Əsas » Məqalə » İqtisadiyyat

İqtisadi nəzəriyyə-13
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>

    Beynəlxalq kredit dövlətin özü, bankları və xüsusi şəxslər tərə­findən digər ölkələrə verilən kreditdir. Beynəlxalq maliyyə təşki­latları da kredit verirlər. Beynəlxalq kreditin iki forması vardır: 1) Kom­mersiya krediti; 2) Bank krediti. Beynəlxalq kredit təyinatına görə də iki yerə bölünür: 1) Məhsuldar kredit; 2) Qeyri-məhsuldar kredit. Kreditdən bi­rinci halda təsərrüfat ehtiyacları üçün maşınlar, avadanlıqlar, xammal və materiallar satın almaq, ikinci halda isə qeyri-məhsuldar məqsədlər, məsələn, müharibəyə hazırlaşmaq məqsədilə iqtisadiyyatı hərbiləşdir­mək üçün istifadə edilir.
    Beynəlxalq kredit müddətinə görə qısa (bir ilədək), orta (bir ildən beş ilədək) və uzun müddətli (beş ildən çox) ola bilər. Pul for­ma­sında beynəlxalq kreditə dövlətin xarici borcu deyilir. Beynəlxalq kre­dit­dən əksəriyyət hallarda satış bazarlarını, xammal mənbələrini və nü­fuz dairələrini ələ keçirmək üçün istifadə olunur. Inkişaf etmiş ölkələr beynəlxalq krediti həm də müəyyən şərtlərlə verirlər. Bu şərtlərə kre­ditdən hansı məqsəd üçün istifadə edilməsi, əmtəələrin hansı hissəsinin borc verən ölkədən satın alınmasına yönəldilməsi və s. aiddir. 
    Beləliklə, kredit–cəmiyyətin sosial-iqtisadi inkişafında böyük rol oynayır və bazar iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir.
    Kreditin mahiyyəti və vəzifələri kredit sistemi vasitəsilə real­laşdırılır. Kredit sistemi isə iki cəhətdən nəzərdən keçirilir: 1) Funk­sio­nal cəhətdən; 2) Təsisat cəhətdən.
    Kredit sisteminə funksional cəhətdən yanaşdıqda kredit münasibətlərinin, kreditləşdirmənin forma və metodlarının toplusu nəzərdə tutulur. Bu zaman kredit sisteminin bank, kommersiya, istehlak, dövlət və beynəlxalq kreditdən ibarət olduğu təsəvvür edilir.
    Kredit sisteminə təsisat cəhətdən yanaşdıqda, kreditləşdir­mə­nin əsas prinsiplərinə uyğun olaraq pul vəsaitlərini formalaşdıran, ya­xud da onu cəlb edən və borc verən kredit təsisatlarının toplusu nə­zər­də tutulur.
    Kredit təsisatı mənfəət götürmək məqsədilə aşağıdakı bank əmə­liyyatlarının hamısını, yaxud da onların bir hissəsini yerinə yetirə bilən hüquqi şəxs deməkdir: 1) Fiziki və hüquqi şəxslərin pul vəsaitləri­ni əmanət qoyuluşu kimi cəlb etmək (fiziki şəxslərin pul vəsaitini fəa­liyyət göstərdiyi müddət bir ildən çox olan təşkilatlar cəlb edə bilərlər); 2) Bu vəsaitləri öz adına olan hesablarda yerləşdirmək; 3) Hüquqi və fi­zi­ki şəxslərin bank hesablarını açmaq və aparmaq; 4) Hesab sahiblə­ri­nin tapşırığı ilə hesablaşmaları həyata keçirmək; 5) Pul sənədlərini inkas­so1 etmək, kassa xidməti göstərmək; 6) Xarici valyutaları satın almaq və satmaq; 7) Qiymətli metalları cəlb etmək və yerləşdirmək; 8) Zə­manət vermək.
    Kredit təşkilatları olan banklar ilk üç əməliyyatı, qeyri-bank təşkilatları isə yalnız ayrı-ayrı əməliyyatları yerinə yetirə bilərlər. Kredit təşkilatları, həmçinin müxtəlif növ sövdələşmələri–faktorinq və lizinq əməliyyatlarını–yerinə yetirə, məsləhət və seyfləri icarəyə verə, isteh­sal, sığorta və ticarət fəaliyyətindən başqa,  digər fəaliyyət növləri ilə də məşğul ola bilərlər.
    Mənfəət götürmək məqsədi güdülməyən birgə vəzifələrin həll edilməsi üçün kredit təşkilatları ittifaqlar və assosiasiyalar, bank əmə­liy­yatlarını birgə aparmaq üçün isə qruplar və holdinqlər yarada bilər­lər. Kredit təşkilatları öz fəaliyyətlərini qüvvədə olan qanunve­ricilik, özlərinin nizamnamələri və alınmış lisenziya əsasında həyata keçirir, mü­əyyən edilmiş səviyyədən az olmamaqla özlərinin nizam­namə kapi­tal­larını formalaşdırırlar.
    Ayrı-ayrı ölkələrin kredit sistemlərində müxtəliflik olsa da, onların ümumi cəhətləri də vardır. Bu, ondan ibarətdir ki, onların ha­mı­sında kredit sistemi bank sistemindən, habelə müvəqqəti sərbəstləşən pul vəsaitlərini səfərbərliyə ala və onları müddətli, faizli və qaytarılmaq şərtilə yerləşdirə bilən qeyri-bank təsisatlarından ibarətdir. Beynəlxalq təc­rübədə qeyri-bank kredit-maliyyə müəssisələrinə investisiya fond­ları, maliyyə və sığorta şirkətləri, qeyri-dövlət pensiya fondları, əma­nət kas­sa­ları, lombardlar daxil edilir. Bu təsisatlar forma cəhətdən bank ol­ma­salar da, bir çox bank əməliyyatlarını yerinə yetirir və banklarla rəqa­bət aparırlar. Lakin bunlara baxmayaraq, dövlətin kredit sisteminin əsasını bank sistemi təşkil edir.
 
2. Banklar və onların növləri. Bank əməliyyatları.
 
    Kredit sisteminin mərkəzində banklar dururlar. Onların yerinə yetirdikləri vəzifələrin kökləri qədim dövrlərə– Qədim Babilistan, Mi­sir, Yunanıstan və Roma imperiyası–gedib çıxır. Müa­sir bankların ilk varisləri Florensiya və Venesiyada (1587-ci il) meydana gəlmişdir. O dövrdə bankların əsas vəzifələri pul vəsaitlərini əmanətə qəbul etmək­dən və nəqd olmayan hesablaşmaları aparmaqdan ibarət olmuşdur. Sonralar bu prinsip nəzərə alınmaqla Amsterdamda (1605-ci il) və Hamburqda (1618-ci il) bank yaradılmışdır.
    Ayrı–ayrı ölkələrdə maliyyə–kredit təsisatları mərkəzi bank­lara, kommersiya banklarına və ixtisaslaşdırılmış kredit təşkilatlarına bölünür.
    Mərkəzi banklar banknot buraxılmasını həyata keçirir və döv­lət müəssisəsi hesab olunurlar. ABŞ-da mərkəzi bank (federal eh­tiyat sistemi) qarışıq mülkiyyətdədir.
    Kommersiya bankları sənaye, ticarət və digər müəssisələrin kreditləşdirilməsi ilə əlaqədar əməliyyatları həyata keçirən xüsusi və dövlətə məxsus olan banklardır. Onların əsas vəsait mənbəyi əmanət şəklində qəbul etdikləri pul kapitalıdır. "Kommersiya bankları" ter­mi­ninin meydana gəlməsi XVII əsrdə onların ticarətə və yeni meydana gəlməkdə olan sənayeyə xidmət etməyə başlamaları ilə əlaqədardır.
    Xüsusi kredit təsisatları müxtəlif növ kreditlər verilməsi sahə­sində ixtisaslaşdırılmış bank və qeyri-bank təşkilatlarından ibarətdir. Məsələn, xarici ticarət bankları əmtəələrin idxal-ixracının kredit­ləş­diril­məsi, ipoteka bankları və şirkətləri daşınmaz əmlak müqabilində uzun­müddətli kredit verilməsi sahəsində ixtisaslaşmışlar.
    Bundan başqa, valyuta və pul - kredit münasibətlərini tənzi­m­ləmək məqsədilə dövlətlərarası razılaşma əsasında beynəlxalq banklar–Beynəlxalq yenidənqurma və inkişaf bankı (Dünya Bankı) və onun fili­alları–Beynəlxalq Inkişaf Assosiasiyası və Beynəlxalq Maliyyə Korpora­siyası, Beynəlxalq Hesablaşmalar Bankı, Regional Beynəlxalq Inkişaf Bankı, o cümlədən Avropa Yenidənqurma və Inkişaf Bankı, Asiya Inki­şaf Bankı, Islam Inkişaf Bankı və başqa banklar yara­dılmışdır. Azər­baycan Respublikası bunların hamısının tam hüquqlu üzvüdür.
    Mərkəzi bank aşağıdakı vəzifələri yerinə yetirir:
1) Ölkənin emissiya mərkəzidir. Bu, mərkəzi bankın ən qədim və başlıca vəzifələrindən biridir. Müasir şəraitdə dövriyyədə nəqd pul kütləsinin olması bir o qədər böyük əhəmiyyət kəsb etməsə də, mərkəzi bankın ölkənin emissiya mərkəzi olması öz əhəmiyyətini yenə də sax­la­yır. Çünki hələ də ödəmələr və kredit sistemi üçün nəqd pullar lazımdır.
2) Kommersiya bankları üçün kassa ehtiyatlarının səfərbərliyə alınması və saxlanılması vəzifəsini yerinə yetirir. Bu, o deməkdir ki, milli kredit sisteminin üzvü olan hər bir bank mərkəzi bankda olan ehtiyat hesabındakı əmanətlərin həcmi nəzərə alınmaqla müəyyən edilmiş nor­mada vəsait saxlamağa borcludur. Ehtiyat normalarının dəyiş­dirilməsi pul-kredit siyasətinin əsas metodlarından biridir. Mərkəzi bank həm də ənənəyə görə ölkənin malik olduğu rəsmi qızıl-valyuta ehtiyatlarını sax­layır.
    Kommersiya banklarının vəzifələri isə bunlardır: müddətsiz de­pozitləri qəbul edir, (cari hesabları aparır), ona ünvanlanmış çeklərin dəyərini ödəyir, sahibkarlara kredit verir. Kommersiya banklarını bir çox hallarda "maliyyə univermaqları" və ya supermarket kredit tə­si­sat­ları da adlandırırlar. Çünki bu kredit təşkilatları da milli iqtisa­diyyat miqyasında hesablaşmaları həyata keçirir və pul tədavülünü təşkil edir­lər. Onların apardıqları əməliyyatlar əsasında kredit pulları (çeklər, bank vekselləri) meydana çıxır.
    XX əsrin 80-90-cı illərində ayrı-ayrı ölkələrdə kommersiya banklarının sığorta biznesinə fəal müdaxilə etməsi prosesi başlamışdır. Bunun nəticəsində kommersiya banklarının göstərdikləri xidmət dairəsi daha da genişlənmişdir. Onların universallaşdırılması prosesinin yaxın gələcəkdə davam edəcəyi istisna deyildir.
    Ixtisaslaşdırılmış kredit təşkilatları (maliyyə-kredit təsisat­ları) XIX əsrdə meydana gəlmişlər. Lakin onlar uzun müddət pul-kredit dai­rə­sində kommersiya bankları ilə ayaqlaşa bilməmişlər. Buna baxma­ya­raq, ikinci dünya müharibəsindən sonra bazar iqtisadiyyatının in­kişaf etmiş olduğu ölkələrdə onların rolu kəskin surətdə artmışdır.  Bu, bir tərəfdən onların yerinə yetirdikləri əməliyyatların artması, digər tə­rəf­dən isə kommersiya banklarının fəaliyyət dairəsinə nüfuz etmələri ilə əlaqədardır. Buna pensiya fondlarını misal göstərmək olar. Son onillik­lər­də bu fondlarda olan vəsait çox sürətdə artmış və Qərbdə onlar qiy­mətli kağızların ən iri alıcılarından birinə çevrilmişlər.
    Investisiya bankları emissiya – təsisetmə fəaliyyəti ilə məşğul olurlar. Başqa sözlə, fond bazarlarında yerləşdirmək üçün qiymətli ka­ğızların buraxılması əməliyyatlarını yerinə yetirir və gəlir əldə edirlər. Onların depozitə qəbul etmək və özlərinin xüsusi səhmlərinin satışı, ya­xud da kommersiya banklarının krediti hesabına kapital cəlb etmək səlahiyyətləri yoxdur. Onlar öz kapitallarından müxtəlif sahələrə uzun­müddətli kredit vermək üçün istifadə edirlər.
    Kredit sistemində başlıca yerlərdən birini də kiçik əmanətləri qəbul edən geniş əmanət müəssisələri qrupu tutur. Əmanət müəs­sisələ­ri­nin müxtəlif növləri vardır. Bunlara əmanət bankları və kassalarını, qarı­şıq əmanət banklarını (ABŞ-da kooperativ bank müəssisələrinin müxtə­lif növləri), məxfiəmanət banklarını (Böyük Britaniya), borc-əmanət banklarını (ABŞ), kredit ittifaqlarını və assosiasiyalarını və s. misal göstərmək olar.
    Sığorta şirkətləri üçün vəsaiti səfərbərliyə almağın spesifik for­maları–sığorta vəsiqələrinin satışı–səciyyəvidir. Onlar əldə etdikləri vəsaitə digər şirkətlərin istiqrazlarını və səhmlərini, dövlətin buraxdığı qiymətli kağızları satın alır, müəssisələrə və dövlətə uzunmüddətli kre­dit verirlər.
    Pensiya fondları özlərinin təşkili və idarə edilməsinə, aktivlərin quruluşuna görə fərqlənirlər. Məsələn, sığorta şirkətləri tərəfindən idarə olunan sığortalanmış müəssisələr, yaxud da onların razılığı ilə banklar tərəfindən idarə edilən sığortalanmış fondlar vardır.
    Investisiya şirkətləri öz öhdəliklərini (səhmlərini) xırda sahib­karlar arasında yayır və bu vəsaitdən müxtəlif sahələrin qiymətli kağızlarının satın alınması üçün istifadə edirlər. Xırda investorlar investisiya şirkətlərinin öhdəliklərini (səhmlərini) həvəslə alırlar. Çünki vəsaitin müxtəlif müəssisələrin səhmlərinin satın alınmasına yönəldilməsi nəticə etibarilə əmanətin itirilməsi təhlükəsini azaldır. 
    Bankların yerinə yetirdikləri vəzifələr öz əksini onların apar­dıqları əməliyyatlarda tapır. Bank əməliyyatlarının aşağıdakı növ­ləri vardır: 1) Passiv əməliyyatlar; 2) Aktiv əməliyyatlar; 3) Xidmət göstə­ril­mə­si ilə əlaqədar olan əməliyyatlar; 4) Bankların xüsusi əməliyyatları.
    Bankların apardıqları passiv və aktiv əməliyyatlar daha geniş yayılmışdır və əldə edilən mənfəətəin çox hissəsi onların payına düşür. 
    Vəsaitin cəlb edilməsi ilə əlaqədar olan əməliyyatlara passiv, bu vəsaitin yerləşdirilməsi və ondan istifadə edilməsi ilə əlaqədar olan əməliyyatlara isə aktiv əməliyyatlar deyilir. Bank ehtiyatları isə onun özünün xüsusi vəsaitindən, cəlb edilmiş vəsaitlərdən və qiymətli kağız­lardan ibarətdir. Bankların bütün ehtiyatlarının cüzi bir hissəsini xüsu­si vəsait (məsələn, ABŞ-da təqribən 8-10%-i), çox hissəsini isə cəlb edilmiş vəsait (depozit1) və qiymətli kağızlar təşkil edir.
    Bank yaratmaq üçün əvvəlcə müəyyən məbləğdə xüsusi kapi­tala malik olmaq lazımdır. Lakin bu, xüsusi bank təşkil etmək üçün yal­nız başlanğıc nöqtəsidir. Çünki bank əməliyyatları cəlb edilmiş vəsa­itlərə əsaslanır. Intisadi cəhətdən inkişaf etmiş ölkələrdə xüsusi kapital­la cəlb edilmiş kapital arasındakı nisbət 1:10–1:100 arasında tərəddüd edir.
    Depozit dedikdə bankın müştərilərinin (əmanət qoyuluşundan başqa) bütün müddətli və müddətsiz əmanətləri nəzərdə tutulur. Depo­zit kimi qoyulan vəsaitin mənbələri müxtəlifdir. Bünlar müəs­sisələrin, dövlət idarə və təşkilatlarının hesablarında, işçi və qulluqçuların əmək haqqı hesabında olan və müvəqqəti istifadə edilməyən vəsait­lərdən iba­rətdir. Depozitlər də iki qrupa bölünür: 1) Tələb olunanadək; 2) Müd­dətli depozitlər. Əmanət, birinci halda əmanətçinin ilk tələbi ilə ödənilir. Bu əmanət üzrə faiz dərəcəsi aşağıdır. Bəzi ölkələrdə isə əma­nətin bu növü üzrə faiz hesablanması qadağan olunmuşdur. Depozitin bu növü ilk növbədə cari hesablaşmaları aparmaq üçün nəzərdə tutul­muşdur.
    Banklarda hər gün tədiyə hesablaşmalarının aparılması müəy­yən məbləğdə xərc tələb edir. Bankların, bununla əlaqədar olan xərcləri onunla ödənilir ki, bankda "tələb olunanadək" hesabı olan müştərilər özlərinin pul vəsaitindən il ərzində birdən-birə, tamamilə istifadə etmir­lər. Başqa sözlə, müştərilərin hesablarında necə deyərlər həmişə qalıq olur ki, banklar bundan mənfəət əldə etmək üçün borc vermək məq­sədilə istifadə edirlər.
    Müddətli əmanət isə müəyyən edilmiş müddət başa çatdıqdan sonra ödənilir. Bunun iki növü vardır: 1) Xüsusi müddətli əmanətlər; 2) Və­sai­tin götürülməsinə dair qabaqcadan xəbərdarlıq edilmək şərti ilə qoyulan müddətli əmanətlər. Xüsusi müddətli əmanətlər sahibinə qa­baq­cadan müəyyən olunmuş vaxtda qaytarıla bilər. Deməli, müddət başa çatanadək həmin vəsaitə bankın sərəncam vermək səlahiyyəti vardır. Müddətli əmanət, sahibi tərəfindən müəyyən olunmuş vaxtda götü­rül­mədikdə bank ona cari hesabda olan vəsait kimi sərəncam vermək səla­hiyyətinə malik olur. Belə əmanətlərin qəbul olunduğu müddət aşağı­da­kı dörd qrupa bölünür: 1) 30 gündən 89 günədək; 2) 90 gündən 179 gü­nədək; 3) 180 gündən 359 günədək; 4) 360 gündən çox müddətə qəbul olunan əmanətlər.
    Xüsusi müddətli əmanətlər müqavilə vaxtı qurtardıqda, sahibi onu istənilən hər sonrakı gün götürə bildiyi halda, qabaqcadan xəbər­darlıq olunmaqla müddətli əmanətləri götürmək üçün onun sahibi xüsu­si ərizə ilə müraciət etməlidir. Xəbərdarlıq müddəti isə 1 aydan 3 aya­dək, 3 aydan 6 ayadək, 6 aydan 12 ayadək, 12 aydan yuxarı ola bilər. Bu əmanətçilər qrupunun hər biri üçün müvafiq faiz norması müəyyən olu­nur.
    Əmanət qoyuluşları üçün səciyyəvi olan cəhət ondan ibarətdir ki, onlar ləng artır, sahibinə pulun əmanətdə olmasına dair vəsiqə-əmanət kitabçası verilir. Ayrı-ayrı ölkələrdə əmanət qoyuluşlarının iki növü vardır. Bunlardan biri əmanətin götürülməsinə dair qanunla müəy­yən edilmiş, digəri isə müqavilədə nəzərdə tutulmuş müddətlərdə xəbər­darlıq edilməsidir.
    Bankların passiv əməliyyatlarına cəlb edilmiş vəsait də (başqa banklardan alınmış kredit) aiddir. Passiv əməliyyatların bu növü adi kredit sövdələşmələri deməkdir. Burada təşəbbüskar bankdır. Çünki ona müəyyən müddətdə, müəyyən məbləğdə pul vəsaiti lazımdır, bu məqsədlə də o, pul bazarına üz tutur.
    Passiv əməliyytların bir qrupu da ipoteka və bank istiq­raz­larının buraxılmasıdır. Bu əməliyyatların mahiyyəti ondan ibarətdir ki, onların vasitəsilə bank qiymətli kağızları verməklə pul vəsaitini səfər­bərliyə alır.
    Bankların aktiv əməliyyatlarında kredit əməliyyatları və qiy­mətli kağızlarla aparılan əməliyyatlar bir-birindən ayrılır. Bun­lardan birincisinə ssuda, ikincisinə fond əməliyyatları deyilir. Bundan başqa, banklar kassa, aksept əməliyyatlarını, xarici valyutalar, daşınmaz əm­lakla əlaqədar sövdələşmələri də həyata keçirirlər.
    Kredit əməliyyatları aşağıdakı əlamətlər üzrə təsnifləşdirilə bilər:
1) Təminatdan asılı olaraq: təminolunma tələb edilmədən (blank) və təminolunma tələb edilməklə aparılan kredit əməliyyatları. Təminolunma tələb edilməklə aparılan kredit əməliyyatları  da aşa­ğı­dakı növlərə ayrılır: veksel (veksel satın almaqla verilən kredit) əməliy­yatları, əmtəə və ya qiymətli kağızları satın almaqla verilən kreditlər. Təmi­natı olan kredit növlərindən biri də qiymətli kağızların girov qo­yul­ması müqabilində mərkəzi və kommersiya bankları tərəfindən ve­rilən lombard kreditidir.
2) Ödənilmə müddətinə görə: tələbolunanadək, başqa sözlə, borclunun və ya bankın tələbi ilə ödənilən, qısa müddətli (bir ilədək), orta müddətli (1 ildən 5 ilədək) və uzunmüddətli (beş ildən yuxarı) kreditlər.
3) Ödənilmənin xarakterinə görə: birdəfəlik və hissə-hissə ödə­nilən kredit.
4) Faizin alınması metoduna görə: faiz, kredit verildikdən dər­hal sonra (veksellərin uçotu, istehlak kreditinin verilməsi) və ya kredit qaytarıldıqda, yaxud da kreditin verildiyi müddət ərzində bərabər his­sələrlə tutulur.
5) Borcluların kateqoriyalarına görə. Bu əlamət üzrə kreditin dövd növü vardır: a) Kommersiya krediti; b) Fond birjalarının vasitə­çi­lə­ri­nə verilən kredit; c) Kənd təsərrüfatı krediti; q) Son istehlakın kredit­ləş­­di­rilməsi ilə əlaqədar verilən kredit.
    Kommersiya krediti müəssisələrə müvəqqəti dövriyyə kapitalı çatışmazlığını və əsas kapital üzrə qoyuluşları tamamlamaq, istehsalı genişləndirmək və s. məqsədlər üçün verilir. Fond birjalarının vasitə­çilərinə isə kredit, qiymətli kağızları satın almaq və birja əməliyyat­la­rında istifadə etmək üçün verilir. Kənd təsərrüfatı krediti özü də iki yerə bölünür: 1) Iri kapital xərclərini ödəmək üçün torpaq, tikililər və s. gi­rov qoyulması müqabilində verilən ipoteka krediti; 2) Müvəqqəti (mə­sə­lən, məhsul reallaşdırılarkən meydana çıxan) ehtiyacların ödə­nilməsi üçün verilən qısa müddətli kredit. Son istehlakın kreditləş­diril­məsi üç formada mümkündür: 1) Mənzil tikintisinin girov qoyulması müqabi­lin­də verilən kredit; 2) Hissə-hissə ödənilməklə istehlak əmtəə­lərinin sa­tın alınması üçün verilən kredit; 3) Müddəti başa çatdıqda bir­dəfəlik ödənilən kredit.
    Bankların borcvermə əməliyyatları olduqca mürəkkəb və çox­pil­­ləli prosesdir. Borc götürən, banka kreditin məqsədi, müddəti, ödə­nil­məsi qrafiki və s. məlumatlar olan rəsmi sənədlə müraciət edir. Bun­dan başqa o, özünün istehsal və maliyyə fəaliyyətinin bütün tərəfləri (is­tehlak kreditində isə şəxsi vəsaiti, gəliri, iş yeri və i.a.) haqqında ətraflı məlumat verməyə borcludur. Kiçik firmalar "təminat", həmçinin zəma­nətçi (zəmanət verən) təqdim etməlidir. Kreditin verilməsinə dair sifa­rişlər bankın "uçotssuda" əməliyyatları idarəsinə daxil olur. Bura­dan isə onu borc götürmək istəyənin ssudanı ödəyə biləcəyinə dair imka­nı­nın qiymətləndirilməsi üçün kredit şöbəsinə göndərirlər. Sifariş iki-üç direktordan ibarət olan uçot-ssuda komitəsində nəzərdən ke­çirilir. Bü­tün sifarişlər üzrə bu orqanın tövsiyələri vaxtaşırı direktorlar şurasına bildirilir. Direktorlar şurası isə kreditin verilib-verilməməsi haqqında qərar qəbul edir.
    Xarici ölkələrin əksəriyyətində şirkətlərə kredit, limitin-"kre­dit xəttinin"-açılması formasında verilir. Məsələn, Ingiltərədə "Over­draft" üzrə limit müəyyən edilir. "Overdraft" bank tərəfindən müştəriyə onun cari hesabındakı qalıqdan artıq məbləğdə kredit verilməsi demək­dir. Kredit xəttinin açılması bankla borc götürən arasında razılıq əldə edildiyini göstərir. Limit müəyyən müddətə, məsələn, bir il müddətinə təyin edilir. Bu müddət ərzində borc götürən, bankla əlavə danışıqlar aparmadan istənilən vaxt ssuda götürə bilər. Lakin borc götürənin və­ziyyəti pisləşdiyi halda, bank təsdiq olunmuş limit daxilində ssuda ver­məkdən imtina etmək səlahiyyətini özündə saxlayır. "Kredit xət­tinin" açılması bir qayda olaraq bankın borc götürən qarşısında müəy­yən tə­ləb qoyması ilə müşayiət edilir.  Bu tələb ondan ibarətdir ki, borc götü­rən özünün cari hesabında adətən kreditin 20%-dən az olmayan məb­lə­ğini saxlamalıdır. Bununla da bank bütün kredit məbləğini götürməyə, yaxud da, onun başqa banka köçürülməsinə imkan ver­məməklə borc­lu­nu özündən asılı vəziyyətdə saxlayır.
    Ölkələrin çoxunda banklar ilkin və ya baza faiz dərəcələri (ingiliscə prime rate, base rate) müəyyən edirlər ki, bunlar da birinci dərəcəli borclular tərəfindən təminat verilmiş ssudalar üzrə hesablanır. Bu, kreditlər üzrə faizin ən aşağı səviyyəsidir.
    Kreditlər üzrə faiz dərəcələri onun növü və həcmindən, borc götürənin kapitalının kəmiyyətindən, onun bankla olan əlaqələrindən asılı olaraq fərqləndirilir. Faiz dərəcəsinin artmasına görə kreditləri aşağıdakı kimi sıralamaq olar: birinci dərəcəli borclular üzrə təminat verilməyən kreditlər (ilkin faiz dərəcələri), birjalarda qiymətli kağızlara, əmtəələrə və avadanlıqlara görə verilən kreditlər, debitor borclarına görə verilən kreditlər, təminat tələb olunmayan kənd təsərrüfatı krediti, istehlak krediti.
    Bankların fond əməliyyatlarına qiymətli kağızlarla aparılan müxtəlif əməliyyatlar, məsələn, xüsusi investisiyalar üçün qiymətli ka­ğızların satın alınması, təzə buraxılmış qiymətli kağızların ilkin yerləş­dirilməsi, müştərinin tapşırığı ilə qiymətli kağızların satın alınması və satılması, qiymətli kağızlar müqabilində ssuda verilməsi və s. kimi əmə­liyyatlar aiddir.
    Qiymətli kağızların alqı-satqısı banklara dividend və faiz şək­lində əlavə mənfəət əldə etmək imkanı verir. Dövlət borclarının yerləş­dirilməsində də bank sisteminin rolu böyükdür. Belə ki, banklar dövlət istiqrazlarını öz vəsaitləri hesabına satın alır, onların yenidən satışını təşkil et­məklə ikinci bazarı yaradırlar. Bu bazarda aparılan əməliyyatlar adə­tən ən iri bankların (məsələn, ABŞ-da 6 kommersiya və 13 in­ves­tisiya bankının) əlində cəmlənmişdir. Bunlar alqı və satqı məzən­nələri ara­sındakı fərqdən ibarət olan böyük məbləğdə mənfəət əldə edirlər. 
    Banklar həm də başlıca vasitəçilik–inkasso, akkredi-tiv, kö­çür­mə və ticarət–komisyon əməliyyatlarını yerinə yetirirlər. Bunların içə­ri­sində vəkalətnamə (trast) və lizinq əməliyyatları xüsusi yer tutur. Vəkalətnamə əməliyyatları zahirən vasitəçilik əməliyyatları ilə oxşar olsalar da, onun çərçivələrindən kənara çıxır. Inkasso əməliyyatları o deməkdir ki, vasitəçilik edən bank öz müştərisinin tapşırığı ilə pul və əmtəə–pul sənədləri üzrə vəsaiti qəbul edir. Çeklər, veksellər, qiymətli kağızlar, xarici valyutalar və i. a. inkasso üçün qəbul edilə bilər. Bank inkasso əməliyyatlarını aparmaqla komisyon haqqı alır. Bu haqqın kəmiyyəti yerinə yetirilən əməliyyatın növündən asılıdır.
    Akkreditiv–akkreditiv haqqında sənəddə göstərilən şərtləri yerinə yetirərkən müəyyən məbləğdə pulun xüsusi şəxsə, yaxud da şirkətə ödənilməsinə dair tapşırıqdır. Bu əməliyyatlarda, akkreditiv açıl­ması haqqında tapşırıq verən müştəri; akkreditivi açan bank; akkre­ditivin açıldığı və onun şərtlərinin yerinə yetirilməsinə nəzarət edən bank; akkreditivin alıcısı iştirak edirlər.
    Pul və əmtəə akkreditivləri bir-birindən fərqlənir. Pul akkre­ditivi müəyyən məbləğdə pulu ölkənin başqa şəhərində, yaxud da xa­ricdə almaq üçün bank tərəfindən onu qoyan şəxsə verilən adlı sə­nəd­dir. Əmtəə akkreditivləri topdansatış dövriyyədə əmtəələrin sa­tıcıları ilə alıcıları arasında hesablaşmalar üçün qəbul edilir.
    Köçürmə (barat) əməliyyatları o deməkdir ki, bank təqdim olun­muş pulu başqa yerdə olan şəxsə çatdırır.
    Banklar xüsusi şəxslər üçün aşağıdakı vəkalətnamə (trast) əmə­liyyatlarını yerinə yetirirlər: əmlakın idarə olunması hüququndan məh­rum edilmiş şəxslərə (dul qadın və kişilər, həddi-buluğa çatmamış şəxs­lər) müvəqqəti kömək etmək; varislərin mənafelərinə uyğun olaraq və­fat etmiş şəxslərin əmlakını idarə etmək; daha çox mənfəət əldə etmək məqsədilə kapitalı idarə etmək (səhmlərin, yaxud da daşınmaz əmlakın satın alınması); qiymətliləri yanmayan seyfdə saxlamaq və s. və i.a. Şir­kətlər üçün vəkalətnamə əməliyyatları xüsusi şəxslər üçün eyni əməliy­yat­lardan fərqlənir. Belə ki, bank şirkətlər üçün borclar üzrə zəmanət verən olduğu halda, bazar üçün buraxılan səhmlərin qey­diyyatı üzrə agent kimi, korporasiyaların pensiya fondlarındakı və­saitinin idarə olun­ması üzrə isə idarəedən kimi çıxış edir.
    Son illərdə sənaye şirkətləri arasında maliyyə lizinqləri, yəni çox bahalı maşın və avadanlıqların satın alınması və icarəyə verilməsi geniş miqyas almışdır. Adətən bank, yaxud da ona tabe olan lizinq şir­kəti maşın və avadanlıqları tam dəyərlə satın alır və onları istifadə üçün icarəyə verir. Icarədar isə bunun müqabilində vaxtaşırı (ayda və ya rüb­də bir dəfə) haqq verir ki, bunun hesabına da avadanlığın dəyəri ödəni­lir, sövdələşməni kreditləşdirən müəssisənin mənfəət əldə etməsi təmin olunur.
    Müasir dövrdə banklar bir-biri ilə qarşılıqlı əlaqədə olan yüz­lərlə əməliyyatı və xidmətləri yerinə yetirirlər. Bundan başqa aktiv və passiv əməliyyatlar arasında da asılılıq vardır. Banklar əsas etibarilə baş­qalarına məxsus olan kapitalla əməliyyat apardıqlarına görə onların kreditləşdirdikləri və investisiya qoyduqları vəsaitin  məbləği xeyli dərə­cədə kredit müəssisəsinin sərbəst pul vəsaitləri və əmanətlərini səfər­bərliyə almaq qabiliyyətindən asılıdır. Eyni zamanda bank sisteminin inkişafı ilə əlaqədar olaraq passiv əməliy­yat­ların aktiv əməliyyatlardan asılılığı zəifləyir.
    Aktiv əməliyyatlarla passiv əməliyyatlar arasındakı ümumi əlaqə ilə yanaşı, ayrı-ayrı əməliyyat növləri arasında da asılılıq vardır. Bankın müştəriləri, xüsusilə də sənaye müəssisələri və iri fərdi vahidlər və əmanətçilər, bir qayda olaraq bankların müxtəlif növ xidmətlərindən istifadə etməkdə maraqlıdırlar. Borc kapitalı bazarında gedən kəskin rəqabət mübarizəsi bankları yeni xidmət növlərindən istifadə etməyə, hətta bəzi hallarda pulsuz xidmət göstərmyə məcbur edir.
    Müasir dövrdə bank fəaliyyətinin inkişafında nəzərə çarpan meyllər aşağıdakılardan ibarətdir: müasir banklar müxtəlif müddətlərə kredit verir, kommersiya veksellərini uçota alır, qiymətli kağızlar bura­xır və onları reallaşdırır, vergiləri hesablayır və tutur, müştərilər üçün amortizasiya ayırmalarının uçotunu, digər mü­hasibat və hesablaşma əməliyyatlarını aparırlar. Onların məsləhət və informasiyavermə sahəsində xidmətləri daha da genişlənir. Bank, müəs­sisələrin, sənaye və ticarət firmalarının başlıca investisiya layihələrinin seçilməsində iştirak edir, maliyyə əməliyyatlarının aparılmasına kömək göstərir. 
    Banklar bu məqsədlə özlərinin güclü EHM ilə təchiz olunmuş hesablama mərkəzlərindən istifadə edirlər. Bankların apardıqları "pə­rakəndə", yəni ayrı-ayrı əmanətçilərlə əlaqədar olan əməliyyatları av­tomatlaşdırmaq üçün son dövrlərdə avtomat kassa qurğularından istifadə edilir. Belə qurğular kredit müəssisələrinin binalarında, böyük mağazalarda, aeroportlarda, avtobus dayanacaqlarında və s. yerlərdə qoyulur. Gələcəkdə bütün tədiyələrin xeyli hissəsinin nəqdsiz hesab­laşmalar (bank çekləri, kredit vərəqələri) və "elektron pullar" (müş­tə­rilərin tapşırığı ilə EHM çərçivəsində kredit müəssisələri tərəfindən həyata keçirilən köçürmələrin köməyilə) vasitəsilə həyata keçiriləcəyi gözlənilir. Banklar kommersiya hesabı prinsipləri əsasında işləyir, gös­tərilən xidmət müqabilində daha çox mənfəət əldə etməyə çalışır və buna nail olurlar. Çünki depozitlərə görə verdikləri faizə nisbətən ssuda üzrə daha yüksək faiz alırlar. Alınmış və verilmiş faiz məbləğləri ara­sındakı müsbət fərq bankın ümumi mənfəətini əmələ gətirir. Bankın ümumi mənfəətinə yuxarıda göstərilən xidmət növlərinə görə əldə edilən faiz də daxildir. Mənfəətin bir hissəsi bankın xərclərinin (əmək haqqı, dəftərxana xərcləri, binaların saxlanması və s.) ödənilməsinə sərf olu­nur, yerdə qalanı isə onun xalis mənfəətini əmələ gətirir. Xalis mənfə­ətin bankın xüsusi vəsaitinə faizlə olan nisbəti mənfəət  norması adlanır.

3. Dövlətin kredit siyasəti.

    Pul-kredit siyasətinin mərkəzində pul haqqında nəzəriyələr du­rur. Bunlar özlərində, pulun və dövlətin yeritdiyi pul-kredit siyasətinin iqtisadiyyata təsirini əks etdirirlər. Lakin problemin aydınlaşdırıl­ması­na iki yanaşma metodu diqqəti daha çox cəlb edir. Bunlardan biri mo­dernləşdirilmiş Keyns nəzəriyyəsi, digəri isə monetarizmdir. Onların ikisi də pul üzrə təklifin dəyişməsinin nominal ÜMM-in dəyişməsinə təsirini etiraf etsələr də, məsələni müxtəlif mövqelərdən qiymətləndi­rir­lər. Belə ki, Keynsçilər pul-kredit siyasətinin faiz dərəcələrindən, mone­ta­ristlər isə pul üzrə təklifdən ibarət olduğunu deyirlər.
    Keynsçilərin fikrincə bazar iqtisadiyyatı qeyri-sabit sistemdir. Ona görə də dövlət müxtəlif vasitələrdən istifadə etməklə, iqtisadiyyatı, o cümlədən pul-kredit münasibətlərini tənzimləməlidir. Pul üzrə təklifin dəyişməsinin səbəbi faiz dərəcələrinin dəyişməsidir. Bu isə öz növbə­sində investisiyaya olan tələbin dəyişməsinə gətirib çıxarır. Monetar siya­sət iqtisadiyyatın sabitləşdirilməsində fiskal və ya büdcə siyasəti qə­dər faydalı deyildir. 
    Lakin XX əsərin 70-ci illərində Keyns məktəbində böhran baş­layır və bunun nəticəsində iqtisadi nəzəriyyədə neoklassik istiqamət, o cümlədən onun müasir forması olan monetarizm üstünlük qazanır.
    Müasir monetarizmin tanınmış nümayəndəsi, Nobel mükafatı laureatı M. Fridmendir. Monetarizm nəzəriyyəsinə görə bazar iqtisa­diy­yatı daxilən sabit sistemdir. Mənfi hallar ona görə baş verir ki, döv­lət iqtisadiyyata yersiz müdaxilə edir. Ona görə də bu müdaxilə mini­muma endirilməlidir.
    M. Fridmenin özünə gəldikdə isə o, uzun müddətli monetar si­ya­sətlə tarazlaşdırılmış «pul qaydaları» ideyasını irəli sürmüşdür. Bu­nun mahiyyəti ondan ibarətdir ki, dövlət tədavüldə olan pul kütləsinin daim artmasını müdafiə etməlidir. Bu artımın kəmiyyətini onun fik­rincə aşağıdakı bərabərliklə müəyyən etmək olar:
 
    M.Fridmenin monetar qaydaları tədavüldə olan pul kütləsinin artımına ciddi nəzarət olunmasını - (illik 3-5 % olmaqla) nəzərdə tutur. Məhz pul kütləsinin belə artımı iqti-sadiyyatda işgüzar fəallığı artırır. Onun fikrincə tədavüldə olan pul kütləsi il ərzində 3-5 %-dən çox artdıqda inflyasiya baş verir, bu həddən az olduqda isə ÜMM-in artım sürəti aşağı düşür.
    M. Fridmenin «pul qaydaları» keçən əsrin 70-ci illərinin axır­la­rında ABŞ və Böyük Britaniyanın (reyqanomika və tetçerizm) pul-kre­dit siyasətinin əsasını təşkil etmişdir. 
    Pul-kredit siyasətinin müasir nəzəri modelləri də vardır. Onlar Keynsçilik və monetarizmin ən səmərəli ünsürlərinin birləşmiş variant­la­rıdırlar. Başqa sözlə, hər nəzəriyyədən ən səmərəli ünsürlər seçilmiş və onlardan istifadə edilmişdir. Hazırda uzun müddətli dövrdə pul-kredit siyasətində monetar yanaşmalar üstünlük təşkil edir. Bununla birlikdə, dövlət ən çevik iqtisadi manevretmədə faiz dərəcələrinin bilavasitə təsi­rindən istifadə olunmasından imtina etmir, əksinə ondan hərtərəfli ya­rarlanır. 
    Göründüyü kimi, dövlət özünün pul-kredit siyasətində konkret şəraitdən asılı olaraq hər iki nəzəriyyənin ünsürlərindən istifadə edir. 
    Dövlətin pul-kredit siyasəti dedikdə onun pul tədavülü və kre­dit sahəsində həyata keçirdiyi tədbirlər nəzərdə tutulur. Bu siyasətin əsas məqsədi kredit bazarı və pul tədavülünə nəzarət etməkdən, habelə inflyasiyaya qarşı fəal mübarizə aparmaqla, mövcud iqtisadi şəraiti tən­zimləmək və sağlamlaşdırmaqdan ibarətdir.
    Pul-kredit siyasəti ya kreditin və pul emissiyasının stimul­laş­dırılmasına, yaxud da onların ləngidilməsi və məhdudlaşdırılmasına yö­nəldilir. Bunlardan birincisinə kredit ekspansiyası, ikincisinə isə kredit restriksiyası deyilir.
    Istehsalın səviyyəsi aşağı düşdükdə və işsizlik artdıqda mərkəzi banklar kredit verilməsini genişləndirmək və faiz dərəcəsini aşağı sal­maq yolu ilə mövcud vəziyyəti canlandırmağa çalışırlar. Iqtisa­diyyatın yüksəlməsi isə əksəriyyət hallarda "birja ehtirasları"nın, möh­təkirliyin, qiymətlərin, müxtəlif sahələr arasında uyğunsuzluqların artması ilə mü­şayiət olunduğuna görə mərkəzi banklar kredit verilməsini məhdud­laş­dır­maq, faiz dərəcələrini artırmaq, ödəniş vasitələri emis­siyasını azalt­maq və s. köməyilə vəziyyətin "alovlanması"nın qarşısını alırlar.
    Dünya təcrübəsində tədavüldə olan pul kütləsinin tənzim­lən­məsində aşağıdakı vasitələrdən istifadə olunur: 1) Açıq, yəni qiymətli kağızlar bazarında aparılan əməliyyatlar; 2) Diskont siyasəti, yəni kom­­mersiya banklarının verdikləri kreditlər üzrə faiz dərəcələrinin tən­zim­lənməsi; 3) Məcburi ehtiyatların yaradılması normativlərinin dəyiş­di­­rilməsi. Bu tədbirləri görməkdə məqsəd tədavüldə olan pul kütləsini azaltmaq və ya artırmaqdan ibarətdir.
    Müasir dövrdə tədavüldə olan pul kütləsinin tənzimlənməsinin başlıca vasitələri qiymətli kağızlar bazarında aparılan əməliyyatlardır. Bunun mahiyyəti ondan ibarətdir ki, mərkəzi bank dövlət qiymətli kağızlarını kommersiya banklarından ya satın alır, ya da onlara satır, qabaqcadan elan olunmuş, yaxud da bazar qiymətləri ilə aksept və kre­dit əməliyyatlarını yerinə yetirir. Pul bazarında pul kütləsi artıqlığı mü­şahidə olunduqda mərkəzi bank dövlət qiymətli kağızlarını açıq bazara çıxarır. Bu zaman onların bazar qiymtləri aşağı düşür, faiz dərəcələri və alıcılarda onları satın almağa maraq isə artır. Bu, onların ehtiyat he­sablarındakı qalığın azalmasına gətirib çıxarır. Pul bazarında pul kütləsi azlıq etdikdə isə mərkəzi bank pul üzrə təklifin genişləndi­ril­mə­sinə yönəldilən siyasət yeridir. Başqa sözlə, mərkəzi bank digər banklar­da və əhalidə olan qiymətli kağızları satın alır və bununla da onlara olan tələbi artırır. Nəticədə qiymətli kağızların bazar qiymətləri yüksə­lir, faiz dərəcələri aşağı düşür, bu da onların "gözdən düşməsinə" səbəb olur. Banklar və əhali dövlət qiymətli kağızlarını həvəslə satdıqlarına görə mərkəzi bankın ehtiyat hesabındakı qalıq artır.
    Diskont siyasəti kreditin tənzimlənməsinin ən qədim meto­du­dur. Bu metoddan XIX əsrin ortalarından başlayaraq geniş istifadə edilir. Onun meydana gəlməsi mərkəzi bankın kommersiya banklarının kreditoruna çevrilməsi ilə əlaqədardır. Belə ki, mərkəzi banklar kom­mer­siya banklarının götürdükləri kreditlər üzrə uçot (diskont) dərəcə­lə­rini artırmaqla, onları digər kredit müəssisələrindən borc götürməyin zərərli olduğuna inandıra bilmişlər. Bu, bank ehtiyatlarının tamam­lan­masını çətinləşdirmiş, uçot dərəcələrinin yüksəlməsinə və nəticə etiba­ri­lə kredit əməliyyatlarının azalmasına səbəb olmuşdur.
    Bu siyasətdən istifadə edilməsi XIX əsrin axırları, XX əsrin əvvəllrində daha geniş miqyas almışdı. Belə ki, keçən əsrin 30-40-cı illə­rində mərkəzi banklar C.M.Keynsin təklif etdiyi "ucuz pullar", yəni aşağı faiz dərəcələri ilə kredit verilməsi siyasəti yeritmişlər. Ingiltərədə 1932-ci ildən 1951-ci ilədək uçot (diskont) dərəcəsi 2%, ABŞ-da 1937-1948-ci illərdə 1% səviyyəsində olmuşdur.
    Faiz dərəcələrinin aşağı müəyyən olunmasında ikinci dünya müharibəsindən sonra xəzinədarlığın imtiyazlı şərtlərlə maliyyələş­di­ril­məsi böyük rol oynamışdır. XX əsrin 50-ci illərindən etibarən ölkə­lərin çoxunda uçot siyasətindən istifadə olunması yenə də fəallaşmışdır. Ha­zırda xarici ölkələrdə uçot dərəcələri 2-15% arasında tərəddüd edir.
    Kommersiya bankları üçün icbari ehtiyat normativlərinin müəy­yən edilməsi bir tərəfdən, bankın öz maliyyə öhdəliklərini ödəyə bilmək qabiliyyətinin yaxşılaşmasına təsir edirsə, digər tərəfdən, bu normalar, investisiyaların məhdudlaşdırılması "amili" kimi çıxış edir. Başqa sözlə, bu normaların dəyişməsi bank ehtiyatlarına birbaşa təsi­retmə üsuludur. Bu metoddan ilk dəfə 1933-cü ildə ABŞ-da istifadə edilmişdir.
    Pul-kredit siyasətinin seçmə metodlarından da istifadə edilir ki, bunlara da aşağıdakılar aiddir: 1) Kreditin ayrı-ayrı növlərinə nəzarət edilməsi. Bu üsuldan əksəriyyət hallarda birjaların qiymətli kağızlarını satın almaq, habelə ipoteka və istehlak kreditlərinə nəzarət etmək üçün istifadə olunur; 2) Riskin və bank əməliyyatlarının tənzimlənməsi. Çox­saylı hökumət sənədlərində (qanunlarda, təlimatlarda, göstəriş­lər­də, di­gər hüquqi–normativ sənədlərdə) əsas diqqət riskə və bank əmə­liyyat­larının etibarlılığına verilir. Səciyyəvi haldır ki, bankların fəa­liyyəti ilə bağlı risketmə borc alanın maliyyə vəziyyətinə qiymət vermək yolu ilə deyil, bankın xüsusi vəsaiti ilə verilmiş kredit arasındakı nisbətlə mü­əyyən edilir.
    Ölkəmizdə bazar münasibətlərinə keçid dövrünün əvvəllərində iqtisadiyyatınmızda mövcud olan ağır iqtisadi böhranın aradan qal­dı­rılması üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Bunları görməkdə əsas məqsəd inflyasiyanın cilovlanması və dövlətin az müdaxiləsi ilə bazar iqtisadiyyatının əsaslarının yaradılmasından ibarət olmuşdar. Bu problemlərin həll edilməsi mexanizmi büdcənin qeyri-inflyasiya mən­bə­ləri hesabına maliyyələşdirilməsinə, güzəştlərin azaldılması və son nəticədə ləğv edilməsinə, pullu hərraclarda özəlləşdirmənin aparıl­masına, MDB dövlətləri ilə bəzi ittifaqlardan, xüsusilə də vahid pul məkanından çıxmağa yönəldilmişdi. Bütün bunlar özünün qismən müs­bət nəticələ­ri­ni vermişdir.
    "Banklar və bank fəaliyyəti haqqında" və "Azərbaycan Res­publikasının Milli Bankı haqqında" Azərbaycan Resupblikasının qa­nun­larına uyğun olaraq ölkəmizin pul-kredit siyasətinin əsas isti­qa­mət­ləri Azərbaycan Respublikası Nazirlər Kabineti ilə qarşılıqlı əlaqə şəra­itində Azərbaycan Resublikasının Milli bankı tərəfindən işlənib hazır­lanır.
    1990-cı illərin ikinci yarısında Azərbaycan Respublikasında pul-kredit siyasətinin formalaşmasının əsasında aşağıdakı makroiqti­sadi məqsədlərə nail olunması durmuşdur: 1) Maliyyə sabitliyinin ya­ra­dılması və bu sahədə əldə edilmiş nəticələrin möhkəmləndirilməsi; 2) In­flyasiyanın sürətinin azaldılması; 3) Iqtisadi subyeklərin formalaş­maqda olan şəraitə uyğunlaşdırılması üçün əlverişli mühit yaradılması; 4) Mil­li valyutanın məzənnəsinin möhkəmləndirilməsi; 5) Iqtisadiyyat­da nominal və real faiz dərəcələrinin azaldılması; 6) Ölkənin tədiyə ba­lan­sının müsbət saldosunun təmin edilməsi; 7) Qeyri-inflyasiya iqtisadi ar­tım meylinə nail olunması və onun möhkəmləndirilməsi.
    Azərbaycan Respublikası Milli Bankının pul-kredit siyasətinin əsas vəzifəsi isə ölkəmizin milli valyutasının – manatın sabitliyini təmin etməkdən və onu qoruyub saxlamaqdan ibarətdir.
    Bu vəzifənin yerinə yetirilməsinin zəruri şərtləri  aşağıda­kı­lardır: 1) Pul emissiyası üzərində sərt nəzarətin həyata keçirilməsi; 2) Çevik idarə olunan valyuta məzənnəsi siyasətinin yeridilməsi; 3) Ba­zar mexa­nizm­lərinin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi; 4) Pul-kredit siyasətinin başlıca vəzifələrindən olan milli bankın apar­dığı əməliyyatlara görə faiz dərəcələrindən məqsədyönlü istifadə edil­məsi.
    Görülən tədbirlərin nəticəsində ölkəmizdə maliyyə və pul tə­da­vülünün sağlamlaşdırılması və iqtisadiyyatın sabitləşdirilməsi sahə­sində bir sıra nailiyyətlər qazanılmışdır. Əgər 1994-cü ildə ölkəmizdə inflya­siya səviyyəsinin 1760% olduğunu, hazırda bir o qədər də təhlükəli olmadığını ya­da salsaq bu sahədə nə kimi nailiyyət qazanıldığı aydın olar.
    Bütün bunlar onu göstərir ki, ölkəmizdə yeridilən pul-kredit siyasəti öz bəhrələrini verir və gələcəkdə iqtisadiyyatımızda müşahidə olunan çatışmazlıqların aradan qaldırılması bəzi problemlərin həll edil­məsinə, mövcud imkanlarımıza uyğun gələn həyat səviyyəsinə nail ol­mağa imkan verən sosial yönümlü bazar iqtisadi sisteminin for­malaş­masına şəarait yaradacaqdır.
 
Mövzu 20: İnflyasiya və onun tənzimlənməsi.( 2 saat)
Plan
 
    1. İnflyasiyanın mahiyyəti və növləri.
    2. İnflyasiyanın səbəbləri və müasir dövrdə xüsusiyyətləri.
    3. Tələb və təklifin inflyasiyası.
    4. İnflyasiyanın sosial iqtisadi nəticələri.
 
1. İnflyasiyanın mahiyyəti və növləri.
 
    Inflyasiya1 qiymətlərin səviyyəsinin artması, iqtisadiyyatda ümu­mi  tarazlığın pozulması deməkdir. Lakin inflyasiya dövründə bü­tün əmtəələrin qiymətləri bahalanmır. Başqa sözlə, inflyasiyanın sürətlə artdığı dövrdə bəzi əmtəələrin qiymətləri qalxa, bəzilərininki sabit qala, digərlərininki isə hətta aşağı düşə bilər. Bunlar tələblə təklif arasındakı nisbətin, elastikliyin müxtəlifliyi ilə əlaqədardır. Məsələn 1970-80-ci illərdə ABŞ-da inflyasiyanın səviyyəsinin yüksək olmasına baxmayaraq videomaqnitafonların, rəqəmli saatların və fərdi kompüterlərin qiyməti aşağı düşmüşdür. Bütövlükdə götürdükdə isə inflyasiyanı qiymətlərin fasiləsiz olaraq artması prosesi kimi başa düşmək olar. Deməli, burada həlledici söz "fasiləsiz"indir. Buna görə də qiymətlərin artmasını daimi bir proses kimi qəbul etmək mümkündür. Çünki bu, bütün bazarları əhatə edir və bütövlükdə iqtisadiyyat üçün səciyyəvi olmaqla, qiy­mət­lərin bahalanması nəticəsində tələblə təklif arasındakı tarazlığın, ümu­mi müvazinətin pozulduğunu göstərir. 
    Lakin qiymətlərin artması bütün hallarda inflyasiyanın baş verməsi demək deyildir. Çünki məhsulların keyfiyyətinin yaxşılaşması, istehsal amillərinin məhdudlaşması, ümumi tələbin dəyişməsi nəticə­sin­də də qiymətlər qalxa bilər və qalxır. 
    Inflyasiyanın səviyyəsini müəyyən edərkən indekslərdən, xüsu­silə də qiymət indekslərindən geniş istifadə olunur. Bunlardan həyat (ya­şayış) səviyyəsi indeksini, topdansatış qiymətlər (istehsal təyinatlı əmtəələrin) indeksini və ÜMM-in def­lya­toru indeksini qeyd etmək olar. Bu indekslərin üçü də müəyyən dövr ərzində qiymətlərin orta səviyyəsinin dəyişməsini ifadə edir. Əsas döv­rün (ilin) qiymətləri bir qayda olaraq 100% qəbul edilir və sonrakı dövrlərin (illərin) qiymətləri ayrı-ayrılıqda onunla müqayisə edilir.
    Həyat (yaşayış) səviyyəsi indeksinin köməyilə istehlak malla­rının daxil olduğu "bazar səbəti" qiymətinin dəyişməsi öyrənilir. ABŞ-da bu indeks hər ay Əmək Statistikası Bürosu tərəfindən hesablanır. Is­tehlak səbətində müəyyən dövr (ay, il) ərzində bir orta şəhər ailəsi tərə­findən satın alınan təxminən 400 adda əmtəə və xidmət nəzərə alınır. Ümumiyyətlə həyat səviyyəsi indeksi aşağıdakı kimi hesablanır:
 
                                                   Cari dövrdə "bazar səbəti"nin qiyməti          
Cari dövrdə qiymət indeksi=___________________________________
                                                   Əsas dövrdə "bazar səbəti"nin qiyməti
 

    "Əsas dövr" kimi müxtəlif ölkələrdə müxtəlif il qəbul oluna bi­lər. Məsələn, ABŞ-da vaxtilə 1967-ci il əsas götürülür və sonrakı illərin məlumatları onunla müqayisə edilirdi. Hazırda isə əsas dövr kimi 1982-ci il götürülür. Bu, onunla əlaqədardır ki, cəmiyyət inkişaf etdikcə in­sanların tələbatları və deməli, istehlak səbətinin qiyməti də dəyişir.
    "ABŞ-da 1996-cı ildə həyat səviyyəsi indeksi (buna həyatın də­yəri də deyilir) 129% olmuşdur. Bu, o deməkdir ki, istehlakçılar eyni "əmtəə və xidmətlər dəstinin" satın alınmasına 1982-ci ildəkinə nisbətən 1996-cı ildə 29% çox vəsait sərf etmişlər. Bu indeksdən əsas etibarilə minimum əmək haqqının hesablanmasında istifadə edilir. Inkişaf etmiş ölkələrdə hər yarım ildə bir dəfə inflyasiya nəzərə alınmaqla əmək haq­qı indeksləşdirilir, yəni, inflyasiyanın hər faizinə görə əmək haqqı 0,5% artırılır. 
    "Inflyasiyanın sürətinin hesablanması da az əhəmiyyət kəsb et­mir. Hesabat dövrü üçün inflyasiyanın sürətini aşağıdakı kimi hesab­lamaq olar: hesabat dövrünün qiymət indeksindən əsas dövrün qiymət indeksi çıxılır, alınan fərq əsas dövrün qiymət indeksinə bölünür və qis­mət 100-ə vurulur. Məsələn, tutaq ki, son istehlak əmtəələrinin qiymət indeksi 2005-ci ildə 120%, 2006-cı ildə isə 126% olmuşdur. 2006-cı il üçün inflyasiyanın səviyyəsi aşağıdakı kimi müəyyən edilir:
 
Inflyasiyanın sürəti = (126 – 120) : 120 ∙ 100 = 5%
 
    "Inflyasiyanın hesablanmasının başqa bir üsulu "70 ədədi qay­dası"dır. Bu, inflyasiyanın kəmiyyətini müəyyən etməyə imkan verir. Daha dəqiq desək, bu qayda ilə inflyasiyanın sürətinin iki dəfə artması üçün lazım olan illərin sayını hesablamaq mümkündür. Bunun üçün 70 rəqəmini inflyasiyanın illik səviyyəsinə bölmək lazımdır. Yəni:
 
 
Inflyasiyanın sürətini  iki dəfə artırmaq üçün                                        70
lazım olan illərin  təxmini sayı  =                          _______________________________________ 
                                                                                   qiymətlərin səviyyəsinin illik artım sürəti (%-lə) 


    "Məsələn, tutaq ki, inflyasiyanın sürəti 5%-ə bərabərdir. De­mə­li, qiymətlərin səviyyəsinin 14 ildən (70:5) sonra iki dəfə artaca­ğını göz­lə­mək olar. "70 ədədi qaydası"ndan adətən ÜMM-i və ya şəxsi yı­ğımı iki dəfə artırmaq üçün lazım olan vaxtı müəyyən etmək lazım gəl­dik­də istifadə olunur. 
    "Topdansatış qiymətləri (istehsal təyinatlı əmtəələrin qiymətləri) in­deksini hesabladıqda istehsalda istifadə olunan aralıq əmtəələrin qiymətlərinin dəyişməsi müəyyən edilir. Bu qiymətlərin dəyişməsi xam­mal və materialların, yarım-fabrikatların, topdansatış bazarlarında son məhsul növləri qiymətlərinin dəyişməsi ilə əlaqədardır.
    "Nəzərdən keçirilən bu iki indeks bir-birilə qarşılıqlı surətdə əla­qədardır. Çünki sənaye əmtəələri qiymətlərinin qalxması nəticə etibarilə pərakəndə satış qiymətlərinin artmasına səbəb olur.
    "Qiymətlərin ümumi səviyyəsini müəyyən etmək üçün ÜMM-in deflyatoru (ÜMM-in qiyməti) indeksi hesablanır. Bu indeks cəmiyyətdə qiymətlərin dəyişməsini daha tam əks etdirir. Çünki ÜMM-in tərkibinə bütün son məhsul və xidmətlər daxildir. Bu, belə müəyyən edilir:
 
ÜMM-in qiymət      Nominal ÜMM
indeksi (deflyatoru) = ---------------------  ∙ 100
                                Real ÜMM

    "Burada: Nominal ÜMM–cari dövrdə həmin dövrün qiy­mət­ləri ilə xərcləri; Real ÜMM–cari dövrdə, əsas dövrün qiymətləri ilə xərcləri göstərir.
    "Inflyasiyanın aşağıdakı növləri vardır: 1) Açıq inflyasiya; 2) Sar­sıdı­cı inflyasiya; 3) Mötədil (mülayim) inflyasiya; 4) Çaparaq inflyasiya; 5) Hi­per inflyasiya; 6) Tarazlaşdırılan inflyasiya; 7) Tarazlaşdırılmayan inflyasiya; 8) Gözlənilən inflyasiya; 9) Gözlənilməyən inflyasiya.
    "Açıq inflyasiya bazar münasibətlərinin inkişaf etmiş olduğu ölkələr üçün səciyyəvidir. Bu, bir-birilə qarşılıqlı əlaqədə olan tələb və tək­lifin, qiymətlərin açıq şəkildə artmasına təsir göstərməsilə əlaqə­dardır. 
    "Sarsıdıcı inflyasiya inzibati-amirlik iqtisadiyyatına xas olan giz­li inflyasiyadır. Çünki bu iqtisadi sistemdə qiymətlərə və gəlirlərə cid­di nəzarət olunur. Bu isə inflyasiyanın açıq şəkildə özünü qiymətlərin artmasında göstərməsinə imkan vermir. Zahirən qiymətlər sabit qalır. Lakin dövriyyəldə olan pul kütləsinin artması əmtəə çatışmazlığına sə­bəb olur. Bu isə öz növbəsində "gizli iqtisadiyyatın" əlqol açmasına gə­tirib çıxarır. 
    "Sarsıdıcı inflyasiya dövründə əmtəə çatışmazlığı zahirən görün­məyən inflyasiya prosesinin görünən tərəfinə çevrilir. Çünki, eyni miq­darda əmtəənin satın alınması üçün daha çox pul kütləsi tələb olunur. Sarsıdıcı inflyasiya zamanı pul kütləsinin yalnız bir hissəsi pul kimi is­tifadə olunur. Alıcılar əllərində olan pulun əhəmiyyətini qabarıq şəkildə göstərmək üçün aztapılan əmtəələri axtarıb tapmağa çalışırlar. Bunun nəticəsində sarsıdıcı inflyasiya şəraitində bazarın qeyri-leqal forması olan "qara bazar" əmələ gəlir.
    "Qara bazarda əmtəələrin əsl qiymətləri formalaşır, qiymətlərin sabitləşməsi haqqında illüziyalar isə satıcı və alıcıları çaş-baş salır, iqtisadi rifahın yaxşılaşması haqqında yanlış təsəvvür yaranır.
    "Mötədil (mülayim) inflyasiya dövründə qiymətlər il ərzində 10%-dan çox artmır, pulun alıcılıq qabiliyyəti demək olar ki, dəyişmir. Qərb ölkələrində buna heç bir narahatlıq doğurmayan normal hal kimi baxırlar. 
    "Qiymətlərin qalxması il ərzində iki və daha çox rəqəmli ədəd­lərlə ifadə olunduqda buna "çaparaq" inflyasiya deyilir. Bu zaman mü­qa­vilələr qiymətlərdəki dəyişkənliklə əlaqələndirilir, pul kütləsi sürətlə əmtəələrdə maddiləşdirilir. Inflyasiya iqtisadiyyat üçün təhlükə tö­rətdiyinə görə onun əleyhinə tədbirlər görülməsi tələb olunur.
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>
Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (22.11.2013) | Müəllif: R.C E W
Baxış: 963 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more