Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Tənqid və nəsr
GİRİŞ


     Bu işi yazmağa başlarkən qarşımızda üç yol var idi:
     1.Xronoloji yolla getmək, Azərbaycan ədəbi tənqidini xronoloji ardıcıllıqla təhlildən keçirmək. Əlbəttə, bu zaman ədəbi tənqidin inkişafı daha dəqiq izlənilər, həmin inkişaf daha artıq nəzərə çarpardı.
     2.1945 1965-ci illərdə yaranmış Azərbaycan bədii nəsr əsərlərini janrlara görə bölmək və bu janrlara münasibət baxımından Azərbaycan ədəbi tənqidini tədqiq etmək.
     3.Azərbaycan ədəbi tənqidinə ayrı-ayrı nəzəri problemlər baxımından yanaşmaq, bu problemlərin Azərbaycan bədii nəsri ilə əlaqədar nə dərəcədə həll olunduğunu, işıqlandırıldığını, necə aşılandığını öyrənmək və təhlili bu istiqamətdə aparmaq.
     Üçüncü yolu daha məqsədəuyğun hesab etdik və digər iki yola nisbətən xeyli mürəkkəb və çətin olmasına baxmayaraq, məhz bu yolla getməyi qərara aldıq.
     Biz, iyirmi illik bir dövrün ədəbi tənqidini hərtərəfli elminəzəri təhlildən keçirmək üçün, məsələyə ayrı-ayrı problemlər baxımından yanaşmış, bu problemlərin hansı səviyyədə və hansı istiqamətdə işıqlandırılmasını açıb göstərməyə çalışmışıq.
     Müharibədən sonrakı dövr Aərbaycan ədəbi tənqidində tənqidçilərin, əsasən, iki nəsli fəaliyyət göstərmişdir: ədəbi tənqidə hələ 30-cu illərdə gəlmiş tənqidçilər və ilk məqalələrini 50-ci illərin əvvəllərində çap etdirən tənqidçilər. Bu yerdə bir məsələni nəzərə çarpdırmaq istəyirik ki, elmi-nəzəri səviyyə, ədəbi keyfiyyət baxımından yeni nəsl yaşlı nəsldən geri qalırdı. Halbuki, bunun əksi olmalı idi. Ədəbi tənqiddə fəaliyyət göstərən üçüncü nəsl isə bizim tədqiq etdiyimiz dövrdə çox az yazmışdır; belə ki, onlar, əsasən, 60-cı illərin ortalarında yaradıcılığa başlamışdır.
     Biz yalnız Azərbaycan bədii nəsri, həm də 1945 1965-ci illər bədii nəsrindən bəhs edən tənqidi tədqiq etdiyimiz üçün, ayrı-ayrı məsələlərin işıqlandırılmasını, ayrı-ayrı tənqidçilərin fəaliyyətini ancaq bu baxımdan qiymətləndiririk. Yəni, ola bilsin ki, bir nəzəri məsələ poeziyadan, ya dramaturgiyadan bəhs edilərkən daha ətraflı, daha dolğun şərh edilmişdir, lakin nəsrlə əlaqədar götürüldükdə həmin məsələ kölgədə qalmış, ya yanlış izah olunmuşdur. Eləcə də ayrı-ayrı tənqidçilər bədii yaradıcılığın bir sahəsi ilə əlaqədar daha səmərəli fəaliyyət göstərdikləri halda, digər sahə ilə əlaqədar o qədər də faydalı iş görməmişlər. Bizim işimizdəki bu cəhət mütləq nəzərə alınmalıdır.
     Həmçinin, bir sıra tənqidçilərin 1945-ci ilə qədərki və 1965-ci ildən sonrakı fəaliyyəti bizim tədqiq obyektimizə daxil deyil, yəni ayrı-ayrı fikir və mülahizələrimiz həmin tənqidçilərin yalnız tədqiq etdiyimiz dövrdəki fəaliyyətinə aid edilməlidir.
     Müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidinin inkişafında Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Cəfər Cəfərov kimi yaşlı nəslə mənsub tənqidçilərin, eləcə də yazıçı-akademik Mirzə İbrahimovun və yazıçı olduğu qədər də tənqidçi olan Mehdi Hüseynin rolunu ilk növbədə qeyd etmək lazımdır. Bu müəlliflər Azərbaycan bədii nəsrinin yaradıcılıq məsələləri ilə ciddi surətdə və müntəzəm məşğul olmuş, bir çox mühüm elmi-nəzəri problemlərə toxunmuş, 1945 1965-ci illər Azərbaycan ədəbi tənqidinin mürəkkəb, ziddiyyətli dövründə ədəbi prosesə istiqamətverici məqalələrlə çıxış etmişlər.
     Əlbəttə, bu müəlliflərin bütün mülahizə və iddiaları Azərbaycan ədəbi tənqidinin inkişafına təkan verməmişdir, onların yanlış mülahizə və iddiaları da olmuşdur, lakin həmin müəlliflərin Azərbaycan ədəbi tənqidinin inkişafındakı rolu dedikdə, yalnız yüksək elmi-nəzəri məqalələri, cəsarətli və obyektiv fikirləri, bədii nəsrlə əlaqədar sağlam tənqid və tərifləri, bir sıra mühüm problemlər baxımından təqdir və təkzibləri nəzərdə tuturuq; biz Məmməd Arifin «Mehman» povesti və müsbət qəhrəman» (1945), «Azərbaycan sovet romanı» (1957), Məmməd Cəfər Cəfərovun «Saçlı» və həyatımız» (1949), «Dan ulduzu» povesti» (1954), Cəfər Cəfərovun «Ədəbiyyatımızda ideya saflığı və yüksək sənətkarlıq uğrunda» (1951), «Ədəbi tənqid haqqında» (1965), Mehdi Hüseynin «Qılınc və qələm» haqqında»‘ (1947), «Azərbaycan sovet ədəbiyyatının yaradıcılıq problemləri» (1948) əsərindəki altıncı və yeddinci məqalələr , «Azərbaycan romanı haqqında» və s. kimi məqalələri nəzərdə tutur, bir sıra yanlış mülahizə və qüsurlarına baxmayaraq məhz bu səpkili əsərlərin Azərbaycan ədəbi tənqidinin inkişafına təkan verdiyini iddia edirik.
     1945 1965-ci illər Azərbaycan ədəbi tənqidində Orucəli Həsənov, Əkbər Ağayev, Kamal Talıbzadə, Abbas Zamanov, Əziz Mirəhmədov, Kamran Məmmədov, Pənah Xəlilov, Yəhya Seyidov, Mircabbar Miryəhyayev, Cəlal Məmmədov, Qasım Qasımzadə, Əhəd Hüseynov, İslam İbrahimov, Bəkir Nəbiyev, Kamal Qəhrəmanov, Çingiz Hüseynov, Gülrux Əlibəyova və bir çox digər tənqidçilər fəaliyyət göstərmiş, Azərbaycan bədii nəsrində yaranmış ayrı-ayrı əsərlərin təhlilini vermiş, bir sıra mühüm məsələlərə toxunmuşlar. Bu müəlliflərin hərəsinin ayrı-ayrılıqda bu və ya digər dərəcədə spesifik məziyyət və qüsurları, bəzisinin isə öz məxsusi mövzusu vardır. Məsələn, Kamal Talıbzadənin əsas təhlil obyekti bilavasitə müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidinin özü idi, İslam İbrabimov, əsasən, Azərbaycan bədii nəsrini müasir dünya ədəbiyyatı ilə əlaqədar işıqlandırmağa çalışır, Mircabbar Miryəhyayev sosiologiyaya daha çox meyl edirdi və s.
     Budövrkü Azərbaycan ədəbi tənqidində nəsrimizlə əlaqədar mütəmadi çıxış edən ən məhsuldar tənqidçilər Məsud Əlioğlu (Vəliyev) və Qulu Xəlilov idi. 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində yaradıcılığa başlamış bu iki tənqidçinin 50-60-cı illər Azərbaycan ədəbi tənqidində xüsusi yeri vardır. Çox zəhmətkeş olan, Azərbaycan bədii nəsrində yeni yaranmış əsərlər barədə tez-tez fikir söyləyən bu tənqidçilərin məqalələrinin ümumi keyfiyyəti, təəssüf ki, bizi kəmiyyəti kimi razı salmır. Yeri düşdükcə bu məqalələr üzərində ətraflı dayanmış, onların prinsipial və obyektiv təhlilini verməyə çalışmışıq, lakin burada qeyd etmək istəyirik ki, 60-cı illərin ortalarında həmin müəlliflərin bir sıra məqalələri ədəbi keyfiyyət, elmi-nəzəri səviyyə etibarilə əvvəlki məqalələrdən seçilirdi. Misal üçün, Q.Xəlilovun «Budağın xatirələri»nə dair mülahizələrim»‘ (1965), M.Əlioğlunun «Samirə, Aydın və başqaları» adlı, eləcə də bir sıra digər məqalələri göstərmək olar. Biz hər iki tənqidçinin yaradıcılığındakı inkişafa çox simvolik baxırıq, çünki bu həm də Azərbaycan ədəbi tənqidinin inkişafına dəlalət edir.
     Daha sonrakı dövrlərdə ədəbi tənqidə gəlmiş Yaşar Qarayev, Seyfulla Əsədullayev, Asif Əfəndiyev və b. tənqidçilər əsas etibarilə, yuxarıda qeyd etdiyimiz kimi, 60-cı illərin ortalarında fəaliyyətə başlamışlar, odur ki, bu tənqidçilərin yalnız ilk əsərləri üzərində dayanmışıq.
     Süleyman Rəhimov, Mir Cəlal, İlyas Əfəndiyev və b. yazıçıların da Azərbaycan ədəbi tənqidindəki fəaliyyətini xüsusi qeyd etmək vacibdir. Bu müəlliflərin Azərbaycan bədii nəsri ilə əlaqədar ədəbi tənqiddəki çalışmaları tədqiq etdiyimiz dövrdə bu və ya digər dərəcədə mütəmadi xarakter daşıyır və onların məqalə, məruzə və çıxışları o dövrün ədəbi tənqidi haqqında təsəvvürü tamamlayır.
     Tədqiq etdiyimiz dövrdə Azərbaycan bədii nəsrilə əlaqədar rus mətbuatında dərc edilmiş məqalələrin də üzərində dayanmağı lazım bilmişik. Bu məqalələrin bir qismi Azərbaycan tənqidçiləri tərəfindən qələmə alınmışsa, digər qismi Bakıda və Moskvada yaşayan rus tənqidçi və yazıçıları tərəfindən yazılmışdır. Azərbaycan bədii nəsri problemlərinin ədəbi tənqiddə nə dərəcədə və hansı səviyyədə işıqlandırılması barədə bütöv bir təsəvvür əldə etmək üçün «Literatumıy Azerbaydjan», «Literatumaya qazeta», «Drujba narodov», «Voprosı literaturı» və b. ədəbi-bədii orqanlarda çap edilmiş məxsusi məqalələri tədqiq etmək, bizcə, vacib idi.
     İyirmi illik bir dövrün ədəbi tənqidinin inkişaf yollannı araşdırmaq, onu elmi-nəzəri təhlildən keçirmək çox mürəkkəb işdir və son dərəcə məsuliyyət tələb edir. Bu tədqiqatın ilk təşəbbüs olması həmin məsuliyyət hissini daha da artırır. Biz yalnız onu söyləyə bilərik ki, həmin məsuliyyəti daim hiss etmişik.

1 FƏSİL
ƏDƏBİ TƏNQİD VƏ AZƏRBAYCAN BƏDİİ NƏSRİNDƏ MÜASİRLİK


     Əgər Hötenin məşhur bənzətməsindən iqtibas edərək, yeni Azərbaycan mədəniyyətini bir səmaya bənzətsək, bu səmanın qədim yunan əsatirindəki kimi bir deyil, bir neçə Atlantın çiynində dayandığını görərik: M.F.Axundov, C.Məmmədquluzadə,
     M.Ə.Sabir, Ü.Hacıbəyov... və hərgah diqqət edəriksə, bütün yaradıcılıq müxtəlifliklərinə, orijinallıqlarına baxmayaraq, onları bir keçiddə birləşdirən, eyni zamanda bu səmaya dayaq edən ən mühüm və əhəmiyyətli cəhətlərdən biri dərhal nəzərə çarpar: müasirlik.
     Bugünkü Azərbaycan ədəbiyyatından və incəsənətindən söhbət gedərsə, əsas problem kimi müasirlik üzərində dayanmaq vacibdir. Müasirlik ədəbi ənənələrimizin səciyyəvi və mühüm cəhətidir; o tarix boyu Azərbaycan ədəbiyyatı və incəsənəti üçün doğma, sənət tariximizin ayrılmaz tərkib hissəsi olmuşdur.
     Bu baxımdan müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidində bir sıra mülahizələr qəribə görünür. Məsələn, «Bizim romancılarımızın qabaqda gedən dəstəsi yeni prinsiplərə uyğun olaraq, yeni münasibətləri, fikir və düşüncələri əsas alırlar. Onlar bu köhnə ənənələrin (kursiv mənimdir) əsiri deyillər», fikrindəki son cümlə, daha doğrusu, «köhnə ənənələr» anlayışı nə deməkdir? Məgər bizim ədəbiyyat tariximizdə elə bir böyük sima - ənənələri yaradan sənətkar vardırmı ki, öz dövrünün «fikir və düşüncələrini» əsas almasın, «yeni münasibətlərə» bu baxımdan yanaşmasın?
     Bəzi tənqidçilər isə daha «irəli gedərək» əcaib mülahizələr yürüdürdü: «Mirzə İbrahimov vaxtilə Azərbaycan ədəbiyyatının inkişafına mane olan köhnə Şərq ədəbiyyatı ənənələrindən (kursiv mənimdir) çox uzaqlaşmışdır».‘ «Köhnə Şərq ədəbiyyatı ənənələri» nə demək idi? Bu necə dəhşətli «ənənə» idi ki, böyük bir ədəbiyyatın inkişafına mane olub? Əlbəttə, bir sıra tarixi-ictimai hadisələr Şərq mədəniyyətinin ümumi inkişafına maneçilik törətmişdir, lakin bu səbəbləri ənənə, həm də ədəbi ənənə kimi qələmə verməyin nə dərəcədə elmi əsası var idi? Şərq ədəbiyyatı ilə Qərb ədəbiyyatını qarşı-qarşıya qoymaq və bunlardan birinə nisbətən üstünlük vermək nə dərəcədə düzgün idi? Bu məlumdur ki, ədəbiyyat öz yüksək zirvəsinə çatdıqda, milli məhdudluq çərçivəsini qırır, dağıdır, bir xalqın və yaxud eyni coğrafi ərazidə yaşayan xalqların mənəvi məhsulu yox, ümumiyyətlə, insan bədii təfəkkürünün bəhrəsinə cevrilir, yəni deyək ki, XII əsr Azərbaycan ədəbiyyatını ən yüksək zirvəyə qaldırmış Nizami yalnız Azərbaycanın böyük ədibi deyil, təkcə Şərqin iftixarı deyil, həmçinin, İngiltərənin də böyük ədibi, ingilis xalqının da iftixarıdır, necə ki, Şekspir bütün xalqların iftixarıdır. Eləcə də italiyalı Dante, fransız Balzak və b.
     Əlbəttə, ənənə və novatorluq məsələsi, xüsusən, sovet ədəbiyyatının özünüifadə və təsdiq etdiyi dövrdə mürəkkəb bir problem idi və bu məsələnin həlli, saf-cürük edilməsi xüsusi qayğı, incəlik və həssaslıq tələb edirdi ki, buna da müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidində az təsadüf edir, bir çox hallarda ya məlum həqiqətlərin sadalanmasına, şablon, trafaret mülahizələrə, ya da zəngin milli və ədəbi ənənələrimizi «qoruyub mühafizə etmək» adı ilə yabançı səslərə rast gəlirdik.
     Şübhəsiz ki, iyirmi illik bir dövr ərzində bəzi istisnalar var idi, lakin nəsrimizdə ənənə və novatorluq məsələsinin ədəbi tənqiddəki inikasının ümumi mənzərəsi solğun, bəsit təsir bağışlayırdı. Halbuki, Azərbaycan sovet müəlliflərinin istinad etdikləri ədəbi metod bu məsələyə xüsusi diqqət tələb edirdi, çünki sosialist realizmi ədəbiyyatı hər bir yaradıcı fərdin mənsub olduğu ədəbi məktəbin yaxşı ənənələrilə cəsur novatorluğu özündə birləşdirən bir ədəbiyyatdır.
     V.İ.Lenin ədəbiyyat və incəsənət haqqındakı məqalələrində dəfələrlə qeyd etmişdi ki, keçmişin yaxşı ənənələrinə sadiq qalmaq — bu ənənələri novatorcasına yüksəkliklərə qaldırmaqdan ibarətdir, ənənələri qoruyub saxlamaq — bu ənənələri dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmək deməkdir. Yəni bu o deməkdir ki, biz böyük ədəbi ənənələrimizdən qidalanaraq onları daha da inkişaf etdirməliyik. Əsərlərimizin forma və məzmunu yeni məna kəsb etməli, nəzərdə tutduğumuz qabaqcıl oxucunun böyük tələbatını ödəməlidir, həll etmək istədiyimiz problemlər, aşıladığımız ideyalar xalq üçün doğma olmalıdır.
     Bu baxımdan müharibədən sonrakı dövr Azərbaycan nəsrinin inkişafına diqqət etsək, yuxarıda göstərdiyimiz məsələ həmin inkişafın ilkin amillərindən biri kimi nəzərə çarpar, bu inkişafın novator mahiyyətini görərik. Lakin eyni baxımdan müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidinə ümumi nəzər salsaq, onun nəsrdən geri qaldığı aşkar olar; Azərbaycan sovet nəsri bu inkişafa, əslində, müstəqil nail olmuş, ədəbi tənqidin köməyini bir o qədər də hiss etməmişdir.
     Ədəbi tənqidin ənənə və novatorluq məsələsinə münasibəti bir tərəfdən soyuq, biganə, digər tərəfdən də dumanlı, dolaşıq idi. Azərbaycan nəsri get-gedə əsl novatorluğu yalançı novatorluqdan ayırd edə bildiyi halda, ədəbi tənqid bunu əksərən bacarmırdı; bir çox hallarda Azərbaycan nəsrinin proqressiv mövqeyi müqabilində ədəbi tənqid mühafizəkar, hətta bəzən reqressiv cəbhədən çıxış edirdi. Azərbaycan nəsrinin bir sıra nümayəndələri dövrün və zamanın tələblərini duyduğu və yazılarında əks etdirməyə çalışdığı halda, bəzi tənqidçilər bunu dərk etmir, məsələni xeyli dolaşdırır, novatorluq sözünü dımağa almaqla, bir neçə duzsuz, ironiyalı sözlər işlətməklə kifayətlənirdi. Belə bir vəziyyətin həm subyektiv, həm də obyektiv səbəbi var idi.
     Subyektiv səbəb bu idi ki, müharibədən sonrakı dövrdə Azərbaycan ədəbi tənqidinin bir sıra aparıcı nümayəndələri yavaş-yavaş tənqiddən uzaqlaşmış, sırf ədəbiyyatşünaslıq məsələləri ilə məşğul olmağa başlamışdı. Ədəbi tənqidə yeni gələn bir sıra tənqidçilərin isə mətbuatda həddən artıq çıxış etmələrinə baxmayaraq, bu çıxışların elmi-nəzəri səviyyəsi qənaətbəxş deyildi.
     Obyektiv səbəblər isə yuxarıda göstərdiyimiz subyektiv səbəblə bilavasitə əlaqədar olsa da, daha mürəkkəb və daha dərin idi.
     Birinci səbəb. Bəzən Azərbaycan nəsrində novatorluq adı ilə bir tərəfdən həqiqətən hoqqabazlıqlar, digər tərəfdən isə qeyri-bədii yazılar meydana çıxırdı. Yalnız müasir mövzulu olduğuna görə, yəni zavoddan, fabrikdən, xam torpaqlardan və yaxud pambıqçılıqdan, heyvandarlıqdan, baramaçılıqdan bəhs etdiyinə görə «müasir əsər», «novator əsər» deyə qələmə verilən qeyri-bədii yazılara nisbətən cürbəcür hoqqabazlıqların sayı Azərbaycan nəsrində çox az idi, hətta cüzi idi, dəryada damla kimi. Özü də, adətən, bu cür yazıların müəllifləri yaradıcılığa təzəcə başlayan cavanlar olurdu. Onlar yaşlaşdıqca, həvəskardan professionala çevrildikcə belə yazılar da yox olub gedirdi.
     «Teleqraf üslubları», hər cümləni yeri gəldi-gəlmədi abzasdan yazmaq, dörd kəlmədən bir sözlərin ardına nöqtələr düzmək, süni surətdə qırıq-qırıq cümlələr işlətmək və bütün bunlarla bərabər, heç bir ictimai-əxlaqi, siyasi mənası olmayan, heç kimi düşündürməyən və heç kimə lazım da olmayan «əhvalat» quraşdırmaq, aydın məsələdir ki, ədəbiyyatda novatorluq yox, pijonluq idi. Ədəbi tənqidin bəzi nümayəndələri isə bütün bunlarla əsl novatorluq arasındakı uçurumu görüb başqalarına da göstərmək əvəzinə, belə yazıları əldə bayraq edərək məqalə və çıxışlarında mahiyyət etibarilə novatorluğa qarşı hücum edir, əslində, hər cür yeniliyi hoqqabazlıq kimi qələmə verirdilər.
     Ədəbiyyatda pijonluq XX əsrin bütün dövrlərində olmuşdur və bu pijonluğu seçməmək ən pis nəticələrə gətirib çıxarmışdır. Məsələn, bu gün Qərb ədəbiyyatında ədəbi cərəyan olan modernizmlə, «modemizm» adı altında qələmə verilən, lakin heç bir ədəbi əhəmiyyətə malik olmayan yazıları bir-birindən ayırmaq olmur. Modemizmin də bədbəxtliyi məhz ondadır ki, o bu cür yazıların yaranmasına kömək edir, buna şərait yaradır və nəticə etibarilə də bir ədəbi cərəyan kimi özünə zərbə endirir.
     Azərbaycan ədəbi tənqidi bu məsələ ilə ciddi məşğul olmur, nəsrdəki bu cür istisnaların mahiyyətini acıb obyektiv səbəblərini göstərmir, yəni deyək ki, nəsrdə «teleqraf üslubunun» və yaxud şerdə dadaizmin əsl novatorluqla heç bir əlaqəsi olmadığını elmi-nəzəri surətdə sübuta yetirərək həqiqi novatorluğun inkişafına xidmət etmirdi. Əsl novatorluğun mahiyyəti barədə yazılırdısa da, xüsusən, Sov. İKP XX qurultayına qədərki dövrdə, əsasən, köhnə mövqedən çıxış edilirdi. 60-cı illərdə Azərbaycan ədəbi tənqidində modernizm, abstraksionizm, dekadentçilik, «ümumiyyətlə, realizm əleyhinə çıxan formalistlər»‘ haqqında çox danışılıb, bu cərəyanların adı çəkilib, tənqid atəşinə tutulub, lakin bunların mahiyyəti açılmadığından, meydana çıxmalarının obyektiv səbəbləri göstərilmədiyindən atəşlər çox zaman kəsərsiz olub, bir növ moda xətrinə ekspromt deyilmiş sözlər təsiri bağışlayırdı.
     Həm də bu məqalələrdə ümumi şəkildə Qərb ədəbiyyatından bəhs olunur, mülahizələr Azərbaycan ədəbiyyatı ilə, o cümlədən, Azərbaycan nəsri ilə əlaqələndirilmirdi.
     Düzdür, Azərbaycan sovet nəsrində yuxarıda adı çəkilən cərəyanlara rast gəlmirik, lakin elə bunun özü əlamətdar deyildimi, təhlil və tənqid üçün material vermirdimi?
     Nə üçün Avropa və ümumiyyətlə, Qərb ədəbiyyatının üzərindən bu ədəbiyyatı titrədən, silkələyən qasırğa keçdiyi halda, Azərbaycan ədəbiyyatında, daha konkret desək, Azərbaycan nəsrində bu qasırğanın əks-sədası belə yoxdur?
     Bunun səbəbi nə idi? Bu barədə yazmaq müasir dünya ədəbiyyatı baxımından, müasir dünya ədəbiyyatının inkişafı mövqeyindən müasir Azərbaycan ədəbiyyatını tədqiq və təhlil edib, hər cür doqmatikadan azad mülahizələr yürütmək, analiz vermək, əlbəttə, vacib idi və əhəmiyyəti vardı.
     Azərbaycan ədəbi tənqidi bu məsələlərə tamamilə biganə olmamışdı, hətta «Ədəbiyyat və incəsənət» qəzeti 1963-cü ildə bu səpgidə «Azərbaycan romanının yaradıcılıq problemləri» başlığı altında müzakirə də açmışdı. Lakin bu təşəbbüslər tək-tək hallar idi, ümumi ədəbi prosesi istiqamətləndirmək iqtidarında deyildi.
     Burada bir mühüm məsələni də qeyd etmək lazımdır ki, müharibədən sonrakı ilk illərdə Azərbaycan ədəbiyyatına dünya ədəbiyyatı baxımından yanaşmaq meyli olmuşdur. Lakin sonralar Y.Yuzovski, A.Qurvic, İ.Altman, A.Borşaqovski, Y.Xolodov (Meyerovic), L.Malyugin, Y.Varşavski və başqa «teatr tənqidçilərindən ibarət antipatriotik dəstənin fırıldaqları» üzə çıxarkən, yazıçılardan zərif bədii zövq tələb etdiyinə və Azərbaycan ədəbiyyatında bəzən bunun çatışmadığını göstərdiyinə görə Mehdi Hüseyn «formal estetçi» adlandırıldı, Cəfər Cəfərov «dünya elmi, sənəti, ədəbiyyatından» danışdığına görə, «Fransa, İngiltərə, Almaniya ədəbiyyatında dünya mədəniyyəti əks etdirilmişdir» yazdığına, bu ədəbiyyatda «mədəniyyətin yüksək səviyyəyə» çatmasını göstərdiyinə görə «tamamilə antimarksist fikirlər» söyləməkdə ittiham edildi, yenə də Cəfər Cəfərov, Məmməd Cəfər, H.Orucəli eklektikada təqsirləndirildi. Ümumiyyətlə, Azərbaycan ədəbi tənqidi nəsrdəki «ideya pozğunluqlarını» vaxtında aşkara çıxara bilmədikdə, «açıqdan-açığa çürük, yazıçıları xalqdan və ədəbiyyatın ideyalılığı uğrunda mübarizədən uzaqlaşdırmaq məqsədi güdən mürtəce «saf sənət» nəzəriyyəsini təbliğ etməkdə» günahlandırırdı.
     Mikayıl Rəfilinin əsərlərindən bəhs olunarkən, əsər sözünün özü dırnağa alınırdı və o, «estetlik edən formalizmin və ideyasızlığın təbliğçisi» kimi qələmə verilirdi. Bütün bunlarla əlaqədar olaraq bir sıra başqa məqalələr yazıldı, müşavirələr, yığıncaqlar keçirildi, hətta iş o yerə çatdı ki, mühüm çıxışlardan birində bu cür kəskin və qəti ittiham eşidildi: «... yazıçılarımızın bir hissəsi sovet ədəbiyyatımızın əsas üsulu olan sosializm realizmi yolundan kənara çıxmış, mücərrəd romantika, formalizm və yalancı xəlqilik ünsürlərini ədəbi yaradıcılığa keçirtməyə cəhd etmişlər.
     Məsələ burasında idi ki, Azərbaycan ədəbiyyatı, o cümlədən, müharibədən sonrakı dövr Azərbaycan bədii nəsri bu ittihamlar ücün əsas vermirdi.
     1950-ci il iyul ayının 14-də Bakı ziyalılarının yığıncağında «Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında» adlı məruzədən sonra ədəbi tənqidin vəziyyəti daha da ağırlaşdı. Bəziləri bu məruzəni «marksizm-leninizm elmi xəzinəsinə qiymətli bir hədiyyə», «çox böyük, dedikcə şərəfli» bir əsər kimi qələmə verərək, ədəbi tənqidi «sayıqlıq kütləşib» deyə ittiham edir, bəziləri də məruzəçinin «ittihamından tənqidçilərdən Cəfər Cəfərov, Məmməd Cəfər, Mikayıl Rəfili yaxalarını kənara çəkə bilməyəcəklər» yazaraq, F. Qasımzadəni «realist olmayan» Bakıxanov və «burjua alimi monarxist» Kazım bəy haqqında yazdığına görə «marksist nəzəriyyatçılığı ilə heç bir əlaqəsi olmayan təzkirəci», «sovet yazıçısı platformasında durmayan bir tənqidçi» adlandırırdı.
     Bəziləri isə «daha da irəli gedərək» ədəbiyyatşünas və tənqidçilərin demək olar ki, hamısını M. Rəfilini, H.Araslını, F. Qasımzadəni, Ə.Ə.Səidzadəni, Mir Cəlalı, M. Cəfəri, H. Orucəlini, Mübarizi, M. Rzaquluzadəni, C. Xəndanı, Ə. Mirəhmədovu və b. prokuror kimi ittiham edirdilər. Yazı sahibi Firidunbəy Köçərlidən bəhs edən ədəbiyatşünasın fəaliyyətini bu dillə qiymətləndirirdi. «F. Qasımzadə idealist Köçərlinin tədqiqat metodunu izləməklə... ədəbiyyat tariximizi çürük və zərərli fikirlərlə zibilləşdirmişdir». Necə deyərlər, şərhə ehtiyac yoxdur.
     Sov. İKP XX qurultayından sonra bir çox məsələlər aşkar oldu, həqiqət zəfər çaldı, lakin indinin özündə belə, bu cür materialları oxuyarkən, yumşaq desək, məsuliyyətsizliyə heyrət edirsən.
     Marksist ədəbiyyatda Marksın özü XIX əsr ingilis romancılarının yaradıcılığını təhlil edərkən, Dikkens, Tekkerey, Bronte kimi yazıçıların siyasi və sosioloji həqiqətlərin açılmasında siyasətçilərin, publisistlərin və moralistlərin birgə əməyindən daha artıq iş gördüklərini qeyd etdiyi halda, Engelsin Balzakın «fransız cəmiyyətinin ən gözəl realist tarixini» əyan etdiyini göstərdiyi halda, Leninin Şekspir, Molyer, Höte, Bayron, Heyne, Hüqo, Verham, Barbüs və bir çox başqa Qərb yazıçılarını necə böyük bir həvəslə oxuduğu məlum olduğu halda, XX əsrin ortalarında hər hansı bir ədəbiyyatşünası Qərb ədəbiyyatını yüksək qiymətləndirdiyinə görə «antimarksist fikirlər» söyləməkdə ittiham etmək həqiqətən heyrətamiz idi.
     1953-cü ildən və xüsusən, Sov. İKP XX qurultayından sonra bu cür ədəbi məsuliyyətsizliklər aradan qaldırıldı.
     Ikinci səbəb. Biz elə bir dövrdən bəhs edirik ki, artıq müasir oxucunu fövqəladə istedadla belə yazılmış savadsız əsərlər istər bədii, istərsə də ədəbi tənqid qane edə bilməzdi. Oxucu həyatdakı yeniliklərin, inkişafın bədii-fəlsəfi inikasını, eyni səviyyəli şərhini oxüduğu əsərlərdə görmək istəyirdi bədii əsərdirsə, bədii şəkildə, ədəbi tənqid nümunəsidirsə, elmi-fəlsəfi şəkildə. Artıq çeynənmiş bədii təsvir vasitələri, pis mənada təzkirəçilik, cürbəcür melodramatik; sentimental hadisələr və hadisəbazlıq, «gözlənilməzliklərə» meyl etmək, «qeyri-adiliklərə» qapılmaq, «oxucu darıxır» deyə bilə-bilə şitliyə, hətta bəzən biabırçı dərəcədə şitliyə, ürək bulandırıcı «lirizmə» gəlib çıxmaq və bütün bunları roman, povest və yaxud hekayə adı ilə meydana çıxartmaq ən azı oxucuya hörmətsizlik idi.
     Nəzərdən keçirtdiyimiz oxucu məktubları, çıxışların, mülahizələrin stenoqramı bizdə belə bir qənaət əmələ gətirir ki, 50 60-cı illərin yüksək səviyyəli oxucusu hətta O’Henri və yaxud S.Moem kimi məşhur yazıçıların belə əsərlərini mütaliə edərkən, məhz bu baxımdan qane olmurdu. Ədəbi tənqid isə bütün bunları açıb göstərmədikdə, bir çox hallarda özü də bu səviyyədə durduqda, hətta daha da aşağı endikdə, aydın məsələdir ki, oxucudakı təminsizlik hissi daha da artırdı.
     Vətən və xalq qarşısında, eləcə də bəşəriyyət qarşısında duran problemlər barədə düşünən, mürəkkəb beynəlxalq şəraitdə atom müharibəsi təhlükəsi altında yaşayan, II Dünya müharibəsindən adlayaraq faşizmi məhv etmiş, lakin sonra «soyuq müharibə»ni, Çindəki, Koreyadaki, nəhayət, Qərbi Almaniyadaki, Vyetnamdakı, Yaxın Şərqdəki vəziyyəti görən, Afrikanın dirçəlməsinin şahidi olan və bütün bunları törədən obyektiv səbəbləri özü üçün izah etməyə çalışan, həmişə fikirləşən 50 60-cı illərin qabaqcıl oxucusu yaşadığı dövrü bütün mürəkkəbliyilə, öz həməsrlərini bütün ziddiyyəti, məziyyət və qüsurları ilə, həm də yeni bədii təsvir vasitələri ilə göstərən əsərlər istəyirdi. İçərisindəki tarixləri və müəllifin adını pozsaq, hansı dövrün insanlarından bəhs edilməsi və hansı zamanın yazıçısı tərəfindən yazılması məlum olmayacaq yazılar ona lazım deyildi. Aydındır ki, bütün bu deyilənlər ədəbi tənqidə də aid idi.
     Lakin çox zaman məhz bunu ədəbi tənqiddə görmürdük.
     Elə məqalələrə rast gəlirdik ki, müəlliflər təhlil etdikləri əsərlərdə adicə sözaltı mənanı başa düşmədikləri, yenilik ruhunu hiss etmədikləri üçün bütün bunları hoqqabazlıq kimi qələmə verir, ən xırda detalların belə mahiyyətini düzgün yozmayaraq, bunları yalançı novatorluq nümunəsi kimi ifşa etmək istəyir və axırda da çox qəribə, bəlkə də gülünc nəticəyə gəlib çıxırdılar.
     Xarakterik bir misal: tənqidçi cavan yazıçıların yaradıcılığına həsr olunmuş məqaləsində mətbuatda dərc olunmuş bir hekayə üzərində dayanaraq, müəllifi novatorluğu yeməkdə görməkdə təqsirləndirirdi. Hekayədə belə bir epizod var ki, yeniyetmə oğlan Yeni il bayramını öz evlərində yox, sinif yoldaşları ilə birlikdə keçirtmək istəyir. Anasının evdə plov bişirməsinə baxmayaraq, yoldaşıgilə gedir. Orada bəlkə də plov yox, konserv yeyəcəklər. Amma konserv yesələr də, hamısı tay-tuş, bir sinif yoldaşıdır; yanlarında yaşca böyük adam olmadığı üçün, özlərini sərbəst hiss edəcək, sıxılmayacaqlar. Bütün bunlar barədə düşünən ana – oğlanın anası öz-özünə belə fikirləşir: «Doğrudan da, aşı neyləyirlər? Onlar konserv yeyəcəklər və özlərini sərbəst, xoşbəxt hiss edəcəklər. Burada aş yeyəcəkdilər, amma özlərini sərbəst hiss etməyəcəkdilər».‘
     Göründüyü kimi, söhbət konservi aşa qarşı qoymaqdan yox, çox sadə və təbii bir haldan gedir; doğrudan da, yeniyetmələr, xüsusən, yeniyetmə oğlanlar həmişə bir yerdə olmağa, özlərini müstəqil hiss etməyə can atır, bu vaxt onlar üçün yeməklərinin keyfiyyətli olub-olmamasının bir o qədər də əhəmiyyəti yoxdur və oğlanın anası da bunu nəzərdə tutur.
     Lakin tənqidçi hekayədəki personajın fikirləşdiyi həmin sözləri müəllifin adına çıxaraq, bu çox sadə məsələni belə yozurdu ki, guya, müəllifin nəzərində konserv, az qala, novatorluq etalonudur. Tənqidçi belə suallar qoyurdu: «Başa düşmək olmur ki, aş nə vaxtdan arxaik yeməklər sırasına keçib və nə üçün adam onu yeyəndə özünü xoşbəxt, sərbəst hiss etmir? Nə vaxtdan bəri konserv sərbəstliyin, xoşbəxtliyin, gəncliyin, gələcəyin timsalına, aş isə bədbəxtliyin, yalançılığın, keçmişin, qocalığın və məhdudluğun rəmzinə çevrilmişdir?».
     Əlbəttə, hekayədəki epizodun təsviri bu sualların meydana çıxmasına əsas vermirdi, çünki söhbət tamam başqa şeydən gedirdi. Bu sualları qoymaqla məqalə müəllifi gənclərin yaradıcılığı ilə əlaqədar mühüm məsələləri bir kənara ataraq, plovun konservdən yaxşı yemək olduğunu sübut etməyə, plovu müdafiəyə başlayırdı. Lakin bu müdafiə əbəsdi, çünki onsuz da hamı bilir ki, plov konservdən daha ləzizdir və kulinariya baxımından daha qiymətlidir.
     Başqa bir məqaləyə nəzər yetirək. Bu məqalə A.Əbülfəzin bədii cəhətdən zəif olan «İş günləri» povesti haqqındadır.
     Povest tənqid olunurdu, lakin məqalə müəllifi bu povestin qüsurlarını nədə görürdü? «Povestin sonunda sadə geyimli qız Zərnişanın başında saçaqlı ağ ipək yaylıq, əynində krepdeşin don, ayağında lak tufli, barmağında brilyant qaşlı üzük, qolunda «Zif» qızıl saat gördükdə, ona qarşı bəslədiyimiz səmimi münasibət də dəyişir (kursiv mənimdir )».
     Nə üçün? Hansı əsasla? Əgər bir qız başına «saçaqlı ağ ipək yaylıq» örtürsə, əyninə «krepdeşin don», ayağına «lak tufli» geyirsə, barmağına «brilyant qaşlı üzük», qoluna «Zif» qızıl saat taxırsa, bununla nə qəbahət iş görür ki, ona «səmimi münasibət» bəsləməyək?
     İlk baxışda, bəlkə də, bir o qədər də diqqətəlayiq görünməyən bu nümunə, əslində, çox mühüm idi. Bu, gələcəkdə «Səriyyə məsələsi»nin hipertrofiyaya düçar olması, həddindən artıq şişirdilməsi səbəblərinin Azərbaycan ədəbi tənqidindəki ilk ünsürlərindən idi.
     Səriyyə məsələsi. İlk növbədə bir məsələnin üzərində dayanmaq vacibdir: çox zaman Azərbaycan ədəbi tənqidində milli ənənə məfhumu ilə ədəbi ənənə məfhumu bir-birinə qatışdırılırdı. Bu barədə fikrimizi konkret belə izah edə bilərik:
     a)milli ənənə ilə ədəbi ənənə bir-birinin eyni deyil;
     b)milli ənənə ilə ədəbi ənənə vəhdət təşkil etməklə bərabər, müəyyən hallarda eyni olmaya da bilər;
     v) ədəbi ənənə milli ənənənin əksi istiqamətində inkişaf edə bilər və nəticədə illər keçdikdən sonra həmin milli ənənənin aradan çıxmasına kömək etmiş olar;
     q) milli ənənə qondarma ədəbi ənənənin əksinə inkişaf edə bilər və nəticədə illər keçdikdən sonra həmin ədəbi ənənənin silinib aradan qaldırılmasına səbəb olar.
     Klassik Azərbaycan ədəbiyyatının təcrübəsində bu cəhətləri qabarıq şəkildə görmək mümkündür. Elə milli ənənə ola bilər ki, bu milli ənənə həmin xalqın ədəbiyyatının tənqid hədəfi olsun və bu tənqid o qədər davamlı təsir gücünə malik olsun ki, həmin milli ənənənin aradan çıxmasına kömək etsin; təbii ki, bu həmçinin, həmin xalqın ümumi proqressiv inkişafı ilə əlaqədardır. Yaxud bir xalqın ədəbiyyatında həmin xalqın xüsusiyyətlərinə yad və yabançı cəhətlər meydana çıxa bilər, müvəqqəti bir zaman üçün ədəbi ənənəyə çevrilər (məsələn, yazı üslubu, ya dil xüsusiyyəti və s.), lakin vaxt keçdikcə milli ənənələrin milli şüurla birgə proqressiv inkişafı sayəsində tez də yox olub gedər.
     Azərbaycan ədəbi tənqidində bu iki mühüm cəhət bir-biri ilə qarışdırılır, bəzən isə tənqidçi keçib getmiş adətlərin əsiri olur və ədəbi prinsipləri etibarilə ünvanına deyilmiş aşağıdakı sözləri doğruldurdu: «Nəzəri hazırlığın zəifliyi onlara (bəzi tənqidçilərə) imkan vermir ki, istər tənqidlərini, istər təriflərini elmi şəkildə sübut etsinlər, mülahizələrini ictimai rəy səviyyəsinə qaldıra bilsinlər.
     Məlumdur ki, professional tənqidçinin məqaləsi ilə oxucu təəssüratı məhz elə bu nöqtədə bir-birindən ayrılmalıdır.
     Ancaq belə fərq bəzən nəzərə çarpmır, tənqidçinin mülahizələri öz şəxsi, subyektiv mülahizələri çərçivəsindən yuxarı qalxmır».‘
     Böyük fasilələrlə də olsa, müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidində ənənə ilə novatorluğun dialektik vəhdəti barədə yazılıb, Azərbaycan nəsrində, necə deyərlər, ənənəbazlıq halları ilə əlaqədar düzgün və vaxtında deyilmiş fikirlər olub, milli kolorit məsələsinin elmi-nəzəri izahına rast gəlmək mümkündür.
     Məsələn, M.İbrahimovun «Turaclıya gedən yol» romanı haqqındakı məqaləsinə nəzər salaq. Məqalə müəllifı bu romanda «milli kolorit» olduğunu yazır, həm də bu koloritin «zahiri əlamətlərdə, qəhrəmanların əcaib ifadələr və kəlmələr işlətməsində deyil, düşüncələrin və hissiyyatın təzahürü formasında, bütün fəaliyyət və danışığında» ifadə olduğunu göstərir, eyni zamanda qeyd edir ki, müəllif bəzən «süni yollarla milli kolorit yaratmaq təsiri bağışlayan» hallara da yol verir: «Yazıçı on birinci fəsildə («Aşıq hara getdi» M.İ.) Dəmir Polad oğlunun kəndə gəlib inqilabi intibahnamələr paylaması üçün qəribə bir yol seçmişdir: o, aşıq paltarı geyinir, əlinə saz alır, hətta məzəli bir əhvalat da uydurur. Hamının gözü qabağında intibahnamələri paylayıb gedir. Bütün bu səhnə uydurma təsiri bağışlayır. Bu fəsildə görülən işin xarakteri ilə üsulu arasındakı ziddiyyət ancaq orta əsrlərin nağıllarında məqbul sayıla bilərdi».
     Xatırlayaq ki, bu məqalənin dərc olunmasından hələ təxminən on il əvvəl, «Abşeron» romanından bəhs edən professor Əli Sultanlı Azərbaycan nəsrində belə hallara yol verməməyə çağırırdı: «Müəllif onun (Tahirin) çiyninə heybə, qoltuğuna saz vermişdir. Ancaq heybə bu kəndli cavan üçün çox səciyyəvi isə, saz onun haqqında bir söz demir.
     Ümumiyyətlə, bəzi yazıçılarımız sazdan sui-istifadə etdikləri üçün bu məfhum artıq oxucunu yormağa başlamışdır».
     Yaxud M.İbrahimovun başqa bir məqaləsini götürək. Məqalədə haqlı olaraq deyilir ki, bəzi ədəbiyyatçılar milliliyi rusun sarafanında, azərbaycanlının papağında, özbəyin xalatında, ya da ölüb getmiş milli xüsusiyyətlərdə görürlər.
     Misal olaraq «Yarpaqlar» romanında «arvad ağısı» müasir qadının ölmüş adam üçün ağlamasını təsvir edən səhnə götürülür, yazılır ki, feodal-patriarxal dövrünün adətinin indi «milli xarakter yaratmaq» naminə işlədilməsi ən azı anaxronizmdir».
     Elə milli ənənələr var ki, onların əsasını təşkil edən adətlərin, xüsusiyyətlərin kökünü araşdırdıqda gedib mürtəce mahiyyətli siyasi-ictimai hadisələrə çıxırsan. Qadın və qadına münasibət məsələsini götürək. Bizdə bu məsələ, məlumdur ki, bir hadisə kimi İslam dininin yaranması, Azərbaycanda hakim dinə çevrilməsilə, bir dövr kimi isə feodal-patriarxal dövrü ilə əlaqədardır. Lakin görünür daha əvvəlki dövrlərdən gələn milli adət-ənənələrin təsiri böyük və güclü olduğundan, Azərbaycanda bu məsələ birtərəfli, yəni yalnız qadın köləliyi platformalı yox, ziddiyyətli, ədəbi ənənə ilə təzadlı olmuşdur. Belə ki, bir tərəfdən bütün Şərq aləmində olduğu kimi, Azərbaycanda da qadın əsasən hüquqsuz və səlahiyyətsiz olmuş, digər tərəfdən isə, el ədəbiyyatında, eləcə də Nizamidən tutmuş bütün böyük sənətkarların yaradıcılığında qadına hörmət, qadın ülviyyəti, qəhrəmanlığı, cürəti mühüm yerlərdən birini tutmuşdur. Bir çox Azərbaycan şairlərinin təsəvvüründə estetik kateqoriya kimi gözəlliyin təcəssümçüsü məhz qadın olmuşdur.
     Ayrı-ayrı zamanların məhsulu olan qadın surətlərinə Nizaminin Şirininə, «Qaçaq Nəbi» dastanında Həcərə, H.Cavidin «Ana» əsərindəki Anaya diqqət yetirsək, bu qolun zaman keçdikcə Azərbaycan ədəbiyyatında bir leytmotiv təşkil etdiyini görərik. Bir daha yada salaq ki, XVIII əsrin sonlarından etibarən isə Azərbaycan ədəbiyyatının aparıcı nümayəndələri qadın hüquqsuzluğu və səlahiyyətsizliyinə qarşı kəskin mübarizəyə başlamış, bu mübarizə C.Məmmədquluzadənin və M.Ə.Sabirin yaradıcılığında öz kulminasiya nöqtəsinə çatmış, nəhayətdə ictimai həyatımızda böyük inqilabın yaranmasına cəmiyyətdə qadın ləyaqətinin bərpasına kömək etmiş, qələbə qazanmışdır.
     Biz, ümumiyyətlə, ənənə ilə ədəbi ənənəni qarışdırmaq olmaz dedikdə, bu həqiqəti nəzərdə tuturuq.
     «...Romanın birinci hissəsində əvvəldən axıra qədər Rüxsarənin aciz göstərilməsi və ümumiyyətlə, Rüxsarədə Azərbaycan qadınlığına xas olan Həcər təbiətinin və sovet qızlarına xas olan mübariz ruhun gec baş qaldırması «Saçlı»nın əsas nöqsanlarından sayılmalıdır». Bu sitat tənqidçi Məmməd Cəfər Cəfərovun 1949cu ildə «Saçlı» romanı haqqında yazdığı məqalədən götürülmüşdür.
     Əlbəttə, o zaman fikirləşmək olmazdı ki, on iki il keçəcək, Azərbaycan ədəbi tənqidi bir sıra mühüm nailiyyətlər əldə etmək əzmində olduğu bir dövrdə «Səriyyə haqlıdırmı?» adlı məqalə yazılacaq və ədəbiyyatşünaslıqda heç bir ehtiyac və əsas olmadan «Səriyyə məsələsi» meydana çıxacaq.
     Düzdür, yuxarıda qeyd etdik ki, Azərbaycan ədəbi tənqidində bu ifratçılığın ilk ünsürlərinə rast gəlmək mümkün idi, lakin güman etmək olardı ki, ədəbi tənqidin inkişafı ilə əlaqədar (bu ümumi inkişaf göz qabağındadır) həmin ünsürlər yox olub gedəcək, aradan çıxacaq. Halbuki, bu ünsürlər potensial bir qüvvənin Azərbaycan ədəbi tənqidi üzərində asılmış Domokl qılıncı imiş və düşməli imiş, lakin çox rəmzidir ki, bu qılınc Azərbaycan ədəbi tənqidinin inkişafına mane olan məhz həmin ünsürlərin üzərinə düşdü potensiyanı dağıtdı; bu, bir növ, qu mahnısı oldu, odur ki, həmin məsələyə təsadüfi xarakter daşıyan hal kimi yox, Azərbaycan ədəbi tənqidinin ümumi inkişafına aid olan bir hadisə kimi baxılmalıdır.
     «Körpüsalanlar» povesti ilə əlaqədar «Səriyyə məsələsi» nagahani ortaya çıxmadı: ədəbi tənqiddə onun, bir növ, proloqu oldu. Bu proloq «Böyük dayaq» (M.İbrahimov) romanının nəşri ilə əlaqədar idi. «Böyük dayaq» romanını, ümumiyyətlə, müsbət hadisə hesab edən Azərbaycan ədəbi tənqidində bu əsərin əsas surətlərindən Mayanın bəzi hərəkətləri «əxlaq normalarına açıq bir etinasızlıq» kimi qiymətləndirildi, Maya və Qaraş «ata-baba adət-ənənələrinə biganəlikdə təqsirləndirildi, Mayanın hərəkətlərinin azərbaycanlı gəlinə yaramadığı» yazıldı.
     Etiraz doğuran «qəbahətli» hərəkətlər nədən ibarət idi?
     Maya «hələ gəlinlik otağına girməmiş durub qayğanaq bişirməyə gedir», «Rüstəm kişi kimi ağır, Şərəfoğlu kimi ağsaqqal kişinin qarşısında oynayır»2, daha doğrusu, şadlıq məclisində qayınanası Səkinə və baldızı Pərşanla birlikdə yallı gedən adamlara qoşulur və s.
     M.İbrahimov bu münasibətlə yazırdı: «Mənə elə gəlir ki, qəhrəmanın milli səciyyəsinə, milli xüsusiyyətlərə xalqın ruhunu, humanizmini, nəcibliyini, müdrikliyini əks etdirən keyfiyyətləri daxil etmək lazımdır. Hər bir vərdişi və ya adəti milli xüsusiyyət adlandırmaq və onlardan yapışmaq olmaz.
     Təəssüf ki, bəzi tənqidçilər məhz belə səhvə yol verirlər.
     Misal üçün, hər hansı bir əsərin gənc qadın qəhrəmanı tutaq ki, eyvanda və ya açıq havada bədən tərbiyəsi ilə məşğul olursa, özgə kişiylə bir ata minirsə, özü müəyyən bir rəy sahibi olub bu rəyi müdafiə edirsə, həmin qəhrəmanın bu hərəkətlərinin milli adətlərə zidd olduğunu, müqəddəs əsaslara (kursiv mənimdir) xələl gətirdiyini irəli sürən tənqidçilər tapılır.
     Gənc qadının özünü belə sərbəst aparması bu tənqidçilərə qeyri-təbii görünür, hətta onu əxlaq qaydalarını pozmaqda da ittiham edirlər. Guya, bu hərəkətlər milli ənənənin ziddinə imiş.»
     Lakin qeyd etdiyimiz kimi, bu hələ başlanğıc idi. «Körpüsalanlar» povestinin nəşrindən sonra yuxarıda göstərdiyimiz məqalə dərc olundu, bununla da əsərin bədii təhlili, bədii qüsur və məziyyətləri əsasən bir kənara atıldı və «Səriyyə məsələsi» meydana çıxdı.
     Məqalədə oxuyuruq: «Səriyyə kimi gözüaçıq, ağıllı bir qızın, yeni səciyyəli, ciddi bir qadının, ən adi əxlaq normalarını pozmasına oxucuların qəzəblənməsi yerindədir».
     Əlbəttə, öz adından deyilmiş bu sözləri oxuyan oxucu fikirləşə bilər ki, əgər Səriyyə həqiqətən «ən adi əxlaq normalarını» pozursa, bu zaman o, necə «gözüaçıq, ağıllı bir qız, yeni səciyyəli, ciddi bir qadın» ola bilər? Məqalə müəllifi isə Səriyyəni bir xarakter kimi səciyyələndirərək məhz bu fikrə gəlib çıxır, yəni Səriyyənin ağıllı və ciddi bir qadın olduğunu göstərir.
     Bu «əxlaq normalarının pozulması», «müasir əxlaq normasından kənara çıxan sərbəst hərəkətlər», «Səriyyənin Qəriblə hadisələrin əvvəlindən sonuna qədər açıq-saçıq bir şəkildə, təsəvvürə sığışmayan bir tərzdə davranması» nədən ibarət idi?
     Səriyyə əri ola-ola, özü də məqalədə yazıldığı kimi, «təbiətcə quru», «soyuq bir iş adamı», «laqeyd, cansıxıcı rəftarlı» bir əri ola-ola başqasını sevməyə cürət etmiş, ərindən ayrılmışdır; bir yerdə işlədikləri, bir-birlərinə qarşılıqlı hörmət bəslədikləri dostları ilə ayı ovuna getmiş, onlarla «lopuq oyunu» oynamışdır; öz rəfiqəsi ilə Dağüstü parkdakı restorana gedərkən, bir oğlan onlara sataşmış və Səriyyə də ona iki möhkəm şillə vurmuşdur. Səbəb bunlardır.
     «Körpüsalanlar» povestində Səriyyənin bir sıra hərəkətləri ayrı-ayrı adamların xoşuna gəlməyə bilər bu onların dünyagörüşündən, təbiətlərindən, xarakterlərindən asılıdır, necə ki, başqaları bunda heç bir «qeyri-adi» iş görməz. Lakin elə bilirik ki, bu hərəkətlər ədəbi tənqidə Azərbaycan bədii nəsrində «əxlaq pozğunluqları» görməyə və bu dərəcədə narahat olmağa əsas vermir.
     Təsadüfi deyil ki, «Səriyyə haqlıdırmı?» məqaləsində uyğunsuzluq, dolaşıqlıq, zidd fikirlər özünü büruzə verirdi.
     Məqalə müəllifi bir tərəfdən yazırdı ki, «Xoşbəxtlik onun (Səriyyənin) nəzərində o deyildir ki, əri böyük qulluqdadır, maddi cəhətdən təmin olunmuşdur və rahat mənzilləri vardır. Bəlkə də təbiətcə başqa bir adam olsaydı, yaşamaq üçün zəruri olan bu şeylər Səriyyəni təmin edərdi. Lakin Səriyyə ürəyinin istəklərilə hərəkət edir». Yəni Adilə ərə gedəndən sonra «bir-birinə bənzəyən və sükut içərisində keçən günlərdən bezir, yeknəsəq, sakit həyat onu usandırır», daha sonra isə ərinin iç üzünə bələd olur, eqoistliyini, vəzifəpərəstliyini görür, qəlbində, fikirlərində, mənəvi-psixoloji aləmində baş qaldıran qüvvətli hisslər başsız fırtınaya çevrilir, nəhayət, Qəribə rast gələrək onu sevir. Digər tərəfdən isə, məqalə müəllifi bu sevginin «əsassız» və «qeyri-real» olduğunu yazır, Səriyyənin öz ərindən ayrılıb başqasını sevməsi ilə barışa bilmir.
     Bir tərəfdən, Adilin «təbiətcə quru», «laqeyd, cansıxıcı rəftarlı» bir adam olduğunu göstərib, «Səriyyənin öz əri Adildən üz çevirməsi, ərini şöhrətpərəst bir rəis, quru bir idarə işçisi kimi rədd etməsi real, təbii bir inkişafda göstərilmişdir» yazır, o biri tərəfdən isə, «Povestin qəhrəmanlarından üçü də (Səriyyə, Adil, Qərib ) ayrı-ayrılıqda canlı, fərdi xüsusiyyətləri ilə seçilən orijinal surətlərdir, onların üçü də müsbət adamdır . Belə olduğu halda yazıçı nə məqsədlə Adili gözdən salmağa, ona qarşı oxucuda ikrah hissi oyatmağa çalışır» yazırdı. Göründüyü kimi, təhlil obyekti, eləcə də demək istədiyi fikrin özü tənqidçi üçün aydın olmadığından, araşdırmalar qarışıq, fikirlər dolaşıq və ziddiyyətli idi.
     Lakin gözləmək olardı ki, bununla məsələ sona yetəcək, çünki artıq Azərbaycan ədəbi tənqidində «Körpüsalanlar» povestinin bədii təhlili verilmiş, «Səriyyə məsələsi» izah edilmişdi, həm də tənqid yuxarıda haqqında danışıldığı məqaləyə biganə qalmamış, onun Azərbaycan ədəbi tənqidinin ümumi ruhuna yabançı olduğunu respublika, həmçinin, ümumittifaq mətbuatında göstərmişdir. Misal olaraq, akademik Məmməd Arifin bir məqaləsini1 bizi maraqlandıran baxımdan nəzərdən keçirək.
     M.Arif «Körpüsalanlar» povestindən bəhs edərək yazırdı:
     «Xudpəsənd olmadığı üçün Səriyyə həyata daha açıq gözlə baxır, daim nikbindir. Bu keyfiyyətləri ilə Səriyyə Adildən nəinki fərqlənir, həm də getdikcə ondan uzaqlaşır. Adilin meşşanlığı Səriyyədə ikrah hissi doğurur. Adildən uzaqlaşan Səriyyədə buldozerci Qəribə təbii bir meyl oyanır. Yenilik hissi ilə yaşayan açıq fikirli və cəsur Səriyyənin sadə və təmiz Qəribə meyli təbii və inandırıcıdır».
     Daha sonra müəllif, son illərdəki Azərbaycan nəsrində «yeniliyə cəsarətlə meyl edən qəhrəmanların, əsasən, qadın olması bir ənənə halı almağa başlasa da, yeni əxlaqi keyfiyyətlərə ədiblərimizin xüsusi fikir verməsini müsbət hadisə kimi qiymətləndirməyə» çağırır, eyni zamanda göstərirdi ki, hələ də bəzi nəsr əsərlərində Azərbaycan qadını «nədənsə həddindən artıq passiv, məzlum bir məxluq kimi təsvir edilir. 0rası da təəccüblüdür ki, bu acizliyi və passivliyi yazıçılar öz qadın qəhrəmanlarının müsbət cəhəti, mənəvi gözəlliyi, fədakarlığı kimi qələmə verməyə çalışırlar.»‘
     Məqalə müəllifi «Adilənin taleyi» (Ə.Qasımov) romanını misal gətirərək, əsərin canına hopmuş ətaləti, ah-ufları haqlı tənqid edir, göstərirdi ki, Həmzə kimi tərbiyəsiz, əxlaqsız adamın arvadı olan Adilə «bir ilin içərisində tanınmaz dərəcədə dəyişmişdir, gözləri çüxura düşmüş dağ laləsi kimi alışıb yanan yanaqlarında indi bir solğunluq sezilir». Adilə, doğrudan da bədbəxtdir? Yaxşı, bəs nə üçün Adilə hər dəqiqə onu aldadan, evə həmişə kefli gələn, gözünün içinə yalan danışan, hər gecə təhqir edib alçaldan Həmzəyə qarşı bu qədər itaətkardır? Nə üçün o, belə nalayiq kişinin hər gün ayaqqabılarını cütləyir, qalstukunu düzəldir, cibinə ütülənmiş və səliqə ilə qatlanmış dəsmal qoyur, gözdən itənəcən onu müşayiət edir, Həmzə isə çevrilib arxaya da baxmır?»
     Haqlı və kəskin suallar idi. Bəlkə platonik bir sevgi Adilənin bütün varlığına hakimdir və onu, az qala, mazoxizmə gətirib çıxaran da elə budur? Yox, məsələ burasındadır ki, belə bir sevginin bədii təsviri «Adilənin taleyi» kimi bir çox səhifələrində istedadlı qələm görünən romanda təbii səslənmir.
     Yaxud başqa bir misal: Qulu Xəlilov «Yanar ürək» (İ.Hüseynov) əsərindən bəhs edərək diqqəti əsas surətlərdən Gülgəzin mütiliyinə, iradəsizliyinə cəlb edir, bütün bunların artıq səciyyəvi olmadığını yazırdı. Həmin müəllif başqa bir məqaləsində isə Mayanı müdafiə edirdi.
     Deməli, bu məsələ Azərbaycan ədəbi tənqidində dilemma deyildi və «Səriyyə haqlıdırmı?» məqaləsiylə əlaqədar olaraq, yuxarıda qeyd etdiyimiz kimi, bir sıra məqalələr yazıldı; bu məqalələrdə «Səriyyə haqlıdırmı?» sualının müasir həyat həqiqətindən doğmadığı elmi-nəzəri surətdə sübuta yetdi.
     Məsələn, tənqidçi S.Əsədullayev «Körpüsalanlar» adlı məqaləsində Səriyyə və Adil surətlərini ətraflı təhlil edərək, onların tamam başqa-başqa adam olduqlarını yazıb göstərirdi ki, Adil eqoist, hər şeyi öz mənafeyi baxımından ölçüb-biçən, mənsəbpərəst, vəzifəbaz (düzdür, Adil həm də bacarıqlı işçidir, amma o öz işinə gələcək karyerasının pillələrindən biri kimi baxır, bütün bacarığını da buna görə səfərbərliyə alır, canfəşanlığı da elə bunun üçündür), Səriyyə isə saf və təmizdir, hər cür mənsəbpərəstlik, karyerizm hissləri ona yad və yabançıdır, onun xarakteri xalqının həyatındakı və psixolojisindəki irəliləyişin təsiri altında formalaşıb və s.
     Tənqidçi Cəlal Məmmədov da öz məqaləsində bu məsələdən bəhs edərək əsərin təhlilini verib «Səriyyə haqlıdırmı?» məqaləsi üzərində dayanır, N.Q. Çernışevskinin «Nə etməli?» əsərilə müqayisənin qətiyyən yerinə düşmədiyini qeyd edir, «Səriyyə haqlıdırmı?» məqaləsində tənqidçinin artıq köhnəlib yox olmuş adət və xüsusiyyətlərin məddahı kimi çıxış etdiyini göstərirdi.
     C.Məmmədov yazırdı: «Dağüstü parkdakı restoran məsələsi» deyə tənqidçi dəhşətə gəlir. Lakin bu nə məsələdir belə, nə hadisə baş verib? Öz rəfıqəsi ilə orda axşam naharı edən Səriyyə iki nəfər sərxoş stilyaqaya qarşı kəskin hərəkət edir (onlardan birini şillə ilə vurur ). Doğrudandamı bu da adi əxlaq qaydalarını pozmaqdır?».
     «Səriyyə haqlıdırmı?» məqaləsi Azərbaycan ədəbi tənqidi tərəfindən kəskin tənqidə məruz qaldığı bir məqamda, yenə həmin müəllifin bu dəfə «Azərbaycan» jumalında «Sevil»dən «Saçlı»ya» adlı digər bir məqaləsi dərc olundu.
     Tənqidçi yenə də «... Səriyyənin ailə-əxlaq normalarının saflığmı pozan sərbəst hərəkətləri bizi narazı salır. Nuriyyədən fərqli olaraq, Səriyyə, nə müasir həyatla, nə də milli adət-ənənələrlə bağlanmayan açıq-saçıq, ipə-sapa yatmayan, hərcayi bir qızdır» deyə birinci məqaləsindəki fikirləri təkrar edir, Səriyyənin «heç bir ciddi mənəvi əsası olmadan (kursiv mənimdir) ailəsini atmasını, ölçüyə gəlməyən dözülməz hərəkətlərini» bir daha nəzərə çatdırırdı, S.Əsədullayevi «Bakinski raboçi» qəzetində dərc olunmuş məqaləsində «Səriyyənin müasir cəmiyyətimizin müqəddəs əxlaq qanunlarına zidd hərəkətlərini müdafiə edərək», «zərərli və birtərəfli mövqe» tutmaqda, «povestin qüsurlarını sağlam bir mövqedən tənqid edənlərə qarşı haqsız hücum» etməkdə, demaqogiyada təqsirləndirirdi.
     Müəllif, M.F.Axundovun Sona («Hacı Qara»), Səkinə xanım («Müdafiə vəkilləri»), Şərəfnisə xanım («Müsyö Jordan və dərviş Məstəli şah»), N.B.Vəzirovun Gülbahar («Müsibəti-Fəxrəddin»), Yetər, Cavahir xanım («Hacı Qənbər»), Səadət («Müsibəti Fəxrəddin»), Ə.Haqverdiyevin Sona («Dağılan tifaq»), N.Nərimanovun Gülbadam («Pir»), C.Məmmədquluzadənin Fatmanisə, Nazlı («Ölülər»), Pırpız Sona («Dəli yığıncağı») kimi qadın surətlərindən bəhs edərək, obrazlı şəkildə yazırdı ki, «onların hamısının qəlbindən sızıltı və qəmli bir fəryad eşidilirdi: «Ya rəbbim! Bizi bu əziyyətdən və əzabdan xilas elə!» Lakin bu fəryad o qədər astadan və həzin səslə deyilirdi ki, bunu özlərindən başqa heç kim eşitmirdi. Onların səsi və sözü qalın divarları yarıb kənara çıxa bilmirdi. Ataya qul, ərə kölə yaranmış bu qadın və qızların qəlbindəki insanlıq duyğuları elə boğulmuşdu ki, onlar həqiqi həyatın, yaşamağın nədən ibarət olduğunu bilmirdilər, azadlığın varlığına inanmırdılar».
     Lakin tənqidçi «Səriyyə məsələsi»ndən bəhs edərkən, mahiyyət etibarilə Səriyyəni də məhz «səsi və sözü qalın divarları yarıb kənara çıxa bilməyən», «ərə kölə yaranmış», «insanlıq duyğuları boğulmuş», «həqiqi həyatın, yaşamağın nədən ibarət olduğunu bilməyən», «azadlığın varlığına inanmayan», «Ya rəbbim! Bizi bu əziyyətdən və əzabdan xilas elə!» deyə «qəlbindən sızıltı və qəmli bir fəryad eşidilən» həmin qadın və qızlar kimi görmək istəyirdi.
     Bu zaman mətbuatda bir sıra oxucu məktubları çap olundu və bu məktublarda tənqidçinin yanlış fikirləri olduğu kimi təkrar edilir, surətlər onun yozumu baxımından səciyyələndirilirdi.
     Məsələn, bəziləri Adili «bacarıqlı, işgüzar, savadlı bir oğlan» kimi qiymətləndirir, yazırdılar ki, onun bircə çatışmayan cəhəti varsa, o da şöhrətlənmək arzusunda olmasıdır ».
     Bəziləri də Səriyyənin körpüsalanlarla ova getməsi «azərbaycanlı qadınlara xas olan hərəkət deyil» deyə, onu «adi əxlaq normalarını gözləməməkdə» təqsirləndirərək təəssüflənirdilər ki, «vəfalı həyat yoldaşı (! ) Adildən üz döndərir».
     Məmməd Cəfər bu cür oxucu məktublarından bəhs edərək «Bir mübahisə münasibətilə» adlı məqaləsində Səriyyə ilə Adilin bir-birindən ayrılması barədə yazırdı: «Səriyyə görür ki, onun dünyabaxışı ilə Adilin dünyabaxışı, həyata, insanlara, cəmiyyətə münasibəti düz gəlmir, buna görə də ondan uzaqlaşır».
     Burasını da qeyd etmək lazımdır ki, çap olunan oxucu məktubları yalnız birtərəfli, yanlış mülahizələrdən ibarət deyildi. M.Cəfərin göstərdiyi «təzadlı dünyagörüşünü, müxtəlif münasibəti» görən və başa düşən oxucu məktubları da mətbuatda çap olunurdu. Onlar «həyatda belə qəhrəmanları çox tanıdıqlarını» bildirir, Səriyyənin simasında müasirlərinin «mənəvi inkişafını gördüklərini» yazırdılar.
     «Sevil»dən «Saçlı»ya» məqaləsindən sonra Azərbaycan ədəbi tənqidi öz qəti etiraz səsini qaldırdı, bunu, eləcə də, «Səriyyə haqlıdırmı?» məqaləsini öz inkişafına maneə olan bir cəhd kimi pislədi. Bu ona görə əlamətdar idi ki, ədəbi tənqid inkişaf etdiyini, bu inkişafa qarşı yaranmış müxalifəti aradan qaldırmaq iqtidarına malik olduğunu sübuta yetirdi.
     «Səriyyə məsələsi» ilə əlaqədar çap edilmiş məqalələrin ümumi xarakteri haqqında təsəvvür yaratmaq üçün, qısaca da olsa, M.İbrahimovun «Yazıçı və tənqid» adlı məqaləsi üzərində dayanmaq məqsədəuyğun olardı.
     «M.Əlioğlu hansı ixtiyarla Səriyyədən özünün istədiyi kimi yox, tənqidçinin istədiyi kimi hərəkət etməyi tələb edir?» Axı, «müəllif Səriyyəni başqalarına nümunə göstərmir, oxucularımızı onun ardınca getməyə çağırmır. Həyatda yaranmış yeni bir xarakteri haqlı olaraq ədəbiyyata gətirir. Həyatda isə döyüşən və mübariz qızlarla yanaşı, utancaqları da var.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (27.08.2014) | Müəllif: R.C E W
Baxış: 642 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more