Tələbin dəyişməsinə qiymət amili ilə yanaşı aşağıdakı qeyri-qiymət amilləri də təsir edir: 1) Əhalinin pul gəlirlərinin dəyişməsi; 2) Əhalinin tərkibində müəyyən dəyişikliklərin baş verməsi; 3) Eyni qiymətlərlə alınıb-satılan əmtəələrin miqdarının necə deyərlər «alıcı gözləmələri» amilinin təsiri ilə dəyişməsi; 4) Bazarda bir-birini əvəz edən və ya bir-birini tamamlayan əmtəə və xidmətlərin olub-olmaması, yaxud da onların qiymətlərinin dəyişməsi; 5) Istehlakçıların subyektiv təsəvvürləri və zövqlərində müxtəlifliyin olması; 6) Dövlətin iqtisadi siyasəti; 7) Reklamların təsiri ilə istehlakçıların zövqünün dəyişməsi.
Əhalinin pul gəlirləri hər hansı bir səbəb nəticəsində artdıqda, hətta əmtəələrin qiymətləri dəyişməz qaldıqda belə, satın alınan əmtəə və xidmətlər artır, əksinə əhalinin gəlirləri azaldıqda, həmin qiymətlərlə satın alınan əmtəə və xidmətlərin miqdarı azalır. Əhalinin qocalması, pensiyaçıların sayının artması onların tərkibində dəyişikliklərin baş verməsinə gətirib çıxarır ki, bunlar da öz növbəsində dərman preparatlarına, tibbi xidmətə olan tələbin artmasına səbəb olur. «Alıcı gözləmələri»nin dəyişməsi səbəbləri olduqca müxtəlifdir. Bunlara həm iqtisadi (məsələn, inflyasiya), həm də qeyri-iqtisadi (məsələn, hava şəraiti, bayramqabağı və mövsümi şərait və s.) amillər daxildir. Satın alınan əmtəələrin qiymətlərindən bilavasitə asılı olmadan, göstərilən amillərin təsiri ilə satınalmaların miqdarı ya arta, ya da azala bilər.
Qeyri-qiymət amillərinə bazarda bir-birini əvəz edən və ya bir-birini tamamlayan əmtəə və xidmətlərin olub-olmaması da daxildir. Belə ki, bazarda qoyun, quş, donuz əti olmadıqda, təbiidir ki, mal ətinə olan tələb artır. Əksinə, bazarda ətin çeşidinin çox olması onlardan hər hansı birinə olan tələbin az olmasına və deməli, onun qiymətinin aşağı düşməsinə səbəb olur. Istehlakçı bazarında bir-birini tamamlayan əmtəələrə, məsələn, çay və ya qəhvə içərkən istifadə olunan şəkər və digər şirniyyat növünü aid etmək olar.
Əmtəələrə olan tələbin dəyişməsinə dövlətin iqtisadi siyasəti də təsir edir. Məsələn, əhalinin aztəminatlı hissəsinə verilən müavinətlərin artırılması onların istehlak etdikləri əmtəə və xidmətlərə olan tələbin artmasına səbəb olur.
Bu və ya digər məhsula olan tələbin artmasına televiziya və kütləvi informasiya vasitələrində gedən reklamlar da təsir edir.
Bütün bunları ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, çox cazibədar anlayış olan tələb, özündə sevinc və kədəri, fayda və faciəni əks etdirir. Çünki tələbin artıb-azalması iqtisadiyyatda struktur dəyişikliklərinə gətirib çıxara, tələbatın ödənilməsi isə istehsalın artımını stimullaşdıra və qiymətlərin bahalaşmasının qarşısını ala bilər. Bütün bunlara əsasən tələbi iqtisadiyyatın «ürəyi» adlandırmaq olar.
Tələblə təlabatı bir-birindən fərqləndirmək lazımdır. Tələbat hər bir fərdin mədəni səviyyəsinə xas olan və onun xarakterinə yüğun gələn formaya düşmüş ehtiyacıdır. Tələbat öz ifadəsini ehtiyacı ödəyə biləcək obyektlərdə tapır. Cəmiyyət inkişaf etdikcə, insanların tələbatları da artır. Bu, onların çoxsaylı obyektlərlə rastlaşmaları ilə əlaqədardır. Başqa sözlə, əmtəə istehsalçıları sanki öz təşəbbüsləri ilə cəmiyyət üzvlərinin onlara lazım olan məhsullarla təmin olunması qayğısına qalır. Bütün istehlakçılar isə onların faydalılıq dərəcəsinə qiymət verilməsində sərbəst surətdə iştirak edirlər. Onlar əllərində olan pula-manata, dollara, avroya və i.a.-özlərinə lazım olan əmtəələri satın almaqla, həmin məhsulların içtimai faydalılığına bir növ «səs» vermiş olurlar. Bununla da hər bir əmtəə üçün istehlak dairəsinə ya yol açılır, ya da bu yol bağlanır. Bu isə istehsalçıların gəlirlərində müxtəlifliyə səbəb olur.
Tələbat sonsuz, onların ödənilməsi mənbələri isə məhdud olduğuna görə (bəzi çox böyuk imkana malik olan şəxslər istisna olmaqla) istehlakçılar özləri üçün elə əmtəələri seçməlidirlər ki, bunlar onların alıcılıq imkanlarına uyğun gəlsin. Bütün bunlar onu göstərir ki, tələb və tələbat müxtə-lif anlayışlardır. Daha doğrusu, tələb alıcılıq qabiliyyətinə uyğun gələn tələbatdır.
Beləliklə, bazarda tələb qanunu fəaliyyət göstərir. Bu qanun tələb və qiymət arasında aşağıdakı funksional asılılığı ifadə edir: əmtəə və xidmətlərin qiymətləri nə qədər yüksək olarsa ona olan tələb də bir o qədər az olur. Başqa sözlə, digər şərtlər sabit qalmaqla, əmtəə və xidmətlərə olan tələb qiymətlərdən asılı olaraq dəyişir və deməli, bunların arasında tərsmütənasiblik vardır. Bu: 1) Qiymətlər aşağı olduqda alıcının daha çox əmtəə almaq istəyinin olması (gəlirlərin səmərəliliyi); 2) Hər hansı bir və ya bir neçə əmtəənin qiymətinin dəyişməsi (bahalaşması və ya ucuzlaşması) digər əmtəələrin də qiymətlərinin dəyişməsi (bahalaşması və ya ucuzlaşması) və bununla əlaqədar olaraq onların satın alınmasının daha sərfəli olması (əvəzedicinin səmərəliliyi) ilə əlaqədardır.
2. Təklifin mahiyyəti və ona təsir edən amillər. Təklif qanunu.
Bazar iqtisadiyyatının təhlilinə tələbin aydınlaşdırılma-sından başlanması tamamilə qanunauyğundur. Çünki tələb hər bir şəxs üçün doğma və ən yaxın anlayışdır. Lakin əmtəələri istehsalçılar yaradır və istehlakçılara onlar təqdim (təklif) edirlər.
Təklif – istehsalçıların müəyyən dövrdə, hər hansı qiymətlərlə satmaq üçün hazırladıqları və satmaq istədikləri əmtəə və xidmətlərin miqdarı və ya onların toplusudur.
Təklifin qiymətlərə təsiri onunla izah edilir ki, bir tərəfdən qiymətlər yüksəldikdə firmalar ehtiyatda saxladıqları maddi resursları və tez bir zamanda istismara verilməsi mümkün olan istehsal güclərini işə salır və bununla da həmin sahədə məhsul istehsalının armasına şərait yaradırlar. Digər tərəfdən, qiymətlər uzun müddət ərzində fasiləsiz və sabit şəkildə yüksəldikdə iqtisadiyyatın başqa sahələrində fəaliyyət göstərən bəzi istehsalçılar da bu sahəyə gəlirlər ki, bu da həmin sahədə məhsul istehsalının və deməli, təklifin artmasına səbəb olur. Lakin qısa müddətli dövrdə bu mümkün olmur. Çünki bu dövrdə onların istehsalı artırmaq üçün ehtiyatları (məsələn, tutaq ki, mövcud avadanlıqlar üç növbədə tam gücü ilə işləyir) və imkanları (əlavə işçi qüvvəsinin muzdla tutulması da daxil olmaqla istehsal güclərinin genişləndirilməsi imkanları) olmaya bilər. Tələb kimi təklif də aşağıdakı qeyri-qiymət amillərinin təsiri ilə dəyişə bilər: 1) Texniki yeniliklərdən istifadə olunması, ehtiyatların, vergi siyasətinin, istehsal amilləri qiymətlərinin dəyişməsi nəticəsində istehsal xərclərinin dəyişməsi; 2) Bazara yeni firmaların gəlməsi. Bu, qiymətdən asılı olmayaraq təklifi artırır; 3) Başqa əmtəələrin qiymətlərinin dəyişməsi. Bu, ehtiyatların və firmaların həmin sahədən çıxıb getmələrinə, bu isə öz növbəsində təklifin azalmasına səbəb olur; 4) Təbii fəlakətlərin, siyasi hərəkatların, iqtisadiyyatı dağıdan, ölkəni xarabazarlıqlara çevirən müharibələrin olması; 5) Tələbin, qiymətin, gəlirlərin və s-in dinamikasına dair satıcıların proqnozları; 6) satıcıların sayının dəyişməsi – bütün bunlar təklifi azaldır.
Tələb kimi təklif də bazar iqtisadiyyatı subyektlərinin fəaliyyət göstərdikləri müstəqil sferadır. Onların davranış qaydalarının düzgün başa düşülməsi bazar qiymətləri ilə təklif arasındakı əlaqəni təhlil etməyə imkan verir. Tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində bazar qiymətləri əmələ gəlir. Bunlar bir-birinə bərabər olduqda əmələ gələn qiymət tarazlıq (tənləşmə, müvazinətlik) qiyməti adlanır. Yalnız tələb və təklifin kəsişmə nöqtəsində əmələ gələn qiymətlər həm alıcını, həm də satıcını təmin edə bilər. Bunlara uyğun olaraq demək olar ki, bazar qiymətlərinin əmələ gəlməsinin aşağıdakı qanunları fəaliyyət göstərir: 1) Qiymətlər tələb və təklifin bir-birinə bərabər olduğu səviyyəyə – kəsişmə nöqtəsinə doğru hərəkət edir; 2) Qeyri -qiymət amillərinin təsiri ilə tələb sabit qalmaqla təklif azalarsa, yaxud da təklif sabit qalmaqla tələb artarsa, onda qiymətlər yüksəlir, əksinə, təklif sabit qalmaqla tələb azalarsa və ya tələb sabit qalmaqla təklif artarsa qiymətlər aşağı düşür.
Azad rəqabət şəraitində, bazar qanunlarının təsiri ilə qiymətlər öz-özünə tarazlaşır. Lakin bu, ya inhisarların yeritdikləri qiymət siyasətinin təsiri ilə, yaxud da qiymətlərin dövlət tərəfindən ixtiyari üsulla tarazlıq nöqtəsindən aşağı və yuxarı müəyyən edilməsi ilə pozula bilər.
Tarazlıq qiymətləri həm alıcını, həm də satıcını razı salır. Satıcı sata bilmədiyi, alıcı isə ala bilmədiyi üçün şika-yətlənmir.
Beləliklə, bazarda tələb qanunu ilə yanaşı, həm də təklif qanunu fəaliyyət göstərir. Bu qanun, təkliflə qiymət arasında aşağıdakı funksional asılılığın olduğunu göstərir: qiymətlər nə qədər yüksək olarsa, təklif də bir o qədər yüksək olur. Deməli, qiymətlə təklif arasında düzmütənasiblik vardır. Təklif qanununa görə digər şərtlər sabit qalmaqla təkli-fin dəyişməsi qiymətlərin dəyişməsindən bilavasitə asılıdır. Başqa sözlə, istehsalçılar bazara qiymətlər artdıqda çox, aşağı düşdükdə isə az əmtəə və xidmətlər çıxarırlar.
Tələb və təklif qanunlarının, habelə tarazlıq qiymətlərinin əmələ gəlməsi prinsiplərinin nəzərdən keçirilməsi aşağıdakı nəticələri çıxarmağa imkan verir:
1) Bazar münasibətləri şəraitində həm satıcıların, həm də alıcıların mənafelərinin əlaqələndirilməsini təmin edən mexanizm fəaliyyət göstərir.
2) Bazarda formalaşmış və mövcud olan tarazlığı pozan hər hansı bir hadisə, məsələn, istehlakçıların zövqünün və buna uyğun olaraq tələbin dəyişməsi baş verirsə, onda:
- Istehsalçı firmalar bazar şəraitinin dəyişməsinə dərhal münasibət bildirirlər və deməli, tələbin artması həmin məhsulun qiymətinin yüksəlməsinə gətirib çıxarır. Çünki tələb istehsalçılara öz səylərini hansı istiqamətə yönəltməyi «məsləhət görür»;
- Istehsalçıların və alıcıların yeni şəraitə uyğunlaşmaları prosesi başlayır, bunun nəticəsində yeni bazar qiyməti və istehsalın yeni həcmi formalaşır.
3) Bütün bunlar inandırıcı surətdə göstərir ki, bazar münasibətlərinə əsaslanan iqtisadi sistem inzibati-amirlik metodlarına əsaslanan iqtisadi sistemə nisbətən daha səmərəlidir və müəyyən üstünlüklərə malikdir.
3. Tələbin elastikliyi və ona təsir edən amillər.
Firmalar istehsal etdikləri məhsulların miqdarını və onların quruluşunu planlaşdırarkən hökmən həmin məhsullara olan tələbin hansı amillərdən asılı olduğunu nəzərə almalıdırlar.
Əvəzedici məhsullar istehsal edən və onları nisbətən aşağı qiymətlərlə satan firmaların fəallığının artması, habelə məhsulların qiymətlərinin yüksəlməsi nəticəsində digər şərtlər sabit qalmaqla, əmtəə və xidmətlərə olan tələbin azalması, firmaların buraxdıqları məhsullara olan tələbin ümumiyyətlə azalmasına gətirib çıxara bilər.
Lakin təkcə tələbin istiqamətinin yox, həm də kəmiyyətinin öyrənilməsi olduqca böyük əhəmiyyətə malikdir. Bir kəmiyyətin başqa bir kəmiyyətin dəyişməsinə təsiretmə reaksiyasının ölçüsünə, yaxud da başqa bir kəmiyyətin dəyişməsinə təsir edən kəmiyyətin təsir reaksiyasına elastiklik deyilir. Fikrimizi bir qədər də sadələşdirsək, deyə bilərik ki, elastiklik dedikdə hər hansı bir iqtisadi kəmiyyətin 1% dəyişməsinin başqa bir iqtisadi kəmiyyətin neçə faiz dəyişməsinə səbəb olacağı nəzərdə tutulur. Buna tələbin qiymətə görə elastikliyi, yaxud da tələbin qiymət elastikliyi deyilir.
Qiyməti P, tələbin kəmiyyətini Q ilə işarə etsək, tələbin qiymətə görə elastikliyinin düsturunu aşağıdakı kimi yazmaq olar: Burada: Q-tələbin kəmiyyətinin dəyişməsini, (%-lə); P-qiymətlərin dəyişməsini, (%-lə); P-indekslər sistemində elastikliyin qiymətlərə görə nəzərdən keçirildiyini göstərir; Ep-tələbin qiymətə görə elastik-liyidir.
Qeyd etmək lazımdır ki, bütün əmtəələr üçün təbii qiymətə görə elastiklik əmsalı mənfi kəmiyyətdir. Bunu belə bir faktdan aydın görmək olar ki, adətən əmtəələrin qiymətləri aşağı düşdükdə onlara olan tələb artır və əksinə, qiymətlər bahalandıqda tələb azalır.. Məsələn, əgər «OMO» yuyucu tozunun qiymətinin 5% aşağı salınması, ona olan tələbin 10% artmasına səbəb olmuşdursa, elastiklik göstəricisi (əmsalı) mənfi 2-yə bərabər olur. Yəni:
Tələbin qiymətə görə elastikliyi göstəricisinin mütləq kəmiyyəti 1-dən böyük olduqda, bu, nisbi elastiklik tələbi və ya tələbin nisbi elastikliyi adlanır. Başqa sözlə, bu o deməkdir ki, qiymətlərin dəyişməsi tələbin kəmiyyətində böyük dəyşikliklərə gətirib çıxarır.
Elastiklik əmsalı 1-ə bərabər olduqda buna fərdi elastiklik deyilir və söhbət yeganə elastiklikdən gedir. Bu zaman da qiymətlərin dəyişməsi tələbin kəmiyyətinin dəyişməsinə gətirib çıxarır. Burada çox mühüm olan iki halı nəzərə almaq lazımdır. Birinci halda, alıcıların əmtəələri satın aldıqları yalnız bir qiymət mövcud ola bilər. Bu zaman qiymətin istənilən qədər qaldırılması və ya aşağı salınması alıcını həmin əmtəələri satın almaqdan imtina etməyə, yaxud da tələbin qeyri-məhdud artmasına gətirib çıxarır. Bu zaman tələb mütləq mənada elastikdir və həm də elastiklik göstəricisi sonsuzdur. Məsələn, şəhər bazarlarında ayrı-ayrı şəxslər tərəfindən satılan pomidor mütləq elastikliyə malikdir. Lakin pomidora olan bazar tələbi qeyri-elastikdir. Ikinci hal mütləq mənada elastik olmayan tələbə aiddir, yəni qiymətlərin dəyişməsi öz əksini tələbin kəmiyyətində tapır. Buna xəstənin yan keçə bilmədiyi ayrı-ayrı dərman növlərinə olan tələbi misal göstərmək olar.
Bəs, tələbin qiymətlərə görə elastikliyi necə ölçülür? Bunun üçün tələbin kəmiyyətinin dəyişməsinin (faizlə) qiymətlərin dəyişməsinə (faizlə) olan nisbətini müəyyən etmək lazımdır.
Buradan aydın olur ki, elastiklik əmsalı təkcə əmtəələrin qiymətlərinin, onların həcminin və aralarındakı nisbətin dəyişməsindən (tutaq ki, artmasından) deyil, həm də faktiki qiymətlərindən asılıdır.
Tələbin elastikliyinə müxtəlif amillər təsir edir ki, bunlardan biri də bazarda əvəzedicilərin olmasıdır. Bazarda eyni tələbatı ödəyən müxtəlif məhsullardan nə qədər çox olarsa, alıcının qiyməti elastiklik qiymətindən yüksək olan məhsulların hər hansı birindən imtina etmək imkanı da bir o qədər yüksək olur.
Tələbin qiymətə görə elastikliyinə təsir edən başlıca amillərdən biri də vaxt amilidir. Qeyd etmək lazımdır ki, uzunmüddətli dövrə nisbətən qısa müddətli dövr elastikliyə az meyllidir. .
Tələbin elastikliyindəki fərq, həmçinin istehlakçı üçün hər hansı bir əmtəənin əhəmiyyətlilik dərəcəsi ilə izah olunur. Belə ki, ən zəruri tələbat malları üçün tələb elastik deyildir, istehlakçının həyatında başlıca rol oynamayan məhsullara olan tələb isə adətən elastikdir.İqtisad elmində qarşılıqlı elastiklik anlayışı da vardır. Bu göstəricidən hər hansı bir əmtəənin qiymətinin dəyişməsinin başqa bir əmtəəyə olan tələbin dəyişməsinə təsirini müəyyən etmək üçün istifadə olunur.
Qarşılıqlı elastiklik əmsalının əhəmiyyəti nəzərdən keçi-rilən hansı məhsulların bir-birini qarşılıqlı surətdə tamamlaması və ya əvəz etməsindən asılıdır.
Əmtəələr bir-birini əvəz edəndirlərsə, qarşılıqlı elastiklik əmsalı müsbət işarəli olur. Məsələn, kərə yağın qiymətinin bahalanması marqarinə olan tələbin artmasına, təndir çörəyinin qiymətinin aşağı düşməsi, çörəyin digər növlərinə olan tələbin azalmasına gətirib çıxarır.
Elastikliyi qiymətləndirmək üçün təkcə qiymət deyil, başqa iqtisadi dəyişənlər də seçilə bilər. Belə iqtisadi dəyişənlərdən biri gəlirlərdir. Gəlirlərə görə elastiklik əmtəəyə olan tələbin dəyişməsinin istehlakçıların gəlirlərinin dəyişməsinə olan nisbəti kimi hesablanır.
Bu göstəricidən istifadə etməklə, hər hansı bir əmtəənin normal (gəlirlərin artması tələbin artmasına səbəb olduqda) və ya aşağı (gəlirlərin azalması tələbin azalmasına səbəb olduqda) əmtəələr kateqori-yasına aid olduğunu müəyyənləşdirmək olur.
4. Təklifin elastikliyi və ona təsir edən amillər. Bazar tarazlığı.
Təklifin qiymətə görə elastikliyi də tələbin qiymətə görə elastikliyi kimi hesablanır. Fərq yalnız ondandır ki, tələbin kəmiyyəti əvəzinə təklifin kəmiyyəti götürülür.
Təklif istehsal prosesinin dəyişməsi ilə əlaqədar olduğuna görə o, tələbə nisbətən qiymətlərin dəyişməsinə ləng uyğunlaşır. Ona görə də elastiklik göstəricisi müəyyən olunanda vaxt amili əsas götürülür. Tək-lifin elastikliyi qiymətləndirildikdə adətən üç müvəqqəti dövrqısa müddətli, orta müddətli, uzun müddətli – nəzərdən keçirilir.
Qısa müddətli dövr dedikdə məhsul buraxılışının həcmində hər hansı bir dəyişikliyin aparılmasının mümkün olmadığı dövr nəzərdə tutulur. Məsələn, alma yetişdirən və onu bazara satmağa gətirən bağ-ban, bazarda hansı qiymətin formalaşmasından asılı olmayaraq, təklif etdiyi məhsulun miqdarını dəyişdiyinə görə, təklif elastik deyildir. Orta müddət mövcud istehsal gücləri əsasında istehsalın miqyasının genişləndirilməsi və ya ixtisar edilməsinin mümkün olduğu, lakin yeni istehsal güclərinin işə salınmasının mümkün olmadığı dövrdür. Bu dövrdə təklifin elastikliyi nisbətən artır.
Uzunmüddətli dövrdə firmalar özlərinin istehsal güclərinin genişləndirilməsi və ya ixtisar edilməsi üçün kifayət qədər imkana malik olurlar, habelə uzunmüddətli dövrdə tələb artdıqda bu sahəyə yeni fir-malar gəlir, tələb azaldıqda isə bəzi firmalar bu sahədən çıxıb gedirlər. Bu dövrdə təklifin elastikliyi əvvəlki iki dövrə nisbətən daha yüksək olur.
Beləliklə, tələb və təklifin elastikliyi nəzəriyyəsinin çox böyük nəzəri və praktik əhəmiyyəti vardır. Bunu konkret misalla nümayiş etdirmək olar. Məlum olduğu kimi firmalarda (müəssisələrdə) istehsal xərclərinin artması onları, buraxdıqları məhsulların qiymətlərini qaldırmağa məcbur edir.
Firmalar, onların istehsal etdikləri məhsullara olan tələbin elastikliyi ilə bazar tələbinin elastikliyinin bir-birinə uyğun gəlməsində maraqlıdırlar. Firma bazarda mütləq mənada inhisara malik olmadıqda birinci ikincidən yüksək olur. Lakin firmanın məhsullarına olan tələbin qiymətə görə elastikliyini hesablamaq olduqca mürəkkəbdir. Çünki firma öz məhsullarının qiymətini qaldırdıqda və ya aşağı saldıqda rəqiblərin buna münasibətini də nəzərə almalıdır. Bu zaman riyazi modellərdən, yaxud da firmaların rəhbərlərinin təcrübəsindən istifadə olunması məqsədəuyğundur.
Firmalar qiymət haqqında qərar qəbul edərkən təkcə bazar tələbinin elastikliyi haqqındakı məlumatlara istinad etdikdə, qiymətlərin qaldırılmasının təsiri ilə məhsulların satışından "əmələ gələn” itki gözlə-nildiyindən daha çox olur.
Tələbin elastikliyi firmaların qiymət siyasətinə təsir göstərən başlıca amillərdəndir. Bunu aşağıdakı misalla izah edək: tutaq ki, hər hansı bir firma 100 mənzilli bina tikdirmişdir və mənzillərin hansı qiymətlə satılması haqqında qərar qəbul etməlidir. Bu zaman belə bir cəhət nəzərə alınmalıdır ki, cari təmir xərclərindən başqa, tikintiyə və istismara sərf olunan xərclər əslində neçə mənzilin istifadəyə verilməsindən asılı deyildir.
Firma mənzilə olan tələbi və elastikliyi bildikdə daha çox gəlir əldə etmək üçün bu mənzilləri hansı qiymətlə istifadəyə verəcəyini asanlıqla müəyyən edir. Hətta mənzillərin bir hissəsi istifadəçilərə verilmədikdə belə, maksimum gəlir əldə olunması təmin edilir. Fikrimizi davam etdirək, deyək ki, aylıq icarə haqqı 200 manat olmaqla tələbin qiymətə görə elastikliyi vahidə bərabərdir və icarədən daxil olan məbləğ daha çoxdur. Lakin bu qiymətlə istifadəçilərə 100 deyil, yalnız 80 mənzil verilə bilər. Firma icarə haqqını 200 manatdan aşağı müəyyən etdikdə qalan 20 mənzilə də istifadəçilər tərəfindən maraq arta, lakin əldə olunan ümumi məbləğ azala bilər. Elastiklik nəzəriyyəsindən təcrübədə istifadə olunmasının ikinci tipik nümunəsi kimi dövlətin vergi siyasətini göstərmək olar. Dövlət dolayı vergilərdən istifadə etməklə iqtisadiyyatda ehtiyatları yenidən bölmək, büdcəyə daxilolmaları artır-maq, aztəminatlı ailələrin vəziyyətini yaxşılaşdırmaq, istehsal və sosial infrastrukturu inkişaf etdirmək və s. vəzifələri qarşısına qoyur. Lakin əmtəə və xidmətlərin ayrı-ayrı növləri üçün müəyyən olunan vergilər tələb və təklifin elastikliyindən asılı olaraq istehsalçı və istehlakçılarda müxtəlif reaksiyalara səbəb olur. Belə ki, vergi istehsal nəzərə alınmaqla müəyyən olunduqda, istehsalçı qiymətləri qaldıra bilər. Lakin nə qədər? Vergi qədərmi? Əlbəttə, yox! Buna istənilən ixtiyari cavabı vermək olmaz. Ona görə ki, istehsalçı bazar iqtisadiyyatı şəraitində qiymətləri vergi qədər qaldıra, yaxud da tarazlıq qiymətindən yüksək qiymət müəyyən edə bilməz. Çünki belə olduqda, istər-istəməz rəqabət mübarizəsi onu bazardan çıxıb get-məyə məcbur edəcəkdir. Bu zaman yeganə çıxış yolu qiymətlərin tarazlıq qiymətləri səviyyəsinədək qaldırıl-masıdır.
Tələb elastik olduqda istehsalçı daha çox itirir, vergi yükü onun üzərinə düşür. Tələb elastik olmadıqda isə vergi yükü istehlakçının üzərinə düşür və verginin mütləq kəmiyyəti yüksək olur. Tələbin elastik olma-dığı əmtəələrə, siqaret, alkaqollu içkilər və s. dövlət tərəfindən aksiz və digər dolayı vergilərin qoyulması da bununla əlaqədardır.
Təklif elastik olduqda vergi yükü əsas etibarilə istehlakçının üzərinə düşür. Qiymətlərin artımı və istehsalın həcminin azalması daha çox müşahidə olunur. Təklif elastik olmadıqda isə deyilənlərin əksi müşahidə edilir.
Mövzu 7. Bazar infrastrukturu.( 2 saat) Plan
1. Infrastruktur anlayışı, onun növləri və bazarın normal fəaliyyət göstərməsində rolu.
2. Birjanın mahiyyəti və növləri.
3. Birja sövdələşmələri və onların növləri.
4. Lizinq şirkətləri və bazar iqtisadiyyatı şəraitində onların rolu.
5. Yarmarka və auksionlar.
6. Bazar infrastrukturunun qeyri- hökumət təsisatları.
1. Infrastruktur anlayışı, onun növləri və bazarın normal fəaliyyət göstərməsində rolu.
Iqtisadiyyat iki böyük sahəyə ayrılır: 1) Istehsal sahələri, 2) Qeyri-istehsal (sosial) sahələri.
Istehsal sahələrinə sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı, tikinti, yük nəqliyyatı, ticarət, iaşə şəbəkəsi və s., qeyri-istehsal sahələrinə isə mənzil-kommunal təsərrüfatı, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, incəsənət və s. aiddir. Göründüyü kimi, istehsal sahələrinin hamısı eyni vəzifələri yerinə yetirmir, bunlardan bəziləri nemətlərin istehsalı ilə bilavasitə məşğul olduqları halda, digərləri həmin sahələrin fəaliyyət göstərməsi üçün şərait yaradır, onlara xidmət edirlər. Qeyri-istehsal sahələri də yerinə yetirdikləri funksiyalara görə xidmət sahələrinə aid edilir. Odur ki, bütün bunları nəzərə almaqla istehsal və sosial infrastrukturları1 bir-birindən fərqləndirmək, bunun üçün isə ilk əvvəl, bu anlayışın mahiyyətini aydınlaşdırmaq lazımdır. Infrastruktur dedikdə, fəaliyyətdə olan struktur-lara xidmət göstərən müəssisə və sahələrin toplusu nəzərdə tutulur.
Istehsal infrastrukturu – istehsal sahələrinə bilavasitə xidmət edən müəssisə və sahələrin toplusudur. Bunlara yük nəqliyyatı, istehsalata xidmət edən rabitə, energetika sistemi və s. daxildir. Ticarət infrastrukturu da vardır. Bu, özundə anbar və soyuducu təsərrüfatlarını, xalq istehlakı mallarının reallaşdırılmasını həyata keçirən və ya onları hazırlayan mağazaları, iaşə müəssisələrini birləşdirir.
Bazar infrastrukturu yaradılarkən, hər şeydən əvvəl, bu təsisatların formalaşması üçün hüquqi baza hazırlanır, onların fəaliyyətinə qanunvericiliklə nəzarət edilir. Və bazar münasibətlərinin inkişaf etdiyi ölkələrin təcrübəsi sübut edir ki, dövlət, bazarın tənzimlənməsinə təsir göstərə bilər və göstərir.
Bazar infrastrukturunun başlıca tərkib ünsürlərindən biri banklardır.2 Onun formalaşmasında həm dövlətə məxsus olan, həm də xüsusi kommersiya bankları çox mühüm rol oynayırlar.
Kommersiya bankları alqı-satqı sahəsində əsil müstəqilliyə malikdirlər və sahibkarlıq fəaliyyətinə məqsədyönlü xidmət göstərirlər. Bu banklar üçün sahibkarlığın bütün cəhətləri – təşəbbüskarlıq, təsərrüfat vərdişləri, ağıllı risk, maddi maraq və s. xasdır. Məsələn, hər hansı bir məhsuldar ideyanın sahibi bu və ya digər kommersiya bankına müraciət etdikdə, bank tez bir zamanda həmin ideyanın ekspertizasını keçirir, müsbət nəticə əldə edildikdə, onu maliyyələşdirməyi qərara alır. Bununla birlikdə, bank həmin ideyanın həyata keçirilməsinə razılıq verən firmanın axtarılması və tapılmasına da köməklik göstərir.
Kommersiya bankları müxtəlif bazar subyektlərinə (firmalara, əhaliyə və s.) bu və ya digər işləri yerinə yetirmək üçün müddətli kredit verirlər. Belə banklar, bəzi ölkələrdə qiymətli kağızların alverini təşkil edir, dividendlərin və faizlərin verilməsi ilə də məşğul olurlar.
Inkişaf etmiş bazar iqtisadiyyatının fərqləndirici cəhətlərindən biri də müstəqil məsləhətçi, audit və treninq təsisatlarının (müəssisələrinin) timsalında iqtisadiyyat və idarəetmə sahəsində xidmət göstərən peşəkarlardan ibarət bölmənin mövcud olmasıdır. Təkcə bunu demək kifayətdir ki, ABŞ-da bu sahədə 700 min nəfərə qədər peşəkar – mütəxəssis məşğul olur.
Peşəkarların xidmətləri birdəfəlik məsləhət verməklə qurtarmır, əsas etibarilə özündə aşağıdakı mərhələləri birləşdirən konsaltinq layihələri formasında həyata keçirilir: 1) Düzgün məsləhət vermək üçün araşdırılan məsələnin hərtərəfli öyrənilməsi; 2) Qərarların işlənib hazırlanması; 3) Qərarların həyata keçirilməsi; 4) Nəticələrin qiymətləndirilməsi.
Ayrı-ayrı ölkələrdə məsləhətçi kimi fəaliyyət göstərən subyektlər xüsusi firmalar və çox az hallarda fərdi məsləhətçilərdən ibarət olurlar.
2. Birjanın mahiyyəti və onun növləri.
Bazar iqtisadiyyatı şəraitində sövdələşmələrdə bir qayda olaraq birjalar vasitəçilik edirlər. Birja bazarın xüsusi formasıdır və aşağıdakı əsas növləri vardır: 1) Əmtəə birjaları; 2) Fond (qiymətli kağızlar) birjaları; 3) Valyuta birjaları; 4) Əmək birjaları.
Əmək və valyuta birjalarının ilk rüşeymləri XV-XVI əsrlərdə manufakturanın yarandığı və bu əsas üzərində xarici ticarətin genişlən-diyi dövrdə Italiyada (Venesiya, Genuya, Florensiya şəhərləri) meydana gəlmişdir.
Əmtəə birjaları topdansatış ticarətin başlıca forması-dır. Başqa sözlə, əmtəə birjaları elə bir xüsusi növ bazardır ki, burada yekcins əmtəələr (pambıq, kömür, taxıl, ağac ma-terialı, metal və i. a.) kütləvi surətdə nümunələr və standartlar üzrə alınıb – satılır, həmin əmtəələrə tələb və təklif bütöv bir ölkələr qrupu, habelə dünya bazarı miqyasında cəmlənmiş olur. Birja sövdələşmələrində əmtəələr əldənələ keçmir. Burada satıcı müəyyən olunmuş müddətdə alıcıya müəyyən miqdarda əmtəə verməyi öhdəsinə götürür. Əmtəə birjalarında alqı-satqı zamanı alıcı ilə satıcı arasındakı hesablaşmalar ya həmin vaxtda, yaxud da müəyyən müd-dətdən sonra aparıla bilər.
Əmtəə birjaları bəzi hallarda müstəqil, bəzi hallarda qiymətli kağızlar birjası ilə birlikdə, bəzi hallarda isə hətta ayrı-ayrı əmtəə qrupları üzrə fəaliyyət göstərir. Məsələn, Nyu-Yorkda dünyada ən qədim pambıq (1868-ci il) birjası, qəhvə və şəkər (1882-ci il), kakao (1925-ci il) birjaları vardır. 1933-cü ildə bir neçə birjanın (kauçuk, göndəri, ipək, əlvan metallar və s.) birləşməsi nəticəsində birləşmiş birja əmələ gəlmişdir. Bir sıra ərzaq məhsulları (məsələn, yağ, yumurta, buğda, çovdar, arpa, kartof və s.) ticarəti ilə məşğul olan birjalar, ticarət palataları da vardır.
Fond birjaları bazar iqtisadiyyatının barometri rolunu oynamaqla müəyyən dərəcədə mütəşəkkil bazardır. Bu birjanın üzvləri həm ayrı-ayrı qiymətli kağız sahibləri, həm də kredit-maliyyə təşkilatları ola bilərlər. Birja əməliyyatlarının aparılması qaydasının müəyyən olunmasına dövlət tərəfindən nəzarət edilir. Hazırda dünyada 250-yə yaxın fond birjası fəaliyyət göstərir ki, bunların içərisində, aparı-lan əməliyyatların miqyasına görə ən iriləri və məşhurları Nyu-York, London, Tokio, Frankfurt birjalarıdır. Böyük ölkələrdə bir neçə birja fəaliyyət göstərir. Məsələn, ABŞ-da belə birjaların sayı 11-ə, Yaponiyada 9-a, Kanadada 6-a, Fransada 7-ə, Almaniyada 8-ə bərabərdir. ABŞ-da fond bir-jaları xüsusi rol oynayır. Belə ki, ABŞ-ın fond birjalarında olan qiymətli kağızların ümumi dəyəri, üst-üstə inkişaf etmiş bütün ölkələrdə olan qiymətli kağızlardan çoxdur. Fond birjalarında da qiymətlər tələb və təklif əsasında əmələ gəlir.
Bazar iqtisadi sistemi açıq iqtisadiyyata və azad sahbikarlığa əsaslandığına görə bütün fond birjaları bir-birilə qarşılıqlı əlaqə və təsir halında fəaliyyət göstərirlər. Bu birjaların daha «nüfuzlusu»nda, məsələn, Nyu-York birjasında qiymətli kağızların məzənnəsinin dəyişməsi başqa fond birjalarında da əks səda doğurur. Odur ki, bütün birjalarda qiymətli kağızların məzənnəsinin dinamikasını müəyyən etmək üçün səhmlərin indeksi hesablanır. Bunların başlıcası Nyu-York fond birjasında məzənnəni göstərərn Dou-Cons indeksidir ki, bunun timsalında digər birjaların da indeksləri müəyyən edilir. Bu indeks ilk dəfə 1897-ci ildə «Uoll Strit Cornel» şirkətinin sahibi X. Dou tərəfindən 12 müxtəlif şirkətə məxsus olan səhmlərin məzənnələrini cəmləyib, 12-yə bölmək yolu ilə hesablanmışdır. 1928-ci ildən sonra isə onun hesablanması qaydasında bir neçə dəfə dəyişiklik edilmişdir. Hazırda bu indeks Nyu-Yorkun fond birjasında ticarət gününün axırına ABŞ-ın 65 şirkətinin, o cümlədən 30 sənaye, 15 ümumi istifadədə olan və 20 dəmiryol şirkətinin səhmlərinə əsasən hesabi orta kəmiyyət kimi müəyyən edilir.
Fond birjalarının əsas vəzifəsi hər iki tərəfi təmin edən qiymətlərlə əmanətlərin imkan daxilində tez bir zamanda məqsədli istifadə olunmasını təmin etməkdən ibarət-dir. Bu vəzifəni çoxsaylı agentlər, brokerlər, maklerlər, dilerlər yerinə yetirirlər. Fond birjalarında vəziy-yətin nə yerdə olduğunu, nə vaxt, hansı şərtlərlə və hansı qiymətli kağızların buraxıldığını onlar daha yaxşı bilirlər. Broker səhmlərin, istiqrazların, daşınmaz əmlakın alınıb-satılması ilə əlaqədar sövdələşmələrin həyata keçirilməsində vasitəçilik edən şəxsdir. O, satış əməliyyatlarının yerinə yetirilməsinə kömək edir, yaxud da müştərinin hesabına satışdan əvvəl və ya sonra gələn əməliyyatların həyata keçirilməsini yüngülləşdirir və bunun müqabilində komisyon haqqı alır. Brokerin aldığı muzda – haqqa, ingiliscə brokeric, fransızca kurtaj deyilir. Bu haqq ya sövdələşmədə alqı-satqı əməliyyatının məbləğində faiz şəklində, yaxud da sövdəsi vurulmuş obyektin həcmi nəzərə alınmaqla müəyyən edilir. Diler isə qiymətli kağızları öz vəsaiti ilə öz adına satın alır və sonra onları başqalarına satır. Satışdan əldə edilən əlavə gəlir onun mənfəətini əmələ gətirir.
Fond və əmtəə birjalarının nəzdində qiymətqoyma (katirovka) komissiyası yaradılır və fəaliyyət göstərir. Onun əsas vəzifəsi birja ticarətində əmtəələrin qiymətlərini, yaxud da qiymətli kağızların məzənnəsini qeydə almaq və nəşr (elan) etdirməkdir. Bu qiymətlər xüsusi bülletenlərdə və dövri mətbuatda dərc olunur.
Birja qiymətlərinin iki növü vardır: 1) Malın dərhal tədarük edilməsini tələb etmədən, birjada bir gündə bağlan-mış «müddətli» sazişlə qiymətqoyma; 2) Real əmtəələrin tədarük olunmasını tələb edən, qiy-mətqoyma günü müqavilə qiymətləri əsasında «real əmtəələr» üçün bağlanan sazişlə qiymətqoyma.
Valyuta birjası hər hansı bir ölkənin milli valyutasını dönərli valyutaya və ya əksinə, dəyişdirmək üçün yaradılır. Fond birjaları meydana gəldikləri və fəaliyyət göstərdikləri ilk dövrlərdə onun tərkibində xarici valyutanın alınıb-satıldığı valyuta birjaları da təşkil olunurdu. Sonralar bu əməliyyatları iri banklar aparmağa başladılar. Hazırda xarici valyutaların alqı-satqısı əməliyyatlarını fond birjaları və banklar yerinə yetirirlər.
Valyuta birjalarının xüsusi orqanları – adətən qiymətqoyma komissiyası – xarici valyuta məzənnələrini müəyyənləşdirir və onları xüsusi bülletenlərdə dərc etdirir. Banklar, sənaye və ticarət inhisarları, xarici valyutası olan ayrı-ayrı sahibkarlar bundan müxtəlif maliyyə əmə-liyyatlarında geniş istifadə edirlər. Xarici valyuta ilə qiymətqoymanın aşağıdakı iki növü vardır: 1) Birbaşa qiymətqoyma; 2) Vasitəli qiymətqoyma. Birbaşa qiymətqoyma daha geniş yayılmışdır və bu zaman xarici valyuta vahidi milli valyuta ilə ifadə olunur. Vasitəli qiymətqoyma zamanı isə milli valyuta vahidi xarici valyuta ilə ifadə edilir.
Əmək birjaları iş qüvvəsinin alınıb-satılması üçün sövdələşmələrdə işçilərlə sahibkarlar arasında vasitəçilik edən müəssisədir. Əmək birjası ilk dəfə XIX əsrin birinci yarısında meydana gəlmişdir. O, dövlət müəssisəsidir və bir qayda olaraq Əmək Nazirliyinə tabe olur. Dövlət, onun vasitəsilə əmək bazarına təsir göstərir. Əmək birjasının əsas vəzifələri bunlardır: 1) Işsizləri işə düzəltmək; 2) Arzu edənlərə iş yerinin dəyişdirilməsində kömək göstərmək; 3) Iş qüvvəsi bazarında vəziyyəti öyrənmək və onun haqqında informasiya vermək; 4) Gənclərə peşə yönümündə kömək etmək; 5) Bir sıra ölkələrdə (Böyük Britaniya, Italiya, Fransa və i. a.) işsizləri uçota almaq və onlara yardım etmək, müavinət vermək.
Dövlət strukturlarında olan əmək birjaları ilə yanaşı, müəyyən işçi qruplarına (kənd təsərrüfatı işçiləri, idarə işçiləri, müəllimlər və i. a.) xidmət edən xüsusi vasitəçilər, habelə həmkarlar, dini və gənclər təşkilatları nəzdində işədüzəltmə büroları da fəaliyyət göstərir.
3. Birja sövdələşmələri və onların növləri.
Birja sövdələşmələri qiymətli kağızlarla, əmtəələrlə və ya xarici valyuta ilə aparılan ticarət sövdələşmələridir. Bu sövdələşmələr iki yerə bölünür: 1) Pulun dərhal ödənildiyi kassa sövdələşmələri; 2) Pulun müəyyən vaxtdan sonra (adətən bir ay ərzində) ödənildiyi müddətli sövdələşmələr.
Birja sövdələşmələrinin əsas növü müddətli, həm də «fərq nəzərə alınmaqla» ödənilən sövdələşmələrdir. «Fərq nəzərə alınmaqla» ödənilmə o deməkdir ki, müəyyən olunmuş müddət başa çatdıqda sövdələşmə aparılan dövrdəki məzənnə ilə ödənilmə vaxtı keçdikdən sonrakı dövrdə olan məzənnə arasındakı fərqi tərəflərdən biri digərinə ödəməlidir. Müddətli sövdələşmələr bəzi hallarda məzənnələr arasında fərqə görə «oyununu» xatırladır. Və zərərçəkən bu fərqi qiymətli kağızı və əmtəələri qaytarmaqla ödəyir. Bu isə işbazlara birjalarda böyük məbləğdə möhtəkirlik etməyə imkan verir.
Müddətli sövdələşmələrin özü də iki yerə bölünür: 1) Sadə müddətli sövdələşmələr; 2) Mükafatlı müddətli sövdələşmələr. Sadə müddətli sövdələşmələr aparıldığı zaman öh-dəlik qəti müəyyən edilmiş müddətdə, sövdələşmə aparılar-kən qeydə alınmış məzənnə və ya qiymətlə yerinə yetirilir. Mükafatlı–müddətli sövdələşmələrdə isə tərəflərdən biri digərinə müəyyən məbləğdə mükafat verməklə sövdələşmədən imtina etmək və ya onun şərtlərini dəyişdirmək hüququ əldə edir. Birjada müddətli sövdələşmələr adətən eyni vaxtda, deyək ki, ayın ortalarında (buna medeo deyilir), yaxud da axırında (buna ultimo deyilir) başa çatır. Onlar daha çox möhtəkirlik xarakteri daşıyır. Çünki sövdələşmə məqamında satıcıda səhm, alıcıda isə pul olmaya bilər. Sövdələşmə başa çatdığı məqamda səhm məzənnəsi yüksələrsə, alıcı qazanır, çünki o səhmi yüksək qiymətlər formalaşana qədər, qabaq-cadan şərtləndirilmiş aşağı qiymətlə satın almışdır. Səhm məzənnəsi aşağı düşdükdə isə satıcı qazanır, çünki o, qiymətdən düşmüş səhmləri qabaqcadan razılaşdırılmış yüksək bazar qiymətləri ilə satmışdır.
Qərbi Avropa ölkələrində birja sövdələşmələrinin əsas forması müddətli sövdələşmələr olduğu halda, ABŞ-ın birjalarında kassa sövdələşmələri üstünlük təşkil edir. ABŞ-da bank kreditini almaq imkanına malik olmayan adamlar maklerlərin vasitəçiliyindən istifadə edirlər. Daha doğrusu, makler müəyyən faizlə bankdan kredit götürür və onu daha yüksək faizlə başqalarına borc verməklə həm komisyon haqqı alır, həm də möhtəkirlik edir.
4. Lizinq şirkətləri və bazar iqtisadiyyatı şəraitində onların rolu.
Lizinq icarənin formalarından biri olmaqla maşınların, avadanlıqların, nəqliyyat vasitələrinin və digər maddi dəyərlilərin başqalarının istifadəsinə verilməsi deməkdir. Lizinq əməliyyatları zamanı mülkiyyətə sahibolma hüququ ilə ondan istifadəetmə hüququ bir-birindən ayrılır.
Lizinq sövdələşmələrində üç tərəf iştirak edir. Avadanlığı: 1) Istehsal edən firmalar (müəssisələr); 2) Icarəyə verən lizinq şirkətləri; 3) Icarəyə götürən firmalar (müəssi-sələr).
Lizinq əməliyyatları ilə investisiya qoyuluşunu həyata keçirmək üçün müəyyən məbləğdə vəsaitə malik olan hüquqi və fiziki şəxslər məşğul olurlar. Lakin lizinq əməliyyatları bir qayda olaraq ixtisaslaşdırılmış şirkətlər tərəfindən həyata keçirilir.
Lizinq sahibkarlıq fəaliyyətinin formalarından biri kimi inkişaf etmiş ölkələrdə son dövrlərdə geniş yayılmışdır.
Bazar iqtisadiyyatı şəraitində lizinqin köməyilə texnikanı istehsal edənlərlə ondan istifadə edənlər arasında sıx əlaqə yaranır. Istifadə olunan bütün avadanlıqların çatışmaz cəhətləri və nöqsanları haqqında məlumatlar istehsalçı müəssisələrə çatdırılır. Istehsal müəssisələri də öz növbələrində bunları nəzərə alaraq avadanlıqlarda olan nöqsanları aradan qaldırır və beləliklə də öz məhsullarının rəqabət qabiliyyətini yüksəldirlər.
Lizinq xidməti əmtəələrin alqı-satqısını məhdudlaşdırsa da, bu prosesdə iştirak edən bütün tərəflər – istehsalçılar, lizinq şirkətləri və istehlakçılar – üçün sərfəlidir. Bu, onunla əlaqədardır ki, investisiya əmtəələrinin istehsalçıları öz məhsullarını lizinq şirkətlərinə verdiklərinə görə reklam, bazarın təhlili, alıcının tapılması ilə əlaqədar xərclərdən azad olurlar.
Lizinq şirkətləri isə həmin maşın və avadanlıqları başqalarına icarəyə verməklə mənfəət əldə edirlər. Deməli, lizinq şirkətlərinin əldə etdikləri mənfəətin başlıca mənbəyi icarədən gələn gəlirdir. Lakin bununla yanaşı, lizinq şirkətləri istehsalçılardan, onun məhsulunu iri həcmdə aldığı üçün qiymət güzəştləri, icarə müddəti qurtardıqdan sonra avadanlığın satılmasından əldə edilən gəlirlər hesabına da öz mənfəətini artıra bilir.
Hazırda lizinq xidmətinin geniş yayılmış formaları aşağıdakılardır: 1) Əməli lizinq; 2) Procekt – Liz; 3) Vendor – Liz; 4) Liz bek; 5) Beynəlxalq lizinq.
Əməli lizinqə avadanlıqlara xidmət göstərilməsi, avtomobillərin, yaxtaların icarəyə verilməsi, anbar və ev işlərinin görülməsi ilə əlaqədar olaraq qısa müddətli xidmətlər aiddir. Lizinqin bu forması ABŞ və Yaponiyada daha geniş yayılmışdır.
Procekt – Liz həm avadanlıqların uzun müddət icarəyə verilməsi, həm də icarəçinin istifadə olunan bütün maddi dəyərlilərə kompleks xidmət göstərməsi deməkdir.
Lizinqin Vendor – Liz formasında, lizinq şirkətlərinin xaricdə yerləşən satış filialları öz firmalarından aldıqları avadanlıqları ya xarici istehlakçılara icarəyə verir, yaxud da pulu müəyyən müddətdən sonra, yəni möhlətlə ödənilməklə, satır.
Liz – Bek şirkətləri isə hər hansı bir ölkədə yerləşən istehsalçı firmadan nəqd pulla maşın, avadanlıq, dəzgah dəstlərini satın alır, sonradan pulunu möhlətlə ödəmək şərtilə qaytarıb, onun özünə satır.
Beynəlxalq lizinq dedikdə lizinq şirkətinin hər hansı bir ölkədəki firmadan hər hansı bir əmlakı – avadanlıqları, maşınları və i. a. – pulla satın alıb, digər xarici firmaya uzun müddətə icarəyə verməsi nəzərdə tutulur.
Lizinq xidməti ilə yanaşı, rentinq xidməti də vardır. Bu, maşınların, avadanlıqların və digər texnikanın qısa müddətə – adətən bir il müddətinə icarəyə verilməsi deməkdir. Lakin icarədara həmin maşın və avadanlıqları sonradan satın almaq hüququ verilmir. Maşın və avadanlıqların sahibi bir qayda olaraq rentinq cəmiyyətləri olurlar. Həmin cəmiyyətlər müqavilənin qüvvədə olduğu müddətdə maşın və avadanlıqlara sahiblik, mülkiyyət hüququnu saxlayır, onların təmirinə xərc çəkir. Lizinqə nisbətən rentinq üzrə icarə haqqı daha çoxdur.
5. Yarmarka və auksionlar (hərraclar).
Yarmarka alman dilində hər il keçirilən bazar deməkdir.Topdansatış ticarəti öz inkişafında müxtəlif formalar – yarmarka, xüsusi topdansatış bazarları, əmtəə birjaları və s. – almışdır. Göründüyü kimi, yarmarka topdansatış ticarətinin xüsusi formasıdır. Digər tərəfdən, yarmarkalar və auksionlar əmtəə birjalarının klassik formaları sırasına daxildirlər və bu gün də bazar infrastrukturunda özlərinə məxsus xüsusi yer tuturlar.
Öz mahiyyətlərinə görə yarmarkaların əsas fərqlən-dirici xüsusiyyəti onların müəyyən dövrdən bir, həftədə və ya ildə bir neçə dəfə keçirilməsidir. Birjadan fərqli olaraq yarmarkada alqı-satqı əməliyyatlarında alıcılar və satıcılar ya bilavasitə özləri iştirak edirlər, ya da buraya onların adından danışmaq üçün özlərinin səlahiyyətli nümayəndələrini – agentlərini göndərirlər.
Yarmarkalarda böyük məbləğdə ticarət sövdələşmə-ləri aparılır. Müasir şəraitdə ölkə daxilində aparılan ticarət əməliyyatlarında yarmarkaların rolu azalsa da, beynəlxalq münasibətlərdə onlar öz əhəmiyyətlərini müəyyən dərəcədə qoruyub saxlaya bilmişlər. Hazırda fəaliyyət göstərən yarmarkaların aşağıdakı növləri vardır: 1) Universal yar-markalar (məsələn, Türkiyənin Izmir şəhərindəki yarmarka); 2) Çoxsahəli yarmarkalar (məsələn, Fransanın paytaxtı Parisdəki yarmarka); 3) Ixtisaslaşdırılmış yarmarkalar (məsələn, Almaniyanın Münhen şəhərindəki yarmarka) və s.
Beynəlxalq yarmarkaların işini daha yaxşı təşkil etmək və ölkələrarası əmtəə mübadiləsini inkişaf etdirmək məqsədilə 1925-ci ildə Parisdə Beynəlxalq Yarmarkalar Ittifaqı yaradılmışdır.
Auksion latınca " auktio” sözündən götürülmüşdür ki, camaat qarşısında açıq ticarət deməkdir. Bazar infrastrukturundan danışarkən auksion tica-rətini yaddan çıxarmaq olmaz. Auksion dedikdə, əvvəlcədən müəyyən edilmiş vaxtda və yerdə bəzi əmtəələrin (yüngül minik maşınları, xəzdəri məmulatı, çay, tütün, mənzil və s.) ümumi aşkarlıq şəraitində satılması nəzərdə tutulur. Bu, həm də beynəlxalq əmək bölgüsü sisteminə möhkəm daxil olmuş, dünya ticarətinin ənənəvi formasıdır. Beynəlxalq miqyasa əsas etibarilə yuyulmamış yun, tütün, çay, tərəvəz, meyvə, gül, balıq, at, həmçinin zinət şeyləri, incəsənət əsərləri və i. a. çıxarılır.
Auksionda satılmaq üçün nəzərdə tutulan əmtəələr, yaxud da onların nümunələri qabaqcadan tanış olmaq üçün ortaya çıxarıla bilər və bu zaman əmtəənin satışının ümumi qaydaları satıcı tərəfindən müəyyən edilir. Auksionda təklif olunan əmtəəyə ən yüksək qiyməti verən şəxs onu almaq hüququ qazanır. Lakin əmtəənin qiymətini idarə edən və tənzimləyən auksion işçisi satılan malın keyfiyyəti üçün cavabdehlik daşımır.
Auksionlar daimi, yaxud qabaqcadan təyin olunmuş yerlərdə və vaxtlarda keçirilir. Beynəlxalq auksionlar adətən xüsusi yeri, ava-danlıqları və ixtisaslı işçiləri olan kommersiya təşkilatıdır. Onlar bir qayda olaraq istehsalçılardan mal alır, topdansatış üzrə vasitəçilərə satır və qiymətlər arasın-dakı fərqə görə qazanc əldə edirlər. Belə auksionlarda satış alıcıların bilavasitə iştirakı ilə açıq şəkildə keçirilir. Beynəlxalq auksionlar adətən London, Amsterdam, Nyu-York, Kəlküttə, Liverpul, Sidney və s. kimi böyük ticarət mərkəzlərində və limanlarında təşkil edilir.
Auksionlar, həmçinin öz müştərilərinin – alıcı və satıcıların – tapşırığı ilə müəyyən şərtlər əsasında əmtəələrin alınıb – satılması ilə məşğul olan ixtisaslaşdırılmış broker firmaları tərəfindən təşkil olunur. Belə auksionlarda müştərilərin özləri bilavasitə iştirak etmir, görülən iş üçün brokerlərə haqq verirlər.
Auksionun könüllü və məcburi növləri vardır. Könüllü auksionu öz əmtəələrini daha sərfəli qiymətlərlə satmaq istəyən şəxslərin özləri təşkil edirlər. Məcburi auksionlar isə borclarını verə bilməyənlərin və ya vermək istəməyənlərin əmlakını, müsadirə edilmiş əmtəələri və yükləri, girov qoyulmuş və vaxtında geri götürülməmiş mülkiyyəti, haqqı vaxtında ödənilməyən əmtəələri və s. satmaq məqsədilə məhkəmə və dövlət orqanları tərəfindən təşkil edilir.
Əmtəələrin göndərilməsi, onların satılması, müqavilələrin bağlanması, satın alınmış malların aparılması, auksionun keçirilməsi üçün vaxtın və yerin seçilməsi, əmtəələrin yoxlanma müddətləri və s. auksion qaydaları ilə müəyyən edilir.
6. Bazar infrastrukturunun qeyri-hökumət təsisatları.
XX əsrin axırlarında formalaşmış infrastrukturun qeyri-hökumət təsissatlarının əsas növləri aşağıdakılardır: 1) Menecment – konsaltinq( ingiliscə " məsləhətçi”); 2) Audit və mühasibat uçotu sahəsində məsləhətçilər; 3) Istehsalın və satışın təşkili üzrə məsləhətçilər; 4) Hüquq məsləhətçiləri; 5) Sair işlər üzrə təsisat və məsləhətçilər.
«Menecment-konsaltinq»ə daxil olan xidmətlərin aşağıdakı növləri vardır:
1) Inkişafın strateji məsələləri
2) Maliyyə məsələləri
3) Kadrların idarə edilməsi
4)Istehsalın idarə edilməsi və ona xidmət göstərilməsi
5) Marketinq və satış
6) Informasiya texnologiyaları və sistemləri
7) Yeni obyektlərin, bölmələrin, firmaların yaradılması
8) Iqtisadi – ekoloji məsələlər
Audit – qəbul edilmiş ümumi standartlara uyğun olması və etibarlılığı baxımından şirkətlərin (firmaların) maliyyə hesabatlarının yoxlanması və qiymətləndirilməsi sahəsində xidmət göstərilməsi deməkdir.
Auditor kimi fəaliyyət göstərən mühasibat uçotu mütəxəssisləri şirkətlərin (firmaların) hesabatlarını yoxlayır, onların düzgünlüyünə, etibarlılığına və qəbul edilmiş ümumi standartlara uyğun olub-olmamasına ekspert rəyi verirlər.
Aparıcı beynəlxalq firmaların (məsələn, «böyük altı-lar»ın) göstərdikləri xidmətin xeyli hissəsi verilən məsləhətlərin payına düşür.
Hüquqşünaslar qanunları – dövlətin normativ aktlarını, iqtisadçılar və idarəetmə üzrə mütəxəssislər isə bazar qanunlarını və insanların davranışını əldə rəhbər tuturlar.
Mühəndis məsləhətləri (injinirinq) də vardır. Bu sahədə göstərilən xidmətlər iki qrupa bölünür: 1) Istehsal prosesinin hazırlanması ilə əlaqədar olan xidmətlər; 2) Məhsulların istehsalı və reallaşdırılması proseslərinin normal gedişinin təmin olunması ilə əlaqədar olan xidmətlər. Injinirinq xidmətləri-ixtisaslaşdırılmış mühəndis məsləhəti-xüsusi firmalar, həmçinin tikinti və sənaye şirkətləri tərəfindən həyata keçirilir.
Xidmətin növlərindən biri də rəhbər kadrların seçilməsi və onlara qiymət verilməsidir ki, buna da rekrutment deyilir. Firmalar işçilərin muzdla tutulmasına dair elan vermək istəmədikdə, yaxud da bu sahədə daha məşhur olan «nüfuzlu» şəxsləri gizli kanallarla özlərinə cəlb etmək fikrinə düşdükdə axtarışa başlayır və bu üsuldan istifadə edirlər.
Xidmətin bir növü də ixtisasın artırılmasıdır. Buna, treninq deyilir. Xidmətin bu növü konsaltinq və menec-mentin öyrənilməsi arasında «mövqe tutur», menecerlərin ixtisaslarının artırılması üçün istehsalatdan ayrılmaq və ayrılmamaqla kurslar, konfranslar, seminarlar təşkil edir, təcrübə məşğələləri keçirirlər.
Treninq proqramlarının digər tədbirlərin proqramlarından fərqi ondadır ki, bunlar maksimum dərəcədə təcrübəyə yaxınlaşdırılır (məsələn, işgüzar oyunlar, psixoloji treninq şəraitinin təhlili və s.), konsaltinq-müəllimlər isə bu və ya digər problemin tədqiqi prosesində başqa firma və şirkətlərdə qazandıqları əməli biliklərdən və təcrübədən istifadə edirlər. Bunlarla yanaşı, treninq məsləhətçilərlə menecerlər arasında əlaqələrin və qarşılıqlı fəaliyyətlərin sahmana salınmasına da təsir göstərir.
Son dövrlərdə xidmətin marketinq növü geniş yayılmışdır. Onun başlıca vəzifəsi məhsulların satışı üçün bazar axtarıb tapmaqdan və tələbi formalaşdırmaqdan ibarətdir. Marketinq üzrə məsləhətçilər satış, reklam, ticarət vasitəçi firmalarla iş aparılması sahələrində qərarların hazırlanmasını təmin edir, bazarları öyrənir, yeni məhsulların istehsalı və onların bazara çıxarılmasına dair tövsiyələr verirlər.
Mövzu 8: Rəqabət və inhisar. ( 2 saat) Plan
1. Rəqabətin mahiyyəti və iqtisadiyyatın inkişafında onun rolu.
2. Rəqabətin tipləri və modelləri.
3. Rəqabətin metodları.
4. İqtisadiyyatda inhisarçılıq.
5. İnhisarçılığın formaları.
6. İnhisarçılığın sosial- iqtisadi nəticələri. Antiinhisar qanunvericiliyi.
1. Rəqabətin mahiyyəti və iqtisadiyyatın inkişafında onun rolu.
İqtisadi inkişafın bazar mexanizmi bir sıra iqtisadi ünsürlərin qarşılıqlı əlaqədə fəaliyyəti ilə şərtlənir. Bu ünsürlərdən biri də rəqabətdir. Rəqabət latın sözü olub( concurere) "toqquşma”mənasını verir. Rəqabin meydana gəlməsi tarixən mülkiyyət ayrıseçkiliyinin və əmək bölgüsünün şərtləndirdiyi əmtəə istehsalının meydana gəlməsi dövrünə təsadüf edir, əmtəə istehsalının inkişafı ilə iqtisadi inkişafın ən fəal ünsürünə çevrilir. İstehsal vasitələri üzərində xüsusi mülkiyyət rəqabətin mövcudluğunu şərtləndirir. Rəqabət bəhsləşmədir.Rəqabət nəticəsində istehsalçı və istehlakçılar bərabər imkarlara malik olmalarına baxmayaraq,bu imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlm k istəyi həmişə onları istehsalın nəticəsini yaxşılaşdırmağa stimullaşdırır.
Rəqabət bazarın təbiətinə daxilən xas olan bir ünsür olub bazar iqtisadiyyatını inkişaf etdirən başlıca amillərdən biri kimi çıxış edir.
Rəqabət bazar əlaqələrinə cəlb olunmuş bazarın iştirakşıları arasında xüsusi formada təzahür edən münasibətləri ifadə edir. O, bir tərəfdən istehsalçıların öz aralarında, ikinci tərəfdən, istehsalçılarla istehlakçılar arasında, üçüncü tərəfdən isə istehlakçıların öz aralarında mənafelərinin reallaşması uğrunda mübarizəni əks etdirir. Onlar öz aralarında rəqabət mübarizəsi yolu ilə istehsalda, satışda alışda əlverişli şəraitə nail olmağa çalışırlar. Bu mübarizə isə həmişə onları istehsalı təkmilləşdirməkdə, inkişaf etdirməkdə maraqlı edir, çünki rəqabət mübarizəsinə dözməməkdə həmişə iflasa uğramaü təhlükəsi var. Rəqabət bazar iqtisadiyyatı şəraitində müəssisələrin, xüsusi sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinin başlıca amilidir. Rəqabət nəticəsində subyektlər həmişə bir birini ötməyə, bir- birini öz iqtisadi göstəricilərini yaxşılaşdırmağa sövq etdirir, bir- birindən geri qalmamağa çalışır.
Rəqabət bir tərəfdən istehsalın kifayət dərəcədə çevik olmasında istehsalçıları stimullaşdırır, digər tərəfdən bu iqtisadi mübarizəyə tab gətirməyənlərin iflasa uğramasına səbəb olur. O elmi- texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin sürətləndirilməsini, əməyin təşkilinin mütərəqqi formalarının tətbiqini, eyni zamanda iqtisadiyyatda təşkilati və struktur dəyişikliyin aparılmasını zəruri edir. Əks təqdirdə iqtisadiyyatın dünya iqtisadi inkişafından geri qalması prosesi müşahidə olunur. Rəqabət nəticəsində məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına, dünya bazarına rəqabət qabiliyyətli məhsulla çıxmağa imkan yaranır. Rəqabət nəticəsində məhsul vahidinə material məsrəfləri istehsalçı tərəfindən aşağı salınır və nəticədə həm istehsalın həm də bütövlükdə iqtisadiyyatın səmərəliliyi yüksəlir. Bu isə nəticə etibarı ilə istehlakçıların tələbatlarını mövcud resurslardan səmərəli istifadə etməklə daha dolğun ödənilməsinə şərait yaradır. Digər tərəfdən rəqabət təsərrüfat subyektlərini məcbur edir ki, istehsal güclərinin bir hissəsini ehtiyatda saxlasınlar. Daha əlverişli bazar şəraiti yaranan kimi həmin ehtiyatda olan resursları istehsala cəlb etməklə özləri üçün əlverişli istehsal və bazar şəraiti yaratsınlar. Qərb ölkələrinin təcrübəsi göstərir ki, istehsal güclərinin bir hissəsinin ehtiyatda saxlanılması rəqabət mübarizəsində məhv olmamaq zərurətindən irəli gəlir.
|