Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Tənqid və nəsr-8

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 >>


     Rəfael Nağıyevin «0n üç hekayə» adlı məqaləsi də obyektivliyi, ayrı-ayrı hekayələrin təhlilinə məsuliyyətlə yanaşılması, ümumiləşdirilmiş elmi-nəzəri fikirlər söyləməyə cəhd baxımından seçilirdi.
     «Azərbaycan» jurnalının 1-ci və 6-cı nömrələrində (1961) çap olunmuş hekayələrdən bəhs edən məqalə müəllifi Azərbaycan hekayəsi üçün səciyyəvi olan və bu janrın spesifikasından asılı surətdə daha qabarıq şəkildə özünü büruzə verən mühüm bir məsələyə toxunaraq yazırdı: «6 nömrədə gedən hekayələrin hamısı müasir mövzuda yazılmışdır. Bu, əlbəttə, alqışlanmalı, təqdir edilməlidir. Lakin təəssüf ki, müasir mövzuya həsr edilən həmin hekayələrin bəzilərində surətlər müasir adam deyildirlər. 0nlar bu günün, zəmanəmizin tələbləri ilə ayaqlaşmırlar, qarşımızda düşünən, zəhmət çəkib işləyən, sevən, sevilən adamlar kimi deyil, yazıçının sözlərini kor-koranə təkrar edən müqəvvalar kimi dayanırlar».
     Bu cəhət nəinki müharibədən sonrakı illər Azərbaycan hekayəsinin, ümumiyyətlə, Azərbaycan bədii nəsrinin ən xəstə yerlərindən idi. Təsvir olunan surət müasir zavodda, həm də elmin son nailiyyətləri ilə təchiz olunmuş zavodda işləyir, hətta böyük iqtisadi əhəmiyyətli kəşflər də edir, lakin intellektual səviyyə etibarilə, yəni həyat hadisələrinə, insanlara münasibəti, düşüncə qabiliyyəti, maraqlandığı ailə-məişət məsələləri etibarilə özündən on illərlə əvvəl yaşamış həmyaşıdından çox az fərqlənirdi, çünkı yazıçı onun psixolojisinin dərinliklərinə varmırdı — ya istedad, ya da ki, istehsalatın, modern avadanlıqların urbanist təsviri buna imkan vermirdi.
     «On üç hekayə» məqaləsinin müəllifi, B.Musayevin «Naxırçı», İ.Məlikzadənin «Hədiyyə», A.Abdullayevin «Əbdül əmi və motoroller», F.Eyvazlının «Mən nə üçün qayıtmadım» kimi hekayələrini haqlı və tutarlı tənqid edir, lakin qeyri-dəqiq fikirlər də irəli sürürdü. Məsələn, R.Nağıyev V. Şıxlının «Xəcalət» adlı hekayəsindəki qüsurlardan birini onda görürdü ki, «böyük hörmətə, məhəbbətə layiq, «çox sadə və mehriban bir oğlan olan Hatəmin burnunu yazıçı çox yekə və yöndəmsiz təsvir edib».
     Əlbəttə, bu, hissə qapılmadan irəli gəlirdi, çünki, aydın məsələdir, yekə və yöndəmsiz bir burun nə qədər yekə və yöndəmsiz olursa-olsun, «böyük hörmətə, məhəbbətə layiq» bir ləyaqətlə, «çox sadə və mehriban» bir adam olmaqla heç zaman təzad təşkil etməz, necə ki, çox yaraşıqlı bir burunun sahibi də həmişə hamının hörmət və məhəbbətini qazanmır.
     Nəhayət, bir daha Məmməd Cəfərin «Ədəbi qeydlər» adlı məqaləsi üzərinə qayıtmaq istəyirik, çünki bu məqalə ümumi elmi-nəzəri səviyyəsi, xeyirxah məqsədi və qayğıkeşliyi ilə yuxarıda yazdığımız kimi xüsusi seçilirdi.1
     Məqalədə cavan yazıçılardan Ə.Hacızadənin, Anarın, A.Əfəndiyevin, Ç.Ələkbərzadənin, Ç.Hüseynovun, Ə.Mirzəcəfərlinin, F.Sadıqzadənin. F.Eyvazlının və başqalarının «Ağ saçlı qızın hekayəsi», «Taksi və vaxt», «Sadə faciə», «Mənim bacım», «Atlı qız», «Saat işləyir» və s. kimi hekayə və kiçik povestləri gözəl təhlil olunur, elmi-nəzəri analizdən keçirilir, ümumiləşdirmə aparılırdı.
     Məsələn, məqalə müəllifi, Ə.Əylislinin «Nənəmin tütün kisəsi», «Gilas ağacı», «Ot basmış pilləkənlər» adlı hekayələrindən bəhs edərək yazırdı: «Müəllif hadisəçiliyə, əhvalatçılığa uymur. Münasib qısa yollarla təfərrüatçılığa qapılmadan birbaşa insan qəlbinə yol tapa bilır və ən əhəmiyyətlisi, tiplərin mənəvi aləmini düzgün, realistcəsinə təsvir etmək yolu ilə xarakter yaratmağa müvəffəq olur. Bu gənc istedadlı nasirin hekayələrində quru nəsihətçilik, macəra ünsürləri və yersiz publisistika da yoxdur.
     Göründüyü kimi, bu kiçik parçada Məmməd Cəfər müasir hekayə janrı üçün vacib əhəmiyyət kəsb edən məsələlərə toxunurdu və ən başlıcası isə, həmin məsələlər mücərrəd göydənasılı yox, bilavasitə müasir Azərbaycan hekayəsi ilə əlaqədar idi, çünki «hadisəçiliyə, əhvalatçılığa» uymaq, namünasib yollarla pis mənada «təfərrüatçılığa qapılmaq», insan qəlbinə yol tapa bilməmək, «tiplərin mənəvi aləmini düzgün, realistcəsinə təsvir» etməmək və bunun da nəticəsində xarakter yarada bilməmək, nəsihətçiliyə, macəraçılığa, yersiz publisistikaya varmaq kimi çatışmazlıqlar müharibədən sonrakı illər bir çox Azərbaycan hekayəsində özünü göstərir və bu janrın inkişafına mane olurdu. Məhz bu çatışmamazlıqlardan azad olduğuna görədir ki, M.Cəfər Ə.Əylislinin hekayələrini müsbət qiymətləndirirdi.
     Beləliklə də biz, Azərbaycan hekayəsindən bəhs edən bir sıra xarakter hesab etdiyimiz məqalələrə və ayrı-ayrı mülahizələrə ümumi nəzər saldıq. Nəticə olaraq, bu məqalə və mülahizələrin ikili xarakteri və s. məsələlər barədə yuxarıda yeri düşdükcə söylədiyimiz fikirləri təkrar etməyə ehtiyac duymuruq, lakin bir məsələyə diqqəti cəlb etmək istərdik.
     Müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidində Azərbaycan hekayəsi ətrafında polemikalar, prinsipial mübahisə və müzakirələr, demək olar ki, yox idi. Düzdür, bəzi nümunələr tapmaq olardı. Məsələn, tənqidçi Qulu Xəlilov «Ədəbiyyat və incəsənət» qəzetində (22 avqust 1964-cü il) «Məhəbbət» adlı bir hekayə cap etdirdi. Sonra elə həmin qəzetdə bu hekayə haqqında tənqidçi və ədəbiyyatşünas Əziz Mirəhmədovun «Bir hekayə və min bir sual» adlı məqaləsi çıxdı. Daha sonra isə yenə həmin qəzetdə bu məqalə barədə Q.Qasımzadənin başqa böyük tənqidi məqaləsi çap edildi.
     Şübhəsiz ki, bu cür mübahisələr, həm də kəskin və prinsipial mübahisələr ümumi iş üçün çox xeyirli idi, janrın gələcək inkişafına təkan verən amillərdən idi, çünki bu bir aksiomadır həqiqət mübahisələr, polemikalar zamanı ortaya çıxır. Lakin təəssüf ki, müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidində əsl yaradıcı mübahisələrə yalnız təsadüfdən-təsadüfə rast gəlmək mümkün idi.
     Oçerk barədə bir neçə söz. Dinc quruculuq dövründə, hərbi dağıntıların aradan qaldırıldığı, əmin-amanlığın, kənd təsərrüfatının, sənayenin bərpa edildiyi bir zamanda oçerkin dövri mətbuatda populyar bir janra çevrilməsi qanunauyğun idi, janrın spesifikası onu ehtiyaca müvafiq edirdi. Lakin bu, heç vəhclə o demək deyildi ki, gündəlik ehtiyaca müvafiq olduğu üçün istehsalatdan, əmək adamlarının işindən bəhs edən və bədiilikdən kənar hər cür yazılar oçerk adı ilə çap edilsin, mətbuatda, bir növ, «aparıcı janra» çevrilsin və bu səpkili yazılar heç bir tənqidi maneəyə rast gəlməsin.
     Müharibədən sonrakı illər həm Azərbaycan bədii nəsrində, həm də ədəbi tənqidində vəziyyət əsasən məhz belə idi; bir tərəfdən bədii cəhətdən son dərəcə zəif və sönük yazılar oçerk adı ilə çap edilir, digər tərəfdən də bu «oçerklər» haqqında zəif məqalələr yazılırdı həm tərifli, həm də tənqidi məqalələr.
     Zəif və sönük əsərlər haqqında zəif və sönük də məqalələr yazmaq bədii ədəbiyyatı ümumi inkişafdan saxlamaq demək idi.
     Biz, Azərbaycan oçerkindən, ümumiyyətlə, oçerk janrından bəhs edən dolaşıq, elmi-nəzəri cəhətdən səviyyəsiz, yanlış iddia və mülahizələrdən ibarət məqalələrin üzərində ayrı-ayrılıqda geniş şəkildə dayanmayacağıq, lakin qeyd edək ki, bu cür məqalələr az deyildi. Ümumi mənzərəni göstərmək üçün, yalnız bir neçə xarakterik misallar gətirməklə kifayətlənəcəyik.
     Hələ 1946-cı ildə başqa tənqidçilərə nisbətən oçerkdən daha tez-tez yazan H.Orucəli «Oçerk haqqında» adlı məqaləsində Ə.Sadığın «Qərənfil» adlı kitabçasından bəhs edərək yazırdı: «Oçerk yni zamanda (kursiv mənimdir) bədii əsərdir.»
     Bu janrla əlaqədar vəziyyət o qədər acınacaqlı idi ki, tənqidçi oçerkin eyni zamanda bədii əsər olduğunu xatırladır, sübut etməyə çalışırdı. Müharibədən sonrakı dövrdə bu məsələ ilə əlaqədar apardığımız tədqiqat bizdə belə bir təəssürat əmələ gətirirdi ki, bu cəhd oçerkin bədii əsər olduğunu sübuta yetirmək cəhdi tənqidçinin məhdudluğu yox, janrın faciəsi idi.
     Müharibə dövründə ön və arxa cəbhədə döyüşən, çalışan sovet adamlannın şücaətindən çox yazılırdı, bu yazılarda əsas məqsəd həmin adamları xalqa tanıtmaq, xalqı ruhlandırmaq, hamını səfərbərliyə almaq idi. Bu zaman çox vaxt bədiilik unudulur, doldurulan planın faizi, öldürülən faşistlərin, məhv edilən tankların, təyyarələrin sayı üstünlük təşkil edirdi və bu quru faktlar son dərəcə gərginləşmiş əsəblərin nəticəsində öz işini görürdü; bu faktların emosiyası bir növ bədiiliyi əvəz edirdi.
     Maraqlı bir vəziyyət əmələ gəlmişdi: oçerk öz mübariz xidmətini göstərirdi, ümumi işə böyük köməyi dəyirdi, eyni zamanda da bədiilikdən uzaqlaşırdı, oçerkliyindən çıxırdı. Buna görə də müharibədən sonrakı ilk illərdə Azərbaycan bədii nəsrində bu ad altında sönük, bədiilikdən uzaq yazılara tez-tez rast gəlmək mümkün idi. Ədəbi tənqid isə oçerkin vəzifəsini müəyyənləşdirə bilmir, onun bir janr kimi spesifik xüsusiyyətlərini araşdırıb təhlildən keçirtməkdə çətinlik çəkir, Azərbaycan oçerkinin qarşısında konkret tələblər qoya bilmirdi.
     Mirzə İbrahimov Azərbaycan sovet yazıçıları ittifaqının plenumundakı məruzəsində deyirdi: «Ümumən biz oçerk janrının inkişafına çox diqqət etməliyik, çünki bu janr yazıçını istər-istəməz həyatın təfərrüatına, bütün guşələrinə aparıb çıxarır. Oçerk, yazıçılarımıza həyatı dərindən öyrənməkdə, əmək prosesi və qəhrəmanlarımızla canlı əlaqə yaratmaqda misilsiz vasitədir»‘.
     Əlbəttə, buradakı sözlər həqiqət idi, oçerk bir janr kimi, doğrudan da, yazıcını bilavasitə həyatla üzləşdirir, təmasda saxlayırdı. Lakin oçerki yalnız bu cür «vasitəyə» çevirmək də insafdan deyildi. Oçerk «həyatı dərindən öyrənməkdə», «qəhrəmanlarımızla canlı əlaqə yaratmaqda» yazıçıya xidmət etdiyi üçünmü bu janra müraciət etmək lazım idi?
     M.Əsgərov «Zəmanəmizin qəhrəmanlarının zəngin mənəvi aləmini daha dərindən kəşf edək» kimi çox gurultulu sərlövhəsi olan məqaləsində Yusif Əzimzadənin «Onun həyatı» adlı oçerkini xeyli tərifləyir və axırda yazırdı ki, bəzi xırda nöqsanlarına baxmayaraq, əsər maraqla oxunur; məqalə müəllifi arzu edirdi ki, bu oçerk gələcəkdə romana çevrilsin .
     Bu xırda qüsurlar nədən ibarət idi? Tənqidçinin özünə söz verək: «Pirməmməd («Onun həyatı» oçerkinin qəhrəmanı ) sadəcə yaxşı işçi kimi göstərilmiş, lakin bir insan kimi onun mənəvi aləmi açılmamışdır... Əsərdə Pirməmməd çox çalışır, lakin bir insan kimi qəlbi az çırpınır. Onu zəngin mənəvi aləmə malik bir insan kimi təsvir etmək məsələsi əsərdə kölgədə buraxılmışdır. Pirməmməd yaxşı işləsə də, böyük ixtira və kəşflərlə məşğul olsa da, onun mənəvi aləmi əsərdə yazıçı tərəfindən kifayət qədər kəşf edilməmiş qalmışdır».
     Qəribədir, «bir insan kimi» Pirməmmədin mənəvi aləmi açılmayacaqmış, yenə də «bir insan kimi» onun qəlbi az çırpınacaqmış, «onu zəngin mənəvi aləmə malik bir insan kimi təsvir etmək məsələsi əsərdə yazıçı tərəfindən kifayət qədər kəşf edilməmiş» qalacaqmış necə olurdu ki, bunlar xırda qüsurlar kimi qəbul edilirdi?
     Bu, oçerk janrına yanlış münasibətin təzahürü idi. Məqalə müəllifinin həmin oçerkin gələcəkdə romana çevrilməsini arzulaması isə, öz növbəsində, ümumiyyətlə, bədii ədəbiyyata yanlış münasibət bəsləmək idi. Əlbəttə, M.Əsgərov, ümumiyyətlə, bədii ədəbiyyata yanlış münasibət bəsləməsəydi, oçerkdə bu cür «xırda qüsurlar» tapıb həmin oçerkin romana çevrilməsini arzulamazdı.
     Təsadüfi deyildi ki, bir sıra başqa janrlardan romanlardan, povestlərdən, hekayələrdən bəhs edən məqalələrdə, əsərin dili quru və sönük idisə, yazılırdı ki, «yazıçının dili adi oçerk dilini xatırladır». Nə üçün oçerkin dili gərək mütləq «adi oçerk dili» olmalıydı və bununla da o, quruluğun, qeyri-bədiiliyin meyarına çevrilməliydi?
     Nə üçün istehsalatdan, «əmək prosesindən» bəhs edən quru və solğun, süni və quraşdırma yazılar oçerk adı ilə mütəmadi dərc edilir və bir sıra hallarda ədəbi tənqid tərəfindən razılıq hissi ilə qarşılanırdı, lakin müasir insanların, həm də yalnız istehsalatda yox, başqa sahələrdə də çalışan insanların xarakterini açan, psixolojisini dərin bədii analizdən keçirən, mühüm məsələlər qaldıran oçerklərə az-az təsadüf olunurdu?


     Bu «nə üçün»lərin cavabı Azərbaycan ədəbi tənqidində tamamilə açıq qalmışdı.
     Sönük və quru dildən, süni, quraşdırma hadisələrin təsvirindən başqa Azərbaycan oçerkində şablon halını almış bir mühüm qüsur da var idi: oçerk qəhrəmanlarını dünyanın ən xoşbəxt adamları kimi, heç bir tərəddüd keçirmədən, heç vaxt yanılmadan avtomat kimi işləyən və şüarlarla danışan əsl müqəvva şəklində təsvir etmək.
     Rəsul Rza «Oçerk haqqında» məqaləsində yazırdı: «Müəyyən ədəbi müvəffəqiyyət saydığımız Əvəz Sadığın və Əlizadənin (Məhərrəm Əlizadə nəzərdə tutulurdu) oçerklərində, eləcə də Sabit Rəhmanın, Mir Cəlalın, Osman Sarıvəllinin, Əbülhəsənin oçerklərində gözə çarpan mühüm nöqsanlardan biri də qəhrəmanların birtərəfli, ən işıqlı boyalarla verilməsidir. Bu səbəbdən əsəri oxuyub qurtardıqda, bir anlıq elə bir təsir yaranır ki, bu adamlar, necə deyərlər, anadan köynəkli doğulmuş xoşbəxtlərdir. Hələ oçerklərimizdə qəsidəçilik qüvvətlidir. Biz yazıçılarımızdan həyat həqiqətini qorxmadan bütün çətinlik, bütün müvəffəqiyyət və məhrumiyyətləri ilə verməyi tələb etməliyik».
     Bu mühüm məsələlər yazıçıdan tələb olunurdusa da, Azərbaycan oçerki bir küll halında həmin tələblərə cavab vermirdi, «anadan köynəkli doğulmuş xoşbəxtlər» haqqında mədhnamələr yazılmaqda davam edirdi.
     Lakin illər yenə də öz işini görürdü... Yavaş-yavaş, xüsusən, sovet yazıçılarının II qurultayından sonra, oçerk janrı ilə əlaqədar həm yazıçılarda, həm də ədəbi tənqiddə məsuliyyət hissinin nisbətən artdığını müşahidə etmək olardı.
     26 mart 1955-ci ildə «Ədəbiyyat və incəsənət» qəzeti «Bədii oçerkə diqqəti artıraq» adlı baş məqaləsində göstərirdi ki, II qurultaydan sonra oçerk janrı sahəsində indiki vəziyyəti qətiyyən qənaətbəxş hesab etmək olmaz, bu məsələyə diqqəti artırmaq və ümumiyyətlə, bu məsələ ilə əlaqədar ciddi düşünmək lazımdır.
     Başqa bir məqalənin müəllifi yazırdı ki, «oçerkə dördüncü, beşinci dərəcəli bir janr kimi baxmaq olmaz. Tolstoy, Turgenev, Qorki, Korolenko kimi böyük sənətkarlar da oçerk yazmışlar. İstər roman olsun, istər oçerk, yazıçı qələminin gücü hər yerdə özünü göstərəcəkdir».
     Ümumiyyətlə, qeyd etmək lazımdır ki, 60-cı illərdə oçerk və sənədli povestlər sahəsində bir sıra nailiyyətlər əldə edilmişdisə də bu sahənin problemləri 1965-ci ildən sonra belə Azərbaycan bədii nəsrində, həm də ədəbi tənqidində həll olunmamış qalırdı.
     Beləliklə, biz, 1945 1965-ci illər arasında ədəbi tənqidin Azərbaycan bədii nəsrinin poetikasına, eləcə də ayrı-ayrılıqda bəzi janrlara münasibətindən qısa şəkildə bəhs etdik.
     Nəticə etibarilə nə demək olar?
     Başqa sahələrdə olduğu kimi, nəsrin poetikasının, ayrı-ayrı janrların spesifikasının işıqlandırılması baxımından da Azərbaycan ədəbi tənqidində bir küll halında inkişaf şübhəsiz idi. Lakin başqa sahələrə nisbətən bu inkişaf ləng gedirdi.
     Həmin inkişafin sürətli olması üçün Azərbaycan ədəbi tənqidi ayrı-ayrı janrların öyrənilməsinə, xüsusən, nəsrin poetikasına daha artıq və ciddi surətdə diqqət yetirməli idi və bu gün də yetirməlidir.

SON SÖZ


     1959-cu ildə Məmməd Cəfər «Ədəbi tənqid yeni vəzifələr qarşısında» adlı bir məqalə ilə çıxış etmişdi.
     Məqalə müəllifi Azərbaycan ədəbi tənqidinin bir sıra müvəfəqiyyətlərini qeyd edərək, əsasən, nöqsanlar üzərində dayanırdı ki, həmin nöqsanları aşağıdakı kimi qruplaşdırmaq olar:
     1.Ədəbi tənqidin həyatla əlaqəsinin zəifliyi.
     Burada bir məsələni aydınlaşdırmağı lazım bilirik. Azərbaycan bədii nəsrindən bəhs edən çox az məqalə tapmaq olardı ki, orada «həyat həqiqətləri» ifadəsi bir neçə dəfə təkrarlanmasın. Əksərən bu məhfum altında nə nəzərdə tutulurdu?
     Əgər «yazıçı həyat həqiqətlərinə sadiq qalmışdır» fikri söylənirdisə, çox zaman bu o demək idi ki, misal üçün, kolxoz həyatından bəhs edən əsərdə müvafiq göstəricilərdəki kimi, pambıq, ya taxıl becərilməsi və yığılması üsullarına düzgün riayət edilir. Yaxud əsər istehsalatdan idisə, qəhrəman da deyək ki, gəmi təmiri zavodunda işləyirdisə, «yazıçı həyat həqiqətlərinə sadiq qalmışdır» fikri bu mənada başa düşülürdü ki, müasir dövrdə gəmilərin təmiri məsələsi elm və texnikanın yeni nailiyyətləri, eləcə də müvafiq orqanların, bu işlə məşğul olan təşkilatların ən yeni qərarları baxımından əsərdə düzgün göstərilmişdir.
     Deməli, hərgah tənqidçi «həyat həqiqətlərini» bu şəkildə yazıçıdan tələb edirdisə və məsələyə məhz bu baxımdan yanaşırdısa, aydın məsələ idi ki, həmin tənqidçinin həyat həqiqətləri haqqındakı təsəvvürü qüsurlu idi, tam deyildi.
     M.Cəfər də tənqidin həyatla əlaqəsinin zəif olduğunu yazdıqda məhz bu cəhəti nəzərdə tutur və düzgün izah edirdi.
     Məqalə müəllifi göstərirdi ki, tənqidçinin həyat haqqında öz məxsusi fikri olmalıdır, o, həyat hadisələrinə bir filosof kimi baxmalıdır. Yəni əgər sənətkar «mürəkkəb həyat hadisələrinin bədii həllində ağılları heyran edibsə... belə hallarda tənqidçi özünün həyat haqqında fikirlərini yazıçının əvəzsiz canlı həyat müşahidələri ilə zənginləşdirib, öz idrak qabiliyyətini, ruhən ona çox yaxın olan bədii dühanın idrak qabiliyyəti ilə qüvvətləndirir. Başqa sözlə, böyük həyat həqiqətlərinin müdafiəsində tənqidçi ilə yazıçı, ədəbiyyat haqqında olan elmlə bədii yaradıcılıq köməkləşir, birləşir, birbirini tamamlayır».
     Bunun əksi olanda isə yazıçı müşahidəsi ilə həyat həqiqəti arasındakı ziddiyyəti tənqidçi göstərməlidir. «Tənqidçi göstərmişdir ki, tənqidçinin birinci növbədə gərək özünün həyata aydın münasibəti olsun. Deməyə öz sözü olsun, bunlar olmayanda tənqidçi olur yazıçının passiv təqlidçisi, kəndirbazın kosası»
     2.Eimi-nəzəri səviyyənin aşağı olması və bəzi tənqidçilərin sənətkarlıq sirlərindən xəbərsizliyi.
     M.Cəfər yazırdı ki, «tənqidlə məşğul olan yoldaşların çoxu ədəbiyyatın nəzəri məsələlərinə və sənətkarlıq sirlərinə dərindən vaqif olmağa çalışmırlar (doğrudur!) və yəqin buna görədir ki, əsl sənət əsərlərinin tənqidinə girişən, yeni fikir söyləyənlər az olur».
     3.Mövzu aktuallığı məsələsinin düzgün başa düşülməməsi və avtoritetlər qarşısında güzəştə getmək.
     «Bəzən «mövzu aktuallığı» və eynı zamanda yazıçının bir çox yaxşı əsərlərin müəllifi olması xatirinə pis və miyanə əsər təriflənir».
     4.«Ədəbi tənqidin mühüm nöqsanlarından biri də onda obyektivliyin, prinsipiallığın, ədalətli hökmün çatmamasıdır».
     5.Kəmiyyət və keyfiyyətin təzadı.
     Yəni bir sıra tənqidçilər mümkün qədər çox yazmağa tələsir, keyfiyyətə isə fikir vermirlər. «Bizdə... elə yoldaşlar var ki, bir ildə 50-60 məqalə yazırlar. Bunların da əksəriyyəti bu və ya başqa bir əsər haqqında ümumi sözlərdən ibarət olur... Bu məqalələrin çoxu təbliğ, izah xarakterində olmuşdur. Onlarda ümumi ədəbi prosesin inkişafı üçün zəruri olan məsələlərə, ümumi nəzəri problemlərə çox az toxunulmuşdur».
     6.Məqalələrin özlərinin forma və quruluşu qənaətbəxş deyil.
     M.Cəfər yazırdı. «Tənqidimizdə forma məsələsi də çox zəif və yeknəsəqdir. Tənqidi məqalələrin hamısı ifadə tərzi və xüsusi kompozisiya cəhətdən bir-birinə bənzəyir. Sözcülük, uzunçuluq, artıq təfərrüat məqalələrin çoxunda özünü aydın hiss etdirən zəif cəhətdir».
     7.Bir sıra məqalələrin dili nöqsanlıdır və onların emosional təsiri yoxdur.
     «Tənqidi məqalələrin dili də çox zaman ağır, hətta nöqsanlı olur». Məqalə müəllifi göstərir ki, onlar oxunaqlı, «ədəbi əsər qədər təsirli», cəlbedici deyil.
     M.Cəfər bu nöqsanları göstərir və onların üzərində ətraflı dururdu.
     Biz nə üçün bu kiçik son sözdə həmin məqaləni bu qədər ətraflı şərh etdik?
     Əvvəla, ona görə ki, bizcə, Məmməd Cəfər bu məqalədə müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidinin ümumi qüsurlarını dəqiq göstərmişdir və bu qüsurlar bədii nəsr məsələlərinə həsr olunmuş məqalələrdə, resenziyalarda özünü daha qabarıq nəzərə çarpdırırdı.
     İkincisi və başlıca olaraq ona görə ki, Məmməd Cəfərin bu məqaləsini oxuduqdan sonra iki hiss keçirirsən: bir tərəfdən Azərbaycan ədəbi tənqidinin göstərilən bu qüsurları ilə tamamilə razılaşaraq (çünki özün də bu qənaətdəsən) təəssüflənirsən, digər tərəfdən isə səndə nikbin bir əhval-ruhiyyə yaranır, çünki artıq Azərbaycan ədəbi tənqidi inkişaf edərək elə bir mərhələyə çatıb ki, özü də qüsurlarını bu cür dəqiq və elmi-nəzəri əsaslarla göstərir.
     Lakin bu kifayətdirmi?
     Yox, kifayət deyil.
     1945 1965-ci illər Azərbaycan ədəbi tənqidinin Azərbaycan bədii nəsri ilə əlaqədar fəaliyyətini, onun qaldırdığı problemləri, aşıladığı nəzəri f ikirləri elmi təhlildən keçirdikdən, spesifikasını müəyyən dərəcədə aydınlaşdırdıqdan sonra, biz belə bir nəticəyə gəldik ki, Azərbaycan ədəbi tənqidi daima inkişafda olmuşdur və illər keçdikcə xüsusən 60-cı illərdə bu inkişaf daha sürətli olmuş, qaldırılan problemlərin, söylənilən fikirlərin, elmi-nəzəri səviyyəsi yüksəlmişdir. Lakin belə bir inkişaf daha artıq dərəcədə Azərbaycan bədii nəsrinə aiddir, yəni ədəbi tənqidin inkişafı hələ də bədii nəsrin inkişafından geri qalır. Bu geriliyi aradan götürmək müasir Azərbaycan ədəbi tənqidinin vətəndaşlıq borcudur.

1966 -1969.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (28.08.2014) | Müəllif: R.C E W
Baxış: 523 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more