Əsas » Məqalə » İqtisadiyyat |
Mövzu 24: Dünya ticarəti və tədiyyə balansı.( 2 saat) Plan 1. Dünya ticarəti haqqında nəzəriyyələr. 2. Dünya ticarətinin əsas cəhətləri və quruluşu. 3. Dünya əmtəə bazarında qiymətlərin əmələ gəlməsi. 4. Tədiyə balansı, onun tərtib olunması və tənzimlənməsi. 5. Xarici ticarət siyasəti və onun həyata keçirilməsi mexanizmi. 1. Dünya ticarəti haqqında nəzəriyyələr. Müasir dövrdə ölkələrin dünya ticarətində fəal iştirak etmələri bir sıra səbəblərlə əlaqədardır. Belə ki, dünya ticarəti ölkədə mövcud olan iqtisadi ehtiyatlardan, elm və texnikanın ən yeni nailiyyətlərindən istifadə olunmasına, iqtisadiyyatda çox qısa müddətdə struktur dəyişiklikləri aparılmasına, əhalinin tələbatının daha yaxşı ödənilməsinə imkan verir. Bununla əlaqədar olaraq beynəlxalq ticarət nəzəriyyələrinin öyrənilməsi böyük maraq doğurur. Başlanğıcını klassik ingilis siyasi iqtisadından alan beynəlxalq ticarət nəzəriyyələri dünya iqtisadi fikrinin inkişafı ilə birlikdə bir sıra mərhələlərdən keçmişdir. Lakin buna baxmayaraq onun başlıca məsələləri aşağıdakılardan ibarət olaraq qalır: - Beynəlxalq əmək bölgüsünün əsasını nə təşkil edir? - Hansı beynəlxalq ixtisaslaşma ayrı-ayrı ölkələr və regionlar üçün daha sərfəlidir və daha çox fayda verir? - Dünya ticarətində ölkənin rəqabət qabiliyyəti hansı amillərlə müəyyən edilir? Bütün bunlar, şübhəsiz ki, ölkəmizin indiki inkişaf mərhələsində bizim üçün də aktualdır. Deməli, beynəlxalq ticarət nəzəriyyələrinin öyrənilməsi həm də praktik əhəmiyyətə malikdir. A. Smit belə bir tezis irəli sürürdü ki, beynəlxalq ticarətin inkişaf etməsinin əsasını istehsal xərclərindəki fərqlər təşkil edir. O, qeyd edirdi ki, əmtəələri istehsal xərcləri az olan ölkələrdən idxal etmək lazımdır. A. Smitin baxışları D. Rikardo tərəfindən daha da inkişaf etdirilmişdir. Məlum oluduğu kimi, xarici ticarət əlaqələrinə girən tərəflər həmişə ondan faydalanmağa çalışır və buna əsas etibarılə nail olurlar. Bununla əlaqədar olaraq belə suallar meydana çıxa bilər ki, nə üçün ABŞ qara qəhvəni idxal, taxılı isə ixrac edir? Yaponiya yalnız xammalı idxal, sənaye məhsullarını isə ixrac edir? Bu suallara düzgün cavabı D.Rikardonun adı ilə bağlı olan müqayisəli üstünlük nəzəriyyəsi verə bilər. Çünki bu nəzəriyyə hər bir millətə, yaxud da ayrıca bir şəxsə özünün real gəlirlərini və həyat səviyyəsini necə yüksəltmək barədə istiqamət verir. Məsələn bu bir həqiqətdir ki, ABŞ-da kompüter, Braziliyada isə qara qəhvə istehsalı üçün daha əlverişli şərait vardır. Odur ki, ABŞ qara qəhvə idxal etməklə, kompüter istehsalı və ixracından, Braziliya isə kompüter idxal etməklə, qara qəhvə istehsalı və ixracından daha çox faydalana bilər. Ölkəni onun üçün səmərəli olmayan məhsulları ixrac etməyə heç bir qüvvə məcbur edə bilməz. Hansı məhsulları beynəlxalq bazara çıxarmaq, hansını isə çıxarmamaq məsələsini səmərəlilik baxımından ölkələrin özləri müəyyən edirlər. Müqayisəli üstünlük nəzəriyyəsinə görə ticarət əlaqələrini zəruri edən şərtlərdən biri də rayonlar arasında istehsal şərtləri ilə bağlı meydana çıxan fərqlərdir. Hər bir ölkə özünə lazım olan bütün məhsulların hər birindən az miqdarda olsa da istehsal olunmasını təşkil edə bilər. Lakin həmin məhsullardan bəzilərinin istehsalına daha çox xərc sərf oluna və onların dəyəri həddindən çox yüksək ola bilər. Bu isə o deməkdir ki, məhsulların istehsalı, bu ölkə üçün iqtisadi cəhətdən sərfəli deyildir. Beynəlxalq ticarətin əsas prinsiplərini Avropa və Amerikanın timsalında, məsələn, yemək şeyləri ilə paltarın mübadiləsində nümayiş etdirmək olar. Amerika geniş torpaq sahələrinə, təbii ehtiyatlara malik olsa da, iş qüvvəsi və kapital sarıdan korluq çəkir. Avropada, əksinə, kapital və əmək ehtiyatları boldur, torpaq sahələri isə azlıq edir. Belə bir şəraitdə nə etmək lazımdır? D.Rikardonun hələ 1817-ci ildə bu suala verdiyi cavab beynəlxalq miqyasda ixtitsaslaşdırmanın səmərəliliyinin isbat olunduğunu göstərir. Bu, məhz müqayisəli üstünlük və ya müqayisəli istehsal xərcləri nəzəriyyəsinin nailiyyətidir. D.Rikardo məsələnin həllini sadələşdirmək üçün iki ölkə və yalnız iki şərti məhsul – ərzaq və paltar götürmüşdür. O, bütün istehsal xərclərini şərti olaraq yalnız iş vaxtı ilə ifadə etmiş, azad ticarətin mövcudluğunu, ehtiyatların bir-birini tam əvəz etməsinin mümkünlüyünü, nəqliyyat xərcləri və texniki dəyişikliklərdə, əmək haqqının səviyyəsində ölkələr arasında fərqin olmadığını göstərmiş, (lakin istənilən konkret şəraitdə zəruri dəyişikliklər etmək mümkündür) və nəticədə Amerika və Avropa arasında ticarətin qarşılıqlı fayda verdiyini isbat etmişdir. Bu ilkin şərtlər beynəlxalq ticarətin əsas inkişaf prinsiplərini aşkara çıxarmaq üçün lazım olmuşdur. Lakin onların bəzilərinin dəqiqləşdirilməsinə ehtiyac vardır və deməli müqayisəli üstünlük nəzəriyyəsi çatışmazlıqlardan xali deyildir. Məlum olduğu kimi, bir sıra sahələrdə istehsalın genişləndirilməsi son hədd xərclərinin artması ilə əlaqədardır. Odur ki, bu və ya digər bir məhsulun hər sonrakı vahidinin istehsalı baha başa gəldiyindən bu, bütün məhsul istehsalı artımından imtina olunmasını tələb edir. Bu qanunauyğunluq özünü hasilat sənayesində daha əyani şəkildə göstərir. Belə ki, zəngin və əlverişli ərazilərdə yerləşən yataqların ehtiyatı azaldıqca, ehtiyatı az və işlənməsi çətin olan yataqların istismarına meyl artır. Deməli, əmtəə istehsalının artmasının xərclərin artmasına səbəb olması ixtisaslaşdırma qarşısında müəyyən hədd qoyur. Və nəticədə bu, belə bir vəziyyətə gətirib çıxarır ki, əksəriyyət hallarda müqayisəli üstünlüyə malik olan ölkələrdə tam ixtisaslaşdırma mümkün olmur. Bu, D.Rikardonun müqayisəli üstünlük nəzəriyyəsinin başlıca çatışmaz cəhətidir. D.Rikardonun vəfatından sonra onun bu nəzəriyyəsi beynəlxalq əmək bölgüsü və dünya ticarəti sahəsində, bir sıra onilliklər ərzində demək olar ki, yeganə nəzəriyyə olaraq qalmışdır. Bu sahədə yeni model Isveç tədqiqatçıları Eli Xekşer və Bartel Olin tərəfindən işlənib hazırlanmışdır. XX əsrin 60-cı illərinədək bu model iqtisadi ədəbiyyatda "hökmranlıq" etmişdir. 1977-ci ildə isə Olin iqtisadiyyat sahəsində xidmətlərinə görə Nobel mükafatına layiq görülmüşdür. Bu modelin inkişaf etdirilməsi və zənginləşdirilməsində P.Samuelsonun çox böyük xidmətləri olmuşdur. Odur ki, onun bu xidmətlərinin şərəfinə modeli bir çox hallarda Xekşer – Olin – Samuelson modeli də adlandırırlar. Beynəlxalq ticarətə və ixtisaslaşdırmaya neoklassik yanaşmanın mahiyyəti belədir: maddi və insan ehtiyatları tarixi və coğrafi səbəblərə görə ölkələr arasında qeyri-bərabər bölünmüşdür. Neoklassiklərin fikrincə əmtəələrin qiymətlərindəki nisbi fərqlər və müqayisəli üstünlüklər də məhz bunlarla əlaqədardır. Xekşer – Olinin beynəlxalq ticarət modelinə uyğun olaraq, bu prosesdə istehsal amillərinin qiymətləri tarazlaşır. Tarazlaşma mexanizminin mahiyyəti belədir: Ölkədə hansı istehsal amilləri (əmək haqqı, borc faizi, renta və i.a.) boldursa, onların qiyməti aşağı, hansılar azlıq edirsə, onların qiyməti baha olur. Bu və ya digər bir ölkənin kapital tutumlu əmtəələr sahəsində ixtisaslaşması kapitalın ixrac üçün məhsullar istehsal edən sahələrə getməsinə şərait yaradır. Nəticədə kapitala olan tələb artır, onun qiyməti (kapitala görə faiz) isə yüksəlir. Əksinə, digər ölkələrin əməktutumlu əmtəələr istehsalı sahəsində ixtisaslaşmaları əmək ehtiyatlarının xeyli hissəsinin müvafiq sahələrə getməsinə və deməli, iş qüvvəsi dəyərinin (əmək haqqının) artmasına səbəb olur. Beləliklə, bu modelə uyğun olaraq, hər iki ölkələr qrupu özlərinin ilkin üstünlüklərini itirirlər və onların inkişafında tarazlaşma gedir. Bu, ixrac üçün əmtəələr istehsal edən sahələrin dairəsini genişləndirir, onların beynəlxalq əmək bölgüsünə daha dərindən nüfuz etmələri üçün şərait yaradır. Rus mənşəli, məşhur amerika iqtisadçısı V.Leontyev 1956-cı ildə ABŞ-ın ticarət balansının strukturunu təhlil etmiş və belə bir nəticəyə gəlmişdir ki, Xekşer–Olin nəzəriyyəsinin əksinə olaraq, ABŞ-ın ixrac etdiyi məhsullar içərisində əmək tutumlu əmtəələr, idxal etdiyi məhsullar içərisində isə kapital tutumlu məhsullar üstünlük təşkil etmişdir. Buna iqtisadi ədəbiyyatda Leontyevin paradoksu1 deyilir. Müqayisəli üstünlük nəzəriyyəsi amerika iqtisadçısı Maykl Porterin2 əsərlərində daha da inkişaf etdirilmişdir. M.Porter, sənayecə inkişaf etmiş 8 ölkənin iqtisadiyyatının 100-ə yaxın sahəsini əhatə edən geniş statistik materialları təhlil etmək əsasında ölkələrin rəqabətdə üstünlüklərinə dair nəzəriyyə işləyib hazırlamışdır. Onun bu nəzəriyyəsində əsas yeri iqtisadiyyatda dörd başlıca müəyyənedicini (determinantı) aşkara çıxaran, həmin ölkəyə məxsus olan firmanın fəaliyyət göstərməsi üçün rəqabət makromühitini formalaşdıran "milli nişan" təşkil edir. "Milli nişan" qarşılıqlı fəaliyyətdə olan müəyyənedicilər sistemini aşkara çıxarır, ölkələrin rəqabətdə malik olduqları üstünlüklərin reallaşdırılması üçün ya əlverişli, ya da əlverişsiz şərait yaradır. Bəs, bu müəyyənedicilər hansılardır? Bunlara amillərin parametrləri3, firmaların strategiyaları, onların strukturu və rəqabət; tələbin parametrləri, bir-birinə yaxın və bir-birinin inkişafı üçün şərait yaradan sahələrin mövcudluğu, təsadüfi hadisələrin baş verməsi və s. daxildir. Amillərin parametrləri dedikdə ölkənin və onun iqtisadiyyatının ixrac üçün məhsul istehsal edən ayrı-ayrı aparıcı sahələrinin rəqabətdə üstünlüyünün təmin olunması üçün zəruri olan maddi və qeyri-maddi şəraitin yaradılması nəzərdə tutulur. M.Porter istehsal amillərini ölkənin rəqabət qabiliyyətinə (üstünlüyünə) təsiri baxımından nəzərdən keçirərkən ənənəvi amillərlə (əmək, torpaq, kapital, sahibkarlıq qabiliyyəti) yanaşı, necə deyərlər "biliklərdən ibarət olan resursları", yəni elmi, texniki və bazar informasiyalarını, poçt xidmətlərini, səhiyyə sistemini, əhalinin mənzillə təmin olunmasını və s. xüsusi qrupa ayırmışdır. Onun nəzəriyyəsində amillərin ümumi (məsələn, avtomobil yolları şəbəkəsi, ali təhsilli işçi heyəti və i.a.) və ixtisaslaşdırılmış amillərə (məsələn, dar ixtisas sahibləri, müəyyən bilik sahələri üzrə məlumat bazarı və i.a.) bölünməsi də böyük əhəmiyyətə malikdir. Rəqabətdə üstünlüyün təmin olunmasında ölkə daxilindəki rəqabət mühiti və firmaların strukturu az əhəmiyyət kəsb etmir. Başqa sözlə, ölkə daxilində rəqabət mühiti yaradılmamışdırsa və firmalar bir-biriləri ilə raqabət aparmırlarsa, onların strategiyası rəqabət şəraitinə uyğunlaşdırılmamışdırsa, onda xarici bazarda bu firmalar rəqabətdə üstünlük qazana bilməzlər. Tələbin parametrləri dedikdə, hər şeydən əvvəl onun həcmi, inkişaf dinamikası, məhsul növləri üzrə diferensiallaşdırılması nəzərdə tutulur. Inkişaf etmiş tələb şəraitində yeni mallar dünya bazarına çıxana qədər məhz daxili bazarda "özünütəsdiqdən" keçməlidir. Ixrac üçün məhsul istehsal edən firmaları zəruri material, yarımfabrikat, komplektləşdirici məmulatlar və digər maddi vəsaitlər və informasiya ilə təmin edən yüksək dərəcədə inkişaf etmiş, bir-birinə yaxın olan sahələrin mövcud olması da dünya ticarətində üstünlüyə malik olmağın başlıca şərtləridir. M.Porter rəqabət üstünlüyünün müəyyənediciləri sisteminə təsadüfi hadisələri də daxil edir. Və göstərir ki, bunlar ölkələrin rəqabətdə üstünlüyünü ya gücləndirə, ya da zəiflədə bilər. Bu hadisələrə yeni ixtiraları, iri texnoloji sıçrayışları, iqtisadi ehtiyatların qiymətlərinin kəskin surətdə dəyişməsini, dünya maliyyə bazarındakı dəyişiklikləri, hakimiyyətin siyasi qərarlarını, müharibələri və s. misal göstərmək olar. Təsadüfi hadisələr rəqabət aparan dövlətlərin mövqelərini dəyişə bilər. Bunlar köhnə, güclü rəqibləri sıradan çıxara, yeni dövlətlər üçün imkan yarada bilərlər. Rəqabətdə milli iqtisadiyyatın üstünlüyünün formalaşdırılmasında hökumət də çox mühüm rol oynayır. Bu, öz ifadəsini əsas müəyyənedicilərin "milli nişana" təsir göstərməsində tapır. Lakin bu təsir ya müsbət, yaxud da mənfi ola bilər. Hökumət istehsal amilləri və tələbin parametrlərinə pul-kredit, vergi, gömrük siyasəti vasitəsilə təsir edir. Ölkələrin əksəriyyətində ordu, nəqliyyat, rabitə, təhsil, səhiyyə və digər sahələr üçün lazım olan məhsulların alıcısı məhz hökumətdir. Bundan başqa, hökumət, inhisar əleyhinə tənzimləməni həyata keçirməklə, milli iqtisadiyyatın aparıcı bölmə və sahələrində ən əlverişli rəqabət mühitinin qorunub saxlanmasına təsir edir. Beləliklə, M. Porterin nəzəriyyəsi hər hansı bir ölkənin rəqabətdə üstünlüyünü müəyyən edən başlıca amilləri daha tam əks etdirir. 2. Dünya ticarətinin əsas cəhətləri və quruluşu. Iqtisadi ədəbiyyatda dünya ticarəti belə səciyyələndirilir: "Beynəlxalq ticarət dedikdə, müxtəlif ölkələrdə alıcılar, satıcılar və vasitəçilər arasında həyata keçirilən alqı-satqı prosesi nəzərdə tutulur".1 Beynəlxalq ticarət idxal və ixracdan ibarətdir. Bunların arasındakı nisbət ticarət balansı adlanır. BMT-nin nəşr etdirdiyi statistik məcmuələrdə dünya ticarətinin həcmi və dinamikası haqqında məlumatlar bütün ölkələrin ixrac etdikləri məhsulların və göstərdikləri xidmətlərin ümumi məbləği kimi verilir. Qədim zamanlarda meydana gəlmiş dünya ticarəti XVIII əsrin axırları və XIX əsrdə xeyli inkişaf etmiş, genişlənmiş və beynəlxalq əmtəə-pul münasibətləri sabit xarakter almışdır. Bu prosesə sənayecə daha çox inkişaf etmiş bir sıra ölkələrdə (Ingiltərə, Hollandiya və b.) iri maşınlı sənayenin əmələ gəlməsi və geniş vüsət alması təkan vermişdir. Bu prosesə həmin ölkələrə iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdən xammal idxal olunması da təsir göstərmişdir. Sənayecə inkişaf etmiş ölkələr zəif inkişaf etmiş ölkələrdən idxal etdikləri xammalların əvəzinə onlara, əsas etibarilə istehlak təyinatlı məhsullar ixrac edirlər. Lakin XX əsrdə dünya iqtisadiyyatı bir sıra böhranlarla üzləşmişdir. Bunlardan biri 1914-1918-ci illərdə birinci dünya müharibəsi ilə əlaqədar baş verən böhrandır. Bu böhran ikinci dünya müharibəsinə qədər davam etmiş və əmtəə dövriyyəsinə mənfi təsir göstərmişdir. Bundan başqa, ikinci dünya müharibəsindən sonra, imperializmin müstəmləkə sisteminin dağılması ilə əlaqədar olaraq dünya ticarəti yeni çətinliklərlə üzləşmişdir. Lakin sonralar bu çətinlikləri aradan qaldırmaq mümkün olmuşdur. Bunu belə bir faktdan aydın görmək olar ki, ikinci dünya müharibəsindən sonra dünya ticarətinin inkişaf sürəti xeyli yüksəlmişdir. Belə ki, dünyada ixrac olunan məhsulların orta illik artım sürəti 50-ci illərdə 6%, 60-cı illərdə 8,2%, 1970-1991-ci illərdə 9%, 1991-1995-ci illərdə 6,2% olmuşdur.1 Bununla əlaqədar olaraq dünya ticarətinin həcmi də artmışdır. Məsələn, o, 1965-ci ildə 172 mlrd. dollar, 1970-ci ildə 193,4 mlrd., 1975-ci ildə 816,5 mlrd., 1980-ci ildə 1,9 trln., 1990-ci ildə 3,3 trln., 1995-ci ildə isə 5 trln. dollardan çox olmuşdur.1 Buna bir sıra amillər təsir etmişdir. Bunlardan biri ikinci dünya müharibəsindən sonrakı dövrdə yeni sahələrin yaradılması və köhnə sahələrin texniki cəhətdən yenidən qurulmasıdır. Bu, onunla əlaqədardır ki, elmi-texniki inqilabın təsiri ilə beynəlxalq miqyasda predmet (son məhsul üzrə), detal (hissələrin, detalların və s. istehsalı üzrə), texnoloji (ayrı-ayrı əməliyyatların, texnoloji proseslərin həyata keçirilməsi üzrə) ixtisaslaşdırma və kooperasiyalaşdırma dərinləşmişdir. Bu isə ona gətirib çıxarmışdır ki, adi kommersiya ticarəti ilə yanaşı, beynəlxalq miqyasda istehsal – texniki əlaqələrə xidmət göstərən əmtəə dövriyyəsi də artmışdır. Istehsalın beynəlxalq miqyasda ixtisaslaşdırılması və kooperasiyalaşdırılmasının dərinləşməsi dünya ticarətinin liberallaşdırılmasına, onun məhdudlaşdırılmasının qarşısının alınmasına və gömrük vergisinin əhəmiyyətli dərəcədə azaldılmasına səbəb olmuşdur. Dünya ticarətinin artım sürətinə əvvəllərdə iqtisadi cəhətdən geridə qalmış ölkələrin bu prosesə fəal qoşulmaları da əhəmiyyətli təsir göstərmişdir. Belə ki, müstəqillik qazandıqdan sonra həmin ölkələrin sənayeləşdirmə yolunu seçmələri, onların sənayecə inkişaf etmiş ölkələrdən daha çox maşın və avadanlıq idxal etmələrinə səbəb olmuşdur. Proqnozlara görə dünya ticarətinin yüksək sürəti yaxın gələcəkdə qalmaqda davam edəcəkdir. Dünya ticarətinin quruluşunu öyrənərkən nəzərə almaq lazımdır ki, statistik məcmuələrdə əmtəələr beynəlxalq miqyasda qəbul edilmiş ticarət təsnifatı ilə qruplaşdırılır. Dünyada olan bütün ölkələr, o cümlədən də Azərbaycan Respublikası əmtəələrin kodlaşdırılması sistemindən istifadə edirlər. Dünya ticarətinin quruluşu elmi-texniki inqilabın və beynəlxalq əmək bölgüsünün təsiri ilə dəyişir. Hazırda dünya ticarətində emaledici sənayenin məhsulları daha yüksək xüsusi çəkiyə malikdir. Başqa sözlə, dünya əmtəə dövriyyəsinin 3/4 hissəsi onun payına düşür. Maşın, avadanlıq, nəqliyyat vasitələri, kimyəvi məhsulların xüsusi çəkisi daha sürətlə artır. Ərzaq məhsulları, xammal və yanacağın xüsusi çəkisi təqribən 25%-ə bərabərdir. Elm tutumlu əmtəələrin və yüksək texnologiya ilə istehsal olunan məhsulların ticarəti daha dinamik inkişaf edir. Bu isə öz növbəsində ölkələrarası xidmətlərin, xüsusilə elmi-texniki, istehsal, kommunikasiya və maliyyə-kredit xarakterli xidmətlərin mübadiləsini stimullaşdırılır. Bu da öz növbəsində (xüsusilə də informasiya – hesablama, konsaltinq, lizinq, injinirinq) istehsal təyinatlı əmtəələr üzrə dünya ticarətinə marağı artırır. Dünyada ixrac olunan məhsulların tərkibində ayrı-ayrı ölkə qrupları və ölkələrin xüsusi çəkisini 32.1 cədvəlindəki məlumatlardan aydın görmək olar. Cədvəl 32.1 Dünyada ixrac olunan məhuslların tərkibində ayrı-ayrı ölkə qruplarının xüsusi çəkisi (%-lə)
32.1 cədvəlindəki məlumatlardan aydın olur ki, XX əsrin 90-cı illərinin ortalarında dünyada ixrac olunan məhsulların 2/3 hissəsindən çoxu inkişaf etmiş ölkələrin payına düşmüşdür. Dünya ticarətində – əmtəə dövriyyəsində inkişaf etməkdə olan ölkələrin payının artması meyli özünü göstərir. Belə bir cəhəti də nəzərə almaq lazımdır ki, dünya ticarətində yeni sənaye dövlətlərinin, xüsusilə də Asiya ölkələrinin rolu artmaqdadır. 3. Dünya əmtəə bazarında qiymətlərin əmələ gəlməsi. Ilk dövrlərdə beynəlxalq əmək bölgüsü və dünya kapitalist bazarı əsas etibarilə ölkələrin təbii şəraitlərindəki müxtəlifliyə əsaslanırdı. Sənaye çevrilişindən sonra istehsal amillərinin beynəlmiləl xarakter alması ilə əlaqədar olaraq o, milli təsərrüfat çərçivəsindən çıxmış və bu əsas üzərnidə sabit beynəlxalq əmək bölgüsü və dünya bazarı meydana gəlmişdir. Lakin aydın məsələdir ki, beynəlxalq əmək bölgüsündə və mübadilədə iştirak edən ölkələr əvvəllərdə olduğu kimi eyni şəraitdə olmurlar. Bu, onların coğrafi vəziyyətlərində, təbii sərvətlərin tərkibi və zənginliyində, iqtisadiyyatın miqyası, inkişaf səviyyəsi və daxili bazarın tutumunda və sairələrdəki müxtəlifliklə əlaqədardır. Bunun nəticəsidir ki, ayrı-ayrı ölkələrdə eyni məhsulun istehsalına çəkilən xərclər də müxtəlif olur. Ona görə də hər bir ölkə başqa ölkələrə o, məhsulları satmağa çalışır ki, həmin məhsulların istehsalında üstünlüyə malik olsun. Və dünya bazarında elə məhsulları satın almağa cəhd göstərir ki, həmin məhsullar onun özündə baha başa gəlir. Ölkələr arasında əmtəə mübadiləsi isə dünya qiymətləri ilə həyata keçirilir. Bu, dünya ticarətinin səciyyəvi cəhəti ilə müəyyən edilir. Başqa sözlə, dünya ticarətində "milli qiymətlər–dünya qiymətləri” sistemi mövcuddur. Bunun əsasını beynəlmiləl istehsal xərcləri təşkil edir. Bu, hər hansı bir əmtəə növünün hazırlanmasına sərf olunan istehsal amillərinin (kapital, əmək, təbii və maddi ehtiyatların müxtəlif növləri) dünyada formalaşmış orta qiymətləri əsasında müəyyən edilir. Həm də qeyd etmək lazımdır ki, beynəlmiləl istehsal xərcləri bu və ya digər xammal növünün çox hissəsini dünya bazarına göndərən əsas ölkənin təsiri ilə formalaşır. Bunlarla yanaşı, dünya qiymətlərinə beynəlxalq bazarlarda ayrı-ayrı əmtəə növlərinə olan tələb və təklif də təsir göstərir. Beynəlxalq ticarət üçün çoxqiymətlilik, yəni eyni bir əmtəə növü üzrə müxtəlif qiymətlərin mövcud olması səciyyəvidir. Dünya qiymətləri ilin vaxtından, yerdən, əmtəələrin reallaşdırılması şərtlərindən, bağlanmış müqavilədən asılı olaraq bir-birindən fərqlənir. Təcrübədə dünya qiymətləri beynəlxalq ticarət mərkəzlərində, müəyyən növ əmtəəni idxal və ixrac edən məşhur firmalar arasında bağlanan ən iri və sabit ixrac, yaxud da idxal sövdələşmələrində nəzərdə tutulan qiymətlər hesab olunur. Bir çox xammal növlərinin (taxıl, kauçuk, pambıq və s.) beynəlxalq qiymətləri dünyanın ən iri əmtəə birjalarında əməliyyatların aparılması prosesində müəyyən olunur. Bəzi hallarda hər hansı bir ölkə hətta özündə istehsal olunan və dünya qiymətlərindən baha başa gələn məhsulları ixrac etdikdə zərər çəkə bilər. Lakin buna baxmayaraq bu ölkənin ixrac etdiyi məhsulların satışından əldə olunan vəsaitə başqa ölkələrdə istehsal edilən beynəlxalq bazarda qiymətləri nisbətən ucuz olan əmtəələri satın almaqla, müəyyən məbləğdə fayda götürməsi də mümkündür. Bunu aşağıdakı şərti misalla izah edək. Tutaq ki, hər hansı bir ölkədə iki məhsul - "A" və "B" əmtəələri istehsal olunur və onların daxili bazar qiymətləri müvafiq olaraq 5 və 6, dünya bazar qiymətləri isə 4 və 2 dollara bərabərdir. "A" məhsulu ixrac olunduqda dünya bazar qiymətləri ilə 4 dollar əldə edilir. Bu 4 dollara dünya bazarında 2 ədəd "B" məhsulu (4:2=2) almaq olar ki, bu da milli qiymətlə hesablandıqda dəyəri 10 dollara (5x2=10) bərabər olur. Deməli, ixracın zərərli olmasına baxmayaraq (4–6=-2) həmin ölkə üçün bütövlükdə xarici iqtisadi əlaqələr sərfəlidir, çünki 6 dəyər vahidi (dollar) ixrac etməklə o, bunun müqabilində 10 dəyər vahidi (dollar) əldə etmiş olur. 4. Tədiyə balansı, onun tərtib olunması və tənzimlənməsi. Hər bir ölkənin başqa ölkələrlə iqtisadi əlaqələri özü-nün ümumiləşdirilmiş ifadəsini tədiyə balansında tapır. Bu balans beynəlxalq miqyasda kapitalın, əmtəə və xidmətlərin mübadiləsində ölkənin iştirakının xüsusiyyətlərini aşkara çıxaran informasiya mənbəyidir. Tədiyə balansında ölkənin xarici iqtisadi əlaqələrdə həyata keçirdiyi əməliyyatların sistemləşdirilmiş siyahısı verilir. Ölkənin xarici iqtisadi fəaliyyətinin yekunları əks etdirilir, onun valyuta-maliyyə vəziyyətinə qiymət verilir. Tədiyə balansı ilə yanaşı, hesablaşma balansı da tərtib olunur. Hesablaşma balansında təkcə faktiki tədiyələr deyil, həm də müddətindən asılı olmayaraq həmin ölkənin ödənilmiş öhdəlikləri əks etdirilir. Bütün xarici iqtisadi əməliyyatlar üzrə tədiyələrin uçotu müəyyən dövr ərzində (ay, rüb, il) həyata keçirilir. Onların tədiyə balansında uçotu ikili qeyd prinsipi əsasında aparılır. Məsələn, məhsulların ixracından ölkəyə daxil olan pul vəsaiti balansın kredit maddələrində ("+” işarəsi ilə), ölkədən ixrac olunan əmtəələr isə debet maddələrində ("-" işarəsi ilə) qeyd edilir. Tədiyə balansının kredit və debet maddələrindəki yekun məbləğlər arasındakı fərq qalıq adlanır. Daxilolmalar ödəmələrdən çox olduqda müsbət, əksinə olduqda isə mənfi fərq əmələ gəlir. Ikinci hal balansın kəsirli olduğunu göstərir. Beynəlxalq Valyuta Fondunun metodikasına görə balansın aşağıdakı maddələrdən ibarət olması məqsədə-uyğundur: - cari əməliyyatlar; - əmtəələr; - xidmətlər; - investisiyalardan əldə edilən gəlir; - digər xidmətlər və fondlar; - xüsusi birtərəfli baratlar (köçürmələr); - dövlət tərəfindən birtərəfli baratlar (köçürmələr); - birbaşa investisiyalar və sair uzumüddətli kapital; - birbaşa investisiyalar; - uzun müddətli investisiyalar; - sair uzun müddətli kapital; - sair qısa müddətli kapital; - xətalar və səhvlər; - ödənilən maddələr; - qızılın hərəkəti; - SDR-in bölgüsü və istifadə edilməsi; - Ehtiyatların yenidən qiymətləndirilməsi; - Fövqaladə hallarda maliyyələşdirmə; - Xarici orqanların valyuta ehtiyatlarını əmələ gətirən təəhhüdlər; - Ehtiyatların dəyişməsinin yekunu; - Qızıl; - SDR; - BVF-də ehtiyat mövqe; - Xarici valyuta; - Sair tələblər; - BVF-in kreditləri. Təsnifatdan göründüyü kimi, tədiyə balansı üç böyük bölmədən ibarətdir. Bunlar cari əməliyyatlar hesabı (və ya balansı), kapital əməliyyatları hesabı (və ya balansı) və rəsmi beynəlxalq ehtiyatlar üzrə hesablaşmaları əks etdirən bölmələrdir. Öz növbəsində bu bölmələrə alt bölmələr və maddələr daxildir. Tədiyə balansının birinci bölməsi əmtəə və xidmətlərin, habelə birtərəfli və birdəfəlik tədiyələrin mübadiləsi prosesini özündə əks etdirir. Balans, xarici ticarətə – əmtəələrin ixracı və idxalı – yekun vurulması ilə başlanır. Tədiyə balansınının əmtəələrin idxalı və ixracını əks etdirən hissəsi ölkənin ticarət balansını əmələ gətirir. Ticarət balansı tədiyə balansının daha çox dərc olunan hissəsidir. Bu, onunla əlaqədardır ki, ölkədən ixrac olunan, yaxud ölkəyə idxal edilən əmtəələr haqqında məlumatları toplamaq bir o qədər də çətin və mürəkkəb deyildir. Ticarət balansının qalığını müəyyən etmək üçün ixrac olunan əmtəələrin dəyərindən idxal olunan əmtəələrin dəyərini çıxmaq lazımdır. Ixrac idxaldan çox olduqda balans aktiv, əksinə olduqda isə passiv hesab edilir. Ticarət balansının aktiv və ya passiv olması haqqında məlumatlara əsasən ölkənin xarici tiracətinin vəziyyəti barədə qəti nəticə çıxarmaq düzgün olmazdı. Əgər başqa ölkələrə, əmtəə ixracı bu ölkənin məhsullarına olan tələbin azalması hesabına azalırsa bu, çox pis əlamətdir. Yox, əgər ölkənin tiracət balansının passiv olması idxal olunan investisiya əmtəələrinin artması və bununla da daxili investisiyaların çoxalması nəticəsində əmələ gəlirsə, bu, iqtisadiyyatdakı vəziyyətin mənfi qiymətləndirilməsinə əsas vermir. Başqa sözlə, tədiyə balansının və onun ayrı-ayrı bölmələrinin aktiv və ya passiv olmasını bu vəziyyətə gətirib çıxaran səbəbləri hərtərəfli təhlil etdikdə düzgün nəticə çıxarmaq mümkün olur. Ölkənin tiracət balansının aktiv olması da vəziyyətin nikbin qiymətləndirilməsi üçün əsas ola bilməz. Ola bilər ki, doğrudan da müsbət qalıq ixracın artması və idxalın azalması hesabına olsun. Lakin burada qiymətlərin təsiri də nəzərə alınmalıdır. Birinci bölmədə əmtəələrin tiracəti ilə yanaşı, xidmətlərin tiracəti də öz əksini tapır. Başqa sözlə, obrazlı ifadə ilə desək, balansda görünən maddələrlə yanaşı, görünməyən maddələr də vardır. Həm də dünya əmtəə dövriyyəsində xidmətlərin xüsusi çəkisi artdığına görə o, daha böyük əhəmiyyət kəsb edir. "Xidmətlər" maddəsindəki gəlir və xərclər turizm, teleradio-kommunikasiya işləri, hərbi bazaların, xarici nümayəndəliklərin saxlanması, xüsusi qeyri-kommersiya əməliyyatlarının (məsələn, qohumların bir-birilərinə pul göndərmələri, vərəsəlik və s.) əlaqədardır. Bu bölmədə nəqliyyat, sığorta və digər qeyri-əmtəə tədiyələri ilə bağlı olan ödəmə və daxilolmalar da əks etdirilir. Bunlara humanitar yardımları (verilən və alınan), habelə subsidiyaları misal göstərmək olar. Tədiyə balansının ikinci bölməsi kapitalın hərəkəti balansı adlanır. Burada əsas etibarilə aktivlərin satın alın-ması və satılması, qısa və uzun müddətli kreditlərin verilməsi və alınması əks etdirilir. Məsələn, ixracdan daxilolmalar idxal üzrə xərclərin ödənilməsi üçün kifayət deyildirsə, borclar üzrə hesablaşmaq lazım gəlir. Başqa sözlə, bu zaman kredit maddələrində kapitalın hərəkəti onun daxil olması kimi qeyd edilir. Başqa ölkələrə, xarici müəssisələrə verilən vəsait debet maddələrində əks etdirilir və kapital "axını" kimi qiymətləndirilir. Cari əməliyyatlar balansı ilə kapitalın hərəkəti balansı arasındakı qarşılıqlı əlaqəni aşağıdakı düsturla ifadə etmək olar: Ümumi məhsul = C + I + G + NX Xalis ixrac (NX) əmtəə və xidmətlərin ixracı ilə idxalı arasındakı fərq, cari əməliyyatlar hesabının qalığı kimi müəyyən edilir. Bərabərliyin hər iki tərəfindən istehlakı (C) və dövlət xərclərini (G) çıxdıqda, onun sol tərəfi (ÜMM-C-G) milli yığımı və ya sadəcə olaraq yığımı (S) göstərir. Yığımın düsturunu isə aşağıdakı kimi yazmaq olar: S = I + NX Dəyişmələri davam etdirək və bərabərliyin hər iki tərəfindən investisiyaları (I) çıxaq. Bu zaman aşağıdakı düstur alınır: S – I = NX Daxili yığımla investisiyalar arasındakı fərq tədiyə balansında kapitalın hərəkəti hesabı deməkdir. Investisiyalar ölkənin daxili yığımından çox olduqda investisiya layihələri dünya maliyyə qurumlarının verdikləri kredit hesabına maliyyələşdirilir. Milli yığım investisiyadan çox olduqda isə, ölkə daxilində investisiya qoymaq məqsədilə istifadə oluna bilməyən vəsaitdən başqa ölkələrə borc vermək üçün istifadə edilə bilər. Kapitalın hərəkəti hesabındakı məbləğ tədiyə balansının cari hesabındakı məbləğə bərabər olmalıdır. Əgər əmtəə və xidmətlərin xalis ixracı müqabilində xaricdən alınan vəsaiti ifadə edən göstərici, yəni cari əməliyyatlar üzrə qalıq müsbətdirsə, o, ölkədən kapital axını ilə tənləşir. Cari əməliyyatlar üzrə kəsir olduqda isə bu kəsir xaricdən kapital cəlb edilməsi yolu ilə ödənilir. 5. Xarici ticarət siyasəti və onun həyata keçirilməsi mexanizmi. Beynəlxalq iqtisadi münasibətlərin təkamülü nəticəsində bazar iqtisadiyyatının nəzəriyyəsi və təcrübəsi əsasında xarici tiracət siyasətinin həyata keçirilməsinin bir sıra vasitələri meydana gəlib formalaşmışdır. Bu proses həm milli, həm də dövlətlərarası səviyyədə getmişdir. Qeyd etmək lazımdır ki, bu, hər hansı bir problemin həllində razılığa gələn tərəflərin öhdələrinə götürdükləri normaların, qaydaların və başqa şərtlərin işlənib hazırlanmasını nəzərdə tutur. Hamı tərəfindən qəbul olunan beynəlxalq standartlar və qaydalar da, öz növbəsində milli iqtisadiyyatın tənzimlənməsinə təsir göstərə bilər. Milli iqtisadiyyatda islahat apardıqda həmin norma və qanunlardan istifadə edilməsi məqsədəuyğundur. Bu, ümumdünya təsərrüfatında formalaşmış hüquq və vəzifələrin universal sisteminə uyğunlaşma prosesinin getdiyi müasir dövrdə müstəqillik qazanmış dövlətlər, o cümlədən də Azərbaycan Respublikası üçün xüsusilə vacibdir.
Tiracət siyasətində beynəlxalq qaydalar hər şeydən əvvəl 1948-ci ildən fəaliyyət göstərən tariflər və ticarət haqqında Baş Saziş (QATT) çərçivəsində işlənib hazırlanır. Bu beynəlxalq təşkilat çoxtərəfli müqavilələr əsasında fəaliyyət göstərir. O, iştirakçı dövlətlərin tiracət və tarif siyasətini tənzimləyir, onların arasındakı qarşılıqlı əlaqədə daha əlverişli ticarət qaydalarını təmin etməyə və kəmiyyət məhdudiyyətlərini aradan qaldırmağa çalışır. Bu müqaviləni ilk dəfə 23 ölkə imzalamışdı. Hazırda isə onun 140-dan çox tam hüquqlu üzvü vardır. 70-dən çox ölkə və 40 beynəlxalq təşkilat müşahidəçi statusuna malikdir. Müşahidəçi ölkələrin bu təşkilatın müxtəlif orqanlarının iclaslarında, sessiyalarında, müzakirələrdə iştirak etmək, bəyanat vermək, onun əsas sənədlərini və materiallarını əldə etmək imkanı vardır. Dünya tiracət dövriyyəsinin 90%-dən çoxu QATT-ın üzvü və müşahidəçi statusuna malik olan ölkələrin payına düşür. Təşkilatın üzvü olan ölkələrin nümayəndələri vaxtaşırı raundlara toplaşırlar. Yığıncaqlarda müxtəlif xarakterli əngəlləmələrin – kəmiyyət məhdudiyyətlərinin və gömrük rüsumunun azaldılması yolu ilə dünya tiracətinin daha da yaxşılaşdırılması sahəsində qərarlar işlənib hazırlanır və qəbul edilir. Belə raundlardan biri 1986-cı ildə Uruqvayda start götürmüşdü. Yeddi il (1993-cü ilə qədər) davam edən bu raund dekabrın 15-də başa çatmışdır. Uruqvay raundunun bu qədər uzanmasının əsas səbəbi razılaşdırılması nəzərdə tutulan məsələlərin çoxluğu, istiqamətlərin çoxplanlılığı olmuşdur. Belə ki, gündəliyə yüzlərlə, minlərlə əmtəə növü ilə yanaşı, bank əməliyyatları və xidmətlərinə, geniş çeşiddə kənd təsərrüfatı məhsullarına, video və "səsli" məhsullara, intellektual mülkiyyətə və s. görə məhdudiyyətlərin azaldılması, yaxud da onların tamamilə ləğv olunması kimi məsələlər daxil edilmişdi. Məsələlərin müzakirəsinin gedişində, danışıqlarda çox vaxt kəskin diskussiyalar, hətta mübahisələr yaranması müşahidə olunmuşdur. Daha çox mübahisə doğuran sahə kənd təsərrüfatı olmuşdur. Burada əsas etibarilə ABŞ-la Avropa ölkələrinin mənafeləri toqquşmuşdur. Avropalıların, xüsusilə Fransanın ciddi səyləri nəticəsində kino və teleməhsullar, kassetlər müzakirələrdən çıxarılmışdır. Bu addım Avropa bazarlarındakı həmin məhsulların 80%-ə qədərinin ABŞ-ın istehsalı olması ilə əlaqədar olmuşdur. Ümumiyyətlə, danışıqlardakı çətinliklərə baxmayaraq bütün tərəflər 1995-ci il yanvarın 1-dən öz aralarında ticarət əlaqələrində gömrük rüsumunun 40-50%-ə qədər azaldılması haqqında razılığa gəlmişlər. QATT-ın üzvü olan ölkələrdə ticarət əməliyyatlarının ümumi məbləği 4000 mlrd. dollar həddindədir. Uruqvay raundunun müvəffəqiyyətlə başa çatması həmin ölkələrdə ticarətin daha sürətli inkişafına təkan vermişdir. Bununla belə, mütəxəssislərin fikrincə, son nəticədə inkişaf etməkdə olan ölkələrə nisbətən inkişaf etmiş ölkələr daha çox qazanırlar. Belə ki, sonuncular həmin ölkələrin bazarlarını «zəbt etmək» imkanı əldə edirlər. Uruqvay raundunda qəbul edilmiş qərara uyğun olaraq 1995-ci il yanvarın 1-dən QATT ümumdünya ticarət təşkilatına (ÜTT) çevrilmişdir. Iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı tərəfindən aparılmış hesablamalar göstərir ki, 2002-ci ildə bu təşkilat hesabına dünya gəlirlərinin artımı təqribən 270 milyard dollar (1991-ci ilin qiymətləri ilə) təşkil etmişdir Avropa birliyinin payı 71 mlrd. dollar məbləğində qiymətləndirilir ki, bu da həmin regionun ümumi daxili məhsulun 1,7%-ə bərabərdir. Xarici iqtisadi fəaliyyəti tənzimləmək üçün dövlətin sərəncamında olan çoxsaylı vasitələri aşağıdakı qruplara bölmək olar: 1)Gömrük tarifləri; 2)Qeyri-tarif məhdudiyyətləri; 3)Ixracın stimullaşdırılması formaları. Adlarından göründüyü kimi, onların hamısı himayədarlıq siyasətinə «köklənmişlər». Daxili və xarici şəraitdən asılı olaraq bu siyasəti dövlət tənzimləyir. Bu, xarici iqtisadi sahələrin dövlət tənzimləməsinin başlıca tərkib hissələrindən olan tarif tənzimləmələrinə də aiddir. Xarici əlaqələrin tənzimlənməsinin tarif vasitələrindən biri gömrük vergisi və rüsumudur. Bu o deməkdir ki, öl-kənin sərhədlərini keçərək gətirilən əmtəə və digər material qiymətlilərinə (ixrac-idxal) görə gömrük vergisi və rüsumu ödənilməlidir. Gömrük vergi və rüsumlarının sistemləşdirilmiş siyahısına gömrük tarifi deyilir. Ixrac və idxal tarifləri bir-birindən fərqlənir. Gömrük vergisinin müəyyən edilməsi o deməkdir ki, əmtəənin sahibi dövlətə qiymətin müəyyən hissəsi qədər vergi ödəməlidir. Idxal vergisi istehsalçının xərclərini artırdığına görə əmtəənin satış qiyməti də artır. Deməli, idxal vergisinin artırılması birinci növbədə istehlakçılara ziyan vurur. Xarici tiracət əlaqələri olmadıqda, daxili bazarda hər hansı bir əmtəənin tarazlıq qiyməti (P) ilə miqdarı (Q) bir-birinə uyğun gəlir. Bu əmtəənin dünya qiyməti daxili bazar qiymətindən aşağı və yuxarı ola bilər. Lakin azad ticarət variantında həmin əmtəənin daxili bazar qiyməti dünya qiymətindən yüksək olmamalıdır. Bu zaman qiymətlər nisbətən aşağı olduğu üçün daxili tələbat artır, yerli istehsalçıların təklifi azalır, çatışmayan məhsullar idxal olunan məhsulların hesabına ödənilir. Idxal vergisi tətbiq olunduqda qimytələr artır, yeni qiymətlər dünya qiymətləri üstəgəl idxal vergisi qədər olur. Qiymətlərin yüksəlməsi isə tələbin və idxal olunan məhsulların azalmasına, daxildə məhsul istehsalının artmasına səbəb olur. Beləliklə, idxal vergisi tətbiq olunduqda yerli istehsalçılar öz əmtəələrini daha yüksək qiymətə və daha çox sata bilərlər. Bu zaman təbiidir ki, istehlakçılar idxal məhsullarını ixtisar etmək və daha baha olan yerli məhsulları satın almaq məcburiyyətində qalırlar. Bu vəziyyət isə ehtiyatlardan istifadənin səmərəliliyinin azalmasına gətirib çıxarır. Çünki əmtəələrin daha yüksək qiymətlərlə satılması onları daha çox xərclə istehsal etməyə səbəb olur. Başqa sözlə, resursların az səmərə verən sahələrə getməsi prosesi baş verir. Lakin istehsalçıların mənafelərinin təşkilati cəhətdən qorunub saxlanması istehlakçıların mənafelərinin qorunub saxlanmasına nisbətən daha asan və sərfəlidir. Çünki tariflərdən dövlətin müəyyən məbləğdə gəliri olur. Bundan başqa, gömrük vergisi və rüsumu yüksək müəyyən olunduqda idxal olunan və yerli istehsalçıların istifadə etdikləri xammalların, materialların, avadanlıqların qiymətləri yüksəldiyinə görə, onların istehsal xərcləri və deməli, məhsulların qiymətləri də artır, nəticə isə ondan ibarət olur ki, istehsalın həcmi azalır. Bu zaman vergilərdən daxilolmaların azalmasından dövlətə dəyən "zərər" idxal vergi və rüsumlarından gələn gəlirlərdən çox olur. Bütün bunlar onu göstərir ki, gömrük vergi və rüsumlarından istifadə edilməsi mexanizmi də ölçülüb-biçilmiş parametrlər əsasında fəaliyyət göstərməlidir. Beləliklə, tariflərin himayədarlıq xarakteri daşımasından danışarkən qarşıya qoyulan məqsəd nəzərə alınmalıdır. Bundan isə o vaxt istifadə olunur ki, dövlət gömrük vergi və rüsumlarını artırmaqla, həm də idxal olunan məhsulların daxili (milli) qiymətlərini artırır, onun rəqabət qabiliyyətini azaldır və deməli, daxili (milli) bazarı müdafiə edir. Fiskal rüsumların məqsədi başlıca olaraq dövlət büdcəsini vergilər hesabına daxilolmalarla təmin etməkdir. Bu vəzifəni adətən, həmin ölkədə istehsal edilməyən əmtəələrə qoyulan vergilər yerinə yetirir. Lakin bu vergilər bir o qədər də yüksək olmur. Tutulma formalarına görə vergilərin aşağıdakı növləri var: 1) Advaler vergilər; 2) Xüsusi vergilər; 3) Qarışıq vergilər. Advaler vergilərin mahiyyəti ondan ibarətdir ki, o, əmtəənin qiymətindən faizlə (məsələn, soyuducunun qiymətinin 15%-i qədər) tutulur. Xüsusi vergilər əmtəənin həcmindən, çəkisindən və ya miqdarından müəyyən pul məbləği şəklində (məsələn, metalın hər tonundan 15 dollar) tutulur. Qarışıq vergilər eyni zamanda həm advaler, həm də xüsusi vergilər formasında tutula bilər. Gömrük tarifləri bir qayda olaraq milli səviyyədə müəyyən edilir. Lakin o, müəyyən ticarət–iqtisadi qruplarda birləşmiş ölkələr üçün də ümumi ola bilər. Məsələn, Avropa Ittifaqına daxil olan ölkələr vahid xarici gömrük tarifləri və vahid gömrük sərhədlərinə malikdirlər. Avropa Ittifaqında gömrük rüsumuna onun aşağıdakı növləri daxildir: 1) ən yüksək gömrük rüsumu; 2) ən aşağı gömrük rüsumu; 3) Güzəştli gömrük rüsumu. Ən yüksək gömrük rüsumlarından ticarət sazişləri bağlanmamış ölkələrlə aparılan ticarətdə istifadə olunur. Ən aşağı gömrük rüsumları adətən ticarət müqavilələri olan ölkələrlə aparılan sövdələşmələrdə tətbiq edilir. Güzəştli gömrük rüsumlarından isə bir qayda olaraq əmtəələr inkişaf etməkdə olan ölkələrdən idxal olunduqda istifadə edilir. BMT çərçivəsində güzəştlərin ümumi sistemi fəaliyyət göstərir. Başqa sözlə, inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələrdən gətirilən məhsullar üçün güzəştli gömrük rüsumu qoyurlar. Ikinci dünya müharibəsindən sonrakı dövrdə ölkələr arasında xarici ticarət əlaqələri əsas etibarilə gömrük rüsumlarının qarşılıqlı surətdə azaldılması yolu ilə tənzimlənməyə başlanmışdır. Bu, başlıca olaraq beynəlxalq ticarətin tənzimlənməsində özünü göstərirdi. Məsələn, gömrük rüsumunun səviyyəsi QATT çərçivəsində keçirilən bütün raundların müzakirə obyekti olmuşdur. Bu, keçən dövr ərzində gömrük rüsumlarının səviyyəsinin 75% aşağı salınmasına imkan vermişdir. Hazırda tarif dərəcələrinin orta səviyyəsi inkişaf etmiş ölkələrdə 6%-ə, inkişaf etməkdə olan ölkələrdə isə 30-40%-ə bərabərdir. Lakin ayrı-ayrı əmtəələr üzrə rüsumlar daha geniş həddə tərəddüd edə bilər. Ticarətin liberallaşdırılmasında qeyri-tarif maneələri də az təhlükə törətmir. Qeyri-tarif maneələrinə xarici iqtisadi fəaliyyətin birbaşa və ya dolayı yolla məhdudlaşdırılmasının müxtəlif növ (2000-dən çox müxtəlif maneələr olduğu qeyd edilir) iqtisadi, siyasi, inzibati metodları aiddir. Bunların içərisində ayrı-ayrı əmtəələr və ya əmtəə qrupları üzrə ixrac (idxal) kvotalarının müəyyən edilməsi xüsusi yer tutur. Idxal və ixrac müəyyən edilmiş kvota çərçivəsində səlahiyyətli orqanların verdikləri lisenziyalar əsasında həyata keçirilir. | ||||||||||||||||||||||||||||
Baxış: 754 | |
Bütün rəylər: 0 | |