Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölüm hökmü-15
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>

    Tələbə Bayıldakı bu şəxsi avtomobil dayanacağının iyini buraya iki-üç tin qalmış hiss edirdi və əvvəllər benzin, yağ, dəmirqarışıq bu dayanacaq qoxusunda tələbəni hərdən həyəcanlandıran sirli bir gecə ovqatı olurdu, çünki bəzən gecələr dayanacağa gələn maşınlarda maşın sahiblərindən – sürücü oğlanlardan, kişilərdən başqa, yanlarında oturmuş və maşının pəncərəsindən görünüb tanınmasınlar deyə çox zaman sifətlərini gizlətməyə çalışan qızlar, qadınlar da olurdu. Həmin maşın dayanacaqdakı başqa maşınların arasında dayanırdı, amma oğlanla qız, yaxud kişiylə qadın maşından çıxmırdı və lap sakitlik olanda tələbə həmin maşından gələn səsləri eşidirdi... Sonra o maşın ya təzədən dayanacaqdan çıxıb gedirdi və bir muddətdən sonra yenə qayıdırdı, daha içində qız, qadın olmurdu, ya da ki, maşın eləcə dayanacaqda qalırdı, içindəkilər çıxırdı, oğrun-oğrun maşınların arasından keçib qarovulçu köşkünün yanından ötürdülər və qaranlıqda gözdən itirdilər. Ürəyi döyünə-döyünə köşkdəki gözlüyə bənzər açıqlıqdan o kişiyə, o qıza, qadına baxan tələbə o saat müəyyən edirdi ki, bu, pul qazanan fahişədir (onların bir qismini axşamlar şəhərdə «Azərbaycan» kinoteatrının qabağında görmüşdü, hətta bir-iki dəfə tələbəyə göz vurub sataşmışdılar da, tələbə də həyəcandan boğula-boğula addımlarının sürətini daha da artırmış, çıxıb getmişdi), yoxsa gizli məhəbbət qurbanlarıdı; bəzən qaranlıqda onların sifətlərini, geyimlərini aydın görmürdü, amma yerişlərindən, hərəkətlərindən bunu o saat müəyyən edirdi (hər halda, tələbəyə belə gəlirdi...). Bu cür vaxtlar bəzən şəxsi maşın sahibi qadını irəli ötürürdü, özü isə, köşkün əldəqayırma qapısını açıb heç bir söz demədən tələbənin cibinə üç manat, beş manat pul basırdı və belə hallar o qədər sürətlə baş verirdi, gecənin qaranlığı, sakitliyi ilə, dayanacağın qoxusu ilə o qədər həmahəng olurdu ki, tələbə özündən çıxmağa, etiraz etməyə macal tapmırdı, hər dəfə həyəcanlanırdı, hirs və pərtlik onu boğurdu, amma səsini çıxartmırdı. Əvvəllər həmin üçlüyü, beşliyi uzun müddət eləcə cibində gəzdirirdi, bilmirdi ki, nə eləsin, tələbəyə elə gəlirdi ki, cibində nəsə murdar bir şey gəzdirir və o murdar şey içinə girəcək, bütün içini murdarlayacaq, sonra həmin üçlükləri, beşlikləri aparıb Bakının Təzə Pir məscidinin ətrafındakı küçələrdə oturmuş dilənçilərə verməyə başladı... Şəxsi maşın sahibləri arasında orta yaşlarında, hündür, iri sümüklü bir qadın da var idi (deyirdilər guya hardasa Mənzil Istismar Idarəsinin rəisidir) o qadın bura hərdənbir cavan oğlanlar gətirirdi...
    Tələbə indi də o dayanacaq qoxusunu hiss edirdi, o qoxu «kerosinka»dan gələn nöyüt iyindən fərqlənirdi, amma o dayanacaq qoxusunda daha heç bir həyəcanlı və sirli şey yox idi və məsələ bunda deyildi ki, həmin aprel gecəsi Bayıldakı o şəxsi maşın dayanacağında heç kim yox idi; məsələ onda idi ki, axşamüstü məhəllədə birdən-birə bütün varlığına hakim kəsilmiş o qətiyyət, elə bil ki, tələbə Murad İldırımlının bütün dünyasını dəyişmişdi, o dünyanın hisslərinə, görümlərinə, bütün çalarlarına elə bir sərtlik gətirmişdi ki, daha əvvəllərdə olduğu kimi, dəqiqədə-bir həyəçanlanmırdı, əsəbiləşmirdi, kövrəlmirdi; elə bil ki, haçansa divara vurulmuş və illərdən bəri qurumaq bilməyən suvaq indi birdən-birə qupquru qurumuşdu, bir zərrə belə nəmi qalmamışdı.
    Sonrakı nə idi? Mürgü idi?.. Yuxu idi?.. Qarabasma idi?..
    Hamı tülkünün ardınca qaçırdı...
    hamı qışqırırdı...
    –...tülkü gəldi!..
    –...tülkü gəldi!..
    –...tülkü gəldi!..
    tülkü özü görünmürdü, amma hamı onu təqib edirdi, hamı tülkünün ardınca qaçırdı və hamının üstünə par-par parıldayan kürən-sarımtıl bir işıq düşmüşdü, ucubucağı görünməyən bir kütlə bu kürən-sarımtıl işıq altında çığır-bağır sala-sala tülkünü axtarırdı...
    –...tülkü gəldi!..
    –...tülkü gəldi!..
    –... tülkü gəldi!..
    və Xədicə arvad da küpəgirən qarı kimi, bir sümükdən, bir dəridən ibarət idi, vaxtı ötmüş xınadan qıpqırmızı qızarmış saçları pırpızlaşıb çiyinlərinə, sinəsinə tökülmüşdü və Xədicə arvad da tülkünün ardınca qaçırdı... qaçmırdı, elə bil, uçurdu...
    Xədicə arvad uçurdu...
    Balaniyaz... Əməkdar incəsənət xadimi Ərəstun Bozdağlı... Molla Əsədulla... çörəkçi Ağabalanın əsgərlikdən qayıtmış oğlu... ədəbiyyat şöbəsinin müdiri Muxtar Xudavəndə... milis mayoru Məmmədov... gənc yazıçı Səlim Bədbin... ağsaçlı, ağsaqqallı Süleyman peyğəmbər... milisioner Əsgər... Mənzil Istismar Idarəsinin rəisi qadın...
    –...tülkü gəldi!..
    –...tülkü gəldi!..
    –...tülkü gəldi!..
    və Xosrov müəllim yanpörtü çiynini dirəyib Tülkü Gəldi Qəbiristanlığı müdirinin otağının içi pambıqla dolu meşin qapısını tutub saxlamışdı... o meşin qapı da kürən-sarımtıl tülkü rəngində idi... birdən-birə bir sükut çökdü, o saysız-hesabsız izdiham lal oldu və hərəkətsiz dayandı...
    və tələbənin beyni bu sözləri pıçıldamağa başladı: tülkü burdadı!.. tülkü burdadı!.. tülkü burdadı!.. bax!.. bax!.. o kürən-sarımtıl tülkü rəngli meşin qapı taybatay açıldı... içəri izdihamla dolu idi...
    içəridə o qədər insan var idi ki, daha o izdihamın arasında heç kimi tanımaq mümkün deyildi, heç kimin sifəti yox idi...
    Yalnız əyninə keşiş paltarına bənzər bir libas geymiş Əbdül Qafarzadə ortada dayanıb yoğun bir səslə Sovet Ittifaqının himnini oxuyurdu və Əbdül Qafarzadənin başının çevrəsində par-par parıldayan kürən-sarımtıl rəngli qövsi-müqəddəs var idi... Tülkünü təqib edənlər də, içəridəkilər də – hamı bir-birinə qarışdı...
    Hər tərəf qırmızı transparantlar idi, qırmızı çit üstündə; iri ağ hərflərlə yazılmış şüarlar idi: «On birinci beşilliyin planlarını rəşadətlə yerinə yetirək!» «Yaşasın sovet xalqlarının sarsılmaz dostluğu!» «Sov.IKP-nin XXV qurultayının tarixi qərarlarını həyata keçirək!» «Sovet Ittifaqı Kommunist Partiyasının leninçi Mərkəzi Komitəsinə eşq olsun!»...
    və hər tərəf Leonid İliç Brejnevin şəkilləri ilə dolu idi və bu şəkillərin də hamısı kürən-sarımtıl rəngdə idi...
    və Siyasi Büro üzvlərinin də şəkilləri bir-birindən seçilmirdi, hamısı kürənsarımtıl rəngdə idi: Suslov... Tixonov... Qrişin... Kirilenko... Qromıko... Ustinov... Çernenko... Romanov... Andropov... Kunayev... Pelşe... Şerbitski... rəhbərin maşının pəncərəsindən çıxan əli göründü...
    sonra Leonid İliç Brejnev əlini kürən-sarımtıl rəngli saçlarına çəkdi, bədənini tarım tutdu və ağzını marçıldada-marçıldada Əbdül Qafarzadənin bayaqkı keşiş səsiylə «Beynəlmiləl» oxumağa başladı...
    Əbdül Qafarzadə də indi «Beynəlmiləl» oxuyurdu...
    sonra hamı bir yerdə – heç kimi sifətdən tanımaq mümkün olmayan bütün bu
    izdiham L. I. Brejnevlə birlikdə «Beynəlmiləl» oxudu...
    ...Səhər tələbə Murad İldırımlı Tülkü Gəldi Qəbiristanlığına gələndə və Qəbiristanlıq Idarəsinin darvazasından içəri keçəndə, əlbəttə, dünən milis mayorunun onu buradan itələyib qovmasını bütün təfərrüatı ilə yadına saldı, amma əvvəlkilər kimi, həyəcanlanmadı, özünü təhqir olunmuş, alçaldılmış hiss etmədi, çünki bu cavan və inadkar adamın içindəki o qətiyyət bütün bu uzun gecə ərzində zərrə də olsun azalmamışdı: Tülkü Gəldi Qəbiristanlığının müdirini öldürməli idi və bu gün öldürəcəkdi.
    Tələbə müdirin gözləmə otağının qapısını açıb içəri girdi və dünən axşamdan bəri ilk dəfə ürəyi həyəcanla və bir az da nigarançılıqla döyündü: Xosrov müəllim plaş əynində, şlyapa başında, dünən oturduğu yerdə – gözləmə otağının küncündəki kürsüdə oturmuşdu və bu dəfə gözlərini müdirin içi pambıq dolu qəhvəyi meşin qapısına yox, gözləmə otağının həyət qapısına zilləmişdi, açıq-aşkar tələbəni gözləyirdi və tələbə içəri girən kimi, onların gözləri bir-birinin içinə baxdı və yalnız bu dəm tələbə fikirləşdi ki, tutalım müdiri öldürdü (və öldürəcəkdi!), bəs o yazıq Xədicə arvad üçün qəbir yerini kim alacaq və məhəllə camaatı o arvadı gətirib burada necə dəfn edəcək?
    Xosrov müəllim tələbəyə baxa-baxa tez-tez udqunurdu və udqunduqca da nazik boğazının ucu – iti, uzun hülqumu qalxıb-enirdi. Makinaçı qadın dünənki kimi, öz yerində oturub makinanın dillərini döyəcləyirdi; bu arvadın gözlərinin altı daha artıq torbalanmışdı, kipriklərinin dibi şişib qızarmış, elə bil ki, bütün gecəni yatmayıb ağlamışdı və indi başını bir an da olsun makinanın üstündən qaldırmırdı, nə cavan katibə qıza baxıb dünənki kimi güclə seziləcək bir təbəssümlə gülümsəyirdi, nə də Xosrov müəllimə və indicə içəri girən tələbəyə fikir verirdi.
    O gözəl və cavan katibə qız isə yenə də tez-tez o qıpqırmızı telefonun dəstəyini qaldırıb:
    – Yoldaş Qafarzadə yoxdur!.. Hələ gəlməyib!.. – deyirdi və telefon zəngi əvvəlki kimi astadan civildəsə də, daha qəbir daşlarından xəbər vermirdi, əksinə, tələbə indi bu balaca gözləmə otağında da birdən-birə bir işgüzarlıq hiss etdi, Qəbiristanlıq Idarəsinin həyətindəki o qarışqa qaynaşmasının, o tələsik tapşırıqların, o tələsik itaətlərin həyəcanı, elə bil ki, gözəgörünməz dalğalar kimi, bu balaca gözləmə otağına dolmuşdu.
    – Yoldaş Qafarzadə yoxdur!..
    – Yoldaş Qafarzadə yoxdur!..
    – Yoldaş Qafarzadə yoxdur!..
    Tələbəyə elə gəldi ki, bir az da beləcə qapı ağzında dayansa, bu balaca gözləmə otağının havası ilə bir az da nəfəs alsa, ürəyi partlayacaq... Nə üçün? Qorxurdu? Bu qorxu haradan gəlmişdi birdən-birə? Bəs, Xosrov müəllim gözləri ilə nə deyirdi elə? Elə bil ki, bu cavan adamın içində birdən-birə dözülməz istisi adamın nəfəsini kəsən buxar qaynadı və o buxar indicə sinəsini dağıdıb dişara çıxacaq. Tələbə içəri girdiyi kimi, səssiz-səmirsiz də içəridən çıxdı. Xosrov müəllim də yerindən qalxıb tələbənin ardınca Qəbiristanlıq Idarəsinin həyətinə çıxdı. Həmin aprel səhəri göyün üzündə kiçicik bir bulud da yox idi və günəşin Qəbiristanlıq Idarəsinin üstünə düşmüş şüalarında elə bir təmizlik var idi ki, o təmizlik dünən tələbə üçün bütün bu ətrafda hökm sürən meyit ab-havasını tamam yuyub, əridib yox eləmişdi və bu açıq havada o gün şüalarının təmizliyi, elə bil ki, tələbə Murad İldırımlının içinə də sirayət etdi, içindəki o ağırlığı da əritdi, bir yüngüllük gətirdi və dünən axşamdan bu tərəfə ilk dəfə tələbədə bir şübhə oyandı: Qəbiristanlıq Idarəsinin müdirini, həqiqətən, öldürə biləcəkdimi? Daha doğrusu, bir insan – tələbə Murad İldırımlı başqa bir insanı – müdiri öldürə bilərmi? öldürməlidirmi? buna haqqı varmı?
    Qəribə idi, birdən-birə oyanmış bu şübhələr, bu tərəddüdlər içində tələbə, həyatında birinci dəfə idi ki, özünü tənə etmirdi, öz qorxaqlığının, qətiyyətsizliyinin pərtliyini çəkmirdi, özü özünə nifrət etmirdi ki, qərara aldın! Bıçağı cibinə qoydun! Indi isə qorxursan! Çünki qorxaqsan! Çünki miskin və mənasız bir məxluqsan! Yox, tələbə hiss edirdi ki, öldürə bilər (və bəlkə də öldürəcək!), qorxmur, bu, qorxaqlıq deyil, amma bir insanın, bıçağı o biri insanın ürəyinin başına sancmağa haqqı varmı? Insan bu sualı minilliklər boyu verirdi və minilliklər boyu da öldürürdü; suala cavab vermək əvəzinə öldürürdü... Axı, tələbə kim idi ki, öz daxili məhkəməsi ona haqq versin ki, insan öldürsün? Tələbə Allah deyildi! Insanın ölüm hökmünü yalnız Allah verə bilərdi! Allahın səlahiyyətinə şərik çıxmaq olardımı? Quran yazırdı: «Allah ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqalarını isə istədiyi şəxsə bağışlar. Allaha şərik qoşan (şərik çıxan) şəxs, şübhəsiz ki, haqq yolundan çox uzaq olan bir azğınlığa düşmüşdür».
    Onsuz da, yer üzündəki bütün insanlar, bütün canlılar ölümə məhkum idi və «yaxşı insan», «pis insan» əslində nisbi məfhumlar idi, «yaxşı quruluş» və «pis quruluş» da nisbi idi və ümumiyyətlə, Xeyirlə Şər də nisbi məfhumlar, nisbi qüvvələr idi... Bu nə idi? Tələbə öz miskinliyinə, öz qorxaqlığına bəraət qazandırmaq istəyirdi? Yalançı fəlsəfəyə qapılırdı?
    Yox, hər halda, tələbə Murad İldırımlı Allah deyildi! Amma... amma axı...
    Əbdül Qafarzadə də insan deyildi... Nə üçün? O da anasının qarnından çıxmamışdı? O da bu hava ilə nəfəs almırdı? Onun uşaqları yox idi? O da ağrı-acı hiss etmirdi, sevinmirdi? O, insan idi, əlbəttə, insan idi!.. Tələbə Murad İldırımlı isə Allah deyildi!
    Tələbə Murad İldırımlı özü də hiss etmədən Qəbiristanlıq Idarəsinin həyətindən çıxmışdı, Tülkü Gəldi Qəbiristanlığının içinə girmişdi və dünənki kimi, qəbir daşlarının arası ilə dolaşırdı, amma bu qəbir daşları dünənki kimi soyuq deyildi və bütün buralara hakim kəsilmiş o lal sükut da dünənki kimi müdhiş deyildi, əksinə, bu gün o saysız-hesabsız qəbir daşlarının lal sükutunda tələbənin heç vaxt heç harada – o uzaq dağların, o sıx meşələrin, o geniş düzlərin sakitliyində və yalqızlığında da, Nurlu bulağın yüngül şırıltısında da hiss etmədiyi bir müdriklik, bir məna hiss edirdi və elə bil ki, haçansa bu qəbiristanlıqdakı məna açılsaydı, o zaman yaşayışın da sirri açılardı, insanın nə üçün dünyaya gəlməsinin, çiçəyin nə üçün açmasının, yerin, göyün, bütün kainatın sirri açılardı...
    Xosrov müəllim tələbədən bir addım arxada gedirdi və elə cidd-cəhdlə addımlayırdı ki, elə bil, tələbəni hansı bir qəfil həmlədənsə qorumaq istəyirdi, o həmlədən ki, indi tələbənin o pusqudan, o təhlükədən xəbəri yox idi...
    ...o gecəyarısı o tonqal isə eləcə yanırdı...
    ...o qurbağalar da eləcə quruldayırdı...
    Tələbə Murad İldırımlı isə o dəm o saysız-hesabsız qəbir daşları arasında özünü Bakıya gəldiyi bu dörd ildə heç zaman duymadığı narahat bir sərbəstlik, narahat bir azadlıq içində hiss edirdi və indi daxilində bir istək var idi: cibindəki o soyuq bıçağı elə bir yerə atsın, elə bir yerdə gizlətsin ki, heç kim onu görməsin və heç vaxt onu tapmasın...
    ...Onlar Qəbiristanlıq Idarəsinin həyətinə qayıdanda, qəribə idi, tələbə Murad İldırımlı nəyə görəsə inanırdı ki, o yazıq Xədicə arvadın qəbir yeri məsələsi düzələcək, hansı bir möcüzəsə baş verəcək və Tülkü Gəldi Qəbiristanlığında yer alıb məhəlləyə qayıdacaqlar və doğrudan da, tələbə ilə Xosrov müəllim yaxınlaşanda gözləmə otağının qapısı açıldı, Muxtar Xudavəndə həyətə çıxdı, tələbə Murad İldırımlını da görən kimi tanıdı:
    – Sən buralarda nə gəzirsən? – Sonra nəsə yadına düşdü. – Hekayən yaxşı hekayədi!.. Vaxt tapdım, oxudum! Heç kim mənnən xahiş eləməmişdi, deyim sənə, özüm oxudum! Sənnən bir şey çıxacaq! Özün qaraqabaqsan, suyun lal axanı, adamın yerə baxanı, hə?! Nə isə, amma hekayən işıqlıdı... Qırmızı balıqlar saxlayır, hə?
    Balıqlarla məşğuldu, ay səni!..
    – Yox, kəpənək saxlayır...
    – Hə, hə!.. Kəpənək saxlayır, düzdü!.. Sənnən xoşum gəlir. Dəqiqədə-bir, deyim sənə, özünü redaksiyaya dürtmürsən ki, yazımı çap eləyin! Afərin!..
    Anektodu bir az tanışdı, deyim sənə, işlənmiş mövzudu, amma özü yaxşı hekayədi!
    Kəpənəklərlə oturub-durur!.. Adı nədi?
    – «Hər şey keçib gedir...»
    – Hə, hə!..
    Xosrov müəllim dinməzcə dayanıb gah tələbəyə baxırdı, gah Muxtar Xudavəndəyə baxırdı, diqqətlə qulaq asırdı və tez-tez udqunurdu, udqunduqca da uzun hulqumu eləcə qalxıb-enirdi...
    – Hə, hə!.. Amma mən sənin yerində olsaydım, deyim sənə, adını qoyardım «Kəpənəklərə həsr edilmiş ömür...» Necədi, xoşuna gəlir? Addan çox şey asılıdı! Mən, bax, deyim sənə, – Muxtar Xudavəndə sağ əlinin baş barmağı ilə çiyninin üstündən arxanı – gözləmə otağını göstərdi, – kişinin haqqında, Əbdül Qafarzadəni deyirəm, onun haqqında «Kommunist» qəzeti üçün oçerk yazıram. Dağ boyda kişidi! Əmək veteranıdı! Dörd ordeni var, medalları var! Özü də, deyim sənə, kolxozda işləmir e, qəbiristanlıqda işləyir! Burada əmək veteranı olmaq bilirsən nə deməkdi?! Altı dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanını alıb! Altı dəfə e, rekorddu! Indi, deyim sənə, oçerkə gərək elə bir ad qoyasan ki, mövzusuna layiq olsun, oxucunu çağırsın, gəl məni oxu desin! Muxtar Xudavəndənin kefi açıq-aşkar yuxarı idi və tələbə «bu adamı heç vaxt bu cür həvəsli, bu cür çox danışan görməmişdi; görünür, Muxtar Xudavəndə mudirin – oçerkinin gələcək qəhrəmanının otağından cibiboş çıxmamışdı.
    – Bilirsiz... Mən... Biz...
    Muxtar Xudavəndə daha ayrılmaq istəyirdi:
    – Nə «mən», «biz» salmısan? Imkan tapan kimi çap eləyəcəyəm hekayəni!
    Imkan tapanda...
    – Yox... Onu demirəm... Bizim sizdən xahişimiz var...
    Və tələbə heç özü də gözləmədiyi bir tələsikliklə xahiş etməyə başladı ki, Muxtar müəllim kömək əlini uzatsın, müdirlə danışsın, o yazıq Xədicə arvad üçün burada qəbir yeri götürə bilsinlər, tələbə bir də heç vaxt heç nə barədə Muxtar müəllimdən bir xahiş etməyəcək, hamı Muxtar müəllimi tərifləyir, hamı deyir ki, Muxtar müəllim fağır-füqəraya əl tutan adamdı, təmənnasız kömək eləyəndi, xeyirxahdı, məhəllə camaatının pulu yoxdu, kasıbdılar, Muxtar müəllim kömək eləsin, o yazıq arvadın bu dünyada heç kimi yoxdu, Muxtar müəllim kömək eləməsə, o arvada heç kim kömək eləməyəcək...
    Tələbə bu sözləri deyirdi və özü də başa düşürdü ki, əslində Təzə Pirin ətrafında oturan o dilənçilər kimi yalvarır və tələbə özü öz sözlərinə mat qalırdı, o sözləri deyə-deyə öz yazıqlığına, öz miskinliyinə nifrət edirdi və beləcə köməksizliyi, bu böyük dünyada beləcə kiçikliyi tələbənin gözlərini doldururdu və dolmuş gözləriylə də yalvarmağını davam edirdi. Tələbə heç vaxt bu cür alçalmamışdı, ilk dəfə idi ki, bir başqası yox, özü özünü bu cür alçaldırdı və yalvardıqca da ikinci bir duyğuyla fikirləşirdi ki, dünən milis mayoru Məmmədov, əlbəttə, əlbəttə, düz etmişdi, onu buradan iti qovan kimi qovmuşdu, tələbə kimi adamlar təkcə buradan yox, hər yerdən qovulmalıydı, dünyadan qovulmalıydı, bir halda ki, birdən-birə (ən başlıcası isə özü üçün gözlənilmədən) belə bir miskinliyi üzə çıxmışdı, deməli, həqiqətən, dünyanın ən lazımsız bir varlığı idi; bayaq qəbiristanlıqda hiss etdiyi o müdriklik, oradakı o sərbəstliyi, azadlığı – hər şey, bütün ləyaqət hissi yox olub getmişdi.
    Məhəllədə hamı oturub tələbəni gözləyirdi və hamı tələbənin üzünə tüpürəcəkdi və o tüpürcəkləri üzündən silmək üçün, tələbə indi özü öz üzünə tüpürürdü. Muxtar Xudavəndiyə yalvarırdı, yaltaqlanırdı, ağ yalan deyirdi, bütün cavanlar Muxtar müəllimin təmizliyindən danışır. Muxtar müəllim hamıya kömək eləmişdi, indi də o yazıq arvadın ölüsünə kömək eləməliydi, o arvadı basdıra bilmirdilər, qalmışdı öz daxmasında, Muxtar müəllim kömək eləməsəydi, ona heç kim kömək eləməyəcəkdi, bu yaxşılıq yerdə qalmazdı, tələbə ömrü boyu Muxtar müəllimə dua eləyəcəkdi, Muxtar müəllim savab qazanacaqdı, uşaqları xoşbəxt olacaqdı.
    Eynilə dilənçi kimi yalvarırdı...
    Xosrov müəllim əllərini qara plaşının ciblərinə soxub və bü cür mülayim havada elə bil ki, üşüyərək belini qısmışdı, cınqırığını da çıxarmadan tələbənin yalvarışlarına qulaq asırdı və diqqətlə tələbənin üzünə baxırdı...
    ...o gecə yarısı o tonqal isə eləcə yanırdı... ... və o qurbağalar da eləcə quruldayırdı...
    Muxtar Xudavəndə bərəlmiş gözləriylə, hətta özünü bir az itirmiş halda gah tələbəyə, gah da bu uzun, arıq, ağzını açıb bir kəlmə deməyən adama baxırdı, düz iyirmi altı il ədəbiyyat şöbəsinin müdiri işlədiyi müddətdə heç bir gənc yazıçı ona bu cür sözlər deməmişdi, heç vaxt Muxtar Xudavəndənin mənəvi təmizliyindən danışmamışdı, xeyirxahlığının qədrini bilməmişdi, əksinə, daldada onun haqqında ağızlarına gələni demişdilər, bir şaqqa ət pay gətirəndə, yaramazlar, üç qoyunun hörmətini tələb eləmişdilər, onu o sırtıq Ərəstun Bozdağlıdan da artıq müftəxor bilmişdilər...
    Həmişə sir-sifətindən zəhrimar yağan (elə bil ki, öd kisəsiydi!) bu cavan adam
    – tələbə Murad İldırımlı indi arvad kimi yalvarışlarıyla elə bir həmləyə keçmişdi ki, Muxtar Xudavəndə o həmlənin qabağında dayana bilmədi.
    – Yaxşı da... Qoy gedim kişiylə danışım... Indi gəlib kabinetinə... Bir yerdə gəldik... Kefi kökdü... Yaxşı... Siz burda durun, deyim sizə, gedim görüm neynirəm... – Muxtar Xudavəndə bu sözləri dedi və gözləmə otağının qapısını açıb yenidən geri qayıtdı.
    Yüngül bir meh əsdi və tələbə o yüngül mehi, elə bil, yalnız sifəti ilə, əlləri ilə yox, paltarının altından bütün bədəni ilə hiss etdi, ürəyi o qədər həyəcanla döyünürdü ki, elə bil, Xosrov müəllim də döyüntünün səsini eşidirdi.
    Eybi yox...
    Eybi yox... hər şey keçib gedir... Bu da keçib gedəcək... Bu günlər də keçib gedəcək, əbədi bir uzaqlıqda qalacaq və indiki kimi tələbəyə əzab verməyəcək... Bu həyat necə şeydi?.. Nə üçün insan bu cür bir həyatdan əl çəkə bilmirdi. Bu həyat nə olan şeydi ki, dünyaya ardı-arası kəsilməyən adamlar gəlir və bütün ömürləri boyu da, əslində, həyatdan getmək qorxusu ilə yaşayır? Hər şey keçib gedir...
    Həmin hekayəni keçən ilin payızında yazmışdı və qəribə idi, heç bir dəxli olmadan nənəsinin qardaşının xatirəsinə həsr etmişdi: «INQILAB YOLUNDA CANINDAN KEÇMIŞ MURAD ILDIRIMLININ XATIRƏSINƏ» – hekayənin yuxarısına belə bir ithaf yazmışdı, sonra dəxli olmadığı üçün pozmuşdu, sonra təzədən yazmışdı, sonra yenə də pozmuşdu...
    Tələbənin Züleyxa nənəsinin Murad İldırımlı adında bir böyük qardaşı olmuşdu, inqilabçı idi, çekist idi, iyirminci illərdə Hadrutda həlak olmuşdu (necə həlak olmuşdu? – tələbə bunu bilmirdi, yəqin banditlərlə mübarizədə vuruşmuşdu...) və indi heç bir yerdə onun adını çəkmirdilər (o qədər eləcə qurban gedənlər olmuşdu ki, onların hamısı haqqında kitab yazmaq, hamısının təntənəli yubileyini keçirmək mümkün deyildi...); təkcə nənəsi uzun qış gecələri odunsuzluqdan sönən ocağın soyuğunda həmişə ürək dolusu qardaşından danışardı, qardaşının igidliyindən, canavar vurmağından, sübh tezdən çılpaq atın belinə sıçrayıb kəndin aşağı başındakı Nurlu bulağa suvarmağa aparmasından və bu zaman kənd qızlarının nəvəsinə də nakam getmiş, dünyada özündən sonra heç bir yadigarı qalmamış qardaşının adını qoymuşdu: Murad.
    ...Hər şey keçib gedir....
    Həmin sakit, yuxulu payız gecəsi üstünə saldığı yun adyalın yumşaqlığından və istisindən ləzzət ala-ala və elə hey dünyanın qəribə, ağlasığmaz işləri barədə fikirləşə-fikirləşə hiss etdi ki, yağış yağır.
    Maşınların, avtobusların, sübh tezdən işə başlayan trolleybusların səsini azaltmaq üçün ikiqat küçə pəncərələrini kip örtmüşdülər və buna görə də yağışın səsini eşitmədi, amma o kip örtülmüş pəncərələrdən belə o payız yağışının qoxusu birdən-birə yataq otağına doldu və həmin yağış qoxusunu həmin dəqiqə də duydu, nəfəsi ilə ciyərinə çəkdi və Tahirə oyanmasın deyə, astaca yerindən qalxıb küçəyə baxmaq, yağışa tamaşa eləmək istədi, amma birdən-birə haçansa gördüyü o iri narların, o xəzan yarpaqlarının qırmızısı, sarısı gözlərinin qabağına gəldi; o qırmızı da, o sarı da həmin dəm elə bil, canlı idi, qaranlıq içində işıldaya-işıldaya gülürdü və adamın içinə bir hərarət, bir sevinc gətirirdi, dünyanın gözəl işlərindən xəbər verirdi və dünyanın gözəl kəpənəklərinin rəngini xatırladırdı.
    Haçansa gördüyü həmin nar ağacı indiki kimi gözlərinin qarşısında idi: çiskinli bir payız günü idi (payızın sonları idi), yağış o nar ağacının sapsarı yarpaqlarını tərtəmiz yumuşdu, yumşaltmışdı və o sarı yarpaqlar çiskin içində, elə bil ki, yaz günəşinin altındaydı, işım-işım işıldayırdı və o xəzan yarpaqlarının arasındakı iri narları da yağış tərtəmiz yumuşdu, o qıpqırmızı narlar da işım-işım işıldayırdı.
    Bunu nə vaxt görmüşdü, harda görmüşdü? – bilmirdi, yadına gəlmirdi və əslində, heç bu barədə fikirləşmirdi də, üstündəki yun adyalın yumşaqlığı və istisi içində gözlərini yumub həmin sayrışan nar qırmızısına, xəzan sarısına baxa-baxa, eşikdə yağan yağışın şövqünü duya-duya öz-özünə gülümsəyirdi. Tahirə qəflətən işığı yandırıb ərinin gecənin yarısı yerində uzanıb beləcə özözünə gülümsəməyini görsəydi, yəqin məəttəl qalardı və fikirləşərdi ki, görəsən, bu nə işdi belə və yəqin ki, bayaqkı sualını bir də təkrar edərdi: « – Sənə nə olub?» O yenə də gülümsədi; ömründə duymadığı bir rahatlıq içində idi və bu dəm hər şey ona ləzzət verirdi: həmişəki çarpayısının indiyəcən fikir vermədiyi genbolluğu da, həmişə üstünə saldığı yun adyalın bugecəki yumşaqlığı və istisi də, o gecə sakitliyi içində Tahirənin hərdən dərindən nəfəs alması da, hətta gecənin yarısı hərdənbir küçədən keçən maşınların kip örtülmüş ikiqat pəncərənin arxasından nisbətən zəif eşidilən səsi də ləzzət verirdi; ən başlıcası isə, həmin sakit, yuxulu payız gecəsi heç vaxt fərqinə varmadığı, varanda da onu qıcıqlandıran, hətta əsəbiləşdirən hər şey indi gözəl və əvəzedilməz idi.
    Onun adı Məlik, atasının adı Yusif, famili isə Əhmədli idi və Məlik Yusif oğlu Əhmədlinin qırx yaşı var idi, elmlər namizədi idi, Zoologiya Institutunda baş elmi işçi işləyirdi, evli idi, dörd uşağı – iki oğlan (Adil və Kamil), ikisi qız (Aytən və Zəhra – lap kiçik qızına anasının adını qoymuşdu), beşinci mikrorayonda üçotaqlı mənzili, «Jiquli» maşını və evinin cəmi üç kilometrliyində qarajı var idi. Həmin ağlasığmaz, heç kimin heç vaxt inanmayacağı hadisə isə srağagündən dünənə keçən gecə başladı.
    Bu hadisəni kimə danışmaq olar? Buna kim inanar?
    Srağagün adi günlərdən (kimin ağlına nə gələrdi!) biri idi: səhər tezdən yerindən qalxıb mətbəxdəki qaz plitəsini yandırdı, çaydanı su ilə doldurub plitənin üstünə qoydu, yuyundu, üzünü qırxdı, geyinib evdən çıxdı, üç kilometri tez-tez addımlaya-addımlaya qaraja getdi.
    Bərk külək əsirdi, amma Məlik Əhmədli avtobusa minmədi (evlərindən qaraja avtobusla cəmi bir dayanacaq yol idi), çünki başı kəpənəklərə o qədər qarışmışdı ki, özü yadından çıxmışdı, nə idman edirdi, nə piyada gəzirdi, nə də yeməyinə-içməyinə fikir verirdi və günlərin bir qəmgin günündə - ötən yazın son günləri idi – az qaldı infarkt olsun, təzyiqi qalxdı, ömründə ilk dəfə xəstəxanaya düşdü və iyirmi gün xəstəxanada yatdı. Bundan sonra Tahirə də qorxdu, özü də qorxdu və sağlamlığına fikir verməyə başladı; indi səhər tezdən bu üç kilometr yolu tez-tez piyada getmək, əslində, onun üçün səhər idmanı idi.
    Son zamanlar özünü nisbətən yaxşı hiss edirdi, amma qollarının, qılçalarının oynaqları ağrıyırdı, hərdən ürəyi döyünürdü, nəfəsi çatmırdı, gah böyründə, gah ürəyində sancılar olurdu, bir sözlə, kəpənəklərə həsr edilmiş oturaq həyat Məlik Əhmədlini vaxtsız qocaltmağa başlamışdı.
    Nə isə, «Jiquli»ni qarajdan çıxarıb əvvəlcə həmişəki kimi, çörək dükanına sürdü, təzə çörək alıb evə qayıtdı. Tahirə də, uşaqlar da durmuşdu. Tahirə çayı dəmləmişdi, ərinin buterbrodunu da yaddan çıxmasın deyə, əvvəlcədən hazırlayıb yazı mizinin üstünə qoymuşdu. Məlik Əhmədli buterbrodu (pendir-çörək idi) portfelinə qoydu, kağız-kuğuzlarına da baxdı ki, yaddan çıxan bir şey olmasın, sonra mətbəxdə divardan asılmış radionu yandırıb son xəbərlərə qulaq asa-asa uşaqlarla birlikdə səhər naharı elədi.
    Son xəbərlərin axırında diktor maraqlı bir məlumat verdi:
    – Bütün dünyada ən tənha ağac Böyük Səhranın Terer vahəsində bitən palmadır, həmin palmaya ən yaxın ağac onun 1000 kilometrliyindədir.
    Tahirə çayın axırıncı qurtumunu içə-içə:
    – Yazıq palma... – dedi.
    Adil və Aytən Tahirənin dərs dediyi məktəbdə oxuyurdular və Tahirə onlarla avtobusa minib məktəbə getdi, Məlik Əhmədli də həmişəki kimi, Zəhranı maşına mindirib bağçaya apardı (Kamil ikinci növbədə oxuyurdu və məktəbə özü gedəcəkdi), sonra işə sürdü.
    Işdə məlum oldu ki, Ibrahimin arvadı yazıq Əminə axırı ki, əzab-əziyyətdən qurtarıb, gecə vəfat edib və bu gün onu dəfn edəcəklər. Əlbəttə, bu xəbər hamının qanını qaraltdı, çünki Ibrahim (o da baş elmi işçi idi) institutda işləyən yeganə adam idi ki, həmişə hər yerə arvadı ilə birlikdə gələrdi (təntənəli iclaslara, müdafiə banketlərinə, bayram nümayişlərinə, yas yerlərinə) və buna görə də institutda işləyənlərin çoxu Əminəni tanıyırdı. Həmin yazıq Əminənin, bu yaraşıqlı, mehriban adamın heç qırx yaşı tamam olmamışdı, yazıq beş-altı ay idi ki, xərçəng xəstəliyinə tutulmuşdu.
    Nə isə, Əminənin ölümü hamıya ağır təsir etdi, amma institutun işi də həmişəki qayda ilə davam etdi və Məlik Əhmədli Əminənin dəfninə çatmaq üçün günün ikinci yarısı işdən tez çıxdı, Zəhranı da vaxtından əvvəl bağçadan götürüb evə apardı, sonra maşını qaraja sürdü; yas yerlərinə (eləcə də müdafiə banketlərinə, institut işçilərinin uşaqlarının toy məclisinə və s.) maşınla getmirdi, çünki tanış-biliş minirdi maşına, mərasim (məclis, iclas, nümayiş...) qurtarandan sonra bu adamları gərək bir-bir aparıb evlərinə qoyaydın – birinin evi şəhərin o başında, o birinin evi bu başında; maşını qaraja salıb bağladı və avtobusa minib Ibrahimgilə getdi.
    Külək lap bərkimiş, hava da xeyli soyumuşdu və Məlik Əhmədli haçansa bir dəfə – deyəsən, Ibrahimlə yazıq Əminənin toylarının 10 illik yubileyi idi – gəldiyi evi axtarıb tapanacan əməlli-başlı üşüdü.
    Ibrahimgilin evi Bakının kənarlarındakı köhnə məhəllələrdən birində, ikimərtəbəli bir binada idi, həyətdə çadır qurmuşdular və Məlik Əhmədli çadıra girib tanımadığı adamların arasında oturdu. Külək az qalırdı nəhəng brezent çadırı qoparıb aparsın və dörd-beş oğlan brezenti məftil ilə dəmir dayaqlara bərkidirdi və Məlik Əhmədli də qabağına gətirib qoyduqları isti çaya limon salıb içə-içə həmin oğlanlara baxırdı. Məlik Əhmədliyə elə gəldi ki, bu oğlanlar, əslində, brezenti bərkitmirlər, məftillə Əminə adında cavan bir qadının ömrünün sonunu düyünləyirlər.
    O yazıq Əminə dünyada nə gördü? Kim bilir, bəlkə nəsə də görüb, Məlik Əhmədli o yazığı yaxından tanımırdı, yəqin ki, sevinci də olub, yaxşı günü də olub, bəlkə məhəbbəti də olub, bəlkə elə öz ərini sevirmiş, amma hər halda, bunlar hamısı artıq sona yetdi və Məlik Əhmədli fikirləşdi ki, əslində, insan ömrü ilə iki günlük kəpənək ömrü arasında heç bir fərq yoxdur; Əminəni, o ətli-qanlı, gülərüz cavan qadını gözlərinin qabağına gətirdi və doğrusu, çox dərindən həyəcanlandı, ürəyi bərkdən döyünməyə başladı, o cavan, o gözəl qadının birdən-birə beləcə yox olmağı, heçə dönməyi Məlik Əhmədlini sarsıtdı.
    Külək get-gedə daha da bərkiyirdi və Abşeronda bu cür küləklər şiddətlənəndə bəzən taxtapuşları götürüb aparırdı, yekə-yekə ağacları gövdəsindən sındırırdı, kökündən dartıb çıxarırdı, amma o yüngül kəpənəklərə, o zərif, o kövrək kəpənəklərə heç nə edə bilmirdi; kəpənəklər özlərinə elə yer seçirdi, elə gizlənirdi ki, salamat qalırdı və Məlik Əhmədli bunu fikirləşib gülümsədi; qəribə idi, həmişə çətinə düşəndə, qanı qaralanda, işi düz gətirməyəndə kəpənəklər, elə bil, bundan xəbər tuturdu, köməyə gəlirdi.
    Məlik Əhmədli universiteti bitirdikdən sonra, düz on səkkiz il idi ki, ömrünü lepidopteroqluğa həsr etmişdi, yəni bu o deyən söz idi ki, Məlik Əhmədli düz on səkkiz il idi kəpənəkləri öyrənməklə məşğul idi və bu müddət ərzində Zəhra kimi bir kəpənəyi dünya entomologiya elminə bəxş etmişdi. Məsələ burasında idi ki, Məlik Əhmədli Yer kürəsində indiyədək məlum olmayan bir kəpənək növü kəşf etmişdi və həmin gözəl kəpənəyə rəhmətlik anasının və kiçik qızının adını qoymuşdu; Zəhra. Zəhra kəpənək bu boyda yer üzündə təkcə Ismayıllı dağlarında yaşayırdı, çünki Zəhra kəpənəyin qurdunun yediyi Məxməri çiçəklər təkcə o dağlarda bitirdi. Ibrahimgilin evinin arxa tərəfindən elektrik qatarları keçirdi və indi də arabir o qatarların səsi gəlirdi; o dəm o keçib gedən qatarların səsi, elə bil ki, bir uzaqlıqdan, ünyetməzlikdən xəbər verirdi və həmin uzaqlığın, ünyetməzliyin müqabilində insan ömrü, əlbəttə, kəpənək ömrü kimi bir şey idi.
    Səhər radiodan eşitdiyi o tənha palma birdən-birə Məlik Əhmədlinin yadına düşdü və həmin palma tənhalığının miqyası ilə, elə bil ki, Ibrahimgilin evinin arxa tərəfindən keçən elektrik qatarlarının səsi arasında nəsə bir yaxınlıq, bir münasibət var idi.
    Yazıq Əminənin cənazəsini həyətə çıxardılar və Ibrahimin qapıbir qonşusu tarzən Abdulla tarı sinəsinə sıxıb gözlərini yumdu və yanıqlı bir «Segah» çalmağa başladı, arvadların hönkürtüsü, qohumların, yaxınların vay-şivəni bir-birinə qarışdı, yazıq Ibrahim də arvadının cənazəsindən bir az kənarda dayanıb qıpqırmızı qızarmış gözlərini yerə dikmişdi və titrəyən barmaqları arasındakı siqareti sumürə-sümürə tüstünü ciyərinə çəkirdi.
    Cənazənin üstünə yaşıl ipək örtük salmışdılar və külək götürüb aparmasın deyə, paltar sərilən iri taxta sancaqlarla o örtüyü dörd tərəfdən də tabutun qıraqlarına bərkitmişdilər və Məlik Əhmədli də tabutun kənarlarındakı o iri taxta sancaqlara baxa-baxa həyətin bir kənarında dayanmışdı.
    Bir azdan Əminənin cənazəsi torpağa tapşırılacaqdı və bir müddətdən sonra o cavan, o yaraşıqlı, o gülərüz qadın tamam torpağa qarışacaqdı. Yerin üz qatındakı torpağın tək elə bircə kvadratmetrində mindən artıq həşərat, cücü yaşayır və bu həşəratın, cücülərin bir qismi bitkini yeyir, bir qismi bitkilərin kökünü yeyir, bir qismi çürüntüləri yeyir, bir qismi də bir-birini yeyir və Əminə də həmin torpağa qarışacaqdı, yer üzündəki bütün insanlar həmin torpağa qarışacaqdı. Məlik Əhmədli küləkdən üşüyə-üşüyə bütün bunları fikirləşib bir siqaret yandırmaq istədi, amma xəstəxanadan sonra siqareti tərgitmişdi və cibində siqaret yox idi.
    Yer üzündəki həşəratların isə ən gözəli, əlbəttə, kəpənəklər idi və kəpənəklərin də içərisindəki ən gözəl kəpənək Zəhra kəpənək idi; elə bil ki, o gözəl Zəhra kəpənəyin yüngüllüyü, Məlik Əhmədlinin də ürəyinə nəsə kiçik bir yüngüllük gətirdi.
    Yenə də arxa tərəfdən keçib gedən elektrik qatarının səsi gəldi və o səs qısa bir müddət Abdullanın çaldığı tarın səsini üstələdi, həyətə toplaşan camaat başını qaldırıb evin arxa tərəfinə baxdı, elektrik qatarından narazı halda başını buladı, sonra səs ötüb getdi və camaat yenə də cənazəyə baxdı.
    O vaxt ki, Məlik Əhmədligil Ibrahimlə yazıq Əminənin toyunun 10 illik yubileyinə gəlmişdilər, onda da həmin məclisdə tarzən Abdulla tar çalırdı, deyibgülürdülər, yeyib-içirdilər və deyib-gülən, yeyib-içən adamlardan biri də o yazıq Əminənin özü idi.
    Abdulla o yanıqlı «Segah»ı çalıb qurtardı, arvadların, qohum-əqrəbanın hönkürtusü, vay-şivəni daha da artdı, Ibrahim də siqareti tullayıb əlləri ilə üzünü qapadı, çiyinləri titrəyə-titrəyə ağladı, sonra yaxın adamlar Əminənin cənazəsini çiyinlərinə qaldırıb irəli düşdü, həyətə toplaşmış camaat da cənazənin ardınca getdi. Izdiham küçəyə çıxdı və üç-dörd yüz metr irəlidə dayanmış maşınlara tərəf getdi. Burada tabutu – o yazıq Əminənin cənazəsini maşına qoyacaqdılar, dost-tanış da maşınlara minəcəkdi, qəbiristanlığa gedib Əminəni torpağa təhvil verəcəkdi. Institutda təsərrüfat işlərinə baxan Uzun Cəfərqulu adamları aralaya-aralaya Məlik Əhmədliyə yaxınlaşdı və heç vaxt açılmayan boğuq səsi ilə:
    – Maşınlasan? – soruşdu.
    Məlik Əhmədli «yox» mənasında başını buladı və Uzun Cəfərqulu da bir söz deməyib açıq-aşkar narazılıqla ora-bura baxa-baxa, adamları aralaya-aralaya başqa maşınlı bir kəs axtarmağa başladı.
    Küçədə elektrik qatarlarının səsi nəinki eşidilirdi, ötüb keçəndə hətta yeri bir az titrədirdi də və Məlik Əhmədli ötüb keçən o elektrik qatarının hərəkətini bu dəfə, necə deyərlər, bütün sinirləri ilə hiss etdi.
    – Gördün də yazıq Ibrahimin başına nə iş gəldi? – Beləcə, təəssüflə Məlik Əhmədliyə müraciət edən, institutun şöbə müdiri, professor Fazilzadə idi. – Maşını gətirmisən?
    – Yox...
    Professor Fazilzadə də qalın şüşəli çeşməyinin arxasından izdihama baxa-baxa uzaqlaşdı.
    Kəpənəklər qatardan qorxmurdu; relsin üstünə qonurdu, qatar lap bir metrliyə gəlib çatanda yüngülcə yerindən qalxıb relslərin arasındakı taxtaya qonurdu, vaqonlar sürətlə kəpənəyin başının üstündən keçib gedirdi, kəpənək yenə də yüngülcə qalxıb bayaqkı yerinə qonurdu və Məlik Əhmədli cənazənin ardınca gedəgedə bir anlıq təsəvvüründə göz işlədikcə uzanıb gedən dəmir yolu relsinin üstünə qonmuş o ağappaq kəpənəyi gördü.
    Altı-yeddi il bundan əvvəl, günlərin bir günündə laboratoriyada oturub yenicə izinə düşdüyü kəpənəyi (gələcəyin gözəl Zəhra kəpənəyini!) öyrəndiyi vaxt birdənbirə bütün ömrü özünə boş və mənasız göründü, ona elə gəldi ki, dünyada kəpənəklə məşğul olmaqdan əbləh bir iş yoxdur. Iri kağızlara tikilib laboratoriyanın divarlarından asılmış quru kəpənəklərə, ayrı-ayrı şəkillərdə, sxemlərdə yüz dəfə, min dəfə böyüdülmüş kəpənək gözlərinə, qanadlarının, ayaqlarının, boynunun, başının hissəciklərinə baxdı və o zaman Məlik Əhmədli özü özünə dünyanın ən miskin, ən bədbəxt bir adamı kimi göründü, amma bir neçə gündən sonra həmin hisslər tamam keçib getdi, sonra gözəl Zəhra kəpənəyi kəşf etdi.
    – Maşının var, ə? – Bunu da baş elmi işçi Musa Bağırlı soruşdu. Musanın özünün də maşını var idi, amma hər dəfə belə yerlərə gəlmək lazım olanda maşını xarab olurdu. – Ə, mənimkinin karbüratoru buraxdı...
    Məlik Əhmədli başını buladı və Musa Bağırlı da tələsik uzaqlaşdı. Camaat maşınların yanında dayandı. Cənazəni içinə xalça-gəbə döşənmiş açıq yük maşınına qoydular, molla da, yaxın kişi qohumlar, o cümlədən, Ibrahim də həmin üstü açıq yük maşınına qalxıb cənazənin ətrafında ayaq üstə dayandılar. Adamların bir qismi yüngül maşınlara mindi, yüngül maşın tapmayanlar xüsusi sifarişlə gəlmiş avtobusa mindi və bu dəfə də cənazə aparan maşın irəli düşdü, qalan maşınlar da onun ardınca qəbirirstanlığa tərəf tərpəndi.
    Məlik Əhmədli avtobus pəncərəsindən küçənin aşağı başında Ibrahimgilin evinə sarı baxdı, o evin arxasından keçən elektrik qatarlarının səsi daha eşidilmirdi, amma bircə an, cəmi bircə an Məlik Əhmədliyə elə gəldi ki, camaatla birlikdə avtobusda oturub qəbiristanlığa getmir, həmin elektrik qatarına minib əlçatmaz, ünyetməz bir uzaqlığa yola düşür və bu yol onu tənha palma ağacına çatdıracaq və hər şey, hətta o gözəl kəpənəklər də əbədi bir keçmişdə qalacaq.
    Külək qəbristanlıqda lap fironluq edirdi. Və az qalırdı ki, yuyulmuş paltarları sərmək üçün işlədilən iri taxta sancaqları qoparıb yaşıl ipək örtüyü tabutun üstündən aparsın; iki-üç kişi örtüyü tabutun üstündə güclə saxlayırdı. Küləyin əlinlən hərə bir tərəfdə daldalanıb dayanmışdı. Musa Bağırlı da yüngül maşın tapa bilməmişdi, avtobusa minib qəbristanlığa gəlmişdi və indi bir əli ilə Məlik Əhmədlinin qolundan tutdu, o biri əli ilə də başındakı şlyapanın kənarından yapışdı ki, külək aparmasın və: – Ə, vicdan haqqı, – dedi, – bu külək də o yazıq ölənin baxtındandı e!.. Ə, bu həyat nə mənasızdı!.. – Sonra Məlik Əhmədlinin qolunu buraxıb iki əlilə də başındakı şlyapanı lap gözlərinin üstünəcən aşağı basdı. – Ə, yaxşı bir karbürator ustası tanımırsan?
    Məlik Əhmədli qəbiristanlıqda daha artıq üşüyə-üşüyə başını buladı, yəni ki, tanımıram.
    Əminəni torpağa tapşırdılar.
    Camaat yenə də eyni minvalla maşınlara doluşdu və hamı geri qayıdıb Ibrahimgilin evinin qabağına yığışdı. Hava tamam qaralmışdı və külək də elə şiddətlənmişdi ki, küçədə dayanmaq mümkün deyildi. Adamlar bir-bir Ibrahimə yaxınlaşıb başsağlığı verirdi, Ibrahim də hamını həyətdəki mağarda qurulmuş məclisə dəvət edirdi, amma əksəriyyət üzrxahlıq edib gedirdi və həyətə ən yaxın adamlar girirdi. Məlik Əhmədli də evə qayıtmaq istəyirdi, üşüyürdü, ürəyində nəsə bir narahatlıq var idi, amma Ibrahim qoymadı:
    – Məni tək buraxmayın, – dedi və Məlik Əhmədli də həyətə girib mağarda oturdu.
    Kim bilir, həmin gecə Məlik Əhmədli Ibrahimgildə ləngiməsəydi, camaatla bir yerdə çıxıb getsəydi, bəlkə heç o ağlasığmaz hadisə də baş verməyəcəkdi, o heyrətamiz görüş olmayacaqdı?..
    Külək elə qıy vururdu ki, mağarın dəmir qurğusunu tir-tir titrədirdi, brezent çadırın boş yerlərini şappıldadırdı, amma o dəm Ibrahimin qıpqırmızı qızarmış gözlərində o qədər dərd, kədər var idi ki, küləyin beləcə qıy vurmağı da, bu vıyıltı içində elektrik qatarlarının güclə eşidilən səsi də daha Məlik Əhmədlini narahat etmirdi, hətta üşüməyi də, elə bil ki, azalmışdı, amma bayaq yaşıl ipək örtüyü dörd tərəfdən də tabutun üstündə tutub saxlamış o taxta sancaqlar heç cürə yadından çıxmırdı; o taxta sancaqlar da yəqin ki, yaşıl ipək örtüklə, xalı-gəbə ilə birlikdə evə qayıtmışdı, bir-iki gün keçəcəkdi, yenə paltarlar yuyulacaqdı və yuyulmuş paltarlar həmin sancaqlarla zivədən asılacaqdı...
    Burada təəccüblü, yaxud xüsusi mənası olan nə vardı ki, Məlik Əhmədliyə təsir edirdi?
    Mağarda Məlik Əhmədligilin qarşısındakı mizin üstünə ağ süfrə salınmışdı və elə bu süfrənin özünü də (əgər qonşudan, yaxud prokatdan götürməyiblərsə) ola bilsin ki, sabah yuyub həmin taxta sancaqlarla zivədən asacaqdılar və burada qeyritəbii nə var ki?
    Mağarda söhbət elə gətirib çıxardı ki, Ibrahim qızarmış gözlərini, yəqin ki, ağrıdığı üçün hərdən kip-kip qırpa-qırpa dovşanlardan danışmağa başladı və Ibrahim, həmişə olduğu kimi, bu dəfə də dovşanlardan elə maraqlı şeylər danışırdı ki, adam bu uzunqulaq, cəld heyvanların ağlına məəttəl qalırdı. Ibrahim iyirmi beş ildən artıqdı ki, dovşanlarla məşğul idi və bütün bu müddət ərzində yorulmadan yeni dovşan cinsi yetişdirmək üzərində çalışırdı.
    Məlik Əhmədli getmək istəyirdi, çünki yenə də üşüməyə başlamışdı, evlərinə də buradan xeyli yol idi, gecə saat on birə, on ikinin yarısına ancaq gedib çıxacaqdı, amma mağarda oturanlar Ibrahimə elə diqqətlə qulaq asırdılar ki, elə bil, vaxtı da, bu küləyi də yaddan çıxarmışdılar. Ibrahim də elə ürəkdən danışırdı ki, elə bil, qısa bir müddətə olsa da, dərdini yadından çıxarmışdı və Məlik Əhmədli də Ibrahimin sözünü kəsib onu yenidən öz dərdli dünyasına qaytarmaq istəmirdi.
    Bu zaman külək birdən-birə elə qıy vurdu ki, brezent çadırı bir göz qırpımında məftillərdən qoparıb göyə qaldırdı və aparıb Ibrahimgilin ikimərtəbəli binalarına çırpdı, sonra o boyda brezent çadırı təzədən göyə qaldırdı və çadır elə bil ki, tarixə qədərki dövrlərin, dinozavrlar zamanının nəhəng kəpənəyi kimi, ikimərtəbəli binanın üstündən uçub qaranlıqda yox oldu.
    Külək mağarda uzun mizin üstündəki çay stəkanlarını, qənd-qabını, külqabını yerə çırpdı, kürsüləri aşırdı, kiminin papağını apardı, kiminin şərfini boğazından çıxardı, ağ süfrəni uçurub mağarın dəmir qurğularına ilişdirdi, işıq söndü və ağız deyəni qulaq eşitmədi, daha Ibrahimlə sağollaşmaq, təskinlik vermək vaxtı deyildi, qonşular özlərini güclə öz qapılarına yetirdilər, kimi həyətdən çıxıb yuxarı tərəfə, kimi aşağı tərəfə dağılışdı və Məlik Əhmədli də bu yerlərə yaxşı bələd olmadığı üçün, özü də bilmədən binanın arxa tərəfinə sarı getdi, o yerə ki, oradan elektrik qatarları keçirdi.
    Srağagünün bütün təfərrüatı bundan ibarət idi, amma həmin ağlasığmaz görüş, həmin heyrətamiz hadisənin başlanğıcı hələ irəlidə idi. Ibrahimgilin binasının arxa tərəfindəki küçə tamam bom-boş idi və həmin küçənin aşağı hissəsində dəmir yolu gedirdi, elektrik qatarları buradan keçirdi. Məlik Əhmədli kepkasını gözünün üstünə çəkib boynunu bədəninə qısmışdı və çətinliklə nəfəs ala-ala üzü küləyə gedirdi. Küçədən nə bir maşın keçirdi ki, saxlayasan, nə də bir adam gedirdi ki, heç olmasa, soruşasan ki, avtobus dayanacağı hansı tərəfdədi. Məlik Əhmədli beləcə çətinliklə qarşıdakı tinə çatdı və birdən ona elə gəldi ki, dəmiryoluna gəlib çıxıb, amma sonra başa düşdü ki, tinin qabağındakı küçədən tramvay yolu keçir və elə bu vaxt, elə bil, sifarişlə (bəlkə elə doğrudan, sifarişlə idi?) tramvay gəlib düz tinin ucunda dayandı, qapısı açıldı və Məlik Əhmədli də tramvaya mindi.
    Tramvayın hara getdiyini bilmirdi, amma, hər halda, şəhərə tərəf gedirdi və Məlik Əhmədli irəlidəki böyük küçələrdən birində düşüb beşinci mikrorayona gedən avtobusa, yaxud trolleybusa, uzaqbaşı taksiyə minə bilərdi. Tramvayın içi bomboş idi, yalnız bircə sərnişin vaqonun yuxarı tərəfində pəncərənin yanında oturub şüşənin arxasından ora-bura baxırdı, sürücü qapısının pəncərəsindən isə tramvay sürücüsünün başının ardı görünürdü. Son on beş-iyirmi ildə tramvaya minmədiyi üçün və ümumiyyətlə, Bakının əsas hissələrində daha tramvay olmadığı üçün, Məlik Əhmədlinin, təbii ki, bilet vəsiqəsi yox idi və tramvayın içində də bilet almağın qaydasını və qiymətini bilmirdi. Məlik Əhmədli o yeganə sərnişindən üç-dörd skamya aşağıda oturdu və fikirləşdi ki, uzaqbaşı bilet pulunu sürücüyə verəcək; yerində rahatlanıb dərindən nəfəs aldı, əlini plaşının yaxasından içəri salıb üstündən sinəsinin sol tərəfini ovxaladı – nəsə ürəyi sancırdı və bu sancı Məlik Əhmədlinin bütün bədənini qəribə bir qorxuya, vahiməyə bürüyürdü.
    Bayaq küləyin birdən-birə qaldırıb divara çırpdığı, sonra da damların üstündən uçurduğu o brezent çadır Məlik Əhmədlinin yadına düşdü; yox, heç vaxt, hətta tarixə qədərki dövrdə də o cür kəpənək olmamışdı və heç vaxt da olmayacaqdı, çünki o cür ağır, o cür nəhəng, o cür kobud və eybəcər kəpənək ola bilməzdi. Tramvayın həmin yeganə sərnişini gözlərini pəncərə şüşəsindən çəkib diqqətlə Məlik Əhmədliyə baxdı və Məlik Əhmədli bu adamın gözlərində çox dərin bir narahatlıq, nigarançılıq, qayğı oxudu və ümumiyyətlə, bu alçaqboylu, naziksümüklü adamın qəribə, hətta, nədənsə, qeyri-təbii bir görkəmi var idi; sifətinin quruluşu üçbucağa bənzəyirdi, çənəsi çox nazik, alnı isə geniş idi, saqqalının tükləri çox sıx olduğuna görə, tərtəmiz qırxılsa da, bütün sifətini, hətta boğazını da gömgöy göyərtmişdi; paltarı da qəribə idi, elə bil, bu sərnişin haçansa – qırxıncı-əllinci illərdə – yuxuya getmişdi və indi, yəni 1986-cı ildə yuxudan ayılıb həmin köhnə dəbli makintoju, şərfi, qalstuku təzədən əyninə geymiş, boğazına bağlamışdı, tramvay vaqonunun zəif işığında da par-par parıldayan qara rezin qaloşu da ayaqqabısının üstündən ayağına keçirmişdi.
    Həmin adamın səsində açıq-aşkar bir məzlumluq, ürkəklik var idi, lakin ən qəribəsi onun dediyi sözlər idi. Məlik Əhmədliyə baxdı, baxdı və birdən xalis bir qorxu ilə:
    – Məndə işiniz olmasın!.. – dedi – Məndə işiniz olmasın!.. Məlik Əhmədli təəccüblə:
    – Mənimləsiz? – soruşdu və tramvayda o tərəf-bu tərəfə baxdı ki, bəlkə, doğrudan da, kimsə başqa bir adam da var, amma, əlbəttə, tramvay əvvəlki kimi bomboş idi və Məlik Əhmədli: – Mənim sizinlə nə işim? – dedi.
    O qəribə sərnişin:
    – Yox! Yox!.. – dedi. – Hə. Ola bilər!.. Kimdir?.. Niyə? Məlik Əhmədli belə başa düşdü ki, sərnişin bu dəfə də özü özü ilə danışır və fikirləşdi ki, görünür, bu adam nəsə ruhi xəstədir, amma bu zaman həmin sərnişinin birdən-birə onunla üzbəüz oturduğunu gördü. Sərnişin elə bil ki, durub onun yanına gəlmədi, yəni, bu, durmaq və gəlmək deyildi, eləcə birdən-birə öz yerində yox oldu və Məlik Əhmədli ilə üzbəüz oturdu.
    Bu adam kim idi, gözbağlayıcı idi, sirk artisti idi, nə idi? Necə oldu bir göz qırpımında Məlik Əhmədliylə üzbəüz oturdu?
    – Yox!.. Mən yanılmışam! Hə... Oldu! Siz insansız!
    Bütün bu qəribəliklərə baxmayaraq, sərnişinin sözləri Məlik Əhmədliyə gülməli göründü və gülümsəyib:
    – Bəs siz kimsiniz? – soruşdü.
    Sərnişin elə bil ki, bu sualı eşitmədi və – Insansız!.. Insansız!.. – dedi. – Siz insansız!..
    Sözləri elə tez-tez deyirdi ki, elə bil, harasa tələsirdi və eyni zamanda, kimdənsə çəkinirdi, sonra birdən-birə zəndlə Məlik Əhmədliyə baxdı və:
    – Nə kəpənək? – soruşdu. – Xeyr!.. Xeyr!.. Mən kəpənək deyiləm!.. Məlik Əhmədli bu sözlərə lap mat qaldı, çünki bu dəm, ümumiyyətlə, kəpənəklər barədə fikirləşmirdi və bir də ki, axı, bu adam – ömründə görmədiyi, tanımadığı bu adam Məlik Əhmədli ilə kəpənəklərin yaxınlığını hardan bilirdi?
    Bu qəribə sərnişin:
    – Getməliyəm mən? – soruşdu – Necə bilirsiniz?.. Getməliyəm? Hə?..
    Sərnişin elə tələsik danışırdı ki, Məlik Əhmədlinin fikirləşməyə, hətta təəccüblənməyə, heyrət etməyə, yaxud narazılığını bildirməyə vaxtı qalmırdı və bu dəfə də çiyinlərini çəkib:
    – Bilmirəm... – dedi – Nə bilim? – Və hiss etdi ki, ürəyi şiddətlə vurmağa başlayır.
    Sərnişin eyni tələsikliklə:
    – Yaxşı! Yaxşı! – dedi. – Hə!.. Ola bilər!.. Onda deyin! Tez deyin!.. Vaxtım yoxdur!..
    Məlik Əhmədli bütün bu əhvalatdan əməlli-başlı xoflana-xoflana və ürəyi də şiddətlə döyünə-döyünə:
    – Nə deyim? – soruşdu və mindikləri tramvay vaqonunda sürücünün qapısına tərəf baxdı: qapının şüşəsində sürücünün başının ardı görünürdü və ətrafda hər şey öz həmişəki adiliyində idi.
    Sərnişin:
    – Deyin!.. Deyin!.. Mən tələsirəm!.. – dedi və onun bir az xırıltılı səsində bir tərəfdən hökm, bir tərəfdən də açıq-aşkar yalvarış hiss olunurdu. – Deyin!.. Bir... Hə? Yox!.. Yox! Iki... Iki arzunuzu deyin! Tez eləyin! Tələsirəm!.. Mən onları yerinə yetirməliyəm!.. Tez eləyin!..
    Bəlkə Məlik Əhmədlinin özünün psixikası xarab olmuşdu və bütün bu oyun, bu qəribə görüş, bu qəribə sözlər, bu tələsiklik onun özünün xəstə təfəkkürünün məhsulu idi? Yox, axı, bu, real bir aləm idi, axı, bu tramvay da real idi, şüşədən başının ardı görünən o sürücü də real adamdır və Məlik Əhmədli hər şeyi dəqiq görür, heç bir duman yoxdur, naməlumluq yoxdur.
    Get-gedə sərnişin daha artıq tələsirdi və sözləri də daha artıq bir sürətlə deyirdi.
    – Deyin!.. Deyin!.. Iki arzunuzu deyin!.. Tez deyin!.. Tez! Mən tələsirəm, axı!.. Deyin!..
    Məlik Əhmədli qarşısında oturmuş bu narahat sərnişinin ürkək-ürkək, hətta bir səksəkə içində baxan iri qara gözlərinə, enli alnına, nazik çənəsinə baxa-baxa başa düşdü ki, mütləq nəsə deməlidi və bu görüş adi görüş deyildi, bu sərnişin kim idi, bəlkə başqa bir planetdən uçub gəlmişdi, bəlkə cin idi, şeytan idi – Məlik Əhmədli bunu bilmirdi, amma burasını tam aydınlığı ilə hiss edirdi, duyurdu ki, onun payına dünyanın ən qəribə bir qisməti düşüb.
    – Tez eləyin... Tələsirəm!.. Tez!.. Axı, mən sizin istəyinizi, iki istəyinizi, iki, iki istəyinizi yerinə yetirməliyəm!.. Tez deyin!. Istəyinizi! Istəyinizi deyin!.. Sərnişinin danışığının sürəti Məlik Əhmədliyə də sirayət etmişdi və bu sürətin müqabilində, doğrudan da, fikirləşməyə qətiyyən vaxt qalmırdı və bu zaman elə bil ki, gözəl Zəhra kəpənək, bayırın o küləyini yardı, hərdənbir zəng çalıb relslərin üstü ilə taqqataraq gedən bu tramvayın içinə girdi, lap gəlib Məlik Əhmədlinin həyəcandan titrəyən əlinin üstünə qondu. Məlik Əhmədli Zəhra kəpənəyin yüngüllüyünü hiss etdi, zərifliyini, incəliyini duydu və bu hiss, bu duyğu, elə bil ki, özü ilə bir sakitlik gətirdi.
    – Tez eləyin!.. Tələsirəm axı!.. Tez eləyin!.. Deyin istəyinizi!.. Deyin!
    Məlik Əhmədli ağzını açırdı desin ki, bir dənə də kəpənək kəşf etmək istəyirəm, amma bu zaman birdən-birə ürəyi bərk sancdı, sövq-təbii əlini ürəyinin üstünə qoydu və heç özü də gözləmədiyi halda:
    – Çox yaşamaq istəyirəm... – dedi.
    Sərnişin, elə bil, elektron maşın idi, tələsik:
    – Neçə il? – soruşdu. – Dəqiq deyin! Dəqiq! Dəqiq! Deyin! Neçə il?
    Məlik Əhmədli:
    – Yüz... – dedi – Yox, min il... Min il yaşamaq istəyirəm...
    Sərnişin:
    – Bəs ikincisi? Bəs ikincisi? – soruşdu. – Tez eləyin!.. Ikincisini də deyin!.. Mənim vaxtım qurtarır!.. Ikinci istəyinizi deyin!.. Deyin!..
    Məlik Əhmədli:
    – Daha ikincisi yoxdur, – dedi və doğrudan da, onun başına heç bir fikir girmirdi.
    – Olsun!.. Ikincisi də olsun!.. Ikinci istək də olmalıdır!.. Tez eləyin! Mən işimi-gücümü atıb ancaq sizinlə məşğul ola bilmərəm ki!.. Tez eləyin!.. Yox!.. Vaxt yoxdur!.. Mən getməliyəm!.. Ikincini sabah deyərsiz! Axşam saat doqquzda! Gözləyəcəyəm sizi!.. Birinci istəyiniz yerinə yetdi! Hə? Oldu! Yerinə yetdi!.. Sərnişin sürətlə bu sözləri deyib eyni sürətlə də ayağa durdu, yüngülcə – lap o Zəhra kəpənək kimi! – Məlik Əhmədliyə toxundu, sonra çətir kimi yuxarı qalxdı, əvvəlcə sol əli ilə tramvayın əltutanından yapışdı və Məlik Əhmədli açıq-aşkar bir dəqiqliklə gördü ki, sərnişinin ayaqları yerdən üzülüb, sonra Məlik Əhmədli gözlərini sərnişinin asılı ayaqlarından çəkib sifətinə baxmaq istəyəndə sərnişin artıq tramvayda yox idi.
    Məlik Əhmədlini soyuq tər basmışdı, onun hissləri bu görüşü qəbul edirdi, ağlı, zəkası isə bunu heç cürə qəbul edə bilmirdi ki, bütün bunlar qarabasma deyil, həqiqətdir: bax, taqqataraq gedən bu tramvay kimi, bayırda əsən o külək kimi, tramvayın içində yanan bu zəif elektrik işığı kimi, səhərdən bəri yerində əyləşib tramvay sürən o sürücü kimi. Yox, axı, bu, normal ağla sığışan iş deyildi, axı, heç bir normal təfəkkür bu tramvay görüşünü qəbul edə bilməzdi və Məlik Əhmədli fikirləşdi ki, axı, dəlilər də özləri bilmirlər ki, dəlidirlər, axı, onlar da hər şeyi real hesab edirlər...
    Məlik Əhmədli əli ilə alnının soyuq tərini sildi, sonra, elə bil, yuxudan oyanmaq üçün, özünü ayıltmaq üçün, alnını ovuşdurdu və bu zaman birdən-birə onun ürəyinin döyüntüsü kəsildi. Qolunun, qılçının, oynaqlarının ağrısı yox oldu, Məlik Əhmədliyə elə gəldi ki, elə bil, bədəninin qanı dəyişir və həmin təzə qanın istisini duydu, bu isti bütün bədəninə bir hərarət gətirdi, Məlik Əhmədli yerindən qalxıb hərəkət etmək, qaçmaq, tullanmaq istədi; neçə illər idi ki, beləcə rahat və sinədolusu nəfəs almamışdı, neçə illər idi ki, bütün bədənini beləcə qıvraq, beləcə yüngül hiss etməmişdi, ona elə gəldi ki, bədənində bir kəpənək yüngüllüyü var, hətta elə bil ki, özü öz cismində o gözəl Zəhra kəpənəyin yüngüllüyünü duydu.
    O gecəyarısı, o boş tramvayın içində Məlik Əhmədli qəflətən başa düşdü ki, bütün bədəni birdən-birə cavanlaşıb, çünki bu günə qədər əbədi bir keçmişdə qalmış o uzaq illərdə – on yeddi-on səkkiz yaşlarında özünü necə hiss edirdisə, indi də özünü eləcə hiss edir. Bu duyğu da indicə baş vermiş görüş kimi, heyrətamiz, ağlasığmaz idi.
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.01.2014) | Müəllif: R.C E W
Baxış: 777 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more