Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Artuş və Zaur-9

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>


      “Doğrudan da, nə işim var axı burda? Hələ ömrümdə belə mənasız səfərim olmamışdı. Artuş da özünü naza qoyub. Xalası, sağıcı Siruşonun ölümü ona bu qədər təsir edibsə, deməli vəziyyət mən düşündüyümdən də qat-qat ağır imiş”.
     Duş qəbul edib üstünü geyindi. Tələsmirdi. Hətta balkona çıxıb bir az Yerevan sübhünə tamaşa elədi. Ermənilərə dağ çəkən Ararat dağı - bütün görkəmi ilə üfüqdə ucalırdı. “Ermənilər Araratı görəcəklər, amma ona yaxın düşə bilməyəcəklər” deyən Stalinin sözü aktuallığını hələ də qoruyurdu. Son dəfə güzgüyə baxıb boynunu xırçıldatdı və otaqdan çıxıb, tələsmədən restorana düşdü.
     Ondan savayı hər kəs, hətta gecə oteldə qalmayan Paruyr, Sergey, Boris və Georgiy də restoranda on iki nəfərlik nəhəng masanın ətrafında əyləşib, iştahla yeməklərini yeyirdilər. Artur Zauru görüb, məmnunluqla başını endirdi və mühafizəçi ortağı ilə söhbətinə davam etdi. Sergeylə Borisin ortasında oturan Gülay Zauru görüb güldü:
     -Tərcüməçim niyə belə gecikir?
     Zaur masaya yaxınlaşıb heç Gülay tərəfə baxmadan hamıya “nuş olsun” dedi və Davidin yanındakı boş stula əyləşdi. Gülayın sifəti dəyişsə də, Zaura bir söz demədi. Pərt olmuşdu. Başını aşağı salıb qabındakı qaymağı qurdalamağa başladı.
     Ofisiant Zaurun çayını gətirəndən sonra, David ehmalca ona tərəf əyilib pıçıldadı:
     - Qoymuşam otu balkona, günəşin altına. Axşama qədər quruyacaq. Uzaqbaşı sabah çəkəcəyik.
     -Bəlkə çəkməyək? Çox risklidir - Zaurun gözlərində əndişə oxunurdu.
     - Səfeh-səfeh danışma. Yerevanda çəkməyəsən neyləyəsən? Görmürsən nə maraqsızdı bura? Ürəyim partlayır dünəndən. Buyur, soyqırım qurbanı da gəlir. Hazırlaş Gülaya tərcüməçilik eləməyə - David başı ilə qapı tərəfə işarə etdi. Zaur Davidin göstərdiyi istiqamətdə baxanda dünənki kişini, Aranı gördü. Qanı qaraldı.
     -İşimiz var da. İndi də səhər yeməyimizi zəhər eləyəcək. Sən bundakı həvəsə bax. Sübh tezdən durub gəlir restorana.
     Onların nə barədə belə acıqlı-acıqlı pıçıldaşdıqlarını anlayan Boris, ikisinə də göz vurdu.
     - Narahat olmayın. Bu gün çox danışmağa icazə verilməyəcək ona. Lap danışsa da tərcüməni mən eləyərəm.
     David “görərik” deyib meyvəli yoğurtunu qaşıqlamağa qoyuldu.
     Ara 12 nəfərlik masanın küncünə çatanda hamıya “sabahınız xeyir” deyib, icazə istəmədən oturdu. Kefsiz idi. Bıçaq vursan qan çıxmazdı. Ofisiantı səsləyib südlü çay istədi.
     Gülay 1915-ci ildə ulu babalarının ermənilərə tutduğu divanın verdiyi xəcalətdən irəli gələn qayğıkeşliklə soruşdu:
     -Ara, nəsə baş verib? Yaman qəmgin görünürsünüz.
     Ara köks ötürüb Gülaya baxdı.
     -Nə deyə bilərəm vallah... Srağagün mənim üçün çox əziz, doğma olan bir insanı, həyatımın qadınını itirmişəm. Dünən gecə, buradan gedəndən sonra vəfat xəbərini aldım.
     David Zaura gözucu baxıb astadan “gördün, yenə faciə baş verib” dedi. Ara isə çayını şəkər atıb qarışdıra- qarışdıra:
     -Siruşo çox geniş ürəyə malik qadın idi. Mən onu tanıyan gündən, yetmişinci illərdən sağıcılıqla məşğul olub. Lenin komsomolu mükafatı laureatı idi. İnəklərin dilini başa düşürdü desəm, yalan olmaz.
     Hamı diqqətlə Araya qulaq asan yerdə, Zauru öskürək tutdu. Gözləri yaşarmışdı, iki əli ilə ağzını tutub öskürürdü. David üç dəfə möhkəmcə onun kürəyinə yumruqla vurandan sonra, Zaur bir azca özünə gəlib ona təşəkkür elədi və:
     -Üzr istəyirəm, bal boğazımda qaldı - dedi. - Buyurun davam edin.
     Ara qüssə və kədər dolu gözlərini Zaurun üzündən ayırmadan danışmağa başladı:
     -Biz onunla Yexeqnadzorda, sovxozda tanış olmuşduq. Əsl erməni gözəlliyinə malik qız idi. Əvvəl-əvvəl çətinlik çəkirdi, ildə hər inəkdən vur-tut 1600 kiloqram süd sağırdı. Mən də cavan oğlan idim, Yerevandan Yexeqnadzora komsomol təşkilatı göndərmişdi məni. Tanış olduq, ikinci gecə artıq bir-birimizi sevdiyimizi anla- dıq. Mən ona soyqırım qurbanı olan ailəmdən danışandan sonra o hönkür-hönkür ağlamış və məni sevdiyini demişdi. Sonra o da dərdini açdı mənə - inəklərlə ünsiyyət qurmaqda çətinlik çəkdiyini, 1600 kiloqram südün az olduğunu, daha artıq məhsul əldə etmək üçün nə etməli olduğunu soruşmuşdu. Qulluq etdiyi inəklərin hər birinin fərqli xasiyyətdə olduğunu, onların hər birinə ayrıca yanaşmaq lazım gəldiyini məsləhət görmüşdüm ona. Sonra mən Yerevan getdim. İki ay sonra yenə Yexeqnadzora gələndə artıq Siruşo cədvəldə sağımı göstərən əyri xətti 300 rəqəminə çatdırmışdı. Əl ilə sağan bir sağıcı üçün bu pis göstərici deyildi. Bu işgüzar qıza sovxozda hamı hörmət edirdi. Bir gün ondan məktub aldım: “Əzizim Ara, təsəvvür edirsən, mən sinəsində 3 Lenin ordeni olan Marina Naxşkaryanın yanında işləyirəm. O Ermənistan SSRİ Ali Sovetinin deputatı, respublikanın əməkdar maldarıdır. Ara can, əgər bilsəydin o necə sağıcıdır!” Siruşo iki il Marinanın yanından ayrılmadı, onun işinə baxdı, öyrəndi. Səksəninci ilin əvvəlində axır ki, zəhmətinin bəhrəsini gördü. Əməkdə qazandığı müvəffəqiyyətlərə görə, Siruşoya “Şərəf nişanı” ordeni verdilər. İki il də keçdi və Siruşo 5100 kiloqram süd sağaraq Moskvada, Qələbə bayrağı önündə şəkil çəkdirmək şərəfinə layiq görüldü. Sonra da Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olundu. O hər bir inəyə hətta ad da qoymuşdu - Hasmik, Suli, Svetka, Aykuş.
     Srağagün mənim ilk göz ağrım Siruşo uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumdu. Aramızdakı məhəbbət iyirmi ildən artıq davam elədi. Amma biz evlənmədik - nə onun evlənməyə vaxtı, nə də mənim evlənməyə cəsarətim çatmırdı.
     Ara əhvalatını danışmağı bitirib ofisiantdan ikinci çayı istədi. Gülay yumşaq salfetlə göz yaşlarını silib burnunu təmizləyirdi. Boris disrəklərini masaya dirəyib, başını iki əli ilə tutmuşdu. Zaur bir siqaret yandırdı və dəhşətlə ona baxan Davidlə göz-gözə gəlib çiyinlərini çəkdi.

***


     Onu istəyirdi. Ağlamaq, bağırmaq, çarəsiz başını divarlara vurmaq, quş tək pərvazlanmaq istəyirdi. Ona sahib olmaq, sarılmaq, bərk-bərk sıxmaq, bir daha buraxmamaq, nəfəsini içmək, öpmək - ehtirasla, hirslə, qəzəblə öpmək - sinəsinə qısılmaq, baldırlarından tutub dizlərinə ağlamaq, gözyaşılarının tamını duymaq, unudaraq özünü tərli aləmdə, titrək vücudunun hər qarışına toxunmaq, şirin və zəif səsini duymaq üçün diqqət kəsilmək istəyirdi. Çox sevirdi, vəhşicəsinə sevirdi. Homoseksual sevginin daha qəddar olduğunu oxumuşdu amma buna inanmamışdı. İndi inanırdı.
     İki günlük konfransı güc-bəla ilə yola vermişdi. Yerevanı - Opera meydanını, Abovyan küçəsini, Vernisaj yarmarkasını, Matandaranı onsuz gəzmişdi. Gəzdiyi heç bir yerin dadı-duzu yox idi. Boris nəsə danışırdı, David haranınsa şəkilini çəkirdi, mühafizəçilər bir an olsun yanından ayrılmırdılar, Gülay da küçədəki insanları söhbətə tutub Türk-Erməni münasibətlərinin gələcəyi barədə onların fikirini öyrənməyə çalışırdı. Hamı bir işlə məşğul idi - bircə Zaurdan başqa. O, heç nəyi görmür, heç kəsi eşitmirdi. Opera meydanında Borisin ona danışdığı əhvalatı da sonralar beynini zorlayaraq yadına salmışdı. Və yada saldıqdan sonra gülmədiyinə, Borisi pərt etdiyinə görə peşman olmuşdu.
     - Sənə bu Opera meydanı haqqında bir rəvayət danışım. Səksəninci illərin sonunda meydan mitinqçilərlə qaynayırdı. Camaat “Qarabağ, Qarabağ” qışqırırdı. Mitinqin qızğın vaxtında, oradan keçən bir taksi sürücüsü maşını saxlayıb mitinq iştirakçılarından soruşur:
     -Nə olub burda? Nə qışqınrsınız?
     -Qarabağı almaq istəyirik.
     Taksi sürücüsü sifətini turşudur:
     - Axper can, Qarabağı neynirsiz?! Soçini götürün, Soçi daha yaxşıdır... - deyir və qaza basıb gözdən itir.
     Zaur günəşli Yerevanın küçələrində fikirli-fikirli addımlayır, Borisin danışdıqlarını eşitmirdi.
     -Necədir? Bəyəndin Yerevanı?
     Borisin səsi haradansa uzaqlardan gəlirdi. Bu sual idi və sualı cavabsız qoymaq tərbiyəsizlik olardı.
     - Rahat, komfortlu, çəhrayı ən əsası isə kompakt şəhərdir. Hər halda Bakıdan daha urbanistik təsiri bağışlayır - həm şəhərin özü, həm də insanları. Amma bu da müharibənin nəticəsidir... Qarabağ və Ermənistandan Bakıya əsasən aqrar elementlər axın etdilər. Bakının çöhrəsi dəyişdi. İndi Bakı böyük bir Mardakert, Amasya, ya da nə bilim Laçındır.
     - Obyektiv qiymətinə görə çox sağ ol - öz paytaxtı ilə fəxr edən Borisin üzü gülürdü.
      “Poplavok” adlı parkda, Coca-Cola yazılmış iri qırmızı çətirləri olan kafelərin birində ikisi oturmuşdular. Gülayla David mağazaları gəzməyə getmişdilər. Mühafizəçilər otuz metr aralıda, Arno Babacanyanın qəribə heykəlinin yanında gəzişirdilər.
     -Amma əlbəttə ki, Yerevanla müqayisədə yeni tikililər, xarici maşınlar, bahalı butiklər Bakıda daha çoxdur - bu axmaq müqayisəni nə üçün apardığını, Zaur özü də bilmədi. Peşman olmuşdu, amma iş-işdən keçmişdi.
     Boris Yerebuni pivəsindən üç qurtum içib “pəh-pəh” elədi və soruşdu:
     -Zaur can, sən özün Bakıda harda yaşayırsan?
     -İçəri Şəhərdə, Bakının mərkəzində.
     -Qız qalasının olduğu yerdə?
     - Elədir. Hətta pəncərəmizdən Qız qalasının yarısı görsənir. Amma indilərdə bir neft şirkətinin evimizə gözü düşüb. Yəqin onu satıb Bakınm uzaq rayonlannın birində mənzil almalı olacağıq.
     Boris siqaret yandırdı. Zaura da təklif etdi.
     -Zaur can, mən çox gözəl bilirəm ki, sənin Bakının mərkəzində tikilən möhtəşəm göydələnlərdə mənzilin, Xəzərin sahilində villan, altında bahalı maşının və butiklərdən alış-veriş eləmək imkanın yoxdur. Bəlkə də heç vaxt olmayacaq. Düzmü deyirəm?
     -Bəli, yəqin ki, heç vaxt olmayacaq...
     -Neft və qazdan əldə olunan dollarların sənə və sənin kimi zəmanə qurbanı adamlara dəxli yoxdursa, sən və sənin kimilər bizim hamımızı idarə edən oliqarxların əlində oyuncağıqsa - belə olan halda Bakıda tikilən göydələnlərlə, villalarla, yollarda şütüyən bahalı maşınlarla və tanınmış kuturyelərin butikləri ilə fəxr etmək axmaqlıq deyilmi? Üzr istəyirəm əlbəttə... Sadəcə olaraq...
     - Üzr istəmək lazım deyil Boris. Sözlərindən incimədim...
     Boris bir ara duruxdu. Sonra tez özünə gəlib qəddarcasına davam elədi.
     - Gənc dostum, bilirəm ki, kitab oxuyan oğlansan. Viktor Pelevinin “Ampire V” romanında ibrətli bir cümlə var. Yaşlı vampir, gənc vampirə həyat dərsi keçir və deyir ki, “Götverənlərin təlxəyi olmağa məcbursan”. Tələbə razılaşmır, “təlxək olmaq istəmirəm” deyir. Müəllimin cavabı isə çox maraqlı və mənalıdır: “Götverənlərin təlxəyi olmaq istəmirsənsə, onda təlxəklərin götverəninə çevriləcəksən. Sənin üçüncü seçimin yoxdur”.
     Zaur ömründə ilk dəfə quluncundan müdhiş ağrı duydu. Sonra da, sanki kürəyinin sol tərəfindən batırılan soyuq xəncər qəlbinə yol tapıb, aortasına saplandı.
     Zaur iki variantdan birini seçməli olduğunu çoxdan anlamışdı - hələ bir neçə ay əvvəl sözü gedən kitabı oxuyub qurtarandan sonra...

***


     Daxilində qorxunc bir boşluq duyan Zaur, Sevan gölünə qədər prostrasiya vəziyyətindən çıxmadı. Fransuaza Saqanın “Salam hüzn” romanı düşmüşdü yadına. Hüzn yol boyunca hər şeyə - dağlara, zəmilərə, iri və xırda buynuzlu heyvanlara, hətta çəhrayı çoşqalara da çökmüşdü. Meşələrdə gizlənmiş evlərin bacalarından yüksələn duman, çiskinləməyə başlayan yay yağışı melanxoliyanı daha da şiddətləndirir, üç gün ərzində Artuşu görə bilməmiş, səsini isə bircə dəfə duymuş Zauru qəhərləndirirdi. Səhər, yola düşməzdən əvvəl Zauru ütülənərək qurudulmuş nəşəyə qonaq edən və indiyə qədər marixuananın təsiri altında olan David maşını saxlatdırıb yol kəna- rında başıboş gəzən çoşqaları tutmağa çalışanda hamı gülüşdü. Zaur da gülümsəməyə çalışdı. Ancaq üzündəki ifadə təbəssümdən çox, diş ağrısından əzab çəkən amma bunu gizlətməyə çalışan adamın saxta mimikasına oxşayırdı.
     Sevana çatdıqları zaman, Zaur gölün də kefsiz olduğunu fərq etdi. Sevan - Tannnın göy üzündən yer üzünə tulladığı nəhəng, mavi mərmər parçasına oxşayırdı. Gölün sahilində on dəqiqə gəzişib təzədən maşına doluşdular. Boşluq davam edirdi.

***


     Sərhəddə çox ləngimədilər. Ermənistanı tərk etmək, bu ölkəyə daxil olmaqdan daha asan imiş. Gəldiyi gün duyduğu həyəcan yox idi artıq, amma gözləri yenə də qara iti axtardı. İt yoxa çıxmışdı. Ola bilsin bu itin funksiyası üç gün əvvəl qaça-qaça Zaurun yanına gəlib onu stresdən qurtarmaq üçün özünü sığallatmağa icazə vermək, sonra da qeyb olmaq idi...
     Gürcüstanın sərhəd zastavasında su gəlmədiyinə görə, gürcü əsgərləri çimmək üçün Ermənistan tərəfə keçirdilər.
     Cənubi Qafqaz - Bakı rəssamlıq akademiyasının birinci kursunda oxuyan, rəssamlıqda yeni-yeni addımlarını atan naşının fırçasından çıxmış, keyfiyyətsiz karikaturaya oxşayırdı.

QIZ QALASI

Qorxuram mən dərvişə sən deyəsən din tərk et,
Necə ki, bağladı zünnar Şeyx Sənan, erməni
     -Dayan oğraş! Dayan biqeyrət!
     Səs arxadan gəlirdi. Müraciətin kimə ünvanlandığını bilməsə də, hər ehtimala qarşı ayaq saxladı. Bunu nə üçün etdiyini özü də bilmirdi. Axı onu belə ağır təhqirlərə layiq görəcək düşməni yox idi bu şəhərdə. Hava qaralmış, İçəri Şəhərin küçələrindən izdiham yığışmışdı. Dönüb arxaya baxmaq istəyirdi ki, düz yanında saxlayan Jiquli 07 model avtomobildən düşən iki bazburtlu oğlan, Zaurun qollarını buraraq onu maşının arxa oturacağına itələdilər. Sürücünün yanında heç kim oturmamışdı. İki pəzəvəngin arasında qalan Zaur, sağında oturan, üzündən ciddilik və kədər yağan oğlandan soruşdu:
     -Bağışlayın, siz kimsiniz axı? Məni hara aparırsınız?
     -Yum küpüvü götverən! Sənin ağzını sikmək bizə borc olsun!
     -Axı mən sizə neyləmişəm? Bəlkə məni kiminləsə səhv salmısınız?
     -Səhv salmışıq!? Ay anası qəhbə, səndən başqa Ermənistana gedib, oğraş daşnaklara götünü sikdirən var?
     Bığlı, yekəpər gədə iyverən ağzını Zaurun sifətinə yaxınlaşdıraraq, qəhqəhəylə gülməyə başladı. Zaur ürəyinin bulandığını hiss etdi, başını aşağı saldı. Ən azından “mənzil başına” çatana qədər fikirləşməyə vaxtı vardı.
     Ermənistana getdiyinə görə, onu kim qaçırda bilərdi? Polis? Yox, bunlar polisə oxşamırlar. MTN? Xeyr, MTN bu dərəcədə də primitiv işləmir. Yoxsa?...
     Qarabağa Azadlıq Təşkilatı düşdü yadına. Adətən Ermənistana gedib-gələnləri hədələyən, döyən bu təşkilatın üzvləri olur. QAT-ın sədri Arif Yunusov dəfələrlə bəyanatla çıxış etmişdi ki, “Ermənistana gedənlər hər an bizim gənclərin hücumuna məruz qala bilərlər. Biz bunu açıq şəkildə, heç kəsdən çəkinmədən bəyan edirik. Ermənistana səfər edənlər bağışlanmayacaq!”.
     Başını qaldırıb pəncərədən baxdı. Papanin məhəlləsinin qaranlıq küçələrinə oxşayan yerə gəlib çıxmışdılar. Yanındakıların profillərinə baxdı. Bu sifətlərdə zərrə qədər emosiya oxunmurdu. Hərdən bir, qarşıdan gələn maşınların işıqları sağında oturan bığlı oğlanın üzünə düşəndə, yanağındakı nazik çapıq nəzərə çarpırdı.
     Qaranlıq və dolaylı yollarla irəliləyən maşın, nəhayət göy darvazanın qabağında saxladı. Zaur gözünü bığlının sifətindən ayıraraq, qabağa baxdı. Darvaza açıldı və maşın həyətə daxil oldu.
     -Düş görüm ə, götverən! - bığlı onun üstünə çəmkirdi və Zauru qolundan tutaraq maşından kobudca çıxartdı.
     Otuz kvadrat metrlik həyətin sonunda üç-beş nar və əncir ağacı gözə dəyirdi. İki mərtəbəli sadə evin sol divarı meynə yarpaqları ilə örtülmüşdü. Evin qapısı açıldı və...
     Özüdür ki, var... Arif Yunusov Zauru şəxsən qarşılamaq üçün düz maşının yanına gəlir və sanki “bu da axırı” demək istəyircəsinə gülürdü.
     -Salam cavan oğlan! Eşq olsun gənc QHT-şnikə!
     Arif Yunusov yeyin addımlarla Zaura yaxınlaşıb onun başını sığalladı.
     -Arif bəy, məni niyə bura gətirmisiniz?
     Ona cavab vermək yerinə Arif üzünü bığlı oğlana tutdu:
     -Salın bu alçağı lüks nömrəyə. İndi özüm də gəlirəm.
     Lüks nömrənin nə olduğunu Zaur çox tez başa düşdü - nəm, yarı qaranlıq, beton divarlı və döşəməli otağın ortasında “lüks nömrənin” sakinləri üçün taburetka da nəzərdə tutulmuşdu. Onu bu taburetə oturtdular və “Arif müəllim gələnə qədər mumla” tapşırdılar. Arif Yunusov 5 dəqiqə sonra gəldi. Gəldi nə gəldi! Otağa girən kimi sualsız-kəlamsız Zaurun çənəsinə vurduğu yumruqla onu soyuq, beton döşəməyə aşırtdı.
     -Oğraş!!! Götverən!!!
     -Mə... mən... neyləmişəm!?
     Arif Yunusov onun sualını cavablandırmaq yerinə, qarnına bir dənə də təpik ilişdirdi.
     -Hə, niyə dinmirsən? Danış da!
     Zaur əlini dodağına toxundurub barmaqlarındakı qana baxdı və başını qıldırdı.
     -Ağzımı açmağa imkan vermirsiniz axı. Bura nə üçün gətirildiyimi başa düşmürəm...
     -Ah sən başa düşmürsən!?
     Arifin ironik cingiltisi ülgüc kimi kəsiciydi.
     -Bəli... başa düşmürəm.
     -Qaldırın onu, oturdun!
     Oğlanlar Zauru yerdən qaldıraraq taburetə oturtdular.
     Arif əllərini belində birləşdirib otaqda gəzişə-gəzişə:
     -Deməli səni bura hansı cinayətinə görə gətirdiyimizi bilmirsən? - soruşdu.
     -Həqiqətən də bilmirəm. Əgər Ermənistana getdiyimə görədirsə, onda sözüm yoxdur. Ermənistana səfər etmək cinayətdirsə, bununla siz yox, hüquq-mühafizə orqanları məşğul olmadırlar?
     -Əslində düz deyirsən - sənin Ermənistana səfərin qanunsuz deyil. Belə səfərləri qadağan edən qanun, maddə yoxdur. Lakin sən hüquqi olmasa da, mənəvi cinayət işləmisən! Bu səbəbdən də polisin yox, bizim - yəni xalqın qarşısında cavab verməli olacaqsan.
     Arif diqqətlə Zauru süzərək qəfildən gülməyə başladı. Boğazını təmizləyib dedi:
     - Əslində sən pis oğlan deyilsən Zaur. Gəncsən, perspektivlisən, savadlısan. İngilis dilində danışırsan. Ən əsası isə sən mənim azərbaycanlımsan! Sadəcə olaraq böyük səhvə yol vermisən, işğalçının ölkəsinə səfər etmisən. Bunu niyə etmisən bilmirəm, bilmək də istəmirəm. Daha doğrusu Ermənistan və ermənilər barədə heç nə eşitmək istəmirəm. Amma səni cəzalandırmasaq, sabah sən, ya da qeyrisi eyni hərəkəti təkrar edəcək. Yenə də deyirəm, burada şəxsi heç bir məsələ yoxdur - hər şey vətən və millət üçün! Bayaq da dedim ki, hər bir azərbaycanlı mənim üçün əziz və doğmadır. Fəqət bu gün atalar demişkən - əyri oturub düz danışmasaq, sabah gec olar. Hər birimizin fikri, məqsədi, məsləki, əqidəsi - xalq, vətən və bu müqəddəs ideyanın, məfhumun daşıyıcısı olmaq olmalıdır. Amma reallıqlarla hesablaşmağı bacarmalı, problemlərin həllində hisslərin tüğyanına, zorakılığa, yox, ağlın qüdrətinə güvənməli və yol tapmalıyıq. Elə yol ki, onun sonunda xalqın, vətənin əldə etdiklərini itirməyək, uğurun üstünə uğur qoyaq. Millətin özünə düşmən kəsildiyi, birinin digərinə nifrətinin düşmən olan erməniyə nifrətdən qat-qat çox olduğunu gördükcə, kövrələn qəlbimin odu, gözümün yaşı ilə də sönmür. Vahid Azərbaycan xalqı, onun dəyərli, dəyərsiz, vətənə, millətə yararlı, yararsız, qəlbi, vicdanı vətən, millət eşqi ilə döyünən, şəxsi maraqları üçün yox, ümumi maraq üçün fədakarlıq edən insanlardan ibarətdir. Bəsdir parçalandıq, yox, bəsdir, bizi parçalayanların oyuncağı olduq. Bəsdir, düşməni dost, arxa bildik! Bəsdir, kürsü, pul əsiri olduq! Bəsdir, bir- birimizi inkar etdik! Bəsdir, başımıza öz əlimizlə kül ələdilər! Böyük və qüdrətli xalqım! Özünə qənim kəsilən elim-obam, nə qədər ki, gec deyil, gəlin düşünək. Nə etdiyimizi, hara getdiyimizi müəyyənləşdirək. Özümüzə tərəqqi yolu, bütövləşmək, bu günümüzü, gələcəyimizi təmin edən yol seçək. Əsrlərin səsini dinləyək, dərsindən dərs alaq. Tariximizə fikir ver: Azərbaycan dediyimiz bir ərazidə nə qədər dövlət yaratmışıq. Hər gün hazırki vəziyyəti düşündükcə dalğa-dalğa sahilinə çırpılıb tökülən və məyus halda dənizinə qayıdan dalğalar kimi oluram. Qohum uzaq, yad uzaq, dərd gəlir üstümə qucaq-qucaq. Bu dərd, bəla qurtarar nə zaman?! Ax mənim bəlalı başım!
     Arif uşaq kimi ağlayır, gözlərindən gilə-gilə yaşlar süzülürdü. Zaur çaşıb qalmışdı. Sədrlərinin ruh halı onlara da sirayət etdiyindən, QAT-ın gəncləri də ağlamağa başladılar. Bığlı və üzü çapıqlı oğlan göz yaşlarının arasından, səsi titrəyə-titrəyə Arifə tərəf uzatdı əllərini.
     -Arif bəy siz nə qədər də duyğulu və kövrək adamsınız. Hamımızın ürəyi vətən və millət sevgisi ilə döyünür. Fərdi və yaxud toplu olaraq hər birimiz eyni amala xidmət edirik. Bu amala gedən yolda hər birimizi çətinliklər, maneələr və məhrumiyyətlər gözləyir, lakin biz ruhdan duşməyəcək və bütün maneələri aşacağıq! Çünki biz vətə- nin işıqlı gələcəyi üçün hər şeyi göz önünə almış insanlarıq və tutduğumuz yolun doğru olduğuna əminik. Vətənə sizin kimi düşünən oğullar gərəkdir. Vətən sizin kimi düşünənlərin və lazım gəldikdə özünü fəda edə biləcək insanların çiyinlərində yüksələcəkdir.
     Arif göz yaşlarını əlinin tərsi ilə silib dedi:
     -Haqlısan qardaşım. Lakin elmi-texniki tərəqqi, millətlərin biri-birinə yaxınlaşması, dünyada baş verən inteqrasiya prosesləri, sosial-iqtisadi inkişafla yanaşı, qloballaşma özünün amansız qanunlarını da diqtə edir. Qloballaşmanın dönməz xarakter aldığı bir vaxtda bizim qarşımızda duran ən böyük və vacib vəzifələrdən biri milli dəyərlərin qorunub saxlanılmasıdır.
     Zaur özü də gözləmədən iki QAT-çı arasında gedən söhbətə qoşuldu.
     -Dostlar, baxmayaraq ki, siz məni tutub zorla bura gətirmisiniz, amma mən sizin əsl vətən oğulları olduğunuzu görürəm və təqdir edirəm. Həqiqətən də, çağdaş dünyada gedən proseslərin hansı hədəfə hesablandığını uzaqgörənliklə qiymətləndirə bildiyiniz üçün, Arif bəy, sizə heyranam. Siz haqlı olaraq milli-mental düşüncənin qorunmasını, mənəvi dəyərlərin itirilməməsini çox önəmli vəzifə sayırsınız. Bizə tarixdən “ölü xalqlar” termini məlumdur. Bunlar öz mənəvi varlıqlarını və milli dəyərlərini qoruya bilmədiyinə görə digər xalqlarla assimliyasiya olunub sıradan çıxmış millətlərdir. Çünki, milləti təkcə onun dili və adı, yaxud dövləti yalnız onun sərhədləri yaşatmır. Elə olsaydı latın dili kimi latın xalqı da yaşayardı. Yaxud, yerlə-göylə əlləşən imperiyalardan əsər-əlamət qalardı. Xalqın mövcudluğu üçün birinci növbədə onun mənəviyyatı yaşar olmalıdır. Bu anda mənəviyyat sözünü mücərrəd anlayış kimi qəbul etmək lazım deyil. Həmin sözün mayasını torpaq sevgisindən tutmuş millət sevgisinəcən bütün ülvi hisslər təşkil edir. Ulu Dədə Qorqudun “Əgər torpağı qorumursansa, onu əkməyə dəyməz, əgər torpağı əkmirsənsə, onda onu qorumağa dəyməz” nəsihətini xatırlamağımız kifayətdir.
     Arif heyrətdən nəfəsini tutmuşdu. Zaur sözünü bitirib susunca, ona doğru əllərini uzatdı, qucaqladı.
     -Sağol qardaşım. Belə dərinlik, müdriklik yalnız bizim xalqa məxsus ola bilər! Mən Dədə Qorqudun həmin kəlməsinin əsl mahiyyətini Qarabağ uğrunda döyüşlərin iştirakçısı olduğum zaman daha dərindən anladım. Güllə qabağına gedirdim, ölümlə üzbəüz olurdum, günlərlə ac-susuz qalırdım, amma zərrəcən də giley etmirdim. Çünki, torpaq və Vətən uğrunda döyüşdüyümü anlayırdım və indi üstündən neçə illər keçsə də mən həmin o ülvi hissləri - Vətən uğrunda döyüşdüyüm anların müqəddəs duyğularını unuda bilmirəm.
     Elə həmin döyüşlərdə mən bir daha anladım ki, biz çox vaxt öz böyüklüyümüzü lazımınca qiymətləndirə bilmirik. Elə bunun nəticəsi olaraq ermənilər tarixi abidələrimizi, mətbəximizi, musiqimizi, incəsənətimizi, mədəniyyətimizi öz adlarına çıxır, bəzən buna nail olurlar. Biz indi müstəqil dövlətik və heç kim əlimizi-qolumuzu bağlaya bilməz. Mənəviyyat oğrularının qarşısı alınmayınca, torpaqlarımızı işğal edənlər mənəviyyatımızı da zəbt edəcəklər.
     Məşhur bir misalda deyilir: əgər keçmişinə tapançadan güllə atsan, gələcək səni topa tutacaq. Heç kimə sirr deyil ki, müsəlman şərqində ən mütərəqqi xalq bizim xalqdır. Şərqdə ilk demokratik respublikanı biz qurmuşuq. İlk teatrı biz yaratmışıq. İlk qəzeti biz çap etmişik. Necə deyərlər, bəşəri dəyərlərin çoxunun ilki bizim qismətimizə düşüb. Bütün bunlar tarixi faktlar olduğundan, təbii ki, bu birincilikləri heç kim bizim tariximizdən silə bilməz.
     Azərbaycanlı olan hər kəs bilməlidir ki, bizim mənəviyyatımız ancaq öz xalqımıza məxsusdur, onu biz zənginləşdirməliyik, onu biz qorumalıyıq. Çünki azərbaycanlı olan hər kəs yalnız Azərbaycan Respublikası adlanan coğrafi məkanda yaşaması ilə deyil, məhz mənəviyyatı ilə azərbaycanlıdır.
     -Arif bəy, sizin əsgərlik xatirələrinizi eşitmək mənim üçün maraqlı olardı. Mən o illəri yaxşı bilmirəm.
     - Əlbəttə! Sən hardan bilə bilərsən o illəri ay gijdıllaq? Sən hələ o vaxtlar uşaq idin.
     Arif qapıda farağat dayanmış gənclərə yaxınlaşaraq onları bir-bir dodaqlarından öpdü və üzünü Zaura çevirib tox səslə dedi:
     -Füzuli istiqamətində döyüşlər ara vermirdi. Ağdamın işğalı bu bölgəni, bir növ, müdafiəsiz, köməksiz qoymuşdu. Bundan istifadə edən hərbi müxalifət camaat arasında təxribat aparır, adamların döyüş əzmini sındırırdı. Hakimiyyətə gəlməyin bu iyrənc üsulunu Xocalı faciəsində, Şuşa, Laçın rüsvayçılığında sınamışdılar. İndi də şərəfsizcəsinə həmin üsuldan yararlanmağa cəhd edirdilər.
     Ağdamın süqutundan bir ay sonra - avqustun 23-də Füzuli işğal olundu. Bununla da digər cənub-qərb rayonları - Cəbrayıl, Qubadlı və Zəngilanın işğalı reallaşdı.
     Bu itkilər, məğlubiyyətlər bizi birdən-birə haqlamadı. Hərbi-siyasi müxalifət, daxili xəyanətkarlar xalqımızı buna addım-addım yaxınlaşdırdılar. Dərdinin üstünə dərd qoya-qoya gətirdilər. Sonra da içimizdəki satqınlar, hakimiyyət hərisləri bu şərəfsizlikləri xalqın ünvanına yazmağa cəhd göstərdilər. Ancaq zaman hər şeyi yerbəyer elədikcə “millət qəhrəmanları”nın əsl simaları xalqa bəyan oldu.
     Artıq müharibənin alovu Füzulinin üz-gözünü qarsırdı. Adamlar silahlanırdı. Ancaq təəssüf ki, dövlət təsirli tədbirlər görmürdü. Özünümüdafiə dəstələri silah-sursatı güclə tapırdı. Təcrübəli komandirlərə ehtiyac çox idi. Ancaq ermənilər müasir silahlarla təmin olunmuşdular - hücumu da, müdafiəni də təcrübəli komandirlərin rəh- brərliyi ilə həyata keçirirdilər. Elə bunun nəticəsiydi ki, ilin sonunda ermənilər cəbhə boyu hücumlarını genişləndirdilər. Dekabrın 24-də I Arış, Cəmilli, Xələfmə və Qaradağlı kəndlərinin sakinləri yurd-yuvalarını tərk etdilər. Cuvarlı kəndi isə mühasirəyə düşdü. Əlbəttə ki, həlak olanlar, yaralananlar oldu.
     1992-ci il daha qanlı-qadalı gəldi. Ayaz Mütəllibovun başı hakimiyyətini qorumağa qarışmışdı. Müxalifət isə onun zəifliyindən, qətiyyətsizliyindən istifadə edib cəbhədə daha böyük təxribatlar törədirdi. Daha doğrusu, erməni hücumlarının genişlənməsi üçün imkan və şərait yaradırdılar. Tarixin sağalmaz yarası kimi qalacaq Xocalı soyqırımı bu şərəfsizliyə sübutdur. Bu qanlı faciədən üç gün əvvəl isə - fevralın 22-dən 23-nə keçən gecə ermənilər Yuxarı Veysəlli kəndini işğal etdilər. Kənd qarət olundu, 200 ev yandırıldı, 15 nəfər həlak oldu, 20 nəfər yaralandı.
     Xocalı faciəsindən sonra hücumlarını nisbətən dayandırıb, güclü müdafiə quran erməni silahlı birləşmələri martın 16-da Füzuli istiqamətində ilk dəfə hava hücumundan istifadə etdilər. Cəmilli və Qaradağlı kəndlərinə döyüş vertolyotlarından zərbə endirildi. Onda mən əsgər yoldaşlarımla vertolyotlardan birini partlatdım və illər sonra bu hərəkətimə görə şücaət və qeyrət ordeni aldım. Həə, sözüm onda yox. Çoxlu ev dağıdıldı o gün, ölənlər və yaralananlar oldu. Həmin gün rayon mərkəzi də artilleriya atəşinə məruz qaldı.
     Artıq döyüşlər yenidən şiddətləndi. Martın 19-dan 31-dək Hoğa kəndində şiddətli döyüşlər getdi. Kənd işğal edildi və bütünlüklə yandırıldı, 16 nəfər həlak oldu, onlarca adam yaralandı. Həmin günlərdə Füzuli şəhəri daim artilleriya atəşi altında saxlanırdı. Hər gün dağıntılar, itkilər olurdu.
     Nəhayət, aprelin 1-də Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçdi. Bu xəbər neçə vaxt idi bütün dairələrdə danışılırdı. Məhz ona görə də uğursuzluqla nəticələndi. Əvəzində ermənilərin hücumu genişləndi. Füzuli şəhəri artilleriya vasitəsi ilə böyük dağıntılara məruz qaldı. Aprelin 11-də isə artilleriya hazırlığından sonra ermənilər bütün cəbhə boyu hücuma keçdilər. Cəmillini işğal etdilər. Düşmən hücumu Qacar kəndində dayandırıldı, ermənilər geri oturduldu və Cəmilli kəndi azad edildi.
     Xocalı faciəsindən sonra ölkə əslində başsız qalmışdı. Xəyanətkar A.Mütəllibov hakimiyyətdən uzaqlaşdırılıb, anarxiya daha da güclənib, prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov müxalifət liderləri ilə dil tapmağa çalışırdı. Yaxşılığa doğru isə heç nə görünmürdü. Ölkə möhkəm əl istəyir, təcrübəli, qətiyyətli lider is- təyirdi. Ancaq Azərbaycanı dəllal bazarına çevirənlər buna imkan vermirdilər. Mayın 14-də Mütəllibovu yenidən hakimiyyətə qaytarırlar, ancaq o, gecə qaçdı getdi. Sabahı gün Azərbaycan Xalq Cəbhəsi şou düzəltdi. Silahlı dəstələr içərisində heç kəsin olmadığı Ali Sovetin binası üzərinə yeridilər, binanı gülləbaran elədilər.
     Arif qəhərlənmişdi. Əliylə burnunu təmizlədi, barmaq uclarına yapışan fırttığı silkəyərək yerə tulladı. Qapıda dayanan oğlanlardan biri, digərinin şalvarının düymələrini açaraq şeyini çıxardıb sığallayırdı. Arif onlara fikir vermədən, dəhşətdən gözləri bərələn Zaura şəfqətlə baxıb davam elədi:
     -...Mayın 25-də ermənilərin Füzuliyə atdığı mərmilərin tərkibində kimyəvi maddələr aşkar olunur. Bununla da çoxdan davam edən şayiələr təsdiqini tapır. Lakin heç bir dövlət buna münasibət bildirmir. Azərbaycanın harayı, haqq səsi eşidilmir. Artıq təklənməyimiz hər addımda hiss olunur. Hakimiyyəti zəbt edənlər isə bunu sürətləndirdilər. Region dövlətlərini daha çox narazı salıb, özlərindən uzaqlaşdırdılar. Bu da ermənilərin əl-qolunu daha çox açdı. İyulun 15-də Füzuliyə atılan mərmilər yenidən yoxlamadan keçirildi və bir daha təsdiq olundu ki, onların tərkibində kimyəvi maddə var.
     Azərbaycan oğulları mərdliklə döyüşür, canlarını qurban verirdilər. Ancaq cəbhədəki təxribatlar bir-birini izləyirdi. Ordu siyasiləşmişdi. Cəbhəyə - yerli müdafiəçilərə köməyə göndərilən hərbi dəstələr təxribat törədir, hücum əməliyyatlarını pozur, dinc sakinlər arasında qorxulu şayiələr yayırdılar. Məsələn, Silahlı Qüvvələrimizin iyunun 25-də Qırmızı Bazara, iyulun 28-də Tuğ kəndinə uğurlu hücumları təxribatlar nəticəsində heçə endirildi.
     Payızda döyüşlər daha intensiv xarakter aldı. Azərbaycan Silahlı Qüvvələrinin bir neçə uğurlu hücumu oldu. Sentyabrın 7-də hücuma keçən hərbi birləşmələrimiz bir neçə strateji yüksəkliyi ələ keçirdilər. Martunidə üç hərbi silah anbarını dağıtdılar. Gədik yüksəkliyi uğrunda döyüşlərə girdilər. Artıq sentyabrın 23-də Xocavənd qəsəbəsi ermənilərdən təmizləndi.
     Təəssüf ki, səriştəsizlik, təcrübəsizlik ucbatından müdafiə tədbirləri görülmür, əsgərlərimizin qanı bahasına azad etdiyi mövqelər yenidən ermənilərin əlinə keçirdi. Xocavəndin azad edildiyi gün ermənilərin əks-hücumu ilə bütün uğurlar heçə endirildi. Üstəlik, Muğanlı, Əmirallar və Kuropatkino kəndləri də düşmən əlinə keçdi. Düşmən hücumunu genişləndirdi. Bu hücumların qarşısı yalnız oktyabrın 12-də dayandırıldı. Bundan sonra ilin sonunadək yalnız mövqe döyüşləri davam etdi.
     Artıq AXC-Müsavat cütlüyünün səriştəsizliyini, aralarındakı didişməni aydın müşahidə edən ermənilər hücumlarını bütün cəbhə boyu genişləndirmişdilər. Azərbaycanın ordusu formalaşmırdı. AXC-nin, Etibar Məmmədovun, Əlikram Hümbətovun, Rəhim Qazıyevin, Surət Hüseynovun... silahlı dəstələri vardı. Ancaq bu dəs- tələr yağı qabağına çıxmırdılar. İlluziya yaradırdılar. İmkan düşən kimi biri-birini irəli verib düşmən mühasirəsinə salır, onun “əli ilə” torpaqlarımızın bir hissəsini işğal etdirir, sonra isə “təbliğat maşını” işə düşürdü. Belə-belə hakimiyyətə gəlmək üçün bir-birlərini gözdən salırdılar. Ümumiyyətlə, bu şəxsi silahlı birləşmələr xalqa deyil, şəxsi ambisiyalara xidmət edirdi. Onu da etiraf edək ki, siyasi oyunda oyuncağa çevrilmiş bu hərbçilərin əksəriyyəti belələrinin əlində oyuncağa çevrilmişdilər. Axı, onların çoxu qeyrətli oğullar idilər.
     Nə isə, Azərbaycan tarixinin bu ağrılı dövrü davam edirdi. 1993-cü il isə daha böyük fəlakətlərlə başladı. Bakıda camaat küçələrdə rahat gəzə bilmirdi. Onun-bunun anasına, bacısına sataşırdılar. Artıq yanvarın 6-da Füzuli şəhəri artilleriya atəşi altına düşdü. Azərbaycan Silahlı Qüvvələri isə üstünlüyə sahib olmaq üçün strateji yüksəkliklər uğrunda döyüşə girmişdilər. Yanvarın 14-nə keçən gecə Üryandağ yüksəkliyi uğrunda başlanan döyüşlər bu qəbildən idi. Lakin, bir daha təkrar edirəm, xəyanət və etinasızlıq bütün qələbələri heçə endirirdi. Artıq elə bir məqam yetişmişdi ki, hücuma keçən oğullar kürəyinə tuşlanan güllədən narahat idilər. Qeyrətli dö- yüşçülərimiz arxadan vurulurdu. Ancaq buna baxmayaraq onlar özlərini oda atır, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçirdilər. Aprelin 2-də ermənilərin çox böyük üstünlüklə hücumunun qarşısının alınması buna sübutdur. Aşağı Divanlılar, Qacar, Kövşatlı işğal olunmuşdu. Əsgərlərimiz güclü əks-hücumla Kövşatlını azad edib, düşmənlə ölüm-dirim mübarizəsinə girdi. Lakin arxadan kömək gəlmir, sağdan-soldan təxribatlar ara vermirdi. Ona görə də düşmənin xeyli qüvvə üstünlüyü öz işini görürdü.
     Beləcə, ön cəbhədə döyüşən igidlərimiz təklənir, düşmənin qat-qat üstün qüvvələrinə qarşı döyüşlərdə geri çəkilməyə məcbur olurdular.
     Artıq aprelin 4-nə keçən gecə ermənilər Füzuli şəhəri yaxınlığındakı Məngələnata yüksəkliyini ələ keçirdilər. Fəlakət anbaan yaxınlaşır. Bir gün sonra Gövşatlı kəndi yenidən düşmən əlinə keçir. Bu minvalla düşmən sürətlə irəliləyir. Artıq aprelin 14-də Füzulinin 1 kilometrliyinə çatır.
     Arada danışıqlar gedir. Nisbi sakitlik yaranır. Döyüşləri müvəqqəti dayandırmaq haqqında razılığa gəlinir. Ancaq ara-sıra mövqe döyüşləri davam edir. Azərbaycan tərəfi heç bir tədbir görmür, təlimlər keçmir, lazımi qüvvələrlə ön xətti təmin etmir. Bakıda isə çəkişmələr şiddətlənir.
     Bu zaman Gəncədə məlum iyun hadisələri baş verir. AXC-Müsavat cütlüyünün yetişdirdiyi hərbi müxalifətdən biri - Surət Hüseynov mövcud iqtidarı ölümlə hədələyir. Silahlı qarşıdurma yaranır. İtkilər olur. Artıq ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalır. Rəhim Qazıyev - Surət Hüseynov - Əlikram Hümbətov üçbucağı ölkəyə fəlakətlər gətirir. İqtidar nümayəndələri qorxub qaçırlar. Ölkə fəlakət girdabına düşür.
     Xalqın təkidi və xahişi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev qardaş qırğınının qarşısını alır. Ancaq real məhvolmaqdan xilas olan əvvəlki iqtidar nümayəndələri yenidən fəallaşırlar. Daha doğrusu, xarici ağalarının təhrik və tələbləri ilə təxribatlara başlayırlar. Onlar ümid edirlər ki, “Xocalı, Şuşa, Laçın variantı” ilə yenidən hakimiyyətə qayıda bilərlər.
     Bu məqamda onu da qeyd etməliyəm ki, 1993-cü ilin yayında döyüşən əsas qüvvələr ayrı-ayrı adamların tabeliyində idi. Orada Müdafiə Nazirliyinin əmrləri işləmirdi. Döyüşün həlledici anında kimsə, məsələn, Qazıyev, Hüseynov, Məmmədov, Hümbətov öz dəstəsini, AXC öz batalyonlarını geri çəkirdi və cəbhədə hər şey alt-üst olurdu. Necə ki, Ağdamda Surət Hüseynov döyüşən dəstələri mövqelərindən çıxarıb, sonra da şəhəri qarət edib, yağıya təhvil verdi. İndi də növbə Füzulinin idi. Həmin müdhiş an yaxınlaşırdı...
     İyulun 2-də geniş artilleriya hazırlığından sonra ermənilər Füzuli və Cəbrayıl istiqamətində fəallaşır, cəbhə boyu hücuma keçirlər. Avqust ayında isə Füzulinin fəlakətli günləri yaxınlaşır. Ayın 3-də Cuvarlı və Xələfşə kəndləri yandırılır. Ayın 5-də isə ermənilər şəhərin 500 metrliyinə çatırlar. Şiddətli döyüşlər gedir. Sabahı gün Azərbaycan Silahlı Qüvvələrinin güclü əks-hücumu ilə düşmən geri oturdulur - bir gün sonra Məngələnata yüksəkliyi azad edilir, Üçtəpə yüksəkliyi uğrunda döyüşlər başlanır.
     BMT-nin Azərbaycandakı daimi nümayəndəsi Mahmud əl-Səid avqustun 12-də Füzuliyə gedir. Vəziyyəti gözləri ilə görür. Bundan sonra - avqustun 18-də Dövlətyarlı kəndi, bir gün sonra Kürdlər, Yuxarı Əbdürrəhmanlı və İşıqlı kəndləri işğal olunur. Artıq Füzuli mühasirə halqasına düşür. Avqustun 20-də yerli qarnizon şəhəri tərk edir.
     Xəyanət öz işini görürdü. Hələ strateji yüksəkliklər vardı. Düşmənə güc göstərən qüvvələr dururdu. Ancaq neyləyəsən ki, onlar yenə satqınların, vəzifəni Vətəndən üstün tutanların əlində idi...
     ...Odur ki, tariximizə daha bir qara gün yazıldı: 23 avqust - Füzulinin süqutu günü.
     ...Və bu uğursuzluqlardan, məğlubiyyətlərdən sonra içində Azərbaycan Silahlı Qüvvələrinin şərəfli, öyünməli bir tarixi də var. 1994-cü ilin ilk günlərində ordumuzun Füzuli cəbhəsində uğurlu əks-hücumu. Bu elə bir vaxt idi ki, siyasiləşmiş hərbi dəstələrlə müharibəni davam etdirmək daha böyük məğlubiyyətlərə gətirib çıxarardı. Ona görə də 1992-cü il noyabrın 2-də möhtərəm Heydər Əliyev xalqa müraciət etdi. Vətənin təhlükədə olduğunu bildirdi. Yüzlər- lə, minlərlə adam bu çağırışa gəldi. Çünki artıq insanlarda inam vardı.
     Ayrı-ayrı rayonlarda könüllü batalyonlar yaradıldı. Onlar dərhal təlimlərə başladılar. Qısa vaxtdan sonra onların bir hissəsi Füzuli cəbhəsinə göndərildi. Və 1994-cü il yanvarın 4-dən 5-nə keçən gecə əks-hücuma keçdilər. Cəmi bir sutka ərzində erməni hərbi birləşmələri 25 kilometr geri oturduldu, 22 kənd və Horadiz qəsəbəsi erməni quldurlarından təmizləndi. Ermənilərin atəşkəsə razılıq verməsində də Azərbaycan Silahlı Qüvvələrinin bu qələbəsinin əhəmiyyəti böyük oldu.
     Bu uğurlu əks-hücum başlayıb, ancaq sona çatmayıb. Ermənilər sülh yolu ilə münaqişənin ədalətli həllinə razı olmasalar, bu hücum davam etdiriləcək. Azərbaycan Ordusu, Azərbaycan əsgəri buna qadirdir. Hər iki halda torpaqlarımızın azad olunacağı gün uzaqda deyil!
     Arif nitqini bitirib arxasını Zaura tərəf çevirdi və azca əyilərək gurultu ilə osturdu.
     Arifin şövqlə, sidqi-ürəklə dediyi monoloqu nəfəs almadan dinləyən Zaur isə axmaqlıq edib soruşdu:
     -Arif bəy, siz bu münaqişənin sülh yolu ilə həllini istisna edirsiniz?
     Bu səfərki yumruq daha ağır oldu. Zaur taburet qarışıq otağın küncünə qədər uzun bir uçuş etdi. Duman pərdəsinin arxasından Arifin bulanıq üzünü gördü, sanki quyunun dibindən gələn səsini eşitdi.
     –Götverən! Sən nə abırsız, qanacaqsız adamsan! Hələ də başa düşə bilməmisən ki, şərəfsiz sülhə getmək milli maraqlarımıza cavab verməyən, milli mentalitetimizə sığmayan, şanlı tariximizi, zəngin irsimizi ləkələyən bir hadisədir!? Oğraş oğlu oğraş! İndi mən səni tikə-tikə doğrayım, sən də bax!
     - Arif bəy qurban olum... etməyin! İstədiyinizi eləməyə hazıram. Söz verirəm ki, bir daha Ermənistana səfər etməyəcəm...
     - Yum ağzuvu! Ermənistana bir daha getməməklə günahını yuya bilməzsən. Sənin üçün başqa bir cəza fikirləşmişik.
     Zaur çətinliklə qalxıb dizləri üstə oturdu, ağzından və burnundan axan qanı silə-silə soruşdu:
     -O nə cəzadır elə?
     Arif üzünü gənclərə tutdu, qəzəblə qışqırdı:
     -Oturdun onu yerinə!
     Zaur taburetə oturandan sonra isə, üzünü əməllicə ona yaxınlaşdırıb pıçıldadı:
     -AzTV-də, “Azərbaycan həqiqətləri” verilişinə çıxacaqsan.
     Zaur başa düşmədi:
     -Nə var o verilişdə?
     Arif qamətini düzəltdi, əllərini belində birləşdirib gurladı:
     - O verilişdə canuva azzar var! Verilişə çıxıb günahlarını yuyacaqsan. Erməniləri ifşa edəcəksən. Ermənistana səfər etdiyinə görə peşman olduğunu deyəcəksən! Yox əgər dediyimi etməsən, səni harda olursan-ol tapıb, alnına bir güllə sıxacağıq!
     Zaur açıq ovuclarını Arifə doğru uzadıb yalvardı:
     - Lazım deyil, lazım deyil. Verilişə çıxacağam. Mütləq çıxacağam - Bir az fikirləşib soruşdu - Özüm gedim AzTV-yə ki, mən verilişə gəlmişəm?
     Üzündən məmnunluq oxunan Arif başını buladı:
     -Xeyr. Sənə zəng edib çağıracaqlar. Gözlə.

***


     -Dolma... Qədim Azərbaycan xörəyi olan dolmanı oğurlayan və onu “özününkü” kimi dünyada qələmə verən ermənilərlə nə etməli? Bəli, Azərbaycan xalqının aktual problemlərinə həsr olunmuş “Azərbaycan həqiqətləri” verilişi sizinlə növbəti görüşə gəlib. Axşamınız xeyir olsun hörmətli tamaşaçılar.
     Aparıcı Həmid Herisçi tamaşaçıları salamlayıb eynəyini düzəltdi:
     - Söhbətimin əvvəlində də dediyim kimi, bu günkü mövzumuz belə adlanır: “Milli mətbəximiz və erməni hiyləgərliyi”. Mən sizə qonağımızı, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin koordinatoru, bu yaxınlarda düşmən ölkəyə, Ermənistana səfər etmiş Zaur Cəlilovu təqdim etmək istəyirəm. Eyni zamanda onu da diqqətinizə çatdırım ki, özünün sülhməramlı fəaliyyəti ilə yanaşı Zaur həm də çox gözəl publisist və qurmandır.
     Zaur bəy, vaxt tapıb studiyamıza təşrif buyurduğunuza görə təşəkkür edirəm.
     -Mən də sizə məni bura dəvət etdiyiniz üçün çox sağ olun deyirəm. Onu da qeyd edim ki, verilişinizi çox sevirəm və sizin müntəzəm tamaşaçınızam.
     - Minnətdaram. Vaxt itirmədən sizə ilk sualımı vermək istəyirəm. Sizcə, ermənilərin bizim Azərbaycan dolmasını oğurlaması faktı cəmiyyətimizi kifayət qədər narahat edirmi? Və QHT-lər bununla əlaqədar hansı tədbirləri həyata keçirirlər?
     -Sualınız dərin və ağrılıdır. Hamımıza məlum olan faktlardan danışdınız. Ermənilərin bizim qonaqpərvər bölgəmizdə məşhur bir rus klassikinin məşum səhvi nəticəsində, 200 il bundan öncə peyda olduğunu bütün dünya bilir.
     -Siz Qriboyedovu nəzərdə tutursunuz....
     -Bəli, düz başa düşdünüz. Sonra aydın oldu ki, ermənilər nəinki Qriboyedovu, hətta Cənubi Qafqaz və Şərqi Anadolunun sülhpərvər türk xalqlarını da aldada biliblər. Ermənilər Qərbi Azərbaycan torpaqlarında məskunlaşaraq, bu qədim türk ərazisinə “Ermənistan” adı verdilər. Onlar bu torpaqlarda yaşadıqları qısa vaxt ərzin- də bizim xalqın demək olar ki, bütün mətbəxini, musiqisini, mədəniyyətini mənimsədilər.
     -İstərdik ki, dolma ilə bağlı daha ətraflı danışasınız.
     - Bildiyiniz kimi, ermənilər bizim milli xörəyimiz olan dolmadan açıq şəkildə istifadə etməklə qalmayıb, onun erməni mətbəxinə mənsub olduğunu bütün dünyaya yayırlar.
     - Amma bütün dünya “dolma” sözünün, türk dilində “dolmaq”, “doldurmaq” felindən yarandığını və bu xörəyin əsl Azərbaycan yeməyi olduğunu bilir.
     - Doğru buyurursunuz. Biz hamımız erməni təbliğatı ilə, ermənilərin çoxsaylı lobbi təşkilatları ilə fəal mübarizə aparmalıyıq.
     Həmid Herisçi əlini qulağına apararaq, Zaurun sözünü kəsdi:
     -Studiyamıza ilk telefon zəngi daxil oldu. Buyurun, siz efirdəsiniz.
     -Salam. Zaur bəyə bir sualım var.
     -Buyurun, sizi eşidirik.
     -Zaur bəy, mən Bakı Dövlət Universiteti Filologiya fakültəsinin tələbəsiyəm. Adım İlqardır. Müasir Azərbaycan gəncliyinin bir nümayəndəsi kimi, tez-tez internetdən istifadə edirəm və orada erməni təbliğatı ilə rastlaşıram. Ermənilər oradakı təbliğat materiallarında məsələdən agah olmayan oxucuları inandırmağa çalışırlar ki, Azərbaycan türkləri dolma icad edə bilməzdilər. Çünki onlar üzümçülüklə məşğul olmayıb və oturaq həyat tərzinə də sonradan keçiblər. Sizcə, ermənilərin bu təbliğatına necə cavab vermək olar?
     Zaur üstünə AzTV-nin loqosu vurulmuş iri fincandan bir qurtum su içib dedi:
     - Bu doğrudan da aktual məsələdir. Biz hamımız bilirik ki, ermənilər kələk gəlmək və faktları təhrif etmək işində ustadırlar. Ələlxüsus söhbət tarixdən, Azərbaycan xalqının tarixindən gedirsə.
     Həmid təşəbbüsü ələ keçirərək əlavə etdi:
     - Cavan oğlana bu gözəl sualına görə təşəkkür edirəm. Ermənilərin təbliğatı məsələsini düzgün qoyur. Təəssüf ki, bu həqiqətdir. Ermənilər oğurladıqları hər şeyi özününkiləşdirməyə çalışırlar və gülünc, mənasız dəlillər irəli sürürlər. Deyirlər ki, “necə ola bilər, axı köçəri və yarımköçəri həyat tərzi sürən türk xalqları üzümçülüklə məşğul olsun?!”. Gülməli və cəfəng iddiadır! Ancaq erməniləri başa düşmək olar... necə deyərlər, suda batan saman çöpündən yapışar. Lakin İlqarın da dediyi kimi, onların istənilən yalanına biz layiqli cavab verməliyik!
     Zaur söz aldı:
     - Tamamilə doğrudur! Biz, azərbaycanlılar, ermənilərin özünə də həqiqəti çatdırmalıyıq. Sadə ermənilər öz millətçi ideoloqlarının - Eçmiədzinin, Daşnaksutyunun təsiri altındadırlar. Məlum məsələdir ki, ermənilərin ideoloqlarını ifşa etməklə, biz eyni zamanda erməni xalqının da qeyri-konstruktiv mövqeyini dəyişdirə bilərik. Bu- na görə də biz ermənilərin ən cəfəng fikirləri ilə belə mübarizə aparmalı və həqiqətlərimizi dünyaya, öz xalqımıza və habelə erməni xalqına çatdırmalıyıq. Bizdən savayı heç kim bunu etməyəcək! Axı bu aqressiv və oğru xalqla yanaşı yaşamağa məcburuqsa, bu reallığı dərk etməli, tədbirli olmalıyıq.
     - Xatırlatmaq istəyirəm ki, dinləyicimiz ermənilərin təbliğatına necə cavab verməli olduğumuz barədə soruşmuşdu.
     - Üzr istəyirəm, biz əsas mətləbdən bir az yayındıq deyəsən. Bəli, Azərbaycan türklərinin köçəriliyi barədə ermənilərin mənasız iddialarına cavab verməliyik. Ermənilər bilməlidir ki, o uzaq dövrlərdə qədim azərbaycanlılar arasında artıq əmək bölgüsü mövcud idi. Azərbaycanlıların alban əcdadları oturaq həyat tərzi sürürdülər və üzümçülüklə məşğul olurdular. Azərbaycan türkləri isə zəngin türk dili vasitəsi ilə əcdadlarının yaratdıqları mətbəxə adlar qoyurdular. Həmin tarixi dövrdə azərbaycanlıların alban əcdadları gözəl yeməklər bişirir, azərbaycanlılar isə bu yeməklərə ad verirdilər. Dolma da belə yeməklərdən biridir. Yəni səxavətli Qafqaz günəşi altında bitən meynə yarpaqları ilə gənc qoyunun incə ətinin vəhdətindən yaranan dolma, azərbaycanlılar ilə albanlar arasındakı möhkəm dostluğun və qarşılıqlı inamın rəmzidir.
     -Studiyamıza daha bir zəng var...
     - Bağışlayın, deyilənlərə bir şey də əlavə etmək istəyirəm. Ermənilər heç vaxt başqa xalqlarla dostluq qura bilməyiblər. Ona görə də onlar bizim albanlarla dostluğumuza paxıllıq edirlər.
     - Mən belə başa düşdüm ki, azərbaycanlıların və albanların birgə ixtirası olan dolma, Azərbaycan xalqının multimədəni və tolerant mahiyyətindən xəbər verir.
     -Elədir. Siz tamamilə düzgün buyurursunuz.
     -Telefon xəttimizdə daha bir dinləyici var. Salam!
     -Salam, mənim adım Samirdir. Mən həmişə sizin verilişinizə baxıram və soruşmaq istəyirəm: necə olur ki, bu ermənilər illərdir hamını aldada bilirlər? Dolma haqqında həqiqəti dünyaya necə çatdırmalıyıq? Və siz özünüz, Ermənistana getdiyinizə görə xəcalət çəkirsinizmi?
     - Sual sizədir, Zaur bəy. Ümumiyyətlə, bizim sülhpərvər bölgəyə cəmi 200 il əvvəl gəlmiş bu xalq necə olur ki, bütün dünyanı barmağına dolaya bilir?
     - Bizim əlimizdə ermənilərin oğurluğuna dair təkzibedilməz faktlar var və biz dünya ictimaiyyəti qarşısında ermənilərin iç üzünü ifşa etməliyik.
     -Bəs niyə biz bunu etmirik?
     -Çünki diasporamız zəif işləyir. Biz də ermənilər kimi mütəşəkkil işləyə bilsək, əks təbliğat işində uğur əldə edə bilərik. O ki, qaldı xəcalət çəkib çəkməməyimə... Əlbəttə bu mənim tərəfimdən edilmiş böyük səhv idi. İşğalçının torpağına ayaq basmaq əsl tərbiyəsizlikdir. Bilirsinizmi, əslində mən Ermənistana onları ifşa etmək üçün getmişdim. Burada danışdıqlarımı orada da danışırdım. Erməniləri məcbur etdim ki, dolmanın, tarın, kamançanın, balabanın Azərbaycana mənsub olduğunu etiraf etsinlər.
     -Doğrudan da onlar bu həqiqətləri etiraf etdilərmi?
     - Əlbəttə etdilər. Bəs mən üç gün orada nə ilə məşğul olurdum? Əslində dolmanı təkcə ermənilər yox, yunanlar da mənimsəyiblər.
     -Deməli, biz dolmamızın yunanlar tərəfindən oğurlandığı faktını da dünyaya isbat etməliyik?
     - Əlbəttə! Ermənilərlə yunanları müttəfiq edən də məhz dolma oğurluğudur. Onları bu fakt birləşdirir, yaxınlaşdırır, qardaşlaşdırır.
     -Amma... bəlkə biz də ermənilərdən nümunə götürərək öz müttəfiqlərimizə, yəni digər türk xalqlarına müraciət edib, dəstək istəyək? “Dolma” sözü türk feli olan “doldurmaq”dan yaranmışdır və mənası içinə yerləşdirib bükmək deməkdir. Bu danılmaz faktdır və biz də dəstək üçün türk dünyasına - Qazaxıstan, Türkmənistan, Qırğızıstan kimi ölkələrə müraciət edə bilərik.
     -Bəli, biz türk qardaşlarımızla iş aparmalıyıq. Hətta mən bu arealı bir az da genişləndirərək bu siyahıya uyğur türklərini, tatarları, kalmıkları da daxil edərdim.
     -Hm... Bəs olmazmı ki, biz dolmanı ümumtürk yeməyi elan edək? Bununla da nəhəng erməni lobbisinə qarşı əlimizdə güclü bir silah olar.
     - Nə danışırsınız!? Bu mümkün deyil. Dolma məhz qədim Azərbaycan xörəyidir! Sadəcə olaraq türk qardaşlarımız bunu təsdiq etməli və dolmanın bizə mənsubluğunu dünyada təbliğ etməlidirlər. Azərbaycan günü- gündən hərbi büdcəsini, potensialını gücləndirir. Vaxt Azərbaycanın xeyrinə işləyir və biz ildən-ilə ermənilər üzərində üstünlüyə nail oluruq. Bütün bunlar Qarabağ münaqişəsinin ədalətli həllinə və dolmanın Azərbaycan xörəyi kimi dünyada tanınmasına ümidlərimizi artırır.
     -Hörmətli tamaşaçılarımız, bu pozitiv notda verilişimizi bitirməyi təklif edirəm və studiyamıza gəldiyinə görə, qonağımıza bir daha təşəkkür edirəm...
     -Mən də sizə təşəkkür edirəm.
     -Bu günkü “Azərbaycan həqiqətləri” verilişi də beləcə sona yetdi. Növbəti verilişimiz qədim Azərbaycan diyarı, hal-hazırda İranın, fars şovenizminin işğalı altında olan Təbrizə, daha doğrusu Təbriz xalçasına həsr olunacaq. Qaçırmayın! Efirdə yeni görüşlərədək!

2


     İlıq küləkli sentyabr axşamı onu Eçmiədzin kilsəsinin qarşısına hansı gözəgörünməz qüvvənin gətirdiyini; ayaqlarının, yoxsa başınınmı hökmü ilə bura gəldiyini Artuş bilmirdi. Hər halda işdən çıxandan sonra Eçmiədzin avtobusuna mindiyində nə etdiyini, hara getdiyini düşünməmişdi. Pəncərədən yol boyu düzülmüş Kazinolar görünəndə, şəhər mərkəzindən sürətlə uzaqlaşıb Zvartnots hava limanı istiqamətində şütüyəndə də ayılmamış, hara və nə üçün getdiyi barədə özünə sual verməmişdi.
     Çatlaq daş pilləkənlərlə kilsənin qapısına qalxdıqca sərin havaya rəğmən əllərinin tərlədiyini hiss etmişdi. Qədimlik və ermənilik qoxuyan kilsədə bir dəstə qadın ağlaşa-ağlaşa şam yandırırdılar. Səsləri kilsəni başına götürmüşdü. Haradansa pəsdən oxunan qəmgin xor səsi eşidilirdi. İki boz göyərçin kilsənin günbəzi altında qanad çırpırdılar. Qopan lələkləri nazla aşağı süzülürdü. Hərbi formalı cavan oğlan məbədin mərkəzindəki kürsünün qarşısında diz çöküb, üz qabığı qızıldan İncili öpürdü.
     Artuş nəhəng xaçın asıldığı tağın qabağına gəldi, əllərini bürüncdən düzəldilmiş soyuq məhəccərə qoyub başını əydi, ürəyi ilə kilsədəki mənəvi atmosferi duymağa çalışdı. İsa yuxarıdan etinasızlıqla kilsədə baş verənlərə tamaşa edir, darıxırdı.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (12.09.2014) | Müəllif: R.C E W
Baxış: 695 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more