Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- "Ədəbi düşüncələr" necə yarandı-9

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

ROMAN: OLUM, YA ÖLÜM?


     Roman ətrafındakı mübahisələr səngimək bilmir. Bütün Avropada bir «roman qalmaqalı» baş qaldırıb: roman yaşayacaq, ya öləcək? iyirmi ildən sonra, üçüncü minillik romanı bir janr kimi qəbul edəcəkmi? roman yenə əvvəlki kimi cəmiyyətin yükünü daşıya biləcəkmi? doğrudanmı elm və texnikanın inkişafı romanın aqibəti üçün faciəvi olacaq?..
     Doğrusu, mətbuatda, toplularda bu məqalələri, cürbəcür simpozium, konfrans materiallarını oxuduqca, hərdən, elə bil, mən də panikaya düşürəm və belə anlarda az qala iki min il yaşı olan «Qızıl eşşək)) yadıma düşür və «Qızıl eşşək»in o uzun ömrü müqabilində o «roman qalmaqalı»nın təsiri əriyib gedir...

ƏZƏLİ VƏ ƏBƏDİ QOCA


     Məndə elə bir təəssürat var ki, Tolstoy heç zaman gənc olmayıb, həmişə eləcə qoca Tolstoy olub.
     Hətta 23 yaşında yazdığı «Uşaqlıq» da, bir az sonralarm «Sevastopol hekayələri» də «qoca Tolstoy»un qələmindən çıxıb.

«OVOD» İLƏ «SPARTAK»IN FƏRQİ


     «Ovod» da, «Spartak» da hər ikisi istedadlı qələmlərin ərsəyə çıxartdığı əsərlərdir və hər ikisi də həm mövzu, həm də ruh etibarilə bir-birinə yaxındır.
     Ancaq yaxşı yadıma gəlir, yeniyetməlik çağlarımda «Ovod» mənə qat-qat artıq təsir etmişdi, nəinki «Spartak».
     İndi güman edirəm, bunun səbəbi ondadır ki, Artur igid idi, amma eyni zamanda, romantik idi.
     Spartak da igiddir, amma o, Artur qədər romantik deyil və sosial təəssübkeşlik ehtirası onda romantik hissiyyatı tamam üstələyir.

YEROŞENKO RUS YAZIÇISIDIR?


     Vasili Yeroşenko mənim üçün çox maraqlı ədəbi şəxsiyyətdir, amma onun yaradıcılığı hansı ədəbiyyatın faktıdır?
     Rus ədəbiyyatının, yoxsa yapon ədəbiyyatının, yoxsa esperanto dilli (!) ədəbiyyatın?
     Bu istedadlı korun yapon dilində yazdığı novellaların dilinə görə də, ruhuna görə də rus ədəbiyyatına dəxli yoxdur və dilinə görə Yaponiyaya dəxli varsa da, ruhuna görə o novellalar yapon yazıçısının bədii özünüifadəsi də deyil.
     Esperantoda yazdığı novellalarda isə, o tamam kosmopolitdir.
     Atam deyir ki, «Yeroşenko istedadlı ədəbi avantüristdir, ancaq «müsbət avantüristdir.»
     İlyas Əfəndiyevin dediyini mən o mənada qəbul edirəm ki, «Əyləncəli riyaziyyat», «Əyləncəli fizika» kimi maraqlı kitablar mənasında Yeroşenko da «əyləncəli yazıçı»dır, ancaq şübhəsiz ki, istedadlı, daha doğrusu, vergili şəxsiyyətdir.

ZAMYATMN SATIRASI


     Qoqolun satirası ilə Zamyatinin satirası arasındakı fərq mənim üçün gün işığı kimi aydın bir şeydir.
     Qoqol satirasının arxasmda rusa və ümumiyyətlə, insana məhəbbət dayanıb.
     Zamyatin isə, rusa və ümumiyyətlə, insana biganədir. Qoqolu insan maraqlandırır.
     Zamyatini sosial problemlər.

QILYAROVSKININ ŞƏHƏRI


     Qilyarovskinin istedad və dəqiqliklə təsvir etdiyi Moskva, daha doğrusu, onun təsvir etdiyi şəhər Qoqolun, Dostoyevskinin, Qorkinin şəhəri (qəhrəmanları!) arasmda bir doğmalıq var. Ancaq Tolstoy o şəhərə sığışmır.
     Və o şəhər Turgenev üçün də doğma bir yer deyil.

DESNYAKIN POVESTİ


     Mən Oleksa Desnyakın heç bir yazısını oxumamışdım, təkcə onu bilirdim ki, (Saşanm sözlərindən) məşhur Ukrayna yazıçısıdır və 32 yaşmda müharibədə həlak olub.
     Srağagün «Drujba»ya getmişdim və Saşa onun «Turqay qartalı» adlı povestini mənə bağışladı. Yarısmı dünən səhər, qalanını da bu gün səhər oxuyub qurtardım (qazax inqilabçısı Amangəldi İmanov haqqmdadır) və günorta Yazıçılar İttifaqmm bufetində Ramzes ilə konyak içirdik, Saşa ilə rastlaşdım. Soruşdu ki, povesti oxudun?
     -Hə, dedim (amma gərək deməyəydim!).
     -Necədi? soruşdu.
     -Bu Amangəldi, deyəsən, səfehin biriymiş! dedim.
     Saşa heç nə demədi və bizdən uzaqlaşdı.
     Mən də indi bu qarlı-şaxtalı Moskva gecəsində «Moskva»dakı sevgili nömrəmdə oturub vicdan əzabı çəkməklə məşğulam...

YALNIZ BİR NAĞIL MÜƏLLİFİ


     Hərdən yadıma düşür ki, Petr Yerşov o gözəl nağılı yazanda tələbə idi.
     Bundan sonra o ömrünün axırma kimi nə qədər şer, poema, pyes, hekayə yazdı, amma bircə nağıl müəllifi olaraq da qaldı.
     Hər halda, mənim üçün belədir.

LEVİNİN SUALI VƏ TOLSTOYUN CAVABI


     Mənim üçün Levinin bütün həyatı yalnız bir sualın ətrafında fırlanır: həyat nədir və insan kimdir?
     O heç zaman bu dərəcədə müstəqim, birbaşa sual vermir. Levin düşüncələrinin, Levin axtarışlarının, Levin rahatsızlığının təhtəlşüur səbəbi bu sualdır.
     Tolstoyda bu sualın cavabı yoxdur.
     Daha doğrusu, Tolstoy cavab verir ki, bu sualın cavabı yoxdur.
     Hətta qoca Fokanıçın timsalmda təlqin olunan fəlsəfə də yalnız təskinlikdir.

ZOŞENKONUN ÖZÜNƏ QƏZƏBİ TUTUB


     Mənə elə gəlir ki, Zoşenko bu gözəl rus yazıçısı Lenin haqqmdakı hekayələrində öz-özünü açıq-aşkar (və əlbəttə, bilərəkdən!) ələ salır.
     Hətta bəlkə də özündən (?) qisas alır...

MƏNƏVİ TƏMİZLİK VƏ POZDNIŞEV QISQANCLIĞI


     Pozdnışevin daxilindəki o dəhşətli qısqanclıq alovunu təhtəlşüur mənəvi təmizlik istəyi, ehtirası püskürür.
     Ancaq bunu qəbul etmək (dərk etmək?) mənim üçün çətindir.
     Mənə görə, mənəvi təmizlik idilliyası ilə o müdhiş Pozdnışev qısqanclığı arasmda tamam bir tərs mütənasiblik var.

MARKS DA ADİ İNSAN KİMİ HİSSƏ QAPILA BİLİRMİŞ...


     «Meri Barton» romanını oxudum. İndiyə qədər Elizabet Qaskelldən heç nə oxumamışdım və onun adını ancaq Karl Marksın bu xanıma məşhur (daha doğrusu, məşhurlaşdırılmış!) məktubundan bilirdim.
     Marks onu Dikkenslə bir sıraya qoyurdu və mən düzdür, Dikkensi sevən oxuculardan deyiləm, amma «Meri Barton» tam dəqiq bir tələffüzlə deyir ki, xanım Qaskelli Dikkenslə bir mərtəbəyə qaldırmaq tamam əbləh bir işdir.

İSTEDADLI FƏNDGİR


     Üç gün bundan əvvəl, oktyabrın 8-də «Literatumaya qazeta»da Mixail Lifşisin «Mən nə üçün modemist deyiləm?» məqaləsini1 oxudum, sonra Axundovun2 kartotekasında onun estetika ilə bağlı məqalələrini («Estetika aləmində», «Kııbizmdən «abstraksiyaya», «Marks və Engels sənət haqqında» kitabına yazdığı ön söz) tapıb oxudum.
     Bu adam şübhəsiz ki, çox məlumatlıdır, mütaliəlidir, dünyadan xəbərdardır, sözü hiss edir, qələmlidir və... istedadlı bir fəndgirdir!
     Onun bütün bu yazılarında marksizm-leninizm estetikası (əslində Marksın və Leninin estetik görüşləri! çünki onlar hansısa ayrıca bir müstəqil estetika yaratmayıblar!) mübahisəsiz, qeydsiz-şərtsiz bir əsas (doğma!) kimi, «müasir burjua mədəniyyəti»ni isə, yenə də mübahisəsiz, qeydsiz-şərtsiz «revizionist ideologiya» kimi götürülür, bunlardan Lifşisin özü üçün tamam aydın və dəqiq bir model düzəldilir və haqqında fikir yürüdülən bədii-estetik material bu modelin içinə pərçim edilir.
     Bu da bir növ ədəbi mistifikasiyadır.

MEYERİN NOVELLALARI


     İtaliya intibahı haqqmda heç bir elmi və bədii kitab mənim üçün İntibah dövrünün özünün novellaları qədər maraqlı olmayıb və o dərəcədə də mənə təsir etməyib.
     Yalnız Meyerin novellalarmı çıxmaq şərtilə.
     Bu novellaları elə bil ki, həmin intibah novellalarmm qəhrəmanları yazıblar mənim yaxşı tanıdığım o faciəvi qəhrəmanlar, o gülməli qəhrəmanlar, o ağıllılar, səfehlər, qorxaqlar, igidlər hamısı bir yerdə.
     Meyerin novellalarmda epoxa var və o epoxanı əyani şəkildə hiss edir və görürsən.
     İstedadm ən böyük (ən əsas!) göstəricilərindən biri və bəlkə də birincisi yazıçı fəhmidir.
     Meyer İsveçrə yazıçısıdır, alman dillidir, İtaliya intibahmdan neçə yüz il sonra yaşayıb və yazmağa başlayıb, amma elə bil ki, bütün bunlar onun bioqrafıyasma səhv düşmüş faktlardır və o, intibahı gözü ilə görmüş, o dövrü yaşamış bir qələm sahibidir.
     Yazıçı fəhmi hər şeyi həll edir və onu da Allah sənə ya verib, ya da ki, yox.
     Ona görə də bizim bu gözəl sovet ideologiyasmm «Yazıçı həyatı (zavodu, kolxozu, neft istehsalmı, camışçılığı və s.) öyrənməlidir!»tezisi mənim üçün həmişə əbləh bir şey olub.

LİBEDİNSKİNİN TRİLOGİYASI


     Libedinskinin trilogiyasmı («Dağlar və insanlar», «Zarevo» və «Sovetlərin səhəri») ona görə Axundov kitabxanasmm mənim aləmimdə «toz basmış oxunmayan kitablar» fondundan dartıb çıxarıb oxumağa başladım ki, Qafqazm və o cümlədən, Bakınm tarixindən bəhs edən bir əsərdir.
     Mənim çox pis (və çox da vaxtımı alan!) bir xasiyyətim var və o xasiyyəti tərgitmək, deyəsən, mənə müyəssər bir xoşbəxtlik olmayacaq: başladığım kitabı heç cür yarımçıq ata bilmirəm.
     Bu dəfə də belə oldu, oxumağa başlayan kimi, başa düşdüm ki, özümü yaman işə salmışam, amma yarımçıq qoya da bilmədim və qəhrəmanlıqla o çoxsəhifəli yazının axırına çıxdım.
     Bu trilogiya yalançı partiya tarixinin yalançı (qurama!) Qafqazla bağlı yalançı «bədii» ifadəsidir.
     Mən təəccüb edirəm: necə olub ki, bizim rəsmi ideologiya bu trilogiyanı «sovet klassikası» səviyyəsinə qaldırmayıb? Onun buna haqqı var!

VİCDANLI MÜƏLLİFİN VİCDANSIZ YAZISI DAHA ARTIQ AĞRIDIR


     Dmitri Lixaçovu «rus ədəbiyyatşünaslığının vicdanı» adlandırırlar.
     Əlbəttə, «vicdanlı adam» da səhv edə bilər, onun yanlış mülahizələr də söyləməsi mümkündür, çünki vicdanlı adam da insandır.
     Ancaq «vicdanlı adam»ın hakim ideologiyanın əmri ilə rəsmi dairələrin bir ağızdan cavan bir müəllifi tənqidə məruz qoyduğu bir zamanda, yaranmış situasiyadan istifadə edib qeyri-rusluğuna görə bu qarşıdurmada zəif tərəf-müqabil olan həmin müəllifə vicdansız (qurşaqdan aşağı zərbələrlə) həmlələr etməsi, çox acı təsir bağışlayır və ümumiyyətlə, xislətlə bağlı bir bədbinlik gətirir, küskünlük ovqatı yaradır.

ŞOLOM ALEYXİM VƏ NOYAX LURYE


     Şolom nə dərəcədə yəhudidirsə, o dərəcədə də istedadldır.
     Noyax Lurye nə dərəcədə yəhudidirsə, o dərəcədə istedad sahibi deyil.
     Bu tənasüb və bu tənasübsizlik onların əsərlərinin bədii səviyyəsində özünü açıq-aşkar büruzə verir.

TOLSTOY EPİKLİYİ


     Tolstoy dünyasının, Tolstoy bədii təxəyyülünün miqyası və bu miqyasın sirri-sehri həmişə mənim düşüncələrimdədir, çox zaman, hətta gözlərimin qarşısındadır.
     Bax, bu nəhəng silsilə dağlardır.
     Bu dağlarm hər biri müstəqildir, bütövdür, təbiət onu tamamlayıb.
     Həmin müstəqil, bütöv, təbiətin tamamlayıb bitirdiyi dağlardan hər biri ayrıca bir romandır.
     Bu dağ «Knyaz Andrey» romanıdır; bu dağ «Pyer Bezuxov» romanıdır; bu «Nataşa Rastova»dır, bu «Platon Karatayev» romanıdır, bu «Kapitan Tuşin»dir və beləcə də davam edib gedir...
     Və bütün bu böyük romanlar (o nəhəng dağlar) hamısı bir yerdə «Hərb və sülh»dür.

TƏSADÜFİ (?) KƏŞFLƏR


     Elə surətlər var ki, onların xarakteri ictimai fikirə, məişətə yeni məfhum, yeni anlayış gətirir. Misal üçün, XIX əsr rus ədəbiyyatından gələn «manilovçuluq», yaxud «Oblomovçuluq» kimi. Ya da Azərbaycan ədəbiyyatında «Məşədiibadlıq», yaxud «Fəxrəddinçilik» kimi.
     Bu zaman, görünür, səbəb, stimul kimi yalnız bədii-estetik kriterilər əsas deyil, hərçənd, mənim üçün Manilov da, Oblomov da, Məşədi İbad da yüksək sənətkarlıqla qələmə alınmış obrazlardır. Fəxrəddinin özü də, əsərin, olsun ki, bədii-dramaturji çatışmazlıqlarına, bəzən, hətta bəsitliyinə baxmayaraq, dövrün kontekstində çox ciddi emosional təsir gücünə malik xarakterdir. Düzdür, elə həmin rus ədəbiyyatı ictimai fikirə «Tolstoyçuluq» kimi çox zəngin bir anlayış gətirdi, amma hər halda personajlarla bağlı bu maraqlı ədəbi hadisə iki gündür ki, fikrimdə dolaşır.
     İki gün bundan qabaq «Küləyin apardıqları»nı oxuyub qurtardım və XX əsr Amerika ədəbiyyatında Marqaret Mitçell ədəbi əhəmiyyətinə görə, şübhəsiz ki, Folkner, yaxud Heminquey deyil, amma məhz onun Skarletti ictimai fikrə «skarletizm» məfhumunu gətirdi.
     Görünür, söhbət dövrün yetişdirdiyi xarakterin kəşfindən gedir...
     Kəşf isə, təsadüfən də ola bilir...

UZUN ADLIROMAN


     Çoxdan idi bu romanı oxumaq istəyirdim, XIX əsr ədəbiyyatı haqqındakı yazı-pozularda hərdən ona rast gəlirdim, amma adı o qədər uzun idi ki, «Maks Havelaar, yaxud Niderland ticarət cəmiyyətinin Kofe auksionları» məni qorxudurdu və ümumiyyətlə, ürəyimə yatmırdı.
     Amma nahaq yerə.
     Mənim aləmimdə ədəbiyyatda bir Tenardiye qolu var və bu roman da, təbir caizsə, məhz həmin qolun nümunəsidir və onun qəhrəmanlarında, o qəhrəmanların yaratdığı ovqatda bir Tenardiye ruhu hökm sürməkdədir.
     Hətta bəzən mənə elə gəlirdi ki, bu romanı özünü (özlərini!) göstərmək üçün baxın, biz buyuq! elə Tenardiyenin özü yazıb və bu alçaq (tenardiye) əməlli-başlı yazıçı imiş!

YAQO VƏ STALİN


     Stalin haqqındakı ədəbiyyatda bəzən belə bir söyləməyə rast gəlirəm ki, guya, o, «Otello»ya baxandan sonra deyib: «Yaqo pis təşkilatçı deyil!»
     Bilmirəm, Stalin həqiqətən bu sözü deyib, ya yox.
     Ancaq deyibsə səhv edib.
     Yaqo heç vəchlə «yaxşı təşkilatçı» deyil.
     Yaqo Dezdemonanı sevir və onun bütün bu «təşkilatçılıq fəaliyyətinin» məqsədi ondan ibarətdir ki, Dezdemona onun olsun.
     Dezdemona isə, məhz Yaqo «təşkilatçılığının» sayəsində məhv olur.

MÜSAHİBZADƏ CƏLAL VƏ MİRZƏ FƏTƏLİ AXUNDOV


     Tofıq Cəlal Müsahibzadənin altı il bundan əvvəl İstanbulda nəşr olunmuş «Bütün oyunlar» adlı kitabını mənə verdi və neçə qarlı-şaxtalı qış günüydü ki, səhərlər, heç cürə (və heç vaxt!) ürəyimə yatmayan bu «Rossiya»da nömrəmdə, yerimdə uzanıb maraqla, indiyə qədər adını eşidib bir cümləsini də oxumadığım bu yazıçının pyeslərini oxumaqla məşğulam.
     Mən bilən dərəcədə, Müsahibzadə türk dramaturgiyasının əsasını qoyanlardan biridir və bizim Axundov vəfat edəndə onun səkkiz yaşı var idi.
     Müsahibzadə 40 yaşından sonra pyeslər yazmağa başlayıb və onun dramaturgiyası XX əsrin hadisəsidir, Axundov dramaturgiyası isə, XIX əsrin tam ortalarında yaranıb və mən bunu indi ona görə xatırladıram ki, qəribədir, Axundovun komediyaları «qocamanlığma» baxmayaraq, daha təravətlidir, onlarda daha artıq bir gənclik şövqü var.
     Axundovun komediyalarmı Axundov istedadma söykənərək həyat özü meydana çıxartdı.
     Müsahibzadənin komediyalarını isə, elə bil ki, bu yeni janrın yaranma tələbatı (zərurəti) meydana çıxarıb...

QAFQAZ İNSANI DƏRİNLƏRƏ ÇƏKİR


     Olenin genetik olaraq zadəgan və yalnız həyat tərzinə görə yox, təbiəti etibarilə də təpədən dımağa qədər «kübar cəmiyyət adamı» idi.
     Qafqaz onun genetik koduna müdaxilə etdi, onu o cəmiyyətin yapışqanmdan dartıb çıxartdı və özünü (insanı!) ona tanıtdı.
     İllər keçdi və mənim üçün gün işığı kimi aydındır ki, məhz həmin Olenin hissiyyatı, həmin Olenin özünüdərki qocalığa doğru gedən Tolstoya «Etiraf»ı və «Mənim günahım nədir?»i yazdırdı.
     Gənc Olenin kimi, gənc Tolstoy da xeyli myddət Qafqazda yaşamışdı...

ÇİRKLİASSOSİASİYA


     Kitab var ki, gözəl bir qadına bənzəyir. Ancaq bir-iki səhifədən sonra görürsən ki, onun alt paltarı çirklidir...

TOLSTOY UCALIĞI


     Srağagün nəhayət ki, Qanadan qayıdıb gəldim. Gedəndə belə bir marşrutla uçmuşdum: Bakı Moskva Budapeşt Tripoli Porto Novo (Beninin paytaxtı) Akkra. Eynən əks marşrutla da geri qayıtdım.
     Atam sidq-ürəkdən heyrətlənərək:
     -Hər şey bir tərəfə, dedi. Bəs bu qədər aeroportda, bu qədər təyyarədə darıxmırdın?
     -Yox, dedim. Tolstoyun cildini özümlə götürmüşdüm.
     Atam özünü saxlaya bilməyib:
     -Əşşi, sən Tolstoyu lap idealizə edirsən!.. dedi. Srağagündən bu sözlər fikrimdə ilişib qalıb.
     Mən Tolstoyu idealizə edirəm? Yox.
     Məsələ burasındadır ki, Tolstoy özü imkan vermir ki, onu idealizə edəsən, çünki Tolstoy nə qədər idealizə olunsa da, «qoca Tolstoy»dan uca olmayacaq.

«YARADILAN ƏFSANƏ» ROMANI


     Fedor Soloqub, şübhəsiz ki, istedadlı bir yazıçıdır, amma onun klassik rus ədəbiyyatında məxsusi bir yeri yoxdur.
     Bu gün səhər «Yaradılan əfsanə»ni oxuyub qurtardım və başqa əsərlərini oxumasam da, bu romanda hiss etdiyim bir cəhətə görə, güman edirəm ki, Soloqub böyük rus ədəbiyyatındakı o məxsusi yeri heç zaman tutmayacaq.
     Məsələ burasmdadır ki, bu romanın qəhrəmanı rus Trirodovun, hərgah belə demək mümkünsə, genetik tipologiyası rus xarakteri ilə heç cür uyuşmur.

DÜNYA ƏDƏBİYYATININ İTİRDİYİ YAZIÇI


     Dünən İshaqda «İtaliya kino ssenariləri» adlı bir kitab gördüm və onu bir günlük götürdüm (o da Azaddan alıb və bu gün qaytarmalıdır).
     Gecə ancaq Fellininin «Şirin həyat» və «Yol» ssenarilərini oxuya bildim və bu ssenarilər indi mənə, vaxtılə baxdığım fılmlərdən də artıq dərəcədə təsir edib.
     Mən tamam əminəm ki, müasir dünya ədəbiyyatı Fellininin simasında çox böyük bir yazıçı itirib.
     Yeganə təskinlik ondadır ki, Dünya kinosu Fellinini qazanıb.
     P.S. İstəyirdim işdən çıxanda aparıb bu ssenariləri atama da verim, oxusun. İshaq dedi ki, günorta kitabı Azada qaytardım. İndicə Azada zəng çalıb xahiş etdim ki, o kitabı iki günlük mənə versin. Azad dedi ki, İshaq o kitabı... itirib!
     Bu da belə bir kitab itməkliyidir...

«OTRANTO QƏSRİ»NİN ÜŞÜNTÜSÜ


     Nə vaxtıydı Mustafa1 deyirdi ki, «Otranto qəsri»ni oxu. Axırı ki, bu romanı oxudum.
     İngilis ədəbiyyatında onsuz da mən həmişə bir soyuqluq hiss edirəm, amma bu kitabdakı işıqsızlıq, məyus bir əhval-ruhiyyə, elə bil ki, o soyuqluğu daha da artırır.
     Mustafa tamam başqa fikirdədir.
     V.Jirmunski ilə N.Siqal «Son söz»də yazırlar ki, bu roman «qotika romanı»nın ilk nümunəsidir və bu janrın əsasını qoyub.
     Doğrusu, mən burada XVIII əsr ədəbiyyatı kontekstində xüsusi bir fərq də hiss etmədim.

«LYUBOV YAROVAYA»


     «Ədəbiyyat»da X.-nın hansısa yazısının dərci gecikir və bu gün yanıma gəlib Yusif müəllimin qarasmca deyinirdi:
     -Əşşi, bu adamı saxlayırsız o boyda qəzetin redaktorluğunda! Əsərlərə qiymət verməyi bacarmır, zövqü yoxdur. Bilirsən mənə nə deyir? Deyir ki, «Lyubov Yarovaya» yaxşı əsərdir!
     Mən:
     -Düz deyir də! dedim.
     X. maddım-maddım üzümə baxdı.
     Hakim ideologiya «Lyubov Yarovaya»nı o qədər şit təbliğ edib ki, bu əsərin adı çəkiləndə, elə bil ki, söhbət yenə də sosializm realizminin eybəcər bir təyinatından gedir və X. da məni yaxşı tanıdığı üçün, bu misalı çəkdi ki, məni qızışdırsın, amma reaksiyama mat qaldı, yaxud da belə başa düşdü ki, mən Yusif müəllimi müdafiə etdiyim üçün belə deyirəm.
     Halbuki «Lyubov Yarovaya», həqiqətən, istedadlı əsərdir.
     P.S. Axşamüstü işdən çıxıb gəzə-gəzə (Balağa xəstələnib) evə gəlirdim, Cəfər Cəfərovun İsmayıl Hidayətzadə haqqında söhbətləri yadıma düşdü. Mən Hidayətzadəni səhnədə görməmişəm, amma atam da, Cəfər müəllim də həmişə onun haqqında xüsusi bir şövqlə danışırlar. Cəfər müəllim onun Şvandyasınıçox tərifləyir. Evə gələndə Hidayətzadə haqqında kitabını kitabların arasından axtarıb tapdım və Şvandya ilə bağlı səhifələri təzədən oxudum. Cəfər müəllim dördcə səhifədə Hidayətzadənin Şvandyasını elə canlı təhlil edib ki, gəldi dayandı gözlərimin qarşısında, elə bil, elə mən özüm onu haçansa səhnədə görmüşəm.

TOLSTOY QISQANCLIĞI


     Mən Tolstoyun Şekspirə münasibətinin dərinlərində təhtəlşüur bir qısqanclıq hiss edirəm.
     Bu hissiyyat zənginliyinə, hisslər burulğanma görə yalnız Şekspirin öz qələmi ilə ifadə oluna biləcək bir qısqanclıqdır.

RUS TƏNQİDİ FİKRİNİN ŞEDEVRİ


     İvan Turgenevi daha dərindən başa düşmək və hiss etmək üçün onun «Hamlet və Don Kixot» məqaləsini oxumaq lazımdır. Əslində bu, məqalə yox, məruzədir və Turgenev onu yüz iyirmi il bundan əvvəl 1860-cı il 10 yanvarda söyləmişdir.
     Bu məqalə ilə bağlı çox mühüm bir cəhət vacibdir: orada yazılandan daha çox, yazılmayanları, sətir altmda qalanları oxumağı bacarmaq lazımdır.
     Mən indiyə qədər bu məqaləni oxumamışdım. Y adıma gəlir, rus ədəbiyyatmdan söhbət düşəndə, bir-neçə dəfə İslamdan eşitmişdim ki, Turgenevin bu məqaləsini Azərbaycan dilinə tərcümə etmək istəyir.
     Bilmirəm, o rəhmətlik «Hamlet və Don Kixot»u tərcümə etdi, ya yox, amma mənim aləmimdə bu məqalə «Yazıçı Turgenev kimdir?» sualma bir cavabdır və ümumiyyətlə, XIX əsr rus ədəbiyyatmı duymaq, onun nəfəsinin çalarlarmı hiss etmək üçün gözəl bir şərait yaradır.
     Mənim üçün bu məqalə rus bədii təfəkkürünün bədiiyya-ta, estetikaya münasibəti, ədəbiyyatdan nə ummağı, Danimarka şahzadəsinə və lamançalı rıtsara və yalnız onlara yox, başqa personajlara da (hətta Rossinanta da!), xüsusən, Sanço Pansaya hansı bucaq altmdan baxması, onları necə görməsi mənasmda çox maraqlıdır.
     İndiki halda söhbət yalnız Şekspirdən və Servantesdən getmir (bu öz yerində!), əsas söhbət rus bədii təfəkkür sahibinin xarakteri dərk etməsinin (ümumiyyətlə, bədiiyyatı qəbul etməsinin) məxsusiliyindən gedir.
     Tolstoyla Turgenevin Şekspirə münasibəti tamam müxtəlif idi. Məlumdur ki, Tolstoy Şekspiri qəbul etmirdi. Turgenev isə
     Şekspirin 300 illiyinə həsr olunmuş nitqində deyirdi: «... o (yəni Şekspir E.) bizim «dostoyaniye»mizdir, bizim canımıza və qanımıza hopub».
     Ancaq «Hamlet və Don Kixot»da Hamletin təhlili, bu təhlildəki rus bədii təfəkkür spesifikası və kriteriyaları, elə bil ki, Şekspirə qarşı Tolstoy sərtliyinin (hətta qəddarlığının!) səbəblərini də bir az aydınlaşdırdı. Daha doğrusu, aydınlaşdıran kimi oldu...

FOSFORLU CEVRİYƏ HAQQINDA


     Günorta Muza və Ariflə birlikdə Topqapı muzeyinin qarşısındakı meydanda oturub qəhvə içirdik və birdən-birə Cevriyə mənim yadıma düşdü və məni mat qoyan cəhət bu oldu ki, mən Cevriyə ilə neçə gündən bəri gəzdiyim və duymağa çalışdığım Türkiyə arasında tamam bir yadlıq hiss etdim.
     Bilmirəm niyə, amma bu hiss mənə pis təsir etdi, kefimi pozdu və bunun səbəbini mən heç cürə özümə aydınlaşdıra bilmirəm.
     Elə bil ki, mən uzun müddət yaşadığım, mənə doğma olan bir evdən (və ümumiyyətlə, o şəhərdən) köçüb getmişəm və çox sonralar geri qayıdanda görürəm ki, o ev sökülüb, ya özü uçub gedib, yeri boşdu, ya da ki, o evin yerində mənə tamam yad olan başqa bir bina tikiblər...

DÜNYANIN HEYRƏTAMİZ İŞLƏRİ...


     Elə Mən Lev Tolstoy qədər ikinci Allah adamı tanımıram. Və kilsə Lev Tolstoyu «qovdu».

ƏDƏBİYYAT VƏ ZAMAN


     Elə Bütün Sovet İttifaqı «Arbatın uşaqları»nı oxuyur.
     Elə Mən də (deyəsən, bir az gecikmişəm) dünən oxuyub qurtardım.
     Elə Qəribədir, əsər var ki, zamanı qabaqlayır və qiymətini onilliklərdən, hətta yüzilliklərdən sonra alır.
     Elə Əsər var ki, zaman da onu qiymətləndirir, gələcək də onu qiymətləndirir.
     Elə Əsər də var ki, zamanına düşür, gələcək isə onu unudur.
     Elə Ədəbiyyatın tarixində onlarla belə misal var.
     Elə «Arbatın uşaqları» bədiiliyinə görə «Qəmə»dən artıq deyil, bəlkə də əskikdir, amma çox dəqiq (atılan güllə onluğu vuran kimi!) zamanına düşdüyü üçün, bu gün əldən-ələ gəzir.
     Elə Ancaq inanmıram ki, sabah da belə olacaq.
     Elə «Arbatın uşaqları» ona görə zamanına düşüb ki, onun müttəfiqi gizlədilmiş, qadağan edilmiş, yasaq həqiqətdir (stalinizm həqiqəti!).
     Elə Sabah həqiqət yasaqlıqdan qurtulacaq və «Arbatm uşaqları» da unudulacaq.

TINYANOVUN BİR HEKAYƏSİ HAQQINDA


     Nəyin bahasına olursa-olsun, surəti ancaq qara boyalarla təsvir etmək istəyi və bu qaranın yaratdığı havasızlıq (dişara açılan balaca bir gözlük belə yoxdur!) həmin surəti tamam bir boşluq, yüngüllük içində batırır və ona qarşı biganə qalırsan, hər halda, onu ciddi qəbul etmirsən.
     «Podporuçik Kije»dəki 1 Pavel o qədər dayaz, yüngüldür ki, ayrı-ayrı məqamlarda bu hekayəni operettaya çevirir, amma müəllif, əlbəttə, operetta yazmaq istəmirdi. Məqsəd tamam əksinə idi...
      1-ci Pavel tarixdə, bəlkə də səfehin biri olub, onda gərək həmin səfehliyi yüksək bədiiliklə təsvir etməyi bacarasan. Səfehlik fizioloji hadisədir. O bədii-estetik hadisə ola bilməz.

ƏDƏBİYYAT, YOXSA ƏDƏBİYYAT MƏMULATI?


     Hələ mən özüm üçün aydınlaşdıra bilməmişəm ki, «Bu mənəm Ediçka» romanı əsl ədəbiyyat nümunəsidir, yoxsa ədəbiyyat məmulatıdır?
     Aydınlaşdıra bilmirəm, ona görə ki, orada əsl ədəbiyyat da var, məmulat da və məndə o romanın təəssüratı gah «əsl ədəbiyyat» hissəsinin təsirinə düşür, gah da məmulat hissəsinin.
     Ancaq bu romanla bağlı bir cəhət gün işığı kimi aydındır: o - qalmaqal (skandal) ədəbiyyatıdır.
     Eləcə də Natalya Medvedyevanın romanı.3 Hərçənd orada «məmulat» daha artıqdır.

QOQOL BÖYÜK RUS NƏSRİNİN BANİSİDİR


     V.Belinski yazır ki, Qoqolun meydana çıxması ilə rus ədəbiyyatı («literatura naşa») rus həyatına, rus gerçəkliklərinə müraciət etdi.
     Qoqolla bağlı, əlbəttə, böyük (və həqiqi!) qiymətdir və rus ədəbiyyatınm Qoqoldan sonrakı dövrü üçün də dəqiq fikirdir.
     Ancaq eyni zamanda məntiqsiz fikirdir.
     Hərgah rus ədəbiyyatı Qoqoldan əvvəlki dövrdə «rus həyatına, rus gerçəkliyinə» müraciət etməyibsə, onda bu ədəbiyyat necə rus ədəbiyyatı ola bilər?
     Sadəcə olaraq, böyük rus nəsri Qoqoldan başlayır.
     Rus poeziyasmda isə Qoqoldan bir az əvvəl Puşkin, Qoqolla eyni vaxtda Lermontov var idi.
     Puşkinin də gözəl nəsri var, Lermontovun nəsri isə, mənim üçün XIX əsr rus ədəbiyyatının unikal hadisələrindən biridir, amma bütün bunlarla bərabər, Puşkin də, Lermontov da ilk növbədə Şair idilər.

TƏNHA ADA ƏDƏBİYYATI


     Bu məruzələrin dördü də əsl ədəbiyyat adamlarınm mülahizələridir.
     Hətta mən deyərdim ki, bu məruzəçilərin dördü də mənən ədəbiyyatla yaşayan insanlardır.
     Ancaq bu məruzələrin dördünün də çox ciddi eyni qüsuru var: onlarda bizim ədəbiyyatımız dünya ədəbiyyatı ilə əlaqəsi olmayan hansısa bir Azərbaycan adlı tənha ada ədəbiyyatı təsiri bağışlayır.

NİKOLAY DOBROLYUBOV KİMDİR?


     Mənim üçün rus ictimai fikrinin dahiyanə hadisəsi Dobrolyubovdur.
     Cəmi 25 il yaşamış bu adamm təkcə elə 23 yaşmda ikən kəşf və izah etdiyi («Oblomovçuluq nədir?» məqaləsində) ictimaimənəvi kateqoriya («oblomovçuluq») kifayətdir ki, hər dəfə onun adı çəkiləndə heyrət məni bürüsün.

MƏHƏLLƏ UŞAĞI


     Motl mənim xatirimdə «Mirzə Fətəli»dəki məhəllə uşaqlarmdan biri kimi qalıb.

JANNA D’ARK HİKKƏSİ


     Sounun «Müqəddəs Janna» pyesi onun bütün pyeslərindən fərqlənir və mənim üçün bu fərq bədii-estetik xüsusiyyətlərinə, yaxud janrma görə ayrılan bir fərq deyil.
     Mən bu fərqi özüm üçün hansısa bədii meyar və çalarlarla müəyyənləşdirə və izah edə bilmirəm.
     Dünən gecə bu barədə fikirləşdikcə, elə bil, mistik bir aləmin içinə girirdim: Janna özü XV əsrin o tonqalmm içindən çıxıb gələrək Şounun başınm üstünü alıb və qorxunc bir təhriklə ona təsir edib: «Mən fərqlənməliyəm!»

İKİ DÜMA


     Dünən axşam Aydm və Eldarla Böyük teatra gedib «Traviata»ya baxdıq və bütün gecə beynimdə paralel və qəribə bir obraz yaranmışdı: yuxuya gedirdim, təzədən ayılırdım və o obraz gözlərimin qabağma gəlirdi.
     Ata Aleksandr Düma pıqqıltı ilə qaynayan suyu tükənmək bilməyən və şır-şır axan təbii bir bulaqdır, mənbəyini başı qarlı dağlardan alır, gedib çaylara tökülür, o çaylar da axıb dənizlərə, okeanlara tökülür.
     Oğul Aleksandr Düma yüksək zövqlə təmir olunmuş gözəl bir mənzildə tərtəmiz suyu axan bir krantdır, istəyəndə ilıq eləyirsən, istəyəndə isti, istəyəndə də soyuq.
     Şübhəsiz, krantdan axan o su əla bir şeydir.
     Amma o bulaq tamam başqa bir dünyadı: azad, sərbəst, axar-baxarlı, havası saf...

«A ÇORT YEQO ZNAYET!..»


     Vasili Kuzmiçın televizorunun altında balaca miz kimi bir şey var, onun da aşağı hissəsində rəfə oxşayan bir yer var və orada gözəl bir səliqə-sahmanla on bir kitab düzülüb: Stalinin əsərlərinin 3-cü və 9-cu cildləri, Leninin əsərlərinin 2-ci cildi, botanikaya aid iki kitab, Qorkinin «Ana» romanı, «Sakit Don»un 2-ci cildi, Xruşşovun Amerika səfəri barədə Acubeyin hazırladığı kitab, pioner düşərgələri haqqında bir kitab, yeniyetmələr üçün təyyarə konstruksiyasından bəhs edən bir kitab və İvan Qorbunovun düz on il bundan əvvəl 1962-ci ildə Moskvada nəşr olunmuş yumoristik hekayələr kitabı.
     Düzü, bu yazıçının adını mən eşitməmişdim, XIX əsrdə yaşayıb, teatr xadimi olub və mən də indicə bu kitabı oxuyb bitirdim.
     Mən Vasili Kuzmiçin o on bir kitabdan ibarət kitab rəfi kimi səliqəli-sahmanlı həyətində, gilənar ağaclannın altında, eləcə də bir səliqə-səhmanla düzəldilmiş uzun taxta kətilin bir kənarında oturmuşdum və fikrimdə dolaşan: «necə yazıçıdır? necə kitabdır? suallarına cidd-cəhdlə «dəruni» bir cavab axtarmaqla məşğul ikən, eşikdən Vasili Kuzmiçin sürdüyü avtobusun səsi eşidildi, sonra da darvazanın balaca qapısı açıldı və Vasili Kuzmiç zühur etdi: fasilə vaxtı evinə nahara gəlmişdi.
     Salamlaşdıq və mən əlimdəki kitabı ac və içkisiz olanda həyətdəki «Cek» ovçarkasından da betər adamı qapan Vasili Kuzmiçə göstərib soruşdum:
     -Bu kitab haradandı sizdə?
     Sifətindən zəhrimar yağan Vasili Kuzmiç yanımdan ötə-ötə:
     -A çort yeqo znayet!
     Məni gülmək tutdu, çünki o məqamda o suallar ki, fikrimdə dolaşırdı: «necə yazıçıdır? necə kitabdır?» onlara Vasili Kuzmiçin o sözlərindən gözəl cavab yox idi.

MOLYER, QOLDONİ VƏ QOTSSİ. QEYRİ-METODOLOJİ MÜQAYİSƏ


     Molyerdən sonra mənim üçün ən böyük komedioqraf Karlo Qoldonidir, amma Molyer ilə özündən sonrakılar arasında elə böyük bir məsafə var ki, hətta Qoldoninin də bir o qədər gözəl komediyaları içində yalnız iki komediyası («Mehmanxana sahibəsi» və «İki ağanın bir nökəri») bədii-estetik zərifliyinə görə Molyer səviyyəsinə qalxa bilir.
     Qoldoninin adaşı və rəqibi Qotssini isə heç kimlə müqayisə etmək mümkün deyil və onun böyüklüyü də elə bundadır.
     Qotssi Molyer qədər, elə Qoldoninin özü qədər gülməli (və bəzən də kədərli!) deyil, sadəcə olaraq o, yenidir. Onun nağılları, xüsusən, «Turandot» və «Kral-maral» yeni bir məktəb yaratdı.

AİLƏDƏ PARTİYA İCLASI


     Qleb Çumalovla arvadı Darya hərdən bir-birləriylə elə danışırlar ki, elə bil, iki nəfərdən ibarət partiya iclasıdır.

TOLSTOY VƏ SryİLİZASİYA. DÜNYANIN ƏN BÖYÜK PARADOKSU


     Mən tez-tez fıkirləşirəm ki, bu da qəribə bir paradoksdır: Tolstoyun içində sivilizasiyaya qarşı dəruni bir kin-küdurət var idi və onun üçün Şərin bünövrəsi sivilizasiya idi.
     Tolstoy təfəkküründə sivilizasiya sadə kəndli həyatının Şər üçün münbit zəmin yaradan altemativi idi.
     Amma... Tolstoyun yazdığı kitablar sivilizasiyanm təməlinə çevrilirdi.

HEMİNQUEY VƏ JİD İKİ AFRİKA


     Heminqueyin Afrikası mənə Andre Jidin Afrikasmdan qat-qat maraqlı görünür.
     Heminquey Afrikasmm qəhrəmanı o özü canlı insandır.
     Jid Afrikasmm («Çad gölünə qayıdış», «Konqoya səfər») qəhrəmanı isə o özü ağıllı bir mütəfəkkirdir, moralçıdır, müstəmləkəçiliyi tənqid edəndir və s., amma heç vəchlə canlı insan deyil.

İLLƏR ƏDƏBİ QATARA ÇEVRİLİR


     Vaxtıilə (universitetdə oxuduğum o gözəl illərdə) «.lermini Laserte»' mənə çox təsir etmişdi, amma bu gün o istedadlı qardaşlarm «Gündəlik»ləri mənim üçün daha maraqlıdır.
     Mənə elə gəlir ki, bunun səbəbi o universitet çağlarmdan keçən iyirmi ildədir.
     İnsan yaşlaşdıqca (hər halda, şəkk-şübhə yoxdur ki, məndə elə belədir) illər onu elə bil ki, qatara mindirib bədii ədəbiyyatdan sənədli ədəbiyyata doğru aparır.

KƏDƏRLİ MƏKAN


     Mənim üçün ədəbiyyatın ən kədərli məkanı Astapovodur.

DON KİXOT HAQQINDA


     Elə tanış, ünsiyyətdə olduğun, doğmaya çevrilən adamlar var ki, onları nə vaxtdan tanıdığını xatırlaya bilmirsən.
     Don Kixot mənim üçün belə adamlardan biridir.
     Mən o romanı ilk dəfə beşinci sinifdə ikən oxumuşam (burası dəqiq yadımdadır, amma onu daha əvvəlki vaxtlardan) atamın, Mustafanın, Tofıqin , nənəm Bilqeyis xanımın söhbətlərindən tanıyırdım.
     Ancaq nə vaxtdan? Bunu heç cür xatırlaya bilmirəm, amma çox xatırlamaq istəyirəm, hətta bu sual təlqin edilmiş bir fikir kimi, bəzən məni əməlli-başlı təqib edir.

QOTYE XOŞBƏXTLİYİ


     Qotye, əlbəttə, Nostradamus deyildi və gələcəyin («işıqlı gələcəyin»!) sosializm-realizmini görmürdü. Görsəydi dəli olardı.

BİR MEDALIN İKİ ÜZÜ


     Medalın bir üzündə Don Kixotdursa, əks üzündə Ostap Benderdir.
     Düzdür, Don Kixot ora bütün medal böyüklüyündə həkk olunub, əks tərəfdə isə, ona bərabər portret yoxdur, bir çox portretlərdir və onlardan biri də Ostap dostumuzdur.

MƏGƏR IŞIQ YANMAQ ÜÇÜN DEYIL?


     V.Qrivnin takesi Kaykonun povestlərinə yüksək qiymət vermək məqsədilə onları «Yaponiyanın simasını göstərən povestlər» adlandırır və bu yazıçının əsərləri ilə bağlı bu fikirdə mübahisəli bir şey yoxdur, həqiqətən, belədir.
     Ancaq bu tipli fikirlər bəzən mənə çox ibtidai, hətta mənasız görünür, çünki söhbət həqiqi ədəbiyyatdan gedirsə, başqa cür necə ola bilər?
     Bu ona oxşayır ki, deyəsən: «Pencək geymək üçündür.» Yaxud: «Ayaq yerimək üçündür.»

ZORININ PYESI VƏ AKSYONOVUN POVESTI


     «Yunost»un təzə nömrəsi gəldi və «Mərakeşdən gəlmiş portağallar» povestini biməfəsə oxudum.
     Mənə elə gəldi ki, bu qəhrəmanları yalnız həyatda yox, ədəbiyyatda haradasa görmüşəm.
     Sonra Zorinin «Vaxtında görmək» pyesi yadıma düşdü və mənə elə gəldi ki, bu povesti də bir müddət keçdikdən və o pyesdəki qəhrəmanlar həmin illər ərzində dəyişdikdən sonra, eyni müəllif yazıb.
     Eyni ovqat, eyni nəfəs var.
     Amma olsun ki, bu «eynilikdən» nə Zorinin, nə də Aksyonovun xəbəri var.

QAMSAXURDİA VƏ ORDUBADİ


     Qamsaxurdianın «Qurucu David»ini oxudum və neçə gündü bu böyük (həcm mənasında) romanla bir yerdə Ordubadinin qılınc və qələm»i də fikrimdə dolaşır.
     «Qılınc və qələm» daha maraqla oxunur, çünki orada çox mahiranə bir intriqa, Düma səviyyəli bir macəraçılıq var və bu intriqa, macəra elə bil ki, «Qılınc və qələm»in bədii çatışmazlıqlarını doldurur, onları ört-basdır edir.
     «David» isə tarixi xronikadır, burada Ordubadi intriqaları yoxdur, ona görə də bəzən darıxdırıcıdır və buradakı bədii çatışmazlıqlar tamam «müdafiəsiz», çılpaqdır.

BU GÖZƏL DÜNYADA SERVANTES MİSSİYASI


     Servantes bizim bu gözəl dünyaya: «Əlvida!» deyib haqq dünyasına köçəndə dilənçi vəziyyətində idi və yaxşı ki, ölümündən bir neçə gün əvvəl başını qırxdırıb rahib olmuşdu və rahiblər qardaşlığı onu torpağa tapşırdı, yoxsa ki, hansısa ucqar Madrid küçələrindən (?) birində kimsəsiz itlərə, qurda-quşa yem olacaqdı.
     Əlbəttə, kədərli insan taleyidir.
     Ancaq, qəribədir, mən həmişə bu barədə fikirləşəndə, bu aqibəti çox təbii qəbul edirəm, elə bil ki, «Don Kixot»u yazmış müəllifin taleyi beləcə boynuna biçilib.

YADLARIN DOĞMALAŞMASI


     Yaxşı yadımdadır, «Fəhlələrin müəlliməsi» povestini1 mən on il, bəlkə də bir az artıq bir vaxt bundan əvvəl altmışıncı illərin əvvəllərində Sabirabadda doktorun kitabxanasından götürüb oxumuşdum və doktor da bu kitabı haçansa bukinistdən almışdı.
     O zaman bu sadə, iddiasız, amma çox şəffaf, zərif əsərin romantikası mənə universitetin ilk kurslarmda oxuyan tələbəyə çox təsir etmişdi və o hissiyyatın işartısı indiyə qədər mənim içimdədir və ən maraqlı cəhət odur ki, mən hər təsadüfdən-təsadüfə televiziyada «Qız və xuliqan»ı görəndə, elə bilirəm ki, öz həyatımdan (!) nəyəsə baxıram.
     O povest hətta, nəinki o kiçik filmi, elə bil ki, Mayakovskini də mənə doğmalaşdırıb və onun hərdən içi boş küp kimi danqıldayan misralarını da o hissiyyatın ilıqlığına bürüyüb...

ANNANIN QATİLİ


     Annanı öldürən qatar deyildi, cəmiyyət idi.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (11.09.2014) | Müəllif: R.C E W
Baxış: 691 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more