Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölüm hökmü-6
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>

    Murad İldırımlı da sanitarlar, həkimlər, bakterioloqlar kimi, o tonqala baxmırdı, amma bərkdə-boşda bərkimiş, çox ölümlər görmüş, iztirabların şahidi olmuş, atışıb-vuruşmuş bu adam həmin anlarda daxilən nə qədər çalışdısa da, özü özü ilə nə qədər mübarizə apardısa da, qeyri-təbii işıldayan xəstə gözlərini axıra qədər o tonqala baxmağa məcbur edə bilmədi və o cavan qızıl əsgərlər kimi, arxasını tonqala çevirdi. Azərbaycan SSR Baş Siyasi Idarəsinin səlahiyyətli müvəkkili bütün şüuru ilə başa düşürdü, dərk edirdi ki, qorxaqlıq edir, ağciyərlik edir, düşmənin gözünün içinə axıra qədər dik baxmaq lazımdır və taun da düşmən idi, o tonqal, taunun nəticəsi idi və o tonqalın şölələrinə baxmağı bacarmaq lazımdır; bunu başa düşürdü, dərk edirdi, amma o tonqala baxa bilmirdi və buna görə də özü özünü bağışlaya bilmirdi: indi heç şübhəsiz ki, casuslar, kulaklar, fəhlə və kəndli sinfinin quduz düşmənləri haradasa öz qara əməllərinin – Sovet hökuməti ilə mübarizələrini davam etdirməkdən ötrü gətirib Hadruta saldıqları taun epidemiyasının bəhrəsindən, bax, çırtaçırtla arxada yanan o tonqaldan ləzzət alırlar, elə bilirlər ki, məqsədlərinə nail olublar, amma çekist Murad İldırımlı həmin tonqala baxa bilmir...
    Səlahiyyətli müvəkkil cod dərili əli ilə üz-gözünü ovuşdurdu; səhərdən axşama kimi boz ürgənin belində olduğu üçün, bu adamın əlindən yüyən iyi gəlirdi və indi yalnız bu yüyən iyi ətrafı bürümüş o tonqal qoxusu içində həyatın davam etdiyindən, günəşin çıxacağından, səhərin açılacağından, sinfi mübarizənin davam etdiyindən, Kremlin qülləsindəki qırmızı bayrağın dalğalanmağından və həmişə də dalğalanacağından xəbər verirdi və bu zaman əlindən gələn o yüyən iyi birdən-birə Baş Siyasi Idarənin səlahiyyətli müvəkkilini əlçatmaz, ünyetməz bir keçmişə apardı, o vaxtlara ki, yeniyetmə bir oğlan idi və indi Hadrutdan çox-çox uzaqlarda – Babadağın ətəklərində qalmış bir kənddə səhərin gözü açılmamış atları kəndin aşağı başındakı buz kimi soyuq Nurlu bulağa suvarmağa aparırdı... Qəribə idi, o nə üçün bunu xatırladı? Əlindən gələn yüyən iyinə görə? Axı, atları bulağa yəhərsizyüyənsiz, çılpaq aparırdı və özü də sıçrayıb o çılpaq atlardan birinin belinə minirdi...
    Müvəkkilin ürəyində yenə də birdən-birə qəribə – doğma, yaxın, eyni zamanda, uzaq və ümidsiz bir istək baş qaldırdı: neçə illərdən bəri yadına salmadığı (yadına salmağa vaxtı olmadığı), elə bil ki, tamam unutduğu o Nurlu bulağın buz kimi suyundan bir ovuc götürüb üzünə vurmaq istədi, hətta sövq-təbii cod dərili əlini üzündən çəkdi ki, bir ovuc su götürsün, amma yenə də o tonqalın qoxusunu hiss etdi, tez əli ilə burnunu qapadı ki, yüyənin iyi gəlsin. Həmin anlarda Murad İldırımlı əlindən gələn o yüyən iyində o uzaq Babadağın ətəklərində qalmış o kənddəki evlərinin doğmalığı var idi və bu adam yenə də uşaqlıq çağlarında – həyət-bacada tumançaq atılıb-düşdüyü vaxtlarda olduğu kimi, anasını qucaqlamaq istədi, atasının haçansa ömründə bir dəfə şəhərə gedib qayıdanda gətirdiyi rəngbərəng saçaqlı kağızlara bükülmüş uzun konfetləri sevinə-sevinə və acgözlüklə cibinə yığmaq istədi, amma keçmiş heç zaman geri qayıtmır və o günlər də əbədi bir keçmişdə qalmışdı. Murad İldırımlı bir də heç zaman o uzaq Babadağın ətəklərində qalmış o kəndi görməyəcəkdi... Bir də heç zaman o kənddə qocalıb əldən düşmüş anası ilə qabaq-qənşər oturmayacaqdı... Bir də heç zaman həmişəki kasıbçılığı içində o kənddə güzəran keçirən atasının sonu görünməyən qayğılarla dolu gözlərinə baxa bilməyəcəkdi...
    Murad İldırımlıdan bu dünyada heç kim qalmayacaqdı, çünki bu ağır mübarizə illərində ailə qurmağa vaxt qalmadı və əslində, buna təəssüf etmək də düzgün deyildi: gələcəyin bütün azad və xoşbəxt uşaqları onun övladları olacaqdı. Əlbəttə, gələcəyin o azad və xoşbəxt uşaqları onun adının Murad, familiyasının isə İldırımlı olduğunu bilməyəcəkdilər, amma bunun nə mənası var idi? Gələcəyin o azad və xoşbəxt uşaqları inqilabın övladları olacaqdılar, bu isə elə Murad İldırımlının övladları olmaq demək idi, çünki Murad İldırımlının özü elə Inqilab demək idi; Inqilab yüzlərlə, minlərlə murad ildırımlıların əməli idi, yəni onların həyatı, onların özü idi; o minlərlə murad ildırımlılar rus idi, azərbaycanlı idi, ukraynalı, tatar, gürcü, özbək, belorus idi və onların hamısı yeni bir cəmiyyət qururdu, gələcəkdə artıq qurulub başa çatmış o yeni cəmiyyətin bütün üzvləri onların – o minlərlə murad ildırımlıların övladı olacaqdı...


    Murad İldırımlının qardaşları da o uzaq Babadağın ətəyindəki kənddən çıxıb hərə bir tərəfə dağılmışdı və o kənddə o qarı ilə, o qoca və qayğılı kişi ilə birlikdə, bir də Murad İldırımlının on dörd-on beş yaşlarında bir bacısı qalmışdı, o cavan qızın adı Züleyxa idi.
    İllər keçəcəkdi, indi eləcə utancaq, eləcə dilsiz-ağızsız o kənd qızının – Züleyxanın uşaqları, nəvə-nəticələri də həmin yeni cəmiyyətin üzvləri olacaqdı və o zaman onların o xoşbəxtliyində, onların o qayğısız, azad həyatında Murad İldırmlının da, qoy lap kiçicik olsun, lap zərrə qədər olsun, amma, hər halda, nəsə bir payı olacaqdı...
    Azərbaycan SSR Baş Siyasi Idarəsinin səlahiyyətli müvəkkili Murad İldırımlı iki gün idi ki, xəstələnmiş, tauna tutulmuşdu və bunu özündən başqa heç kim bilmirdi, hətta professor Zilberin də bundan xəbəri yox idi. Müvəkkil xəstəliyini o saat başa düşmüşdü, buna inanmaq istəmirdi, belə çətin və məsuliyyətli bir zamanda taunun onu üstələdiyi ilə heç cürə barışmaq istəmirdi, amma inansa da, inanmasa da, barışsa da, barışmasa da, xəstələnmişdi və bu xəstəliyin nə ilə qurtaracağını gözəl bilirdi. Iki gün idi ki, müvəkkil heç kimə yaxın durmurdu, heç kimlə bilavasitə əlaqə saxlamırdı, hamı ilə uzaqdan-uzağa, boz ürgənin belindən danışırdı, özünü də, boz ürgəni də (Hadrutda mal-qara da, qoyunlar da, atlar, eşşəklər də adam kimi qırılırdı) təcrid etmişdi. Hələ neçə gün belə davam edəcəkdi? Iki gün? Üç gün? Sonra? Sonrası, əlbəttə, xəstəxanada qurtaracaqdı... Yox, müvəkkil hər şeyi qət etmişdi və hər şey bu gün qurtaracaqdı! Müvəkkil yataqda uzanıb can verməyəcəkdi, taundan aman istəməyəcəkdi, çünki taundan aman istəmək, əslində, düşməndən aman istəmək demək idi.
    Həmin sazaqlı gecədə, o tonqalın kənarında özü qərara aldığı kimi, həyatının son saatlarını yaşayan Murad İldırımlının bütün bədəni qızdırma içində yanırdı, amma taunun qamarladığı beyninə indi (və ümumiyyətlə...) yalnız dəhşətli bir qəzəb hakim idi: düşmənə qarşı qəzəb; bir də, əlbəttə, bir təəssüf hissi var idi: düşmənlərlə, banditlərlə atışmalarda qurban getmiş bir çox silah dostları kimi, o da mübarizəni sona kimi davam etdirə bilmədi. Amma bunun fərqi yox idi, fəhlə və kəndli hakimiyyəti qalib hakimiyyət idi, heç bir tauna baxmayaraq, kommunizm qurulacaqdı!.. Gələcək kommunizmin idi!.. Vladimir İliç Lenin beş il bundan əvvəl vəfat etmişdi, amma bunun da fərqi yox idi, gələcək – Vladimir İliç Leninin idi!..
    Tonqalın alovu o gecəyarısı sükut içində dövrə vurub dayanmış sanitarların, həkimlərin, bakterioloqların, rəhbər rayon işçilərinin sifətini işıqlandırmışdı və yaşları, rəngləri, quruluşları bir-birindən tamam seçilən o sifətlər indi eyni bir kədər içində donub qalmışdı. Səs ancaq tonqaldan gəlirdi:odunlar çıqqaçıq yanırdı və hər dəfə də ocaqdan gələn bu səs o cavan qızıl əsgərlərin kürəyini üşüdürdü, onlara yenə də elə gəlirdi ki, səs çıxaran – yanan sümüklər, yanan saçlardır.
    Bir də ki, o ocaq yerindən təxminən yüz əlli metr aralıda axan kiçik dağ çayı tərəfdən qurbağaların qurultusu eşidilirdi, elə bil ki, it aya hürən kimi, qurbağalar da o gecəyarısı birdən-birə beləcə peyda olmuş nəhəng tonqala quruldayırdılar. Qurbağaların o gecəki qurultusunda tonqalın ətrafında dövrə vurub dayanmış o adamların çoxunun heç vaxt yadından çıxmayacaq bir soyuqluq, qeyri-təbiilik var idi; bu qurbağa qurultusu təbiətin səsi deyildi, elə bil ki, taleyin səsi idi. Bu vaxt uzaqdan bir uğultu get-gedə tonqala tərəf yaxınlaşmağa başladı.
    Professor Zilber də, bakterioloji dəstənin başqa üzvləri də, rayon rəhbərliyi də, qızıl əsgərlərin komandanlığı da, bax bundan qorxurdu– camaatın bu tonqaldan xəbər tutacağından, axışıb bura gələcəyindən, tonqala hücum çəkəcəyindən... Gecənin qaranlığından axıb gələn o uğultu tonqalın səsini də, qurbağaların qurultusunu da batırdı və bayaqdan bəri o tonqalın şöləsi və səsi altında əzab çəkən qızıl əsgərlərə elə gəldi ki, bu dəqiqə, arxada yanan o tonqalın özündən də qat-qat artıq bir dəhşətlə üz-üzə gələcəklər. Cavan qızıl əsgərlər gəlib burada dövrə vurmazdan əvvəl aldıqları təlimata əsasən, tüfəngləri çiyinlərindən aldılar və o tüfənglərin lüləsini yuxarı tutub qaranlıqdan gələn və get-gedə tükürpədən bir sürətlə artan uğultu ilə qarşı-qarşıya hazır dayandılar.
    O Hadrut camaatı – ərləri, arvadları, uşaqları, ataları, anaları, qardaşları, bacıları tonqalda yanan o yaşlılar, cavanlar, uşaqlar necə xəbər tutmuşdular, tonqalın yerini beləcə dəqiq haradan öyrənmişdilər? – bunu sonralar da nə professor Zilber, nə də bu hadisənin istintaqını aparan orqanlar heç cürə başa düşə bilmədilər. Düzdü, çox adam həbs edildi (o zaman Hadrutdakı o həbslər taundan az iş görmürdü və taundan az qorxunc deyildi...), bəlkə də bu, bir sövq-təbii idi, sel kimi, qasırğa kimi bir təbiət hadisəsi idi.
    Uğuldayan o camaat gəlib tamam yaxınlaşdıqda, ayın və tonqalın işığı onların ağrıdan, iztirabdan, işgəncədən əyilib tanınmaz olmuş sifətlərini işıqlandıranda, hərəkət edən o insan qaraltıları qaranlıqdan seçiləndə tonqalı dövrəyə almış rayon rəhbərlərinin, bakterioloji dəstənin üzvlərinin, sanitarların, milis işçilərinin arasında da səs-küy düşdü və qızıl əsgərlər havaya güllə atmağa başladılar.
    Sel kimi uğuldaya-uğuldaya gələn o adamları nəyin bahasına olursa-olsun, o tonqala yaxın buraxmaq olmazdı, o tonqalla təmasdan sonra nəticə elə ola bilərdi ki, bunu təsəvvürünə gətirən professor Zilberin tükləri qabardı, az qaldı paltarını deşsin... Professor Zilber irəli çıxmağa, qışqırmağa, danışmağa, camaatı başa salmağa çalışırdı, amma heç kim onun səsini eşitmirdi, heç kim ona məhəl qoymurdu.
    Qızıl əsgərlər elə hey havaya güllə atırdılar, amma camaat bunun da fərqinə varmadı və qızıl əsgərlərə hücum çəkdi, qızıl əsgərlərin arasından buraxılıb tonqala tərəf qaçmaq istədi. Qızıl əsgərlər daha havaya güllə ata bilmirdilər, adamlar onların əllərindən, qollarından, tüfənglərin qundağından yapışırdı; əsgərlər bir-birilərinə kömək edə-edə və yavaş-yavaş geriyə çəkilə-çəkilə tüfəngin qundağı ilə, lüləsi ilə camaatı itələyirdi, vururdu, amma o gecə, elə bil ki, tamam ağlını itirib dəli olmuş Hadrut camaatı heç nəyə baxmırdı, heç bir qüvvə o dəli həyəcanın, o dəli ehtirasın qarşısını ala bilmirdi.
    Professor Lev Aleksandroviç Zilber otuz beş illik ömrü ərzində heç vaxt hiss etmədiyi bir ümidsizlik içində başa düşdü ki, indi bu adamları gülləyə tutsan da, yerə sərilənlərin üstündən keçib özlərini o tonqala yetirəcəklər; başa düşdü ki, hər şey bitdi: bu adamlardan ikisi, üçü o tonqaldakı meyitlərə toxunsa (əlbəttə, toxunacaqdılar, hələ yanmamış meyitləri dartıb tonqaldan çıxarmaq, tonqalı söndürmək istəyəcəkdilər; yanan o meyitlər bu diri adamların balaları idi, əzizləri idi...), taun onların hamısına yoluxacaqdı və bu adamlar da həlak olacaqdı. Tonqal işığında dəli gözləri yerindən oynayan adamların qışqırtısı, fəryadı içində professor Zilber də, bakterioloji dəstənin bütün başqa üzvləri də – heç kim özü barədə fikirləşmirdi; özlərinin ayaq altında qalacaqlarını, bu axının qarşısında həlak olacaqlarını heç ağıllarına da gətirmirdilər, çünki neçə gündən bəri Hadrutda taunla vuruşan bu həkimlər, virusoloqlar, mikrobioloqlar, sanitarlar üçün, elə bil ki, həmin günlər ərzində özləri yox olmuşdu, özləri unudulub getmişdi, yalnız bir qorxu – taunun yayılması qorxusu var idi, görünür, bu da sövq-təbii idi, bu da təbiət hadisəsi kimi bir şey idi...
    Bu zaman həmin uğultu ilə qızıl əsgərlərin üz-üzə gəldiyi dəqiqədən etibarən tapançasını çıxarıb ora-bura qaça-qaça (hətta belə bir məqamda da adamlara yaxın durmurdu, elə edirdi ki, heç kimlə toqquşmasın, adamlar isə daha «Çeka»nı belə tanımırdı və tanımaq da istəmirdi) havaya dalbadal güllə atan Murad İldırımlı birdən-birə tapançasını yerə çırpdı, tonqala tərəf qaçdı və tonqaldan iri bir odun dartıb çıxardı, məşəl kimi yanan o yoğun və uzun odunu iki əli ilə yuxarı qaldırıb (bu xəstə adama o güc haradan gəldi?!) başının üstündə fırlada-fırlada o uğuldayan camaatın üstünə hücum çəkdi, qızıl əsgərlərin arasından keçib camaatın arasına girdi.
    Məşəl kimi yanan o iri odun zərblə bir-neçə nəfərə dəyib onları yerə sərdi və həmin dəm Azərbaycan SSR Baş Siyasi Idarənin səlahiyyətli müvəkkili elə bir qeyri-insani səslə bağırırdı ki və başının üstündə fırlatdığı o məşəldən qaranlığın içində elə bir dəhşət yağırdı ki, elə bil, camaat birdən-birə ayılmağa başladı, səs-küy yavaş-yavaş azaldı, adamlar hərəkətsiz dayandı, kimisi özünü yerə atıb üz-gözünü torpağa sürtə-sürtə ağladı, kimisi dizləri üstə çöküb tamam bir taqətsizlik içində susdu, elə bil, o məşəl bütün bu adamların sonuncu gücünü əlindən aldı.
    Yavaş-yavaş yalnız Murad İldırımlının o vəhşi bağırtısı eşidilirdi, sonra elə bil ki, araya çökmüş bu sükut müvəkkili qamarlayıb səsini batırdı. «Çeka» da birdənbirə taqətdən düşdü, ayağı ayağına dolaşa-dolaşa tonqala tərəf qayıdıb sönmüş (o məşəlin də, elə bil ki, taqəti qurtarmışdı...), amma közü qıpqırmızı qızaran odunu iki əlilə də tonqala tulladı, sonra da eləcə ayağı ayağına dolaşa-dolaşa geri qayıtdı, tapançasını yerdən götürdü, kənara çəkilib yol verən qızıl əsgərlərin, Hadrut camaatının arasından keçib uzaqlaşdı və qaranlıqda tamam görünməz oldu. Qurbağalar da, elə bil ki, o uğultudan, o səs-küydən, dalğa-dalğa bütün bu ətrafa yayılıb, bütün bu ətrafı sarsıtmış o həyəcandan qorxub susmuşdular və indi yenə də quruldamağa başladılar və o kiçik dağ çayından gələn qurbağa qurultusu o gecənin özünün iztirab səsi, o gecənin özünün matəm səsi idi.
    Tonqal eləcə çıqqaçıqla yanırdı, amma tonqalın o səsi cavan qızıl əsgərlərə daha əvvəlki kimi təsir etmirdi, çünki o uğultudan, camaatla o çarpışmadan sonra, elə bil ki, həmin səkkiz-on dəqiqənin içində birdən-birə böyümüşdülər, bərkimişdilər; bir də ki, indi taqətsiz düşüb qalmış o Hadrut camaatının tonqalın işığında parıldayan gözlərində elə bir dərd, elə bir dəli ağrı-acı var idi ki, tonqalın həmin çıqqıltısı o dərdin, o ağrı-acının yanında zəifləmişdi, kiçilmişdi, təsirini itirmişdi...
    Professor Zilber taqətsiz düşüb qalmış o adamlara baxırdı, o adamların iztirabları o gecə professor Zilberin bütün içindən keçib gedirdi, həmin iztirabı cismən hiss edirdi və o dəqiqələrdə professor Zilber Azərbaycan SSR Baş Siyasi Idarəsinin səlahiyyətli müvəkkilinə elə bir minnətdarlıq hissləri keçirirdi ki, bunu heç nə ilə müqayisə etmək olmazdı, bunu ifadə etmək mümkün deyildi (illər keçəcəkdi, o adamı isə həmişə də beləcə bir minnətdarlıqla, hətta vəcdlə yad edəcəkdi). Professor Zilber o dəqiqələrdə müvəkkilin kobudluğunu da, hər şeydən şübhələnməsini də, tərsliyini və sərtliyini də bağışlamışdı, müvəkkil bütün bu adamları xilas etmişdi və əslində, elə bakterioloji dəstənin üzvlərini də ayaq altında qalmaqdan, ölümdən qurtarmışdı.
    Elə bil ki, həmin gecə adama daha heç nə təsir edə bilməzdi, amma birdən-birə professor Zilberin gözləri qızıl əsgərlərdən bir az aralıda dayanmış bir nəfərə sataşdı; dayanmışdı? – yox, o adam it kimi dörd ayaq – dizlərinin və əllərinin üstündə durmuşdu və alışıb yanan gözlərilə tonqala baxırdı və içindən elə it zingiltisinə də bənzər bir səs çıxırdı...
    Professor Zilber dizlərinin və əllərinin üstündə durmuş adamın tonqalın işığında görünən görkəmini, sifətini heç vaxt yadından çıxarmayacaqdı, hətta sonralar – bir neçə ildən sonra xalq düşməni kimi həbs edildiyi və işgəncələrə məruz qaldığı vaxtlarda da Hadrutun altı kilometrliyindəki o tonqalın kənarında dizlərinin və əllərinin üstündə durmuş bu adamı yadına salacaqdı və dünyada daha böyük dərdlərin mövcud olması professora o inkivizisiya işgəncələrinə dözməyə, elə bil ki, qüvvə verəcəkdi (elə dərdlər var ki, inkivizisiya işgəncələri onun yanında bir heçdir və bu işgəncələrə dözmək lazımdır). Dərd dizləri və əlləri üzərində dayanmış o adamın simasında insanı lap əvvələ, lap bünövrəyə çəkib aparmışdı, o zamana ki, insan hələ iki ayağı üstə gəzən bir varlıq deyildi, insan hələ heyvandan seçilmirdi, hələ «homo sapiyens»dən əvvəlki dövrlər idi...
    Professor Zilber sarsıntı içində:
    – Kto tot nesçastnıy?.. – pıçıldadı.
    Bayaqdan bəri qızıl əsgərlərlə birlikdə Hadrut camaatının qabağını kəsməyə, onları tonqala tərəf buraxmamağa çalışan Qırmızı Yaqub indi professor Zilberin yanında dayanmışdı və hələ də tövşüyə-tövşüyə dəsmalla üz-gözünün tərini silirdi; professor Zilberin boğuq və həyəcandan titrəyən pıçıltısını eşitdi, professor Zilberin baxdığı səmtə baxdı, dizləri və ayaqları üstə dayanıb işıldayan gözlərini tonqala zilləyib, xırıltılı bir səslə, qırıq-qırıq it kimi zingildəyən o adamı gördü və tanıdı.
    – Tot çelovek... – Qırmızı Yaqub həm rus dilini pis bildiyi üçün, həm də o adamın yamandan da yaman halına yandığı üçün, sözləri tapmaqda çətinlik çəkirdi.
    – Uçitel... Russkiy yazık dayot v şkole... Tri malenkix sına paqibli!.. Tri sına... malenkix-malenkix... Jena toje poqib... Sam zdes ne bıl...
    – A kak oçutilsya zdes? Kak prorvalsya v Qadrut?
    – Ne znayu... – Kak ptitsa... – Və Qırmızı Yaqubun gözləri doldu;
    Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra doqquz il ərzində başqalarını ağladan bu adam indi özü uşaq kimi içini çəkə-çəkə ağlamağa başladı. Qırmızı Yaqub doğrudan da başa düşə bilmirdi ki, Xosrov müəllim bura necə gəlib çıxıb? Qızıl əsgərlər təkcə yolların qabağını kəsməmişdi, bütün Hadrut ərazisini – dağı, dərəni, meşəni – hər yeri dövrəyə almışdı və belə bir mühasirədən keçib gəlmək mümkün deyildi. Xosrov müəllim – bu bədbəxt oğlu bədbəxt uçitel – necə gəlib buralara çıxmışdı? Buralara gələndə niyə başına bir daş düşüb o bədbəxti öldürməmişdi?
    Neçə-neçə illərdən sonra da Xosrov müəllimin özü də yadına sala bilmirdi ki, Hadruta necə girmişdi, o bomboş həyətlərinə necə gedib çıxmışdı, evlərinin dərmanlanmış bağlı qapılarını, armud ağacının dibində ölüb qalmış o xoruzu (görünür, bu həyətdə ən axırıncı o xoruz ölmüşdü) necə görmüşdü, adamlara qoşulub o tonqalın üstünə necə getmişdi? O boş həyət də, o dərmanlanmış və qapıpəncərəsi bağlanmış ev də, ay işığında rəngbərəng lələkləri hələ də şövqünü itirməmiş o ölü xoruz da, o yanan tonqal da, bir nəfərin iki əlilə başının üstündə fırlatdığı o məşəl də Xosrov müəllimin yadında idi və uzun ömrü boyu da heç vaxt yadından çıxmırdı, amma qızıl əsgərlərin o mühasirəsini necə keçməyi yadında deyildi. Bircə o yadında idi ki, axşamüstü yolbəndin yanında Qırmızı Yaqubla söhbətdən sonra, özünü o dərədən bu dərəyə vururdu, o daşdan bu daşın üstünə atılırdı, onu qovurdular, buraxmırdılar, tüfəngin qundağı ilə vururdular, tutub saxlamaq istəyirdilər, amma yenə də qaçırdı, dırnaqları ilə daşdan, torpaqdan yapışayapışa təpəyə, dağa qalxırdı, kolların içinə girirdi, ağacların arasında dolanırdı...
    o gecəyarısı o tonqal eləcə yandı...
    sonra o alov zəiflədi, zəiflədi, söndü...
    o yerləri yenə də gecənin qaranlığı aldı və o qaranlıq içində yalnız tonqalın zəif közü qızarırdı...
    buralara tamam bir sakitlik çökmüşdü, dalğa-dalğa bu ətrafa yayılan o həyəcan da dağılmışdı...
    və elə bil ki, o dağılan həyəcan o tonqal qoxusunu da yavaş-yavaş buralardan çəkib aparırdı.
    Hadrut camaatı da, qızıl əsgərlər də, bakterioloji dəstə də – hamı bu yerdən çıxıb getmişdi...
    Indi bu yerlər tamam bomboş idi...
    təkcə o kiçik dağ çayı axan tərəfdən qurbağaların qurultusu eşidilirdi və indi o qurbağa qurultusunda qeyri-təbii bir şey yox idi, əksinə, elə bil ki, ay işığında başının qarı güclə sezilən o uzaq dağların, görünməyən meşələrin, elə o kiçik dağ çayının özünün səsi idi...
    təbiətin səsi idi....
    Babadağın ətəyindəki o uzaq kənddə də gecələr qurbağalar belə quruldayardı...
    o kənddə bir qarı qaldı, qayğıların yorub əldən saldığı qoca bir kişi qaldı, bir də Züleyxa adında cavan bir qız qaldı...
    gələcək o cavan qızın idi...
    gələcək o cavan qızın uşaqlarının, nəvələrinin idi...
    bir azdan səhər aşılacaqdı...
    sonra günlər ötəcəkdi, yağış yağacaqdı, qar yağacaqdı...
    illər bir-birini əvəz edəcəkdi...
    və o zaman o tonqal yerinin izi-sorağı da qalmayacaqdı, o tonqal yerində güllər, çiçəklər açacaqdı, azad zəhmətkeş balaları, o yerlərdə, o güllərin, çiçəklərin arasında oynayacaqdı...
    və o zaman Murad İldırımlı həyatda olmayacaqdı... amma Hadrutun özü də, kəndləri də başdan-başa elektrikləşdiriləcəkdi... bu kəndlər traktorlarla və başqa kənd təsərrüfatı texnikası ilə təchiz ediləcəkdi...
    sosializm qələbə çalacaqdı, kommunizm qurulacaqdı...
    kapital dünyası məhv ediləcəkdi, bütün dünya proletariatı azad olacaqdı...
    və o zaman bütün bu iztirabların hamısı həmişəlik bir keçmişdə qalacaqdı...
    Azərbaycan SSR Baş Siyasi Idarəsinin səlahiyyətli müvəkkili Murad İldırımlı boz ürgəni ardınca çəkə-çəkə, ayağı ayağına dolaşa-dolaşa adda-budda közü qızaran o tonqala tərəf gedirdi və bu adam həmin Gələcəyin sevincini, fərəhini, həmin Keçmişin ağrısını, acısını da eyni vaxtda ürəyində hiss edirdi.
    Boz ürgə də xəstələnmişdi, Murad İldırımlı bunu bilirdi və boz ürgə də, elə bil ki, tonqala tərəf bu taqətsiz yerişin son yeriş olduğunu, sahibinin onu son mənzilə çəkdiyini hiss edirdi, irəliləmək istəmirdi, amma Murad İldırımlı yüyəni darta-darta boz ürgəni ardınca aparırdı.
    Get-gedə o tonqal yerindən gələn isti artırdı, o qoxu çoxalırdı və boz ürgə fınxırıb başını geri dartırdı, amma qızdırmanın içində yanan səlahiyyətli müvəkkil yüyəni əlindən buraxmırdı.
    Gəlib lap közün kənarında dayandılar və boz ürgə istidən boynunu kənara çəkirdi, taqətsiz halda yerində oynayırdı, sahibinin əlindən buraxılmaq istəyirdi, amma buraxıla bilmirdi.
    Səlahiyyətli müvəkkil yüyəni sol əlinin biləyinə dolaya-dolaya boz ürgəni özünə lap yaxınlaşdırdı və atın o iri və narahat, nigaran gözlərinə baxdı, sonra sağ əlində tutduğu tapançanı qaldırdı və atəş açıb boz ürgənin gicgahından vurdu. Əvvəlcə atın qabaq ayaqları büküldü, iri gözləri uzaq bir nöqtəyə zillənib dondu, sonra böyrü üstə yerə sərildi, başını uzatdı, sifətinin bir tərəfi qıpqırmızı qızaran közlərin üstünə düşdü, amma boz ürgə daha başını çəkə bilmədi. Bütün ətrafa təzə ütülən tük, təzə yanan ət iyi yayıldı. O güllə səsindən sonra bir anlıq susmuş qurbağalar yenə də quruldamağa başladı.
    Səlahiyyətli müvəkkil tapançanı qoburuna basdı, hələ yanıb qurtarmamış, közərən odun parçalarını dartıb tonqaldan çıxartdı, boz ürgənin üstünə yığmağa başladı və Hadrutun altı kilometrliyindəki həmin yerdə səhərə yaxın təzədən kiçik bir tonqal alovlandı.
    Səlahiyyətli müvəkkilin əlləri də, sifəti də indi hərarətdən yox, o tonqalın istisindən yanırdı və daha buna dözmək mümkün deyildi; əlindəki axırıncı közərən odunu o təzə tonqala tulladı (daha kifayət idi), dərindən bir nəfəs aldı, tapançanı qoburundan çıxarıb öz gicgahına dirədi, qəti bir sıçrayışla özünü tonqala atdı və elə o anda da tapançanın tətiyini çəkdi.
    Səlahiyyətli müvəkkil bircə an, cəmi bircə an o dəhşətli isti içində tapança lüləsinin gicgahındakı sərinini hiss etdi, sonra hər şey bitdi. O ikinci güllə səsindən sonra da susmuş qurbağalar təzədən quruldadı...
    Üç gündən sonra, Hadrut xəstəxanasının profilaktika hissəsində yatan adamları müayinə edən professor Lev Aleksandroviç Zilber Xosrov müəllimin çarpayısının yanında oturanda bu adamı dərhal tanıdı. Qəribə idi, Lev Aleksandroviç Zilber bu adama baxırdı və elə bil ki, özünü günahkar hesab edirdi; ümumiyyətlə, Hadruta gəldiyi gündən etibarən, bu hiss onu tərk etmirdi, ona elə gəlirdi ki, taun adamları bu cür aparırsa, adamları bu cür amansızcasına bədbəxt edirsə, adamlara heç vaxt sağalmayacaq beləcə yaralar vurursa, təqsirkar odur– professor Zilberdir. Çarpayıda uzanmış bu uzun, arıq, gözlərindən əzab-əziyyət tökülən adamda taun tapılmamışdı, o sağlam idi, amma professor Zilber üç gün bundan əvvəl o tonqalın işığında dizlərinin və əllərinin üstündə durub xırıltılı səsi ilə qırıq-qırıq, it kimi zingildəyən bu adama nə isə eləmək, nə isə bağışlamaq, yadigar vermək istəyirdi. Qalxıb xəstəxanadakı iş otağına gəldi. Professor Zilberin kiçik qardaşı Veniamin Kaverin gənc yazıçı idi, Moskvada yeni kitabı çıxmışdı: «Konets Xazı» («Xazanın sonu»). Və professor Zilber o kitabı özü ilə Hadruta gətirmişdi. Mizin arxasına keçib əyləşdi, həmin kitabı açıb ağ üz səhifəsinə bircə an da fikirləşmədən avtoqraf yazdı:
«Çeloveku, uvidevşeqo i perejivşeqo ad. Lev Zilber».


    Professor Zilber gətirib o kitabı Xosrov müəllimə bağışladı. Taun epidemiyası yox ediləndən sonra, professor Zilber Hadrutdan getdi və bir müddətdən sonra Xosrov müəllim də Hadrutda qalmadı (qala bilmədi! Hadrutda hər şey altı yaşlı Cəfərdən, dörd yaşlı Aslandan, iki yaşlı Azərdən xəbər verirdi, Şirindən xəbər verirdi, o tonqaldan deyirdi...), Bakıya köçdü, Bakı məktəblərindən birində işə düzəldi və bütün ömrü boyu daha heç vaxt professor Zilberi görmədi. Bəzən yuxuda görürdü, Hadrut xəstəxanasında olduğu kimi, eləcə dinməz-söyləməz bir-birlərinə baxırdılar; bir də ki, düz otuz yeddi ildən sonra – 1966-cı ilin noyabr günlərindən birində qəzetlərdə çap olunmuş nekroloqlarda akademik Lev Aleksandroviç Zilberin şəklini gördü.

6
DAR DALANDA


    Divarlarına təzəcə göyümtül əhəng çəkilmiş bu dalan ensiz, adamsız, səliqəli və yay kimi isti o aprel günündə kölgəli idi. Güclə seziləcək əhəng iyi, elə bil ki, bu dar dalandakı sakitliyin, rahatlığın və təmizliyin daimiliyindən xəbər verirdi, yəni elə bil ki, bu qısa və dar dalandakı həmin sakitlik, rahatlıq və təmizlik həmişə olmuşdu – min il bundan əvvəl də belə idi və min il bundan sonra da belə olacaqdı; dalana tünd sarı rəngli üç həyət qapısı açılırdı və tünd sarı rəngli o üç həyət qapısı da, elə bil ki, həmişə beləcə kip örtülü olmuşdu və heç zaman açılmayacaqdı; qənbər döşənmiş ensiz küçədə ötən o maşınların səsi də o aprel günü bu dalana hay-küylə, sürətlə yox, ahəstə gəlirdi, o maşın səsinin özündə də bir yumşaqlıq, bir mülayimlik vardı.
    Gicbəsər, dalanda, az qala, divara bitişik basdırılmış elektrik dirəyinin dibində, asfaltda qarnıüstə uzanmışdı və itin qara gözləri mürgü döyürdü. Gicbəsər Tülkü Gəldi Qəbiristanlığından çıxdığı iki gün ərzində Bakının dağlıq məhəllələrini dolaşa-dolaşa gəlib bu balaca və sakit dalana çıxmışdı; bura rahat və təmiz idi, bu sakitlik, bu rahatlıq və təmizlik iki günlük didərginlikdən sonra, itin ürəyincə idi. Bu dar dalanın sakitliyi Tülkü Gəldi Qəbiristanlığının dərinliklərindəki qəbiristanlıq sakitliyindən seçilirdimi? Gicbəsər bunu hiss edirdimi, fərqinə varırdımı? Tülkü Gəldi Qəbiristanlığının idarə səs-küyündən, gediş-gəlişindən, gecə həyatından, dəfn mərasimlərindən, molla səsindən, matəm musiqisindən (həm Avropa çalğı alətlərində, həm Azərbaycan milli musiqi alətlərində) nəzir və sədəqə yığan gərgin dilənçi fəaliyyətindən başqa, hərdən günün müxtəlif çağlarında – səhər, günorta, axşam, gecə qəbir daşları arasına çökmüş ölü bir sükut da var idi. Tülkü Gəldi Qəbiristanlığı böyük idi, bəzən bir başında ölü basdırılırdı, matəm musiqisi çalınırdısa, o biri başında müxtəlif şəkilli, müxtəlif ölçülü, bahalı-ucuz, köhnə-təzə qəbir daşlarının üzərində o ölü sükut hakim kəsilirdi və o zaman o qəbir daşlarının müxtəlifliyi tamam itib gedirdi, həmin ölü sükut qəbir daşlarının hamısını eyniləşdirirdi. Hərdən Gicbəsər Qəbiristanlıq Idarəsinin hay-küyündən, gecə həyatından, vurulan təpiklərdən, atılan daşlardan qaçıb gedib o ölü sükutun içinə girirdi, amma orada da çox dayana bilmirdi, beləcə rahat uzanıb mürgüləyə bilmirdi və bu dəfə də qaçıb o ölü sükutdan canını qurtarırdı, yəni təzədən Qəbiristanlıq Idarəsindəki o insanların arasına gəlirdi.
    Gicbəsər gözlərini açdı, qarşısındakı göyümtül divara baxdı, sonra qulaqlarını şəklədi, başını balaca yana çöndərib dar dalanın girəcəyinə tərəf baxdı; o gözəl sakitlik, rahatlıq və təmizlik içində Gicbəsər birdən-birə spirt iyi hiss etdi. Əlbəttə, Gicbəsər bu qoxunun adını, yəni spirt iyi olduğunu bilmirdi, amma illər ərzində Tülkü Gəldi Qəbiristanlığında yaxşı bələd olduğu bu qoxu iti həmişə sayıqlığa, ehtiyatlı və diqqətli olmağa çağırırdı, çünki Gicbəsər uzun illərin təcrübəsindən yaxşı bilirdi: bu qoxu olan yerdə nə desən mümkündü – səni tumarlayarlar, öpərlər və birdən-birə də təpiklə vurub qabırğanı sındırarlar. Gicbəsər sübh tezdən, yaxud axşamüstü Tülkü Gəldi Qəbiristanlığına daşınan yeşik-yeşik araq şüşələrini ömrünün, demək olar ki, hər günündə görmüşdü və insanların o şüşələrdəki mayeni içməklərini, sonrakı vəziyyətlərin gedişatını bütün təfərrüatlarına qədər müşahidə etmişdi, belə bir gedişat Gicbəsər üçün Tülkü Gəldi Qəbiristanlığında gündə gördüyü o adamlar kimi, gecələr Qəbiristanlıq Idarəsinə gəlib gedən o maşınlar kimi, o dəmir darvaza kimi, qarovulçu Əflatunun o köşkü kimi, sayı-hesabı bilinməyən o qəbir daşları kimi, adi bir şey olmuşdu, amma bu adiliyə baxmayaraq, o qoxu özü ilə birlikdə ehtiyat və sayıqlıq gətirirdi.
    Spirt iyi bu dar dalanda, xüsusilə, hiss olunurdu, çünki buradakı evlərdən, buradakı insanlardan spirt iyinə bənzər heç bir qoxu gəlmirdi. Gicbəsər o tünd sarı qapıların arxasında yaşayan adamları görmürdü, amma o adamların nəfəsini duyurdu, mətbəxlərindən gələn iyi hiss edirdi və bu mətbəx qoxusunun özündə də Gicbəsərin alışmadığı bir təmizlik var idi; bayaqdan bəri Gicbəsər bu dar dalanda, elektrik dirəyinin dibində uzanıb bu dalanın sakitliyi və rahatlığı içində, elə bil ki, tünd sarı qapılar arxasındakı o görünməz adamların mehribanlığını da duyurdu. Bir nəfər dar dalanın qabağında dayandı və əynində toza-torpağa bulaşmış göy şalvar, yaxası açıq, düymələrinin çoxu qırılmış qara köynək və tamam çirklənib əldən düşmüş qəhvəyi pencək olan, sinəsi, qolları tüklü bu arıq kişi əlini dalanın küncünə dirəyib bir az yerində yırğalandı, sonra axıb gedən dumanlı gözlərini qıyıb küçənin aşağısına – yuxarısına baxdı, sonra dalana baxdı, dirəyin dibində uzanıb qara gözlərini ona zilləmiş iti gördü, elə bil ki, həm bir az sevindi, həm də təəccübləndi:
    – A-a-a... Sən də... bur... dasan?..
    Yəqin ki, bu sözlər o dar dalanda çox məhrəmanə səsləndi, çünki Gicbəsər səksənmədi, narahat olmadı və yalnız o adam dalanın içinə doğru gəlməyə başlayanda ayağa qalxdı.
    – Dur-r-rma... Dur-r-rma... Uzan... Proşu da tebya... – O adam ayaq saxladı, əli ilə də işarə etdi ki, it qalxmasın, uzansın, sonra özü birdən-birə dizləri üstə asfalta çökdü və iməkləyə-iməkləyə Gicbəsərə tərəf gəlməyə başladı. Tülkü Gəldi Qəbiristanlığındakı insanların arasında keçirdiyi o uzun illər boyu bu itdə, elə bil ki, adamları əvvəlcədən tanımaq, bəd işləri əvvəlcədən hiss etmək sövq-təbiisi yaranmışdı və indi yəqin ki, iməkləyə-iməkləyə gələn bu adamdan bəd bir hərəkət duymadı və ürküb qaçmadı. Arıq kişi iməkləyə-iməkləyə gəlib itlə üzbəüz, lap burun-buruna dayandı və qəflətən ağlamağa başladı.
    Bu adamın bütün vücudundan tünd spirt iyi gəlirdi və bu iy Gicbəsəri təngidirdi, amma qəribəydi, it kənara çəkilmədi, qara gözlərini bu arıq kişinin rəngini itirmiş və sulanmış gözlərinin içinə zillədi; it, elə bil, başa düşürdü ki, bu adamın işləri yaxşı deyil, bu adam ağlayır və bu adam yazığın biridir; həmin yazıqlıq, elə bil ki, o günorta çağı, o dar dalanda o adamla Gicbəsər arasında bir yaxınlıq, hətta doğmalıq əmələ gətirdi.
    Kişi dirəyın dibində, itin yanında oturdu, sümüyü çıxmış kürəklərini dirəyə dirədi, ayaqlarını uzatdı və eləcə ağlaya-ağlaya əlini uzadıb itin çənəsini tumarladı. Gicbəsər başını geri çəkmədi, əksinə, özünü bir az da irəli verdi, kişinin spirtli nəfəsi düz Gicbəsərin burnuna vururdu, amma it buna dözürdü, çünki çənəsini tumarlayan o əlin mehribanlığı o qoxunun acısından qat-qat artıq idi; bəlkə də bu it başa düşürdü ki, o qoxu olmasaydı, bu mehriban əl də beləcə onun çənəsini tumarlamayacaqdı. Arıq kişi gözlərini, burnunun suyunu əli ilə silib, uzun dırnaqlarının arası qapqara çirklə dolmuş barmaqlarını nə vaxtdan bəri qırxmadığı çal saqqallı sifətində gəzdirdi:
    – Bilir-r-sən... Vahid nə deyib? – soruşdu. – Vahid... Vahid deyib ki... yolunda... yolunda candan keçər-r-rəm... sevgilim!.. Gör-r-rür-r-rsən?.. Mənə deməyiblər-r-e, belə söz deməyiblər-r-! Vahid gör-r-rür-r-sən... necə deyib: yolunda candan... keçər-r-rəm, sevgilim... It olaydım da gər-r-rək mən!.. It yaxşıdı!.. It olmaq adam olmaqdan... yüz dəfə... yüz dəfə yaxşıdı!.. Kişi yenə gözlərini sildi və birdən-birə dibinə bir nigarançılıq, narahatlıq dolan rəngsiz gözləriylə o dar dalanın girəcəyinə tərəf baxdı və əmin olandan sonra ki, heç bir təhlükə yoxdur, əlini qəhvəyi pencəyinin döş cibinə saldı, bir dolu şüşə çıxarıb yenə də eyni nigarançılıq və narahatlıqla dalanın girəcəyinə baxdı, sonra çirkli dırnaqları ilə şüşənin ağzını açıb şirin, qırmızı çaxırı qurtum-qurtum içməyə başladı.
    – Məni... it doğaydı də... gər-r-rək anam... Anam pisiydi də... köpək qızı anam... it doğmadı də məni!.. It olar-r-dım... gəzər-r-dim... sənnən bir yer-r-rdə küçələrdə... Səniynən dost olardım... Dost olar-r-dıq özümüzçün... Adamlar çox...əclafdı, e... bilirsən?.. çox əclafdı... Mən istəyir-r-rəm ki... it olam... Bax ...belə!.. – Və o arıq kişi də it kimi hürməyə başladı və onun eləcə hürməyi, elə bil ki, bu dar dalanın o rahatlığını, o təmizliyini Gicbəsər üçün daha da artırdı, o sakitliyi də pozmadı, əksinə, o sakitliyin davamı oldu.
    Arıq kişi əlini dizinə vurdu:
    – Bur-r-ra qoy başını... Qoy bur-r-ra!.. Mənim qar-r-daşım sənsən... Sənə həmişə yemək... gətir-r-rəcəyəm... Səni apar-r-rıb...evimdə saxlayacağam... Bilir-rrsən necə... evim var? Dvar-r-resdi!.. Maşında gəzdir-r-cəyəm... səni... On dənə... maşınım var-r-r... Hansında istəsən gəzdir-r-rəcəyəm... səni... Istəyir-r-rsən... Hə?.. Şoferlərim də var-r-r e!.. Ancaq bilir-r-sən... mən it olmaq istəyir-r-rəm!.. – Arıq kişi yenə də ağlamağa başladı. – It... it olmaq istəyir-r-rəm!.. O sakit, rahat və təmiz dalanda dünyanın qəribə bir hadisəsi baş verdi; it bu adama baxdı, baxdı və birdən dizlərini büküb qarnı üstə yerə çöməldi və çənəsini arıq kişinin qılçının üstünə qoyub gözləri ilə altdan yuxarı ona baxdı. Arıq kişi itin bu hərəkətini adicə bir şey kimi qəbul edib (elə bil, elə belə də olmalıymış, it onun dediklərini başa düşməliymiş), sol əli ilə Gicbəsərin başını tumarlamağa, qulaqlarının altını qaşımağa başladı.
    – It olmaq istəyir-r-rəm... – Sağ əlində tutduğu şüşədən bir qurtum da içdi. – Vahid bilir-r-sən... nə deyib? Vahid e!.. Əliağa Vahid... Deyib ki... insanlar-r-rda... insanlar-r-rda vəfa yoxdu... Əclafdı də insanlar-r-r!.. Ancaq mən... əclaf döyüləm!.. Bilir-r-sən... sənə necə baxacam?.. Hər şey alacam sənə!.. Doxtur-r-rski kolbasa... tapacaqlar-r-r... mənimçün... Iki kilo!Ver-r-rəcəm sənə... hamısını ver-r-rəcəm sənə!.. Ancaq mən də... it olmaq istəyirr-rəm!.. it olsaydım... bir-r-r yer-r-rdə yeyərr- rdik doxturs-r-ski kolbasanı!..
    Əlbəttə, Gicbəsər bu adamın dediyi sözlərin mənasını başa düşmürdü, amma bu sözlərin deyilişində it üçün gözəl bir musiqi var idi və o gözəl musiqi dar dalandakı bu gözəl sakitliyi, rahatlığı müşayiət edirdi və it çənəsini o arıq kişinin qılçına elə qoymuşdu ki, elə bil, həmişə beləcə qalacaqdı, heç vaxt başını bu mehriban qılçın üstündən qaldırmayacaqdı. Spirt iyi, xüsusən, şüşədən gələn o qoxu güclə hiss olunan o gözəl əhəng qoxusunu yox eləyirdi, bu sərt qoxu dar dalanın o ehtiyatlığı və sakitliyi ilə bir o qədər də uyuşmurdu, amma bu adamın itin başını tumarlayan, qulaqlarının altını qaşıyan əlindəki mehribanlıq, nəvaziş hər şeyi üstələyirdi, dünyanın bütün pis qoxularını bir kənara atırdı və görünür, bu it heç zaman belə bir mehribançılıq içində olmamışdı. Düzdü, lap küçük vaxtlarından isti və iri bir insan əlinin hərarəti uzun müddət Gicbəsərlə birgə oldu, zaman keçdikcə çox uzaqlarda qaldı və indi o dar dalanda, çənəsini o arıq kişinin qılçına qoymuş Gicbəsər, elə bil ki, harasa uzaqlara qayıdırdı, lap cıqqılı küçüklük dövrünə qayıdırdı və çoxdan unudulmuş o hərarətin xatirəsini duyurdu... Iy iyə qarışdı və bunu birinci hiss edən Gicbəsər oldu, nigarançılıqla başını qaldırıb dalanın girəcəyinə nəzər saldı və arıq kişi də itin nigarançılığını o saat duydu və birdən-birə heyvani bir qorxu çəkən rəngsiz gözləriylə küçəyə tərəf baxdı, sövq-təbii bir hərəkətlə sağ əlindəki yarımçıq şüşəni qəhvəyi pencəyinin döş cibinə soxdu, həyəcandan titrəyə-titrəyə tez-tez pıçıldamağa başladı:
    – It olmaq istəyir-r-rəm!.. It olmaq istəyir-r-rəm!.. It olmaq istəyir-r-rəm!..
    Bu vaxt dalanın girəcəyində iki nəfər – bir kişi və bir qadın – göründü və ikisi də ayaq saxlayıb yerlərində səndirləyə-səndirləyə dar dalanın içinə tərəf baxdı, sonra qadın əlini uzadıb dirəyin dibində oturmuş arıq kişini göstərə-göstərə cır səsiylə qışqırdı:
    – Vot on, pederas!.. Spryatalsya zdes da, kurva?!
    O iki nəfərin dirəyə tərəf yüyürməyiylə bütün bu dar dalanın başdan-başa spirt iyiylə dolması bir oldu və o iki nəfər dirəyin dibində oturmuş o adamın başının üstünü elə sürətlə aldılar ki, bu yazıq heç tərpənməyə də macal tapmadı; həmin iki nəfər bir göz qırpımında dirəyin yanına çatan kimi, onlardan biri – uzun kişi dirəyin dibində oturmuş (və titrəyə-titrəyə elə hey pıçıldayan: «–It olmaq istəyir-r-rəm!..It olmaq istəyir-r-rəm!..») adamın sifətinə zərblə bir təpik vurdu və bu zərbə o qədər güclü oldu ki, özü də ayaq üstə dura bilmədi, arxası üstə yerə sərildi.
    Dirəyin dibində oturub əsə-əsə elə hey pıçıldayan o arıq kişi:
    – Vay!.. – deyib iki əliylə də sifətini tutdu və parçalanmış dodaqlarından axan qan barmaqlarının arasından süzülməyə başladı, çirkli dırnaqlarını qıpqırmızı qızartdı.
    Qadın yerə sərilmiş dostuna məhəl qoymadı və iki əliylə dirəyin dibində oturub üzünü qapamış arıq kişinin pırpızaqlı çal saçlarından yapışdı:
    – Ubejat xotel da? Pederas!.. Qde vino? – və o bədbəxtin başını dirəyə döyəcləməyə başladı. – Skaji qde vino?.. Ubyom tebya!.. Ubyom!.. Kurva!..
    Yerə sərilmiş uzun kişi də ayağa qalxdı. Qadın rus idi və rusca danışırdı, uzun kişi isə azərbaycanca:
    – Oğraş!.. – dedi. – Bizi aldadıb qaçmaq istədin, hə?! Tək içmək istəyirsən, ay əclaf?! Məni aldatmaq olar?..
    Qadın isə sakitləşmək bilmirdi, sifətindən qan axan o arıq kişinin başını dirəyə döyəcləyə-döyəcləyə:
    – Qde vino?– qışqırırdı. – Qde kurva?! Qde vino?..
    Uzun kişi yenə də ayağını qaldırıb dirəyin dibindəki o arıq kişini vurmaq istədi və bu vaxt Gicbəsər bütün içindən axıb gələn bir hirslə bərkdən hürməyə başladı; it bayaqdan bəri, elə bil ki, çaşıb qalmışdı və yalnız indi özünə gəlirdi; düzdü, təpiyin nə olduğunu yaxşı bildiyi üçün, uzun kişiyə yaxınlaşmırdı, amma onun ətrafına fırlana-fırlana var gücüylə hürürdü.
    Qadın:
    – Paşol!– qışqırdı və o bədbəxtin saçlarını buraxıb itin üstünə qaçdı, təpik atdı, amma ayağı itə dəymədi, ikinci dəfə təpik atdı və Gicbəsər bütün ömründə birinci dəfə dişləri ilə insan qıçından yapışdı.
    Qadın:
    – Oy!.. – qışqırdı və ayağını dartdı, amma Gicbəsər, arvadın topuğunu ağzından buraxmadı və onsuz da, ayaq üstə güclə dayanan o qadın arxası üstə yerə yıxıldı, donunun ətəkləri yuxarı qalxdı və əyninə alt paltarı geymədiyi üçün, vaxtsız solub əldən düşmüş bədəni, az qala, göbəyinəcən çılpaq qaldı. O vaxt ki, Gicbəsər ağzında qan tamını hiss etdi, arvadın topuğunu buraxdı və kənara çəkilib daha da bərkdən hürməyə başladı.
    Tünd sarı rəngli o üç həyət qapısı, elə bil ki, bir-birləriylə sözləşiblərmiş kimi, üçü də birdən açıldı və kiçikli-böyüklü bir dəstə adam o qapılardan dar dalana çıxdı. Bu adamların hamısı arvadlar və uşaqlar idi, aralarında kişi xeylağı yox idi, çünki bu məhəllədə kişilərin hər səs-küydən ötrü dalana, küçəyə çıxmağı ayıb sayılırdı, kişiyə yaraşmazdı. Görünür, bu vaxtlarda o dar dalanın camaatı nahar hazırlamaqla məşğul olurdu– arvadların əli döyülmüş ətə, una, yağa bulaşmışdı və əllərini döşlüklərinə silə-silə bu arvadlar da, uşaqlar da elə bir hay-küy saldılar ki, elə bil, bu dar dalan min il bundan əvvəl də belə bir haray-həşir içində olmuşdu və min il bundan sonra da belə olacaqdı.
    – Vay, köpəy uşağı!..
    – Ağəz, buna bax e, bu qancığa bax e!..
    – Vay-vay-vay!..
    – Ağəz, trusik geyməyib e...!
    – Tfu sənə!..
    – Pyaniskələrdi!..
    Dalana dolmuş arvad-uşağın arasında on dörd-on beş yaşlarında, bığ yerinin tükləri qaralmağa başlamış kök bir oğlan da var idi və dalana çıxan kimi həmin oğlanın gözləri o saat yerə yıxılmış o qadının çılpaq ayaqlarının arasını aldı.
    – Ağəz, qov buları!..
    – Tfu sənə!..
    – Ağəz, ört bu qəhbənin üstünü də!..
    – Tez elə!..
    – Tfu sənə, qancıq!..
    – Bu birisinin ağzını partdadıblar!..
    – Durun, köpək uşağı, durun!..
    – Vur bu qəhbəni!..
    – Ala!..
    – Ağəz, vurun e, bunnarı, adam döyül ki, bunnar!..
    Bir dəstə ayaq, bir dəstə əl o üç nəfərin – dodaqları partlamış o adamın, o uzun kişinin və topuğundan qan axan o qadının üstünə cumdu, damarları şişmiş boğazlardan çıxan səslər, elə bil ki, o dar dalanın təzəcə əhənglənmiş divarlarına hopurdu, həmişə bu divarlarda qalacaqdı və bu adamlarla birlikdə o divarlar da qışqırırdı:
    – Əclaf oğlu əclaf!..
    – Pyaniskə köpək oğlu!..
    – Ay qəhbə!..
    – Vur bunnarı!..
    – Al!..
    – Ay qancıq, trusik gey də!..
    – Al!..
    Gicbəsər o dar dalanın küncünə qısılıb mırıldaya-mırıldaya gözlərinin qabağında atılan bu təpiklərə, vurulan yumruqlara, çəkilən sillələrə baxırdı, o adamların, o dar dalanın divarlarının haray-həşirinə qulaq asırdı və bu dəm itin qəhvəyi-qara tükləri pişik tükü kimi qabarmışdı; it bu adamların arasından qaçıb o dar dalandan uzaqlaşa bilmirdi, qorxurdu.
    – Al!..
    – Bir də gələcəksən bura, hə?..
    – Ay qancıq, tfu sənə!..
    – Bu da azdı sənə, oğraş oğlu, oğraş!...
    – Al!..
    – Ay əclaf!..
    Dar dalandan qaçıb birinci canını qurtaran, o uzun kişi oldu, sonra dodaqları partlamış arıq kişi qaça bildi (bütün bu müddət ərzində sifətinin qanına bulaşmış sağ əliylə qəhvəyi pencəyinin üstündən çaxır şüşəsini tutmuşdu ki, sınmasın, əyilib tökülməsin), sonra da səndirləyə-səndirləyə o qadın qaçdı və o qadın başını götürüb qaçanda həyətdən çıxmış həmin on dörd-on beş yaşlarında kök oğlan dar dalandakı o basırıqdan istifadə edib əlini donun üstündən arvadın paçalarının arasına basdı; oğlanın bu hərəkətini anası o saat gördü və hirsindən yanıb yaxıla-yaxıla:
    – Ədə, sən neynirsən?! – qışqırdı. – Kül sənin başuva!– Və oğlunun yay qabağı ülgüclə təzəcə dibindən qırxılmış başına yağlı bir qapaz çəkdi və o qapazın səsi bu dar dalandakı hay-küyün son sədası oldu: o üç tünd sarı qapı birdən-birə necə açılmışdısa, yenə də birdən-birə eləcə açıldı, bu qədər camaat birdən-birə necə dalana tökülmüşdülərsə, eləcə də birdən-birə hamı həyətlərə girdi, o tünd sarı qapılar da yenə kip örtüldü.
    Dar dalanda təkcə o on dörd-on beş yaşlı kök oğlan qalmışdı, bir də ki, dalanın dibinə qısılmış Gicbəsər.
    O üç nəfər başını götürüb qaçmışdı, həyətdən çıxmış adamlar daha hay-küy salmırdı, o on dörd-on beş yaşlı kök oğlan susmuşdu, Gicbəsər daha mırıldamırdı, amma elə bil ki, bu dar dalanın göyümtülə çalan əhəngli divarları hələ də guruldayırdı.
    Gicbəsər başını aşağı saldı, qulaqları yatdı, quyruğunu buladı və it asta addımlarla çıxıb getmək istədi, amma bu vaxt o kök oğlan Gicbəsəri gördü və bayaqkı qapazın ağrısının, acısının, pərtliyinin hirsini itin üstünə tökdü:
    – Paşol atsuda!..
    Və oğlan əyilib yerdən kiçik bir qənbər götürdü. Gicbəsər başa düşdü ki, bu saat ağır bir zərbə alacaq və irəli sıçrayıb iti addımlarla qaçıb getmək istədi, amma oğlanın zərblə atdığı o qənbər dalandan çıxhaçıxda Gicbəsərin qabırğalarının altına dəydi və it bu zərbədən zingildəyəzingildəyə küçə ilə üzüaşağı qaçmağa başladı.
    Gicbəsər var gücü ilə o dar dalandan uzaqlaşmaq istəyirdi.
    Divarları təzəcə əhənglənmiş o dar dalan, kip örtülmüş o tünd sarı rəngli qapılar arxada qaldı.

7 QONAQLIQ


    1939-cu ilin qış günlərindən biri idi və havalar uzun müddət mülayim keçəndən sonra, birdən-birə həmin gün bütün gecəni qar yağmışdı, Bakının küçələrini, binaların damını, eyvanını, xüsusən, gediş-gəlişin az olduğu yuxarı məhəllələri (Ələsgər müəllimin ikiotaqlı, mətbəxli mənzili Bakının dağlıq hissəsindəki belə məhəllələrdən birindəki birmərtəbəli kiçik binada idi) qar basmışdı və qəribə idi, bu gözlənilməz soyuq həmişə rahatlığı, istini xoşlayan Ələsgər müəllimi nəinki narazı salmışdı, narahat etmişdi, əksinə, hər tərəfi bürümüş o tərtəmiz qar ağlığı Ələsgər müəllimin bütün içinə bir coşğunluq, bir ruh yüksəkliyi, hətta – nə qədər ağlasığmaz olsa da – bir hərarət gətirmişdi (qar və hərarət!); elə bil ki, o qış günü qarın o tərtəmiz ağlığı, ümumiyyətlə, daha dünyanın qara yox, ağ günlərindən xəbər verirdi, elə bil, o ağlıq, o təmizlik əməllərin bundan sonrakı salehliyindən deyirdi və Ələsgər müəllim mətbəxdə divardan asılıb altına da girdə tas qoyulmuş əlüzyuyanda həmin coşğunluq, həmin gözəl ovqatla əllərini tərtəmiz yuyub:
    – Gətir o toyuqları bura, mən doğrayım!– dedi.
    Ələsgər müəllimin arvadı Firuzə xanım qaynar düyünü aşsüzənə boşaldaboşalda və ətli sifətini də düyünün buğundan yan tutub tez-tez nəfəs ala-ala:
    – Sən darıxma, – dedi, – sən darıxma... hər şey qaydasında olacaq. Sən darıxma...
    Firuzə xanım düz deyirdi və Ələsgər müəllim özü də bunu çox yaxşı bilirdi: işdə, dostların, tanışların arasında nə qədər təmkinliydisə, evdə, məişətdə bir o qədər narahat, darıxan adam idi, misal üçün, hər il yayda üçü də bir yerdə – yəni Ələsgər müəllim, Firuzə xanım, bir də Arzu – Kislovodska gedəndə arvadını da, qızını da o qədər tələsdirirdi ki, qatarın tərpənməyinə hələ üç saat qalmış vağzala yollanırdılar... Bu gün də məktəbdən tez qayıtmışdı ki, Firuzə xanıma kömək eləsin – bir həftə idi ki, Ələsgər müəllim bu gün axşamkı qonaqlığın narahatlığını keçirirdi; bilirdi ki, hər şey qaydasında olacaq, Firuzə xanım gözəl bir süfrə açacaq, kök və ilk baxışda ağır adam görünsə də, əslində, çox cəld idi, hər şeyi vaxtlı-vaxtında hazırlayacaqdı, qonaqlar Arzunun şərəfinə sağlıqlar deyəcəkdi, yeyib-içəcəkdilər, uzun sözün qısası, həmişəki kimi gözəl bir məclis keçəcəkdi – bütün bunları bilirdi, amma yenə də narahatlıq keçirirdi, darıxırdı.
    – Bir şey almaq lazım deyil ki?
    Firuzə xanım plovu dədə-babadan qalmış mis qazanda «kerosinka»nın üstünə
    – dəmə qoya-qoya:
    – Yox ey, hər şey var, – dedi. – Sən narahat olma...
    – Çörək az deyil?
    – Yox, yox... Sən narahat olma, hər şey düzələcək...
    Ələsgər müəllim Firuzə xanımın tərləmiş sifətinə baxa-baxa gülümsədi: özü evdə-eşikdə o qədər səbrsiz adam idi ki, bu səbrsizlik, bu narahatlıq Firuzə xanıma da keçmişdi və Firuzə xanımın «sən darıxma, sən narahat olma» sözləri indi daha çox özünün narahatlığını göstərirdi; amma bu gözəl qar lap vaxtında yağmışdı, çünki həddən artıq kök olduğu üçün tez-tez tərləyən Firuzə xanım qonaqlıqqabağı lap əldən düşürdü, amma indi «kerosinka»nın birində plov dəmdə idi, o biri «kerosinka»nın üstündə yarpaq dolması bişirdi, soyutma toyuqlar bir tərəfə yığılmışdı, Ələsgər müəllimin dünən Kömürçü meydanında bir səlyanlıdan alıb gətirdiyi iki dənə Kür xəşəmi tavada qızardılmışdı – mətbəx isə sərin idi və Firuzə xanım da əvvəlkilərə nisbətən az tərləyirdi.
    Ələsgər müəllimgilə adam az-az gəlib-gedirdi və üç nəfərdən ibarət bu ailə bir-birinə o qədər öyrənmişdi, beləcə bir üçlük onlar üçün o qədər öyrəncəli olmuşdu ki, evlərinə başqa bir adam gələndə özlərini naqolay hiss edirdilər. Firuzə xanımın qohumları uzaqda – Naxçıvanda yaşayırdılar və ildə-ayda bir dəfə o qohumlardan kiminsə yolu Bakıya düşürdü, yay vaxtı Ələsgər müəllimgilə Ordubad şəftəlisindən, ərikdən, armuddan, gavalıdan pay gətirirdi və anası kimi kök olan Arzu bu meyvələrin hamısını yeyib qurtarırdı; qış vaxtı isə qoz, fındıq, badam ləpəsi, ərik, tut, gilənar, albuxara qurusu gətirirdilər və Firuzə xanım o gözəl xuruşun hamısını yığıb hər il keçirtdikləri bu yeganə qonaqlıq üçün saxlayırdı. Ələsgər müəllimin isə elə bir yaxın qohumu qalmamışdı, qalanlar da Qubada yaşayırdılar və Bakıya da demək olar ki, gəlmirdilər.
    Ələsgər müəllimlə Firuzə xanım 1921-ci ildə evlənmişdilər, o vaxt Ələsgər müəllimin otuz bir yaşı var idi, Bakıda təzəcə məktəb müdiri təyin olunmuşdu. Firuzə xanımın isə iyirmi altı yaşı var idi və Firuzə xanımın atası, rəhmətlik Qəzənfər kişi həmin məktəbdə təsərrüfat işləri üzrə müdir müavini idi. Firuzə xanım elə o vaxt da beləcə kök idi və Ələsgər müəllimin də kök arvadlardan xoşu gəlirdi. Ələsgər müəllimlə Firuzə xanımın düz səkkiz il uşağı olmadı, Firuzə xanım türkəçarə qalmadı, hamısını elədi, Ələsgər müəllim, hələ keçən əsrdə Istanbul Universitetində təhsil almış və Bakıda uşaqdan böyüyəcən hamının tanıyıb hörmət etdiyi professor Fazil Ziyadan xeyirli məsləhətlər aldı, nəhayət, 1929-cu ilin qışında bir qızları dünyaya gəldi və Ələsgər müəllim o qızın adını Arzu qoydu və həmin vaxtdan da hər il qışda, Arzunun anadan olduğu gündə Ələsgər müəllimgilin evində gözəl bir qonaqlıq keçirilirdi.
    Professor Fazil Ziya da Ələsgər müəllimin xüsusi dəvəti ilə əvvəllər bu qonaqlıqlarda iştirak edərdi. Qəribə ziyalı bir adam idi, küçədə gəzəndə həmişə özözünə xalq mahnılarını dodaqaltı zümzümə edərdi, müayinə etdiyi adamlara xəstəliklərindən asılı olmayaraq: «– Tez-tez teatra gedin!.. – deyərdi, bir də ki, – plov yeyin!.. – deyərdi. – Amma az yeyin....» Sonralar professor Fazil Ziya çox qocaldığı üçün (yaşı səksəni keçmişdi), daha evdən az çıxırdı və qış vaxtı Arzunun qonaqlığına gələ bimirdi, buna görə də Ələsgər müəllim hər dəfə Arzunun anadan olduğu gün özü şəxsən professor Fazil Ziyanın evinə gedib kişiyə bir dəstə qızılgül təqdim edirdi, amma... Keçən il Fazil Ziya xalq düşməni kimi ifşa olundu, hələ XIX əsrdə Türkiyədə təhsil aldığı üçün türk casusu və azğın pantürkist elan edildi, sovet Azərbaycanında faşizm ideyalarının təbliğində günahlandırıldı və həbs olunub güllələndi. Nə isə, belə bir gözəl gündə bu sayaq şeylər barədə fikirləşmək lazım deyil...
    Arzu çox gözəl və ağıllı bir uşaq idi, hələ beş yaşı tamam olmamış, Azərbaycan əlifbasını da, rus əlifbasını da öyrənmişdi və o vaxtdan da hər iki dildə yazılmış kitablar Arzu üçün hər şey idi; bu uşaq kitabı kəşf etmişdi və başa düşmüşdü ki, bütün oyuncaqlar, bütün oyunlar, bütün söhbətlər, hətta böyüklərin söhbətləri də kitabın yanında heç nədir. Arzu o qədər oxuyurdu ki, bəzən nəinki Firuzə xanım, hətta Ələsgər müəllimin özü də narahat olurdu, uşağı dəniz kənarında gəzməyə çıxarırdı, konsertə, kinoya, teatra aparırdı. Arzu atasıyla birlikdə Qliyerin «Şah Sənəm» operasına, Azərbaycan Dram Teatrında «Otello»ya, Rus Dram Teatrında «Anna Karenina»ya, «Ryui Blaz» a getmişdi, Gürcüstanın xalq artisti, ordenli Arakişvilinin, RSFSR-in əməkdar artisti Darya Spirişevskayanın konsertlərində olmuşdu, sirkdə Alli-vad attraksionuna baxmışdı. Arzunun bəstəkar Çişkonun «Potyomkin zirehli gəmisi» operasından çox xoşu gəlirdi, beş dəfə gedib bu operaya baxmışdı, amma elə ki, 1937-ci il gəldi, Üzeyir Hacıbəyovun «Koroğlu» operası tamaşaya qoyuldu, Arzu, ən azı, ayda üç dəfə Ələsgər müəllimlə birlikdə gedib o operaya tamaşa edirdi, hətta bir dəfə Firuzə xanımı da məcbur edib evdən çıxartdı və ömürlərində birinci dəfə üçü də bir yerdə – Ələsgər müəllim, Arzu, Firuzə xanım – operaya baxdılar.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.01.2014) | Müəllif: R.C E W
Baxış: 684 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more