Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Tənqid və nəsr-4

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 >>


     Biz aşağıda Azərbaycan ədəbi tənqidinin qəhrəman və əmək, müsbət qəhrəman, mənfi qəhrəman, xarakter və xarakteristika, tipiklik və s. məsələlərə münasibəti və bu məsələləri necə işıqlandırması barədə ayrıca danışacağıq.
     Lakin indidən qeyd etmək lazımdır ki, bu məsələlər baxımından Azərbaycan ədəbi tənqidinin, xüsusən, 50-ci illərdəki səviyyəsi yüksək deyildi.
     Qəhrəman barədə çox yazılırdısa da, ümumiləşdirilmiş fikirlərə, bir küll halında Azərbaycan bədii nəsrinə şamil edilə biləcək qüsur və məziyyətlərə çox az təsadüf olunurdu, tənqidçi qarşıya qoyduğu problemləri həll edə bilmirdi.
     Məsələn, «Müsbət qəhrəman məsələsinə dair» adlı bir məqalədə S. Rəhimovun yaradıcılığına istinad edilərək, ümumiyyətlə, müsbət qəhrəman haqqında mülahizələr yürütməyə cəhd edilirdi.
     Əlbəttə, bu, yaxşı cəhətdir, lakin çox təəssüf ki, bir çox eyni məqsədli başqa məqalələr kimi bunu da oxuyub qurtardıqdan sonra görürük ki, həmin cəhd yalnız cəhd olaraq da qalır.
     Bir çox məqalələrdə, məruzə və çıxışlarda bədii nəsr əsərlərindəki qəhrəmanların kiçicik hərəkəti belə izlənirdisə də, onların nə etdikləri, harada işlədikləri, necə işlədikləri bütün təfərrüatı ilə nağıl edilirdisə də, bu qəhrəmanların daxili aləmlərinə, yazıçı təsvirlərindəki sənətkarlığa göz yumulurdu.
     M.Hüseynin xarakter bir iradı yada düşür. O, üzünü «1959cu ildə Azərbaycan bədii nəsri» mövzusunda keçirilən müşavirədə romanlar üzrə məruzəciyə tutub demişdi: «Siz öz məruzənizdə doğru olaraq dediniz ki, yazıçı nədən yazırsa-yazsın, romanı roman edən qəhrəmandır. Siz «Aran»da (Söhbət S.Əhmədovun eyniadlı romanından gedir) hər şeydən danışdınız, qəhrəmanların hər bir hərəkətini izlədiniz, ancaq onların psixolojisindən, xarakterindən danışmadınız. Sabir Əhmədovun raykom katibi surəti ilə bizim ədəbiyyata gətirdiyi yenilik nədən ibarətdir? Bu bilinmədi, onun xarakteri açılmadı».
     Elmi-nəzəri təhlil əvəzinə, dolaşıq fikirlər, primitiv düşüncələr, hətta qrammatik cəhətdən savadsız məqalələr qəzet və jurnal səhifələrində tez-tez özünə yer tapırdı. Bəzi məqalələrdə söhbət bədii surətlərdən gedirdisə də, kin, ədavət, şəxsi-qərəzlik kimi cəhətlər açııq-aydın hiss olunurdu.
     Məqalə obyektiv olmadıqda, yəni əsərdən çıxış etməyərək, qarşıya həmin əsəri darmadağın etmək, yaxud göyə qaldırmaq məqsədi qoyulduqda, fikirlər də dolaşıq olur, səviyyə də aşağı düşürdü. Hətta adicə cümlələr də düzgün qurulmurdu. Bu səpkili yazılar üçün səciyyəvi bir misal gətirməklə kifayətlənəcəyik.
     «Doğma və yad adamlar»ın taleyi nə ilə qurtardı?» adlı məqaləni oxuduqda görürsən ki, məqalə müəllifi qarşısına yalnız bir məqsəd qoymuşdur: nə yolla və nə cür olursa-olsun, İ.Hüseynovun «Doğma və yad adamlar» romanını darmadağın etmək, özü də bədii təhlil vasitəsilə yox, əsasən, quru sosiologiya ilə.
     Məqalədə göstərilir ki, İ.Hüseynov tənqidə etinasızdır, «mənfiliklərdən» yazır, «mənfiliklərə» qarşı mübarizə yoxdur, az-çox müsbətlər də zəifdir (bu iddiaların heç biri sübut olunmur), halbuki «müəllif gənc yazıçı Rəşidi, bir növ, öz prototipinə çevirmiş (? -E.) və çalışmışdır ki, mənfiliklərə qarşı ardıcıl mübarizə aparan, haqqın və ədalətin səsini ucaldan, müsbət və ideal bir insan surəti yaratsın.»
     Buradakı mülahizələrin də heç biri əsaslandırılmamışdır.
     Nə üçün tənqidçi bu qərara gəlib ki, Rəşid roman müəüifinin prototipidir? (Hələ burasını da demirik ki, surət prototip ola bilməz, surətin prototipi olur). Məlum olmur. Roman müəllifinin Rəşidin simasında «ideal bir insan surəti» yaratmağa çalışmasını tənqidçi nədən bilir? Axı, bir az aşağıda məqalənin özündən belə məlum olur ki, yazıçının qarşısında belə bir məqsəd yox imiş: «Çox maraqlıdır ki, müəllifin özü də çox yerdə Rəşidin xarakterindəki soyuq mərdimgirizliklə, yersiz şübhəçiliklə, mənasız və bəsit fəlsəfəçiliklə məşğul olmasını pisləyir». Deməli, yuxarıda söylənən fikir inkar edilir, çünki əgər, doğrudan da, roman müəllifi öz qəhrəmanının xarakterindəki bu qüsurları görürsə, deməli, o, qarşısına «ideal insan yaratmaq» məqsədini qoya bilməz.
     Get-gedə Azərbaycan ədəbi tənqidində bu cür dolaşıqlıq, bəsitlik azalsa da, hətta 60-cı illərdə belə, bədii nəsrdəki, surətlərin obyektiv elmi-nəzəri təhlilini verən, mühüm nəzəri problemlər qaldıran məqalələrə az təsadüf edirik. Halbuki, bunun üçün kifayət qədər material vardı. Misal üçün, təkcə elə 1963-cü ildə S.Rəhimovun «Şamo» romanının üçüncü hissəsi, Ə.Vəliyevin «Budağın xatirələri» romanının mabədi, Ə.Əbülhəsənin «Tamaşa qarının nəvələri», İ.Əfəndiyevin «Dağlar arxasında üç dost», Q.Musayevin «Şimal küləyi» romanının ikinci hissəsi, İ.Hüseynovun «Kabus», yenə də Ə.Vəliyevin «Jurnalist kəndə gəlir», H.Abbaszadənin «Ləpədöyəndə», Ş.Əsgərovun «Müstəntiq Cəbrayılov» və s. kimi bir çox roman və povestləri dərc olunmuşdu. Göründüyü kimi keyfiyyətdən fərqli olaraq kəmiyyətdən şikayətlənmək mümkün deyildi.


     Azərbaycan ədəbi tənqidi üçün Azərbaycan bədii nəsrinə istinad edərək elmi-nəzəri mülahizələr yürütməyə imkan və şərait vardı, lakin ortada sanballı tənqidi əsər çox azdı.
     Əmək və qəhrəman. Müharibədən sönrakı dövr Azərbaycan bədii nəsrinin ən nöqsanlı cəhətlərindən biri «müsbət qəhrəman və əmək» məsələsi ilə əlaqədar idi. Müsbət qəhrəman istehsalatda, kənd təsərrüfatında, ya da partiya işində çalışır və məhz «müsbət qəhrəman» olduğu üçün planı vaxtından əvvəl artıqlamas ilə yerinə yetirir, yeni təşəbbüslər ortaya atır, bu təşəbbüslərin həyata keçirilməsi uğrunda mübarizə aparır və aydın məsələdir ki, qalib gəlirdi. Yəni bu qəhrəmanlar hərtərəfli müasir insan yox, yalnız müəyyən bir peşə sahibi idi. Onların hərtərəfli müasir insan kimi görünməyə vaxtları çatmırdı. Çünki həmişə işlə məşğul olur, həmişə iş barədə fikirləşirdilər; buna görə də canlı insan yox, pis mənada «iş adamına» çevrilirdilər.
     «Müsbət qəhrəman» ona görə fədakarlıqlar edirdi ki, o, müsbət qəhrəmandır, bu fəaliyyət əsərin bədii məntiqindən doğmur, müsbət qəhrəmanın gördüyü işlərlə onun bədii çəkisi arasında təzad yaranırdı.
     Hələ 1955-ci ildə professor Mir Cəlal diqqəti bu məsələyə cəlb edirdi: «Bir çox əsərlərimizdə təsvir olunan adamlar real, təbii çıxmır. Nə üçün? Ona görə ki, yazıçı onları maraqlı, mürəkkəb, həyati olan canlı adamlar kimi yox, ancaq bir peşə sahibi (kursiv M.C.-ındır) kimi sədr, katib, traktorcu, buruq ustası, müəllim və sairə kimi təsvir edir. Meşin pencəyi əynindən çıxart, raykom katibi öz obrazlığını itirmiş olur.
     Bu məsələ ilə əlaqədar müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidinin ikili xarakteri meydana çıxırdı.
     Belə ki, bir tərəfdən bu cür «müsbət qəhrəmanlar» tənqid olunurdusa da, bədii cəhətcə zəifliyi göstərilirdisə də, digər tərəfdən Azərbaycan nəsrinin bu nöqsanlı cəhəti razılıq hissilə yazıçı müvəfəqiyyəti kimi qiymətləndirilirdi.
     Bu ikili xarakter arasındakı tənasübə gəldikdə isə, 60-cı illərə qədər birincilər, yəni bu nöqsanı göstərib tənqid edənlər, daha savadlı və elmi-nəzəri cəhətdən daha sanballı olduqlarına baxmayaraq (bəlkə də elə buna görə) ikincilərə nisbətən azlıq təşkil edirdi; səs çoxluğu ikincilərdə idi və Azərbaycan nəsrində bu nöqsanın daha dərin köklər atmasına səbəb olurdu.
     Vaxtilə yazıçı Ə.Vəliyevin «Gülşən» povesti ilə əlaqədar dərc olunmuş bir sıra məqalələri nəzərdən keçirsək, Azərbaycan ədəbi tənqidindəki bu ikili xarakter müəyyən dərəcədə aşkar olar.
     İlk növbədə öz dövrü üçün çox cəsarətli olan və eyni zamanda Azərbaycan ədəbi tənqidindəki keyfiyyət təzadını göstərən bir məqalə üzərində dayanaq.
     Bu məqalənin müəllifi tənqidçi C.Cəfərov o zaman (50-ci illərin əvvələrində) çox dəbdə olan «qəhrəmanı əmək prosesində təsvir etmək lazımdır» tezisinin yanlış, birtərəfli başa düşüldüyünü və bunun bədii ədəbiyyata vurduğu zərbəni elmi-nəzəri məntiqlə açıb göstərmişdir.
     Məqalə müəllifi müharibədən sonrakı illərdə Azərbaycan bədii nəsrinin inkişaf etdiyini yazaraq, o dövrdə meydana çıxmış bir sıra nəsr əsərlərinin kənd həyatından bəhs edən «Böyük günlər» (S.Rəhman), «Gülşən» (Ə.Vəliyev), «İpək sap» (İ.Hüseynov), «Təzə şəhər» (M.Cəlal) kimi roman və povestlərin ayrı-ayrı məziyyətlərini göstərir, eyni zamanda, o dövrün nəsri üçün xarakter iki mühüm qüsur üzərində dayanırdı ki, bunlardan da birincisi «əmək», «iş prosesi» məsələsi ilə bağlı idi.
     Azərbaycan bədii nəsrinin getdikcə inkişafına dəlalət edən mühüm amillərdən biri bu idi ki, o, yavaş-yavaş həyata daha dərindən nüfuz etməyə, üzdən getməməyə çalışırdı və aydındır ki, C.Cəfərovun göstərdiyi kimi, «ədəbiyyat həyata nə qədər dərindən nüfuz edirsə, sənətkarlıq məsələləri bir o qədər böyük əhəmiyyət kəsb edir. Bunun üçün orta professional səviyyə kifayət deyildir. Yazıçı yeni həyat materialını, yeni insanları müvəfəqiyyətlə təsvir edə bilmək üçün sənətkarlıq məsələlərinə çox ciddi fikir verməli, yeni yollar axtarıb kəşf etməlidir».
     Düzdür, müasir ədəbiyyatda idraki material güclü olmalıdır, yəni yazıçı təsvir etdiyi sahəni yaxşı bilməlidir, elm-texnikadan baş çıxartmalıdır, fəqət bu o demək deyildi ki, yazıçı «əmək prosesini addımbaaddım izləyib yazsın. Azərbaycan pambıqçılarının həyatından yazılan bir əsərdə məqsəd oxucuya pambıqçılıq öyrətmək deyil. Bunun üçün kənd təsərrüfatı elmi vardır». Eləcə də inşaatdan, baramadan, neftdən, maarif sistemindən və s. sahələrdən alınmış əsərlər.
     Məqalə müəllifi çox haqlı olaraq yazırdı ki, əsərdə təsərrüfat işlərini, əmək prosesini o dərəcədə göstərmək lazımdır, nə dərəcədə bu iş prosesi, bu təsərrüfat hadisələri insanların f iki r və hisslərini şərtləndirir. «Məqsəd təsərrüfat hadisələrini göstərmək yox, bu hadisələrin doğurduğu fikir və hissləri canlı şəkildə ifadə etməkdir».
     Lakin o dövrün nəsr əsərlərinin bir çoxunda bunun əksini müşahidə etmək olardı. Yəni mövzusu təsərrüfatdan götürülmüş bir çox roman və povestlərdə məqsəd təsərrüfat hadisələrinin doğurduğu «fikir və hissləri canlı şəkildə ifadə etmək» yox, məhz bu hadisələrin özlərini göstərmək idi. Bəzən, elə bil, pambıq yığımı və yaxud taxıl becərilməsi, neft quyusu qazılması barədə gündəlik qəzet məlumatları külliyatını oxuyurduq, çünki təsərrüfat hadisələri təsvir etmək naminə təsvir etmək həmin əsərlərdə əsas yeri tuturdu. Aydın məsələdir ki, belə yerdə zərbə, ilk növbədə, obrazlara, xarakterlərə dəyir, onların bədii çəkisini zəiflədirdi.
     B.Cəfərov bu baxımdan «Gülşən» povestinə nəzər salır, bu əsərdəki iki əsas xarakterin Gülşənin və Xanpərinin bədii san- 8 16 balını müqayisə edərək göstərirdi ki, bir bədii surət, bir xarakter kimi Xanpəri daha güclü çıxmışdır.
     Niyə? Hansı səbəbə görə Xanpəri Gülşənə nisbətən bir bədii surət kimi daha güclüdür?
     «Ona görə ki, Xanpəri təsərrüfat hadisələri içərisində itibbatmır».
     Çox dəqiq cavabdır. Bu o deməkdir ki, Xanpəri arvadın canlı bir insan olmağa istər «mənfi», istər «müsbət» vaxtı var, o, müqəvva deyil.
     Bəs, Gülşən surəti niyə zəif çıxmışdır, bunun səbəbi nədir?
     Səbəb ondadır ki, Gülşən «pambıq əkininə hazırlıqdan başlamış, ta pambıq yığımına qədər tarladan demək olar ki, ayrılmır və oxucu ardıcıl olaraq pambıq becərilməsi prosesini bütün incəliklərinə qədər izləyir. Gülşənin sözü-söhbəti, fikri-zikri pambıqladır, başqa heç bir şey onun diqqət mərkəzinə daxil ola bilmir.
     Əlbəttə, bu mülahizələrdən ifrat nəticələr çıxarmaq tamamilə yanlış olardı. Bu həqiqət idi ki, zəhmət və zəhmətə münasibət sovet adamının xarakterində mühüm amillərdən biridir. Lakin bu heç vəchlə o demək deyildi ki, C.Cəfərovun yazdığı kimi, xarakter ancaq və ancaq iş prosesində göstərilməlidir. Gülşən surəti isə yazıçı tərəfindən məhz bu cür göstərildiyinə görə «onunla əlaqədar hadisələr çox yeknəsəq təsir bağışlayır. Hadisələrdəki bu yeknəsəqlik isə xarakterin məhdudluğuna səbəb olur. Gülşənin fikirləri, hissləri də yeknəsəq şəkil alır», «yazıçı süni olaraq onun həyatını, fikrini və hissini tarlanın çərçivələri içərisində məhdudlaşdırır».‘
     Biz ona görə bu məqalənin üzərində dayandıq ki, burada «əmək və qəhrəman» məsələsi düzgün qoyulmuşdur, müharibədən sonrakı dövr Azərbaycan nəsrinin səciyyəvi və mühüm bir nöqsanını əmələ gətirən səbəb «qəhrəmanı əmək prosesində təsvir etmək lazımdır» tezisinin yanlış başa düşülməsi düzgün göstərilmişdir.
     Lakin təəssüf ki, Azərbaycan ədəbi tənqidində 60-cı illərə qədərki dövrdə bu səpkili məqalələrə az təsadüf edib, yuxarıda göstərdiyimiz qüsurun meydana çıxmasına şərait yaratmış fikirlərə, surətlərin yanlış və birtərəfli təhlilinə, bu baxımdan onlara verilmiş əsassız qiymətlərə, təriflərə mütəmadi rast gəlirik.
     Bir neçə misal.
     Q.Qasımzadə «Sosializm kəndinin yeni adamları» adlı məqaləsində yazırdı ki, müsbət qəhrəmanların «xarakterlərini açıb göstərmək üçün birinci şərt onların işini, fəaliyyətini göz qabağına gətirməkdir» və məhz buna görə də Gülşəni sevdiyini bildirirdi. Daha sonra oxuyurduq ki, «kütlələrin əmək coşğunluğunu yüksəldən sosializm yarışı, həyatda olduğu kimi, bədii ədəbiyyatda da müsbət qəhrəmanları səciyyələndirən ən qüvvətli vasitədir».
     Başqa sözlə desək, bu o deməkdi ki, hərgah qəhrəman sosializm yarışında qalib gəlirsə, deməli, o, güclü bədii surətdir, çünki «kütlələrin əmək coşğunluğunu yüksəldən sosializm yarışı həyatda olduğu kimi, bədii ədəbiyyatda da müsbət qəhrəmanları (yəni bədii surətləri səciyyələndirən ən qüvvətli vasitədir.»
     Təsadüfi deyildi ki, C.Cəfərovun yuxarıda göstərdiyimiz fikrilə mübahisə edən məqalə müəllifi yazırdı: Gülşən surətinin zəif çıxması «zəhmət prosesinin vüsətindən, geniş təsvirindən irəli gəlmir», bəs nədən irəli gəlir cavab verilmirdi.
     Başqa bir məqalədə oxuyurduq ki, Gülşən «yeni şüura», «zəngin mənəviyyata malik, çalışqan, təmiz qəlbli, sevən və sevilən bir qız kimi, diqqəti cəlb edir». Əlbəttə, Gülşən çalışqan olmağına çalışqandı, buna söz ola bilməz, bəlkə də ifrat dərəcədə çalışqandı və bu cür çalışqanlıq yəqin bədii məziyyət deyildi, digər iddialara gəlincə, məqalə müəllifi bunların heç birini sübuta yetirə bilmirdi. Təhlildə biz «yeni şüura», «zəngin mənəviyyata malik», həqiqi mənada sevən və sevilən bədii bir surəti görə bilmirdik.
     Ədəbi tənqidin bu cür məsuliyyətsizliyi, məsələyə ciddi yanaşmaması, bədii zəifliyi iş prosesinin təsviri ilə ört-basdır etmək cəhdləri Azərbaycan bədii nəsrində canlı insan olmağa vaxt tapmayan surətlər silsiləsi əmələ gətirmişdi. Məhz bu cür mənfi təsir nəticəsində idi ki, məsələn, yazıçı İ.Hüseynovun, kənd həyatından, kənd cavanlarından bəhs edən «Bizim qızlar» kimi istedadlı povestində də insanların daxili aləmi dərindən açılmamışdı. Müəllif surətlərin daxili aləmini, hiss və həyəcanını, düşüncələrini, istəklərini təsvir etmək istəyir, fəqət, elə bil, nədənsə çəkinərək dərhal söhbəti dəyişir, yenə iş prosesinin təsvirinə qayıdırdı. Bunu o zaman hələ gənc olan tənqidçi Məsud Əlioğlu da göstərərək yazırdı ki, «sovet adamlannın coşğun, yaradıcı əməyindən başqa, gözəl arzuları, zəngin xəyalları, dərin və geniş mühakimələri, sevən qəlbləri, qüvvətli səciyyələri də vardır. Biz isə, əsərdə (söhbət «Bizim qızlar»dan gedir) Niyazi, Ənvər, Minayə, Muxtardan başqa fərdi səciyyəyə malik olan və bədii cəhətdən mükəmməl işlənmiş başqa surətlər görmürük».‘
     Gənc tənqidçi hələ bir balaca güzəştə gedirdi, çünki adları çəkilən surətlərin özlərinin də «gözəl arzuları», «sevən (və yaxud sevməyən) qəlbləri», «zəngin xəyalları» lazımınca verilməmişdir və «Bizim qızlar» povesti də bundan bir küll halında çox uduzurdu.
     Tənqidçi H. Orucəli də bu məsələyə diqqət yetirərək yazırdı ki, İ. Hüseynov «Bizim qızlar» povestində «öz qəhrəmanlarını ailə və məişət münasibətləri daxilində lazımınca göstərə bilməmişdir».2
     Bu yerdə Azərbaycan ədəbi tənqidindəki çox təbii və zəruri bir prosesi qeyd etmək lazımdır. Yuxarıda göstərdiyimiz «ikilik» yavaş-yavaş aradan qalxırdı və çox da simvolikdir ki, məsələ birincilərin, yəni vaxtilə azlıq təşkil edən tərəfin xeyrinə həll olunurdu.
     Sübut üçün müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidinə N.Nağıyevin Naxçıvan duz mədənindən bəhs edən «Yer altında» adlı povestinin qüsurlarını öz dövrü üçün, yəni bu cür qabaqcıl fikirlərin hələ azlıq təşkil etdiyi bir zaman üçün (1952-ci il) çox cəsarətli və düzgün qeyd edirdi.3
     Məsələn, F.Vəzirova yazırdı: «Nədənsə bizdə belə bir adət əmələ gəlmişdir ki, mövzusu istehsalatdan götürülmüş əsərlərdə sevgi-məhəbbət xəttinə çox cüzi yer verirlər və hiss olunur ki, bu sevgi xətti, guya, əsərin daha maraqlı oxunmasını təmin etmək məqsədilə oraya salınmışdır. Ona görə də bu məhəbbət xəttində...cümlənin yarısında məhəbbətdən, yarısında dinamo maşınından bəhs edilir».
     Doğrudan da, «Yer altında» povestinin qəhrəmanlarından Zakirlə onun sevgilisi «energetika texniki» Validənin «məhəbbətini» təsvir edən səhifələrdə vəziyyət bu cür acınacaqlı idi. Bu acınacaqlı vəziyyətin səbəbi isə, hər şeydən əvvəl, «Yer altında» povestinin əsl urbanizm nümunəsi olmasında idi.
     Yazıçı S. Qədirzadənin «Gənclik» povesti də «Bizim qızlar» kimi istedadlı əsərlərdən idi, fəqət bu povestin də qəhrəmanı işlə yüklənmişdi. İ. Əfəndiyev haqlı olaraq «Gənclik» povestinin qəhrəmanı Kamilin «gecə-gündüz, hətta istirahət günlərində belə, daima işdə, öyrənməkdə göstərilməsini» tənqid edirdi.
     Professor C.Xəndan «Ağbulaq dağlarında» adlı məqaləsində eyniadlı romanın əsas surətlərindən biri olan Fərhadoğlu üzərində dayanaraq yazırdı ki, «biz onu ailə daxilində, istirahət vaxtında və ümumən əmək cəbhəsindən kənarda da görmək istərdik. Fərhadoğlu öz gəlini Sevil, oğlu Məqsəd, arvadı Həqiqətlə və ən yaxın dostları ilə də rəsmi dildə danışır. O, Ağbulağa gələrkən, yenicə evlənmiş və burada gözəl həyat qurmuş oğlunun evinə baş çəkmədən, birbaş iclas salonuna gedir . İclasdan sonra oğlunun evində qalan ata, sanki burada da iclasdakı nitqini davam etdirir. Oğul evindəki danışıqları da kollegiyada Zahidoğlunun nitqinə öz münasibətini bildirməkdən, sovet elminin nailiyyətlərindən, partizan hərəkatından, sosialist inqilabının xalqa verdiyi nemətlərdən, daxili satqınlara, xarici düşmənlərə qarşı mübarizədən və sairədən ibarətdir».
     Heç bir bədii ehtiyac olmadan «arvadına qarşı siyasi məzmunda bir nitq söyləyən», yatıb «yuxuda da kəşfiyyat işi ilə məşğul olan» altmış yaşlı qocanı bu vəziyyətə gətirib çıxaran nədir, hansı səbəbdir? Yəqin səbəb odur ki, bütün roman boyu biz yalnız və yalnız «işçi» Fərhadoğlunu görürük və bu «işçi» Fərhadoğlunun canlı insan olmağa vaxtı, imkanı yox idi.
     M. Arif «Mehman» romanının baş qəhrəmanından bəhs edərək göstərirdi ki, yazıçı «onu ancaq müəyyən dairədə hərəkət etməyə məcbur etmişdir».‘ Deməli, burada da iş prosesi imkan vermirdi ki, Mehman bədii surət kimi tam açılsın.
     Artıq 60-cı illərdən başlayaraq, Azərbaycan ədəbi tənqidində məhz bu mövqe sabitləşməyə başlayırdı, bədii nəsr əsərlərinə məhz bu mövqedən yanaşmağa cəhd edilirdi.
     Bu baxımdan akademik M.Arifin bir məqaləsinə müraciət etmək, bizcə yerinə düşər.
     «Keçən ilin nəsri haqqında qeydlər» adlı bu böyük məqalədə göstərilirdi ki, yazıçı «öz qəhrəmanlannı bir qədər məhdud dairədə, bəzən ailə, məişət planında verir və həm də mənəvi aləmlərini acıb oxucuya göstərməyə səy edirsə, burada qorxulu bir şey yoxdur», çünki (və bizcə əsas məsələ də budur) yazıçı «müasir həyatımızı əks etdirməklə məşğuldur».
     Müasir həyat isə «iş prosesi» ilə bərabər, düşüncələr, psixoloji sarsıntılar, tərəddüdlər, hiss və həyəcan, sevinc və kədərdir...
     Azərbaycan ədəbi tənqidində belə bir platformanın sabitləşməsinin əsl səbəbi ümumi elmi-nəzəri səviyyənin artmasında idisə də, bu sabitliyin və fikir birliyinin bərqərar olmasında, heç şübhəsiz ki, keçmiş səhvlərə göz yummamağın, onları ört-basdır etməməyin də böyük rolu var idi. Yəni ədəbi tənqid etiraf edirdi ki, «insanı ictimai fəaliyyətdə əks etdirmək uğrunda axtarışlar apararkən» bəzi yazıçılar «istehsalatın texniki cəhətinə daha çox fikir verib yaradıcı insanın mənəvi aləmini arxa plana keçirməyə cəhd etmişlər».
     Məhz buna görə də artıq bədii əsərdən bəhs edərkən «gərək əmək burada baş qəhrəman olaydı » kimi tələblərə rast gəldikdə təəccüblənməmək mümkün deyildi.
     Belə bir təəccüb hissi isə, əlbəttə, ədəbi-tənqidi fikrin inkişafına dəlalət edirdi.
     Müsbət qəhrəman. Bu məsələ müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidində haqqında ən çox bəhs olunan problemlərdən biri idi və bu məsələyə münasibətdə ədəbi tənqidin ən ziddiyyətli fikirlərinə, dolaşıq, yanlış müddəalarına, doqmatik təhlillərə, quru və saxta sosiologiyaya, yalançı vətənpərvərlik, «müsbətkeşlik» hallarına təsadüf edirik.
     Qeyd etmək lazımdır ki, «müsbət qəhrəman» probleminə münasibətdə də Azərbaycan ədəbi tənqidinin bəzən ikili xarakteri aşkar olurdu, fəqət trafaret ədəbiyyatşünaslıq anlayışları, ibtidai və çeynənmiş mülahizələrlə dolu «ədəbi tənqid nümunələrinə» qarşı duran sağlam, elmi-nəzəri səviyyəsi yüksək, obyektiv qol rüşeym halında idi, əgər bu səhv və yanlış münasibət Azərbaycan ədəbi tənqidində, xüsusən, XX partiya qurultayına qədərki dövrdə leytmotiv təşkil edirdisə, ona qarşı olan qol bu leytmotiv içində hələlik çox cılız bir cığır idi.
     Biz bu işimizdə müsbət qəhrəman haqqında artıq hamıya məlum olan ümumi f ikirləri yenidən söyləməyə ehtiyac hiss etmədiyimiz üçün, bilavasitə bu məsələ baxımından Azərbaycan ədəbi tənqidinə nəzər salacaq və səciyyəvi hesab etdiyimiz məqalələrin, qüsur və məziyyətlərin üzərində dayanacağıq.
     Hələ 1946-cı ildə Səməd Vurğun müsbət qəhrəman problemi barədə yazırdı: «Müsbət qəhrəman məsələsi daima ədəbiyyatımızın mərkəzi məsələsi olduğu kimi, yenə də mərkəzi və əsas məsələsidir. Çünki sosialist realizmi, hər şeydən əvvəl, qalib bir cəmiyyətin, müsbət bir cəmiyyətin ədəbiyyat metodudur. Aydındır ki, bu ədəbiyyatın əsas zəminəsi müasir tematika olmaqla, əsas qəhrəmanı da bizim yeni-yeni müsbət insanlarımız olmalıdır. Bir həqiqəti etiraf etmək lazımdır ki, hekayə və romanlarımızda, xüsusən, dram əsərlərimizdə müsbət insan mənfi insanlara nisbətən sönük və xatirədə qalmaz olur. Bunun əsas sirləri nədədir?».‘
     Məqalə müəllifi göstərirdi ki, bu bəzi yazıçıların müsbət qəhrəman məfhumunu düzgün başa düşməyərək quru və sxematik obrazlar yaratmasından irəli gəlir.
     II Dünya müharibəsinin yenicə qurtarması yuxarıda misal gətirdiyimiz parçadakı pafosa bəraət qazandırdı. Bizi maraqlandıran isə hələ 1946-cı ildə quru və sxematik «müsbət qəhrəmandan» şikayət, bəzi yazıçıların məfhumu düzgün qavramaması barədəki etirafdır. Çünki gələcəkdə görəcəyik ki, bu, Azərbaycan ədəbi tənqidinin ən xəstə yeridir və yuxarıda göstərdiyimiz ikili xarakter də məhz bu yerdə özünü göstərir: belə ki, bir tərəfdən quru və sxematik «müsbət qəhrəmanlardan» şikayətin şahidi oluruqsa da, digər tərəfdən və əsasən, müsbət qəhrəmanların məhz quru və sxematik olması üçün ədəbi tənqidin şərait yaratmasının, hətta sövqçülüyünün şahidi oluruq.
     Müsbət qəhrəman məfhumunu düzgün başa düşməmək nəticəsində müqəvva «müsbət qəhrəmanlar» silsiləsi yaranmışdı ki, bu da Azərbaycan sovet nəsrində arzuolunmaz vəziyyət əmələ gətirmişdi. Bunu yazıçı M.İbrahimov da hələ 1946-cı ildə dəqiq göstərirdi: «Ayrı-ayrı əsərlərdə müsbət qəhrəmanımız uydurma vəziyyətlərə düşüb, ağlasığmayan işlər gördükdə onlar boş bir şeyə çevrilir, nə döşlərindəki qəhrəmanlıq nişanı, nə də müxtəlif ordenlər oxucunun nəzərində onların təsirini artırmayır, həyat və varlığımızın həqiqətini təsvir məsələsi əsərin bədii və inandırıcı olması üçün mühüm şərtlərdəndir».
     Vəziyyət nə üçün belə idi? Bir sıra xarakter sandığımız məqalələrə münasibətimizi bildirməklə bu suala cavab verməyə çalışacağıq.
     «Azərbaycan sovet ədəbiyyatında yeni insan surətləri» adlı silsilə məqalələrdən (müəllifi M.Əzizdir) birincisində Azərbaycan ədəbiyyatında müsbət surətlərin iki yolla yarandığı iddia olunurdu:
     1.Azərbaycan yazıçıları hələ inqilabdan əvvəl yaşayıb mübarizə aparan bu və ya başqa dərəcədə inqilabi şüura malik olan yeni tipli müsbət qəhrəmanların,
     2.Müasir sovet vətəndaşlarının bədii surətini yaratmışlar.
     Göründüyü kimi, bu bölgü sosioloji bölgüdür və bədii yaradıcılıqda obrazları belə bir prinsiplə növbənöv etmək həm nəzəriyyədə, həm də praktikada arzuolunmaz nəticələrə gətirib çıxarır ki, Azərbaycan bədii nəsrində də, Azərbaycan ədəbi tənqidində də bu, aşkardır.
     Məqalə müəllifi birinci bölgüyə 26-ların bədii surətini (M.Hüseynin «Komissar», M.S.Ordubadinin «Döyüşən şəhər» əsərlərində), Azərbaycanda sosialist inqilabı və vətəndaş müharibəsi qəhrəmanlarının: Şamo və Heybətin (S.Rəhimovun «Şamo» romanı), Mərdan və Qədirin (Mir Cəlalın «Bir gəncin manifesti» povesti, «Dirilən adam» romanı), Bülənd, Veys və Əzizin (Əbülhəsənin «Dünya qopur» romanı), Sərxan, Şirəli və Mirbalayevin (M.Hüseynin «Daşqın» romanı) bədii surətini daxil edərək yazır ki, «haqqında bəhs olunan qəhrəmanlar elə bir dövrün adamlarıdır ki, bu dövrdə şüurlu və mərd insanlar öz şəxsi həyatı, ailəsi, qəlbi, arzusu ilə məşğul olmağa bilmərrə macal tapmırlar. Odur ki, (kursiv mənimdir) bu qəhərəmanlar özlərindən çox, cəmiyyətin, elin taleyini düşünür, bu yolda çalışıb yeri gələndə canlarını belə fəda verirlər».
     Deməli, hərgah hər hansı bir insan öz şəxsi həyatı ilə məşğul olursa, onun qəlbi, arzuları varsa, həmin adam eyni zamanda cəmiyyətin, elin taleyini düşünə bilməz. Burada şəxsi həyatla, fərdi hiss-həyəcanla el və cəmiyyət qarşı-qarşıya qoyulmuşdur və birincilərin mütləq yoxluğu hesabına ikincilərə üstünlük verilmişdir. Misal gətirdiyimiz bu kiçik parçadan belə məlum olur ki, elin taleyini düşünmək üçün, «bu yolda çalışıb, yeri gələndə canını belə fəda vermək» üçün müsbət qəhrəman:
     a)öz şəxsi həyatı ilə maraqlanmamalıdır;
     b)öz ailəsi barədə düşünməməlidir;
     v) öz arzuları ilə «məşğul olmamalıdır».
     Müsbət qəhrəman barədə bu cür doqmatik tələblərin sayəsindədir ki, müharibədən sonrakı dövr Azərbaycan bədii nəsrində bu tipli müqəvva «müsbət qəhrəmanlar» artırdı və bir tərəfdən, yuxarıda göstərdiyimiz kimi, Azərbaycan ədəbi tənqidinin az bir hissəsinin tənqid hədəfı olurdusa da, digər tərəfdən ədəbi tənqidin özünün bəhrəsi kimi meydana çıxırdı.
     Tənqidçi M.Əziz sanki özü də bunu hiss edərək elə həmin məqaləsində oxucuları inandırmağa çalışırdı ki, «öz şəxsi həyatlarını ümumun mənafeyinə tabe etmək bu qəhərəmanları quru, rəsmi və qeyri-təbii vəziyyətə salmır». Misal olaraq Şamonun, Büləndin, Mərdanın, Veysin çoxcəhətli, canlı surətlər kimi adları çəkilirdi.
     Bizcə, Şamo, xüsusən, Mərdan ona görə «quru, rəsmi və qeyri-təbii» deyillər ki, həm «Şamo» romanının ilk hissələrində, həm «Bir gəncin manifesti» əsərində onların hiss və həyəcanlarını görürük, qəlblərilə, arzuları ilə bu və ya digər dərəcədə tanış oluruq.
     Bu qəhrəmanlar öz siyasi-ictimai mübarizələrilə bərabər, «şəxsi həyatı, ailəsi, qəlbi, arzusu ilə məşğul olmağa» mənəvi ehtiyac duyur və vaxt tapırlar. Nə zaman ki, bu qəhrəmanlar əsərin səhifələrində həmin keyfiyyətlərdən məhrumdurlar, onlar məhz quru, rəsmi və qeyri-təbiidirlər.
     Bu cür elmi-nəzəri cəhətdən yanlış fikirlər, təbii məsələdir ki, ziddiyyətlər, dolaşıqlıqlar meydana gətirirdi və belə bir cəhət müsbət qəhrəman məsələsindən bəhs edən odövrkü məqalələrin çoxu üçün səciyyəvi idi. Elə həmin silsilədən ikinci məqalədə müəllif birinci məqalədəki fikirlərin tamamilə əleyhinə çıxaraq yazır: «Mehman (söhbət S.Rəhimovun eyniadlı povestinin qəhrəmanından gedir) ali nəzəri biliyə malik hüquqşünasdır. O, sovet qanunlarını qorumağı hər şeydən vacib bilir. Mehmanın bütün yaşayışı, hərəkətləri, arzuları bu müqəddəs məqsədə tabedir. Lakin Mehmanda ən əsas bir sifət catmır: həyatilik. Bu istedadlı gənc sözün həqiqi mənasında yaşamaq əvəzinə, müəllif tərəfindən, demək olar ki, bütün təbii, şəxsi xüsusiyyətlərdən, hisslərdən məhrum edilmişdir (kursiv mənimdir)».
     Bu fikir birinci məqalədəki fikirlərlə daban-dabana ziddir və M.Əzizin Mehman surətinə verdiyi təhlillə razılaşmaq lazımdır, hərçənd o, birinci məqaləsində, dolayısı ilə də olsa, məhz bu cür qəhrəman arzulayır və tələb edirdi.
     Doğrudan da, hərgah məqalə müəllifi Mehman surətinin qüsurlarını məhz onda görür ki, bu surət «həqiqi mənada yaşamır», o, «demək olar ki, bütün təbii, şəxsi xüsusiyyətlərindən» məhrumdur, deməli, birinci məqalədə müsbət qəhrəmanla əlaqədar qarşıya qoyulan tələblər də yanlışdır.
     Lakin bir azdan tənqidçi yenə də dolayı yollarla birinci məqalədəki fikrinə qayıdır və bu dəfə ikinci məqalənin əvvəlində söylədiyi və yuxarıda göstərdiyimiz fikrin əleyhinə çıxır. O yazır: «... bu bir həqiqətdir ki, Azərbaycan yazıçılannın əsərində ya qəhrəmanlar vuruş səhnəsindən ayrı alınmış, ya da bu qəhrəmanın fikir və xəyal aləmi, hiss və duyğuları bir döyüşçü kimi malik olduqları əsas sifətlərdən daha qabarıq verilmişdir (kursiv mənimdir)»
     Başqa sözlə desək, bədii əsərlərdə müsbət surətlərin «fikir və xəyal aləmi, hiss və duyğuları» az təsvir olunmalıdır, nəinki onların işləri və iş bacarıqları əsgərdirsə vuruşu, pambıqçıdırsa necə kiloqram pambıq toplaması, fəhlədirsə maşınlarla əlbəyaxa olması, planı vaxtından əvvəl yerinə yetirməsi və s. Bu, yenə də «fikir və xəyal aləmi, hiss və duyğularla» ictimai həyatı, istehsalat prosesini, hər hansı bir sahəni əsassız surətdə bir-birinə qarşı qoymaq və ikincilərə birincilər hesabına üstünlük vermək cəhdidir.
     Azərbaycan ədəbi tənqidində müsbət qəhrəman barədə elə bir sxolastik təsəvvür əmələ gəlmişdi ki, bu müsbət qəhrəmanın adi bəndələr kimi öz qəlbi, ürəyi ilə gördüyü iş, az qala, günah sayılırdı, fövqəladə bir hadisə kimi qiymətləndirilirdi. Məsələn, C.Xəndan yazıçı Əbülhəsənin «Yoxuşlar» romanının ikinci hissəsindən bəhs edərək yazırdı: «Romanda bizi razı salmayan... bir məsələ də Qumru ilə Kamran arasındakı sevgidir».‘
     Aydın məsələdir ki, burada «nə üçün» sualı meydana çıxır və yuxarıdakı iddianı əsaslandırmaq üçün bu suala cavab vermək lazımdır, bədii psixoloji qüsurlar göstərilməlidir, fəqət məlum olur ki, bu sevgi ona görə məqalə müəllifini razı salmır ki, Qumru özündən altı yaş kiçik Kamrana ərə gedib.
     C.Xəndan qarşıya belə suallar qoyur: «O (yəni Qumru), bəlkə Kamalın (Kamranın atasıdır) gec-tez, düşmən kimi ifşa olunacağını duyub, bu gənci qorumaq naminə ona ərə gedir? yaxud keçmiş əri Niyazovun acığına belə hərəkət edir . Hər iki halda Qumru kənd içərisində yaşına və adına uyğun hərəkət etmir».
     Məgər ola bilməzdimi ki, hətta «Qumru kimi ümumxalq məhəbbətini qazanmış bir qadın» belə, adicə olaraq ürəyinin dediyi kimi hərəkət edir, Kamranı sevir və hərgah bu sevgi yazıçı tərəfindən yüksək bədii səviyyədə təsvir edilməyibsə, bədii məntiq yoxdursa bu başqa məsələdir; Qumrunun hərəkətinin isə öz-özlüyündə Azərbaycan ədəbi tənqidi tərəfindən «yaşına və adına» uyğun olmayan bir «hərəkət» kimi qiymətləndirilməsi isə, əlbəttə, düzgün deyildi.
     Qeyd etmək lazımdır ki, C.Xəndanın bu məqaləsi xeyli sonralar yazılmışdır və onu misal gətirməkdə məqsədimiz müsbət qəhrəmana birtərəfli münasibətin necə dərinlərə hopduğunu, necə uzunömürlü olduğunu göstərməkdir.
     Lakin 50-ci illərə qayıdaq və öz dövrü üçün çox maraqlı bir məqalənin üzərində dayanaq.
     M.Cəfər «Ədəbiyyatda müsbət qəhrəman» adlı məqaləsində sovet yazıçılarının II Ümumittifaq qurultayı ərəfəsində bu mövzuya həsr olunmuş məqalələrdə yanlış saydığı iki mülahizə üzərində dayanaraq onları tənqid edirdi. Bu səhv mülahizələrdən birincisi ondan ibarət idi ki, bir sıra tənqidçilər müsbət qəhrəmanı «konkret, canlı insan kimi deyil, mücərrəd müsbət insan keyfiyyətləri haqqında doqmatik məntiqi mülahizələrin ifadəsi kimi təsəvvür edirdilər.
     Aydın məsələdir ki, müsbət qəhrəmana bu baxımdan yanaşıldıqda M.Cəfərin haqlı olaraq yazdığı kimi, meydana o heç bir nöqsanı olmayan göydəndüşmə çıxış olur. Bunun da nəticəsində «bu yanlış yol bədii təfəkkürün canlı həyatdan ayrılmasına, yazıçının ayağının torpaqdan üzülməsinə səbəb ola bilər».
     M.Cəfərin bu mülahizəsinin həqiqət olduğunu, hər şeydən əvvəl, Azərbaycan bədii nəsrinin təcrübəsi sübut edirdi. O yerdə ki, müsbət qəhrəman «konkret, canlı insan kimi» təsvir olunurdu, onda bu müsbət qəhrəmanın bədii sanbalı da vəznli, ağır gəlirdi, o yerdə ki, müsbət qəhrəman bir sıra tənqidçilərin «mücərrəd müsbət insan keyfiyyətləri haqqında doqmatik məntiqi mülahizələrinə» uyğun gəlirdi, yəni yazıçı təsvirində bu mülahizələrin «ifadəsi kimi» meydana çıxırdı, onda bu müsbət qəhrəmanın bədii sanbalı da vəznsiz, yüngül, çəkisiz olurdu.
     Maraqlıdır ki, müsbət qəhrəmanın bu iki vəziyyətinə bəzən eyni bir yazıçının eyni əsərində eyni obrazın bədii taleyində təsadüf olunurdu və həqiqət naminə qeyd etmək lazımdır ki, Azərbaycan ədəbi tənqidində bu halı göstərən məqalələrə rast gəlmək mümkün idi. Məsələn, tənqidçi M.Əlioğlu ««Mehman» haqqında» adlı məqaləsində povestin baş qəhrəmanının bədii təhlilini verməyə çalışaraq, maraqlı müqayisə apararaq göstərirdi ki, əsərdə iki Mehman var: bunlardan birincisi «gözəl arzularla yaşayan», «həqiqi və canlı keyfiyyətlərə malik», mənəvi cəhətdən pak bir gənc olan Mehmandır ki, şəhərdə, «anası Xatunun kasıb komasında, xəstə professor Məlikzadənin yatağının yanında, Şəhla xanımın ipək yorğanının altında» qalıb; ikinci Mehman isə «yalnız qanun məcəlləsinə çevrilib rayona gələn və sırf təcrübi işlə məşğul olan soyuq bir hüquq işçisidir».‘
     Tənqidçi haqlı yazırdı: nə zaman ki, «söhbət tələbə Mehmandan, onun ağsaçlı müəlliməsi Məleykə xanımla qarşılıqlı məhəbbətindən, Züleyxa ilə keçirdiyi az, lakin maraqlı günlərdən, anası Xatunla xoş münasibətlərdən gedir, o, bir obraz kimi canlanır, ətə-qana gəlir, özü haqqında xoş bir təəssürat buraxır. Bu səhifələri oxuyarkən hiss edirsən ki, Mehmanın ürəyi çırpınır, o, canlı bir insan kimi cazibəli görünür. Duyulur ki, o sevir, həyəcanlanır, iztirab çəkir, səhv edir, ziddiyyətli fikirlərə qapılır. Bir sözlə, hiss olunur ki, Mehman kədəri, sevinci, xəyalı, arzusu, ruhu və qəlbi olan bir insandır».
     Nə üçün belədir? Ona görə ki, bu səhifələrdə Mehman M.Cəfərin yazdığı kimi «mücərrəd müsbət insan keyfiyyətləri haqqında doqmatik məntiqi mülahizələrin ifadəsi» deyil, nisbətən «konkret, canlı insandır». Bu səhifələrdə «bədii təfəkkür canlı həyatdan ayrılmayıb», yəni yazıçı təfəkkürü çılpaqlaşmayıb, sxematizmə yuvarlanmayıb.
     Bəs ikinci Mehman? M.Əlioğlu yazırdı ki, «lakin yazıçını məşğul edən, əsasən, tələbə Mehman deyil, prokuror Mehmandır. Nə zaman ki, Mehman bu xatirələrdən uzaqlaşır və dərk edir ki, prokurordur, dərhal qurulaşır, daxilən sönür.
     Hamı ilə, hətta öz arvadı Züleyxa ilə belə, qanun məcəlləsindən söhbət açır, bütün gücünü ağıllı söz deməyə, məntiqli danışmağa, hazırcavab olmağa, rəsmi vəziyyət almağa sərf edir».
     Deməli, ikinci Mehman bədii surətlikdən çıxıb müqəvva «müsbət qəhrəmana» çevrilir. Başqa sözlə desək, o, artıq «konkret, canlı bir insan» deyil, «mücərrəd müsbət insan keyfiyyətləri haqqında doqmatik məntiqi mülahizələrin ifadəsidir» və güclü bədii surət səviyyəsinə yüksələ bilmir, çünki bu yerdə yazıçı fantaziyası qeyri-təbiidir, canlı həyatdan ayrılıb, təfəkkür çılpaqlaşıb, sxematizmə yuvarlanıb.
     Yenə də M.Cəfərin yuxarıda haqqında bəhs etdiyimiz məqaləsi üzərinə qayıdaq. Biz onun sovet yazıçılarının II qurultayı ərəfəsində Azərbaycan mətbuatında çap olunmuş məqalələrdə səhv sandığı birinci mülahizə barədə danışdıq və müəllifin fikirlərinə yekdilliklə şərik olduq. Lakin M.Cəfərin səhv sandığı ikinci mülahizə dolayı yollarla da olsa birinci səhv mülahizəyə sanki bəraət qazandırır.
     M.Cəfərin fikrincə, ikinci səhv mülahizə bundan ibarətdir ki, bir sıra tənqidçilər müsbət qəhrəmanı «real qəhrəman» adı ilə həddindən artıq adiləşdirərək bu qəhrəmanı «həm müsbət, həm də mənfi keyfiyyətləri özündə birləşdirən», «hər cür müstəsnalıqdan, nümunəvilikdən, yüksəklik, ucalıq və qabaqcıllıqdan məhrum olan, hələ tam kamala çatmamış passiv bir naturaya çevirir»; daha sonra oxuyuruq: «əgər birinci yanlış mülahizə müsbət qəhrəman yaratmaqda bədii təfəkkürün canlı həyatdan, müasir qabaqcıl insandan ayrılmasına gətirib çıxarırsa, ikinci mülahizə yazıcını məişətçiliyə, naturalizmə enməyə çağınr».
     Bu mülahizə «yazıçını torpağa istinad edərək qanadlanmaq hüququndan məhrum edir».
     Göründüyü kimi, belə bir «yanlış mülahizə» üzərində dayanmaq, əslində, birinci yanlış mülahizə ilə səsləşir. Axı, müqəvva «müsbət qəhrəmanlar» çox zaman elə məhz «yazıçının qanadlanması» nəticəsində yaranır, çünki belə bir pərvazla «torpağa istinad etmək» çox müşkül məsələdir; əgər tamam mümkün deyilsə və yaxşı olmazmı ki, yazıçı quş kimi qanadlanmadan insan kimi torpağm üzərində dayansm və yazsın?
     Doğrudanmı yüksək intellektual səviyyəli, bəzən səhvlər edən, özü də bu səhvlərin fəlsəfi təhlilini verməyə çalışan və yaxud bu səhvləri görməyən və s. kimi xüsusiyyətlərə malik, hər cür əlahiddəlikdən, müstəsnalıqdan məhrum müasir insanı təsvir etmək yazıçını məişətçiliyə, naturalizmə endirər? Doğrudanmı «nümunəvilikdən məhrum olmaq» «tam kamala çatmamaqla» eyni şeydir və bədii surəti səciyyələndirən sinonim anlayışlardır? Deməli, «ideal qəhrəman» lazımdır, çünki müstəsnalıqdan məhrum adam «passiv bir naturadır»?
     Məsələnin bu cür olmadığmı, ilk növbədə, M.Cəfərin özünün yüksək elmi-nəzəri səviyyəli məqalələri, eləcə də yuxarıda göstərdiyimiz «birinci səhv mülahizəyə» verdiyi tutarlı təkzib sübuta yetirir.
     Azərbaycan sovet nəsrində müsbət qəhrəmanla yüksək səviyyəli bədii surət arasındakı təzadın əsas səbəblərindən biri də bu idi ki, həmin müsbət qəhrəman yer üzərindəki bütün müsbət cəhətlərin mücəssəməsi kimi təsvir olunurdu, buna görə də süni və cansız çıxırdı. Bu çox mühüm qüsur idi və Azərbaycan bədii nəsri üçün səciyyəvi idi; «müsbət qəhrəman» yaratmaq naminə insanları aydan arı, sudan duru təsvir etmək nəsrimizə böyük ziyan vermişdi və belə bir ziyanın məsuliyyəti Azərbaycan ədəbi tənqidinin üzərinə düşürdü, çünki ədəbi tənqid bu hala qarşı çıxış etmək əvəzinə, bu cür «müsbət qəhrəmanlar» haqqında məqalə oçerk yazmaqla məşğul olurdu, bəzən isə əsassız «nəzəri mübahisələrə» girişirdi.
     Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndələrindən biri M.Hüseyn yazırdı: «Bu obrazların (söhbət müsbət qəhrəmanlardan gedir) səciyyəsində müəyyən ölçüdə müsbət və mənfi cəhətlər verməyi tələb edənlərin mühakiməsi mücərrəd və bəlkə də metafizik xarakter daşıym) .
     Əlbəttə, biz M.Hüseynin özünü metafizikada təqsirləndirə bilmərik, halbuki onun yaratdığı bir sıra surətlər yuxarıdakı kökündən yanlış fikri alt-üst edir. M.Hüseynin «Rəqiblər» adlı böyük hekayəsindəki Usta Pirəlini xatırlayaq. Usta Pirəli hissə qapılıb özünə də Usta Heybət kimi diqqət tələb edir, onda şöhrətpərəstlik, mənsəbpərəstlik hissləri var və s. Lakin bütün bunlar oxucunun Usta Pirəlini sevməsinə qətiyyən xələl gətirmir, əksinə, onun daxilində gedən çarpışma, hisslər mübarizəsi bu müsbət qəhrəmanı yüksək bədii səviyyəyə qaldırır, çünki müsbət qəhrəman olanda nə olar, o da, hər şeydən əvvəl, canlı insandır və aydın məsələdir ki, əgər bu müsbət qəhrəman Allah yox, insandırsa, müəyyən çətinliklərlə rastlaşdığı zaman səhvlərə yol verə bilər, «mənfi hərəkətlər» edər, onun özünün bir insan kimi mənfi xüsusiyyətləri olar və s.
     Yeri gəlmişkən qeyd edək ki, bu fikir eyni zamanda «mənfi qəhrəman» adlandırılan sürətlərə də aiddir. M.Hüseynin «Cavanşir» faciəsindən bir səhnə xatırlayaq: qəddar və əzazil Bəhram qızı Reyhanı öldürmək istərkən, bir çox «mənfi qəhrəmanlar» kimi, göz qırpımında xəncəri qızının köksünə sancıb qandan cuşa gəlmir, çünki o, insandır, çünki «mənfi qəhrəman» olmaqla bərabər, normal insani hisslərə malik olmaq da mümkündür; o öz qızını öldürmək üçün ata məhəbbətini ürəyindən çıxartmağa çalışır; hiss edirsən ki, Bəhram qəddar və əzazil olmaqla bərabər, övladını böyük məhəbbətlə sevən atadır.
     Məgər bu müsbət keyfiyyətilə Bəhram bizim nəzərimizdə adiləşirmi? Qətiyyən yox! Əksinə, biz qarşımızda real, canlı insan görürük və bu həmin personaja bəslədiyimiz nifrəti daha da çoxaldır, yəni onu yüksək bədii səviyyəyə qaldırır.
     Surət — istər «mənfi», istərsə də «müsbət» — hərtərəfli, çoxcəhətli təsvir olunmalıdır. Lakin bu həqiqət, xüsusən, XX partiya qurultayına qədərki dövrdə, Azərbaycan ədəbi tənqidində öz aydın həllini tapmırdı. Tərəddüdlər, ziddiyyətlər hökm sürürdü.
     Tənqidçi Q.Xəlilov «Gəlin» (V. Şıxlı) povestindən bəhs edərək yazırdı ki, «V.Şıxlıda bu da yaxşı bir cəhətdir ki, obrazları öz fərdi xarakterində, mənfi və müsbət cəhətləri ilə birlikdə, hərtərəfli göstərməyə çalışır». Lakin bir az keçdikdən sonra, tənqidçi özü öz düzgün fikrinə qarşı çıxır:
     «Ancaq müəllif (V.Şıxlı) bəzən bitkin, dolğun müsbət obraz yaratmaq məsələsini unudur, az-çox müvəffəq olduğu müsbət bir surətə elə eybəcər bir xasiyyət verir ki, bütün yaxşı cəhətləri kölgədə qalır». Məqalə müəllifin kənd komsomol təşkilatının katibi Ümidin Şəfaya «münasibətsiz olaraq» sevgi bəsləməsini misal gətirir.
     Əlbəttə, bu sevgidə və ümumiyyətlə, sevgidə eybəcərlik ola bilməz, əgər varsa, deməli, sevgi yox, başqa bir şeydir — məsələ bunda deyil, məsələ ondadır ki, yazıçı bu sevgidən bəhs edən səhifələri yüksək bədii səviyyəyə qaldıra bilməmişdir. Tənqidçi isə həmin səhifələrdəki bədii naqisliyi tamamilə yanlış mövqedən yozmuşdur.
     Müsbət surət məsələsini düzgün anlamamaq, bu qəhrəmanı hər cür insani keyfiyyətlərdən məhrum edərək onu insanlardan çox uca bir cəngavər kimi təsvir etmək, işlə, ictimai qayğılarla yükləmək Azərbaycan ədəbi nəsrində süni situasiyaların, qeyrireal hadisələrin, əfsanəvi fədakarlıqların, cansız, quru «müsbət qəhrəmanların» təsvirini çoxaldıb şablon səviyyəsinə endirmişdi və ədəbi tənqid bu şablona münasibətində çox səbrli tərpənirdi, bəzən yazıçılar tənqidçilərdən daha artıq fəaliyyət göstərirdi. Məsələn, İ.Əfəndiyev yazırdı: «Baş qəhrəmanın (yəni müsbət qəhrəmanın) hünərini daha da artıq nəzərə çarpdırmaq üçün, onu əhatə edən adi adamlar (həm də müsbət adamlar İ.Ə.) olduqca sadəlövh göstərilir. Onlar həmin baş qəhrəmanın görüb-duyduğu ən adi şeyləri belə, görüb-duymurlar. Onlar bu qəhrəmanların hər bir hərəkətindən sadəlövhcəsinə heyrətə gəlirlər. Onu yerli-yersiz, hər yerdə tərifləyirlər. Nəticədə, ümumiyyətlə, adamların səviyyəsi aşağı düşür, baş qəhrəmanın özü də süni, quru və qeyriinandırıcı olur.
     Göstərilən vəziyyət Azərbaycan bədii nəsrindəki ümumi qüsurların ancaq bir qütbü idisə, onun digər bir qütbü də var idi: bəzi əsərlərdə müəlliflər qəhrəmanlannı «müsbət qəhrəman» yaratmaq naminə o qədər «müsbət keyfiyyətlərlə» fantastik fədakarlıqlarla, müstəsna işbazlıqla, nümunəvi ictimaiyyətçiliklə, qayğıkeşliklə və s. ilə yükləyirdilər ki, hətta o qədər də yüksək bədiiliyə malik olmayan ikinci dərəcəli surətlər belə onlardan canlı təsir bağışlayırdı.
     Məsələn, M.Cəfər göstərirdi ki, B.Bayramovun «Yarpaqlar» əsərindəki Səltənət, «Ayrılıq»dakı Sədəf və Çiçək xala, «Müqəddəs vəzifə»dəki Zəhra xala kimi epizodik surətlər Bəhram («Müqəddəs vəzifə»), Yusif («Yarpaqlar»), Çingiz («Mən ki gözəl deyildim») kimi əsas müsbət qəhrəmanlardan daha «inandırıcı, qüvvətli və yaddaqalandırlar».
     Bədii əsəri təhlil edərkən və yaxud hər hansı bir problemdən danışarkən qəhrəmanı necə yaratmaq barədə yazıçıya quru reseptlər vermək Azərbaycan ədəbi tənqidinin zəifliyinə dəlalət edirdi və bu cür hallara xüsusən 40-cı illərin sonu, 50-ci illərin ortalarına qədərki dövrdə təsadüf etmək o qədər də çətin iş deyildi.
     M.Hüseyn göstərirdi ki, Azərbaycan ədəbi tənqidində yazıçıya resept vermək təşəbbüsü aşkardır: «Biri deyir: qəhrəmanı mütləq inkişafda göstərməlisən, onun öz qüsurlarını necə təmizlədiyini təsvir etməlisən. O biri deyir: əgər nümunəvi qəhrəman təsvir edirsənsə, onun nöqsanı olmamalıdır». Müəllif yazırdı ki, bütün bu danışıqlar Azərbaycan ədəbiyyatının inkişafından doğmadığı üçün, mücərrəd xasiyyət daşıyır.
     C.Məmmədov da «Ədəbiyyatımızda müsbət qəhrəman məsələsi» adlı bir sıra mübahisəli cəhətlərinə baxmayaraq, ümumiyyətlə, maraqlı məqaləsində «müsbət qəhrəmanı reseptlə, müəyyən düstur əsasında, qəlib və şablonla yaratmaq olmaz», deyə bu cür hallara qarşı etiraz edirdi.
     Biz bir az yuxarıda qeyd etmişdik ki, müsbət qəhrəman məsələsinə münasibətdə Azərbaycan ədəbi tənqidinin bəzən ikili xarakteri aşkar olurdu. Doğrudan da, Azərbaycan ədəbi tənqidində hökm sürən bu paralelizm çox maraqlıdır, həm də gələcək inkişaf üçün zəmin yaradırdı: «müsbət qəhrəman» məsələsinə səhv və yanlış münasibətdən ibarət leytmotiv içində sağlam, yüksək elminəzəri səviyyəli, obyektiv qol heç də bu leytmotiv içində əriyib yox olmadı, əksinə, get-gedə inkişaf etdi, nəticədə, 60-cı illərdə, demək olar ki, əsas qola əsas ədəbi-tənqidi təmayülə çevrildi.
     Bu fikri aydınlaşdırmaq üçün Azərbaycan ədəbi tənqidinə xronoloji nəzər salaq.
     Hələ 1945-ci ildə akademik M.Arif ««Mehman» və müsbət qəhrəman məsələsi» adlı məqaləsində Mehman ilə S.Rəhimovun digər romanının «Saçlı»nın qəhrəmanı Ruxsarəni bir-biri ilə müqayisə edərək göstərirdi ki, «söz yox, Mehman fəal, mübariz bir insan olaraq Ruxsarədən qat-qat yüksəkdə durur, lakin canlı bir insan olaraq Ruxsarə Mehmandan qüvvətlidir».
     Bu bədii surətlərin vəziyyəti və bir-birinə tənasübü ona görə belə idi ki, Ruxsarə də Mehman kimi rayonda müqavimətlərə rast gəlirsə də, bu müqavimətləri Mehman kimi asanlıqla dəf edə bilmir, yəni Ruxsarə bir göz qırpımında hamıya qalib gələn «müsbət qəhrəman» deyil.
     Tənqidçi C.Cəfərov yazırdı: «Müsbət obrazların bəzən zəif çıxmasına bir səbəb də budur ki, onlar «mələk» kimi nöqsansız göstərilirlər, sanki bütün yaxşı sifətlər onların sifətində absolyutlaşdırılm).
     Bu düzgün fikrə yalnız onu əlavə etmək olar ki, burada «sanki» sözü yerinə düşməmişdir, çünki Azərbaycan ədəbi nəsrində bu məsələ sanki yox, həqiqətən belə idi; əgər «sanki» olsaydı, necə deyərlər, dərd yarı idi.
     Eyni fikri Sabit Rəhmanm «Böyük günlər» romanının müzakirəsi zamanı çıxış edən Rəsul Rza da söyləyirdi: «Salman kişidəki və habelə romanın başqa obrazlarındakı mənfi xüsusiyyətlərə və nöqsanlara qarşı çıxmaq doğru deyildir. Bunlar canlı insanlardır və onların xarakterində mənfi cəhətlərin olması da təbiidir».
     Bədii əsərdə insanı hərtərəfli təsvir etmək lüzumu barədəki bu fikirləri oxuyarkən L.N.Tolstoyun bir arzusu yada düşür. 0nun gündəliyində 21 mart 1898-ci il tarixli belə bir qeyd var: «İnsanın dəyişkənliyini, yəni eyni bir adamın gah yaramaz, gah da mələk, gah aqil, gah da idiot, gah qüdrətli, gah da zəif bir canlı olduğunu aydın göstərən bədii əsər yazmaq nə qədər yaxşı olar».
     Burasını da xüsusi göstərmək lazımdır ki, doqmatik, sxolastik mövqedən yazılmış məqalələrdən fərqli olaraq, müsbət qəhrəman məsələsinə yuxarıda göstərdiyimiz kimi düzgün və obyektiv münasibətli məqalələrdə bu qəhrəmanın əhəmiyyəti də, bədii sanbalı da, zəifliyinin, özü də bir bədii surət kimi zəifliyinin və yaxud kamilliyinin səbəbləri də elmi-nəzəri əsaslarla göstərilirdi. Məsələn, İ.Hüseynovun «Dan ulduzu» povestindəki Zərəfşanın bir müsbət surət kimi zəif çıxmasının səbəblərini araşdıran M.Cəfər hələ 1954-cü ildə yazırdı: «Müsbət qəhrəmanı ümumi sözlərlə, quru təriflərlə canlandırmaq olmaz. Belə hallarda canlı insan əvəzinə, olsa-olsa, onun kartondan qayrılmış modeli meydana çıxa bilər. Müsbət qəhrəmanı fərdi xüsusiyyətləri ilə canlandırmaq üçün onu hadisələrdən keçirmək, özünə görə vəzni, çəkisi olan insanlarla əhatə etmək və ya qarşılaşdırmaq lazımdır. Həm də bu hadisələr məhz elə xarakterik həyat hadisələri və bu insanlar istər mənfi, istər müsbət lə xarakter insanlar olmalıdır ki, onların arasında, onlarla münasibətdə yazıcının yaratmaq istədiyi ən səciyyəvi, müsbət xarakter qəhrəman özünü göstərməyə imkan və meydan tapa bilsim).
     Müsbət qəhrəmanın məhz «ümumi sözlərlə, quru təriflərlə» təbiri-caizsə, canlandırıldığı, «canlı insan əvəzinə» «onun kartondan qayrılmış modeli» meydana çıxdığı bu zamanda, «müsbət qəhrəmanı fərdi xüsusiyyətlərilə canlandırmaq üçün» onun hadisələrdən, psixoloji vəziyyətlərdən keçirilmədiyi, «özünə görə vəzni, çəkisi olan insanlarla» əhatə edilmədiyi və qarşılaşdırılmadığı bir zamanda, tənqidçinin yuxarıdakı cümlələrinin əhəmiyyəti böyük idi.
     M.Cəfər «Müasir kəndin təsviri» adlı digər məqaləsində də çox haqlı olaraq yazırdı ki, «B.Bayramın insanları müşahidəsində, xarakteri təsvirində mühüm kəsir cəhət... müsbət planda verməyə çalışdığı surətlərdə mənfı cəhətlərin mənfi əhvali-ruhiyyənin, vərdiş, anlayış və mülahizələrin olmamasıdır».
     Bu «mühüm kəsir cəhət» bir çox Azərbaycan yazıçılarına aid idi və biz bunu qeyd etməklə yeni bir Amerika kəşf etmək fikrində deyilik; məsələ burasındadir ki, Azərbaycan ədəbi tənqidinin şablon «tam müsbət qəhrəmana» obyektiv və düzgün münasibəti gücləndikcə Azərbaycan bədii nəsrində də bu başabəla «qəhrəmandan» yaxa qurtarmaq cəhdləri get-gedə özünü göstərirdi və bir sıra hallarda ədəbi tənqid də bu cəhdləri əlamətdar hadisə kimi qiymətləndirirdi.
     Tənqidçi B.Nəbiyev də «Dağlar arxasında üç dost» (İ.Əfəndiyev) romanından bəhs edərək yazırdı ki, yazıçı romanın əsas qəhrəmanlarından biri olan Şahları «bütün qüsurlarından xali, necə deyərlər, «ideal adam» kimi deyil, cavanlığı ilə əlqədar olan, təcrübəsizliyindən doğan bəzi qüsurları ilə birlikdə təsvir edir. Lakin bütün bunlar Şahların xarakterinin bütövlüyünə xələl gətirmir, əksinə, onun daha canlı və real bədii obraz təsiri bağışlamasını təmin edir».
     Daha sonra məqalə müəllifi Gülnisə surətindən bəhs edərək yenə də göstərir ki, «Gülnisə obrazı da romanda bütün mürəkkəbliyi və ziddiyyətli cəhətləri ilə təsvir edildiyi üçün canlı və koloritli çıxmışdır».
     Artıq 60-cı illərdə məsələyə məhz bu baxımdan yanaşmaq, yəni Azərbaycan sovet nəsrinin bir çox nümunələrində olduğu kimi, müsbət qəhrəman ilə bədii surət arasındakı acınacaqlı təzadı aradan qaldırmaq cəhdləri Azərbaycan ədəbi tənqidində təsadüfi yox, mütəmadi xarakter daşıyırdı.
     Bir vacib cəhəti qeyd etmək lazımdır ki, bəzən bu məsələ baxımından tənqid obyekti bilavasitə ədəbi tənqidin özü olurdu. Belə ki, hələ 1955-ci ildə K.Talıbzadə «Tənqidçi və ədəbiyyatşünaslarımızın yeni nəsli» adlı məqaləsində ədəbi tənqiddə müsbət qəhrəman məsələsinin işıqlandırılmadığını yazırdı.
     Burada, necə deyərlər, incə bir mətləb var: həmin dövrdə Azərbaycan ədəbi tənqidi ən çox müsbət qəhrəmandan yazırdı, «müsbət qəhrəman» termini məqalələrdə ən çox işlədilən ədəbiyyatşünaslıq termini idi, bədii əsərlərin təhlili o əsərlərdəki «müsbət qəhrəmanlar» haqqında oçerklərə bənzəyirdi. Lakin bütün bunlara baxmayaraq, bu məsələ ədəbi tənqiddə işıqlandırılmırdı, deməli, çox səthi, natamam, yanlış bəhs olunurdu.
     Bu cür səthilik, natamamlıq, yanlışlıq tədricən öz yerini obyektiv, hərtərəfli, doqmatikadan, quru sosiologiyadan uzaq mülahizələrə, elmi-nəzəri təhlilə verirdi, başqa sözlə desək, müsbət qəhrəmana münasibət də, səthilik də, natamamlıq da, yanlışlıq da Azərbaycan ədəbi tənqidindəki mövqeyini hegemoniyasını itirirdi, lakin bu zaman digər bir yanlış mülahizə özünü büruzə verirdi.
     Azərbaycan ədəbi tənqidində, hətta 60-cı illərdə yazılmış səviyyəli məqalələrdə də yazıçının estetik idealının təcəssümçüsü yalnız müəyyən bir fərd kimi qəbul olunurdu; əgər sən öz əsərində mübariz və qadir bir müsbət qəhrəman surəti yaratmamısansa, deməli, estetik idealı hansı bir xəstə təfəkkür illüziyasındasa axtarırsan; əgər sənin əsərində təqlid olunacaq, nümunəvi, yüksək intellektli, həmişə xalq və Vətən barədə düşünən, xüsusi mənəvi və yaxud ictimai mövqeli müsbət qəhrəman yoxdursa, bu əsərin bədii dəyəri də aşağıdır.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (27.08.2014) | Müəllif: R.C E W
Baxış: 622 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more