Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ölüm hökmü
ÖLÜM HÖKMÜ
1
GƏLƏCƏYƏ DOĞRU


    Axşam düşmüşdü, Bakının aşağısından – Xəzər tərəfdən yüngül bir yaz mehi əsirdi və həmin meh o aprel axşamı Tülkü Gəldi Qəbiristanlığında Qəbiristanlıq Idarəsinin həyətindəki xartut, əncir, gilas ağaclarının təzə-tər yarpaqlarını güclə eşidiləcək bir xışıltıyla səsləndirirdi, o xışıltı həyətə yayılırdı və elə bil ki, o böyük həyətin həmin anlardakı müvəqqəti sakitliyinə, kimsəsizliyinə bir məhrəmlik gətirirdi.
    Əlbəttə, Gicbəsər o yarpaq xışıltısını eşidirdi, amma ağaclara tərəf baxmırdı; qarovulçu Əflatunun köşkünün damında dal ayaqlarını altına yığıb, qabaq ayaqlarını irəli uzadıb, o yüngül yaz mehinin əsdiyi səmtə – axşamüstü uzaqda qaralmağa başlayan dənizə tərəf baxırdı.
    Qarovulçu Əflatunun köşkünün damından üzüaşağı bütün Bakı görünürdü – Tülkü Gəldi Qəbiristanlığı şəhərin dağlıq hissəsində idi – və o vaxt ki, gecə düşəcəkdi, o görünən binaların, küçələrin, dənizkənarı bulvarın işıqları yanacaqdı, onda Bakının bu görünüşü dünyanın ən böyük möcüzəsi olacaqdı, sirlərlə dolu naməlum bir aləmə çevriləcəkdi və yenə də neçənci gecə olacaqdı ki, Gicbəsər gizlincə qarovulçu Əflatunun köşkünün damına qalxıb, beləcə çöməlib gözlərini sirlərlə dolu o naməlum aləmdən çəkməyəcəkdi, o işıqlar bir-bir sönənəcən baxacaqdı, gecəyarısı Qəbiristanlıq Idarəsinə gəlib-gedən maşınlara, girib-çıxan, ora-bura vurnuxan adamlara fikir verməyəcəkdi, qaranlıq çökmüş Bakıda o uzaq və naməlum binaların, küçələrin, oradakı insanların və itlərin qoxusunu duymağa çalışacaqdı.
    Son günlərin bütün gecələri belə keçirdi.
    Amma bu gün dama tez qalxmışdı; bəlkə də gecəyə kimi elə beləcə burada qalacaqdı, bəlkə də düşüb gedib fırlanıb, gecə təzədən bura qalxacaqdı... Hər halda, bu axşam nəsə əvvəlki axşamlara oxşamırdı, bu axşam Gicbəsər daha artıq narahat idi, düzdü, gözlərini şəhərə zilləmişdi, başqa heç nəyə fikir vermirdi, amma hərdənbir diksinirdi, elə bil ki, nə barədəsə fikirləşirdi və fikirləri onu diksindirirdi. Tülkü Gəldi Qəbiristanlığında Gicbəsərə fikir verən yox idi; hərgah fikir verən (və başa düşən adam!) olsaydı, görərdi ki, bu itə nəsə olub, əvvəllər həyətdə sülənən it deyil və ümumiyyətlə, axır vaxtlar nəsə gözə az dəyir; fikir verən (və başa düşən adam!) olsaydı, görərdi ki, bu itin qara və həmişə qəmgin gözlərində nəsə elə bir ifadə yaranıb ki, bu ifadə təkcə yemək axtarmaq, təpikdən qorunmaq, soyuqda isti yer, istidə sərin yer axtarmaq qayğılarından xəbər vermir...
    Gicbəsərin bütün ömrü Tülkü Gəldi Qəbiristanlığında keçmişdi. Taleyi bu iti necə gətirib bu qəbiristanlığa çıxarmışdı – bunu heç kim bilmirdi və təbii ki, heç kim bu barədə düşünmürdü; amma Gicbəsəri Qəbiristanlıq Idarəsinin həyətində ilk dəfə görən adam Əbdül Qafarzadə olmuşdu.
    Onda – Gicbəsər üçün çox-çox uzaq bir zamanda – çiskinli bir sentyabr səhəri idi və o payız çiskinində Tülkü Gəldi Qəbiristanlığındakı ağacların xəzan sarısında qəmdən, qüssədən, ömrün sonu ümidsizliyindən əsər-əlamət yox idi, elə bil ki, o payız çiskini həmin qəmi, qüssəni, ömrün sonu ümidsizliyini yuyub aparmışdı və o narın çiskin Əbdül Qafarzadənin sifətinə dəydikcə, elə bil, kişinin bütün içinə bir qayğısızlıq, nikbinlik yayılırdı, özünü sağlam, gümrah hiss edirdi və bu hiss həmin payız səhəri Əbdül Qafarzadəni nəsə yaxşı bir iş görməyə, kimisə sevindirməyə, kiməsə bir xeyir verməyə (həm də gözlənilməz bir xeyir!) səsləyirdi. Belə vaxtlarda Əbdül Qafaqzadə dünyanın bütün bəd işlərini, pis əməllərini, saxta oyunlarını, riyakarlığı, ikiüzlülüyü, pozğunluğu – hər şeyi yaddan çıxarırdı (hər halda, kişiyə belə gəlirdi) və elə bil ki, bu adamın bütün içi, fikri-zikri də o payız çiskini kimi, tərtəmiz olurdu, paklaşırdı.
    O çiskinli sentyabr səhəri daxilindən baş qaldırmış o coşğun nikbinlik və xeyirxahlıq hissləri içində Əbdül Qafarzadə əllərini adəti üzrə arxasında birləşdirib geniş sinəsini daha da irəli verdi, üzünü yuxarı tutub bomboz payız səmasına baxdı, narın çiskin çeşməyinin şüşələrinə səpələndi və belə bir narın damcılı şüşə arxasından dünyaya baxmaq da o dəm Əbdül Qafarzadəyə ləzzət verdi, hətta Tülkü Gəldi Qəbiristanlığının dəmir darvazasının bala qapısından Qəbiristanlıq Idarəsinin həyətinə girəndə qarovolçu Əflatunu görəndə də, bu balacaboylu, arıq, sir-sifəti günün altında, tozun-torpağın içində illərdən bəri yanıb qaralmış, balaca, yaşıl gözləri həmişə səksəkə içində oynayan adam – qarovolçu Əflatun da Əbdül Qafarzadənin gözünə dünyanın gözəl bir məxluqu, qüsursuz bir bəndəsi kimi göründü, düzü, Əbdül Qafarzadənin özünün də qarovulçu Əflatunu beləcə görməyinə gülməyi tutdu, amma, hər halda, həyat gözəl idi və Əbdül Qafarzadə də bu gözəl həyatın sahiblərindən biri idi.
    Qarovulçu Əflatun köşkünün balaca pəncərəsindən Əbdül Qafarzadəni görən kimi, o saat bayıra sıçradı və çevik addımlarla özünü kişiyə tez yetirmək istədi; qarovulçu Əflatun Əbdül Qafarzadəyə o qədər bələd olmuşdu ki, lap uzaqda qaraltısını da görəndə sövq-təbii duyurdu ki, kişinin kefi kökdü, yoxsa qanı qaradı; müdirin qanı qara olanda, qarovulçu Əflatun çalışırdı ki, hörmətini, ehtiramını, səcdəsini kənardan-kənara bildirsin, amma hiss edəndə ki, müdirin kefi kökdü (yəni bu o deyən şeydi ki, qarovulçu Əflatun əlavə pul qoparda bilərdi, gözlənilmədən əlavə bir imtiyaz əldə edərdi), yaxınlaşıb hal-əhval tuturdu, yeri düşsəydi sözü fırladıb gətirib Xıdırın üstünə çıxarırdı, Xıdıra rəhmət oxuyurdu, bir balaca ağlamsınıb və gözlərini yerə dikib Xıdırın belə bir gözəl zəmanəni görmədiyinə dönə-dönə təəssüfünü bildirirdi və Əbdül Qafarzadənin o gözəl ovqatının maddi bəhrələrini görürdü.
    O payız səhəri də yəqin belə olacaqdı, amma birdən-birə hardan peyda oldusa, balaca bir küçük sərçə kimi civildəyə-civildəyə qarovulçu Əflatunun ayaqlarına dolaşdı, az qaldı ayaqlarının altında qalsın və qarovulçu Əflatun ayağı ilə o balaca küçüyü bir kənara itələdi ki, bu gözəl payız səhəri fürsəti əldən verməsin, özünü növbəti məqsədinə çatdırsın. Çiskinin altında qəhvəyi-qara tükləri islanmış küçük, qarovulçu Əflatunun ayağı ilə təmasdan sonra, cır və nazik səsi ilə zingildədi və Əbdül Qafarzadə narazılıqla başını buladı. Qarovulçu Əflatun, əlbəttə, bu narazılığı o saat hiss etdi və dayandı, bir müdirə, bir də qəflətən peyda olmuş o küçüyə baxdı, bilmədi ki, nə eləsin.
    Əbdül Qafarzadə:
    – Götür onu gətir bura, – dedi.
    Qarovulçu Əflatun dünyada ən çox sevdiyi bir varlıq kimi, o küçüyü o saat ehmalca qucağına aldı və müdirin qabağına yüyürdü. Qəhvəyi-qara tükləri bədəninə yapışmış o küçük hardan gəlib Tülkü Gəldi Qəbiristanlığına çıxmışdı? Qəbiristanlığın ərazisində it yox idi və ümumiyyətlə, Əbdül Qafarzadə bu fikirdə idi ki, qəbiristanlıqda gərək it-pişik olmasın və Mirzəibi də, Vasili də, Ağakərim də bunu bildikləri üçün, Tülkü Gəldi Qəbiristanlığını itdən, pişikdən mühafizə edirdilər. O küçük, qarovulçu Əflatunun qucağından boylanıb Əbdül Qafarzadəyə baxırdı və həmin küçük baxışlarında bir etibar, ümid var idi, çünki yenicə gəldiyi dünyanın işlərindən xəbərsiz idi, qarovulçu Əflatunun o təpiyi də, yəqin ki, həyatında aldığı ilk təpik idi. Bu küçük dünyaya beləcə bir etibarla, ümidlə gəlmişdi, amma o etibar da, o ümid də dünyanın vecinə deyildi və Əbdül Qafarzadə o dəm küçüyə baxa-baxa fikirləşirdi ki, bu balaca varlığı irəlidə nələr gözləyir? Nə qədər təpik yeyəcək? Bir azdan gözlərindəki o, etibardan, o ümiddən əsər-əlamət də qalmayacaq (Əbdül Qafarzadə buna əmin idi) və nə üçün belə olmalıydı? Bir halda ki, bu küçük dünyanın beləcə vecinə deyildi, təbiət niyə onu yaradırdı? Təpikləri yesin, sonra da acından ölsün? Nə olsun axı? Nə olsun ki, nəslini davam etdirir? Davam edən bu nəslin nə mənası var?
    Əbdül Qafarzadənin hərdən belə bir fəlsəfəyə qapılması var idi. Küçük, qarovulçu Əflatunun qucağından çıxıb Əbdül Qafarzadənin qucağına gəlmək istəyirdi, elə bil, başa düşmüşdü ki, Tülkü Gəldi Qəbiristanlığında və ümumiyyətlə, bu dünyada kim, kimdir. Əbdül Qafarzadə qara paltosunun cibindən dəsmal çıxarıb çeşməyinin şüşələrini sildi, diqqətlə küçüyə baxdı, sonra küçüyü qarovulçu Əflatundan aldı, iri əlləri ilə yaş tüklərini tumarladı, bu adam ömründə ilk dəfə idi ki, qucağına it alırdı, ilk dəfə idi ki, it tumarlayırdı və küçük də o sazaq payız səhəri bir neçə günlük həyatında ilk dəfə insan əlinin (iri əllərin) hərarətini hiss etdi və bu – Əbdül Qafarzadənin hər şeyi görən boz gözlərindən yayınmadı, küçüyü qarovulçu Əflatuna qaytarıb:
    – Bunu özünlə bir yerdə saxla!.. – dedi və iri sümüklü uzun barmağı ilə qarovulçu köşkünü göstərdi.
    – Baş üstə!
    – Yaxşı bax buna!.. – Əbdül Qafarzadə yenə küçüyün başını tumarladı, gülümsədi və Qəbiristanlıq Idarəsinin ikimərtəbəli binasına tərəf getdi.
    Qarovulçu Əflatun sidq-ürəkdən heyfsilənə-heyfsilənə fikirləşdi ki, bu dəfə Əbdül Qafarzadənin kefi köklüyündən qazanan o olmadı, bu it balası küçük oldu, hətta Əbdül Qafarzadə idarənin binasına girəndən sonra, qarovulçu Əflatun hirsindən küçüyü asfaltın üstünə çırpmaq istədi, amma, əlbəttə, o saat da özünü ələ aldı: o boyda kişi bu küçüyü ona tapşırmışdı və qarovulçu Əflatunun da borcu idi ki, cani-dildən bu küçüyə qulluq eləsin – Əbdül Qafaqzadə verdiyi tapşırığı yadından çıxaran adam deyildi və qarovulçu Əflatun da bunu yaxşı bilirdi. Həmin çiskinli payız səhərindən sonra, o küçük Tülkü Gəldi Qəbiristanlığında, qarovulçu Əflatunun köşkündə bu adamla birlikdə yaşamağa başladı. Qarovulçu Əflatun hər gün küçük üçün bir qutu süd alıb gətirirdi, kolbasa, sosiska alırdı, hətta bəzən pirojna alıb gətirirdi və Qəbiristanlıq Idarəsinin işçilərinin yanında küçüyə yedizdirirdi, bir sözlə, küçüyə o yeməkləri verirdi və o cür qulluq edirdi ki, işdi, Əbdül Qafaqzadə görsə, eşitsə, o kişinin tapşırığına layiq olsun.
    Qarovulçu Əflatun hər səhər küçüyü qucağına alıb köşkün yanında dayanırdı və Əbdül Qafarzadənin avtobusdan düşüb Tülkü Gəldi Qəbiristanlığına gəlməyini gözləyirdi. Əbdül Qafarzadə hər səhər də o küçüyə gülümsəyirdi, hərdənbir darvazanın yanında ayaq saxlayırdı və o zaman qarovulçu Əflatun küçük qucağında, tələsik müdirin qabağına yüyürürdü, Əbdül Qafarzadə də iri əli ilə küçüyün başını, belini sığallayıb:
    – Malades! – deyirdi.
    Qarovulçu Əflatun küçüyə deyilən bu «Malades» sözünü, az qala, öz ünvanına qəbul edirdi və həmin anlarda dünyanın ən xoşbəxt adamı olurdu, daha doğrusu, çalışırdı ki, Əbdül Qafarzadənin gözlərinə dünyanın ən xoşbəxt adamı kimi görünsün. Məsələ burasında idi ki, o darısqal köşkdə itlə birlikdə yaşamaq, itə qulluq etmək, hər gün səhər tezdən o iti qucağına alıb müdirin yolunu gözləmək qarovulçu Əflatunu o qədər bıkdırmışdı ki, ürəyində küçüklə düşmən idi, amma tək olanda da, lap gecənin yarısı da hirslənəndə küçüyü vurmağa, incitməyə cəsarət etmirdi: Tülkü Gəldi Qəbiristanlığında hasarın da, darvazanın da, asfaltın da qulağı var idi və hər hansı bir xəbər o saat gəlib Əbdül Qafarzadənin qulağına çata bilərdi. Küçük boyuna, balacalığına görə deyildi... Qarovulçu Əflatun hər gün səhər də, gecə də küçüyü həyətə gəzdirməyə çıxarırdı və bu it balası it, həyətdə heç nə eləmirdi, qarovulçu Əflatun nə qədər əlləşirdisə də, nə qədər şirin sözlər deyib heyvanı tovlamaq istəyirdisə də, bir şey çıxmırdı, elə ki, köşkə qayıdırdılar, küçük başlayırdı mədəsini boşaltmağa, ya da sidiyini axıtmağa və həmin anlarda qarovulçu Əflatun köşkün döşəməsindən, hətta bəzən çarpayının üstündə o it nəcisini, it sidiyini təmizləyə-təmizləyə fikirləşirdi ki, bu dünyada Əbdül Qafarzadənin xoş münasibət göstərdiyi küçük olmaq Əflatun olmaqdan yaxşıdı... Ürəyində küçüyü ən pis küçə söyüşləri ilə söyə-söyə köşkü silib süpürürdü, balaca qapısını açıq qoyurdu ki, havası dəyişsin, iy çəkilsin, amma o iy gündən-günə artırdı və qarovulçu Əflatunun köşkünə girəndə, elə bil ki, it ayaqyolusuna girirdin.
    Hər gecə taksilər gəlib Tülkü Gəldi Qəbiristanlığının darvazası ağzında dayandıqca, qarovulçu Əflatun qaça-qaça araq dalınca gedib-gəlirdi, qumarbazları qarşılayırdı, yola salırdı və köşkə girib qazandığı manatlıqları, üçlükləri, beşlikləri cibindən çıxarıb səliqə-sahmana salanda, ümumi pulları (onluqları, iyirmibeşlikləri, əllilikləri, hətta yüzlükləri!..) paylara ayıranda, küçüyün, elə bil ki, cini qalxırdı, dəlisi tuturdu, hürməyə başlayırdı və qarovulçu Əflatunun gecə həyatının beləcə şıdırğı və məsuliyyətli çağlarında bu küçük hürüşünə adət eləmək mümkün deyildi; hər dəfə qarovulçu Əflatunun ürəyi döyünürdü, narahat hisslər keçirirdi, nigaran qalırdı: məsələ burasında deyildi ki, qarovulçu Əflatun nədənsə, kimdənsə qorxurdu– yox (və başqa cür də ola bilməzdi: Tülkü Gəldi Qəbiristanlığının Əbdül Qafarzadə kimi bir sahibi var idi və hələ yoxlamaq lazım idi ki, bu dünyada kim güclü adam idi – Brejnev, yoxsa Əbdül Qafarzadə?), məsələ onda idi ki, bütün bu köşk əməliyyatları bir təklik, şahidsizlik tələb edirdi, bu gecə haqq-hesabları yalnız qarovulçu Əflatuna aid idi, yəni yalnız bu adamın həyatının bir parçası idi, həm də gözəl parçası idi və qarovulçu Əflatun illərdən bəri buna öyrəşmişdi, odur ki, belə çağlarda bu küçüyün hürməyə başlaması tamam bir dilxorçuluq gətirirdi.
    Küçük süd içə-içə, kolbasa, sosiska, pirojna yeyə-yeyə gözgörəti böyüyürdü və bu küçüyün yüksək qəyyumundan xəbərdar olan Qəbiristanlıq Idarəsinin işçiləri hərdənbir ona dondurma, marmelad, xarici peçenye də verirdilər və bütün bu gedişat ondan xəbər verirdi ki, Tülkü Gəldi Qəbiristanlığındakı bu küçüyü gələcəkdə dünyanın ən xoşbəxt itinin taleyi gözləyir. Düz üç aydan artıq beləcə davam etdi, sonra şıdırğı payız yağışı yağan bir dekabr günü – altı il bundan əvvəl – müdirin cavan və sağlam idmançı oğlu birdən-birə rəhmətə getdi.
    O dəfn mərasimini, o dəfn mərasimində Əbdül Qafarzadənin dediyi sözləri yadına salanda həmişə az qalırdı ki, qarovulçu Əflatunun tükləri biz-biz olsun. Həmin dəfn mərasimində Əbdül Qafarzadə camaatın arasında (elə bil ki, rəhbərlərdən kimsə ölmüşdü, böyük bir matəm nümayişi idi) dayanmış qarovulçu Əflatunu gördü və qəflətən qışqırdı: «– Alə, Əflatun, get car çək e!.. De ki, düşmənlərin dediyi başıma gəldi!..» Və özünün hiss-həyəcanları təbiətən çox aşıbdaşan olmasa da, dünyada çox iztirabların, işgəncələrin şahidi olmuş, xırda yaşıl gözləriylə məhkum taleləri yola salmış, birdən-birə qırılmış həyat yollarını çox görmüş (və özü də evlər yıxmış) qarovulçu Əflatun o vaxta qədər o sifətdə, o baxışda adam görməmişdi (və yəqin ki, ömrünün axırına kimi də görməyəcəkdi!), elə bil ki, çeşməyinin arxasından boz gözləri ilə qarovulçu Əflatuna baxan, o sözləri deyən insan deyildi, dərdin, ələmin, dəhşətin özü idi...
    Həmin fəlakətdən sonra, Əbdül Qafarzadə bir müddət işə gəlmədi və nəhayət, oğlunun ölümündən keçən neçənci günsə avtobusdan düşüb ilk dəfə Tülkü Gəldi Qəbiristanlığının darvazasının bala qapısından içəri girdi. Qarovulçu Əflatun yenə də küçüyü qucağına alıb tələsik köşkün qabağına çıxdı, amma bu dəfə Əbdül Qafarzadə küçüyə baxmadı, boz gözləri ilə çeşməyinin ardından qarovulçu Əflatunun gözlərinin içinə baxdı və o baxışların altında kürəyinin arasını soyuq tər basan qarovulçu Əflatun başa düşdü ki, səhv eləyib, küçüyü daha beləcə pişvaza çıxarmaq lazım deyilmiş. Bundan sonra çox naməlum və qarovulçu Əflatunu o naməlumluq içində çaşbaş salan bir vəziyyət əmələ gəlmişdi: qarovulçu Əflatun bilmirdi ki, nə eləsin, bu it küçüyünü əvvəlki tək bəsləsin, yoxsa qovsun, yoxsa necə olsun? Əlbəttə, bunu gedib Əbdül Qafarzadənin özündən soruşmaq olmazdı... Qarovulçu Əflatun bu barədə Mirzəibidən, Vasilidən, Ağakərimdən məsləhət almaq istədi, amma Mirzəibi də, Vasili də, Ağakərim də çiynini çəkdi və heç biri bu işə qarışmadı, çünki Əbdül Qafarzadə ilə bağlı o işdə ki, naməlumluq var idi, yaxşısı bu idi ki, həmin işə qarışmayasan.
    Səhərlər Əbdül Qafarzadə işə gələndə qarovulçu Əflatun daha küçüyü qucağına alıb pişvaza çıxmırdı və Əbdül Qafarzadə də daha o küçüklə maraqlanmırdı. Hətta bir-iki dəfə küçük özü Əbdül Qafarzadəni həyətdə görüb kişinin dalınca düşmüşdü, amma müdir küçüyə fikir verməmişdi. O cavan, o sağlam idmançı oğlunun qəfil ölümüylə Əbdül Qafarzadəyə elə bir zərbə dəymişdi ki, kim olsaydı bu zərbəyə dözə bilməzdi və bu gözəl insan ki, indi özünü ələ alıb hər gün işə çıxırdı, bunun özü igidlik idi və qarovulçu Əflatun da bunu belə qiymətləndirirdi. Günlər də beləcə keçirdi...
    Düzdü, qarovulçu Əflatun daha küçüyün südünə, kolbasasına, sosiskasına əvvəlki kimi fikir vermirdi, öz artıqlarını itin qabağına atırdı, hərdən acığı tutanda ayağı ilə itələyirdi, qulağını çəkib zingildədirdi, soyuqda, yağışda-qarda da boynuna ip salıb həyətin aşağı başındakı akasiya ağacına bağlayırdı və qarnını boşaltmayınca köşkə gətirmirdi, amma, hər halda, küçük hələ köşkdə yaşayırdı və yeməyi, içməyi, isti yeri var idi. Küçüyün ərköyün çağları keçmişdə qalmışdı. Qəbiristanlıq Idarəsinin işçiləri də Əbdül Qafarzadənin daha bu küçüyə fikir vermədiyini bilirdilər (buranın sabit bir ənənəsi var idi: müdirin xarici aləmə münasibətindəki kiçicik təfərrüat da gözdən yayınmırdı) və əvvəlki kimi küçüyə dondurma, marmelad, peçenye verən yox idi.
    Sonra elə bir gün gəldi ki, qarovulçu Əflatun özünü heç cürə saxlaya bilmədi və böyrünə bir təpik ilişdirib o küçüyü köşkdən qovdu.
    Onda küləkli bir gün idi və axşam təzəcə düşmüşdü. Tülkü Gəldi Qəbiristanlığındakı ölüm mərasimləri qurtarmışdı. Qəbiristanlıq Idarəsinin işçiləri getmişdi və buranın gecə həyatı da hələ başlamamışdı. Həyət-bacada heç kim yox idi. Külək elə güclü əsirdi, elə qıy vururdu ki, köşkün balaca pəncərəsindən həyətə baxan qarovulçu Əflatun fikirləşirdi ki, külək beləcə davam eləsə, bu gecə müştəri az olacaq (yağış müştəriyə təsir eləmirdi, əksinə, daha da artırırdı, amma külək təsir edirdi, azaldırdı), müştəri az olanda da qazanc az olacaq, qazanc az olanda da qayğı artacaq... Qarovulçu Əflatunun oğlu Kolxoz, atasının boyun olduğu «Jiquli» maşınını səbrsizliklə gözləyirdi.
    Həyətə baxa-baxa küləyin qarasınca deyinən qarovulçu Əflatun Qəbiristanlıq Idarəsindən çıxan süpürgəçi Nastyanı gördü. Süpürgəçi Nastya idarədən həmişə sonuncu çıxırdı.
    Hər dəfə qış gələndə əyninə geydiyi göy paltosunun bütün düymələrini bağlamış, qalın yun şalını başına, boynuna dolamış bu kök (kök idi, amma lırt deyildi) arvadın yaşı əllini keçmişdi, amma canı hələ sulu idi; alkaqolik əri ölmüş, qızı bir azərbaycanlı gülsatana ərə gedib Moskvaya köçmüşdü, oğlunu əsgər aparmışdılar və indi Əfqanıstanda «düşmənlərə» qarşı vuruşurdu və bütün bu təfsilatı qarovulçu Əflatun yaxşı bilirdi. O vaxtlar ki, belə küləkli-yağışlı, qarlıboranlı qış gecələrində Tülkü Gəldi Qəbiristanlığının müştəriləri az olurdu və qarovulçu Əflatun hələ müharibə vaxtından qalmış kürkünə bürünüb köşkə güclə sığışmış dəmir çarpayıda uzanırdı, onda birdən-birə süpürgəçi Nastya gəlib bu cüssəsiz, arıq adamın yadına düşürdü, arvadın hətta qalın qış paltosunu da arxadan qabardan, yeridikcə hər tərəfi ayrı-ayrılıqda oynayan iri dalı, Qəbiristanlıq Idarəsində əyilib döşəməni süpürəndə, yuyanda paltarının yaxasından dərin arası görünən iri döşləri qarovulçu Əflatunun gözlərinin qabağına gəlirdi və həmin məqamlarda Tülkü Gəldi Qəbiristanlığında qazandığı pullara, Əbdül Qafarzadə kimi bir adamın ona xüsusi mərhəmət göstərməsinə, lap az bir müddətdən sonra Kolxoza maşın ala biləcəyinə baxmayaraq, kişinin ürəyindən bir qüssə keçirdi... Əlbəttə, qoca çağlarında da olsa, tale üzünə gülmüşdü, onu gətirib Əbdül Qafarzadə kimi bir nəhəngə ürcah eləmişdi, özünə güzəran qazanmışdı, amma, hər halda, həyat onu barmağında fırladıb, fırladıb axırda gətirib adicə qarovulçu etmişdi (halbuki maarif müdiri ola bilərdi, hətta raykom katibi də ola bilərdi!..), balaca adam eləmişdi və indi qarovulçu Əflatunun heç olmasa, süpürgəçi Nastyaya da əmr etmək imkanı yox idi...
    Həmin küləkli axşam qarovulçu Əflatun köşkün kiçik pəncərəsindən üzü küləyə tərəf gələn süpürgəçi Nastyanın göy paltosunun üstündən belə açıq-aşkar hiss olunan yoğun baldırlarına baxa-baxa udqundu, köşkdən çıxıb darvazanın qabağında dayandı və süpürgəçi Nastya gəlib yanından ötmək istəyəndə rusca:
    – Damoy idyoş? – soruşdu.
    Süpürgəçi Nastya küləkdən üzünü yanpörtü tutub:
    – A kuda je eşo? – soruşdu.
    – Şto doma? Adna da doma! – Qarovulçu Əflatun yenə udqundu.
    – A çto delat? Takova sudba!..
    – Idyom tuda... – Qarovulçu Əflatun əli ilə köşkü göstərdi.
    Süpürgəçi Nastya, görünür, o küləkli axşamda belə bir təklif gözləmirdi və açıq-aşkar bir maraqla boyca özündən xeyli kiçik olan qarovulçu Əflatuna, sonra o balaca köşkə, sonra yenə qarovulçu Əflatuna baxdı.
    – Idyom da!.. Vodka toje yest... Idyom!.. Ladna da... Nikto ne vidit... Xoroşo budet...
    – Tı eşo na çto-to sposoben? – və süpürgəçi Nastya bərkdən güldü.
    Qarovulçu Əflatun bu yekəpər, sağlam arvadın beləcə gülməyindən ürəkləndi və bu dəfə süpürgəçi Nastyanın göy paltosunun qolundan yapışmağa cürət etdi, bir balaca da dartdı:
    – Idyom da!.. Idyom!.. Padarka toje dam da tebe...
    Süpürgəçi Nastya gözlərindəki o maraqla və diqqətlə qarovulçu Əflatuna baxdı və qarovulçu Əflatunun yanınca köşkə tərəf addımladı, qarovulçu Əflatunun ardınca köşkün açıq qapısından içəri girdi.
    Darısqal köşkün içində küləyin o vıyıltısıyla bərabər, qəribə bir durğunluq var idi və o durğunluq içində qarovulçu Əflatun özü həyəcanla (ilk dəfə qadın görəcək yeniyetmə həyəcanı ilə) döyünən ürəyinin səsini eşidirdi; udquna-udquna:
    – Snimay da palto... – dedi və həyəcandan titrəyən barmaqları ilə süpürgəçi
    Nastyanın göy paltosunun düymələrini açmaq istədi; qarovulçu Əflatuna elə gəlirdi ki, bu dəm bu darısqal və gözəl köşkdən başqa, paltosunun, paltarının altında o cürə can gizlətmiş süpürgəçi Nastyadan başqa dünyada heç nə və heç kim yoxdur, hətta Tülkü Gəldi Qəbiristanlığı da, Əbdül Qafarzadənin özü də (!!) yaddan çıxmışdı və qarovulçu Əflatunun bütün içinə həyəcanlı, amma eyni zamanda, xoş bir sərbəstlik hakim kəsilmişdi.
    Göy palto süpürgəçi Nastyanın bədəninə kip oturduğu üçün o düymələr çox çətin açılırdı və bir yuxarı düyməni açınca qarovulçu Əflatunun barmaqları gizildədi; amma o düymələrin hamısı açılacaqdı və arvadı qocalıb əldən düşmüş qarovulçu Əflatun da bu dünyada, heç olmasa, bircə gün insan ömrü yaşayacaqdı... Və bu vaxt o küçük gözlənilmədən hürməyə başladı; çarpayının üstündə idi, dörd ayağını da hikkəylə qarovulçu Əflatunun illərdən bəri rəngi solmuş və çirkli adyalının üstünə basıb, boynunu irəli uzadıb süpürgəçi Nastyaya və qarovulçu Əflatuna hürürdü. Qarovulçu Əflatun, əlbəttə, bu iti də yaddan çıxarmışdı və küçüyün beləcə hürməyi onu səksəndirdi, titrəyən barmaqlarını süpürgəçi Nastyanın göy paltosunun yaxasından çəkdi və nədənsə pıçıltıyla:
    – Kəs!.. – dedi. – Kəs!..
    Küçük daha bərkdən hürməyə başladı.
    – Kəs demədim sənə!? – Qarovulçu Əflatun iki əlini də uzadıb küçüyü qamarlamaq istədi, amma it çarpayının yuxarı başına qaçdı, üzünün ağı çirkdən bozarmış yastığın üstünə çıxıb köşkün küncünə qısıldı və əvvəlkindən daha hirsli, daha bərkdən hürməyə başladı.
    Ikinci gözlənilməz hadisə isə o oldu ki, küçüyün eləcə hirslə hürməyi, elə bil ki, süpürgəçi Nastyanı ayıltdı, araq da, hədiyyə də yaddan çıxdı və arvad yuxarıdan aşağı bu qoca və cansız kişiyə baxıb bərkdən gülə-gülə:
    – Tı je ne mojeş spravlyatsya daje s sobakoy! – dedi və o darısqal köşkdə geri çönüb göy paltosunun altından iri dalının yanlarını qarovulçu Əflatunun yarımca metrliyində oynada-oynada eşiyə çıxdı.
    Qarovulçu Əflatun udquna-udquna və ürəyi hələ də həyacanla döyünə-döyünə köşkün balaca pəncərəsindən süpürgəçi Nastyanın ardınca baxdı və elə ki, süpürgəçi Nastya Tülkü Gəldi Qəbiristanlığının darvazasından çıxıb gözdən itdi, qarovulçu Əflatun içindən coşub gələn bir nifrətlə əlini atıb küçüyün boynunun dərisindən yapışdı və heyvanı qaldırıb zərblə köşkün döşəməsinə çırpdı, elə həmin anda da sinəsinə bir təpik ilişdirib iti köşkün açıq qapısından bayıra tulladı. Bütün qısa ömründə insan təpiyini ilk dəfə beləcə yeyən küçük quyruğunu qısıb zingildəyə-zingildəyə o köşkdən uzağa qaçdı, hasarın dibindəki kolluğa girib heç vaxt hiss etmədiyi dəhşətli bir qorxu ilə köşkün açıq qapısına tərəf baxdı: küçüyün bütün bədəni uçunurdu və yəqin o küçük elə həmin andan da başa düşdü ki, Tülkü Gəldi Qəbiristanlığında insanlarla zarafat eləmək olmaz...
    Qarovulçu Əflatun küçüyün qarasına bərkdən küçə söyüşləri söyə-söyə köşkün qapısını bağladı və həmin küləkli axşamın üçüncü gözlənilməz hadisəsi də bu oldu ki, qarovulçu Əflatun birdən-birə (əlbəttə, bərkdən yox, ürəyində!) Əbdül Qafarzadəni söyməyə başladı; birinci dəfəydi ki, Əbdül Qafarzadəni beləcə söyürdü – düzdü, Əbdül Qafarzadə qarovulçu Əflatuna çörək vermişdi, amma nə olsun, hər şey bir qarın çörəklə ölçülmürdü ki...
    Əbdülün o qardaşı Xıdır da əclafın biri idi, Əbdülün özü də əclafın biridi, atası hambal Orduxan da, ümumiyyətlə, bütün nəsilləri də əclaf idi və qarovulçu Əflatun elə söydükcə söyürdü, amma ürəyi soyumurdu.
    Bir dəfə – həmin hadisədən üç-dörd ay sonra, onda da yaz gəlmişdi və Tülkü Gəldi Qəbiristanlığındakı alça, ərik, gilənar, nar ağacları çiçək açmışdı – Əbdül Qafarzadə Qəbiristanlıq Idarəsinə gələndə hardansa birdən-birə peyda olub həyətin ortasında dayanmış o küçüyü gördü; küçük böyümüşdü, dəyişmişdi, gözlərindəki o etibardan, ümiddən əsər-əlamət yox idi, amma Əbdül Qafarzadə onu tanıdı:
    – Həmin küçükdü? – soruşdu.
    Qarovulçu Əflatun nigarançılıqla itə baxa-baxa bilmədi ki, nə desin. Düzdü, Əbdül Qafarzadə uzun müddətdi küçüyü görmürdü, soruşmurdu, amma, hər halda, haçansa bu küçüyü ona tapşırmışdı və indi itin beləcə yiyəsizliyinə hirsi tuta bilərdi (onda da qarovulçu Əflatun Aşqabad batan kimi batardı!); amma bu yerdə axmaq it özü qarovulçu Əflatunun köməyinə gəldi– boynunu irəli uzadıb hirslə Əbdül Qafarzadəyə tərəf hürməyə başladı; elə bil ki, it də Əbdül Qafarzadəni tanıdı və kimsəsiz bir günə düşdüyünə görə kişini günahlandırdı.
    Əbdül Qafarzadə yavaşdan qarovulçu Əflatunla yox, özü-özü ilə danışdı:
    – Necə yazıq idi, indi gör nə olub, zaraza!.. Dünya belədi də... Itə də yaxşılıq yoxdu bu dünyada!..
    Qarovulçu Əflatun, Əbdül Qafarzadənin it naxələfliyi ilə bağlı bu fikirlərindən ürəkləndi və belə bir məqamda o itdən fərqli surətdə, özünün naxaləf olmadığını nəzərə çatdırmaq üçün kişinin qeydinə qaldı:
    – Fikir vermə, əşşi...O adı nədir, şey, gicbəsərin biridi!.. Və həmin gündən də o itin adı Gicbəsər qaldı.
    Düzdü, Əbdül Qafarzadənin o itdən üzü dönmüşdü, amma onu qovmaq barədə heç bir xüsusi tapşırıq verməmişdi və Gicbəsər də həmin vaxtdan Tülkü Gəldi Qəbiristanlığında sülənirdi.
    O vaxtlardan altı-yeddi il keçmişdi...
    Və Gicbəsər indi, həmin bu aprel gecəsi Tülkü Gəldi Qəbiristanlığında qarovulçu Əflatunun köşkünün damından Bakının o gecə mənzərəsinə baxırdı və Tülkü Gəldi Qəbiristanlığından kənardakı o naməlum aləmin işıqları artıq bir-bir sönürdü, amma Gicbəsər yerindən tərpənmirdi, elə-beləcə baxırdı.
    Bayaq, yəni bir neçə saat bundan əvvəl Gicbəsər damdan düşüb getmədi, damın üstündə çöməlib gecəni gözlədi və Tülkü Gəldi Qəbiristanlığının gecə həyatına – tez-tez taksilərin gəlib-getməsinə, qarovulçu Əflatunun yüyürə-yüyürə müştəriləri qarşılamasına və yola salmasına, Qəbiristanlıq Idarəsinin həyətinə giribçıxan gecə qonaqlarına, ayrı-ayrı keflənmiş adamların hay-küyünə, yıxılıbdurmağına, Mirzəibinin, Ağakərimin, Vasilinin adamları bir-bir çağırmağına, cürbəcür tapşırıqlar verməyinə, yəni bu üç nəfərin Tülkü Gəldi Qəbiristanlığındakı bu gecə həyatının təşkilati işləri ilə məşğul olmaqlarına – heç nəyə fikir vermədən bütün gecəni Bakının o mənzərəsinə tamaşa etdi...
    Bakının işıqları yavaş-yavaş tamam sönürdü...
    Tülkü Gəldi Qəbiristanlığından kənardakı o aləm başdan-başa sirlərlə dolu idi...
    ... Sonra səhər açılmağa başladı...
    Tülkü Gəldi Qəbiristanlığındakı idarənin həyətinə bir sakitlik çökdü, amma bu, müvəqqəti bir sakitlik idi və Gicbəsər burasını çox gözəl bilirdi; bir azdan işçilər gələcəkdi, səhər ötüb, günorta keçəcəkdi, dəfn mərasimləri sona yetəcəkdi, mollalar, qəbirqazan alkaqoliklər, dilənçilər qəbiristanlıqdan çıxıb gedəcəkdi, axşamüstü idarənin də işi qurtaracaqdı və gecə həyatına hazırlıq başlayacaqdı. Gicbəsər gözünü açıb Tülkü Gəldi Qəbiristanlığını, yəni bütün bu illər boyunca içində yaşadığı öz dünyasını beləcə görmüşdü, amma bu dünyadan kənarda sirlərlə dolu naməlum bir dünya da var idi və bu son günlər ərzində o naməlum dünya Gicbəsəri özünə çəkirdi. Gicbəsər Tülkü Gəldi Qəbiristanlığında yaşamaq istəmirdi.
    Gicbəsər daha Tülkü Gəldi Qəbiristanlığında yaşaya bilmirdi.
    Bu it indiyə qədər heç vaxt Tülkü Gəldi Qəbiristanlığının geniş ərazisini tərk etməmişdi, təsadüfən buralara gəlib çıxan itlərlə görüşmüşdü, qancıqlarla şırvanmışdı (bu qancıqlar özləri gəlib Gicbəsəri tapırdılar), amma heç vaxt buralardan kənara çıxmamışdı və Tülkü Gəldi Qəbiristanlığında tək ömür sürmüşdü, çünkü başqa itləri buradan qovurdular; Gicbəsərə isə burada adət etmişdilər və bu iti söyürdülər, yeri düşəndə təpikləyirdilər, daşa basırdılar, amma Tülkü Gəldi Qəbiristanlığından qovmurdular.
    Gicbəsərin burada həmişə bir qarın yeməyi var idi: gecə məclislərindən qalan artıqlar Gicbəsərə gen-bol bəs eləyirdi.
    Amma Gicbəsər daha burada qalmaq istəmirdi.
    O naməlum, o sirli aləm Gicbəsəri özünə çəkirdi.
    Və Gicbəsər o aprel günü sübh tezdən damdan aşağı düşdü, qarovulçu Əflatunun köşkünün yanında ayaq saxlayıb sol qılçını qaldırdı və sidiyini köşkün daş divarına boşaltdı, bununla da elə bil ki, təkcə qarovulçu Əflatuna yox, bütün Tülkü Gəldi Qəbiristanlığına «əlvida» dedi və qulaqlarını qısıb özünün yeni həyatına, yeni dünyasına – naməlum bir gələcəyə doğru qaça-qaça Qəbiristanlıq Idarəsinin darvazasından çıxdı.

2
«ƏZIZIMIN CƏFASI» ROMANI

    Elə ki, həmin aprel səhəri açıldı, elə ki, sübh tezdən məhəllənin qapıları cırıldadı, çayniklər su ilə doldurulub qazın üstünə qoyuldu, camaat həyətlərdəki ayaqyoluna girib-çıxmağa başladı, həyət adamları bir-birilə salamlaşdı, uşaqlar çörək dalınca Ağabalanın dükanına qaçdılar, o saat da bütün məhəlləyə xəbər yayıldı: gecə Xədicə arvad rəhmətə gedib və həmişə belə bəd xəbərli vaxtlarda olduğu kimi, arvadlar qara kəlağayılarını tələm-tələsik başlarına salıb Xədicə arvadın evinə getdilər, kişilər də yazıq Xədicə arvadın birmərtəbəli, üçotaqlı evinin qabağındakı balaca həyətə yığışmağa başladılar.
    Adamlar bir-bir o balaca həyətə doluşduqca Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dördüncü kursunda təhsil alan tələbə Murad İldırımlı sentyabrın 1-dən bu tərəfə səkkiz ay yaşadığı bu məhəllənin gözə görünməyən teleqram sisteminə məəttəl qalırdı – elə bil ki, məhəllədəki dalanların, evlərin divarları, qapıları, pəncərələri, küçəyə düzülmüş qənbərlər bir-birinə xəbər verirdi və nə olurdusa, bütün bu ətrafda nə hadisə baş verirdisə, gecə, ya gündüz, fərqi yox idi, bircə anın içində bütün məhəlləyə yayılırdı. Tələbə Murad İldırımlı sağ əlinin baş barmağının dırnağını çeynəyə-çeynəyə, həyətə toplaşmış məhəllə kişilərinə baxırdı, sonra birdən yadına düşürdü ki, dırnağını çeynəyir, tez əlini ağzından çəkirdi.
    Arvadlar ağlaya-ağlaya evə girib-çıxırdı, o balaca üç otağı (o cümlədən, tələbə Murad İldırımlının və Xosrov müəllimin kirayədə qaldıqları otaqları), artırmanı silib-süpürüb sahmana salırdı, kimisi öz evindən un gətirirdi, kimisi yağ gətirirdi, şəkər gətirirdi, tas, qazan, qab-qacaq gətirirdi, halva çalmaq, yuxa bişirmək üçün tədarük görürdü, kişilər yavaş səslə iki-bir, üş-bir söhbət eləyə-eləyə cənazəni məscidə aparıb yumaq, ölüm kağızını almaq, qəbiristanda yer tapmaq, yazıq Xədicə arvadı bu gün saat neçədə qaldırmaq, başsağlığına gəlib-gedənləri yola salmaq üçün bazardan çay, qənd, limon almaq, mərhumun fərsiz oğlu Siçan Balaniyaza xəbər vermək və sairə bu sayaq məsələləri müzakirə edirdi.
    O balaca həyətin yuxarı başında, ayaqyolunun yanında altı daşla hörülmüş bir krant var idi və tələbə Murad İldırımlı indi həmin krantın yanında dayanıb bilmirdi ki, nə eləsin; bu cavan adamın, ümumiyyətlə, tünlüklə, qələbəliklə arası yox idi, adamlar çox olan yerdə özünü naqolay hiss edirdi və həmişə də tələbəyə elə gəlirdi ki, çoxluq içində qısa boyu, kobud sifəti, bir balaca donqar beli, darağa yatmayan pırpızaqlı qara və cod saçları camaatın diqqətini daha artıq cəlb edir; belə anlarda tələbə Murad İldırımlının ürəyi sıxılırdı, həyəcanlanırdı, bir bəhanə ilə uzaqlaşıb çıxıb getmək istəyirdi və sonra elə ki, gecə yerinə girirdi, səhər, günorta ya axşam bir-biri ilə canı-dildən söhbət edən, həmişə özlərini tamam sərbəst bilən o adamların – şəhərdə yaşayan tələbə oğlanların (xüsusən də aralarında qız olanda), yaxud redaksiyalarda, Yazıçılar Ittifaqındakı cürbəcür görüşlərdə, ədəbi müzakirələrdə toplaşmış cavan yazıçıların (xüsusən də həmişə odlu-alovlu danışan, millət dərdi çəkən Səlim Bədbin kimi cavan yazıçıların!), ədəbiyyat həvəskarlarının yanından gözə görünmədən uzaqlaşıb getməyinin xəcaləti soyuq tər gətirirdi, öz mənasızlığını, bu dünyada tamam artıq bir adam olduğunu o balaca otağın daş divarları arasına sığışmayan bir əlacsızlığa çevirirdi və tələbə Murad İldırımlını, iyirmi yeddi yaşına baxmayaraq, ağladırdı – gecənin yarısı tək-tənha yerində uzanıb, o yazıq Xədicə arvad, o qapıbir kirayənişin Xosrov müəllim eşitməsin deyə, səsini boğa-boğa ağlayırdı; sonra səhər açılırdı, universitetdə dərslər başlayırdı və həmişə ora-bura tələsən, bir yerə yığışanda gəzdikləri qızlardan, yaşadıqları arvadlardan danışan (və yaxud gopa basan) tələbələrin, əlbəttə, ağlına da gəlmirdi ki, səhərdənaxşama qədər kitab oxuyan, qəzetləri, jurnalları izləyən, cidd-cəhdlə bütün mühazirələri yazan bu qaradinməz adamın – tələbə Murad İldırımlının beləcə çətin gecələri olur və həmin Murad İldırımlı indiyə qədər də nə bir qızla gəzib, nə də bir arvadla yaşayıb, ümumiyyətlə, indiyə qədər lüt arvad görməyib, bu iyirmi yeddi il ərzində heç gizlincə də lüt arvada baxmaq imkanı olmayıb, təkcə on dörd-on beş il bundan əvvəl o gözəl dağlardan axan çayın kənarında kəndli bir arvadın öz qızını çimizdirəndə, həmin qızın çılpaq döşlərini görmüşdü; qızlar yalnız xəyal aləmində idi və illər ötdükcə tələbə Murad İldırımlı o xəyal aləmində həmin qızlarla artıq cismani yox, mənəvi dostluq edirdi. O çətin gecələrin dünyada başqa heç bir kimsəyə yox, yalnız tələbə Murad İldırımlıya məxsus olan o hisslər aləminin öz məxsusi kövrəkiyi, məxsusi təskinliyi, məxsusi dəyanəti var idi və elə ki, iyirmi yeddi yaşa yaraşmayan o kövrəklik baş qaldırırdı, əvvəlcə nənəsinin səsini eşidirdi və ümumiyyətlə, tələbə Murad İldırımlıya elə gəlirdi ki, ölsə, – əlbəttə, haçansa öləcəkdi və o ölüm hissi kənddə kitabxanaçı işlədiyi vaxtlarda onun ürəyini çox qısmışdı– yenə nənəsinin səsini eşidər – o səsdə onun üçün o dərəcədə bir doğmalıq var idi və əslində, o səs, xüsusən, Bakıya gələndən sonra, həmişə bu cavan adamla birgə olurdu. O zaman ki, darıxırdı, imtahanlara hazırlaşmaq, kitab oxumaq, kitabxanada məşğul olmaq istəmirdi, gözləri mətbəə şriftlərinin qara rəngindən, barmaqları qələm tutmaqdan bezirdi, kino-teatrlarda baxmağa layiq bir film olmurdu (detektivlərdən, hind filmlərindən zəhləsi gedirdi, sovet filmlərindən də ancaq elələrinə baxırdı ki, mətbuatda onları tənqid edirdilər – hərgah tənqid edirdilərsə, deməli, içində nəsə bir işıqlı şey var idi...), teatra gedib, həmişə olduğu kimi, beletajda da oturmağa həvəsi olmurdu (kinoya, teatra, hərdənbir konsertə həmişə tək gedərdi), onda axşamçağı dənizkənarı bulvara çıxırdı, hamının gözündən uzaq ağacların, dekorativ kolların arası ilə gedirdi və elə ki, ona nəsib olmayan (və yəqin ki, heç vaxt da nəsib olmayacaq!) bir aləmdə – cəmi on addım aralıda bir-birinin əlindən tutmuş, yaxud qol-qola girmiş, qayğısız və sərbəst gəzişən, yaraşıqlı, dəblə geyinmiş oğlanla qız görürdü, elə bil, tələbə Murad İldırımlı eyni zamanda, o oğlanla qızın qarşısında açılmış sonsuz bir genişliyi, təmizliyi, işığı da görürdü, özünün ətrafındakı qaranlığı, nəmişliyi, dar-düdtəkliyi isə daha artıq, az qala, cismani hiss edirdi və belə anlarda nənəsinin o səsi əbədi bir həsrətin səsinə çevrilirdi və o həsrət kənd həsrəti, dağ, meşə, çəmən, çay həsrəti deyildi, sevinc kimi, kədər kimi, arzu kimi, tələbə Murad İldırımlının içinə hopmuş məkansız bir hiss idi. Tələbə o səsi sevirdi, amma, eyni zamanda, o səsdə tələbə üçün taleyin əbədi bir məhkumluğu da var idi: mən sənin nənənin səsiyəm, mən o gözəl dağların, meşələrin səsiyəm, səni mən yetirmişəm, səni mən boya-başa çatdırmışam, amma sən bax bu gözəl bulvarda həmişə beləcə tək olmağa, beləcə yöndəmsiz, beləcə utancaq, beləcə gözəgəlimsiz olmağa məcbursan, necə ki, o gözəl dağların, meşələrin qoynunda, o pıqqıldayan bulaqların, şırıldayan çayların kənarında da beləcə vecsiz və mənasız bir məxluq idin...
    Tələbə Murad İldırımlı əvvəllər tez-tez, indi isə hərdənbir M.F.Axundov adına Respublika Dövlət Kitabxanasında akademik Kraçkovskinin tərcüməsində Quranı oxuyurdu, ayrı-ayrı ayələri yaxşı başa düşsün deyə özü üçün Azərbaycan dilinə tərcümə edirdi. Inqilabdan sonra Azərbaycan dilində Quran nəşr edilməmişdi, buna görə də kitabxanalarda yox idi; rus dilində o kitabdan istifadə etmək üçün xüsusi icazə lazım idi və tələbə çox böyük çətinliklərlə həmin icazəni ala bilmişdi. Quran «Ali-Imran» surəsi»ndə deyirdi:
    «Əgər, Allah sizə yardım edərsə, heç kim sizə qalib gələ bilməz; yox, əgər, sizi zəlil edərsə, ondan sonra kim sizə köməklik edə bilər?» Tələbə bu fikirdə idi ki, Allah onu zəlil etmişdi və buna görə də bütün ömrü də belə keçəcəkdi. Allah ona kömək eləməmişdisə, heç kim ona kömək edə bilməyəcəkdi, amma niyə belə olmuşdu, o hansı günahın sahibi idi ki, Allah onu beləcə zəlil etmişdi, nə üçün onu belə bir yöndəmdə dünyaya gətirmişdi, nə üçün onu bu geniş dünyada məhkum yaratmışdı, həmişə özü öz içində, özü özüylə çarpışmalıydı, özü özünü içəridən yeməliydi?
    Görünür nə isə var idi... Quran da deyir ki, səbəbsiz cəza yoxdur... Nənəsi belə bir əfsanə danışırdı (bəlkə heç əfsanə deyildi?) və o əfsanə heç vaxt tələbənin yadından çıxmırdı: Peyğəmbər hər gün səhər-səhər bir gölün yanından keçirdi. Həmin göldə atılıb düşə-düşə, cığır-bağır sala-sala bir dəstə oğlan uşağı çimirdi. Ayaqları şikəst olan bir oğlan uşağı isə göldə çimə bilmirdi, həsrət dolu qəmli gözlərini göldə çimən oğlanlara zilləyirdi, baxırdı, baxırdı. Peyğəmbər daha həsrət dolu o gözlərin kədərinə dözə bilmədi: «Ya Allah! – dedi. Nə üçün o uşağı eləcə şikəst yaratdın?» Allah: «– Sən mənim ədalətimə şübhə etdin?» – soruşdu. Səhərisi gün peyğəmbər gördü ki, o oğlan şikəstlikdən xilas olub, uşaqlarla birlikdə atılıb-düşür, uşaqlarla birlikdə göldə çimir, gözləri gülür və o həsrət yox olub... Bir gün belə keçdi, iki gün belə keçdi, üçüncü gün peyğəmbər gördü ki, həmin oğlan səhər tezdən gölə gəldi, qamışları kəsib bir-bir ucunu yondu və gölə baş vurub o qamışları suyun dibinə basdırmağa başladı ki, iti ucları bir azdan gəlib gölə atılacaq uşaqların başına-qarnına batsın... Peyğəmbər dedi: «Ya Allah! Bağışla məni...»
    Tələbə bəzən həmin yaraşıqlı, müasir geyimli, müasir hərəkətli bulvarda gəzişən camaatı vecinə almayan oğlanla qızın qucaqlaşıb öpüşdüyünü görəndə addımlarının sürətini artırırdı və o qucaqlaşmaqdan, o öpüşməkdən qaçıb qurtarmaq istəyirdi. Bəzən də qızla qol-qola gedən, qucaqlaşan, öpüşən oğlanı tanıyırdı (ümumiyyətlə, Bakıda yaşadığı az qala bu dörd ildə tələbə Murad İldırımlı çox adamı tanıyırdı, amma onu heç kim tanımırdı və belə bir birtərəfli tanışlığın özü də həmişə bədbinlik, ümidsizlik gətirirdi...), universitetin arakəsmələrində, həyətində atalarının puluna alınmış bahalı siqaretlər çəkə-çəkə, gecənin yarısına qədər restoranlarda, kafelərdə, barlarda yeyib-içməkdən hələ də başları ağrıya-ağrıya gəzdikləri, görüşdükləri qızlar haqqında əxlaqsız söhbətlər eləyən tələbələrdən olurdu və o zaman Murad İldırımlının bədbinliyi, həyatdan küskünlüyü ədavətə çevrilirdi, həmin oğlanla öpüşən qızı gizlin izləmək istəyirdi, ünvanını öyrənib imzasız məktub yazmaq istəyirdi, o imzasız məktubda oğlanı ifşa etmək istəyirdi, sürətli addımlarla gedə-gedə fikrində imzasız məktubun mətnini yazırdı, amma biz az keçirdi və hər şey yenə də əvvəlki təkliyin, tənhalığın qüssəsinə bürünürdü. Düzdür, tələbə Murad İldırımlıya elə gəlirdi ki, öləndən sonra da nənəsinin səsini eşidəcək, amma öləndən sonra hər şey bitir; əlbəttə, bunun özü də şərti bir həqiqət idi, yəni diri insanların fikrinə görə belə idi, əslində, kim bilir, bəlkə əsl həqiqət öləndən sonra açılacaq? Axı, ola bilməzdi ki, hər şey beləcə oyun olsun... Hər halda, nə qədər ki, bu dünya var idi, nə qədər ki, indiki tələbə (bəs sabahkı kim: kənd müəllimi? rayon qəzetinin ədəbi işçisi? təzədən kənd kitabxanaçısı? ya kim?) Murad Idırımlı bu dünyada yaşayacaqdı, o qədər də nənəsinin o səsi onunla birgə olacaqdı. Məsələ yalnız bunda deyildi ki, tələbə Murad İldırımlı lap uşaq olan vaxtlar atası dünyanın yaddan çıxardığı o kənddəki yaşamaq qayğılarından, Xruşşovun hətta eşşək saxlamaq üçün də təyin etdiyi böyük vergilərin (həmin vergiyə görə dərə-təpə sahibsiz eşşəklərlə dolmuşdu!..) əlindən cana gəlib günlərin bir gözəl günündə cavan arvadını da, körpə oğlunu da atıb Rusiyaya getmişdi və o vaxtdan bəri də ondan bir xəbər yox idi; anası bir müddət ərini gözləmiş, axırda yaşaya bilmədikləri üçün, qonşu kənddə dul, eybəcər, amma iyirmi il kolxozda hesabdar işləyib varlanmış bir kişiyə ərə getmişdi və o vaxtdan da uşağı nənəsi saxlamışdı; əsl məsələ bunda idi ki (hər halda, bu cavan adam belə fikirləşirdi), nənəsinin səsi, onun üçün doğrudan da o dağların, o çayların, o meşələrin səsi idi, o yerlərin ki, orada tələbə Murad İldırımlının təkliyini həmin dağlardan, çaylardan, meşələrdən savayı heç kim görmürdü və bu, özünün varlığı ilə bağlı tələbənin keçirdiyi xəcalət hissini bir az yumşaldırdı; o dağlarda, çaylarda, meşələrdə, əlbəttə, doğmalıq da var idi, çünki tələbənin qayğılardan uzaq uşaqlığı o yerlərdə keçmişdi və bu, istər-istəməz, onun ürəyində hərarətli bir iz qoymuşdu.
    O dağların döşündə, bir də heç vaxt geri qayıtmayacaq o gözəl uşaqlıq çağlarında, o zamanlar ki, gələcək tələbənin fantaziyası zirvələri, ətəkləri yay-qış ağappaq qar içində olan Babadağın, çılpaq sıldırım qayaların, arasından şırhaşır dəli çaylar axan yarğanların qoynuna sığışmırdı, xəyal o balaca uşağı götürüb dünyanın ən möcüzəli məmləkətlərinə aparırdı, qaniçən şahlarla, igid və ədalətli şahzadələrlə, gözəl şahzadə qızlarla, divlərlə, cinlərlə danışan quşlarla, Süleyman peyğəmbərlə görüşdürürdü, onda Murad həmişə nənəsinin tumanının böyründə olurdu və nənəsi un tapıb təndirə çörək yapanda, sacda yuxa bişirəndə, samovara köz salanda, həyətbacadan pencər yığanda da o möcüzəli dünyanın əhvalatlarından elə hey danışırdı, danışırdı və tələbə kəndin kitabxanasında işlədiyi illərdə heç ağlına da gətirməzdi ki, həmin o danışıqlar beləcə beynində həkk olub qalıb, Bakı soyuqqanlığı içində, Bakı benzini, tüstüsü, asfaltı içində o söhbətlər birdən-birə yadına düşəcək; yadına düşəcək, amma daha möcüzəli məmləkətlərdən xəbər verməyəcək, gözəl şahzadə qızlar da, igid şahzadələr də o nağılların, məsəllərin danışıldığı vaxtda qalacaq.
    Nənəsi sübh tezdən yerindən qalxıb, xaşasını götürürdü, gələcək tələbə də nənəsinin böyrünə düşürdü, biçilib, dərzi daşınıb aparılmış kolxoz zəmisində başaq eləməyə gedirdilər və ta gün günorta yerinə qalxana qədər orda-burda yerə tökülmüş buğda sünbüllərini xaşaya yığırdılar, elə ki, gün qızırdı, yorğunluqlarından daha addım ata bilmirdilər, gedib biçilmiş o kolxoz zəmisinin ortasındakı tənha dağdağan ağacının kölgəsində otururdular, nənəsi lap ulu babalardan qalmış balaca cürdəkdə gətirdiyi və hərdənbir o dağdağanın altına gəlib yerini dəyişə-dəyişə bütün gün ərzində kölgədə saxladığı sudan töküb bir-iki ovuc üzünə vururdu, sərinləyirdi, nəvəsinin də əlinə bir az su tökürdü və gələcək tələbə də o qızmar gündə gözəl bir sərinlik hiss eləyirdi, sonra nənəsi özüylə gətirdiyi dağarcıqdan bir acıtmalı çörək, iki-üç göy soğan çıxarırdı və nəvəsiylə birlikdə yavaş-yavaş gəvələyirdilər, sonra da nənəsi arxasını dağdağan ağacının gövdəsinə söykəyib mürgüləyirdi. Qəribə idi, elə ki, nənəsi mürgüləməyə başlayırdı, sərin bir yel qalxırdı və o zamanlar o uşağa elə gəlirdi ki, o gözəl sərin yel nənəsinin danışdığı o uzaq (və yaxın) möcüzəli dünyadan əsir. Nənəsi yenə də durub başaq eləyirdi, amma gələcək tələbə eləcə o tənha dağdağanın kölgəsində otururdu və səhərdən bəri nənəsinin danışdığı o möcüzəli aləmə, o gözəl şahzadə qızların, o igid şahzadə oğlanların, quşların dilini bilən o ağ saçlı, ağ saqqallı Süleyman peyğəmbərin yanına gedirdi.
    Evə qayıdandan sonra nənəsi artırmada palaz açırdı, xaşadakı sünbülləri palazın üstünə töküb toxmaqla döyürdü, sonra xəlbirlə samanı yelə sovururdu, sonra da dəni ələyirdi və danışırdı, danışırdı...
    Bir kişiydi, on uşaqları varıydı, bir də bir arvadıydı. Bu qədər külfətin hamısı bir balaca daxmada yaşayırdı. Daxmada oturub-durmağa yer yoxuydu. Bir-birinin qarnına bitişib yatırdılar gecələr. Arvad da bir tərəfdən gecə-gündüz kişiyə aman vermirdi, elə hey deyinirdi... Deyinirdi ki, belə də yaşamaq olar? Belə də həyat olar? Axırda kişi tab gətirmədi, getdi çıxdı Qaf dağının təpəsinə. Qaf dağı bilirsən nətər dağdı? Bizim, bax, bu dağlar var e, Qaf dağının yanında heş nədi... Kişi çıxdı Qaf dağının təpəsinə, əllərini göyə qaldırıb: «– Ya Allah, – dedi. – O daxmada daha yaşaya bilmirik. Həyatımız cəhənnəm əzabıdı. Ya bizə bir genişlik ver, ya da məni öldür ki, canım qurtarsın...» Kişi bu sözləri deyəndən sonra göy guruldadı, ildırım çaxdı, tufan qopdu. Kişi başa düşdü ki, Allah onun sözlərini eşitdi. Geri qayıdanda gördü ki, arvad oturub daxmanın qabağında, dizlərinə döyür, saçlarını yolur. Soruşdu ki, nə olub? Arvad ağlaya-ağlaya cavab verdi ki, daxmada oturmuşduq, birdən göy guruldadı, ildırım çaxdı, tufan qopdu, dam yarıldı, həzrət Mikayıl bir uzunqulaqla birlikdə peyda oldu, dedi ki, Allah-taala belə buyurub ki, bu uzunqulaq da sizinlə bir yerdə bu daxmada yaşasın, indi odu, o eşşək də daxmadadı, bu da bizim ruzimiz... Bundan sonra o kişi də, o arvad da, onların o on uşağı da həmin daxmada həzrət Mikayılın gətirdiyi o eşşəklə bir yerdə yaşadılar, eşşəklə bir yatdılar, bir durdular. Bir müddət beləcə ömür sürdülər, anadan əmdikləri süd burunlarından gəldi. O, darısqallıq içində eşşək bir tərəfdən, arvadın da gecə-gündüz deyinməyi bir tərəfdən. Axırda kişi dözmədi, yenə yollandı getdi çıxdı Qaf dağının təpəsinə, yenə əllərini göyə tutub: «– Ya Allah. – dedi.– Ya bizi bu uzunqulaqdan xilas elə, ya da məni öldür ki, canım qurtarsın, çünki belə yaşamaq olmaz ki, mən yaşayıram...» Yenə göy guruldadı, yenə ildırım çaxdı, tufan qopdu və kişi yenə də başa düşdü ki, Allah onu eşitdi. Qayıdanda gördü ki, arvad da, uşaqlar da daxmanın qabağına yığışıb toy-bayram eləyirlər, elə sevinmək sevinirlər ki, gəl görəsən... Kişi soruşdu ki, nə olub? Arvad cavab verdi ki, oturmuşduq daxmada, birdən göy guruldadı, ildırım çaxdı, dam yarıldı, həzrət Mikayıl qurban olduğum gəlib eşşəyi geri apardı... Həmin gündən o kişi də, o arvad da, onların o on uşağı da həmin o daxmada ömürlərinin axırına qədər şad-xürrəm yaşadılar, talelərindən də çox razı qaldılar...
    Tələbənin yadına gəlir, o vaxt ki, nənəsi artırmada palazın qabağında bardaş qurub dən ələyə-ələyə bu əhvalatı danışmışdı, onda gələcək tələbə Murad İldırımlıya ən qəribə gələni bu olmuşdu ki, sən demə, dünyada elə dağlar var, hər tərəfdən kəndlərini əhatə etmiş, başı qarlı o uca zirvələr, sıx meşəli o böyük dağlar, o çılpaq sıldırım qayalar onların yanında bir heçdi... Sonra illər keçdi, elə bil, hər şey yaddan çıxıb getdi, amma yata bilmədiyi bir gecə çağı, bax, burada, bu yazıq Xədicə arvadın bu evində birdən-birə gəlib yadına düşdü və o əhvalat, qəribədir, tələbə Murad İldırımlı üçün bir təskinlik oldu...
    ... Uşaqlar, cavanlar öz evlərindən miz gətirib həyətə düzürdü, oturmaq üçün kətil, kürsü düzürdü, qadınlar stəkan, nəlbəki, qaşıq, qəndqabı gətirdi, məhəllədə həmişə belə hallarda olduğu kimi, kişilər arasında vəzifələr bölündü və Xosrov müəllim də həmişəki kimi, heç nə danışmırdı, elə bil ki, kölgə idi, kişilərin arasında dolaşırdı. Sonra məhəllədə yaşayan Molla Əsadulla gəldi, dəfn-mərasimlə bağlı tapşırıqlarını verdi, evə qalxıb cənazə olan otağa girdi. Bir nəfər ölü kağızı almağa getdi, bir başqasını da Tülkü Gəldi Qəbiristanlığına göndərdilər ki, birtəhər eləsin yer alsın, qəbir qazdırsın. Düzdür, Tülkü Gəldi Qəbiristanlığında yer almağın müsibət bir iş olduğunu məhəllə kişiləri yaxşı bilirdi, orada güc-bəla ilə o rəhmətliyə yer almaq müyəssər olurdu ki, onun atasını, babasını həmin qəbiristanlıqda dəfn eləmiş olsunlar və o rəhmətliklərin yanında bir qəbir qazdırılsın. Yazıq Xədicə arvadın atasının, babasının harada (Tülkü Gəldi Qəbiristanlığında idi, amma harada? Hansı yerdə?) dəfn olunmağından indi daha məhəllə camaatının xəbəri yox idi və Siçan Balaniyaz da əfəlin biri idi və yəqin ki, onun da xəbəri yox idi, o qəbirlər itibbatmışdı, amma Xədicə arvad oruc tutan, namaz qılan bir adam idi və onu aparıb təzə salınmış, müsəlmanı, xristianı, yəhudisi bir-birinə qarışmış qəbiristanlıqlarda torpağa tapşırmaq düz olmazdı, belə bir iş məhəllə kişilərinə yaraşmazdı; arvadı gərək çalışıb köhnə qəbiristanlıqda, yəni Tülkü Gəldi Qəbiristanlığında dəfn eləyəydilər.Sonra çörəkçi Ağabala vaxt tapıb həyətə samovar gətirdi (çünki məhəllədə ən böyük samovar çörəkçi Ağabalagildə idi) və tələsik də dükana qayıtdı, həyət qapısından çıxa-çıxa:
    – Ət dalıyca adam göndərmişəm... – dedi; bu o deyən söz idi ki, yazıq Xədicə arvadın ehsanında əti çörəkçi Ağabala öz boynuna götürürdü; düyü də, göyərti də, ədviyyat da, turşu da beləcə alınacaqdı və o yazıq Xədicə arvadın ehsanı məhəlləyə layiq olacaqdı.
    Dünən Xədicə arvadın özü bu məhəllə adamlarından biri idi, həmişəki qayğıları ilə səhəri açmışdı, həmişəki qayğıları içində gün keçirmişdi, həmişəki qayğıları və sabahkı ümidləri ilə yerinə girib yatmışdı və o ümidlər də, o qayğılar da, bu gün həmişəlik yox olub getmişdi: haçansa dünyaya bir çağa gəlmişdi, böyümüşdü, qocalmışdı, Xədicə arvad olmuşdu və bu gecə də o Xədicə arvad dünyadan köçüb getmişdi... Burada, əlbəttə, təəccüblü bir şey yox idi, amma krantın yanında dayanmış tələbə Murad İldırımlı bunu fikirləşdikcə, elə bil, hər tərəfi bürümüş bir qüssənin içinə girirdi və məsələ yalnız Xədicə arvadın köçüb getməyində deyildi... Az qala səkkiz ay kirayənişin yaşadığı müddət ərzində tələbə, Xədicə arvadın gündəlik güzəranına da, istəklərinə, qayğılarına da bələd olmuşdu və indi o istəklər, qayğılar o qədər cılız, mənasız görünürdü ki, tələbənin öz həyatı, öz istəyi, arzusu, qayğısı, hətta nənəsinin səsi də, hətta keçirdiyi o çətin gecələr də, o dağlar da, meşələr də həmin cılızlığın, mənasızlığın içində itib-batırdı.
    Tələbə Murad İldırımlının yadına düşdü ki, dırnağını çeynəyir, tez əlini ağzından çəkdi. Universitetdə tələbə qızlar öz aralarında zarafat eləyirdilər ki, bu bədbəxtin yəqin ki, qarnında qurd var, ona görə həmişə dırnağını gəmirir. Tələbə oğlanlar isə deyirdilər ki, yox, bunun beləliyinə baxmayın, qurd bunun qarnında deyil, ürəyindədi, ürəyi qurdludu, paxılın biridi... Əlbəttə, Murad İldırımlının bu söhbətlərdən xəbəri yox idi, amma var gücü ilə çalışırdı ki, dırnağını çeynəmək adətindən yaxa qurtarsın, amma hərdən heç özü də bilmirdi ki, əli necə ağzına gedib, dırnağını necə çeynəyir...
    Həyətdəki krantdan gecə-gündüz həmişə damcı-damcı su axırdı və o zaman ki, bütün məhəllə yatırdı, Xosrov müəllim də, o yazıq Xədicə arvad da yatırdı, buralara bir sakitlik çökürdü, onda o krantın damcılamağı lap aydın eşidilirdi, hətta gəlib tələbə yatan otağa da çatırdı. Əvvəllər krantın eləcə damcılamağı tələbəni əsəbiləşdirirdi, bəzən yatmağa qoymurdu, amma bir gün Xosrov müəllim hardansa tapdığı yekə bir kəlbətinlə bu krantı düzəltmək istəyəndə o yazıq Xədicə arvad dedi:
    «– A-a-a... Nöş əl vurursan kranta? Qoy axsın da... Qoy səs gəlsin də... Siz çıxıb gedirsüz, mən tək qalıram burda, nə qədər küçədə oturmaq olar, səs olmiyəndə də, adamın ürəyi partdıyır axı!..» Xosrov müəllim necə dinməzcə o krantı düzəltmək istəyirdisə, eləcə də dinməzcə öz otağına qayıtdı və o krant da damcılamağına davam etdi, amma qəribə idi, Xədicə arvadın o sözlərindən sonra, krantın damcılamağı daha gecələr tələbə Murad İldırımlını əsəbiləşdirmirdi, əksinə, çətin məqamlarda o krant səsi, elə bil, bir ünsiyyət gətirirdi.
    Xədicə arvad üç gündən-dörd gündən bir gedib Təzə bazardan kilo ilə tum alıb gətirirdi, evdə tumu qovururdu, həyətin küçə qapısı ağzında, üstünə nazik döşəkcə saldığı balaca taxta kətildə oturub küçədən keçənlərə, məhəllə uşaqlarına yüz əlli qramlıq stəkanı on qəpiyə tum satırdı. Stəkan sınmasın deyə içinə yapışqanla kağız yapışdırmışdı və o kağızı o qədər qalın eləmişdi ki, yüz əlli qram əvəzinə, yüz qramı güclə tuturdu... Isti tumla dolu torbanın yanında bir-birinin içində düzülmüş kağız torbacıqlar olurdu, kim ki, cibinə tökmək istəmirdi, Xədicə arvad tumu o torbacıqlara töküb verirdi və həmin torbacıqları düzəltmək üçün qəzeti, adətən, tələbə Murad İldırımlı verirdi; hər gün səhər universitetə gedəndə təzə qəzetləri alırdı, səhərlər avtobus çox basabas olduğu üçün qəzetləri günorta dərsdən qayıdanda oxuyurdu, avtobusda oxuya bilmədiklərini isə otağında oxuyurdu və bütün bu müddət ərzində Xədicə arvad səbrlə qəzetləri gözləyirdi, özü gedib pul verib qəzet almırdı və elə ki, oxunmuş qəzetləri kirayənişindən alırdı, səliqə ilə kəsib torbacıq düzəldirdi və arvadın kefi açıq-aşkar kökəlirdi: «– Süzdən xoşum gəlir!.. – deyirdi. – Süz kəndçilər ağıllı olursuz!.. Qıznan-zadnan da işivüz olmur sizün!..
    Rayonnan gəlib oxuyub adam olursuz, bizimkilər də şofer olurlar, mən nə bilim, day nə olurlar... mənimki başıbatmış da getdi siçantutan oldu!.. Süzdən xoşum gəlir!..
    Sən də ağıllısan. Ətağanın cəddiyçün, bax, fikir verirəm sənə, gecə-gündüz oxuyursan, araq içmirsən, qıznan-zadnan da aron yoxdu!.. Malades!.. Oxuginə!.. Nə çıxar – oxumaqdan çıxar!.. Bisavaddığın axırı mənim kimidi, bude, oturub semiçka satıram...» Əlbəttə, o yazıq Xədicə arvad bilmirdi ki, Bakıdakı bu tələbəlik hansı əzab-əziyyətin bahasına başa gəlib və hansı əzab-əziyyətlə də davam edir... Bəlkə bilirdi?
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (21.01.2014) | Müəllif: R.C E W
Baxış: 1313 | Reytinq: 3.3/3
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more