Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- "Ədəbi düşüncələr" necə yarandı-4

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

MOLYER ÇƏKİSİZLİYİ


     «Skapen»i tərcümə etdim, indi də «Jorj Danden»i tərcümə edirəm.
     Molyer komediyalarmın zərifliyini, incəliyini, Molyer dialoqlarmm çəkisizliyini heç bir nümunə ilə (Şekspirin (!), Lope de Veqanm, Bomarşenin, Qoldoninin komediyaları daxil olmaqla!) müqayisə etmək mümkün deyil.
     Molyer komediyaları Yerin cazibə qüvvəsindən (çəkidən, ağırlıqdan) tamam kənardadır.
     Molyer komediyalarmda kosmik çəkisizlik var.

«SAKİT DON» HAQQINDA


     Şoloxov özü yazıb, özü yazmayıb bu, ikinci, üçüncü dərəcəli bir məsələdir, əsas odur ki, «Sakit Don» var.

«DEKAMERON» HAQQINDA


     Gecə «Dekameron»u oxuyandan sonra, səhər küçədən gələn maşm səsinə diksinirsən, asfalta naməlum (və iyrənc!) bir sivilizasiyanm göstəricisi kimi baxırsan, telefona (və televizora!) nifrət edirsən və işə də getmək istəmirsən.

YER KÜRƏSİNİİFADƏ EDƏN ƏSƏRLƏR


     Fikrət Sadığın bir şeri var, nə vaxtsa oxumuşam, əzbər yadımda deyil, amma məzmunu belədir: «Əgər Şamaxıda soruşsalar ki, mən haralıyam, deyərəm, filan kənddən, Bakıda soruşsalar, deyərəm, Şamaxıdan, Moskvada soruşsalar, deyərəm, Azərbaycandan, xaricdə soruşsalar, deyərəm, SSRİ-dən, bir gün kosmosa uçsam və orada məndən soruşsalar ki, haralıyam, deyərəm, Yer kürəsindən.»
     Bu mənada Yer kürəsindən olan, bədii-fəlsəfi miqyası ilə bu planeti ifadə edən yazıçılar var: Şekspir, Füzuli, Molyer, Tolstoy...
     Yer kürəsini ifadə edən kitablar var: «Don Kixot», «Anna Karenina», «Robinzon Kruzo», «Qarqantua və Pantaqruel»...

K.PAUSTOVSKİ HAQQINDA


     Paustovski 1892-ci ildə anadan olub, XIX əsrdə cəmi 8 il yaşayıb, amma mənim üçün Paustovski başdan-başa XIX əsrin adamı və XIX əsrin yazıçısıdır.
     Bilmirəm, bu pisdir, yoxsa yaxşı?
     Əgər nəzərə alsaq ki, Paustovski yalnız sovet dövründə yazıb-yaradıb yəqin ki, yaxşıdır.

KEÇMİŞ TƏYİNATLAR VƏ YENİ ÇEVRİLMƏLƏR


     Moskvada elə yerlər var ki, onlar mənim gənclik çağlarımla, yazı-pozu işlərimlə, cürbəcür görüşlərimlə, təmaslarımla, münasibətlərimlə çox sıx surətdə bağlıdır və buna görə də mənim üçün doğmadır.
     Qorki (indiki Tverskoy) küçəsindəki o səkili-bu səkili kitab dükanları, Kuznetski mostda Y azıçılar İttifaqının kitab köşkü də mənim üçün eləcə doğma yerlərdəndir.
     60-cı illərin ikinci yarısında, hələ aspirantkən Kuznetski mostda kitab növbəsinə durmağım, hansı təzə çıxmış bir kitabısa ala bilmək üçün, minbir vasitəyə əl atmağım, yaxud «Drujba» mağazasında Bolqarıstanda, Yuqoslaviyada, Rumıniyada türk dilində nəşr olunmuş kitabları əldə etməyim o zamankı Moskvayla (və o zamankı Elçinlə!) bağlı mənim tez-tez yadıma düşən xatirələrimdəndir.
     Üç il idi ki, Moskvaya yolum düşmürdü və bu gün səhər müstəqillikdən sonra ilk dəfə yolüstü Moskvaya gəldim (sabah səhər Cenevrədə BMT-nin təhsillə bağlı keçirdiyi müşavirəyə uçuram).
     Tələsik nahar edib, səfirliyimizin yaxınlığında Qorki küçəsindəki o kitab dükanlarına getdim.
     Getdim və nə gizlədim, xeyli rəncidə-hal geri qayıtdım.
     Tolstoyun, Dostoyevskinin, Şoloxovun, Bulqakovun gözəl nəşrləri bir tərəfdə qalmışdı, camaat Marininanın romanlarını alırdı.
     Şekspir, Servantes, Balzak, Hüqo bir tərəfdə qalmışdı və gələn Sidni Şeldonun romanlarmı soruşurdu və alırdı.
     SSRİ-də hakim ideologiya T.Drayzeri, yaxud E.Sinkleri Qərbin böyük yazıçıları vəzifəsinə, Qorkini rus ədəbiyyatmm Allahı, Mayakovskini, yaxud Ostrovskini, Furmonovu isə, onun müavinləri vəzifəsinə təyin etmişdi (hərçənd Qorki, yaxud Mayakovski, şübhəsiz, istedad sahibiləri idi, amma, əlbəttə, Allah və onun müavini deyildilər).
     SSRİ dağıldı, ədəbi-bədii təyinatlar (!) tarmar oldu, insanlar «məcburi qiraət»dən azad oldular, hakim ideologiya daha heç nəyə sövq və təhrik etmədi və... o təyinatları «kütlə sevimliləri» əvəz etdi, Marinina və marininalar, Sidni Şeldon və sidni şeldonlar kitab dükanlarmm qəhrəmanlarma çevrildi.
     Amma, görünür, burda məyus olmalı bir şey yoxdur.
     Əslində həmişə belə olub.
     Bir rus şairi demişkən, istedadlara kömək etmək lazımdır, istedadsızlar isə, onsuz da özlərinə yol açacaqlar.

XIX ƏSRİN XARAKTERİSTİKASI


     XIX əsrdə insanlar (yalnız fransızlar yox! ümumiyyətlə, insanlar!) necə yaşayırdı? nə düşünürdü? hissiyyatı necə idi? necə sevirdi? necə nifrət edirdi? nəyə can atırdı? riya onları necə ələ alırdı?.. min ildən sonra kimlərsə bu suallarla maraqlansa, ən dəqiq cavablardan birini, şübhəsiz ki, ^Ruqon-Makkarlar)) verərdi.

TENARDYE HAQQINDA


     Ədəbiyyatın yüksək sənətkarlıqla yarada bildiyi ən iyrənc surət mənim üçün Tenardyedir.

KİTAB CƏMİYYƏTİN İFADƏSİDİR


     Bu gün cəmiyyət başdan-başa siyasiləşib və o adam ki, on il bundan əvvəl yatsa, yuxusuna da gətirməzdi, indi nadan siyasi mülahizələr yürüdür.
     Və bu gün kitablar da siyasiləşib.
     Ona görə də onları oxumaq mümkün deyil.

ƏYLƏNCƏLİ ƏDƏBİYYAT


     Edqar Po, Çesterton, Konan Doyl detektiv ədəbiyyatın nümunələrini yaratdılar.
     Sonra bu janr inkişaf etdi (güman ki, «inkişaf etdi» ifadəsi burada bir o qədər də yerinə düşmür, bəlkə də «istiqamətini dəyişdi» demək daha düz olardı) və «əyləncəli ədəbiyyat»a çevrildi.
     Necə ki, «Əyləncəli fizika», «Əyləncəli riyaziyyat», «Əyləncəli kimya» kitabları var və aralarında da elmi-kütləvi ədəbiyyatın gözəl nümunələri var.
     «Əyləncəli ədəbiyyat» maraqlı bir şeydir (misal üçün Çeyzin romanları) və ondan utanmaq lazım deyil.
     Sadəcə olaraq ədəbiyyat deyil.
     Ortada (keçid mərhələsində!) J.Simenon və A.Kristi var və onlar (xüsusən, Simenon) ədəbiyyata yaxındırlar, nəinki «əyləncəli ədəbiyyat»a.
     Yəqin ona görə ki, miss Marpl da, Puaro da, xüsusən, komissar Meqre də xarakterdirlər.

VAQİF SEHRİ


     Mənim tanıdığım ən paradoksal qələm sahiblərindən biri Molla Pənah Vaqifdir.
     Vaqifin qoşmaları başdan-başa mərmər sinədi («Lalə rüx, mərmər sinə, nərmin bədən, şirin buxaq...»), qoşa nardı («Sanasan ki, iki qəndü-şəkərdir // Qoynundakı qoşa narı, şamama...»), şamamadı («Yarın şamaməsi oxşar şəkərə...»), məmədi («Məməsi misli-şəkər, gözləri ceyran bacına...»), ağ məmədi («Əmib doyunca şirin ağ məmənin şəhdi-qəndindən...»), bəyaz məmədi («Əlvan kələğaylı, bəyaz məməlim...»), ağ bədəndi («Gül kimi nərmilə nazik pirəhəndə ağ bədən...»), ləbləri püstədi («Ləbləri püstə, yanağı laleyi-həmra pəri...»), ağzı şəkərdi («Ağzı şəkər, dili, dodağı balsan...»), zülfü pərişandı («Dönüm başına zülfü pərişan, qaraçarqat...»), lalə yanaqlıdır («Allaha şükür, lalə yanağında eyib yox...»), amma bu qoşmalardan, təcnislərdən, qəzəllərdən, müxəmməslərdən, müstəzadlardan, müəşşərlərdən biri də təkrar deyil, hər birini yeni bir söz kimi oxuyursan, həmişə də təzə-tərdir, həmişə də yenidir.
     Bu da Vaqif istedadının bir sirri-xudasıdır.

ŞEDEVR


     Çox güman, dünya ədəbiyyatı tarixində «O olmasın, bu olsun» kimi ikinci elə bir əsər yoxdur ki, bütün (!) personajları doğma xalqın məişətinə daxil olsun, onun əxlaq və xasiyyət göstəricisinin meyarı və səciyyələndiricisi səviyyəsinə qalxsın: Məşədi İbad, Hambal, Qoçu Əsgər, Qəzetçi Rza, İntelegent Həsən, Hamamçı Məşədi Qəzənfər, Sənəm, Rüstəm bəy...

KONYUNKTURA VƏ İSTEDAD

KONYUNKTURA VƏ İSTEDAD
     Konyunktura ilə İstedadın dramatik mübarizəsinə şahid olmaq üçün Bulqakovu oxumaq kifayətdir.
     Bir tərəfdə Koba haqqında pyes, o biri tərəfdə «Ustad və Marqarita». Ortada da «Qaçış».
     XX əsr rus ədəbiyyatının (və Dünya ədəbiyyatının!) xoşbəxtliyidir ki, Bulqakov yaradıcılığındakı bu mübarizədə qalib İstedad oldu.

STALİNİN KOMANDASI


     Bir Fadeyev başda olmaqla SSRİ Yazıçılar İttifaqı Stalinin «Timur və onun komandası» idi.

SİNXRONLUQ


     37-də hakim ideologiya insanları «ifşa» etdi, onları «qolçomaq», «beynəlxalq imperializmin casusu», «pantürkist», «panislamist» (belə bir damğa var idi və insanları məhv edirdi, amma nədənsə, «panxristianist» yox idi!), «antikommunist», «burjua millətçisi» və s. adı ilə güllələdi.
     Eyni işi də dərhal sovet ədəbiyyatı görməyə başladı. Səhnədə, romanların səhiflərəində, poema və şerlərin misralarında insanları eyni damğalarla ifşa etdi, onları «xalq düşmənləri»nə çevirdi, güllələdi.
     Və ordenlər, mükafatlar alındı, deputatlar seçildi, «böyük yazıçı» vəzifəsinə təyinatlar edildi, makulatura dərsliklərə salmdı...

KİSLOVODSK XATİRƏSİ


     Bu ay 1973-ün avqustu, nəhayət ki, bu iki romanın yükündən xilas oldum və onları oxudum: «Forsaytlar haqqında dastan» və «Tibo ailəsi».
     Neçə illər idi ki, onları oxumaq istəyirdim, amma hər dəfə də bir iş çıxırdı və beləcə günü günə satırdım.
     Mənim 30 yaşımda bu romanları oxumağım gec evləıımək kimi bir şeydir.
     Bu yay onları çamadana doldurub (portfelə sığışmadılar!) özümlə Kislovodska gətirdim.
     Şübhəsiz ki, bu romanların ikisi də (biri ingilis, o biri fransız mühitində) XX əsr ədəbiyyatında «ailə romanı»nın böyük nümunələridir.
     «Böyük» həm sənətkarlığına görə, həm həcminə görə (mənim üçün Kislovodsk səfərində isə həm də çəkisinə görə!).
     Ancaq XX əsr «ailə romanı»nın şedevri, şübhəsiz ki, «Brudenbroklar^dır həcminə görə bu romanlardan xeyli kiçik.

ÖZÜMLƏ SÖHBƏT


     -Dünya ədəbiyyatında ən böyük pərişanlığı kim keçirib?
     –Annanın ölümündən sonra Vronski.
     -Axı, Anna öləndən sonra, demək olar ki, roman bitir.
     -Nə olsun?

LEPELLETYE SƏHV EDİR


     Lepelletye «Paltaryuyan hersoq xanımı» romanında Napoleonun 1807-ci ilin 14 iyununda Fridland yaxınlığında rus ordusunu məğlub etdiyi döyüşü təsvir edir və yazır:
      «Lazım olan anda hər bir mühərriki işə salıb və bununla da ona tapşırılmış maşını yaxşı idarə edən mexanik kimi, Napoleon bütün ordunu hərəkətə gətirən əmrlər verdi.»
     İlk baxışda yaxşı bənzətmədir, dəqiqlik var, amma yalnız ilk baxışda...
     Əslində bu yerinə düşməyən bir bənzətmədir.
     Mexanik, mühərrik, maşm... bunlar XIX əsrin başlanğıcmdan xeyli artıq dərəcədə Lepelletyenin bu romanı yazdığı dövrün atributlarıdır.
     Bu bənzətmədəki həmin urbanizasiya elementləri mənim qavrayışımda Napoleonu tarixi kontekstdən çıxarır.

SERGEY BARUZDİNİN MƏNDƏN İNCİMƏYİ VƏ YAXUD YAZIQ SEMYON BABAYEVSKİ


     Neçə gündür ki, Sergey Baruzdinlə birlikdə Berlindəyik (ədəbi əlaqələri artırmaq üçün alman ədəbi jumalları və ADR Yazıçılar İttifaqı ilə danışıqlar aparırıq) və bütün bu günlər ərzində hər dəfə hardasa oturub çay içəndə Sergey Alekseyeviç deyirdi:
     -Elçin, bu da çaydı? Əsl çayı mən dəmləyirəm! Səninçün də dəmləyərəm, görərsən!
     Bir də ki, Semyon Babayevskidən gileylənirdi, illah da ki, bir az konyak (başqa şey içmir; hər halda, Berlində ancaq konyak içir) içəndən sonra lap qızışırdı:
     -Bir böyük roman yazıb gətirib verib bizə. Roman deyil... (Yağlı bir rus söyüşü söyürdü.) Gündə də mənə zəng edir ki, nə vaxt çap edirsən? İşə, evə, bağa... Mənim həyatımı məhv eləyib! (Yenə lap yağlı bir rus söyüşü!)
     Bu gün axşam otelə qayıdanda dedi:
     -Vaxt var, gedək mənim nömrəmə, sənə bir çay dəmləyim!
     Onun otağma getdik, çantasmdan qapqara qaralmış dəmir bir parç çıxartdı, içinə iki qaşıq hind çayı tökdü, krantm qabağına tutub ağzınacan suyla doldurdu və suqaynadanı elektrikə keçirib saldı parçın içinə.
     Mən də köhnə çaybaz kimi, maddım-maddım bu fəlakətli çaydəmləmə əhvalatına tamaşa edirdim.
     Bir azdan su qaynadı və Baruzdin xüsusi bir qürur hissilə parçdakı «çay» dediyi o mayenin yarısmı mənim stəkanıma, qalan yarısını da öz stəkanma boşaltdı:
     -Bunu soyumağa qoymaq olmaz!
     Hərəmiz (mən canımı dişimə tutub!) bir qurtum içdik.
     Baruzdin bir qalib təntənəsi ilə soruşdu:
     –Hə, necədi?
     Mən də hələ o bir qurtumdan özümə gəlməmiş:
     -Semyon Babayevskinin romanı kimi! dedim.
     Baruzdin əməlli-başlı incidi.

XİSLƏT


     Deyirlər ki, «Mossad»ın 1960-cı ildə Adolf Eyxmanı Argentinadan oğurlayıb İsrailə gətirməyi kəşfiyyatda klassik əməliyyatlardan biri hesab olunur və məxsusi təyinatlı dərsliklərdə təhlil olunur.
     Bu, əlbəttə, çox maraqlıdır və müasir detektiv ustaları yəqin ki, bundan gözəl bir roman yaza bilər (və yazırlar).
     Amma mənim üçün qat-qat daha maraqlı başqa bir cəhət var.
     Milyonlarla yəhudinin qırılmasına bais olmuş bu adam özü də mənşəcə yəhudidir.
     Bu qədər insanın qırılmasına bais olmaq dəhşətli bir şeydir, amma özün də soyqırımına bais olduğun soydan olasan bu, heyrətamiz bir şeydir.
     Belə bir xislətin təhlili (Eyxman xisləti isə, şübhəsiz ki, ədəbiyyatın predmetidir) S.Sveyk qələmi istəyir («Mariya Stüard»ı, yaxud «Fuşe»ni yazdığı kimi), L. Feyxtvanger qələmi istəyir (Russonun, yaxud Yalançı Neronun bioqrafiyasını yazdığı kimi).
     Tolstoy rus ədəbiyyatmda elə bir bədii-mənəvi dünya yaradıb ki, bu dünyadan, bu sivilizasiyadan qopmaq, ayrılmaq mümkün deyil və buna görə də Tolstoydan sonra elə böyük bir rus nasiri yoxdur ki, onun nəsrində kondirləşdirilmiş «Tolstoylar» (bəlkə də «Tolstoyçuluqlar» demək daha düzdür) olmasın: M.Bulqakov, M.Şoloxov, A.Belıy, M.Qorki, İ.Bunin, A.Kuprin...
     Yeganə Andrey Platonovdan başqa.
     «Çevenqur», «Yuvenil dənizi», «Kotlavan»... bunlar tamam başqa bir sivilizasiya nümunələridir.

PARADOKS


     Fransa tarixindən bəhs edən ən sanballı və koloritli romanları fransız yox, alman yazmışdır. (Dümanın romanları tarixi macəra romanlarıdır.)

ALBİONUN SEHRKAR QADINI


     Ayris Merdoku oxuyanda (xüsusən «Qara şahzadə»ni) mənə elə gəlir ki, əlçatmaz, ünyetməz bir uzaqlıqda, tamam yad ellərdə yaşayan bu yad (!?) qadın əlinə bir çomaq alıb, mənim ürəyimin içinə girib və o çomağı tıqqıldada-tıqqıldada ürəyimin damarlarını gəzir, baxır, görür, tapır...

LORKAYA XƏYANƏT


     Çingizdə hansısa Moskva qəzetindən kəsilmiş bir məqalə var idi və orada belə bir fərziyyə oxudum ki, guya, Lorka 1936cı ildə, 38 yaşında həlak olmayıb.
     Guya, faşistlər onu ancaq yaralayıblar, sonra sağalıb, qapalı bir həyat keçirib və iyirmi ildən sonra, 1956-cı ildə vəfat edib.
     Əgər, həqiqətən belədirsə bu həqiqətdə, elə bil ki, Lorkaya (mənim tanıdığım Lorkaya!) bir xəyanət var.
     Yəqin ki, məndəki bu hissiyyatı Lorkanın (tanıdığımız Lorkanm!) taleyi doğurur.
     Və Lorka o yazıçılardandır ki, onun yaradıcılığı ilə taleyi bir-birini tamamlayır.

ƏDƏBİYYATIN MEYDANI ƏVVƏLSİZ VƏ AXIRSIZDIR


     Bu gün rus mətbuatında yanlış və nadan bir tendensiya, elə bil ki, uzun məsafəyə qaçış startı götürüb: Şoloxovu, Qorkini kiçiltmək hesabına Babeli, Artyom Vesyolını, İlya Zdaneviçi böyütməyə çalışırlar, elə bil ki, belə bir «inkar-tərif» prinsipi ilə Babeli, Vesyolını, Zdaneviçi ədəbiyyatda təsdiq etmək istəyirlər.
     Ədəbiyyatda (və ümumiyyətlə, sənətdə!) heç kim heç kimin yerini tutmur.
     Rus ədəbiyyatında Şoloxovun öz yeri var, Babelin də öz yeri.
     «Təqdir-təkdir»li müqayisə sənətin mahiyyətinə, təbiətinə yad bir şeydir.
     Babel «Süvari ordu»yla, Vesyolı «Qanla yuyulmuş Rusiya»yla, Zdaneviç «Heyranlıq»la rus ədəbiyyatında özlərini təsdiq ediblər və hərə bu ədəbiyyatın tarixində öz yerini tutub.
     Heç bir müqayisə, heç bir şişirtmə və kiçiltmə həmin yeri dəyişmək iqtidarında deyil.
     Konyunktura yazıçıya orden verə bilər, müəyyən bir dövr üçün onu klassik elan edə bilər, ancaq həmin konyunktura iflasa uğrayan kimi, avtomatik olaraq hər şey öz yerini tutur.
     Bunun klassik nümunəsi sovet dövrünün şişirtmələri və kiçiltmələridir. Şoloxovla, Qorkiylə bərabər, başqa rəsmi «klassiklər» də var idi.
     İndi onlar haradadır?

QƏDİM YUNAN ƏDƏBİYYATI AZƏRBAYCAN DİLİNDƏ


     Esxilin («Zəncirlənmiş Prometey», «Evmenidlər», «Aqamemnon», «Xeoforlar») və Sofoklın («Tiran Edip», «Elektra», «Antiqona») faciələrinin Azərbaycan dilinə tərcümə olunması, şübhəsiz ki, tərcümə ədəbiyyatımızın böyük hadisəsidir və üç gecədir ki, əvvəllər rusca oxuduğum bu faciələri təzədən azərbaycanca oxuyuram.
     Poeziyanı tərcümə etmək, aydındır ki, çox zor bir işdir. Xüsusən, səhnə əsərini (canlı danışıq dili olmalıdır!).
     Bu poeziyanın az qala üç min il əvvəl yaranması, həm də onun naməlum atributikası bu çətinliyi qat-qat artırır və mənim fikrimcə, mümkünsüz edir.
     «Zəncirlənmiş Prometey»i də, «Antiqona»nı da nəsrlə tərcümə etmək, elə bilirəm ki, daha effektli olardı.
     Ancaq əsas odur ki, bu faciələr Azərbaycan dilində var.
     Qalanı isə gələcəyin işidir (gələcək yüz illərin!).

JANRIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ


     Elə yazıçılar var ki, onlar müxtəlif janrlarda eyni yüksək bədii-estetik səviyyədə özlərini ifadə edə bilirlər, amma elələri də var ki, onların istedadı, əgər belə demək mümkünsə, fitrətən müəyyənləşdirilmiş janrı tələb edir.
     Misal üçün, Laksnes.
     İndicə onun «Lilya» adlı bir hekayəsini rus dilindən çevirdim. Özü bunu «Nebukadnesar Nebukadnesarssonun həyatı və ölümü haqqında hekayə» adlandırıb.
     Amma məndə elə bir təəssürat var ki, kitabın 10 səhifəsi həcmindəki bu yazı, əslində, hekayə deyil, elə bil, bir romanı məngənəyə salıb sıxıblar, sıxıblar, sıxıblar və böyük bir bədiiliklə qələmə alınmış bu təsirli yazı meydana çıxıb...
     Tərsinə də olur.
     Yadıma gəlir, iki-üç il bundan əvvəl Mario Benedettinin «Beləcə dostlardı» adlı yaxşı bir hekayəsini tərcümə etmişdim və o zaman mən fıkirləşirdim ki, bu adam hekayədən başqa heç nə yaza bilməz, çünki onun istedadının, qəliz çıxmasın, təzahür forması məhz hekayədir.
     Bu sətirləri yazarkən birdən-birə daha iki müasir yazıçı yadıma düşdü: Erskin Kolduell və Benedettinin məşhur həmvətəni İtalo Kalvino.
     İkisi də XX əsrin böyük yazıçılarıdır, xüsusən, Kolduell (məktəbin sonuncu siniflərində, ilk universitet çağlarında mənə çox təsir etmişdi) və bu yazıçılar da məhz hekayəçidirlər.
     Bizdə də Haqverdiyev belədir, onun istedadına ən uyğun janr hekayədir, yəqin elə buna görə də hekayələri ilə müqayisədə dramaturgiyası uduzur.
     Necə ki, Moyemin hekayələri ilə müqayisədə romanı uduzur.

VRONSKİ ÖMRÜ


     Tolstoy qələminin mənim üçün qəribə bir xüsusiyyəti var: onun qəhrəmanları mənim təsəvvürümdə Tolstoy qələminin onlara verdiyi ömür tarixinin çərçivəsindən heç cürə kənara çıxa bilmir.
     Yəni mən, misal üçün, Annanı heç cürə 60 yaşında təsəvvür edə bilmirəm...
     Anna intihar etmədi, yaşadı və gəlib 60 yaşına çatdı bu 60 yaşlı Annanı mən qətiyyən «görə» bilmirəm.
     Yaxud Vronskini 70 yaşında təsəvvür etmək mənim üçün qəti surətdə mümkün deyil.
     Mən Levini 70 yaşında «görürəm», amma Vronskini yox.
     Mən, hətta Karenin kimi bir tipin gəncliyini təsəvvür edə bilirəm, amma Vronskinin qocalığını yox.
     Poeziyaya qiymət vermək üçün, yalnız dil bilmək (həm də mükəmməl bilmək!) kifayət deyil.
     Yalnız sözləri başa düşməklə poeziyaya qiymət vermək olmaz.
     Poeziyanı gərək hiss edəsən, onu misralarla birlikdə yaşayasan.
     Bunun üçün isə, o dillə doğulmaq lazımdır.
     Poeziya ilə insan arasmda genetik doğmalıq olmalıdır.

HÖTE BİRLƏŞDİRİR


     Mənim kitabxanamda Hötenin rus dilində müxtəlif nəşrləri
     Jukovski, Fet, Tyütçev, Pastemak... Bir-birlərindən tamam (bəzən diametral!) fərqli rus şairləri.
     Ancaq Höte özü ilə bağlı məqamda onları birləşdirir. Onların tərcüməsində bu artıq Fet, yaxud Pastemak deyil, bu tərcümənin imkanları daxilində Hötedir.
     O mənada yox ki, onların fərdiliyi zəifdir; o mənada ki, Höte poeziyası onları özlərinin yox, onun, yəni yalnız Hötenin daxili aləminin dərinliyinə varmağa imkan verir, heç vəchlə kənara çıxmağa qoymur.

MARİNA SVETAYEVA


     Marina Svetayevanın gündəliyində belə bir yer var: «Siz o biri dünyaya inanırsız? Mən hə. Amma qorxunc bir dünyaya. O qisas dünyasına! Elə bir dünyaya ki, orada hakimlər mühakimə ediləcəklər. Bu mənim bəraət günüm olacaq!»
     Bu sözlər dəhşətli daxili bir iniltidir.
     Və belə bir iniltinin sahibi, şübhəsiz ki, intihar etməliydi.

ROMAN İSTEHSALI


     Çində olanda mənə iki (?) tərcüməçi təhkim etmişdilər, ikisi də ruscadan Çin dilinə tərcümə edirdi, ikisi də filoloq idi. Mənim müasir Çin ədəbiyyatı haqqında təsəvvürüm, demək olar ki, yox dərəcəsindədir və mən bu filoloq tərcüməçilərimdən nəsə bir məlumat almaq istədim və soruşdum ki, indi Çin ədəbiyyatında nə var, nə yox?
     O saat cavab verdilər.
     Biri:
     -Bizdə bir ildə 500 roman nəşr olunur!
     O biri də fəxrlə təsdiq etdi:
     -Bəli, ildə 500 roman. Başqa janrlar haqqında da məlumat verək?
     Və beləliklə, təbii ki, mənim bu filoloq dostlarla müasir Çin ədəbiyyatı haqqmda söhbətim sona yetdi.
     Ancaq hərdən o söhbət yadıma düşür və fikrimdə belə bir misilsiz səhnə canlanır:
     Partiya qurultayıdır. Nəhəng zal ağzmacan doludur. Partiya rəhbəri qarşısma qoyulmuş məruzəni hıqqana-hıqqana oxuyur:
     «Ötən beş ildə ölkəmizdə filan ton neft, fılan ton yağ, fılan ton tərəvəz, fılan miqdarda yumurta, 2500 ədəd roman, 137000 ədəd şer, 18000 ədəd hekayə istehsal olunub...»
     Zal ayağa qalxıb əl çalır.

CAVABSIZ SUALLAR


     Akademik Dollejal müxbirin «Məhəbbət nədir?»sualma belə bir cavab verir:
     «Hansısa molekullar beyində necəsə bir yerə yığışırlar, necə? Bunu heç kim bilmir. Nə üçün Demon Tamaranı sevirdi, amma Tamara onu sevmirdi?»
     Ədəbiyyatdan gələn bu suallar cavabsızdır.
     Nə üçün Məcnun da, İbn Salam da Leylini sevirdi, amma Leyli İbn Salamı yox, Məcnunu sevirdi?
     Nə üçün Yaqo Dezdemonanı sevirdi, Dezdemona isə qara Otellonu? Və s.
     Cavab vermək mümkün deyil.
     Çünki həyatın özündə bu sualların cavabı yoxdur.

ƏDƏBİ MEYAR


     Elə mövzular var ki, onlar ancaq və ancaq Şekspir qələmi tələb edir.
     Bu yaxınlarda mətbuatda belə bir hadisə ilə bağlı kiçicik bir xatirə oxudum: qırxmcı illərdə SSRİ Dövlət Bankı sədrinin sovet pulları üzərində imza qoymağı məsələsi ortaya çıxır. Siyasi Büroda bu məsələni müzakirə edirlər. Son sözü, təbii ki, Stalin deyir: «Bu gün pula qol çəkəcək, buraxacağıq tədavülə, bəs, sabah həbsxanaya düşsə, ya güllələnsə, necə olacaq? Camaatdan pulları geri yığacağıq?»
     Bu müdrik arqumentlə də müzakirə bitir.
     Bu yerdə, nəinki adi qələm, hətta istedadlı qələm, zəhmətkeş qələm (misal üçün, Soljenitsın qələmi) acizdir, ədəbiyyatın tarixi bu cür xislət dərininə enmək üçün xüsusi meyar yaradıb: Şekspir qələmi.

DOSTOYEVSKİ DƏRİNLİYİ


     XX əsrin sonlarma yaxm terror qlobal (ümumbəşəri!) bir bəlaya çevrildikcə, elə bil ki, Dostoyevski daha da dərinləşir, inqilablara (terrora!) qarşı Dostoyevski kin-küdurəti, elə bil, laylay açılır və hər laydan da sonra yeni bir dərinlik görünür...

XX ƏSR RUS ƏDƏBİYYATI HAQQINDA VƏ YAXUD ÇƏKİŞMƏYƏN BƏRKİMƏZ


     Onuncu illərdən sonra (Tolstoy və Çexovdan sonra!) XX əsr rus tarixi başdan-başa müharibələrdən (o cümlədən, vətən daş müharibəsi), inqilablardan, terrordan, mənəvi iztirablardan, qlobal sarsıntılardan, yetmiş ildən artıq bir dövrdə (epoxal bir dövrdə!) hakim ideologiyanın anti-ədəbiyyatı ədəbiyyatdan üstün tutması hadisəsindən ibarətdir.
     Hesabla ədəbiyyat məhv olmalıydı.
     Ancaq həmin bu dövr Rusiya Dünya nəsrinə Şoloxovu, Qorkini, Bulqakovu, Bunini, Kuprini, Pastemakı, Platonovu, Belıyı, Katayevi, Trifonovu... verdi.

İLYAS ƏFƏNDİYEVİN BİR CÜMLƏSİ


     İlyas Əfəndiyevin ilk hekayəsi «Berlində bir gecə» adlanır, 1939-cu il yanvarın 26-da «Ədəbiyyat qəzeti»ndə dərc edilib və orada, gənc qəhrəmanın daxili aləmi təsvir olunarkən, misal üçün, belə bir cümlə var: «Könlündəki fərəhli duyğular, təzə bahar sabahlarında, üzərindən duman şırımları sürünən şehli bənövşələrin rayihələri qədər xəfif və sevimli idilər.»
     Bu gün bu cümlə, bu cümləni yaradan bədii-estetik ab-hava həddən artıq patetik görünə bilər, ancaq məsələ burasındadır ki, Azərbaycan ədəbiyyatı ilə bağlı belə bir müasir qiymət meyannı (zövqü, bədiiyyata münasibəti, bədiiyyatdan ummağı) elə həmin cümləni (cümlələri!) ərsəyə gətirən o bədii-estetik ab-hava yaradıb, təməl odur.
     Yəqin elə buna görə də, altmış il keçməsinə baxmayaraq, yeni Azərbaycan ədəbiyyatı haqqında düşünəndə, onu tədqiq və təhlil etdikdə İlyas Əfəndiyevin, eləcə də Ənvər Məmmədxanlının gənclik illərində yazdıqları o hekayələr yada düşür, onların öz zəmanəsinin kontekstindəki təravətini, onlardakı yeni nəfəsi bu gün də hiss edirsən, duyursan.
     İlyas Əfəndiyevin də, Ənvər Məmmədxanlının da otuzuncu illərdə, qırxıncı illərin əvvəllərində yazdıqları o gənclik hekayələri, sovet ədəbiyyatının simasını hakim ideologiyanın və sənət sahəsində inzibati stalinizmin tələb etdiyi Çapayev və Pavlik Morozov müəyyənləşdirdiyi bir dövrdə, Azərbaycan nəsrində estetik keyfiyyət dəyişikliyi yaratdı, o təhkiyə və o təhkiyəni doğuran şüur axını nəsrimizdə otuz ildən, qırx ildən, əlli ildən sonrakı (və gələcəkdəki!) uğurların bünövrəsini qoydu.

«TOLSTOYÇU»LUQ VƏ «DOSTOYEVSKİÇİ»LİK


     Əlbəttə, Tolstoy ilə Dostoyevskini qarşı qarşıya qoymaq olmaz.
     Tolstoyun da, Dostoyevskinin də, təbii ki, yalnız rus yox, dünya ədəbiyyatında öz böyük yeri var.
     Buna baxmayaraq, mən həmişə «Tolstoyçu» olmuşam.
     Ancaq illər keçdikcə hərdən elə məqamlar olur ki, ovqat (və yaş! və dünyanın işləri!) elə bil, «Tolstoyçu»nu «Dostoyevskiçi»ləşdirməyə başlayır...

«MUSİQİNİN ŞEKSPİRİ»


     Mosartı «musiqinin Şekspiri» adlandırırlar. Ancaq Veysin romanındakı Mosart «musiqinin Şekspiri»ndən çox, «musiqinin Düması»dır.

AYZEK ƏZİMOV HAQQINDA


     Moskvada möhkəm qar yağırdı (elə indi də yağır) və mən də «Moskva» mehmanxanasındakı (sən ey doğma məkan!) nömrəmdə oturub bumumu çəkə-çəkə Ayzek Əzimovun «Boş bir şey» adlı bir hekayəsini tərcümə edirdim və indicə də son nöqtəni qoydum.
     Onun kitabmı vestübüldəki qəzet köşkündə işləyən qızdan «əlborcu» almışam.
     Deyə bilmərəm ki, bu hekayə mənim çox xoşuma gəldi, ona görə də tərcümə etdim; yox, möhkəm zökəm olmuşam, küçəyə çıxa bilmirəm, Bakıya da qatarla hələ sabah günorta yola düşəcəyəm; əlim dinc durmadı.
     Ümumiyyətlə, Ayzek Əzimov məndə qəribə bir hissiyyat yaradır: onun fantastik əsərlərini oxuduqca, mənə elə gəlir ki, bu yazıçı bugünün və gələcəyin yox, əksinə, keçmişin yazıçısıdır...
     Keçmişin gələcək haqqında yazan yazıçısı.

YAZIQ KOROĞLU, BƏDBƏXT QAÇAQ NƏBl


     Elə yazıçılar var ki, xalqın məişətini, etnoqrafık detalları kitablardan öyrəniblər və onların yazılarını oxuyanda məndə elə bir təəssürat yaranır ki, elə bil, Koroğlu boynuna qalstuk taxıb, yaxud Qaçaq Nəbi başına şlyapa qoyub...

YAZILMAMIŞ ROMAN


     Neçə illərdən bəri fikrimdə indiyə qədər yazmadığım (amma çox yazmaq istədiyim!) və çox güman ki, heç zaman da yaza bilməyəcəyim (həmişə də təəssüf edəcəyim!) bir roman var: «A»nın sərgüzəşti».
     «A» adi bir hərfdir və bir yazıçı da hər gecə makinanın arxasına keçib yaşı əllini haqlamaqda olan bir qadınla özündən xeyli cavan bir oğlan arasındakı məhəbbətdən bəhs edən roman yazır və bütün hadisələri də yazıçıdan xoşu gəlməyən həmin «A» hərfi cürbəcür sözlərə düşə-düşə (məs.: insAn, qAdın, xəyAnət, səAdət, dünyA, Axmaq, Ağıllı və s., və i.a.) həmin sözlərin mənası ilə bağlı yazıçının romanmın süjetinə müdaxilə edə-edə nağıl edir: yazıçıya istehza edə-edə, bəzən ona bəraət qazandıra-qazandıra, onunla razılaşaraq, ya razılaşmayaraq, onun yazdıqlarının əksini göstərərək, yaxud onun yazmadıqlarmı, yaza bilmədiklərini və ya yazmaq istəmədiklərini danışa-danışa bir sözlə, insan xislətindən bəhs edən ayrı-ayrı hekayələrdən («A»nm söylədikləri) və yazıçmm yazdığı romandan ibarət bir roman.

MİLLİ ƏDƏBİYYATDA ƏDƏBİ ƏNƏNƏ BARƏDƏ


     Milli ədəbiyyatda ədəbi ənənə, şübhəsiz ki, ciddi faktordur, amma heç vəchlə müəyyənləşdirici deyil.
     Əgər belə olmasaydı, onda gərək, misal üçün, XIX əsrdən əvvəl romanı olmayan rus ədəbiyyatında «Anna Karenina», «Hərb və sülh» təkamül yolu ilə üç yüz ildən-beş yüz ildən sonra yaranaydı.
     Yaxud Azərbaycan ədəbiyyatında Axundov hadisəsi (birdən-birə parlaq komediyalar!), Məmmədquluzadə hadisəsi (birdən-birə parlaq hekayələr!) mümkün olmazdı.

SUN POEZİYASI HAQQINDA


     Bərk soyuqlamışdım, düz doqquz gün işə çıxmadım və bu doqquz gündə təxminən iki min misra klassik yapon xokkusunu tərcümə etdim, giriş sözü və şərhlər yazdım.
     İstəyirəm bunları ayrıca bir kitab kimi nəşr etdirim və əgər nəşr etdirə bilsəm , bu, Azərbaycan dilində ilk yapon poeziyası (ümumiyyətlə, yapon ədəbiyyatı) kitabı olacaq.
     Klassik yapon və Çin ədəbiyyatı haqqında xeyli kitab oxudum və o qədər həvəsləndim ki, indi də Sun sülaləsi dövrü (X-XIII əsrlər) Çin poeziyasından nümunələr tərcümə etmək istədim: o nümunələri seçdim, Çin ədəbiyyatı və tarixi ilə bağlı cürbəcür sorğu kitabları topladım ki, tərcümə zamanı lazım olacaq və eləcə həvəslə də qollarımı çırmalayıb işə başladım, amma... amma bu işdən bir şey çıxmadı.
     Mənim beləcə müflisə uğramağımın səbəbi onda deyildi ki, xokkular Sun poeziyasına nisbətən daha yığcamdır və orada hissiyatı ifadə edən atributlar nisbətən konkretdir bu öz yerində, amma əsas məsələ orasındadır ki, Sun poeziyası cürbəcür rəmzlərlə, eyhamlarla, öz dövrünün və özündən əvvəlki Tan dövrünün yazılı ədəbiyyatından sitatlarla, xüsusi şərhə ehtiyacı olan obrazlarla o qədər zəngindir ki, onları Azərbaycan dilinə tərcümə etmək mümkün deyil.
     Daha doğrusu, mənimçün mümkün olmadı.
     Gərək ömrünü bu işə həsr edəsən, onda, bəlkə bir şey çıxdı.

İBSEN MƏRHƏLƏSİ


     Antik dramaturgiyadan sonra, Şekspir dünya dramaturgiyasında yeni mərhələ yaratdı.
     Şekspirdən sonrakı mərhələni isə, İbsen yaratdı.
     Hətta Çexov da İbsen mərhələsinin nümayəndəsidir (gizli, «maskalanmış» nümayəndəsi).
     Müasir dramaturgiyanın atası İbsendir.
     Şekspir baba, antik dramaturgiya bünövrədir.

MORİAK VƏ MORUA HAQQINDA


     Fransua Moriak və Andre Morua mənim üçün, müasir Fransız ədəbiyyatmın Don Kixotu və Sanço Pansasıdır.
     Ancaq hansı tamam Don Kixotdur, hansı Sanço demək çətindir, çünki bəzən Moriak Don Kixot, Morua Sançodur, bəzən də əksinə; bu yazıçıların yeni-yeni yazıları meydana çıxdıqca, növbə də dəyişir.
     Yəqin bu da maraqlıdır ki, Morua da (yadımdadır, mən onun məşhur bir hekayəsini tərcümə etmişəm), Moriak da eyni ildə (1885) anadan olublar və ikisi də bu dünyadakı ömürlərində səksəni keçib (82 və 85).

SAYKAKUNUN NOVELLALARI


     Üç gündür ki, İxara Saykakunun novellalarmı oxuyuram. Rus ədəbiyyatşünası T.Redko-Dobrovolskaya Saykakunun adını avropalı müasirləri Bokkaçço, Çoser, Rable, Servantes ilə bir cərgədə çəkir.
     Ancaq bu siyahı məndə, nəsə, çox qeyri-təbii bir hissiyyat yaradır.
     Söhbət ondan getmir ki, Saykaku bu nəhənglərlə bir sırada durmağa layiq deyil.
     Saykaku buna layiqdir. Bu dünyada yaşadığı 51 il kifayət edib ki, 350 ildən sonra da o, Yaponiyanı və yaponları eyni dəqiqlik və dərinliklə tanıda bilsin, yaddaşa hopdursun, hadisələri və tipləri əyani şəkildə sənin gözlərinin qarşısında canlandırsm.
     Məsələ burasındadır ki, (bu, əlbəttə, mənim təəssüratımdır) Saykaku (və ümumiyyətlə, klassik yapon ədəbiyyatı!) tamam başqa bir sivilizasiyanm numayəndəsidir və hətta birdən mənə elə gəlir ki, klassik yapon ədəbiyyatı oradakı hisslər aləmi, əxlaq kodeksi, görmək və göstərmək, duymaq və duydurmaq tərzi tamam başqa bir planetdəki həyat təcrübəsinin ifadəsidir.

ƏDƏBİ ANALOGİYA


     Əlbəttə, nə taraskomlu Tartaren fransız (və dünya!) ədəbiyyatma gətirən Dodenin, nə də elə ilk tanışlıqdan bu qəhrəmanı qəbul etmiş oxucularm xəbəri vardı ki, uzaq bir məmləkətdə Azərbaycanda, əsrlərdən bəridir ki, bu surət (Ovçu Pirim adıyla) Azərbaycan xalqının folklorunda ovçuluqla məşğuldur.

DRÜYON GERÇƏKLİKDƏN QORXDU


     Moris Drüyon müasir dünyanm güclüləri haqqmda yaza-yaza, onun istedadı çox dərinlərə varmağa başladı və elə bil ki, Drüyon o dərinlikdə boğulmaqdan qorxdu (dəhşətə gəldi?!) və tarixə üz tutdu.
     Mənim üçün, «Dünyanm güclüləri»ni yazan Drüyon böyük yazıçıdır və o, Söz deyir.
     «Lənətə gəlmiş krallar» silsiləsini yazan Drüyon isə, əlbəttə, istedadlıdır, amma o, bir yazıçı kimi, öz istedadını aldatmaqla məşğuldur.

QORKİYƏ DƏYƏN ZƏRBƏLƏR


     SSRİ XX əsrdə Qorkiyə iki dəfə ağır zərbə vurdu:
     Birinci dəfə totolitar bir dövlət kimi, nəyin bahasına olursa-olsun, Qorkini bütləşdirəndə və bu bütləşməyə inzibati təsdiq möhürü vuranda.
     İkinci dəfə süqutundan sonra konyunktur (bu dəfə demokratiya konyunkturası!) əsaslarda meydana çıxmış yeni ədəbi generasiya nəyin bahasına olursa-olsun, Qorkini kiçiltməyə başlayanda.
     Güman edirəm ki, XXI əsrdə Qorki nəhayət, özü olacaq.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (03.09.2014) | Müəllif: R.C E W
Baxış: 541 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more