Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Tənqid və nəsr-2

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 >>


     Kişilərlə deyib-gülməyi sevən və şərab içən qadınlarla yanaşı, həmişə özünü təmkinli aparan və şərabdan zəhləsi gedənləri də var. İnsanın məziyyəti daha böyük və daha dərin bir meyarla ölçülür: o nə dərəcədə xalqın və cəmiyyətin yararlı bir üzvüdür? Biz deyərdik ki, Səriyyə xeyirxah, deyib-gülən, düşünən, həyat və gələcəyin gözəlliyinə bağlanan, zəhmətə böyük yaradıcılıq mənbəyi kimi baxan bir vətəndaşdır. O, Gülüşün bacısıdır. 50-ci illərin axırında yaşayan bacısıdır. Mən inanıram ki, Gülüş də Səriyyə kimi hərəkət edərdi, Adil kimi bir mənsəbpərəst və eqoistdən üz döndərərdi».
     Tənqidçi C.Məmmədov isə «Bakinski raboçi» qəzetinin redaksiyasına göndərdiyi böyük məktubda «Sevil»dən «Saçlı»ya» məqaləsini çap edərək «Azərbaycan ədəbiyyatının inkişafına mane olan arxaik mövqe» tutmağın «Azərbaycan» jumalı kimi bir məcmuəyə yaraşmadığını yazırdı.
     Sonralar həm «Səriyyə haqlıdırmı?»nı dərc etmiş «Ədəbiyyat və incəsənət» qəzeti, həm də «Sevil»dən Saçlı»ya»nı dərc etmiş «Azərbaycan» jurnalı öz baş məqalələrində bu yazıları tənqid etdilər, onlardakı mülahizələrin «geriliyə haqq verdiyini» etiraf etdilər.
     Nəhayət, Azərbaycan sovet yazıçılarının IV qurultayında tənqidçi Cəfər Cəfərov «Ədəbi tənqid haqqında» məruzəsində bu məsələyə, bir növ, yekun verdu.
     C.Cəfərov deyirdi ki, yazıçının «qəhrəmanları, xüsusən, qız qəhrəmanları, bir az qəribədirlərsə də, daha doğrusu, müstəqil, sərbəst, açıq və ekspansivdirlərsə də, bu tamamilə qanuni haldır, çünki müasir adamların, başqa sözlə, ədəbi qəhrəmanların paltarları, otaqları, avadanlığı bir-birinə oxşaya bilər, çünki burada sənaye standartı özünü göstərir ki, müəyyən dərəcədə iqtisadi qanuniyyətdən doğur, ancaq xaraktercə, fərdi xüsusiyyətlərcə tamam müxtəlif olmalıdır».
     Daha sonra məruzəçi deyirdi: «...Körpüsalanlar» povesti ilə əlaqədar olaraq özünü göstərən avamlıqlara yol verməməli, vaxtilə M.Quliyevin dediyi «müsəlman tənqidinin» qalıqları ilə mübarizə edilməlidir».
     Beləliklə, ədəbi tənqidimizdə meydana çıxmış «Səriyyə məsələsi» Azərbaycan ədəbi nəsrinin və ədəbi tənqidinin xeyrinə həll olundu.
     Azərbaycan ədəbi tənqidindəki bu hadisə bir daha sübut etdi ki, bədii həqiqət, təkdir və təsdiq, elmi nəzəri mübahisələr, fikir mübadilələri zamanı meydana çıxır, bu cür mübahisələr tənqidi öz naqisliklərindən təmizlənməyə sövq edir. Düzdür, yuxarıda yazdığımız kimi, «Səriyyə məsələsinin» ortaya düşməsi üçün tutarlı bir əsas yox idi, lakin elə bu «əsassızlığın» özünün məğlubiyyəti də əlamətdardır. Burası da doğrudur ki, «Səriyyə məsələsi» ətrafındakı mübahisələrin, fikir mübadilələrinin elmi-nəzəri səviyyəsi birtərəfli idi, yəni «əsassızlığın» istinad etdiyi mülahizələr primitiv və arxaik keyfiyyətli idi. Səriyyənin öz dövrü üçün adi hərəkətlərini, az qala, milli adət və ənənələrin faciəsi kimi qiymətləndirmək, Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin ümumi inkişafı ilə ayaqlaşa bilməmək məhz ondan irəli gəlirdi ki, müasir insanların mənəviyyatındakı sürətli inkişafdan sərf-nəzər edilir, milli xarakterin dinamik mahiyyəti, yəni tarixi kateqoriya olduğu, ənənə ilə novatorluğun dialektik vəhdəti unudulurdu.
     M.Əlioğlu müharibədən sonrakı dövrdə 40-cı illərin sonunda fəaliyyətə başlamış istedadlı tənqidçilərdən biri idi.
     Onun yeni çap olunmuş əsərlərə biganə qalmaması, yazmaq həvəsi, leksikasının zənginliyi, qələminin hərarəti həmin dövrdə xüsusilə nəzərə çarpırdı. Lakin bəzən onun məqalələri öz imkanlarından aşağı səviyyədə olurdu, tələsiklik nəzərə çarpır, ciddilik hiss edilmirdi. K.Talıbzadə vaxtı ilə yazırdı:
     «Nə qədər qəribə olsa, əvvəllər Məsud Vəliyev tənqiddə öz addımlarını atmağa başlarkən indikindən maraqlı və indikindən professional yazırdı»; «aydın hiss olunur ki, tənqidə həvəslə gələn, vaxtı ilə maraqlı məqalələr yazan M.Vəliyev son zamanlar öz üzərində kifayət qədər işləmir, məqalələrinin keyfiyyətinə diqqət yetirmir».
     Biz M.Əlioğlunun yaradıcılığının ayrı-ayrı dövrlərdəki enişyoxuşlarını onun fitri istedadının əmələ gətirdiyi arxayınçılıq əhvali-ruhiyyəsi ilə yozuruq. Belə bir əhvali-ruhiyyə hərdən müvazinəti pozur, bəzən irəli, bəzən də geri aparırdı.
     Q.Xəlilov M.Əlioğlunun «Məfkurə dostları» adlı məqalələr məcmuəsindən bəhs edərək yazırdı ki, müəllif «çox vaxt bir məqalədə bir neçə məsələdən bəhs edir, lakin bunları dərin, elmi təhlildən keçirmir, ümumiləşmiş nəticələr çıxarmır, bəzən oxucunu inandırmır, faktlara az müraciət edir. Belə hallarda onun məqalələrində təkrarlar, bəlağətli cümlələr çoxalır, elmi dərinlik azalır»‘; «bəzi hallarda isə tənqidçi əsas diqqətini bədii əsərin sənətkarlıq məsələlərinə deyil, ictimai, sosioloji təhlilinə verir, sənətkarlığa gələndə, müəllif, çox zaman öz fikrini ümumi sözlərlə deyib keçir ki, bu da müasir ədəbi tənqidimizin ən zəif tərəflərindən biridir».
     Obyektivlik naminə burasını da qeyd edək ki, Q.Xəlilovun yuxarıda söylədiyi fikirlər daha artıq dərəcədə onun öz məqalələrinə xas idi.
     Görünür, bu yerdə dövr, zaman, şərait də az rol oynamırdı...
     Aktuallıq məsələsi. Müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidinə bu məsələnin həlli baxımından diqqət yetirdikdə, qarşımızda belə bir mənzərə canlanır: bir çox tənqidçilər bədii nəsr əsərlərində müasirliyi aktuallıq, aktuallığı isə yalnız iqtisaditəsərrüfat yeniliyi kimi başa düşmüş, Azərbaycan nəsrindən aktuallığı məhz bu cür ummuş, bu baxımdan tərif, ya tənqid etmiş, şüurlardakı, məişətdəki, insanlarla insanların, insanlarla cəmiyyətin, insanlarla zamanın münasibətindəki yeniliyin isə fərqinə varmamışlar.
     Buna görə də «yeni əsər», «novator əsər» kimi qiymətləndirilən nəsr nümunələrinin bir çoxundakı yenilik, əslində, yalnız iqtisadi-təsərrüfat yeniliklərilə əlaqədar idi. Təsadüfi deyildi ki, bir çox hallarda bu cür tərif və təbliğ olunan əsərlər bədii cəhətcə sönük, sənətkarlıq baxımından bəsit yazılırdı, çünki belə yazıların müəllifləri unudurdular ki, «yaxşı ideya və aktual mövzu ilə bədii ifadə arasında böyük bir məsafə vardır ki, bu məsafəni müvəffəqiyyətlə keçmək üçün sənətkarlığa yiyələnmək» lazımdır.
     Ədəbi tənqidin bir sıra nümunələri isə bəzən bu vacib həqiqəti unutmaqda yazıçılara kömək edirdi. Bu cür hallar Sov. İKP XX qurultayına qədərki dövr üçün, xüsusən, xarakterik idi.
     Müharibə qurtardıqdan sonra dinc quruculuq dövründə Azərbaycan yazıçılarının əmək adamlarının həyatına müraciət etməsi, əməyin pafosunun tərənnümü təbii və labüd bir hal idi.
     Lakin bu o demək deyildi ki, istehsalatdan yazılmış nəsr əsərləri bir növ urbanizmə gəlib çıxsın, texnika və ümumiyyətlə, istehsalat prosesi fetişləşdirilərək insanı, onun taleyini, hiss və həyəcanını, düşüncəsini, mənəvi aləmini arxa plana çəksin.
     Bu o demək deyildi ki, deyək ki, «Dan ulduzu» (İ.Hüseynov) povestindən danışarkən belə bir «giriş» vacib olsun: «... ən mühüm vəzifələrdən biri də ictimai heyvandarlığı durmadan inkişaf etdirməkdən ibarətdir. Bu tarixi qərarla əlaqədar olaraq yazıçılarımızın da qarşısında çox mühüm və şərəfli vəzifələr durur» və bu «mühüm və şərəfli» vəzifə daha geniş şərh olunduqdan sonra yazılsın: «Dan ulduzu»nda müəllif fermanın oturaq həyata keçməsi üçün əlverişli şərait yaratmaq, ictimai-mədəni tövlələr tikmək, inəkləri elektrik üsulu ilə sağmaq, yaxşı yem bazaları yaratmaq kimi əsas məsələləri həll etmək istəmişdir».‘ Yaxud bu o demək deyildi ki, bədii əsərlərə belə bir meyarla qiymət qoyulsun: «İctimai heyvandarlığın yüksəldilməsi işində kolxoz fermasının əhəmiyyətindən bəhs edən (aydındır ki, belə bir məsələdən yalnız kənd təsərrüfatı elmi bəhs edər) ikinci əsər B.Bayramovun «Tək adam» povestidir. Povesti nəzərdən keçirtdikdə, müəllifin yeni kəndi duyduğu hiss olunur. Xüsusilə, ferma həyatının bir sıra «xarakterik cəhətlərini, qoyunçuluğu və bu sahədə aparılan işləri diqqətlə öyrənməyə çalışan müəllif bir sıra canlı həyat lövhələri yaratmış, yeni kolxoz fermasının inkişafını və bu sahədə aparılan işləri dürüst şəkildə əks etdirməyi əsas götürmüşdür».2 1946- cı il oktyabrın 7-də və 8-də Azərbaycan Sovet Yazıçılar İttifaqının plenumu oldu. Plenum göstərdi ki, Azərbaycan ədəbiyyatı tənəzzüldədir. Niyə? Plenum bu suala cavab olaraq üç əsas amil müəyyən etdi:
     1954-cü il. yaradıcılıq üsulu məsələlərində olan nəzəri və praktiki səhvlər;
     1)ədəbi tənqidin zəifliyi və tənqiddəki liberalizm;
     2)Yazıçılar İttifaqı İdarə Heyətinin və redaksiyaların işində olan səhvlər.
     Plenumda qaldırılmış bu üç məsələ prinsipial əhəmiyyətə malik idi və əlbəttə, müzakirə, yaradıcı mübahisə üçün, obyektiv fikir mübadiləsi üçün gözəl material ola bilərdi.
     Lakin belə olmadı, plenum qaldırdığı bu məsələləri kökündən yanlış izah etdi. Məsələn, plenum birinci məsələni yaradıcılıq üsulu məsələsindəki nəzəri və praktiki səhvlərin yaranma səbəbini onda görürdü ki, bəzi yazıçılar, o cümlədən, S.Rəhimov, Mir Cəlal, M.Hüseyn, Ə.Əbülhəsən, İ.Əfəndiyev, Ə.Məmmədxanlı «müəyyən hallarda sovet ədəbiyyatının yeganə yaradıcılıq üsulu olan sosializm realizminin əsas prinsiplərindən uzaqlaşmış və bədii yaradıcılığı xalqa əzəmi dərəcədə kömək edən böyük ədəbiyyat yaratmaq əvəzində tənqid və ifşa ədəbiyyatı yaratmaqdan ibarət hesab etmişlər».
     Qeyd edək ki, «ifşa ədəbiyyatı» istilahı işlədilərkən adicə satira nəzərdə tutulurdu, ilk növbədə də S.Rəhimovun hələ müharibə illərində yazdığı «Xala uşağı» satirik hekayəsi nümunə göstərilirdi. Çox keçmədi ki, Mir Cəlalın müharibə dövrü yazdığı bir sıra satirik-yumoristik hekayələri də nümunələrə misal olaraq ön plana çəkildi.
     Göründüyü kimi, plenum əsas nəzəri və praktiki səhvi yazıçıların «sosializm realizminin əsas prinsiplərindən uzaqlaşmalarında» görürdü; Azərbaycan ədəbi tənqidinin zəifliyi də, tənqiddəki liberalizm də bu baxımdan izah olunurdu. Lakin, əslində, belə halların Azərbaycan ədəbiyyatında yazıçıların «sosializm realizminin əsas prinsiplərindən uzaqlaşma» hallarının olmadığı üçün, ədəbi tənqid nə isə bir şey axtarıb tapmalı, yəni həqiqi böyük səhvə yol verməli idi ki, belə də oldu; aktuallıq məsələsinin düzgün yozulmaması da elə buradan başladı.
     Qəribədir ki, bu məsələ ilə əlaqədar professional tənqidçilərdən daha artıq yazıçıların özləri fəaliyyət göstərirdi...
     Süleyman Rəhimov «Xala uşağı», Mir Cəlal «Nicat əli» hekayələrində xırda nöqsanlardan bəhs etdiklərinə görə, «bu yazılar sosializm realizminə zidd^ əsərlər kimi qiymətləndirilirdi.
     S.Rəhimovun «Azərnəşr» tərəfindən çap edilən «Ötən günlər dəftərindən» adlı hekayələr kitabı sosializm realizminə yabançı sayılırdı, çünki bu hekayələr keçmişdən bəhs edirdi, belə çıxırdı ki, guya keçmişdəki «pisliklər indi də davam edir» . «Xala uşağı» bir daha (neçənci dəfə?!) «dəhşətli zülmətdə», «iyrənc və qorxunc bir həyat parçasının bugünkü sovet varlığına istinad etməkdə» təqsirləndirilir, «yaramaz bir hekayə» olduğu göstərilir, həmçinin, məlum olurdu ki, bu hekayədə məsələ təkcə «üç fırıldaqçı xalaoğlunun bugünkü həyat və varlıq üçün qətiyyən tipik olmadıqları ilə bitmir, «Xala uşağı» müəllifinin bağışlanmaz xətası orasındadır ki, o bugünkü varlığımızm bütün işıqlı tərəflərini unutmuş, uydurduğu çirkablı bir həyatı, heç bir bədii ölçüyə riayət eləməyən, bütün dəhşəti ilə ortaya qoymuşdur»; «Qələmdan» hekayəsində ümumiyyətlə, «sovet adamları son dərəcə küt, ağılsız, avam və məsuliyyətsiz»‘ göstərilmişdir, çünki bir nəfər fırıldaqçı hamını aldadır.
     Bu ittihamların nə qədər əsassız, boş və məsuliyyətsiz olduğunu göstərməkdən ötrü qısaca olaraq Mir Cəlalın «Qələmdan» hekayəsi üzərində dayanaq.
     Əvvəlcədən deyək ki, bu hekayədə qəti surətdə heç kim heç kimi aldatmır, o ki qala «bir nəfər fırıldaqçının bütün sovet adamlarını» aldatmasına... Əksinə, Fərzi oğlu Kərbəlayi Məhəmmədin düzəltdiyi qələmdanı Füzulinin qələmdanı adı ilə satmağa çalışan əntiqfüruş Hacı Qılman bir qəpik də olsun pul qazanmır, heç kimə kələk gələ bilmir, axırda özü çox pis və gülünc vəziyyətdə qalır.
     Satirik-yumoristik tərzdə yazılmış, həm də xoş təsir bağışlayan bu hekayədə bəzi ədəbiyyatşünaslara sataşılıb ki, hərdən böyük məsələlərlə yox, xırda işlərlə məşğul olurlar.
     Təsadüfi deyildi ki, hekayədə təsvir olunan cavan oğlan Səfər babasının düzəltdiyi bu qələmdanı boş bir şey kimi Hacı Qılmana bağışlayıb xahiş edir ki, yeni roman düşsə ona gətirsin. Bu hekayənin yuxarıdakı şərhi isə o dövr haqqında söhbət gedən, ittiham olunan bütün başqa əsərlər üçün, həmçinin, «Xala uşağı» hekayəsi üçün də səciyyəvi idi.
     Bədiilikdən, sənətkarlıq məsələlərindən bir kəlmə də danışmamaq açıq-aydın şəxsi-qərəzliyə, demaqogiyaya, doqmatizmə, nəhayət, hərc-mərcliyə gətirib çıxarmışdı.
     Məsələn, eyni məqalədə bir tərəfdən S.Rəhimovu «pozğun adamlar cəmiyyətimizin kommunizmə doğru yürüşündə məhv olub aradan çıxdıqları halda» bu cür adamları «diri bir qüvvət kimi» təsvir etdiyi üçün («Xala uşağı» hekayəsi nəzərdə tutulurdu), Mir Cəlalı «Açıq kitab»da Gəldiyevi «mühitimizi zəhərləməyə qadir olan bir tip» kimi göstərdiyinə görə, M.Hüseyni «Qara gözlər» adlı hekayəsində Rəhimzadənin gücünü çox «müdhiş surətdə» qələmə aldığı üçün naturalizmə yuvarlanmaqda təqsirləndirir, digər tərəfdən də «mücərrəd romantika naturalizmdən az zərərli deyildir» — deyə İ.Əfəndiyevi və Ə.Məmmədxanlını bəzən xalq əfsanələrini qələmə aldıqları üçün, eləcə də onların başqa əsərlərindəki «qəhrəmanlar oxucularda mübarizə ruhu, ehtirası, çətinliklərə qalib gəlmək meyli və mənəvi səbat» oyatmadıqlarına görə «mücərrəd romantizmdə» ittiham edirdilər.
     Bu ittihamlardakı məntiqsizlik göz qarşısında idi: «pozğun adamlar cəmiyyətimizin kommunizmə doğru yürüşündə məhv olub aradan çıxdıqları» halda, hansı «mübarizə ehtirasından» söhbət gedə bilərdi; daha çətinliklər olmadığı halda, «çətinliklərə qalib gəlmək meyli» necə əmələ gələ bilərdi?
     Hətta iş o yerə çatmışdı ki, bəzi yazıçılar, məsələn, M.Hüseyn özünün «Qara gözlər» adlı siyasi baxımdan tamamilə zərərsiz hekayəsinə də bu cür yozum verir, özü öz hekayəsinə əsassız olaraq qara boyalar yaxır, eyni zamanda İ.Əfəndiyevi və Ə.Məmmədxanlını bir daha «mücərrəd romantizmdə» təqsirləndirirdi.
     Əlbəttə, İ.Əfəndiyevin də, Ə.Məmmədxanlının da yaradıcılığı belə bir ittihama əsas vermirdi, necə ki, «Qara gözlər» hekayəsi M.Hüseyni günahlandırmağa əsas ola bilməzdi.
     Belə dolaşıq, əsaslandırılmamış fikirlərin meydan almasının mühüm səbəblərindən biri, şübhəsiz, ədəbi tənqidin mövqe zəifliyi ilə də, bəzi yaradıcılıq problemlərini dərindən, cəsarətlə, elmi obyektivliklə həll edə bilməmək zəifliyi ilə də bağlı idi; eyni zamanda, burada həmin dövrün öz spesifikasını da nəzərdən qaçırmaq olmaz.
     Əks-təqdirdə «Xala uşağı» hekayəsinin bədii qüsurları bir kənara qoyulub, «Bəs, bu «Xala uşağı»ndakı qaranlıq nədir, az qalır gözümüzü çıxartsın?» kimi suallar ortaya çıxmazdı.
     S.Rəhimovun «biz yazıçılar sosializm əmlakını oğurlayanlara, rüşvətxorlara qarşı mübarizə etməyəkmi? Biz yazıçılar utopik bir xəyala qapılıb ulduzlara qalxaqmı?» deyə hiddətlənməsi çox haqlı və təbii idi, hərçənd, bu suallar kəskin tənqidə məruz qaldı.
     Ümumiyyətlə, inzibati ruh, ittihamçılıq o dövrkü məqalə və çıxışların leytmotivini təşkil edirdi. Hər hansı bir yazıçını «xalq malını dağıdan oğruları, dələduzları, qudurğanları, bayağı adamları» qələmə almışdır deyə, inzibati istilahlarla damğalamaq çox adi, hətta heyrətamiz dərəcədə adi bir şey idi.
     Bütün bunlar Azərbaycan ədəbi tənqidində bir sıra kökündən yanlış nəzəri fikirlərin yaranmasına səbəb oldu, bədii əsərlərdə aktuallıq urbanizm şəklində meydana çıxdı, tarixi əsər yazmaq qəbahət sayıldı, bəzi əsərlər «tənqidi realizm qoxusu verdiyinə» görə tənqid olundu, konflikt barədəki yanlış mülahizələr geniş yayıldı və s.
     Məsələn, Məmməd Rahim Mehdi Hüseynin tarixi əsərlər yazmağın vacibliyini göstərən «Yazıçı və tarix» məqaləsinin əleyhinə çıxaraq yazırdı ki, «sovet yazıçısının tarixi mövzulara qaçması ... yazıçının müasir həyatın təsvirində acizlik göstərməsini, müasir mövzudan müəyyən dərəcədə uzaqlaşmasını, bugünkü insanlardan, onların yeni arzu və əməllərindən uzaqlaşmasını göstərir.»
     O dövrdə digər məsələlərdən bəhs edən məqalə və çıxışlarda olduğu kimi, bu məsələyə münasibətdə də qəribə bir ziddiyyət müşahidə etmək olardı: bir tərəfdən «ayrı-ayrı yazıçılar çox vacib olan müasir mövzularla məşğul olmayaraq, keçmişlə daha çox maraqlanmışlar» deyildiyi halda, digər tərəfdən də «ədəbiyyatımız Bakının şanlı inqilabi keçmişinə dair hələ layiqli əsər verməmişdir» deyə Azərbaycan ədəbiyyatı qarşısında tələblər qoyulurdu.
     Yaxud elmi-nəzəri səhvə gətirib çıxaran başqa bir misal: M.Hüseyn «Xala uşağı» hekayəsindən bəhs edərək yazırdı ki, «sənətkarın təsvirində xırda və cüzi insanlar əsas yer tutanda bədii əsərin də vəzni yüngül olur»‘. Bədii ədəbiyyatın çoxəsrlik təcrübəsi isə göstərir ki, yox, məsələ bu cür deyil. Əgər belə olsaydı, deyək ki, «Müfəttiş»in üzərindən xətt çəkilməliydi, C. Məmmədquluzadənin bir çox əsərləri, ya İlf və Petrovun romanları, İ.E. Babelin əsərləri gərək çoxdan unudulub gedəydi. Aydındır ki, «bədii əsərin vəznini» müəyyən edən meyar daha mürəkkəb və dərindir.
     Bütün bu cəhətlər, müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidində və ümumiyyətlə, ədəbiyyat aləmində yaranmış belə bir atmosfer aktuallıq probleminin səhv başa düşülməsinə bu və ya digər dərəcədə şərait yaradırdı.
     Əlbəttə, vaxt gələcək və Azərbaycan sovet yazıçılarının II qurultayında xitabət kürsüsündən bu sözlər eşidiləcəkdi: qərarlardan bizim bəzi yazıçılarımız düzgün nəticə çıxara bilmədən başqa bir qütbə yuvarlandılar. Onlar mənfilikləri tamam bir kənara tullayıb həyatı rəngləməyə, onu mübarizə və inkişaf prosesindən qoparıb, yağlayıb bəzəməyə, qəribə bir utopiyaya gedib əfsanəvi bir gülüstan düzəltməyə başladılar...
     Onlar ədəbiyyatı «qızıllaşdırmağa» başladılar. Əslində, canlı həyat bir yanda qaldı. Bu əsərlər isə baş alıb başqa bir yana getdilər. Bu əsərlər nə nağıl kimi nağıl oldu, nə də ki, bədii əsər kimi bir əsər. Burada bədii əsərdə bir məqaləçilik və pis publisistika dili hakim oldu, öz-özlüyündə çox vacib, bizim ədəbiyyatımızda çox mühüm yer tutan oçerk janrı sönükləşmiş halda, mexaniki olaraq köçüb romanlara gəldi (Ə. Sadığın «Boz dağın ətəklərində» romanı misal gətirilir). Bu əsər necə oldu? Mingəçevir tikildi və nəzərdə tutulan birinci açılış oldu.
     Ancaq «Boz dağın ətəklərində» əsəri Mingəçevirin bu birinci növbə açılışına qədər ömür sürə bilmədi.
     Lakin irəli getməyək və müharibədən sonrakı ilk illərdə «Boz dağın ətəklərində» romanının və bu səpgidə yazılmış digər yazıların Azərbaycan ədəbi tənqidində və ümumiyyətlə, ədəbiyyat aləmində necə qiymətləndirildiyinə nəzər salaq.
     Filologiya elmləri doktoru İsidor Kleyner Moskvadan «Ədəbiyyat qəzeti»nə göndərdiyi məqaləsində göstərirdi ki, «Mingəçevir» (Ə. Sadığın «Boz dağın ətəklərində» romanının digər adı belə idi) romanı Azərbaycan nəsrinin, habelə sovet ədəbiyyatının görkəmli əsəridir. Niyə? Hansı bədii məziyyətlərinə, hansı sənətkarlıq xüsusiyyətlərinə görə? Bu sualların üzərindən sükutla keçilirdi və yalnız buna görə əsər belə yüksək qiymətləndirilirdi ki, burada «yalnız Azərbaycan üçün deyil, bütün Sovet İttifaqı üçün böyük xalq təsərrüfatı əhəmiyyəti olan Mingəçevir tikintisi təsvir olunur».
     H.Həsənov mərkəzi mətbuatda çap olunmuş məqaləsində bir tərəfdən bədii cəhətdən dolğun əsərlər yazmağa çağırır, digər tərəfdən də «Mingəçevir» romanını son zamanlar Azərbaycan ədəbiyyatında meydana çıxmış əhəmiyyətli əsərlərdən biri kimi qələmə verirdi, çünki aktual mövzulu romandır. Yenə də bədii məziyyətlərin, sənətkarlıq xüsusiyyətlərinin üzərindən sükutla keçilirdi.
     «Mingəçevir» romanı «oxucular tərəfindən yüksək qiymətləndirilmiş» əsər kimi ona görə təbliğ və tərif olunurdu ki, yuxarıda göstərdiyimiz «fəaliyyət» nəticəsində pis mənada aktuallıq bədiiliyə üstün gəlmişdi; əgər əsər müasir mövzuya həsr olunmuşsa, yəni müasir dövrdə kənddəki və ya şəhərdəki istehsalat prosesindən bəhs edirsə müasir əsər qiymətli əsər kimi qələmə verilirdi.
     Biz təsadüfən pis mənada aktuallıq demirik, çünki aktuallıq həmişə sovet ədəbiyyatının, o cümlədən də Azərbaycan sovet ədəbiyyatının, ən mühüm müsbət keyfiyyətlərindən biri olmuşdur. Lakin bu şərtlə ki, o, yüksək bədiiliklə vəhdət təşkil etsin. Yəni aktual mövzulu ən yaxşı sovet romanlarını nəzərdən keçirərək, əgər aktuallığı «a» ilə, sənətkarlığı «b» ilə, böyük tələblərə cavab verəcək bədii nəsr əsərlərini isə «v» ilə işarə etsək, onda yüksək səviyyəli bədii əsərin meyarı kimi belə bir formul alınar:

a + b = v


     Müharibədən sonrakı ilk altı-yeddi ildə isə Azərbaycan ədəbi tənqidində (əlbəttə, istisnalar var!) bu meyara çox zaman istinad olunmurdu. Zəif sənətkarlığı, qeyri-bədiiliyi «q» ilə işarə etsək, bu «v»nin keyfiyyətinə təsir etmirdi; bir halda ki, «a» var, onda «v» dəyişməzdir!

a + q = v


     «Mingəçevir» romanı ilə əlaqədar olaraq da ədəbi tənqiddəki vəziyyət məhz bu formulaya cavab verirdi.
     Müharibədən sonrakı illərdə Azərbaycan bədii nəsrində neftçilərin həyatından bəhs edən «Abşeron» (M.Hüseyn) və «Yerin sirri» (M. Süleymanov) kimi romanlar meydana çıxdı. Bir sıra müsbət cəhətlərilə bərabər, xüsusən, «Yerin sirri» romanının ciddi bədii qüsurları var idi və gələcəkdəki daha dolğun müvəffəqiyyətlər naminə bu qüsurları göstərmək Azərbaycan ədəbi tənqidinin vəzifəsiydi. Lakin belə olmadı.
     Düzdür, bu romanlara mövzu etibarilə Azərbaycan nəsrində bir hadisə kimi baxmaqda ədəbi tənqid haqlı idi, lakin bu o demək deyildi ki, həmin əsərlərdəki bədii qüsurlara əksər hallarda göz yumulsun və onlar kamil roman etalonu kimi təqdir və təbliğ edilsin.
     Doğrudur, bir sıra ədəbiyyatçılar bu əsərləri haqlı olaraq «yalnız ilk addım, başlanğıc» sayırdısa da, konkret olaraq qüsurlardan bəhs edilmir. Fövqəladə hallarda bu qüsurlardan bəhs olunarkən, bədii cəhətlər bir tərəfdə qalır, əvəzində qəribə fikirlər söylənilirdi. Məsələn, tənqidçi Mir Cabbar «Literaturnaya qazeta»da çap etdirdiyi məqaləsində «Yerin sirri» romanının yeganə qüsurunu onda görürdü ki, Bakıda neft sənayesi sahəsində işləyən neftçilər arasında ayrı-ayrı millətlərin nümayəndəsi olan fəhlələr çalışdığı halda, əsərdə erməni Mesrop və yerli komitənin sədri rus nəzərə alınmasa, surətlərin demək olar ki, hamısı azərbaycanlıdır; gələcək nəşrlərdə bu qüsurun qaldırılması tələb olunurdu.
     Aydın məsələdir ki, belə iddia demaqogiyadan başqa bir şey deyildi. Bu məsələ ilə əlaqədar olaraq V.İ. Leninin bir fikrini xatırlasaq yerinə düşər. V.İ. Lenin yazırdı ki, bir millətin fəhlələrini digər millətin fəhlələrindən ayırmaq cəhdinə qarşı amansız mübarizə aparmaq lazımdır. Əlbəttə, yaxşı olardı ki, Mir Cabbar «Yerin sirri» romanındakı fəhlə surətlərinin milliyyətini araşdırmaqdansa, onların bədii keyfiyyətlərindən danışaydı.
     Yaxud başqa bir misal: bir sıra bədii cəhətcə sönük əsərlərlə eyni vaxtda Azərbaycan nəsrində «Bizim qızlar» (İ.Hüseynov) kimi maraqlı povest meydana çıxdı. Bu əsər Azərbaycan ədəbi tənqidinin diqqətini cəlb etdi, lakin bəzi tənqidçilər (povestin hərtərəfli bədii təhlilə ehtiyacı olduğu halda) bədii məsələləri bir kənara qoyub yazırdılar: «... müəllif belə bir məsələni tamamilə unutmuşdur ki, təkrar yemləmənin müvəffəqiyyəti yüksək temperatura davam gətirib keyfiyyətli məhsul verə bilən cins ipək qurdunun seçilməsindən asılıdır.
     Digər tərəfdən, povestdən belə anlaşılır ki, guya yayda da yazda olduğu qədər çox və keyfiyyətli məhsul götürmək olar.
     Halbuki yay yemlənməsi nəticəsində götürülən məhsul həm kəmiyyət, həm də keyfiyyətcə yazdakı məhsuldan aşağı olur» və s.
     Əlbəttə, texniki qüsurları da göstərmək lazımdır, lakin tənqidçi üçün yalnız bu qüsurları göstərmək çox az və yəqin ki, bağışlanmazdır. Ayrı-ayrı sahələri, o cümlədən, baramaçılığı da bilmək tənqidçinin müsbət cəhətidir. Lakin bu biliyi bədii əsəri təhlil edərkən nümayiş etdirmək yox, bəlkə də bu barədə ayrıca əsər yazmaq lazımdır, necə ki, D.İ.Pisarev bal arıları haqqında ayrıca əsər yazmışdı, özü də yaxşıca yazmışdı.
     «Boz dağın ətəklərində» romanının «ölkəmizin ən böyük tikintilərindən olan Mingəcevir Su Elektrik Stansiyasına», «Yerin sirri» romanının isə «Bakı neftçilərinin fədakar əməyinə, Stalin beşillikləri uğrunda onların qəhrəmancasına mübarizəsinə»‘ həsr olunduqları üçün, ancaq bunun üçün Azərbaycan nəsrinin müvəffəqiyyəti kimi qələmə verildiyini oxuyarkən qəribə hisslər keçirirsən.
     Lakin illər keçəcək və vaxt gələcəkdir ki, Azərbaycan ədəbi tənqidinin xeyli inkişafına dəlalət edən bu sözlər yazılacaqdır: «...mövzunun aktuallığı müəllifi bədii məğlubiyyətdən xilas edə bilməz».
     Qeyd etmək lazımdır ki, hələ o dövrdə də, yəni müharibədən sonrakı ilk altı-yeddi ildə də Azərbaycan ədəbi tənqidində ciddi və uzaqgörən səslər ucalırdı. M.S.Ordubadi 1946-cı ildə ədəbi tənqid haqqında yazırdı ki, «tənqidin əfvedilməz xətalarından biri əsərə görə deyil, vaxta ... görə fikir yürütməkdən ibarətdir». Beş il sonra isə, Cəfər Cəfərov Azərbaycan edəbi tənqidinin çox xarakterik və mühüm nöqsanını açıb göstərirdi: «Tənqidimizin ən nöqsanlı cəhətlərindən biri də əsərlərə birtərəfli yanaşmasıdır. Əsərlərə az-çox ictimai təhlil verilirsə də, bədiilik, sənətkarlıq, forma, dil məsələləri, demək olar ki, tamamilə unudulur».
     Cəfər Cəfərov bir il sonra Azərbaycan Sovet Yazıçıları İttifaqının idarə heyətinin plenumundakı məruzəsində də diqqəti bir daha sənətkarlıq məsələlərinə cəlb edirdi.
     İllər keçdikcə Azərbaycan ədəbi tənqidində ucalan bu səslər arasındakı intervallar azalır, 50-ci illərin ikinci yarısında isə əksəriyyət təşkil etməyə başlayırdı. Artıq aktuallıq adı ilə ortaya çıxan zəif yazılar nəinki təqdir və təbliğ olunur, hətta yavaş-yavaş kəskin tənqidə məruz qalırdı. Hələ 1953-cü ildə «Ədəbiyyat qəzeti» ehtiyatla da olsa yazırdı ki, yazıçı, məsələn, poladəridənin nəhəng sobalar qarşısında gördüyü işi bilməklə bərabər, həmin poladəridənin daxili aləmini, hiss və həyəcanlarını da duymalıdır.
     Ə.Hüseynovun «Mənim ailəm» (Ə. Rəhimov) romanı haqqındakı məqaləsi Q.Xəlilovun «ədəbiyyatımız elə bir inkişaf səviyyəsinə çatmışdır ki, mövzu aktuallığı pərdəsi altında zəif əsərə bəraət qazandırmaq olmaz», deyə «Fırtına» (M. Süleymanov), eləcə də «Əfruz və başqaları» (M. Cəfərov) barədəki tənqidləri, M.Hüseynin xam torpaqlardan bəhs edən «Geniş üfüqlər» (İ.Gözəlov) və «Ayaz gecələr» (V.Şıxlı), kolxoz həyatından danışan «Əfruz və başqaları», «Aydın yollarda» (M.Müştaq) romanları haqqında böyük məqaləsi5 və s. göstərirdi ki, artıq

a + q = v


formulu yavaş-yavaş aradan qaldırılır, nəticə «v» olmaqdan ötrü «a» ilə bərabər «b» də tələb olunurdu.
     Lakin burada ikinci bir cəhət qabarıq şəkildə özünü büruzə verirdi: hətta bu səpgili məqalələrin də əksəriyyəti tələb olunan elmi-nəzəri səviyyədə deyil, primitiv mülahizələrlə, uzun-uzadı məzmunçuluqla, annotasiya xarakteri daşıyan resenziyaçılıqla, quru sosioloji təhlillə, məlum həqiqətlərin sanki yeni Amerika kəşf olunubmuş kimi pafoslu təkrarıyla yüklü idi, bəzən yenə də yalnız texniki-faktik qüsurlar göstərilirdi və s.
     Məzmunçuluqdan, sosioloji «təhlillərdən» ibarət məqalələr müharibədən sonrakı dövrdə Azərbaycan ədəbi tənqidinə gəlmiş tənqidçilərin də respublika dövri mətbuatında tez-tez çap olunan yazıları içərisində xeyli yer tuturdu.
     Bunun səbəbi nə idi? Nə üçün dövri mətbuatda çap edilən bir çox ədəbi-tənqidi məqalələrin elmi-nəzəri səviyyəsi qənaətbəxş deyildi?
     Bir anlıq yenə keçmişə qayıdaq. Vaxtilə «Ədəbiyyat və incəsənət» qəzeti çox haqlı olaraq yazırdı: «Gözə çarpan mühüm nöqsanların əksəriyyəti bədii nəsrimizin sənətkarlıq məsələləri ilə əlaqədardır»‘.
     Nə üçün Azərbaycan nəsrinin vəziyyəti bu cür idi? Çünki Azərbaycan ədəbi tənqidi nəsrdə sənətkarlıq məsələlərinə az diqqət yetirir, bəzi hallarda isə bunu tamam unudurdu.
     Azərbaycan ədəbi tənqidinin özünün də bəzi nöqsanları məhz elə buradan doğurdu... Belə ki, Azərbaycan nəsrinin sənətkarlıq məsələləri ilə bu nəsr haqqındakı tənqidin elmi-nəzəri səviyyəsi üzvi surətdə bir-biri ilə bağlı və eyni zamanda,asılı olan cəhətlər idi.
     Diqqətlə nəzərdən keçirəndə görürük ki, Azərbaycan ədəbi tənqidinin özünəməxsus inkişaf təmayülləri də vardır. Bu inkişaf Sov. İKP XX qurultayından sonrakı dövrdə özünü xüsusilə büruzə verirdi. Qurultaydan az sonra «Literaturnaya qazeta» çox mühüm bir məqalə dərc etdi.
     Məqalədə deyilirdi ki, XX qurultayda irəli sürülmüş ən mühüm bədii yaradıcılıq məsələlərindən biri də budur ki, materiala, problematik mövzuya güzəştə getmək olmaz, onların bədii cəhətdən zəif təcəssüm etdirildiyini nəzərə almaq lazımdır. Məqalədə etiraf olunurdu ki, «yaxın keçmişdə ədəbi tənqid, yazıçılar ictimaiyyəti bir sıra zəif və səthi əsərləri layiq olmadan dəfələrlə şişirdib həddindən artıq tərifləmiş və göylərə qaldırmışlar.»
     Ümumiyyətlə, XX qurultay sovet ədəbi tənqidinin, o cümlədən də Azərbaycan ədəbi tənqidinin inkişafına böyük təkan verdi. Artıq ədəbi tənqid doqmadan, inzibati islahatlardan, hədə-qorxudan, prokuror ittihamlarından azad olurdu. Artıq ədəbi tənqidin inkişafına dəlalət edən aşağıdakı cümlələr istisna təşkil etmir, əksəriyyətin səsinə çevrilirdi:
     «Bugünkü həyatın bu və ya digər sahəsindən danışan elə əsərlər var ki, onlarda heç bir müasir ruh yoxdur, əsrin mübarizəsini əks etmir, qabaqcıl fikir və düşüncədən məhrumdur, oxucuya heç bir yeni fikir aşılamayaraq bu mövzuda özündən qabaq yazılmış əsərləri təkrar edir». Bu sözlər öz-özlüyündə məlum məsələ də olsa, əlamətdar idi...
     Burasını da qeyd edək ki, aktuallıq məsələsi düzgün anlaşılmadığına, aktuallıq bədiilikdən təcrid olunduğuna görə, Azərbaycan nəsrində bir şablon əmələ gəlmişdi və bu kolxoz həyatından bəhs edən bir sıra irihəcmli yazılar üçün, xüsusilə, xarakterik idi. Əvvəlcə, Azərbaycan ədəbi tənqidi bu məsələnin üzərindən sükutla keçirdi. Hələ 1953-cü ildə bir məqalədə deyilirdi: «Kolxozlarda zərif yunlu merinos qoyunları yetişdirmək məsələsi (yaxud başqa bir məsələ İ.Ə.) meydana çıxdıqda, yazıçı yoldaş dərhal bu barədə bir əhvalat quraşdıraraq yazmağa başlayır; çoban merinos qoyun yetişdirmək istəyir, kolxoz sədri geridə qalmış adam olduğu üçün buna zidd çıxır, nəhayət, rayon partiya komitəsinin katibi işə qarışıb münaqişəni həll edir. Müəllif öz əsərindəki quruluğa, cansıxıcılığa, fikirlərin dayazlığına, duyğuların ibtidailiyinə qətiyyən əhəmiyyət verməyərək quraşdırdığı əhvalatı inadkar bir səbrlə uzadır, hey yazıb tökür. Tənqidçilər də belə yazıçıları başa salmırlar ki, az-maz fantaziyası olan hər bir savadlı adam müəyyən məsələ haqqında bir əhvalat düzəldib yaza bilər, bunun sənətə dəxli yoxdur. Nəsrin bu cür adiləşib akta çevrilməsi ilə kəskin mübarizə lazımdır.»
     Tənqidçilərin məhz bu biganəliyi nəticəsində Azərbaycan nəsrində əmələ gəlmiş şablon fabula, trafaret situasiyalar get-gedə təhlükəli vəziyyət yaratdı. Məsələn, M.Hüseynin də göstərdiyi kimi kənd mövzusunda yazılmış əsərlər üçün səciyyəvi şablon, bir süjet: kolxozda bütün işlər kor qalıb; bir nəfər şəhərdən göndərilərək (mütləq şəhərdən gəlməlidir) özünü bu bərbad vəziyyətli kolxoza yetirir; bir neçə ayın içində kolxoz planı artıqlamasilə doldurur, elektrik stansiyası lazımdırsa tikilir, arx çəkmək lazımdırsa çəkilir, bağ salmaq lazımdırsa, salınır, kəndin mədəniyyəti sürətlə yüksəlir və s., bir sözlə, kolxozda şən həyat başlayır. Şablondan əlavə, bu fabula həm də son dərəcə süni idi. Niyə bu sədrlərin hamısı müvəffəq olurdu? Təsvir olunan qabaqcıl kolxozçular nə üçün elə bu sədri adətən, ya institutu yenicə bitirmiş, ya ordudan tərxis olunmuş cavan sədri gözləyirdilər? Və s.
     Əlbəttə, işlənməmiş mövzu azdır, hətta yox dərəcəsindədir. Şablon fabula, trafaret situasiyalar dedikdə söhbət yalnız oxşar mövzuların qələmə alınmasından deyil, bu mövzuların necə işlənməsindən gedir. Şablon o zaman meydana çıxır ki, bu cür mövzular sənətkarlıq cəhətdən, yazıçının həyata və həyat hadisələrinə münasibətindəki fəlsəfilik baxımından sönük işlənsin, əks-təqdirdə aydındır ki, şablondan söz ola bilməz.
     Təkrar edirik ki, illər keçir, Azərbaycan ədəbi tənqidi inkişaf edir, bu və başqa mühüm qüsurlar təshih olunur, həmin qüsurların obyektiv səbəbləri araşdırılır, yeni nəsr əsərlərinin elmi-nəzəri əsaslarla təhlilinə cəhd göstərilir və bəzən buna nail də olunurdu.
     Bu işdə təcrübəli və tanınmış tənqidçi, yazıçılarla bərabər, Azərbaycan ədəbi tənqidinə 50-ci illərin sonlarında gəlmiş S.Əsədullayev, Y.Seyidov, G.Əlibəyova, Y.Qarayev və b. kimi tənqidçilərin də fəaliyyəti rol oynayırdı.
     Bilavasitə Azərbaycan ədəbi tənqidinin özünü təhlil obyekti seçmiş tənqidçilərin, xüsusən, M.Cəfər və K.Talıbzadənin əldə etdikləri elmi nəticələr sübut edirdi ki, artıq Azərbaycan ədəbi tənqidi özü öz qüsurlarını görür və bu qüsurlar əvvəllərdə olduğu kimi, doqmatik mülahizələrlə izah olunmur, ədəbiyyatşünaslıq elminin, ictimai fikrin dövr üçün müasir inkişafı baxımından nəzəri əsaslarla öyrənilirdi.
     Düzdür, bu zaman yenə də bir sıra mübahisəli fikirlər meydana çıxırdı. Məsələn, «Ədəbiyyat və incəsənət» qəzeti baş məqalələrindən birində yazırdı: «Müasirlik və ədəbi sənətin qarşısında duran vəzifə bəzən müxtəlif şəkildə izah edilir, bir tərəfdən tarixi mövzunu işlərkən də bu günün əhvali-ruhiyyəsini vermək olar, deyə sənətkarın diqqəti dövrün vacib məsələlərindən yayındırılır, digər tərəfdən isə yazıçının qələmə aldığı hər hansı bir hadisə və əhvalat, sadəcə zavodda, kolxozda baş verirsə, bu, əlbət ki, müasirlikdir, deyə qələmə verilir».
     Burada ikinci mülahizə, yəni Azərbaycan ədəbi tənqidi tərəfindən müasirlik məsələsinin düzgün yozulmaması haqqındakı fikri yerinə düşübsə də, birinci mülahizə ilə, əlbəttə, razılaşmaq olmaz; tarixi mövzuda əsər yazan yazıçını müasir dövrün vacib məsələlərinə biganəlikdə təqsirləndirmək, təbii ki, düzgün deyildi; əgər belə olsaydı, dünya ədəbiyyatında tarixi romanlar, dram əsərləri, poemalar yaratmış klassiklər tənqid hədəfinə çevrilərdi.
     Əlbəttə, ədəbi tənqid tarixi mövzulu əsərlərlə müasir f ikirdən bəhs edən əsərləri əsassız olaraq qarşı-qarşıya qoyub ikincinin hesabına birincini inkar etmək əvəzinə, müasir mövzunun qiymətini heç də azaltmadan, tarixi mövzulu əsərlərin də vacib və mühümlüyünü göstərməli idi. Həm də qarşıya ən yüksək tələblər qoyulmalı idi. Məsələn, zəngin Azərbaycan folkloru Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm və b. tarixi şəxsiyyətlər haqqında yüksək səviyyəli və güclü bədii məntiqə malik, böyük etnoqrafik əhəmiyyətli, xalqın milli vüqarını milli simasını açıb göstərən dastanlara malikdir.
     Müasir yazıçı da həmin şəxsiyyətlərdən biri haqqında roman yazmaq fikrinə düşərsə, qarşısında bu cür zəngin nümunələr qalanar. Aydın məsələdir ki, o, yuxarıda göstərdiyimiz cəhətləri daha da inkişaf etdirməklə, dastanlardan yaradıcı surətdə istifadə etməklə bərabər, bədii-fəlsəfi təfəkkürün əsrlər boyu inkişaf edərək yüksəldiyi müasir səviyyədən həmin dövrə baxmalı, bu baxımdan haqqında bəhs etdiyi dövrün ictimai-fəlsəfi təhlilini verməli, əldə etdiyi nəticələrlə qələmə aldığı insanların təfəkkürü arasındakı əlaqəni göstərməli, əsərin inkişaf prosesinin əsasını təşkil edən hadisələrin obyektiv səbəb olaraq bu əlaqədən doğduğunu müasir bədii-estetik zövqün səviyyəsindən yazıçı xəyalı, yazıçı mədəniyyəti, məntiqi ilə sübut etməlidir.
     Yuxarıda qeyd etdik ki, artıq 60-cı illərdə Azərbaycan ədəbi tənqidinin inkişafı şübhəsiz idi. Buna görə də, indi misal gətirəcəyimiz məqalə kimi yazıları ara-sıra yenə də dövri mətbuatda oxuduqda, yəqin ki, təəssüflənməmək mümkün deyildi. Söhbət «Aran» (S. Əhmədov) romanı haqqındakı bir məqalədən gedir.
     Bu məqalədə «ənənəvi giriş»in yeri dəyişmişdir; əvvəlcə konfliktin kimlər arasında getdiyi sadalanır və niyə baş verdiyi göstərilir, «ənənəvi giriş» isə sonra başlayırdı: «Məlumdur ki, pambıqçılıq Azərbaycanda kənd təsərrüfatının ən mühüm sahələrindən biridir. Pambıqçılığın inkişafı və məhsuldarlığı kolxozçuların maddi həyat şəraitinin yüksəldilməsinə çox kömək edir. Lakin pambığın becərilməsinin və yığılmasının özünəməxsus bir çox çətinlikləri vardır. Bu çətinlikləri aradan qaldırmaq və məhsuldarlığı çoxaltmaq üçün partiyamızın Mərkəzi Komitəsinin dekabr plenumunda bir sıra ciddi məsələlər irəli sürüldü və göstərildi ki, pambıqçılıq mədəniyyətini və məhsuldarlığını yüksəltmək üçün əl əməyi olmadan pambığın əkilib-becərilməsi məsələsini həll etməyin vaxtı gəlib çatmışdır».
     Sonra məqalədə böyük bir sitat gətirilir və belə bir «körpü» ilə əsas mətləbə keçilirdi: «Bütün bu çətinliklərin öhdəsindən gəlmək üçün nə lazımdır? Hazırlıqlı, mədəni kadr, maşın, yüksək texnika! «Aran» romanının mərkəzində qoyulan əsas problem məhsuldarlığı yüksəltmək üçün vacib şərt olan maşından istifadə məsələsidir . Kolxoz kəndinə aid çox əsər yazılmışdır, lakin onların heç birində bu problem bu qədər aydın, kəskin, konkret qoyulmamışdır».
     Bütün bunlardan sonra, belə bir qəribə fikir irəli sürülür ki, müəllif, müasir insanın «əxlaq və görüşlərini bədii şəkildə əks etdirmək üçün» bu problemdən bir vasitə kimi istifadə etmişdir. «Deməli, maşın bir vasitədir, əsas problem müasir insanın qəlbi, həyatı və fəaliyyətidir». Əlbəttə, fikirləşə bilərik ki, nəhayət, bu əsərdə «əsas problem» nə oldu: «məhsuldarlığı yüksəltmək üçün vacib şərt olan maşından istifadə» məsələsi, yoxsa maşının vasitəçiliyi ilə «müasir insanın qəlbi, həyatı və fəaliyyəti»? Məgər maşın da insan əxlaqını əks etməkdə bir bədii vasitə olarmı? Maşın müasir insanın «görüşlərini bədii şəkildə əks etdirir fikri nə deməkdir?
     Daha sonra məqalə müəllifi qarşıya belə bir sual qoyurdu ki, «əsərin əsas surətlərindən olan raykomun təlimatçısı Hidayət Piriyevi, kolxoz partiya təşkilatının katibi Talıbı hansı məsələlər düşündürür (kursiv mənimdir)»
     Əlbəttə, aydın məsələdir ki, onları da maşın düşündürür və məqalə müəllifi bu düşüncələri təfsilatı ilə nağıl edirdi; yenə də kimin kimə qarşı mübarizə aparması sadalanırdı. Sonranövbə raykomun birinci katibi Munis Buludxanova çatır; göstərilirdi ki, Munis müharibədə iştirak edib, orden və medallarla geri qayıdıb, raykom katibi seçilib, o, «sövq-təbii hiss edir ki, rayonda kimsə ayağını düz atmır, ümumi ahəngə, sürətə mane olur...»
     «Munis fikirləşir ki, nə üçün cəbhədə ömrünü dağda-daşda, sürü dalında keçirən, ömründə bir dəfə olsun əmr, dərs görməyən adamları öyrədə bildiyi halda , rayonda işə mane olanları, əliəyri və fırıldaqçıları tapıb tərbiyələndirə, yaxud cəzalandıra bilmir?»; «Munis... çox düşünür, lakin bəzi mühüm cəhətləri unudur, nəzərə almır»; «Munisi ən çox işin ümumi sürəti, plan, rayonun qabaqcıllar sırasına çıxması düşündürür»; «onun bu düşüncələrinin özündə, eləcə də ailə-məişət münasibətlərində təzə cəhətlər çoxdur».
     Buradakı təzə cəhətlər hansılardır? Doğrudanmı raykom katibinin plan haqqında düşünməsi müasir təfəkkürün yeni, təzə cəhəti idi?
     Daha sonra söhbət yenə də gəlib Talıbın üstünə çıxır. «...Talıb düşünür ki, insanı qorumaq, mühafizə etmək lazımdır».Və s.
     Bütün məqalədə sənətkarlıq məsələlərindən bir kəlmə də olsun yox idi, bunun müqabilində isə axırda arzu olunurdu ki, S.Əhmədov «roman janrının rəngarəng bədii vasitələrindən hərtərəfli istifadə etsin».
     Əlbəttə, bu yerdə oxucu qəzeti bükərək bütün bu «düşüncələrdən» ayrılıb özü düşünə bilərdi: «Hörmətli tənqidçi, siz bu gözəl arzunuzun gələcəkdə həyata keçirilməsi üçün nə etdiniz? Cavan müəllifin ilk irihəcmli əsərinin hansı müsbət cəhətlərini, yaxud çatışmazlıqlarını göstərdiniz?
     Roman janrının rəngarəngliyi nədən ibarətdir və cavan yazıçı bundan necə istifadə etməlidir? Bəlkə istifadə olunub?
     Olunmayıbsa səbəbi nədir? Siz bu romanın məndə buraxdığı təəssürata yeni bir şey əlavə etdinizmi, ümumiyyətlə, siz hər hansı bir məsələni mənə izah etdinizmi? Mənim hər hansı yanlış bir qənaətimi alt-üst etdinizmi? Nəhayət, siz bu məqaləni nə üçün yazmısınız? Müasir dövrdə roman jannnın müasir ədəbiyyatşünaslıqda, ümumiyyətlə, müasir ədəbi prosesdə mühüm problemə çevrildiyi zamanda bu cür məqalələrin nə kimi xeyri ola bilər?» Çətin suallardır...
     Əlbəttə, oxucu bu cür düşünməkdə haqlı olardı.
     «Olum, ya ölüm» yox, necə olum? 60-cı illərdə roman janrının dünya ədəbi ictimaiyyətində doğurduğu təlatüm bir ədəbi hadisə kimi, ümumiyyətlə, XX əsr ədəbiyyatı üçün çox xarakterik idi. Çünki bü təlatümü də bir-birinə zidd dünyagörüşlərin, bir-birilə çarpışan emosiyaların, antoqonist fəlsəfi-estetik və etik konsepsiyaların, yalnız XX əsrə məxsus ehtiraslı mübarizəsi əmələ gətirmişdi.
     Bu təlatüm müasir Qərb ədəbiyyatında yaranmış bir çox məktəblərdə, qruplarda, cərəyanlarda öz təcrübi gerçəkliyini tapmışdı: Fransada «Yeni roman» məktəbi, İngiltərədə «Qəzəbli gənclər», AFR-də «47-lər qrupu», ABŞ-da «Düşüncələr axını» nümayəndələri, «Eksperimental romançılar» və s.
     Təbiidir ki, belə bir vəziyyət romanın gələcək perspektivi qarşısında rəngbərəng sual işarələri qoyurdu.
     Roman öz romanlığında, bizim indi anladığımız halda qalacaqmı, yəni XX əsr romanı da, F.Engelsin sözləri ilə desək, «cəmiyyətin ən gözəl realist tarixini»‘ əyan edəcəkmi və yaxud əyan etməlidirmi; roman yenə də siyasi-ictimai həyata müdaxilə edəcəkmi və yaxud etməlidirmi; roman öz klassik arxitektonikasına sadiq qalacaqmı və yaxud indi romandan belə bir sədaqəti tələb etmək düzgündürmü; insan mənəviyyatı, psixologiyası, yoxsa «şeylərin və hərəkətlərin» təsviri; tip-personaj yaratmaq, yoxsa «kütlə nümayəndələri» inkoqnito portretlər qalereyası? Və s.
     Bu suallar nə üçün meydana çıxmışdır və nə üçün bu dərəcədə rəngbərəngdir? Buna bir ehtiyac və bu sualların ortaya çıxmasına bir əsas varmı? Varsa nədir bunların obyektiv səbəbi? Yoxsa nə üçün bu suallar meydana çıxıb?
     Bütün bunların Azərbaycan ədəbiyyatında və ədəbiyyatşünaslığındakı inikası necə olub? Ümumiyyətlə, olubmu bu inikas?
     Əlbəttə, bu barədə ətraflı və dəqiq söhbət acmaq xüsusi tədqiqat tələb edir, bu, müstəqil, ciddi və məsuliyyətli bir mövzudur. Bizim məqsədimiz bütünlüklə bu məsələnin həllinə çalışmaq deyil; bu məsələ ilə əlaqədar vaxtilə «Azərbaycan romanının yaradıcılıq problemləri» rubrikası altında «Ədəbiyyat və incəsənət» qəzetində dərc olunmuş məqalələr üzərində dayanmaq, bu məqalələrin ayrı-ayrılıqda, eləcə də bir küll halında nə kimi əhəmiyyət kəsb edib-etməməsini göstərməkdir.
     «Ədəbiyyat və incəsənət» qəzetinin açdığı bu müzakirə elə bir vaxta təsadüf edirdi ki, bu zaman dünya ədəbi prosesində roman janrı ətrafındakı mübahisələr roman problemi öz kulminasiya nöqtəsinə çatmışdı. Müasir romana münasibət baxımından tamamilə zidd cəbhələrdə duran ayrı-ayrı yazıçı və tənqidçilər birbirlərilə görüşür, çıxışlar edir, mühazirələr oxuyur, mətbuatda, o cümlədən də sovet mətbuatında (xüsusən, «İnostrannaya literatura» jurnalında) öz cəbhələrinin mənafeyini güdən məqalələr çap etdirirdilər.
     Roman probleminin ümumbəşəriliyinə sübutdur ki, bu problem ətrafındakı ədəbi mübahisələr zamanı ayrı-ayrı ölkələr, başqa-başqa milli ədəbiyyatlar arasındakı sərhəd tamamilə aradan qaldırılmışdı; sərhəd yalnız cəbhələr arasında idi. Məsələn, Uruqvay yazıçısı Alfredo Qravina ilə rumın tənqidçisi Dumitru Miku,
     Kosta-Rika yazıçısı Xoakin Qutyerres ilə İtaliya tənqidçisi Karlo Salinari romanın gələcəyi haqqındakı fikirlərində həmrəy olduqları halda, Fransadakı «Yeni roman məktəbi»nin nümayəndəsi Alen Rob-Qriye və yaxud Natali Sarrot isə öz fransız qələm yoldaşları ilə qızğın mübahisələr aparırdı.
     1963-cü ilin avqust ayında Leninqradda Avropa yazıçılarının roman probleminə həsr olunmuş beynəlxalq görüşü keçirildi. Avropa Yazıçıları Cəmiyyəti tərəfindən təşkil olunmuş bu görüşdə sovet yazıçılarından əlavə, 83 xarici ədəbiyyatçının, o cümlədən, kapitalist ölkələrindən 44, sosialist ölkələrindən 39 ədəbiyyatçının iştirak etdiyini və avqustun 5-dən 8-nə qədər çəkən müzakirələrdə 50-yə yaxın çıxışı nəzərə alsaq, bu problemin necə əlahiddə bir əhəmiyyət kəsb etdiyi aydın olar.
     Roman problemi barədə Leninqrad görüşünün iştirakçıları arasında tam yekdillik əldə edilməsə də, bu görüşün materiallarını diqqətlə nəzərdən keçirtdikdə, belə bir qənaətə gəlmək olardı ki, mahiyyət etibarilə söhbət romanın bir janr kimi yaşayıb-yaşamayacağından deyil, daha mürəkkəb və daha ciddi bir məsələdən gedir: müasir roman necə olmalıdır?
     Düzdür, kino və televiziyanın, illüstrasiyalı jurnalların, radionun amansız müdaxiləsi nəticəsində görmə və eşitmə obrazlarının yazı mətnləri müqabilindəki öz qədim üstünlüyünü bərpa edəcəyini söyləyərək, romanın gələcəkdə, ümumiyyətlə bir janr kimi qalıb-qalmayacağına şübhə edənlər də var idi, necə ki, roman ətrafında bütün söhbətlərin əsassız, hay-küy olduğunu iddia edib, bu hay-küyü «jumalistlərin ixtirası» kimi qələmə verənlər. Lakin təkrar edirik ki, əsas məsələ bu idi: müasir roman necə olmalıdır?
     Bu suala dünya ədəbiyyatındakı müxtəlif cavabları sadalamağa və bunların üzərində dayanmağa hazırda ehtiyac duymuruq; bizi maraqlandıran «Ədəbiyyat və incəsənət» qəzetindəki müzakirənin bu suala verdiyi cavabdır. Daha doğrusu, həmin müzakirə bu suala cavab verdimi? Çap olunan məqalələrin keyfiyyəti, elminəzəri səviyyəsi bu sual baxımından, dünya ədəbi prosesindəki bu məsələ ilə əlaqədar əmələ gəlmiş çaxnaşma zamanında müasir Azərbaycan oxucusunu qane etdimi? Bu müzakirə Azərbaycan ədəbi tənqidinin inkişafı üçün səciyyəvidirmi? Məlumdur ki, Azərbaycan romanının tarixi barədə müxtəlif mülahizələrə rast gəlmək mümkündür. Məsələn, tənqidçi Q.Xəlilov Zeynalabdin Marağalının 1-ci hissəsi 1887-ci, 2-ci hissəsi 1906-cı, 3-cü hissəsi isə 1909-cu ildə çap edilmiş «İbrahim bəyin səyahətnaməsi» əsərini ilk Azərbaycan realist romanı hesab edirsə1, tənqidçi S.Əsədullayev M.F. Axundovun «Aldanmış kəvakib»ini (1857) ilk Azərbaycan realist romanı hesab edərək, C.Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» (1894), N. Nərimanovun «Bahadır və Sona» (1896-1899), M.S.Ordubadinin «Bədbəxtmilyonçu» (1914) əsərlərini də roman kimi qəbul edib, onların inqilabaqədərki Azərbaycan ədəbiyyatında roman janrının ənənələrini yaratdığını yazır. Q. Xəlilov başqa bir məqaləsində «İbrahim bəyin səyahətnaməsi»ndən əlavə S.M.Qənizadənin ikicildlik «Müəllimlər iftixarı» (1899) və A.Şaiqin «Əsrimizin qəhrəmanları» əsərlərinin də adını çəkirdi.
     Əlbəttə, bu iddialardakı həqiqəti bütün dürüstlüyü ilə aşkar etmək Azərbaycan nəsrinin tarixi ilə məşğul olan tədqiqatçıların işidir. Fəqət bu bir həqiqətdir ki, Azərbaycan ədəbiyyatında püxtələşmiş, kamilləşmiş romanın tarixi digər ədəbi janrlara nisbətən çox qısadır.
     Deməli, bir halda ki, Azərbaycan romanının tarixi qısadır, təbii ki, bu roman haqqındakı Azərbaycan tənqidi də nisbətən gənc və təcrübəsizdir. Azərbaycan ədəbi tənqidinə diqqətlə nəzər salsaq, bu iddianın həqiqət olduğu meydana çıxar.
     Müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidində Azərbaycan yazıçılarının roman və povestləri haqqındakı məqalələrin kəmiyyətindən narazılıq ola bilməzdi; bu dövrdə yaranmış elə bir Azərbaycan romanı tapmaq mümkün deyildi ki, haqqında heç olmasa, iki, üç və daha artıq məqalə dərc edilməsin. Lakin bu məqalələrin ümumi keyfiyyəti kəmiyyəti kimi razı salmırdı. Bu məqalələrin çoxu xüsusən, XX partiya qurultayına qədərki dövrdə bəsit, qəribə mülahizələrlə, nağılçılıqla dolu idi, adicə resenziya, bəzi hallarda isə annotasiya xarakteri daşıyırdı.
     Aydın məsələdir ki, istisnalar var idi. Mehdi Hüseynin «Azərbaycan romanı haqqında» (1954), «Qılınc və qələm» haqqında qeydlər» (1947), «Azərbaycan sovet ədəbiyyatının yaradıcılıq problemləri» əsərindəki Altıncı və Yeddinci məqalələr (1948), Məmməd Arifin «Azərbaycan sovet romanı» (1957), M.C.Cəfərovun «Müharibə» romanı haqqında» (1948), «Saçlı» və həyatımız» (1949), «Dan ulduzu» povesti» (1954), C.Cəfərovun «Ədəbiyyatımızda ideya saflığı və yüksək sənətkarlıq uğrunda» (1951) məqalələrini, eləcə də bir sıra digər ədəbiyyatçıların əsərləri ayrı-ayrı mübahisəli cəhətlərinə baxmayaraq, məhz bu cür istisnalar idi.
     Lakin belə problematik və ciddi məqalələr Azərbaycan ədəbi tənqidinin ümumi kəmiyyət fonunda, yuxarıda yazdığımız kimi, azlıq təşkil edirdi, ikisinin də gənc və təcrübəsiz olduqlarına baxmayaraq, inkişaf sürətləri fərqlənirdi: roman haqqındakı Azərbaycan tənqidi Azərbaycan romanının inkişafından geri qalırdı, bəlkə də əksinə olmaq əvəzinə; ədəbi tənqid romanın inkişafı ilə ayaqlaşa bilmirdi.
     Məşhur fransız ədəbiyyatçısı L. Araqon hələ 1955-ci ildə öz ölkəsinin naşir və tərcüməçiləri qarşısında: «Bizim oxucu Mehdi Hüseyni nə vaxt tanıyacaq?» kimi sual qoyduğu halda, bəzən Azərbaycan ədəbi tənqidində elementar savadsızlığa bədii terminlərin belə bir-birilə qarışdırılmasına təsadüf edilirdi, hələ roman janrının mühüm spesifik problemləri bir tərəfdə qalsın. Məsələn, «Bahar oğlu» romanı haqqında bir məqalənin lap əvvəlində yazılırdı ki, S. Dağlının «Bahar oğlu» romanı janr etibarilə avtobioqrafik əsərdin) .
     Lakin sonra məlum olurdu ki... əsər Cəfər Cabbarlının həyatından bəhs edir. Bir sıra standart cümlələrdən sonra yenə oxuyuruq: «Bahar oğlu» romanı nəsrimizdə avtobioqrafik roman janrının müsbət nümunələrindən biridir».
     Bioqrafik romanla avtobioqrafik romanın fərqi barədə söhbət açmağa, şübhəsiz ki, ehtiyac yoxdur, çünki bu məsələ orta məktəb dərsliklərində belə öz əksini tapmışdır...
     50-ci illərin axırlarından başlayaraq, Azərbaycan ədəbi tənqidi öz geriliyini hiss edirmiş kimi həmin illərin roman və povestlərinə bir küll halında nəzər salmağa çalışaraq bir sıra məqalələrlə çıxış etdi. Bəzən ayrı-ayrılıqda qənaətbəxş səviyyəli də olsa, bu məqalələrin hamısı üçün eyni ciddi bir qüsur xarakter idi: elmi-nəzəri ümumiləşdirilmələrin olmaması. Məsələn, tənqidçi Ç.Hüseynov bir məqaləsində «Ayrılan yollar» (İ.Şıxlı), «Ürək dostları» (Ə.Vəliyev), «Ayrılıq» (B.Bayramov), «Yanar ürək» (İ.Hüseynov) romanlarını əsas götürərək, ümumiyyətlə, müasir Azərbaycan ədəbiyyatına bir küll halında nəzər salmaq əzmində olduğunu yazır; təəssüf ki, müəllif yuxarıda sadalanan əsərləri əsasən müvəffəqiyyətli təhlil etsə də (xüsusən, «Ürək dostları» romanını; bu əsər barədə Q.Xəlilovun məqaləsindən, eləcə də
     P.Xəlilovun, N.Gəncəlinin və B.Vahabzadənin məqalələrindən sonra belə bir obyektiv və savadlı təhlilə ehtiyac var idi), qarşısına qoyduğu məqsədə nail ola bilmirdi, çünki bunun üçün vacib olan elmi-nəzəri ümumiləşdirmə yox idi.
     Həmin müəllifin başqa bir məqaləsində «Böyük dayaq» (M.İbrahimov), «Əfruz və başqaları» (M.Cəfərov), «Aydın yollarda» (M.Müştaq) romanları ayrı-ayrılıqda yenə də, əsasən, müvəffəqiyyətli təhlil olunmuşdusa da, problematik ümumiləşdirmələrin yoxluğundan həmin məqalə də bir yerdə çap edilmiş üç məqalə-resenziya təsiri bağışlayırdı.
     Tənqidçi P.Xəlilovun 50-ci illərin axırlarında meydana çıxmış «Böyük dayaq» (M.İbrahimov), «Ayrılan yollar» (İ.Şıxlı), «Yanar ürək» (İ.Hüseynov) və «Yarpaqlar» (B.Bayramov) kimi romanlar haqqındakı məqaləsi və yaxud tənqidçi B.Nəbiyevin müxtəlif bədii sanballı əsərlər olan «Budağın xatirələri» (Ə.Vəliyev), «Novruzgülü» (Ç.Hüseynov), «Sevirsə qayıdacaqdır» (B.Bayramov), «Qaradağ əhvalatı» (H.Abbaszadə), «Buradainsan yaşamışdır» (S.Qədirzadə), «Səhra» (A.Rəhimov), «Başabəla Paşabala» (S.Qədirzadə) və s. haqqındakı məqaləsi barədə də eyni sözləri söyləmək mümkündür.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (27.08.2014) | Müəllif: R.C E W
Baxış: 587 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more