Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Artuş və Zaur-10

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>


     Gözlərini yumdu və Zaurun siması dayandı qarşısında - bu obraz elə canlı və parlaq idi ki, Artuş əllərini uzadıb ona toxunmaq istədi. Zaur onun iki addımlığında dayanmışdı. Üzündən üsyanın, ağrının, ümidsizliyin izləri oxunurdu. Artuş çox böyük bir qəbahətə yol verdiyini, bağışlanmaz günah işlədiyini başa düşürdü. Bu gün səhər Zaurun məktubunu almış, Bakıda onun başına gələnləri, zorla efirə çıxardılıb danışdırıldığını bu məktubdan öyrənmişdi. Ona əziz insan Bakıda olmazın işgəncələrə məruz qalmış, şəxsiyyəti tapdalanmışdı. O isə, xüsusi xidmət orqanlarından çəkinib Zaurla Yerevanda görüşməmiş, özünü əsl qorxaq və eqoist kimi aparmışdı. Bunları düşündükcə özünə nifrəti artırdı. Göz yaşlarına azadlıq verdi. Lakin bu da ona kömək olmadı. Əksinə, ağladıqca ürəyinin ağrısı, dərd yükü və özünə nifrəti qar topası tək böyüyürdü.
     Göz qapaqlarını çətinliklə araladığında, keşişin solğun, gülümsər üzü ilə qarşılaşdı. Onun siması sanki daxili bir nurla işıqlanmışdı - bu üz adi adamın üzünə oxşamırdı. Elə bil orta əsr rəssamlarının yaratdığı müqəddəs obrazı idi. Ağarmaqda olan saqqalı, qəribə də olsa ona bir az uşaq saflığı qatırdı. Artuşun ürəyinə qorxu düşdü. Bədəni gizildədi. Gözlərindən yaşlar ikinci dəfə axmağa hazır olsa da, özünü zorla saxladı. Baxışlarını keşişdən ayıra bilmir, onun dərin gözlərində batıb gedirdi. Keşiş əlini Artuşa uzadaraq, mülayim təbiətinə yaraşmayan soyuq tərzdə dedi:
     -Sınıq qəlblər Tanrıya məqbuldur. Günaha olan münasibətlərini dəyişən insanlar Tanrıya məqbuldur. İsa vergiyığan adam haqqında dedi: “Bu şəxs evinə təmizlənərək getdi”. İncildən də məlumdur ki, məhz təkəbbür Lütsiferin həlakına səbəb oldu. İnsan özünü daima Tanrının köməyinə möhtac, günahkar bəndə hesab etməlidir. Görürəm ki, vəziyyətin ağırdır. Lakin yaxşı ki, özündə güc və cəsarət tapıb bura gəlmisən.
     -?!
     -Nədi? Yoxsa yanılıram? Ver əlini mənə.
     Artuş qərarsızca əlini keşişə uzatdı. Onun əli səsindən fərqli olaraq ilıq və yumşaq idi. Keşiş Artuşun əlindən tutub, onu sol tərəfə apardı. Şam yandırıb ağlaşan qadınlara görünmədən, dar dəhlizə daxil oldular və dəhlizin sonundakı beş-altı kvadrat metrlik alaqaranlıq otağa keçdilər. Bu otaqda üstü kitablarla dolu kiçik yuvarlaq masadan, sanki onlar üçün xüsusi qoyulmuş iki alçaq kreslodan və divardan asılmış solğun ikonadan başqa heç nə yox idi.
     - Otur oğlum - deyən keşiş birinci özü əyləşdi və əli ilə masanın sağındakı kresloya işarə elədi. Hələ də tərəddüd keçirən Artuş otağın soyuq divarlarına ürkək-ürkək baxaraq oturdu, əllərini dizlərinə qoydu.
     -Adın nədir oğlum?
     -Artuş.
     -Mənim isə Mesrop. Nə iş görürsən?
     -Jurnalistəm. “Aykakan Jamanak” qəzetində müxbirəm.
     - Lap yaxşı. Səni dinləyirəm Artuş oğlum. Tanrının dərgahında heç kimdən çəkinmədən, heç nədən qorxmadan ürəyini aça bilərsən. Burada qorxu insandan uzaq olar. Qəlblər rahatlıq tapar.
     Kilsəyə nə üçün gəldiyini bilməyən, qarşısına heç bir konkret məqsəd qoymayan Artuş, indi düşdüyü vəziyyətin fövqəl qüvvə tərəfindən ssenariləşdirildiyini anlamağa başlayırdı. Artıq susmağın, nazlanmağın mənası qalmamışdı. Hər şeyi açıq danışmaqdan, ürəyini tanımadığı lakin daxilən güvəndiyi bu nurani keşişə açmaqdan başqa çarə görünmürdü. Dərindən köks ötürüb bir nəfəsə dedi:
     -Mən qeyri ənənəvi seksual orientasiyaya malik adamam. Yəni sadə dillə desək - geyəm.
     -Tanrı səni bağışlasın.
     Keşiş bu sözü elə cəld demişdi ki, Artuş istər-istəməz duruxdu. Başını qaldırıb keşişlə göz-gözə gəldi.
     -Sizcə buna ehtiyacım var?
     - Səncə ehtiyacın yoxdu? - Keşiş, sanki bu sualın cavabının mənfi ola biləcəyindən özü də şübhə edirmiş kimi ehtiyatla baxırdı.
     -Yəni mən günahkaram? Kişi üçün kişini sevmək belə böyük günahdır? Axı nə üçün?
     -Bəs sən kilsəyə niyə gəlmisən?
     -Bilmirəm.
     -Mən bilirəm. Səni bura Tanrı gətirib. Tanrını hiss edirsən?
     -Hardasa hiss edirəm... Məni bura gətirən böyük qüvvədir.
     -O elə Tanrının özüdür. Hələ ki, gec deyil sən və sevdiyin kişi tövbə etməlisiniz.
     -Bu mümkün deyil.
     Elə bil bu cavab, keşişin həyatı boyu eşitdiyi ən ağlasığmaz söz olmuşdu. Təəccüblə soruşdu:
     -Niyə?
     -Mən günahkar olduğumu düşünmürəm. Sevgilim isə ateistdir. Ümumiyyətlə o... azərbaycanlıdır.
     Mesrop son məlumatı daha rahat həzm etdi. Ən azından “azərbaycanlı” sözünü eşidəndə sifəti əyilmədi, dəhşətdən gözləri bərəlmədi. Sadəcə başını bulamaqla kifayətləndi və dedi:
     - Milli mənsubiyyətindən və əqidəsindən asılı olmayaraq hər kəs Tanrı bəndəsidir və tövbəyə möhtacdır. Mən sənin günahlarını bağışlayıb, onları öz üzərimə götürməyə hazıram.
     -Öz üzərinizə?
     -Bəli, günahlarını öz üzərimə götürəcəyəm və sənin üçün dua edəcəyəm - o, bu sözləri deyib sağ əlini uzadaraq Artuşun başına qoydu və gözlərini yumub nəsə pıçıldamağa başladı. Alnında tər damcıları puçurlanmışdı, Artuşun başına qoyduğu əli titrəyirdi.
     Mesrop duasını bitirib əlini çəkdi.
     -Tanrı sizin hər ikinizi də bağışlasın oğlum... Sən bu yola necə düşdün?
     -Hansı yola? - Artuş barmaqlarını oynada-oynada soruşdu.
     -Nəyi nəzərdə tutduğumu bilirsən. Necə oldu ki, homoseksual oldun?
     - İnanın, bu barədə heç düşünməmişəm... Elə bil doğulandan beləyəm. Özümü dərk edən andan, öz cinsimə meyl salmışam. Və... sizdən fərqli olaraq homoseksuallığın günah olduğuna inanmıram.
     -İnanmırsan yoxsa sənə belə sərf edir deyə, özünü buna inandırmısan?
     -Xeyr, inanmıram. Kilsəyə da tövbə üçün gəlməmişəm. Heç özüm də bilmirəm nə üçün gəlmişəm...
     Mesrop qollarını sinəsində birləşdirərək ciddi görkəm aldı:
     - Elə bilirsən mən bu barədə düşünməmişəm? Homoseksuallığın günahmı, yoxsa fizioloji qaçılmazlıqmı olması məni də illərdir narahat edən məsələdir. Səndən fərqli olaraq mavilərin əksəriyyəti günahkar, ya da xəstə olduqlarını qəbul edirlər. Bununla barışıblar. Elələri də var ki, özlərini müqəddəs, seçilmiş insan sayırlar. Sən bu kateqoriyaya aidsən?
     Artuş qollarını aralayaraq gülümsədi:
     -Xeyr, xeyr. Siz nə danışırsınız? Nə seçilmişliyə, nə də ki, müqəddəsliyə iddiam yoxdur.
     Mesrop göz qapaqlarını endirərək müdrikliklə gülümsədi. Dodaqları uzun müddət təbəssüm ifadəsini qorudu. Sonra gözlərini qəfil açıb yenə ciddiləşdi.
     -Dini doqmatikanın diqtə etdiyi postulatlardan fərqli olaraq, mənim bu barədə öz mülahizələrim var. Sən bura yalnız öz ürəyini açmağa gəlməmisən, bəlkə də mənim ürəyimin açılmasına kömək etmək üçün göndərilmisən.
     Artuş heyrətlə Mesropa baxırdı. Keşişin dedikləri ona tam olaraq çatmırdı.
     -Necə yəni göndərilmişəm? Siz ürəyinizi kimə açacaqsınız?
     -Sənə. Niyə elə baxırsan? Ola bilməz? Sən də bir Tanrı bəndəsisən. Məndən nə fərqin var axı? Sənin kimi insanlar yüzillər boyu təqib olunaraq, zülmə məruz qalaraq homofoblar əleyhində güclü müqavimət mexanizmi yaradıblar. Geylər kompleks keçirmək əvəzinə, özlərinə bəraət qazandırmağın yollarını axtarıblar. Özlərini seçilmiş və müqəddəs sayan maviləri buna görə yada saldım. Utanma və qorxu hissi, hər bir insanı xarici təsirlərdən, düşmənlərdən özünümüdafiəyə sövq edir. İnsan özünü təsdiq etmənin dərdindədir. Onun bircə axtarışı var - özünütəsdiq. Bədənlərimiz yalnız fiziki tələblərə istiqamətlənib. Ruhlarımız isə saf məhəbbətin, diqqətin, qayğının, nəvazişin, nəzakətin axtarışındadır. Homoseksuallar bir qayda olaraq həmcinslərinin bədəninə sahib olmağı arzulayırlar. Fiziki tələbatlarını ödəmək üçün ovlanırlar. Ruhun istək və tələbləri isə ya tamam nəzərdən qaçırılır, ya da ikinci plana atılır. Bir yandan da onlar ictimai qınaq obyektinə çevrilir, onlardan oğlanları yox, qızlan sevmək tələb olunur. Bu tələbin özündə belə riyakarlıq var əslində. Amma riyakarlıqdan siz də sığortalanmamısınız. Məsələn, sən həqiqətən sevirsən yoxsa, fikrin-zikrin cismani ehtiyaclarını ödəməkdir?
     Artuş başını bulaya-bulaya Mesropu dinləyirdi. Keşiş cümləsini bitirən kimi dərhal etiraz etdi:
     -Mən həqiqi sevgidən, məhəbbətdən danışıram. Biz bir-birimizi sevirik!
     -Homoseksual sevginin təməli erosdur. O həm də tənhalığın, zövqün bünövrəsidir.
     -Xristian təliminin sizə diqtə etdiyi normalardan başqa, siz heç bir alternativ fikrə yiyələnə bilməzsiniz. Kilsə bunu qadağan edir. Halbuki siz hal-hazırda liberal keşiş, tolerantlı insan obrazı yaratmağa çalışırsınız.
     -Düzdür, bizim təlimimiz qeyri-ənənəvi cinsi əlaqəni pisləyir. Amma mənim bu barədə öz fikirlərim var. Sən nahaq mənim haqqımda belə düşünürsən. Nədir axı homoseksuallıq? Biz hamımız bilirik ki, sevgi hissi cənnətdən gəlib. Sevgi - cənnət həzzləri ilə bağlı hamımızın malik olduğu genetik koddur. Baunti şokoladının reklamlarında olduğu kimi. Adəm və Həvva cənnətdə çılpaq olublar. Məhz çılpaq olanda, insan cənnətdə bütün həzləri dadmış, məhəbbəti, sevgini doya-doya yaşamış, hədsiz azadlığa malik olmuşdu.
     -Amma onlar sevişmirdilər - Artuş inamsız dedi.
     -Hardan bilirsən oğlum? Onların yanında idin?
     -Axı onlar yasaq meyvəni dadınca çılpaqlıqlarından utandılar. Sonra da cənnətdən qovulub uşaq yaratdılar.
     - İntimliyə meyl bizim öz sərhədlərimizi aşmağımız kimi qiymətləndirilir. Belə düşünmək ən böyük cinayətdir! İnsanlar bir-birlərini istəməsəydi, arzulamasaydı həyat nə qədər də mexaniki, monoton, darıxdırıcı olardı! Başqalarına qarşı duyduğumuz maraq, sevgi bizi onlara özümüzü açmağa, cazibəli görünməyə sövq edir. Beləliklə biz bir-birimizi tanıyırıq. Tanrı insanı özünə bənzər şəkildə yaradıb. Əvvəl kişini yaradıb və ona qadın keyfiyyətlərini bəxş edib. Həvvanı yaradan da məhz kişinin daxilindəki femin hisslərdir.
     -Demək istəyirsiniz ki, Tanrı özü də kişidir?
     - İsa kişidirsə, deməli Tanrı da kişidir və kişilərin kişilərə meyl salması, ilk insanın cənnətdə yaşadığı gözəl anları genetik yaddaşı ilə yenidən arzulamasıdır. Tanrı ilə ünsiyyətini bu genetik kodla yada salır insan. Yalnız Tanrı ilə ünsiyyət zamanı, insan cənnətdə həzzin ən yüksək zirvəsinə çata bilmişdi. Lakin ilk günahını işləyəndən sonra, insana heyvani hisslər də açıldı. İnsanlar, yəni Adəm və Həvva qadağan meyvəni yeyərək, Tanrıya üsyan etdilər, bilik və təcrübə qazandılar. Onlar şərin elminə yiyələndilər. Arzu və hisslər onların iradəsi xaricində təzahür etməyə başladı. Məhz bundan sonra onlar ram edə bilmədikləri hisslərindən, meyllərindən utanmağa başla- dılar. İnsan da qorunmazlıq və qorxu hissinə bax beləcə qapıldı.
     Artuşa elə gəlirdi ki, keşiş onun gözlərindən ürəyinə girərək, onun qəlbini oxuyur, eqzistensiyasını dağıdaraq, onu freydist təhlildən keçirirdi. Gümüşü rəngdə bir titrəmə düşdü canına. Əlləri ilə yanaqlarının hərarətini yoxlayaraq, təzədən əllərini dizləri üstə qoydu. Mesrop davam edirdi:
     - Ən saf, təmiz məhəbbət Tanrıya qarşı duyulan məhəbbətdir. İsa Məsihi sevmək lazımdır, çünki o hər bir insanı - günahları nə olursa olsun - sevir. Bir insanı dəlicəsinə sevmək, Tanrını onda təcəssüm etdirməkdir. Sən Tanrı uğrunda malını, canını fəda etməyə hazır olandan sonra, homoseksuallıq, heteroseksuallıq kimi anlayışlar da ikinci plana keçəcək, əhəmiyyətini itirəcək. Bunların hamısı təfərrüata çevriləcək.
     Artuş gözlərini qıyıb, şübhə ilə Mesropa baxırdı. Soruşdu:
     –Demək istəyirsiniz ki, Tanrıya möhkəm inam olarsa, qeyri-ənənəvi cinsi orientasiyaya da malik olmaq olar?
     -Əslinə qalsa, hər birimizin həyatında başlıca dilemma İncilin qoyduğu sadə sualdır: “Meyvənin dadına baxım, ya baxmayım?” Cazibə güclüdür... o ki, ola susuzluqdan yanan bir yolçu üçün... Amma dadına baxmamaq - dərk etməmək deməkdir. Maraqlıdır, görəsən qadağan edilmiş almanın dadına baxan Adəmlə Həvva hansı hissləri keçirmişdilər? Xəcalət hissini? Doğrudanmı bu belə idi?
     Artuş sualın onamı ünvanlandığını, yoxsa Mesropun özünün cavab verməsi üçün elə beləmi qoyulduğunu bilmirdi. Cavabın intizarında keşişə baxırdı. Mesrop da gözlərini ayırmırdı Artuşdan. Nəhayət Artuş çiyinlərini çəkib dilləndi:
     –Siz bu suala mənim cavab verməyimi istəyirsiniz?
     -Verə bilərsən?
     –Yox... Verə bilmərəm.
     - Onda sualı belə qoyum: sən nə üçün qadınlara meylli deyilsən?
     Artuş gözlərini döşəməyə zilləyib duruxdu. Bu suala da konkret cavabının olmaması onu çıxılmaz vəziyyətə salırdı. “Bir az fikirləşməliyəm” düşündü. Mesrop tələsənə oxşamırdı, nə qədər lazımdırsa o qədər Artuşu gözləməyə hazırdı. Artuş da cavabını çox gözlətmədi, fikirlərini ekspromt qaydada daha rahat ifadə edə biləcəyinə qərar verdi.
     -Mən qadının natamam və iyrənc məxluq olduğunu düşünürəm. Onu seksual obyekt kimi görə bilmərəm, bu mənə ağır gəlir. Qadınla yatıb, səhər böyük bir məsuliyyət hissi ilə oyanmaqdansa, bir kişini sevib hər baxımdan azad olmaq daha sərfəlidir. İllər boyu özümlə, öz üsyankar vücudumla, orqanizmimlə mübarizə aparmışam. İllər boyu əziyyət çəkmişəm. Vücudum söz dinləməyib, üsyan ardınca üsyan edib. Mən bu ardı arxası kəsilməyən üsyanlardan yorğun düşmüşəm müqəddəs ata. Mənim çılğın mənliyimə söz keçirəcək taqətim qalmayıb. Bu məndən asılı deyil. Qadın istər vaginası, istərsə klitoru, istərsə də döşləri ilə məndə ikrah oyadır. Qadınlara bir-iki dəfə yaxınlaşmağa cəhd etdim - cinsi orqanlarından ürəkbulandıran qoxu gəlirdi. Anlaşılmaz, xaotik vaginadan həm iyrənir, həm də qorxuram. Mən onun həyat verici bir orqan olduğunu bilirəm, bunu danmıram, amma ona qarşı məndə zərrə qədər maraq yoxdur. Mən qadını əldə etmək üçün kişilərin sərf etdiyi eneıjini hədər və puç sayıram. Qadın nazı ilə oynanılan, hər şıltaqlığına dözülən zəkasız, mənasız, axmaq bir varlıqdır.
     Mesrop dodağının ucunda istehzalı gülümsəmə ilə Artuşa qulaq asır, zaman-zaman başını bulayırdı. Artuş son cümləsini tamamladıqdan sonra, keşiş dedi:
     - Qadının həyat verici qüvvə olması fikri ilə razı deyiləm. Həyat verici qüvvə - kişi ilə qadının vəhdətidir. Ayrı ayrılıqda onların heç biri yeni insana həyat vemrəyə qadir deyillər. Axı biz hamımız kişi və yaxud qadın olaraq dünyaya gəlirik. Bu da o deməkdir ki, bizim varlığımız əvvəlcədən kamil deyil, parça-parçadır, yarımçıqdır. Biz - qadınlar və kişilər - cinsimizə xas olan şüurla, bizi əhatə edən aləmlə ünsiyyətimizi naqis formatda qururuq. Cinsiyyət fərqi sadəcə bədən və fiziologiya xarakteristikaları ilə məhdud deyil. Dünyanı başa düşməkdə müraciət etdiyimiz moduslar arasında da prinsipial fərqlər mövcuddur. Bu moduslardan birinin zəruri olaraq dominanta çevrilməsi, dünyanın anlaşılmasında təhriflərə gətirib çıxarır. Ətrafımızdakı gerçəkliyin natamam, naqis-dualistik görkəmdə qarşımızda durması ilə nəticələnir.
     Odur ki, bəzən qadınlar öz varlıqları ilə sənin kimilərin yaranmasını şərtləndirir. Ermənistan başdan ayağa latent homoseksuallarla doludur, amma onlar qorxurlar, üzə çıxa bilmirlər. Özlərini təmin, realizə edə bilməyən potensial homoseksuallar homofoblara çevrilirlər, özlərinə nifrət etməyə başlayırlar.
     Artuş keşişin sözünü kəsdi:
     -Mən onlardan biri olmaq istəmirəm müqəddəs ata. Mən də bu aqibətdən qorxuram.
     Mesrop təsdiq mənasında başını yellədi:
     - Haqlısan oğlum. Özünə hörmət qoyan adam, heç vaxt özünü inkar etməz. Ermənistanda cinsi azlıqların hüquqları dövlət qanunlarıyla guya məhdudlaşdırılmır. Lakin feodal təfəkkürlü cəmiyyətimizin sizə münasibəti göz qabağındadır. Sadəcə seçimlərinə görə qınaq obyektinə çevrilən, bəzi hallardaysa fiziki və mənəvi alçaldılmalara məruz qalan geylər cəmiyyətdən təcrid olunmuş halda yaşamağa məhkumdurlar. Yenə də Ermənistan unudur ki, cinsi azlıqlara tanınan istənilən hüquq, avtomatik olaraq cinsi çoxluqların daha azad yaşamasına gətirib çıxaracaq. Heç kim istisna edə bilməz ki, daim cəmiyyətin qınağına tuş gələn bu insanlar sabahkı gün cavab zərbəsi kimi hansısa xoşagəlməz addım atmayacaqlar.
     Artuş oturduğu yerdə quruyub qalmışdı. Ayaqlarının keyləşdiyini hiss etdi. Ağzını açıb, ağır-ağır nəfəs alırdı. Mesrop, onun heyrətdən mühakimə qabiliyyətini itirdiyini görüb gülümsündü.
     -Nədi, gözləmirdin? Elə bilirdin keşiş mütləq homofob olmalıdır?
     -!?
     - Səni başa düşürəm. Bilirsənmi oğlum, ümumi quruluşa, dəyərlərə və bunları ifadəetmə üsullarına malik olan, cəmiyyətin ümumi mədəniyyət sərhədləri çərçivəsində yaşayan istənilən sosial qrup gec-tez öz subkulturunu formalaşdıracaq. Axır əvvəl, homoseksualları müdafiə edəcək sosial və qanunverici dəstək olmadığı üçün siz öz müdafiə sistemlərinizi yaradacaqsınız. Sizi inkar etməklə Ermənistan cəmiyyəti sizi yox edə bilməz. Düzdür təsadüfi homoseksual əlaqə ilə «həyat tərzi» şəklini almış və şüurlu olaraq qəbul edilmiş homoseksuallıq arasında böyük fərq var. Sən də belə başa düşdüm ki, ikinci kateqoriyaya aidsən.
     -Bəli - Artuş udqunaraq dedi.
     –Azərbaycanlı sevgilinlə harda tanış olmusan?
     - Mən bakılıyam. Orada doğulmuşam. Orta məktəbdə bir oxumuşuq. Bir neçə ay əvvəl isə Tiflisdə bir daha görüşdük.
     Mesrop alnını ovuşdurub bir müddət divardakı ikonaya baxdı.
     -Mən sizi necə də başa düşürəm oğlum...
     -Nə mənada?
     -Hər mənada - Mesrop qəfil dönüb Artuşa baxdı. - Məni düz başa düş - səni kilsəmiz yox, mən başa düşürəm. Mənim sadə həyat prinsipim var - mühakimə etmə ki, mühakimə olunmayasan! Cəmiyyətin böyük hissəsi "İncil"dəki bu hökmü unudaraq, başqalarını ittiham etmək hüququnda olduğuna yaman əmindir. Tədqiqatlar geteroseksual kişilərin daha çox fiziki zorlama və seksual cinayət törətdiklərini sübuta yetirir. Amma yenə də homoseksuallar təhlükəli hesab olunurlar. Mən bu ikili standartı anlaya bilmirəm.
     Mesrop susdu. Alnı tərləyən Artuşun saçlarına, burnuna, yanaqlarına diqqətlə baxdı.
     –Bəs onunla bir də nə vaxt görüşəcəksən?
     -Zaurla?
     -Adı Zaurdur?
     -Bəli.
     –Növbəti dəfə nə vaxt görüşəcəksən onunla?
     - Əslində o, bu yaxınlarda Ermənistana da gəlmişdi. Sülhməramlı fəaliyyətlə məşğuldur. Burada görüşə bilmədik, çünki cangüdənləri yanından ayrılmırdılar. Onlar bizim tək qalmağımıza imkan verməyəcəkdilər.
     - Ona görə də görüşə bilmədiniz. Başa düşürəm... Onu çox sevirsən?
     -Çox, çox... - Artuş köks ötürdü. - Biz hətta... evliyik.
     Mesropun üzündə bayaqdan bəri dolaşan etinasız təbəssüm, dodaqlarının qırağında donub qaldı.
     -Bunu necə etdiniz?
     -Gürcüstanda, bir Hollandalı keşiş nikahımızı qıydı.
     Mesrop başını yellədi.
     -İndi başa düşdüm... Nə deyə bilərəm?.. Tanrı sizi xoşbəxt eləsin. Bizim kilsəmizdə belə bir nikahın qıyılması mümkün deyil. Hətta məndən bunu istəsəydin də sənə kömək edə bilməzdim. Amma bilmək olmaz. Bəlkə də edərdim... Ən azı Ermənistanda tarixə düşərdim.
     Artuş dodaqlarını büzüb Mesropa qulaq asırdı. Bu kilsədə belə bir xeyirxah adama rast gələcəyini təsəvvür belə etməzdi. Bu bir möcüzə idi. Eçmiədzində, Qriqoryan məzhəbinə mənsub olasan, amma homofob olmayasan.
     -Bakıdan münaqişə başlayan kimi qaçmısınız?
     -Xeyr, bir az gec. 1990-cı ilin əvvəlində.
     -Bakını yenə görmək istərdinmi?
     Artuş canlandı. Nə üçünsə Poxludərə düşdü yadına.
     -Əlbəttə. Amma bu mümkün deyil. Ermənilər üçün ora qapılar bağlıdı.
     Mesrop fikrə getdi. Arada-bir Artuşla göz-gözə gəlir, sonra dərhal gözlərini qaçırdaraq nə barədəsə hərarətlə fikirləşir, qərar verməkdə çətinlik çəkirdi. Keçirdiyi tərəddüdlər Artuşa da təsir etdiyindən, gənc hövsələsini itirməyə başladığını hiss etdi. Yamanca siqaret çəkmək istəyirdi, amma nəfəsliyi belə olmayan dam-dar otaqda, özü də kilsədə bunu etməyin mümkün olmadığını düşündü, ona görə də bu barədə keşişə heç müraciət də etmədi. Sonda Mesrop yorğun və mülayim nəzərlərini Artuşa çevirib onun daxilinə nüfuz etmək istərcəsinə gəncin gözlərinə baxdı.
     -Sənə kömək də edə bilərəm oğlum.
     -Nə barədə?
     -Bakıya getməkdə. İstəməzdin?
     Artuşun hövsələsizliyi bir anda həyəcan və çaşqınlıqla əvəz olundu.
     -Axı bu necə mümkün ola bilər?
     -Sentyabrın axırı Bakıda güləş növləri üzrə dünya çempionatı keçiriləcək. Xəbərin var?
     -Bəli, bu barədə nəsə eşitmişdim.
     - Ermənistan da bu çempionatda təmsil olunacaq. Mən bilən nümayəndə heyətinə hələlik 30 nəfər daxildir. Amma bu siyahıya bir-iki nəfəri də əlavə etmək olar.
     Artuş bu bir-iki nəfərdən birinin özü olması təklifi ilə qarşı-qarşıya olduğunu anlamışdı. Yenə də Mesropun dəqiq olaraq nə demək istədiyini başa düşə bilmirdi.
     –Mənim güləş çempionatında nə işim ola bilər axı? Bu siyahıya məni nə üçün salmalıdırlar?
     -Sən jurnalist deyilsən?
     –Elədir.
     -Onda nə problem var? Səni jurnalist qismində Bakıya göndərə bilərik.
     -Bunu necə edəcəksiniz?
     - Güləşçilərdən biri, 96 kilo çəkisində yarışan Arman Geqamyan mənim qardaşım oğludur. Məşqçi ilə də yaxın dostluğum var. Səni bu siyahıya saldıra biləcəyimə inanıram.
     Artuş bir yerə baxdı, bir ikonaya, bir Mesropun üzünə.
     -Bunu nə üçün edirsiniz?
     -Sənə kömək etmək üçün. Daha ciddi səbəb ola bilərmi?
     - Bilmirəm nə deyim... Belə bir xeyirxahlığa layiq olmaq üçün... mən nə etmişəm görəsən? - Artuş Mesropun gözlərinə dik baxdı. - Ya da nə etməliyəm?

***


     Xeyr, ondan nəsə etmək tələb olunmurdu. “İki sevən ürəyi qovuşdurmağın özü böyük savabdır” deyən Mesrop, Artuşa “ürəyini buz kimi saxlamağı” məsləhət görmüş, Tanrının köməyi ilə hər şeyin yaxşı olacağını vəd etmişdi.
     Həqiqətən də, səhərisi özü Artuşa zəng vuraraq qardaşı oğlu, güləşçi Arman Geqamyanın məşqçisi Levon-Melik Şaxnazaryanla görüşdüyünü, ondan cavan bir jurnalistin Bakıya gedəcək olan KİV nümayəndələrinin siyahısına salınması məsələsində köməklik göstərməsini xahiş etdiyini xəbər verdi. Artuşun sevincinin həddi-hüdudu yox idi.
     -Sizə necə təşəkkür edəcəyimi bilmirəm müqəddəs ata...
     -Təşəkkürə lüzum yoxdu. Levon da bu işdə bir çətinliyin olmadığını dedi mənə. Yaxşı ki, tez tərpənmişik. Çünki siyahı Bakıya göndərilsəydi, ondan sonra ora kimisə əlavə etmək mümkün olmayacaqdı. Amma sən də ehtiyatlı ol. Mən bilən Bakıda sizə istədiyiniz hər adamla rahat görüşüb danışmaq imkanı verilməyəcək. Zaur da, sən də bunu nəzərə almalısınız.
     -Mütləq nəzərə alaram müqəddəs ata. Onsuzda onunla görüşməyə o qədər də böyük ümidim yoxdu. Əsas odur ki, Bakını görəcəyəm, onun havasını tənəffüs edəcəyəm.
     -Elə demə. Tanrının izni ilə görüşə də bilərsiniz. Hə, yadımdan çıxmamış Armanın nömrəsini də yaz, onunla zəngləş. Sənin nömrəni də Levona vermişəm. Bu gün, sabah səni Olimpiya Komitəsi və Güləş Federasiyasına çağırıb görüşəcəklər.

***


     Mesropun qardaşı oğlu, güləşçi Arman Geqoryanla Artuş şəhərin mərkəzində, Abovyan küçəsində yerləşən Smak kafesində görüşməyi qərarlaşdırdılar. İri stəkanda portağal şirəsini böyük iştahla udumlayan orta boylu, bazburtlu, qulaqları sınıq Arman, Artuşu başdan ayağa süzüb ona “əmimi hardan tanıyırsan”, “nə üçün Bakıya getmək istəyirsən”, “indiyə qədər idmandan yazmısanmı” kimi, ürəksıxıcı suallar verməyə başladı. Artuş onun bütün suallarına təmkinlə cavab verir, güləşçini şübhələndirməmək üçün maksimum səy göstərirdi:
     -Qəzetimiz Eçmiədzin barədə bir dəfə geniş reportaj hazırlamışdı. O münasibətlə əminlə tanış olmuşduq...
     -Mən Bakıda doğulmuşam, ona görə də bu şəhəri görməyi çox istəyirəm...
     –Xeyr idman barədə yazmamışam, indi də idman haqda yazmağa getmirəm. Bakı haqqında təəssüratlarımı qələmə almağı planlaşdırıram...
     Artuşun əminliklə verdiyi cavablara diqqətlə qulaq asan Arman, gözlənilmədən içki içməyi təklif etdi.
     -Pivə pis getməz indi. Necə bilirsən?
     -Olsun... mən də içərdim.
     Nahar vaxtı ağzına qədər müştərilərlə dolu olan Smak, saat üçdən sonra xeyli boşaldı. Hərəsi dörd bokal Yerebuni pivəsi içəndən sonra kafedən çıxıb bir az şəhərdə gəzişdilər. Arman Moskva konoteatrının yanındakı DVD mağazasından Almadovarın “Pis tərbiyə” filmini aldı.
     -Çoxdandı bu filmə baxmaq istəyirəm.
     Artuş gülümsəyib dedi:
     -Mən baxmışam. Əla filmdi.
     Yerevan səması qara buludlara təslim olmuşdu. Yağış şəhərin üstünə boşalmaq üçün səbrsizlənirdi. Arman gözlərini göy üzündən ayırmadan:
     -Mən Banqladeşdə qalıram. Bizə gedək? - soruşdu.
     Artuş çiyinlərini çəkdi:
     -Mənim üçün fərqi yoxdur. İstəyirsən gedək... Tək qalırsan?
     Arman dodaqlarının ucunda incə təbəssüm, Artuşu süzdü.
     –Bəli, tək qalıram. - Bir az da fikirləşib əlavə etdi, - Bizi heç kim narahat etməyəcək.
     Hələ kafedə, ilk dəfə üz-üzə gələndə, ağızlarını açmamış, kəlmə kəsməmiş bir-birlərinin gözlərindən ürəklərini oxumuşdular. Banqladeşdə, Armanın beşmərtəbəli binada yerləşən iki otaqlı mənzilində yaşanan sevişmə olduqca mexaniki, hətta şərti oldu - heç bir hissdən, emosiyadan, xüsusən də sevgidən əlbəttə ki, söhbət gedə bilməzdi.
     Örtüyü əzilmiş çarpayıdan qan-tər içində qalxan Artuş ağır addımlarla vanna otağına yeridi. Yuyunub geri qayıdanda Arman hələ də ereksiya vəziyyətində olan alətini oynadır, boş gözlərlə tavana baxırdı. Onun əzələli, dümdüz qarnı çəhrayı rəng almışdı. Pəncərənin qabağına keçən Artuş siqaret yandırmaq istəyəndə, o, mızıldayaraq:
     -Xahiş edirəm otaqda çəkmə - dedi. Balkona çıx.
     Artuş sifətini turşutdu:
     -Siz idmançılar çox darıxdırıcı adamlarsınız.
     Şalvarını və maykasını əyninə keçirib balkona çıxdı. Banqladeş boz rəngli dumana qərq olmuşdu. Dolan buludlar boşalmaqda çətinlik çəkdiyindən əsəbi və gərgin görünürdülər.
     Zauru düşündü. Zərrə qədər vicdan əzabı çəkmirdi, çünki ona xəyanət etdiyinə inanmırdı. O, sadəcə çoxdandır təmin olunmayan fiziki tələbatını ödəmişdi. Ola bilsin Zaur da məcburiyyət qarşısında qalıb, vaxtaşırı kiminləsə görüşürdü. Bu ehtimal Artuşu qısqandırmırdı.
     Armanla elə görüşdükləri kimi də ayrıldılar. Bu idmançının yeganə üstün cəhəti qarşısındakı adamı sözsüz başa düşməsi idi. Artuş onu qucaqlayaraq yanağından öpdü:
     -Hər şey üçün çox sağ ol.
     -Biz bir daha görüşə biləcəyik?
     –İnanmıram - Artuş tərəddüdlə dedi. - Bəlkə də görüşdük... amma sevişmək... çətin.
     –Başa düşürəm. Daimi görüşdüyün adam var?
     -Yox - bu cavabı dərhal, fikirləşmədən vermişdi.
     Arman başını yellədi:
     -Səninlə eyni əziyyəti çəkirik. Talelərimiz necə də oxşardır... Ən maraqlısı odur ki, güləşçi dostlarımın yarısından çoxu mavidir, amma heç birimiz ürəklərimizi bir-birimizə açmağa cəsarət etmirik. Elə güləş döşəkcəsində bir-birimizi əlləməklə və duş qəbul edərkən acgözlüklə bir-birimizə baxmaqla kifayətlənirik.
     Artuş ürəkdən gülüb Armanın saçlarını tumarladı:
     - Yox, mən bu qədər də əzab çəkmirəm. Sizin işiniz lap çətindir. Mənim hər gün kişilərlə əl və göz təmasım olsa, sonra da heç nə eləyə bilməsəm ürəyim partlayar.
     Evə çatanda saat gecə birə işləyirdi. İnternetə qoşulub MSN-də Zauru taparaq, onunla video bağlantı qurdu. Mərmər kimi soyuq, etinasız sifəti ilə Artuşa quruca salam verən Zaur onun Bakıya gəlmək barədə xəbərini və keşiş Mesrop əhvalatını dinləyəndə də üzündəki ifadə dəyişmədi. Yerevandan qayıdandan sonra dəfələrlə video çatda yazışsalar da, Artuş onun nə qədər soyuduğunu aydın hiss edir, hər dəfə Yerevanda olanlara görə üz istəyir, Zaur isə “olan oldu, bitən bitdi” deyərək mövzunu dəyişdirirdi. İndi də xəbəri alanda “lap yaxşı”, “olsun” kimi qısa cavablar verməklə kifayətlənmişdi.
     -Səni başa düşürəm Zaur. Hələ də inciksən məndən...
     -Gəl bu söhbəti açmayaq.
     -Bakıda başına gələnlər məni dərindən sarsıdıb... Özümü günahkar hiss edirəm.
     -Sənin heç bir günahın yoxdur, boş-boş danışma. Yerevana getməyimə görə cavab verməli idim. Verdim də.
     -Amma indi də məni Bakıya səfər gözləyir və bu səfərdə məni nələrin gözlədiyini bilmirəm. Ola bilsin səninlə heç görüşə bilməyəcəyik, buna imkan olmayacaq.
     -Hər şey ola bilər. Bir də gördün görüşə bildik.
     -Səncə ermənilərə qarşı nəsə bir təxribat hazırlana bilər?
     Zaur qabağındakı boşqabdan balaca san almanı götürüb dişlədi.
     -İnanmıram. Çünki bu beynəlxalq çempionatdır və hökumət bütün təhlükəsizlik tədbirlərini görüb. Düzdür, Bakıda mübahisələr də gedir. Zarafat deyil - münaqişədən sonra ilk dəfə bu boyda heyətlə ermənilər Bakıya gəlir. Onların başından bir tük əksik olsa, buna görə FILA və beynəlxalq qurumlar Azərbaycana sanksiya tətbiq edilə bilərlər.
     -Deməli bizi səhərdən axşama qədər qoruyacaqlar?
     - Aeroportdan mehmanxanayadək polis, əsgər düzüləcək yol boyu. Dünən xəbərlərdə baxdım.
     Artuş acı-acı gülümsədi.
     -Bu halda, hansı idmandan, idman bayramından danışmaq olar?
     -Mən hələ Ermənistanın bayrağının qaldırılıb, himninin səsləndirilməsi ehtimalını demirəm. Sizinkilərədən qalib gələn olsa, məhz bu baş verəcək. Bu da Azərbaycan üçün rüsvayçılıq deməkdi. Özü də bütün idmançılarınız gərgin şəraitdə güləşəcəklər. Əgər buna güləş demək olarsa...
     -Bu gün onlardan biri ilə tanış oldum. Adı Arman Geqorkyandır. Mesropun qardaşı oğlu.
     -Nə deyir? Hazırdı Bakıya gəlməyə?
     - Bu barədə bir söz demədi. Amma əminəm ki, həyəcanlıdır - Artuş dedi və gözlərini monitordan ayırıb kameraya baxdı. Bununla, o, Zaura düz gözlərinin içinə baxmaq imkanı yaradırdı.
     -Səni nə qədər sevdiyimi bilirsən?
     -Bundan şübhəm yoxdu... Sadəcə olaraq yorulmuşam. Biz çıxıb getməliydik guya. Tiflisdə planlar qurmuşduq. Xaricə gedəcəkdik. Ən azı Tiflisdə qalacaqdıq. Bəs nə oldu? Niyə alınmadı?
     Artuş gözlərini aşağı saldı, sürüşən qulaqlığını düzəltdi.
     -Günah məndədi, bilirəm. Valideynlərimə bunu başa salmaq üçün...
     Zaur onun sözünü kəsdi:
     -Aydındı. Başqaları üçün yaşamağa davam edirik.
     -Başqaları dediyin mənim ailəmdir. Məni də başa düşməlisən.
     -Mən səni çox gözəl başa düşürəm. Amma səndən də həmin şeyi tələb edirəm. Səni illər sonra tapdım Artuş və indi görürəm ki, gün keçdikcə bir-birimizdən yenə də ümidsizcə uzaqlaşırıq. Mən Yerevanda səni görə bilmədim, bəlkə Bakıda da görüşə bilməyəcəyik. Sənin orada, mənimsə burada qalmaqda davam etməyimiz ağılsızlıqdı. Bu şəhərlər qovuşduran yox, ayırandır. Bu şəhərlər xoşbəxtlik yox, faciə gətirir. Bu şəhərlərdə sevgi yaşana bilməz, bu məfhuma onlarda yer yoxdu. Yenə də bizi bu şəhərlərdə saxlayan qüvvənin nə olduğunu inan ki, bilmirəm. Valideynlər, vətən, torpaq kimi bəhanələrlə özümüzü aldatmayaq. Buyur, gəl gör Bakını. Gəl və əziz xatirənin öldürücülüyünə şahid ol.

3


     Sentyabrın 11-i Ermənistan Olimpiya Komitəsinin sədri Qaqik Tsarukyan Bakıya gedəcək olan güləşçi və jurnalistlərlə yanaşı, bir sıra ictimai xadimləri də komitənin konfrans salonunda toplayaraq, çıxış etdi:
     -Son 20 ildə bizim heç bir idmançımızın ayağı Bakıya dəyməyib. Güləşçilər Azərbaycan torpağına ayaq basacaq olan birinci idmançılarımızdır. Hamınız çalışmalısınız ki, orada bizim bayrağımız ucalsın, himnimiz səslənsin. Bu elə belə turnir deyil! Olimpiya oyunlarına dəvətnaməni orada qazanacaqsınız. Ciddi döyüş gedəcək. Bütün dünya erməniləri güləşçilərimizin mübarizəsinə tamaşa edəcək. Hər bir idmançı başa düşməlidir ki, döşəkdə, o, öz irqinin, xalqının qeyrətini, namusunu qoruyur. Ona görə də iki qat əzmlə, son nəfəsinizə qədər mübarizə aparmalısınız. Azərbaycan torpağında erməni güləşçinin məğlub olmasını istəməzdim, amma əgər bu baş verərsə, kişi kimi uduzmaq, şərəflə mübarizə aparmaq lazımdır. Hamınıza uğurlar arzulayıram və ümid edirəm siz qayıdanda, biz sizi elliklə hava limanında qarşılayıb, bayram edəcəyik.
     Daha sonra kürsüyə çıxan heyət başçısı Razmik Stepanyan Bakıya gedənlər barədə qısa məlumat verdi. Məlum oldu ki, 31 nəfərdən ibarət olan heyətin tərkibində 15 güləşçi var və onlar Tiflisdən Bakıya uçacaqlar. Birinci güləşənlər yunan-roma güləşçiləri olacaq. Razmik Stepanyan da Qagik kimi vətənpərvər notlara köklənmişdi. O, arxayın səslə Bakıda qalib gələcəklərini, Azərbaycan dövlətinin isə erməni heyətinin təhlükəsizliyinə zəmanət verdiyini qeyd etdi.
     -Hər şey yaxşı olacaq əzizlərim! Tanrı bizimlədir.
     Razmik alqış sədaları altında kürsüdən enib yerinə keçəndə, “Aykakan Jamanak” qəzetinin baş redaktoru əli ilə Artuşun çiyninə toxundu. 50 yaşında, həyat eşqi ilə dolu, özündən razı və canavar kimi cəld Solomon Ter-Avanesyan, hələ də Komitənin “Aykakan Jamanak” qəzetindən nə üçün məhz Artuşu seçdiyini anlaya bilmirdi.
     -Gözün aydın, axır ki, öz doğma şəhərini uzun illər sonra bir daha görəcəksən.
     Artuş həvəssiz çönüb Solomona baxdı.
     -Çox sağ olun.
     -Amma maraqlıdı, qəzetin idman icmalçıları qala-qala, nə üçün səni seçiblər?
     -Bunu onlardan soruşmaq lazımdı. Yəqin reportajlanmı oxuyub bəyəniblər və istəyirlər ki, öz üslubumda Bakı qeydlərimi yazım.

***


     Tiflisdən havalanan təyyarə Bakının Heydər Əliyev havalimanında enəndə hava artıq qurğuşun rəngə boyanmışdı. Xəfif gilavar əsirdi.
     31 nəfəri mehmanxanaya aparmaq üçün Olimpiya Komitəsinin göndərdiyi qara şüşəli, Mercedes avtobusunu 12 polis motosikleti və 7 avtomobil müşayiət edəcəkdi. Hind filmlərindəki mənfi personajlara oxşayan bığlı, qarınlı məmur üzündə istehzalı gülüşlə ermənilərin pasportlarını toplayıb getdi. İki MTN əməkdaşı onları çıxışa dəvət etdilər. Küçəyə çıxdıqlarında Artuş burnuna vuran mazut və Bakı bağlarının qoxusundan huşunu itirəcəyini sandı, özünü güclə ayaqda saxladı. Siqaret yandırdı. Ətrafdakı bütün azərbaycanlıların - polis, sərhədçi, gömrük əməkdaşı və mülki geyimli adamların - ermənilərə maraqla baxması, onun canını sıxsa da, indi o doğma şəhərinin sehrinə qapılmışdı.
     Arman Geqamyan arxadan ona yaxınlaşıb pıçıldadı:
     - Fikir ver, necə baxırlar. Elə bil şəhərə sirk gəlib.
     Artuş tüstünü burnundan buraxa-buraxa:
     -Elə sirk kimi bir şeydi də.
     Arman güldü və əli ilə Artuşun çiyninə yüngülcə vurub dostlarının yanına getdi.
     Ermənilər, avtobusu mühasirəyə almış polislərin arasından keçib yerlərinə oturandan sonra, gözlərini pəncərələrə dikdilər. Hələlik bir az aralıdakı avtoparkda sıra ilə düzülmüş yüzlərlə maşından və təlaşla ora-bura qaçan polislərdən başqa heç nə görmək olmurdu. On dəqiqə sonra mülki geyimli iki nəfər əllərində pasportlarla avtobusa daxil oldular. Mənfi personaj gözə dəymirdi. Mülkilərdən biri pasportları heyət başçısı Razmik Stepanyana verdi və səlis rus dilində dedi:
     - Zəhmət olmasa bunları sahiblərinə paylayın. Hələlik isə hamıdan mənə diqqətlə qulaq asmağı xahiş edirəm. Sir deyil ki, sizin də, bizim də əsəblərimiz gərgindir. Həyəcan son həddədir. Münaqişədən sonra iki xalqın nümayəndələri ilk dəfə belə iri miqyaslı bir tədbirdə görüşür. Azərbaycan hökuməti bir problem yaşanmaması üçün bütün lazımi tədbirləri görüb.
     İndi sizi otelə aparırlar. Dəniz sahilində yerləşən otel, Crescent Beach adlanır. Hər gün avtobus sizi oradan götürüb idman kompleksinə gətirəcək. Bütün ehtiyaclarınız qarşılanacaq. Vaxtı vaxtında yeməklə təmin olunacaqsınız. Əlavə bir ehtiyacınız olsa sizi müşaiyət edən MTN əməkdaşlarına müraciət edə bilərsiniz. Öz başına harasa getmək, dükandan nəsə almaq, MTN əməkdaşlarından başqa kiminləsə kontakt qurmaq qəti qadağandır. Hamılıqla çalışaq ki, bu şəhərdən öz ölkənizə sağ-salamat qayıdasınız.
     Ermənistanın Yunan-Roma güləşi yığmasında təmsil olunan Roman Amoyan, Xosrov Melikyan, Arman Adikyan, Arsen Culfalakyan, Denis Frolov, Arman Geqamyan, Yuri Patrikeyev; sərbəst güləşdə isə Vaqan Simonyan, Armen Karapetyan, Jirayr Ovannisyan, Ruslan Kokayev, Vadim Laliyev, Ednar Enokyan, Ruslan Basi- yev, məşqçilər Qrant Yenokyan, Levon Culfalakyan və mətbuat nümayəndələri dərin sükut içərisində, diqqətlə mülki geyimli adama qulaq asırdılar.
     Artuş profillərini görə bildiyi güləşçilərin üzlərinə bir-bir nəzər yetirərək, nə düşündüklərini, hansı hisslər keçirdiklərini təsəvvür etməyə çalışırdı. Onlar isə sanki nəfəs belə almadan, ağızlarını aralayıb mülki geyimlini dinləyirdilər. Artuşu bir anlıq gülmək tutdu, amma düz başa düşülməməkdən qorxub özünü saxladı. 96 kilo çəki- sində çıxış etməli olan amma Ermənistan Güləş Federasiyasının açıqlamasına görə çiynindən zədə aldığı üçün Bakıya gələ bilməyən Şamil Gitinovu yadına saldı. Artuş fikirləşdi ki, etnik tatar və müsəlman olan Şamil, yəqin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Erməni komandasının tərkibində Bakıya gəlməyib.
     Mülki geyimlilər avtobusdan düşmədilər. Onlar, qabaqdakı iki boş oturacaqda əyləşib, erməni heyəti ilə birgə otelin yolunu tutdular. Motosikletlərin və polis maşınlarının müşayiəti ilə hava limanından ayrılan avtobus mərkəzə doğur sürətlə götürüləndə, Bakını ilk dəfə görən güləşçilər, hətta Sovet dövründə bu şəhərə gəlmiş olan məşqçilər də gözlərini iri açıb yol boyu düzülmüş reklam lövhələrinə, prezidentin portretlərinə, şam ağaclarına, avtomobillə- rə, yanacaq doldurma məntəqələrinə tamaşa edirdilər. Gördükləri hər bir detal onlara maraqlı, fərqli, qeyri-adi görünürdü. Onlar düşmən dövlətin paytaxtında olmağın verdiyi həyəcanla, hər tərəfdə gedən tikinti işlərindən ötrü havaya qalxan toz buluduna da acgözlüklə baxırdılar. Mülki geyimli adam Əzizbəyov metrosunun yanında tikilən körpünü göstərərək ucadan dedi:
     -Şəhərimiz günü-gündən çiçəklənir, abadlaşır. İndi Bakıda çoxsayıda körpülər tikilir. Onların yarısı artıq hazırdır və şəhər sakinlərinin istifadəsinə verilmişdir. Şəhərdə gedən quruculuq işləri neftdən əldə olunan gəlirin nə qədər səmərəli istifadə olunduğundan xəbər verir. Biz başa düşürük ki, yol iqtisadi dirçəlişin əsas göstəricisidir.
     Avtobus Neftçilər prospektinə çatanda Artuşun ürəyi hoppanıb-düşməyə, dodaqları titrəməyə başladı. Boğazı qurumuş, gözləri yaşla dolmuşdu. Əllərini şüşəyə yapışdırıb gözlərini səkilərdə gəzişən adamlara, bahalı butiklərə, ən əsası isə Bulvara, illərdir görmədiyi Xəzər dənizinə tikmişdi. Dənizkənarı parkdakı yelləncəklərə azmı minmiş, burada valideynləri və sinif yoldaşları ilə azmı dondurma yemişdi? Zaurla məhəccərlərə söykənib azmı baxmışdı, diş- lərinin arasından azmı tüpürmüşdü dənizə. Nargin adasının və üfüqün onlara nə qədər uzaq olduğu barədə azmı mübahisə etmişdilər...
     Öz dövrünün, uşaqlıq illərinin Bakısı canlandı xəyalında. Artuşun Bakısı gündüzlər sahil boyunca, qədim və yeni küçələrində, prospektlərində insan axını kəsilməyən, gecələri nurlu, işıq dənizinə çevrilən şəhər kimi qalmışdı yadında. Elə bil o köhnə Bakı, işıqlı şəhər ulduzlu göy üzündən nur qayçısıyla kəsilmişdi. İndi o Bakıdan əsər qalmasa da, yenə də öz doğma şəhərində olmağın sevinci onu dilləndirdi - “Bakım mənim!” deyə pıçıldadı canından əziz şəhərinə həsrətlə tamaşa edərək. Bakının onun sevən ürəyinin saf nəğməsi olduğunu dərk etdi yenidən.
     Budur, Qız qalası göründü. Dis-diş qala divarları... Küçələri yüz yaşlı bir nənənin mehriban üzü tək qırış-qırış İçəri şəhər... Hər daşında, hər tinində, döngəsində tarixin acı və şirin xatirələri var. İçəri şəhərdə Zaur yaşayır. İçəri şəhərin küçələri ilə Zaur addımlayır.
     Avtobus Azneft meydanına çatıb Şıxov çimərliyi istiqamətində getməyə başlayanda, qeyri-ixtiyari olaraq yuxarı sağa, Baksovet metrosuna aparan yola baxdı. Artuşla tez-tez görüşüb uzun-uzadı söhbət elədikləri, bir- birlərinə ən məhrəm sirlərini açdıqları Qubernator bağının hündür, yaraşıqlı ağaclarını gördü.
     Nəfəsinin kəsildiyini, özünü ələ almasa hıçqıraraq ağlayacağını hiss elədi. Dişlərini sıxaraq, birtəhər sakitləşdi.
     Hava əməllicə qaralıb, yol kənarlarındakı fənərlər yananda, avtobus Bibiheybəti keçmişdi. Uzaqdan Şıxov çimərliyinin uzun zolağı göründü. Bu sahil də Artuş üçün işıqlı xatirələrdən biri idi. Bu sahil də iki sevən ürəyin çırpınışlarına dəfələrlə şahid olmuşdu.
     İndi isə, bu sahildə ucaldılan mehmanxana Artuşu bir neçə gün qonaq edərək, pəncərədən də olsa əziz dənizinə doya-doya tamaşa etməsinə fürsət yaradacaqdı.
     Avtobus otelin həyətinə daxil olanda, Artuş uzun illərdən bəri ilk dəfə Tanrıya təşəkkür elədi.

4


     Bakıda keçirilən çempionata 103 ölkənin 850-dən artıq idmançısı qatılsa da, gücləndirilmiş mühafizə tədbirlərinin yalnız erməni güləşçilərinin Bakıya gəlməsilə bağlı olduğunu hamı başa düşürdü. Çempionatın keçirildiyi Heydər Əliyev adına İdman-Konsert Kompleksini mühasirəyə almış Daxili Qoşun qüvvələri və gücləndirilmiş iş rejimində işləyən Bakı polisi əməkdaşlarının yarışları izləməyə gəlmiş vətəndaşlara aramsız basqısı idmansevərləri lap təbdən çıxarmışdı. Bilet alsalar da, zala keçə bilməyən azarkeşlərlə mühafizə xidməti əməkdaşları arasında baş verən toqquşmalar tatami üzərindəki yarışmaları az qala kölgədə qoymuşdu. Zaur, bəxti gətirənlər arasında idi - bir dəqiqəyə yaxın mühafizəçilərlə mübahisə edəndən sonra, axır ki, zala keçə bilmişdi.
     Ağzına qədər dolu olan sarayda oturduğu yerdən Artuşu görə bilmək, hətta ermənilər üçün ayrılan xüsusi lojanı müəyyən etmək mümkün görünmürdü. Zaur yanında oturanlara nəzər yetirdi. Görəsən Ermənilərin zalın hansı hissəsində olduqlarını onlardan soruşmağa dəyərdimi? Zaur qısa tərəddüddən sonra heç kimdən, heç nə soruşmamağa qərar verdi və gözlərini aşağıdakı güləş döşəkcələrinə çevirdi. Əgər Artuşla görüşmək, göz-gözə gəlmək qismətdə varsa, onsuz da görüşəcəkdilər. Daha artıq suallar verib, ətrafdakıları şübhələndirmək lazım deyildi.
     Güləşə heç vaxt heyran olmamış, bu oyuna maraq duymamışdı. Düzdür, onun fikrincə güləş xeyli homoerotik idman növlərindən idi. Zaur bu idman növünü varlıqdakı əyri strukturlu əlaqələr üçün bir model hesab edirdi. Tərəflərin gücü nə qədər bərabər olsa da, rəqibdə zəif nöqtələri axtarıb tapmadan, rəqibi dolaşdırmadan qalib gəlmək mümkün deyildi. Əllər, ayaqlar, gövdə əyilib-qıvrılıb-burulub nəyinsə arasından, nəyinsə qırağından ya tutmaq üçün, ya çıxmaq üçün, ya da itələmək üçün yollar axtarır. Özü də güləşdə güclü olan idmançının, bu cür əyriliklərə ehtiyacı bir o qədər də az olur. Əgər düz cizgili bir itələyişlə rəqibi yerə sərmək mümkündüsə, əyri- liklərə nə gərək var? Ancaq digər tərəfdən, güləşənlərin biri daha güclü olar və əyri strukturların sayı minimuma enərsə, güləş də öz dramatikliyini, baxınaqlığını itirə bilər.
     Zaur belə dolaşıq, fəlsəfi fikirlərə daldığı sırada ermənilərdən biri, Roman Amoyan Azərbaycan güləşçisi Rövşən Bayramova məğlub oldu.
     Azərbaycanlı güləşçinin və zaldakı azərbaycanlıların qələbə sevincinə tamaşa edən Zaur, nəsnələr dünyasında da vəziyyətin oxşar olduğunu düşündü. Nəsnələr də çox vaxt gücləri bir-birilərinə yaxın olduğu üçün “güləşməyə” məcbur qalırlar. Bir nəsnə başqa bir nəsnəyə yol tapmaq, ilişmək üçün dolayı yollar axtarmalı olur, “qol atır”, “qol burur”. Güləşin qanunauyğunluğu burada da özünü göstərir: güclü olan, dolayı cizgilərdə, əyri strukturlarda təsir etməyə az ehtiyac duyur, düz cizgi prinsipində öz işini görür. Döşəkcələrdə qıvrılan güləşçilərə gözlərini zilləyib baxan, lakin öz aləmində olan Zaur, bioloji orqanizmlərin çoxunun sümük, oynaq, əzələ strukturları məkan, əlaqə əyriliklərinə yumşaq uyuşmaq üçün formalaşdığını fikirləşirdi. Bioloji orqanizmin dünya qarşısında zəifliyi əyrilik- lərə yatımlı olan yumşaq maddəni, çevik quruluşu törətdiyi ona get-gedə aydın olurdu.
     Freud orqanizmə həzz prinsipi güc gələndə ortaya çoxlu əngəllərin çıxdığını, orqanizmin isə gerçəklik prinsipi xətrinə həzz prinsipindən tez-tez vaz keçdiyini yazırdı. Freud-a görə gözəlliyə vurğunluğun, canatımının kökündə tormozlanmış seksual istəklər durur. Güləş də bir idman növü olduğu qədər, eşqin də metaforası, ən latent ifadəsidir.
     Əvvəl güləşçilər bir-birlərinə yumşaqca toxunurlar, bir-birlərini yoxlayırlar, başa düşməyə, kəşf etməyə çalışırlar. Sonra boyunlarından, əllərindən tuturlar, kəllə-kəlləyə gəlirlər, bir-birlərinin isti nəfəslərini tənəffüs edirlər. Ən müxtəlif pozalarda dayanan güləşçilər, dünyanın ən möhtəşəm kompozisiyasını yaradırlar. Ruhla bədə- ninin sərhəd cizgilərinin bir-birinə qarışdığı, qeyri müəyyənləşdiyi andır o, an. Qədim Yunan filosoflarının öz gənc tələbələri ilə oynadıqları oyunlar qədər zərif və gözəldir güləş.
     Yeri gəlmişkən, Yunan və Roma - homoseksuallığı kultivasiya edən iki möhtəşəm, nəhəng mədəniyyətlər olublar. Yunan və Roma güləşi isə, sağlamlıqla həzzin vəhdətini yaradan yeganə idman növüdür. Bu idman növü və eşq - əkiz qardaşlardır. Güləşdə də, eşqdə də zorakılıq və mülayimlik var. Həm güləşçilər, həm də sevgililər bir- birlərinə rəqib olduqları halda, həm də möhtacdırlar.
     Latent homoseksuallığın qibləsi olan Cənubi və Şimali Qafqazda güləşin bu qədər rəğbət görməsi, populyar olması təsadüfi deyil. Hətta Şimali Qafqazda, Dağıstanda bütün gənc oğlanlar xüsusi bu işlə məşğul olan həkimlərə üz tutub anesteziya altında qulaqlarını sındırır, “sınıq qulaqlılar” ordusunun igid, mərd əsgərlərinə çevrilirlər.
     Erməni əsilli Ukrayna güləşçisi Suren Gevorkyan, Ermənistanlı güləşçi Xosrov Məlikyanı dombaldanda, Zaur dodaqlarını büzdü və şahlanan şeyi görünməsin deyə dizlərinə qoyduğu gödəkcəsini yuxarı çəkib qasığının üstünü örtdü.
     Ermənistanlı Xosrov isə, Ukraynanı təmsil edən Surenə biabırcasına məğlub oldu. Təəssüf ki, tamaşaçılar Xosrovu döşəyə sərən Sureni alqışlaya bilmədilər.
     Çünki, o da bir erməni idi.
     Oscar Wilde ona hücum edənlərdən özünü müdafiə edərkən belə demişdi: “Təəssüf ki, mavi sevgi, özünü elan və ifadə edə bilməyən sevgidir”.
     Əslində bu gün mavilər elə Əflatunun fəlsəfəsinin təməlində yatan məhəbbəti yaşayır və yaşadırlar. Maviliyi Mikelandjelonun əsərlərində, Şekspirin sonetalarında da tapmaq olar. Bu bağlılıq da digər sevgi növləri qədər təmiz, pak və ülvidir. Mavilik zadəgan məhəbbətidir, sevgilərin ən zərifi, ən nazəninidir.
     Qoca Qafqazda özlərini ifadə edə bilməyən yüz minlərlə insandan sadəcə ikisi idi Artuş və Zaur. Əsarətdə, qapalı məkanda yaşamağa, iztirablar içində qovurulmağa, şüursuzluğu, simasızlığı və heysiyyətsizliyi həyat düsturu seçənlərin cəmiyyətində vurnuxmağa məcbur olan gənclərin, lal müşahidə ilə ideallarının günü-gündən yıxıldığına tamaşa etməkdən başqa əllərindən nə gəlirdi? Onlar olmaları lazım olan yerdə olmamaqları ilə, bu məşum ədalətsizliklə, bir sözlə uğursuz alın yazıları ilə barışmışdılar.
     Onların yeganə “qəbahəti” zərif lakin zəif, güclü fəqət kobud arasında seçim etmiş olmaları idi. İlk günlərdə özləri də nə baş verdiyini anlamamışdılar. Hadisələr elə sürətlə cərəyan etmişdi ki, bir də bir-birlərinin qoynunda olduqlarını fərq etmişdilər. Realist olub, mümkünsüzü istəmiş və buna nail olmuşdular. Cəmiyyətlərinin onların çiyinlərinə yüklədiyi məsuliyyəti çiyinlərindən atmaq yoluna girən gənclərin zəmanəninmi, təbiətinmi qurbanı olduğunu biz deyə bilmərik. Bircə onu bilirik ki, qəlbləri sevgi və sədaqətlə doluydu. Belə doğulub, belə yaşamışdılar. Fərqliydilər və bu “fərq” onlara xəbər vermədən, icazə almadan həyatlarına daxil olmuşdu. Belə isə kimin onları mühakimə etməyə haqqı çatır görəsən?
     Amma hərdən onları başa düşən, kömək əlini uzadan vicdanlı adamlara da rast gəlirdilər. Məsələn götürək elə Keşiş Mesropu. Kitab qələmə alınarkən Ermənistandakı həmkarlarım vasitəsilə onunla əlaqə qurub Artuş və Zaurun hekayətini yazdığımı xəbər vermiş, adının bu əsərdə keçməsinə necə baxdığını soruşmuşdum. Əslində buna icazə verəcəyinə dair zərrə qədər ümidim yox idi. Amma bu geniş qəlbli adam, əsl din xadiminə yaraşan hərəkət etmiş və Tanrıdan başqa heç kəsdən qorxmadığını, çəkinmədiyini deyərək, öz adını romanda görməkdən ancaq şad olacağını qətiyyətlə bildirmişdi. “Mən sadəcə olaraq iki sevən gəncə kömək eləmişəm. Əgər bu cinayətdirsə, bu cinayətlərdən gündə əllisini törətməyə hazıram”. Bu keşiş Mesropun mənə dediyi son sözlər olmuşdu.
     Müsəlman aləmində Mesrop və Klaas kimi ruhanilərə rast gəlmək mümkün olmasa da, Bakıda da Zaura kömək edən, onun Artuşla qovuşması üçün şərait yaradan şəxs və ya şəxslərin tapıldığını etiraf etməliyəm. Heç kəsin həyatını təhlükəyə atmağa haqqım olmadığı üçün, təəssüf ki, mən bu adam ya da adamların adlarını açıqlaya bilmirəm.
     Çempionatın üçüncü günü Zaur kompleksin sağ tərəfində yerləşən inzibati bölməyə daxil olaraq dar dəhlizdən keçdi, pilləkənlərdən aşağı düşüb sağa buruldu. Bura soyunma və duş otaqlarının yerləşdiyi dəhliz idi. Danışığa görə, əgər kimsə onu görsə vəziyyətdən özü çıxacaq, ona kömək edən, yol göstərən və Artuşu təlimatlandıran şəxsin adını çəkməyəcəkdi. Artuş dəhlizin sonunda, əlində balaca ryukzakla görünəndə, Zaur daş kəsilib dayandı. Həyəcandan ürəyi gup-gup atırdı. Gicgahından tər damlaları süzülməyə başladı. Bir neçə saniyə ikisi də qurumuş vəziyyətdə dayanıb bir-birlərinə baxdılar. Birinci Artuş ayıldı. Əvvəl qərarsız, sonra isə özündən əmin addımlarla Zaura doğru yeridi. Bircə kəlmə kəsmədən və yuxarı mərtəbəyə aparan pilləkənlərə tərəf dönmədən, dəhlizin sol qanadında yerləşən çıxış qapısına yönəldilər. Zaur xeyirxah adamın ona verdiyi açarla qapını açdı və sevgililər küləkli payız axşamına qədəm qoydular.
     Yağış başlamış, hətta şiddətlənməyə də vaxt tapmışdı. Hərdən ay bir anlığa qara buludlar arasından çıxanda, yağmurlu gecənin mənzərəsi qorxunc cazibədarlığı ilə bir an görsənir, sonra yox olurdu. Bir az qabaqda əllərində çətirlərlə dayanıb siqaret çəkən iki mülki geyimli adamdan başqa heç kəs gözə dəymirdi. Zaurla Artuş sola dönüb sıx zeytunluqlarla əhatə olunmuş villalara tərəf qaçdılar.
     - Biz azadıq, - dedi Zaur xırıltılı səslə. - Villaların böyrü ilə gedib maşın yoluna çıxdıqdan sonra, azadıq.
     -Məni bir azdan axtarmağa başlayacaqlar.
     -Onlar sənin yoxluğunu fərq edəndə, biz artıq uzaqda olacağıq. Narahat olma.
     Zeytunluqlardan keçib ara yola çıxanda, bir az ayaq saxlayıb nəfəslərini dərdilər. Yağış pərdəsinin ardından Daewoo markalı bir taksi göründü. Zaur əlini qaldırıb onu saxladı və hər ikisi özlərini arxa oturacağa atdılar.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (12.09.2014) | Müəllif: R.C E W
Baxış: 642 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more