Əsas » Məqalə » İqtisadiyyat

İqtisadi nəzəriyyə-10
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>

    Iqtisadi sistemdə tarazlıq olmadıqda bu, bir sıra mənfi hal­lara gətirib çıxarır. Bunlar öz əksini artım sürətinin azalmasında, isteh­laka meylin artmasında, istehsalın səmərəliliyinin aşağı düşməsində və s. tapır.
    Aydın məsələdir ki, bazar, təcrübədə meydana çıxan bütün problemləri həll etməyə qadir deyildir, onun vəzifələri və imkanları məhduddur. Müəyyə maneələr meydana çıxdıqda və dəyişikliklər baş verdikdə, məsələn, xammal­ların və ya yanacağın qiymətləri kəskin su­rətdə bahalan­dıq­da, texnologiyalarda əhəmiyyətli tərəqqi, habelə siyasi böhran olduqda, bazar iqtisadiyyatı yeni tarazlıq şəraitinə döv­lətin fəal iştirakı ilə uyğunlaşır. Yeni tarazlığa uyğunlaşmanın xarakteri isə kon­kret şəraitdən, iqtisadi nizamlayıcıların səmərəliliyindən, döv­lətin iqti­sa­di siyasətindən və s. asılıdır.
    Ümumi iqtisadi tarazlığın ən mühüm anlayışların­dan biri də iqtisadi vahidlər, əhali və dövlət tərəfindən nə­zərdə tutulan (və ya plan­laşdırılan) xərclərlə istehsal olunan milli məhsul arasındakı qarşılıqlı əlaqədir. Bu zaman "xərclər" maddəsində şəxsi istehlak, investisiya və döv­lət xərcləri xüsusi qruplara ayrılır. Bunlardan hər hansı biri artı­rıl­dıq­da ümumi xərclər də artmış olur.
    Hər bir iqtisadi vahidin əldə etdiyi gəlir isə həmişə onun şəxsi istehlakına bərabər olmur. Gəlirlər az olduqda əvvəlki dövrlərdən qa­lan "yığım"dan şəxsi istehlak üçün istifadə oluna bilər və olunur. Gə­lirlər artdıqda isə iqtisadi vahidlərdə istər şəxsi istehlak, istərsə də "yı­ğım" üçün ayrılan vəsaiti artırmaq imkanı yaranır.
    Bununla əlaqədar olaraq, məsələn, əldə edilən əlavə gəlirin hər 500 manatına görə əlavə "yığım" və əlavə istehlak üçün ayrılan vəsaitin təhlili xüsusi maraq doğurur. Bunu aşağıdakı kimi ifadə etmək olar:
 
Mövzu 14. Təkrar istehsal.(2 saat)
Plan
 
    1. İctimai istehsalın quruluşu.
    2. Təkrar istehsalın mahiyyəti və növləri.
    3. Geniş təkrar istehsalın intensiv tipli növləri.
    4. Proporsionallıq , ümumi  və sahə proporsiyaları.
 
1.  İctimai istehsalın quruluşu.

    Fərdi istehsal dedikdə, hər hansı bir müəssisədə istehsal prosesinin həyata keçirilməsi başa düşülür. Fərdi istehsalların qarşılıqlı əlaqə və asılılıq şəraitində məcmusu ictimai istehsalı təşkil edir. Ictimai istehsalın klassik quruluşu belədir:
    1. Maddi istehsal. Bura daxildir:
    a) Maddi nemətlər istehsalı. Buraya sənaye, kən təsərrüfatı, meşə təsərrüfatı, tikinti, ticarət və s.  sahələr daxildir.
    b) Qeyri- maddi xidmətlər istehsalı. Buraya nəqliyyat, rabitə, komunnal təsərrüfatı, şəxsi yardımçı təsərrüfatı və s.  daxildir.
    2.Qeyri – maddi istehsal. Bura daxildir:
    a)  Qeyri- maddi nemətlər istehsalı
    b) Maddi xidmətlər istehsalı.
    Qeyri maddi xidmətlər istehsalı və qeyri- maddi nemətlər istehsalı xidmət sahəsini təşkil edir.
    Maddi istehsal məhsuldar əməklə qeyri- maddi istehsal isə qeyri- məhsuldar əməklə yaradılır. 
    Ictimai istehsalın müasir quruluşu isə belədir:
    1. Maddi istehsal: I bölmə, II bölmə.
    2. Qeyri- maddi xidmətlər və nemətlər istehsalı, yəni III bölmə
    3. Hərbi iqtisadiyyat sahəsi , yəni IV bölmə.
    Müasir "  Ekonomiks” də milli iqtisadiyyatın quruluşu aşağıdakı bölmələrin məcmusu kimi göstərilir:
    1. Ev təsərrüfatı bölməsi- bura ölkənin bütün ailələri daxildir və o fəaliyyətini tələbatın ödənilməsinə yönəldir.
    2. Sahibkarlıq bölməsi – ölkə daxilində qeydiyyatdan keçmiş və öz fəaliyyətini mənfəət götürmək üçün təşkil edən bütün firmaların məcmusudur. 
    3. Dövlət bölməsi – bütün dövlət institutları və təsisatlardan ibarətdir. Bu bölmə ictimai istehsalı təşkil edir, sosial ödəmələr aparır , milli gəlirin təkrar bölgüsünü həyata keçirir, pul kütləsini və xarici iqtisadi əlaqələri tənzimləyir.
    4. Xarici bölmə- bu daimi yerləşən yerli ölkə hüdudlarından kənarda olan bütün iqtisadi subyektlərin məcmusudur.
 
2. Təkrar istehsalın mahiyyəti və növləri.
 
    Ən zəruri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. Lakin isnanlar bu nemətləri bir dəfə istehsal etməklə kifa­yətlənə bilməzlər. Çünki onlar nemətləri bir tərəfdən istehsal, digər tə­rəfdən isə istehlak edirlər. Deməli, cəmiyyət istehlak etmədən yaşaya bilmədiyi kimi, istehsal etmədən də yaşaya bilməz  Isteh­sal prosesinin daim təzələnməsi, fasiləsiz olaraq eyni mərhə­lələrdən keç­məklə, sonsuz sayda təkrarlanması təkrar istehsal adlanır. Buradan ay­dın olur ki, istehsal ayrıca, birdəfəlik əməliyyat olduğu halda, təkrar is­tehsal, istehsalın daim təkrarlanması, dönə-dönə eyni mərhələlərdən keç­məsi prosesidir.
    Təkrar istehsalın həyata keçirilməsi üçün istehsalın bütün amil­ləri mövcud olmalıdır.
    Bunlardan birincisi və başlıcası iş qüvvəsi və ya əməkdir
    Əmək ehtiyatlarının kəmiyyəti və keyfiyyəti son nəticədə əhalinin sayı və yaş tərkibi ilə müəyyən edilir. Əhalinin yaş tərkibi isə onun təbii hərəkətindən asılıdır və bu, özünü bir qayda olaraq 15-20 ildən sonra göstərir.
    Əhalinin təbii hərəkəti, onun təkrar istehsalının xarakteri hər şeydən əvvəl, ölkənin inkişaf səviyyəsi, maddi və mənəvi mədəniyyətin vəziyyəti, sosial şərait, adət-ənənələr, konkret tarixi amillər və s. müəy­yən edilir. Bunlar əhalinin artımına, birinci növbədə doğum əmsalı və uzunömürlülüyünə müxtəlif cür təsir edirlər.
    Demoqrafik proseslər öz təbiətinə görə birbaşa planlaşdırma obyektinə daxil olmasalar da, onları dolayı yolla tənzimləmək olar və lazımdır.
    Müasir dövrdə işçi qüvvəsinin təkrar istehsalı qarşısında qo­yu­lan ən mühüm vəzifələrdən biri kadrların hazırlanması sisteminin tama­milə yenidən qurulmasıdır. Çünki bazar iqtisadiyyatı yeni, ona uyğun gələn işçi qüvvəsinin hazırlanması, onların peşə hazırlığı və ümumtəhsil səviyyəsinin yüksəldilməsini tələb edir.
    Sonrakı hər bir istehsal tsiklinin başlanması üçün həm də zə­ruri miqdarda investisiya əmtəələrinə malik olmaq lazımdır. Başqa söz­lə, köhnəlmiş maşın və avadanlıqlar, bina və tikililər yeniləri ilə əvəz edilməli, yaxud da təmir olunmalıdır. Deməli şəxsi istehlak şeylərinin təkrar istehsalı üçün investisiya əmtəələri təkrar istehsal edilməlidir
    Təkrar istehsalın həyata keçirilə bilməsi üçün istifadə edilmiş material və yanacaq ehtiyatlarının da ən azı yeri doldurulmalıdır. Tək­rar istehsal prosesinin tərkib hissəsi və iqtisadi artımın sabit, uzun­müd­dətli ilkin şərti olan təbii ehtiyatların və insanların yaşadıqları mühitin təkrar istehsalı da həyata keçirilməlidir. Təbiət nə qədər zəngin və səxa­vətli olsa da, onun da sərvətlərinin həddihüdudu vardır. 
    Istehsalın bir-birinin ardınca gələn və birdəfəlik əməliyyat kimi gö­türülən kəmiyyət tərəflərini müqayisə etdikdə, onun miqyasının və bu­na uyğun olaraq istehsal olunan nemətlərin həcminin dəyişdiyini müəy­yən etmiş oluruq. Buna uyğun olaraq təkrar istehsalın aşağıdakı növ­­lərini bir-birindən fərqləndirmək lazımdır: 1) Sadə təkrar istehsal; 2) Ge­niş təkrar istehsal; 3) Azalan (məhdud) təkrar istehsal.
    Sadə təkrar istehsal – istehsalın dəyişməz, əvvəlki həcmdə tək­rarlanması deməkdir. Daha doğrusu, əgər sadəcə olaraq istehlak edilmiş investisiya əmtəələri və şəxsi istehlak şeylərinin yeri doldurulursa, əlavə investisiya əmtəələri və şəxsi istehlak şeyləri istehsal olunmursa, iqti­sadiyyatda çalışan işçilərin sayı dəyişmirsə  bu, sadə təkrar isteh­sal­dır. Sadə təkrar istehsalda, yaradılmış əlavə dəyərin (məhsulun) hamısı şəxsi istehlakın ödənilməsinə sərf olunur. Geniş təkrar istehsal – isteh­sal prosesinin artmış miqyasda təkrarlanması deməkdir. Başqa sözlə, bu təkrar istehsalda nemətlər – investisiya əmtəələri, şəxsi istehlak şey­ləri əvvəlki dövrlərə nisbətən artır, cəmiyyət yalnız istehlak edilmiş investisiya əmtəələri və istehlak şeylərinin yerini doldurmur, həm də onlardan daha çox istehsal olunur, istehsala daha çox iqtisadi ehtiyat­lar cəlb edilir. 
    Geniş təkrar istehsalda, yaradılmış əlavə dəyərin (məhsulun) bir hissəsi  şəxsi istehlak, digər hissəsi isə məhsuldar istehlak üçün isti­fadə olunur.
    Lakin təsərrüfat quruculuğu təcrübəsində elə hallar da olur ki, istehsal nə əvvəlki həcmdə, nə də artmış miqyasda təkrarlanmır, əksinə, onun səviyyəsi əvvəlki dövrlərə nisbətən azalır. Buna azalan və ya məh­dud təkrar istehsal deyilir.
    Bütövlükdə, insan cəmiyyətinə geniş təkrar istehsal xasdır. Çün­­kü, hamı üçün normal və daha yaxşı həyat səviyyəsinin təmin olun­duğu, yaxud da buna cəhd göstərildiyi cəmiyyətlərdə geniş təkrar isteh­sal olmalıdır. Bu, bir sıra amillərlə, xüsusilə də əhalinin sayı və tələ­ba­tı­nın artması, iqtisadiyyatın miqyasının genişlənməsi, əmək bölgü­sünün dərinləşməsi, xarici iqtisadi əlaqələrin geniş miqyas alması və s. əlaqədardır.
 
3. Geniş təkrar istehsalın intensiv tipinin növləri.
 
    Intensiv təkrar istehsalı təmin etmək üçün aşağıdakılar zəruridir:
    - texnikanın təzələnməsi və istehsalın modernləşdirilməsi
    - istehsalın sahə strukturunda mütərəqqi  dəyişikliklər
    - maddi resurslara qənaət
    - kadrların ixtisasının artırılması
    - əmək intizamının möhkəmləndirilməsi, əməyə marağın gücləndirilməsi
    - təbiəti mühafizə tədbirləri
    - idarəetmənin təkmilləşdirilməsi
    - xarici iqtisadi əlaqələrin səmərəliləşdirilməsi.
    Təkrar istehsalın intensiv növünün aşağıdakı formaları vardır:
    1. Əməyə qənaət( əmək məhsuldarlığı) .
    2. Fonda qənaət ( fond veriminin yüksəldilməsi).
    3. Materiala qənaət ( material tutumunun aşağı salınması.
    4.Hərtərəfli növlər.
    Intensivləşdirmə geniş və dar mənada öyrənilir.
Geniş mənada intensivləşdirmə dedikdə - ictimai istehsalın bütün mərhələlərinin, idarəemənin, elmin, texnikanın inkişafının , infrastrukturun , yəni xalq təsərrüfatının bütün sahələrinin intensivləşdirilməsi sistemi başa düşülür.
Dar mənada intensivləşdirmə - yeni texnika və texnologiyanın istehsala tətbiqi, təbii resurslardan daha yaxşı istifadə edilməsi və s.  prosesidir.
    Geniş təkrar istehsalın intensiv növünün göstəriciləri aşağıdakılardır:
    1. Avadanlığın yaş tərkibi, fiziki və mənəvi aşınması, təzələnmə və köhnəlmə əmsalı və s.
    2. Fond tutumu, enerji tutumu.
    3. İstehsalın mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsi.
    4. İstehsal olunan məhsulun texniki iqtisadi səviyyəsi, rəqabət qabiliyyətliliyi.
    5. İstehsalın təşkili səviyyəsi ( əmək bölgüsünün, yeni iş metodlarının tətbiqi)
    6. İşçilərin keyfiyyət tərkibi. 
    7.İnvestisiyaların quruluşu və ondan səmərəli istifadə, məhsulun keyfiyyətinin artırılması və çeşidinin genişləndirilməsində onların xüsusi çəkisi.
 
4. Proporsionallıq, ümumi və sahə proporsiyaları.
 
    Məcmu ictimai məhsulun istər funksional təyinatları ( ödəmə, yığım və istehlak fondları) istərsə natural formalarına ( istehsal vasitələri və istehlak şeyləri) görə ayrı- ayrı hissələri arasında müəyyən proporsiyalar ( nisbətlər) olmalıdır.
Ictimai  istehsalın proporsiyaları dedikdə istehsalın maddi və şəxsi amilləri, habelə onun ayrı- ayrı sahələri və təkrar istehsal prosesində məcmu ictimai məhsulun hissələri arasında nisbətlər başa düşülür. 
    Proporsiyalar obyektiv xarakter daşıyır. Yəni ixtiyari olaraq istənilən proporsiyalar meydana çıxa bilməz. Proporsiyalar obyektiv xarakter daşısalar da  dəyişməz əbədi deyildir. Onalr konkret şəraitdən asılı olaraq dəyişir, daha da təkmilləşirlər. Proporsiyalar ictimai istehsal şəraitinin dəyişməsindən , elmi- texniki tərəqqidən, ictimai tələbatın artmasından, beynəlxalq vəziyyətdən və s.   dən asılı olaraq daim dəyişilir.
    Cəmiyyət üçün hər cür proporsiyalar deyil optimal proporsiyalar lazımdır. Optimal proporsiyalar isə ən aza əmək sərfi ilə daha yüksək iqtisadi səmərə əldə edilməsinə imkan verən proporsiyalardır. 
    Ictimai istehsalın proporsiyalarına aşağıdakılar daxildir:
    1. Ümumi iqtisadi proporsiyalar. Belə proporsiyalara maddi və qeyri- maddi istehsal sahələri arasında; ictimai istehsalın bölmələri arasında; ictimai məhsulun dəyərini əmələ gətirən ünsürlər arasında; milli gəlirdə yığımla istehlak fondu arasında; tərkak istehsal prosesinin ayrı- ayrı mərhələləri( istehsal, bölgü, mübadilə və istehlak) arasında  yaranan nisbətlər daxildir.
    2. Sahə proporsiyaları. Buna xalq təsərrüfatının  mü2xtəlif sahələri ( sənaye, kənd təsərrüfatı, tikinti , nəqliyyat və s.  ) arasında yaranan proporsiyalar misal ola bilər.
    3. Sahədaxili proporsiyalar. Bu cür proporsiyalar ayrı- ayrı sahələrin hər birinin daxilində müxtəlif istehsallararasında yaranır. Məsələn, metallurgiyada filizin çıxarılması, çuqun, polad və prokat istehsalı. Kənd təsərrüfatında  bitkiçilik və heyvandarlıq arasında.
    4. Sahələrarası proporsiyalar. Müxtəlif sahələr məsələn, tikinti ilə tikinti materialları və konstruksiyalar istehsal edən  sənaye, maşınqayırma ilə nəqliyyat arasında belə proporsiyalar yaranır.
    5. Ərazi proporsiyaları. Belə proporsiyalar müxtəlif iqtisadi rayonlar və ya digər ərazi vahidləri arasında yaranan proporsiyaları misal göstərmək olar.
    6. Xarici iqtisadi ( dövlətlərarası) proporsiyalar. Belə proporsiyalar beynəlxalq əmək bölgüsününü üstünlüklərindən, təbii ehtiyatlardan, xammal və materiallardan səmərəli istifadə olunması üçün lazımdır.
    7. Natural və dəyər proporsiyaları. Natural proporsiyalardan natural formada ayrı- ayrı məhsul növləri üzrə istehsalla istehlak arasındakı nisbətə dəyər proporsiyalarından siə dəyər ifadəsində ictimai məhsulun ayrı- ayrı ünsürlərinin bölgüsü və tədavülünə xarakteristika vermək üçün istifadə olunur.
    Ictimai istehsalın proporsiyaları ictimai tələbatın və teniki tərəqqinin təsiri ilə formalaşır.
 
Mövzu 15: İqtisadi artım və səmərəlilik. ( 2 saat)
Plan
 
    1. Iqtisadi artım və ona təsir edən amillər.
    2. İqtisadi artımın tipləri və modelləri.
    3. İstehsalın səmərəliliyi və onu ifadə edən amillər.
 
1. İqtisadi artım və ona təsir edən amillər.
 
    Iqtisadi artım bir-biri ilə qarşılıqlı əlaqədə olan aşağıdakı iki göstərici ilə müəyyən edilir. Müəyyən dövr ərzində: 1) Real ümummilli və ya xalis milli məhsulun artması. 2) Hər nəfərə düşən real ümummilli və ya xalis milli məhsulun artması. Bunlardan hər hansı birindən isti­fa­də olunması nəzərdən keçirilən sosial-iqtisadi hadisənin xarak­terindən asılıdır. Belə ki, ölkənin hərbi-siyasi potensialı problemi diqqət mərkə­zində olduqda birinci, ayrı-ayrı ölkələrdə və regionlarda əhalinin həyat səviyyəsi müqayisə olunduqda isə ikinci göstəricidən istifadə etmək da­ha məqsədəuyğundur. Bunun doğruluğunu onunla əsaslan­dırmaq olar ki, məsələn, Hindistanın ümummilli məhsulu Isveçrənin ümummilli məhsulundan 70% çox olduğu halda, əhalinin həyat səviyyəsinə görə Hindistan Isveçrədən 60 dəfədən çox geri qalır.
    Iqtisadi artım bir qayda olaraq faizlə ifadə olunan illik artım sürəti ilə ölçülür. 
    Makroiqtisadi səviyyədə iqtisadi artımın ən mühüm göstə­ri­ciləri aşağıdakılardır:
-   ÜMM-in və ya Milli gəlirin artması;
-   Hər nəfərə düşən ÜMM və milli gəlirin artması;
- Bütövlükdə sahələr üzrə və hər nəfərə düşən  sənaye məhsulları isteh­­salının artım sürəti.
    Iqtisadi statistikada dinamikanı öyrənmək üçün artım əmsalı, artım sürəti və əlavə artım sürəti göstəricilərindən istifadə olunur. Ar­tım əmsalı aşağıdakı düsturla hesablanır:
 
x = y1 : y0
 
    Burada: y1 və y0 – müvafiq olaraq hesabat və əsas dövrlərdəki göstəriciləri ifadə edir.
    Artım sürəti artım əmsalının 100%-ə vurulması, əlavə artım sürəti isə artım sürətindən 100% çıxılması yolu ilə alınır.
    Iqtisadi artıma aşağıdakı amillər təsir edir: 1) Təbii ehtiyatların kəmiyyəti və keyfiyyəti; 2) Əmək ehtiyat­larının kəmiyyəti və keyfiyyəti; 3) Əsas kapitalın dəyəri; 4) Elmi-texniki tərəqqi; 5) Sahibkarlıq qabiliy­yəti və idarəetmə bacarığı. Bunları birlikdə təklif amilləri adlandırmaq olar. Istehsalın mümkün olan fiziki artımına məhz bu amillər imkan verir. Keyfiyyətinə görə daha yaxşı hesab olunan eh­tiyatların çox ol­ma­sı isə texnoloji potensial da daxil olmaq­la real məhsul istehsalının artı­rılmasına şərait yaradır.
    Lakin artma imkanları ilə real artımı eyniləşdirmək olmaz. Ək­sinə, onları bir-birindən fərqləndirmək lazım­dır. Bunun üçün iqti­sadi artıma təsir göstərən daha iki amili – tələb və bölgü amillərini bil­mək olduqca vacibdir. Belə ki, ölkə iqtisadiyyatının artmaqda olan is­teh­sal imkanları mövcud ehtiyatlardan istifadə olunması ilə əla­qə­dar­dır. Başqa sözlə, istehsal imkanlarını reallaşdırmaq üçün ümumi xərclər artırılmalıdır. Bölgü amilləri isə özünü onda göstərir ki, istehsal im­kan­larından məqsədyönlü istifadə edilməsi üçün ehtiyatları iqtisadi dövriy­yəyə cəlb etməklə kifayətlənmək olmaz, həm də onlar səmərəli bölün­məlidir.
    Iqtisadi artıma təsir edən tələb və təklif amilləri bir-biri ilə qar­şılıqlı surətdə əlaqədardır. Məsələn, işsizlik, kapital yığımının sürə­tinin, habelə elmi-tədqiqat işlərinə sərf olunan xərclərin artırıl­masının ləngi­məsinin, yeniliklərin ləng tətbiq olunmsı və kapital qoyuluşunun azal­ması isə əksinə, işsizliyin baş verməsinin əsas səbəbi ola bilər. Bun­dan başqa nəzərə almaq lazımdır ki, istehsal potensialının artması aşa­ğıdakı iki şərt olduqda mümkündür: 1) Bütün xərclər tam məşğulluğu təmin etmək üçün kifayət qədər artdıqda; 2) Məhsul isteh­salının imkan daxi­lində daha çox artmasını təmin etmək üçün iqtisadi dövriyyəyə cəlb edilmiş əlavə ehtiyatlardan səmələri istifadə olunduqda. Məsələn, tutaq ki, ölkədə il ərzində işçi qüvvəsi 2 min. nəfər artmışdır. Deməli, bu ar­tım istehsal güclərini, yaxud da iqtisadi potensialı artıra bilər. Iqtisadi potensialın artması isə öz ifadəsini məhsulun artmasında tapmalıdır. Odur ki, buna nail olmaq üçün 2 min. nəfəri işlə təmin et­mək, yəni, yeni iş yerləri açmaq lazımdır.
    Tələb və bölgü amilləri çox böyük əhəmiyyətə malik olsalar da iqtisadi artımla bağlı problemlər həll olunarkən əsas diqqət təklif amil­lərinə yönəldilir. Çünki real ümum-milli məhsulun və milli gəlirin artırıl­ması iki üsulla mümkündür: 1) Istehsala daha çox ehtiyatlar cəlb edil­məsi; 2) Ehtiyatlardan daha məhsuldar və səmərəli istifadə olunmsı.
    Real ümummilli məhsul əmək məsrəflərini (adam-saatla) əmək məhsuldarlığına (bir işçinin bir saatda istehsal etdiyi məhsul) vurmaq yolu ilə müəyyən edilir. Yəni, Real ÜMM = işlənmiş adam saatların miq­darı vurulsun əmək məhsuldarlığı
    Əmək məhsuldarlığına texniki tərəqqi, işçilərin ixtisası, böl­günün səmərəliliyi, müxtəlif növ ehtiyatların bir-birilə əlaqələndirilməsi və idarə olunması kimi amillər təsir edir. Başqa sözlə, əmək məh­sul­dar­lı­ğı işçilər sağlam, yüksək peşə hazırlığına malik olduqda, istehsal ma­şın və avadanlıqlarla, təbii ehtiyatlarla daha yaxşı təmin edildikdə, ida­rəetmə düzgün təşkil olunduqda, iş qüvvəsi az səmərə verən sahələr­dən çox səmərə verən sahələrə "axıb" getdikdə yüksəlir.
 
2. Iqtisadi artımın tipləri və modelləri.
 
     Geniş təkrar istehsalın öz əksini tapdığı iqtisadi artım problemi diskussiya və müzakirələrdə əsas yerlərdən birini tutur. Iqtisadi artım bilavasitə öz ifadəsini ÜMM-in kəmiyyətcə artması və keyfiyyətcə tək­milləşdirilməsində, habelə onun istehsalına təsir göstərən amillərdə tapır. Bununla əlaqədar olaraq iqtisadi artımın ekstensiv və intensiv tipləri bir-birindən fərqləndirilir.
    Ekstensiv inkişaf yolu iqtisadi artımın kəmiyyət amilləri, yəni istehsalata əlavə iş qüvvəsinin cəlb edilməsi, xammal və material sər­finin, kapital qoyuluşunun artırılması, əkin sahələrinin genişləndi­rilmə­si və s. hesabına  istehsalın həcminin artırılması deməkdir. Mə­sə­lən, deyək ki, məhsul istehsalını iki dəfə artırmaq lazımdır. Bunun üçün mövcud olan və fəaliyyət göstərən müəssisələrlə yanaşı, quraşdı­rıl­mış avadanlıqların gücünə, kəmiyyət və keyfiyyətinə görə təqribən eyni miqdarda müəssisə tikmək lazımdır. Əgər ekstensiv inkişaf xalis şəkildə həyata keçirilirsə (bu isə mümkün deyildir), onda istehsalın səmərəliliyi dəyişməz qalır. Belə ki, bizim misalda məhsul buraxılışı iki dəfə art­dıq­da işçilərin sayı və investisiya əmtəələri də iki dəfə artmış olur və nəticə­də bir işçiyə düşən məhsul buraxılışı əvvəlki səviyyədə qalır.
    Təcrübədə ekstensiv inkişaf yoluna xalis şəkildə rast gəlinmir və o, bir qayda olaraq istehsalın intensiv tipi ilə çulğalaşır. Bu da onun səmərəliliyinin yüksəldilməsini təmin edir, elmi-texniki tərəqqinin nai­liy­yətlərindən və ehtiyatlardan qənaətlə istifadə olunmasına, əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsinə, işçilərin ixtisasının yüksəl­dil­mə­si və məhsulların keyfiyyətinin yaxşılaşıdırılmasına əsaslanır.
    Intensiv inkişaf yolu ekstensiv inkişaf yolundan prinsipcə fərq­lənir. Belə ki, intensiv inkişaf yolunda canlı və maddiləşmiş əmək məs­rəf­­lərinə qənaət olunur və o, birinci növbədə əmək məhsuldarlığının yük­­səldilməsi hesabına təmin edilir. Ekstensiv və intensiv iqtisadi amil­lərdən paralel şəkildə istifadə olunsa da, konkret şəraitdən asılı olaraq bunlardan hər hansı birinə üstünlük verilə bilər.
    Məlum olduğu kimi, iqtisadi artımın əsas amilləri əmək, tor­paq və kapitaldır. Bunların hər biri də öz növbəsində müxtəlif amillərin toplusundan ibarətdir. Məsələn, kapital dedikdə, binalar, tikililər, ma­şınlar, avadanlıqlar, xammallar, yanacıq və s. nəzərdə tutulur. Ümum­­milli məhsula və onun quruluşunun dəyişməsinə təsirinin daim artdığı elmi-texniki tərəqqini də kapitala aid etmək olar. Cəmiyyətin ümumi tələbinin artması da iqtisadi amillərə aid edilə bilər. Çünki o, istər kəmiyyət, istərsə də quruluş və keyfiyyət baxımından iqtisadi artı­mın «hərəkətverici qüvvəsi»dir. Ümumi tələb istisna olmaqla bun­ların hamısı təklif amilləridir.
    Cəmiyyətin sosial-iqtisadi inkişafından asılı olaraq ehtiyat­lar­dan hər biri dəyişir, onlar iqtisadi artıma təsir göstərməkdə müxtəlif və­zi­fələri yerinə yetirir və bu zaman həm natural, həm də dəyər gös­təri­ci­lərindən istifadə edilir.
    Iqtisadi artımın tədqiqi labüd olaraq onun bir sıra model­lə­rinin işlənib hazırlanmasına gətirib çıxarmışdır. Belə modellərin ilk ün­sürlərini Fransua Kenenin 1758-ci ildə nəşr olunmuş «Iqtisadi cəd­vəl­lə­ri»ndə görmək olar. O, ilk dəfə iqtisad elmində milli təsərrüfatı özünə­məx­sus xüsusi balansa malik olan bir sistem kimi təsvir etmişdir. Kene belə hesab edirdi ki, izafi məhsul yalnız kənd təsərrüfatında yaradılır və məhsuldar sahə kənd təsərrüfatıdır. Izafi məhsul dedikdə o, kənd təsər­rü­fatının ümumi məhsulu ilə burada istehlak olunan məhsul­lar arasın­dakı fərqi nəzərdə tuturdu. Beləliklə, onun fikrincə kənd tə­sər­rüfatında istehsal olunan məhsul iqtisadiyyatın digər sahələri tərə­findən satın alı­nır. Kenenin «Iqtisadi cədvəlləri» əməli əhəmiyyətə ma­lik olmasa da, bu sahədə ilk təşəbbüs hesab edilə bilər.
    Bu məsələnin araşdırılması sahəsində K.Marksın da müəyyən xidmətləri olmuşdur. O, "Kapitalı"ın II cildində ictimai istehsalın iki bö­yük bölmədən – istehsal vasitələri istehsalı və istehlak şeyləri istehsalı–ibarət olduğunu göstərmiş və onların arasındakı tarazlıq şərtlərini aş­kara çıxarmışdır. Lakin iqtisadi sistem ümumi səviyyədə nəzərdən ke­çi­rildiyi üçün onun çıxardığı nəticələr çox da böyük əməli əhəmiyyətə ma­lik olmamışdır. Çünki iqtisadiyyat yüzlərlə, minlərlə sahə və istehsa­lat­lardan ibarətdir.
    Iqtisadi artımın əsl mahiyyətini əks etdirən "Xərc – məhsul bu­raxılışı" modeli rus riyaziyatçısı və iqtisadçısı, 1925-ci ildən ABŞ-da ya­şayan və bu ölkənin vətəndaşlığını qəbul edən Vasili Leontyev tərə­findən işlənib hazırlanmışdır.  V. Leontyev milli təsərrüfatı maddi və dəyər göstə­ricilə­ri­nin köməyilə şahmat cədvəli formasında təsvir etmişdir. V. Leontyevin sahələrarası balansı aşağıdakı dörd kvadratdan ibarətdir: 1) Məhsulun istehsalına çəkilən maddi xərc göstəriciləri; 2) Bi­la­vasitə istehlak, yığım və ixrac üçün istifadə olunan son məhsul göstəriciləri; 3) Xalis məhsul göstəriciləri (əmək haqqı, mənfəət, vergi­lər); 4) Xalis məhsulun yenidən bölüşdürülməsi.
    Sahələrarası balansın sütunlarında dəyər ifadəsində ümumi məh­­sulun formalaşmasına çəkilən xərclər, üfuqi sətirlərdə isə bu məh­sulun bölüşdürülməsi göstərilir. Bu məlumatlardan istifadə etməklə, xərc­lərin xüsusi çəkisini asanlıqla müəyyən etmək olar. Bu məqsədlə sütun­dan və ya sətirdən götürülmüş (seçilmiş) göstərici ümumi məhsulun kə­miy­yə­ti­nə bölünür. 
    Müasir dövrdə iqtisadi artımın modelləşdirilməsində aşağıdakı üç istiqaməti göstərmək olar: 1) Iqtisadi artımın Keyns modeli; 2) Neo­klas­sik modellər; 3) Tarixi-sosioloji modellər.
    Keyns modelinin mahiyyəti ondan ibarətdir ki, bunun tərəf­darları makroiqtisadi tarazlığın təmin olunmasında tələbin həlledici rol oynadığını əsas götürürlər. Tələbin həlledici ünsürünün isə çoxaldıcının (multiplikatorun) vasitəsilə mənfəətin artmasını təmin edən investisi­yalardan ibarət olduğunu deyirlər. Keynsçilər istehsal amillərinin və onların bir-birini qarşılıqlı əvəz etmələrinin səmərəliliyi haqqında neo­klassik baxışlara tərəfdar çıxmırlar.
    Iqtisadi artım modellərindən biri də Domar modelidir. Ilkin keyns modellərindən fərqli olaraq, bu model investisiyaları yalnız gəlir­lərin deyil, həm də yeni güclərin yaradılması amili hesab edir. Domarın fikrincə tələb və təklifin dinamik tarazlığı yeni gücləri və gəlirləri əmələ gətirən kapital qoyuluşunun dinamikası ilə müəyyən edilir. Deməli, əsas vəzifə, investisiyaların həcmi və dinamikasının müəyyən edilmə­sindən ibarətdir. Domar aşağıdakı üç bərabərlikdən ibarət olan siste­min həll olunmasını təklif edir: 1) Təklif bərabərliyi; 2) Tələb bərabər­li­yi; 3) Tələb və təklifin birlikdə bərabərliyi.
    Domar modelinin inkişaf etmiş forması Xarrod modelidir. Do­mar modelində olduğu kimi, bu modeldə də tarazlaşdırılmış artma nor­ması gəlirlərlə kapital qoyuluşları arasındakı nisbət funksiyasını ifadə edir. Odur ki, bu modeli Xarrod – Domar modeli də adlan­dırır­lar. La­kin Domar modeli çoxaldıcıdan istifadə olunmasına əsaslandığı halda, Xarrod modelinin əsasında akselerator1 nəzəriyyəsi durur.
    Bu nə­zəriyyə kapital qoyuluşu nəticəsində gəlirlərin artmasının taraz­laş­dırma nor­masını müəyyən edir. Xarrod modeli akselerator nəzəriyyəsi əsasında sahibkarların investisiya haqqında qərarlarının öyrənilməsinə imkan verir. Xarrod öz baxışlarında aşağıdakı iki mühakiməyə əsas­lanır: 1) Yığım milli gəlirdə sabit kəmiyyətdir, gəlirlər hansı sürətlə ar­tırsa, o da həmin sürətlə artır, yığıma olan son və orta meyllilik bir-bi­rinə bəra­bərdir; 2) Həyata keçirilən kapital qoyuluşu gəlirlərin, yaxud da iki dövr arasında tələbin artması deməkdir. Keyns bərabərliyinə uyğun ola­raq tarazlıq üçün yığım və investisiya məbləğləri bir-birinə bərabər olmalıdır. Buna əsasən belə bir nəticə çıxarmaq olar ki, artma norması kapital əmsalına vurulduqda milli gəlirdə yığımın xüsusi çəkisi tapılır.
    Xarrod bir-birindən fərqlənən artma norması üçün aşağıdakı müddəaları irəli sürür: 1) gəlirlər yüksək sürətlə artdıqda azad sahibkarlıq sistemi səmərəli fəaliyyət göstərir. 2)Investisiyalar istehlakçı tələbatından irəlidə getməlidir. 3)Bu model üzrə tarazlıq qeyri-sabitdir. 4) Dövlət bu problemə maliyyə siyasəti vasitəsilə müdaxilə etməlidir.
    Tələbin tarazlığı şəraitində neoklassik modellər kapital əmsa­lı­na dəyişikliklər etmişdir. Belə ki, neoklassik modellər bir deyil, iki is­tehsal amilini və onların bir-birini əvəz etməsinin mümkünlüyünü nə­zə­rə aldığına görə kapital/ istehsal nisbəti də çevik olur. Neoklassik mo­dellər azad (xalis) rəqabət şəraitində faydalıdır.
    Neoklassik modellərdə istehsal funksiyası əsas yer tutur. XX əsrin 20-ci illərinin axırlarında ABŞ vətəndaşları, iqtisadçı P. Duqlas və riyaziyyatçı X. Kobb 1899-1922-ci il-lərdə Amerikanın emaledici səna­yesin­də əsas kapitalın, işlənmiş saatların miqdarının və istehsalın həc­minin artmsını nəzərdən keçirərək üç müvəqqəti sıra düzəltmişlər
    Kobb-Duqlas funksiyasının başlıca cəhətləri aşağıdakılardır: 1) Mənfəətin və xərclərin xüsusi çəkisinin dəyişmədiyi, yığımın olmadığı və istehsalın (əmək və kapital) elastikliyinin vahidə bərabər olduğu fərz edilir; 2) Istehsal amillərinin bir-birini əvəz etmələri sıfırla vahid ara­sın­da tərəddüd edir və adətən vahiddən kiçikdir; Qarşılıqlı əvəzet­mələrin hüdudu texniki inkişaf səviyyəsi ilə müəyyən edilir; 3) Əməyin kapital ilə əvəz olunması imkanları nəzəri cəhətdən sonsuzdur; 4) Isteh­sal amil­ləri keyfiyyətinin dəyişməsi nəzərə alınmır, yəni, texniki tərəq­qidən sərfnəzər edilir. Buradan da belə bir nəticə çıxarmaq olar ki, fun­ksiya yalnız ekstensiv iqtisadi artım üçün münasibdir.
 
Mövzu 16. Ümumi milli məhsul və milli gəlir.(4 saat)
Plan
 
    1. Ümummilli və son məhsul anlayışları.
    2. Ümumi milli məhsulun hesablanması metodları.
    3. Xalis milli məhsul və milli gəlir.
    4. Ümumi milli məhsul və cəmiyyətin rifahi.
    5. Milli sərvət və onun atrırılması yolları.
 
1.Ümummilli və son məhsul anlayışları.
 
    Cəmiyyətin iqtisadi vəziyyətinə xarakteristika verərkən kom­pleks göstəricilər sistemindən istifadə olunur. Lakin bu sistemdə başlıca meyarı ayırmaq olar və bu, ümum-milli məhsuldur.
    Ümummilli məhsul (ÜMM) ölkənin daxilində və onun hü­dud­larından kənarda milli iqtisadiyyata mənsub olan iqdisadi vahidlərdə bir il ərzində istehsal edilmiş son məhsulların və xidmətlərin bazar dəyərinin toplusudur1. Lakin cari ildə istehsal edilmiş məhsulların ha­mısı satıl­maya, onların bir hissəsi ehtiyat formasında gələn ilə saxlanıla bilər. Odur ki, satılıb-satılmamasından asılı olmayaraq cari dövrdə is­tehsal edilmiş bütün məhsul­lar ÜMM vasitəsilə ölçüldüyünə görə o, he­sab­lanar­kən ehtiyat kimi saxlanılan məhsulların hər cür artımı nəzərə alınmalıdır.
    ÜMM dəyər ifadəsində hesablanır. Çünki müxtəlif əmtəə və xidmətləri natural formada cəmləmək və onların nisbi dəyəri haqqında tam təsəvvürə malik olmaq mümkün deyildir. Bunu aşağıdakı çox sadə misalla izah edək. Tutaq ki, ölkədə keçən il 5 ton armud və 8 ton alma, bu il isə əksinə – 8 ton armud, 5 ton alma istehsal olunmuşdur. Sual olunur: hansı ildə daha çox məhsul istehsal edilmişdir? Bu məhsulların hər birinin nisbi dəyərini ifadə edən bazar qiymətini bilmədən suala cavab vermək olmaz. Indi deyək ki, bir ton almanın qiyməti 200 manata, bir ton armudunku isə 300 manata bərabərdir. Buradan aydın olur ki, keçən ilə nisbətən bu il daha çox məhsul istehsal edilmişdir. Çünki istehsalın həcmi keçən il 3100 manata - (5x300) + (8x200) = 3100, bu il isə 3400 manata-(8x300)+(5x200)=3400-bərabər olmuşdur. Istehsalın ümumi həcmini düzgün hesablamaq üçün cari ildə istehsal edilmiş bütün məhsullar və xidmətlər bir dəfə uçota alınmalı, təkrar hesablamalara yol verilməmə­lidir. Məh­sulların çoxu isə bazara daxil olmazdan əvvəl bir neçə istehsal mər­hə­lə­sindən keçir. Nəticədə eyni bir məhsulun ayrı-ayrı hissələri bir neçə dəfə satın alınır və satılır. Ona görə də təkrar uçotaalmalara yol verməmək üçün ÜMM-i müəyyən edərkən yalnız son məhsulun bazar dəyəri nə­zə­rə alınmalıdır.
    Son məhsul dedikdə satmaq və ya emal etmək məqsədilə deyil, son nəticədə istifadə olunmaq üçün satın alınan əmtəə və xidmətlər nə­zər­də tutulur ki, bu da ÜMM-in tərkibində təkrar hesablamaları ara­dan qaldırır. Bunu aşağıdakı misalla izah edək. Tutaq ki, yun kostyum axırıncı istehlakçının əlinə düşənə qədər istehsal prosesi beş mərhələdən keçir. Qoyunçuluq ferması 100 mln. manatlıq yunu emal müəssisəsinə göndərir. Emal müəssisəsinin qoyunçuluq fermasına ödə­diyi 100 mln. manat, əmək haqqı, renta tədiyələri, faiz və mənfəət şəklində bölünür. Emal müəssisəsi yunu emal edir və onu 150 mln. manata tikiş fabrikinə satır. 150 mln. manatın 100 mln. manatı satın alınmış yunun müqa­bi­lin­də qoyunçuluq fermasına ödənildiyinə görə onun yerdə qalan 50 mln. manatı emal müəssisəsində əmək haqqı, renta tədiyələri, faizin ödənilməsi və yunu emal etmək üçün lazım olan ehtiyatların satın alın­masına sərf edilir. Tikiş fabrikində 175 mln. ma­nat­lıq kostyum istehsal olunur və deməli, 25 mln, manat əlavə dəyər yara­nır. Tikiş fabriki məh­sulu 250 mln. manata topdan satış təş­kilatlarına, onlar isə öz növbə­sin­də 325 mln. manata pərakəndə ticarət təşkilatlarına satırlar və axırıncı istehslakçılar olan alıcılar kostyumu satın alırlar. Firmaların, məhsul­la­rın istehsalına sərf etdikləri xərclərlə onların satışından əldə etdikləri məbləğ arasındakı fərq hər mərhələdə əmək haqqı, renta tədiyələri və faiz, həmçinin məhsulların istehsalı və tədavülü prosesində istifadə olu­nan ehtiyatlara görə mənfəət for­masında bölünür.
    Nəzərdən keçirilən prosesdə ümdə məsələ ondan ibarətdir ki, istehsal olunmuş kostyumun dəyərinin hansı hissəsi ÜMM-ə daxil edil­mə­lidir? Suala qısa şəkildə belə cavab vermək olar: ÜMM-ə yalnız son məhsulu, yəni 325 mln. manatı daxil etmək lazımdır. Əgər hər mər­hə­lə­də son məhsul hesab edəilən, lakin əslində aralıq məhsul olan məhsul­ları cəmləsək (100+150+175+250+325=1000) və alınan 1000 mln. ma­natı ÜMM adlandırsaq, onda onun dəyərini süni surətdə artırmış olarıq.
    ÜMM-i hesablamaqda məqsəd onun köməyilə il ərzində is­teh­sal olunmuş əmtəə və xidmətlərin dəyərini müəyyən etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün hər il baş verən çoxsaylı qeyri-məhsuldar söv­dələşmələr nəzərə alınmamalıdır. Qeyri-məhsuldar söv­də­ləşmələrin isə iki əsas tipi vardır: 1) Xalis maliyyə sövdələşmələri; 2) Köh­­nə (iş­lə­dil­miş) əmtəələrin satışı.
    Xalis maliyyə sövdələşmələri də üç yerə bölünür: 1) Dövlət trans­fert ödənişləri; 2) Xüsusi transfert ödənişləri; 3) Qiymətli kağız­la­rın alqı-satqısı.
    Dövlət transfert ödənişlərinə sosial sığorta, işsizlərə, əlillərə döv­lət tərəfindən verilən müavinətlər və təqaüdlər daxildir. Bu ödəniş­lərin xüsusiyyəti ondan ibarətdir ki, onu alanlar cari ildə bu pulla məhsul istehsalında iştirak etmirlər. Deməli, dövlət transfert ödə­niş­lərinin ÜMM-ə daxil edilməsi cari ildə həmin göstəricinin şişirdilməsinə gətirib çıxarır. Xüsusi transfert ödənişlərinə, məsələn, universitet tələbə­lərinə ailələrinin hər ay, yaxud da varlı qohumlarının birdəfəlik ver­dik­ləri pul və yardımlar daxildir. Çünki bunlar istehsalın nəticələri deyil, vəsaitin bir şəxs tərəfindən digərinə verilməsidir.
    ÜMM hesablandıqda qiymətli kağızlarla aparılan sövdələş­mə­lər, yəni səhm və istiqrazların alqı-satqısı da onun tərkibinə daxil edil­mir. Çünki bu sövdələşmələr də cari ildə istehsalın həcminin artması de­mək deyildir. Lakin qeyd etmək lazımdır ki, pulun, onu "yığan" ada­mın əlindən çıxması və qiymətli kağızlarla sövdələşmələr aparan ada­mın əlinə keçməsi dolayı yolla istehsalın artmasına səbəb ola bilər.
    Köhnə (işlənmiş) əmtəələrin ÜMM-ə daxil edilməsinin düzgün olmadığını isbat etməyə ehtiyac yoxdur. Çünki bu bir həqiqətdir ki, köhnə əmtəələr ya cari ildə istehsal edilməmişdir, yaxud da eyni bir ildə bir neçə dəfə alınıb-satıldıqda ÜMM-in tərkibində bir o qədər dəfə tək­rarlana bilər. Məsələn, tutaq ki, kimsə 2005-ci ildə istehsal edilmiş və sahibi olduğu "Mersedes" markalı avtomobili kiməsə satmışdır. Bu söv­dələşmə ÜMM-ə daxil edilməməlidir. Ona görə ki, avtomobil cari ildə istehsal olunmamışdır. Deməli, cari ildə istehsal edilmiş məhsullar yal­nız həmin ildə, ÜMM-ə daxil edilir.
    Beləliklə, biz ÜMM-in tərkibini nəzərdən keçirdik və onun nə­dən ibarət olduğunu aydınlaşdırdıq. Lakin bunlar nəzəri müddəa­lardır və burada əsas məsələlərdən biri ÜMM-in hesablanması metod­larının öyrənilməsindən ibarətdir.
 
2.Ümummilli məhsulun hesablanması metodları.
 
    Istehsal olunmuş məhsulların ümumi bazar dəyəri iki üsulla müəyyən edilə bilər. Birinci üsulda istehlakçının son məhslun satın alın­masına sərf etdiyi xərclər, ikinci üsulda isə əmək haqqı, renta tədiyə­ləri, faiz və mənfəət formasında əldə edilən gəlirlər cəmlənir. Bu üsullar eyni problemə iki yanaşma metodunun olduğunu göstərir. Çünki isteh­lakçıların əmtəələrin satın alınmasına sərf etdikləri məbləğ həmin məh­sulların istehsalı prosesində iştirak edənlərin müxtəlif for­malarda əldə etdikləri gəlirlərin nəticəsidir. Bunu kostyum istehsalına dair yuxarıda gətirilən misaldan da aydın görmək olar. Belə ki, bu prosesdə iştirak edən firmaların əldə etdikləri gəlirlərin cəmi (100+50+25+75+75=325) kostyumun istehsalına sərf olunan bütün xərclərə – 325 mln. manata bərabərdir.
    Istehsalla əlaqədar xərclərlə, əldə edilən gəlirlər arasındakı bə­rabərliyə təminat vermək olar. Mənfəət formasında əldə edilən gəlir bu­nu deməyə əsas verir. Məlum olduğu kimi, mənfəət, istehsalçıların məh­sulların satışından əldə etdikləri məbləğdən əmək haqqına, renta tədi­yələrinə və faizin ödənilməsinə  sərf olunan xərclər çıxıldıqdan sonra yerdə qalan gəlir deməkdir. Kostyum istehsal etmək üçün fir­manın əmək haqqının, renta tədiyələrinin və faizin ödənilməsi üçün sərf etdiyi məbləğ onun bazar dəyəri olan 325 mln. manatdan azdırsa, onda bu iki kəmiyyət arasındakı fərq firmanın mənfəət əldə etdiyini, əksinə ol­duq­da isə, zərər çəkdiyini göstərir. Bütövlükdə ölkə üzrə istehsalın ümumi həcmini hesabladıqda da eyni dəlilləri gətirmək olar. 
    Beləliklə, ÜMM-in hesablanmasında istifadə olunan birinci me­toda məhsulun istehsal və ya xərclərə görə hesablanması metodu deyilir. Ikinci metodda isə əldə edilmiş gəlirlər cəmlənir. Bu, ÜMM-in gəlirlər və ya bölgü üzrə hesablanması metodu adlanır. Bunlar belə bir nəticə çıxarmağa imkan verir ki, bu metodlar bir-birinin eynidir və bu­na əsasən aşağıdakı bərabərliyi yazmaq olar:
 
Cari ildə istehsal olunmuş əmtəələrin satın alınmasına    sərf olunan xərclər  = Cari ildə istehsal edilmiş əmtəələrin satışından əldə edilən pul gəlirləri
 

    Lakin bu sadəcə bərabərlik deyil, eynilikdir. Çünki pulun sərf edilməsi ilə, onun əldə edilməsi eyni bir sövdələşmənin iki tərəfidir. 
    Bu eynilik bütövlükdə iqtisadiyyat üzrə də doğrudur. Ona görə ki, ölkədə istehsal olunan bütün məhsullar ya ölkə daxilində təsər­rü­fatın üç bölməsi – ev təsərrüfatları, dövlət, biznes, - yaxud da xarici isteh­lakçılar tərəfindən satın alınır. 
    ÜMM-i xərclərə görə hesabladıqda son məhsulun istehsalı və xidmətlərlə əlaqədar olan bütün xərcləri cəmləmək lazımdır. Fikrimizi bir qədər də sadələşdirsək, ÜMM xərclərə görə hesablandıqda aşa­ğı­dakı ünsürlərdən ibarət olur: 1) Ev təsərrüfatlarının istehlakla əla­qədar xərcləri (C); 2) Biznesin investisiya ilə əlaqdar xərcləri (Iq); 3) Əm­təə və xidmətlərin dövlət tərəfindən satın alınması (G); 4) Əcnəbilər tərəfindən məhsulların satın alınması ilə əlaqədar olan xərclər (Xn).
    Ev təsərrüfatlarının istehlakla əlaqədar xərclərinə uzun müddət istifadə olunan (avtomobil, soyuducu, mebel, videomaqnitafon və i. a.) və gündəlik tələbat məhsullarının (çörək, ət, süd, diş pastası, konyak, araq, siqaret və i.a.) satın alınmasına, habelə göstərilən xidmətlərə (hü­quqşünasın, həkimin, bərbərin, mexanikin və s.) görə ödənilən xərclər daxildir. 
    ÜMM xərclərə görə hesablandıqda istifadə olunan termin­lərdən biri də bütün daxili xüsusi investisiyalardır. Investisiya xərclərinə aşağıdakılar daxildir: 1) Sahibkarlar tərəfindən son məhsul kimi satın alınmış maşın, avadanlıq, dəzgah və s.; 2) Bütün tikinti; 3) Ehtiyatların dəyişməsi.
    Kapital ünsürlərinin – maşınlar, avadanlıqlar və i. a. – inves­tisiya xərclərinə aid edilməsi aydındır. Çünki bu zaman istehsal gücləri artır, istehsalın miqyasının genişlənməsi üçün şərait yaranır. Tikintinin investisiyaya aid edilməsi məsələsində isə bəzi məqamların aydın­laş­dı­rılmasına ehtiyac var. Məlumdur ki, istehsal təyinatlı yeni binaların ti­kintisi birbaşa investisiyalara aiddir. Bəs, nə üçün mənzil tikintisi is­teh­lak kateqoriyasına deyil, investisiya kateqoriyasına aid edilməlidir. Bu, onunla əlaqədardır ki, istehsal təyinatlı binalar kimi, çoxmənzilli yaşayış evləri də gəlir gətirir. Icarəyə (kirayə) verilən digər yaşayış evləri də bu səbəbə görə investisiya əmtəələrinə aid edilir. Sahibkarın mülkiyyətində olan, lakin icarəyə (kirayə) verilməyən başqa yaşayış binaları da inves­tisiya əmtəələrinə daxildir. Çünki onlar da gəlir əldə etmək məq­sədilə istənilən vaxt icarəyə (kirayə) verilə və gəlir gətirə bilər. Bu səbəbə görə də bütün mənzil tikintisi investisiya anlayışına daxil edilir. 
    Bəs, ehtiyatların dəyişməsi nə üçün investisiyaya aid edilir? Ona görə ki, ehtiyatların artımı əslində "istehlak edilmiş məhsullardır" və investisiyadan başqa bir şey deyildir.
    ÜMM göstəricisini hesablamaqda məqsəd cari ildə istehsalın həcmini müəyyən etməkdən ibarət olduğuna görə onun tərkibinə satılıb – satılmamasından asılıı olmayaraq həmin ildə istehsal olunmuş bütün məhsullar daxil edilməlidir. Başqa sözlə, bir halda ki, ÜMM istehsalın ümumi həcminin düzgün ölçüsüdür, onda bütün ehtiyatların il ərzində artımı onun tərkibinə daxil edilməlidir. Çünki ehtiyatların artımının nə­zərə alınmaması istehsalın illik həcminin azalması demək olardı. Əgər ilin əvvəlinə nisbətən ilin axırında rəflərdə və anbarlarda daha çox əm­təə yığılıb qalmışdırsa, bu o deməkdir ki, ölkədə il ərzində istehlak olun­duğundan çox istehsal edilmişdir və bu artım ÜMM-ə daxil edilməlidir. Ehtiyatlar azaldıqda isə bu, il ərzində istehsal olun­du­ğun­dan çox istehlak edildiyini göstərildiyi üçün həmin fərq ÜMM-ə daxil edilmir.
    Investisiyaya daxil edilməyən ünsürlərin müəyyən olunması da az əhəmiyyət kəsb etmir. Daha konkret desək, məsələn, qiymətli kağız­ların əldən-ələ keçməsi investisiyaya aid edilmir. Çünki bu, mül­kiyyət hüququnun sadəcə olaraq bir şəxsdən digərinə keçməsi de­məkdir. Bu sözlər mövcud aktivlərin yenidən satılmasına da aiddir. 
    Milli hesabları tərtib edərkən aşağıdakı anlayışlardan istifadə olunur: 1) Ümumi investisiyalar; 2) Xüsusi investisiyalar; 3) Daxili in­ves­­tisiyalar.
    Xüsusi və daxili investisiyalar o deməkdir ki, onlar xarici şir­kətlər tərəfindən deyil, ölkə daxilindəki şirkətlər tərəfindən həyata ke­çi­rilir.
    Lakin "bütün" anlayışını müəyyən etmək təsəvvür olunduğu qə­dər asan deyildir. Bütün daxili xüsusi investisiyalara cari ildə istehsal prosesində istehlak olunmuş maşınlar, avadanlıqlar və qurğuların yeni­ləri ilə əvəz olunması üçün nəzərdə tutulan investisiya əmtəələri, iqtisa­diyyatda tətbiq olunan kapitala edilmiş hər cür əlavələr daxildir. De­mə­li, ümumi investisiyalar dedikdə ödəmə məbləği və inves­tisi­yala­rın artı­mı nəzərdə tutulur. Digər tərəfdən, "xalis daxili xüsusi investisi­yalar" anlayışından istifadə edilir ki, bu da öz növbəsində cari ildə həyata keçirilmiş əlavə investisiyalara xarakteristika vermək üçün la­zım­dır. Bu göstərici həm də bir sıra mətləbləri aşkarlamağa imkan verir. Bunu aşa­ğıdakı misalla izah edək. Tutaq ki, hər hansı bir ölkədə 2006-cı ildə 85,0 mlrd. dollarlıq investisiya əmtəələri istehsal edilmişdir. ÜMM-in isteh­salı prosesində isə 54,5 mlrd. dollar məbləğində maşın və avadanlıqlar istehlak olunmuşdur. Deməli, ölkədə həmin il kapital yı­ğımına 30,5 mlrd. dollar (85,0 mlrd. dollar – 54,5 mlrd. dollar) əlavə edil­mişdir. Buradan aydın olur ki, 2006-cı ildə ümumi investisiya 85,0 mlrd. dollar təşkil etdiyi halda, xalis investisiyalar 30,5 mlrd. dollar olmuşdur. 
    Ümumi investisiya ilə cari ildə istehlak olunmuş kapital–amortizasiya məbləği–arasındakı fərq iqtisadiy­yatın yüksəliş, durğun­luq və ya azalma vəziyyətində olması haqqında mühakimə yürütməyə imkan verir. Daha doğru­su, ümumi investisiyalar amortizasiyadan çox olduqda bu, istehsal güclərinin artdığını, iqtisadiyyatın yüksəliş mər­hələ­sində olduğunu göstərir. Ümumi investisiyalarla amortiza­siya bir-birinə bərabər olduqda bu, iqtisadiyyatda durğun­luğun hökm sürdü­yü­nü, yəni, ÜMM-in istehsalı pro­sesində istehlak olunmuş kapital qədər, kapital ünsürləri istehsal olunduğunu göstərir. Ümumi inves­tisiyalar amorti­zasiyadan az olduqda, yəni il ərzində istehlak olun­duğundan az kapital istehsal edildikdə isə bu, iqtisadiyyatın tənəzzül vəziyyətində olmasına dəlalət edir. Bu zaman iqtisadiyyata inves­tisiya qoyuluşu aza­lır. Durğunluq da eyni vəziyyətin meydana gəlmə­sinə əlverişli şərait yaradır. Istehsal və məşğulluq azalmağa doğru meyl etdikdə ölkə iqti­sadiyya­tında istifadə olunduğundan çox istehsal gücləri olur. Nəticədə köhnəlmiş kapitalın dəyişdirilməsinə maraq ya azalır, ya da heç olmur. Amortizasiya ümumi investisiyaya nisbətən artır. Bu isə ilin əvvəlinə nisbətən ilin axırında kapitalın həcminin azalmasına gə­ti­rib çıxarır.
    ÜMM hesablandıqda əmtəələrin dövlət tərəfindən satın alın­ması və xidmətlər üzrə xərclər də nəzərə alınmalıdır. Buraya müəssi­sələrin son məhsullarının və bütün ehtiyatların, xüsusilə də işçi qüvvə­sinin dövlət tərəfindən satın alınması ilə əlaqədar olan xərclər daxildir. 
    ÜMM xərclər üzrə müəyyən olunduqda ölkənin ixrac etdiyi məh­sulların dəyəri də nəzərə alınmalıdır. Məlum olduğu kimi, ölkə idxal olunan məhsulların satın alınmasına müəyyən məbləğdə vəsait sərf edir. Lakin bu məhsullar başqa ölkələrdə istehsal olunduğuna və həmin ölkələrin ÜMM-nə daxil edildiyinə görə  onların dəyəri onu idxal edən ölkənin UMM-nə daxil edilməməlidir.
    Bu iki göstəricinin uçotunu aparmaq üçün bir qayda olaraq onların arasındakı fərq müəyyən edilir və ona xalis ixrac, yaxud da xa­lis idxal deyilir. Ixrac olunan əmtəələrin və göstərilən xidmətlərin bazar dəyəri, idxal üzrə eyni dəyərdən çox olduqda bu, xalis ixracı, əksinə olduqda isə xalis idxalı əmələ gətirir. Məsələn, tutaq ki, 2006-cı ildə hər hansı bir ölkədən 14,5 mlrd. dollarlıq əmtəə ixrac olunmuş, 18,7 mlrd. dollarlıq isə əmtəə idxal edilmişdir. Bu o deməkdir ki, həmin il xalis idxal 4,2 mlrd. dollara bərabər olmuşdur. Xalis ixracın xalis idxaldan çox olması ölkənin yüksək iqtisadi inkişaf səviyyəsində olduğunu gös­tərir.
    Beləliklə, nəzərdən keçirilən aşağıdakı dörd xərc kateqoriyası­nın köməyilə ÜMM müəyyən edilir: 1) Şəxsi istehlakla əlaqədar olan xərclər; 2) Bütün daxili xüsusi investisiyalar; 3) Əmtəə və xidmətlərin dövlət tərəfindən satın alınması; 4) Xalis ixrac. Bunu aşağıdakı düsturla ifadə etmək olar:
 
ÜMM = C + Iq + G + Xn
 
    Yuxarıda göstərildiyi kimi, iqtisadiyyatda əldə edilən gəlir əmək haqqı, renta tədiyələri, faiz və mənfəətə bölünür. Və adamda belə təsəvvür yaranır ki, bunları cəmləməklə, ÜMM-in bazar dəyərini asan­lıq­la müəyyən etmək olar. Lakin ÜMM-də vəsaitin bölünməsinin gəlir­lə­rin ödənilməsi ilə əlaqədar olmayan iki növünün mövcudluğu, vəziy­yə­ti bir qədər mürəkkəbləşdirir. Bunlardan biri kapitalın istehlak edil­məsi ilə əlaqədar olan ayırmalar, digəri isə biznes üzrə müəyyən olun­muş dolayı vergilərdir.
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>
Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (21.11.2013) | Müəllif: R.C E W
Baxış: 5123 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more