Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölüm hökmü-2
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>

    Gələcək tələbə Murad İldırımlı kənddə məktəbi qurtarandan sonra, iki il dalbadal Bakıya gəlib ali məktəbə qəbul imtahanı vermişdi və hər dəfə də kəsilib geri qayıtmışdı: birinci dəfə yazılı ədəbiyyat imtahanından «4» almışdı, şifahidən isə «2» almışdı, ikinci dəfə yazılı ədəbiyyat imtahanından «5» almışdı, şifahidən yenə də «2»; birinci dəfə şifahidən imtahan zamanı bütün suallara cavab verdi, amma müəllim ona heç qulaq asmırdı, səhər tezdən olduğu üçün, tez-tez əsnəyirdi və əsnədikcə də o müəllimin cod və qalın qaşlarının altından baxan domba gözləri (neçə illər keçmişdi, amma tələbə Murad İldırımlı o domba gözləri hələ də hərdənbir xatırlayırdı...) sulanırdı və elə ki, gələcək tələbə bütün sualların cavabını söylədi, müəllim soruşdu: – «Əzizimin cəfası» romanını kim yazıb? Murad İldırımlının belə bir romandan xəbəri yox idi, ona görə də gözlərini döyüb qaldı və müəllim eləcə əsnəyə-əsnəyə yaxşıca bir «2» yazdı, azərbaycanca imtahan götürməyinə baxmayaraq, Muradın başının üstündən auditoriyaya tərəf baxıb rusca bərkdən: «– Sleduyuşi!» – çağırdı.
    Murad İldırımlı kəndə qayıdıb bir il yenidən hazırlaşdı, düzdür, «Əzizimin cəfası» romanını da tapmadı, bu roman haqqında heç harada bir məlumat da tapmadı, amma gecə-gündüz oxudu və ikinci il Bakıya gəlib növbəti qəbul imtahanında yazıdan «5» aldı, şifahidən imtahan verəndə yenə də sualların hamısını danışdı və Murad danışdıqca cavan bir adam olan müəllim berialin sürtdüyü qara saçlarını tez-tez daraqla geriyə daraya-daraya və gülümsəyə-gülümsəyə razılıqla başını tərpədirdi, Muradın cavablarını təsdiq edirdi və gələcək tələbə cavabları qurtaran kimi: – «Çox gözəl!.. – dedi. – Sənnən yaxşı ədəbiyyatçı olacaq!.. Indi de görüm dahi rus şairi Aleksandr Serqeyeviç Puşkinin böyük oğlunun adı nədir, bir də kiçik qızının adı nədir?» Murad İldırımlı yenə gözlərini döyüb susdu, çünki Aleksandr Serqeyeviç Puşkinin dahi rus şairi olduğunu yaxşı bilirdi, əsərlərini oxumuşdu, amma o dahi şəxsin böyük oğlunun və kiçik qızının, ümumiyyətlə, uşaqlarından heç birinin adını bilmirdi. « – Sənnən yaxşı ədəbiyyatçı olacaq!.. Nitq mədəniyyətin hələ inkişaf eləməyib, ancaq cavabların xoşuma gəldi! Sən yaxşı ədəbiyyatçı olacaqsan! Get bir il də hazırlaş, gəl, dostum!.. Mütləq gəl! Mühakimələrin xoşuma gəldi!..»
    O getməklə, gələcək tələbə bir də düz beş il Bakıya ayaq basmadı; boyunun kiçikliyinə, səhhətinin zəifliyinə görə onu əsgər də aparmadılar, kənddə kitabxanaçı işlədi, daha doğrusu, adı kitabxana olan, yəni rayon və respublika səviyyəsindəki hesabatlarda kitabxana kimi qeydiyyatdan keçən, əslində isə kolxoz idarəsinin anbarı kimi istifadə edilən zirzəminin bir küncünü nazik taxta arakəsməyə alıb, orada kitabxana düzəltməyə başladı, əlinə keçən kitabı, qəzeti, jurnalı oxudu, cürbəcür rayon və respublika təşkilatlarına bir ucdan məktublar, xahişnamələr, tələbnamələr yazıb kitabxananın fonduna həqiqətən, yəni kağız üzərində yalandan məlumat vermək üçün yox, doğrudan-doğruya kitab, qəzet, jurnal yığdı. Kənddə kolxoz sədri Sosialist Əməyi Qəhrəmanı idi, dörd dəfə Lenin ordeni almışdı, hərdən rayon mərkəzində təntənəli iclaslara gedəndə bütün ordenlərini, medallarını döşünə taxırdı və o zaman metalın ağırlığından az qalırdı pencəyinin yaxaları cırılsın; bu adam, yəni bu kolxoz sədri uzun müddət ştat cədvəlində kitabxanaçının əvəzinə də qol çəkib maaşı öz cibinə qoyurdu və kitabxanaçı vəzifəsi yalnız ştat cədvəlində olduğu üçün, təbii ki, kitabxana da yox idi, amma illər keçdikcə, ordenlərinin sayı artdıqca Bakıyla, ölkənin başqa şəhərləri ilə məktublaşması da artırdı, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlüyünə namizəd olmuşdu. Sov.IKP-nin XXV Qurultayının nümayəndəsi idi, teztez iclaslarda çıxış etmək, qəzetlərə müsahibələr vermək lazım gəlirdi, buna görə də həmin məktubları, çıxışları yazmaq üçün (özü cümlə yaza bilmirdi...) əlində qələm tutmağı bacaran bir adam lazım idi və kənddə də bu sahədə gələcək tələbə Murad İldırımlıdan irəlidə olan yox idi – sədr kitabxanaçı vəzifəsinin maaşından keçdi və Muradı kitabxanaçı adı ilə işə götürdü.
    Murad İldırımlı sədrin məktublarını və çıxışlarını (bu çıxışlar rayon mərkəzində olurdusa, raykom işçiləri tərəfindən, Bakıdakı təntənəli iclaslarda olurdusa, Azərbaycan KP MK-nın işçiləri tərəfindən redaktə olub düzəldilirdi) yazayaza kitabxanaçılıq edirdi və özünün belə bir kitabxanaçı taleyi ilə barışmışdı, elə bilirdi ki, bir də heç vaxt Bakıya getməyəcək, ali məktəbə qəbul olunmaq üçün imtahan verməyəcək, çünki gələcək tələbə başa düşürdü ki, bunun mənası yoxdur, heç bir nəticəsi olmayacaq, çünki o, bu dünyanın Allah tərəfindən yaradılmış məhkumlar zümrəsinə daxildir.
    Bu kənddən çıxıb Bakıda milisioner işləyən və bir də iyirmi beş ildən sonra, qoca anası öləndə iki günlük kəndə gəlmiş Əsgər adlı həmkəndlisi günlərin bir günündə gələcək tələbəyə demişdi: « – Instuta girmək istəyirsən, elə-belə hara baş götürüb gedirsən Bakıya? Elə-belə instut olar, ə? Bunun qiyməti on iki min manatdı!.. Bildin?! Elə yer var ki, lap əlli min manatdı!.. Ode, sədrin o kiçik gədəsi girən yer! Sənin elə yerlərlə nə işin?.. Bir prafessır qonşum var, instutda işləyir. Adı prafessırdı e, özü elə mənim kimi kəndçinin biridi, oxuyub adam olub!.. Özünün də bu işlərdə səriştəsi var, mənnən də dostdu, hərdən çağırır, gedib kabab bişirirəm ona. Danışım onnan, on iki min ver, nənəyin deyirlər qədimnən qızılı qalıb, ver, verim ona, gir instuta!.. Gözünü niyə bərəldirsən, ə? Oturmısız bu dağların döşündə, dünyadan xəbəriniz yoxdu... O puldan mənə heç bir bozbaş haqqı da qalmayacaq!.. Anamın ruhu şad olsun deyən, kəndin camaatına yaxşılıq eləmək istəyirəm!.. Pulu verəcəm prafessıra, o neynəyəcək? Üstünnən bir az götürüb, verəcək özündən yuxarıdakına. O neynəyəcək? O da üstünnən bir az götürüb verəcək öz böyüyünə. O neynəyəcək? O da sənin o pulunun üstündən götürəcək, verəcək öz ministirinə! Ministir gözünə döndüyüm neynəyəcək? O da öz payını götürüb qalanını verəcək sekadakı böyüklərə, onlar da özlərinkin götürüb artığını ötürəcək haraya? Moskvaya! Başa düşdün, ə? Belə olmasa, bu hökumətin işləri heç vaxt düz getməz!..»
    Murad İldırımlı və ümumiyyətlə, dağların döşündəki o kənd milisioner Əsgərin dediyi qədər də dünyadan xəbərsiz deyildi. Kolxoz sədrinin Muradla oxuyan oğlu zırramanın biriydi. Akvarium düzəldib xırda çay balıqları saxlayan və bu barədə rayon qəzetinə elmi məqalə yazmış zoologiya müəlliminə hirsi tutduğu üçün, gizlincə gedib girmişdi kişinin evinə və akvariuma işəmişdi, balıqların da hamısı ölmüşdü; bax, sədrin həmin zırrama oğlu məktəbi qurtaran kimi, instituta girdi və Murad İldırımlı onun dədəsinə mirzəlik elədiyi müddət ərzində də institutu bitirdi, indi də aspiranturanı bitirmək üzrəydi. O oğlandan sonra, sədrin daha dörd uşağı Bakıda ali məktəblərə daxil oldu və onların o ali məktəblərə necə daxil olduqlarında gizli bir şey yox idi, sədr özü hərdən dərindən köks ötürüb həyatdan şikayət edirdi: « – Ə, sən öl, bu uşaqların instituta girməyləri, oxumaqları məni lüt elədi!..»
    Gələcək tələbə Murad İldırımlı dünyanın belə işlərindən xəbərdar idi, hər halda, bunları nəzəri cəhətdən bilirdi, o qalınqaş müəllimin domba gözləri, o cavan müəllimin gülümsəməyi də əldəqayırma taxta rəflərə düzdüyü təzə kitablar, qəzet və jurnallar kimi, hərdən anbardakı o kitabxanaya daxil olurdu, amma bütün bunlara baxmayaraq, Murad bir yay günü birdən-birə pal-paltarını, kağız-kuğuzunu köhnə çamadanına yığıb sədrə də bir söz demədən Bakıya getdi. Gələcək tələbə bütün bu müddət ərzində «Əzizimin cəfası» romanını nə qədər axtarmışdısa da, Azərbaycan Yazıçılar Ittifaqına, M.F. Axundov adına Respublika Dövlət Kitabxanasına məktublar yazmışdısa da, tapa bilməmişdi, çünki heç kimin belə bir əsərdən xəbəri yox idi və axırda başa düşmüşdü ki, ümumiyyətlə, heç belə bir roman yoxdur; dahi rus şairi Aleksandr Serqeyeviç Puşkinin isə bütün uşaqlarının, qardaşlarının, bacılarının, nəvələrinin, qohum-əqrəbasının və dostlarının adlarını əzbərləmişdi. Murad İldırımlı avqustun cırhacır istisində Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul imtahanı verdi və ilk növbədə özü üçün gözlənilmədən universitetə daxil oldu və o vaxtdan etibarən də dördüncü il idi ki, Bakıda tələbəlik edirdi. Üç il universitetin yataqxanasında qalmışdı, qaradinməzliyi ilə, əsəbiliyi ilə yataqxanadakı tələbələrin zəhləsini tökmüşdü (bəzisinin hətta nifrətini qazanmışdı və bunu özü yaxşı bilirdi), özü də başa düşmüşdü ki, yataqxana adamı deyil və bu qərara gəlmişdi ki, yataqxanadan getsin, tələbələr də, xüsusən, onunla bir otaqda qalan oğlanlar rahat nəfəs almışdı– tələbə Murad İldırımlı çətin adam idi, məlum olmurdu ki, bunun ürəyi təmizdi, yoxsa doğrudan da qurdla doludu, qəlbi açıqdı, yoxsa paxılın, xudbinin biridi?.. Həmişə tək olurdu, hətta yataqxananın ümumi hamamında da hamı ilə birlikdə çimmirdi, gözləyirdi, tələbələr yatırdı, sonra gəlib çimirdi...
    Yay tətilini bitirib kənddən qayıdandan sonra, bir həftə yataqxanada qaldı, özünə iş axtardı, axırda Bayıl tərəfdə şəxsi avtomobillər saxlanan dayanacaqda gecə gözətçisi işinə düzəldi – bir gecə gözətçilik edəcəkdi, bir gecə də evdə qalacaqdı, ayda da yetmiş manat pul alacaqdı: soraqlaşa-soraqlaşa gəlib Xədicə arvadın bu evini tapdı və düz səkkizinci ay idi ki, günaşırı Bayıla gedib gecələr maşınların qarovulunu çəkirdi, ayın başında aldığı yetmiş manatı da eləcə gətirib ev kirayəsi kimi Xədicə arvada (yazıq Xədicə arvad...) verirdi, özü isə hər ay aldığı qırx manat təqaüdlə yaşayırdı.
    Xədicə arvad üç gündən, dörd gündən-bir gedib bazardan özü üçün yarım kilo qoyun əti alırdı və evə gəlib tələbə kirayənişininə: «–Qurban olum sənə! – deyirdi. – Qoca arvadam, hayhayım gedib, vayvayım qalıb!.. Gəl kömək elə mənə, döyə bilmirəm əti, döyginə də, nə olar!..» Tələbə, Xədicə arvadın otağına girib palazın üstündə bardaş qururdu və köhnə dəhrəni əlinə alıb kötükdə ət döyürdü. Xədicə arvad da tələbənin yanında oturub diqqətlə ətə baxa-baxa (kənara – kötüyün altına saldığı ağ süfrəyə bir tikə sıçrayanda, o saat götürüb kötüyün üstünə atırdı) deyirdi: «– Allaha qurban olum, nə yaxçı oldu yetirdi səni mənə!.. Sən olmasaydun, neynərdim mən başıküllü? Güc qalıb bəyəm ki, ya, özüm döyüm əti? Yaxçı döy! Ay malades!.. Küftə-bozbaç bişiriciyəm, sənə də verəciyəm. Nöş vermirəm? Bəsdi də səhərdən axşameycən çaynan çörək yedün... Sən də adam balasısan axı!.. Nanə qurusu-zad da tökəciyəm üstünə, əntiqə küftə-bozbaş olıcek! Sən də yeyəcəksən! Yaxçı döy!.. Malades! Sən də gərək ev xörəyi yiyəsən, ya yox? Ətağanın cəddiyçün, yaxçı yerinnən vericiyəm sənə e, lap əntiqəsindən!..»
    Yazıq Xədicə arvad bu cür deyirdi, əti tələbəyə döydürürdü, bişirirdi, küftəbozbaşın gözəl iyi otaqlara yayılırdı, amma sonra hamısını özü yeyirdi, kirayənişinə heç nə vermirdi; düzdü, tələbə Murad İldırımlının xasiyyəti elə idi ki, Xədicə arvad küftə-bozbaşı təklif eləsəydi də, şəstinə sığışdırmazdı, alıb yeməzdi, amma xasiyyətini də, hikkəsini də göstərməyə ehtiyac olmurdu, çünki arvad heç nə təklif eləmirdi. Iki-üç gündən sonra, hər şey təzədən başlayırdı, tələbə təzədən ət döyürdü və Xədicə arvad da həmin sözləri yenidən deyirdi... Yazıq Xədicə arvad mal əti yemirdi, çünki mal əti yeyəndə qarnı pozulurdu, həmişə qoyun əti alırdı və həmişə də küftə-bozbaş bişirirdi... Yəqin ona görə ki, yazıq Xədicə arvadın ağzında bir dənə də diş yox idi və nə yeyirdisə, hamısını damağıyla çeynəyirdi; küçə qapısının qabağında oturub müştəri gözlədiyi vaxtlar hərdənbir tumu da dənələyib dırnağıyla didişdirirdi, barmaqlarının arasında əzib ağzına qoyurdu.
    Həmin gecələr ki, tələbə Murad İldırımlı yerinə girirdi və çox həssas, amansız hisslər bu cavan adamın bütün əsəblərini çılpaqlaşdırırdı, birdən-birə Xədicə arvad barədə fikirləşməyə başlayırdı, sonra, ümumiyyətlə, insan xisləti barədə fikirləşirdi və axırda gəlib özünün üstünə çıxırdı, tamam kənar bir adamın gözləri ilə özünə baxırdı (hər halda, tələbəyə belə gəlirdi) və öz daxili aləminin timsalında insanı dərk eləməyə çalışırdı, insanın yazıqlığı və qəddarlığı, ürəyinin incəliyi və qəlbinin qaralığı, riyakarlığı və sadəlövhlüyü, etibarı və vəfasızlığı, dünyadakı ümid və ümidsizlik onu elə bir qaranlığa aparıb çıxarırdı ki, Xədicə arvadın yetmiş manata kirayə verdiyi bu balaca otaqda hava çatışmırdı, bu balaca otaq onun bütün içini sıxan mənəvi bir məhbəsə çevrilirdi. Sifətini xatırlaya bilmədiyi atası barədə düşünürdü, illər boyu üzünü görmədiyi anası barədə fikirləşirdi və haçansa bu adamların bir gecəlik yaxınlığının iyirmi yeddi ildən sonra onun simasında Xədicə arvadın evindəki bu dörd divar arasında beləcə əzab çəkməyi tələbəyə dünyanın ən mənasız bir işi kimi görünürdü; bu ata-ana-tələbə üçbucağında o qədər mənasızlıq var idi ki, hansı bir qanunauyğunluq, hansı bir izahatçünsə həvəs qalmırdı. Və nə yaxşı ki, belə məqamlarda həyətdəki o krantdan eləcə su damcılayırdı... Bəzən tələbə Murad İldırımlı bütün bu hisslər aləmini təsvir etmək istəyirdi, özünün timsalında insan xislətini heç nədən çəkinməyərək, heç nədən utanmayaraq, çılpaq göstərmək istəyirdi və bu yazı bir etirafnamə olmalıydı və o etirafnamənin birinci cümləsi həmişə beynində dolaşırdı: «Sənə eşq olsun, ey gözəl insan!..».
    Etirafnamə həmin gözəl insana müraciətlə yazılmalı idi və axırda oxucu özü nəticə çıxarmalı idi ki, insan gözəldir, yoxsa yox, amma etirafnamə yazılmırdı və bunun əvəzində tələbə Murad İldırımlı M.F. Axundov adına Respublika Dövlət Kitabxanasına (vaxtı ilə kənddən dalbadal məktublar yazdığı kitabxanaya) gedib Jan Jak Russonun «Etirafnamə»sini təzədən oxumağa başlayırdı...
    ... Həyətdə yan-yana düzülmüş mizlərin üstünə məhəllə arvadlarının öz evlərindən gətirdikləri süfrələr salınmışdı, kişilərdən işə gedəni getmişdi (bir hovur işdən icazə alıb qayıdacaqdılar ki, mərhumun dəfnində iştirak etsinlər), getməyəni miz arxasında əyləşmişdi, mizin başında isə Molla Əsədulla oturmuşdu, vərəqləri tamam köhnəlib nimdaşlamış kiçik ölçülü Quranı qabağına qoymuşdu, əlindəki qara mina təsbehi (Kərbaladan gətirilmiş bu təsbehləri Bakının Quba meydanında alverçilər satırdılar və çörəkçi Ağabala onlardan birini alıb oğlunun əsgərlikdən sağsalamat qayıtmağı münasibətilə Molla Əsədullaya nəzir vermişdi) aramla çevirirdi və bir söz demirdi. Bugünkü dəfn mərasimində Molla Əsədulla, əlbəttə, heç kimdən pul almayacaqdı, məhəllə adamı olduğu üçün, yazıq Xədicə arvadın təziyəsini müftə yola verəcəkdi və şübhəsiz ki, arvadın qırxı çıxanacan hər cümə axşamı başqa dəfn mərasimlərindən macal tapıb bu həyətə baş çəkəcəkdi, amma səhərdən bəri krantın yanında dayanıb öz kiçikliyini və lazımsızlığını hiss eləyən Murad İldırımlıya elə gəlirdi ki, Molla Əsədullanın susmağının, qaşqabağının səbəbi ömürləri boyu bir məhəllədə yaşadıqları Xədicə arvadın ölümü deyil, bu yas məclisinin pulsuz olmasıdır.
    Bir dəfə (dünyanın işinə bax, cəmi üç-dörd gün bundan əvvəl idi!..) Xədicə arvad tələbənin gətirdiyi qəzetlərdən kiçik torbacıqlar düzəldə-düzəldə demişdi: «– Bilirsən, ay tələbə, müharibə bir-iki iliydi qurtarmışdı, sənin yaduva gəlməz, nə yaduva gəlməz e, sən heç onda dünyada yoxuydun!.. Onda Bakıya bir qar yağmışdı ki, elənçinə qar heç vaxt olmamışdı ya, heç vaxt! Özü də acdığıydı də, yeməyə bir şey-mey yoxuydu... Müharibə vaxtı, mağul amerikalılar, heç olmasa, tısbağa yumurtasının paraşokunu gətirirdilər!.. Day o da yoxuydu... Gecə bizim mələyə canavar gəlmişdi. O Molla Əsədulla var a, mürdəşir onun üzünü yusun, bax, onun həyətinə girmişdi. Canavar da bilmişdi ki, nə olsa o acdıqda, Molla Əsədullada olar!.. Girmişdi Molla Əsədullanın həyətinə, itini aparmışdı. Itin boğazı zəncirli idi, boğazını gəmirib aparmışdı... başı qalmışdı həyətdə, itin bədənini aparmışdı. O canavar o iti aparanecən, kaş elə bunun, bu mollanın özünü apareydi!.. Bilirsən bu köpey oğlu Molla Əsədulla dava vaxtı camaatdan mamileynən nə qədər pul yığdı? Nə qədər daş-qaş yığdı?! Neynirsən, ay zaraza, bu qədər pulu, hə? Goruva apareceysən? O qədər pulu var, ancaq indi də, zaraza səhərdən axşameycən Tülkü Gəldi Qəbiristanlığındadı, pul qazanır... Özündən başqa, qızlarınnan, oğlannarınnan başqa, bir adamın yaralı barmağına işəməz, köpey oğlu!..»
    Indi həmin Molla Əsədulla Xədicə arvadın yasında mizin başında oturmuşdu və bu gün qazanc dalınca Tülkü Gəldi Qəbiristanlığına getməyəcəkdi, ömrünün bir gününü müftə yola salacaqdı, amma, hər halda, Molla Əsədulla qaşqabaqlı da olsa, qanıqara da olsa, Xədicə arvadın ruhu gərək şad olaydı, çünki Molla Əsədulla gəlib bu həyətdə oturub mərhumun qarşısında son borcunu verirdi və bu da o demək idi ki, arvadı «əl-rəhmanla», hörmət-izzətlə qaldıracaqdılar.
    Həyətin küçə qapısı açıldı və çörəkçi Ağabalanın əsgərlikdən qayıtmış oğlu ağappaq tənzifə bükülmüş bir qucaq ət gətirib Xədicə xalanın evinə qaldırdı. Əlbəttə, çörəkçi Ağabala bu əti baha qiymətə – kilosu 10 manata əldən aldırmışdı, çünki necə kəsilib, necə saxlanmağı məlum olmayan ağırlaşmış və çirkli-paslı hökumət ətindən qoca arvadın ehsanını vermək nə məhəlləyə yaraşardı, nə də ki, çörəkçi Ağabalanın özünün adına-sanına; hələ o tərəfi bir yana qalsın ki, hökumət dükanlarından ət almaq da asan məsələ deyildi, nə vaxtıydı ki, Bakıda əti talonla adambaşına bir kilo verirdilər; yağı isə talonla adambaşına yarım kilo (sonuncu dəfə 7 Noyabr bayramı münasibətilə yağı adambaşına bir kilo vermişdilər). Məhəllə camaatı ətdən də, yağdan da çox korluq çəkirdi, amma belə, yas məclisləri üçün, yerin altında da olsaydı və bir dəvə qiymətinə başa gəlsəydi də (məhəllənin çörəkçi Ağabala kimi imkanlı adamlarının köməyi ilə), təzə ət tapılmalı və alınmalıydı. Məhəllə cavanlarının çoxu sürücü işləyirdi və o cavan sürücülərdən biri yük maşınını həyətin küçə qapısının ağzında saxladı. Bir neçə cavan əlinə kəlbətin, çəkic alıb həyət qapısının uzun-uzun illərdən bəri aşağıdan da, yuxarıdan da mismarla vurulub bərkidilmiş ikinci tayının uzun və paslı mıxlarını dartıb çıxartmağa başladı və bu zaman krantın yanında dayanıb baxan tələbə Murad İldırımlıya elə gəldi ki, o cavanlar qapı tayının mıxlarını yox, yazıq Xədicə arvadı həyatla, bu dünya ilə bağlayan paslı dəmir milləri dartıb çıxarırlar və beləcə əziyyətlə, tər tökə-tökə dartıb çıxarırlar, çünki Xədicə arvad o paslı millərdən hələ də əl çəkmək istəmir...
    Cavanlar nəhayət ki, həyətin küçə qapısını taybatay açdılar, sonra yazıq Xədicə arvadın göyümtül nimdaş adyala bükülmüş cənazəsini həyətə çıxartdılar ki, məscidə aparıb yudurtsunlar, sarıtdırsınlar və bu vaxt Molla Əsədulla gözlənilmədən üzünü tələbə Murad İldırımlıya tərəf tutdu, boğuq səsiylə:
    – Orda nöş durmusan, alə? – dedi. – Gəl, gəl, kömək elə, aparun məscidə!.. Tələbə Murad İldırımlıya elə gəldi ki, Molla Əsədullanın o boğuq səsi bütün həyətə, küçəyə yayıldı və hamı da məhəllədəki kirayənişinin acizliyinin, yararsızlığının şahidi oldu; gözlərini yerə dikib ürəyi döyünə-döyünə cənazəyə yaxınlaşdı və Xədicə arvadın ayaq tərəfindən yapışdı. Tələbə Murad İldırımlının əli ömründə heç vaxt meyitə dəyməmişdi və indi adyalın altından Xədicə arvadın boşalmış cansız qılçını əlinin içində hiss etdikdə tələbəyə elə gəldi ki, onu səsləyən Molla Əsədulla deyildi, tale idi, bütün acizliyini, yararsızlığını bir daha ona göstərmək istəyirdi, yəni tale deyirdi ki, əziz dostum Murad İldırımlı, özün özünə qapanıb böyük-böyük fikirləşmək asan şeydir, bax, gəl beləcə əlinlə ölümü hiss elə, bir halda ki, sənin iyirmi yeddi yaşın var, onda, başqaları kimi sən də, zəhmət çək, gəl, ölümü əllərinlə beləcə müayinə et. Və tələbə burasını da yalnız indi bütün dəhşəti ilə başa düşdü ki, həmin bu göyümtül adyal gecələr onun özünün üstünə örtdüyü adyaldı; bircə anın içində tələbəni soyuq tər basdı, tələbə özünü məcbur edə bilmirdi, özünü ələ ala bilmirdi, Xədicə arvadın ölü qılçı, elə bil ki, onun da bütün içinə bir ölüm yayırdı, bu göyümtül adyalla da, elə bil, Xədicə arvadı bükməmişdilər, tələbənin özünü bürümüşdülər və tələbə öz bədəninin dərisində o adyalın nimdaşlığını hiss edirdi; dizləri əsirdi və ən dəhşətlisi bu idi ki, həmin dəm tələbə Murad İldırımlıya elə gəlirdi ki, bütün həyət onun necə bir vəziyyətə düşdüyünü görür, soyuq tərini duyur. Tələbə öz acizliyinə, ürəksizliyinə nifrət edəedə Xədicə arvadın o göyümtül adyala bükülmüş cənazəsindən tutub başqa məhəllə cavanları ilə bərabər, bir-iki addım atdı və elə bil ki, ağır bir yuxu içində Xosrov müəllimin səsini eşitdi:
    – Çəkil sən... Qoy mən aparım, sən çəkil...
    Xosrov müəllim qupquru quruyub qaxac olmuş barmaqları ilə tələbə Murad İldırımlını kənara elədi, özü Xədicə arvadın cənazəsindən yapışdı və məhəllə cavanları ilə birlikdə həyətdən çıxdı, cənazəni yük maşınına qaldırdılar, özləri də (o cümlədən, Xosrov müəllim) yük maşınına mindilər və maşın yerindən tərpəndi. Əlbəttə, hesabla tələbə Murad İldırımlı bir yüngüllük hiss etməliydi, Xosrov müəllimə minnətdar olmalıydı, amma həmin dəm bu cavan adamın içində Xosrov müəllimə qarşı bir kin-küdurət baş qaldırmışdı: tələbə özünü məcbur edəcəkdi, o, cənazəni başqaları ilə birlikdə aparıb maşına qoyacaqdı, məscidə gedəcəkdi, özü özünə sübut edəcəkdi ki, həyatın hər üzünə hazır adamdı və Xədicə arvadın o cansız qılçı da həyatın su içmək, çörək yemək, tualetə getmək kimi, təzə doğulmuş uşağı qucağına almaq kimi, bir parçası, bir hissəsidir... Tələbə özünü məcbur edəcəkdi ki... Indi ona elə gəlirdi ki, bu həyətdə, bu məhəllə camaatının arasında təpədəndırnağacan bir biabırçılıq içindədi.
    Həyətdəki mizin arxasında oturmuş kişilər isə yavaşdan bir-birləri ilə söhbət edirdilər, krant damcı-damcı axırdı, evə toplaşmış məhəllə arvadları daha ağlamırdı və bu gün universitetə dərsə getməyən (dördillik tələbəlik həyatında birinci dəfə idi ki, dərs buraxırdı) tələbə Murad İldırımlı həyətin küçə qapısı ağzında dayanıb yenə də bilmirdi ki, nə eləsin... Molla Əsədulla əvvəllər də hərdənbir məhəllədə gözünə dəyən bu kirayənişin oğlana baxdı və tələbəyə elə gəldi ki, molla bu saat onu camaatın yanında məzəmmət edəcək, utandıracaq, amma Molla Əsədulla həmin boğuq səsiylə:
    – Ayaq üstə nöş durmusan? – dedi. – Gəl otur...
    Tələbə gəlib aşağı başda – mizin arxasında əyləşdi və mollanın bu sakit dəvəti (elə bil, heç nə olmayıb!..), kişilərin sakit söhbəti tələbəyə də sirayət etdi (axı, doğrudan da nə olmuşdu ki?..) və tələbə Murad İldırımlı birdən-birə o gözəl dağları, o gözəl meşələri xatırladı. Yazıq Xədicə arvad ömründə o gözəl dağları, o meşələri görməmişdi, bu həyət-bacadan başqa, yəqin ki, ömründə başqa bir yerə getməmişdi və o yazıq bir daha bu həyətdə, bu küçədə görünməyəcəkdi, amma bu həyət-baca haçansa sökülənəcən, dağılanacan Xədicə arvadsız da necə vardısa, eləcə qalacaqdı və indi Murad İldırımlı da o dağların qoynunda deyildi, amma o dağlar da, o meşələr də elə-eləcə qalırdı... Tələbə fikirləşdi ki, bütün bunlar, əlbəttə, məlum məsələdir, amma, hər halda, qəribədir... Sonra yadına düşdü ki, dırnağını çeynəyir, tez barmağını ağzından çəkdi.
    Molla Əsədulla sağ əlində çevirdiyi təsbehə baxa-baxa boğuq səsiylə, elə bil, özü özüylə danışdı:
    – Bu Siçan nöş gəlib çıxmadı belə?.. – Sonra sol əli ilə ağappaq saqqalını sığalladı və yalnız bundan sonra tələbə gördü ki, molla əminin dodaqları bir balaca qaçdı.
    Miz arxasında oturmuş məhəllə kişiləri də, elə bil, bir az rahat nəfəs aldılar və səhərdən bəri bu həyətə çökmüş təziyə ovqatı, daxili gərginlik azaldı, Molla
    Əsədullanın bu sualı bir yüngüllük gətirdi. Kişilərdən biri:
    – Uşaqlar gedib dalıyca, – dedi, – gələr indilərdə...
    – Başı qarışıqdı də kişinin...
    Çörəkçi Ağabalanın əsgərlikdən qayıtmış oğlu ehsan ətini gətirib evə qoyandan sonra həyətdə oturmuşdu, üzünü Molla Əsədullaya tərəf tutub:
    – Neyləsin?– dedi. – Siçan basıb da şəhəri...
    Bu sözləri deyən məhəllə kişilərindən heç biri gülmürdü, amma tələbə bu sözlərdəki yüngül zarafatı, istehzanı açıq-aşkar hiss etdi: ölənlər gedirdi, həyat isə öz qaydasıyla davam edirdi... O yazıq Xədicə arvadı mürdəşir indi məsciddə yuyurdu, sonra kəfənə sarıyacaqdılar, sonra aparıb qəbiristanlıqda torpağa tapşıracaqdılar, sağ qalanlar necə yaşamışdılarsa, eləcə də yaşayacaqdılar, sonra onlar da həyatlarını başa vuracaqdılar, həyat isə davam edəcəkdi, davam edəcəkdi... Belə fikirləşən, bunu görən, əlbəttə, tək tələbə deyildi (və tələbə burasını çox gözəl başa düşürdü!), amma dünyanın beləcə bir əlacsızlığı bu sadə fikri həmişə özü ilə nəsillərdən nəsillərə ötürürdü, bu gün bu həyətdə bu barədə tələbə fikirləşirdi, min il bundan sonra isə (əgər insan atom bombalarının və raketlərin köməyi ilə özünü məhv eləməsə!) eyni fikir bir başqasının ağlına gələcək – dünya dəyişəcək, əlbəttə, tamam başqa bir dünya olacaq, amma bu sadə fikir həmişə insanın hisslərinə təsir edəcək– tələbənin fikrincə məhz belə olacaqdı.
    Xədicə arvadın oğlu Siçan Balaniyaz Səhiyyə Nazirliyinin Respublika Sanitar- Epidemioloji Stansiyasında işləyirdi və sənəti evlərdə, idarələrdə tələ qurub, zəhər verib, siçanlarla mübarizə aparmaq idi. Xədicə arvadın əri müharibədə həlak olmuşdu və nəçiydi, necə adam idi – tələbənin bundan xəbəri yox idi, amma Siçan Balaniyazı tanıyırdı. Xədicə arvad deyirdi: «– Camaatın on uşağı olur, biri pis olanda, fərsiz çıxanda, o birisi yaxçı olur, fərli çıxır... Mən bəxtiqaranın də bir oğlu oldu də, neyniyim?.. Atasını bunun, yazığı götürüb apardılar davaya, getdi, Hitlerin ciyəri yansın, necə ki, yandı da, öldü davada, tək başıma böyütdüm bunu semiçka sata-sata. Pisdi, yaxçıdı, bir dənədi də...»
    Arvad bu sözləri tələbədən artıq özü özünə deyirdi; elə ki, qaranlıq düşürdü, balaca taxta kətili ilə, yarısı boşalmış tum torbasını götürüb evə qayıdırdı, tum qovuranda da, kağız torbacıqlar düzəldəndə də, boyat küftə yeyəndə də, boş-bekar olanda da otağın qapısını açıq qoyub elə hey öz-özünə danışırdı; gecədən, sakitlikdən qorxurdu – nəydi?
    «–Getdi girdi arvadının evinə, arvadı oldu onunçun mənnən əziz... Neynəsin e, uşaqlarının anasıdı də. Fağır, siçan tutmağnan oturub uşaqlarını dolandırır də... Arvadı tatardı, uşaqları da rusca danışdırır, mən də ki, rusca heç nə bilmirəm... Gəlmir yanıma də görürsən? Ayda-ildə bir dəfə gəlir... Qorxur pul istəyərəm onnan... Neynirəm pulu? Tək canımdı də, acından ölmiyəciyəm ki... Indi sovet hökumətində kim ölür acınnan? Hərə bir cürə başını girriyir də... Neynirəm pulu!..»
    Xədicə arvad belə deyirdi, amma tələbə Murad İldırımlı bu səkkiz ayda açıqaşkar görmüşdü ki, bu arvad, əslində, pulgirin biridi və çox xəsisdir. 70 manat tələbədən ev kirayəsi alırdı, 70 manat Xosrov müəllimdən alırdı, əri II Dünya müharibəsində həlak olduğu üçün, nə qədərsə pensiya alırdı, bir tərəfdən də ki, tum satırdı. Tək qala bilmirdi, öz otağının qapısını həmişə açıq qoyurdu, amma elə ki, otağın qapısını bərk-bərk bağlayırdı, bu o demək idi ki, oturub pul sayır– tum satanda, əsasən, xırda pul verirdilər və bəzən tələbə o bağlı qapı arxasından yerə düşən, yaxud bir-birinə toxunan dəmir pulların cingiltisini eşidirdi.
    «– Yaxçıdı hələ mənimki gəlib üstümə düşmür ki, pul verginən mənə... Ode, o yazıq kor Əminənin oğlu... It oğlu, atası da ələ özü kimi əclafıydı... Gedib bir dənə rus matişkəsi alıb, qəhbənin birini, özü də gündə gəlib düşür yazıq arvadın canına ki, pul verginən mənə... hardan versin, ay oğraş? Pul yağış-zaddı beyəm ki, ya göydən tökülsün?... Mənimki, fağır, siçan tutur, nolsun, balalarını dolandırır də... Mənnən də pul istəmir... Nöşün ki, bilir yoxdu də məndə, pul yoxdu məndə... Bir quru canımdı, bir də özüməm də, bilmir begəm?..»
    Hərdən tələbəyə elə gəlirdi ki, Xədicə arvad bu pul söhbətini bir tərəfdən də öz cavan kirayənişininə (elə Xosrov müəllimə də) eşitdirir, yəqin qorxur ki, bir yerdə yaşadıqlarına görə, gecələr otağının qapısını açıq qoyduğuna görə, gəlib onu soyarlar. Bəlkə də belə deyildi, bəlkə də Xədicə arvad heç belə şeylər fikirləşmirdi, amma, hər halda, hərdən tələbə Murad İldırımlıya belə gəlirdi.
    Nə qədər ki, məhəllədə hamının «Siçan Balaniyaz» adlandırdıqları bu adamı görməmişdi, tələbə Murad İldırımlı nə üçünsə belə təsəvvür edirdi ki, Xədicə arvadın oğlu sifətdən də siçana oxşayır və o vaxtlar ki, Xədicə arvad öz-özünə danışıb yorulurdu, yerinə girib işığı keçirirdi (amma otağın qapısını bağlamırdı), Xosrov müəllimin də otağının qapısının açar deşiyindən görünən işıq sönürdü, tələbə də qəzetdən, kitabdan, jurnaldan bezikib-yorulub işığı keçirirdi, çətin və tənha gecələrində yuxuda, ya qarabasma zamanı bəzən qapı döyülürdü, əynində palto, boynunda şərf, başında əzik şlyapa bir siçan içəri girirdi; balaca, tüklü sifəti əzik şlyapasının altından güclə görünürdü, amma gözləri işım-işım işıldayırdı, qara və uzun burnunun ucu həmişə yaş olurdu, nazik uzun bığları titrəyirdi. «– Ayda neçə manat verirsən anama?– soruşurdu. – Neçə manat? Hesablayıram pullarını... Bilirəm harda gizdədir. Öləndən sonra götürəcəyəm. Neçə verirsən? Başa düşmədin? Xədicə anamdı də, oxşamır? Əh, çuşka ki, çuşka də!.. Rayonnan gələnlərin hamısı çuşka olur!.. Anamdı də Xədicə... O da siçandı də!..» Tələbə o əzik şlyapalı siçanla üzbəüz dayanıb bu sözlərə qulaq asa-asa qorxurdu ki, birdən özü də siçan olar və tərləyirdi, o qorxu içində yuxudan, ya mürgüdən oyanırdı, bir müddət o yuxunun, qarabasmanın təsiri altında olurdu, elə bilirdi ki, Xədicə siçan o açıq qapıdan indicə gəlib onun yerinə girəcək...
    Amma bir gün axşamçağı tələbə Murad İldırımlı Xədicə arvadın otağında oturub dəhrə ilə ət döyürdü, həyətin küçə qapısı cırıltıyla açıldı və o cırıltı eşidilən kimi, Xədicə arvad dedi: «– Balaniyaz gəldi...» Elə bil ki, həyətin o küçə qapısının dili var idi və başqa heç kimin yox, məhz Balaniyazın gəldiyini Xədicə arvada xəbər verirdi.
    Xədicə arvad ayağa qalxdı və kötüyün üstündə yenicə döyülməyə başlamış təzə qoyun ətinə nigaran bir nəzər saldı, elə bil, arvad qorxurdu ki, Balaniyaz gəlib bu ətə şərik çıxacaq. Palazın üstündə bardaş qurub oturmuş tələbə, Balaniyazla birinci görüş məqamında ət kötüyünün arxasında, əlində dəhrə özünü çox naqolay hiss etdi, amma ayağa qalxmağa macal tapmadı, Balaniyaz içəri girdi və Balaniyaz onu beləcə kötük arxasında, əli dəhrəli gördü. Xədicə arvad: «– A-a-a, xoş gəlmisən... – dedi. – Sənnən nə əcəb?». Balaniyaz: «– Nöşün? – dedi. – Gəlibələmirəm begəm?..». Balaniyazın səsi siçan civiltisinə yox, pişik səsinə oxşayırdı və ümumiyyətlə, Balaniyaz siçana yox, pişiyə oxşayırdı, – gödəkboylu, dolu, girdəsifətli, göygözlü və balaca boyu ilə uyuşmayan iri və ucları iti qulaqları. Tələbə Murad İldırımlı ayağa qalxıb otaqdan çıxmaq istədi, amma Xədicə arvad qoymadı (oğlu ilə təkbətək qalmaq istəmirdi).
    Balaniyaz otaqdakı üç taxta kətildən birində əyləşdi, Xədicə arvad ikinci taxta kətildə əyləşdi, tələbə Murad İldırımlı isə xəcalət təri tökə-tökə ət döyməyinə davam etdi və Xədicə arvad: «–Bilirsən nə yaxçı oğlandı bu tələbə? – dedi. Bilirsən nə yaxçı kömək ələyir mənə?.. Qəzet alır gətirir mənə, kulok düzəldirəm. Indi də ət alıb gətirib, xörək bişiriceyəm onunçun!.. Sən necəsən e?» Balaniyaz cavab verdi ki, yaxşıyam, anası uşaqları xəbər aldı, Balaniyaz cavab verdi ki, yaxşıdırlar, anası arvadını xəbər aldı və bu zaman Balaniyaz birdən-birə gözlərini otağın qapısının kənarında döşəmənin dibinə dikib: «– O deşiyi tutmaq lazımdı! Əl-əlbət! –dedi. Ordan siçan gəlir!» Xədicə arvad da, tələbə Murad İldırımlı da, istər-istəməz, Balaniyazın gözlərini dikdiyi səmtə baxdılar və orada güclə sezilən bir deşik gördülər, sonra Xədicə arvad heyrət və qorxu dolu gözləriylə oğluna baxdı. Balaniyaz diqqətlə nəyəsə qulaq asırdı və bir müddət beləcə sükut içində oturdular, dəhrə tələbənin əlində qalmışdı, bu sükutu pozmağa ürək eləmirdi; sonra Balaniyaz:
    «–Siçandır e.... – dedi və gülümsədi. – Siz eşitmürsüz, hə? – yenə diqqətlə qulaq asdı. – Toçnu siçandı!..» Xədicə arvad. «–A-a-a... Bizdə heç siçan olmazdı axı...» – dedi. Balaniyaz açıq-aşkar bir qürur hissi ilə: «– Əh, siçanın qabağını almaq olar? Əl-əlbət belədir!.. – dedi. – Italyada təcrübə ələyiblər. Siçovulu iyirminci mərtəbədə salıblar zaxoda, suyu da çəkiblər üstünnən, əl-əlbət! Bilirsən nolub? Siçovul birinci mərtəbədən diri çıxıb!» Xədicə arvad bu əhvalatı başqa cürə başa düşdü: «–Pay atonan! – dedi. – Italyada zaxodun təmizliyinə bax, ağəz e!..» Balaniyaz göy gözlərini siçan deşiyindən çəkib məzəmmətlə anasına baxdı: «– O öz yerində, – dedi. – Sən siçovulun canına bax e, siçovulun...» Sonra Balaniyaz yenə diqqətlə otağın o baş-bu başına baxdı, diqqətlə qulaq asdı, bir-iki dəfə gözucu tələbənin qabağındakı ətə nəzər saldı, amma anasından heç nə istəmədi və qəflətən gəldiyi kimi, qəflətən də durub getdi və Balaniyaz çıxıb gedəndən sonra, Xədicə arvad torbacıqlardan artıq qalmış qəzet parçalarını bürmələyib oğlunun göstərdiyi həmin deşiyə pərçim eləyə-eləyə və son dərəcə dərin bir pərişanlıq içində: «– Ağəz, – dedi, – mən həmişə siçannan qorxmuşam... Bunun atasının da, fağırın, siçandan əti ürpəşirdi. Bəs, bu kimə oxşadı belənçinə, ağəz?.. Nöş bu siçantutan oldu?..»
    Və elə həmin gecə tələbə Murad İldırımlının qapısını eləcə palto geyinmiş, eləcə şərf taxmış, eləcə şlyapa qoymuş boz bir pişik döydü və şlyapasının yanlarından da pırtlayıb çıxmış yekə və tüklü qulaqları şəklənmiş o pişik siçan axtarırdı, o pişiyin göy gözləri siçan hərisliyi ilə işıldayıb yanırdı; tələbə qapını açandan və pişik içəri girəndən sonra Murad İldırımlı başa düşdü ki, özü siçandır və indi pişik onun özünü kötüyün üstündə dəhrə ilə döyəcək; sonra məlum oldu ki, Xosrov müəllim də siçandı– uzun, arıq, tükləri tökülmüş bir siçandı və Xosrov siçan bərkdən ağlaya-ağlaya Balaniyaz pişiyin ayaqlarına yıxılmışdı: «– Mənim gözü yolda olan balalarım var!..» O gözəl dağlar da, o meşələr də başdan-başa siçan deşiklərinə dönmüşdülər və tələbə Murad İldırımlının nənəsi də siçan idi, seyrək dişləri Balaniyaz pişiyin qorxusundan bir-birinə dəyirdi və nənəsi nazik səsi titrəyətitrəyə Xosrov siçanı göstərib tələbəyə deyirdi: «– Qoy onu yesin!.. Qoy onu yesin, biz qaçaq...» Sonra siçan nənəsi nəvəsini gözləmədi, tələbəni tək qoyub qaçdı...
    Və həmin gecə tələbə Murad İldırımlı tərin içində yuxudan oyanandan sonra səhərə kimi yata bilmədi, bu cavan adam balıncının, sovruğunun tər iyini hiss edəedə, həyətdə damcılayan krantın səsinə qulaq asa-asa qaranlıqda, bu balaca otağın divarları arasında bir həzinlik içində özünü dünyanın ən unudulmuş bir kimsəsi bildi və ona elə gəldi ki, həqiqət indicə gördükləridir, real həyatda yaşamağı isə – yalandır. O zaman o biri otağın açıq qapısından Xədicə arvadın rahat və qayğısız nəfəsi eşidilirdi, protez dişlərini gecə çıxarıb stəkanın içində suya qoyduğu üçün (günortalar da çörək yeyəndə o dişləri çıxarırdı, çünki onlarla bir şey çeynəmək mümkün deyildi), hərdənbir yuxuda damaqlarını marçıldadırdı və o rahat nəfəs də, o marçıltı da, elə bil ki, həmin qeyri-real həyatın səsi idi.
    ... Xədicə arvadın cənazəsini məsciddən gətirdilər və o yazığı yük maşınından düşürüb evə qaldıranda məhəllə arvadları yenə də ağlaşmağa başladı. Xosrov müəllim gəlib tələbə Murad İldırımlının yanında, mizin arxasında oturdu və həmişəki kimi sükut içində məhəllə kişilərini bir-bir nəzərdən keçirdi, sonra gözlərini Molla Əsədullaya dikdi. Molla Əsədulla dodaqaltı pıçıldaya-pıçıldaya Quran oxuyurdu və hər səhifəni oxuyub qurtarandan sonra barmağını dodağına çəkib səhifəni çevirirdi. Sonra Siçan Balaniyaz gəlib çıxdı və hamı ona başsağlığı vermək əvəzinə, Balaniyaz özü məhəllə kişilərinə başsağlığı verməyə başladı, üzrxahlıq etdi:
    – Allah rəhmət eləsin!.. Allah səbr versin!.. Əl-əlbət!.. Son qəmüvüz olsun!.. Iş adamıyam da, mən... Gecikdim... Obyektə getmişdik... Allah rəhmət eləsin! Əl-əlbət işimiz çoxdu yaman!.. Allah rəhmət eləsin!..
    Və Balaniyaz da keçib mizin arxasında əyləşdi, diqqətlə həyətin küncünəbucağına baxmağa başladı. Həyətin yuxarı başındakı o krant isə elə hey damcılayırdı və krant eləcə damcı-damcı axdıqca tələbəyə elə gəlirdi ki, bütün bunların hamısı əvvəllər də haçansa olub, indi ikinci dəfə təkrardır, yəni əvvəllər də haçansa bir dəfə Xədicə arvad ölüb, əvvəllər də burada belə bir yas məclisi qurulub, Xədicə arvadı məsciddən ikinci dəfə gətirirdilər, ikinci dəfəydi ki, o arvadın cəsədini gecələr tələbənin üstünə saldığı o göyümtül adyala bükürdülər, Balaniyaz ikinci dəfə gəlib məhəllə kişilərinə beləcə başsağlığı verirdi, işinin çoxluğu üçün üzrxahlıq edirdi, Molla Əsədulla da ikinci dəfəydi ki, Xədicə arvadın matəm məclisini aparırdı və əvvəlki o yas məclisi zamanı da krant bax beləcə damcılayırdı.
    Tələbə Murad İldırımlı barmağını tez ağzından çəkdi ki, dırnaqlarını çeynəməsin. Məhəllənin yeniyetmə oğlanları (onlar da bu gün məhəllədəki yasa görə məktəbə getməmişdilər) mizin arxasında əyləşmiş kişilərin qabağına (o cümlədən, tələbənin qabağına) çay düzdülər. Məhəllənin simsiz teleqrafı öz işini görmüşdü: vaxtıyla bu məhəllədə yaşayan, sonra təzə ev alıb Bakının mikrorayonlarına, Əhmədliyə, 8-ci kilometrə, Musabəyov qəsəbəsinə, Günəşliyə və ilaxır kənar-bucaq yaşayış yerlərinə köçmüş adamlar bir-bir həyətə girdi, kişilər birbiri ilə görüşüb, bir-birinə başsağlığı verib mizin arxasında əyləşdi, arvadlar evə qalxdı, tələbənin də, Xosrov müəllimin də otaqları arvadlarla doldu, Xədicə arvadın cənazəsi isə öz otağında qoyulmuşdu.
    Əlbəttə, dünən axşam heç kimin ağlına gəlməzdi ki, bu gün bu həyətdə belə bir yas məclisi qurulacaq; dünən hər şey krantın o yeknəsəq damcılarının müşayiəti ilə daimi (sanki daim!) bir eynilik içində idi. Elə ki, iş saatı qurtarırdı, adamlar işdən çıxıb gedib evlərinə çatırdılar, uşaqlar məktəbdən qayıdırdılar, bu küçə də boşalırdı, qaranlıq düşəndən sonra isə tamam bomboş qalırdı; məhəllənin adamları evlərinə çəkilirdilər, gediş-gəliş kəsilirdi və Xədicə arvad tum kisəsini balaca taxta kətilin küçə qapısının ağzından götürüb evə qayıdırdı. Dünən də belə olmuşdu. Xosrov müəllim otağına girib qapısını həmişəki kimi, açarla bağlamışdı. Tələbə də öz otağında oturub kitab oxuyurdu, amma tələbə öz qapısını Xosrov müəllim kimi açarla bağlaya bilmirdi, çünki Xədicə arvad min bir bəhanə ilə gəlib qapını döyürdü, tələbə də durub qapını açmalı olurdu (Xosrov müəllim kimi qaradinməz adamın isə qapısını döyməyə cəsarət etmirdi). Dünən tum satmaqdan qayıdanda yenə tələbəni öz otağında kitab oxuyan gördü: «–Sənnən qabaqkı da (Murad İldırımlıdan əvvəl beş il bu otaqda kirayənişin olub, institutu bitirib öz rayonlarına qayıtmış oğlanı nəzərdə tuturdu) kitab oxuyanıydı, ancaq day sənün kimi yox də... Sən alayı şeysən... Yaxçı eləyirsən!.. Oxumağın axırı yaxçı olur də... Ode, Molla Əsədulla mürdəşir üzünü yumuşun həyətində Mürşüd Gülcahani yaşayırdı. Çoxdan e-e-e... Yarımdəstə Mürşüd deyirdilər, nöşün ki, bazara gedəndə göyü yarım dəstə alıb gətirirdi. Sonra kitab yazdı, böyük adam oldu. Özüm görmüşəm onun kitabını... qəzetdə şəkilləri çıxırdı, kulok düzəltmirdim onnan, saxlayırdım, bilmirəm hara qoydum sonra... Ev verdilər əntiqə, köçdü getdi burdan...»
    Tələbə Azərbaycanda adını yazıçı qoyub yazanların hamısından xəbərdar olduğu kimi, Mürşüd Gülcahanidən də xəbərdar idi, həmin müəllimin ««Şən həyat» kolxozunda» romanını oxumuşdu və tələbənin fikrincə o cür yazıçıların qalın-qalın romanları Azərbaycan ədəbiyyatına yalnız üzüqaralıq gətirirdi, amma, əlbəttə, bu barədə Xədicə arvadla mübahisəyə girişməyin mənası yox idi, buna görə də təbiəti etibarilə höcət olan, birdən-birə başqa tələbələrlə, universitetdəki və Yazıçılar Ittifaqındakı ədəbi dərnək üzvləri ilə qızğın ədəbi mübahisəyə girişən, sərbəst şeri müdafiə edən, Avropa modernistlərinin, xüsusən, ekzisentalistlərin yaradıcılığına bir o qədər dərindən bələd olmasa da, onların təəssübünü çəkən, Yevgeni Yevtuşenkonun, A.Voznesenskinin, B.Axmadulinanın bəzi şerlərini rus dilində əzbər bilən və girişdiyi mübahisələrin axırını gözləməyib, əsəbiləşib yarımçıq çıxıb gedən Murad İldırımlı özünü məcbur etdi və Xədicə arvadın bədii zövqünün fərqinə varmadı. Xədicə arvad Muxtar Xudavəndə kimi qəzetdə ədəbiyyat şöbəsinin müdiri deyildi (illərdən bəri kötük kimi bitib o şöbədə qalmamışdı!) və Xədicə arvadın bədii zövqünün Azərbaycan ədəbiyyatının taleyinə dəxli yox idi.
    Xədicə arvad öz otağında oturub danışa-danışa boyat küftəsini yedi, çox təmizkar olduğu üçün, o saat da durub (və yenə də danışa-danışa) tələbə Murad İldırımlı ilə Xosrov müəllimin otaqlarının arasındakı balaca mətbəxdə boşqabı yudu, dəsmalla qurulayıb yerinə qoydu, tələbənin otağının qabağından keçəndə Xosrov müəllimin bağlı qapısına tərəf işarə etdi, səsini yavaşıdıb: «Bu nöş indidən qapını bağlayıb?» – soruşdu, guya ki, Xosrov müəllim qapısını həmişə beləcə bağlamır. Sonra Xədicə arvad səsini daha da yavaşıdıb: «– Gecə durub su başına çıxanda, görürəm ki, bu fağır ağlayır yuxuda... – dedi. – Ölsə bunun xərcini kim çəkəcək? Mağul, bir uşağı-zadı da yoxdu, tək canıdı... Özünün pulu var görəsən? Hə?» Xədicə arvad bu sualı açıq-aşkar bir maraqla verdi və tələbə Murad İldırımlıdan bir cavab eşitməyəndən sonra lap yavaş səslə, az qala pıçıltıyla: «– Sən bunun beləliyinə baxmaginə e... – dedi. – Bir dəfə yayda Kislavodskiyə getmişdi... Yəqin pulu var də... Ancaq ölsə yazığı__d_¦GF___n işi pis olıcek...»
    Bu sözləri yazıq Xədicə arvad dünən deyirdi... Xınasının vaxtı keçdiyi üçün, dibi ağarmış, üstü xoruz pipiyi kimi qıpqırmızı qızarmış saçlarına köhnə (amma tərtəmiz) çit yaylılığının altından sığal çəkə-çəkə, arıq, nazik dərili və qırışmış sifətiylə gülümsəyə-gülümsəyə deyirdi...
    Xosrov müəllimin hərdən gecələr yuxuda ağlamağını tələbə də eşitmişdi, daha doğrusu, əvvəlcə başa düşməmişdi ki, gecənin yarısı bu nə səsdir belə, amma sonra başa düşmüşdü və bu barədə Xosrov müəllimin özünə heç nə deməmişdi; düzdü, bəlkə Xosrov müəllimin özünün heç xəbəri yox idi ki, bəzən gecələr yuxuda ağlayır, amma bu uzun, arıq kişi o qədər dinməz-söyləməz bir adam idi ki, heç Xədicə arvad da gecələr ağlamağını ona deməmişdi.
    Tələbə Murad İldırımlı səkkiz aya yaxın idi ki, Xosrov müəllimlə bir evdə yaşayırdı, amma təkcə onu bilirdi ki, bu adam əvvəllər məktəbdə rus dilindən dərs deyib, sonra köşkdə qəzet satıb, sonra da pensiyaya çıxıb, öz evi yoxdur və uzun müddətdir ki, ayda 70 manata Xədicə arvadın kirayənişinidir. Xosrov müəllim evdə olmayan vaxtlarda hərdən Xədicə arvad deyirdi: «–Xosrov müəllim veteran trudadı e!.. Nöşün gedib hökumətdən ev istəmir bu?.. Fağır, bu da belə qaragündü də!..» Əlbəttə, Xosrov müəllim ev alsaydı, ayda Xədicə arvada 70 manat pul verməyəcəkdi (o verməyəcəkdi, başqası verəcəkdi), amma Xədicə arvad təəccübünü gizlətmirdi və ümumiyyətlə, Xosrov müəllimin qapalı həyatı hərdən tələbəni də düşündürürdü və bəzən tələbəyə elə gəlirdi ki, illər keçəcək, o özü eynilə Xosrov müəllim kimi bir adam olacaq; yəni bəzən tələbəyə elə gəlirdi ki, yaşlarının, boylarının, sir-sifətlərinin müxtəlifliyinə baxmayaraq, Xosrov müəllim də, o dünyanın eyni aqibətli, daha doğrusu, eyni qəlibdən çıxmış adamları zümrəsinə daxildirlər...
    Sonra Xədicə arvad öz otağına getdi, oturub danışa-danışa qəzetdən təzə torbacıqlar düzəltdi, müştərilərin get-gedə azaldığından şikayət etdi, xeyli qovrulmuş tum qaldığı üçün, təzə tum qovurmadı, hətta birdən-birə tələbəyə dedi ki, istəyir, gəlsin, bir ovuc tum götürüb çırtlasın və səkkiz ay ərzində Xədicə arvad birinci (və sonuncu) dəfəydi ki, tələbəyə tum təklif edirdi. Tələbə, təbii ki, tumdan imtina etdi, Xədicə arvad da həmişəki səliqəsi ilə təzə torbacıqları bir-brinin içinə yığdı, tum torbasını ağzınacan doldurdu, bir sözlə, sabahın (yəni bu günün) hazırlığını gördü, sonra adəti üzrə bayır qapısının kilidini yoxladı, tualetə getdi, əllərini, üzünü həyətdəki krantda sabunla tərtəmiz yuyub gəlib yerinə girdi (ki, bir daha qalxmasın!) və otağının da qapısını həmişəki kimi açıq qoydu.
    Tələbə Murad İldırımlı da işığı keçirib yerinə girdi, həmin göyümtül adyalı üstünə saldı və birdən-birə ondan əvvəl bu otaqda yaşamış adam barədə fikirləşməyə başladı. Murad İldırımlı o adamı görməmişdi, amma dünən gecə o adamla özü arasında qəribə bir doğmalıq hiss etdi: həmin keçmiş kirayənişin də beş il bu otaqda, bu dörd divar arasında yaşamışdı, o da gətirib ayda 70 manat Xədicə arvada pul vermişdi, gecələr bu dəmir çarpayıda uzanmışdı, üstünə şübhəsiz ki, bu göyümtül adyalı salmışdı, gecələr beləcə bu tavana, bu divarlara baxmışdı, krantın damcılamağına qulaq asmışdı, hərdən Xosrov müəllimin gecələr yuxuda ağlamağını eşitmişdi... Bəlkə o keçmiş kirayənişin də illərlə «Əzizimin cəfası» romanını axtarmışdı, dahi rus şairi Aleksandr Serqeyeviç Puşkinin qohum-əqrəbasının adını əzbərləmişdi, amma bir halda ki, universiteti bitirdikdən sonra Bakıda qala bilməmişdi, çıxıb öz kəndlərinə getmişdi, deməli, axıra qədər də «Əzizimin cəfası» romanını tapa bilməmişdi. Əlbəttə, belə bir adda roman yox idi, amma Murad İldırımlı Bakıda keçirdiyi dörd illik tələbəlik dövründə başa düşmüşdü ki, indi Azərbaycanda və ümumiyyətlə, bütün Sovet Ittifaqında hünər burasındadır ki, olmayan romanı oxuyasan! «Əzizimin cəfası» romanı yox idi, amma sən o olmayan, o yazılmamış romanı oxumağı bacarmalı idin və tələbə Murad İldırımlı buna qəti əmin olmuşdu ki, bu gün insanlar elə bir dövrdə və elə bir ölkədə yaşayırlar ki, o yazılmamış romanı oxuya bilməsən sənin işlərin heç vaxt düz getməyəcək... Tələbə Murad İldırımlı gecələr həmişə belə bədbin ictimai fikirlərə qapılanda birdən-birə qaranlıq içindən bir əl çıxıb gəlib gözlərinin qabağında dayanırdı və o əlin barmaqlarının güclə sezilən hərəkəti, elə bil ki, rişxəndlə deyirdi: ay axmaq tələbə, hərənin bu dünyada öz yeri var, həmişə belə olub və həmişə də belə olacaq, – ibtidai icma dövründən tutmuş, bu günə qədər və min il bundan sonraya qədər! – amma sən o qədər vecsiz və lazımsız bir məxluqsan ki, nahaq yerə təqsiri zəmanənin və ölkənin boynuna yıxırsan, sənin kimilər bütün zamanlarda və bütün ölkələrdə, bax, bu əlin kölgəsində heyvan kimi ömür sürüb qara torpağa qarışıblar, çünki onlarla (və səninlə!) heyvan arasında heç bir fərq olmayıb.
    Məsələ burasında idi ki, hərdən gecələr eləcə tələbənin gözlərinin qabağına gələn o əl Leonid İliç Brejnevin əli idi və tələbə dörd il bundan əvvəl Leonid İliç Brejnevin özünü yox, əlini görmüşdü; o vaxt ki, tələbə Murad İldırımlı ilk növbədə özü üçün gözlənilmədən universitetə daxil olmuşdu və dərslər də yenicə başlamışdı – 1978-ci ilin sentyabr ayında – Sov. IKP MK-nın Baş katibi, SSRI Ali Soveti Rəyasət Heyətinin Sədri L.I.Brejnev, Sov. IKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Sov.IKP MK katibi K.U. Çernenko və onlarla birlikdə Sov. IKP MK üzvlüyünə namizəd, Sov. IKP MK Baş katibinin köməkçisi A.M. Aleksandrov, Sov.IKP Mərkəzi təftiş komissiyasının üzvü, Sov. IKP MK beynəlxalq informasiya şöbəsi müdirinin birinci müavini V.M. Falin, Sov. IKP MK işlər müdirinin müavini M.Y. Mogilevets yoldaşlar Azərbaycan paytaxtına Lenin ordeninin təqdim olunması münasibətilə Bakıya gəlmişdilər. SSRI Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Bakı şəhəri inqilabi hərəkatda, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında və möhkəmləndirilməsində xidmətlərinə, 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşist işğalçıları üzərində qələbəyə böyük köməyinə, təsərrüfat və mədəniyyət quruculuğunda şəhər zəhmətkeşlərinin qazandıqları müvəffəqiyyətlərə görə Lenin ordeni ilə təltif edilmişdi və L.I.Brejnev yoldaş bu yüksək mükafatı Bakının bayrağına şəxsən sancacaqdı. Bu, L.I. Brejnev yoldaşın Bakıya ikinci səfəri idi, birinci dəfə 1970-ci ildə, Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 50 illiyi münasibətilə gəlmişdi. Indi universitetdə tələbələr danışırdı ki, L.I. Brejnev yoldaş Bakıya üçüncü dəfə gələcək, bu yaxınlarda xalq təsərrüfatını inkişaf etdirmək haqqında Sov. IKP XXV qurultayı qərarlarının həyata keçirilməsində Azərbaycan SSR zəhmətkeşlərinin qazandıqları böyük müvəffəqiyyətlərə, sənaye və kənd təsərrüfatı məhsulu istehsalına dair onuncu beşillik tapşırıqlarının vaxtından əvvəl yerinə yetirilməsinə görə Azərbaycan Sovet Sosialist Respublikası SSRI Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə, Lenin ordeni ilə təltif edilmişdi və guya, bu dəfəki Lenin ordenini də respublikanın bayrağına şəxsən L.I. Brejnev yoldaş taxacaqdı, amma demək olar ki, hər gün televiziya ilə göstərilən cürbəcür təltiflər zamanı hamı görürdü ki, rəhbərin dili söz tutmur və belə bir kökdə rəhbər Bakıya üçüncü dəfə necə gələcəkdi? Universitetdə tələbələr danışırdılar ki, guya, L.I. Brejnev, yəni həqiqi L.I. Brejnev Kremldə oturur, başqa yerlərə gedən isə onun oxşarı, «dvoynik» i olur və guya, Bakıya da özü yox, oxşarı gələcəkdi...
    Nə isə, bütün bunlar hələ sabahkı günlərin işi idi, onda isə 1978-ci il sentyabrın 20-si idi və cəmi iyirmi gün idi ki, tələbə Murad İldırımlı həqiqətən də dünyanın bir çox işlərindən bixəbər (milisioner Əsgər düz deyirdi!) o uzaq (və gözəl!) dağların qoynundan gəlib Bakıda tələbəlik həyatına başlamışdı və həmin gün dilsiz-ağızsız birinci kurs tələbəsi olduğu üçün, onun əlinə böyük bir transparant verib sübh tezdən başqa tələbələrlə birlikdə Bakı dəmiryol vağzalına göndərmişdilər. L.I.Brejnev yoldaş Moskvadan qatarla yola düşmüşdü və bütün qəzetlər L.I.Brejnev yoldaşın partiya və dövlət rəhbərləri tərəfindən Moskvadan Bakıya yola salınmasını xəbər vermişdi, fotolar dərc etmişdi. Baş katibi və SSRI Ali Soveti Rəyasət Heyətinin sədrini Sov. IKP MK Siyasi Bürosunun üzvləri V.V.Qrişin, A.N. Kosıgin, K.T. Mazurov, A.Y. Pelşe, M.A. Suslov, D.F. Ustinov, Sov. IKP MK Siyasi Bürosu üzvlüyünə namizəd P.N. Demiçev, Sov.IKP MK katibləri I.V. Kapitonov, V.I. Dolgix, M.V. Zimyanin, K.V. Rusakov, Sov. IKP MK üzvləri G.S. Pavlov, Q.E. Sukanov, Sov. IKP MK üzvlüyünə namizədlər M.P. Georqadze, V.S. Paputin, S.K. Sviqun, Sov. IKP Mərkəzi təftiş komissiyasının üzvləri A.I. Blatov, K.M. Boqolyubov, Y.M. Çurbanov, yollar naziri I.Q.Pavlovski, xarici ticarət nazirinin müavini Y.L. Brejnev yola salmışdılar.
    Universitet tələbələri arasında belə bir oyun var idi: bir nəfər Sov. IKP MK Siyasi Bürosunun üzvlərindən, üzvlüyə namizədlərdən, Sov. IKP MK katiblərindən, yaxud SSRI Nazirlər Soveti Sədrinin müavinlərindən birinin familini deyirdi və kim ki, bu famil sahibinin adını və atasının adını, vəzifəsini dəqiq deyirdisə, bir dənə siqaret udurdu. Bu suallara dəqiq cavabları, adətən, komsomol fəalları, bir də ki, siqaret almağa pulu olmayan (buna görə də o adları əzbərləyən!) tələbələr cavab verirdi, – tələbə Murad İldırımlı isə komsomol fəalı deyildi, siqaret də çəkmirdi, amma bütün rəhbərlərin adını, atasının adını, familini əzbər bilirdi, vəzifələrini bütöv və dəqiq sadalayırdı və bir-birləri ilə mərcləşmiş tələbələr bəzən höcət edəndə (misal üçün, Boris Nikandroviç Ponomoryov, yoxsa Boris Nikolayeviç Ponomoryov?) gəlib həqiqi cavabı Murad İldırımlıdan öyrənirdilər, özüylə isə, maraqsız adam olduğu üçün heç vaxt mərcləşmirdilər. Tələbələr Murad İldırımlının rəhbərlərin adını və vəzifəsini belə yaxşı bilməyini də, əslində, onun paxıllığı ilə yozurdular.
    Həmin sentyabr səhəri Bakı dəmiryol vağzalı əllərində Sov. IKP MK Siyasi Bürosunun üzvlərinin və üzvlüyə namizədlərin şəkillərini, şüarlar, transparantlar tutmuş tələbələrlə, gül-çiçək tutmuş qırmızı qalstuklu, ağ köynəkli pionerlərlə, SSRI-nin və Azərbaycan SSR-in kiçik bayraqlarını tutmuş oktyabratlarla, əyinlərinə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin rəhbərin gəlişi münasibətilə xüsusi tikdirdiyi milli geyimlər geymiş və əllərindəki iri nimçələrdə paxlava, şəkərbura, şərbət, üzüm, əncir, armud tutmuş qızlarla, milis nəfərləriylə dolu idi və gecədən vağzalda hazırlıq işləri gördükləri üçün yuxusuzluqdan gözləri qızarmış bir o qədər də cavan olmayan komsomol işçiləri, aşağı vəzifəli partiya işçiləri canfəşanlıqla orabura qaçırdı, L.I.Brejnev yoldaşı gətirəcək qatar isə gəlmək bilmirdi.
    Hava soyuq və küləkli olduğu üçün, ağ köynəkli pionerlər və oktyabratlar, nazik milli geyimli qızlar elə üşüyürdülər ki, dişləri-dişlərinə dəyirdi və tələbə Murad İldırımlı bu nəhəng izdiham arasında, əlində tutduğu o transparantın xəcalətindən özünü bir mikrob kiçikliyi və heçliyi içində hiss edə-edə o milli geyimli və üşüyən qızlara baxırdı. O uzaq dağların qoynundan onda hələ lap təzəcə gəlib Bakının o dəmiryol vağzalına düşmüş bu cavan adam o yaraşıqlı qızların qarşısında, elə bil ki, özünü günahkar hesab edirdi və qızların o yüngül ipək paltarda eləcə üşüm-üşüm üşüməkləri tələbənin mənliyinə toxunurdu, onu əsəbiləşdirirdi.
    Vağzalın ətrafındakı hündür binaların eyvanlarından, divarlarından, tələbələrin, şagirdlərin, komsomol işçilərinin əllərində tutduğu transparantlardan baxan L.I.Brejnevin şəkilləri də o dəm elə bil ki, səbrsizliklə qatarın gəlib çıxmağını gözləyirdi və Murad İldırımlının gözləri hərdənbir rəhbərin qalın qaşlarına sataşanda, ona elə gəlirdi ki, həqiqət içində, yəni adi insanlar arasında, adi həyatda deyil və bütün bu şəkilləri, iri ağ hərflərlə qırmızı çit parçaların üstünə yazılmış bu şüarları – «Doğma Sovet Ittifaqı Kommunist Partiyasına eşq olsun!», «Vətənimizin xalqlarının sarsılmaz dostluğu var olsun!», «Yer üzündə sülh naminə, sovet adamlarının rifahı naminə yorulmaz coşğun fəaliyyəti üçün Leonid İliç Brejnevə minnətdarıq!», «Qazanılmış misilsiz nailiyyətlərimiz partiyanın Mərkəzi Komitəsinin, onun Siyasi Bürosunun dinamik və məqsədyönlü təşkilatçılıq və siyasi işinin, Sov.IKP MK-nın Baş katibi, SSRI Ali Soveti Rəyasət Heyətinin Sədri, Lenin rəhbərlik prinsiplərinin və əsl sosialist demokratiyasının carçısı, sülh uğrunda yorulmaz mübariz, əziz Leonid İliç Brejnevin yorulmaz nəzəri və əməli fəaliyyətinin nəticəsidir!» – Bakının raykomları çəkdirib yazdırmayıb, bu qədər adamı vağzala raykomlar yığmayıb, bütün bunları tarix özü edib və tarix özünün hansı bir mərhələsinisə lentə alır.
    Tələbə Murad İldırımlının əlindəki transparantda yazılmışdı: «Əziz Leonid İliç! Bizim xoşbəxtliyimiz üçün əsl atalıq qayğınıza görə Azərbaycan tələbələri sizə dərin təşəkkür və minnətdarlığını bildirir!» və dəqiqələr ötdükcə, saatlar bir-birini əvəz etdikcə, bu transparantın ağırlığı daha da artırdı; komsomol fəalları, aşağı vəzifəli partiya işçiləri yenə ora-bura qaçsalar da, əvvəlki canfəşanlıqları hiss olunmurdu.
    Bu vaxt qəribə bir görüş baş verdi: tələbə adamları aralaya-aralaya yanından ötən kəndçisi milisioner Əsgərlə üz-üzə gəldi. Milisioner Əsgər əyninə adi vətəndaş paltarı geyinmişdi və tələbəni görən kimi, qaşlarını dartıb ayaq saxladı: «– Bayramın mübarək olsun!» Tələbə əvvəlcə başa düşmədi: «– Hansı bayram?» «–Nətər yanı hansı bayram, ə? Bu boyda zırıltını görmürsən? Bizə də qrajdanski paltar geyindiriblər ki, göz-qulaq olaq, rəhbəri axryanat eləyək!..» Milisioner Əsgər Murad İldırımlının ali məktəbə qəbul olunmağından xəbərdar imiş, sifətini tələbənin sifətinə az qala bitişdirib «– Bə deyirdin nənəmin pulu yoxdu, ə?... – dedi. – Pulu yoxuydu, bə nətər oldu gəldin girdin instuta?» – Və milisioner Əsgər tənə ilə başını bulaya-bulaya uzaqlaşıb izdihamın içində yox oldu.
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.01.2014) | Müəllif: R.C E W
Baxış: 924 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more