Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölüm hökmü-4
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>

    Fərid Kazımlı yenə də özünü saxlaya bilmədi və yenə də Əbdül Qafarzadənin sözünü kəsdi:
    – Deməli, siz planın əleyhinə çıxırsınız?
    Bu, əbəttə, lap ağ oldu və birinci katib üzünü çevirib yanında oturmuş Fərid Kazımlıya baxdı; M.P.Qəriblinin bu baxışında qocalığın və yorğunluğun hələ məğlub edə bilmədiyi bir hökmranlıq, amiranəlik, qəzəb var idi. Birinci katibin sifətindəki bu ifadə bircə anın içində yarandı və Fərid Kazımlı kimi hündürboylu, enlikürəkli, əzələli idmançı bədəninə sahib olan bir adam o baxışların müqabilində bir göz qırpımında kiçildi, əridi, az qaldı yox olsun, ən başlıcası isə bütün zal bu kiçilmənin, ərimənin şahidi oldu. Sonra birinci katib üzünü Əbdül Qafarzadəyə tərəf çevirdi:
    – Davam edin, yoldaş Qafarzadə.
    Əbdül Qafarzadə daimi təmkini və ciddiliyi ilə:
    – Çox sağ olun, yoldaş katib, – dedi. – Yox, yoldaşlar, mən planın əleyhinə çıxmıram. Mən onun əleyhinə çıxıram ki, bir sıra sahələrin, idarələrin, o cümlədən, bizim idarənin spesifikası nəzərə alınmır. Bütün bunlar planın artırılması ilə bağlı məsələlərdir. Amma, bir halda ki, mən bu hörmətli xitabət kürsüsünə... Bəzən bu cür iclaslarda xitabət kürsüsündəcə, nitq söylədiyi yerdəcə Əbdül Qafarzadəyə elə gəlirdi ki, bu sözləri deyən, danışan, beləcə zala baxan, zalda tanış sifətlər görən, əlini düyünləyib xitabət kürsüsünə döyəcləyə-döyəcləyə özü öz dediklərini təsdiq eləyən adam o deyil, kimsə tamam başqa bir adamdır; eyni zamanda, həm bu hissi keçirir, həm də nitqinə davam edirdi, elə bil ki, beynin bir hissəsi nitq edirdi, o biri hissəsi isə bu nitqə, dediyi bu sözlərə təəccüb edirdi və dünyanın faniliyi müqabilində bütün ciddi-cəhdlərin mənasızlığını fikirləşirdi.
    –... qalxmışam, qoy başqa dərd-sərimizi də deyim. Yoldaşlar, qəbiristanlıqdakı yol insanı ən son mənzilə aparan yoldur, sonuncu yol. Bunun böyük rəmzi mənası var. Insanlar son mənzilə abad yolla getməlidirlər. Bəs bizim qəbiristanlıqdakı yol, cığır nə gündədir? Bərbaddan da bərbad. Kələ-kötür, çala-çuxur, palçıq, darısqal...
    Qəbiristanlığın ortasında iki maşın qabaq-qabağa gəlsə, hansı sürücünün zoru güclüdü, o biri gərək maşını qəbiristanlığın axırına qədər dal-dala versin. Nə qədər demək olar?! Nə qədər yuxarı təşkilatlara bu barədə yazmaq olar?! Heç nə istəmirik, elə özümüzə icazə versinlər, beş-on ştatdan ibarət kiçik bir yol təmiri sexi açaq, yollarımızı düzəldək, hər il təmir eləyək, lap gedək başqa qəbiristanlıqlara da köməklik göstərək, onların da yolu pisdir, əlimizdən gələni əsirgəməyək. Orasını da deyim ki, indiyəcən qəbiristanlıqda hər işi əllə görürük. Yazıq fəhlə qardaşımızdı...
    Beldi, külüngdü, vedrədi... Bir dənə də olsun ekskavatorumuz yoxdur. Bir dənə də olsun buldozerimiz yoxdu. Bir dənə də olsun kompressorumuz yoxdu. Onda, bəs, hansı texniki inqilabdan danışırıq? Nə isə, yoldaşlar... – Və indicə deyəcəyi sözlərin daxilində doğurduğu gizli istehza çeşməyin arxasından baxan boz gözlərinin dibinə güclə seziləcək bir işartı verdi, tez də çəkilib getdi və əlbəttə, heç kimin o istehzadan xəbəri olmadı. – Bir sözlə, onu deyirəm ki, yoldaşlar, biz gələcək üçün işləyirik. Gələcək üçün yaşayırıq... Hər şey gələcək naminə...


    Bu – Əbdül Qafarzadənin sevimli sözləri idi və hər dəfə, ya xitabət kürsüsündən, ya əmək veteranı kimi, pionerlərlə görüşəndə, ya da rəsmi adamlarla söhbət zamanı bu sözləri deyəndə daxilən həzz alırdı; bu sözlər onun özünün özü ilə gözəl bir zarafatı idi...
    Inqilabçılar gələcək naminə canlarından keçdi. Dvoryanlar, bəylər, həmin işıqlı gələcək naminə öz zümrələrindən ayrıldı, Qaraqum çöllərində güllələndi, fəhlələr, axmaq kəndlilər işlərini-güclərini buraxıb gələcək naminə mübarizə apardı, evdə çörək gözləyən ac balalarının güzəranını daha da ağırlaşdırdı. Gələcək naminə sürgünlərə getdilər, gələcək naminə vərəm tutub Sibir tayqalarında qurda-quşa yem oldular, gələcək naminə çarı taxtdan saldılar, amma o gələcək gəlib çıxmaq bilmir ki, bilmir... Stalin gələcək naminə özü də gecə-gündüz işlədi, adam həyatı keçirmədi (deyirlər Kremldə də üstünə şinel salıb meşin divanda yatırmış...), camaatı da işlətdi gələcək naminə, qırdı camaatı, həbsxanalara doldurdu və bu da işıqlı gələcək naminə idi. Müharibə zamanı milyon-milyon cavan o gələcək naminə canını qurban verdi. Xruşşov Stalinin cəsədini mavzoleydən çıxartdırdı, qorxunu-ürkünü götürdü (ona görə də indi bu boyda ölkədə bu cürə özbaşınalıq yaranıb!), amma gələcək naminə işləmək davam etdi və Xruşşov bütün dünyaya car çəkdi ki, o gələcək iyirmi ildən sonra gələcək, iyirmi ildən sonra kommunizm qurulacaq (yəni belə çıxırdı ki, Əbdül Qafarzadə indi kommunizmdə yaşamalıydı. Yaxşı yadındadı, o zaman ki, Xruşşov iyirmi ildən sonra kommunizm yaranacağını elan etdi, onda Qaratel soruşdu: «Yəni doğrudan kommunizm olacaq?» Əbdül Qafarzadə: – «Əlbəttə,» – dedi. «–Necə olacaq?» – «Necə olacaq? Necə lazımdı, başuva dönüm sənin, elə də olacaq. Iyirmi ildən sonra səhər yerindən duracaqsan, görəcəksən ki, qəzetlər yazıb: daha kommunizmdir. Televizor da deyəcək ki, day kommunizmdir. Radio da deyəcək ki, bilin və agah olun: day kommunizmdə yaşayırıq. Şairlər də şerlər yazacaq ki, yaşasın belə kommunizm. O ki, qaldı kommunizmdə fəhlənin acından qarnının quruldamağına, adamın qarnı quruldayar də, kommunizm olanda nə olar?!»)...
    Brejnev dostumuz gəldi, özü nişan, orden, medal qalmadı, hamısını taxdı döşünə, o qədər artıq kalori qəbul etdi ki, indi dili söz tutmur, yazıb əlinə verdikləri kağızı da oxuya bilmir, oxuyanda da cürbəcür elə səslər çıxarır ki, adam başa düşə bilmir, bədbəxt oğlu bədbəxt nə deyir? Amma camaat yenə həmin gələcək naminə işləyir, gələcək naminə raportlar verir, gələcək naminə planlar doldurulur, gecəgündüz keçirilən təntənəli iclaslarda gələcək naminə Brejnevin adına əvvəlcədən hazırlanmış məktublar qəbul edilir, hamı (yəni o raportları, o məktubları düzəldənlər və oxuyanlar yox, bədbəxt işləyən camaat!) özü üçün yox, gələcək nəsillərin rifahı üçün, yaxşı yaşaması üçün işləyir, işləyir, işləyir. Bəs o gələcək nə vaxt gələcək?
    Əbdül Qafarzadə o mücərrəd gələcək naminə işləməyi (...ölməyi) dünyanın ən axmaq və mənasız bir işi hesab edirdi və hərdən gecələr, yuxuya getməzdən əvvəl dünyanın işləri barədə və o cümlədən, həmin gələcək barədə fikirləşəndə bu adam belə bir qərara gəlirdi ki, insan ki, necə nağıllar yaradıb, əsatirlər yaradıb, bu sistem də eləcə bir gələcək məfhumu yaradıb və o məfhumun köməyi ilə yüz milyonlarla əhalini idarə edir. Buna görə də əhali heç nəyə inanmır və cəmiyyət də buna görə bu qədər pozulub. Hamıdan əvvəl Əbdül Qafarzadənin özü gözəl bilirdi ki, bu xitabət kürsüsündən partiyanı da, hökuməti də, quruluşu da beləcə ələ salırsa və camaat – əksəriyyəti partiyaçıdır, komsomolçudur!– da beləcə əl vurursa, bundan artıq ictimai əxlaq pozğunluğu ola bilməz. Quldarlıq dövründə də belə olmayıb, qədim Romada da belə şey görünməyib. Əslində, bir cürə fikirləşib, bir cürə hərəkət edib, xitabət kürsülərindən isə bunun tamam əksini demək, mətbuatda bunun tamam əksini yazmaq – heç bir cəmiyyətdə bu dərəcədə bir riyakarlıq olmayıb və Əbdül Qafarzadə fikirləşəndə həmin riyakarlığı o qədər canlı təsəvvür edirdi ki, gülümsəyib başını bulayırdı: «– Pay atonan...».
    Əbdül Qafarzadə işin içində olan, işdən baş çıxaran təcrübəli bir adam idi və buna görə də tamam əmin idi ki, Sovet Ittifaqında fəhlədən tutmuş partiya işçilərinə qədər, təsərrüfat rəhbərlərindən tutmuş şairlərə və alimlərə qədər hökumətdən maaş alan, pul qopardan adamların azı altmış faizi kapitalist ölkələrində acından ölərdi, çünki bu adamlar burada heç nə eləməyib maaş alırdılar, pul qazanırdılar; elədikləri də ancaq özləri üçün idi: trolleybus sürücüsü hökuməti aldadıb bilet pulunu özü üçün qazanırdı və o puldan öz briqadirinə də verirdi, briqadir bir az böyüyünə verirdi, o – trolleybus parkının rəisinə, rəis özündən böyüyünə, o da bir az yuxarıya və o trolleybus biletindən qəpiyin yüzdə biri də olsa, gedib çıxırdı lap yuxarılara, az qala, Allahın yanına... həmin yüzdə bir qəpiyi vur milyona, vur milyarda, vur trilyarda, neçə manat eləyir?
    Stalin cəllad idi– əlbəttə, buna söz ola bilməz. Xruşşovun da ipinin üstünə odun yığmalı deyildi – bu da məlum məsələdi. Ən yaxşısı şübhəsiz ki, bu Brejnev idi: təriflə, öz işini gör. Indi Brejnevin vaxtında ki, rüşvət belə ayaq alıb yeriyir, ordenlər, medallar da, deputatlıq da rayon ölçülü bu cür (M.P.Qəribli kimi!) balaca hakimi-mütləqlərdən tutmuş lap yuxarılaracan rüşvətlərlə alınır, yalançı əmək raportları bütün dünyanı başına götürüb, kənd sovetindən tutmuş partiya qurultaylarınacan bütün ölkə miqyasında keçirilən iclaslar teatr tamaşalarına çevrilib (çıxış edənlər də – artistlərə!), haradan istəyirsən və hara istəyirsən, ezamiyyətə getmək, əslində, qonaqlığa getmək olub, vallah, billah, buna ancaq Sovet Ittifaqı dözə bilər... Bütün bunları fikirləşəndə Əbdül Qafarzadə az qalırdı Sovet Ittifaqının təəssübünü çəksin... Sonra gülümsəyirdi: eybi yox, gələcəkdə hər şey düzələcək...
    Əbdül Qafarzadə həmin günəşli aprel səhəri Rayon Icraiyyə Komitəsindəki müşavirədə çıxışını gələcəklə başa vurub xitabət kürsüsündən aşağı düşdü, sonra daha iki çıxış oldu, sonra saat on ikiyə az qaldığı üçün birinci katib qalxıb özü maşavirənin işinə yekun vurdu və bir o qədər çıxış eləyənlərin içində təkcə Əbdül Qafarzadənin çıxışının üzərində dayandı:
    – Görürsünüz, yoldaşlar, – dedi. – Belə baxsan kiçik bir təsərrüfatın rəhbəridir. Lakin iqtisadi problemlərdən tutmuş vətəndaşlıq problemlərinəcən, hər şeyi necə dəqiq bilir, öz fikirlərini səlis ifadə edir, ən başlıcası isə, Bakı sakinlərinin təəssübünü çəkir, xalqın interesini güdür. Masştabla fikirləşir, başa düşürsüz, masştabla. Sizin çoxunuz danışdı burda, lakin əlinizdə kağız olmayanda adam başa düşmür ki, nə deyirsiniz. Amma Qafarzadənin danışığında dəmir məntiqə fikir verdiniz? Niyə belədir? Ona görə ki, işlə yaşayır, işə canı yanır, ona görə ki, işdən başı çıxır, bilir nə edir və kiminçün edir. Sizin çoxunuzu qoymuşuq rəhbər işə, lakin çoxunuzun öz işinizdən xəbəriniz yoxdur. Elə bilirsiniz mən bilmirəm? Bilirəm. Bütün siqnallar gəlib çatır mənə. Cavanlar çoxdu bu zalda, bax, öyrənin bu təcrübəli təsərrüfat işçisindən, öyrənin Qafarzadədən. Sən də, Kazımlı, – birinci katib üzünü Fərid Kazımlıya tutdu və yenə də bircə anın içində birinci katibin sifətinin ifadəsi dəyişdi, bayaqdan nəsihətlər verən, xeyirxah tərzdə danışan ağsaqqal adamın əvəzinə indi Fərid Kazımlıya tamam qəddar bir adam baxırdı, – onun sözünü kəsmə!..
    Fərid Kazımlı yenə göz-görəti kiçildi, əridi, az qaldı tamam yox olsun, amma, buna baxmayaraq, bu zalda oturanların demək olar ki, hamısı yaxşı bilirdi, Fərid Kazımlı nə qədər kiçilsə də, ərisə də bu, müvəqqəti balacalaşmadı – zalda əyləşənlərin işi dolanıb, fırlanıb, yenə də gəlib Fərid Kazımlıdan keçirdi.
    – Lakin, yoldaş Qafarzadə, – birinci katib bu dəfə də üzünü zalda oturmuş Əbdül Qafarzadəyə tutdu, – məntiq məntiq yerində, plan isə plan yerində. – Birinci katib bu sözlərin təsirini daha da artırmaqdan ötrü barmağını üç-dörd dəfə xitabət kürsüsünə vurdu və əvvəlcə rəyasət heyətində oturanlar, sonra da onlara baxan zaldakılar əl çalmağa başladılar.
    Birinci katib planın vacibliyi barədə danışdı, zala toplaşmış bütün təsərrüfat rəhbərlərinə planların artıqlaması ilə yerinə yetiriməsi üçün var qüvvələrini səfərbərliyə almaqlarını tapşırdı, lazım bildiyi göstərişlər verdi, tez-tez saatına baxabaxa (və qarnı quruldaya-quruldaya...) geridə qalanlara xəbərdarlıq etdi və çıxışını bu sözlərlə qurtardı ki, bütün planlar (bu sözləri də deyəndə barmağını üç-dörd dəfə xitabət kürsüsünə vurdu və təkrar etdi: «–Bütün planlar!») artıqlaması ilə yerinə yetirilməlidir ki, rayon bütün göstəricilər üzrə sosializm yarışının qalibi olsun.
    Axırda da lap gül elədi:
    – Yoldaş Qafarzadə düz deyir, müdrik deyir. Gələcək naminə hər birimiz əlimizdən gələni əsirgəməməliyik.
    Bax beləcə... Bu da sənin gələcəyin.
    Iclas qurtaran kimi, Əbdül Qafarzadə elə Rayon Icraiyyə Komitəsinin binasının birinci mərtəbəsindən evə zəng elədi ki, görsün Qaratel necədir. Dəstəyi Qaratel özü götürdü, dedi ki, yaxşıdır, Sevil də gedib konservatoriyaya, sonra da soruşdu ki, günortaya nə bişirsin, Əbdül Qafarzadə acıqlandı ki, heç nə bişirmək lazım deyil, uzan, istirahət elə, özüm gəlib bir şey düzəldərəm.
    Əbdül Qafarzadənin Rayon Icraiyyə Komitəsindən çıxıb Qəbiristanlıq
    Idarəsinə gəlməyi heç qırx dəqiqə çəkmədi, amma kabinetinə girən kimi (gözləmə otağında da tösmərək bir oğlanla arıq və əcaib bir kişi, deyəsən, onu gözləyirdi...), katibə qız (Idarədə katibə ştatı yox idi, bu qızı fəhlə ştatı ilə – guya, qəbirqazandı – işə götürmüşdü) xəbər verdi ki, Rayon Icraiyyə Komitəsinin sədri Fərid Kazımlı yoldaşın katibəsi Ayna xanım zəng eləyib, sədr sizi çağırır.
    Əbdül Qafarzadə yazı mizinin üstündəki təzə qəzetlərə baxdı. Bu adam siqaret çəkmirdi, içkiyə aludə deyildi – hərdənbir kefinə düşəndə yüz-yüz əlli, uzaq başı iki yüz qram araq içərdi, amma bircə gün də qəzetsiz dayana bilməzdi (bir də ki, tarixi kitabları çox xoşlayırdı). Qəzet, elə bil ki, narkotik bir maddə kimi, Əbdül Qafarzadənin gündəlik həyatına daxil olmuşdu və qəzetlərin oxunuşu da xüsusi bir rituala çevrilmişdi: günorta təxminən on iki ilə bir arası – yəni indiki vaxt – yazı mizinin arxasına keçirdi, çeşməyini dəyişirdi, həmişə eyni bir ardıcıllıqla düzdüyü qəzetləri – əvvəlcə Azərbaycan dilində, sonra rus dilində – bir-bir götürüb oxumağa başlayırdı, özü də birinci səhifədən yox, sonuncu səhifədən oxumağa başlayırdı və bütün sahələrə həsr olunmuş yazıları oxuyurdu və bu vaxt Qəbiristanlıq Idarəsində işləyənlərin, ora gəlib-gedənlərin hamısı bilirdi ki, kişi məşğuldur, qəzet oxuyur və ona mane olmaq olmaz.
    Nə isə, həmin günəşli aprel günü Əbdül Qafarzadənin qəzetinin vaxtı keçirdi, amma buna baxmayaraq, gözlərini mizin üstündəki təzə qəzetlərdən çəkib katibə qıza baxdı, gülümsədi və o cavan katibə qız Əbdül Qafarzadənin təbəssümünü özü bildiyi kimi yozdu və qızardı: o cavan katibə cəmi on gün idi ki, Qəbiristanlıq Idarəsində işə başlamışdı və bu on gün müddətində qızı yaxşı başa salmışdılar ki, Əbdül Qafarzadə kimdir və əlbəttə, çalışıb onun rəğbətini qazanmalıdır; qız artıq bilirdi ki, Əbdül Qafarzadə istəsə, Tülkü Gəldi Qəbiristanlığının yanındakı Sulu dərənin suyunu bir günün içində boşaldar, əgər istəsə, Bakının girəcəyindəki o Qurd qapısı dikdiri ki var, bircə günün içində yerlə yeksan elətdirər. Məktəbi bitirdikdən sonra bir neçə il instituta girə bilməmiş və gəlib qəbiristanlıqda katibə işləməyə məcbur olmuş bu gözəl cavan qız ürəyində Əbdül Qafarzadədən həm qorxurdu, həm də bütün içinə qəribə bir maraq çökmüşdü: baxırsan, adi adamdı, işə avtobusla gəlibgedir, heç kimlə işi yoxdur, geyim-keçimi də, düzdü, səliqəlidi, amma on gündü əynində elə eyni kostyumdu... Iyirmi ildən artıq bu idarədə makinaçı işləyən Bədurə xanım isə üç gün bundan əvvəl Əbdül Qafarzadənin kabinetinə işarə edərək «– Çalış... – demişdi. – Instituta da qoyar səni, aspiranturaya da düzəldər, sonra da lap professor eləyər...» Düzdü, Bədurə xanım bu sözləri deyib gülmüşdü, amma o gülüşdə gizli bir kin-küdurət var idi...
    Amma o gözəl katibə qız nahaq qızarırdı, çünki o dəm Əbdül Qafarzadənin təbəssümünün bu qıza heç bir dəxli yox idi və ümumiyyətlə, Əbdül Qafarzadənin on gündə bu qıza heç əməlli-başlı baxmağa vaxtı olmamışdı. Əbdül Qafarzadə yenə də avtobusa minib əvvəlcə evə getdi, pencəyinin döş cibinə zərf qoydu, sonra Rayon Icraiyyə Komitəsinə getdi. Beş-altı nəfər sədrin qəbulunu gözləyirdi, amma Ayna xanım – ömrünün son on beş ilini yalnız Fərid Kazımlı ilə işləyən, Fərid Kazımlı bir-bir rəhbər vəzifələri dəyişdikcə o da öz işini dəyişib (Fərid Kazımlının idarə maşınının sürücüsü də belə idi) hər yerdə ona katibəlik eləyən bu yaşlı və təcrübəli qadın Əbdül Qafarzadəni görən kimi:
    – Bir dəqiqə dayanın, Qafarzadə (bu qadın da sədr kimi tabelikdə işləyən adamları yalnız famili ilə çağırırdı), indi. – Və Ayna xanımın sədrin kabinetinə girməyi ilə çıxmağı bir oldu. – Gözləyir sizi, Qafarzadə, keçin.
    Əbdül Qafarzadə içəri girəndə sədr geniş mizin arxasında oturmuşdu və «Azərbaycan gəncləri» qəzetini iki səhifə boyu açıb qarşısında tutmuşdu; mizin arxasında yalnız geniş açılmış qəzet və Fərid Kazımlının qəzeti hər iki tərəfindən tutmuş iri və ətli barmaqları görünürdü.
    Bəzən qəzetlərdə gülməli, əcaib-qəraib fotolar çap edib altında yazırlar: «Bunun mənası nədi?» Xüsusən, «Literaturnaya qazeta»da. Indi Əbdül Qafarzadə də fikirləşdi ki, bax mizin arxasındakı o geniş açılmış qəzeti və o barmaqları beləcə çəkib göndərəsən qəzetə ki, bunun mənası nədi? Əbdül Qafarzadə gülümsədi, çünki özü bunun mənasını yaxşı bilirdi.
    – Salam, yoldaş Kazımlı!
    Sədr qəzetin arxasından:
    – Bayaq salamlaşmadıq?– soruşdu.
    – Salam Allah kəlamıdı...
    Fərid Kazımlı daha dözə bilmədi, qəzeti aşağı saldı və böyük, yaraşıqlı çeşməyinin arxasından zəndlə Əbdül Qafarzadəyə baxdı:
    – Allaha çox inanırsan?
    – Mənim inanıb-inanmamağımdan nə asılıdı, yoldaş Kazımlı? Varsa, var, yoxsa da, yoxdu də...
    – Bayaq katib dedi də... Dəmir məntiqə nə deyəsən? Buldozer istəyirsən, hə?
    Əbdül Qafarzadə xüsusi dəvət gözləmədi və mizə yaxın kürsüdə sədrlə üzbəüz oturdu.
    – Texnika istəyirsən? Buldozer, hə?
    Əbdül Qafarzadə gülümsədi və yenə də cavab vermədi.
    – Mən də indi bir buldozer verdirsəm sənə, necə olar?
    – Verdirməssən!
    – Niyə?
    – Çünki dünyagörmüş adamsan...
    – Bəs, onda nə demaqoqluq edirsən? Yəni ki, yoldaşlar, bax, deməyin ki, Qafarzadə belədi, elədi, heç bir şəxsi maddi marağım yoxdu mənim, qəbirqazanları texnika ilə əvəz etmək istəyirəm, hə?.. Sabah da biri soruşanda, deyəcəksən ki, gedin, Rayon Icraiyyə Komitəsinin iclas protokollarına baxın, mən həmişə texnika istəmişəm, bürokratlar, laqeydlər verməyiblər... Hə? Indi necədi, əmr eləyim, bir buldozer versinlər sənə, qəbirqazanların da ştatını minimuma qədər ixtisar elətdirim? Hə?
    Əlbəttə, Fərid Kazımlı bu kabinetdə bayaq birinci katibin baxışları altında kiçilmiş, əriyib yox olmuş adam deyildi, amma, hər halda, Əbdül Qafarzadənin yanında da bu kabinetə layiq şəkildə, tam əzəməti ilə görünmürdü və ən başlıcası isə, bunu Fərid Kazımlı özü də çox yaxşı başa düşürdü. Fərid Kazımlı belə işlərdə uşaq deyildi, tükü tükdən seçirdi və bilirdi ki, Əbdül Qafarzadə istəsə onun özünü bu sədrlik kreslosundan aşırar, işdən qovdurar, çünki Əbdül Qafarzadənin Mərkəzi Komitədə də, Moskvada da mükəmməl adamları və dostları var idi. Deyirdilər ki (doğru deyirdilər, yalan deyirdilər – bilmirdi, amma, hər halda, deyirdilər), bu Əbdül Qafarzadənin kimlərəsə bağışladığı üzük indi Leonid İliç Breynevin qızı Qalinanın barmağındadır. O üzük hardan gedib o barmağa girib – Fərid Kazımlı bunu bilimirdi, çünki o üzüyün elə bir yüksək uçuşu müqabilində Fərid Kazımlı çox kiçik adam idi.
    Əbdül Qafarzadə yenə də gülümsəyib:
    – Elətdirməzsən... – dedi.
    – Mən elətdirmərəm, katib elətdirər! Tapşırar, buldozer yollayarlar sizə, kompressor da! Katibin bir sözünü kim iki eləyəcək?
    – Katib tapşırandı bu on ildə tapşıraydı də! Burda deyirsən, orda yadından çıxır. Görmürdün, qarnı elə guruldayırdı, elə bil, zavod işləyir.
    – Sən onu hələ yaxşı tanımırsan. Bayaq gördün mənə necə baxdı? Köhnə qurddu!
    – Qurddu, qurd olsun da... Bəs biz nəyik, dovşan-zadıq?
    Əbdül Qafarzadə bu sözləri yalnız katibin qarasına demirdi, bu sözlərdə Fərid Kazımlının özünə də növbəti bir xəbərdarlıq var idi; sonra Əbdül Qafarzadə birdənbirə o keçmiş hadisəni xatırladı, diş həkimi Nəcəf Ağayeviçin çil-çil kürən sifəti, xoruz pipiyi kimi qıpqırmızı saçı, qaşı, kirpiyi gəlib gözlərinin qabağında dayandı və kişi gülümsəyə-gülümsəyə:
    – Bəs dost idiniz katiblə, nə oldu? – dedi. – Pişik keçdi aranızdan?
    Fərid Kazımlı iki qoluyla da mizin üstünə dirsəklənib nazik çənəsini əllərinin arasına aldı və Əbdül Qafarzadənin boz gözlərinə baxdı; bu boz gözlərə diqqətlə baxanda Fərid Kazımlı həmişə nəsə narahat olurdu və bu dəfə də gözlərini qarşısında oturmuş bu adamın boz (və soyuq! Hətta gülümsəməyinə baxmayaraq da soyuq!) gözlərindən çəkdi:
    – Bununla dost olmaq olar? – dedi. – Beləsiyçün nə dost?
    – O boyda hörmət elədin ona!..
    Fərid Kazımlı bu sözdən, elə bil ki, bir balaca səksənən kimi oldu, çənəsini əllərinin üstündən qaldırdı, sonra kürəyini qalın və yumşaq kreslosunun söykənəcəyinə söykəyib əlini yellədi:
    – Əşşi, sən də elə danışırsan, elə bil, uşaqsan!.. Bu hörmət qanandı? Ağlın, deyəsən, mənə gedib... Buna bir dəniz hörmət elə, məqsədəuyğun ki, hesab elədi, bir dəqiqənin içində başını kəsib tullayar, heç uf da deməz! Belə baxırsan, qoca kişidi də, səhərdən axşama kimi qarnı quruldayır, ancaq, əslində, qurddu, qurd, özü də qazdan ayıqdı!..
    Əbdül Qafarzadə yenə də gülümsədi, diş həkimi Nəcəf Ağayeviçin o çil-çil kürən sifəti, o qıpqırmızı saçı, qaşı, kirpikləri yenə də gəldi durdu kişinin gözlərinin qabağında. Bu hadisə bir neçə il bundan əvvəl olmuşdu və aradan keçən müddət ərzində heç kim, o cümlədən, Fərid Kazımlı da bilməmişdi ki, (hələlik bilməmişdi, çünki haçansa yəqin ki, biləcəkdi, bəlkə də heç bilməyəcəkdi...), Əbdül Qafarzadə həmin qazdan ayıq adamın – Rayon Partiya Komitəsinin birinci katibi hörmətli M.P.Qəriblinin başına nə oyun açıb...
    ... O zaman Fərid Kazımlının özü telefonla Əbdül Qafarzadənin evinə zəng çaldı, səhər tezdən yanına çağırdı və nəsə təcili bir iş olduğunu başa düşən Əbdül Qafarzadə səhər tezdən Rayon Icraiyyə Komitəsinə getdi, birbaşa sədrin kabinetinə keçdi.
    Fərid Kazımlı açıq-aşkar həyacanlı idi, Əbdül Qafarzadəni görən kimi: «– Gəl əyləş!..» – dedi. – Sonra zəngi basıb Ayna xanımı çağırdı: «– Heç kimi içəri buraxma!» – Ayna xanım bu tapşırığa təəccüb etdi, çünki, onsuz da, Əbdül Qafarzadə yanında olanda içəri heç kimi buraxmırdı.
    Fərid Kazımlı yəqin ki, giriş üçün bir söz tapmayıb (bir də ki, Əbdül Qafarzadə ilə söhbətdə girişə nə ehtiyac var idi?) birbaşa mətləbə keçdi: «– Kişiyə qızıl lazımdır!» – Əbdül Qafarzadə iri çeşməyini gözünün üstündə düzəltdi və diqqətlə Fərid Kazımlıya baxdı: «– Hansl kişiyə?» «– Katibə də, başa düşmürsən, Qəribliyə!»
    Araya kiçik bir sükut çökdü və Fərid Kazımlı yaxşı başa düşürdü ki, bu kiçik sükut ərzində Əbdül Qafarzadə hər şeyi beynində götür-qoy edir, çünki Fərid Kazımlının fikrincə, Əbdül Qafarzadənin beyni belə işlərdə pusquda dayanmış ağıllı və yırtıcı bir canavar idi, şikar tam hazırıydısa, tamam arxayınçılığıydısa, pusqudan sıçrayırdı, hazır deyildisə, əmması varıydısa, nəsə xoşuna gəlmirdisə, heç vaxt pusqudan çıxmırdı; odur ki, hər şeyi açıq və olduğu kimi danışdı ki, Əbdül Qafarzadənin şübhə yeri qalmasın: «–Dünən çağırmışdı məni. Ordan-burdan söhbət elədi, mən nə bilim, küçələri qaydaya salmaq lazımdı, kanalizasiya belə gəldi, qaz kəməri belə getdi, sonra da başladı ki, pensiyaya çıxmaq istəyirəm, işdən getmək üçün ərizə verəcəyəm, qocalmışam, yorulmuşam... Sözdü, deyir də, ərizə verəndi o?! Sonra da yavaş-yavaş fırlatdı-fırlatdı, gətirib onun üstünə çıxartdı ki, bir az pulum var, istəyirəm onu qızıla çevirim... Düzü, əvvəlcə bu söhbətdən şübhələndim, aramız elə açıq deyil bununla, özün bilirsən, ildə üç-dörd dəfə hörmət eləyirəm ona, vəssalam. Nə mən bunun adamıyam, nə də bu mənim adamımdı!.. Özün bilirsən!.. Fikirləşdim ki, niyə məni seçib? Elə indi də fikirləşirəm... Nə isə, iki yüz əlli dənə onluq qızıl istəyir... Mənim də sənnən başqa gümanım gələn bir adam yoxdu. Bu işi başqa adama etibar eləyə bilmərəm...»
    Yəqin ki, hər şey, həqiqətən, Fərid Kazımlının söylədiyi kimi olmuşdu, yoxsa bu qızılları Fərid Kazımlı özü üçün istəyirdisə, gizlətməyin nə mənası var idi, birinci dəfə deyildi ki, tanış olurdular... Başqası üçün də istəsəydi, M.P. Qəriblinin adını verməzdi, çünki bunun heç bir mənası yox idi. Yox, Fərid Kazımlı həqiqəti deyirdi. Əbdül Qafarzadə: «– Ona görə səni seçib ki, – dedi, – yaxşı tanıyır səni!..» - Sonra bu sözlərin bir az həddən artıq kobud səsləndiyini hiss edib əlavə etdi: «– Etibar edir sənə!..» Fərid Kazımlı: «– Bilmirəm... – dedi. – Hər nə isə, gərək mənə kömək eləyəsən!..» «– Birini neçədən istəyir?» Fərid Kazımlı: «– Qiymətini, – dedi, – mən deyəcəyəm ona. Bilmirsən, xəsisin biridi, beş-altı dəfə təkrar elədi ki, pulum azdı, ucuz olsun, bütün varım-yoxum budu! Yalançının atasına lənət! Soyanda elə soyur ki, adamın cibində bir qara qəpik də qalmır!..» Əbdül Qafarzadə boz gözlərini eləcə Fərid Kazımlının gözlərindən çəkməyərək: «– Biri min manata düzələr...» – dedi. – Fərid Kazımlı qollarını açdı: «–Çox bahadı!.. Qorxuram razı olmasın...» Əbdül Qafarzadə: « – Bunun elə beş yüz manatı qarantiyadır ki, heç kim heç nə bilməyəcək, söz-söhbət olmayacaq da! – dedi. Bunun day nəyi bahadı?..» Fərid Kazımlı: «–Yaxşı, – dedi, – qiyməti deyərəm özünə, sonra xəbər eləyərəm». Əlbəttə, Fərid Kazımlı başa düşürdü ki, bu pulun hər min manatının azı iki yüz manatını Əbdül Qafarzadə özünə götürəcək və Əbdül Qafarzadə də bilirdi ki, Fərid Kazımlı hər bir qızıl onluğun qiymətini M.P.Qəribliyə min manat yox, aşağısı min iki yüz manat deyəcək. Düzdü, Əbdül Qafarzadənin də, Fərid Kazımlının da əldə edəcəkləri o pula ehtiyacları yox idi, amma bu bir şakər idi, oyun idi, bəlkə də lap xəstəlik... Amma – Əbdül Qafarzadənin boz gözləri gülümsədi – bu işləri hələ bilmək olmaz.
    Səhərisi gün Fərid Kazımlı xəbər verdi ki, M.P.Qəribli deyilən qiymətə razıdır.
    Diş həkimi Nəcəf Ağayeviç Əbdül Qafarzadənin, daha doğrusu, Mirzəibinin çoxdankı müştərisi idi; bu kürən və naməlum yaşlı kök adam, həqiqətən, gözəl bir diş həkimi idi və Bakının, dişi xəstələnmiş, xüsusən də ağzında protez gəzdirən bir çox sakinlərinin arasında böyük nüfuzu var idi, amma o xəstələrin və protez sahiblərinin çoxunun xəbəri yox idi ki, həkim Nəcəf Ağayeviç, eyni zamanda, uzun illərdir ki, gizlin qızıl alveriylə də məşğuldur və bu sahədə də müştərilər arasında böyük nüfuz sahibidir.
    Ümumiyyətlə, həkim Nəcəf Ağayeviç çox diribaş adam idi və evində işlətdiyi alman diş qurğusunun qarşısında inamla dayandığı kimi, həyatın da hər üzünə hazır bir usta idi. O vaxtlar bütün ölkə, o cümlədən, Azərbaycan Respublikası da Sov. IKP-nın XXVI Qurultayına hazırlaşırdı, hər yerdə söhbət iqtisadiyyatın, təsərrüfatın, maddi-mədəni quruculuğun hər bir sahəsində, eləcə də xalqlar dostluğu sahəsində əldə edilmiş misilsiz nailiyyətlərdən gedirdi, hamı mükafatlandırılırdı, fəxri adlara layiq görülürdü, şairlər keçici Qırmızı bayraqlar haqqında uzun və əsl bayram təntənəsinə layiq şerlər yazırdı, qəzetlər, xitabət kürsüləri, radio və televiziya Leonid İliç Brejnevin atalıq qayğısından danışırdı, gözəl artist Vyaçeslav Tixonov hər axşam Mərkəzi televiziyada özünəməxsus bir sənətkarlıqla L.I.Brejnevin əsərlərini oxuyurdu (buna görə də SSRI Ali Soveti Rəyasət Heyəti tərəfindən Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü!). Belə bir vaxtda, mətbuatın, təntənəli iclasların, görüşlərin bu cür ruh yüksəkliyi ilə dolu coşğun bir çağında həkim Nəcəf Ağayeviçin yeganə qayğısı Bakının havası nisbətən təmiz olan dağlıq hissəsindəki mənzilinin küçəyə baxan böyük eyvanını şüşəbənd elətdirməkdən ibarət idi. Məsələ burasında idi ki, binanı tikəndə Bakının küləyini nəzərə almamışdılar, həmin eyvanı həmişə külək tuturdu və küləyin əlindən hətta yayda da eyvana çıxıb hava almaq, çay içmək, nərd oynamaq, demək olar ki, mümkün deyildi, amma o eyvanı şüşəbənd eləmək üçün də heç cürə icazə almaq mümkün deyildi (guya, şüşəbənd salınsaydı, təkcə o onmərtəbəli binanın yox, yeni salınmış bütün o yeni prospektin arxitekturası pozulurdu). Həkim Nəcəf Ağayeviç usta çağırıb bir-iki dəfə bu eyvanı şüşəbənd eləməyə cəhd göstərmişdi, amma axşam milis idarəsindən gəlib sökmüşdülər; bir sözlə, iş gəlib elə bir nöqtəyə dirənmişdi ki, tanışlıq da,rüşvət də kömək eləmirdi. Bir şüşəbənd məsələsindən ötrü yüksək rütbəli şəxslərə müraciət etmək ayıb idi, yerinə düşməzdi, kiçik rütbəli şəxslər isə yüksək rütbəli şəxslərin qorxusundan icazə verə bilmirdilər.
    Günlərin bir günü həkim Nəcəf Ağayeviç dörd-beş usta çağırıb əvvəldən hazırlatdığı taxtalardan, şüşələrdən bircə gecənin içində şüşəbənd düzəltdirdi və dördüncü mərtəbədəki o şüşəbəndin küçəyə baxan hissəsində iri və yaraşıqlı qırmızı hərflərlə:
Sov. IKP-nin XXVI qurultayına eşq olsun!


    – sözlərini yazdırdı, Leonid İliç Brejnevin marşal paltarında, döşü Qızıl ulduzlarla, Lenin mükafatlarıyla, saysız-hesabsız orden və medal lentləri ilə dolu böyük şəklini (bu şəkli də Azərbaycan Rəssamlar Ittifaqının Bədii Fondunda əvvəlcədən sifariş verib, çəkdirib evə gətirmişdi) o şüarın üstündən asdırdı və bununla da kifayətlənməyib L.I. Brejnevin Sov. IKP MK-nın yenicə seçilmiş katibi K.U.Çernenko ilə birlikdə 1978-ci ilin sentyabr ayında Bakıya gələrkən Azərbaycan paytaxtına Lenin ordeni təqdim olunmasına həsr edilmiş təntənəli iclasda dediyi və bütün Sovet Ittifaqına səs salan sözləri:

Şiroko şaqayet Azerbaydjan!


    – rus dilində (bunu da iri qırmızı hərflərlə elə həmin Bədii Fondda yazdırmışdı) şüşəbəndin yan tərəfindən asdırdı;bundan sonra nə milis idarəsində, nə rayon Icraiyyə Komitəsində, nə də yuxarı təşkilatlarda heç kim çürət eləyib gəlib bu şüşəbəndi sökə bilmədi. Rayon Icraiyyə Komitəsi növbədənkənar iclasında xüsusi qərar qəbul edib, binanın görkəmi memarlıq baxımından korlanmasın deyə, təcili surətdə o onmərtəbəli binanın bütün küçə eyvanlarını şüşəbəndə çevirdi. O zaman Nadejda Fyodorovna özünü saxlaya bilməyib başını bulaya-bulaya tənə ilə ərinə dedi: «– Im vsem to oboşlos besplatno! A tı, durak, istratil stolko deneq!». Qonşular, əlbəttə, bu işdən çox razı qalmışdılar, hamının, hətta Nəcəf Ağayeviçdən zəhləsi gedənlərin də ürəklərində bu kürən adama bir minnətdarlıq hissi baş qaldırmışdı, amma Rayon Icraiyyə Komitəsinin göstərişi və Evlər Idarəsinin ciddi-cəhdi ilə o yeni şüşəbəndlərə o qədər şüarlar vurmuşdular, o qədər Leonid İliç Brejnevin şəkillərini asmışdılar ki, mənzillərə işıq düşmürdü və Nəcəf Ağayeviç bu fürsətdən istifadə edib öz eyvanına vurduğu şüarları, L.I.Brejnevin şəklini gecələr xəlvətcə bir-bir çıxartdı, heç kim də bunun fərqinə varmadı. Düzdü, şüşəbənd Nəcəf Ağayeviçə pulla başa gəlmişdi, amma qonşulardan fərqli olaraq, indi onun mənzilinə işıq düşürdü və Nadejda Fyodorovna da təskinliyi bunda tapırdı.
    Həkim Nəcəf Ağayeviçin arvadı, gözəl diş texniki Nadejda Fyodorovna rus idi və hökumətdən bir şey qopartmaq istəyəndə (ya işləmək üçün əlverişli poliklinika tələb edəndə, ya növbədənkənar avtomobil almaq istəyəndə, ya rəsmi sənəti, yəni həkimliyi ilə bağlı xarici ləvazimat və aparatura uğrunda mübarizə aparanda və s.) azərbaycanlı Nəcəf Ağayeviç bu cəhəti xalqlar dostluğuna nümunə kimi, xüsusi olaraq, vəzifəli yoldaşların nəzərinə çatdırırdı, lazım olanda, Azərbaycan KP MKya, Sov.IKP MK-ya, Siyasi Büroya, L.I.Brejnevə, hətta xüsusi ehtiyac hiss edəndə Leninin mavzoleyinə («Əziz Vladimir İliç! Sən ölməmisən, sən bizim üçün daima canlısan! Buna görə də beynəlmiləl ailəmiz adından sənə müraciət edirik...») şikayət teleqramları vururdu və sonsuz olduqları üçün iki nəfərdən ibarət bu ailə Bakıda, olsun ki, ən firavan həyatlardan birini sürürdü. Nadejda Fyodorovna ağappaq idi, Nəcəf Ağayeviç isə qıpqırmızı idi, amma bu adamlar bir-birilərini o qədər sevir və başa düşürdülər ki, sifətdən bir-birilərinə bənzəməsələr də, elə bil, ər-arvadlıqdan əvvəl əkiz bacı-qardaş olmuşdular.
    Fərid Kazımlı ilə həmin qızıl söhbətindən sonra, Əbdül Qafarzadə Qəbiristanlıq Idarəsinə gedib Mirzəibini yanına çağırdı və tapşırdı ki, həkim Nəcəf Ağayeviçə sifariş göndərsin, axşam bir yerdə həkimin evinə gedəcəklər. Mirzəibi təəccüb etdi, çünki Əbdül Qafarzadəyə qızıl lazım olanda özü heç vaxt həkim Nəcəf Ağayeviçgilə getməzdi, bu iş tamamilə Mirzəibinin öhdəsinə düşürdü; düzdü, Əbdül Qafarzadə həkim Nəcəf Ağayeviç tərəfdən arxayın idi, bilirdi ki, bu kürən adam ehtiyatlı, tədbirlidir, dünyanın işlərindən baş çıxara bilir və indiki zamanda, ölkəni bürümüş bu təntənə içində belə bir adamın ilişməsi ehtimalı sıfra bərabərdir, amma, buna baxmayaraq, özü heç vaxt bilavasitə Nəcəf Ağayeviçlə əlaqəyə girməmişdi, vasitəçi həmişə Mirzəibi olmuşdu.
    Əbdül Qafarzadə belə lazım bilirdisə, deməli, belə də olmalı idi– Mirzəibi həkim Nəcəf Ağayeviçlə danışdı, axşam Əbdül Qafarzadə ilə birlikdə o gözəl şüşəbəndli mənzilə getdilər. Nadejda Fyodorovna gözəl diş texniki, ərinin gözəl köməkçisi olmaqla bərabər, gözəl də çay dəmləyirdi və Əbdül Qafarzadə üstünə tərtəmiz süfrə salınmış, gümüş çəngəl-bıçaq düzülmüş meyvəli, şirniyyatlı girdə mizin arxasında oturub o gözəl çaydan (hayıf ki, hili yox idi) bir-iki qurtum aldı, sonra armudu stəkanı nəlbəkiyə qoydu və «– Mənə iki yüz əlli dənə qızıl onluq lazımdır» – dedi.
    Əlbəttə, həkim Nəcəf Ağayeviçin də, Nadejda Fyodorovnanın da Bakıda bilmədiyi şey yox idi və hərdən qızıl alverini Mirzəibi ilə eləsələr də, bu qızılın, əslində, kimə çatdığını bilirdilər. Nəcəf Ağayeviç bu dəfə Əbdül Qafarzadənin özünün gələcəyini eşidəndə başa düşdü ki, söhbət nəsə əsaslı bir məsələdən gedir. Deməli, çox qızıl istəyirmiş, ona görə özü gəlib.
    Həkim Nəcəf Ağayeviç arvadının dəmlədiyi çayı həmişəki ləzzətlə içə-içə: «– Iki yüz əlli dənə onluq?» – soruşdu. - Əbdül Qafarzadə «– Hə, iki yüz əlli dənə onluq, – dedi. – Ancaq... iki yüz əllisi də falşivi olsun.» «– Nə?» – Çay az qaldı həkim Nəcəf Ağayeviçin boğazında qalsın. «– Falşivi?» – Əbdül Qafarzadə boz gözlərini həkim Nəcəf Ağayeviçin gözlərindən çəkməyərək başının hərəkəti ilə sözlərini təsdiq edə-edə həmişəki sakitliyi ilə dedi: «– Iki yüz əllisi də falşivi olsun». Mirzəibi səsini çıxartmadı, çünki o saat başa düşdü ki, söhbət elə bir işdən gedir ki, Mirzəibinin o işə qarışmağa səlahiyyəti çatmır.
    Nəcəf Ağayeviç o girdə mizin arxasında üzbəüz oturduğu Nadejda Fyodorovnaya baxdı: əlbəttə, belə bir adamla, yəni Əbdül Qafarzadə ilə münasibətləri korlamaq heç vəchlə onların xeyrinə ola bilməzdi (şəxsən bu evə gəlməyi də, yəqin ki, bir növ, xəbərdarlıq idi!) və belə bir adamın bilavasitə özünün bu işə girişməyi Nəcəf Ağayeviç üçün təhlükəsizliyi təmin edirdi; hərgah bu xahişi rədd etsəydi, Əbdül Qafarzadənin simasında elə bir düşmən qazanacaqdı ki, iki nəfərdən ibarət bu kiçik ailə (beynəlmiləl ailə olsa da) həmişəki rahatlığı ilə yaşaya bilməyəcəkdi– bu, gün kimi aydın bir həqiqət idi.
    Həkim Nəcəf Ağayeviç gözlərini Nadejda Fyodorovnadan çəkib Əbdül Qafarzadəyə baxdı: «– Çətin işdir...» Əbdül Qafarzadə: «–Bilirəm...» – dedi. Nəcəf Ağayeviç dərindən nəfəs aldı: «–Yalnız sizə dərin hörmətim olduğu üçün... taparam...» Əbdül Qafarzadə: «Çox sağ ol, həkim, – dedi. – Mən belə şeyləri yaddan çıxarmıram».
    Iki yüz əlli qəlp qızıl onluğun hamısını bir yerdə əlli min manata sövdələşdilər (Nəcəf Ağayeviç: «–Mənim özümə heç nə lazım deyil, – dedi. – Yalnız sizin xahişinizi yerinə yetirəcəyəm, lazımi adamlarla danışacağam, yaxşı sənətkar tapacağam... Özüm sizdən heç nə götürmərəm...») və Əbdül Qafarzadə Fərid Kazımlıdan aldığı iki yüz əlli min manat pulun (Fərid Kazımlı, görəsən, M.P.Qəriblidən nə qədər almışdı: üç yüz min? Yoxsa bir az da çox?) əlli min manatını həkim Nəcəf Ağayeviçə verdi və təxminən on gündən sonra, iki yüz əlli qəlp sikkəni əsl Nikolay onluğu kimi Fərid Kazımlıya təqdim etdi.
    Əbdül Qafarzadə həmin əməliyyatdan nəqd iki yüz min manat mənfəət əldə etdi. Nəcəf Ağayeviç isə bu əməliyyatdan cəmi on min manat pul qazandı (qəlp sikkələri qırx min manata düzəltdirmişdi), amma bu əməliyyatın qiyməti onun üçün, həqiqətən, qat-qat artıq idi: Əbdül Qafarzadənin dostları sırasına keçirdi və Bakıda canavar kimi burun-buruna dayanmış rəqiblərinin arasında rahat bir ömür sürəcəkdi...
    Əlbəttə, bir sellofan torba həmin qəlp sikkələr, əslində, bomba idi, haçansa partlayacaqdı, amma bunun daha Əbdül Qafarzadəyə dəxli yox idi. Bunun heç Fərid Kazımlıya da dəxli yox idi; adicə olaraq Fərid Kazımlı heç özü də bilmədən M.P. Qəribliyə bir sellofan torba dolusu bomba verirdi; bəlkə heç M.P.Qəriblinin də o bombadan xəbəri olmayacaqdı, o qəlp sikkələri həqiqi qızıl bilib ömrünün axırınacan istisinə qızınacaqdı... Bəlkə də xəbəri olacaqdı və o bomba partlayacaqdı? Partlayacaqdı və əlbəttə, M.P. Qəriblinin özünü infarkt edib öldürəcəkdi, çünki M.P. Qəribli kimə gedib şikayət edəcəkdi, kimə deyəcəkdi ki, məni, köhnə partiya üzvünü, rəhbər işçini, Rayon Partiya Komitəsinin birinci katibini aldadıblar, mənə Nikolay onluğu əvəzinə, iki yüz əlli dənə qəlp onluq veriblər?.. Hardan idi səndə bu qədər pul ki, iki yüz əlli dənə Nikolay onluğu almaq istəyirdin, ay yoldaş birinci katib? Hər halda, bundan sonrası Əbdül Qafarzadənin yox, M.P. Qəriblinin özünün qayğısı idi...
    ...Həmin aprel günü bu hadisə artıq keçmiş zamanların hadisəsi idi və o bomba hələ ki, partlamamışdı; diş həkimi Nəcəf Ağayeviçin çil-çil kürən sifəti, qıpqırmızı saçı, qaşı, kirpiyi Əbdül Qafarzadənin gözlərinin qabağından çəkildi və kişi Fərid
    Kazımlı ilə söhbətə qayıtdı:
    – Qurddu deyirsən?
    – Bəs nədi? Görmürdün, o vaxt deyirdi ki, ərizə verib gedəcəyəm... Bəs nə oldu?
    – Vəzifə şirin şeydi də... – Bu sözlərin özü də ikibaşlı idi, çünki Fərid Kazımlı özü də vəzifə sahibi idi və indi onun qəbul otağında oturub qəbul gözləyən bir çox insanın müqəddəratı bu adamın əlində idi.
    – Şirin şeydi, onda fason eləməsin... Qurddu, qurd.
    Əbdül Qafarzadə bayaqkı sözlərini təkrar etməyi lazım bildi:
    – Qurddu, qoy olsun də... Bəs, biz nəyik, dovşan-zadıq?
    Bu açıq-aşkar hədə-qorxudan Fərid Kazımlı da öz payını götürməli idi. Rayon
    Icraiyyə Komitəsinin sədri:
    – Vallah, – dedi, – sizin içinizdə baş çıxarmaq, sağ-salamat qalmaq çətin işdi...
    Sən hər tərəfdən özünü straxavat eləyirsən. Bəs, mən özümü necə straxavat eləyim? Hə? Bunu heç fikirləşmisən?
    Əbdül Qafarzadə daha gülümsəmədi, həmişəki ciddi ifadə ilə:
    – Bunu gərək sən özün fikirləşəsən də, başuva dönüm sənin – dedi. – Ayağa qalxdı və pencəyinin döş cibindən indicə evdə hazırladığı zərfi çıxarıb mizin üstündə sədrin qabağına qoydu.
    Sədr zərfə baxdı, sonra mizin orta yeşiyini çəkdi və zərfi götürüb yeşiyə qoydu, Əbdül Qafarzadənin açıq-aşkar hiss elədiyi bir gileylə:
    – Özün də aya-ilə dönmüsən... – dedi.
    – Bağışla, bu dəfə bir-iki gün gecikdirdim, amma, vallah, işim yaman çoxdu, heç başımı qaşımağa vaxt tapmıram... Gedə bilərəm?
    – Bir sözüm vardı sənə... – Fərid Kazımlı vəzifəcə özündən qat-qat aşağı olan Əbdül Qafarzadədən bir şey xahiş edəndə, həmişə tutulurdu, çətinlik çəkirdi. –
    Baldızım, oğlunu evləndirib axı...
    – Mübarək olsun!
    – Indi Moskvaya gedirlər, svadebni puteşestviyaya...
    – Sağ-salamat gedib-qayıtsınlar!
    – Moskvada qastinisa məsələsinə kömək eləyə bilərsən?
    – Nə vaxt gedirlər?
    – Sabah.
    – Axşam zəng eləyib sənə deyərəm ki, hansı mehmanxanaya düşsünlər. Gedə bilərəm?
    – Get də...
    Əbdül Qafarzadə kabinetdən çıxmaq istəyəndə, birdən ayaq saxladı, sədrə tərəf gəldi:
    – Deyəsən, mən də skleroz olmağa başlayıram... Sən elə elə ki, yol çəkmək üçün asfalt sexi açım. Nə imkanın varsa, elə. Qoy açım o sexi. Hələ ki, başqa adama demirəm, sənə deyirəm, kömək elə...
    Bu da bir xəbərdarlıq idi, Fərid Kazımlı bunu yaxşı başa düşürdü və Əbdül Qafarzadənin də sözdə yox, həqiqətdə imkanlarını yaxşı bilirdi. Əbdül Qafarzadə təkrar etdi:
    – Kömək elə... həm qəbiristanlıqda abadlıq olsun, həm planı yaxşı verək, həm də ki... çox yaxşı olar. Uzağa getmirəm heç, bax, Bakının o köhnə məhəllələrində binalar ki, var e, hamısının damı qırdandı. Sayı-hesabı yoxdur o cür binaların, payızda, qışda da damları su buraxır, təmir elətdirə bilmirlər. Qırçı, day demək olar ki, yoxdu şəhərdə. Mən onların təmirinə başlasam, bilirsən nə olar? Bu pulu, sayıb qurtarmaq olmaz... Sənin də işlərin yaxşı olar...
    Fərid Kazımlı yaraşıqlı çeşməyinin arxasından yenə də zəndlə Əbdül
    Qafarzadəyə baxdı və:
    – Baxarıq... – dedi.
    Əbdül Qafarzadə sədrin kabinetindən çıxdı. Zərfdə, həmişəki kimi, min manat pul var idi.

4
QANUNLA ZARAFAT ELƏMƏK OLMAZ


    Murad İldırımlı dörd illik tələbəliyi ərzində yalnız bir dəfə şəhər qəbiristanlığına gəlmişdi (onda «Hər şey keçib gedir...» adlı bir hekayə yazırdı – indiyə qədər Muxtar Xudavəndənin yeşiyindədi, – buna görə də qəbiristanlığı görmək lazım idi), bir küncdə dayanıb hansı bir dəfn mərasimini isə müşahidə etmişdi və o zaman qəbiristanlığı belə nəhəng, belə ucsuz-bucaqsız görməmişdi. Həmin aprel günü isə tələbə, Xosrov müəllimlə birlikdə Qəbiristanlıq Idarəsində oturub müdiri gözləyəgözləyə Tülkü Gəldi Qəbiristanlığı barədə fikirləşirdi; tələbəyə elə gəlirdi ki, bu balaca gözləmə otağının havası da cürbəcür qazlardan yox, kiçicik qəbir daşlarından ibarətdir. Onuncu sinfi ki, bitirəndən sonra birinci dəfə kənddən çıxıb gəlib Bakını görmüşdü, o zaman bu şəhərin böyüklüyü, bu şəhərin soyuqqanlığı, bir-birini tanımayan, elə hey harasa tələsən adamların çoxluğu, avtobuslardakı, trolleybuslardakı, basa-bas Murad İldırımlını necə sarsıtmışdısa, necə təsir etmişdisə, Tülkü Gəldi Qəbiristanlığının da böyüklüyü, yan-yana düzülmüş və ucubucağı görünməyən qəbir daşlarının lal sükutu indi onu eləcə sarsıtmışdı, ona eləcə təsir etmişdi.
    Qəbiristanlıq Idarəsinin yolunu tanımadıqları üçün, Xosrov müəllimlə avtobusdan Tülkü Gəldi Qəbiristanlığının aşağı başında düşmüşdülər və qəbirlərin arası ilə də xeyli yol getdilər. Bütün qəbiristanlıq bomboş idi və Xosrov müəllimlə tələbə Murad İldırımlı Qəbiristanlıq Idarəsinin yerini heç kimdən soruşa bilmirdilər. Biri arıq, uzun və iri addımlı, o biri gödək, yöndəmsiz və yanındakı ilə ayaqlaşmaqdan ötrü, az qala, yüyürən bu iki nəfəri – bu cavanı və qocanı nimdaş əyin-başlarının kasıbçılığı eyniləşdirirdi, ikisinin də baxışında, sifətində, hərəkətlərində bir köməksizlik, əlacsızlıq, acizlik var idi və bu da onları o bomboş Tülkü Gəldi Qəbiristanlığında daha artıq miskin göstərirdi və bu dəm onların o miskinliyi ilə o qəbirlərin də arasında, elə bil ki, bir oxşarlıq var idi. Xosrov müəllim həmişəki kimi, sükut edirdi, amma birdən-birə tələbənin bütün bədənindən bir qorxu hissi keçdi: tələbəyə elə gəldi ki, Xosrov müəllim Qəbiristanlıq Idarəsinin yolunu indicə bu qəbir daşlarından soruşacaq... Qəbirlərin arası ilə dolaşdıqca, o saysız-hesabsız qəbir daşlarına həkk olunmuş qocaların, cavanların, uşaqların, qadınların, kişilərin, oğlanların, qızların şəkillərinə baxdıqca, tələbəyə elə gəlirdi ki, bütün dünya, əslində, bu cür soyuq şəkillərdən ibarətdir və özü də, yəni tələbə Murad İldırımlı da bu cür bir şəkildir və indi gedib Qəbiristanlıq Idarəsini tapmağının da, orada o yazıq Xədicə arvad üçün yer götürməyinin, məhəllə kişilərini, məhəllə arvadlarını sevindirməyinin də heç bir mənası yoxdur və ümumiyyətlə, o dəm tələbə üçün yalnız öz yaşayışı, yalnız öz hissləri, öz düşüncələri, öz iztirabları yox, bütün həyat tamam lazımsız bir şey görünürdü.
    Xosrov müəllimin uzun qara plaşının, tünd göy şalvarının, böyürlərinə səliqə ilə yamaq tikilmiş qara ayaqqabılarının, köhnə yaşıl şlyapasının içində indi o arıq vücud, elə bil, daha yox olub getmişdi, elə bil, o qara ayaqqıbılar, o tünd göy şalvarın adda-budda palçığa, toza-torpağa bulaşmış balaqları, o uzun qara plaş özözünə hərəkət edirdi, onlar canlı insan əynində deyildilər, içəriləri tamam boş idi... Qəbiristanlıq müdirinin kabinetinin qarşısındakı balaca gözləmə otağında vaxtıyla, görünür, çox gözəl olmuş, amma daha yaşlaşmış, böyrəkləri xəstə olduğu üçün gözlərinin altı torba bağlamış bir qadın başını aşağı salıb makinada sürətlə yazırdı və makina dillərinin o sürətli səsi gəldikcə, içərisi boş o balaqlar, o ayaqqabılar, o plaş tələbə Murad İldırımlının təsəvvüründə eləcə bir sürətlə də qəbirlərin arasında dolaşmağa davam edirdi... Sonra tələbə tələsik sağ əlini ağzından çəkdi ki, baş barmağının dırnağını çeynəməsin.
    Xosrov müəllim özü isə plaş əynində, şlyapa başında gözləmə otağının lap küncündəki kürsüdə oturub əllərini dizlərinin üstündə birləşdirmişdi, hərdənbir barmaqlarını sındırırdı və qımıldanmadan gözlərini müdirin otağının içi pambıq doldurulmuş qəhvəyi meşin qapısına zilləmişdi (... Şirinin isə iri gözlərinin rəngi uzaq və əbədi bir keçmişdə qalmış o nigarançılığa qara bir rəng çəkmişdi...).
    Makinaçı qadın barmaqlarının sürətini dayandırmadan hərdənbir gözlərini makinadan çəkib Xosrov müəllimə baxırdı, sonra tələbəyə nəzər salırdı, təzədən başını çap elədiyi vərəqənin üzərinə əyirdi və onda makina dillərinin sürəti daha da artırdı, elə bir təəssürat yaranırdı ki, makinanın dilləri yalnız o ağ vərəqə dəymir, bu balaca gözləmə otağının bütün künc-bucağını döyəcləyir.
    Gözəl və cavan katibə qızın qarşısındakı taxta mizin üstündə cəmi bir dənə qıpqırmızı telefon var idi və o telefon tez-tez zəng çaldıqca katibə dəstəyi götürüb hələ yeniyetməlik cırlığını saxlamış səsiylə tutuquşu kimi üç kəlmədən ibarət cavab verirdi:
    – Yoldaş Qafarzadə yoxdur...
    – Yoldaş Qafarzadə yoxdur...
    – Yoldaş Qafarzadə yoxdur...
    Katibə qız telefon zənginin səsini azaltmışdı və o qırmızı aparat hər dəfə ciyildədikcə tələbəyə elə gəlirdi ki, zəng eləyən, yoldaş Qafarzadəni axtaran bayaq araları ilə dolaşdıqları o qəbir daşlarıdı...
    Hərdən telefonla nəsə deyirdilər, katibə qız hiss olunan bir ciddi-cəhdlə deyilənləri blaknota yazırdı və belə vaxtlarda makinaçı qadın katibə qıza baxırdı, güclə seziləcək bir təbəssümlə (istehza idi? paxıllıq idi? xəbislik idi? ya nə idi?) gülümsəyirdi.
    Bu gözəl və cavan katibə qız hər dəfə Qafarzadənin familini çəkəndə Xosrov müəllim gözlərini müdirin meşin qapısından çəkib telefona baxırdı, sonra yenə gözlərini o qəhvəyi meşin qapıya zilləyirdi.
    O telefonun qıpqırmızı rəngi elə bil ki, nəyə görəsə o meşin qapı ilə, makinanın o yeknəsəq səsiylə, Xosrov müəllimin cınqırını çəkmədən kürsüdə oturub gözlərini müdirin qapısına dikməyi ilə, ümumiyyətlə, bu balaca gözləmə otağının döşəməsinə sərilmiş köhnə xalça ilə də, tutqun boz rəngli divarları və eləcə də boz rəngli taxta tavanı ilə də gözə çarpan, istər-istəməz, diqqəti cəlb edən bir təzad təşkil edirdi. Müdir içəridə yox idi. Bayaq gəlib kabinetinə girməyi ilə təzədən çıxıb getməyi bir oldu və tələbə ilə Xosrov müəllim macal tapıb müdirin yanına gedə bilmədilər. Indi müdirin qayıdıb gəlməyini gözləyirdilər, vaxt isə gedirdi və yazıq Xədicə arvadın həyətinə, küçə qapısının ağzına toplaşmış məhəllə kişiləri, Xədicə arvadın evində vurnuxan məhəllə arvadları yəqin Qəbiristanlıq Idarəsinin yox, tələbə ilə Xosrov müəllimin qarasına deyinə-deyinə onların yolunu gözləyirdi.
    Tələbə döşəməyə salınmış o köhnə xalçaya baxırdı və ona elə gəlirdi ki, bu xalça illərdən bəri dəfn olunmağa aparılan meyitlərin (özü də kimsəsiz meyitlərin...) üstünə salınıb, beləcə süzülüb, köhnəlib və indi daha yararsız olduğu üçün gətirilib bura salınıb və tələbə ayaqlarının altındakı o xalçada bir lırtlıq hiss etdi, elə bil ki, bayaq Xədicə arvadın göyümtül adyala sərilmiş cansız qılçı indi bu xalçanın altında idi və ümumiyyətlə, tələbə Murad İldırımlı üçün bu balaca gözləmə otağındakı bütün əşyalarda bir qəbir soyuqluğu var idi, hətta o makinaçı qadın da, o cavan katibə qız da, hərdən elə bil ki, oturub makinada nəsə yazan, telefon zənglərinə cavab verən meyitlər idi, bir azdan yenə də gedib Tülkü Gəldi Qəbiristanlığındakı qəbirlərində uzanacaqdılar...
    Xosrov müəllimin barmaqları hərdən bərk şaqqıldayırdı və həmin anlarda tələbə Murad İldırımlı o nazik, uzun tüklü və qırışlı barmaqlara baxırdı – bu barmaqlar özləri də döşəməyə salınmış bu köhnə xalça kimi, tabutdan, meyitdən, qəbirdən xəbər verirdi.
    Tələbənin ürəyi qısılırdı.
    Tələbə başa düşürdü ki, onun yerinə bir başqası olsaydı, güman ki, bu qədər oturub müdiri gözləməyəcəkdi, Qəbiristanlıq Idarəsində kimisə tapıb danışacaqdı, bazarlaşacaqdı və yazıq Xədicə arvad üçün bir yer düzəldəcəkdi; tələbə isə Qəbiristanlıq Idarəsində heç kimlə danışa bilmədi, kimə yaxınlaşırdısa: «– Bilmirəm... Bilmirəm...» – deyib heç üzünə də baxmırdılar. Xosrov müəllim isə sükutla yalnız tələbəni müşayiət edirdi, ağzını açıb bir kəlmə söz demirdi və belə anlarda tələbə birdən-birə daxilən Xosrov müəllimə qarşı qəzəblənib coşurdu, bu yaşlı adamın beləcə kölgə kimi dolaşmağına, əfəlliyinə hirslənirdi, amma qəribə idi, Xosrov müəllimdə tələbənin hələ özü üçün ayırd edə bilmədiyi nəsə elə bir cəhət vardı ki, ona uzun müddət hirslənmək mümkün deyildi və tələbənin içini dolduran o qəzəb birdən-birə də soyuyurdu, bu dəfə də tələbə Murad İldırımlı sıxılırdı ki, öz acizliyinin şahidi yalnız özü deyildi, Xosrov müəllim də bunun şahidi idi.
    Qəbiristanlıq Idarəsinin bu balaca gözləmə otağından kənardakı həyatı qarışqa yuvasında qaynayan bir həyata bənzəyirdi, hamı ora-bura tələsirdi, heç kim bir-birilə heç nə danışmırdı. Hamı nəyləsə məşğul idi, «–Bilmirəm... Bilmirəm...» – deyədeyə hamı tələbəylə Xosrov müəllimi başdan eləyirdi, heç kim qulaq asmaq istəmirdi ki, tələbə də, qara qiyafəli, yaşıl şlyapalı bu arıq və uzun kişi də bura nə üçün gəliblər və nə istəyirlər. Nəhayət, hər iki əlində ağzınacan palçıqla dolu iki vedrə aparan bir fəhlə Qəbiristanlıq Idarəsinin yuxarı tərəfində dayanıb daşyonan fəhlələrə nəsə göstərişlər verən bir rus oğlanı göstərib: «– Ode, gedün, danuşun oniynən... Vasilidi də... Oniynən danuşun...» – dedi.
    O rus oğlan təmiz azərbaycanca danışırdı, iri göy gözlərini daşyonan fəhlələrdən çəkməyərək tələbənin tələm-tələsik dediklərinə qulaq asdı, sonra: «– Bizdə yer yoxdur, – dedi və yalnız bu sözlərdən sonra iri göy gözlərini fəhlələrdən çəkib tələbəyə baxdı, Xosrov müəllimə sınayıcı bir nəzər saldı. – Bəlkə bir yer tapdım sizə... – dedi. Aşağı başda zeytunnarın yanında bir yer elədim bəlkə... Gedib baxarsuz... Qiyməti dörd yüz manat olacek».
    Tələbənin cibində heç dörd yüz qəpik də yox idi və o iri göy gözlü rus oğlan bunu o saat başa düşdü: « – Yer yoxdu... – dedi. – Zeytunluqda da yer yoxdu...
    Gedün təzə qəbiristanlıqda basdurun...»
    Tələbə yenə nəsə mızıldadı, amma o rus oğlan daha ona qulaq asmadı və daşyonan fəhlələrə göstərişlərini verməyə başladı.
    Indi neçə saat idi ki, müdiri gözləyirdilər.
    Həddən artıq kök, yanaqları alma kimi qıpqırmızı və hamar bir milis mayoru yenə də içəri girib katibə qızdan:
    – Əbdül Orduxanoviç gəlmədi? – soruşdu.
    Qız yenə də ayağa qalxdı və:
    – Xeyr, hələ gəlməyib... – dedi.
    Makinaçı qadın bayaqkı təbəssümüylə gülümsədi. Bu kök milis mayoru üçüncü dəfə idi ki, gəlib müdiri soruşurdu və bu cavan qız da hər dəfə onu görəndə ayağa qalxırdı, görünür, o milis mayorunun paqonları bu cavan qızı eləcə yerindən qaldıran maqnit kimi bir şey idi, bu da dünyagörmüş o makinaçı qadının gözlərindən yayınmırdı, dodaqlarına eləcə bir təbəssüm gətirirdi. Milis mayoru yenə də geri dönüb bu balaca gözləmə otağından çıxmaq istəyəndə müdir həyət qapısından içəri girdi və yerində oturmağa macal tapmamış katibə qız bədənini mil kimi tarım çəkib dayandı. Ən maraqlısı isə bu oldu ki, o kök mayorun da lırt bədəni, elə bil, birdən-birə bərkidi, çiyinləri qalxdı, qarnı nisbətən balacalaşdı.
    Mayor:
    – Salam Əbdül Orduxanoviç... – dedi.
    Müdir çeşməyinin altından diqqətlə mayora baxdı:
    – Sən də burdasan? – dedi. – Gəl görüm...
    Müdir nə katibə qıza, nə makinaçı qadına, nə ayağa qalxmış tələbə Murad İldırımlıya, nə də eləcə küncdəki yerində oturmuş Xosrov müəllimə baxdı, gözləmə otağının ortasından keçib kabinetinə girdi, mayor da onun ardınca içəri girdi və qapını bağladı.
    Tələbə içi pambıqla doldurulmuş o qəhvəyi rəngli meşin qapıya baxdı, sonra da
    Xosrov müəllimə baxdı.
    Xosrov müəllim daha artıq bir cəhdlə barmaqlarını sındırırdı.
    Tələbə bilmirdi ki, təzədən yerində otursun, ya nə eləsin...
    Bu vaxt makinaçı qadın başını çap elədiyi vərəqin üstündən qaldırıb:
    – Siz də gedin sözünüzü deyin, – dedi. – O birisi bizim sahə müvəkkilidir. Bir də gördün, iki saat oturdu içəridə... Gedin... – Sonra yerində qurcalanan katibə qıza baxdı: – Işin olmasın, qoy girsinlər içəri...
    – Acıqlanar axı...
    – Heç nə olmaz. Dörd saatdı gözləyirlər burda...
    Gözəl və cavan katibə qız gözlərini döyə-döyə makinaçı qadına baxdı.
    Xosrov müəllim ayağa qalxdı, tələbə irəlidə, Xosrov müəllim də onun ardınca qapını açıb müdirin kabinetinə girdilər və qarşısında oturmuş milis mayoruna nəsə deyən müdir təəccüblə onlara baxdı.
    Tələbə:
    – Salam... – dedi.
    Müdir:
    – Əleykümə... – deyə cavab verdi və bu cavab salam almaqdan daha artıq, elə bil ki, sual idi, yəni nə istəyirsiniz və özbaşına nə üçün bu otağa soxulmusunuz?

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.01.2014) | Müəllif: R.C E W
Baxış: 727 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more