Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölüm hökmü-12
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>

    Əhməd Şirkərim kamançanı köklədi, həmişəki kimi, gözlərini yumdu və əvvəlcə bir «Segah» çaldı və o «Segah»ı o qədər ürəkdən çaldı ki, o «Segah» Moskvadakı o mehmanxana nömrəsində o qədər sirli, gözlənilməz, eyni zamanda, məhrəmanə səsləndi ki, kamançanı sevməyən, muğamatı da başa düşməyən Vasili ilə Roza da, doğrusu, bu çalğıdan həzz aldılar. Sonra Əhməd Şirkərim Azərbaycan xalq mahnılarını, oyun havalarını çaldı, təzədən muğamata qayıtdı, sonra Əbdül Qafarzadənin xahişi ilə «Sarı bülbül» çaldı; bu mahnını rəhmətlik Xıdır çox xoşlayırdı və indiki kimi Əbdül Qafarzadənin yadında idi: Xıdır qışın soyuğunda da həyətlərindəki krantdan axan buz kimi suyun altında yuyuna-yuyuna «Sarı bülbül»ü oxuyurdu – «Sarı bülbül» həmənki «Sarı bülbül» idi, Xıdır isə çoxdan haqq dünyasında idi və elə bil ki, Əhməd Şirkərim də bundan xəbərdar idi, Əbdül Qafarzadənin ürəyini sızıldadan bu xatirələri kamançanın diliylə söyləyirdi – Əbdül Qafarzadənin gözləri yaşardı; axırda «Kəsmə şikəstə» çaldı və Əhməd Şirkərim gözlərini yumub kamanın simlər üstündəki get-gəli ilə həmahəng başını yırğalayayırğalaya o «Kəsmə şikəstə»ni çaldlqca Əbdül Qafarzadəyə elə gəlirdi ki, kamançanın bu səsiylə, «Kəsmə şikəstə»nin bu sədaları ilə Rozanın o iri qara gözləri, o ağappaq tarım bədəni arasında bir doğmalıq var; bu doğmalıq qan doğmalığı deyildi, vaxt, zaman doğmalığıydı, dünyanın qədim çağlarından, tarixin səsçatmazlığından, ünyetməzliyindən xəbər verirdi və Əbdül Qafarzadə də gözlərini yumub kamançanı dinləyə-dinləyə o qədimlərə, o səsçatmaz ünyetməzliyə getmişdi. Əhməd Şirkərim «Kəsmə şikəstə»ni çalıb qurtarandan sonra, o mehmanxana nömrəsinə qəribə bir sükut çökdü və bu sükutun özündə də bir qədimlik var idi; sonra Əbdül Qafarzadə əlini pencəyinin döş cibinə saldı. Timsah dərisindən tikilmiş və az qala otuz ildən bəri cibində gəzdirdiyi iri portmanesini çıxartdı və Əhməd Şirkərimin qabağına on dənə yüzlük sayıb:
    – Halal olsun, – dedi.
    Vasili özündən razı halda Əhməd Şirkərimə baxdı və başını tərpətdi, yəni ki, gördün də...
    O şax yüzlüklərdən, Əbdül Qafarzadənin musiqini beləcə qiymətləndirməsindən vəcdə gəlmiş Əhməd Şirkərim ayağa qalxdı, kamança ilə birlikdə Bakıdan gətirdiyi skripkasını qoburdan çıxartdı, gəlib Rozanın qarşısında dayandı və yenə də gözlərini yumub Rozaya ithaf etdiyi «Oçi çernıe» çaldı...
    O gecə çarpayıda Əbdül Qafarzadənin böyrünə qısılıb yuxuya gedən Roza o üçotaqlı lüks nömrənin sakitliyi və qaranlğı içində kişinin ürəyinin döyüntüsünü aydınca eşidirdi və o döyüntüdə heç vaxt duymadığı bir doğmalıq duyurdu; həmin anlarda Rozaya elə gəlirdi ki, bu yekə və tüklü qarınlı, yaşlı kişini, həqiqətən, ürəkdən sevməyə başlayıb, hətta o yad, eyni zamanda, birdən-birə bu dərəcədə doğma olmuş kamança da, elə bil, təzədən harada isə həzin-həzin çalmağa başladı, o çalğının uzaq səsi sakitlik içindən süzülüb gəldi. Roza yuxuya gedə-gedə elə təsəvvür etdi ki, bura mehmanxana nömrəsi yox, öz evidi, yanında uzanmış bu kişi də onun əridi; Roza bir ər-arvadlıq doğmalığı, ailə mehribanlığı hiss etdi və tamam yuxuya getməzdən əvvəl Əbdül Qafarzadənin tüklü sinəsini yüngülcə tumarladı. Bakıda, Səkkizinci kilometrdə Rozanın işlədiyi əmanət kassası ilə üzbəüz köhnə üçmərtəbəli binanın üçüncü mərtəbəsində, küçə pəncərələrinin yuxarısı ilə damın arasında daşdan belə bir yazı yonulmuşdu:
1867.
MƏŞƏDI MIRZƏ MIR ABDULLA
MƏŞƏDI MIR MƏMMƏDHÜSEYN OĞLU


    Və əmanət kassasının pəncərəsindən o yazıya baxanda həmişə Rozaya elə gəlirdi ki, o rəqəmin qədimliyi, Məşədi Mirzə ömrünün həmin uzaqlığı müqabilində özünün, yəni Rozanın yaşadığı həyat, keçirdiyi hiss-həyəcanlar bir uşaq oyunudur. Indi o üçotaqlı lüks nömrədə yuxuya getməzdən əvvəl Əbdül Qafarzadənin tüklü sinəsini yüngülcə tumarladıqca Roza elə bilirdi ki, çarpayıda yox, o qədimliyin içindədi, bu etibarsız dünyada yalnız o qədimliyə etibar etmək, arxalanmaq olar və belə bir etibar hissi, arxayınçılıq duyğusu o cavan qadının bütün bədəninə bir sakitlik, rahatlıq gətirirdi...
    Amma elə həmin gecə telefon zəng çaldı və telefonun səsindən Əbdül Qafarzadə başa düşdü ki, zəng Bakıdandır, Bakıda nəsə olub; bura gəldiyi birinci gün Bakıya zəng eləyib, hər ehtimala qarşı, nömrəsini Qaratelə vermişdi (başqa şəhərlərdə olanda həmişə belə edirdi); tələsik yerindən qalxıb telefonun dəstəyini götürdü.
    Danışan Ömər idi.
    – Zdravstvuyte, dyadya Abdul. Eto Omar qovorit. Necəsiz?
    – Nə olub?
    – Çto?
    – Nə olub, soruşuram.
    – Mama xəstələnib, dyadya Abdul.
    Əbdül Qafarzadə elə başa düşdü ki, söhbət Ömərin öz anasından, yəni Mürşüd Gülcahaninin arvadından gedir və ürəyi sakit oldu, rahat nəfəs aldı.
    – Ciddidi vəziyyəti?
    – Çto?
    – Soruşuram ciddidi vəziyyəti, ağırdı?
    – Hə, ağırdı.
    – Balam, sənin anan yazıq, sağlam adamıydı...
    – Mənim anam yox e, dyadya Abdul, Qaratel mama xəstələnib. Biz də gəlmişik bura. Sizin kvartiradan danışırıq. Sevil skazala, çtob ya pozvonil vam, a to ya ne bespokoil bı vas. Ona oçen boitsya...
    Əbdül Qafarzadənin birdən-birə bir uşaq kimi, bütün bədəni uçunmağa başladı (Orduxanın ölümü onu qəfil ölümlərdən beləcə qorxutmuşdu...), nə qədər çalışdısa da özünü ələ alsın, mümkün olmadı və daha heç nə soruşmayıb, dəstəyi aparatın üstünə atdı. O Roza xoşbəxtliyi də, Moskvadakı bu altı gündə bütün içini bürümüş o yaz təravəti də bircə anın içində çıxıb getdi işinin dalınca; Əbdül Qafarzadə tələsik soyuq su ilə əl-üzünü yuyub geyinməyə başladı.
    Yuxudan oyanmış Roza əlini qaldırıb başının üstündəki branı yandırdı və qalxıb çarpayıda oturdu, adyal sinəsindən sürüşüb baldırlarının üstünə düşdü və indi Rozanın branın işığında görünən döşləri də adi qadın döşləri idi...
    – Çto sluçilos?
    – Mən gedəsi oldum, Roza...
    – Hara?
    – Bakıya.
    – Bəs mən?
    – Sən nə qədər istəyirsən, gəz-dolan burda. Get, nədi, deyirdin o kişinin adı? Hə, Asatur, get onu gör... Vasya da burda qalacaq, haçan istəsən, səni Bakıya gətirəcək.
    Əbdül Qafarzadə pencəyini geyinə-geyinə özü zəng eləyib Vasilini yuxudan durquzdu, tapşırdı ki, aşağı düşüb mehmanxananın birinci mərtəbəsində onu gözləsin, sonra əlini pencəyinin döş cibinə saldı, timsah dərili o yekə portmaneni cibindən çıxartdı, üç min manat pul götürüb televizorun üstünə qoydu və hələ də yuxulu gözləri ilə ona baxan Rozaya dedi:
    – Bu sənindi.
    Roza gözlərini qıyıb diqqətlə Əbdül Qafarzadəyə baxdı:
    – Nə?
    – Bu pul sənindi.
    Bayaqdan bəri susub heç nə deməyən Roza birdən-birə pişik kimi yerindən sıçradı, televizorun qabağına atıldı və o üç min manat pulu televizorun üstündən qapıb yerə çırpdı:
    – Mən kiməm bəyəm səninçün? Mənə pul verirsən? Za usluqu?..
    Əbdül Qafarzadə elə həmin gecə Bakıya uçdu.
    Əlbəttə, Rozaya aldığı su samuru xəzindən şubanın, qızıl bilərziyin, mirvari boyunbağının, brilyant üzük və sırğa komplektinin, iyirmi dörd nəfərlik yapon servizinin müqabilində üç min manat pul bir heç idi, amma Rozanın o gecəki hərəkəti, «Mən kiməm bəyəm səninçün? Mənə pul verirsən?» – sözləri Əbdül Qafarzadənin o qədər xoşuna gəlmişdi ki, o vaxtdan bir daha Roza ilə yaxınlıq eləməsələr də (Əbdül Qafarzadə təkrarı xoşlamırdı), yayda onu Vasilinin vasitəçiliyi ilə Xalq Təsərrüfatı Institutunun qiyabi şöbəsinə qəbul elətdirdi ki, gələcəkdə ixtisaslı iqtisadçı olsun; ümumiyyətlə, o gözəl, o unudulmaz Moskva yazından sonra Əbdül Qafarzadə tez-tez Roza barədə fikirləşirdi, sidq-ürəkdən bu cavan qadının xoşbəxt olmağını istəyirdi, istəmirdi ki, Roza gələcəkdə daha artıq pozulsun, pis əllərə düşsün, hətta fikirləşirdi ki, bəlkə Rozanı Vasiliyə alsın; amma hələ qəti qərara gəlməmişdi.
    O üç min manat isə eləcə o lüks nömrənin döşəməsinə səpilib qaldı və Əbdül Qafarzadə çıxıb gedəndən sonra Roza, əlbəttə, o şax yüzlikləri bir-bir yerdən yığıb götürməli oldu...

12
GÖRÜŞ


    Xosrov müəllim həyatda heç vaxt Kələntər müəllimin qızlarını görməmişdi, amma əvvəllər tez-tez, get-gedə gec-gec, hətta indinin özündə – əsrin təqvimi səksəni adlayandan sonra da hərdənbir o qızları yuxuda görürdü. O qızların sifəti yox idi, daha doğrusu, elə bil ki, sifətləri iki-üçqat tül arxasında idi, amma Xosrov müəllim yuxuda bilirdi ki, bu qızlar Kələntər müəllimin qızlarıdı və Kələntər müəllimin o qızları bir ucdan ağlayırdılar, gözlərindən axan su sel kimi, küçələrdən keçirdi, bir dəniz əmələ gətirirdi və Xosrov müəllim yuxuda qorxurdu ki, o dənizdə boğulub ölər. Kimsə, çox güman ki, Kələntər müəllimin arvadı idi– aradan keçən bu uzun illər ərzində Xosrov müəllim o arvadın sifətini yadından çıxarmışdı – tez-tez o qızlara da, Kələntər müəllimə də bütün bunları yuxuda görən (və yuxuda da bilən ki, bunlar yuxudur...) Xosrov müəllimə də toxtaqlıq verirdi: «– Su aydınlıqdı... Su aydınlıqdı...»
    Düzdü, Xosrov müəllim bilirdi ki, bütün bunlar yuxudu, amma bunu bilə-bilə də o dənizdə batmaqdan qorxurdu, Kələntər müəllim isə balaca bir qayıqda oturub o dənizdə üzürdü: «– Əşşi, mənim işim əladır, – deyirdi. – Çünki əvvəldən baxtım gətirib, yeddi qız atası olanda nə olar? Bizim arvad yarımca kilo ətdən o qədər çoxlu, özü də dadlı xörək bişirir ki, yeyib qurtara bilmirik. Heç nədən bir şey bişirir. Qarın da ki, tox oldu, vəssalam. Deməli, işlər əladır. Deməli, kimyanı da uşaqlara yaxşı öyrədəcəksən». Və Kələntər müəllim gülürdü, amma Xosrov müəllim bilirdi ki, əslində bu, gülmək deyil, ağlamaqdı, çünki Kələntər müəllimin də gözlərindən axan yaş o qayığı doldururdu, o qayıq yox olurdu, Kələntər müəllim də yox olurdu və Xosrov müəllim bilirdi ki, Kələntər müəllim batdı o dənizdə, sonra yenə də qorxurdu ki, özü də batar və o qızlar da elə hey ağlayırdı, o dənizin də suyu çoxalıb doğrudan-doğruya adamı boğurdu...
    Onda Arzu Xosrov müəllimə demişdi: «– Əşşi, mənə nə vardı e, tək canımıydı... Kələntər müəllimin isə, yazığın yeddi qızı qalmışdı...» Və Arzu o sözləri deyəndən sonra, Xosrov müəllim bir müddət harada dilənçi, səfil arvad görürdü, elə bilirdi ki, Kələntər müəllimin qızlarıdı, heç cürə özü ilə bacara bilmirdi, dayanıb o dilənçi, o səfil arvada baxırdı, o arvadla Kələntər müəllim arasında bir oxşarlıq tapmaq istəyirdi və o qədər baxırdı ki, dilənçi qorxub qaçırdı... Xosrov müəllimin yuxuda gördüyü qızların sayı çox olurdu, amma o qızların sayı nə qədər çox olsaydı da, onlar Kələntər müəllimin o yeddi qızı idi, Xosrov müəllimin həyatda heç üzlərini də görmədiyi o qızlar idi.
    Onda yetmişinci illərin sonu idi və Xədicə arvad düz deyirdi: Xosrov müəllim uzun ömründə birinci dəfə (və belə görünür ki, sonuncu dəfə...) yayda istirahət eləməyə getdi, avqust ayı idi, Bakının isti vaxtlarıydı, Xosrov müəllim poçtdan məzuniyyət pulunu aldı (köşkdə işlədiyinin sonuncu ili idi, sonra təqaüdə çıxdı), illərdən bəri yığdığı iki yüz manatın üstünə qoydu və «Bakı – Kislovodsk» qatarında ümumi vaqona bilet alıb axşamçağı Bakıdan çıxdı.
    Xosrov müəllim sonuncu dəfə qatara 1956-cı ildə Tomsk vilayətindən Bakıya qayıdanda minmişdi, günlərlə beləcə bir ümumi vaqonun pəncərəsi qarşısında oturub bir-birini əvəz edən yol mənzərələrinə baxmışdı, amma, əslində, o mənzərələrin heç birini görməmişdi, Ovanesin Şuşaya qalxan faytonunu görmüşdü, – o rəngbərəng ölü xoruzu görmüşdü. Hadruta aparan yolu kəsmiş yolbəndin yanında dayanan Qırmızı Yaqubu görmüşdü, Hadrutun altı kilometrliyində yanan o tonqala baxmışdı, səbrlə, tələsmədən Xıdır müəllimin (onda hələ Xıdır müəllimin on yeddi il əvvəl– 1939-cu ilin həmin qış günlərindən birində güllələndiyini bilmirdi, bunu Bakıya gələndən sonra öyrəndi...) sifətinə baxmışdı, o sifətin bütün cizgilərini bir-bir gözlərinin qabağından keçirmişdi, yenə də Xıdır müəllimi tanımaq, başa düşmək istəmişdi və hərdən ona elə gəlmişdi ki, Xıdır müəllim Xıdır müəllim yox, müstəntiq Məmmədağa Ələkbərovdu, çünki on yeddi illik ayrılıqdan sonra Bakıya gedən o qatarda, o ümumi vaqonun pəncərəsindən baxa-baxa Xıdır müəllim haqqında fikirləşəndə birdən-birə müstəntiq Məmmədağa Ələkbərovun sifəti gəlib qonurdu şüşəyə...
    Tomsk vilayətindən gələn o qatar da, o ümumi vaqonun pəncərəsi qarşısında oturduğu günlər də keçmişdə qalmışdı və illər bir-birini əvəz etdikcə Hadrutun altı kilometrliyində qalanmış o tonqal da, Ələsgər müəllimin evindəki o qonaqlıq da, Narımın o soyuğu da – hər şey bir-birinə qarışırdı, bir kütlə əmələ gətirirdi və bəzən elə olurdu ki, o kütlə sıxılırdı, sıxılırdı, sıxılırdı, bir qoz boyda olub Xosrov müəllimin boğazında ilişib qalırdı və o cür vaxtlarda kişiyə elə gəlirdi ki, indicə ürəyi partlayacaq, indicə öləcək, amma ölmürdü, ürəyi partlamırdı və belə məlum olurdu ki, dünya yaşadıqca elə Xosrov müəllim də yaşayacaqdı... Həmin avqust axşamı Xosrov müəllim Kislovodska gedən qatarın ümumi vaqonuna qalxdı, bileti bələdçiyə göstərib yerini soruşmaq istədi, amma çox kök, yaşlı bir qadın olan bələdçi öz kupesində oturub o cırhacır bürküdə yekə bir duzlu xiyarı əlinə alıb xırçaxırç yeyə-yeyə köhnə bir kitab oxuyurdu və heç başını da qaldırmadan:
    – Davay... Davay... – deyirdi. – Proxodi...
    Xosrov müəllim vaqonun içinə keçib yerini tapdı (yenə pəncərənin kənarında idi), balaca əl çamadanını taxta oturacağın altına qoydu və ümumi vaqonun cürbəcür iylər qarışmış ağır və həddən artıq isti havasıyla nəfəs ala-ala fikirləşdi ki, bu bələdçi qadını hardan tanıyır? Və elə ki, qatar yola düşdü, elə ki, bir az keçəndən sonra o kök bələdçi qadın sağ əlini şəhadət barmağının uzun dırnağı ilə dişlərinin arasında qalmış duzlu xiyar qırıntılarını təmizləyə-təmizləyə, sərnişinlərin biletlərini yoxlayayoxlaya gəlib Xosrov müəllimin qabağında dayandı, kişi lap əmin oldu ki, bu qadını hardansa yaxşı tanıyır, amma kim olduğunu heç cürə yadına sala bilmirdi.
    Bələdçi qadın bütün vaqon eşitsin deyə bərkdən:
    – Tualeti təmiz saxlayın!– qışqırdı. – Kim tualetdə biyabırçılıq eləsə, əsgini verəcəyəm əlinə, özünə yudurdaciyəm!– Sonra dırnağı ilə dişlərini qurdaladığı əlini Xosrov müəllimə tərəf uzatdı. – Davay tez elə! Bileti ver görüm! Xosrov müəllim əlində hazır tutduğu bileti bələdçi qadına uzatdı, amma o bələdçi qadın bileti götürmək əvəzinə, sürətlə gedən vaqonun işığında diqqətlə Xosrov müəllimə baxdı və birdən:
    – A-a-a... Xosrov məllimsən sən? – soruşdu, gözləri əməlli-başlı bir maraqla işıldadı. – A kişi, bəs, səni güllələməyiblər?! Hardan xortdamısan sən belə?.. Niçeqo sebe!..
    Xosrov müəllim bilirdi ki, bu qadını yaxşı tanıyır, lap yaxından tanıyır, amma kim olduğunu heç cürə yadına sala bilmirdi, amma içindən nəsə pis, bəd bir hiss əvvəlcədən baş qaldırmağa başladı, o ümumi vaqonun tər qoxusuna, soyutma yumurta, kolbasa, soğan, sarımsaq qoxusuna qarışıb az qaldı kişinin ürəyini bulandırsın.
    Bələdçi qadın Xosrov müəllimin biletini alıb baxdı:
    – Fiktivni döyül ki?.. – deyib bərkdən güldü və soruşdu: – Məni tanımadın?
    Xosrov müəllim bu kök, adda-budda ağarmış saçları sir-sifətinə tökülmüş, güləndə dodağının kənarlarından əprimiş metal dişləri görünən qadına baxırdı... bu qadını, əlbəttə, tanıyırdı... bilirdi ki, bu qadın kimdir... bilirdi... amma kim idi bu qadın?.. və o pis, o bəd hiss gəlib yenə də Xosrov müəllimin boğazına dirənmişdi və kişi udqunduqca nazik boğazının uzun hülqumu eləcə enib-qalxırdı.
    Bələdçi qadın:
    – Mənəm də!.. – dedi. – Tanımadın?.. Arzuyəm də, Ələsgər müəllimin qızı!..
    Xosrov müəllim eləcə udqunurdu və heç nə demirdi, kişinin alnından süzülən tər gəlib burnunun ucundan sallanırdı, sonra dizinə düşüb parusin şalvarının balağına yaş ləkə salırdı.
    Bələdçi qadın (Arzu!) yenə də güldü:
    – Elə əvvəlki kimi danışıb-eləyən döyülsən, hə?..Vay səni!.. Mən elə bilirdim, çoxdan güllələyiblər səni, indi sümüylərin də çürüyüb!.. Ancaq, yaxşı qalmısan vallah!.. – Və bu kök bələdçi qadın da susdu, birdən-birə nəsə çox uzaqlara getdi, sonra dedi:– Je vu felisit, madmuazel... Yaduva gəlir?..
    Qəribə idi, hər şey Xosrov müəllimin yadında idi və eyni zamanda, heç nəyi xatırlamırdı, beynində, hisslərində hər şey bir-birinə qarışmışdı və o qarışıqlıq içində ən gözlənilməzi bu idi ki, Xosrov müəllim haradansa uzaqlardan yenicə doğulmuş bir çağanın cığırtısını eşidirdi... Kim idi o çağa? Cəfər idi? Aslan idi? Azər idi? Yoxsa elə bu Arzu idi? Kim idi?..
    O çağa isə çığırırdı...
    Bu vaxt vaqonun işığı söndü və sərnişinlər hay-küy saldı:
    – Sapojnik!..
    – Atanda!..
    – Əlivi çək!..
    – Pojarnı!..
    Və o hay-küy içində o bələdçi qadının (Arzunun!) bu vaqonun əsl sahibi kimi, amiranə və xırıltılı səsi eşidildi:
    – Oğurluq eləməyin a!.. Milsianer qonşu vaqondadı! Sonra işıq da yandı, səs-küy də kəsildi, sərnişinlər oturduqları yerdə yavaşyavaş yatmağa başladı, sonra qatar Dərbənd stansiyasından keçdi və əlbəttə, hərgah Gülzar sağıydısa, heç ağlına da gəlməzdi ki, o gecə vaxtı, Xosrov müəllim Dərbənddən keçən o qatarın apardığı sərnişinlərin arasındadı...
    Sonra gecənin bir aləmi o bələdçi qadın (Arzu!..) yenə də gəlib dayandı Xosrov müəllimin qabağında və iri döşlərinin lifçiyinin kənarları görünən açıq sinəsinin tərini əlindəki yaş dəsmalla silə-silə:
    – Niyə yatmırsan, ay Xosrov məllim?.. – dedi. – Yatmaqdan yaxşı şey var dünyada? Həsrətəm mən doyunca yatmağa... Niyə yatmırsan sən? Xosrov müəllim gözlərini qaranlıq pəncərə şüşəsindən çəkib çiyinlərini birbirlərinə söykəmiş, boyunlarını büküb kimisi şirin, kimisi narahat bir yuxu ilə yatmış o sərnişinlərə baxdı, sonra Arzuya baxdı və heç nə demədi. Arzu dərindən əsnədi, ağzından spirt iyi gəldi, gözləri sulandı və əsnəyəəsnəyə də:
    – Səni gördüm, – dedi, – çox şey yadıma düşdü... Hardan gəldin çıxdın e, sən bu vaqona?.. – Yenə əsnədi və yenə də əsnəyə-əsnəyə həmin sözləri dedi:– Əşşi, mənə nə vardı e, tək canımıydı!.. Kələntər məllimin isə, yazığın yeddi qızı qalmışdı! Və həmin də gecədən sonra, heç üzlərini görmədiyi Kələntər müəllimin o yeddi qızı Xosrov müəllimin yuxusuna girməyə başladı və Xosrov müəllim o eyni yuxuya o qədər öyrənmişdi ki, elə bil, o yuxu da Hadrutun altı kilometrliyində yanan o tonqal kimi, müstəntiq Məmmədağa Ələkbərovun o tüpürcəkləri kimi, Gülzarın bir sürücüyə gedib Dərbəndə köçməyi kimi, həqiqətən, baş vermişdi, Xosrov müəllimin ömrünün bir hissəsi idi, beynindəki bir yumaq kütlənin içinə dolmuşdu...
    Xosrov müəllim Kislovodskda bir ay qaldı, hər gün müftə «Narzan» içdi, kirayə qaldığı evin yaxınlığında sakit bir bağça var idi, hər gün gəlib o bağçada oturdu və bir gün yenə də hardansa uzaqlardan gələn o çağa çığırtısını eşitdi və Xosrov müəllimə elə gəldi ki, o çağanı üsulluca ana bətnindən çıxaran professor Fazil Ziyanı gördü, hətta professor Fazil Ziya gəlib Xosrov müəllimlə yanaşı oturdu... Xosrov müəllim professor Fazil Ziyanı bir-iki dəfə Ələsgər müəllimin o qonaqlıqlarında görmüşdü və o vaxtdan bəri bu adamı birinci dəfə yadına gətirirdi, bu adam məsləhətlər vermişdi, yollar göstərmişdi, Arzu dünyaya gəlmişdi və aradan keçən bu müddət ərzində heç dəyişməmişdi... Xosrov müəllim Kislovodskdakı o sakit bağçada diqqətlə professor Fazil Ziyaya baxırdı, sonra uzaqdan gələn o çağa çığırtısı altı yaşlı Cəfərin, dörd yaşlı Aslanın, iki yaşlı Azərin səsinə çevrildi və professor Fazil Ziya da birdən-birə oldu professor Lev Aleksandroviç Zilber... Xosrov müəllimin o bir ay ərzində Kislovodskdakı o sakit bağçada belə görüşləri tez-tez olurdu...
    O bir ay ərzində Kislovodskdakı o bağçada oynayan uşaqlar, o bağçaya gəlibgedən cavanlar hərdən öz-özünə danışan o uzun, arıq qocaya da oradakı skamyalar kimi, ağaclar kimi adət etdilər; sonra o arıq, uzun qoca yox oldu, amma o nə o bağda oynayan uşaqlar, nə də o bağa gəlib-gedən cavanlar bunun fərqinə vardı, o skamyalar, o ağaclar da eləcə o baxçada qaldı...
    Xosrov müəllim Bakıya qayıtdı, sonra payız başladı və Xosrov müəllim nəsə o ilki payızı çox pis keçirdi; Kislovodskın o gözəl havasından sonra Bakının hisli-paslı havasına təzədən öyrəşə bilmirdi, nəyidisə, çöldə də, evdə də çox narahat idi, bəzən gecə təngnəfəs olub yuxudan ayılırdı və səhərə kimi yerində oturub yata bilmirdi. Sonra qış başladı, Bakıya bir-iki günlük qar yağdı, sonra əriməyə başladı və qarın əridiyi o günlərdən birində– bir bazar günü idi– Xosrov müəllim bazara getdi, kiloyarım alma aldı, kiloyarım gözəl ətri gələn heyva aldı, bir kilo da narıngi alıb avtobusa mindi və Səkkizinci kilometrə yollandı.
    O zaman səhər tezdən ki, qatar gəlib dayanmışdı Kislovodskda, Arzu ünvanını yazıb Xosrov müəllimə vermişdi və Xosrov müəllim də o vaxtdan o ünvanı cibində gəzdirmişdi və indi də Səkkizinci kilometrdə avtobusdan düşüb o ünvanı soraqlaşasoraqlaşa gəlib üçmərtəbəli köhnə bir bina ilə üzbəüz dayandı.
    O üçmərtəbə köhnə binanın daş divarları qapqara qaralmışdı, pəncərələrin, eyvan sürahılarının taxtasının rəngi quruyub tökülmüşdü və qar əridiyinə görə o sürahılardan, damdan damcı-damcı çirkli su tökülürdü. O binanın lap yuxarısında, dam ilə üçüncü mərtəbədəki pəncərələri arasında daşdan yonulmuş və indi güclə sezilən bir yazı var idi:
1867.

MƏŞƏDI MIRZƏ MIR ABDULLA MƏŞƏDI MIR MƏMMƏDHÜSEYN OĞLU


    Bu bina Xosrov müəllimdən otuz üç yaş böyük idi və Məşədi Mirzə Mir Abdulla Məşədi Mir Məmmədhüseyn oğlu adlı o şəxsin tikdirdiyi bu bina o vaxtdan da beləcə lal-dinməz dayanıb dünyanın işlərinə tamaşa edirdi və o dəm Xosrov müəllimə elə gəldi ki, həmin bina ilə tanışdır, onu hardansa tanıyır, yəni elə bil ki, o bina da adam idi, tanış gəlirdi və fikirləşirdi ki, mən bunu hardan tanıyıram?.. Ümumiyyətlə, hərdən Xosrov müəllimə elə gəlirdi ki, uzun illər boyu yaşadığı ömür, əslində, ikinci ömürüdür, yəni ona elə gəlirdi ki, haçansa bir dəfə də bu dünyada yaşayıb, indi ikinci dəfədir ömür sürür...
    Xosrov müəllim həyətə girdi və birinci mərtəbədəki yeddi nömrəli qapının ağzında dayandı. Qapının sol tərəfində, asfaltın üstündə üç dənə taxta yeşikdən hinə oxşayan bir şey düzəltmişdilər, illərdən bəri pas atmış dəmir torla çəpərə almışdılar və çirkli qar suyunda islanmış o taxta-tuxtanın arasında on-on beş toyuq Xosrov müəllimi görən kimi, qaqqıldamağa, çəpərin içindəki o kiçik sahədə bir-birlərinə toxuna-toxuna ora-bura qaçışmağa başladı.
    O hindəki zir-zibildən elə kəskin bir iy gəlirdi ki, Xosrov müəllim, istəristəməz, başını yana tutdu və çox qəribədir, elə həmin anda da Xıdır müəllim Xosrov müəllimin yadına düşdü, Xıdır müəllimin sağlam bədəni, başını dik tutub sərrast addımlarla şax gəzməyi gözlərinin qabağına gəldi, hətta Xosrov müəllimin tükü ürpəşdi, çünki ona elə gəldi ki, bu toyuq zılının, zibilin iyi o əldəqayırma hindən yox, Xıdır müəllimin o sağlam, əzələləri oynayan bədənindən gəlir. Xosrov müəllim elə bilirdi (və buna yüz faiz əmindi!) ki, 1939-cu ilin o qış günü onları Xıdır müəllimin şeytançılığı ilə tutmuşdular və Xosrov müəllim heç vaxt bilməyəcəkdi ki, əslində, onları Ələsgər müəllimin verdiyi məlumata görə həbs etmişdilər və hərgah dünyada, doğrudan da, ruh deyilən bir şey vardısa, Xosrov müəllimin belə bir xəbərsizliyindən Ələsgər müəllimin ruhu yəqin ki, özünə bir o qədər də təskinlik tapmırdı...
    Xosrov müəllim əlini qaldırıb 7 nömrəli qapını döymək istədi, amma bu zaman Arzu özü toyuqların qarasına deyinə-deyinə qapını açdı:
    – Bunnar necə acgöz heyvandı belə, ay balam?! Indicə çörək vermədim sizə, ay çinədanları yırtılmışlar?! – Və Arzu qarşısında dayanmış Xosrov müəllimi görəndə bir balaca duruxdu, hətta elə bil səksəndi. – A-a-a... – dedi. – Sən hardan gəlib çıxmısan bura, ay kişi? Səni görəndə qorxuram e, elə bil, ölü dirilib... Arzu bir əlində içində vermişelli sup qalığı olan boşqab tutmuşdu, o biri əli ilə evdə geydiyi, çiyinləri süzülmüş göy rəngli köhnə bələdçi köynəyinin yaxasını bağlaya-bağlaya:
    – Keç, keç içəri! – dedi. – Xoş gəlmisən!.. Arzu kənara çəkildi, Xosrov müəllim içəri girdi, darısqal dəhlizdə Arzunun tuluq kimi şişman və lırt bədəninə toxuna-toxuna ayaqqabılarının üstündən geydiyi qaloşlarını çıxartdı, əlindəki kağız torbacıq üçün bir yer axtardı, tapa bilməyib dəhlizdə yerə qoydu, paltosunu soyunmağa başladı.
    Arzu:
    – Bu saat!.. Qoy bunu verim o acgözlərə... – dedi. – O qədər yemək verirəm bunnara ki, astarı üzündən baha başa gəlir!.. Ancaq yumurtaları dadlı olur şoqəriblərin... bunnarı bir-bir Stavropoldan alıb gətirmişəm... – Tələsik həyətə çıxıb boşqabdakı sup qalığını dəmir tordan toyuqlara atdı, vermişellərin, kartof qırıntısının bir qismi ilişib dəmir torda qaldı və Stavropoldan gəlmiş o toyuqlar o çirkli-qış günü, elə bil, aclıqdan çıxmışdılar, bir-birlərinə macal vermədən, yerdəki, tordakı o sup qalığını dimdikləməyə başladılar.
    Arzu içəri keçib əlindəki çirkli boşqabı dəhlizdəki krantın altındakı başqa çirkli boşqabların, qazanın üstünə qoydu, krantı açıb tələsik əllərini, suplu dodaqlarını yudu, divardakı mismardan asılmış məhrəba ilə tələsik də qurulandı, sonra əllərini sövq-təbii bir-iki dəfə evdə geydiyi köhnə bələdçi yubkasının ətəyinə sildi:
    – Gəl e, gəl görək!.. – dedi. – Çox yaxşı iş görmüsən gəlmisən!.. – Və Xosrov müəllimlə birlikdə o darısqal dəhlizdən otağa keçdi, girdə mizin arxasındakı taxta kürsülərdən birini çəkib yer göstərdi. – Otur burda... Dayan, döşəkçə verim, altıva sal...
    – Yox, lazım deyil... – Xosrov müəllim əyləşmək istədi.
    – Necə lazım deyil?.. – Arzu bərkdən güldü və gözlərinin altı torba bağlamış, güldükcə ətli buxağı sinəsinə yayılan bu arvadın əprimiş metal dişləri göründü. – Qupqurusan, zapasın-zadun yoxdu sənin!.. Oturacaqsan, taxta sümüklərivi kəsəcək...
    Arzu oturacağında, söykənəcəyində dəmir yayları hiss olunan köhnə divanın üstündən kiçik və girdə bir döşəkçə götürdü, Xosrov müəllimin altına basdı və özü də gəlib kişiylə üzbəüz oturdu. Bir müddət heç biri bir söz demədi, sonra Arzu yenə də güldü:
    – Vay səni, Xosrov məllim!.. Niçeqo sebe!.. – dedi. – Elə əvvəlki adamsan a!..
    Elə bil, heç qırx il keçməyib, hə? Nə qırx il, qırxdan da artıq!.. Bir danış görək də, nə var, nə yox?.. Bəs səni necə oldu güllələmədilər? Birdən stukaç-zad olarsan a?!. Xosrov müəllim bir söz demirdi, elə hey udqunurdu, uzun hülqumu nazik boğazında enib-qalxırdı və bayırdakı o hinin iyi dəhlizdən keçib otağa da gəlirdi. «Əziz dostlar! Tamadadan min dəfə üzr istəyirəm ki, onu afsaytda qoyuram. Ancaq ürəyimə bir gözəl sağlq gəlib ki, onu da bu gözəl məclisdə mən deməliyəm!..»
    – Yaxşı sveji çay var, qoy çay gətirim sənə! – Arzu ayağa qalxıb divanın yanındakı dolabın gözünü açdı, iki dənə stəkan-nəlbəki götürdü, yarım litrlik bankada yarımçıq alma mürəbbəsi götürdü, bankanı gətirib Xosrov müəllimin qabağına qoydu. – Yaxşı mürəbbədi, Saratovdan almışam. Orda xalturit eləmirlər, bizimkilər kimi oğru döyüllər!.. Özü də ucuz... – Sonra gedib dəhlizin başında yanan qaz plitəsinin üstündən çayniki götürdü, stəkanları çayla doldurub gətirdi. – Dayan, qoy qaşıq da gətirim. – Və dolabın elə həmin gözündən də iki dənə çay qaşığı gətirdi, biri ilə alma mürəbbəsindən götürüb Xosrov müəllimin stəkanına saldı. – Iç... – Və birdən Arzu yenə də güldü, amma budəfəki gülüşü başqa idi, elə bil ki, indicə bu qadının sifətindəki o təbəssüm həm onun özününkü idi, həm də kiminsə bir başqa adamın (bir başqa Arzunun!) təbəssümü gəlib qonmuşdu üzünə. – Yadıva gəlir, anam rəhmətlik Ordubaddan gəlmiş ləpə qoyardı stolun üstünə?..
    Xosrov müəllim gözlərini Arzunun sulanmış və elə bil ki, rəngini itirib açılmış göy gözlərindən çəkdi, basmadüymələrlə otağın divarına sancılmış fotoşəkillərə, divanın yanındakı küncdə iki dənə yanaşı kürsünün üstündə, az qala, tavana qədər üst-üstə qalanmış kitablara baxdı. Arzunun isə sifətindəki o təbəssüm hələ keçib getməmişdi.
    – Əlibaba məllim yadıva gəlir? Mənə deyirdi ki, Sofya Kovalevskaya olacayam... Ay səni!.. Nolsun e, Sofya cəmi qırx bir il yaşadı, amma mən əllini keçmişəm, heç ölmək fikrim də yoxdu!..Oxuyuram özümçün gözəl-gözəl kitabları!.. Öldürsə məni, o toyuqların acgözlüyü öldürəcək!..
    Arzu yenə də bərkdən güldü və Arzunun o əprimiş metal dişləri, elə bil ki, üçmərtəbəli binanın yuxarısındakı o yazı kimi:
1867.

MƏŞƏDI MIRZƏ MIR ABDULLA MƏŞƏDI MIR MƏMMƏDHÜSEYN OĞLU


    – dünyanın ölüm-itimindən xəbər verirdi, qatarların getdiyi uzaq-uzaq yollardan və o uzaq-uzaq yollar boyunca yaşayan milyon-milyon gəldi-gedər insanın hərəsinin öz taleyindən deyirdi...
    – A kişi, sən gəlmisən bura ki, heç ağzıvı açıb bir kəlmə söz deməyəsən?..
    Yaxşı, çayıvı iç!.. Əntiqə mürəbbədir, Saratovdan almışam... Özün təksən? Təksən də, sifətində yazılıb ki, kimsəsizin birisən!.. Bəs kim qulluq eləyir sənə? Bəlkə məni alasan, hə?– Arzu bu dəfə lap bərkdən, lap ürəkdən güldü. – Eh, neynirsən məni, hayhayım gedib, vayvayım qalıb!.. Görmürsən, şəkillərə baxırsan... hə də, mənim nəyimə baxasan?..
    Divardan asılmış o şəkillərdən bir-birinə oxşamayan oğlanlar Xosrov müəllimə baxırdı və o dəm Xosrov müəllimə elə gəlirdi ki, bayırdakı hindən gələn o qoxunu fotodakı həmin oğlanlar da hiss edirlər...
    Arzu ayağa qalxıb o şəkillərə yaxınlaşdı:
    – Üçü də oğlanlarımdı!.. – dedi. – Bunu görürsən, bunun atası Cümşüdlüdü...
    Yadıva gəlir? Raykomda işləyirdi, əyyaşın, pozğunun biri idi oğraş!.. Məktəbdə «izhari-nifrət» mitinqlərində gəlib mənə əl çalırdı, məni nümunə göstərirdi... Sonra guya bizə yazığı gəlirdi, anamı dəlləkxanaya süpürgəçi düzəltdi... O vaxtdan elə gözü varıymış məndə köpək oğlunun, anam ölən kimi, müharibənin axırlarında, gəlib tapdı məni... 15-16 yaşım var idi, amma 20 yaş verərdin. Kök idim də, vaxtından əvvəl yetişmişdim!.. – Arzu gülə-gülə Xosrov müəllimə baxdı. – Sən danışmırsan, heç olmasa, mən danışım də... Hə, bunun atası o oğraş idi, gorbagor oldu, öləndə heç üstünə gələn də olmadı! Özünün arvad-uşağı vardı, ayrıca da bir ev kirayə eləyib məni saxlayırdı... Pozğunun biri idi!.. Məndə sağ yer qoymamışdı, oğraş! Göydən düşmüşdüm də əlinə, gözünə təpirdi məni, doymaq bilmirdi köpək oğlu!.. Yaxşı ki, bu, atasına oxşamır. Ancaq arvadı çatlağın biri çıxdı. Qonşuların yanında mənim saçımı yolurdu, qəhbə!.. Ər-arvad, ikisini də qovdum yanımdan! Əh, guya ki, qonşular onnan fərlidir?.. Bunu görürsən, bu...
    Arzu sözünü kəsib diqqətlə qulaq asdı və o sakitlik içində həyətdəki toyuqların qaqqıltısı aydın eşidilirdi.
    – Eşidirsən o toyuqların səsini? Vay, bunların qarnına şiş girsin! Indicə bir boşqab sup verdim e, onlara!.. Doymaq bilmirlər ki!.. Mən də burada olmayanda həyətin uşaqları gəlib yumurtalarını oğurlayırlar... Qonşular da bir tərəfdən milisə şikayət yazırlar ki, guya bu toyuqlar həyəti batırırlar... Cəhənnəmə yazsınlar! Belə şeylər mənə kar eləməz!.. Iç, çayıvı iç...
    Xosrov müəllim stəkanı ehtiyatla qaldırıb çayı içməyə başladı; nədənsə kişiyə elə gəlirdi ki, indicə stəkanı əlindən yerə salacaq, çay da, o alma mürəbbəsi də mizin üstünə, yerə töküləcək, şüşələr sınacaq... Və ümumiyyətlə, Xosrov müəllimə elə gəlirdi ki, bu stəkanın içindəki heç çay deyil, toyuqlara atılan o sup qalığı kimi bir şeydi...
    Arzu:
    – Hə, bu... – dedi və divardakı fotoşəkildən baxan ikinci oğlunu göstərdi. – Barnaulda yaşayır, eşitmisən, belə bir şəhər? Barnaul! Milsianerdi orda, atası da elə milsianer idi, rəhmətə gedib. Bunun arvadı rusdu... Oğlanlarımın arasında fərlisi elə budu, amma əfəldir. Əfəl olmasa, gedib milsianer işləməz ki!.. Arvadı da, deyəsən, yaxşı adamdı. Nə bilim, görmüşəm bəyəm? Yolum heç düşməyib Barnaula...
    Əsgəriydi orda, əsgərlikdən sonra da elə qaldı orda, arvadı da aldı orda... Keçən il mənə pasılka göndərmişdilər, içində konfet varıydı, bir də bir ayaqqabı. Yaxşı ayaqqabıydı, ancaq hayıf, ayağımı sıxdı, Rostovda satdım getdi... Iki də uşaqları var, şəkillərini göndərmişdilər, ikisi də sir-sifətdən xalis rusdu... Bu da ki, üçüncü oğlumdu, – Arzu əlini üçüncü oğlunun fotosuna tərəf elə uzatdı ki, elə bil, gözünü çıxarmaq istəyirdi, – əclafın biri çıxdı!.. Atası pis adam döyüldü, pravadnikiydi o da, tutdular yazığı ki, nə var, nə var, stansiyalarda xırda alver eləyir... Elə türmədə də öldü yazıq... Bu ev də onunkuydu, arvadı öləndən sonra ona ərə getdim, köçüb gəlib yığışdım bura... O vaxta qədər orda-burda qalırdım... Atamdan sonra axı, bizim evi aldılar, anamla məni də atdılar küçəyə... Bu əclafa atamın adını qoymuşdum, Ələsgər idi adı, ancaq zay çıxdı... Mənnən qalırdı. Pravadnik adamam, çıxıb gedirdim, ev qalırdı bunun ixtiyarına... Yüz oyundan çıxırdı burda... Piyaniskalıq eləyirdilər, qumar oynayırdılar... Özü yaxşı kafelşikdi, istəsə, bilirsən nə qədər pul qazanar?.. Sonra da bir assori qızına aşiq oldu, özündən böyükdü yaşda, Rozadı adı, bizim yanımızda, ode, orada sberkassada işləyir, tanıyıram, modnı geyinən qəhbələrdən biridi!.. Özünü sırıyıb bu axmağa!.. Kim alacaqdı onu? Ancaq bu axmaqla zaksa getdilər... Alıb o qəhbəni bura gətirmək istəyirdi, qovdum evdən! Indi içib keflənəndə gəlir əclaf, məni qorxudur ki, səni suda verəcəyəm, evin yarısı mənimdi!.. Mən sənə ev verərəm? Ay sən öləsən! Ancaq neyniyim?.. Şəklini asmışam burdan də, oğlumdu... Neynim?.. Əclaf gəlib hər dəfə aləmi qatır birbirinə!..
    Hələ ki, o qəhbənin evində qalır...
    Arzu gəlib yenə də Xosrov müəllimlə üzbəüz oturdu və Xosrov müəllimin içib qurtardığı boş stəkana işarə edib:
    – Yenə çay gətirim sənə? – soruşdu.
    Xosrov müəllim:
    – Yox, çox sağ ol... – dedi.
    – Onda mürəbbə ye!
    – Istəmirəm, sağ ol...
    – Yaxşı mürəbbədi e! Saratovda pis şey satmırlar...
    «Əziz dostlar! Tamadadan min dəfə üzr istəyirəm ki, onu afsaytda qoyuram.
    Ancaq ürəyimə bir gözəl sağlıq gəlib ki, onu da bu gözəl məclisdə mən deməliyəm!..»
    – Evim pis döyül, hə? Düzdü, kuxnam yoxdu, ancaq iki otaqdı, kalidorda da, görürsən, qaz da var, su da var. Tualet də həyətdədi. Bunu assori qəhbəsinə verim, özüm yenə küçələrə düşüm?.. Hə?!. Bəs sənin o arvadın nə oldu? Təzə almışdın e!.. Adı da Gülzarıydı, yadımdadı...
    Xosrov müəllim cavab vermədi, amma birdən-birə, elə bil ki, indiyə qədər tamam yaddan çıxmış, əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmış Gülzarın qucağının istisini duydu və o hərarət o çirkli qış günü Xosrov müəllimin sümüklərinə nəsə bir ilıqlıq gətirmək istədi, amma sonra həyətdəki o hindən gələn qoxunun içində əriyib yox oldu.
    – Gözləmədi, hə səni? Yadıma gəlir, elə bil, indiki kimi görürəm onu...
    Yanaqları od tutub yanırdı... o cür arvadlar kişisiz qala bilməz!.. – Arzu güldü. – Neynəsin e, yazıq? Kişisiz çətin olur də...
    Xosrov müəllim ayağa qalxdı.
    – Nə oldu?
    – Mən gedim...
    – Niyə? Otur də, niyə belə tez gedirsən? Qoy bir su qızdırım, yaxşıca başıvı yuyum sənin, hə? Tək adamsan, bir yaxşıca istirahət elə!..
    – Yox, çox sağ ol...
    – Nə çox sağ ol e?.. Onda, Varonejdən əntiqə göbələk qurusu almışam, qoy sənə bir sup bişirim!
    – Yox, sağ ol..
    – Yüz qram da araq verərəm sənə, vurarsan! Hə? Yoxsa, day, elə qocalmısan, araq da içə bilmirsən, hə? Nə deyirsən?
    – Yox...
    – Qorxma e!.. Səni göndərmiyəceyəm mağazaya araq dalınca!.. Özümdə var e!..
    Gətirim?
    – Yox...
    Xosrov müəllim dəhlizə keçdi, əyilib qaloşunu geydi, papağını qoydu, sonra paltosunu geyinməyə başladı və Arzu da o darısqal dəhlizdə Xosrov müəllimlə üzbəüz dayanmışdı, köhnə bələdçi köynəyinin dəqiqədə-bir açılan yaxasını düymələyirdi.
    «Niyə qoymursuz səhərdən bəri bu gözəl qızın sağlığına içək, bu gözəl qızı təbrik edək?»
    «Bir dəqiqə, bir dəqiqə, Xosrov müəllim! Arzu qaçmır ki, burdadı, özümüzünküdü, sağlığına da içəcəyik, təbrik də edəcəyik. Ancaq bu qədəhləri qaldıraq Xıdır müəllim deyən sağlığa! Doğrusu, bizi qabaqladı Xıdır müəllim, yaxşı da elədi... Hamımızın ürəyindən dedi, sənin də ürəyindən dedi, Xosrov müəllim!..» Toyuqlar lap bərkdən qaqqıldamağa başladı.
    Arzu:
    – Bilirlər ki, indi qapı açılacaq... – dedi. – Bu qədər acgöz heyvan görməmişəm... Aldadıblar da məni! Stavropolda bunların qarnını necə doldururmuşlar?.. Axırda mənim özümü də yeyəcəklər!.. Dəhlizin yuxarı başındakı qaz plitəsinin üstündə çaydanın suyu qaynayırdı və qapağını titrədirdi.
    Xosrov müəllim:
    – Sağ ol... – dedi.
    Arzu dəhlizin döşəməsindəki o kağız torbaçığı göstərərək:
    – O nədi elə? – soruşdu.
    – Bir az meyvədi, sənə gətirmişəm...
    O çaydanın qapağı elə-eləcə titrəyirdi.
    – Bəs mən sənə nə bağışlayım? – Arzu, elə bil, birinci dəfə görürmüş kimi, gözlərini darısqal dəhlizdə ora-bura gəzdirdi. – Hə? Nə bağışlayım?
    – Sağ ol...
    Arzu deyəsən axtardığını tapdı:
    – Hə, bilirsən sənə nə bağışlayacağam? Bax!.. – Sonra xırıltılı səsiylə sözləri eynilə qırx il bundan əvvəlki kimi, sərrast tələffüz edə-edə, xüsusi ahənglə bərkdən söyləməyə başladı:
    Vı bıli vçera
    bezımennı,
    Sedaya zurna Suleymana...
    Xosrov müəllim qapını açıb həyətə çıxdı.
    Toyuqlar daha da bərkdən qaqqıldadı.
    Hindən gələn o qoxu adamın beynini deşirdi.
    Və Xosrov müəllim o üçmərtəbəli binanın həyətindən uzaqlaşdı, amma bir müddət hinin o qoxusu da, açıq qapının ağzında dayanıb bərkdən, get-gedə lap qışqıra-qışqıra şer söyləyən Arzunun xırıltılı səsi də Xosrov müəllimi müşayiət etdi.
    Djambula
    sedaya dombra...
    Tak poyte je
    Stalinu
    slavu
    Stixami,
    podobnımi splavu
    Zolota
    i serebra!..
    Sonra üstündə
1867.

MƏŞƏDI MIRZƏ MIR ABDULLA MƏŞƏDI MIR MƏMMƏDHÜSEYN OĞLU


    yazılmış o köhnə üçmərtəbəli bina da, o bina ilə üzbəüz əmanət kassası da arxada qaldı... və o səs də kəsildi...
    o qoxu da yox oldu...
    və o çirkli qış gecəsi də Xosrov müəllim Kələntər müəllimin o yeddi qızını yuxuda gördü...
    o üçmərtəbəli binada, 7 nömrəli mənzildə yaşayan o bələdçi arvadı isə heç vaxt yuxuda görmədi...
    amma hərdən qorxurdu ki, toyuqlar doğrudan da o arvadı yeyərlər...
    siçanlar zirzəmidə çağanı yeyən kimi, toyuqlar da o üçmərtəbəli binada, 7 nömrəli mənzildə yaşayan o kök arvadı eləcə yeyərlər...
    və hərdən o çağa eləcə qışqırırdı...
    və həmişə Kələntər müəllimin o yeddi qızını yuxuda görürdü...
    amma elə yuxudaca Xosrov müəllim bilirdi ki, o on yaşlı çoxbilmiş əlaçı qız da, əslində, Kələntər müəllimin bu yeddi qızının arasındadı...
    özü görünmür, amma o da o yuxunun içindədi...
    o solğun işıltı da həmin əprimiş metal dişlərin işıltısıdı...
    və o qızlar bir ucdan ağlayırdılar...
    və o qızların gözlərindən axan su sel kimi küçələrdən axırdı, bir dəniz əmələ gətirirdi...
    və o dənizdə həmin əprimiş metal dişlərin işıltısı altında qayıqlar üzürdü...
    o qayıqların heç bir imdad yeri yox idi...
    o qayıqlar batacaqdı...
    Xosrov müəllim də Kələntər müəllim kimi, o qayıqda üzürdü...
    və Xosrov müəllim səksəni keçəndən sonra da, batmaq istəmirdi...
    yaşamaq istəyirdi...
    görəsən, Məşədi Mirzə Mir Abdulla Məşədi Mir Məmmədhüseyn oğlu adının bu
    uzunluğuna müqabil uzun da bir ömür sürə bilmişdimi?..
    əlbəttə, Xosrov müəllimin Tülkü Gəldi Qəbiristanlığındakı qəbirlərdən xəbəri yox idi və bilmirdi ki, o qəbristanlığın tarixi elə bu şəxsin qəbri ilə başlayır...

13 QUZU BUDU


    Gecə dərinləşdikcə yollarda maşınlar azalırdı, elə bil ki, torpağa, asfaltın üstünə bir əmin-amanlıq çökməyə başlayırdı və Abşerona gəlmiş yazın ab-havası get-gedə aşkar hiss olunurdu və həmin aprel gecəsi dişində kiçik bir quzu budu tutmuş Gicbəsər asfalt yol boyu axsaya-axsaya daha qaçmırdı, aramla gedirdi. Düzdü, Gicbəsər çox ac idi, dişindəki bu soyuq budu tez yemək istəyirdi, amma yollar daha tamam maşınsız idi, hər iki tərəfdəki evlərin, həyətlərin də işığı yanmırdı və o dəm o gecənin işığı təkcə ayda, ulduzlarda idi; bu sakitlik Gicbəsərin bütün içinə bir arxayınçılıq gətirmişdi və Gicbəsər bu həndəvərdə başqa bir it iyi də duymurdu; bu dəmir tor çəpərlər haradasa qurtaracaqdı və Gicbəsər də yoldan çıxıb rahatca o kiçik quzu budunu yeyəcəkdi.
    Sakit olsa da, maşınsız, sürətsiz olsa da, o aydınlıq gecədə uzanıb gedən o asfalt yolda və ümumiyyətlə, gözünü açıb gördüyü bütün asfalt yollarda Gicbəsər üçün bir yadlıq, yabançılıq var idi, asfalt yollar beləcə ən sakit, ən səssiz vaxtlarında da Gicbəsər üçün gizli bir qorxu mənbəyi idi. Tülkü Gəldi Qəbiristanlığındakı torpaq sahələri nəzərə almasan, bütün ömrünü asfalt üzərində (Qəbiristanlıq Idarəsinin həyətində...) keçirməyinə baxmayaraq, Gicbəsər yalnız asfaltdan çıxanda, torpağın üstündə olanda özünü sərbəst hiss edirdi və görünür, bunda ibtidaidəngəlmə nəsə bir sövq-təbiilik var idi.
    O gecəyarısı Gicbəsərin dişində balaca quzu budu tutub getdiyi o asfalt yol Abşeronun dənizkənarı kəndlərindən birindəki bağlararası yol idi və bu yolun hər iki tərəfi dəmir torlarla çəpərə alınmışdı, daş hasarlarla tikilmişdi, çünki hər iki tərəf Bakı sakinlərinin bağları, xüsusi sahələri idi və bu yerlərdə hər bağ da hərənin öz qalası idi.
    Gicbəsərin qaçmağa taqəti yox idi, amma axsaya-axsaya sürətlə addımlayırdı, bu dəmir torlar, daş hasarlar da qurtarmaq bilmirdi ki, it yoldan çıxsın. Ət çox soyuq idi, amma Gicbəsərin ağzında olan hissə yavaş-yavaş qızmışdı və bu daş hasarlar, bu dəmir torlar qurtaran kimi, Gicbəsər bu əti yeyəcəkdi, amma elə indidən itin dişlərinin arasından axan su adda-budda asfalta tökülürdü. Gicbəsər neçə gün idi ki, o böyük şəhəri arxada qoymuşdu, böyük küçələr, böyük binalar, böyük həyətlər arxada qalmışdı və Gicbəsər bu müddət ərzində zavodların yanından, neft buruqlarının arasından keçib, yerli itlərin təqibindən qaçıb, bir-birini əvəz edən Bakı kəndlərindən ötmüşdü və ayaqları bu iti hara aparırdısa, ora da gedirdi.
    Gicbəsərin yaralı ayağı ağrıyırdı, zədələnmiş boğazı get-gedə daha artıq göynəyirdi, başını tərpədə bilmirdi, amma o aylı-ulduzlu erkən yaz gecəsinin sakitliyi, elə bil, həmin anlarda bir məlhəm kimi, itin Tülkü Gəldi Qəbiristanlığından çıxdığı vaxtdan bəri keçən bütün günlərinin əzab-əziyyətinin üstünə yayılırdı və Gicbəsər o asfalt yolla, elə bil ki, (nəhayət!), əbədi bir toxluğa və əbədi bir rahatlığa doğru gedirdi.
    Gicbəsərin dişində apardığı o balaca quzu budu, diş həkimi Nəcəf Ağayeviçin soyuducusundan çıxmışdı.
    Nəcəf Ağayeviç hər şənbə günü Nadejda Fyodorovna ilə birlikdə «Jiquli» maşınlarına minib Bakıdan 35 kilometr aralıdakı bağlarına gəlirdilər, gecə bağda qalırdılar, bazar günü axşam sərini təzədən Bakıya qayıdırdılar. Bu ər-arvadın heç bir qohumu, tanış-bilişi bu bağı tanımırdı, illərdən bəri – o zamandan ki, Nəcəf Ağayeviç beynəlmiləl ailəsini, xalqlar dostluğunu əsas tutub Azərbaycan KP MKya, Moskvaya, Sov.IKP MK-ya, şəxsən L.I.Brejnevə yazdlığı ərizələrdən («Beynəlmiləl ailə qurmuşuq, mən azərbaycanlı, həyat yoldaşım isə rusdur, gərgin əməkdən sonra istirahət etməyə yerimiz yoxdur!»), Nadejda Fyodorovnanın rayon Icraiyyə Komitəsindən tutmuş, şəhər partiya komitəsinəcən hər yerə giribçıxmasından sonra, nəhayət ki, bu bağı, təmir olunmuş gözəl üçotaqlı bina ilə birlikdə hökumətdən kirayəyə götürmüşdü – bura bir nəfər də ayaq basmamışdı. Nəcəf Ağayeviç bağa telefon da çəkdirmişdi və bu beynəlmiləl ailə hər şənbə, bazar günü dünyanın bütün alış-verişindən, hərc-mərcliyindən, fitnə-fəsadından çox uzaq olan bir ada kimi, bu bağda istirahət edirdilər, heç kim onları narahat edə bilmirdi. Nəcəf Ağayeviçlə Nadejda Fyodorovna bu şənbə Bakıda Musiqili Komediya Teatrında Offenbaxın «Gözəl Yelena» operettasının ilk tamaşasına getdikləri üçün, bağa gecə gəlib çıxdılar və dəmir qapılarının saysız qıfıllarını açdıqdan sonra, evə girəndə Nadejda Fyodorovna adəti üzrə birinci növbədə fin soyuducusunun içinə baxdı və tamaşa etdikləri operettanın o gözəl təsirindən hələ də çıxmadığı üçün üzgözünü xüsusi bir nifrətlə turşudub:
    – Oy!..– dedi. – Tvoya ta baranina ujasno vanyayet!..
    Məsələ burasında idi ki, Nadejda Fyodorovnanın qoyun əti ilə arası yox idi, dana ətini, yağsız çoşka ətini, toyuğu, hinduşkanı, təzə ağ balığı üstün tuturdu və buna görə də bu ər-arvad heç vaxt qoyun əti almırdı. Nəcəf Ağayeviç isə qoyun ətini xoşlayırdı, hətta bəzən dalbadal mal əti yeyəndə zəiflədiyini hiss edirdi, qoyun əti Nəcəf Ağayeviçə, elə bil ki, qüvvət verirdi, şəhərdəki saysız-hesabsız işlərini daha cəld və daha artıq bir şövqlə görürdü və qoyun əti yediyi günlərdə gecələr Nadejda Fyodorovna da ərindən razı qalırdı...
    Qoyun ətini Nəcəf Ağayeviç üçün rayonlardan, Bakının ətraf kəndlərindən gəlmiş müştəriləri, yəni xəstələri nəğd verəcəkləri puldan əlavə, hərdənbir pay gətirirdilər. Bu körpə quzu şaqqasını da keçən həftə pay gətirmişdilər, Nəcəf Ağayeviç o şaqqanın yuxarı hissəsini – qabırğaları, qolu yeyib qurtarmışdı, bu kiçik budu isə yeməyə macal tapmamışdı və o bud keçən bazar günündən bağdakı soyuducuda qalıb ağırlaşmışdı.
    Nəcəf Ağayeviç gəlib sellofana bükülmüş əti soyuducudan çıxartdı, burnuna tutub iylədi – ət, doğrudan da, ağırlaşmışdı, amma Nəcəf Ağayeviç hər ehtimala qarşı:
    – Seyças vımyu. Mojet proydet zapax...
    Nadejda Fyodorovna daxilən yenə də Offenbaxın operettasına qayıtmışdı və bu yaraşıqlı qadından çıxmayan bir səxavətlə:
    – Da bros tı etu baraninu!– dedi. – Çto uvideli tvoi dikari v baranine, a, ne kak ne poymu?.. Aziat tı vsyo je, aziat!.. – Və Nadejda Fyodorovna gözəl Yelenanın ariyasını zümzümə edə-edə otaqda dövrə vurdu, hər ay Israildən içi pal-paltarla dolu bağlamalar gətirdən alverçidən (daimi müştərisindən) aldığı enli və uzun donunun balaqları çətir kimi hava ilə doldu.
    Nəcəf Ağayeviç əlində tutduğu o kiçik quzu buduna baxdı, sonra Nadejda Fyodorovnaya baxdı və arvadının o gözəl ovqatını pozmasın deyə, evdən çıxdı, üç metrlik daş hasara aldığı həyətdən də çıxdı və əti bağın dəmir darvazası ilə üzbəüz ucalmış xartut ağacının dibinə qoydu – qurd-quş götürüb aparacaqdı... Nəcəf Ağayeviç dərindən köksünü ötürüb evə qayıtdı: o gözəl operettadan sonra kefi qalxmış Nadejda Fyodorovnanı hələ gecə də razı salmaq lazım idi... O əti o böyük xartut ağacıənın dibindən tapan isə Gicbəsər oldu və taqəti qalmadığı, yaralanmış qılçı ağrıdığı, boynu sızıldadığı üçün güclə addımlayan bu it, o əti ağzına alan kimi, elə bil, o ətlə bərabər, o böyük xartutun kötüyündən bir qüvvə də aldı, hansı bir başqa itinsə, hansı bir başqa varlığın, ya qeyri-varlığınsa o əti ağzından qapacağından qorxa-qorxa qulaqlarını qısıb axsaya-axsaya qaçdı, Nəcəf Ağayeviçin dəmir darvazası tərəflərdən uzaqlaşdı.
    Nəcəf Ağayeviçin bağı bağların arası ilə dənizə gedən əsas asfalt yolun kənarında idi və o böyük xartut ağacının yanından qaçıb bu yola düşmüş Gicbəsər addımlarını yavaşıtmışdı, o quzu budunun ağzında saxladığı isinmiş hissəsi, o aydınlıq aprel gecəsi həyatının yaxşı məqamlarını itin yadına salırdı: haradasa, haçansa bayırın soyuğunda, çovğununda isti bir yerdə yatmasını, haradasa, haçansa – çox-çox uzaqda qalmış vaxtlarda tumarlanmasını, hardasa, haçansa ağappaq bir qancığın onun dalına düşməsini... və bütün bu görümlərin hamısı Gicbəsərin beynində bir dumana bürünmüşdü, bir-birinə qarışmışdı, amma o dumanın da, qatmaqarışıqlığın da içində indi nəsə bir ilıqlıq, mülayimlik hiss edirdi (indicə yeyəcəyi o quzu buduna görə?) və həmin hiss Gicbəsərin ayağının ağrısını da, boğazının ağrısını da, elə bil ki, azaldırdı.
    Və bu vaxt Gicbəsər uzaqdan gələn maşının iyini duydu, səsini eşitdi və qəribədir, həmin gecə sakitliyi içindəki yaxınlaşan o səs Gicbəsərə heç bir bəd əməldən xəbər vermədi, Gicbəsəri diksindirmədi, təşvişə salmadı, elə bil ki, Abşerondakı o aydınlıq gecədə, dənizə gedən o yolda heç bir pis iş, heç bir bəd əməl ola bilməzdi.
    Maşının işığı göründü, o maşının ardınca ikinci bir maşın da döngəni buruldu və Gicbəsər sürətini bir az artırıb yolun kənarına çəkildi.
    ... Irəlidə gedən «Jiquli»də dörd nəfər əyləşmişdi: maşının sahibi və sürücüsü gənc nasir Səlim Bədbin, qabaqda onunla yanaşı oturmuş tanınmış şair, əməkdar incəsənət xadimi Ərəstun Bozdağlı, arxada da iki nəfər gənc şair. Səlim Bədbin nəşriyyatda redaktor işləyirdi və bu «Jiquli»ni də iki ildən bəri qaytarıb qurtara bilmədiyi borc pulla almışdı ki, nəşriyyat müdiri, əzazil və nadan Islamzadə kimilərinin, qrafoman və əqidəsiz Mürşüd Gülcahani kimilərinin, otuz il qəzetlərdə ədəbiyyat şöbələrinə müdirlik edib qarınlarının marağını və təəssübünü Azərbaycan bədii ədəbiyyatının marağına və təəssübünə çevirmiş Muxtar Xudavəndə kimilərinin, adını gənc şair, gənc nasir, gənc tənqidçi qoyub vətənin və millətin yox, öz şəxsi mənafelərini güdən, Səlim Bədbinin bədii nailiyyətlərinə paxıllıq edən bəzi başqa həmqələmlərin gözünə girsin. Səlim Bədbin ac qarnına sükan arxasında oturanda da maşını elə şəstlə sürürdü ki, Mürşüd Gülcahani kimi naftalin iyi verən soxulcanlar hiddət və qeyzlərindən bilmirdilər nə eləsinlər. On il Allahın hər verən günü gecələr üç uşağı və arvadı yatandan sonra, birotaqlı mənzilinin mətbəxində, az qala, səhərə kimi işləyə-işləyə özünü ədəbiyyata həsr edən, qələmi ilə millətin qeyrətini çəkməyə çalışan Səlim Bədbinin nəhayət ki, ikinci hekayələr kitabı çapdan çıxmışdı və qabaqcıl cavanları gözü götürməyən, onların yazısından bir şey başa düşməyən mühafizəkar müdir Islamzadənin müqavilədə o kitabın qonorarını ən aşağı məbləğlə müəyyənləşdirdiyinə baxmayaraq, dünən nəşriyyatın mühasibatından pul almış Səlim Bədbin bu gün dostlarını və həmişə gənclərlə yaxınlıq eləyən, gənclərlə oturub-duran Əməkdar incəsənət xadimi şair Ərəstun Bozdağlını Abşerondakı gözəl kababxanalardan birinə dəvət etmişdi, dörd-beş saat o kababxanada oturub qoyun və ağ balıq kababı yeyəyeyə yeni kitabı əməlli-başlı yumuşdular və həmin aylı-ulduzlu şənbə gecəsi dəniz sahilinə gedib Xəzərin mənzərəsinə tamaşa etmək istəyirdilər; arxadan gələn «Jiquli»də də Səlim Bədbinin dostlarından üç nəfər cavan qələm əhli əyləşmişdi. «Jiquli»nin bütün pəncərələrini açdırsa da, külək sürətlə gedən maşının içində qıy vursa da, kababxanadakı məclisdən sonra, əməkdar incəsənət xadimi şair Ərəstun Bozdağlıya hava çatışmırdı və bu yekəpər, canlı adam hər dəfə də havanı dərindən ciyərinə çəkib deyirdi:
    – Tarixi bir qonaqlıq oldu, igid. Mürşüd Gülcahani yetmişi keçib, lakin xəsis, bütün ömründə bizi bircə dəfə qonaq edib, o da ki, oğlunun toyunda. Xəsis və quru. Zalım oğlu, «Pravda» qəzetinin baş məqalələrinə oxşayır.
    Söhbət Mürşüd Gülcahanidən düşəndə Səlim Bədbin özünü saxlaya bilmirdi və bu dəfə də nifrətlə üz-gözünü türşudub:
    – Həmin toya görə indi Islamzadə ona yaltaqlanır, – dedi. – Bizdə ən böyük vəzifə Əbdül Qafarzadənin qohumu olmaqdı. Tanıyırsız də onu, Ərəstun məllim?
    Qəbiristanlığın direktorudur...
    – Necə tanımıram, igid? Dabbaqda gönünə bələdəm.
    – Bir dəfə üzünə dedim.
    Əməkdar incəsənət xadimi, tanınmış şair Ərəstun Bozdağlı həmin tarixi məclisdə çox içsə də, hər halda, ayıqlığını tamam itirməmişdi və təəccüblə Səlim Bədbinin o aydınlıq gecədə daha da zəif və solğun görünən sifətinə baxa-baxa:
    – Kimin üzünə dedin, qoçaq? – soruşdu. – Əbdül Qafarzadənin?
    Bayaqdan bəri arxada oturub hıçqıra-hıçqıra sükut edən gənc dost:
    – Onun üzünə desəydi, indi sümüyü çürüyürdü Tülkü Gəldi Qəbiristanlığında... – dedi.
    Ərəstun Bozdağlı gözlərini Səlim Bədbinin solğun sifətindən çəkib əzəmətli başını arxaya çevirdi, yoğun səsi ilə bərkdən və acı-acı güldü. Ikinci kitabının nəşri uğrunda illərdən bəri apardığı mübarizə Səlim Bədbinin əsəblərini tamam korlamışdı və gənc nasir bütün içindən axıb gələn bir hiddətlə sükanı sıxa-sıxa:
    – Eybi yoxdu... – dedi. – Bu millətin də oyanan vaxtı olacaq. Onda Əbdül Qafarzadələrin də üzünə tüpürəcəyik...
    Əməkdar incəsənət xadimi Ərəstun Bozdağlı yenə də gənc qələm dostunun solğun bənizinə baxdı:

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.01.2014) | Müəllif: R.C E W
Baxış: 753 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more