Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölüm hökmü-7
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>

    Əlbəttə, bunlar hamısı çox gözəl idi, amma Arzu üçün kitabın yerini heç nə vermirdi və bir az böyüyəndən sonra Arzu özü evlərindən dörd tin aşağıda açılmış L. M. Kaqanoviç adına kitabxanaya abunə yazılmışdı və bir ucdan həmin kitabxanadakı kitabları oxuyub sona çatmaqla məşğul idi. Keçən il L.M. Kaqanoviçin 50 yaşı tamam olanda, kitabxana müdiriyyətinin yoldaş Stalinin ən yaxın silahdaşlarından birinə göndərdiyi təbrik məktubunda fəal oxucu kimi, Arzunun da imzası var idi. Kitabxananın şanlı sovet Arktika tədqiqatçısı, Sovet Ittifaqı Qəhrəmanı, SSRI Ali Sovetinin deputatı Ivan Dmitriyeviç Papaninə göndərdiyi təbrik məktubunda da (bu stalinçi qəhrəmanın da 50 yaşı tamam olurdu) alovlu bolşevik salamı, alovlu komsomol salamı yetirənlərlə bərabər, qəhrəmana alovlu pioner salamı da yetirilirdi və o beş pionerin arasında Arzu da var idi. Arzu indi dördüncü sinifdə oxuyurdu, amma səkkizinci, doqquzuncu sinfin riyaziyyat məsələlərini asanlıqla həll edirdi və məktəbin ciddi, savadlı riyaziyyat müəllimi Əlibaba müəllim Arzunu «Sofya Kovalevskaya»– deyə çağırırdı, «– Mənim, – deyirdi, – belə şeyləri əvvəldən hiss eləməyimə söz yoxdur. Iyirmi ildir müəlliməm. Bu uşaq böyük alim olacaq! Onda, – deyirdi, – biz hamımız fəxr edəcəyik ki, bunun müəllimləri olmuşuq! Baxarsız, mən ölü, siz diri, görərsiz. Mən indiyəcən hansı şagirdə nə diaqnoz qoymuşam, elə də olub! Əgər Arzu, doğrudan da, Azərbaycanın Sofya Kovalevskayası olmasa, onda mən heç nə bilmirəm! Onda mən müəllim deyiləm, upravdomam! Bununki adicə istedad-zad deyil, vergidi, vergi!»
    Əlbəttə, Arzu ekstern imtahan verib səkkizinci, ya doqquzuncu (lap onuncu) siniflərdən birində oxuya bilərdi, amma Ələsgər müəllim bunu istəmirdi:birinci ona görə ki, Arzu yaxşıca iştahla yesə də, kök və canlı olsa da, hər halda, uşaq idi və birdən-birə beləcə ağır yükün altına girməyinə ehtiyac yox idi, tədricən yetişməyi yaxşı idi, uşaq idi, qoy uşaq kimi də böyüsün, ekstern imtahanlar isə, Ələsgər müəllimin fikrinə görə, gələcəyin işi idi, Arzu məktəbi bitirib instituta girəcəkdi, qoy onda ekstern imtahanları versin, birdən-birə üçüncü,beşinci kursa keçsin, müdafiə etsin, namizəd yox, birdən-birə lap doktor olsun – bunlar gələcəyin işi idi, Əlibaba müəllim demişkən, o vergi, o həvəs ki, bu uşaqda var idi, Allah qoysa (Ələsgər müəllim ürəyində Allaha inanan adam idi və məktəbdə bunu, əlbəttə, heç kimə bildirmirdi), heç kim onun əlindən almayacaqdı; ikincisi də ona görə ki, Ələsgər müəllim özü məktəb müdiri idi, Arzu da həmin məktəbdə oxuyurdu və öz qızının sinifləri beləcə dalbadal adlaması xoşagəlməz söz-söhbətə səbəb olardı, bu cür sözsöhbətləri
    isə Ələsgər müəllim heç vaxt xoşlamamışdı.
    Ələsgər Babazadə inqilabdan əvvəl Bakının neft çıxarılan fəhlə rayonlarında – Ramanada, Suraxanıda, Sabunçuda yeni açılmış ibtidai məktəblərdə müəllimlik etmişdi və düz on səkkiz il idi ki, Bakıda məktəb müdiri, həm də coğrafiya müəllimi idi. Ömrü boyu siyasətə qarışmayan (indinin özündə də bitərəf idi), heç kimlə işi olmayan, həmişə hamını yola verməyə çalışan, imkanı olanda yaxşılıq eləyən bu adam, yaşı hələ əllini ötməsə də, Bakı maarif işçiləri arasında ağsaqqal hesab olunurdu, hörmət və nüfuz sahibi idi. Elə buna görə də ötən 37–38-ci illər fırtınası Ələsgər müəllimin müdir işlədiyi məktəbdən cəmi iki nəfər adam aparmışdı: əsrin əvvəllərində Sarbon Universitetini əla qiymətlərlə bitirmiş, bir müddət həmin universitetdə saxladılıb dərs demiş, sonradan öz doğma xalqına xidmət etmək məqsədilə Bakıya qayıtmış, uzun müddət Azərbaycan mətbuatında çalışmış, Azərbaycan dilinin yeni qrammatikasını yazmış, Molyerin, Hüqonun, Stendalın əsərlərini Azərbaycan dilinə tərcümə etmiş və inqilabdan sonra orta məktəbdə fransız dili müəllimi işləyən bitərəf Əvəz bəy Muğanlinski; bir də ki, Moskvada Qızıl Professuranı qurtarıb gəlmiş cavan ədəbiyyat müəllimi, partiyaçı Fərid Şirinli – vəssalam. Ələsgər müəllimin müdir işlədiyi məktəbdə, cəmi ikicə nəfər xalq düşməni ifşa olunub həbs edilmişdi (deyirdilər ki, guya, ikisi də güllələnib, amma bu barədə rəsmi bir məlumat yox idi), Bakının isə elə məktəbləri var idi ki, müəllimlərinin əlli faizi, altmış, hətta yetmiş faizi xalq düşməni elan olunmuşdu və həmin məktəbin müdirləri, partiya təşkilatı katibləri Bakıda keçirilən maarif müşavirələrində, rayon partiya komitələrinin plenumlarında o rəqəmləri xitabət kürsülərindən fəxrlə sadalayırdılar, sonra baxıb görürdün ki, o rəqəmlərlə o cür fəxr eləyən həmin məktəb müdirinin, həmin partiya təşkilatı katibinin özü xalq düşməni kimi ifşa olundu və gələn dəfə elə həmin xitabət kürsüsündən bu məlumatı yeni müdir, yeni partkom verdi...
    Fərid Şirinli hekayələr yazırdı, ara-sıra mətbuatda çap olunurdu, Moskvada Əli Nazimlə bir yerdə oxumuşdu, Mikayıl Müşfiqlə dost idi, yeri gəldi-gəlmədi, onları müdafiə edirdi, elə onların da oduna yandı. Əvəz bəy də, yazıq... Əvvəldən hiss eləmişdi ki, başının üstünü qara dumanlar alır, birdən-birə yoxa çıxdı, arvadı məktəbə ərizə yazdı, milisə ərizə yazdı ki, Əvəz bəy itib; o itib– bu itib, düz doqquz ay Əvəz bəydən xəbər çıxmadı, sonra qonşulardan kimsə xəbər verdi və orqan işçiləri Əvəz bəyi öz evindəki paltar dolabının içindən çıxartdı; məlum oldu ki, arvadı Əvəz bəyi doqquz ay paltar dolabının içində gizlədib saxlayıb... Əvəz bəyi məktəbdə partiya təşkilatının, komsomol komitəsinin, pioner təşkilatının birgə iclasında, Rayon Partiya Komitəsində şöbə müdiri işləyən Cümşüdlünün iştirakı ilə xalq düşməni kimi ifşa etdilər, terrorçuluqla məşğul olan ingilis casusu kimi də həbsə aldılar və güllələdilər.
    Əvəz bəy düz səkkiz il dalbadal Arzunun anadan olduğu günlərdəki məclislərdə iştirak etmişdi; gətirdiyi hədiyyələri – gözəl kitablar tapıb gətirirdi– həmişə özü Arzuya təqdim edirdi və: «–Je vu felisit, madmuazel!..» – deyirdi, amma xalq düşməni çıxıb həbs olunduğuna görə iki il Arzunun məclisində yox idi. Arzunun çox iti yaddaşı var idi, üç-dörd yaşındakı hadisələri xatırlayırdı, inişilki qonaqlıqda da yəqin ki, o gözəl kitabları xatırlayıb birdən-birə: – «– Əvəz baba yoxdu....» – dedi. Qonaqlıq qurtarandan sonra Ələsgər müəllim evin içində, az qala, pıçıltıyla Arzuya dedi: «– Sən daha Əvəz babanın adını çəkmə...» Arzu təəccüblə: «– Niyə?» – soruşdu. Ələsgər müəllimin dili gəlmədi ki, Əvəz bəyin düşmən olduğunu evində də təkrar etsin, odur ki: «– Belə məsləhətdi...» – dedi. Arzu məktəbdə «Pavlik morozovçular dəstəsi»nin fəal üzvü idi, siniflərinin divar qəzetini çıxarırdı, kitabxanada oturub heç kimin köməyi olmadan özü həmin divar qəzeti üçün Hüseyn Cavidi pionerlərin düşməni kimi ifşa edən baş məqalə yazmışdı, amma Arzu, hər halda, uşaq idi və bir müddət Ələsgər müəllimdən əl çəkmədi: «– Niyə belə məsləhətdi?».
    Firuzə xanım Arzuya nə dedi, nə demədisə, axır ki, bu suallar kəsildi, amma Ələsgər müəllim ehtiyat üçün Əvəz bəyin bağışladığı o kitabları evinin zirzəmisində gizlətdi və Arzu bir daha o gözəl kitabları görmədi və heç vaxt da Əvəz bəyin adını çəkmədi. Ələsgər müəllim Füzulinin və Vaqifin şerlərindən ibarət iki qədim əlyazmasını da həmin zirzəmidə gizlətmişdi, çünki o əlyazmaları təbii ki, ərəb əlifbasında idi.
    Indi o adam ki, ərəb əlifbası ilə kitab oxuyurdu, ərəb əlifbası ilə məktub yazırdı– o əlifba ilə ki, bu bədbəxt xalq min il idi yazırdı, oxuyurdu – onu xalq düşməni kimi ifşa edirdilər; hərgah evində ərəb əlifbası ilə kitab varsa, deməli, sən mollasan, dini təbliğ edirsən (kimə başa salasan ki, bu, Füzulidi, Vaqifdi!..), yaxud sən Müsavatın agentisən, qatı burjua millətçiçisən, pantürkistsən (ən dəhşətli ittiham bu idi – pantürkist!), panislamistsən... Tək kitabdı bəyəm? Bunlar daşlarla da düşmənçilik edirlər. Bibiheybətdəki o gözəl məscidi ki, adam baxanda onun yaraşığına mat qalırdı, uçurub dağıtdılar, yerlə-yeksan elədilər. Maştağadakı o qədim məscid də elə... Azərbaycanda nə qədər tarixi məscidlər dağıdıldı?.. Şəkidəki o qədim, o gözəl məscid... Dünyanın ən günahsız yeri qəbiristanlıqdı, ora da əl atırlar, orada da məqbərələri dağıdırlar... Qəbiristanlıqda da bəd əməl axtarırlar... Hansını deyəsən? Yaxşı, ay əclaflar, ay vicdansızlar, ay nankorlar, ay adını yeni həyat qurucusu qoyub, həyatı dağıdanlar, yaxşı, deyək ki, məscidlər müsəlmanınkıdı, siz də ki, Islamla qanlı-bıçaqsınız, bəs, onda Bakının ən gözəl yerindəki o nəhəng Aleksandr kilsəsinin niyə daşını daş üstündə qoymadınız, uçurub yox elədiniz?..
    Ələsgər müəllim bunları fikirləşirdi və fikirləşdikcə də bu təmkinli adam həmişə öz-özünə əsəbiləşirdi, bütün içi qapqara qanla dolurdu. Məsələ müsəlmanlıqda, xristianlıqda deyildi, bunların mayasında dağıtmaq, sökmək, kor qoymaq, yerlə-yeksan eləmək, ocaqları söndürmək var idi. Bunların etiqadı şeytanadı!.. Oğul atanı satır, qardaş qardaşı ifşa edir, qız anadan imtina edir, arvad ərindən partiya təşkilatına şikayət yazır, komsomol iclaslarında bacı-bacıdan casusluq edir, məscidlər dağıdılır, kilsələr dağıdılır, adam gecə arvadıyla da danışanda siyasi səhv buraxmaqdan ehtiyat edir, bunun axırı nə olacaqdı, Xudaya?! Bu necə zəmanədir, bu necə ölkədir, bu necə quruluşdur?! Insan başı ilə toyuq başının fərqi yoxdur, insanın başını da toyuğun başı kimi, haçan istəsələr, onda da üzə bilərlər... hansı məmləkətdə belə şey olub, hansı dövrdə bu qədər günahsız qan axıdılıb, bu qədər qorxu olub?!.. Marks belə demişdi?! Engels belə demişdi?! Lenin belə demişdi?! Nə isə... Bu işlər barədə beləcə fikirləşmək də düz deyildi (adam özüözündən ehtiyat edirdi).
    Ələsgər müəllimin məktəbində həmin iki müəllimdən başqa, cəmi on doqquz nəfər yuxarı sinif şagirdi komsomoldan xaric edilmiş, məktəbdən çıxarılmışdı. Bu on doqquz uşaqdan on biri heç, onlara kömək etmək mümkün deyildi, çünki xalq düşmənlərinin uşaqları idi, amma yerdə qalan səkkiz uşaqla bağlı Ələsgər müəllim gözdə-qulaqda idi, ara bir balaca sakitləşən kimi, onları məktəbə bərpa edəcəkdi (ikisini artıq bərpa etmək üzrə idi) və ümumiyyətlə, Ələsgər müəllimin müdir olduğu məktəb Bakının başqa məktəblərinə, başqa idarə və müəssisələrinə nisbətən çox sakit yer idi, cəncəl adamlar yox idi, təkcə məktəb partiya təşkilatı katibi Əflatun müəllim idi. 1936-cı ildə raykomdan göndərilmişdi, indi Allaha şükür ki, o da keçib başqa məktəbdə müdir olub. Düzdü, vay Əflatun müəllimin müdir olduğu məktəbin halına, amma, hər halda, Ələsgər müəllimgilin məktəbindən uzaqlaşıb getmişdi.
    Əflatun müəllim, əslində, müəllim deyildi, Ələsgər müəllimin təsərrüfat işləri üzrə müavini, eyni zamanda, məktəb partiya təşkilatının katibi idi. Vaxtilə tramvaysürən olmuş bu adam 1936-cı ilin avqustunda Moskvada «Trotskiçi – zinovyevçi terrorçuluq mərkəzi»nin məhkəməsi başlayandan və qəzetlər Zinovyevin, Kamenyevin, on dörd digər müttəhimin qanlı cinayətlərini, bu azğınlaşmış alçaqların böyük sovet xalqına, işıqlı leninizm ideyalarına, şəxsən dahi rəhbər Stalin yoldaşa qarşı qatı düşmənçilik fəaliyyətini ifşa edəndən sonra, partiya sıralarına daxil olmuşdu. Əflatun müəllim böyük sayıqlıq göstərərək elə həmin 36-cı ildə Bakı Tramvay Parkında iki nəfər tramvaysürən yoldaşını trotskiçi, bir nəfər konduktoru isə zinovyevçi kimi ifşa etmişdi və o vaxtdan da fəal ictimai fəaliyyətini davam etdirirdi, xalq düşmənlərini, casusları axtarıb tapmağa və ifşa etməyə xüsusi həvəsi var idi, amma Ələsgər müəllimin yanında işi keçmirdi.
    Məsələ burasında idi ki, Ələsgər müəllim qubalı idi, yəni Azərbaycan K(b)P MK-nın birinci katibi Mir Cəfər Bağırov yoldaşın yerlisi idi və Ələsgər müəllim özü bu barədə bir kəlmə deməsə də, belə bir şayiə gəzirdi ki, guya, Mir Cəfər Bağırov yoldaş Ələsgər müəllimi şəxsən tanıyır, guya, uşaqlıqları bir yerdə keçib. Düzdü, Ələsgər müəllim Azərbaycan bolşeviklərinin rəhbəri Mir Cəfər Bağırov yoldaşdan altı yaş böyük idi– Mir Cəfər Bağırov yoldaş 1896-cı ildə anadan olmuşdu, Ələsgər müəllim isə 1890-cı il təvəllüdlü idi– amma heç kim bunun fərqinə varmırdı və heç kim də bu barədə Ələsgər müəllimdən bir söz soruçmurdu;bir halda ki, söhbət şəxsən Mir Cəfər Bağırov yoldaşdan gedirdi, o yerə burun soxmaq məsləhət deyildi. Əlbəttə, bu şayiələrdən raykomun da, 37-38-ci illərdə hər iki aydan bir dəyişən maarif rəhbərliyinin də – yeni maarif müdirləri gəlirdi, bir azdan xalq düşməni kimi ifşa olunurdu, yerinə təzələri gəlirdi– xəbəri var idi və heç kim bu söhbətin dərininə getməsə də (kim gedib Mir Cədər Bağırov yoldaşdan soruşacaqdı ki, Ələsgər müəllim sənin uşaqlıq dostundu, yoxsa yox?), bərayi-ehtiyat, Ələsgər müəllimə hörmət edirdilər.
    Əflatun müəllim böyük oğlunun adını Stalinin kollektivləşdirmə siyasətinin şərəfinə Kolxoz qoymuşdu və fikirlərini bir o qədər də dəqiq ifadə edə bilmədiyinə baxmayaraq, partiya iclasından tutmuş pioner toplanışlarına qədər, bütün iclaslarda çıxış edirdi, xalq düşmənlərinin əhatəsində həmişə sayıq olmağa çağırırdı. Əflatun müəllim məktəbdə xalq düşməni kimi ifşa etmək üçün kimisə qaralayanda, material toplamağa başlayanda, Ələsgər müəllim təmkinlə işə qarışırdı, Əflatun müəllimin boynuna qoyurdu: «– Sən, axı, ay Əflatun müəllim, humanist adamsan, xeyirxahsan, hamıya yaxşılıq eləmək istəyirsən, tələsmə...»
    Ələsgər müəllimin bu sözləri açıq-aşkar Əflatun müəllimin ürəyinə yayılırdı və dili böyük olduğu üçün kələ-kötür danışan Əflatun müəllim: «– Bunlar hamısı belədi e, Ələsgər müəllim...– deyirdi. – Ancaq biz gərək, o adı nədi, şey, siyasi sayıqlığımızı itirməyək də! Hər tərəf, o adı nədi, şey, maskalanmış xalq düşmənidi də! Elə bilirsən bunları tutmağnan qurtarandı?!! Baxırsan ki, hə,nədi ki, artistdi də, o adı nədi, şey, Ülvi Rəcəbdi, ancaq bir də görürsən ki, qatı xalq düşmənidi, qaniçəndi!..» «– Düzdü, düz deyirsən, Əflatun müəllim, yaxşı deyirsən, amma sən tələsmə, qoy bir baxaq, görək...»
    Əlbəttə, Ələsgər müəllim yoldaş Stalinin yaxın silahdaşı və tələbəsi Mir Cəfər Bağırov yoldaşın yerlisi və deyilənə görə uşaqlıq dostu olmasaydı, Əflatun müəllim böyük bir həvəslə, ilk növbədə, elə onun özünü ifşa edərdi. «–Yox e, Ələsgər müəllim, axı, raykomda da mənnən, o adı nədi, şey, tələb eləyirlər!.. Məktəbdə cəmi iki nəfər xalq düşməni kimi ifşa olunub, onları da ki, o adı nədi, şey, biz ifşa eləməmişik, yuxarılar özü ifşa eləyib! Cəmi iki nəfər e, Ələsgər müəllim! Axı, biz bolşevikik! Bəs hanı bizim, o adı nədi, şey, siyasi sayıqlığımız? Axı, raykomda mənə verirlər e, bu sualları! Haqları da var də... Cəmi iki nəfər, özü də bizsiz... – Əflatun müəllim açıq-aşkar bir həsəddən yana-yana: – O adı nədi, şey, – deyirdi. – camaat birdən-birə on dənə düşmən ifşa eləyir e!..» «– Başa düşürəm, Əflatun müəllim, hamısını başa düşürəm!.. Nolar bitərəf olanda? Özün bilirsən ki, mən bitərəf bolşevikəm! Amma sənin kimi xeyirxah bir adam gərək belə işlərdə tələsməsin, yüz ölçsün, bir biçsin...» Suda boğulan, saman çöpünə əl atan kimi, Əflatun müəllim də son ümid kimi Ələsgər müəllimə təsir etmək üçün, kolxoza, plana əl atırdı: – «– Kolxozçu planı doldurmasa nə olar, hə? Bax, Ələsgər müəllim, kolxozçu, o adı nədi, şey, dövlət planlarını artıqlamasıyla doldurur, ancaq biz düşmən ifşa etmirik!.. Bunu bağışlamaq olar bizə?! Adımızı da bolşevik qoymuşuq!..» Ələsgər müəllim əlini bu balaca, cansız adamın çiyninə qoyurdu: «Düz sözə nə deyəsən? Düz deyirsən, Əflatun müəllim, düz deyirsən. Ancaq tələsmə....» Əflatun müəllim tamam ümidsiz bir halda: «– Onda... – deyirdi, – onda gəlün bizim məktəb, o adı nədi, şey, məsələ qaldırsın. Təzə Piri söksünlər! Təzə Pir dayanıb camaatın gözü qabağında, o adı nədi, şey, dini təbliğ edir!» Ələsgər müəllim nə qədər təmkinli və ağayanə adam olsa da, ürəyində bu Əflatun müəllimin atasının goruna söyürdü və udquna-udquna deyirdi: «– Hə... Bax, bu yaxşı fikirdi, Əflatun müəllim!.. Ancaq sən hələ tələsmə...»
    Təxminən bir il bundan əvvəl, 1938-ci ilin mart ayının əvvəllərində N.I. Buxarinin, A.I.Rıkovun və başqalarının başçılığı ilə «Sağçı-trotskiçi blok»un cinayət işi haqqında SSRI prokuroru A.Vışinskinin ittihamnaməsi qəzetlərdə çap olundu və bundan sonra mərkəzi qəzetlər hər gün iki-üç səhifələrini həmin məhkəmə prosesinə həsr edirdi. Prokuror Vışinski Buxarinlə Rıkovdan başqa o biri satqın düşmənləri – Krestinskini, Rakovskini, Rezonqoltsı, Ikramovu, Çernovu, Xocayevi və başqalarını qəzet səhifələri boyunca bir-bir dindirirdi. O zaman Bakıda qəribə bir təzad yaranmışdı: küçələrdə, evlərdə, adamlar bir-biriylə, az qala, pıçıltıyla danışırdı, amma iclaslarda xitabət kürsüsünə qalxan adamlar guruldayırdılar, sağçı-trotskiçi casusları lənətləyirdilər, öz aralarında yenilərini tapıb ifşa edirdilər və Əflatun müəllim də deyirdi: «–Görürsüz bu maskalanmış düşmənləri, Ələsgər müəllim!.. Kirovu, o adı nədi, şey, Mic... Mej... – Əflatun müəllim bu familiyanı yaxşı yadında saxlaya bilmirdi. – Menj... Menjiskini, Kuybışevi, Qorkini, Qorkinin yazıq oğlunu bu şpiyonlar gör necə öldürüblər!.. Svoluşlar!.. Molotovu, Kaqanoviçi, Voroşilovu, hətta... hətta... Bu svoluşların işlərini, o adı nədi şey, adamın dili də gəlmir desin, hətta əziz atamız Stalin yoldaşı öldürmək istəyirlərmiş... Ay siz öləsiz!.. Qoymarıq!.. Biz, o adı nədi, şey, sayıq dayanmışıq keşikdə! Svoluşlar! Ancaq, Ələsgər müəllim, məktəbdə hələ bir dənə də buxarinçini, əclaf rıkovçunu ifşa eləməmişik!.. Mən elə bilirəm ki, Ələsgər müəllim, bu bizimçün, o adı nədi, şey, pazordu!» Ələsgər müəllim məktəbdə mitinqlər keçirirdi, cürbəcür tədbirlər fikirləşib tapırdı, bu mitinqlərdə müəllimlərin hamısı, misal üçün, Moskvada məhkəməsi gedən «Solçu-trotskiçi blok» üzvlərini lənətləyirdi, tədbirlərdə komsomolçular, pionerlər dərs əlaçısı və yeni nəslin siyasi cəhətdən sayıq nümayəndəsi kimi yoldaş Stalinə raport verirdilər, yoldaş Stalinə həsr olunmuş, xüsusən, Kobanın Bakıdakı fəaliyyətindən, «Nina» mətbəəsi ilə bağlı apardığı gizli işdən, 1907-ci ilin sentyabrında Bakıda vəhşicəsinə öldürülmüş bolşevik Xanlar Səfərəliyevin dəfnində nitq söyləməsindən bəhs edən səhnəciklər göstərirdilər və Ələsgər müəllim bu mitinqlərlə, tədbirlərlə, raportlarla Əflatun müəllimin başını qatırdı, məktəbin özündə isə heç kimi ifşa etməyə qoymurdu: «–Sən tələsmə, Əflatun müəllim, tələsmə... Armud vaxtında dəyər...»
    Bu cür tədbirlərdən ən geniş yayılmışı «izhari-nifrət» mitinqləri idi. «Izharinifrət » mitinqləri məktəbin idman zalında keçirilirdi və çıxış edən müəllimlər, şagirdlər mətbuatda ifşa olunan tanınmış xalq düşmənlərinə, misal üçün, Əhməd Cavada, Abbas Mirzə Şərifzadəyə, Salman Mümtaza, adlarının siyahısı bitmək bilməyən bir çox başqalarına nifrətlərini izhar edirdilər. Məktəbdə oxuyan şagirdlərin valideynlərindən kimsə xalq düşməni kimi ifşa olunanda da idman zalında beləcə «izhari-nifrət» mitinqləri təşkil olunurdu və bəzən həmin mitinqlərdə məktəbdən qovulmasın, komsomoldan, pionerdən çıxarılmasın deyə, şagird özü həbs edilmiş valideynini lənətləyirdi: «Mən bilmirdim ki, atam belə əclafdı!..» Belə məqamlarda Əflatun müəllimin siyasi keşikdə dayanmaq ehtirası lap coşurdu və valideynlərini lənətləyən bu cür şagirdlərə qulaq asdıqca: «– Malades!»... – deyirdi. – Əsl komsomolçu (yaxud pioner)belə olar! Görürsən, Ələsgər müəllim! Biz isə, o adı nədi, şey, dayanmışıq bir kənarda!» Ələsgər müəllim bir dünya dərd dolu gözlərini o şagirdlərdən çəkib, Əflatun müəllimə baxırdı: «– Sən tələsmə, Əflatun müəllim, yüz ölç, bir biç!..» – deyirdi.
    Əflatun müəllim fikirləşirdi ki, əslində, Ələsgər müəllimin dediyi bu sözlərin özü düşmən sözləridir, siyasi sayıqlığı yayındırmaq deməkdir, amma nə etmək olar?.. «– Bəs raykom, Ələsgər müəllim, bəs raykom ?! Məndən, o adı nədi, şey, tələb edirlər axı!.. Deyirlər niyə xalq düşməni ifşa etmirsən ?!» «– Raykomda da hamısı alicənab adamlardı də, ay Əflatun müəllim, hamısı xeyirxah, hamısı sənin kimi təmiz adamlardı də!..»
    Əflatun müəllim «raykom» deyəndə, ilk növbədə, yoldaş Cümşüdlünü nəzərdə tuturdu; yoldaş Cümşüdlü raykomda kadrlar şöbəsinin müdiri idi, amma təbii ki, o da Ələsgər müəllimin haralı olduğunu, kimlərlə tanışlığını bilirdi. Bir dəfə Əflatun müəllim raykomda, yoldaş Cümşüdlünün yanında olanda çəkinə-çəkinə Ələsgər müəllimin liberallığından söz salmaq istədi, amma yoldaş Cümşüdlü o saat keçmiş tramvay sürücüsünün sözünü yarımçıq kəsib üstünə qışqırdı: «– Məni provakasiyaya çəkmək istəyirsən?! Məndən söz almaq istəyirsən?! Sənin kimilərini mən çox görmüşəm!.. Əlindən – g...ündən bir iş gəlmir, istəyirsən provakasiya eləyəsən?! O qədər ifşa eləməyə adam var, gör gəlib kimdən pıçıldayır raykomun qulağına?!
    Maymaq oğlu, maymaq! Get, kollektivdə xalq düşməni tap, ifşa elə!» Əflatun müəllim, sonuncu dəfə cəhd göstərdi: «Qoymur axı...» Cümşüdlü: «–Qoymur? – dedi. – Onda sənin özünü ifşa eləyərik xalq düşməni kimi!»
    Bununla da raykomda Ələsgər müəllim barədə söhbət birdəfəlik qurtardı və Əflatun müəllim üçün göydəndüşmə bir bəxşeyiş oldu ki, Ələsgər müəllimin köməyi ilə («– Əflatun müəllim artıq yetişmiş yoldaşdır! Onu irəli çəkmək lazımdır. Zəhmətkeş təbəqənin nümayəndəsidi! Ona ayrıca bir məktəb etibar edin!» – deyirdi; nə edəydi, zəmanənin üzü qara olsun, öz canını qurtarırdı, amma başqalarını zibilə salırdı...) başqa bir məktəbə müdir təyin edildi; əslində, belə bir təyinat Cümşüdlünün də ürəyindən idi, çünki təcrübəsi və son illərdə cərəyan altındakı çılpaq elektrik məftili kimi həssaslaşmış fəhmi gödəkboylu, kök, burnunun aşağısında ensiz qara bığı olan, əyninə həmişə «Stalinskaya forma» geyən bu adama deyirdi ki, Ələsgər müəllimin müdir olduğu o məktəbdən uzaq ol, düşər-düşməzi olar, elə də ola bilər, belə də...
    Indi məktəbdə sakitlik idi, çünki Ələsgər müəllim əməlli-başlı çalışdı, gedib raykomda əlaqədar adamlara, o cümlədən, Cümşüdlüyə ağız açdı, axırı nail oldu ki, Əflatun müəllimin yerinə Firidun müəllimi məktəbdə partiya təşkilatı katibi seçdilər. Firidun müəllim sakit, ziyalı bir adam idi, on beş ildən artıq partiya stajı var idi və Ələsgər müəllimlə birlikdə məktəbin sakitliyi keşiyində dayanmışdı və ikisi də əsas işlə məşğul idilər: uşaqların tədrisi ilə.
    Düzdü, təzə idman müəllimi Xıdır müəllim hərdənbir siyasi mövzulara girişirdi, amma Ələsgər müəllim yavaş-yavaş Xıdır müəllimə də təsir göstərirdi, Xıdır müəllimi də özünə yaxın çəkirdi, hətta, bu gün də Xıdır müəllimi Arzunun ad gününə dəvət etmişdi.
    Nə isə, dünyanın işləri, deyəsən, yavaş-yavaş sakitləşirdi, hər halda, 37 ilə 38- in Ələsgər müəllim üçün o dəhşətli, o anlaşılmaz və qorxulu fırtınası, deyəsən, daha arxada qalırdı. N.I.Yejov işdən götürülmüşdü, ÜK(b)P MK-nın və SSRI Xalq Komissarları Sovetinin 18 noyabr tarixli qərarı çıxmışdı və bu qərarda istintaq zamanı qanunsuz hərəkətlərə yol verildiyi göstərilirdi, bu cür hərəkətlər qəti qadağan olunurdu. Bakı camaatı bu qərara dərhal «Stalin qərarı» adı vermişdi və Bakı camaatının və ümumiyyətlə, xalqın fikrincə yoldaş Stalin onların təəssübünü çəkdiyi üçün, günahsız adamları müdafiə etdiyi üçün bu qərarı qəbul etdirmişdi. Indi L.P. Beriya SSRI Xalq Daxili Işlər Komissarı təyin olunmuşdu və L.P. Beriya yoldaş da Stalinin yaxın silahdaşı, inandığı, etibar etdiyi adam idi, Bakıda işləmişdi, Azərbaycanı tanıyırdı. Bitərəflərin hörməti qalxmışdı, bitərfləri irəli çəkirdilər, bir sözlə, deyəsən, işıq ucu görünməyə başlayırdı (təki olaydı!) və həmin qış günü hər tətəfi bürümüş o qarın tərtəmiz ağlığı da, elə bil, dünyanın, həqiqətən, düzələcəyindən xəbər verirdi.
    Arzunun on yaşı tamam olurdu və məktəbdə ikinci növbədə oxuduğu üçün, hələ dərsdən qayıtmamışdı. Ələsgər müəllim süfrəyə düzmək üçün soyutma toyuqları doğraya-doğraya boşqablara yığırdı. Firuzə xanım əllərini yuyub hansı qohumununsa bir ay bundan əvvəl Ordubaddan pay gətirdiyi qoz ləpəsini, ərik qurusunu səliqə ilə nəlbəkilərə yığırdı ki, yeməkdən sonra çay dəstgahı başlayanda hər şey əlinin altında olsun.
    – Uşaq yaxşı geyinib? Bayır soyuqdu yaman...
    Firuzə xanım:
    – Lap yaxşı geyinib, darıxma... – dedi və soruşdu: – Xosrov müəllim arvadıyla gələcək?
    – Hə, yəqin arvadıyla gələcək. Demişəm ki, ikiniz də gəlin.
    – Sən də görməmisən də arvadını?
    – Yox, harada görəcəyəm?..
    Firuzə xanım başını yırğalaya-yırğalaya gülümsədi:
    – Yaxşı adamdı Xosrov müəllim... Torpağı sanı yaşasın, xasiyyəti rəhmətlik dədəmin xasiyyətinə oxşayır: dindirməsən, söz deyən deyil. Yaxşı elədi evləndi, heç olmasa, bir gün görər!.. Elə deyil, sən Allah?
    – Təki elə olsun! Fağır adamdı...
    Xosrov müəllim əsrin yaşıdı idi, düz otuz doqquz yaşı vardı, amma bu uzunboylu, arıq adamın gözlərinin kənarları dərin qırışlarla dolu idi, təkcə saçları yox, yay vaxtı köynəyinin açıq yaxasından görünən sinəsinin tükləri, hətta qolunun tükləri də ağarmışdı; iti sümüklü uzun burnu və nazik boğazında da eynilə burnuna oxşayan uzun hülqumu var idi və Xosrov müəllim hər dəfə udqunanda, o uzun hülqum qalxıb-endikcə adama elə gəlirdi ki, kişi əzab çəkir və ümumiyyətlə, Xosrov müəllimin baxışında da, hərəkətlərində də, hətta ildə-ayda bir dəfə gülümsəyirdisə, o təbəssümündə də bir əzabkeşlik, bir ağrı var idi.
    Deyirdilər ki, guya, haçansa Xosrov müəllimin başına böyük fəlakət gəlib, özü də bu, siyasi fəlakət yox, təbii fəlakət olub (bu, əlbəttə, indiki zəmanədə bir az qəribə səslənirdi, çünki adamlar, elə bil ki, təbii fəlakəti yadırğamışdılar), guya, bütün ailəsi məhv olub – Ələsgər müəllim bu barədə dəqiq bir şey bilmirdi, çünki nə Xosrov müəllim bu barədə bir söz deyirdi, nə də Ələsgər müəllim, aydın məsələdir ki, bu barədə bir söz soruşmurdu: bir halda ki, kişinin ürəyində dərdi var idi, o dərdi təzələməyin nə mənası vardı? Ələsgər müəllim bu fikirdə idi ki, heç kimin başqasının ürəyinə girməyə ixtiyarı yox idi, çünki ürək elə bir şeydir ki, təkcə öz yiyəsinə məxsusdur, istəyir – başqasının qarşısında özü açılır, istəmir – qurtardı, getdi, onun ürəyinə, girməyə cəhd göstərmək lazım deyil.
    Xosrov müəllim tamam dinməz-söyləməz adam idi, yeddi il idi ki, Ələsgər müəllimin müdir olduğu məktəbdə rus dili dərsi deyirdi və bu yeddi ildə Ələsgər müəllim bir dəfə də görməmişdi ki, Xosrov müəllim ağzını açıb kimdənsə nəsə soruşsun, özü nəsə bir söhbət başlasın, ya bir dəfə bir şeydən şikayət eləsin, bir şeyi tərifləsin; müraciətlərə cavab verirdi və dinməzcə oturub söhbətlərə qulaq asırdı. Məktəbdə deyirdilər ki, guya, Xosrov müəllim bir az havalıdı, guya, başına gələn o fəlakətdən (təbii fəlakətdən!..) sonra, haçansa dəlixanada yatıb müalicə olunub, amma Ələsgər müəllim Xosrov müəllimdə havalı bir cəhət hiss etməmişdi; düzdü, bəzən görürdün ki, elə bil, heç nə eşitmir, heç nə görmür, hansısa tamam başqa bir aləmin içindədi, rəngi də ağarırdı, adama elə gəlirdi ki, bu arıq, uzun adam öz içində kiminləsə danışır, amma bu, əlbəttə, hələ havalı olmaqdan xəbər vermirdi. Insandı də... hərənin yüz cürə dərdi-səri var...
    Əflatun müəllim Xosrov müəllimi qaralamışdı, iki-üç dəfə partiya iclasında onun məsələsini müzakirə etmək istəmişdi, amma Ələsgər müəllim bundan da duyuq düşmüşdü, imkan verməmişdi: «– Ay Əflatun müəllim, – demişdi, – bu yazıqdan düşmən olar? Görmürsən qaragünün biridi, dərdin-sərin içindədi?..» «–Elə məsələ də bundadı də, Ələsgər müəllim, nəyin dərdini çəkir o, hə? Nəyin? Niyə öz şəxsi, o adı nədi, şey, kədərini ictimai işlərdən üstün tutur? Biz bu cür xoşbəxt həyat qurmuşuq, sosializmin təntənəsi içindəyik, yoldaş Stalinlə bir dövrdə yaşayırıq, onun, o adı nədi, şey, nəfəs aldığı hava ilə nəfəs alırıq, ancaq bu, o adı nədi, şey, dərd çəkir!.. Bəlkə elə sosializmin təntənəsinin dərdini çəkir, hə?!» «– Yox, yox, elə deyil, Əflatun müəllim, sən özün insan psixologiyasının gözəl bilicisisən, hərənin bir xasiyyəti olur, bu da belə adamdı də...» Əflatun müəllim geri çəkilmək istəmirdi: «– Inanın mənə, Ələsgər müəllim, – deyirdi, – bu, gizlin, o adı nədi, şey, trotskiçidir, ya da o, adı nədi, şey, zinovyevçidi! Gözlərindən görürəm!» Ələsgər müəllim asta-asta, təmkinlə, Əflatun müəllimin humanistliyini, incə qəlbli insan olmasını boynuna qoya-qoya o qara dumanları Xosrov müəllimin də başının üstündən dağıdırdı. Bir dəfə Əflatun müəllim özünü tələm-tələsik Ələsgər müəllimin müdir otağına dürtdü: «– Xəbərün var, Ələsgər müəllim, nolub?!» Ələsgər müəllim bu adamdan heç bir xeyir xəbər gözləmirdi və həmin dəfə də nigarançılıqla: «– Nə olub, Əflatun müəllim?»– soruşdu. Əflatun müəllim tələsdiyi üçün daha tez-tez çaşa-çaşa: «– O qəzet var e, – dedi, – adı nədi, şey, hə, «Azərbaycan piyaneri», onun, orda işləyənə nə deyirlər, şey, o adı nədi, şey, hə, müxbir gəlib, Xosrov müəllim də, o adı nədi, şey, bizim məktəbi tərifləyib!..» Ələsgər müəllim təəccüblə: «– Tərifləyib deyirsən?» – soruşdu. «– Hə, tərifləyib də, o adı nədi, şey, çox tərifləyib». Ələsgər müəllim: «–Yaxşı də, – dedi. – Tərifləyib, çox sağ olsun də». Həmişə belə vaxtlarda olduğu kimi Əflatun müəllim fikirləşirdi ki, bəli, bəli, elədir ki, var, əsl xalq düşməni Ələsgər müəllimin özüdür, amma deyirlər... Kişiylə uşaqlıq dostu olublar də, yerlisidir. Elə bil ki, Əflatun müəllim həvəskar bir balıqçı idi, Ələsgər müəllim də gözəl, iri, kök bir balıq idi və o balıqçı, gözünün qabağındakı bu iri balığı – Ələsgər müəllimi qarmağa keçirib sudan çıxartmaq xoşbəxtliyindən məhrum idi, gecə-gündüz xırda-xuruş balıq axtarırdı, onlar da ələ keçmirdi. «– O adı nədi, şey, yaxçı eləyib deyirsüz ki, ya, Xosrov müəllim tərifləyib bizim məktəbi? Bəlkə bizim o adı nədi, şey, siyasi sayıqlığımızı yatırmaq istəyib, hə? Mən bilirəm ki, bu, o adı nədi, şey düşmən hiyləsidir!..» Onda Ələsgər müəllim kimi zəmanədən hər şey gözləyən bir adam da, Əflatun müəllimin bu sözlərinə, Əflatun müəllimin mühakiməsinə, məntiqinə mat qaldı...
    Xosrov müəllim tək yaşayırdı, dəqiq adam idi, vaxtlı-vaxtında məktəbə gəlirdi, vaxtlı-vaxtında da məktəbdən gedirdi, bir dostu, yaxın tanışı yox idi, məktəbdə də heç kimlə yaxınlıq etmirdi, köynəyi, corabı həmişə təmiz olurdu, yəqin ki, özü yuyurdu, kostyumu da çox geyilməyinə baxmayaraq, səliqə-səhmanlı idi, düymələri tikili, şalvarı ütülü olurdu, yay-qış geydiyi qara ayaqqabısını da həmişə tərtəmiz silirdi, dabanı gedəndə təzə daban vurdururdu, qarlı-yağışlı günlərdə o ayaqqabının üstündən qaloş geyirdi. Xosrov müəllim Ələsgər müəllimin təsəvvüründə susuzluqdan saralıb-solub qurumaqda olan bir dənə uzun saplaqlı yarpaq idi ki, o yarpaqda həyat aləməti deyilən bir şey yox idi və o yarpağın didilib torpağa qarışmağına lap az qalmışdı, amma iki ay bundan əvvəl birdən-birə o yarpaq göyərməyə başladı. Xosrov müəllim göz-görəti dəyişdi, elə bil, qurumuş o saplaq torpaqdan su aldı, elə bil, gözünün kənarlarındakı o qırışlar da bir balaca açılmağa başlamışdı və o vaxt dünyanın ən gözlənilməz bir xəbəri Ələsgər müəllimə ləzzət verdi: Xosrov müəllim evlənmişdi.
    Firuzə xanım işləməsə də, ömrünü Ələsgər müəllimin rahatlığına və Arzunun böyüməsinə həsr etsə də, həmişə məktəbdəki hadisələrdən xəbərdar olurdu, əri ilə bir çarpayıda yuxuya getməzdən əvvəl, Ələsgər müəllim yavaş-yavaş danışırdı, ürəyini boşaldırdı və Firuzə xanım da həmin gün məktəbdə nə baş verdiyini bilirdi. Arzunun qonaqlıqlarında cəmi ikicə dəfə üzünü gördüyü Əflatun müəllimin qarasına qarğış edirdi: «– O tramvay sürəni görüm elə tarmvay altında qalsın!..» Ələsgər müəllim: «–Əşşi, adamdı də, insandı, uşaqları var, niyə elə deyirsən?..» – deyirdi. Firuzə xanımın hirsi soyumurdu: «– O cürə adamı görüm qara torpağın içinə girsin!.. Başqaları bəs adam deyil?! Başqalarının uşağı yoxdur?!..» Ələsgər müəllim daha da yavaşdan pıçıldayırdı: «– Onda təqsir yoxdu, zəmanə çətin zəmanədi». Firuzə xanım doluxsunurdu: «– Yazıq Əvəz bəy... Özü də boynuna alıb ki, ingilis şpiyonudu.... Gör o ağsaqqal kişinin başına nə oyun açıblar də... Fransada olub, heç olmasa, fransız şpiyonu eləyəydilər onu. O bədbəxt oğlu, bədbəxtin arvadını, qızını da sürgün eləyiblər Qazaxıstana....» Ələsgər müəllim dərindən nəfəs alıb: «– Yat... – deyirdi. – Yat...».
    Elə ki, keçən ilin axırlarında Əflatun müəllim məktəbdən getdi, Firuzə xanımın da qarğış eləməyə adamı qalmadı. Düzdü, Ələsgər müəllimin yeni idman müəllimi Xıdır müəllimdən gözü su içmirdi, amma, o, hələ Firuzə xanımın qarğışına layiq bir iş görməmişdi. Xıdır müəllimi Əflatun müəllimin zəmanəti və təkidi ilə işə götürmüşdülər və Ələsgər müəllim buna bir də ona görə razı olmuşdu ki, belə bir hörmət, belə bir xidmət müqabilində Əflatun müəllim də məktəbdə xalq düşmənləri axtarıb, tapmaq, onları ifşa etmək yolunda çox cənfəşanlıq göstərməsin, o da Ələsgər müəllimin sözünü eşitsin. Əflatun müəllim Xıdırı tərifləyə-tərifləyə deyirdi: «Bir fizkultirnikdi ki, Ələsgər məllim, o adı nədi, şey, əsl biz deyən! Sportu onun kimi bilən yoxdu. Yoldaş Stalinin o adı nədi, şey, istəyinə layiq fizkultirnikdi. Gələcəyi, o adı nədi şey, gələcəyi quranlardandır! Bulvardakı vışkadan paraşutdan atdanıb!»
    Xosrov müəllimin birdən-birə evlənməsi isə (özü də belə bir zəmanədə!) Firuzə xanıma da əri kimi, ləzzət eləmişdi. Qəribə idi, Xosrov müəllim hər il qışda Arzunun ad gününə gəlirdi, bir-iki yüz qram araq içirdi, üç-dörd loxma çörək yeyirdi, dinib-danışmırdı, amma Firuzə xanımın ondan xoşu gəlirdi, gecələr Ələsgər müəllimə: «–Vallah, yaxşı adamdı bu Xostov müəllim, deyirdi. – priliçnidi e, priliçni. Abırlı-həyalı adamdı. Allah bilir, başı nələr çəkib... Bütün ailəsi qırılıb bu bədbəxtin, ay Ələsgər?» «– Helə danışırlar, vallah, nə bilim. Dəhşətdi e, dəhşət olmayanda nədi?..»
    Arzunun on yaşı tamam olan həmin qış günü Firuzə xanım qoz ləpəsini, ərik qurusunu nəlbəkilərə yığıb qurtardı və hələ də səliqə ilə soyutma toyuqları doğrayan
    Ələsgər müəllimə dedi:
    – Təki Xosrov müəllimin arvadı özünə layiq olaydı.
    – Layiq olar də, niyə olmasın? Bəyənib ərə gedibsə, yaxşı olar, uşaq deyillər ki?
    – O yazıq, paltosunun düymələrini özü tikirdi, bizdə paltosunu çıxarıb asanda görmüşəm. Indi, heç olmasa, fağır, bir gün görər.
    Hava tez qaraldı və o qaranlıqda da bayırın qarı elə-eləcə tərtəmiz bir ağlıq içində idi. Ələsgər müəllimin yaxşı yadındaydı, 37-ci ilin yanvarında Bakıda dəhşətli qar qasırğası oldu və Ələsgər müəllim ömründə helə bir qasırğa görməmişdi. Sən demə, 37-nin yanvarındakı o qasırğa adicə təbiət hadisəsi deyilmiş, sonrakı dəhşətləri əvvəlcədən xəbər verirmiş. Iki il bundan əvvəlki o qasırğa zamanı yaxşı yadındadı, Ələsgər müəllim, bax, bu pəncərənin qabağında dayanıb özünə izah edə bilmədiyi bir narahatlıq keçirirdi, amma indi qaranlıq içində parıldayan o qar, elə bil ki, gözəl bir sakitlikdən xəbər verirdi... Hər halda, o gözəl qış axşamı Ələsgər müəllimin ürəyi belə deyirdi...
    Arzu məktəbdən gəldi, paltarını dəyişdi, pioner qalstukunu təzədən ütüləyib boynuna taxdı və həmişə olduğu kimi, Arzu ilə bərabər, evə bir canlanma, bir hərəkət gəldi. Arzu mətbəxdə olmağı, ev işlərinə kömək eləməyi xoşlamırdı, təkcə pioner qalstukunu hər gün özü ütüləyirdi, bu işi hətta anasına da etibar etmirdi; kitab oxumadığı, dərslərini öyrənmədiyi boş vaxtlarında elə hey danışırdı, cürbəcür fikirlər irəli sürürdü, təşəbbüslər göstərirdi və elə həmin qış günü də Ələsgər müəllimlə Firuzə xanıma yeni bir xəbər verdi:
    – Bundan sonra evdə həftədə bir dəfə divar qəzeti çıxaracağam!
    Firuzə xanım:
    – A-a-a, – dedi. – Evdə də divar qəzeti olar?
    – Olar. Mən çıxararam, siz də baxarsız. Sizə deməyə sözlərim var.
    – O sözləri elə ağızla de, biz də qulaq asaq də...
    – Yox, onları divar qəzetinə yazacağam. Baş məqalədə sizi tənqid eləyəcəyəm.
    Ələsgər müəllim təəccüblə:
    – Bizi? – soruşdu.
    – Hə! «Koroğlu» operasını da tənqid edəcəyəm.
    Ələsgər müəllim bu xəbərə lap məəətəl qaldı. Firuzə xanım:
    – A-a-a,– dedi. – Bəs, o operadan xoşun gəlirdi, məni də dartıb aparmışdın ora?
    – Nolar? Əvvəllər xoşum gəlirdi, ona görə ki, bəstəkar bizim gözümüzə kül üfürüb. Indi başa düşürəm. Üzeyir Hacıbəyov «Koroğlu» nu ona görə yazıb ki, müasir mövzuda yazmasın! Bəstəkar müasir mövzudan qaçıb. O opera gərək kolxoz həyatından olaydı. Indi xan, padşah yoxdur. Koroğlu gərək qolçomaqlara qarşı mübarizə aparaydı. Kitabxanada pioner disputu keçirəcəyik. Mən bu barədə məruzə eləyəcəyəm. Bəstəkarı da çağıracağıq ki, nəticə çıxarsın.
    Ələsgər müəllim:
    – Tarix bəyəm bizim deyil?– soruşdu. – Koroğlu qəhrəman olub, xalqın azadlığı uğrunda xanlarla, sultanlarla döyüşə girib.
    – Bəs, Pavlik Morozov?
    – O da qəhrəmandı, mən bir söz demirəm ki.
    – Koroğlu xanlara qarşı vuruşub, Pavlik Morozov isə qolçomaqlara qarşı vuruşub. Hətta atasını da, babasını da ifşa edib. Hansı vacibdir? «Koroğlu» operası gərək müasir mövzuda olaydı.
    Ələsgər müəllim təslim olmaq istəmirdi:
    – Axı, hər mövzunun öz yeri var!
    Arzu bir neçə an susdu, sonra, elə bil, nəsə kəşf edibmiş kimi:
    – Ata, – dedi, – sən müasir mövzunun əleyhinəsən?
    – Yox, əleyhinə deyiləm. – Ələsgər müəllimin ürəyi bir balaca döyündü.
    – Qurtardı-getdi.
    Arzuya dil yetirmək çətin məsələ idi; düzdü, Arzunun bu sözlərində, suallarında nəsə xoşagəlməz bir şey var idi, hətta birdən-birə Əflatun müəllim gəlib Ələsgər müəllimin yadına düşdü və Ələsgər müəllim gülümsəyib başını buladı: zəmanə uşağıdı də. Qoy elə belə də olsun. Qoy beləcə diribaş olsun. Qız uşağıdır, Ələsgər müəllim ömrü boyu onun yanında olmayacaq ki, dünyanı tutub qalmayacaq ki, günlərin bir günü köçüb gedəcək bu dünyadan, qoy Arzu özü öz haqqını tələb eləməyi bacarsın, indi ki, zəmanə Əflatun müəllim kimi adamlar yetişdirib, qoy, Arzu həmin adamlarla danışmağı bacarsın.
    Arzu səliqə ilə öz kitablarını yığdığı kiçik dolabının yuxarı tərəfindən divara vurdğu böyük fotonu göstərib dedi:
    – Onun balacasından alıb divar qəzetinin ortasına yapışdaracağam. Bu, qəzetin daimi materialı olacaq.
    Ələsgər müəllim o fotoşəkilə baxdı və bir söz demədi. Arzunun çox sevdiyi və par-par parıldayan nikel çərçivəyə saldığı bu fotoplakat Stalin baba ilə balaca bir qızın şəkli idi: Kremldəki qəbul zamanı o balaca qız Stalin babaya bir dəstə gül verib onu qucaqlamışdı, Stalin baba da o balaca qızı bağrına basmışdı, ikisi də gülürdü və nə vaxtki Arzunun kimə isə hirsi tuturdu, nəyə görəsə qanı qaralırdı, onda o şəkli gözlərinin qabağına gətirirdi. Stalin babanın da, o balaca qızın da gülən gözləri Arzunun ürəyini sevinclə, məhəbbətlə, nikbinliklə doldururdu.
    Ələsgər müəllim bu fotoplakatı məktəbdəki bütün sinif otaqlarına vurdurmuşdu, amma Arzu üçün bu az idi, plakatlar satılan mağazadan bunu alıb gətirib evdə beləcə divardan asmışdı. Arzu haradasa oxumuşdu ki, bu bəxtəvər qızın adı Gelya Markizovadır və Arzu bu fotoşəkli o qədər çox istəyirdi ki, hətta Gelya Markizovaya paxıllıq da eləmirdi, düzdü, hərdən gözünü yumub o fotoda Gelya Markizovanın yerində özünü təsəvvür edirdi, özü Stalin babaya gül dəstəsi verirdi, özü Stalin babanı qucaqlayıb öpürdü və bu, Arzunun ən gözəl xəyallarından biri idi... Gelya Markizova, əlbəttə, ən xoşbəxt sovet qızı idi...
    ...Arzunun xəbəri yox idi ki, həmin dəm, 1939-cu ilin o qış günü o balaca qız – Engelsina (Gelya) Markizova Qazaxıstanda sürgündə idi. O balaca buryat qızının atasını – Buryat Monqol Vilayət Partiya Komitəsinin birinci katibi, Buryat Muxtar Respublikasını yaradanlardan biri Ərdan Markizovu – 1937-ci ilin dekabrında xalq düşməni kimi ifşa etmişdilər və yapon casusu kimi güllələmişdilər. Gelyanın anasını da həbs etmişdilər və o balaca qız özündən iki yaş böyük qardaşı Vladilenlə birlikdə tək qalmışdı; ata da yox idi, ana da yox idi, təkcə Kremldəki həmin qəbul zamanı Stalin babanın Gelyaya bağışladığı gözəl bir patefon onlarla birlikdə idi. Patefonun üstünə bərkidilmiş kiçik dəmir lövhəcikdə yazılmışdı: «Markizovoy Qele ot vojdya partii I.V. Stalina 27.1.36 q...»
    Əlbəttə, Ələsgər müəllimin də bundan xəbəri yox idi, gözlərini kitab dolabının yuxarı tərəfindən asılmış o böyük fotoplakatdan çəkdi: eybi yox, Arzu zəmanə uşağı idi, qoy belə də olsun. Belə olmasa, Əflatun müəllim kimi nadürüstlərin əhatəsində yaşamaq çətin olcaqdı.
    Bütün bunlar düz idi, belə olmalıydı, Ələsgər müəllim bunu başa düşürdü, amma... Amma həmişə belə məqamlarda kişinin ürəyindən nəsə nisgilə bənzər bir hiss keçirdi və həmişə də Arzunun üç-dörd ay bundan əvvəl doldurduğu anketi yadına salırdı.
    O sorğu-anketi Arzugilin məktəbdəki pioner baş dəstə rəhbəri paylamışdı və
    Arzu da gətirib o beş sualdan ibarət anketi evdə doldurmuşdu:
    1. Ən çox sevdiyin insan? Arzu böyük, qırmızı hərflərlə yazmışdı: Stalin
    2. Sənə ən doğma olan adam?
    Arzu böyük, qırmızı hərflərlə yazmışdı: Stalin.
    3. Ən çox sevdiyin ədəbi qəhrəman?
    Arzu bu dəfə mürəkkəblə yazmışdı: Pavlik Morozov.
    4. Ən çox sevdiyin yazıçı?
    Arzu yenə mürəkkəblə yazmışdı: Vitali Qubaryov.
    Ələsgər müəllim bu adda yazıçı tanımırdı. Sonralar maraqlandı və öyrəndi ki, bu adam 1932-ci ildə pioner Pavlik Morozovun öldürülməsi ilə bağlı istintaq işində iştirak edib və «Odin iz odinnatsati» adlı bir kitab yazıb ki, həmin kitab Arzunun stolüstü kitabı idi.
    5. Kimə nifrət edirsən?
    Arzu böyük, qara hərflərlə yazmışdı: Hüseyn Cavidə, Abbas Mirzə Şərifzadəyə, Mikayıl Müşfiqə, Ülvi Rəcəbə, Yusif Vəzir Çəmənzəminliyə, Nəriman Nərimanova, Ruhulla Axundova və bütün başqa alçaq faşistlərə. Çünki onlar sovet pionerlərinin xoşbəxt həyatını məhv etmək istəyirdilər!!! Bu üç nida işarəsini də Arzu qırmızı qələmlə yazmışdı.
    Arzu bu sorğu-anketi doldurandan sonra Ələsgər müəllimə verdi ki, atasının fikrini bilsin. Ələsgər müəllim o anketi alıb baxdı və:
    – Yaxşıdır... – dedi, amma qoz boyda bir qəhər gəlib boğazına pərçim oldu.
    Məktəbdə altıncı sinifdə oxuyan bir oğlan iki-üç gün əvvəl bu anketin birinci sualının cavabını Stalin yazmışdı, amma ikinci sualın cavabvında isə Atam Əsədulla və anam Fatma yazmışdı və pionerlər təcili iclas çağırıb pioner baş dəstə rəhbərinin iştirakı ilə o oğlanı ifşa etmişdilər, çünki atası ilə anasını Stalin babadan artıq tutub... Ələsgər müəllim o pioner iclasından xəbərdar idi və orasını da bilirdi ki, həmin oğlanı əsas ifşa edənlərdən biri Arzu olub. Pioner baş dəstə rəhbəri sevincək gəlib bu xəbəri Ələsgər müəllimə çatdırmışdı (pionerlər sizin qızınızla fəxr edə bilər, Ələsgər müəllim. Siyasi şüuru çox inkişaf edib...) Indi, beşinci sinifdə oxuyan pionerlərin o anketi doldurmaq növbəsi idi.
    Ələsgər müəllim anketi qızına qaytardı və birdən-birə Abbas Mirzə Şərifzadənin ifasında Otellonu yadına saldı. Abbas Mirzə Şərifzadə – Otello əlində yanan şam tutub qaranlıq səhnəyə çıxırdı, Dezdemonanın yatdığı çarpayıya tərəf yaxınlaşırdı və bu zaman adamın tükləri biz-biz olurdu. Hərdən Ələsgər müəllimə elə gəlirdi ki, yenə səhnədir, bütün bu hadisələr səhnədə baş verir, Arzu da bu anketi səhnədə doldurur, o bığlı da o balaca qızla həmin şəkli səhnədə çəkdirib və haçansa pərdə bağlanacaq, tamaşa qurtaracaq...
    Yəni doğrudan qurtaracaq?..
    Çətin!
    Həmin qarlı qış axşamı birinci Firidun müəllim arvadı ilə gəldi və son vaxtlar hər dəfə Firidun müəllimi görəndə Ələsgər müəllim dərindən rahat bir nəfəs alırdı; ikisi də insan idi, ikisinin də əlində eyni ixtiyar var idi, yəni ikisi də məktəbdə partiya təşkilatının katibi idi, ikisi də bir zəmanədə yaşayırdı – Əflatun müəllim də, Firidun müəllim də, amma necə olurdu ki, birinin təbiəti o cürə ziyankarlıqla dolu olurdu, o birisinin isə ürəyi xeyirxahlıqla döyünürdü? Bütün insanların iki ayağı, iki əli, iki gözü, bir ürəyi var idi, insanın quruluşu bir-birinin eyni idi, amma necə olurdu ki, təbiətlər beləcə müxtəlif çıxırdı? Ürək bir olan kimi, təbiət də, xeyirxahlıq da bir olaydı də... Ələsgər müəllim fikirləşirdi ki, ola bilər, dünyada hər şey ola bilər (və olur!), bir də gördün ki, haçansa bugünkü günlərə görə adamlardan hesabat tələb elədilər və o vaxt Əflatun müəllim kimilər, raykomdakı Cümşüdlü kimilər yəqin hər şeyi zəmanənin, dövrün, siyasətin boynuna yıxacaqlar, amma sən, şəxsən sən öz əlinlə kiminsə ölümünə qol çəkmisənsə (günahsızın! fağırın! ailə başçısının!), zəmanə, buna nə eləsin? Zəmanə sənin üçün, adicə olaraq, şərait yaradıb... Dünya bina olandan bəri Əhrimənlə Hörmüz nahaq yerə həmişə bir-biri ilə vuruşmayıblar ki? Yusif Vəzir Çəmənzəminli bu barədə yazmışdı də, özü Əhrimənin qurbanı oldu, indi hardadı, nə iş gəlib başına, Allah bilir, hərə bir söz danışır...
    Sonra Xıdır müəllim tək gəldi, Arzunu çox səmimi təbrik etdi, bir diləyini də bildirdi ki, Arzu belə ağıllı olmaqla, dərslərini bilməklə yanaşı, yaxşı da idmançı olsun. Ələsgər müəllim bu ucaboylu, enlikürəkli, sağlambədənli adama baxa-baxa fikirləşirdi ki, yox, Xıdır müəllim, hər halda, Əflatun müəllimin tayı deyil. Əflatun müəllim üçün dünyada adam ifşa eləməkdən maraqlı bir şey yox idi, amma bu Xıdır müəllim idmanla çox maraqlanan adam idi, idmançıların hamısının adını, familini əzbər bilirdi, elə bil, idman da istehsalatdı, cürbəcür rəqəmlər söyləyirdi, idman dərsini də uşaqlara yaxşı keçirdi. Xıdır müəllim üçün, hər halda, bədən tərbiyəsi birinci yerdə idi, kimisə ifşa etmək həvəsi – ikinci yerdə.
    Bir azdan Kələntər müəllimlə arvadı gəldi. Kələntər müəllim kimyadan dərs deyirdi, ixtisasını yaxşı bilirdi, baməzə və nikbin bir adam idi, neçə vaxtıydı ki, «Məşədi Ibad»ı rus dilinə tərcümə etmək istəyirdi; yeddi qızı var idi, hələ heç biri ərə getməmişdi, arvadı evdar qadın idi və o boyda ailə təkcə Kələntər müəllimin maaşına baxırdı. Kələntər müəllim deyirdi: «–Əşşi, mənim işim əladır, çünki əvvəldən bəxtim gətirib, yeddi qız atası olanda nə olar? Bizim arvad yarımca kilo ətdən o qədər çoxlu, özü də dadlı xörək bişirir ki, yeyib qurtara bilmirik! Heç nədən bir şey bişirir. Qarın da ki, tox oldu, vəssalam, deməli, işlər əladır. Deməli, kimyanı da uşaqlara yaxşı öyrədəcəksən». Bayramlar münasibəti ilə məktəbdəki təntənəli gecələrdə, yuxarı sinif şagirdləri musiqi çalanda, Kələntər müəllim o saat ortaya çıxıb oynayırdı və kişinin camaatın içində beləcə süzə-süzə oynamağını, ümumiyyətlə, əzginiş işləri xoşlamayan Əvəz bəy (o vaxtlar ki, hələ xalq düşməni kimi ifşa olunmamışdı) dodaqaltı deyinirdi: utanmasan, oynamağa nə var ki?.. Sonra Əlibaba müəllim tək gəldi:
    – Bizim Sofya Kovalevskayamızın bu gün ilk yubileyidi, on yaşı tamam olur, – dedi. – Indi bunu ancaq biz qeyd edirik, gələcək yubileylərini isə bütün elmi ictimaiyyət qeyd edəcək! Görərsiz!
    Düzdü, Əlibaba müəllim çox ciddi müəllim və ciddi adam idi, amma araq içməyi bir az həddindən artıq xoşlayırdı, indi də özünü bir balaca düzəldib gəlmişdi. Bir dəfə Ələsgər müəllim Əlibaba müəllimi kabinetinə çağırıb: «Vurmağı bir az azalt», – dedi. Hələ Azərbaycanda sovet hakimiyyəti qurulmazdan əvvəl, 1919-cu ildən partiyanın üzvü olan Əlibaba müəllim də düz on səkkiz il idi ki, bu məktəbdə işləyirdi, Ələsgər müəllimlə bir-birilərini yaxşı tanıyırdılar və bir-birilərinə etibarları var idi, buna görə də dedi: «–Vurmayım, nə eləyim? Görmürsən nə qayırırlar bu köpək uşağı. Biz belə demişdik bəyəm?!». Ələsgər müəllim cəld yerindən qalxıb, kabinetin bağlı qapısını təzədən yoxladı və o vaxtdan sonra, bir də içki barədə Əlibaba müəllimə bir söz demədi.
    Nəhayət, Xosrov müəllim arvadı ilə gəlib çıxdı və həmişə necə gəlib, necə getməyindən heç kimin xəbəri olmayan bu adam, elə bil ki, bu dəfə özü ilə birlikdə bayırdakı o qarın sevincini, sağlamlığını da içəri gətirdi. Hamı, hətta qonaqlığın səbəbkarı və həmin məqamda qonaqlıqdan daha artıq, evdə çıxaracağı divar qəzetinin eşqi ilə yaşayan Arzu da maraq və diqqətlə Xosrov müəllimə və Xosrov müəllimin təzə həyat yoldaşına baxırdı. Xosrov müəllimin təzə arvadı otuz beş yaşlarında, yaraşıqlı, dolu bədənli, ağ bənizli bir qadın idi, qıpqırmızı yanaqları bu bədənin sağlamlığından, bu bədəndəki ehtirasdan xəbər verirdi, amma ən maraqlısı bu idi ki, Xosrov müəllimin özü tamam dəyişmişdi, o ağ saçlara, gözlərinin ətrafındakı o dərin qırışlara, nazik boğazının qalxıb-enən o iti hülqumuna baxmayaraq, elə bil, Xosrov müəllim tamam cavanlaşmışdı, gözlərində bir eşqlə, istəklə işıldayan elə ifadə vardı ki, heç inanmaq olmurdu ki, bu adam həmin məlul, dinməz-söyləməz Xosrov müəllimdi; səsi də dəyişmişdi və bu səsdə də bir gümrahlıq, bir şövq var idi, elə bil ki, o şövqü də, o gümrahlığı, həyat eşqini də əvvəlki Xosrov müəllimin simasında paslı bir qabın içinə yığmışdın və indi o əvvəlki Xosrov müəllim yox idi, o paslı qab birdən-birə itib yox olmuşdu, amma o gümrahlıq da, o şövq də, o həyat eşqi də açılmışdı, azadlığa çıxmışdı, necə vardısa, eləcə də göz qabağında idi.
    Ələsgər müəllimlə Firuzə xanım qonaqların hamısını girdə mizin arxasında yerbəyer elədi, ən yaxşı yerlərdə Xosrov müəllimlə arvadını oturtdu və ümumiyyətlə, bu evdə və bu qonaqların arasında Xosrov müəllimgilə elə bir münasibət vardı ki, elə bil, qonaqlıq Arzunun yox, onların şərəfinədi. Xıdır müəllim bir balaca həsəd aparmağa başlasa da, belə işlərdə mükəmməl səriştəsi olduğu üçün, Xosrov müəllimin gözlərindəki o sevinci, o xoşbəxtliyi bir kişi kimi hiss edirdi. Həmişə idmançı qadınlarla görüşən, xüsusən, gimnastikanı çox sevdiyi üçün, gimnast qadınlarla yaxınlıq edən Xıdır müəllimin ürəyində birdən-birə idman növləriylə (hətta gimnastika ilə!) məşğul olmayan, bədənində əzələ olmayan, bax, Xosrov müəllimin bu arvadı kimi, qeyri-idmançı bir qadına güclü meyl yarandı. Xosrov müəllim hamıya gülümsəyirdi, hamıya yaxşı bir söz demək istəyirdi və hərdən də arvadına elə baxırdı ki, bu baxışlardakı o açıq-aşkar məhəbbəti, sevinci görmək, başa düşmək üçün, Xıdır müəllim kimi belə işlərdə səriştəli olmaq, heç vacib də deyildi; bu baxışlar, elə bil ki, bu təzə ər-arvadın keçirdikləri gözəl gecələrin bütün gün ərzindəki davamı idi və irəlidə onları yeni bir gecə gözləyirdi...
    Firuzə xanım da təcrübəli arvad idi, uşaqları olmayan vaxtlar o qədər türkəçarə etmişdi, o qədər həkimə getmişdi ki, bilmədiyi şey yox idi və Firuzə xanım Xosrov müəllimin təzə arvadının da gözlərində açıq-saçıq bir məhəbbət görürdü, amma o açıq-saçıqlıq arsızlıqdan yox, xoşbəxtlikdən xəbər verirdi və bu, Firuzə xanımın xoşuna gəldi. Xosrov müəllimin arvadı da həyəcanlı idi (çünki xoşbəxt idi!), elə hey gülümsəyirdi.
    Xosrov müəllimin də, təzə arvadının da hərəkətlərində, təbəssümlərində elə bir uşaq sadəliyi, elə bir açıq-aşkar vəfadarlıq vardı ki və illərlə qaraqabaq, dinməzdanışmaz gəzib-dolanan Xosrov müəllimlə bugünkü Xosrov müəllim arasında elə bir fərq vardı ki, məclisdəkilərin hamısının birinci dəfə bir yerdə gördükləri bu ərarvada qanı qaynamışdı, təkcə Arzu mizin arxasında oturub diqqətlə Xosrov müəllimlə arvadına baxırdı və Ələsgər müəllimə elə gəlirdi ki, Arzu Xosrov müəllimlə arvadını, evdə çıxaracağı o divar qəzetində tənqid etmək üçün material toplayır...
    Bayırdakı o gözəl qar isə təzədən yağmağa başlamışdı və elə bil ki, Ələsgər müəllimgilin o balaca otağında, o süfrəsi dolu mizin arxasında əyləşmiş o adamlar da – Arzu ilə birlikdə düz on bir nəfər idi – o qar təmizliyi ilə nəfəs alırdılar; Xosrov müəllimlə arvadı həmişəki eyniliyə öyrəşmiş bu balaca otağa bir yenilik gətirmişdi və bu yenilik, elə bil ki, bayırdakı o qar kimi, bu dəm bu balaca otaqdakı adamların bütün qayğılarının, bütün dərd-sərlərinin üstünü örtmüşdü.
    Xıdır müəllim yalnız idman yarışlarına baxanda həyəcanlanan, qəmgin olan, yaxud ruh yüksəkliyi keçirən bir adam idi, amma o qış gecəsi, Ələsgər müəllimgilin o otağında, elə bil ki, Xosrov müəllimlə arvadının həyəcanı, xoşbəxtliyi ona da sirayət etmişdi və Xıdır müəllim də nəsə gözəl bir iş görmək, nəsə fərəhli bir söz demək istəyirdi.
    Hamı bir ağızdan Kələntər müəllimi masabəyi seçdi və Kələntər müəllim:
    – Qədəhləri doldurun, – deyib xüsusi bir şövqlə ayağa qalxdı, konyakla dolu qədəhini əlinə alıb (Kələntər müəllim məclislərdə həmişə konyak içirdi, çünki maaşı az və ailəsi böyük olduğu üçün, özü konyak ala bilmirdi), Arzuya baxa-baxa ilk söz demək istədi, amma bu zaman birdən-birə Xıdır müəllim də ayağa qalxdı, qollarının, pencəyinin üstündən də hiss olunan əzəmətli əzələlərini oynatdı:
    – Bir dəqiqə! Bir dəqiqə, əziz dostlar!– Xıdır müəllim içinə araq süzdüyü iri qədəhi yuxarı qaldırdı. – Icazə verin bu gözəl gündə ilk sözü mən deyim. Mən bir söz deyim, ondan sonra Kələntər müəllim nə qədər istəyir söz desin! Ürəyimdə sözüm var mənim, əziz dostlar! Gəlin bu gözəl axşamda bu ilk qədəhləri atamız və rəhbərimiz, əziz Stalin yoldaşın sağlığına içək! Yaşasın, min il yaşasın Iosif Vissarionoviç Stalin! Tarixin ən müdrik adamıdır yoldaş Stalin! Təsadüfi deyil ki, yoldaş Stalin 72 dil bilir!– Xıdır müəllim bu sözləri deyən kimi, arağın insan orqanizminə pis təsir etdiyini yaxşı bilsə də, qədəhi başına çəkdi və arağın hamısını içdi, sonra qədəhi ağzı üstə çevirib mizə qoydu, yəni ki, baxın, dibində bircə qram da qalmayıb.
    Məclisə bir anlıq sükut çökdü, sonra Ələsgər müəllim cəld ayağa qalxdı:
    – Gözəl sağlıqdır!– dedi. – Qalxın ayağa, dostlar! Xıdır müəllim ürəyimizdən xəbər verdi! Əziz Stalin yoldaşın sağlığına!
    Hamı, hətta Arzu da, arvadlar da ayağa qalxdı və başqa vaxt bütün məclis boyu heç yarım qədəh araq içməyən Ələsgər müəllim bu sağlığa əlindəki dolu qədəhi axıracan içdi. Kələntər müəllim də, Əlibaba müəllim də, Firidun müəllim də qədəhləri dibinəcən içdilər. Xosrov müəllim arvadının qulağına pıçıldadı:
    – Sənin sağlığına!.. – və o da qədəhi axıracan içdi.
    Hamı yerində əyləşdi.
    Xıdır müəllimin dediyi sağlıqdan sonra, məclisin əvvəlki ovqatı, elə bil ki, itmişdi və heç kim danışmırdı, çəngəl-bıçaqların səsində bir nigarançılıq var idi; təkcə Xıdır müəllimin kefi kök idi, dediyi sağlıq özünün xoşuna gəlmişdi, özünə ləzzət vermişdi və bayaq Ələsgər müəllimin mətbəxdə doğradığı soyutma toyuğun budunu iştahla yeyə-yeyə bütün içində bir fəxarət hiss edirdi.
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.01.2014) | Müəllif: R.C E W
Baxış: 735 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more