Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölüm hökmü-11
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>

    Gicbəsər o kolun ardından, yarpaqların, budaqların arasından həmin maşını da, yaxınlaşan sanitarları da görürdü və bu it yəqin hiss edirdi ki, nəsə bəd bir əməl hazırlanır və buralardan qaçıb getmək lazımdır, amma elə qaçıb getmək lazımdır ki, gözə görünməsin. Gicbəsər arxa ayaqlarını qaldırdı, başını isə kolun dibindən çəkmədi, amma əlitüfəngli o sanitar, itin kolun ardından donbalmış arxa hissəsinin qəhvəyi qara tüklərini o saat gördü və tüfəngi sinəsinə sıxıb tətiyi çəkdi. Atəşin boğuq səsi dənizə, bulvara, maşınların hələ tək-tük ötdüyü o geniş prospektə yayıldı və elə həmin anda da Gicbəsər arxa qılçının yuxarı hissəsinin kənarında əvvəlcə bir zərbə, sonra da ağrı hiss etdi, amma it zingildəmədi, belə bir məqamda başa düşdü ki, səs çıxarmaq olmaz, təzədən yerə sinib, az qala, sürünəsürünə ikinci kolun arxasına keçdi. Bu ikinci koldan sonra, sıx zeytunluq başlayırdı və imkan tapıb o ağaclığa atılmaq və buralardan qaçıb qurtarmaq lazım idi. Əlitüfəngli sanitar diqqətlə o dekorativ kola tərəf baxırdı və itin hansı səmtə yatdığını müəyyənləşdirmək istəyirdi, amma bu vaxt gözlənilməz bir hadisə baş verdi: görünür, Gicbəsərin izinə düşmüş və sübh tezdən xəlvətcə ona yaxınlaşmaqda olan o cavan, o sağlam Qara it bir göz qırpımında zeytunların arasından sıçrayıb asfalta çıxdı və irəli qaçıb həmişəki hikkəsi, yoğun və acıqlı səsi ilə sanitarların üstünə hürməyə başladı.
    Dalbadal açılan iki boğuq atəş səsinin yüngül əks-sədası yenə də ətrafa yayıldı və o qara itin acıqlı hürüşü əvvəlcə zingiltiyə, sonra zarımağa çevrildi, Qara it yerində yırğalandı, başı aşağı düşdü, ayaqları büküldü və it böyrü üstə qarnından, sinəsindən axan qanın içinə sərildi. Qara itin ayaqları bir-iki an havada çapaladı, sonra uzanmış itin beli gərildi, ayaqları qanrıldı və o Qara it hərəkətsiz qaldı. Atəş açan sanitar, tüfəngi çiyninə keçirdi, xalatının cibindən yekə göy əlcəklər çıxarıb əllərinə geydi, ikinci sanitar da eyni yekə əlcəkləri cibindən çıxarıb əllərinə geydi və hər iki sanitar o axmaq Qara itə yaxınlaşdı, biri qabaq ayaqlarından, o biri arxa ayaqlarından yapışıb Qara iti qaldırdılar və furqona tərəf apardılar. Özünü gözəl bir hədiyyə kimi güllə qabağına verən o Qara it sanitarların bu səhərki siftəsi idi və bəxtləri beləcə gətirsəydi bugünkü planlarını yerinə yetirəcəkdilər; sanitarlar kimsəsiz küçə itlərinin daldalana biləcəyi yerləri gəzəcəkdilər, şəhərdən cürbəcür epidemiyalar yayılmasın, təmizlik olsun deyə, yalnız xəstə yox, ümumiyyətlə, it axtaracaqdılar; plan it cəsədi tələb edirdi, odur ki, qabaqlarına çıxan kimsəsiz küçə itlərini vuracaqdılar və bu minval ilə şəhərdə təmizlik işləri aparacaqdılar...
    Gicbəsər kolun ardından bütün bunların hamısını görürdü və bu hadisənin gözlənilməzliyi, elə bil ki, itə boğazının, qılçının ağrısını unutdurmuşdu, Gicbəsər səsini çıxarmayıb baxırdı və elə ki, sanitarlar furqonun qapısını açıb Qara itin cəsədini içəri atdılar, Gicbəsər cəld sıçrayışlarla özünü zeytunluğa verdi və ağrılarına baxmayaraq var gücü ilə qaçıb bu yerlərdən uzaqlaşdı. Tüfəngsiz sanitar bayaqkı dekorativ kola tərəf baxıb:
    – Bəs o birisi nə oldu? – soruşdu.
    Tüfəngli sanitar da başını çevirib əvvəlcə o kola, sonra zeytunluğa tərəf baxdı, itin hansı istiqamətdə qaçıb canını qurtardığını düzgün müəyyən etdi və sidqürəkdən təəssüflənə-təəssüflənə:
    – Qaçıb getdi əclaf!.. – dedi.
    Ikisi də maşına mindi.
    Sürücü növbəti dəfə əsnəyib motoru işə saldı və yenə də deyindi:
    – Katafalkada işləmək bundan yaxşıdı!.. It ölüsü daşıyıram...
    Sonra o furqonlu maşın yerindən tərpəndi.
    Dan yerinin o qırmızısı yavaş-yavaş çəkilib gedirdi və Bakıda yeni gün başlayırdı.
11
ƏBDÜL QAFARZADƏ


    Həmin aprel günü Əbdül Qafarzadə ikinci dəfə Rayon Icraiyyə Komitəsinin binasından çıxıb trolleybusla Qəbiristanlıq Idarəsinə gələndən sonra iki nəfər içəri girib bir balaca qanını qaraltdı. Biri tösmərək oğlan idi, o birisi şalban kimi arıq və uzun bir tip idi (bayaq iclasdan qayıdanda da gözləmə otağında gördüyü bunlar idi), ölüləri üçün yer istəyirdilər və rüşvət əleyhinə mübarizə aparırdılar... Axmaqlar!.. Əbdül Qafarzadənin bu cür miskin adamları görməyə gözü yox idi; əfəl və mənasız məxluqat olduqları üçün ciblərində də bir qəpik olmur və buna görə də ədalət uğrunda mübarizə aparırlar, qanundan dəm vururlar... Bu tösmərək axmaq da Sovet Ittifaqının qanunlarını köməyə çağırırdı və Sovet Ittifaqındakı qanun keşikçisi mayor Məmmədov da, elə bil, qəsdən burada idi, o axmağın qolundan yapışıb göstərdi ona həmin qanunları.
    Tülkü Gəldi Qəbiristanlığı neçə ildən bəri sahə müvəkkili işləyən milis mayoru Məmmədovun ərazisinə daxil idi və o bu işə gələndə baş leytenant idi, Əbdül Qafarzadənin sayəsində indi mayor olmuşdu, amma – insan, əlbəttə, naşükürdür– indi özünü daha sahə müvəkkilliyinə sığışdırmırdı, axır vaxtlar Əbdül Qafarzadəyə, xüsusilə, yaltaqlanırdı ki, kişi gedib Bakı Şəhər Milis Idarəsində, yaxud Daxili Işlər Nazirliyinin özündə ağız açsın, onu irəli çəksinlər. Könlündən rayon milis şöbəsinin rəisliyi keçir, hələlik, heç olmasa, rəis müavini olmaq istəyir... Əvvəllər Əbdül Qafarzadə Mirzəibinin, Ağakərimin, yaxud Vasilinin vasitəsilə hərdənbir Məmmədova cib xərcliyi verirdi, amma indi Məmmədovun özü yeri düşəndə Mirzəibiyə, Vasiliyə, Ağakərimə işarələr vururdu, eyhamlarla (birbaşa deməyə ürək eləmirdi) Əbdül Qafarzadə üçün pul təklif edirdi ki, gedib yuxarılarda işini düzəltsin. Acın biri idi, burada sahə müvəkkili olandan sonra özünü düzəldib – ərazisində nə qədər istəyirsən kababxana, dükan, dondurma sexi, qayış sexi, keramika fabriki, pivəxanalar... Ayda hər birindən çox yox, elə beşcə yüz manat alsa, gör nə qədər eləyir!.. Hər halda, acından ölmür... Nə isə, Məmmədov da adam idi və özünü oda-közə vurub adam kimi yaşamaq istəyirdi. Ola bilsin ki, Əbdül Qafarzadə ona kömək edəcəkdi, amma hələ qəti qərara almamışdı. Indi isə bərk acımışdı və təzə katibə qızı çağırıb çörək və pendir almaqdan ötrü mağazaya göndərdi. Əlbəttə, bu qız səhlənkarlıq eləmişdi və o iki nəfəri icazəsiz içəri buraxmışdı, Əbdül Qafarzadə isə səhlənkarlığı, xüsusən, işdə səhlənkarlığı xoşlamırdı; amma Əbdül Qafarzadə cavan və gözəl qızları xoşlayırdı və o səhlənkarlıq üstündə hissə qapılıb bu qızı qovmağın hələ vaxtı deyildi... Bir də ki, – Əbdül Qafarzadə buna qətiyyən şübhə etmirdi – o iki nəfəri bura katibə qız yox, getgedə ağlını itirən Bədurə buraxmışdı. Bədurə öz qocalığı ilə heç cürə barışa bilmirdi və indiyə qədər də Əbdül Qafarzadəni qısqanırdı, bunu heç kim görməsə də (bəlkə heç Bədurənin özü də indi bu fikirdə deyil!..), Əbdül Qafarzadə yaxşı görürdü. Azərbaycanlı belədir də... Odur, mühasib Yevdakiya Stanislavovna, ya da ki, kassir Marqarita Iosifovna, indi qocalıblar, başlarını da aşağı salıb işlərini görürlər. Cavanlıqlarında bəyəm Əbdül Qafarzadə ilə az oyundan çıxmışdılar?.. Hər halda, Bədurə ilə yaxşıca bir söhbət eləmək lazımdı, bu təzə qızın məsələsi isə gələcəyin işidi, indinin yox. Axır ki, bugünkü qəzetləri rahat oxumaq olar...
    O gözəl katibə qız, Əbdül Qafarzadənin verdiyi iki əzik-üzük manata baxabaxa çaşbaş qalmışdı: bu kişi ki, camaat bunun haqqında bu qədər danışır, adicə qəbirqazanlar kimi, cibindən iki dənə əzik manatlıq çıxartdı və bu adam da nahar zamanı adicə qəbirqazanlar kimi, dükan pendiri ilə dükan çörəyi yeyəcəkdi; qız gah əlində tutduğu o əzik manatlara, gah da Əbdül Qafarzadənin indicə kabinetə girib ardınca örtdüyü içi pambıq dolu qəhvəyi meşin qapıya baxırdı.
    Makinaçı Bədurə xanım bu Qəbiristanlıq Idarəsinin də, Əbdül Qafarzadənin də cikinə-bikinə bələd idi (hər halda, iyirmi ildən artıq Qəbiristanlıq Idarəsində işləyən bu arvada belə gəlirdi!) və buna görə də öz küncündə oturub makinadakı yazısını davam etdirə-etdirə təzə katibə qıza baxdı,qıpqırmızı boyadığı dodaqlarından bir təbəssüm keçdi. Bədurə xanım da iyirmi iki il bundan əvvəl bu idarəyə gələndə, iyirmi iki il bundan əvvəl birinci dəfə Əbdül Qafarzadə ilə tanış olanda beləcə çox çaşbaş qalmışdı, amma indi sakitcə öz küncündə oturub dissertasiya çap edirdi. Əbdül Qafarzadə icazə vermişdi ki, Idarə işi olmayanda (bu Idarədə isə makinaçı işi çox az idi – əsas etibarilə Əbdül Qafarzadənin yuxarı təşkilatlara göndərdiyi arayışlar, raportlar, bəzi xahişlər, vəssalam) Bədurə xanım öz müştərilərinin işini yazsın və Bədurə xanım da bir ucdan cürbəcür – ədəbiyyatdan tutmuş fəlsəfəyəcən – dissertasiyaları makinada yazmaqla məşğul idi.
    Əlbəttə, o cavan, o gözəl katibə qızın haradan ağlına gələ bilərdi ki, Əbdül Qafarzadə kimi bir adam niyə nahar üçün pendir-çörək istəyir? Niyə Bakının gözəl kababxanalarından (bu kababxanalardan biri elə Tülkü Gəldi Qəbiristanlığının yanında idi və «Əlvida» adlı həmin kababxananın da əsl sahibi Əbdül Qafarzadə idi) özü üçün yemək gətirtmir? Bunun səbəblərindən biri çox sadə idi: Əbdül Qafarzadə indi burada əməlli-başlı nahar eləsəydi, evə gedəndə daha çörək yeyə bilməyəcəkdi və o da evdə çörək yeməyəndə, Qaratel dilinə, ümumiyyətlə, heç nə vurmurdu. Amma indi Əbdül Qafarzadə bir az pendir-çörək yeyəcəkdi, işdən sonra isə, gedib evdə xörək hazırlayacaqdı (əgər Qaratel yenə də sözə baxmayıb ağrıya-ağrıya özü kişinin işdən qayıtması üçün xörək hazırlamayıbsa), iştahla yeyəcəkdi və Qarateli də məcbur edəcəkdi ki, bir az yesin. Nə isə, dünyanın beləcə qəribə işləri o cavan katibə qızın ağlına haradan gələ bilərdi?
    Əbdül Qafarzadə kabinetində öz mizinin arxasına keçib qəzetləri oxumağa başlayanda, bayaq Fərid Kazımlının qəzetin arxasında gizlənməyini yadına saldı, sonra da, nədənsə, birdən-birə Burunu xatırladı və səhərin o narahatlığından, günortanın beləcə tələsikliyindən sonra qollarını geniş açıb ləzzətlə gərnəşdi, gülümsədi.
    Fərid Kazımlı da, Burun da tamam başqa-başqa adamlar idi, cəmiyyətdə tamam başqa-başqa mövqe tutmuşdular, amma o dəm Əbdül Qafarzadə üçün bu iki adamın arasında nəsə bir yaxınlıq, bir qohumluq var idi. Tülkü Gəldi Qəbiristanlığındakı Qəbiristanlıq Idarəsinin həyətində kiçik morq binası var idi və bu birmərtəbəli, üç otaqlı, ağ əhənglə ağardılmış binada heç vaxt ölü olmurdu (kim gəlib öz ölüsünü basdırmamışdan əvvəl morqa qoyacaqdı?). Qəbiristanlıq Idarəsinin bənnası, dülgəri, çilingəri, yükdaşıyanı (belə bir ştat da var idi, tabutu maşından düşürdüb qəbirə aparmalı idi), alkoqolik qəbirqazanlar və onların Qəbiristanlıq Idarəsinin ştatında olmayan başqa alkoqolik dostları morqa su çəkmişdilər, ocaqxanadan qaz çəkmişdilər, soba qurmuşdular və o soba elə yanırdı ki, döşəməsi və divarları ağ kaşı ilə hörülmüş otaqlar qışın oğlan çağında da istidən tərləyirdi.
    Gündüzlər morqda demək olar ki, adam olmurdu, təkcə bir-iki alkoqolik keflənib kiçik otağın döşəməsində yatırdı, amma elə ki, axşam düşürdü və xüsusən, elə ki, gecə yarıya çatırdı, bu morqda həyat qaynamağa başlayırdı, maşınlar gəlib Qəbiristanlıq Idarəsinin həyətinin örtülü darvazası qabağında dayanırdı, məhrəm müştərilər özləri maşından düşüb morqa tərəf gedirdi, yaxud da taksidə gəlmiş müştəri üçün qəbiristanlığın qarovulçusu Əflatun həvəslə morqa qaçırdı. Məsələ burasında idi ki, gecələr şəhərdə ərzaq dükanları, restoranlar bağlanandan sonra, morqda araq alveri gedirdi, araq şüşəsinin hər biri üçqat, beşqat bahasına, bəzən bundan da artıq qiymətə satılırdı (baxırdı müştəriyə və havaya; qarlı-çovğunlu gecələrdə burada arağın qiyməti qızdırmalı xəstənin qoltuğundakı termometrin civəsi kimi, o saat yuxarı qalxırdı). Gecələr morqda gedən bu alverin öz sistemi yaranmışdı və Tülkü Gəldi Qəbiristanlığındakı bu gecə həyatının müqəddəratı, qazancı Əbdül Qafarzadənin Qəbiristanlıq Idarəsindəki üç nəfər yaxın adamının əlində idi: ocaqçı Mirzəibinin (bu adam universitetin şərqşünaslıq fakültəsini bitirmişdi, Misirdə, Liviyada tərcüməçi, Elmlər Akademiyasında elmi işçi işləmişdi və təxminən on il bundan əvvəl Əbdül Qafarzadə onu ocaqçı vəzifəsinə götürmüşdü), çilingər Ağakərimin, bir də ki, qəbirqazan vəzifəsində işləyən Vasili Mitrofanovun, Burun isə bu adamların, necə deyərlər, qeyri-rəsmi, özbaşına şəriki idi.
    Əlbəttə, nə Mirzəibi Qəbiristanlıq Idarəsinin ocaqxanasında barmağını bir işə vurmuşdu, nə Ağakərim çilingərlik edirdi, nə də Vasili Mitrofanov qəbir qazırdı. Bütün bu işləri alkoqolik qəbirqazanlar və onların alkoqolik dostları görürdülər, bu üç nəfər isə Əbdül Qafarzadənin nəzarətçiləri, iş düzəldənləri, etibarlı adamları idi, Tülkü Gəldi Qəbiristanlığının təkcə gecə yox, gündüz həyatı da, əsasən, bu üç nəfərin əlində idi. Bu üç nəfərin – Mirzəibinin, Vasilinin, Ağakərimin Əbdül Qafarzadəyə xidmətlərində elə bir səliqə-səhman var idi, öz aralarında da elə bir işgüzar münasibət yaranmışdı ki, onlar bir-birlərinə qətiyyən mane olmurdular, əksinə, üçü də bir nəfər kimi kişiyə xidmət edirdilər, çünki öz sahiblərini yaxşı tanıyırdılar, kim olduğunu bilirdilər. Bir neçə il bundan əvvəl üç yox, dörd nəfər idilər (dördüncü nəfər indi adını da çəkməyə cürət etmədikləri Quba yəhudisi Alyoşa idi) və dördü də Əbdül Qafarzadənin ən yaxın adamları idi, amma günlərin bir günündə şeytan, Alyoşanı yoldan çıxartdı, nəsə bəd bir iş tutmuşdu, Əbdül Qafarzadəni satmışdı (nə Vasili, nə Mirzəibi, nə də Ağakərim indiyə kimi də o bədbəxt Alyoşanın günahını dəqiq bilmirdi) və Alyoşanı dənizdən tapdılar: gecə güllə ilə dənizkənarı bulvarda vurub dənizə tullamışdılar, külək isə cəsədini aparıb Zığ tərəfə çıxarmışdı. Ağakərim də, Mirzəibi də, Vasili də bədbəxt Alyoşanın nə üstündə öldürüldüyünü dəqiq bilmirdilər, amma kim tərəfindən öldürüldüyünü tamam dəqiq bilirdilər...
    Ümumi işlərdən başqa bu üç nəfərin hərəsinin öz müəyyən xidmət sahəsi var idi: Mirzəibi Əbdül Qafarzadənin pul məsələlərinə baxırdı, Ağakərim qolugüclü, sərt və kobud adam idi, taksi sürücülərindən tutmuş alkoqoliklərəcən hamı ilə Əbdül Qafarzadənin adından o danışırdı. Tülkü Gəldi Qəbiristanlığındakı nizam-intizam işləri də ona baxırdı və «Əlvida» kababxanasına da o nəzarət edirdi, Vasili Mitrofanov isə, əsasən, Əbdül Qafarzadənin eşq-məhəbbət məsələlərinin həlli ilə məşğul olurdu.
    Morqun otaqlarından birinə araq yığılırdı. Bu araqları Mirzəibi, Ağakərim, Vasili günorta adam göndərib xüsusi dükanlardan aldırırdı (dükan müdirləri isə araqları dövlətdən yox, ucuz qiymətə ayrı-ayrı şəxslərdən götürürdü – araqlar əldəqayırma idi). Bundan başqa, Qəbiristanlıq Idarəsinin ayrı işçilərinin də burada öz şəxsi araqlarını saxlayıb satmaq ixtiyarı var idi. Işçilər bu araqları, əsasən, dükandan yox, ölü sahiblərindən pay götürürdülər və hərə də öz arağını tanıyırdı, öz hesabını bilirdi. Işçilərin bu xırda alveri morqda mərkəzləşdirilmiş araq satışının müqabilində, bir növ şəxsi mülkiyyət, şəxsi alış-veriş idi. Hətta bəzən alkoqolik qəbirqazanlar da qırsaqqız olub ölü sahiblərindən qopardıqları və hamısını içə bilmədikləri bir-iki şüşə arağı həmin otaqda saxlayıb satırdılar. Mirzəibi də, Ağakərim də, Vasili də, süpürgəçi Nastyadan tutmuş hərdənbir makinaçı Bədurə xanıma qədər qəbiristanlıq işçilərinin və alkoqoliklərin bu xırda alverinə göz yumurdu, çünki uzun illərdən bəri Əbdül Qafarzadənin əlinin altında işlədikləri üçün, kişinin xasiyyətinin bəzi cəhətləri bu adamlara da keçmişdi: kasıb-kusubda işin olmasın, qoy necə bilirlər, başlarını dolandırsınlar, amma elə ki, qudurdular, başlarından vur.
    Morqun ikinci və ən böyük otağı qumarxana idi. Qəbiristanlığın işçiləri, bəzi müştəriləri, taksi sürücüləri (xüsusən, Burun), şəhərin başqa yerlərindən, hətta Kislovodskdan, Rostovdan, Tallinndən, Tiflisdən, Irəvandan buranın sorağını eşidib, tanış tapıb gələn oyunçular (xırda oyunçular) həmin otaqda kart, nərd oynayırdı, aşıq, zər atırdı.
    Lap dibdəki üçüncü kiçik otaqda isə içmiş alkoqoliklər, bəzən keflənib qalmış müştərilər yıxılıb yatırdı. Qəbiristanlıq Idarəsinin əsas işçi qüvvəsi alkoqoliklər idi. Bu adamların bir qismi qəbirqazan ştatında idi, qalan qismi isə ştatda deyildi. Mirzəibi, Ağakərim, Vasili ölü sahibləri ilə danışıq aparırdı, qəbrin birinin qazılmasının xərcini təyin edirdi. Bu üç nəfər qəbiristanlığa gəlmiş ölü sahibinin imkanını o saat hiss edirdi və həmin imkandan asılı olaraq da pul tələb edirdilər – aşağısı yüz manat, yuxarısı isə 300-350 manat (bəzən hətta 400 olurdu); bu hələ ancaq qəbir qazmaq əməliyyatı idi... Işi isə alkoqoliklər görürdü. Ailələrindən ayrılmış, dostlarına, qohumlarına yad olmuş bu adamlar, əslində, maaş almırdılar, yalnız iş cədvəlinə qol çəkirdilər, maaşlar isə bir yerdə və bütün köpüyünə qədər Əbdül Qafarzadəyə verilirdi. Alkoqoliklər qazdıqları hər qəbir üçün Ağakərimdən, Mirzəibidən, Vasilidən – hansı onları çağırıb iş tapşırmışdısa – bir-iki manat alırdılar, bir də ki, qırsaqqız olub ölü sahiblərindən bir arağın pulunu qoparırdılar. Tülkü Gəldi Qəbiristanlığına lap yaxından bələd olanlar bilirdilər ki, gecələr morqda qarovulçu Əflatunun vasitəsilə ikiqat, üçqat baha qiymətə nəşə də almaq mümkündü və burasını da bilirdilər ki, nəşəni gətirən əsas adam Burundur.
    Düz dörd il idi ki, Burun, qardaşı Gülbala ilə birlikdə iki aydan, üç aydan bir Daşkəndə, oradan da Səmərqəndə uçurdu, orta məktəblərdə otuz ildən artıq fizika dərsi deyən müəllim Sayzulla Mirzəmuhəmmədovdan əla növlü nəşə alırdı, Bakıya qayıdıb o nəşəni beş-altı taksi sürücüsünün, məhəllədəki beş-altı cavanın vasitəsilə satdırırdı və yol xərcindən, vasitəçilərə verdiyi puldan əlavə, orta hesabla min manata üç min manat təmiz qazanc əldə edirdi. Müəllim Sayzulla Mirzəmuhəmmədov on iki uşağın atası, dünyagörmüş, gülərüz, ağıllı və tədbirli bir adam idi, hər dəfə Burun gələndə özü qollarını çırmalayıb gözəl özbək plovu bişirirdi və düz dörd il idi ki, bu iki nəfərin arasında qarşılıqlı hörmət və etibar var idi: nə Burun aldığı nəşəni tərəzidə çəkib yoxlayırdı, nə də müəllim Sayzulla Mirzəmuhəmmədov aldığı pulu sayardı. Burun hər dəfə Səmərqənddən gətirdiyi nəşənin xeyli bir hissəsini gecələr Tülkü Gəldi Qəbiristanlığında satdırırdı və həmin nəşə alverindən gələn qazancın hər on manatından dörd manatı qəbiristanlığın sahiblərinə (yəni dolayısı ilə Əbdül Qafarzadəyə) çatırdı. Xüsusi cidd-cəhd göstərdiyi üçün hər on manatdan 30 qəpiyi də ayrıca qarovulçu Əflatunun payına düşürdü. Qarovulçu Əflatun bir neçə dəfə burnunu çəkə-çəkə cəhd eləmişdi ki, öz payını bir az artırsın, heç olmasa, hər on manatdan 40 qəpik götürsün, amma bu cəhdlərdən heç bir şey çıxmamışdı, çünki Burun xəsis idi və qarovulçu Əflatun bu barədə çəkinə-çəkinə bir söz deyən kimi, ağzından vururdu. Tülkü Gəldi Qəbiristanlığındakı o nəşə alverindən götürülən qazancdan Ağakərimə, Vasiliyə, Mirzəibiyə məbləği isə Əbdül Qafarzadə özü müəyyən edirdi və lazım bildiyi vaxtlar onlara verirdi.
    Gecələr taksi sürücüləri – təxminən on-on iki adam– kefinə içmək düşmüş müştəriləri bura gətirirdilər, hərgah müştəri özü buranı tanımırdısa, maşından düşmək istəmirdisə, taksi sürücüsü əvvəlcə müştəridən özünə üç manat götürürdü, arağın qiymətini Qəbiristanlıq Idarəsinin darvazası ağzındakı keşikdə oturan qarovulçu Əflatun deyirdi, misal üçün arağın şüşəsi 25 manata; pulu Əflatun müştəridən alıb morqa gedirdi, 24 manat verirdi; çünki hər araqdan bir manat onun özünə çatırdı, buna Əbdül Qafarzadə özü icazə vermişdi və arağı qəzetə büküb gətirib müştəriyə ötürürdü. Qarovulçu Əflatun gecələr bura gələn taksi sürücülərini tanıyırdı və xüsusi dəftərində hesab aparırdı: hər alınan araq şüşəsindən 1 manat 50 qəpik taksi sürücüsünün payına düşürdü (müştəridən aldıqları 3 manatdan əlavə); taksi sürücüləri səhər iş vaxtlarını qurtarıb maşını qaraja sürməzdən əvvəl Tülkü Gəldi Qəbiristanlığına baş çəkirdilər və onlara çatacaq məbləği də ya qarovulçu Əflatundan, ya da Vasilidən, Ağakərimdən, Mirzəibidən alırdılar. Bu haqq-hesabda hər şey dəqiq idi və demək olar ki, heç vaxt narazılıq, inciklik olmurdu – yay-qış həmişə burnunu çəkə-çəkə araq dalınca qaçan, müştəriləri hörmətlə yola salan, taksi sürücülərini gülərüzlə qarşılayan qarovulçu Əflatun dəftərdə yalnız özünün başa düşəcəyi bir xətlə doğru-dürüst qeydlər aparırdı. Bu adam hələ müharibədən əvvəl Əbdül Qafarzadəgilin məhəlləsində yaşamış, vaxtıyla Əbdül Qafarzadənin böyük qardaşı Xıdırla oturub-durmuşdu, Bakının ilk tramvay sürücülərindən biri olmuşdu, otuzuncu illərdə partiyaya keçmiş, orta məktəblərdən birinə təsərrüfat işləri üzrə müdir müavini və ilk partiya təşkilatı katibi göndərilmiş, başqa bir məktəbdə müdir işləmişdi, amma bundan sonra Əflatun müəllimin maarif sahəsindəki irəliləyişi dayanmışdı, məktəbdə yeyintiyə yol verdiyi üçün partiyadan çıxarılmış, daha sonralar yüngül fırıldaq üstündə iki dəfə həbs olunmuş, müharibə dövründə özünü axsaqlığa vura-vura çayçı işləmiş, bir sözlə, həyatın hər üzünü görmüşdü və nəhayət ki, çətin yaşanmış o uzun-uzadı illərdən sonra gəlib Əbdül Qafarzadəni tapmışdı və daha on ildən artıq idi ki, canla-başla kişiyə xidmət edirdi, həyatından da razı idi; o qədər razı idi ki, hətta mətbəədə linotipçi işləyən böyük oğlu Kolxoza «Jiquli» maşını almağa söz vermişdi.
    Dava-mərəkə hərdənbir qumar gedən otaqda başlamaq istəyirdi, çünki burada bəzən ortalıqda oynanan pulun miqdarı 10-15 min manata qalxırdı, əsəblər gərginləşirdi, amma Burun qoymurdu ki, dava qızışsın. Burun gecələri taksidən çox, morqdakı qumarxanada keçirirdi və onun buradakı nüfuzu tamam sözsüz idi. Əlbəttə, Əbdül Qafarzadə özü gecələr bir dəfə də olsun ayağını Qəbiristanlıq Idarəsinə basmamışdı və hər həftənin cümə günü ya Ağakərim, ya Vasili, ya da Mirzəibi Tülkü Gəldi Qəbiristanlığının gecə həyatından Əbdül Qafarzadəyə çatacaq bir həftəlik məbləği gətirib verirdi və bu məbləğ az olmurdu: qumarxanadakı kiçikliböyüklü bütün uduşun 7%-i yer sahibi kimi Əbdül Qafarzadəyə çatırdı, arağın da qazancının hər on manatından altı manatı ona verilirdi. Bu məbləğ də dəqiq hesablanırdı, çünki Ağakərim də, Vasili də, Mirzəibi də çox yaxşı bilirdilər ki, bircə manat da səhv eləsələr (aldatmaqdan söhbət gedə bilməzdi!), Əbdül Qafarzadə bunu o saat biləcəkdi– Tülkü Gəldi Qəbiristanlığındakı qəbir daşları da, elə bil ki, Əbdül Qafarzadənin gizli casusları idi.
    Bütün bunlara baxmayaraq, morqdakı bu gecə həyatı Əbdül Qafarzadənin ürəyincə deyildi və gecə-gündüz həmişə oyaq olan fəhmi ona deyirdi ki, bu araq alverinin, qumarın, nəşəxorluğun əvvəl-axır zibili çıxacaq. Düzdü, bilavasitə Əbdül Qafarzadənin özü ilə bağlı heç kim heç nə sübut edə bilməzdi, amma, hər halda, ömründə heç vaxt onu aldatmayan fəhmi morqdakı bu gecə həyatını qəbul etmirdisə, deməli, buna ehtiyac yox idi və günlərin bir günündə Əbdül Qafarzadə Ağakərimi də, Vasilini də, Mirzəibini də kabinetinə çağırıb morqun gecə həyatını – qumarı da, nəşəni də qadağan elədi (araq alverini isə hələlik saxlamışdı).
    Gözləri bərələ qalmış Ağakərim də, Vasili də, Mirzəibi də ağızlarını açıb bir kəlmə söz deyə bilmədilər, çünki bunun heç bir mənası yox idi. Əbdül Qafarzadə həmişə yüz ölçüb bir biçirdi, sözü ki, dedi,qurtardı, burada ikinci bir söhbət ola bilməzdi.
    Burun bu xəbəri eşidəndə özündən çıxdı, Ağakərimi də, Vasilini də, Mirzəibini də söyüb biabır elədi, hədələdi və bu adamların yalvarıb-yaxarmaqlarına baxmayaraq, günorta, qardaşı Gülbala ilə birlikdə Əbdül Qafarzadənin kabinetinə girdi.
    Burunun əsl adı Soltanmurad idi, amma burnu həddən artıq böyük olduğu üçün ləqəbinə çevrilmişdi. On səkkiz yaşındaikən adam öldürmüş, on beş il həbsdə yatmış, sonra günün günorta çağı əmanət kassasını qarət etdiyinə görə yenidən on beş il həbsə məhkum olmuş və bu müddətin də on ilini yatıb çıxmış bu adam Bakının bütün yuxarı məhəllələrində məşhur idi. Həmin məhəllələrin «blatnoy» cavanları arasında ən etibarlı andlardan biri Burunun canı idi: «Soltanmurad canı!» Həbsdən qayıdandan sonra Burun taksi sürücüsü işləyirdi, amma onun taksidən götürdüyü qazanc Tülkü Gəldi Qəbiristanlığındakı gecə həyatından götürdüyü qazancın heç onda biri də deyildi.
    Burunun kiçik qardaşı Gülbala təxminən iki metr boyu, yüz əlli kilo da çəkisi olan keçmiş boksçu idi və o da taksi sürürdü. Qardaşlar təkcə taksi sürücüləri arasında yox, ümumiyyətlə, şəhərin sex və restoran müdirlərindən tutmuş, milis işçilərinəcən camaatın arasında tanınan adamlar idi. Burunun sədəf rəngli «Qaz- 24»ü də Bakının küçələrində öz sahibindən az məşhur deyildi. Əbdül Qafarzadə kabinetində tək idi və onda da indiki kimi qəzetləri beləcə dəstəçin yığıb oxumaqla məşğul idi.
    Burun özündən xeyli hündür və canlı qardaşını əli ilə kənara itələdi və düz Əbdül Qafarzadənin qabağına yeridi:
    – Bağlayırsan morqu, hə? Əbdül Qafarzadə əlindəki qəzeti mizin üstünə qoydu. Buruna baxdı, qardaşı Gülbalaya baxdı, sonra başını tərpətdi, yəni ki, hə, bağlayıram və ürəyində də fikirləşdi ki, dünyanın qəribə işləri var, iki doğma qardaşdı, amma birinin burnu o boyda, o birisinin isə özü zırpı, burnu adi burun.
    Burun hirsdən oynayan gözləri ilə Əbdül Qafarzadəyə baxa-baxa və dərisi qaralıb codlaşmış boğazının iri damarları şişə-şişə:
    – Bilirsən mən kiməm?! – qışqırdı.
    Əbdül Qafarzadə gözlərini qarşısında dayanmış əlli dörd-əlli beş yaşlı bu dəlisov adamdan çəkməyərək altındakı kürsünü düzəldib yerini rahatladı, dirsəklərinin ikisini də mizin üstünə qoydu, əllərini bir-birinə sürtüb:
    – «Domal» bilirsən nədi?– soruşdu.
    Burun:
    – Yox! – qışqırdı.
    Əbdül Qafarzadə həmişəki kimi aram-aram:
    – Hardan biləsən? Evdə bişməyib, qonşudan gəlməyib!.. – dedi. – Özü də çətin tapılır. QDR buraxır. Itə-qurda gərək ağız açasan ki, bir yeşik göndərsin evə... Paraşokdu. Zaxodu-zadı yuyurlar onuynan. Bax, Soltanmurad, – Əbdül Qafarzadə diqqətlə Burunun gözlərinin içinə baxdı. – səni elətdirərəm o cür paraşok! O yekə burunun var a, sən öləsən, onu da ət maşınından keçirtdirib yedirdərəm arvaduva, uşaqlaruva!..
    Burunun ürəyi az qalırdı sinəsindən qopub çıxsın və bu dəqiqə o öz doğma anasını da öldürərdi, amma indi yerindən tərpənə bilmirdi, ağzını açıb bir söz də deyə bilmirdi, çünki bu dəm Soltanmurad Əbdül Qafarzadənin çeşməyin ardından diqqətlə baxan boz gözlərində elə bir soyuqluq hiss edirdi ki, bu soyuq ömrünün çoxunu həbsxanalarda keçirmiş, kriminal aləmdə canavar hesab olunan bu adamın bütün içini birdən-birə üşütməyə başlamışdı; Soltanmurad təkcə duyğuları ilə yox, bütün bədəni ilə hiss edirdi ki, yumşaq kürsüdə oturub mizə dirsəklənmiş bu boz gözlü, qara qalstuklu, eynəkli adam dediklərinin hamısını indicə yerinə yetirdə bilər. Ağappaq ağarmış və hirsindən yerində, az qala, uçunan Gülbala, elə bil, birdən özünə gəldi, Əbdül Qafarzadəyə tərəf yerimək istədi, amma Burun gözlərini Əbdül Qafarzadədən çəkməyərək əli ilə qardaşını saxladı və təkcə:
    – Baxarıq!.. – deyə bildi, sonra sərt hərəkətlə geri dönüb qardaşını da ardınca çəkə-çəkə kabinetdən çıxdı.
    Həmin hadisədən sonra Burun daha Tülkü Gəldi Qəbiristanlığında görünmədi, amma aradan təxminən iyirmi-iyirmi beş gün keçmiş köhnə «Inturist»in restoranında təsadüfən Vasili ilə rastlaşdı, özünü saxlaya bilməyib cavan qızın yanında (Vasili restorana növbəti cavan və gözəl bir qızla gəlmişdi) Vasilinin başına yarımçıq bir şüşə konyak boşaltdı, konyakdan yaşarmış sifətinə də bir dənə yağlı sillə şəkdi. Burun öz aləmində Əbdül Qafarzadədən intiqamını bu cür aldı. Əlbəttə, Əbdül Qafarzadə bu restoran əhvalatından o saat xəbər tutdu və iki gündən sonra, axşamüstü Burunun sürdüyü taksiyə dörd nəfər cavan oğlan oturdu, maşını Zuğulbaya tərəf sürdürdü, Bakıdan bir az aralanmış maşını saxlatdırdı, dördü də Burunun üstünə düşüb onu huşunu itirənəcən döydülər, sonra da şalvarını çıxardıb çıxıb getdilər. Həmin axşamın səhəri o şalvarı bayraq kimi Burunun yaşadığı evin küçə qapısının üstündən asmışdılar və məhəllənin bütün cavanları, arvad-uşaq – hamı küçədə asılmış o şalvarı görmüşdü.
    Bundan sonra Burun da, Gülbala da üç dəfə Əbdül Qafarzadəyə hücum etmək istəmişdilər, amma hər dəfə də elə bir rüsvayçılıqla geri çəkilmişdilər ki, həmin rüsvayçılıq Əbdül Qafarzadəyə ləzzət vermişdi, ürəyi darıxan vaxtlar yadına düşəndə kefi kökəlmişdi. Sonra bir müddət görünməmişdi, amma günlərin bir günü Əbdül Qafarzadənin kabinetinin qapısı açıldı və Burun içəri girdi:
    – Mənə kömək elə, Əbdül qədeş!
    Məlum oldu ki, Səmərqənddəki fizika müəllimi Sayzulla Mirzəmuhəmmədov
    Burunu elə aldadıb və Burunun başına elə bir iş açıb ki, indi Burun çapalayır, o işin altından çıxa bilmir.
    Və Əbdül Qafarzadə Buruna kömək elədi.
    Əbdül Qafarzadə eləcə kömək əlini uzadandan sonra Burun əlində bir qəzet bükülüsü kişinin kabinetinə girdi ki, hörmətini bildirsin və hədiyyə versin. Əbdül Qafarzadə isə boz gözləriylə çeşməyinin altından o qəzet bükülüsünə ötəri bir nəzər salıb:
    – Lazım deyil... – dedi. – Bayramlarda təbrik eləyərsən... Onda Novruz bayramının ərəfəsiydi və həmin vaxtdan etibarən Burun bütün Novruz bayramlarında Əbdül Qafarzadəni hədiyyə ilə təbrik etməyə başladı. Bir dəfə isə Əbdül Qafarzadə Ağakərimi yanına çağırtdırdı:
    – Novruz bayramından başqa bayram yoxdu, bəyəm? Burun sovet adamı döyül? 7 Noyabr var, 1 May var, Konstitusiya günü var... Mən yuxarıları təbrik eləyirəm, amma bu özünü elə aparır ki, elə bil, Iranda yaşayır, Xomeyninin bacısı oğludu, Novruzdan başqa bayram tanımır... Iki yüz milyondan çox sovet adamı necə, Burun da elə!.. Get çatdır ona!
    Bundan sonra Burun Əbdül Qafarzadəni bütün bayramlarda təbrik edirdi və Əbdül Qafarzadə də o hədiyyələri gülümsəyə-gülümsəyə xüsusi bir ləzzətlə qəbul edirdi. Bu gözəl və ləzzətli iş o yerə gəlib çıxmışdı ki, Əbdül Qafarzadə ilə nəşə davası eləyən Burun indi onun yanında siqaret çəkməyə cəsarət etmirdi ki, hörmətsizlik olar.
    Əbdül Qafarzadə Ağakərimə tapşırdı və morqu hərəsindən ayı 70 manata altı tələbəyə – hər otaqda iki nəfər – kirayə verdilər. Uzaq kəndlərdən gəlib Bakıda texnikumda oxuyan bu tələbələr sakit adamlar idi və Ağakərim, Mirzəibi, Vasili iş çox olanda həmin tələbələrə də alkoqoliklər kimi pulsuz qəbir qazdırırdılar. Tələbələr hər ay 420 manat pulu qarovulçu Əflatuna verirdilər (kirayənişinlərin məsuliyyəti qarovulçu Əflatunun boynunda idi, yəni işdi-şayət, bu kirayənin üstü açılsaydı, cavabdeh Əflatun idi, Əbdül Qafarzadənin isə, əlbəttə, bu işdən xəbəri yox idi) və Əflatun da o pulu gətirib verirdi Əbdül Qafarzadəyə. Əbdül Qafarzadə bu pulun 20 manatını qarovulçu Əflatuna verirdi (qarovulçu Əflatun da həmişə eyni sözlərlə o pulu alıb cibinə qoyurdu: «–Allah səni, o adı nədi, şey, bizim başımızın üstündən əskik eləməsin!.. Allah sənin cibinə o adı nədir, şey, min bərəkət versin!.. Biz də sənin kölgəndə dolanırıq!..»), qalanını özü götürürdü. Əlbəttə, ayda dörd yüz manat Əbdül Qafarzadə üçün bir şey deyildi, amma hər şeydə gərək qaydaqanun və dəqiqlik olaydı; bir də ki, Əbdül Qafarzadə böyük pullar qazandığı üçün, kiçik məbləğlərdən imtina edən adam deyildi – hər məbləğin öz yeri və öz qiyməti var.
    Həmin aprel günü Əbdül Qafarzadə əvvəlcə Fərid Kazımlının, sonra da Burunla qardaşını yadına saldı, qollarını geniş açıb ləzzətlə gərnəşdi, gülümsədi, zəngi basıb o cavan və gözəl katibə qızı çağırdı və katibə qız içəri girəndə Əbdül Qafarzadə on gündə birinci dəfə bu qızı təpədən-dırnağacan əməlli-başlı nəzərdən keçirdi, sonra:
    – Vasilini çağır bura... – dedi.
    Əbdül Qafarzadənin nəzərləri altında qıpqırmızı qızarıb pörtmüş o katibə qız heç bilmədi ki, kabinetdən necə çıxdı; ömründə heç vaxt və heç kim ona beləcə açıq-saçıq baxmamışdı; eyni zamanda Əbdül Qafarzadə bu qıza elə baxırdı, elə bil, bazarda qarpıza, ya yemişə baxırdı ki, alandan sonra içi necə çıxacaq...
    Qəbiristanlıq Idarəsində işləyən qadınların, demək olar ki, hamısı öz işlərinin gözəl mütəxəssisləri olmaqla bərabər, həm də bir qadın kimi gözəl idilər. Makinaçı Bədurə xanımdan tutmuş baş mühasib Yevdokiya Stanislavovnayacan, bu qadınları Əbdül Qafarzadə özü bir-bir seçib işə götürmüşdü. Düzdü, bu qadınların bəzisi daha qocalmışdı, amma buna baxmayaraq, Əbdül Qafarzadə onları işdə saxlayırdı və həmişəki kimi də hörmət edirdi; həmişəki kimi– yəni cavan vaxtlarında olduqları kimi; bu qadınların hər biri öz vaxtında Əbdül Qafarzadənin sevimli qadınları olmuşdu...
    Bir dəfə fasilə zamanı qadınlar bir yerdə oturub evdən gətirdikləri naharı yedikləri zaman baş mühasib Yevdokiya Stanislavovna, nədənsə, birdən-birə xəyala dalmışdı, göy gözləri dolmuşdu, dərindən köksünü ötürüb: «– Abdul vsex nas nadul...» – demişdir. Kassir Marqarita Iosifovna isə baş mühasibin sözlərinə belə düzəliş vermişdi: «– Abdul vsyu Sovetskuyu vlast nadul!..» Nə isə... Bütün bunlar Tülkü Gəldi Qəbiristanlığının mətbəx söhbətləri idi...
    Əbdül Qafarzadə Vasili Mitrofanovu Rostovda yaşayan dostlarının zəmanəti ilə işə götürmüşdü və Vasili də qoca anası ilə birlikdə Rostovdan köçüb Bakıya gəldiyi, Qəbiristanlıq Idarəsində işlədiyi bu on iki ildə həmin zəmanəti yüz faiz doğrultmuşdu. Göygöz, sarışın, arıq, yaraşıqlı və ilk baxışda sadəlövh görünən bu oğlan Əbdül Qafarzadənin bircə təbəssümündən, bircə baxışından kişinin nə istədiyini başa düşürdü və elə buna görə də Əbdül Qafarzadəyə bəlkə də ən yaxın adam idi (əlbəttə, ailə üzvlərindən başqa: ümumiyyətlə, yer üzündəki adamlar Əbdül Qafarzadə üçün iki yerə bölünürdü: ailə üzvləri, yəni Qaratel, Sevil, Ömər, balaca Əbdül (əvvəllər o yazıq Orduxan!..), bir də ki, qalan bütün insanlar). Əbdül Qafarzadə Vasiliyə Bakıda ikiotaqlı mənzil almağa kömək etmişdi və Vasili əntiqfiruş əşyalarla, gözəl rəngkarlıq əsərləri ilə xüsusi zövqlə bəzədiyi o ikiotaqlı mənzildə təkcə anası ilə bir yerdə yaşayırdı. Hərdən o mənzil Əbdül Qafarzadəyə lazım olurdu və o zaman Vasili evin açarını gətirib verirdi Əbdül Qafarzadəyə, qoca anasını da götürüb Bakıdakı saysız-hesabsız dostlarının birinin evinə gedirdi və yalnız Əbdül Qafarzadə sifariş göndərəndən sonra, öz mənzilinə qayıdırdı – üç saatdan sonra, yaxud üç həftədən sonra...
    Əbdül Qafarzadə Vasilinin şəklini, qabaqcıl bir fəhlə kimi, rayon əmək qabaqcıllarının fəxri lövhəsinə vurdurmuşdu və ümumiyyətlə, cürbəcür zəfər raportlarında, məruzələrdə, hətta mətbuatda Vasilinin adı tez-tez nümunə çəkilirdi, iki dəfə medal almışdı və indi Əbdül Qafarzadə onu ordenə təqdim etmək istəyirdi. Əbdül Qafarzadə hərdənbir kefinin kök çağlarında gülə-gülə Vasiliyə deyirdi: «Hayıf adın qəbirqazandı də!.. Bizdə qəbirqazana qiymət qoyan yoxdu.., başqa işdə işləsəydin, doroqoy, lap dəllək də olsaydın, indi səni geroy eləmişdim, bütün ölkə indi səndən danışırdı! Vallah, səni lap deputat eləyərdim! Neyniyim? Qəbiristanlığın üzü qara olsun!..»
    Düzdü, Əbdül Qafarzadə Vasilini Sosialist Əməyi Qəhrəmanı eləməmişdi, deputat da eləməmişdi, amma onu partiyaya keçirmişdi və bir müddətdən sonra Qəbiristanlıq Idarəsi ilk partiya təşkilatının katibi seçilmişdi – fəhlə, özü də ki, rus– həm sarsılmaz xalqlar dostluğuna bir nümunə idi, həm də ki, Əbdül Qafarzadənin sədaqətə verdiyi qiymət idi.
    Vasili Mitrofanov Rostovda bəzi vəzifəli və pullu adamların eyş-işrət məsələlərinin yüksək səviyyəli təşkili ilə özünə pul qazanırdı (və az da qazanmırdı!). Bakıya gələndə Tülkü Gəldi Qəbiristanlığının gündüz və gecə həyatına bələd olandan sonra buradakı əlverişli şəraiti o saat düzgün qiymətləndirə bildi və bir müddət əvvəlki peşəsindən istifadə etməyə başladı, tanış qızları vaxtaşırı Rostovdan Bakıya qonaq dəvət elədi, Bakıdakı fahişələrlə işgüzar əlaqəyə girdi və gecələr Tülkü Gəldi Qəbiristanlığına gələn müştərilər araq, yaxud nəşə almaqdan başqa, Vasiliyə müəyyən miqdarda (bu baxırdı fahişəyə və müştəriyə!) pul verib (bu pulun altmış faizi fahişəyə, qırx faizi isə Vasiliyə çatırdı), özü ilə bir gecəlik fahişə apara bilərdi (fahişə əlavə olaraq müştəridən nə qoparacaqdı – bu onun öz işi idi və baxırdı həmin fahişənin səriştəsinə və bacarığına!), amma Vasilinin get-gedə qızışan bu fəaliyyəti uzun çəkmədi, Əbdül Qafarzadə Tülkü Gəldi Qəbiristanlığına fahişə gətirməyi və ümumiyyətlə, Vasilinin belə axmaq bir işlə məşğul olmağını qəti qadağan etdi.
    Vasili bir daha Tülkü Gəldi Qəbiristanlığına fahişə gətirmədi, amma Bakıda, Bayıl tərəfdə yaşayan və anaşaya öyrənmiş bəzi cavan rus qızlarından istifadə etməyə başladı: həmin qızları anaşa ilə təmin edirdi və onları Azərbaycanın rayonlarında, eləcə də qonşu Gürcüstanın, Ermənistanın, Dağıstanın rayonlarında, Krasnodar və Rostov vilayətlərində işləyən pullu kolxoz sədrlərinin, sovxoz müdirlərinin, rayon səviyyəli rəhbər partiya və sovet işçilərinin müvəqqəti istifadəsinə verirdi. O rayon xadimləri məzuniyyətə çıxıb Kislovodskda, Soçidə, Yurmalada sanatoriyaya gedirdilər və qızlar da Vasilidən bir aylıq anaşalarını (bəziləri morfiyə, kokainə keçmişdi və Vasili də onların qarasına deyinə-deyinə anaşadan xeyli baha olan bu narkotikanı tapıb almağa məcbur olurdu) alırdılar, o rayon xadimlərinin hesabına Kislovodskda, Soçidə, Yurmalada sanatoriyalara yaxın gözəl evlərdə kirayə qalırdılar, qəyyumlarına kef verirdilər, təzədən Bakıya qayıdırdılar, Vasili bu qızlardan da haqq alırdı, o möhtərəm rayon xadimlərindən də; qızlar özləri də pis qazanmırdılar.
    Əbdül Qafarzadə belə hesab edirdi ki, kişi olan kəs işlərini gərək elə qursun, fahişədən asılı olmasın: ümumiyyətlə, o işə ki, arvad qarışdı (özü də ki, fahişə!), onda o işin axırı olmaz! Buna görə də Vasili Mitrofanov Tülkü Gəldi Qəbiristanlığının işlərindən başqa, burada yalnız Əbdül Qafarzadənin özünün intim işlərinin vasitəçisi və təşkilatçısı idi.
    Vasili, Əbdül Qafarzadəyə bu dərəcədə məhrəm adam olsa da, həmişə öz yerini bilirdi, bu məhrəmlikdən sui-istifadə etmirdi, kişinin yanında siqaret də çəkmirdi (əlində siqaret olsaydı, Əbdül Qafarzadəni görən kimi, siqareti arxasında gizlədirdi), içki də içmirdi və Əbdül Qafarzadə də bunu yüksək qiymətləndirirdi, özünün ezamiyyət məsələlərini Vasiliyə həvalə edirdi.
    Əbdül Qafarzadə başqa şəhərlərə ezamiyyətə, əsasən, iki məsələ ilə bağlı gedirdi: ya məhəbbət məsələlərinə görə, ya da ki, qumara (işgüzar məsələləri, əsasən, Bakıda həll edirdi. SSRI-nin başqa şəhərlərində yaşayan dostlara ehtiyac olanda, onları Bakıya dəvət edirdi). Çoxdan idi qumar oynamırdı və məsələ onda deyildi ki, sonuncu dəfə qumar toplantısına gedəndə (Riqaya yığışmışdılar) bir gecədə yüz on min manat nəqd pul uduzmuşdu – qumar, qumardır və qumar oynayan kəs udmağı bacardığı kimi, uduzmağı da bacarmalıdır; məsələ onda idi ki, daha əvvəlki oyunçular yox idi, çoxu ölmüşdü, kimisi öldürülmüşdü, kimisi sovet vətəndaşlığından çıxıb Israil adı ilə xaricə getmişdi və indi soraqları ABŞ-dan, AFRdən, Italiyadan, Türkiyədən, Yunanıstandan, elə Israilin özündən gəlirdi...
    Vaxtıyla Moskvada, Leninqradda, Tiflisdə, Daşkənddə, Irəvanda, Tallində, başqa şəhərlərdə yaşayan bu adamlar sanballarına görə, yəni yalnız pullarının çoxluğuna görə yox, təmkinləriylə (ağır oturub batman gəlirdilər!), tədbirləriylə, özlərini aparmaqlarıyla Əbdül Qafarzadəyə bab idilər, gədə-güdə deyildilər, xırdaxuruş oğurluqla işləri olmazdı, amma indi o dünyagörmüş kişilərin yerini ağzından süd iyi gələn adamlar tutub və düzdü, bunların pulları əvvəlkilərdən də artıqdır, amma özləri bir qara qəpiyə dəyməzlər. Bu yeni nəsil daha böyük əraziləri idarə edirdi, yəni həmin ərazilərin bir partiya-sovet rəhbərliyi var idi, bir də ki, yüngül sənaye zavod fabriklərini, ticarəti, iaşə və məişət xidmətini, narkotika alverini, fahişəliyi əllərinə almış həmin gizli rəhbərlik, bəzən isə gizli rəhbərliklə rəsmi rəhbərlik arasında da yaxşı bir əlaqə yaranırdı; bunlar belə idi, amma yeni nəsil tamam cırtqoz adamlardan ibarət idi. Əlbəttə, köhnə dostlardan da salamat qalanlar (Əbdül Qafarzadə kimi!) az deyildi, amma qocalırdılar... Hərdən bu barədə fikirləşəndə Əbdül Qafarzadə öz-özünə gülümsəyirdi, çünki bütün sovet qəzetləri, radio-televiziya səhərdən axşamacan mənfur kapitalist ölkələrindəki mafiyadan yazırdı, deyirdi, göstərirdi və bəzən elə həmin qəzetlərin özündə Orta Asiyadan hansı bir Sosialist Əməyi Qəhrəmanı, kolxoz sədrininsə, yaxud Rostov vilayətindən, Pribaltika respublikalarından hansı bir görkəmli təsərrüfat rəhbərininsə haqqında təriflərlə dolu yazılar dərc edilirdi və bu həmin Sosialist Əməyi Qəhrəmanı, həmin təsərrüfat rəhbəri olurdu ki, Əbdül Qafarzadə şəxsən onunla Odessada, yaxud Irəvanda, yaxud Kislovodskda qumar oynamışdı, işgüzar məsələlər həll eləmişdi...
    Yeni nəslin həyat tərzi qətiyyən Əbdül Qafarzadənin xoşuna gəlmirdi və buna görə də daha qumara getmirdi, işgüzar əlaqələr isə, əlbəttə, əvvəlki kimi qalmışdı. Bu cavan adamların gündəlik güzəranının zahiri cəhətləri: içdikləri viski də, yanlarında gəzdirdikləri qəhbələri ən son dəblə geyindirməkləri və qaş-daşla bəzəmələri də, özlərinin nəşə çəkməsi, morfi vurdurması da, hər dəfə restoranda yeyib-içəndən sonra xörəkpaylayanlara yüz manat, iki yüz manat artıq pul verməkləri də, daha heç nədən çəkinməyib açıq-aşkar malikanələr tikdirməkləri, camaatın gözü qabağında şəxsi «Mersedes» lərində gəzməkləri də Əbdül Qafarzadənin ürəyincə deyildi. Partiya və sovet işçiləri, respublikaların, vilayətlərin, şəhərlərin rəhbərliyi, inzibati orqan işçiləri nə qədər rüşvət alsalar da, hər halda, bu yeni nəsil nümayəndələri kimi, gəmidə oturub gəmiçiyə bu qədər açıq-aşkar meydan oxumaq olmazdı və Əbdül Qafarzadənin fikrincə, elə ola bilərdi ki, bunun axırı yaxşı qurtarmasın. Düzdü, dünyanın işlərini bilmək olmaz, amma belə görünür ki, Brejnevin ömrünün sonuna az qalıb, qolundan tutub gəzdirirdilər, iclaslarda danışanda da o qədər ağzını marçıldadırdı ki, adam heç nə başa düşmürdü. Tarix göstərir ki, Sovet Ittifaqında birinci şəxsin əxlaqından və əqidəsindən çox şey asılıdır. Brejnevdən sonra kim gələcəkdi? Əlbəttə, elə birisi gələ bilərdi ki, işlər lap Brejnevin vaxtından da yaxşı getsin (və Əbdül Qafarzadə, əslində, əmin idi ki, elə belə də olacaq! Bir cəmiyyətdə ki, bu dərəcədə bir söz deyib, başqa iş görürlər, onu düzəltmək mümkün deyil, çünki dağıla bilər, buna görə də seçdiyi rəhbərlik özünə bab olmalıdır!), amma şər deməsən, xeyir gəlməz, elə birisi də iş başına keçə bilərdi ki (buna Sovet Ittifaqı deyərlər – və tarix deyərlər!– nə desən, ola bilər!), aləmi qatışdırsın bir-birinə... Düzdü, Əbdül Qafarzadə dünyada heç nəyə inanmasa da, pulun gücünə yüz faiz inanırdı, amma, hər halda, o cür ki, bu yeni nəsil özünü aparır– düz deyildi, qəti düz deyildi!
    Əvvəllər Moskvadan tutmuş Xersonacan ölkənin cürbəcür şəhərləri ilə zəngləşərdilər, bir yerə yığışardılar və o zaman qumar da, eyş-işrət də, kef məclisləri də, əslində, bir bahənə olardı, çünki əsas məqsəd başqa idi: bir-birilərinə fikir söyləyərdilər, məsləhət verərdilər, kömək əli uzadardılar, bir-birilərini öz işləri ilə tanış edərdilər və gələcək işgüzar görüşləri hazırlayardılar... Indi isə məqsəd qumarın özüdür, kefin özüdür, çünki pulu çox qazanırlar, əvvəlkindən asan qazanırlar, rüşvəti də çox verirlər, çünki alan da çoxdur. Əvvəllər o kişilərin oturubdurduqları adamlar professorlar olurdu, görkəmli artistlər, bəstəkarlar, rəssamlar, yazıçılar olurdu, məşhur həkimlər olurdu... Düzdü, bu yeni nəslin də əlinin altında (!) professorlar, rəislər, nazirlər var idi, amma iş burasında idi ki və Əbdül Qafarzadə günlər keçdikcə buna daha artıq dərəcədə əmin olurdu ki, indiki bu professorların, bu vəzifə sahiblərinin özləri də cırlaşıblar və cırlaşmaqda da davam edirlər, əvvəlki kişilər yox idi...
    ... Vasili içəri girəndə Əbdül Qafarzadə gözünü qəzetdən çəkib:
    – Moskvaynan danış, – dedi. – Qastinisada iki nəfərlik yer lazımdı sabaha.
    Vasili, təəccüb etdi və təmiz Azərbaycan dilində (dil öyrənməyə, görünür, xüsusi istedadaı var idi, Əbdül Qafarzadənin dəvəti ilə Bakıya köçəndən bircə il sonra, azərbaycanca təmiz danışırdı) soruşdu:
    – Moskvaya gedirsiz, Əbdül Orduxanoviç?
    Əbdül Qafarzadə Fərid Kazımlının baldızı oğlunun qarasına üz-gözünü turşudub:
    – Yox, – dedi, – tanış adamlar gedir.
    – Lyüks olsun, Əbdül Orduxanoviç?
    – Olsun də... – Əbdül Qafarzadə çeşməyini gözündən çıxarıb dəsmal ilə şüşəsini təmizləyə-təmizləyə yüngülcə gülümsədi. – Xalası ərinin pulu çoxdu...
    Vasili, Əbdül Qafarzadənin bu sözlərindən heç nə başa düşmədi, amma heç nə başa düşməyəndə də sual verib belə şeyləri aydınlaşdırmaq Vasilinin xidmət üsuluna daxil deyildi, buna görə də həmişəki kimi:
    – Başqa bir şey lazım deyil, Əbdül Orduxanoviç? – soruşdu.
    – Yox, daraqoy. Ancaq sənin sağlığın lazımdı.
    – Çox sağ olun. Mən gedə bilərəm, Əbdül Orduxanoviç?
    – Get məşğul ol, daraqoy, axşam evdə olacağam, zəng elə, mənə de.
    – Baş üstə.
    Vasili kabinetdən çıxdı, amma o Moskva söhbətindən sonra Vasilinin kabinetdən çıxması ilə otağa qəribə bir yaz ab-havası doldu və Əbdül Qafarzadə, əlbəttə, bu yaz ab-havasını o saat hiss etdi, duydu, tanıdı; o yaz ab-havası xatirədə də təzə, təravətli qalmışdı və birdən-birə yada düşən o xatirələr yenə də o gözəl günlərdəki kimi, kişinin içinə bir cavanlıq həvəsi gətirdi, elə bil ki, bütün qayğılarını, dərdini-sərini götürüb apardı, təzə hisslər, təzə duyğular baş qaldırdı. Düzdü, Rozanın o balıq kimi sürüşkən bədəni birdən-birə sürüşüb qucağından çıxdı, amma o yaz təravətli təzə hissləri, təzə duyğuları özü ilə aparmadı, o hisslər, o duyğular həmişəlik Əbdül Qafarzadə ilə qaldı və hərdən beləcə qəflətən yada düşürdü.
    Rozanın iyirmi səkkiz yaşı var idi, yəni keçən yaz – o gözəl, o unudulmaz, hərdən yada düşüb adamın qanını qaynadan o yaz çağlarında – iyirmi səkkiz yaşı var idi və ömründə çox qadınlar görmüş Əbdül Qafarzadə bilirdi ki, Rozanın əsl sevilməli vaxtıdı, beş ildən sonra, hətta üç ildən sonra, daha gec olacaq, Roza indiki Roza olmayacaq. Əbdül Qafarzadə Rozanı birinci dəfə görəndə bu qadının bədənini necə təsəvvür etmişdisə, Rozanın bədəni, doğrudan da, o cür idi, Rozanın ağappaq, hamar və sağlam bədəni, dolu baldırları, qarnının dərininə çəkilmiş göbəyi, dingding dingildəyən, canlı və həmişə isti, hərarətli döşləri başdan-başa bir xoşbəxtlik idi və bu xoşbəxtlik keçən yaz Əbdül Qafarzadə kimi bir adamın belə, az qalmışdı ağlını başından çıxarsın. Roza özü də yaxşı bilirdi ki, indi ömrünün hansı çağıdır, bilirdi ki, beş ildən sonra, əlbəttə, gözəlliyini saxlayacaq, yəqin şövqünü, həvəsini də saxlayacaq, amma daha indiki Roza olmayacaq və Roza adamın ağlını başdan çıxarmağı bacarırdı.
    Roza Səkkizinci kilometrdə, köhnə üçmərtəbəli bir bina ilə üzbəüz əmanət kassasında işləyirdi, tanış-bilişlərinin arasında Bakının nəinki Səkkizinci kilometrdə, ümumiyyətlə, ən gözəl qadınlarından biri hesab olunurdu və onunla ilk dəfə Vasili özünün saysız-hesabsız məclislərindən birində tanış olmuşdu. Vasili bu qadının gözəlliyini, işvəsini o saat qiymətləndirmişdi və buna görə də onu özünə yox, Əbdül Qafarzadəyə layiq bilmişdi; Rozanın gözəlliyi, işvəsi o qədər təsirli idi ki, hətta şeytan, Vasili Mitrofanovu yoldan çıxarmaq istədi, bu cavan adam Əbdül Qafarzadəyə xidmət etdiyi bütün bu müddət ərzində ilk dəfə az qaldı «xəyanət» yoluna düşsün. Vasili Əbdül Qafarzadənin zövqünə bələd idi və tamam əmin idi ki, Əbdül Qafarzadə bu qadına bir könüldən min könülə aşiq olacaq və Vasili burasını da çox yaxşı bilirdi ki, beləcə aşiq vaxtlarında Əbdül Qafarzadə pula pul demir;
    Vasili Roza ilə əlbir ola bilərdi, Əbdül Qafarzadədən qoparılacaq qazancı bu qadınla yarıbayarı bölərdi və əlbəttə, qazanc da həmişəkindən çox olardı (çünki Vasili Mitrofanov Əbdül Qafarzadəni xərcə salmağın ən incə yollarını belə yaxşı bilirdi və Rozanın köməyi ilə bu yollardan gizlincə istifadə edərdi), amma Vasili çox çətinliklə də olsa, özünü məcbur etdi və «– Lənət şeytana!»– dedi.
    Roza kimsəsiz, tək adam idi və Vasilinin təklifinə yəqin ki, razı olardı, amma Vasili bircə anlıq belə təsəvvür edəndə ki, Əbdül Qafarzadə bu «xəyanət»dən xəbər tutar, cavan olmağına baxmayaraq, dünyanın çox üzünü görmüş və görmədikləri barədə də nəzəri təsəvvürü olan bu adamın bütün içi uçum-uçum uçunurdu və həmin qorxu hissi Vasilini məcbur etdi ki, bu dəfə də, həmişəki kimi, Əbdül Qafarzadəyə sədaqətlə xidmət göstərsin, Roza ilə kişinin arasında sadiq bir vasitəçi olsun. Əbdül Qafarzadə Rozanı görəndən sonra, bu qadınla Bakıda gizli və tələsik görüşmək istəmədi; əvvəlcə Vasili Moskvaya gedib hazırlıq gördü, sonra Roza Moskvaya gəldi, sonra da Əbdül Qafarzadə gəldi və Əbdül Qafarzadə heç vaxt ağlına da gətirə bilməzdi ki, canında hələ bu qədər gənclik ehtirası var imiş; Roza Əbdül Qafarzadəni bir yeniyetmə oğlan kimi, təzədən ayıltmışdı. Son vaxtlar, xüsusən, yazıq Orduxandan sonra Əbdül Qafarzadəyə elə gəlirdi ki, həyat daha yaşanıb qurtarmaq üzrədir, amma keçən yaz Moskvadakı o Rozalı günlər, elə bil, kişini təzədən yeni bir həyata qaytardı, o Rozalı günlər otuz il bundan əvvəlki hisslərin, həyəcanların yalnız xatirəsini, təəssüratını yox, o hisslərin, həyəcanların özlərini qaytarıb gətirdi.
    Roza milliyətcə aysor idi və elə anlar olurdu ki, boş vaxtlarında qədim Assuriya haqqında çox kitablar oxumuş Əbdül Qafarzadəyə elə gəlirdi, elə bil, iri qara gözləri işım-işım işıldayan bu qadın Bakıdakı əmanət kassalarının birindən yox, o qədim dövrlərdən gəlib onun ömrünə daxil olub.
    Roza Moskvanın lap mərkəzindəki o üçotaqlı lüks mehmanxana nömrəsində əyninə heç nə geymirdi, hil çeynəyə-çeynəyə (Əbdül Qafarzadənin hil iyindən xoşu gəlirdi) otaqlarda çılpaq gəzirdi və çarpayıda uzanıb, yaxud kresloda oturub bu sağlam, bu ehtiraslı qadına baxmaqdan doymayan Əbdül Qafarzadə heç vaxt heç hansı pulla, heç hansı bir ziynətlə, daş-qaşla o dəqiqələrdə Roza ilə öyündüyü kimi, öyünməmişdi, qürur hissi keçirməmişdi; həmin anlarda Roza, Əbdül Qafarzadənin bütün ömründə əldə etdiyi ən qiymətli şəxsi əmlak idi.
    Əbdül Qafarzadə istədiyi vaxt Sovet Ittifaqının istədiyi şəhərinə istədiyi müddətə ezamiyyət götürürdü, həmin Moskva səfərini də on beş günlük nəzərdə tutmuşdu və o on beş günün birinci beş günü gecəli-gündüzlü bütöv bir an – hisslərlə, həyəcanlarla dolu nəhəng bir an kimi ötüb keçdi, həmin beş gündə nə Əbdül Qafarzadə, nə də Roza o üçotaqlı lüks nömrədən çıxdılar, heç restorana da getmədilər (ümumiyyətlə, təbiəti etibarilə xudmaniliyi xoşlamayan Əbdül Qafarzadənin restoranlarda oturmaqla arası yox idi və o beş gündə Roza heç imkan tapıb əmisi Asatura zəng də eləyə bilməmişdi).
    Rozanın ən işıqlı, ən hərarətli uşaqlıq xatirələrindən biri və bəlkə də birincisi Asatur əmisinin ildə-iki ildə bir dəfə Moskvadan Bakıya gələndə ona hədiyyə gətirdiyi iri bir qutu rəngli karandaşlar idi. Bəzən elə bil ki, o karandaşların qırmızısı, yaşılı, sarısı, çəhrayısı, narıncısı on iki, on üç, on dörd yaşlı bir qız uşağının – Roza üçün həmişəlik bir keçmişdə qalmış təmiz, sadəlövh, səmimi hisslərinin, həyəcanlarının rənginə çevrilirdi və həmin vaxtlar Rozaya elə gəlirdi ki, birdən-birə xatirələri bürümüş o qırmızının, o yaşılın, sarının, çəhrayının, narıncının işıltısında qəribə bir mütəəssirlik, hətta göz yaşı var və belə anlarda Rozanın özünün gözləri dolurdu, bu gözəl qadın həyatının indi beləcə çiçəkləyən bir çağında heç bir səbəb olmadan için-için ağlamaq istəyirdi.
    Asatur əmi Moskvada tramvay sürürdü və doğma qardaşı, yəni Rozanın atası vəfat edəndən, Rozanın anası qonşuluqda yaşayan dul azərbaycanlı bərbərə ərə gedəndən sonra, on üç-on dörd il idi ki, Bakıya gəlmirdi, amma bütün bayramlarda – Yeni ildə, 8 Martda, 7 Noyabrda, 1 Mayda, Azərbaycanda Sovet hakimiyyəti qurulması münasibətilə 28 Apreldə, eləcə də hər il ad günündə Rozaya təbrik açıqcaları göndərirdi və Asatur əmi bütün dünyada yeganə adam idi ki, Rozaya beləcə təbrik açıqcaları göndərirdi.
    Vasili Mitrofanov Əbdül Qafarzadənin adından Roza ilə, necə deyərlər, danışıqlar aparanda və Roza bu gözəl Moskva səfərinə razılıq verəndə o qırmızının, yaşılın, sarının, çəhrayının, narıncının o mütəəssir işıltısı bir gecə vaxtı yenə də xatirələrə dolmuşdu və həmin xatirələrdə Asatur əminin siması Rozanın o uşaqlıq hissləri, həyəcanları kimi, bir təmizlikdən, paklıqdan xəbər verirdi. Roza Moskvada Asatur əmiyə mütləq zəng etmək, onunla görüşmək, evinə getmək istəyirdi və bu barədə Əbdül Qafarzadəyə də demişdi, amma Asatur əminin tramvaysürən olduğunu deməmişdi, utanmışdı, demişdi ki, əmisi SSRI Ticarət Nazirliyində işləyir; bunu demişdi və özü öz sözlərindən nigaran qalmışdı, çünki birdən Əbdül Qafarzadə Ticarət Nazirliyində işləyən o adamı görmək istəyərdi, onunla tanış olmaq istəyərdi...
    Amma Roza nahaq yerə nigaran qalırdı, çünki Əbdül Qafarzadə dünyadakı rozalara və qeyri-rozalara yaxşı bələd olduğu üçün, sövq-təbii ilə o saat başa düşdü ki, Roza yalan deyir və öz kefini pozmamaq üçün dərininə getmədi...
    O beş gündə o üçotaqlı nömrədən dişardakı həyatı təkcə Vasili Mitrofanovun zəngləri yada salırdı; Vasili də həmin mehmanxanadakı nömrələrdən birində qalırdı və hər gün bir dəfə səhər, bir dəfə də axşam zəng eləyirdi: «– Bir şey lazım deyil, Əbdül Orduxanoviç?» Əbdül Qafarzadəyə nə lazım olacaqdı? – keçənilki o gözəl yaz günlərində, o üçotaqlı lüks nömrədə Rozadan başqa Əbdül Qafarzadəyə dünyanın heç bir ləl-cəvahiratı, heç bir şeyi lazım deyildi; amma həmin beşinci günün axşamı Vasili zəng eləyəndə Əbdül Qafarzadə:
    – Ürəyimə kamança düşüb, Vasya... – dedi və bu sözləri elə yanıqlı, elə ürəkdən dedi ki, Vasili, kişinin səsini heç vaxt beləcə mütəəssir eşitməmişdi. Əbdül Qafarzadə heç özü də bilmədi necə oldu ki, ürəyi kamança istədi; adətən, qəmli, kədərli vaxtlarında kamançaya qulaq asardı, amma Moskvadakı o yaz günlərində Əbdül Qafarzadənin ürəyi də, elə bil, yüz ilin ağacıydı, təzədən çiçəkləmişdi və kişi dünyanın bütün dərdini-sərini unutmuşdu; amma, hər halda, görünür, ürəkdə nəsə varmış...
    Rozadan fərqli olaraq, Əbdül Qafarzadə heç vaxt o lüks nömrədə çılpaq gəzmirdi, çarpayıdan qalxan kimi, əyninə paltar geyirdi; Rozanın o ağappaq, sim kimi tarım çəkilmiş bədəninin müqabilində özü özünün yekə və tüklü qarnından, özü özünün yaşından həyalanırdı, hətta eşq aləminə, məhəbbət işlərinin bütün incəliklərinə yaxşı bələd olan Rozanın gülə-gülə, şövqlə, ehtirasla çağırmağına baxmayaraq, Əbdül Qafarzadə onunla birlikdə duşun altına da girmirdi, gəlib vanna otağında Rozanı iri Çin məhrabasına bürüyüb qucağına alırdı, çarpayıya aparırdı.
    Vasili səhər tezdən Bakıya uçdu və axşam reysi ilə məşhur kamança çalan Əhməd Şirkərimlə birlikdə Moskvaya qayıtdı, Vnukova aeroportundan taksini birbaşa Moskva Mərkəzi Bazarına sürdürdü, abşeronlu gülsatanlardan Roza üçün bir qucaq qönçə qızılgüllər aldı, elə həmin axşam Əhməd Şirkərimi o üşotaqlı lüks nömrəyə gətirdi və Əbdül Qafarzadə ilə Roza da səliqə ilə geyinib Əhməd Şirkərimin çalğısına qulaq asdı.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.01.2014) | Müəllif: R.C E W
Baxış: 749 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more