Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölüm hökmü-3
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>

    Günorta L.I. Brejnev yoldaşı gətirən qatar, nəhayət ki, gəlib çıxdı; qatar gəlib çıxdı, amma, görünür, əvvəlcədən planlaşdırılmış yerdə dayanmadı, L.I. Brejnevin vaqonu bir az irəlidə qaldı. Rəhbəri qarşılamağa gəlmiş rəsmi adamlar, əllərində gözəl nemətlər tutmuş milli geyimli qızlar, xalq çalğı alətlərindən ibarət böyük nəfəsli orkestrin üzvləri L.I.Brejnevin vaqonuna tərəf qaçışdı, ara qarışdı və həmin yerdən uzaqda dayanmış tələbə Murad İldırımlı həyəcanlanmış izdahamın arasından L.I.Brejnevi də, K.U.Çernenkonu da, onlarla gəlmiş başqa adamları da görə bilmədi və həmin dəm tələbəyə elə gəlirdi ki, vağzala toplaşmış adamların cürbəcür rəngli paltarlar geyinməyinə, qıpqırmızı transparantlara, şüarlara baxmayaraq, səsi zilə qalxmış qara zurnanın müşayiəti ilə hərəkətə gəlmiş kölgələrdən ibarət bir multfilmə baxır. Vağzaldakı bu çaxnaşma, bu həyəcan L.I. Brejnevin dörd tərəfi də bürümüş, qatar gələndən sonra, birdən-birə yüz dəfə artmış şəkillərinə isə sirayət etməmişdi və rəhbər o şəkillərdə qalın qaşlarının altından təmkinlə Bakı dəmiryol vağzalında baş verən bu tarixi hadisəyə baxırdı. Tələbə Murad İldırımlıya elə gəlirdi ki, elə bil, rəhbərlər, doğrudan da, adi insanlar deyil, yəni onlar adi insanlar kimi, çörək yemir, su içmir, tualetə getmirlər...
    Iki gündən sonra, 1978-ci il sentyabrın 22-də isə tələbə Murad İldırımlı L.I.Brejnevin sağ əlini gördü. Həmin gün tələbələri sübh tezdən universitetin binasının qabağında «Kommunist» küçəsinin hər iki tərəfi boyunca səkiyə toplamışdılar, yenə əllərinə Sov. IKP MK Siyasi Bürosunun üzvlərinin, üzvlüyə namizədlərin şəkillərini, transparantlar, şüarlar vermişdilər. L.I.Brejnev buradan keçib V.I.Lenin adına Sarayda Bakı şəhərinə Vətənin yüksək mükafatının təqdim olunması münasibətilə partiya, sovet təşkilatlarının, əmək kollektivlərinin, qoşun hissələrinin nümayəndələri ilə birlikdə Bakı Şəhər Partiya Komitəsinin və Şəhər Xalq Deputatları Sovetinin təntənəli iclasına gedəcəkdi. Tələbələrə tapşırılmışdı ki, rəhbər küçədən keçəndə onu uca səslə, nikbincəsinə alqışlasınlar, hərəyə ayrı-ayrı alqışlar əzbərlətmişdilər və onda iş belə gətirmişdi ki, Murad İldırımlı lap səkinin kənarında dayanmışdı, ondan irəlidə heç kim yox idi. Tələbələrdən kim özünü daha çox nikbin göstərə bilsəydi, rəhbəri ürəkdən və vəcdlə alqışlasaydı, onun işi bir o qədər yaxşı ola bilərdi, yəni, misal üçün, həmin cavanı fakültə (hətta universitet!) komsomol bürosunun üzvü seçə bilərdilər (yəni, rektorluğa, yaxud partiya komitəsinə çağırıb komsomol bürosunun üzvü təyin edə bilərdilər!), bu da o deyən söz idi ki, gələcəkdə təyinatını Bakıya ala bilərdi, komsomol işinə keçərdi, sonra partiya işinə keçərdi... Və gələcəkdə də işləri düzələrdi, tək özünün yox, bütün qohum-əqrəbasının!
    Küçənin yuxarı başında alqış sədaları qopdu və tələbə Murad İldırımlı başa düşdü ki, o küləkli havada «Kommunist» küçəsində eləcə ayaq üstə dayanmaqlarına daha az qalıb. L.I.Brejnev yoldaş gəlir və doğrudan da, elə o dəqiqə qara maşınlar bir-birinin ardınca tələbənin burnunun qabağından ötüb keçdi. Həmin maşınlardan ən irisinin və yaraşıqlısının (möhtəşəm bir maşın!) içində L.I.Brejnev oturmuşdu, sağ əlini maşının pəncərəsindən çölə çıxarıb onu alqışlamağa toplaşmış Bakı zəhmətkeşlərini (yəni tələbələri, formalarını dəyişib adi vətəndaş paltarı geymiş hərbi məktəb dinləyicilərini və milis nəfərlərini, komsomol işçilərini, aşağı vəzifəli partiya işçilərini – raykom təlimatçılarını, şöbə müdirlərini...) salamlayırdı və tələbə Murad İldırımlı o dəm rəhbərin özünü görməyə macal tapmadı, yalnız əlini gördü. Rəhbərin əli adi insan əli idi, adi insanlarda olduğu kimi, beş barmağı var idi, barmaqlarının dırnağı var idi, bir az ətli idi, amma əti boşalmışdı, özü də, deyəsən, günün altında bir az qaralmışdı, tamam çılpaq, tüksüz idi – hər halda, o sentyabr səhəri tələbə Murad İldırımlı bir anın ərzində o əli o cürə görmüşdü və aradan keçən bu qədər müddətə baxmayaraq, rəhbərin əli hərdənbir tələbənin gözlərinin qabağında dayanırdı və dünən gecə – yazıq Xədicə arvadın həyatının son gecəsi də elə oldu.
    Tələbə yuxuya getmək istəyirdi və o əl qaranlıq içində yavaş-yavaş uzaqlaşırdı, amma birdən-birə qıpqırmızı bir transparantdan yapışıb təzədən gözlərinin qabağına gəlirdi və hər dəfə də o qırmızı transparantlarda iri hərflərlə əldə edilmiş xoşbəxt həyat haqqında cürbəcür şüarlar yazılırdı və tələbə nə qədər eləyirdisə də, yerində nə qədər o tərəf-bu tərəfə çönürdüsə də, rəhbərin əli o qırmızı transparantlarla birlikdə bu cavan adamın gecəyarısı elə bil ki, hov çəkmiş beynini dinc buraxmırdı. Belə anlarda tələbə yer üzündəki bütün insanlara nifrət edirdi. Quran «Nisa surəsi» ndə deyirdi: «Ey insanlar! Əgər O istərsə, sizi aparar, başqalarını gətirər. Allah buna qadirdir».
    Yəni Allah istərsə, lazım bilərsə, buna bir səbəb olarsa, insanları məhv edər, daha doğrusu, yaşayışı dəyişər, insan əvəzinə başqa bir məxluqat yaradar və o gecələr ki, tələbə yerində uzanıb dünyanın buz soyuqluğunu hiss edirdi, o zaman bu cavan adamın içindən dəli bir ehtiras baş qaldırırdı: bütün insanlar yox olaydı, bəşəriyyətin bütün tarixi pozulaydı və yer üzündə yeni bir məxluqat yaranaydı... Bəzən tələbə Murad İldırımlı özü özünə nifrət edirdi ki, insanlara bu qədər kin bəsləmək olmaz, sən özün bir heç olduğun üçün, insanları da dartıb özünlə heçliyə aparmaq istəyirsən. Sən özün layiq olmadığın halda, çox istəyirsən, çox umursan, buna görə də əzab içində yaşayırsan, elə Quranın həmin surəsində belə bir ayə də var: «Əgər siz şükr edən və iman gətirən olarsınızsa, sizə əzab vermək Allahın nəyinə lazımdır? Allah şükrə qiymət verən və hər şeyi biləndir».
    Həmin aprel gecəsi (yəni dünən) tələbə Murad İldırımlı göyümtül adyalı (bax, bu göyümtül adyalı) üstündən bir kənara atdı və qalxıb yerində oturdu. Həyətdəki krantın damcılamağı aydın eşidilirdi, amma o damcı səsiylə bərabər, nəsə qeyri-adi bir səs də eşidilirdi və tələbə rəhbərin əlinin təqibindən hələ əməlli-başlı qurtara bilməmiş, bir müddət o qeyri-adi səsə qulaq asdı və birdən-birə dərk elədi ki, bu səs– xırıltıdır və xırıltı Xədicə arvadın otağından gəlir, hətta tələbənin tükləri ürpəşdi, çünki bir anlıq ona elə gəldi ki, Xədicə arvadı boğurlar və Xədicə arvadı boğan... rəhbərin həmin əlidir...
    Sonra tamam ayıldı və yerindən dik atıldı, nəfəsini dərmədən diqqətlə qulaq asdı: xırıltı gah kəsilirdi, gah da şiddətlənirdi və tələbə... qorxdu; öz otağının qapısını itələyib açdı, bir müddət də qulaq asdı, sakitlik içində o xırıltıyla bərabər, öz ürəyinin də döyüntüsünü eşitdi, sonra qaranlıqda Xosrov müəllimin qapısına tərəf baxdı, barmaqlarının ucunda ehtiyatla addımlaya-addımlaya – elə bil, kimisə yuxudan oyatmağa qorxurdu– Xosrov müəllimin qapısının qabağına gəldi.
    Qapının döyülməyilə Xosrov müəllimin hövlnak: «– Kimdi?» – soruşmağı bir oldu. Xosrov müəllim işığı yandırdı, qapını açdı və tələbə yalnız Xosrov müəllimi ağ tuman-köynəkdə görəndən sonra, özünün əyninə şalvar geymədiyini, nazik, əyri və tüklü qılçaları çılpaq halda, balaqları uzun göy trusiklə (bu göy trusiki – «işdan»ı hələ kənddə kitabxanaçı işlədiyi vaxtlar almışdı) gəlib kişinin qabağında dayandığını başa düşdü...
    Xosrov müəllim irəlidə, tələbə də onun ardınca Xədicə arvadın otağına girdilər, Xosrov müəllim işığı yandırdı və tələbə Murad İldırımlı bu səkkiz ay müddətində birinci dəfə Xədicə arvadı yatağında gördü: yorğanı sinəsinəcən üstünə çəkmiş Xədicə arvad boynunu yana büküb gözlərini qırpmadan qapının aşağısına tərəf baxırdı, hətta tələbəyə elə gəldi ki, Xədicə arvad Balaniyazın göstərdiyi o siçan deşiyinə baxır; arvadın ağzından ağ köpük axıb boğazına, ağ gecə köynəyinin yaxasına, xırda gül naxışlı balıncına tökülmüşdü. O ağ gecə köynəyi, o xırda gül naxışlı balınc üzü o qədər təmiz idi, o yataqda o qədər sadəlik və təmizlik var idi ki, tələbə bircə anın içində bu arvadın xəsisliyini də, acgözlüyünü də, ikiüzlülüyünü də yadından çıxardı, yatağın o təmizliyi o gecəyarısı Xədicə arvadın özünün təmizliyindən xəbər verdi...
    Xədicə arvad daha xırıldamırdı, Xosrov müəllim nikeli parıltıdan düşmüş köhnə dəmir çarpayıya yaxınlaşıb diqqətlə ev sahibəsinə baxdı, sonra arvadın göz qapaqlarını bağladı, belə bir məqamda çox sakitcəsinə: «– Gedək geyinək...» – dedi və tələbə, Xosrov müəllimin bu sakitliyində dünyanın hər üzünü görmüş bir təcrübə, daha dünyadan heç nə ummayan bir əlacsızlıq duydu.
    Elə ki, ikisi də geyindi, təzədən Xədicə arvadın otağına gəldi (tələbə çalışırdı ki, yazıq Xədicə arvadın ağappaq, donmuş sifətinə baxmasın), Xosrov müəllim yuxarıdan aşağı diqqətlə tələbə Murad İldırımlıya baxıb (bayaq da beləcə bir diqqətlə Xədicə arvada baxmışdı) birdən-birə gülümsədi: «– Qapını döyəndə məni yaman qorxutdun...» – dedi. Xosrov müəllimin o gülümsəməyində Xədicə arvadın ağappaq gecə köynəyini, xırda gül naxışlı balıncını bulamış o köpük kimi ət ürpəşdirən bir şey var idi...
    ... Molla Əsədulla Quranı büküb səliqə ilə qarşısına qoymuşdu və gözlərini əlində çevirdiyi təsbehə dikib bir söz demirdi; sonra gözlərini təsbehdən çəkib Balaniyaza baxdı və həmin boğuq səsiylə:
    – Işlər çoxdu də deyirsən, Balaniyaz ?.. – soruşdu.
    Balaniyaz da gözlərini həyətin kənar-bucağından çəkib:
    – Əh, bilirsən nə qədərdi, molla əmi?.. – dedi. – Əl-əlbət çoxdur.
    – Bir söz eşitmişəm axı, Balaniyaz... Deyirlər ki, o köhnə dəyirman var e,
    «Xaqani» küçəsində, o dəyirman day işdiyə bilmir, nöşün ki, day gücü çatmır bu boyda şəhərin çörəyini çatdursun. Ancaq deyirlər ki, onu bağlamaq olmaz, söküb dağıtmaq olmaz, nöşün ki, orda o qədər siçovul, siçan var ki, bağlasalar a, ya söksələr o dəyirmanı, bütün şəhəri basar... Düzdü, alə, bu xəbər? Molla Əsədulla bu sözləri çox ciddi deyirdi, amma bu sözlərdən sonra Balaniyazdan başqa məhəllə kişilərinin hamısının sifətinə yenə bir təbəssüm qondu və hamı da həmin təbəssümlə Balaniyaza baxdı.
    Balaniyaz:
    – Ələdi... – dedi. – Əl-əlbət ələdi! Bu siçovul-siçan ki, var, bunnarnan mübarizə aparmaq, vayna eləmək çox ağır bir məsələdi. Orda, o dəyirmanda elə siçovullar var ki, pişiklər qorxurlar onnardan, görəndə qaçıb gizlənirlər.
    Molla Əsədulla:
    – Pay atonan! Alə, sən özünnən muğayat ol!.. – dedi, yenə gözlərini əlində çevirdiyi təsbehə dikdi və yalnız bundan sonra mollanın da sifətindən yüngül bir təbəssüm keçdi.
    Balaniyaz isə eyni ciddiliklə, hətta bir balaca lovğalıqla:
    – Mənnən arxeyin olginə! – dedi.
    Tələbə Murad İldırımlı Balaniyaza baxırdı; Balaniyaz, əlbəttə, «Əzizimin cəfası» romanını oxumamışdı və heç vaxt da oxumayacaqdı, amma Balaniyaz, əslində, xoşbəxt adam idi, çünki onun o romanı oxumağa ehtiyacı yox idi, yəni ömrünü siçanlarla mübarizəyə həsr etmiş bu adam o romanı oxuya bilməməyinin əzabını çəkmirdi... Balaniyaz Xədicə arvada oxşamırdı, amma o dəqiqələrdə Balaniyazda eynilə anasının yatağındakı o xırda gül naxışlı balıncın, o ağ gecə köynəyinin sadəliyi və təmizliyi var idi və elə bunun özündə də Siçan Balaniyaz tələbə Murad İldırımlıdan artıq bir məxluq idi– hər halda, o aprel günü, o həyətdə, o məhəllə kişilərinin arasında tələbə belə hiss edirdi.
    Qəbiristanlığa gedənlər isə belə bir pis xəbərlə geri qayıtdılar ki, Tülkü Gəldi Qəbiristanlığında yer yoxdu və yazıq Xədicə arvadı orada dəfn etmək mümkün olmayacaq.
    Molla Əsədulla:
    – Mən süzə dedim də!.. – dedi. – Onnardan yer almaq olar?..
    Bu xəbər gedib məhəllə arvadlarına da çatdı və Xədicə arvadın evinə toplaşmış arvadlar təzədən kövrəlib ağlamağa başladılar. Kişilərin sifətində bayaqkı o təbəssümdən əsər-əlamət qalmamışdı:
    – Alə, belə də iş olar? Ölümüzü basdırmağa yer tapmırıq...
    – Neyniyək? Aparıb qoca arvadı çöldə basdıraq?
    – Alə, onu təzə qəbiristanlığa aparsaq a, o çölün düzünə, bilirsən ruhu necə qarğış eliyəcək bizə?!
    – Alə, belə də xarabaxana olar? Dünyada hansı ölkədə adam yer tapmır ki, dədə-baba qəbiristanlığında ölüsünü basdırsın?
    – Alə, belə də hökumət olar?
    Bu vaxt çörəkçi Ağabalanın arvadı, yazıq Xədicə arvadın evinin pəncərəsindən həyətə boylandı və belə bir məqamda abır-həyanı yaddan çıxarıb oğluna tərəf qışqırdı:
    – Alə, kişi döyülsüz süz? Bu arvada nöş yer tapmırsız orda?
    Çörəkçi Ağabalanın əsgərlikdən qayıtmış oğlu bu qədər kişinin içində anasının ö cürə qışqırmağından və bu cürə sözlər deməyindən daha artıq pərt oldu və gözləriylə qəzəb qığılcımı saça-saça:
    – Sən öləsən!– dedi. – Gedib soxasan bıçağı oradakilərin ciyərlərinə...
    Molla Əsədulla çörəkçi Ağabalanın oğluna baxdı:
    – Alə, – dedi. – Sən onnarın ciyərinə bıçaq soxa bilərsən?
    – Nöş soxmuram? Lap başlarını da kəsərəm!
    Molla Əsədulla sağ əli ilə təsbeh çevirə-çevirə sol əlini havada yellədi:
    – Ay-hay... Onnarnan bu boyda Sovet hökuməti bacarmır.
    – Nöş bacarmır? Istəsə, bacarar.
    – Bəs nöş istəmir, alə? Istəsin də...
    Çörəkçi Ağabalanın oğlu hirslə yerindən qalxdı, amma Molla Əsədulla həmişəki təmkininə yaraşmayan bir sərtliklə:
    – Otur!.. – dedi və dərhal da səsi mülayimləşdi. – Otur, bala, otur... Sən onnarı tanımırsan... Onnarnan hərbə-zorba danışmaq olmaz, nə Allah tanıyırlar, nə də hökumət. Ya gərək maya qoyasan, ya da gərək adamın olsun... Ya da ki... – Molla Əsədulla gözlərini bir-bir məhəllə kişilərinin sifətində gəzdirib Xosrov müəllimdə saxladı. – Ya da ki, bir az belə savaddı-zaddı danışasan onnarnan...
    – Savaddı adam sən!
    – Yox e-e-e. Orda mənim ağzıma baxan kimdi? Alə, onnarda müsəlmançılıqzad qalıb begəm? Yenə, heç olmasa, tanımadıqları adam olsun, rusca-zadcada ki, danışan olsun... Mətbuatdan-zaddan bir az görürsən ki, çəkinirlər... Molla Əsədullanın bu sözlərindən sonra, məhəllə kişilərinin hamısı başlarını çevirib Xosrov müəllimə baxdı, çünki hamı bilirdi ki, bu uzun, arıq və qaradinməz adam əvvəllər müəllimlik edib, rus dilindən dərs deyib və indinin özündə də həmişə qəzet oxuyur. Təkcə Balaniyaz Xosrov müəllimə baxmırdı, gözləriylə həyətin küncbucağını axtarırdı. Xosrov müəllim məhəllə kişilərinin baxışları altında özünü, elə bil ki, daha artıq naqolay hiss etdi və o da öz növbəsində tələbəyə baxdı. Molla Əsədulla Xosrov müəllimin bu baxışını tutdu və tələbə Murad İldırımlıya müraciətlə:
    – O arvad sənin xətrüvü ələ çox istəyirdi ki!.. – dedi, sonra açıq-aşkar bir hirslə Balaniyaza baxdı.
    Balaniyaz tələsik Molla Əsədullanın sözlərini təsdiq etdi:
    – Bəli!.. Əl-əlbət, belə idi!..
    Molla Əsədulla:
    – Görürsən? – dedi. – O arvad, Allah ona rəhmət eləsün, sənün xətrüvü bunnan... – Molla Əsədulla əli ilə Siçan Balaniyaza işarə etdi, – bunnan... az istəmirdi...
    Siçan Balaniyaz yenə də gözləri ilə həyətin künc-bucağını axtarırdı, eyni zamanda başını tərpədə-tərpədə Molla Əsədullanın da sözlərini təsdiq edirdi:
    – Əl-əlbət!.. Əl-əlbət!..
    Birdən-birə o yazıq Xədicə arvadın tum kisəsi tələbənin yadına düşdü və tələbə fikirləşdi ki, yəqin bir neçə gündən sonra Balaniyaz o kisədəki tumu aparıb evdə uşaqlarına verəcək və uşaqlar da o tumu ləzzətlə çırtlayacaqlar, heç nənələrini yadlarına da salmayacaqlar. O tum kisəsi də, o balaca taxta kətil də, Xədicə arvadın özü də yalnız bu həyətin, bu qapı-bacanın yadında qalacaq və bir vaxt gələcək ki, buldozerlər bütün bu məhəlləni də söküb-dağıdacaq...
    Molla Əsədulla təzədən üzünü çörəkçi Ağabalanın oğluna tutdu:
    – Sən otur... – dedi. – Qoy bunnar getsin. Allah kərimdi...
    Və həmin aprel günü tələbə Murad İldırımlı ilə Xosrov müəllim Tülkü Gəldi
    Qəbiristanlığına getdilər ki, yazıq Xədicə arvadı orada dəfn eləməkdən ötrü yer alsınlar.
3
ƏBDÜL QAFARZADƏ


    Əbdül Qafarzadənin çarpayısı yataq otağının küçə pəncərəsi ilə üzbəüz idi və o, adəti üzrə sübh tezdən yuxudan duranda ilk növbədə bayırın işığını görürdü, daha doğrusu, bayırın rəngini görürdü və həmin rəng çox zaman bu adamın bütün gününün rənginə çevrilirdi; çarpayıda gözünü açıb bayırın rəngini tutqun görürdü və elə olurdu ki, həmin gününü başdan-başa qayğıların içində keçirirdi, mənfi emosiyalar bir-birini əvəz edirdi, bircə dənə də olsun, ürəkaçan şey olmurdu ki, ürəyi açılsın, üzü gülsün. Bunu bəlkə də özünə təlqin etmişdi, bilmirdi, amma, hər halda, bu belə idi, hətta qış zamanı sübh tezdən hələ hava qaranlıq olanda da onun üçün o qaranlığın tutqunu – ürək sıxanı və aydını – ürək açanı var idi.
    Uşaq bu dünyadan köçəndən sonra düz altı il idi ki, Qaratel nəinki əriylə bir çarpayıda, hətta Əbdül Qafarzadə ilə bir otaqda da yatmırdı və bütün bu altı ildə gecələr Qaratel nə çəkirdi, bunu bir Allah bilirdi, bir də ki, Əbdül Qafarzadə görürdü, hiss edirdi və belə vaxtlar Əbdül Qafarzadə özü öz köməksizliyindən, dünyanın beləcə əlacsız işlərindən o qədər sarsılıb, bədbinləşirdi ki, doğrusu, heç yaşamaq istəmirdi, bütün həyatı, bütün əzab-əziyyəti ona yaşayışın özü kimi mənasız görünürdü.
    Əbdül Qafarzadə hər gecə yerinə girib yuxuya getməzdən əvvəl, içindən bir filosof baş qaldırırdı, dünyaya baxırdı, dünyanın bütün mənasızlığını görürdü, «– Yat, – deyirdi. – Başını yorma. Sənin kimi milyard-milyard insanlar gəlib bu dünyaya, milyard-milyard da insanlar köçüb. Sən nə birinci, nə də sonuncusan... Yat!», amma yata bilmirdi və çox zaman həmin gecə filosofu açırdı sandığı, tökürdü pambığı; bəzən Əbdül Qafarzadəyə elə gəlirdi ki, hamamdadı və o filosof da onu soyundurur, bir-birinin üstündən geydiyi paltarları bir-birinin üstündən də onun əynindən çıxarır, tamam soyundurub çılpaq eləyir. O gecə filosofu əməllərə qiymət verirdi, sözlərə, hərəkətlərə qiymət verirdi, sonra yavaş-yavaş mürgü içində əriyib yox olurdu; sonra da pəncərədən görünən rəngdə bir səhər açılırdı, gün başlayırdı və həmin filosof unudulurdu, yaddan çıxırdı, bir də gecə yatmaq üçün yerinə girəndə qayıdıb gəlirdi, səhər ilə gecə arasındakı ömür isə həmişəki minvalı ilə davam edirdi.
    Həmin aprel günü sübh tezdən gözlərini açanda Əbdül Qafarzadə qışdan sonra ilk dəfə günəşin istisini hiss etdi və pəncərənin şüşəsindən süzülüb gələn və lap güclə duyulan o günəş istisi bütün içinə incə, xəfif bir hərarət gətirdi; o hərarətin həmin incəliyində, xəfifliyində elə bil ki, bir uşaq təbəssümü var idi və Əbdül Qafarzadəyə elə gəldi ki, elə bil, bütün içini, bütün bədən üzvlərini tərtəmiz yuyublar, tamam təmizlik, paklıq və sağlamlıq içindədi, elə təmizdi ki, şüşə kimi bu tərəfdən baxsan, o biri tərəf görünəcək, qollarını geniş açıb, sinəsini qabartdı, ciyər dolusu nəfəs aldı, elə bil, dünyada heç bir dərd-sər yox idi, qayğı yox idi, sonra gözlərini qıyıb yenə də bayırın o təmiz, o ilıq işığına baxmaq istədi, amma bu dəfə birdən-birə idarədəki kabineti yadına düşdü və o kabinetin pəncərələrindən görünən qəbir daşları gözünün qabağına gəldi və tanış bir sarsıntı ilə Əbdül Qafarzadənin bütün varlığı üşüdü; o xəfif hərarət çirkab içində boğulub yox oldu.
    Əbdül Qafarzadə özü də bilirdi ki, dünyanın ən qəmli, kədərli yerində işləyir; neçə illər idi ki, Qəbiristanlıq Idarəsinin müdiri idi. Həmin qəbiristanlığa camaat arasında Tülkü Gəldi Qəbiristanlığı deyirdilər və Əbdül Qafarzadə həmişə fikirləşirdi ki, camaat bu qəbiristanlığa niyə belə bir ad qoyub? Qəbiristanlıq Sulu dərə deyilən yerin yuxarısındakı dikdirdə idi. Deyirdilər ki, guya, qədim qəbiristanlıqdır, amma Əbdül Qafarzadə burada bir dənə də olsun qədim qəbir daşı tapmamışdı. Ən qədim qəbir 1913-cü ildə rəhmətə getmiş Məşədi Mirzə Mir Abdulla Məşədi Mir Məmmədhüseyn oğlunun qəbri idi, Allah o kişiyə rəhmət eləsin, deyəsən, bu Tülkü Gəldi Qəbiristanlığında dəfn edilmiş ilk şəxs də elə o rəhmətlik imiş. Əlbəttə, bəlkə ondan da əvvəl dəfn olunmuş şəxslər olub, qəbirləri itib-batıb, çünki, əslində, müsəlman dininə görə, qəbir gərək itib yox olsun, torpağa qarışsın. Indiki kimi deyil ki, kimin pulu var, ölüsünün qəbrinin üstünü təmtəraqla götürdür, heykəl də qoydurur. Amma heykələ layiq adam olub? Baxıb görəcəksən ki, yox... Qədimdə piranə bir adam olurdu, alim olurdu, şair olurdu, dünyanı bilibtanımış bir nurlu insan olurdu, Şeyx Nizami kimi, camaat məqbərə tikirdi, pirə çevirirdi o alicənab şəxsin qəbrini. Amma indi o adamın qəbri başdan-başa mərmər içindədi ki, raykom katibi olub, dükan müdiri olub, ya qəssab olub, hər kim olubsa, pullu olub; bəxtləri də onda gətirib ki, haqq dünyasına köçəndən sonra pullarına yiyə duranların qeyrəti çatıb, heç olmasa, o rəhmətliklərə bir abidə qoyublar. Əbdül Qafarzadə nə raykom katibinin, nə dükan müdirinin, nə də qəssabın əleyhinə idi, bu nahaq dünyada hərə özünə bir gün qazanmalı idi, raykom katibi də, dükan müdiri də, qəssab da insan idi və uşaqlarını dolandırmalı idi, amma Əbdül Qafarzadə bunu daxilən qəbul edə bilmirdi ki, bütün həyatında misal üçün, bir dənə də kitab oxumayan bir qəssab, qəbrinin üstündəki heykəldə əlində kitab xəyala dalıb. Görəsən, haçansa Əbdül Qafarzadənin də qəbrinin üstündə bir şey olacaqdı? Uşaq qalsaydı, əlbəttə, olardı. Ya da ki, Qaratel əvvəlki Qaratel olaydı, onda hə. Ömər qəbir daşı düzəltdirəndi? Yenə Sevil sağ olsun...
    Əbdül Qafarzadə həmişə çalışırdı ki, bu fikri başından tez çıxarsın; bu fikir, əlbəttə, adamı əsəbiləşdirirdi, hətta bəzən sarsıdırdı, amma, əslində, nə mənası var idi? O rəhmətlik Məşədi Mirzə Mir Abdulla Məşədi Mir Məmmədhüseyn oğlu ki, 1913-cü ildə dünyanı tərk etmişdi və indi onun üçün nə fərqi var ki, qəbrinin üstündə yazılı daş qalıb? O rəhmətliyin indi sümükləri də çürüyüb... Düzdür, bu fikirdə təzə bir şey yoxdu, məlum məsələdir, amma həqiqət nədir? Bir şey ki, məlum məsələdir, deməli, həqiqətdir də.
    Əbdül Qafarzadənin beyni iti işləyirdi və hərgah insanlar iki yerə ayrılırdılarsa – ürəklə yaşayan adamlar və beyinlə yaşayan adamlar – Əbdül Qafarzadə daha artıq dərəcədə beyinlə yaşayan bir adam idi və belə bədbin məqamlarda da beyin sövq-təbii onun köməyinə çatırdı.
    O rəhmətlik Məşədi Mirzə Mir Abdulla Məşədi Mir Məmmədhüseyn oğlunun sümükləri çürüsə də, çürüməsə də, bütün bunların mənası olsa da, olmasa da, hər halda, qəbiristanlıqların tarixi layiqincə öyrənilməlidir. Əbdül Qafarzadə bu barədə yuxarı təşkilatlara, hətta Elmlər Akademiyasına da məktub yazmışdı. Düzdü, ayrı-ayrı tarixi qəbir daşları, xüsusən, məqbərələr təmir olunurdu. Mədəniyyət Nazirliyi bəzi qəbiristanlıqlarda bərpa işləri aparırdı, amma qəbiristanlıqların tarixi bir kompleks şəklində öyrənilmirdi. Arxeoloqlar qədim qəbiristanlıqlar aşkar eləyirdilər, qazıntı işləri aparırdılar, amma Əbdül Qafarzadə indi də istifadə olunan şəhər qəbiristanlıqlarını nəzərdə tuturdu, bu qəbiristanlıqların tarixi öyrənilməli idi. Qəribə idi, o kilsələr ki, indi orqan musiqisi üçün uyğunlaşdırılmışdı, yaxud o məscidlər ki, misal üçün ayaqqabı fabrikinə çevrilmişdi, camaat üçün daha əziz olurdu (camaat küçədən keçəndə baxırdı, başını bulayırdı, hiddətlənirdi, atalarının, babalarının xatirələrini danışırdı, ədalətsizlikdən, hörmətsizlikdən deyirdi...), nəinki işləyən, fəaliyyət göstərən kilsə, ya məscid. Qəbiristanlıq da o cür.
    Yaxşı ki, indi yazı-pozu işləri aparılır, dəfn olunanların kağız-kuğuzu arxivlərə göndərilir, amma arxivlər də bir gündədi ki, gəl görəsən və Əbdül Qafarzadə (yerindən qalxıb əl-üzünü yumuşdu) həmin yaz səhəri qonaq otağındakı divanda uzanmış Qaratelin ayaqlarını ovuşdura-ovuşdura bu barədə fikirləşirdi.
    Qaratel:
    – Lazım deyil, Əbdül, get, işə gecikirsən, – deyirdi. – Əbdül Qafarzadə isə Qaratelin sözlərinə fikir vermirdi, evin içində geydiyi kişi corablarının (Əbdülün corablarının) üstündən arvadının ayaqlarını ovuşdururdu.
    Bu gün Rayon Icraiyyə Komitəsinin sədri Fərid Kazımlı Kommunal Təsərrüfatı Idarəsi işçilərinin yarımillik planların yerinə yetirilməsinin vəziyyətinə həsr olunmuş müşavirəsini çağırmışdı. Müşavirə səhər saat 10-da başlayacaqdı. Rayon Partiya Komitəsinin birinci katibi M.P. Qəribli də müşavirənin işində iştirak edəcəkdi (bunu dünən Fərid Kazımlı özü zəng eləyib Əbdül Qafarzadəyə xəbər vermişdi) və Əbdül Qafarzadə istəyirdi ki, əvvəlcə işə gedib baş çəksin, sonra müşavirəyə getsin; amma sübh tezdən ki, gözünü açıb o gözəl aprel günəşinin hərarətini hiss etdi, sonra isə birdən-birə qəbir daşları gəlib durdu gözlərinin qabağında, bundan sonra qanıqaralıq lap elə səhərdən başladı.
    Qaratel özünü pis hiss edəndə bunu ərindən gizlətmək istəyirdi, amma Əbdül Qafarzadənin gözündən heç nə yayınmırdı və o dərhal başa düşürdü ki, arvadın halı yenə də xarabdı. Bu səhər də o qəbiristanlıq görümündən sonra, elə bil, əvvəlcədən nəsə hiss etdi, mətbəxə keçib həmişəki kimi çayniki qazın üstünə qoymazdan əvvəl, gedib Qaratelə baş çəkdi.
    Qaratel geyinib qonaq otağındakı divanda uzanmışdı, rəngi yenə də ağappaq ağarmışdı, bədəni buz kimi soyumuşdu, üşüm-üşüm üşüyürdü və Əbdül Qafarzadə yenə də hər şeyi (hətta müşavirəni də) yaddan çıxarıb arvadını ovuşdurdu, çay dəmləyib içirtdi, Qaratelin etirazlarına baxmayaraq, Sevilə zəng eləyib çağırdı və indi də kişi corablarının üstündən arvadının ayaqlarını ovxalaya-ovxalaya Sevili gözləyirdi ki, sonra evdən çıxsın.
    Sevil Əbdül və Qaratel Qafarzadələrin kiçik qızı idi, daha doğrusu, yeganə övladı idi, yəni indi yeganə övladı idi, çünki böyük uşaqları oğlan idi, Sevildən iki yaş böyük idi. Orduxan altı il bundan əvvəl üçcə günün içində heyif olub getmişdi...
    Bir həftə bundan əvvəl Sevilin iyirmi səkkiz yaşı tamam oldu və Əbdül Qafarzadə bu münasibətlə qızına «Qaz-24» avtomobili bağışladı. Bundan əvvəl onlara «Jiquli» almışdı, amma Ömər şəhərdə maşın sürəndə özünü itirirdi, o, «Jiquli»ni də üç-dörd dəfə vurmuşdu. Ömər pianoçu idi və Əbdül Qafarzadə həmin aprel səhəri Qaratelin ayaqlarını ovuşdura-ovuşdura Ömərin nazik, uzun barmaqlarını gözlərinin qabağına gətirdi, gülümsədi, çünki onun xoşuna gəlirdi ki, qızının ərinin beləcə zərif və yaraşıqlı barmaqları var. Indi «Jiquli» olmuşdu Ömərin şəxsən özünün maşını, «Qaz 24»ü isə Sevil sürürdü, çünki Sevil Ömərdən daha diqqətli, daha cəld idi, soyuqqanlı idi.
    Sevil gecikirdi. Əbdül Qafarzadə Sevilgilə Bakının, demək olar ki, mərkəzində, geniş eyvanları dənizə baxan beşotaqlı kooperativ mənzil tikdirmişdi, daha doğrusu, əvvəlcə üçotaqlı mənzil tikdirmişdi, sonra onların qonşuluğundakı ikiotaqlı mənzildə yaşayan ailəni üçotaqlı bir mənzilə köçürtdü və Sevilgilin mənzili oldu beşotaqlı, ikimətbəxli, iki hamamlı və iki də tualetli. Ömərin babasili var idi və indi kefi nə qədər istəyirdi, otururdu tualetdə. Düzdür, Ömər belə şeylərin bir o qədər də qədrini bilən deyildi, yəni bu mənada ki, səhərdən-axşama kimi bütün fikrizikri pianonun yanında idi və Əbdül Qafarzadə bəzən sidq-ürəkdən məəttəl qalırdı ki, insan nə qədər məşq eləyər, adamda nə qədər həvəs olar, səbr olar... Ömərin atası Mürşüd Gülcahani səfehin biri idi (özünü yazıçı hesab edirdi, amma it dəftərində adı yox idi...), bu isə elə hey çalışırdı, yorulmaq bilmirdi. Yaxşı ki, Sevil də musiqişünas idi, yoxsa bu qədər çalmağa dözmək mümkün olmazdı. Indi Sevilgilin səhərdən axşamacan piano səsi eşidən qonşularının işi lap çətinə düşmüşdü, çünki Sevilgilin səkkiz yaşlı oğlanları – Əbdül az qalmışdı Öməri də ötüb keçsin, nə oyuncaq bilirdi, nə televizor, videomaqnitafon bilirdi, məktəbdən (Bülbül adına xüsusi musiqi məktəbində oxuyurdu) qayıdan kimi portfeli bir tərəfə tullayıb keçirdi royalın arxasına, yeməsin, içməsin, elə hey çalsın və buna görə də Əbdül Qafarzadə nəvəsi üçün ayrıca bir royal almışdı; bu balaca musiqiçini o royalın arxasından ayırsaydı, təkcə babasının (yəni Əbdül babasının) gəlişi ayırardı – qapının zəngi vurulub arakəsmədən babasının səsi gələn kimi, nə çalmağından asılı olmayaraq, durub qaçırdı kişinin üstünə və Əbdül Qafarzadə onlardan çıxıb gedənəcən uşaq onun yanında otururdu.
    Ömər mənzilin bir başında öz royalında çalırdı, balaca Əbdül də bu biri başında öz royalında. Yaxşı ki, Sevil özü çalan deyildi, yazan idi, hərçənd bu iki royalın arasında yazmaq da asan iş deyildi, amma Sevil zirək qız idi, ağıllı idi, namizədlik dissertasiyasını yazmışdı, müdafiə də etmişdi, doktorluq dissertasiyasını da bitirməyinə lap az qalmışdı. Düzdü, Əbdül Qafarzadə bu işdə qızına kömək eləyirdi, amma, onsuz da, indi təkcə öz qələmiylə dissertasiya yazan kimdi? Ömər də bəyəm öz gücünə konservatoriyada professor olmuşdu? Yalnız səfeh Mürşüd Gülcahani bu cürə fikirləşə bilər, hərçənd özü kitab nəşr etdirmək istəyəndə dovşan kimi qaçıb gəlirdi qudasının – Əbdül Qafarzadənin yanına...
    Sevil konservatoriyada dosent işləyirdi, Ömərin isə professor kimi konservatoriyada xüsusi sinfi var idi, balaca Əbdül də ikinci sinifdə oxuyurdu, amma indiyə kimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dörd konsert vermişdi: simfonik orkestrlə birlikdə Motsartın reminor və Qaydnın remojor konsertlərini çalmışdı. Səkkiz yaşında uşaq...
    Sevil oğluna atasının adını qoymuşdu. Əbdül Qafarzadə nə qədər eləmişdi, olmamışdı, «– Köhnə addı, çoxdan dəbdən düşüb. Gəl uşağa yaxşı, təzə bir ad qoyaq». – demişdi, amma Sevil dediyindən dönməmişdi, «Ya xoçu, çtobı on bıl kak papa, bıl paxoj na papu...» – demişdi, o yazıq, o nakam Orduxan da: «– Pust kak xoçet, tak i delayet. V konçe konçov ona mat...» – demişdi və uşağın da adını qoymuşdular Əbdül (təkcə elə «Əbdül» olsaydı, yenə dərd yarı idi, əslində, «Əbdüləli» idi, çünki Əbdül Qafarzadənin adı pasportda «Əbdüləli» idi, «Əbdüləli Qafarzadə» və Sevil də tərslik eləyib uşağın adını elə beləcə qoymuşdu). Bu uşaq qəribə uşaq idi; təkcə o mənada yox ki, bu balaca məxluqda anadangəlmə böyük musiqi istedadı var idi (bu, həqiqətən, belə idi, Əbdül Qafarzadənin tanışlarının-filanın köməyi ilə yaradılmış istedad deyildi) və bu, Əbdül Qafarzadənin daxilini bir fəxarət hissi ilə, işıqlı bir təbəssümlə doldururdu, bəzən kişini lap kövrəldirdi də, çünki həmişə heç nədən bir şey düzəldən bu adam indi öz zəhmətinin müqabilində həmişəki kimi boşluq yox, nəsə ələ gələn, çəkisi olan bir şey görürdü (yaratdığı şəraitin, çəkdiyi xərcin müqabilində nəvəsinin istedadı dayanırdı); nəvəsi hələ lap balaca ikən Əbdül Qafarzadə onlara gedəndə uşaq atılırdı babasının qucağına, kişini bərk-bərk qucaqlayırdı və belə anlarda Əbdül Qafarzadə bütün cismi ilə hiss edirdi ki, yorğunluğu bədənindən çıxır, ona elə gəlirdi ki, uşaq babasını həddən artıq çox istədiyi üçün, Əbdül Qafarzadənin yorğunluğunu, ürəyinin ağrısını, bütün dərdini-sərini öz zərif, köməksiz canına çəkir və doğrusu, kişini dəhşət basırdı, qorxurdu ki, uşaq xəstələnər; qəribə uşaq idi... Buna görə də Əbdül Qafarzadə çalışırdı ki, nəvəsini qucağına az götürsün, qızıgilə az getsin, amma az gedəndə də darıxırdı, ürəyi qüssə ilə dolurdu, özü özünü məzəmmət eləməyə başlayırdı. Bütün bunlar hamısı əsəblərin gərginliyindən idi. Orduxandan sonra Əbdül Qafarzadənin əsəbləri xarab olmuşdu (əslinə baxsan sıradan çıxan təkcə Qaratel yazıq deyildi...), başqaları bəlkə də bunu görmürdü, hiss etmirdi («Dəmir kimi kişidir» – deyirdilər), amma özü bilirdi... Özü bildiyini bilirdi... Allah Orduxana rəhmət eləsin, onun ölümü bir ürək dolusu dərd idi, əlacsızlıq idi və keçib getmək bilmirdi...
    Əbdül Qafarzadə arvadının ayaqlarını ovxalaya-ovxalaya:
    – Bərk eləmirəm? – soruşdu. – Incitmirəm?
    Qaratel ərinə baxdı və dərdli-dərdli gülümsədi:
    – Yox...
    Əbdül Qafarzadə arvadının bu cür baxışına dözə bilmirdi, ürəyi, elə bil, çəkisizlik içinə düşürdü, xatirələr kişini əlinə alıb uzaqlara aparırdı, o vaxtlara ki, balaca uşaq idi və rəhmətlik anası da ona beləcə baxırdı; Qaratelin baxışındakı o məhrəmliyi, o doğmalığı Əbdül Qafarzadə bu dünyada ancaq uşaq vaxtı anasının gözlərində görmüşdü.
    Qaratel:
    – Sən işdən avara olma, get, – dedi. – Nigaran qalma mənnən...
    Əbdül Qafarzadə həmişəki ciddiliyi ilə:
    – Bəsdi!..– dedi və Qaratelin ayaq barmaqlarının ucunu ovmağa başladı.–
    Bəlkə corabı çıxarım ayağından, əlimin istisi keçsin bədəninə?
    Qaratel eləcə yorğun-yorğun, dərdli-dərdli gülümsədi:
    – Yox, lazım deyil... Yaxşıyam day... Vallah yaxşıyam. Sevili də nahaq çağırdın. Uşaq işin-gücün buraxıb indi başıalovlu gələcək...
    – Heç nə olmaz.
    Əlbəttə, Əbdül Qafarzadə Qarateli Moskvaya apara bilərdi. SSRI-nin ən yaxşı həkimlərinə göstərə bilərdi, amma onda gərək Qaratelin əlini-qolunu bağlayıb aparaydı, çünki Qaratel həkimə getməyə, müalicə olunmağa heç cürə razılıq vermirdi, heç həkim Bronşteyni də yaxına buraxmırdı, Qaratel həkimdən qorxmurdu, yox, Orduxandan sonra Qarateldə heç bir həvəs, heç bir maraq qalmamışdı, birdən-birə göz-görəti qocalıb əldən düşmüş bu qadın üçün həyatın, yaşamağın daha heç bir mənası yox idi.
    Bu yaxınlarda Əbdül Qafarzadənin özü həkimə (bu səfeh Mürşüd Gülcahaninin bir professor yerlisi var, Mürsəlbəyli, onun yanına) getmişdi və bundan sonra da özünə söz vermişdi ki, bir də heç vaxt həkimə getməyəcək. Həkimin ki, əlinə düşdün, vəssalam...
    Axır vaxtlar hərdənbir ürəyi təngnəfəs olurdu, öskürürdü və təxminən on gün bundan əvvəl evlərinin yaxınlığındakı poliklinikada işləyən və uzun illərdən bəri Qafarzadələr ailəsinə tibbi xidmət göstərən həkim Bronşteynin yanına getdi. Bronşteyn vaxtilə Vilnüsdə tibbi təhsil almış, başı çox qəzavü-qədər çəkmiş, müharibədən sonra Bakıda məskən salmış yəhudi bir həkim idi. Yaşı yetmişi keçməyinə baxmayaraq, bu adam başına və nazik bığına qapqara rəng qoyurdu və həmişə həkim Bronşteyni görəndə Əbdül Qafarzadəni gülmək tuturdu (bəzən tük uzandığı üçün Bronşteynin saçının və bığının dibi ağappaq olurdu və belə bir çallıq, doğrusu, o şəvə kimi qapqara cavanlıq rəngini çox pis vəziyyətdə qoyurdu).
    Həkim Bronşteyn Əbdül Qafarzadəni diqqətlə müayinə etdi, sonra qoluna girib məcburən rentgen kabinəsinə apardı, rentgen həkimi ilə birlikdə ona baxdı, sonra da Əbdül Qafarzadəyə məsləhət bildi ki, özünü yaxşı bir mütəxəssisə göstərsin. Əbdül Qafarzadə adamları gözlərindən oxumağı bacarırdı və bu dəfə də həkim Bronşteynin gözlərində bir ürkəklik, hətta bir təlaş gördü, sövq-təbii: «Işə düşdük də...» – fikirləşdi və ürəyindən çox xoşagəlməz bir nigarançılıq keçdi.
    Poliklinikadan çıxanda həkim Bronşteynin cibinə bir dənə əllilik qoydu, amma həkim Bronşteyn pulu geri qaytardı, elə qəti etiraz edib götürmədi ki, bu, Əbdül Qafarzadənin içinə dolmuş o nigarançılığı daha da artırdı.
    Səhəri gün Mürşüd Gülcahaniylə birlikdə professor Mürsəlbəylinin qəbuluna getdi. Professor Mürsəlbəyli Mürşüd Gülcahani ilə bir kənddən idi, məktəbi bir yerdə bitirmişdilər və vaxtıyla Sevilin elçiliyinə də Bakının hörmətli adamlarından biri kimi, o gəlmişdi. Əbdül Qafarzadə professorun yanına Mürşüd Gülcahani ilə birlikdə ona görə getməmişdi ki, qudası ilə Mürsəlbəyli yerliydi, yaxınıydı, yox, Əbdül Qafarzadənin bu cür yaxınlığa, vasitəçi tapmağa ehtiyacı yox idi; ona görə ki, içindəki həmin nigarançılıq, işi o yerə gətirib çıxarmışdı ki, Əbdül Qafarzadə kimi bir adam belə, professorun yanına tək getməyə, qoyacağı diaqnozu tək eşitməyə ürək eləməmişdi. Mürsəlbəyli Əbdül Qafarzadəni gülə-gülə qarşıladı, yapon aparatlarında, az qala, bir saat müayinə etdi və gülə-gülə də yola saldı. Əbdül
    Qafarzadə:
    – Axı, məndə nə var, professor? – soruşdu.
    Professor Mürsəlbəyli gödək barmaqlı, yoğun dırnaqlı, tüklü əlini tərtəmiz qırxılmış dolu və çopur sifətinə çəkdi, özündən razı halda:
    – Sənin kimi kişidə nə ola bilər? – dedi və bərkdən güldü.
    Əbdül Qafarzadə ürəyini bürümüş o nigarançılıqdan sonra, axırı ki, yavaşyavaş rahat nəfəs almağa başladı:
    – Bir dərman-zad lazım deyil? Heç nə atmayım?
    – Heç bir dərman lazım deyil.
    – Bəs yeməyim, içməyim necə?
    – Ürəyin nə istəyir ye, ürəyin də nə istəyir iç.
    Mürşüd Gülcahani gizlətməyə çalışdığı bir həsədlə Əbdül Qafarzadəyə baxdı və Əbdül Qafarzadə qudasının gözlərindəki o gizli həsədi o saat gördü, dünən həkim Bronşteynin yanına getdiyi vaxtdan bəri birinci dəfə gülümsədi: otuz il idi ki, Mürşüd Gülcahaninin mədəsində yara var idi və otuz il idi ki, bu bədbəxt oğlu bədbəxt, adam kimi yeyib-içmək üzünə həsrət idi.
    Gödəkboylu professor Mürsəlbəyli təkcə pencəyini yox, köynəyini də çıxarıb əyninə ağappaq nişastalı xalat geymişdi və xalatın yaxasından tüklü sinəsi görünürdü. Əbdül Qafarzadə həmin ağappaq nişastalı xalatın döş cibinə üç dənə şaxşax yüzlük basdı, professor Mürsəlbəyli:
    – Bay... Bu nəyə lazımdı? – dedi və bu sözləri elə ifadə ilə dedi ki, əslində, təşəkkür edirdi.
    Əbdül Qafarzadə:
    – Sənin üçün halaldı, professor, – dedi və birdən-birə həkim Bronşteynin şəvə kimi qapqara rəng qoyulmuş, bəzən də dibinin ağı görünən saçını, bığını gözünün qabağına gətirib yenə də gülümsədi: yazıq həkim Bronşteyn...
    Axşam Əbdül Qafarzadə professor Mürsəlbəylinin evinə böyük bir ağ balıq da göndərdi və alverçilərin Xəzərdən gizlin tutub gətirdikləri o böyük ağ balıq professor Mürsəlbəylinin evinə gedəndə, elə bil ki, Əbdül Qafarzadənin ürəyindəki o nigarançılığı də birdəfəclik özü ilə götürüb apardı...
    Qaratel divanın aşağısında yanpörtü oturub onun ayaqlarını ovxalayan ərinə baxdı:
    – Əbdül...
    – Nədi?
    – Istəyirəm o mücrümü elə indidən verim Sevilə...Nəyimə lazımdı e, mənim? Bir ayağım burdadı, bir ayağım orda, balamın yanında. Az qalıb day balamın yanına köçməyimə, gedib o qara torpaqda onun yanında olmağıma... Lap az qalıb e,
    Əbdül...
    – Ağzını xeyirliyə aç... – Əbdül Qafarzadə bunu dedi, amma üzünü tələsik yana çevirdi, çünki düzdü, Əbdül Qafarzadə beyinlə yaşayan adamlardandı, amma ürək də ürəkdi və bu dəm birdən-birə Əbdül Qafarzadənin gözləri əməlli-başlı doldu.
    – Əbdül...
    – Nədi?
    – Nə deyirsən?
    – Nəyə nə deyirəm? – O kövrəklik keçib getdi və Əbdül Qafarzadə yenə də arvadına baxdı.
    – Mücrünü bağışlayım Sevilə...
    – Qoy qalsın evdə.
    Otuz iki ilə yaxın idi ki, Qaratel ilə Əbdül Qafarzadə bir yerdə yaşayırdılar və bu otuz iki ildə Qaratel ərinin səsinin də bütün çalarlarını öyrənmişdi və bu dəfə də başa düşdü ki, o üç söz «Qoy qalsın evdə», əslində, söz deyil, dəmir kimi bir şeydir, deyildi, qurtardı.
    Əbdül Qafarzadə evdə, açıq-aşkarda var-dövlət saxlamağın əleyhinə idi, ona görə yox ki, qorxurdu birdən işi çətinə düşər, gəlib yoxlayarlar, görərlər; yox, Əbdül Qafarzadədə bu qorxu hissi demək olar ki, yox idi (əvvəllər var idi, amma illər birbirini əvəz etdikcə, Qəbiristanlıq Idarəsində Qırmızı Bayraqlar, Fəxri Fərmanlar, Təşəkkürnamələr artdıqca o qorxu hissi də yox olub gedirdi); ona görə ki, buna ehtiyac yox idi. Təkcə Qaratelin o mücrüsü evdə idi, bir az da nağd pul var idi. O mücrüyə Əbdül Qafarzadənin uzun illərdən bəri Qaratelə aldığı üzüklər, sırğalar, boyunbağılar, bilərziklər yığılmışdı və haçansa, uzaqbaşı, demək olardı ki, bütün bu ləl-cəvahir Qaratelə atası Axund Məhəmmədəli Ağadan qalıb. Axund Məhəmmədəli Ağa vaxtilə bütün Bakıda məşhur seyid, mükəmməl təhsil görmüş ruhani bir adam idi və elə bir şəxsdən bu cürə ləl-cəvahiratın miras qalmasında təəccüblü bir şey yox idi, hərçənd, Allah o kişiyə rəhmət eləsin, özündən sonra təkcə qədim əlyazmaları, bir də ki, müxtəlif xətlərlə yazılmış əlyazmalarında yeddi Quran qalmışdı. Əbdül Qafarzadə özündə yalnız bir nüsxə Quran saxladı, qalan altı Quranı da, başqa qədim əlyazmalarını da Respublika Əlyazmaları Fonduna bağışladı. Əbdül Qafarzadə o vaxt– iyirmi il əvvəl bunu həm o rəhmətliyin xətrinə elədi, çünki çox təmiz, alicənab, elmli bir adam idi, həm də Qaratelin və uşaqların xətrinə elədi: qoy, heç olmasa, hansı bir jurnaldasa, hansı bir tədqiqatdasa uşaqların babasının, ulu babasının adı çəkilsin, filan əlyazması Axund Məhəmmədəli Ağadan qalıb, yazsınlar.
    O mücrüdəki ləl-cəvahirat isə, doğrudan da, antikvar idi, bircə dənə də olsun müasir zinət yox idi. Əbdül Qafarzadə onların hamısını ayrı-ayrı zərgərlərdən, alverçilərdən, dəllallardan almışdı və ümumiyyətlə, Əbdül Qafarzadə öz təbiəti etibarilə müasir adam deyildi, təyyarə ilə, video ilə, maqnitafonla arası yox idi, hətta elektrik çaynikindən də zəhləsi gedirdi; cavanların ədası, geyimi, musiqisi, xüsusən, qızların şalvar geyib siqaret çəkməsi bu adamı tamam əsəbiləşdirib özündən çıxarırdı...
    Sevil gəlib çıxanda daha saat 10-a işləyirdi və Əbdül Qafarzadə evdən çıxıb avtobus dayanacağına gəldi ki, avtobusa minib elə birbaşa Rayon Icraiyyə Komitəsinə getsin. Onun öz şəxsi maşını yox idi və Bakıda heç vaxt taksiyə minmirdi, çünki Əbdül Qafarzadə bu fikirdə idi ki, 135 manat aylıq maaş alan ailə başçısının camaatın gözü qabağında taksiyə minməyinə heç bir ehtiyac yoxdur. Sevilgil ayrı məsələ. Onlar sənətkar idilər. Bundan başqa, Ömərin atası Mürşüd Gülcahani hər nə idi, adı yazıçı idi, kolxoz həyatından romanlar yazırdı; düzdü, özü əfəlin biri idi, amma Əbdül Qafarzadə hər il Mürşüd Gülcahaninin bir kitabını nəşr elətdirirdi (hər halda, quda idi!). Sevilə bağışladığı «Qaz-24»ü də Mürşüd Gülcahaninin adına almışdı. Sovet hökumətində yazıçıya kim nə deyəcəkdi? Əbdül Qafarzadə təmiz, səliqəli geyinməyi xoşlayırdı,buna görə də eyni rəngli, eyni biçimli bir kostyumdan dördünü-beşini birdən alırdı ki, dəyişik geysin, amma hamı elə bilirdi ki, kişinin cəmi bircə kostyumu var, hər gün də o bircə kostyumda gəzir, hətta bəziləri buna fikir verib təəccüb də edirdilər ki, Əbdül Qafarzadənin kostyumu heç köhnəlmir, bir il hər gün əynində olur, amma təptəzə qalır.
    Əbdül Qafarzadə avtobus gözləyə-gözləyə o gözəl yaz günəşinin hərarətini təzədən hiss etməyə başladı və hətta birdən-birə Rozanı xatırladı, Rozanın balıq kimi sürüşkən bədənini, ağappaq dolu baldırlarını, döşlərini gözünün qabağına gətirdi, amma bu vaxt avtobus gəldi və o avtobus Əbdül Qafarzadəni yenə də həyatın, necə deyərlər, cariliyinə qaytardı.
    Əhaliyə xidmət edən hər bir müəssisə kimi, Tülkü Gəldi Qəbiristanlığındakı Qəbiristanlıq Idarəsinin də illik planı var idi və illər bir-birini əvəz etdikcə bu plan da artırdı. Misal üçün – Əbdül Qafarzadə bütün bu rəqəmlərin hamısını əzbər bilirdi və ümumiyyətlə, haqq-hesab işlərində Əbdül Qafarzadənin beyni kompüter kimi işləyirdi: öz şəxsi gəliri ayrıca, dövlət gəliri ayrıca – 1980-cı ildə illik plan 430 min manat idi, 1981-ci ildə 28 min də üstünə gəldi, plan oldu 458 min manat, 1982-ci il üçün illik plan birdən-birə 140 min artırıldı və oldu düz 598 min manat, uzun sözün qısası, 1984-cü il üçün illik plan qalxmışdı 770 min manata.
    Tülkü Gəldi Qəbiristanlığı bir o qədər də böyük qəbiristanlıq deyildi və bu qədər planı vermək, əlbəttə, ağır idi. Qəbirin birinin qazılması 4 manat 42 qəpik idi, yer almaq üçün vəsiqə 44 qəpik, qəbirin üstündə yazı lövhəsi 1 manat 87 qəpik idi, tabutla dəfn eləmək 41 manat 50 qəpik, bəzədilmiş tabutla 46 manat 92 qəpik idi. Istifadəyə verilən maşının (katafalkın) saatı 3 manat 15 qəpiyə, mafə 27 manat 42 qəpiyə, orkestr isə 54 manat 78 qəpiyə idi. Adət-ənənəyə görə tabutdan, demək olar ki, istifadə edilmirdi, camaat ölüsünü mafə ilə aparıb dəfn elətdirirdi, orkestri də, əslində, heç kim dəvət etmirdi, imkanı olan öz ölüsünü basdırmaq mərasiminə məşhur sənətkarları dəvət edirdi, imkanı olmayanlar isə dəfn mərasimini musiqisiz keçirirdi (Qəbiristanlıq Idarəsinin orkestri isə – tarçı, kamançaçı, dəf çalan, klarnetçi, zurnaçı və iki nəfər də xanəndə – əsas etibarilə Bakı yaxınlığındakı Abşeron kəndlərində toylara gedirdi və hər toydan da Əbdül Qafarzadəyə çatacaq məbləği gətirib ya Vasiliyə, ya Mirzəibiyə, ya da Ağakərimə verirdi).
    Tülkü Gəldi Qəbiristanlığında hər gün orta hesabla 8 ilə 15 arası ölü dəfn edilirdi və hökumətin qoyduğu o ucuz qiymətlə o boyda planı doldurmaq mümkün deyildi. Əbdül Qafarzadə planı doldurmaqdan ötrü ölü sahiblərinə satmaq üçün nazik dəmirdən əklillər qayıran kiçik bir sex açmışdı və həmin rəngli dəmir əklilləri məcburi olaraq ölü yiyələrinə satırdı. Düzdü, o sex indi, əslində, daha əklil düzəltmirdi, çünki dəmir əklil alan ölü yiyələri o əklilləri heç bilmirdilər ki, qəbiristanlıqda hara atırdılar və Qəbiristanlıq Idarəsinin işçiləri də onları təzədən yığıb sexə gətirirdi, yağışın, küləyin altında çox qalanları ayda bir dəfə təzədən rəngləyirdilər və təzə əklillər kimi camaata satırdılar; sex, sənədlərə görə, gündə 8- 15 arası (dəfn olunanların sayı qədər) əklil istehsal edirdi və bu qədər də əklil satırdı, amma, əslində, bütün il boyu 30-40 əklil tamam kifayət edirdi – dəmir dözümlü material idi.
    Indi sex əklil əvəzinə çamadan, diş fırçası, sabunqabı, ayaqqabı geyinmək üçün dabançəkən, qapı dəstəyi, asılqan, vanna asılqanı, iri palto düymələri, cürbəcür daraqlar istehsal edirdi, bir sözlə, Əbdül Qafarzadə o sexi əməlli-başlı fabrikə çevirmişdi, müasir avadanlıq, Pribaltikadan gətirtdiyi texnika və s. Əbdül Qafarzadə bu məhsulların da bəzisini qeydiyyatdan keçirmişdi, guya, çamadanı, diş fırçasını və palto düymələrini əklillərdən qənaət edilmiş qalıqların hesabına buraxır və bu məmulatın kiçik bir qismini (rəsmi sənədlərdə göstərilən material qalıqlarının verdiyi imkan müqabilində) rəsmi müqavilə bağladığı ticarət müəssisəsinin vasitəsilə plan hesabına dövlət kassasına keçirirdi.
    Lakin planı doldurmaq üçün bunlar da azlıq edirdi və Əbdül Qafarzadə məcbur olurdu ki, dəfn mərasimləri ilə bağlı rəqəmləri şişirtsin. Xüsusən, ilin sonuna yaxın bəzən elə olurdu ki, bir gündə cəmi beş dəfn mərasimi keçirilirdi, amma Əbdül Qafarzadə bunu hesabatda 25 dəfn mərasimi kimi qeyd elətdirirdi, özündən ölü adları, ölü ünvanları yazdırırdı və dövlətin də kassasına pulu öz cibindən keçirirdi, illik planı da həmişə 4-5 min manat artıqlaması ilə yerinə yetirirdi, hər il keçici Qırmızı Bayraq, cürbəcür Fəxri fərmanlar alırdı, kommunal-məişət müəssisələrinin yarışında mükafata layiq birinci, ikinci, üçüncü yerləri tuturdu (təkcə elə həmkarlar təşkilatından iyirmidən çox təşəkkürnamə almışdı) və Qəbiristanlıq Idarəsində bütün bu keçici Qırmızı Bayraqlar, Fəxri fərmanlar, Təşəkkürnamələr üçün ayrıca bir guşə yaratmışdı. Fəxri fərmanları, Təşəkkürnamələri öz əklil sexində düzəldilmiş, gümüş suyuna çəkilmiş haşiyələrə saldırmışdı, divardan asdırmışdı.
    Sexdə düzəldilən həmin haşiyələr Əbdül Qafarzadənin xoşuna gəlirdi və o, yaxın gələcəkdə bu cür haşiyələri kütləvi surətdə istehsal etmək istəyirdi; xüsusən, kənd yerlərində elə haşiyələr yaxşı gedəcəkdi; böyüdülmüş ailəvi fotoşəkilləri, ailə başçısının böyüdülmüş fotoşəklini, ailələrdəki cavanların əsgərlikdən göndərdikləri fotoşəkilləri o haşiyələrə salıb evin divarından asmaq üçün. Əbdül Qafarzadənin belə işlərdə xüsusi duyumu var idi və indi də duyumu ona deyirdi ki, iri rayonlardan, heç olmasa, onunun ticarət rəhbərliyi ilə sövdələşə bilsə, bu haşiyələr yaxşı gəlir gətirəcək. Sonralar o haşiyələrin də satışını çamadanlar, diş fırçaları, daraqlar kimi daha da genişləndirmək olardı: Dağıstanda, başqa Qafqaz əyalətlərində, Rostov vilayətində ticarətlə bağlı Əbdül Qafarzadənin nüfuzlu və işgüzar tanışları var idi (Gürcüstanla Ermənistana isə elə Azərbaycan kimi baxırdı).
    Əbdül Qafarzadə bu cür danışıqları işin başında duran adamlarla aparırdı, dükan müdirləri, hətta univermaq müdirləri səviyyəsinə enmirdi və bütün əməliyyatın təşkilini də öz üzərinə götürürdü, çünki bütün yer üzündə ən çox etibar elədiyi bir adam var idisə, o da özü idi. Sövdə tuturdu, çox yaxşı, tutmurdu, əvəzinə ortaya başqa bir xeyirli iş çıxırdı. Haşiyələri də gizli istehsal etməyəcəkdi, zavodlarla, fabriklərlə, məktəblərlə müqavilə bağlayacaqdı. Fəxri Fərmanlardan, qruppa ilə çəkilmiş fotoşəkillərdən ötrü müxtəlif ölçülü ayrıca (yəni dövlət üçün nəzərdə tutduğunu) haşiyələr düzəltdirib, pulunu köçürmə yolu ilə ucuz qiymətə onlara satacaqdı və bu rəsmi pul da, əlbəttə, plan hesabına dövlət kassasına keçiriləcəkdi, üstəlik də Qəbiristanlıq Idarəsi qənaət etdiyi üçün mükafatlandırılacaqdı, iclaslarda, yuxarı təşkilatlara verilən hesabatlarda qabaqcıllar arasında nümunə göstəriləcəkdi.
    Düzdü, hər dəfə illik plan artırılanda Əbdül Qafarzadənin düşünüb gördüyü tədbirlər nəticəsində onun öz şəxsi qazancı da qat-qat artıq dərəcədə artırdı, planın artırılması onun üçün, əslində, şəxsi bir təşəbbüskarlıq, işgüzarlıq amilinə çevrilirdi, amma buna baxmayaraq, hər dəfə Qəbiristanlıq Idarəsinin illik planı artırılanda əsl təsərrüfatçı bir adam kimi, pulun qiymətini və qədrini bilən bir nəfər kimi, Əbdül Qafarzadədə sövq-təbii bir etiraz baş qaldırırdı və yeri gələndə özünü saxlaya bilmirdi, xitabət kürsüsünə qalxıb fikirlərini söyləyirdi (hərçənd yaxşı bilirdi ki, heç kim planı azaltmayacaqdı və əslində, dediyi fikirləri havaya püfləyir – elə yaxşısı da bu idi!).
    Həmin günəşli aprel səhəri Rayon Icraiyyə Komitəsindəki müşavirədə də
    Əbdül Qafarzadə söz istəyib xitabət kürsüsünə qalxdı.
    – Yoldaşlar! Planları yerinə yetirmək bizim hər birimizin təxirəsalınmaz vəzifəsidir. Müəyyən olunmuş planlar yerinə yetirilməlidir və bu barədə heç bir söhbət ola bilməz. Mən, az qala, otuz ildir ki, rəhbər təsərrüfat işlərində işləyirəm, bir dəfə də olmayıb ki, planı artıqlaması ilə yerinə yetirməyim...
    Rayon Partiya Komitəsinin birinci katibi M.P.Qəribli, doğrudan da, müşavirədə iştirak edirdi və həmişə yorğun, yuxusu olan bu altmış beş yaşlı adam,
    Əbdül Qafarzadənin sözünü kəsdi:
    – Bunları biz bilirik, yoldaş Qafarzadə, yüksək də qiymətləndiririk. Sizə də qabaqcıl, təcrübəli, vicdanlı bir təsərrüfat işçisi kimi, hörmətimiz var. Odur ki, özünüzü tərifləməyin. Onsuz da, biz sizi tərifləyirik, başqalarına nümunə göstəririk. Birinci katib zala baxıb yorğun gözləri ilə gülümsədi, sonra saatına baxdı: səhər yerindən duranda çay-çörək yeməyə vaxtı olmadı, tələsik raykoma getdi, günün ikinci yarısı keçirəcəyi büro iclasının gündəliyini bir də gözdən keçirdi, gündəliklə bağlı şöbələrə yeni tapşırıqlarını verdi, tələsik özünü bu müşavirəyə çatdırdı, saat on ikidə isə Rayon Yaşıllaşdırma Idarəsinin müşavirəsinə getməli idi (bu idarəni mərkəzi qəzetdə tənqid eləmişdilər), indi isə on ikiyə işləyirdi və belə məlum olurdu ki, birinci katib Yaşıllaşdırma Idarəsinə gedənəcən yenə də çörək yeməyə vaxt tapmayacaqdı; acından bu adamın qarnı quruldayırdı və o, narahat olurdu, rəyasət heyətində yanında oturmuş rayon rəhbərlərinə baxırdı ki, görsün, onlar bu qurultunu eşidirlər, yoxsa yox; rayon rəhbərləri isə, əlbəttə, özlərini eşitməzliyə vururdular.
    Birinci katib gözünü saatdan çəkib yenə də Əbdül Qafarzadəyə baxdı:
    – Məni düzgün başa düşün.
    Əbdül Qafarzadə də birinci katibə baxdı, başı ilə təsdiq etdi və dedi:
    – Mən sizi lap yaxşı başa düşürəm, yoldaş katib. Hörmətinizə görə də, qiymətinizə görə də çox sağ olun. Amma mən özümü tərifləmirəm, mən kommunistəm. Sözümün canı var. – Sonra yenə üzünü zala tutdu. – Düz iyirmi beş ilə yaxındır ki, yoldaşlar, mən, – heç birinizin ora işi düşməsin, – Qəbiristanlıq Idarəsinin müdiriyəm. Bizim də planımız var və canımızı qoyub yenə də həmişəki kimi, planı artıqlaması ilə yerinə yetirəcəyik. Mən hörmətli yoldaş birinci katibin burada olmasından istifadə edib bu barədə sizin qarşınızda söz verirəm. Bu belə. Amma indi gəlin məsələyə bir az, necə deyim, insafla baxaq. Keçən il bizim qəbiristanlıqda inişilə nisbətən 218 nəfər az adam dəfn olunub. Neyləmək lazımdı? Əlbəttə, sevinmək lazımdı, çünki 218 nəfər az adam ölüb. Amma necə sevinəsən? Bəs plan? Axı, planı artıqlaması ilə yerinə yetirməkdən ötrü gərək çox adam dəfn eləyəsən...
    Bu dəfə Əbdül Qafarzadənin sözünü Rayon Icraiyyə Komitəsinin sədri Fərid
    Kazımlı kəsdi:
    – Bəs, necə olsun, yoldaş müdir, nə təklif eləyirsiniz? Plansız təsərrüfat olar? Zala pıçıpıçı düşdü, rəyasət heyətində oturmuş rəhbər işçilər təəccüblə Fərid Kazımlıya baxdılar, çünki birinci katibin iştirak etdiyi iclasda başqa rəhbər işçilərin replika verməsi, çıxış edənin sözünü kəsməsi əxlaqdan kənar hesab olunurdu. Fərid Kazımlı da bunu, əlbəttə, çox gözəl bilirdi və yəqin elə buna görə də yavaş-yavaş qızarırdı. Birinci katib isə yuxulu gözləri ilə zala baxa-baxa heç bir hərəkət eləmədi, amma ürəyində fikirləşdi ki, deyəsən, lap açıq-aşkar qocalıram... Adi etikanı da gözləmirlər.
    Əbdül Qafarzadə eyni təmkin və ciddiliklə:
    – Mənim xüsusi bir təklifim yoxdu, yoldaş Kazımlı, – dedi. – Amma onu demək istəyirəm ki, dəfn işləri ilə məşğul olan idarələrə adi iqtisadi meyarları tətbiq etmək olmaz. Anası, bacısı, oğlu, nə bilim, dayısı, bibisi, xalası, əmisi ölmüş adamların hesabına, necə deyərlər, onların göz yaşının, ürək ağrısının hesabına planı artırmaq nə dərəcədə bizim ideologiyamızla düz gəlir? Hansı vicdandan, hansı insafdandı? Axı, söhbət hamam təsərrüfatından, ya da ki, dəlləkxanalardan getmir. Söhbət qəbiristanlıqdan gedir. Indi mən deyim, siz də, yoldaşlar, qulaq asın. Maliyyə Nazirliyi qəbiristanlıqlardan gələn gəlirlərin, demək olar ki, hamısını bizdən alır və kommunal təsərrüfatının, məişət xidmətinin maddi ehtiyacı olan sahələrinə ayırır.
    Misal üçün, mənzillərin təmirinə. Deməli, buradan nə nəticə çıxır? Fikir verirsiz? Mənzillərin yaxşı təmir olunması üçün ötrü, insanlar da çox ölməlidir ki, əzizləri onları plan hesabına dəfn eləsin? O biri tərəfdən də belə çıxır ki, kimsə, misal üçün, atasını dəfn eləyirsə, heç özünün də xəbəri yoxdur ki, eyni zamanda tanımadığıbilmədiyi bir kimsənin də mənzilinin təmirinə kömək eləyir. Bu heç adicə etikaya sığışmır. Bizim cəmiyyətimiz isə, dünyada ən humanist cəmiyyətdir və bizim cəmiyyətimizin göz yaşları hesabına başa gələn bir şeyə nə maddi, nə də mənəvi ehtiyacı var.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.01.2014) | Müəllif: R.C E W
Baxış: 715 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more