Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Artuş və Zaur-3

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>

YAĞIŞ VƏ ŞƏRAB

Anca kim səy eylədim nazik cəmalın görməyə,
Zərrəcə yumşalmadın, ey könlü zindan erməni.

1


     Şimal küləyi, ayaqqabılarının burunlarına baxaraq Rustaveli prospekti ilə ATA otelinə tərəf addımlayan Artuşun sifətinə şiddətlə çırpılırdı. Hava qaralır, Tiflis alatorana hazırlaşırdı. Sinoptiklər leysan vəd etmişdilər. Artuşun əlindəki sellofan kulyoklarda altı butulka Kazbeki pivəsi, Lays çipsləri, ağ tum və üç kilo portağal vardı. O indi yağışa düşmədən, otelə çatmağın dərdində idi.
     Səmtini itirib-itirmədiyindən əmin olmaq istəyirmiş kimi, arada bir başını qaldırıb irəliyə baxır, dümdüz prospektdə səmti itirməyin mümkünsüzlüyünü yadına saldıqda isə, dodaqaltı gülürdü. Paltosunun yaxalarını qaldıraraq, canındakı üşütməni qovdu. Üzünü ülgücləyən, gözlərini deşən külək ona uşaqlığını, Bakı illərini xatır- ladırdı. Zaurun onu isti otel otağında gözlədiyini düşünüb, addımlarını sürətləndirdi.
     İki gündür bu şəhərdə olmasından, ailəsindən uzaq qalmasından zərrə qədər narahat olmurdu. Bircə dəfə anasına zəng vurmuşdu, o da Tiflisə gəldiyi ilk gün. Yəni dünən səhər. Adətən Ermənistandan ayrı qalan ermənilər, qədim vətənlərinin nostalgiyasından qızdırmaya düşür, azarlayırlar. Artuş isə vətən həsrəti çəkmirdi. Ümumiyyətlə, əgər söhbət vətəndən gedirsə o, vətəninin Yerevan yox, Bakı olduğunu düşündü. Bu fikir ona çox gülməli göründü. Əlini cibinə salıb siqaret çıxartmağa üşənirdi. Yanından kölgə kimi ötüb keçən adamların, çox yaxınından keçdikləri təqdirdə ayaqqabılarının uclarını görür, növbəti ayaqqabılar görünənə qədər, bu şəhərdə tək-tənha olduğu hissinə qapılırdı.
     Zaurla görüşdüyü gündən bəri, Bakı heç çıxmırdı ağlından. Bu şəhərə onu Zaurdan başqa nə bağlayırdı görəsən? Bu sual çox narahat edirdi onu. Bulvara, Torqovı küçəsinə, Kirov parkına vurğunluğunu hər dəfə etiraf etsə də, Bakı sevgisinin təməlində Zaura duyduğu məhəbbətin dayandığını özü də bilirdi. Uşaqlığının ən gözəl günlərinin keçdiyi Kirov parkı, məşhur nəhəng heykəli və sıx ağacları ilə gözünün qabağında dayandı. Möhtəşəm park, ermənilərin ucbatından bu gün şəhidlərin məzarlığına çevrilib. Xəcalətindən daha da üşüdü. Qarabağ münaqi- şəsi bu sevginin, məhəbbətin ülviliyinə kölgə salmamalıydı əslində. Lakin təcavüzkar millətə mənsub olmaq, Artuşu yenə də utandırır, Zaurun qarşısında başıaşağı edirdi.
     O illərdə yeniyetmə olan və münaqişəyə aidiyyətləri olmayan Zaurla Artuş, qeyri ixtiyari bu münaqişənin qurbanına çevrilmişdilər. Odur ki, onlar itkinin, ayrılığın nə olduğunu, bəlkə yaşlı nəsildən də yaxşı bilirdilər.
     Onların məhəbbəti adi, heteroseksual sevgi olsaydı dərd yarıydı. Bunu yenə də kimlərəsə, birtəhər başa salmaq mümkün olar, iki aşiqin qovuşması reallaşa bilərdi. Lakin onların sevgisi həm Ermənistan, həm də Azərbaycan cəmiyyətlərində rüsvayçılıq sayılırdı. Bu cür seksual pozğunluğu bu cəmiyyətlərin heç biri nə başa düşməyə, nə də ki, bağışlamağa hazır deyildi. Olmayacaqdı da! Hətta Artuş, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etsəydi belə, Azərbaycan cəmiyyəti onların məhəbbəti ilə barışmayacaqdı.
     Artuş bunları anlayırdı. Onların məhəbbəti xirtdəyə qədər siyasiləşmiş bir məhəbbət idi. Bəlkə də yeganə maneə aradan qaldırılsa, yəni Azərbaycanın ərazi bütövlüyü təmin edilsə, işğal altındakı torpaqlar azad edilsə, qaçqın və məcburi köçkünlər doğma yurd-yuvalarına qayıtsa, Azərbaycan müğənniləri və xanəndələri Şuşada, Cı- dır Düzündə konsertlər versəydilər onların xoşbəxtliyinə yaşıl işıq yandırıla bilərdi. Hətta bu müğənnilərin bəziləri, Artuşla Zaur mavi toyu keçirəcəkləri təqdirdə, bu toyda oxuyardılar da.
     Artuş bütün bunlara dünəndən razı olsa da, maneələri ortadan qaldırmaq onun əlində olmadığından, çarəsizliyi ilə barışmağa məcbur idi.
     Otelə çatdığında, yağış çiskinləməyə başlayırdı. Otağın qapısını açıb, Zauru yatan gördü. Yataq örtüyü göbəyindən bir qarış aşağı sürüşmüş, küçə fənərinin zəif işığı qasığındakı xırda tükləri gümüşü rəngə boyamışdı. Artuş paketləri masanın üstünə qoyub əynini soyundu. Alt paltarda qalıb tualetə keçdi. Aynada özünə baxdı. Uzun kirpiklərini barmaqları ilə ovuşdurdu, saçlarına sığal çəkdi, işədi və əl-üzünü yuyaraq otağa qayıtdı.
     Zaur hələ də yatırdı. İşığı yandırmadan kulyokdan bir portağal götürdü və kreslonun üstündəki pledi çiyinlərinə ataraq, portağalı soya-soya pəncərəyə yaxınlaşdı. Alnını soyuq şüşəyə yasladı, gözlərini yumdu. Bir yandan da portağalın qabığını soyurdu.
     Payızın bu son günlərində, son şimşəklər çaxıb, son yağmurlar yağanda, hətta leysana çevriləndə, gəzməyəsən bu şəhərin küçələrində, qapılmayasan bu yağmura, islanmayasan? Sanki payız ayrılmaq istəmir bu dünyadan, yerlə göylə dava eləyir; insanlara, qarın intizarında olanlara barmaq silkələyir. “Yox” düşündü Artuş, “təpədən dırnağa qədər hər kəsin knyaz, zadəgan olduğu bu qədim şəhərdə, yağmur zamanı küçədə yox, elə bax buradaca, sevgilinin yanında olmalı, pəncərədən küçəyə tamaşa etməlisən. Həyatımın ən gözəl anlarını yaşayıram ilahi! Nə olar Allahım, ayırma bizi!”
     Leysan, bülövlənmiş qəmbər daşlarla döşənmiş küçənin çör-çöpünü, zir-zibilini qabağına qataraq, yol kənarlarında, hər iki metrdən bir səliqəylə düzülmüş kanalizasiya dəliklərinə axıdırdı. Əvvəllər, Sovet dövründə bu kanalizasiya yarıqları on metrdən bir qoyulardı. Amma qərbin vaz keçilməz, sarsılmaz prioritetləri olan demokratiya, liberalizm, plüralizm, insan haqları kimi dəyərləri öncə özünə yeridən, sonra isə xalqına aşılayan demokrat prezident Saakaşvili, rüşvətə və korrupsiyaya son qoyduqdan, bu neqativ halların kökünü qazıdıqdan sonra, kanalizasiya sistemini də təkmilləşdirmiş, şəhərin infrastrukturunu bərpa etmişdi. Tiflis artıq üfunətli nəcis qoxusundan təmizlənmiş, qardaş Azərbaycan xalqının paytaxtı Bakıdan fərqli olaraq, abıra həyaya minmişdi. Gürcülərin nəcisi də bir qayda olaraq, Kür çayı vasitəsilə qardaş Azərbaycan xalqına ərməğan göndərilirdi.
     Canına əməlli başlı titrəmə düşmüşdü. Alnını yasladığı şüşədən ayıraraq, yağmurdan islanmış qəmbər daşlı yolda ATA Otelinin neon lampalarının əksinə tamaşa etdi. Arada bir bu əksin üstündən keçən maşınların təkərləri altında itən qırmızı işıq dərhal maşınların kapotunda, sonra damında, sonra isə baqaj hissəsində peyda olaraq, yenidən qəmbər daşların üstünə düşür, öz doğma yerində bərqərar olurdu.
     -Gəlmisən? Niyə oyatmamısan məni?
     Artuş çiyinlərinə atdığı pledə daha sıx bürünərək, üzünü yatağa çevirdi. Qaranlıqda görmədiyi, amma səsini duyduğu sevgilisinə:
     - Sevirəm bu şəhəri, - dedi. - Deməzdim mənə Yerevanı xatırladır, sadəcə olaraq öz koloriti var... Hətta inciməsən...
     Susdu. Canından üşütmənin keçdiyini hiss etdi. Bəlkə də oyanan sevgilisinin səsi isitmişdi içini. Pledi yerə ataraq, yatağa doğru gəldi.
     Yarı uzanmış vəziyyətdə oturan Zaur:
     -Niyə inciməliyəm axı? De gəlsin. Mənə də portağal ver.
     Artuş masadan bir portağal götürdü və yatağın kənarına oturdu. Tərəddüd keçirərək:
     -Bu şəhərin Bakıdan da gözəl olduğunu düşünürəm, - dedi birnəfəsə.
     Zaurun təəccüblə ona baxdığını görən Artuş, həyəcanlanaraq “səhvini” düzəltdi:
     -Amma Bakı Yerevandan qat-qat gözəldir. Bunu da bilirəm.
     -Əzizim, Tiflisin Bakıdan gözəl olduğunu mən də bilirəm. Ən azından bizi qovuşdurduğu üçün, Bakıdan da, Yerevandan da daha xeyirxahdır. Sən deyəsən məni pis tanıyırsan. Məgər mən, Bakının təəssübünü çəkən adama oxşayıram? Hərçənd ki, Yerevanı görməmişəm, amma istəyirsən onun da Bakıdan gözəl olduğunu deyə bilərəm. Mənimlə şəhərləri yarışdırdığına görə utanmırsan?
     Zaur son cümləni nazla deyərək, Artuşu boynundan tutub özünə sarı çəkdi, dodaqlarından öpdü.
     -Mənə portağal ver - dedi gözlərini süzərək.
     Artuş portağal dilimlərini Zaura uzadır, o da ehtirasla onları dişlərinin arasında sıxaraq ətirli, sarı damcıları Artuşun üzünə, sinəsinə, yatağa sıçradırdı. Otağı portağal qoxusu sarımışdı. İki dəqiqə dodaqlarını bir-birindən ayırmadan, portağal dadında öpüşdülər. Şəhvətləri artıq dözülməz həddə çatmışdı.
     Portağal dadında sevişdilər.
     Təzyiqlə fışqıran spermaları, portağal rənginə boyandı. Ağır-ağır nəfəs alaraq, arxaları üstə yatağa sərildilər.
     Portağal dadında ürəkdən güldülər.
     -Deyəsən Şotanın hər şeydən xəbəri var.
     Artuş diksindi:
     –Necə yəni?
     Zaur əlini tumboçkaya uzadıb bir siqaret götürdü. Yandırıb dərin bir qullab aldı.
     -Konfrans boyu, yemək vaxtı bizə necə baxdığını görmürsən? Gözlərindən şübhə, dərin maraq oxunur. Məncə başa düşür hər şeyi. Ən azından hiss edir.
     Artuş dərindən nəfəs aldı:
     - Başa düşmək hiss eləmək, bilmək demək deyil... Ürəyim az qala ağzıma gəlmişdi. Belə zarafatlar eləmə. Hə, yadımdan çıxmamış.
     Artuş ayağa qalxıb kreslonun üstünə atdığı gödəkcəsinin cibindən nəsə götürüb çarpayıya qayıtdı.
     -Sən mobil telefonunu gətirmisən Tiflisə?
     -Aha, çantamdadır.
     - Əla! Mən də hər ikimizə sim-kart almışam. Bu sənindir - dedi və paketin birini Zaura uzatdı.
     -Çox sağ ol, amma buna nə ehtiyac vardı? Mənə burada mobil telefon lazım deyil axı.
     -Necə yəni lazım deyil? Şota, sən, mən, başqa tanış-bilişlər... Bir-birimizlə tez-tez əlaqə saxlamalı oluruq. Orda xeyli balans var, tax telefonuna işlət də. Səndən nə gedir?
     Zaur məzəmmət dolu gözlərini Artuşun sifətindən ayırmadan qətiyyətlə soruşdu:
     -Buna nə qədər pul vermisən?
     - Axmaq-axmaq danışma! Qəpik-quruş vermişəm. Yaxşısı budur, planlarımızdan danışaq. Sabah konfransın son günüdür. Nə fikirləşirsən?
     Zaur siqaret tüstüsündən gözlərini qamaşdıraraq, sim-kart paketini tumboçkanın üstünə qoydu:
     -Mənim planım sənsən. Bir neçə gün Tiflisdə qalmağa razı olsan, mən də qalaram. Səni Yerevanda gözləyən var?
     -Ailəmdən başqa kim gözləyə bilər məni? Düzdür, işlərim yığılıb qalıb, hələ xeyli yazı yazmalıyam. Amma işlər səndən vacib deyil.
     Zaur minnətdarlıqla baxdı Artuşa. Gözlənilmədən soruşdu:
     -Heç sevgilin olub indiyə qədər?
     -Ermənistanda?
     -Bəli.
     - Əlbəttə olub. Amma onlara sevgi də demək olmaz. Müvəqqəti sevişmələr... Bədənin tələbatını ödəməyə hesablanmış münasibətlərim olub. Ermənistanda özümüzə partnyor tapmaq o qədər də asan məsələ deyil Zaur. Çox patriarxal cəmiyyətimiz var. Sizin müsəlman ölkəniz, bu barədə bizdən daha irəlidədir.
     -Bəs sekssiz yaşamaq çətin deyil ki?
     -Əlbəttə çətindir... Bir yaxınının olmaması çox çətindir Zaur. Söhbət cismani həzzdən də getmir. Adicə söhbət eləməyə, ürəyini açmağa adam tapmırsan. Bu gün geriyə dönüb baxdığım zaman, başa düşürəm ki, əslində bütün dostlarım Bakıda qalıb. Yerevanda hələ də özümə fərli-başlı bir mühit yarada bilməmişəm. Niyə belə oldu axı Zaur?! Bizim günahımız nəydi?.. Nə yaxşı ki, sən gəldin Zaur!
     Zauru qucaqlayaraq, başını sinəsinə qoydu.
     - Bakıda yaşanan o faciə, erməni evlərinə edilən basqınlar, talanan evimiz... Bircə markalarımı xilas edə bildim.
     -Doğrudan?
     -Düz sözümdür. Qonşumuz Rüstəm dayı gedib gətirdi. Bəs sənin markaların?
     - O günkü kimi, sağ-salamatdırlar. Özümü onlarsız təsəvvür edə bilmirəm. Sənin hədiyyən olan Olimpiada kolleksiyası isə, birinci səhifədədir.
     -Sənin də mənə verdiyin markalar mənim üçün çox əzizdir... Elə gün olmaz ki, yazıq anam o gün yaşananları xatırlamasın, müharibəni lənətləməsin. Mənsə hər şeyi bağışlamağa, unutmağa hazıram... Təki ötən günlərimi qaytaraydılar.
     Zaur Artuşun başını sığallayaraq qulağına fısıldadı:
     -Bu barədə danışmayaq əzizim... Gəl bunları yada salmayaq. Müharibə bizdən uzaq olsun. Bizi zombiləşdirmələrinə icazə verməyək. Biz fərqli olaq, başqa olaq...

***


     Toplantının son günü hərarətli mübahisələrlə yadda qaldı. Sevda və Dilarə növbə ilə - əvvəl David Arutunyanla, sonra Stepanla, sonra da nə üçünsə Nino Dumbadze ilə mübahisə etdilər. Luizanın sülhməramlı təşəbbüsləri nəticə vermədiyi kimi, Zaurun da söz dalaşına girişənləri sakitləşdirmək cəhdləri uğursuz alındı. Mübahisə edənləri hər dəqiqə başı nizam-intizama dəvət etməkdən yorulan Ernst, kreslosuna yaslanıb su içirdi.
     Artuşdakı mövqe dəyişikliyi də qızları qəzəbləndirirdi. Erməninin birdən-birə dəyişməsini Zaurla olan xoş münasibəti ilə əlaqələndirdiklərindən, dostlaşdığı adamın xətrinə dəymək istəməyən Artuşun öz sülhməramlı mövqeyində qeyri-səmimi olduğunu, Erməni xislətinin də məhz bu olduğunu düşünürdülər. Odur ki, tez-tez ona söz atırdılar: “İlk gün heç belə danışmırdınız. Nə oldu sizə?”.
     Axırda, mübahisənin nəzarətdən çıxa biləcəyini düşünən Ernst, müdaxilə etməyə məcbur oldu:
     -Azərbaycanlı xanımlara bir sualım var.
     Hamı susub, üzünü Ernstə tərəf çevirdi. Qızlar daha böyük maraqla baxırdılar ona.
     - Sualım belədir. Siz ermənilərlə ilk dəfə ünsiyyət qurursunuz? Yəni indiyə qədər bir erməni görmüşdünüz, söhbət eləmişdiniz?
     Qızlar bir ağızdan və nə üçünsə şəstlə “yox” cavabı verdilər.
     - Çox gözəl. Daha doğrusu, çox pis. Bəs bu konfransda iştirak etmək barədə qərarı necə verdiniz?
     Bu sualın cavabını Dilarə verdi:
     -Sizin təklifiniz redaksiyalarımıza çatdı. Baş redaktorlar da Tiflisə bizi göndərdilər. Niyə soruşdunuz ki?
     - Heç, elə belə... Yaxşı, bəs ermənilərlə canlı görüşməmisinizsə, onda deməli internet vasitəsilə bir əlaqəniz olub, elə deyilmi?
     Qızlar əvvəl bir-birlərinə baxdılar, sonra görünür bu baxışma nəticəsində ortaq bir qərara varıb, yenə bir ağızdan “yox” dedilər.
     Zalda oturanların çoxunun heyrətdən ağızları açıq qalmışdı. Zaur başını əllərinin arasına almış, gözaltı, bloknotuna nəsə yazan Artuşa baxırdı.
     Belə bir cavaba görünür hazır olan Ernst, özünü itirmədən növbəti sualı verdi:
     - Bəs niyə yazışmırsınız ermənilərlə? İnternet bir ünsiyyət vasitəsi kimi bütün dünyada geniş yayılıb. İnternet sərhədləri yox edən bir alətdir.
     Dilarə sinəsini qabağa verib, fəxrlə:
     -Ermənilərlə yazışmırıq, çünki kompüterimizə virus düşə bilər - dedi.
     Həyatın hər bir üzünü görmüş bu alman, zaldakılardan fərqli olaraq Dilarənin cavabına qəşş edib gülmədi. Əksinə, eynəyinin üstündən olduqca ciddi gözlərlə baxdı qızlara. Əslən Sudets bölgəsindən olan 65 yaşlı Ernst, atasını İkinci Dünya müharibəsində itirmiş, havalanan anası isə, illər uzunu qadın üzü görməyən və vəhşiləşən Sovet əsgərlərinin əlinə keçməməkdən ötrü, özünü çaya atıb intihar etmişdi. İnternatda tərbiyə alan Ernst müharibənin, özü də bəşəriyyət tarixində ən qəddar müharibələrdən birinin bilavasitə şahidi kimi, azərbaycanlı qızların düşmən bildikləri ermənilərə bu acıqlı münasibətini, hardasa anlaya bilirdi. Amma bununla belə, virus məsələsindən dəhşətə gəlmişdi.
     -Yaxşı, bu söhbəti bitirək, - dedi. Görəcəyimiz hələ çox iş, keçəcəyimiz böyük məsafələr var. Tanrı bizə kömək olsun. İndi isə gündəlikdəki əsas məsələyə keçək. David Arutunyan regionda demokratiya və insan hüquqlarından danışırdı, amma xanımlar imkan vermədi. Buyurun, davam edin.
     David başını əyərək Ernstə təşəkkür etdi və sözlərinə başladı:
     -Bayaq da qeyd etdiyim kimi, biz Qarabağda demokratik cəmiyyət qurmaqda Azərbaycanı qabaqlamışıq, daha azad və şəffaf seçkilər keçirdirik, bunu beynəlxalq müşahidəçilər də təsdiq edirlər. Ona görə də insan haqlannın tapdalandığı, demokratiyanın beşikdəcə boğulduğu, korrupsiyanın ayaq açıb gəzdiyi Azərbaycanın tərkib hissəsinə çevrilmək barədə danışmağın özü absurddur. Bu illər ərzində əldə olunan nailiyyətlərin bir anda yox olub getməsinə icazə verə bilmərik. Bizdən Azərbaycana bağlanmağımız tələb olunur. Yetmiş il kommunistlər bizi zorla barışdırmağa çalışdılar, bizi bir yerdə yaşamağa məcbur etdilər. Axırı nə oldu? Xalq öz qan yaddaşını itirmədi, erməniliyini unutmadı. Əlbəttə mən sülhün tərəfdarıyam, amma sülh o demək deyil ki, Azərbaycanın bizi əzməsinə, məhv etməsinə göz yumaq.
     Bayaqdan soyuqqanlılığını qoruyan, mübahisələrə qoşulmayan Zaur, dözə bilmədi:
     -Siz hər fürsətdə Qarabağda dırnaqarası dövlət qurduğunuzu bəyan edirsiniz. O nə dövlətdir ki, onu indiyə qədər heç kim, hətta Ermənistanın özü belə tanımayıb? Belə bir qondarma dövlət, necə seçki keçirə bilər axı? Hansı “beynəlxalq müşahidəçilərdən” danışırsınız? Sizə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu təklif olunur. Unutmayın ki, lazım gələrsə Azərbaycan ordusu işğal altındakı torpaqlarını azad etməyə qadirdir. Azərbaycan xalqı heç vaxt öz torpaqlannın itkisi ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil!
     Qızlar gurultulu alqışlarla, çıxışı özünə də ləzzət eləyən Zaura dəstəklərini ifadə etdilər. Artuşu isə gülmək tutmuşdu. Zaurla göz-gözə gəldiklərində, bərkdən gülməmək üçün əlləri ilə ağzını tutdu.
     Luiza da bic-bic qımışırdı.

***


     Nəhayət axşam saat səkkizə on dəqiqə qalmış konfransa yekun vuruldu. Zaurun da daxil olduğu 6 nümayəndədən ibarət komissiyanın hazırladığı protokol mətni, konfrans iştirakçıları arasında səs verməyə qoyuldu və tədbirin sonuna dəvət olunan jurnalistlərin hüzurunda yekdilliklə qəbul edilərək imzalandı.
     Ümumi ifadələrin yer aldığı protokolda, əsasən sülhün qorunmasının vacibliyi, müharibənin iqtisadi və sosial fəsadları, vətəndaş cəmiyyətinin qurulmasında QHT-lərin əhəmiyyəti və sülh potensialından axıra qədər faydalanmağın zərurəti qeyd olunurdu. Nümayəndələr konkretlikdən uzaq, söz yığınında ibarət protokolun qəbul edilməsi əsnasında ixtilafa düşmədən, mətnin lehinə səs verdilər və Ernst konfransın öz işini tamamladığını elan edərək hamını restoranda verilən furşetə dəvət etdi.
     Furşetə Tiflisdə fəaliyyət göstərən iyirmiyə yaxın QHT-dən; Almanya, Fransa, İngiltərə və ABŞ səfirliklərindən də qonaqlar dəvət edilmişdi. Restoranda gah ermənilərə, gah osetinlərə, gah da azərbaycanlılara diktofon uzadan on-on beş jurnalist sözün həqiqi mənasında hər kəsin canını boğazını yığmışdı. Sonda Ernst yüksək səslə mətbuat əhlindən qonaqların yaxasını buraxmağı və yeməklərin ağırlığından sınmağa meyl göstərən masalara diqqət yönəltməyi xahiş etdi.
     Ernstin xahişinə rəğmən, Zaura yaxınlaşıb müsahibə almaq istəyən Qafqaz İnfo agentliyinin jurnalisti, xırda- mırda gürcü qızı, göz-qaşını oynada-oynada ondan soruşdu:
     -Konfransdan razı qaldınız?
     -Xeyli. Müharibələrdən bezən, siyasətçilərin mənfəət oyunlarının qurbanına çevrilən xalqlarımız artıq sülh tələb edirlər. Özləri, ailələri, millətləri üçün sülh istəyirlər. Hesab edirəm belə tədbirlər illər uzunu bir-birlərindən ayrı qalan, öz qonşularına yadlaşan xalqlar arasında dialoqun qurulmasına, tolerantlıq mədəniyyətinin yerləşməsinə xidmət edir. Mənim üçün üç gün ərzində ermənilərlə söhbətləşmək, fikir mübadiləsi aparmaq çox faydalı oldu. Mən onlara bizim dəyişməz mövqeyimizi çatdırdım - Azərbaycanın tərkibində ən geniş muxtariyyət statusu.
     -Onlar buna necə reaksiya verdilər?
     –Əlbəttə, mənimlə razılaşmalarını gözləmirdim. Amma hələ ki, ermənilərin düşünməyə vaxtı var. Mən bir daha təkrarladım ki, lazım gələrsə ordumuz...
     Qız onun sözünü kəsdi:
     -Siz Ermənistanda olmusunuz?
     Zaur əlində pivə bokalı ilə zalda tək başına gəzişən Artuşa göz atıb dedi:
     – Xeyr olmamışam. Amma olmaq istərdim. Bunun üçün heç bir maneə görmürəm. Dəvət alsam, mütləq gedərəm.
     Qız diktofonunu söndürüb Zaura təşəkkür elədikdən sonra, iştahla göbələk salatı yeyən Alanın yanına qaçdı.
     Hər kəs kiçik qruplara bölünərək söhbətləşir, gülüşürdü. Azərbaycanlı qızlar isə, deyəsən özlərinə münasib həmsöhbət tapa bilmədiklərindən darıxırdılar. Luiza ilə danışmaq istəyərdilər, amma o da Qarabağlı dəstənin yanında dayandığına görə, ona yaxınlaşmırdılar. Zaurla söhbət eləmək də mümkün görünmürdü. Həmişəki kimi pəncərənin qabağında dayanan Artuşla nə haqdasa pıçıldaşırdılar.
     İçki artıq öz təsirini göstərməyə başlamışdı. Səfirliklərin nümayəndələri yüksək səslə danışır, arada bir qəşş edib gülürdülər. Abxaziyalı qadınlar Fransa səfirliyinin mətbuat katibi, Mişel adlı kök qızla hərarətli mübahisəyə girişmişdilər.
     Şərabın təsirindən bir az xumarlanan Şota, Zaurla Artuşun yanına gəlib sevinc dolu səslə dedi:
     -Gedənlər gedir, qalanlar qalır. Sabah Tiflisdə bayram var. Əmim oğlunun toyudur. Sizin ikinizi də orda görmək istəyirəm. Nəhayət canım qurtarır bu avropalılardan. Onsuz da belə yığıncaqlarla heç bir problemin həllini tapmayacağıq. Boş-boş işlərlə məşğuluq. Ən salamatı öz aramızda görüşüb yeyib-içmək, əylənməkdir. Ən səmimi dialoq da elə budur. Rəsmi toplantılarda yol verilən mübahisələrə, rəsmiyyətə bizim məclislərdə yer yoxdur. Gürcü məclislərində ancaq şərabdan və poeziyadan danışmaq olar.
     Şota yarıya qədər dolu olan şərab qədəhini yuxarı qaldıraraq bərkdən güldü. Zaurla Artuş isə susurdular. Yüngülcə təbəssüm eləməklə kifayətləndilər. Şota ona laqeyd gözlərlə baxan gənclərin baxışlarından bir az narahat oldu. Qədəhini pəncərənin kənarına qoydu, ikisinin də çiyinlərinə yüngülcə vurub:
     -Bir erməni ilə azərbaycanlını belə mehriban görmək, məni çox sevindirir, - dedi.
     -Niyə? - Zaur soruşdu.
     -Bilmirəm... Hər halda müharibəyə nifrət etdiyim üçün...
     Şota cümləsini yeni tamamlamışdı ki, Luiza Vanyan Ernst Kopfla birgə onlara yaxınlaşdılar. Ernst:
     - Dostlar, niyə belə kənara çəkilmisiniz? Heç yemək də yemirsiniz! Luiza saytınızdakı bir məqalənizi verdi mənə oxumağa Zaur. Çox bəyəndim. Ermənilərin bir əsrdə iki dəfə Bakını itirdiyini yazırsınız. Çox maraqlı gəldi mənə.
     Zaur pivədən bir udum alıb soruşdu:
     -Siz bizim münaqişənin tarixinə nə qədər yaxından bələdsiniz?
     Şota, Artuş və Luiza çaşıb qaldılar. Zaurdan belə kəskin sual verməsini gözləmirdilər. Ernst isə istifini pozmadı, rahat cavab verdi:
     - Mənə elə gəlir, kifayət qədər bilirəm. Amma bu məlumatları sistemləşdirib, ermənilərin iki dəfə Bakını itirmələrini nəsə heç düşünməmişdim. Yazırsınız ki, ermənilər olmadan Bakı qeyri təbii görünür. Onun kosmopolitliyinə xələl yetirilib. Kifayət qədər cəsur yazı idi.
     Zaur etiraz etdi:
     -Razı deyiləm bununla. Məndən əvvəl bu səpgidə yazını məşhur rejissor-ssenaristimiz Rüstəm İbrahimbəyov yazmışdı. Əgər o mənim sələfim olmasaydı, çətin ki, mən o yazını yazaydım. Belə çıxır ki, onun kölgəsinə sığınmışam.
     Ernst şampanını yanğı ilə içirdi. Qədəhini boşaldıb yanındakı dairəvi masanın üstünə qoydu.
     -Hər nə olursa olsun, yenə də cəsur yazı idi. Sülhməramlılıq resurslarından cəsarətlə, əminliklə istifadə edirsiniz. Sizcə üç günlük toplantılarımızın sizə bir faydası oldumu? Luiza siz nə düşünürsünüz?
     Luiza, üzünə tökülən saç tellərini sağ əli ilə qulaqlarının arxasına yığaraq gülümsündü:
     - Xalq diplomatiyası nəticəyə hesablanmayıb. Xalq diplomatiyası bir prosesdir. Nəticəni düşünəsi olsaq, onda gərək əlimizi qolumuzu yanımıza salıb oturaq.
     -Luiza ilə razıyam, - dedi Şota. - Üç gün ərzində Osetinlərlə çox gözəl dil tapdıq. Deməli istəyəndə bu mümkün olur. Siyasətin kölgəsindən çıxa bilsək, xalqlar arasında heç bir problem qalmaz.
     Şotanın bayaqkı sözləri ilə, indi dedikləri arasında ziddiyyət vardı. Zaurla Artuş baxışıb gülümsədilər.
     Furşet gecə saat on birə kimi davam elədi. Hamıdan əvvəl osetinlər çıxıb getdilər. Sonra da Ermənistan nümayəndələri ilə qarabağlılar. Azərbaycanlı qızlar isə Zauru gözləyirdilər. Zaurun onlara diqqət göstərməməsi, söhbət eləməməsi qızları çox əsəbiləşdirirdi. Sonda dözə bilməyib ona yaxınlaşdılar.
     “İlahi, gərək bunlar tez-bazar ərə getsinlər. Bunlar hara, sülhməramlılıq hara? Valideynləri bu aqrar təfəkkürlü balalarını görəsən niyə buraxıblar Tiflisə?” Zaur düşündü və ona tərəf gələn Dilarə ilə Sevdaya gülümsədi. Qrupundan ayrılaraq, onlara tərəf üç addım atdı.
     -Bu günkü çıxışın əlaydı. Sən əsl el oğlusan, - dedi Dilarə.
     Zaur utanaraq:
     -Təşəkkür edirəm, - dedi və mövzunu dəyişmək üçün soruşdu, - Darıxmırsınız?
     Sevda bayaqdan bu sualı gözləyirmiş kimi:
     -Əlbəttə darıxınq. Ona görə də gedirik, - dedi. Sən hələ qalırsan?
     -Hə, qalıram...
     Dilarə başı ilə Artuşu işarə etdi:
     -Onunla gedəcəksən?
     -Tutaq ki...
     Qızlar baxışdılar. İki düşmən arasındakı qəribə dostluğun mənasını anlamayan ürkək, kölgələrindən qorxan ev qızları, əlbəttə məsələnin nə yerdə olduğunu heç vaxt bilə bilməzdilər.
     -Onda siz gedin. Sonra gec olar. İstəyirsiniz ötürüm sizi...
     Zaur qızları daldıqları düşüncələrindən ayırıb, reallığa qaytardı.
     Sevda Dilarənin qoluna girib incik səslə, amma qətiyyətlə bildirdi:
     -Lazım deyil. Əylənməyə davam edin. Biz piyada gedərik.
     Zaur atmosferi bir az yumşaltmaqdan ötrü, zorla da olsa gülümsünüb dedi:
     - Baxın haa, gecələr Tiflis küçələrində avara-mavara çox olur. Bir söz atıb eləsələr, ağızlarının payını verin. Qorxmayın.
     Sevda Dilarənin qolundan dartaraq:
     -Sən narahat olma, - dedi. Onsuz da narahat olana oxşamırsan. Bilmirəm nə tapmısan bu ermənidə?
     Qızlar cəld addımlarla boş zalın ortasından keçib qapıya yaxınlaşdılar və gözdən itdilər.
     Zaur qapı qapanana qədər onların ardından baxdı. Ürəyi sıxıldı. Bəlkə də onun kimi yaraşıqlı, ağıllı, savadlı oğlanı əldə etmək, sevgisini qazanmaqdan ötrü öz aralarında yarışan qızlara şans vermədiyinə, verə bilmədiyinə görə özünü suçlu sayırdı? “Axı bu mümkün deyil! Bu mənim imkanlarım daxilində deyil! Hətta qadın sevmək iqtidarında olsaydım belə, bu geri zəkalılara rəğbət bəsləyəsi deyildim ki...”
     Arxaya döndü. Artuş, Şota, Luiza və Ernst əl qollarını ölçə-ölçə mübahisə edirdilər. Restoranda demək olar ki, onlardan başqa heç kim qalmamışdı. Dördlüyün söhbətindən, Zaurun qulağına fraqmentlərlə rusca sözlər çatırdı: “sülh”, “dondurulmuş münaqişə”, “sərhəd”, “qaçqın”... Gözlərini qapadı. Artıq bu sözlərdən, mövzulardan ürəyi bulanırdı. Bircə tələbatı vardı - vəhşicəsinə sevişmək, sevmək və sevilmək... Gözlərini açdığında, Artuşun qayğı ilə ona baxdığını gördü. Yanındakılar görməsinlər deyə oğrun-oğrun baxırdı erməni.
      “Baxmaqdan da qorxuruq bir-birimizə...” Zaur düşündü. “Bu nə oğraş regiondur, nə əxlaqsız mentalitetdir! Nə vaxta qədər qorxu içində yaşamalıyıq!? Bizim də sevməyə, sevilməyə haqqımız yoxdurmu?”
     Zaur dəstəyə yaxınlaşaraq dedi:
     -Hamı getdi. Bəlkə biz də çıxıb şəhərdə gəzişək?
     Luizadan başqa, hər kəs bu təkliflə razılaşdı.
     -Bağışlayın dostlar, mən səhər tezdən Yerevana hərəkət etməliyəm. Artuş sən qalırsan?
     Artuş əzilə-əzilə, həvəssizcə cavab verdi:
     -Həəə. Hələ bir iki gün Tiflisdə işlərim var.
     Onun bu sualdan necə sıxıldığı Şotanın diqqətindən yayınmadı.
     -Küçəyə çıxaq, Luizanı otelə ötürək. Sonra özümüz gəzişərik.
     Tiflisin səması milyonlarla ulduzla bəzənmişdi. Şəhər sıx bir meşəni xatırladırdı. Bu meşədə hər bir ağacın, daşın, pişik və itin öz adı vardı. Hər bir ağac o birisinin ya əmisi, ya əmioğlusu, ya dayıoğlusu, ya xalası, ya da xalası qızı idi. Zaur Tiflisdəki küçə adlarının, qədim palıda vurulan balta səsi kimi adamın qulağında cingildədiyini düşündü. Artuşun qulağına əyilərək ağlına gələn fikri onunla bölüşdü. Artuş astaca güldü və bir az kədər, bir az sevgi, bir az da həsrətlə yoğurulmuş baxışlarını Zaurun profilində gəzişdirdi.
     Luizaya otelə qədər yol yoldaşlığı etdikdən sonra, gecə saat ikinin yarısına qədər Kür sahili boyunca süləndilər. Yorğun düşmüşdülər, amma heç kəs evinə, otelinə qayıtmaq, yatmaq istəmirdi. Sabahkı gün, bütövlüklə onların ixtiyarında olduğuna görə, tirtap düşənə qədər gəzmək istəyirdilər.
     Şota gözlərini Kürün çirkli suyundan ayırmadan addımlayan Ernstdən soruşdu:
     -Sabaha planlarınız nədir cənab Kopf?
     Ernst diksinən kimi oldu. Onu daldığı xəyallardan ayıran Şotaya mülayim nəzər yetirdi.
     -Sabah hesabat üzərində işləməyə başlayacağıq. Nədir ki?
     -Əmim oğlunun toyuna dəvət etmək istərdim sizi.
     -Ah təşəkkür edirəm, - Ernst ayaq saxladı. - İnanın mənim üçün şərəf olardı. Amma həqiqətən vaxtım yoxdur. Sizin toylarınıza, mətbəxinizə heyranam. Gərək məni bağışlayasınız.
     Şota, dəvəti qəbul edilmədiyinə görə pərt olmuşa oxşamırdı. Gülümsəyərək dedi:
     -Sizi başa düşürəm. Amma inanın mənə üç gün, üç gecə davam edəcək toya gəlmək istəsəniz, zəng vurmağınız kifayətdir. VIP qonaq səviyyəsində qarşılanacaqsınız.
     Zaur Artuşun qulağına pıçıldadı:
     -Sabah biz də toya getməliyik. Yadından çıxmayıb ki?
     -Yox, çıxmayıb. Amma düzünü desəm, çox da marağında deyiləm.
     -Elə mən də... Getməyə məcburuq sadəcə...
     Dördünün də ayaqları artıq sızıldamaya başlayanda dağılışmağa qərar verdilər. Şota yoldan keçən bir taksini saxlatdırıb, Ernstə müraciət etdi:
     -Buyurun, sizi evinizə aparım.
     -Zəhmət olmasa.
     -O nə sözdür, buyurun. Bəs siz uşaqlar, minmirsiniz?
     Artuş Zaurun cavabını gözləmədən, tələsik dedi:
     -Sağ ol Şota, biz piyada gedərik. Yolumuz çox uzun deyil. Hava da mülayimdir.
     -Onda sabaha qədər.
     Şota onlarla qucaqlaşdı və qabaq oturacağa əyləşdi. İndi də növbə Ernstlə vidalaşmağa gəlmişdi.
     Ernst rus dilində sanki daha səlis danışaraq, ata qayğıkeşliyi ilə bir-bir onların əlini sıxdı.
     -Sizinlə tanış olmağıma çox şad oldum. Artuş, Zaur ümidvaram bu bizim son görüşümüz olmayacaq. Xahiş edirəm, ölkələrinizə qayıtdıqdan sonra tədbir barədə yazacağınız materialları mənim e-mail ünvanıma yollayasınız. Salamat qalın.
     -Salamat qalın cənab Kopf.
     -Yolunuz açıq olsun cənab Kopf.
     Maşın gözdən itən kimi, Artuş əlini Zaurun çiyninə qoydu. Aram-aram, tələsmədən otelin yolunu tutdular. Uzun müddət susaraq getdilər. Dəqiqələr dəqiqələri əvəzləyirdi. İkisinin də arasında günlərdir yaşanan qəribə hadisələrin hördüyü hündür, aşılmaz bir divar sanki indi onları susmağa, bu barədə düşünməyə vadar edirdi. Bu gün birinci dəfədir tək qalırdılar və heç biri sükutu pozmağa cəsarət etmirdi. Arada bir yoldan ötən maşınlar və yuxarı məhəllələrdə hürən məğrur gürcü itləri olmasaydı, bu şəhərdə tənha olduqları hissinə qapılacaqdılar.
     Otelə çata-çatda Artuş marketin qabağında ayaq saxlayaraq, alçaq səslə Zaurdan soruşdu:
     -Nəsə almaq lazımdır? Pivədən, sudan?
     -Yox, mənə lazım deyil, - dedi Zaur. - Tez gedib yatmaq istəyirəm. İt kimi yorulmuşam. Amma özünə nəsə almaq istəyirsənsə, al.
     Artuş əlini yelləyərək üzünü turşutdu:
     -Düz deyirsən. Mən də almayım. Sonra səhərə qədər yata bilmirəm.
     Otelin qapısından içəri girdiklərində, saat ikiyə qalırdı. Üçüncü mərtəbəyə qalxdılar və Zaur, iki qapı sağ tərəfdə qalan Artuşa “Gecən xeyrə” dedi.
     -Gecən xeyrə... Artuş qərarsız cavab verdi. - Deyirsən yataq?
     -Hə Artuş, yatmaq istəyirəm. Halım yoxdur.
     Aralarında iki gün dalbadal yaşananları təhlil etmək üçün zamana ehtiyaclarının olduğunu Artuş da bilirdi əslində, amma duyğularına, şiddətli şəhvət və ehtirasına qalib gələ bilmirdi. Bu gecə ayrı yatmaqlarının daha məqbul olduğunu anlasa da, özü ilə bacarmırdı.
     Öz xəyalları ilə baş-başa qalacaqları, yalqızlığın əsiri olacaqları otaqlarına keçdilər.
     Zaur qapını bağlayıb soyundu. Tualetə getdikdən sonra çarpayıya sərildi və gözlərini tavana dikib, sızıldayan ayaqlarının fəryadını dinlədi. Bir yandan düşüncələr, bir yandan da ayaqlarının ağrısı, zehnini məşğul edir, onu yatmağa qoymurdu. Telefonunun saatını səhər 11.00-a qurdu. Bilirdi ki, on birdən o tərəfə yatıb qalsa, başı yaman ağrıyacaq, bütün gün süst düşüb qalacaqdı.
     Artuşun da gözünə yuxu girmirdi. Zaurla münasibətlərini düşünür, düşündükcə də havalanan kimi olurdu. “Bu nə qəribə hadisələrdir mən yaşayıram?! Nə dəhşətli işlər görürəm?! Bu nə sevdadır düşmüşəm?! İlahi, sən özün mənə kömək ol!.. Sən özün mənə yol göstər”.
     İkisi də yuxuya gedəndə, dünyanın bütün saatları ayrılığın, intizarın, faciənin, müsibətin yarısını göstərirdi.
     Zaur telefonunu saat 11.00-a qursa da, Artuşun həsrəti saat 09.30-da oyatdı onu. Duş aldıqdan və yarım saat otaqda vurnuxduqdan sonra, Artuşa zəng vurmağa qərar verdi.
     Üçüncü siqnaldan sonra, Artuşun şən səsi duyuldu:
     -Alo.
     -Oyanmısan?
     -Özü də çoxdan. Bilmirəm niyə, amma özümü çox gümrah və yuxumu almış hiss edirəm. Kefim də kökdü.
     -Yaxşı elədik çox içmədik dünən gecə. Yoxsa indi başımız qazan kimi olardı.
     Artuş gülə-gülə dedi:
     -Xeyri nədi? Bu gün ki, gürcü toyunda əməlli başlı vuracağıq.
     -Vay bizim halımıza... Zaur dedi və beş saniyə fikrə gedib əlavə elədi, - Yeməyə getməyək?
     -Hara?
     -Nə bilim... İstəyirsən Osetin restoranına gedək, gözəl xaçapurilər olur orda.
     -Tanıyırsan oranı?
     -Yüz dəfə olmuşam.
     -Yaxşı. On dəqiqə sonra çıx dəhlizə.

***


     Saat on birə qalmış, onlar artıq Meydandakı “Alan” adlı Osetin pivəxanasında oturmuşdular. Qərar verə bilmirdilər - səhər yeməyi yesinlər, yoxsa bir dəfəlik nahar eləsinlər. Ofisiant artıq bir dəfə onlara yaxınlaşsa da, müştərilərin qərarsızlığını görüb geri qayıtmışdı. Sonda, çox götür-qoydan sonra, böyük osetin xaçapurisi və osetin pivəsi sifariş verdilər.
     -Qəribə yemək olacaq, - dedi Artuş qabağına gələn nəhəng fətirə baxaraq.
     Zaur pivədən böyük bir qurtum alıb nəfəsini dərdi və soruşdu:
     -Niyə? Xoşuna gəlməyən nəsə varsa...
     -Yox, yox. Hər şey əladır... Sənin sağlığına - bokalını qaldırdı. Hərçənd ki, sən artıq içməyə başlamısan. Heç adamı gözləməklə aran yoxdur.
     Zaur üzünü turşutdu:
     -Çox vacibdir toqquşdurmaq? Zəhləm gedir bu adətdən. Qafqazlılar qədəh toqquşdurub gic-gic danışmağa başlayanda dözülməz olurlar. Bu onların ən mənasız olduğu anlardır. Özü də ki, gürcülər pivəni toqquşdurmurlar mən bilən...
     Zaur deyinə-deyinə də olsa, gözlərinin içi gülə-gülə sevgilisinə baxan Artuşla bokalını toqquşdurub, masaya qoydu. Xaçapurisindən bir tikə qoparıb, iştahla çeynədi.
     -Təklifim var yeməyimizi yeyib, Tiflisdə gəzişək. Hava da gözəldir bu gün.
     Artuş razılıqla başını buladı.
     - Mütləq. Səninlə konfrans zalından və otel otağından başqa heç yerdə olmuruq. Hər birimiz üçün bu şəhər əzizdir. Və hər birimizin bu şəhərdə sevdiyimiz məkanlar, bu şəhərlə bağlı xatirələrimiz var. Onları birlikdə gəzmək, görmək çox həyəcanlı və unudulmaz olacaq.
     Bir müddət sükunət içində xaçapurilərini yedilər. Arada bir restoranın seyrək müştərilərinə, onların sifarişlərini çatdırmaq üçün ora-bura qaçan zirəng ofisiantlara baxırdılar. Zaur bir ara gözlərini qonşu masada oturan gənc sevgililərdən ayırıb Artuşa baxdı. Artuş bıçaqla xaçapurinin axırıncı dilimini doğrayırdı. Ürəyindən sevişmək keçdi, vəhşicəsinə sevişmək istəyirdi. Şaha qalxan qır atını sakitləşdirmək üçün baldırlarını sıxdı. Diqqətini başqa bir nöqtəyə cəmləmək, şəhvət selinin qarşısına sədd çəkmək, zehnini nə iləsə məşğul etmək lazım idi. Birdən soruşdu:
     -Artuş, sənə bir sualım var.
     Zaurun müraciətində qəribə bir rəsmiyyət, quruluq sezən Artuş təəccübləndi. Heyrətlə sevgilisinin üzünə baxdı.
     -Əlbəttə. Buyur soruş.
     -Nə üçün siz ermənilərdə, paranoya dərəcəsində məhvolma qorxusu var? Siz həqiqətən bütün ətrafınızın düşmən olduğunu, sizi hər an əzmək, yox etmək barədə planlar qurduğuna inanırsınız, yoxsa bu bizim şişirtmələrimizdir?
     Artuş gülümsədi. Çətin ki, Zaurdan belə bir sual gözləyirdi, amma bir yandan da bu suala hazır adama oxşayırdı.
     -Əslində sözlərində həqiqət payı var. Siz azərbaycanlılar həm müsəlmanların genişmiqyaslı ittifaqına, həm də türk birliyinə arxalandığınıza görə, özünüzü böyük xalq hesab edirsiniz. Praktik olaraq bir etnos kimi sağ qalacağınıza tam əminsiniz və məhvolma ehtimalından qətiyyən narahat olmursunuz.
     Pivədən bir udum alıb, davam etdi:
     - Amma biz... Böyük xristian birliyinə daxil olsaq da, konfessional spesifikamıza görə onların sırasında ayrı bir yer tuturuq, özümüzü nadir etnos hesab edirik. Uzun müddət, əsasən, qeyri-xristian mühitində və tarixi kolliziyalar şəraitində yaşadığımız üçün, bizdə belə bir sabit fikir formalaşıb ki, biz - düşmən əhatəsində olan kiçik etnosuq və bizi daim məhvolma təhlükəsi gözləyir. Hətta deyərdim erməni mentalitetində bu elementin olması, Qarabağ münaqişəsinin yaranmasında və xüsusən indiki mərhələyə çatmasında mühüm rol oynayıb. Ona görə də, Azərbaycan tərəfinin Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verməsi, bizə inandırıcı gəlmir.
     -Sənə də?
     - Bəli, mənə də. Söhbət erməni təəssübkeşliyindən getmir. Azərbaycanda sizin özünüzün hüquqlarınız addım başı tapdalanır, ermənilərin hüquqlarını necə təmin edəcəksiniz?
     -Eyni qanunsuzluqlar Ermənistana da aid deyilmi?
     - Əsl azərbaycanlı kimi danışdın. Əlbəttə aiddir. Bunu inkar edən var? Amma biz hal-hazırda sizdən danışırıq - Qarabağı tərkibində görmək istəyən və Qarabağ ermənilərini vətəndaşı sayan Azərbaycandan. Onlara təhlükəsizlik təminatı vermək mümkün deyil. Bəlkə əlli, yüz il sonra sizə inanarlar. O da çətin... İndi isə mən sənə bir sual verim.
     Zaur nəşələndi.
     - Əla! Üç günlük konfrans deməli bizə azlıq eləyib. Yoxsa bu mövzuya bir daha qayıtmazdıq. Soruş görüm nə soruşursan.
     - Müharibə ehtimalına necə baxırsan? Amma xahiş edirəm klişe cümlələrlə danışma. “Lazım gələrsə, ordumuz...” kimi, gic-gic ritorikalara qarnım toxdur.
     -Bilirsənmi Artuş, müharibə son nəticədə sülh əldə etmək üçün aparılır, yaxud da bu zərurətlə ona bəraət qazandırılır. Lakin bu sülh necə olmalıdır? Yəqin ədalətli olmalıdır ki, ədalətsizliyə məruz qalmışların, yaxud özünü belə sananlann müəyyən vaxtdan sonra yeni müharibə törətmələrinə səbəb olmasın. Müharibə, gələcəyin altına yeni minalar qoyursa, deməli, biz məsuliyyəti gələcək nəsillərə ötürmüş oluruq. Mən bunu istəmirəm. Amma müharibə ehtimalına da inanmıram.
     -Niyəsini soruşmaq olar?
     - Olar, amma sən yenə də soruşma. Məntiqli cavabım yoxdur. Daha doğrusu hisslərim məntiqimi üstələyir.
     -Bəs haqlı kimdi, haqsız kimdi?
     Artuş tələbkar gözlərlə baxırdı Zaura. Cavab verməliydi, səmimi olmalıydı, stereotiplərlə danışmamalıydı.
     -İnan ki, bilmirəm Artuş... Əlbəttə, “biz haqlıyıq” deməliyəm. Bunu deməyə borcluyam. Amma bu cavabımın da səni qane etməyəcəyini bilirəm.
     -Hardan bilirsən?
     Zaurun cavabı gecikmədi:
     -Qane edəcəksə, onda “haqlı bizik” deyirəm.
     -Mənim də vəziyyətim səninkindən fərqli deyil Zaur.
     -Bilirəm əzizim... Bilirəm və sənin vəziyyətini başa düşürəm. Ürəyini sıxma.
     Artuş razılıq əlaməti olaraq başını aşağı saldı, sonra da ofisiantı səslədi:
     -Zəhmət olmasa hesabı gətirin.
     Zaur təəccüblə:
     -Gedirik? - soruşdu.
     - Məgər sən deməmişdin Tiflisi gəzək bu gün? Tez çıxaq ki, Şotanın lənətə gəlmiş əmioğlusunun toyuna qədər doyunca gəzə bilək.
     Zaur gözlərini yumub alnına bir şapalaq vurdu:
     - Vay vay vay. Toy necə də yadımdan çıxmışdı... Gərək heç yadıma salmayaydın. Nəsə içimdə bir hiss var ki, bu toyun axırı yaxşı olmayacaq.

***


     Meydandan keçib, köhnə şəhərin dar küçələrinə tərəf getdilər. Sion kilsəsinə çatanda, Artuş dayandı. Kilsəyə girdilər. Kilsənin içi qaranlıq və rütubətli idi. İçəridə, üzüm tənəyindən düzəldilmiş bir xaç asılmışdı. Gürcüstana nur gətirən müqəddəs Nino, bu üzüm tənəyini ilk dəfə ziyarət etdiyi qərbdən gətirmişdi. Artuş kürsünün önünə yaxınlaşdı, başını qaldırdı və yuxarıda asılmış müqəddəs himayəçinin rəsminə baxdı. Zaur da başını qaldırıb ora baxdı. Baxışları solğun ikonada birləşdi.
     Kilsə pəncərələrindən içəri süzülən işıqda, Zaur Artuşun yaşlı gözlərini gördü.
     -Gəl buradan gedək, - dedi.
     Artuş itaətkarcasına kilsədən çıxdı. Dinməz-söyləməz yeriyirdilər. Nəhayət Zaur dilləndi:
     -Allaha inanırsan Artuş?
     - Çətin sualdır. Deyəsən inanmıram. Amma kilsəyə gedirəm... Rahatlıq tapıram orada. Hərdən də dua edirəm.
     -Bəs dua edəndə, hansı günahlarının bağışlanmasını diləyirsən tanrıdan?
     -S ə ni, Zaur.
     Onun səsi qəmgin və yorğun idi.
     -Nə üçün? - maraqla soruşdu Zaur.
     -Çünki sən mənim həyatımın ən böyük günahısan... Bəs sən?
     -Allaha inanıram, yoxsa yox?
     -Aha.
     - Cənubi Qafqazın və onda məskunlaşan xalqların mövcudluğu, Allahın yoxluğuna dəlalətdir. Bizə təbliğ olunan mərhəmətli, qüdrətli, hər şeyi bilən və hər şeyi görən Allah, belə mənasız, şərəfsiz, binamus məxluqları yarada bilməzdi. Mən də bundan belə nəticə çıxardıram ki, Allah yoxdur. Əgər varsa, onda elə yaratdıqlarına oxşayır. Belə Allaha inanmaqdansa, inanmamaq yaxşıdır.
     Zaur danışdıqca, Artuş başını bulaya-bulaya gülürdü.
     -Səndən də sözlər çıxır haa!
     Kafeləri ağzınacan doldurub qəhvə, şərab içən gürcülər üçün içməyin vaxtı yoxdur. Haradansa xor səsləri gəlirdi. Lap aşağılarda isə Kür çayı köpüklənə-köpüklənə axırdı. Artuş çox uzaqlara baxırdı. Elə bil ki, o, uzaqlarda öz keçmişini axtarır, xəyalən Tiflisin sərhədlərini aşıb Bakıya səyahət edirdi.
     -Nə düşünürsən, - soruşdu Zaur.
     -Səni və bütün olub keçənləri.
     Nə demək istədiyini başa düşsə də, yenə də soruşdu:
     -Aramızda olub keçənlər o qədər dəhşətlidir?
     Artuş dayanıb sözə başladı:
     -İstəyirsən bütün Qafqazı gəz, insanlarla söhbət elə. Bu coğrafiyada bizim münasibətlərimizi başa düşəcək, dəstəkləyəcək adam tapa bilərsənmi? Yox. Bu region tamam başqa bir dünyadır. Biz isə özümüzü unudub, Avropalılar kimi hərəkət edirik. Bu nə cəsarətdir, başa düşə bilmirəm. Əslində biz Qərbə mənsubuq, burada olmamalıyıq.
     Zaur oğrun-oğrun çevrəsinə göz gəzdirib, ehtiyatla onun əlini əlinə aldı:
     -Artuş, sənin üçün nə istəyirsən, edərəm. Avropaya da gedə bilərik. Hara istəsən, ora getməyə hazıram.
     -Eh, Zaur...
     Artuş nəmli, soyuq daş divarın yanında ayaq saxlayıb, əlini daşa yasladı. Gözlərini yumub, dərindən nəfəs aldı. Elə bil Kürün yaydığı rütubətdən sərxoş olmuşdu.
     -Bilirsənmi səni nə üçün sevirəm, Zaur?
     -Bilmirəm. Bunu bilməyim o qədər də vacib deyil.
     -Mən sənin gözlərini, sənin səsini, sənin ətrini və sənin yerişini sevirəm. Daha bundan artıq nə ola bilər? Sevdiyim ancaq sənsən. Məhəbbət deyilən şey Azərbaycanda necədirsə, elə Ermənistanda da o cürdür.
     Gürcülərin böyük şairi Rustaveli min il bundan qabaq bizim durduğumuz yerdə kraliça Tamaraya məhəbbət şerləri oxuyurdu. Bilirsənmi, onun şerləri İran rübailərinə nə qədər bənzəyir?
     Artuş düşünərək dedi:
     -Təbii, Rustaveli əslində böyük şərq poeziyasının, daha dəqiq desək üslub baxımından İran poeziyasının tərkib hissəsidir. Bəlkə də elə böyük məhəbbət şairi Sayat Nova da bu yerdə dayanmışdı... Amma gürcülərin məhəbbətini şeirlərində tərənnüm etdiyi üçün, şah onun başını vurdurtmuşdu.
     Bütün bu söhbətlər Artuşun qanını qaraltdı.
     -Zaur, bəs sən... Sən məni niyə sevirsən?
     Artuş sualını tamamlayar-tamamlamaz, elə küçənin ortasında ağlamağa başladı. Yanaqlarından süzülən iri yaş damlaları onu balaca bir uşağa döndərmişdi. Zaur onu çiyinlərindən tutub yüngülcə silkələdi.
     -Artuş mən sənin ruhunu sevirəm eşidirsən, ruhunu! Sadəcə səni, sən olduğun üçün sevirəm. Bəli, mən dəliyəm. Biz ikimiz də dəliyik. Amma bundan kimə nə var? Biz küçənin ortasında dayanıb, ağlaya bilən, bütün ədavətləri, müharibələri unudub sevə bilən çılğın aşiqlərik.
     Artuş iri, yaşlı gözlərini həsrətlə Zaurun üzünə dikib soruşdu:
     -Axı mən, sənin nifrət etdiyin Ermənistanın kiçicik bir parçasıyam və ora aidəm.
     Zaur çaşıb qalmışdı, onun sözlərini başa düşmürdü:
     -Sən nə danışırsan? Sən mənim uşaqlığıma aidsən, Bakıya aidsən. Ermənistan sənə yaddır. Bunu özün də bilirsən.
     Söhbətləşərək dar küçədən keçən iki şən gürcü qızı, divar dibində pıçıltı ilə danışan iki gənc oğlana təəccüblə baxıb, yanlarından ötdülər. Artuş gözlərinin yaşını silib, gülümsədi və başını yana əyib dedi:
     -Kaş dediklərin təsəlli xətrinə deyilmiş gözəl sözlər yox, həqiqət olaydı.
     -Mən sənə quru təsəlli vermirəm, həqiqəti deyirəm.
     Artuş sağ tərəfdə, sarmaşıqlarla bəzədilmiş binanın tinində oynayan uşaqlara baxıb həvəssiz dilləndi:
     -Yaxşı, dediyin kimi olsun...
     -Gedək Artuş... Burda dayanmağın mənası yoxdur. Mən artıq üşüyürəm.
     Köhnə Tiflisin turistlərin bol olduğu balaca meydançasında, qara-mara bir kürd qızı fala baxırdı. Onlar qızın yanından sürətlə keçdilər. İndi onların həyatda ən az bilmək istədikləri şey - öz gələcəkləri idi. Şüuraltıları ilə gələcəklərinin qaranlıq olduğunu, sonda bir ümid işartısının görünmədiyini bilirdilər. On dəqiqəyə yaxın kəlmə kəsmədən yollarına davam etdilər. Birdən Artuş ayaq saxlayıb, şən səslə soruşdu:
     -Mtatsmindaya, Müqəddəs Davud dağına qalxaq?
     -Nə var axı orda? Yüz dəfə olmuşam.
     - Sən nə danışırsan!? Yüz birinci dəfə də qalxa bilərsən. Oradan şəhərə möhtəşəm mənzərə açılır, özünü göyün yeddinci qatında hiss edirsən. Məgər bu azdır?
     Zaur üçün Davud dağına qalxıb-qalxmamaq prinsipial məsələ olmadığına görə, başı ilə razılıq verdi və onlar yan küçəyə dönüb funikulyora tərəf getdilər. Bir azdan sonra mindikləri kiçik vaqon tələsmədən, ağır-ağır Davud dağına qalxmağa başladı. Vaqonda onlardan başqa xarici turistlər də vardı. Onların gidi, saçları hörüklü cavan gürcü qızı, dağın təpəsindəki dillər əzbəri olmuş məşhur monastırın yaranma tarixçəsini danışmağa başladı:
     “Uzun illər bundan öncə bu dağda müqəddəs Davud yaşayırmış. Şəhərdə isə bir kral qızı varmış. O qız bir knyaz ilə eşqbazlıq edib, onunla günah iş tutur. Bir gün knyaz qızdan bezib onu atır. Qız isə hamilədir. Bu hadisədən xəbər tutan kral çox qəzəblənir və qızını başdan çıxaran adamın kimliyini xəbər alır. Qız sevgilisinin adını deməyə qorxduğu üçün, onun yerinə müqəddəs Davudun adını çəkir. Qəzəblənən kral əmr edir ki, Davudu onun sarayına gətirsinlər. Davudu saraya gətirəndən sonra kral öz qızını da oraya çağırtdırır. Kralın qızı atasının hüzurunda da dediklərini təkrar edir. Müqəddəs Davud isə əlindəki əsasını qızın qarnına toxundurur və birdən möcüzə baş verir. Qızın qarnındakı uşaq dil açıb, əsl günahkarın adını çəkir. O zaman müqəddəs Davud əllərini göyə qaldıraraq dua edir və qız övlad yerinə daş doğur. İndi həmin daşın dibindən müqəddəs Davud bulağının suyu fışqırır. Uşağı olmayan qadınlar isə bu bulağın suyunda çimirlər ki, uşaqları olsun”.
     Sevgililər monastırın ətrafını dörd bir yandan əhatə edən divarın yanında dayanıb, şəhərə baxırdılar. Kür çayının sahili mavi dumana bürünmüşdü. Evlərin damlarından görünən kilsələrin günbəzləri tənha adaları xatırladırdı. Şəhərin şərqində və qərbində tiflislilərin dincəldikləri bağlar, parklar uzanırdı. Uzaqlarda qapqara görünən Metex qalası ucalırdı.
     -Eşidirsən Zaur? Bizim kimi günahkarları yüz il əvvəl yaxalasaydılar, Metex qalasına həbs edərdilər.
     -Mən indi də səninlə birlikdə ölənə qədər o qalada yaşamağa hazıram.
     -?
     -Çox ciddiyəm.
     -Heyf səni burada öpə bilmirəm.
     -Sən də səbirli olmağı öyrən.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (12.09.2014) | Müəllif: R.C E W
Baxış: 364 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more