Kim Azərbaycan idmanına Xıdırdan yaxşı rəhbərlik edə bilər? Idmanı beş barmağı kimi bilir. Idmançıların hamısını tanıyır. Ancaq Xıdırı heç kim tanımır. Çünki Xıdır həyatdan geri qalır. Xosrov müəllim açıq-aşkar düşməndir, daha buna heç bir söz ola bilməz. Buna daha Ələsgər müəllimin yağlı dili də kömək eləyə bilməz. Görmədin, O boyda kişinin sağlığına içmək istəmədi, hamının qabağında protest elədi, belə düşmənə kim kömək eləyə bilər? Bəs, Xıdır indi də özünü göstərə bilməsə, haçan göstərəcək? Xıdır özünü göstərə bilməsə heç zaman bədən tərbiyəsi sahəsində rəhbər işdə olmayacaq, ömrünün axırına qədər o əbləh məktəbdə, dallarını güclə çəkən o xəstə-xüstə müəllimlərin, uzununa heç iki metr də hoppana bilməyən küt şagirdlərin içində itibbatacaq. Xıdırın böyük vəzifələrdə heç kimi yox idi, heç kim ona kömək etməyəcəkdi və indiyəcən Xıdır nəyə nail olmuşdusa, öz gücünə eləmişdi. Ancaq hələ hər şey irəlidə idi. Xıdır hələ çox aza nail olmuşdu...
    Xıdır gör nə günə qalmışdı ki, ona kömək əlini uzadan yeganə adam, tramvaysürən Əflatun müəllim idi... Düzdü, tramvaysürən Əflatun indi məktəb müdiri idi, amma fərqi yox idi, tramvaysürən Əflatun lap nazir də ola bilərdi, amma tramvaysürənliyində də qalacaqdı, ondan artıq bir şəxsiyyət olmayacaqdı. Xıdır gərək özü özünü o mərtəbəyə qaldıra biləydi ki, həmin mərtəbə tramvaysürən əflatunlar üçün əlçatmaz bir priz yüksəkliyində olaydı.
    Xıdırın biliyi, Xıdırın qorxmazlığı, Xıdırın qabiliyyəti tək özünə yox, bütün Azərbaycan idmanına lazım idi və Xıdır özü hərəkət eləməliydi, bu qeyrətsiz, bu vicdansız Xosrovun ifşası Xıdır üçün məşq olmalı idi, Xıdır hücuma keçməli idi, məqsədə doğru hücuma keçməli idi və bu məşqdən sonra, böyük oyunlar başlamalı idi. Və Xıdır cəmiyyəti düşmənlərdən təmizləyəcəkdi. Xıdır Azərbaycan idmanına rəhbərlik edəcəkdi! O qarlı qış gecəsi Xıdır müəllimin içində elə bir qətiyyət yarandı ki, o qətiyyət, elə bil, onsuz da, həddən artıq sağlam və güclü olan bu adamın bədəninə daha artıq bir güc verdi, qarın içi ilə addımlarını daha möhkəm, daha iti atdı və gəlib evə çatanda Əbdülü həmişəki kimi oyaq gördü. Əbdül həmişəki kimi qardaşının yolunu gözləyirdi.
    Xıdır müəllimin atası Orduxan inqilabdan əvvəl və inqilabın ilk illərində Bakının məşhur hamballarından biri idi və bəzən hətta tərsanələrdə gəmilərə yük daşıtdıran sahibkarlar, şirkətlər hambal Orduxanı Bakının ən məşhur hambalı, əfsanəvi hambal Dadaşdan da artıq tuturdular. Əbdülün anadan olduğu il – 1929-cu ilin bir yay günü Kömürçü meydanında yüz iyirmi kilo soğan kisəsinin altında hambal Orduxanın ürəyi birdən-birə partlamışdı, sonra Xıdır müəllimin anası vəfat etmişdi və Xıdır müəllim kiçik qardaşı Əbdüllə tək qalmışdı. Əbdülün əsl adı Əbdüləli idi, amma hamı onu Əbdül çağırırdı və bütün bu illər ərzində Xıdır Əbdülə həm atalıq eləmişdi, həm də analıq. Əbdül böyük qardaşını adicə olaraq çox istəmirdi, onunla fəxr edirdi, qürurlanırdı və Xıdır elə eləməliydi ki, kiçik qardaşı özündən də qat-qat uca mərtəbələrə qalxsın, qoy hamı görsün ki, hambal Orduxanın oğlanları heç kimin köməyi olmadan, öz güclərinə hansı yüksəkliyə qalxıblar! Xıdır hücuma keçəcəkdi! Xıdır öz istədiyini dartıb həyatın boğazından çıxaracaqdı, istədiyinə nail olacaqdı və həmin gecə çarpayıda uzanıb yalnız səhərə yaxın yuxuya getməzdən əvvəl Xıdır müəllim o qarlı qış soyuğunda adamın canını qızdıran bir xəyal aləmində Azərbaycan idmanına rəhbərlik etdi, yeni stadionlar tikdi, yeni komandalar yaratdı, yeni idmançılar yetişdirdi; tribunada partiya və sovet rəhbərləri ilə bir yerdə dayanıb idmançıların paradını qəbul etdi, böyük xitabət kürsülərindən nitqlər dedi, hətta... Mixail Ivanoviç Kalinin Kremldə Xıdır Qafarzadəyə bədən tərbiyəsi sahəsində görkəmli xidmətlərinə görə orden təqdim etdi və Mixail Ivanoviç Kalinin Kremldə Xıdırın əlini sıxdığı məqamda çəkilmiş fotoşəkil Sovet Ittifaqının bütün qəzetlərində, o cümlədən, əlbəttə, «Krasnıy sport» qəzetində çap olundu... Bəlkə... Bəlkə lap yoldaş Stalinin özü Xıdırı tanıyacaqdı, çünki yoldaş Stalin idmançıları çox sevir! Düzdü, idmançıların arasında da elə əclaflar var idi ki, yoldaş Stalinə xain çıxırdılar (o ki qaldı bu düşmən Xosrov müəllim ola!..). Ode, Nikolay Kovtun!.. Vaxt var idi ki, Kovtunun adı çəkiləndə Xıdırın ürəyi sevinclə dolurdu, çünki Kovtun birinci sovet idmançısıydı ki, 2 metrdən hündürə atdanmışdı, dünya rekordçusu olmuşdu! «Krasnıy sport» da şəkli çıxırdı!.. Ancaq nə oldu? Əclaf, xalq düşməni çıxdı! Yoldaş Stalinə nankor çıxdı! Ay əclaf, yoldaş Stalin olmasaydı, sən 2 metr 01 santimetr hündürlüyə atdana bilərdin?! Ona görə də indi adını nifrətlə çəkirlər. Inişil tutub basdılar əclafı, getdi!.. Bu Xosrov müəllimi isə stadiona çıxartsan, heç bir metr də hündürlüyə atdana bilməz, ancaq elədiyi qələtə bax!.. Xıdır sayıq olacaqdı, hətta ən məşhur idmançıların da maskasını sifətindən dartıb çıxaracaqdı, idmançıları yoldaş Stalinin adına layiq tərbiyə edəcəkdi.
    Xıdır müəllim belə narahat və eyni zamanda, xəyallar aləmində şirin bir gecə keçirmişdi və indi müdir otağının qapısı ağzında dayanıb qəzəblə Ələsgər müəllimə baxa-baxa:
    – Ələsgər müəllim, – dedi, – o cür düşməni qanad altına almaq olmaz! Ancaq siz onu qanad altına alırsız! Elə bilirsiz dünən başa düşmədim ki, siz niyə təzədən Mir Cəfər Bağırov yoldaşın haqqında sağlıq dediz? Ona görə ki, o düşmənin hərəkətini ört-basdır eləmək istəyirdiz! Belə zaşitaya keçməklə mənim vicdanımı susdura bilməzsiz! Mən açıq adamam, rinqdə də həmişə açıq vuruşmuşam. Məsləhət görürəm sizə ki, o düşmənə qəyyumçuluq eləməyin! Özünüzə pis olar! Mən bu işi belə qoymayacağam! Lap Mir Cəfər Bağırov yoldaşın özünün qəbulunacan gedib çıxacağam!
    Xıdır Qafarzadə otaqdan çıxdı və qapını da ardınca çırpdı.
    Yazıq professor Fazil Ziya müayinə etdiyi adamlara, müalicə etdiyi xəstələrə deyirdi ki, tez-tez teatra gedin!.. Yazıq gözəl insan, tez-tez teatra getmək heç onun özünün karına gəlmədi...
    Ələsgər müəllim ən dərin bir pərişanlıq içində idi, eyni zamanda həmin anlarda dəhşətli bir nigarançılıq bu adamın bütün varlığını didib dağıdırdı; bu nigarançılığı yalnız qorxu hissi, vahimə yaratmamışdı; Ələsgər müəllim, görünür, həmin anlarda bir azdan görəcəyi işin nigarançılığı içində idi...
    Xıdır müəllim, əlbəttə, gedib lazımi orqanlara xəbər verəcəkdi, Xosrov müəllimin dünənki hərəkətini şeytanlayacaqdı, buna Ələsgər müəllimin daha heç şübhəsi yox idi və onda... və onda...
    Ələsgər müəllim dibçəkdəki o gözəl, o zərif güllərə baxa-baxa yenə də Qazaxıstanın o kimsəsiz çöllərində, o qar çovğununun içində, o şəhvətli kişi baxışları altında o köməksiz iki nəfəri, o ana-balanı – Firuzə ilə Arzunu gördü... Yox... Tələsmək lazım idi... Başqa əlac yox idi... Qabaqlamaq lazım idi... Bu köpək oğlu Xıdır Qafarzadəni qabaqlamaq lazım idi... Yoxsa Ələsgər müəllimi də dinc buraxmayacaqdılar və o zaman Firuzə ilə Arzu, doğrudan da, çöllərə düşəcəkdi... O köpək oğlunu qabaqlamaq lazım idi, Xosrovun hərəkətini Ələsgər müəllim özü xəbər verməli idi... Xosrov onsuz da məhkum idi, ona kömək eləmək mümkün deyildi... Orqanlara məlumatı Ələsgər müəllim özü çatdırmalı idi... Özü çatdırmasaydı, bu alçaq Xıdırın xəbərçiliyndən sonra, Ələsgər müəllimi də, o biri müəllimləri də Xosrov müəllimə qata bilərdilər... Xosrova kömək etmək mümkün deyildi, özünə kömək etməliydi, Firuzəyə, Arzuya kömək etməliydi, o birilərinə kömək etməliydi... Özü... Özü çatdırmalı idi... Özü deməliydi... Orqanlara yox... Raykoma... Cümşüdlüyə...
    Və Ələsgər müəllim gözlərini o dərdli güllərdən çəkib tamam taqətsiz halda, ürəyi döyünə-döyünə mizə yaxınlaşdı, titrəyən əli ilə telefonun dəstəyini götürdü...
8
QƏBUL


    Həmin günün axşamı saat 9 radələrində Azərbaycan K(b) P MK-nın birinci katibi Mir Cəfər Bağırov iş otağında pəncərənin qarşısında dayanıb şəhərə baxırdı. Bakının bütün aşağı hissəsi, dənizkənarı bulvar və dənizin özü buradan yaxşı görünürdü və Mir Cəfər Bağırov səhərdən gecənin yarısına kimi – həddən artıq işləyib yorulanda, xüsusən, yaz çağları, bəzən bu pəncərənin qarşısına keçib dənizə baxmağı xoşlayırdı. Dənizin genişliyi, təmkini və daimiliyi ilə Mir Cəfər Bağırovun yaşadığı və işlədiyi gündəlik həyatın tələsikliyi, sürətlə hadisələrdən hadisələrə adlaması, kompaniyaların, əməliyyatların biri qurtarmamış o birisinin başlanması, əsəb gərginliyi və yorğunluğu arasında elə bir qəribə təzad var idi ki, bu təzad onu qıcıqlandırmaq əvəzinə, əksinə, sakitləşdirirdi. Yoldaş Stalinin iş saatı, az qala, günortadan başlayıb gecənin yarısına kimi davam edirdi və bütün bu müddət ərzində, təbii ki, Mir Cəfər Bağırov da işdə olurdu – lap gecə saat birdə də Stalin zənf eləyə bilərdi; səhərlər isə tezdən durmağı uşaqlıq çağlarından adət etmişdi, iş də çox idi, iş qurtarmaq bilmirdi, Mir Cəfər Bağırov isə iş olan yerdə sakit dayana bilmirdi və buna görə də çox zaman yuxusuz olurdu, dənizin bu pəncərədən görünən o genişliyi, o təmkini, o daimiliyi isə, elə bil ki, bu əsəbi adamın yuxusuzluğuna da təsir edirdi, uzaqdan-uzağa bir dinclik gətirirdi. Amma həmin qış axşamı Mir Cəfər Bağırov Xəzərə yox, küçələrlə ora-bura gedən, dayanacaqlarda tramvay gözləyən adamlara baxırdı və o adamların, əlbəttə, heç ağlına da gəlmirdi ki, bu dəqiqələrdə Mir Cəfər Bağırovun eynəkli gözləri onları müşayiət edir.
    Bu fikir Mir Cəfər Bağırovun qalın, kobud dodaqlarından bir təbəssüm qaçırtdı və vaxtından xeyli əvvəl ahıllaşmış qırx üç yaşlı bu adam iki əli arasında tutduğu bir dəstə karandaşı şaqqıldada-şaqqıldada bir-birinə sürtdü; onun əllərində ekzema xəstəliyi var idi, buna görə də çox zaman əlində bir dəstə karandaş olurdu və iri əllərini bu karandaşlara sürtdükcə ekzemanın qaşıntısını sakitləşdirirdi; sonra gözlərini o adamlardan çəkib dənizə tərəf baxdı, binaların qar basmış damlarını nəzərdən keçirdi.
    Dənizin qaraltısı, damları örtmüş, küçələrin kənarına, səkilərin dibinə yığılmış qarın zəif ağartısı o sakit qış axşamında ora-bura gedən paltolu, papaqlı adamların, yoldan ötən maşınların, tramvayın, tək-tük faytonun hərəkəti müqabilində çox durğun, hətta ölgün görünürdü və Mir Cəfər Bağırov yenə də adamlara baxdı və fikrindən keçirdi ki, indi o özü də adi bir bəndə kimi, bu adamların arasında olsaydı, onların neçəsini tanıyardı, neçəsiylə salamlaşardı, bəlkə lap hal-əhval tutardı; indi yox, əlbəttə, on altı-on yeddi il bundan əvvəl olsaydı, belə olardı, indi isə bu adamlar Mir Cəfər Bağırovu o saat tanıyacaqdı, kimisi yerində quruyub qalacaqdı, kimisi qaçacaqdı, kimisi xorla salam verəcəkdi, kimisi də, Allah bilir, nə edəcəkdi, amma hamının da ürəyindən bir qorxu, bir təlaş hissi keçəcəkdi – bunu dəqiq bilirdi, iclaslarda, müşavirələrdə, rəyasət heyətində oturanda, ya da elə bu otaqdakı o mizin arxasında əyləşəndə hərdən diqqətlə vəzifəli və vəzifəsiz adamlara baxırdı və bu adamlar sir-sifətdən nə qədər müxtəlif olsalar da, onların hamısının gözünün dərinində bir qorxu, bir təlaş hissi var idi. Mir Cəfər Bağırov adamların gözünün dərininə çökmüş o qorxunu görürdü və ümumiyyətlə, onun gözündən heç nə yayınmırdı; Mir Cəfər Bağırov burasını da yaxşı bilirdi ki, bu adamlar məhz ondan qorxurlar, amma həmin qorxu hissi olmasaydı– Mir Cəfər Bağırov buna qəti əmin idi – zamanın, dövrün böyük işlərini də görmək mümkün olmayacaqdı, çünki insanlar öz təbiəti etibarilə rahatbazdılar, hazırına nazirdilər, qorxmasaydılar nə şüarlar köməyə gələcəkdi, nə ideyalılıq, nə də saysız-hesabsız nitqlər, məruzələr– neft planı da yerinə yetirilməyəcəkdi, pambıq planı da artıqlamasıyla dolmayacaqdı, partiyanın sıraları da düşmənlərdən təmizlənməyəcəkdi. Partiya da, Sovet Ittifaqı da Mir Cəfər Bağırov üçün yoldaş Stalin demək idi, partiyanın marağı, ölkənin mənafeyi yoldaş Stalinin marağı və yoldaş Stalinin mənafeyi demək idi və Mir Cəfər Bağırov yoldaş Stalinə sədaqətlə xidmət edirdi, bunu yoldaş Stalin də bilirdi, Beriya da, Siyasi büronun başqa üzvləri də bilirdi. Azərbaycanda isə partiya da, respublika da yoldaş Stalinlə birlikdə, eyni zamanda Mir Cəfər Bağırov demək idi və Mir Cəfər Bağırov başqalarından da özünə eyni sədaqətli xidməti tələb edirdi; sədaqətli xidmət isə, qorxu hissi olmadan mümkün deyildi, çünki insanın təbiətində nankorluq var idi. Heç bir ideyalılıq, heç bir başqa münasibət qorxunun yaratdığı sədaqəti yarada bilməzdi.
    Mir Cəfər Bağırov boş xəyallara dalan, romantik hisslərə qapılan adam deyildi, amma həmin qış axşamı birdən-birə bu adamın ürəyindən həsrətə bənzər bir hiss keçdi; adi bir bəndə olmaq və adi bir bəndə kimi də, bax, bu görünən küçələrlə, bu adamların arası ilə harasa tələsmək, harasa getmək istədi, amma bu ötəri hiss də keçib getdi və Mir Cəfər Bağırov yenə də iri əllərini karandaşlara sürtdü, karandaşların şaqqıltısı yenə də bu iş otağının sükutunu pozdu.
    Partiyanın XVIII qurultayının bu ilin, yəni 1939-cu ilin marında keçiriləcəyi elan olunmuşdu və bütün ölkə qurultaya hazırlaşırdı. Mir Cəfər Bağırov da Azərbaycan K(b) P-nin XV qurultayının fevralın 25-də keçiriləcəyini elan etmişdi və bütün bu son günlər, demək olar ki, ancaq qurultaya hazırlıq işləri ilə məşğul idi. Küçədə ora–bura gedən o adamlar üçün qurultay, əslində, bayramvari mücərrəd bir şey idi – çıxış edənlər yoldaş Stalini tərifləyəcəkdi, əldə edilmiş böyük nailiyyətlərdən, şən və qayğısız həyatdan danışacaqdı, bütün bunların hamısı qəzetlərdə çap olunacaqdı, əmək adamları qurultay şərəfinə planları artıqlaması ilə yerinə yetirmələri barədə raport verəcəkdilər, yeni öhdəliklər qəbul edəcəkdilər, amma Mir Cəfər Bağırov üçün qurultay daha artıq işləmək, işləmək və işləmək idi. Küçədəki o adamlar bu pəncərədən çox kiçik görünürdü və onların ora-bura yeriməyi, hərəkətləri də buradan, az qala, gülməli görünürdü, elə bil ki, paltolu, papaqlı kiçik kuklalar idi və o hərəkət də kuklaların hərəkəti idi. Uşaq vaxtlarında Qubada, qonşuluqlarında özündən beş-altı yaş böyük bir oğlan var idi, adı Ələsgər (famili nə idi? Gözlərini qıyıb bir an fikirləşdi və parlaq hafizəsi o saat həmin oğlanın familini minlərlə tanış famillərin arasından dartıb çıxartdı: Babazadə), hə, Ələsgər Babazadə, çox kitab oxuyan oğlan idi, sonra da gərək ki, müəllim oldu, sonrasından daha xəbəri yox idi, bir dəfə həmin Ələsgər Babazadədən bir kitab götürdü, rus dilində idi və çox xoşuna gəldiyi üçün balaca Mir Cəfər o kitabı iki dəfə oxudu, sonra özündə saxlamaq istədi, dəyişmək üçün nəyi vardısa, təklif etdi, amma Ələsgər Babazadə vermədi, dartıb kitabı onun əlindən aldı və Mir Cəfər Bağırovun indiki kimi yadına gəlirdi: həyətlərindəki alma bağının bir küncünə qısılıb hirsindən ağladı; Conatan Sviftin «Qulliver» romanı idi və 1939-vu ilin həmin sakit qış axşamı iş otağının pəncərəsindən küçədəki adamlara baxan Mir Cəfər Bağırov birdən-birə o kitabı xatırladı, ona elə gəldi ki, Qulliver kimi, liliputlar ölkəsinə düşüb və pəncərədən görünən bu adamların da hamısı liliputlardır. Yenə də iri əlləri arasındakı karandaşları oynatdı və divardan asılmış böyük saata baxdı: saat doqquza yeddi dəqiqə qalırdı. Həmişəki kimi, axşam respublikanın Xalq Daxili Işlər Komissarını çağırmışdı və düz saat doqquz tamamda Komissar kabinetə girəcəkdi (yəqin indi gəlib, qəbul otağında doqquzun tamam olmağını gözləyirdi), günün hadisələri haqqında məlumat verəcəkdi, «svodka» nı göstərəcəkdi, suallara cavab verəcəkdi, göstərişlər alacaqdı, bir sözlə, həmişə beləcə sakit günlərdə olduğu kimi, qəbul öz ardıcıllığı ilə keçəcəkdi, sonra Komissar qovluğu qoltuğuna vurub gedəcəkdi; saat ona on beş dəqiqə qalmış isə «Azneft»in yeni rəhbərliyini çağırtdırmışdı (onlar da yəqin elə indidən gəlib qəbul otağında gözləyirdilər) – Poskrebışev Moskvadan zəng çalıb bildirmişdi ki, sabah səhər (yəni ki, günorta saat on bir radələrində) Mir Cəfər Bağırov «Azneft»dəki işlərin vəziyyəti barədə telefonla yoldaş Stalinə məlumat verməlidir.
    Mir Cəfər Bağırov pəncərənin qarşısından çəkilib yazı mizinin arxasına keçmək istədi, amma yazı mizi ilə üzbəüz divardan asılmış yoldaş Stalinin böyük şəklinin qabağında ayaq saxladı və şəklə baxdı. Qoz ağacından enli çərçivəyə salınmış bu şəkil rəssam R. Maloletkovanın karandaşla çəkdiyi portretin reproduksiyası idi və Mir Cəfər Bağırov bu portreti iş otağında yenicə asdırmışdı. Əvvəl bu portretin yerində yoldaş Stalinin yağlı boya ilə işlənmiş təmtəraqlı bir şəkli asılmışdı, amma Maloletkovanın əsərində ağla qaradan başqa heç nə yox idi və bu, yoldaş Stalinin sadəliyini xüsusi nəzərə çatdırırdı; eyni zamanda yoldaş Stalinin baxışlarında səliqə ilə arxaya daranmış qalın qara saçlarında, eşmə qara bığında bir nəhənglik, bir əzəmət var idi. «Stalinskaya forma»nın yalnız yaxası görünürdü, yoldaş Stalinin xalqı işıqlı sabaha səsləyən gözlərində mehriban bir işıltı var idi. Portretin aşağısında isə sadəcə «I. Stalin» imzası yazılmışdı, amma ağ boşluq içində qalın qara hərflərlə təsvir edilmiş o imzada bir monumentallıq var idi.
    Bu portret, əslində, yoldaş Stalinə oxşamırdı, daha doğrusu, oxşayırdı, amma buradakı yoldaş Stalin əsl yoldaş Stalin deyildi, ona görə yox ki, şəkildəki yoldaş Stalin yaraşıqlı idi, saçının, bığının rəngi kürən yox, qara idi, ona görə ki, neçə illər ərzində dəfələrlə yoldaş Stalinlə görüşən, saatlarla yoldaş Stalinlə söhbət edən, Moskvada evində, bağında dəfələrlə yoldaş Stalinlə birlikdə nahar eləyən Mir Cəfər Bağırov rəhbərin portretdəki bu təbəssümünü, gözlərinin bu ifadəsini heç vaxt görməmişdi, bu – rəssamın uydurması idi, amma yaxşı uydurması idi, Azərbaycan rəssamları isə Mir Cəfər Bağırovun şəkillərini çox vaxt həyatda olduğu kimi çəkirdi və bu onun xoşuna gəlmirdi.
    Mir Cəfər Bağırov əlləri arasındakı karandaşları oynada-oynada çeşməyinin girdə şüşələri arxasından gözlərini bir müddət yoldaş Stalinin şəklinə zillədi və rəssamın uydurmasına – yoldaş Stalinin gözlərindəki o yalançı ifadəyə, dodaqlarındkı o yalançı təbəssümə baxmayaraq yenə də bu adamın, yəni yoldaş Stalinin daxilində bir tənhalıq hiss etdi.
    Mir Cəfər Bağırov heç vaxt özünü tənha hiss etmirdi, daha doğrusu, özünü tənha hiss etmək üçün onun nə vaxtı, nə də həvəsi var idi, amma hər dəfə yoldaş Stalinlə görüşəndə – iclasdan, ya yoldaş Stalinin iş otağındakı müşavirələrdən, ya təkbətək söhbətdən, ya yoldaş Stalinin bağında oturub nahar eləməklərindən asılı olmayaraq, bu hissi keçirirdi. Yoldaş Stalinin ya nitqlərinə, göstərişlərinə, mühakimələrinə, ya zarafatlarına həmişəki diqqətlə qulaq asarkən birdən-birə Mir Cəfər Bağırova elə gəlirdi ki, bəşəriyyətin tarixində heç bir təkrarı olmayan, həqiqətən, misli görünməmiş bu böyük rəhbərin, müəllimin içində hamıdan gizlin saxlanılan dəhşətli bir tənhalıq oturub. Bir dəfə Moskvada (beləcə bir qış günü idi) MK-nın qonaq otağında Beriya ilə (onda Beriya hələ Moskvaya köçməmişdi, Gürcüstan K(b)P MK-nın birinci katibi işləyirdi) gecənin yarısına kimi oturub söhbət etmişdilər, keçən günləri xatırlamışdılar, Azərbaycan Fövqəladə Komissiyasında birgə işlədikləri vaxtdan tanıdıqları adamları, rəhbər, partiya, sovet işçilərini bir-bir yadlarına salmışdılar, fikir mübadiləsi aparmışdılar və o zaman Beriya yoldaş Stalin barədə yəqin ki, ömründə heç kimə deyə bilməyəcəyi sözləri Mir Cəfər Bağırova demişdi: «– A tı znaeş, Mir Djafar, ved on v suşnosti odinokiy çelovek...» Bu sözləri eşidəndə Mir Cəfər Bağırov diksinmişdi, çünki, elə bil, Beriya yoldaş Stalinlə bağlı onun özünün ürəyindəki hissləri duymuşdu. Ümumiyyətlə, belə təsadüflər çox olurdu: Lavrenti Beriya ilə Mir Cəfər Bağırov çox zaman eyni cür düşünürdü, eyni hisslər keçirirdi.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.01.2014) | Müəllif: R.C E W
Baxış: 796 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more