Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölüm hökmü-5
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>

    Tələbə tələsə-tələsə:
    – Bizim... – dedi. – Bizim... Sizdən xahiş edirik... Qoca arvad vəfat edib... Onu burda basdırmaq... istəyirik... Lazımdı ki, onu burada basdıraq... Müdir daha təəcüblə yox, maraqla bu balacaboylu, pırpızaq saçlı, qarabəniz sifətinin cizgiləri kobud oğlana baxa-baxa:
    – Onu basdırmaq lazımdı? – soruşdu.
    – Bəli...
    – Basdır də... Bəs məndən nə istəyirsən?..
    – Yer istəyirik də... Yer...
    – Balam, mən yer bölənəm?.. Bəs bu kimdi belə? – Müdir Xosrov müəllimə tərəf işarə etdi.
    – Bu da... Bu da mənimlə kirayənişindi...
    – Ölən anondu?
    – Yox... Ev sahibəsidi...
    – Bala, lap yaxşı də... Ölüb, Allah rəhmət eləsin... Kim yapışıb qalacaq bu dünyada?.. Hamımız öləcəyik də... Bəs məndən nə istəyirsən?
    – Yer istəyirik də... Arvadı basdırmaq üçün yer...
    – Mən yer bölən döyüləm, başuva dönüm sənin... burda yer yoxdur... Hökumət gül kimi təzə qəbiristanlıq açıb, aparın o rəhmətliyi orda basdırın də... Tələbə milis mayoruna baxdı və fikirləşdi ki, bu yerdə axıra qədər mübarizə aparmaq lazımdı. Hökumət idarəsindəki biabırçılıqları açıb tökmək lazımdı, lap elə bu müdirin özünü mayorun yanında ifşa etmək lazımdı.
    – Yer var!.. Yer üçün bizdən pul istəyirlər!..
    – Bəs, pulsuz yer olar?– Müdir bu dəfə Xosrov müəllimi təpədən dırnağacan süzdü və ya tələbənin beləcə ehtirasla, beləcə birbaşa dediyi sözlərə, ya da ki, Xosrov müəllimin qiyafəsinə gülümsədi.
    Tələbə hirslə və ürəyi döyünə-döyünə müdirə yox, milis mayoruna baxdı və:
    – Yox e!.. Bizdən rüşvət istəyirlər! – dedi.
    – Rüşvət? – Müdir də milis mayoruna baxdı və bu dəfə açıq-aşkar bir ləzzətlə gülümsədi. – Ola bilməz.
    – Dörd yüz manat pul istədilər bizdən! – Tələbə ürəkləndi və o rəqəmi bir də təkrar etdi. – Dörd yüz manat!
    – Sən rüşvətə qarşı mübarizə aparırsan?
    Tələbə bilmədi ki, bu suala necə cavab versin, amma müdir daha onun cavabını gözləmədi – maraq itmişdi – və bu uzunsifət çeşməkli kişinin sifətinin ifadəsi gözgörəti dəyişdi, sərt bir tərzdə:
    – Get, – dedi. – Get ölünlə məşğul ol!Vaxtım yoxdu!
    Müdirin sözləri, sifətinin ifadəsi və ümumiyyətlə, dünyanın işləri birdən-birə tələbə Murad İldırımlının bütün içini bir etiraz, bir üsyan ehtirası ilə doldurmuşdu və əsəbdən tələbənin çənəsi əsirdi, ürəyi uçunurdu; tələbə udquna-udquna:
    – Qanunsuzluqdu bu!.. – dedi. – Qanunsuzluqdu!.. Sovet Ittifaqında belə qanunsuzluq eləmək olmaz...
    Müdir milis mayoruna baxdı, astadan, amma eyni sərt ifadə ilə:


    – Dur Məmmədov, dur Sovet Ittifaqının qanununu göstər buna!– dedi.
    Milis mayoru o dəqiqə ayağa qalxdı, cəld yaxınlaşıb, tələbənin qolundan yapışdı və tələbə milis mayorunun barmaqlarında bu kök adamın lırt bədəninə yaraşmayan bir polad möhkəmliyi hiss etdi.
    – Gəl!.. Gəl!.. – Milis mayoru bir əli ilə tələbə Murad İldırımlını, az qala, yerdən qaldırıb özüylə birlikdə kabinetdən çıxartdı, sürətli addımlarla gözləri bərələ qalmış katibə qızın yanından ötüb gözləmə otağının həyət qapısını açdı, amma tələbənin qolunu buraxmadı, özü də onunla birlikdə həyətə çıxdı və eyni sürətli addımlarla tələbəni həyətin ortasındakı darvazaya sarı dartdı.
    Mayor qolundan yapışıb elə dartırdı ki, tələbə heç bir tərəfə çevrilə bilmirdi, mayorun sürətli addımları müqabilində, az qala, qaça-qaça gedirdi və hirs onu boğduğu üçün, heç nə deyə bilmirdi, hətta qışqıra da bilmirdi. Xosrov müəllim də əllərini qara plaşının ciblərinə soxub sürətlə onların ardınca gedirdi. Mayor sol əli ilə darvazanın bala qapısını açdı və sağ əli ilə tələbəni zərblə dişarı itələyib:
    – Bir də səni buralarda görməyim!– dedi.
    Xosrov müəllim də Qəbiristanlıq Idarəsinin həyətindən çıxdı, bir neçə an üzüaşağı, tələbə ilə yanaşı addımladılar və birdən-birə tələbə daha heç cür özünü saxlaya bilmədi, burnunu çəkə-çəkə, səsini boğmağa çalışa-çalışa ağlamağa başladı, yaş gözlərindən axıb dodaqlarına çatanda və Murad İldırımlı o göz yaşının şor təmini ağzında hiss edəndə daha da için-için ağladı. Xosrov müəllim isə eləcə sükut içində tələbə ilə yanaşı addımlayırdı...
    ... Avtobus gəlib çıxanda və onlar iş vaxtının sonu olmadığı üçün boş avtobusa minəndə tələbə Murad İldırımlı daha sakitləşmişdi və indi yenə də öz acizliyinin, öz kiçikliyinin xəcalətini çəkirdi, amma bu vaxt qarşıda oturub gözlərini naməlum bir nöqtəyə zilləmiş Xosrov müəllimə baxdı və Xosrov müəllimin gözlərində elə bir ağrı gördü ki, içini bürümüş xəcalət hissi yox olub getdi. Tələbə – müşahidə qabiliyyəti olan bu cavan adam – indiyə kimi heç vaxt heç kimdə Xosrov müəllimin gözlərindəki qədər bir ağrı görməmişdi.
5
TONQAL


    Həyətdəki qoca armud ağacının budağına qonmuş o rəngbərəng, o zəhmli böyük xoruz qaz boğazı kimi, yoğun boğazını uzadıb qart səsiylə bir də banlayandan sonra, faytonçu Ovanes oturduğu yerdə qurcalandı, əlində tutduğu yüyəni oynadaoynada və qurumuş böyürtkən kollarından salınmış çəpərin üstündən həmin rəngbərəng xoruza da baxa-baxa həyətə tərəf qışqırdı:
    – Gün günortanı keçdi ki, ara uçitel!.. Ara, tez elə də!.. – Sonra faytonçu Ovanes öz-özünə deyindi: – Ara musurman qonşu kəndə gedəndə də evdən elə ayrılır, elə bil, Amerikaya gedir!..
    Faytona qoşulmuş o qoşa atın ikisi də başını aşağı salıb dincəlirdi, elə bil ki, uzun yolqabağı güc toplayırdı; o atlar da özlərindən əvvəlki atlar kimi, faytonçu Ovanesin öz-özünə beləcə deyinməyinə, danışmağına adət etmişdilər. Hadrut orta məktəbində rus dilindən dərs deyən Xosrov müəllim 1929-cu ilin bir yaz səhəri Azərbaycan SSR Xalq Maarif Komissarlığının Şuşada keçirəcəyi biraylıq seminara gedirdi və otuz il idi ki, Şuşa ilə Hadrut arasında sərnişinmüştərilər daşıyan, özü də, faytonu da, söz-söhbəti də dolama yoxuşlar kimi, meşələr kimi, sıldırım qayalar kimi, o gözəl Hadrut – Şuşa yolunun bir hissəsinə çevrilmiş Ovaneslə axşamdan vədələşmişdi ki, sübh tezdən gəlib onu götürsün. Qaba və güclü caynaqları ilə qoca armudun budağından yapışmış o zəhmli xoruz yenə qart səsiylə boğazını arıtladı və təzədən banlamağa macal tapmamış faytonçu Ovanes həyət tərəfə bir də qışqırdı:
    – Ara, uçitel!.. Ara, günorta gəldi!..
    O böyük xoruz armud ağacının üstündən faytonçu Ovanesə çəpəki və acıqlı bir nəzər saldı və qaqqıldaya-qaqqıldaya həyətə atıldı, sinəsini irəli verib, başını dik tutub eləcə narazılıqla da qaqqıldaya-qaqqıldaya toyuqların arası ilə ora-bura gəzişməyə başladı.
    Sübh tezdən Hadrutdan Şuşaya çıxan və adətən, günün ikinci yarısı Şuşadan sərnişin götürüb təzədən Hadruta qayıdan faytonçu Ovanes Xosrov müəllimin həyət darvazasının qabağında beləcə vaxt itirməyindən dilxor olmuşdu və yenə də özözünə deyinirdi:
    – Bunlarla doqovaritsa eləmək düzgün deyil, məzhəb haqqı!..
    Beləcə deyinməyinə baxmayaraq, Ovanes Xosrov müəllimin xətrini istəyirdi, uzunboylu, arıq, heç kimlə işi olmayan, bütün fikri-zikri məktəblə, maariflə məşğul bu adam sakitliyi, xeyirxahlığı, mədəniyyəti ilə Hadrut camaatının, o cümlədən də faytonçu Ovanesin hörmətini qazanmışdı.
    Yüz cürə dərdi-səri olan adamlar – birinin qohumunu nahaq yerə həbs etmişdilər, o birinin həyətyanı sahəsini düzgün müsadirə etməmişdilər, üçüncüsünün səsini almışdılar (bu, o deyən söz idi ki, səsi alınmış şəxs cəmiyyətdən kənar edilirdi, onun hansı bir səsvermədəsə iştirak etmək, harasa şikayət etmək ixtiyarı yox idi), camaatı heç nəyin üstündə tuturdular, sürgün edirdilər və sairə – Xosrov müəllimin yanına köməyə gəlirdilər, xahiş edirdilər ki, Xosrov müəllim rus dilində onların adından yoldaş Stalinə, yoldaş Rıkova, yoldaş Buxarinə şikayət ərizələri yazsın və Xosrov müəllim də bu xahişlərin, demək olar ki, heç birini yerdə qoymurdu, o adamın ki, haqlı olduğunu görürdü, əlindən gələni əsirgəmirdi, ərizələri də havayı yazırdı, pul almırdı, azərbaycanlıların gətirdiyi kərə yağını, motalı, əti, hətta diri qoyunu, ermənilərin gətirdiyi toyuğu, kolbasını, yumurtanı, cürbəcür gözəl şorabaları, tut arağını geri qaytarırdı, heç nə götürmürdü. Xosrov müəllimin fikrinə görə, müəllim əvvəla gərək özü təmizliyin timsalı olaydı, ikincisi də zəmanə mürəkkəb idi, yeni həyat qurulurdu və bu quruculuq dövründə nahaq incidilənlər olurdu– o adamlara kömək eləmək də, elə ilk növbədə müəllimin borcu idi; bir də ki, camaat pis yaşayırdı, çox pis yaşayırdı və belə bir məqamda camaatın ruzisinə şərik çıxmaq müəllimə yaraşmazdı.
    Faytonçu Ovanes də elə buna görə, bu hörmətə görə razılıq verərək gəlib Xosrov müəllimi evlərinin qabağından götürürdü, yoxsa ki, həmişə bazar başında dayanıb faytona sərnişin mindirirdi. Faytonçu Ovanes burasını da fikirləşmişdi ki, Xosrov müəllimdən yol pulu almayacaq, ikiyerli açıq faytona ikinci adam da götürməyəcək ki, Xosrov müəllimin yeri rahat olsun, çünki Xosrov müəllim elə faytonçu Ovanesin özü üçün də rus dilində bir neçə müftə şikayət ərizəsi yazmışdı: rayon hökuməti kişinin faytonunu əlindən almaq istəyirdi və faytonçu Ovanes sonuncu ərizələrdən birini Azərbaycan SSR Mərkəzi Icraiyyə Komitəsinin sədri Q.Musabəyovun, o birini isə SSRI Xalq Komissarları Sovetinin sədri A.I.Rıkovun adına yazdırıb, savadı olmadığı üçün həmin ərizələrin altından da barmaq basmışdı. Nəhayət ki, Xosrov müəllimgilin yaşadığı o balaca birmərtəbəli evin qapısı açıldı, əvvəlcə əlində kiçik çamadan tutmuş Xosrov müəllim içəridən çıxdı, sonra bir-birinin ardınca Xosrov müəllimin üç uşağı evdən çıxdı, sonra da Xosrov müəllimin cavan arvadı Şirin çıxdı.
    Faytonçu Ovanes çəpərin üstündən Xosrov müəllimi görəndə səbri tamam tükənmiş halda öz-özünə:
    – Ara, məzhəb haqqı, Allaxa şükür!.. – dedi, amma o balaca uşaqları görəndə, o balaca uşaqların da, o cavan gəlinin də evin kişisini necə bir ürəklə yola saldıqlarına tamaşa eləyəndə, ömrünü yollarda keçirmiş bu adamın hirsi o saat soyudu, hətta özü öz qarasına deyinməyə başladı: – Ara, məndən səbr deyən şey yoxdu ki!..
    Xosrov müəllimin üç uşağı var idi, üçü də oğlan idi: altı yaşında Cəfər, dörd yaşında Aslan, iki yaşında Azər və indi bu üç uşağın üçü də ömürlərində birinci dəfə atalarını harasa yola salırdılar; indiyə qədər Xosrov müəllim həmişə ailəsi ilə bir yerdə olmuşdu və hara getmişdisə (əslində, getməli elə bir yerləri də yox idi), həmişə ailəsilə birlikdə getmişdi və bu uşaqlar da, Şirin də ona o qədər öyrəşmişdilər ki, o bir aylıq Şuşa seminarı xəbəri gələndən bu tərəfə, bir həftəydi ki, Xosrov müəllimi yola salmağa hazırlaşırdılar.
    Şuşada milli məktəblərdə rus dilinin tədrisi üzrə çağırılan o seminara təkcə Bakıdan yox, Moskvadan da, Tiflisdən və Yerevandan da mütəxəssislər gələcəkdi və Xosrov müəllim Şuşaya həvəslə gedirdi, amma, eyni zamanda, ürəyində bir nigarançılıq da var idi: uşaqlar Şirinlə birlikdə bu bir ayı Hadrutda tək qalacaqdı. Düzdü, Hadrut camaatı hörmətcil və istiqanlı camaat idi, Xosrov müəllimin də xətrini istəyirdilər, amma, hər halda, düz bir ay müddətində Xosrov müəllim özü evdə olmayacaqdı, dünya da ki, qarışıq, bir tərəfdən bu kolxoz əhvalatı, bir tərəfdən çekistlər, bir tərəfdən də qıtlıq... Hətta Xosrov müəllim əvvəlcə fikirləşmişdi ki, uşaqları da, Şirini də özü ilə götürüb Şuşaya aparsın (kaş elə aparaydı!), amma sonra fikrindən daşındı: harda qalacaqdılar?
    Yeddi il bundan əvvəl evləndikləri vaxtdan bəri birinci dəfə gedəcəyi bu səfərdən qabaq Xosrov müəllim uşaqların bir aylıq ununu,düyüsünü, qəndini, yağını
    – müəllimə hörmət edirdilər, tapırdı – alıb evə qoydu və 1929-cu ilin həmin yaz səhəri altı yaşlı Cəfər də, dörd yaşlı Aslan da, iki yaşlı Azər də Şirinlə birlikdə Xosrov müəllimi yola salmaq üçün eləcə həyətə çıxdılar.
    Kimin ağlına gələ bilərdi ki, o vida – əslində əbədi bir ayrılıqdı və bu adamlar
    – Xosrov müəllimlə altı yaşlı Cəfər, dörd yaşlı Aslan, iki yaşlı Azər, bir də ki, Şirin bir daha heç vaxt görüşməyəcəklər?..
    O böyük xoruz qart səsiylə qaqqıldaya-qaqqıldaya, qüvvətli ayaqlarını hirshikkə ilə irəli ata-ata həyətin ortasında o baş-bu başa gedirdi və toyuqlar da xoruzun nədənsə narazı qaldığını hiss edib, hərəsi bir tərəfə çəkilmişdi, xoruzla rastlaşmaq istəmirdi.
    Uşaqlar səs-küy salmışdılar:
    – Ata, sağ ol!..
    – Ata, tez gəl!..
    – Ata... Ata... – Bunu deyən iki yaşlı Azər idi, başqa söz deyə bilmirdi və balaca əlləri ilə şalvarın balağının üstündən atasının qılçını qucaqlamışdı. Cəfər böyük idi və Cəfər hətta o dəm fəxr edirdi ki, atası belə uzaq (Hadrut ilə Şuşanın arası 41 km idi) səfərə gedir, amma sonralar – xeyli vaxt keçəndən sonra, qurtarmaq bilməyən tənha gecələr boyunca Xosrov müəllim həmişə bu son görüşü xatırlayanda, ilk növbədə, Aslanın dodağının qaçması, ağlamaq istəməsi gözlərinin qabağına gəlirdi, bir də ki, Şirinin iri, qara gözlərindəki o ifadə...
    Şirin gülümsəyirdi, amma Şirinin o gülümsəyən gözlərində nəsə bir nigarançılıq var idi və elə bil ki, Şirinin gözlərinin rəngi o nigarançılığa keçmişdi, o nigarançılığa qara bir rəng çəkmişdi. Bəlkə Xosrov müəllimə sonralar belə gəlirdi?.. Hər halda, o son görüşdə bir nigarançılıq var idi və bu nigarançılıq yalnız səfərqabağı nigarançılıq deyildi, elə bil, Xosrov müəllim də, Şirin də, hətta Aslan da əvvəlcədən nəsə hiss eləyirdilər... Ya sonradan ona belə gəlirdi?..
    Fayton tərpənəndə Şirin o faytonun ardınca bir dolu parç su atdı (amma o su o ailə üçün sayalı olmadı) və Ovanes də:
    – Allax saxlasın dığaları, uçitel!.. – dedi. – O gün olsun toylarında oynayaq!..
    – Sağ ol, Ovanes!..
    Fayton Hadrutdan çıxıb Şuşaya tərəf üz tutdu və o yaz çağı yolun hər iki tərəfində o oyanmış torpağın gülünə, çiçəyinə baxa-baxa Hadrutdan uzaqlaşan Xosrov müəllim sabahdan Şuşada işə başlayacaq seminar barədə fikirləşirdi, Azərbaycan məktəblərində rus dilinin tədrisi ilə bağlı mülahizələrini götür-qoy edirdi və ümumiyyətlə, maarif məsələlərilə bağlı kəsir cəhətlər barədə düşünürdü. Indi hər il onlarla (hətta yüzlərlə!) məktəb açılırdı, uşaqlar ellikcə məktəbə getməyə, savad almağa başlayırdı və bütün bunlar, əlbəttə, gözəl işlər idi, bütün bunlar Xosrov müəllimin əslində hələ lap gənclik çağlarından ürəyində gəzdirdiyi arzu, istək idi ki, indi həyata keçirdi, amma burada, Xosrov müəllimin fikrinə görə, çox ciddi bir məqam var idi və o məqama ehtiyatla yanaşılmalıydı: kəmiyyət keyfiyyətə təsir etməməli idi, keyfiyyət aşağı düşməməliydi; belə bir təhlükəni isə Xosrov müəllim artıq nəinki hiss edirdi, əyani şəkildə görürdü, nadan müəllimlər yetişməyə başlamışdı, yavaş-yavaş əsl müəllimləri üstələyirdilər və bunun axırı hara gedib çıxacaqdı?
    Xosrov müəllim rus dilinin əhəmiyyətini çox böyük hesab edirdi və Azərbaycan məktəblərində rus dilinin tədrisinə xüsusi fikir verilməli idi, xüsusi dərsliklər yazılmalı idi, gələcəkdə rus dilini bilməyən adam şikəst olacaqdı, elm, mədəniyyət, sənaye ki, bu cür inkişaf edirdi, rus dili Azərbaycan üçün bütün dünyaya açılan bir pəncərə olacaqdı və buna görə də Azərbaycan məktəblərində rus dilinin tədrisini elə bir səviyyəyə qaldırmaq lazım idi ki, valideynlər gələcəkdə uşaqlarını rus dilini yaxşı öyrənməkdən ötrü rus məktəblərinə verməyəydilər; o biri tərəfdən də rus məktəblərində Azərbaycan dilinin tədrisinə eyni dərəcədə ciddi fikir vermək lazım idi və bu dil öyrənmə qarşılıqlı əlaqədə olmalı idi – ağacın ucunu yalnız bir tərəfə əysəydilər, gələcəkdə o ağac sına bilərdi, elə eləmək lazım idi ki, o ağac təbii ucalsın, təbii qol-budaq atsın... Özü də bütün bunların bünövrəsi indi necə qoyulacaqdısa, gələcəkdə elə də olacaqdı və məsələ burasında idi ki, indiki o bünövrənin hazırlanması Xosrov müəllimin xoşuna gəlmirdi və bu barədə Şuşa seminarında danışacaqdı. V.I.Lenin «Oxumaq, oxumaq və yenə də oxumaq!» – demişdi, amma «Necə oxumaq?» – məsələsi indi naşı əllərə düşmüşdü...
    Xosrov müəllim əsrin yaşıdı idi və Azərbaycanda Sovet hakimiyyəti qurulanda, yəni 1920-ci ildə artıq cavan bir müəllim idi, Qazaxda seminariyanı bitirmişdi və o vaxtdan bəri də Hadrutdakı məktəbdə rus dilindən dərs deyirdi. Cəmi 29 yaşı olmağına baxmayaraq, təcrübəli müəllim hesab olunurdu; təhsilini davam etdirmək, Azərbaycan Dövlət Universitetinə daxil olmaq istəyirdi və ümumiyyətlə, bu adam təbiəti etibarilə çox sadə və mülayim olsa da maarif məsələlərində təşəbbüskar, işgüzar idi, mərkəzi mətbuata kiçik məqalələr yazır, maariflə, xüsusən, rus dilinin tədrisi ilə bağlı cürbəcür məsələlər qaldırırdı və həmin məsələlər çox zaman rayon rəhbərlərinin xoşuna gəlmirdi...
    Hadrutun yaşıl ağacları, qırmızı kirəmit damları arxada qaldı.
    Ovanes başını arxaya çevirdi:
    – Uçitel, – dedi. – Ayrapet yazıq da öldü də, bildin?
    Xosrov müəllim diksindi və sonralar Bakıda, Sibirdə, təzədən Bakıda hər dəfə faytondakı o söhbəti xatırlayanda Xosrov müəllim həmin diksintini hiss edirdi, o yüngül diksintidəki nigarançılıq anını elə o vaxt – 1929-cu ilin o yaz çağında, o Şuşa yolunda olduğu kimi yaşayırdı.
    – Dəllək Ayrapet?
    – Ha!..
    – Nə vaxt?
    – Dünən geca...
    Sonralar Ovaneslə olan o söhbəti xatırlayanda Xosrov müəllimə elə gəlirdi ki, həmin dəm, yəni dəllək Ayrapetin – yanaqlarından qan daman o sağlam adamın ölüm xəbərini eşidəndə, elə bil, yol boyu, o gözəl güllərin-çiçəklərin də üstünə birdən-birə nəsə qara bir kölgə çökdü, Şirinin gözlərindəki o qara nigarançılığın kölgəsi...
    – Ara, sağlam adamıydı, ayağı sınmışdı da, damı padçinit eləyəndə yıxıldı da, balnisada yatdığı heç bir xafta olmadı... Xudyakov doxtur yaman nerviçat eləyir, uçitel!.. Mənnən qonşudu da evi! Bütün günü balnisadadı, Ayrapet uje dördüncü adamdı öldü balnisada, özü də sappasağ! Xudyakov doxtur çox nerviçat eləyir!..
    M.N.Xudyakov Hadrut xəstəxanasının baş həkimiydi və Xosrov müəllim dünən məktəbdə də xəstəxanayla bağlı nəsə narahat bir söhbət eşitmişdi:bir palatada dalbadal üç cavan adam ölmüşdü... Bu da, deməli, dördüncüsü... Bayaq həyətdəki o nigarançılıq, elə bil, təzədən Xosrov müəllimin içinə doldu və bu gözəl təbiət ilə, o sərin yaz səhəri Şuşaya qalxan dağ yolunun o səfası ilə həmin nigarançılıq heç cürə uyuşmurdu.
    Ovanesin faytonu Xosrov müəllimi o nigarançılıqla birlikdə eləcə Şuşaya apardı və düz üç gündən sonra, Hadrutun girəcəyində qara bir bayraq asıldı, Hadrut bağlandı, gediş-gəliş kəsildi (Ovanes də faytonu ilə birlikdə Hadrutda qaldı), Hadrutun küçələri bomboş boşaldı, evlərin pəncərələri, qapıları kip qapandı. Uzaqdan görünən dağların isə başı qardan ağappaq idi və o dağlar Hadrutun girəcəyində asılmış o qara bayrağın müqabilində dünyanın təmiz işlərindən, gözəl yerlərindən və əbədiliyindən xəbər verirdi. Əlbəttə, Hadrutda tapılmış taun epidemiyası o əbədiliyin yanında zərrənin heç milyardda biri də deyildi, bir heç idi, amma o «heç»də yüzlərlə, minlərlə insan həyatının müqəddaratı həll olunurdu.
    Professor Lev Aleksandroviç Zilberin başçılığı ilə Bakıdan Hadruta gəlmiş və taunla gecə-gündüz ölüm-dirim mübarizəsinə başlamış bakterioloji dəstə hər axşam Hadrut məktəbinin (məktəbdə dərslər kəsilmişdi) binasındakı ən böyük sinif otağında yığışırdı, gün ərzində görülən işlərə yekun vururdu, sabahkı günün tədbirlər planını hazırlayırdı, professor Zilber də, onun təcrübəli köməkçisi Yelena Ivanovna Vostruxova da, patoloqanatom professor Şirokoqorov da, Moskvadan xüsusi gəlmiş bakterioloq həkim Vera Nikolayevna da, Saratovdan professor Zilberin dəstəsinə köməyə gəlmiş professor Suknev də, Rostovdan gəlmiş həkim Tinker də, bakterioloji dəstənin başqa üzvləri də müşahidələrini bir-birləri ilə bölüşürdülər. Taun qəddar, hiyləgər bir düşmən idi, yorulub əldən düşmüş, gecə-gündüz işləyən, işləyən və işləyən bu adamlar isə o adamcıl düşməni vəhşi bir heyvan kimi tutub dəmir qəfəsə salmaq, zərərsizləşdirmək istəyirdilər.
    Həmin sinif otağında əvvəllər hərbi dərs keçilirdi, divardan cürbəcür tüfəng, tapança sxemləri asılmışdı, bir küncə əleyhqazlar yığılmışdı, boş güllə gilizləri əyani dərs vəsaiti kimi, pəncərənin taxta sürahısına düzülmüşdü və professor Zilber həmkarlarının mülahizələrinə qulaq asa-asa hərdən bu sxemlərə, əleyhqazlara, güllələrə baxırdı. Bu dəm bütün bu silah qorxulu yox, acınaqlı idi və insan xislətindəki anormallıqdan – bu söz professor Zilberin beynində xüsusi vurğu ilə ötüb keçirdi – xəbər verirdi: bir tərəfdən taun (vəba! xərçəng! cüzam!..) insanı, bax, beləcə məhv edirdi, bir tərəfdən də insanlar özləri bir-birini məhv etmək üçün beləcə tüfənglər, tapancalar icad edirdi, zəhərli qazlar hazırlayırdı, öldürücü bakteriyalar yetişdirirdi; bir tərəfdən bütün bunlardan necə istifadə etmək öyrədilirdi, bir tərəfdən də bunlardan necə qorunmaq öyrədilirdi. Əlbəttə, professor Lev Aleksandroviç Zilber, hər şeydən əvvəl, həkim idi, həmişə qırğının, silahın əleyhinə olmuşdu, amma insanın bir-birini öldürməsi, silah hazırlaması və silahın özü heç zaman – hətta Hadrut hadisəsindən çox-çox illər keçəndən sonra da – ona Hadrutdakı məktəb binasının o otağındakı kimi miskin görünməmişdi.
    Moskvada SSRI Xalq Səhiyyə Komissarlığının Mikrobiologiya Institutunda şöbə müdiri işləyən professor Zilber bir neçə ay bundan əvvəl Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının dəvəti ilə Azərbaycana gəlmişdi və indi Bakıda Mikrobiologiya Institutunun direktoru vəzifəsində işləyirdi, eyni zamanda, Azərbaycan Tibb Institutunda mikrobiologiya kafedrasına müdir seçilmişdi.
    Üç gün qabaq – Ovanesin faytonu Xosrov müəllimi o gözəl dağ yolu ilə Şuşaya apardığı gün – gecə saat ikidə telefonun həmin gecənin sakitliyində daha artıq səksəkə ilə, təşvişlə cingildəyən zəngi professor Zilberi yuxudan oyatdı. Professor Zilber yuxulu-yuxulu əlini uzadıb telefonun dəstəyini götürdü və hələ zəng edənin səsini eşitmədən sövq-təbii hiss etdi ki, bu, adi telefon zəngi deyil; ona görə yox ki, belə bir səksəkə ilə gecənin sakitliyini pozdu, professor Zilber bu cür gecə zənglərini az eşitməmişdi; ona görə ki, qara olduğu üçün otağın qaranlığı içində görünməyən o telefon dəstəyində elə bir qeyri-təbii ağırlıq, əli ilə duyduğu elə bir qeyri-təbii kələ-kötürlük var idi ki, o ağırlıq da, o gözə-görünməz kələ-kötürlük də o gecə çağı dünyanın bəd əməllərindən, pis işlərindən xəbər verirdi...
    Həyəcanlı bir kişi səsi heç dəstəyi qaldıranın kim olduğunu belə soruşmadan aşkar duyulan azərbaycanlı ləhcəsi ilə, amma təmiz rus dilində dedi:
    – Qovorit sekretar narodnoqo komissara zdravooxraneniya. Narodnıy komissar prosit vas nemedlenno priyexat k nemu. Maşina uje vıslana. Professor Zilber tələsik geyinib evdən çıxdı, Xalq Səhiyyə komissarının göndərdiyi maşına mindi və əslində, bu gözlənilməz Hadrut səfəri də elə o vaxtdan başladı.
    Marqolin familyalı bir nəfər hərbi həkim Xalq Səhiyyə Komissarlığına təcili teleqram vurmuşdu ki, Hadrutda taun epidemiyası başlamışdır və professor Zilber həmin gecə bir neçə saatın içində təşkil etdiyi bakterioloji dəstə ilə birlikdə səhər saat 6-da qatarla Bakıdan çıxdı. Bakterioloji dəstənin təşkil edilməsində əlindən gələni əsirgəməyən, professor Zilberin təcili xahişləri ilə gecəyarısı şəxsən özü məşğul olan Azərbaycan SSR Xalq Səhiyyə komissarı, elə bil ki, ətrafındakı adamlara yox, özü özünə təskinlik vermək üçün tez-tez deyirdi: «– No, vozmojno, eto i ne çuma. Ne mojet bıt, çtob na naşem zameçatelnom zemle zavelas takaya qadost!». Və professor Zilber qatarla Hadruta gələ-gələ yol boyu komissarın o sözlərini xatırlayırdı və çox istəyirdi ki, hərbi həkim Marqolin yanılmış olsun...
    Təəssüf ki, Marqolin yanılmamışdı və Hadrutda taun epidemiyasının necə yayılması professor Zilberə də, həmkarlarına da artıq tamam aydın idi: tauna tutulmuş ilk xəstə yaxındakı erməni kəndindən cavan bir oğlan olur və Hadrut xəstəxanasının baş həkimi M.N. Xudyakov o cavan oğlanı krupoz iltihabı diaqnozu ilə ümumi palataya qoyur və bundan sonra da taun Hadrutda fironluq eləməyə başlayır, əvvəlcə o cavan oğlanla bir palatada yatan xəstələr (o cümlədən, dəllək Ayrapet) taundan yoluxub bir-birinin ardınca ölürlər, sonra feldşer, sanitar və nəhayət, Xudyakovun özü tauna tutulur, amma taun hələ heç kimin ağlına gəlmir. Həkim Xudyakov xəstələnəndə xəstəxanadan Hadrutun yaxınlığında yerləşən hərbi hissənin həkimi Lev Marqolinə müraciət edirlər və taunu həkim Marqolin müəyyən edir, o saat da Bakıya teleqram vurur.
    Professor Zilber Hadruta gələn kimi, telefonla həkim Marqolinin xidmət etdiyi hərbi hissəyə zəng çaldı və bütün bunları Marqolin özü telefonla söylədi. Bir neçə gündən sonra həkim Marqolin də xəstələndi və professor Zilberin bütün ciddicəhdinə baxmayaraq, taundan həlak oldu.
    Bu adamın – hərbi həkim Marqolinin cəmi iyirmi dörd yaşı var idi və xəstəliyini hiss edən kimi, hərbi hissədə yaşadığı otağa heç kimi buraxmır, hərbçilərlə bilavasitə təması tamam kəsir, otağından eşiyə çıxmır və iki gündən sonra, xəstəliyin şiddətləndiyini görəndə, gecə otağın qapısını qıfılla bağlayır, hərbi hissədən çıxıb qızdırma içində təkbaşına Hadruta, professor Zilberin yanına gəlir. Həkim Marqolinin özü ilə bağlı gördüyü tədbirlərin nəticəsində taun hərbi hissədə yayılmadı və onun ölümündən bir gün sonra hərbi hissənin komandiri professor Zilberə bir zərf göndərdi. Bu zərfin içindəki, həkim Marqolinin yazdığı son məktub idi:
    «Əziz yoldaşlar!
    Deyəsən, başlanır. Hərarətim 39,5 dərəcədir. Buradan gedirəm ki, başqalarını yoluxdurmayım. Gedirəm ki, sakit ölüm, çünki bilirəm, başqa cürə mümkün deyil. Sosialist cəmiyyətinin nikbin və sağlam qurucuları kimi, salamat qalın. Əlvida. Lev Marqolin.»
    Professor Zilber heç vaxt yadından çıxmayacaq bu məktubu oxuduqca, həkim Marqolinin həyatının son dəqiqələri gözlərinin qabağına gəldi: belə bir adam, bu cür məktubu yazmağa (və o yazılanları həyata keçirməyə!) qüdrəti çatan həkim Marqolin ölüm anlarında tez-tez gözlərini açıb: «– Ana!.. Ana!..» – deyə qışqırırdı. Hadrutda professor Zilberin də, Yelena Ivanovna Vostruxovanın da, professor Şirakoqorovun da, professor Suknevin də, bakterioloji dəstənin başqa üzvlərinin də qayğısı yalnız taun qayğısı deyildi. Bakterioloji dəstə ilə bərabər, Bakıdan Hadruta daha üç nəfər gəlmişdi: bunlardan biri Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının, ikincisi Azərbaycan Mərkəzi Icraiyyə Komitəsinin nümayəndəsi, üçüncüsü isə Azərbaycan SSR Baş Siyasi Idarəsinin müvəkkili idi və bunlardan ikisi Hadruta gəlməmiş və təxminən on kilometr aralıdakı stansiyada ayrıca vaqonda qalmışdı. Baş Siyasi Idarənin müvəkkili isə bakterioloji dəstə ilə birlikdə Hadrutda idi.
    Stansiyada qalan nümayəndələr bütün bu müddət ərzində professor Zilberdən ardı-arası kəsilməyən cürbəcür arayışlar, cədvəllər, izahatlar tələb edirdilər və bütün günü taunlu xəstələrin səhhəti, həmin xəstələrin ev-eşiyinin dezinfeksiyası ilə məşğul olan xəstələrlə əlaqə saxlamış adamları qəsəbənin başqa sakinlərindən təcrid edən, nə qədər adamın bədəninə tauna qarşı zərdab yeridən, meyitlərin qəsəbədən kənarda ayrılmış sahəyə daşınmasına xüsusi nəzarət edən, eyni zamanda, müxtəlif bakterioloji tədqiqatlar aparan professor Zilber də, köməkçiləri də həmin nümayəndələr üçün izahatlar yazmağa, məlumat vərəqələrini doldurmağa, xəstəliyin gedişatına dair mənasız cədvəllər tərtib etməyə məcbur olurdular.
    Stansiyadakı vaqonda yaşayan nümayəndələr bir dəfə də olsun Hadruta ayaq basmamışdılar və professor Zilberlə atlı vasitəsilə əlaqə saxlayırdılar: həmin atlı içi kağız-kuğuz dolu zərfləri gətirib vaqonun qabağında yerə qoyurdu, özü isə əllialtmış metr aralı çəkilirdi, nümayəndələrdən biri əlinə əlcək geyib vaqondan düşürdü, zərfi götürürdü, ya qışqırıb həmin atlıya yeni tapşırıqlar verirdi, ya da vaqonda yazdıqları əmrləri yerə qoyurdu ki, atlı aparıb professor Zilberə tapşırsın. Bütün bu ehtiyat tədbirlərinə baxmayaraq, dezinfeksiya üçün, səhərdən axşama kimi, Xankəndindən gətirdikləri gözəl tut arağı içirdilər və əlbəttə, yaxşı da yemək lazım idi ki, o yetmiş dərəcəli tut arağı adamı dəli eləməsin...
    Baş Siyasi Idarənin müvəkkili isə – bu adamın adı Murad İldırımlı idi – əksinə, bütün günü bakterioloji dəstə ilə olurdu və Hadruta gəldiyi ilk gündən belinə mindiyi boz ürgəni çapa-çapa burdan vurub, ordan çıxanda da hamı bilirdi ki, «Çeka» taun məsələləri ilə məşğuldu.
    Təxminən otuz yaşlarında olan Murad İldırımlının sarışın və yaraşıqlı sifəti, göy gözləri, uzun boyu, şumal bədəni var idi və tamam bir əlacsızlıq içində, az qala, ağlını itirəcək Hadrut camaatı bu adamı adicə olaraq «Çeka» çağırırdı:
    «– Çeka çağırır!»
    «– Çeka səni soruşurdu!»
    «– Çeka düşmən tutub! Taunu düşmənlər yayıb Hadrutda!»
    «– Çeka indicə çapıb getdi!»
    Hələ yoluxmamış, salamat qalmış camaat taunun qarşısında heyvani bir qorxu hissi keçirirdi və camaatın gözündə tauna qalib gələ biləcək bir adam, bir varlıq vardısa, o da «Çeka» idi. Bu yerlərdə Baş Siyasi Idarədən (əvvəllər isə Fövqəladə Komissiyadan) qorxan kimi, heç nədən qorxmurdular – nə inqilabdan əvvəl, nə də inqilabdan sonra; tauna da ancaq bu qüvvə qalib gələ bilərdi.
    Murad İldırımlı yorulmaq bilmirdi və professor Zilber yorulub əldən düşdüyü vaxtlarda yuxusuzluqdan qızarmış gözləriylə hərdən bu adama baxanda, elə bil ki, yenidən güc toplayırdı. Müvəkkil qəti surətdə əmin idi və bunu dəfələrlə professor Zilberə bildirmişdi ki, taunu Hadruta düşmənlər gətirib, bu işdə xarici agenturanın və onların yerli əlaltılarının, qolçomaqların barmağı var. Professor Zilberin etirazı, elmi dəlilləri bu adamı heç cürə fikrindən yayındıra bilmirdi və günlərin bir ağır günündə Murad İldırımlı həyəcanla professor Zilberin yanına gəlib bildirdi ki, alınmış məlumata görə, düşmənlər taundan ölmüş meyitlərin qəbrini açır, bədən üzvlərini kəsib camaatın içində xəstəliyi yayırlar.
    Əlbəttə, bu, dəhşətli və ağlasığmaz bir xəbər idi, amma Baş Siyasi Idarənin müvəkkili:
    – Siz gözəl professorsunuz, yoldaş Zilber, ancaq xalq düşmənlərinin nəyə qadir olduğunu bilimirsiniz! Bütün bunlar kulakların işidir! Bütün bunların arxasında ingilislər dayanıb! Hadrutdakı taun təbii fəlakət deyil, sinfi təxribatdır! – deyib fikrindən dönmürdü.
    Professor Zilber Murad İldırımlını başa salmağa çalışdıqca hiss edirdi ki, müvəkkilin şübhələri daha da artır və o hətta professor Zilberin özündən də şübhələnməyə başlayır. Bəzən professor Zilber xəstələri müayinə edərkən, bakterioloji analizlər apararkən Murad İldırımlı gəlib onların yanında dayanırdı, diqqətlə baxırdı və bunun özündə də bir nəzarət var idi; o biri tərəfdən də professor Zilberin bu adama yazığı gəlirdi, çünki nə zərdab qəbul edirdi, nə əlcək geyib tənzif taxırdı, səhərdən axşamacan xəstələrin, meyitlərin arasında olsa da, özü ilə bağlı heç bir təhlükəsizlik tədbiri görmürdü, elə bil, əmin idi ki, hətta taun da «Çeka»ya heç nə edə bilməz.
    Nəhayət, professor Zilber camaat xəbər tutmasın deyə, gecə yarısı Murad İldırımlının müşayiəti ilə nöyüt lampasının işığında taundan ölmüş adamların qəbrini açdırmağa və meyitləri müayinə etməyə məcbur oldu.
    Müvəkkil yalnız döyüş meydanlarında və zəhmətkeş xalqın təəssübünü çəkən ədalətli edam hökmləri yerinə yetirilərkən (daha doğrusu, yerinə yetirildikdən sonra) meyit görmüşdü, amma o gecəyarısı Hadrut yaxınlığındakı o qəbirlərdən çıxarılan meyitlər dəhşətli xəstəlikdən ölmüş (və bunu ingilis casusları, kulaklar eləmişdilər!) adamlar idi və indi elə çürümüş vəziyyətdə idilər, elə iy verirdilər ki, müvəkkilin başı gicəllənirdi, ürəyi bulanırdı, amma gözünü kənara çəkmirdi, professor Zilberin meyitləri müayinə etməsinə baxırdı, heç bir şeyi nəzərdən qaçırmamağa çalışırdı, çünki zəhmətkeş xalqın düşmənlərinin heç bir əməli onu qorxuda bilməzdi! Hətta özünü saxlaya bilməyib bir az kənarda qusmağa başlayanda da gözlərini meyitdən və professor Zilberin əlcəkli əllərindən çəkmirdi.
    Sonra yenə də gəlib professorun yanında dayandı və birdən-birə hiss etdiyi soyuqdan əsə-əsə, çənəsi-çənəsinə dəyə-dəyə meyitlərə baxarkən, professor Zilberin müayinəsinə nəzarət edərkən o gecə çağı müvəkkilin ürəyində düşmənlərə qarşı elə bir qəzəb yarandı ki, əksinqilaba və xalq düşmənlərinə qarşı bu uzun illərin amansız mübarizəsində heç vaxt bu dərəcədə qəzəb, kin-küdurət hiss etməmişdi.
    Həmin gecə hamını, ilk növbədə isə professor Zilberi və onun həmkarlarını sarsıdan, hətta taundan da daha artıq dəhşətə gətirən hadisə bu oldu ki, qəbirdən çıxarılan dördüncü meyitin – bu, beş gün bundan əvvəl taundan həlak olmuş faytonçu Ovanes kişinin meyiti idi– döş qəfəsində bıçaq yarası tapıldı. Professor Zilber nöyüt lampasının işığında o bıçaq yarasını diqqətlə müayinə etdi: heç bir şübhə yox idi ki, meyit basdırılandan sonra, qəbri açıb döş qəfəsini zədələmişdilər. Həmin gecə başqa bir neçə meyitdə də bu cür bıçaq yaraları tapıldı və o meyitlərin, demək olar ki, hamısında ya döş qəfəsi, ya da qarın nahiyəsi zədələnmişdi. Professor Zilber nə elmi ədəbiyyatda belə şey oxumuşdu, nə də ömründə belə bir hadisəyə təsadüf etmişdi və o gecə yarısı qarın nahiyəsi kəsilmiş növbəti meyiti müayinə edə-edə heç nə başa düşə bilmirdi, eyni zamanda, əlbəttə, müvəkkilin sözlərinə də («Taunu zəhmətkeş xalqın arasında kulaklar, əksinqilabçılar yayıb. Bütün bunların arxasında ingilislər dayanıb! Zəhmətkeş xalqların qəddar düşməni beynəlxalq kapitalizm dayanıb!») inana bilmirdi.
    Professor Zilber neçə gün Hadrutda bir yerdə olduqları bu adamın – Murad İldırımlının yorulmazlığına, cəsurluğuna hörmət edirdi, amma onun kor-koranə nifrətdən doğan fantastik fikirlərini də qəbul edə bilmirdi. Hərgah düşmən gəlib bu qəbirləri açırsa, meyitləri çıxarıb kəsirsə, yaymaq üçün müəyyən miqdarda hüceyrələr götürürsə, axı, ilk növbədə onun özü özünü ölümə məhkum edirdi; hərgah bu düşmən yüksək ixtisaslı mütəxəssis deyildisə, taunlu meyitləri kəsərkən mütləq özü də yoluxmalı idi, həlak olmalı idi. Müvəkkilin fərziyyəsinə görə bu alçaq işlə məşğul olanlar Iran, Türkiyə sərhədini keçib gəlmiş müsavatçı millətçilər, monarxist ünsürlər, daşnaklar, ingilis casusları, eyni zamanda, yeni həyatın, kollektivləşdirmənin qəti əleyhdarları olan yerli kulaklar, qonşu rayonlardan gizlincə Hadruta gəlmiş xalq düşmənləri idi. Hərgah bu, doğrudan da, belə idisə, həmin müsavatçılardan, daşnaklardan, monarxçılardan, casuslardan, gəlmələrdən, heç olmasa, bir neçəsi mütləq ölənlərin arasında olmalı idi. Taundan həlak olanlar isə yalnız və yalnız Hadrut camaatı və yaxın üç erməni kəndinin sakinləri idi, tanınmayan, bilinməyən, adamsız, qohumsuz meyit yox idi, əksinə, camaat ailə-ailə taundan gedirdi. O biri tərəfdən isə qəbirlərin açılması, bir neçə taunlu meyitin bıçaqla zədələnməsi göz qabağında idi.
    Bir müddət keçəcəkdi, bakterioloji dəstənin, elə bil ki, insan qüvvəsindən xaric olan bir işgüzarlığının nəticəsində Hadrutdakı taun fironluğunun sona yetməyinə az qalacaqdı və o zaman tamam təsadüfən professor Zilberə aydın olacaqdı ki, bəzi qəbirlərin açılması, meyitlərin bıçaqla zədələnməsi, yerli türkəçarəçilərin əməli imiş – guya, taun həmin bıçaqdan qorxub çəkiləcəkmiş; türkəçarəçilər də öz üsulları ilə tauna qarşı gizli mübarizə aparırmışlar və bu mübarizə onlara baha başa gəlib, hamısı meyitlərdən yoluxub taundan həlak olublar...
    Həmin gecə nöyüt lampasının zəif işığında professor Zilber meyitlərin hansı bədən üzvündən və nə həcmdə hüceyrələr qoparıldığını müayinə edə bilmirdi, amma elə bu bıçaq təmasının özü kifayət idi ki, taun, misal üçün, bu bəd əməllə məşğul olan adamın paltarına keçsin; parça isə taun mikroblarının inkişafı və yayılması üçün gözəl münbit bir zəmin idi. Əlbəttə, təcili tədbir görmək lazım idi. Professor Zilber səhər saat beşdə gəlib Hadrutda qaldığı otağa çatdı, arxası üstə çarpayıya sərildi, amma heç on dəqiqə də yata bilmədi, yerində o tərəf-bu tərəfə çevrildi, səhər açılanda– Zilberin yaşadığı o kiçik məktəb sinfinin pəncərəsindən başı qarlı dağlar təzəcə görünməyə başlayanda Bakıdan Azərbaycan SSR Xalq Komissarları Sovetinin teleqramı gəldi; professoru geniş məlumat vermək və xüsusi tədbirlər planı hazırlamaq üçün təcili Bakıya çağırırdılar. Baş Siyasi Idarə müvəkkilinin Bakıya göndərdiyi məlumat öz işini görmüşdü.
    Elə yolda ikən professor Zilber yeddi bənddən ibarət plan hazırladı və həmin plan Bakıda Azərbaycan SSR Baş Siyasi Idarəsinin rəisi, Azərbaycan çekistlərinin sınanmış rəhbəri Mir Cəfər Bağırovun iştirakı ilə Xalq Komissarları Sovetinin xüsusi iclasında diqqətlə, hərtərəfli müzakirə edildi və təsdiq olundu. Plan bundan ibarət idi:
    1. Xəstəlik olan rayon ordu ilə əhatə olunmalıdır ki, kimsə taunu yoluxdura biləcək bir şeyi kənara çıxara bilməsin.
    2. Bütün meyitlər yandırılmalıdır.
    3. Bütün rayon əhalisi üçün isti çadırlar və alt paltarlarından tutmuş üst paltarına, ayaqqabıyacan tam geyim komplekti göndərilməlidir.
    4. Bütün əhali çılpaq soyundurulmalı, göndərilmiş paltarlarla geyindirilməli və evlərindən çadırlara köçürülməlidirlər. Bu əməliyyat ciddi nəzarət altında olmalıdır ki, heç kim təzə paltarına taunlu paltarın mikrobunu keçirməsin. Əyindən çıxarılmış paltarın hamısı həmin şəxslərin öz evində qalmalıdır.
    5. Evlərdən çadırlara köçürülmə zamanı taunlu xəstələrlə birinci dərəcəli və ikinci dərəcəli təmasda olan şəxslərin hamısının təcrid edilməsi təmin olunsun.
    6. Epidemiya yayılmış əraziyə kimyəvi dəstələr göndərilməlidir ki, onlar bütün binaları, tikintiləri xlorpikrinlə dezinfeksiya etsinlər. Xlorpikrin – taun zamanı ən yaxşı dezinfeksiya vasitələrindən biridir: taun mikrobunu, bitləri, gəmiriciləri məhv edir və beləliklə, infeksiyanın insana keçməsinin qarşısını alır.
    7. Epidemiya baş vermiş rayona həkim-gigiyena dəstələri göndərilməlidir. Iclas qurtardıqdan sonra, professor Zilber otaqdan çıxmaq istərkən Azərbaycan SSR Baş Siyasi Idarəsinin rəisi Mir Cəfər Bağırov onun qarşısında dayandı və bir neçə an zəndlə professorun gözlərinin içinə baxdı. Bu qaraqabaq, ömründə, elə bil ki, heç vaxt gülümsəməmiş, dodaqlarından heç vaxt təbəssüm qaçmamış ciddi adam indicə qurtaran iclasda çox az danışırdı, amma professor Zilber burasına da fikir vermişdi ki, Baş Siyasi Idarə rəisi az danışsa da, nə deyirdisə, dərhal qəbul olunurdu, başqa komissarlar, o cümlədən, Xalq Komissarları Sovetinin sədri bəzən Hadrutda tauna qarşı mübarizə ilə əlaqədar ayrı-ayrı məsələlər barədə bir-birləri ilə mübahisə etsələr də, bu qaradinməz adamın təklifləri ilə bağlı heç bir etirazlarını bildirmirdilər. Görünür, son günlər yalnız və yalnız taunla məşğul olduğu üçün, birdən-birə professor Zilberə elə gəldi ki, Mir Cəfər Bağırovun girdə çeşmək şüşələrinin arxasından baxan gözlərində də bir taun zəhmi var.
    Professor Zilber keçirdiyi bu xoşagəlməz hissdən və bənzətmədən diksindi.
    Mir Cəfər Bağırov isə kobud barmağı ilə hədələyə-hədələyə o bir neçə anlıq sükutu pozdu:
    – Smotrite, professor, mı sledim za vsem xodom sobıtiy! A vas mı toje xoroşo znayem! Imeyte eto v vidu! I ne zabıvayte konsperasiyu! Konsperasiya obyazatelna! Professor Zilber nəsə demək istədi, amma heç nə demədi və yalnız ona görə yox ki, yorğun idi, ona görə də yox ki, Hadrutdan nigaran idi və ora tez qayıtmaq istəyirdi, adicə olaraq boş-boşuna danışmağa və mübahisə etməyə vaxtı və həvəsi yox idi; həm də ona görə ki, elə bil, Mir Cəfər Bağırovun girdə çeşmək şüşələrinin arxasından baxan gözlərindəki o taun zəhmi bu adama etiraz etməyə, bu adama cavab qaytarmağa imkan vermirdi.
    Professor Zilberə tapşırmışdılar ki, Hadrutdakı taun epidemiyasını gizlin saxlamaq üçün, yəni konsperasiya məqsədilə Bakıya göndərdiyi bütün rəsmi xəbərlərdə, məlumatlarda (qeyri-rəsmi, yəni şəxsi məktublaşmada isə bu barədə bir söz demək qəti qadağan idi!) «taun» sözünü «filiz» sözü ilə (rusca «ruda» sözü ilə) əvəz etsin və Hadrutdakı o cəhənnəm əzabı içində bu «filiz» sözünün mənasızlığı və məntiqsizliyi də professor Zilberi bir tərəfdən təngidirdi, bəzən bu söz onu çaşdırırdı və yorğunluq-arğınlıq içində bir məlumatı iki dəfə, hətta üç dəfə yazmalı olurdu. Iş o yerə gəlib çatmışdı ki, stansiyadakı nümayəndələr də tələb edirdilər ki, arayışlardakı «taun» sözü «filiz»lə əvəz edilsin və bir dəfə professor Zilber nümayəndələrə göndərdiyi növbəti arayışda nəzərdən qaçırıb «taun» sözünü yazanda, nümayəndələr onu stansiyaya çağırdılar: professor Zilber ayaq üstə vaqonun qabağında dayandı, Xalq Səhiyyə Komissarlığının və Mərkəzi Icraiyyə Komitəsinin nümayəndələri isə, taunun qorxusundan vaqondan çıxmağa (yaxud professor Zilberi vaqona çağırmağa) cürət eləməyərək, başlarını vaqon pəncərəsindən çıxarıb bir-birilərinə macal vermədən onun üstünə qışqırmağa başladılar, hətta az qaldı ki, professor Zilberi düşmən və təxribatçı elan etsinlər...
    Azərbaycan SSR Xalq Komissarları Sovetindəki həmin iclasdan sonra, dərhal Hadruta qayıdan professor Zilber Mir Cəfər Bağırovla o cürə üzbəüz dayanmağını hərdənbir yadına salırdı, onun girdə çeşmək şüşələrinin arxasından baxan gözlərini, elə bil, yenidən görürdü və öz-özünə fikirləşirdi ki, vay o günə ki, belə bir adam hakimiyyət başına keçə...
    Hadrutla bağlı ətraf rayonlarda cürbəcür şayiələr gəzirdi və Şuşaya da xəbər yayılmışdı ki, Hadrutu bağlayıblar, o tərəflərə heç kimi buraxmırlar və deyirdilər bu, guya ona görə idi ki, Hadrutda bir dəstə düşmən ifşa olunub, kollektivləşməyə qarşı ziyançılıq işləri ilə məşğul imişlər və guya indi onların bütün rayon üzrə istintaqı gedir.
    Xosrov müəllimin bütün fikri-zikri seminarın gedişatında idi və əvvəlcə bu şayiələrə fikir vermirdi:düşmənləri ifşa etmək indi adi bir iş idi və bundan ötrü bütün rayonu bağlamaq, əlbəttə, boş söz idi, hətta boş söz olmasaydı da, Xosrov müəllimin Hadrutda düşmən kimi ifşa ediləsi bir adamı yox idi; altı yaşlı Cəfər idi, dörd yaşlı Aslan idi, iki yaşlı Azər idi, bir də ki, Şirin idi və Azərbaycanda doqquz il idi Sovet hakimiyyəti qurulmuşdu, hələ ki, altı yaşında, dörd yaşında, iki yaşında düşmən ifşa olunmamışdı... Amma elə ki, Xosrov müəllim daha Şuşada bazar başında faytonçu Ovanesi görmədi, elə ki, Hadrutla bütün əlaqələr doğrudan da kəsildi, Xosrov müəllimin ürəyində sızıltısını bütün ömrü boyu unutmadığı bir nigarançılıq baç qaldırdı və həmin nigarançılıq onu seminarın işini yarımçıq buraxmağa, heç bir icazə almadan Hadruta qayıtmağa məcbur etdi.
    Səhər tezdən Şuşadan çıxıb yoldakı faytonlara, arabalara minə-minə axşamüstü gəlib Hadrut yaxınlıqlarına çıxan Xosrov müəllim uzaqdan yamac boyu yolu kəsmiş qızıl əsgərləri gördü; qızıl əsgərlər Hadruta getmək istəyən faytonları, arabaları, atlıları, çiyni xurcunlu piyada adamları saxlayıb geri qaytarırdılar. Xosrov müəllimə elə gəlirdi ki, bütün bunların ona dəxli yoxdu, bütün Hadrut onu tanıyır, onun Hadrutda üç uşağı, arvadı qalıb və heç kim onu Hadruta buraxmaya bilməz; yolun ortasına, kənarlarına doluşmuş, faytonların, arabaların, atların, eşşəklərin arasına yığışmış, dostları, yaxınları, doğmaları Hadrutda olan nigaran adamların içindən keçib qızıl əsgərlərə yaxınlaşdı, rəislərini soruşdu və nə dedisə də, özünü necə təqdim etdisə də, milliyətcə əsasən rus olan qızıl əsgərlər ancaq bir sözlə cavab verdilər:
    – Nelzya!.. V Qadrut nelzya!..
    – Ya je tam jivu! Tam moya semya, moi deti, moya jena!
    – Nelzya!..
    – Poçemu? Poçemu nelzya? Xot obyasnite!
    – Nelzya!..
    Əlbəttə, o zaman Xosrov müəllim bilmirdi ki, bu cavan qızıl əsgərlərə Hadruta gəlmək istəyən adamlarla söhbət etmək, Hadrutdakı hadisələr barədə bir söz demək qəti qadağan olunub (heç o cavan qızıl əsgərlərin də çoxunun Hadrutda, həqiqətən, nə baş verdiyindən xəbərləri yox idi);düzdü, Xosrov müəllim bunu bilmirdi və çox dərin bir nigarançılıq keçirirdi, amma onun o nigarançılığı, narahatlığı Hadrut müsibətinin yanında bir heç idi, Xosrov müəllim hələ bilmirdi ki, necə bir faciənin içindədi, bu faciənin əsl dəhşəti o zaman onun heç ağlına gəlmirdi...
    Amma nə isə baş vermişdi, nə isə çox ciddi bir hadisə olmuşdu, amma bu mürəkkəb dövrün, bu amansız zəmanənin özündə belə, altı yaşında, dörd yaşında, iki yaşında uşağın, bu uşaqların anasının başına nə gələ bilərdi? Qəribə idi, Xosrov müəllim yalnız baş verə biləcək siyasi hadisələr barədə düşünürdü, təbii fəlakət, misal üçün, yanğın, zəlzələ, heç ağlına da gəlmirdi.
    – Posluşayte, ya uçitel, prepodayu russkiy yazık! Sprosite lyuboqo qartrudtsa!
    Vse znayut menya! Pozvonite v ispolkom, pozvonite rukovoditelyam rayona, vse menya znayut!
    – Nelzya!.. V Qadrut nelzya!..
    – No poçemu? Poçemu nelzya? V çyem priçina? Mojet moqu bıt poleznım?
    Ya je prepodavatel russkoqo yazıka!
    – Nelzya!..
    Bu axşam evlərinə çatmağına ümidini, az qala, tamam itirmiş Xosrov müəllim yolu bağlamış yolbəndin o tərəfində qızıl əsgərlərdən birinə yaxınlaşıb nəsə deyən Qırmızı Yaqubu gördü. Qırmızı Yaqubun sifətinin rəngi, əslində, solğun idi və ümumiyyətlə, bədəncə zəif bir adam idi, inqilabdan əvvəl bütün bu tərəflərin məşhur nalbəndi idi, sonra zəhmətkeş sinfin nümayəndəsi kimi partiyaya keçdi, Qırmızı Yaqub oldu və həmin 1929-cu ildə Hadrut qəsəbə sovetində katib işləyirdi. Xosrov müəllim Qırmızı Yaqubu görəndə, elə bil ki, o axşamçağı gözlərinə işıq gəldi.
    – Yaqub yoldaş! Yaqub yoldaş!
    Qırmızı Yaqub Xosrov müəllimə tərəf baxdı. Xosrov müəllim kepkasını yuxarı qaldırdı, şərfini çənəsinin üstündən aşağı çəkdi:
    – Mənəm də, Yaqub yoldaş! Tanımadın məni? Xosrov müəlliməm də!.. Uçiteləm!..
    Qırmızı Yaqub o cavan qızıl əsgərdən ayrılıb yolbəndin yanına gəldi və
    Xosrov müəllimlə üzbəüz dayandı:
    – Niyə tanımıram! – dedi və Xosrov müəllim Qırmızı Yaqubun səsində dünyanın ən dərin bir kədərini hiss etdi və bax, elə həmin dəqiqə Xosrov müəllimin içindəki o nigarançılıq dəhşətli bir qorxu hissinə çevrildi, ürəyi ən bəd bir xəbər ərəfəsində şiddətlə döyünməyə başladı və Xosrov müəllim sonralar da uzun ömrü boyu Qırmızı Yaqubla həmin üzbəüz məqamı xatırlayanda, ürəyi eləcə şiddətlə döyünürdü, elə bil ki, yenə heç nə bilmirdi və o dəhşətli xəbərin ərəfəsində idi; Qırmızı Yaqubun səsi də dəyişmişdi və cansızlığına, çəlimsizliyinə baxmayaraq, amiranə danışan, özünü yeni hökumətin inanılmış nümayəndəsi hesab eləyən bu adam indi, elə bil ki, başqalaşmışdı, yenə də əvvəlki adi nalbənd olmuşdu; yox, bu, düşmən-zad əhvalatı deyildi.
    – Tanıdın? Bəs niyə buraxdırmırsan məni?
    – Getmə, uçitel, getməli yer deyil Hadrut!..
    – Niyə?– Bu sualı Xosrov müəllim vermədi, yox, bu – ərəfəsində olduğu o dəhşətin səsi idi, o dəhşətin sualı idi.
    Hadrutun bütün aktivinə, o cümlədən də Qırmızı Yaquba tapşırıq belə idi ki, taun haqqında bir kəlmə də söz demək olmazdı və Qırmızı Yaqubun gəlib bu yolbəndin arxasından Xosrov müəllimlə danışmağının özü də təlimatı pozmaq idi, bunun üstündə onu güllələyə bilərdilər, amma Qırmızı Yaqub Xosrov müəllimi beləcə yolbəndin ardında qoyub gedə bilmirdi, bu bolşeviki də qəhər boğurdu.
    – Soruşma, uçitel, soruşma...
    – Nə olub axı?!
    – Başını götür, get, uçitel, qaç buralardan! Bir də ömründə heç vaxt bu tərəflərə gəlmə!..
    – Sən nə danışırsan, a kişi?! Mənim orda üç balam var, ailəm var! Heç bilirsən nə danışırsan?!– Xosrov müəllim iki əli ilə yolbəndin üstündən Qırmızı Yaqubun şinelinin yaxasından yapışdı, silkələməyə başladı və silkələdikcə də o şinelin içindəki bədənin cansızlığını, yüngüllüyünü hiss etdi, hətta Xosrov müəllimə elə gəldi ki, bu saat buraxmasa, bu adam ölə bilər – əlləri süst yanına düşdü və tamam ümidsiz bir səslə: – Axı, mənim orda... – təkrar etdi, – mənim orda üç balam var, ailəm var...
    – Yoxdu, uçitel, sənin daha orda heç kimin yoxdu!.. – Və Qırmızı Yaqub daha o axşamüstü, Xosrov müəllimin böyüyüb, az qala, hədəqəsindən çıxacaq gözlərinə baxa bilmədi, arxaya çevrilib yorğun addımlarla yolbəndin yanından uzaqlaşdı. Qırmızı Yaqub işin içində idi, Hadrutda taundan həlak olanların hamısını tanıyırdı və yaxşı bilirdi ki, Xosrov müəllimin oğlanlarının üçü də, arvadı da dalbadal həlak olublar...
    Qızıl əsgərlərin komandirlərindən biri şübhə ilə Qırmızı Yaquba tərəf baxırdı və bu adamın təlimatı pozub, indicə yolbəndin yanında Hadruta gəlmək istəyənlərdən biri ilə danışdığını görmüşdü, amma o şübhəli baxışlar daha Qırmızı Yaqubun vecinə deyildi və ayaqları onu cəhənnəmin içinə – Hadruta sürüyürdü...
    Bakıdan yenicə qayıtmış professor Lev Aleksandroviç Zilber həmin gecə o qədər yorğun idi ki, ayaq üstündə güclə dayanırdı, hərdən ona elə gəlirdi ki, bu saat yıxılacaq və yatacaq və o yuxudan heç vaxt oyanmayacaq; bu yuxu hissi uzun müddət əzab-əziyyət içində susuzluqdan yanmış bir adamın birdən-birə suya rast gəlməsinə və həmin sudan içdikcə içməsinə, doymaq bilməməsinə bənzəyirdi və buna görə də professor Zilber özü də təəccüb edirdi ki, bədəninin bütün hüceyrələrini zəbt etmiş o yuxu istəyinə necə dözür.
    Odundan və meyitlərdən ibarət o nəhəng ocağın alovu get-gedə artdıqca, bu alovun işığı gecənin, elə bil ki, qapqara şam kimi qaranlığını əridib bütün ətrafa şölə saçdıqca, professor Zilberin yuxusu qaçırdı və o dəm onun gözləri yuxusuzluqdan, yorğunluqdan yox, gecənin xəncər kimi kəsən sazağında uzaq məsafədən də istisi get-gedə daha artıq hiss olunan o ocaq şöləsinin gətirdiyi sonsuz kədər hissindən qıyılırdı.
    Odunların üstünə qalanmış meyitlərin ən yuxarısındakı həkim Xudyakovun cəsədi idi və tonqalın alovu şölələndikcə bir kənarda dayanıb həyəcandan dizləri əsə-əsə, ürəkləri döyünə-döyünə o dəhşətli tonqala tamaşa eləyən yerli partiya və komsomol fəalları həkim Xudyakovu o saat tanıdı. Faytonçu Ovanesin qapıbir qonşusu olan bu xeyirxah, xoşsifət, gözütox, ziyalı adam partiya işçilərini, komsomolçuları da az müalicə etməmişdi və indi bu adamın özünün tonqalda beləcə yanması, o bir qalaq meyitin üstündə birinci olması, elə bil ki, o gecə o tonqalın qorxusunu, vahiməsini daha da artırırdı.
    Alov get-gedə qızışdıqca birdən həkim Xudyakovun əli yavaş-yavaş qalxmağa başladı; əlbəttə, tonqala baxan o adamlar başa düşürdülər ki, isti şiddətləndikcə əzələlər yığışır və həkim Xudyakovun qolu da buna görə yavaş-yavaş qalxır, amma o dəm o əlin eləcə yavaş-yavaş qalxmasında, elə bil ki, bir hədə var idi, elə bil ki, taun bütün dünyanı hədələyirdi. Eyni zamanda, o əlin o cürə qalxmasında, ümumiyyətlə, dünyanın günah işlərinə bir xəbərdarlıq da var idi və uzaqdan o tonqala baxan yerli partiya və komsomol fəalları arasında bir sıra vəzifəli adamların (bir-birlərindən xəbərsiz!) bütün içini qəribə bir hiss bürümüşdü; qorxu ilə mütəəssirliyin, peşmançılığın qarışığı.
    Bu adamlar birdən-birə haçansa gördükləri (və heç vaxt fərqinə varmadıqları!) haqsız işlərini, nə zamansa nahaq incitdikləri (və elə bil ki, tamam unutduqları!) adamları xatırlamağa başladılar və onlar indi bir peşmançılıq hissi keçirirdi, daha doğrusu, peşmançılıq hissi keçirmək istəyirdilər, nəyisə etiraf etməyə, nəyisə boyunlarına almağa, hətta ağlamağa, aman istəməyə daxili bir ehtiyac duyurdular; bəlkə də bu – əslində – qorxu hissi idi, beləcə bir qara gündə beləcə bir tonqalda yanmaq qorxusu...
    Sonra həkim Xudyakovun qolu, elə bil ki, birdən-birə qırıldı, tonqala düşdü. Silahlı qızıl əsgərlərin keşiyi altında o ocaqda həyatla beləcə vidalaşan yalnız cansız cəsədlər deyildi, o cəsəd sahiblərinin – dünənəcən, hətta bu günəcən nəfəs alan, yaşayan insanların bir də bu yer üzündə heç zaman təkrar olunmayacaq, yalnız onlara məxsus hiss-həyəcanları idi, sevinc və kədəri idi, qayğısı, məhəbbəti, hörməti və nifrəti idi və cəmi otuz beş yaşına baxmayaraq, artıq təcrübəli immunoloq, virusoloq, mikrobioloq sayılan, həyatın bəd üzü ilə tez-tez rastlaşan (və gələcəkdə də tez-tez rastlaşacaq) professor Lev Aleksandroviç Zilber gecəni qara şam kimi əridən o tonqalın qarşısında, o tonqala baxa-baxa bir insan kimi iztirab çəkirdi.
    O tonqalı qalamaq üçün Hadrutun təxminən altı kilometrliyində elə bir çüxur yer seçmişdilər ki, bu tonqalın şöləsi Hadrutda və ətraf kəndlərdə görünməsin, camaatın bu tonqaldan xəbəri olmasın, çünki taun amansızlığından dəli olmaq dərəcəsinə çatmış Hadrut camaatı bir tərəfdən də yaxınlarının, əzizlərinin beləcə yandırılmasına dözə bilməzdi, amma professor Zilberin fikrincə Hadrut camaatının qalanını xilas etmək üçün, taunun Hadrut ərazisindən kənara yayılmaması üçün belə bir tonqal – taunun özü kimi amansız bir tonqal vacib idi...
    O tonqaldan təxminən altmış-yetmiş metr aralıda dayanmış əlli nəfər əli tüfəngli qızıl əsgər, sanitarlar, bakterioloji dəstənin üzvləri bir-birlərindən iki addım, üç addım aralı durub tonqalın başına dövrə vurmuşdular. O əlli nəfər qızıl əsgər sözü bir yerə qoymadan, sövq-təbii arxalarını tonqala tərəf çevirmişdi; ona görə yox ki, tonqalı mühafizə edirdilər və qaranlığa baxırdılar ki, bu tərəflərə yaxınlaşan başqa adam olmasın; ona görə ki, tonqala baxa bilmirdilər, tonqaldan gələn yanıq ət və sümük qoxusu onların ürəyini bulandırırdı, hətta odunlar da yanıb çırtıltı saldıqca o cavan qızıl əsgərlərə elə gəlirdi ki, çırtıldayan, səs salan insan sümükləridir.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.01.2014) | Müəllif: R.C E W
Baxış: 743 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more