Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-SEÇİLMİŞ ƏSƏRLƏRİ-CİLD 3-6
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >> 
UZAQ DİYARDA BİR GECƏ



    Uzaq, uzaq bir şəhərin
    Bir uca mehmanxanasında,
    Oturmuşam tənhalıq libasında.
    Oturmuşam qələmimlə baş-başa.
    Ürəyimlə baş-başa,
    Qərib evinin qapısı
    Yaşmaqlı-həyalı olarmış.
    Qərib olan yerdə
    Telefonun da lal olarmış.
    Az qalıram duram,
    Təcili yardıma zəng vuram.
     (Bir milyoner adından).
    Yüyürərək həkim gələ,
    Dərdimi soruşa.
    "Tənhalıq təzyiqim
    Həddini aşıb,
    Yeddi yüz səksənə yaxınlaşıb..."
    Həkimin əlinin təması,
    Bir ilıq təbəssüm dəvası
    Bəs edə bir neçə
    Yuxusuz gecə...
    Sonra da yeni bir
         "temperatur".
    İstəsən, indi dur
    Təcili yanğına zəng vur.
    Hay-küyçü maşınlar
    Ulaşa-ulaşa,
    Yanına dırmaşa...
    Deyəsən: beləcə
    Məcrama sığmadım,
        darıxdım.
    Təcili yanğını yığdım...
    Bir-iki bəd kəlmə,
    Bir az da cərimə-
    Bəs elər yarım gün.
    Deyirəm özümə
    Bəlkə sən
    Belə bir nəticə düşündün:
    Nəyinə gərək axı
    İşığı sırtılmış
        dəbdəbələr,
    Aşağıdan uca,
    Yuxarıdan alçaq,
    Görünən mərtəbələr?
    Nə vermisən
    Araz vadisinə,
    Qarabağ düzünə:
    Yoluna qalxanlı qayalar,
    Kəmərli çinarlar düzülə.
    Axı səni
    Ayağının tozundan tanıyır
    Çoban Ələsgərin
        əlləş-pəlləş itləri...
    Ehey, pasportumu bəri,
    Otel xanımı,
    Pasportumu bəri...
Arl-Nim, 1969. Fransa.

SÖZNƏN ZARAFAT EYLƏMƏ



    Bu sözdü - dərddi, qəhərdi,
    Sonu işıqdı, səhərdi,
    Atdı, cilovdu, yəhərdi,
    Söznən zarafat eyləmə!

    Bu, taleyin bəd yoludu,
    Tozlu-qumlu kənd yoludu,
    Kiməsə cənnət yoludu,
    Söznən zarafat eyləmə!

    Sözün sözü pozmağı var,
    Qayalara yazmağı var.
    Dəvə kimi qızmağı var,
    Söznən zarafat eyləmə!

    Qılınc kimi suvar sözü,
    Döyüşlərə apar sözü,
    Qorxar sözdən "məzar" sözü,
    Söznən zarafat eyləmə!

    Hardasa ərzin yaşıdı,
    Qəsd-qərəz bilməz - naşıdı,
    Hardasa əhlət daşıdı,
    Söznən zarafat eyləmə!
26 mart 1993

VAXTIN O VAXTIDI



    Ələ gəlməz əldən gedən,
    Şamamalı tağ quruyar.
    Gül olmasa, güldən gedən
    Tufan qopar, bağ quruyar,
    İndi vaxtın o vaxtıdı.

    Bilmək olmur başın üstdən
    Uçan quşdu, uçan daşdı,
    Gözlərimdən nur istədi
    Neçə gözsüz - gözü yaşlı,
    İndi vaxtın o vaxtıdı.

    Ünvanımı itirən çox,
    Təzə ünvan alan yoxdu.
    Şübhə adlı vədə hazır,
    İnam adlı qalam yoxdu,
    İndi vaxtın o vaxtıdı.

    Qoca dustaq, körpə şəhid,
    Nə gəzirdim, nələr gördüm, -
    Kişi gördüm dəm gölündə,
    Qadın gördüm - mələr gördüm,
    İndi vaxtın o vaxtıdı.
    Bir-birinə tən yazığın,
    Söz didməyə yatmaz əli.
    Sən yazığa, mən yazığın
    Yetər nəfsi, yetməz əli,
    İndi vaxtın o vaxtıdı.

    Haqdan qələm gəlsə belə,
    Öz baxtını özün yazsan,
    Yüz dalğalan, min çalxalan.
    Sınma, sınsan yapışmazsan,
    İndi vaxtın o vaxtıdı...
19 aprel 1993

DÜŞMƏN QABAĞINDAN QAÇAN "KİŞİLƏR"



    Başını qorudu boş papağınan,
    Pay verdi düşmənə zər tabağınan;
    Tökdü namusunu it qabağına
    Düşmən qabağından qaçan "kişilər".

    Əl versə, əlindən əlim yapışmaz,
    Yansaq bir ocaqda külüm yapışmaz.
    Adını tutmağa dilim yapışmaz...
    Döyüş meydanından qaçan "kişilər".

    Dərədə quzğuna leş olsa yaxşı,
    Özü öz başına daş olsa yaxşı,
    Mal kimi naxıra qoşulsa yaxşı
    Düşmən qabağından qaçan "kişilər".

    Qaçır varlığından, varından qaçır,
    Qaçır qeyrətindən, arından qaçır.
    Oğlundan, qızından, yarından qaçır
    Döyüş meydanından qaçan "kişilər".

    Ha qaçsın - hardasa dirənər dağa,
    Haqqı yox özünə qəbir qazmağa.
    Haqqı yox bu yurda ayaq basmağa -
    Düşmən qabağından qaçan "kişilər".

    Qəsdə, xəyanətə quyruq olandır,
    Buyruqçu olandır, buyruq olandır,
    Yurdsuz duyğulara duyğu olandır
    Düşmən qabağından qaçan "kişilər".

    Qaçır hiddət dolu nifrətə doğru,
    Qaçır nifrət dolu hiddətə doğru.
    Qaçır düşmənlərə xidmətə doğru
    Döyüş meydanından qaçan "kişilər".
2 noyabr 1993

QARĞIMA



    Bu qurğunu mən qurmadım,
    Ağzına qıfıl vurmadım.
    Dəhnə yırtıb, bənd qırmadım,
    Qarğıma məni, qarğıma.

    Bu yurdda Əli yatağan,
    Bu yurdda Vəli yatağan,
    Heç yatmaz dəli yatağan;
    Qarğıma məni, qarğıma.

    Sən özünü öyən millət,
    Sən özünü söyən millət,
    Didən millət, yeyən millət,
    Qarğıma məni, qarğıma.

    Mən tale satan deyiləm,
    Dalca daş atan deyiləm,
    Kölgədə yatan deyiləm,
    Qarğıma məni, qarğıma.

    Mən özüm tikdim odamı,
    Sən dartıb yıxdın o damı,
    Ay əsrin bədbəxt adamı,
    Qarğıma məni, qarğıma.
15 yanvar, 1994

SUALLAR, CAVABLAR


Unudulmaz şairimiz X.R.Ulutürkün
tərcüməsində rus şairi
Y.Yevtuşenkonun "Zaman"
şerindən təəssürat


    Ömür bir sualdır, ömür bir cavab,
    "Niyələr", başlanğıc, "çünkilər" axır.
    "Niyə" bu dünyaya gəlib bu cavan?..
    Bu su hardan gəlib, haraya axır?..

    İnsan yox, kölgələr çıxır qarşıma,
    Kölgələr dil açıb söz deyə bilmir.
    "Niyələr" qılınc tək enir başıma,
    "Çünkilər" qalxanlıq eyləyə bilmir.

    "Niyələr" bir qaya, bir uçrum daşı,
    Qopdu öz yerindən qayıtmaz daha,
    "Çünkilər" söz gəzir, dili dolaşır,
    O da qayıtmazdı, dönməzdi daha...

    Kim tapdı bu evdə qonaq qalmağı?
    Mən sual verənəm, mən cavab yazan.
    Bir yoluq yolçudan cavab almağım
    Zamandan aldığım cavabdan asan...
    Zamanın uçrumu dərindən dərin,
    İnsanı udmağı bircə an olmur.
    Zaman xəlbirindən keçməyənlərin,
    Sonrakı taleyi çox yaman olur.

    Hər insan dünyası sirli bir ada,
    Söz əyə bilsə də söz udmur məni.
    Özümün verdiyim suallara da
    Özümün cavabı ovutmur məni.

    Bu sorğu-suallar bəlkə nahaqdı,
    Zamanın qulağı çox səsə kardı.
    Beş addım gedirsən, görürsən artıq:
    Sual da, cavab da, vaxt da qurtardı.

    Bir sual, bir cavab eşidir zaman,
    Zamanın alqısı, satqısı haqdı.
    Zaman yer azmışın tutub qolundan,
    Dinməzcə yerində oturdacaqdı.

    Mən də gah özümü özümdən danıb,
    Gözümü çox şeyə yummaq istərəm.
    Çox səsi, çox sözü paslanmış sanıb,
    Töküb dənizlərə yumaq istərəm.

    Mən də bir cavabdeh, günahkar kimi...
    Zaman zəlzələsə, mən kiçik dağam;
    Qoşub inadıma həqiqətimi
    Zamanla üz-üzə dayanacağam...
25 oktyabr, 1994

MUROVA QAR YAĞIRDI



    Axşamdan başlamışdı;
    Murova qar yağırdı;
    Qar altda donmuşların
        üstünə qar yağırdı.
    Düşmənin qəfil hücum-qəsdinə qar yağırdı.
    Kürəkçayın nəfəsi batmış idi elə bil
    Mürgü bilməz küləklər
        yatmış idi elə bil;
    Keşikdəki əsgərin baxışı, zəndi oyaq...
    Murova qar yağırdı.
    Murova qar yağacaq,
    Min illərlə belə sıldırımlar qalacaq...
    Qalacaq dilsiz yatan hər qaya-hər qalaça
    Bu dəli uçrumlara ələnən qar qalacaq.
    Döngəni düz, düzü döngə eyləyən
    O qarların altından
        gizli cığır keçəcək,
    O qarların üstündən açıq cığır keçəcək,
    O, qorxmazlar cığırı, igid ərlər cığırı,
    O, cəsarət cığırı,
        yenməz hünər yoludur,
    O, dönməzlər yoludur, qalib əsgər yoludur;
    Murova qar yağırdı...
    Hardasa, kimlərinsə
        dəminə qar yağırdı...
    Nigaran anaların qəlbinə qar yağırdı...
    Bir azdan qar tutacaq
    keçidləri, yolları;
    Bİrcə əsgər nəfəsi,
    Sayıq əsgər nəfəsi
    Əridəcək o qarı
        Murova qar yağırdı...
Murovdağ - Bakı, noyabr, 1994

ULU ŞAHIM, QILINCINA SÖYKƏNİM!


Xətainin ruhu qarşısında

    Şah Xətai, qüvvətimiz haçalanır,
    Qüdrətimiz, qeyrətimiz haçalanır,
    Varlığımız çiliklənir, parçalanır,
    Ulu Şahım, qılıncına söykənim!

    İçimizdə döyüş gedir, vuruş gedir,
    Özümüzdən özümüzə yürüş gedir...
    Biz qılıncı tərs tutmuşuq;
    Özümüzü kəsir ağzı;
    Qəh-qəh çəkir düşmən-azğın.
    Biz qılıncı tərs tutmuşuq
    Və beləcə özümüzü unutmuşuq...
    Ulu Şahım, qılınc çalmaq öyrət bizə!

    İçimizdə şeytan səsi,
    Yalan səsi, böhtan səsi -
    Didir bizi, yeyir bizi,
    Ulu Şahım,
    Qibləmizə çevir bizi!
    Ulu Şahım, qılıncına söykənim!
    Zülmətlərə göz dikmədən kor olmuşuq;
    Özümüzü görmüşük ta, yorulmuşuq
    Özümüzü görməyi sən öyrət bizə,
    Uçurulmuş dünyamızı
    Hörməyi sən öyrət bizə!
    Ulu Şahım,
        Qılınc çalmaq öyrət bizə!

    İçimizlə vuruşmağı öyrət bizə!
    Xırdalayaq:
        nəyimiz var,
        nəyimiz yox;
    Nəyimiz az, nəyimiz çox,
    Bəs eləyər - çox ələdik göz yaşı da,
    Göz yaşımız əritdi ən sərt daşı da.
    Yağıları sevindirdik, bəs eləyər!
    Al mumluğu,
        al, qəddarlıq öyrət bizə!
    Bir azca da canavarlıq öyrət bizə.
    Onda bəlkə qoyun-quzu
        olanımız təzər, itər;
    Onda bəlkə sərhəd boyu
        ərlər bitər, nərlər bitər...
    Ulu Şahım, qılıncına söykənim!

    Biz düşmənlik bacarmadıq,
    Düşmənləri tanımağı öyrət bizə,
    Biz nifrəti
        qanımızla yoğurmağı bacarmadıq.
    Qələminlə sən mələklik öyrətmisən,
    Qılıncınla Əzrayıllıq öyrət bizə.
    Biz özümüz özümüzə məğlub olduq,
    İçimizdə, qanımızda məğlub olduq.
    Məğlubların şərəfinə süfrə açdıq.
    İsti çörək, "isti qorxu" yedizdirdik.
    İsti qəzəb, isti yaraq,
    İsti nifrət... yox, vermədik!
    İçimizdə yer şumladıq;
    Yaxşı-yaxşı xəyanətlər,
    Yaxşı-yaxşı cinayətlər bitirməyə.
    Gör ağlımız yetir nəyə?
    Gör əlimiz yetir nəyə?
    Tanrı, bizi bizdən qoru!
    Öz əlimizdən qoru,
    Əməlimizdən qoru!
    Bu millətin süfrəsini duzsuz qoyma,
    Bu millətin kürsüsünü sözsüz qoyma!
    Namərdi sən elə yatırt,
    Qoy biryolluq ayılmasın.
    Ulu Şahım, ruhun bizdən ayrılmasın,
    Ulu Şahım, bizə yar ol!
    Ulu Şahım, qılıncına söykənim!..
29 sentyabr, 1994

ÇEÇEN FACİƏSİ



    Allah, Allah, bu nə dünya, bu nə bəşər?!
    Gözgörəti insan yanır, insan ölür:
    Körpəsiylə, qocasıyla, xəstəsiylə;
    Torpaq yanır: bulağıyla, ağacıyla,
    Torpaq yanır: havasıyla,
    Qarışqası, böcəgiylə;
    Tank altında tapdalanmış toxumuyla.

    Didir insan bir-birini;
    Yeyir insan bir-birini.
    Bilmək olmur kim günahkar,
        kim haqlıdır.
    Hamı, hamı günahsızdı-silahsızdı,
    Hamı, hamı günahkardı-silahlıdı.
    Cənab nazir, mən görmüşəm,
    Çox görmüşəm tank burnunda
    Ölümlə bir
        beynəlmiləl nəğmələri gətirəni.
    Çox görmüşəm.
    Çox görmüşəm qana batmış
        əlləri mən.
    Çək tətikdən əllərini,
    Yüz xaraba, min xaraba
        müəllifi əllərini.
    Kiçiklərin böyüməsi çətin işdi,
    "Böyüklərin" kiçilməsi
        çox asandı.
    Dünya özü yaxşı bilir:
    Raketlərin qanadında qayda getmir,
    Qanun getmir heç diyara.
    Qayda-qanun dediyini
        ürək yazır, əl daşıyır;
    Öz əlinlə öz yurduna
        ölüm dartmaq! -
    Bu "yeni" bir hərbi məntiq!
    Öz yurdunu şum eləmək,
    Qan axıtmaq, sonra, sonra
    Su axtarmaq - qan yumağa?!
    "Mənim" - deyib o torpağı,
    Əkmək, sonra mərmi səpmək,
    Çox qəribə davadı bu.
    Çox qəribə məntiqi var
        bu qırğının
    Çox qəribə sualı var
    Cavabı yox bu qırğının,
    Cavabı yox...
10 yanvar, 1995

QOLUZORLULARA NİFRƏTİM VAR



    Bütün qoluzorlulara nifrətim var:
    Boylu olsun, alçaq olsun,
    Lətti olsun, qıvraq olsun,
    Çinli olsun, çinsiz olsun,
    Dinli olsun, dinsiz olsun...

    Bütün qoluzorlulara nifrətim var,
    İnsan ölür,
    Yurd dağılır göz qabağında,
    Ölən niyə yaranmışdı?
    Bu yurd niyə qurulmuşdu?
    Körpə niyə doğulmuşdu?
    Deyəmmədik - sən də, mən də.
    Öldürənin böyründəcə sən də vardın,
    Mən də vardım şeytanla bir.
    Sözə baxın: şeytan insan öldürürdü
    insanla bir.
    Şeytanın da, insanın da
    Birgə təlim keçdiyini
    Özüm gördüm öz gözümlə.
    İnsanın başında şeytan papağı,
    Şeytanın başında insan papağı.
    Özləri beləcə dəyişmişdilər;
    Aylarla beləcə döyüşmüşdülər.
    İnnən belə deyin görüm:
    Öldürən kim, ölən kimdi?
    Deyin görüm: qıran kimdi?
    Quran kimdi? Bölən kimdi?

    Bütün qoluzorlulara nifrətim var...
    Ürəyimdə bir içimlik məhəbbət qalıb,
    Ürəyimdə bir udumluq mərhəmət qalıb...
    Qoyun ölüm öz dərdimlə, siz Allah!
24 yanvar, 1995

SƏNƏ İNANIRAM



    Nə dona girsə də ilandır, ilan,
    Lənət ağına da, qarasına da.
    Nə dildə danışsa, - şeytandı, şeytan,
    Lənət bozuna da, alasına da.
    Bunu mən demirəm. babalar deyib:
    Qurdunan yoldaş ol, çomağı bərk tut;
    Göz qırpdın qapacaq o üzə gülən,
    Az oldu yaltaqdı, çox oldu cəllad.
    "Böyüklər" dalında gizlənə bilən
    Fərqi yox kişidi, fərqi yox arvad.
    İçində gizlənər eşik görkəmi;
    Sümsünər it kimi, sinər qurd kimi,
    "Böyüklər" dalında görünməz onlar.

    Beləcə, kiçilər "böyük olanlar"
    Beləcə böyüməz kiçik olanlar.
    Ayaq yalayanlar - küçük olanlar,
    Kiçiklər zənciri böyük əlində,
    Yüz səmtə qısqırdar yeri gələndə.
    Yüz yol söz verildi, and da içildi,
    Unutduq: "bu itlər girəvəcildi",
    Çevrildin, qəfildən qapacaq səni,
    Qapıb öz baltanı çapacaq səni,
    Hələlik bu düşüb baxtımıza, bu,
    Hələlik doğrudur bu acı doğru.
    Ayıq olmalıyıq hər yerdə ayıq,
    Süfrədə, yataqda, səngərdə ayıq,
    Mən ayıq, sən ayıq, sərkərdə ayıq...

    O kimdi dəm olan özgə yasından?
    O kimdi haqsızı haqlı eləyən?
    Ayını təzdirib mağarasından,
    "Bu mənim tarixi muzeyim..." - deyə!
    İçər sağlığına bir məkri varsa,
    Yoluna bir qucaq təbriklə çıxar.
    Süfrəndə yağlıca bir tikə görsə,
    Ağzında dişinə şərikli çıxar.
    Bundan da betərdi öz olanımız,
    Əyri olanlardı düz olanımız.
    Bundan da betəri: bölgəbazlarıq,
    Badələr dalında ölkəbazlarıq.

    Qeyrətdən güc alar gücü az ölkə,
    Ölkə yox, ölgədir qorunmaz ölkə.
    Bu, mənim vəzifəm: əli qələmdə,
    Bu, mənim vəzifəm: sözü kürsüdə...
    Bu, sənin vəzifən: əli tətikdə,
    Bu, sənin vəzifən: gözü üfüqdə...

    Başımın üstündə müqəddəs Quran,
    Sənə inanıram, ölkə rəhbəri.
    Sənə inanıram, keşikdə duran
    Ayıq Vətən oğlu, Vətən əsgəri!
8 may, 1995

GECİKDİ



    Mən tale-bəxt oyununda naşıyam,
    Bu torpağın yumruq boyda daşıyam.
    Ünvanıma işıq yükü daşıyan,
    Xoş xəbərlər, xoş diləklər gecikdi.

    Kimə qəmdi, kimə dəmdi bu çağım.
    Oyan, könlüm, bu son andı, çal-çağır:
    Hanı cərrah, hanı cərrah bıçağı? -
    Ağızucu deyəcəklər: "gecikdi..."

    Yer düzələr, yox düzəlməz bu kərki;
    Vədəsində getməlidi gedərgi,
    Mənası yox, nə xahişin, nə ərkin,
    Mən tələsdim, gələcəklər gecikdi.
19 tyun, 1996. Quba-Digah

GÖYDƏN DÖRD ALMA DÜŞDÜ



    Nağıl istəyirəm, şirin bir nağıl,
    Nağıl istəyirəm, təzə bir nağıl.
    Köhnə nağılları yeyib qurtardıq
    Köhnə nağılları içib qurtardıq:
    Bir az duzlu idi, bir az da şirin.
    Üç alma düşmədi nağıldan sonra,
    Heç alma düşmədi nağıldan sonra.
    Xəlbirlə su dartan divlər - görmədik;
    Fillər məğlub oldu qarışqalara,
    Şirlər təslim oldu qarışqalara,
    Dovşan tələsinə canavar düşdü!
    İnsan cələsinə sərçə - görmədik;
    Üç alma düşmədi göydən - görmədik;
    Heç alma düşmədi göydən - görmədik.
    Bu il nağılçılar göylə danışıb:
    Dörd alma düşəcək nağıldan sonra.
    Tələsin, tələsin nağılçı dostlar;
    Nağıl dinləyənlər siz də tələsin,
    Göyün də vədinə inanmaq olmaz:
    Nağıl qurtarmamış düşsə almalar...
    Onda nağılçıya kim inanacaq!
    Heç alma düşmədi göydən bəlkə də...
    Bir şirin nağıl da bitəcək belə.
    Üç alma düşəcək, üç alma göydən;
    Dörd alma düşərsə, biri bizimdi...

KİRPİNİN XƏBƏRDARLIĞI



    İlan dedi: - Çalağan,
    Gəl səninlə dost olaq,
    Bundan belə ikimiz
    Qoşa gəzək, dolanaq.
    Sən leyləyi qovala,
    Qoy boş qalsın yuvası,
    Mən də sənə gətirim,
    Göyərçin yumurtası.
    Sən qaçırt kirpini
    Bağ-bağatdan uzağa,
    Mən də sənə gətirim
    Balaca göy qurbağa.
    İstəsən sarınaram
    Dimdiyinin altına.
    Hamı heyrətlə baxar
    Qızıl xallı xaltana.
    Çalağan əvvəl güldü,
    Sonra qorxdu, duruxdu.
    Bu dəmdə kol dibindən
    Kirpinin burnu çıxdı.
    Qulağında səs tutan
    Uzun qamış qarğısı.
    Sən demə ki, ilana
    Bayaqdan qulaq asır.
    Mat qaldı ovçu kirpi.
    Fit çaldı ovçu kirpi.
    Dedi: - İlan sözünə
    İnanma, ay çalağan!
    İlan sürünüb çıxdı
    Elə bu an aradan...
Oktyabr 1983

ATALAR



    Qədəm aldıq qədəmindən
    Alovludur ilk odumuz.
    Söz mülkümüz, söz ordumuz
    Atalardır, atalardır.

    Sözünü yendirib yenməz atalar!
    Dönməz mərdliyindən, dönməz atalar!

    Ata ömrü axan çaydı,
    Ata əli qayığımız.
    Sahillərdən sahillərə
    Körpü salar hər qayığımız.

    Atalar, atalar yolu yorulmaz!
    Hünəri əyilməz, qolu yorulmaz!

    Qəzəbinə güllə deyin,
    Gülüşünə həzin bulaq.
    Hara getsək ömrümüzə
    Səhər kimi boylanacaq.

    Atalar, övlada qanad atalar!
    Şirin analara Fərhad atalar!

    Ata eşqi dağdan uca,
    Ana Vətən - ata andı!
    Ata ərzə işıq səpən,
    Ata işıq qoruyandı!

İNSAN YALAN DANIŞIR



    Qara sözlə, ağ sözün
    Yeri dəyişik düşür;
    Yalançının dilindən
    Söz düşür - düşük düşür, -
    İnsan yalan danışır...
    İnsan yalan danışır -
    Zaman yalan danışır;
    Zaman yalan danışır,
    İnsan yalan danışır.
    Zaman uda bilmir bu yalanları,
    Bəzən duya bilmir bu yalanları,
    Zaman yuya bilmir bu yalanları,
    Zaman küləklərə qoşur yalanı,
    Üfüqlər illərə qatır yalanı,
    Qara, ağ yalanı, çopur yalanı.
    Hardandı bu qədər yalan doğanlar?
    Yalanı doğan var!
    Boğan da varmı?
    Elin zirzəmili ürəkləri bir,
    Qalxın ağ gəmili ürəklərə bir.
    Yalan tarlasıdır bəy yalanları,
    Göy-göy də biçirik göy yalanları.
    Qorxun, yalançılar, qorxun yalandan,
    Qorxun həm satandan, həm də alandan,
    Açıbdı ağzını əjdaha kimi,
    Gələr dalımızca - haraya getsək.
    Kəsər qarşımızı harda dayansaq,
    Dönər dar dalana haraya dönsək.
    Dönər ağ yastığa qara yalanlar,
    Nə qədər istəsən başını qoy yat;
    "Sözdür", nə satan var, nə də alan var,
    Özün al, özün sat, özünü aldat.
    Bəzən yalançıya gülər yalanlar,
    Böyürər, mələyər, hürər yalanlar.
    Qorxun, yalançılar, qorxun yalandan,
    Qorxun, həm satandan, həm də alandan.
    Qorxuram bir səhər sökülməyə dan,
    Haşa yalançıdan, haşa, bu dünya,
    Qorxuram bu yalan ağırlığından
    Qopub məhvərindən, aşa bu dünya.
1995-1996

MİKAYIL ŞER OXUYUR...



    Mikayıl Mirzənin əlli yaşı tamam oldu. O, Azərbaycan xalq artisti, böyük aktyordur, millət vəkilidir, ictimai xadimdir, sənət müəllimidir. Bunlan hamısı məlumdur. Mən şair olduğum üçün onun çoxsahəli fəaliyyətinin bir qanadından - poeziya qanadından danışmaq istəyirəm, onu alqışlamaq istəyirəm, onu dinləmək, dinləmək istəyirəm.
    Məncə, Mikayılı bir dəfə dinləyən kəs sonra uzun zaman özünü, öz içini dinləməyə bilmir, çünki Mikayılın oxuduqları yalana, böhtana: riyakarlığa, nadanlığa qarşıdır, onları daşıyanlara qarşıdır; onlara sillədir, qılıncdır Mikayılın şerləri. Onları dinləməmək mümkün deyil...
    Doğruya, ədalətə yön tutan insan zəkasıdır Mikayılın müraciətləri; əbədi işıq, sabahın nuruna çağırışdır. "Mən kiməm" sualına cavabdı. "Tətikdən barmağını çək" nidasıdır Mikayılın səsi.

    Onun söz qalası qaynaqdı yerə,

    Onu söz qayası güclüdü gücdən.
    Özündən qaçmağı bacaran deyil,
    Özünə dönməyi öz əlindədir.
    Deyirəm: yüz ildi, yüz əlli ildi,
    Dünyanın damına çıxıb Mikayıl,
    Yalanla doğrunun səddini çəkir,
    Haqq ilə nahaqqın səddini çəkir.
    Yığıb söz daşları, söz qayaları,
    Vurub bəbəyinə biganələrin,
    Atır qulağına eşitməzlərin,
    Atır ürəyinə ürəksizlərin.
    Mikayıl şer oxuyur:
    Sərhədd xətti ayıqdır.
    Daş, qaya da ayıqdır,
    Ağaclar da ayıqdır.
    Əsgər gözləri ayıq,
    Əsgər barmağı ayıq,
    Əsgər nəfəsi ayıq,
    Əsgər silahı ayıq.
    Mikayıl şer oxuyur...
    Bəzən də belədi, belədi dünya
    Nəinki damına çıxanı görmür,
    Damında saçını yolanı görmür,
    İnsana daş atan insanı görmür.
    Hətta bacasından düşəni görmür,
    Hətta qapısından girəni görmür.
    Üzünə şapalaq vuranı görmür.
    Bəzən də belədi, belədi dünya
    Onu uçurana heykəl ucaldır.
    Onu ucaldana "yaxşıca" zindan.

    Dünyanın qaranlıq zindanlarına
    Üsyandı Mikayıl, üsyandı, üsyan...
    Dünyanın qaranlıq zindanlarını,
    Bir təkandan, bir həmlədən uçuran
    Nəğmələr oxuyur Mikayıl.
    Cəsarətlər birliyi
    birləşib hünər olur,
    Hünərlər birliyində
    Hamı bir nəfər olur.
    Şəhid məzarlarının
    baş daşı səngər olur,
    Ölkə beş qat böyüyür,
    Ölkə səfərbər olur:
    Mikayıl şer oxuyur...
8 yanvar, 1997

YANIN, İŞIQLARIM



    Payız axşamıdır...hava xoş, təmiz,
    Öpür sahilləri yenə göy dəniz.
    Bəzən də zamanın xoş nəfəsi tək
    Arabir üzümə toxunur külək.
    Mən tənha deyiləm, minlərlə insan
    Xəzər sahilində gəzir bu zaman.
    Dikilir gözlərim mənim bu ara
    Sahil boyu yanan gur işıqlara.
    Onlara baxdıqca mən aram-aram,
    Gəlir xatirimə, gəlir bu axşam-
    Müharibə ili-qırx ikinci il...
    O gün xatirimdən silinən deyil.
    Onda sahillərə baxanda mənim
    Hirsimdən titrədi daim bədənim:
    Nə işıq görərdim, nə də izdiham,
    Coşardı qəlbimdə nifrət, intiqam...
    Düşmən təyyarəsi görməsin-deyə,
    Pərdə çəkilərdi hər pəncərəyə.

    Siz ey işıqlarım, döyüş illəri
    Bəzən üzünüzü pərdələdim mən.
    Dedim qoy yurdumun gözəllikləri
    Qorunsun düşmənin nəzərlərindən.
    Yox, bir də qoymaram, qoymaram ki, mən
    Əlvan işığımı keçirə düşmən.
    Axı siz nursunuz, siz işıqsınız,
    Axşama, gecəyə yaraşıqsınız,
    Yanın işıqlarım, yanın vüqarla,
    Yurduma nur saçın min iftixarla...
1952

BÜLBÜL



    Yenə bahar gəldi, ötüb keçdi qış,
    Döndün bağımıza, vəfalı bülbül.
    Neçə el dolandın, dilə gəl, danış,
    Bizim kəndimiz tək səfalı, bülbül!

    Sarı dimdiyində gül yarpağını
    Alıb gəzdirdinmi budaqlarda sən?
    Bizim kəndimizin bahar çağını
    Tərif elədinmi uzaqlarda sən?

    Səsində baharın təravəti var,
    Mən də çox vurğunam bu ada, bülbül.
    Yox, dedim həmdəmin olsa da bahar
    Məhdud ömr edirsən dünyada, bülbül.

    Min diyar keçirsən, min el gəzirsən,
    Gördüyün bahardır, yenə bahardır.
    Fəqət hər fəsildə yaşayıram mən,
    Kəndimin hər fəsli mənə bahardır!
1952.

RƏSSAM ANA


Nazim Hikmətə

    Danışır, kükrəyirsən-
    Dəniz nədir, ümman nədir...
    Nəşən mənə nəşə verir,
    Qəmin mənə qəm gətirir.
    Dolur bəzən mavi gözün
    Elə bil qəm dəryasıdır.
    Qalxıb-enən sinən sanki
    Anadolu yaylasıdır.

    Danışırsan, üzərinə
    Sual üstdən sual yağır.
    Ancaq məni dinləyəndək
    Başından od-alov qalxır.
    Bir anlığa lal olursan,
    Bulud kimi tutulursan.
    Belə bilsəm lal olardım,
    Belə bilsəm danışmazdım.
    "Anan varmı"- soruşmazdım.
    Mübarizə şairisən,
    Yaddır sənə qüssə, ələm.
    Fəqət ana adı gəlcək
    Sevincini apardı qəm.

    Susdun, susdun, ey sənətkar,
    Alnındakı bu qırışlar,
    Ağrı dağın ətəyində gördüyüm
    Pillə-pillə cığırlara oxşadı.
    Susdun, bir ana xəyalım,
    Saçlarını oxşadı.
    Xeyli susdun, susdu sinəndə ilham,
    Yavaşca dedin: "rəssam idi anam,
    Rəssam idi, sonra gözü tutuldu".
    Daha danışmadın, söz mənim oldu.
    Gör mən nələr eşitdim, nələr yazdım
    Gözlərim çıxsa belə sarsılmazdım.

    Sarsıldım, yandı sinəm
    Sinəsi vulkan
        bir dağ kimi.
    Sarsıldım çiçək kimi,
    Qaraldım torpaq kimi.
    O yalnız ana deyil,
    O həm də sənətkardı.
    Analıq eşqi qədər
    Sənət eşqi də vardı
    Nur aşiqi bir rəssamın
    Gözünə zülmət çökdü.
    Zaman onun gözünə
    Göz dağı çəkdi.

    Çökdü, çökdü qəlbinə qəm,
    Gözünə zülmət bir aləm.
    Artıq, artıq uğrunda
    Həyatını verdiyi
    Bir həyatı görmədi.
    Dibində boy atdığı,
    Hüsnündən neçə-neçə
    Tablolar yaratdığı
    Bir elatı görmədi.
    Bəlkə verdi,
    Gözlərinin nurunu
        Oğlu yatan
    Zülmət zindan
         işıqlana.
    Nələr duydum ana, sənətkar ana.
    Necə qıydı sənə
    kor təbiət.
    Qıydı anaya-
        Qıydı rəssama.
    Qıydı sənətə,
    Qıydı ilhama,
        Nankor təbiət.
    Bəlkə də yanılıram,
    Bəlkə belə deyildi.
    O ananın gözünü
    Təbiət bir səma bildi.
    Səmanın buludları
    Endi mavi gözünə.
    O bəlkə buludları
    Bir pərdə eləyərək,
    Öz səmavi gözünə.
    Günəşdən də bir yeni,
    Rəng alım deyirdi.
    Bəlkə, bəlkə Günəşi
    Öz doğma Vətəninə
    Endirmək istəyirdi.

    Çökdü, çökdü qəlbinə qəm
    Gözünə zülmət bir aləm...
    Bahar aşiqi rəssam
    İlk baharı görmədi.
    Tablosunda can verdiyi
    Canlıları görmədi.
    Görmədi yeriş verib,
    Dil verib, gülüş verib
    Böyütdüyü oğlunu.
    Ancaq fırça götürdü
    Yenə də çəkdi onu.
    Çəkdi, axşam çəkdi
    Səhər çəkdi.
    İndi əl deyil,
    İndi göz deyil,
    Duyğular, hisslər
        çəkdi.
    Çəkdi, çəkir yenə də...
    Yeri, göyü-ərşi çəkir...
    Yurdunun göylərində
    Doğacaq Günəşi çəkir...
1956

ŞƏRQİN ÇAĞIRIŞI



    Bu gün yenə qoca Şərqin
    Çağırışını eşidirəm.
    Bu gün Böyük Səhra kimi
    Od içində yanır sinəm...
    Bu gün elə coşuram ki...
    Ağ Nil nədir, Göy Nil
        nədir,
    Neçə dəniz, neçə ümman,
    Sanki mənim qəlbimdədir.
    Qəlbim qara daş deyildir,
    Bəşər dinə, mən lal olam,
    Port-Səidə alov yağa,
    Mən evimdə xoşhal olam.
    Yox, Nil üstə yağan
        mərmi
    Yağır mənim otağıma.
    Qoca Şərqin çağrış səsi
    Gəlir yenə qulağıma...
    Deyir hava, deyir torpaq,
    Ey Şərq oğlu, ayağa qalx!
    Səs verirəm bu səsə mən,
    Səsim atəş, sözüm mərmi...
    Gurşad yağıb sel qopanda
    Şəlalələr kiriyərmi?
    Bu gün Böyük Səhra kimi
    Od içində yanır sinəm.
    Bu gün yenə qoca Şərqin
    Nidasını eşidirəm.
    Səs verirəm bu səsə mən.
    Çək əlini, çək Misirdən!
    Hansı ərəb kreyseri
    L-Manşında lövbər salıb?
    Hansı Misir təyyarəsi
    Alp üstündə qanad çalıb?
    Hansı Misir balıqçısı
    De, Senaya tor atmışdır.
    Hansı ərəb, hansı lordu
    Yuxusundan oyatmışdır?
    Orda xurma əkməmisən,
    Orda ehram tikməmisən.
    Ağ çalmalı fəllahla bir
    Orda şəhər salmamısan.
    Axı Süveyş çəkiləndə
    Bir damla tər
        salmamısan.
    Bəs nəyin var Afrikada
    Avropalı, ey qəsbkar?
    Misirlinin atanıza-
        babanıza
    Söylə görüm borcumu var?
    Yetər Şərqə soxuldunuz,
    Şərq çörəyi yeyə-yeyə!
    Yetər ərəb nefti ilə
    Təyyarəniz qalxdı göyə!
    Çək əlini, çək Misirdən
    Bəsdir atəş, bəsdir hədə.
    O, sənə diz çökdürəcək
    Səma Yerlə birləşsə də!
1956

O NİYƏ KÜSDÜ?



    O, məndən küsübdür bu axşam yenə,
    Günahsız günahkar olmuşam yenə.
    Doğrudan qızları duymaq çətindir,
    Gəl indi dil tapıb küsəni dindir.

    Lakin çox çəkməyir danışırıq biz,
    Özümüz bilmədən, barışırıq biz.
    Bu şeytan qızların ruhuna bax sən,
    Öpüşlə barışır öpüşdən küsən.
1957

OXŞATMA



    Açdım əsrin yaxasını
        düymə-düymə.
    Sökdüm əsrin yaxasını
        ilmə-ilmə.
    Yaralı-yaralı
        illər
        çıxartdım
        ordan.
    Ağlı, qaralı
         illər
        çıxartdım
        ordan.
    Bəzinin tozunu sildim,
    Bəzini toza atdım.
    Zaman baba qışqırdı:
    Ehey,
    Addım lazımdır,
        addım!!!
1959

MƏNİM YOLUM



    Bir yolun yolçusuyam,
    Sürət də gərək, təmkin də.
    Mən şad da olmalıyam,
    Əsəbi də, qəmgin də.
    Gedən çox, yol uzundur,
    Səs də çox, iz də çoxdur.
    Bir-birinə bənzəyən
    Nəğmə də, söz də çoxdur.
    O gur səslər içində
    Səsimi tapmalıyam.
    Yerimi, yerişimi,
    İzimi tapmalıyam.
    Özümü axtarmalı,
    Özümü tapmalıyam...
15 avqust, 1962

KEFLİ İSGƏNDƏRLƏ GÖRÜŞ


Mirzə Cəlilə

    İsgəndərlə qarşılaşdım
        bir kənd yolunda.
    Bir keflilik nişanəsi
        görmədim onda.
    Fikri bir az dolaşıqdı,
    Öz-özünə danışırdı.
    Cəsarətin olmayanda
        ürəyin olmur.
    Cəsarətin olanda da
        çörəyin olmur.
    Cəsarətin olmayanda
        qorxaq deyirlər.
    Cəsarətin olanda da
    axmaq deyirlər.
    Mirzə, bura gəlişimə
        özüm utandım.
    Şüur gördüm- bir əsrdə
        heç bircə santım,
    İrəliyə baxmayıbdır.
    Hələ nə gördüm!-
    Şeyx ağanın təsbehini
    Çox əldə gördüm.
    Mən buraya ayıq gəldim.
    Ayıq gəldim-
    Yatanları ayıltmaq üçün.
    Qayıdıram- kefliliyə qayıtmaq üçün.
    Hələ neçə Sabir gərək
    Sən gərək bura.
    Hələ gərək çox inqilab gətirək bura.
    Burda hələ kef məclisi
        keçir gizlicə.
    Yer süpürən çadralarsa azaddır necə!
    Baxdım bir az Naxçıvana,
    Ordubada, Şahbuza baxdım.
    Sevincimdən az qala mən ağlayacaqdım.
    Yol boyunca düzülmüşdü işıq qədəhi...
    Burda isə qızlar gördüm hələ qəhqəhi,
    Şivən olur allah, imam azadlığında.
    Dedim belə "azad inam" "azadlığında"
    Azadmıdır inanmamaq,
        şəkk eləmək də.
    Dedilər ki, "bəli, bəli..."
        Ancaq ürəkdə
    Xurafatın çayırları
        köklüdür yaman.
    Gərək onun
        zoğlarını
        Gizli qırasan.
    Dedim nə vaxt. Bu nə zaman,
    Bu hansı ildir
    Hey, hey, dünya, yüz təbliğat
    Mücahidi bir
    Mirzə deyildir
    Burda Mirzə qələmindən
        qaçıb gizlicə
    Neçə kölgə kölgəsini
        sağ görürəm mən.
    Vardır diri addımıyla
        ölü gəzənlər.
    Mirzə belə deməmişdi,
    Ay həmvətənlər!
    Deyən doğru danışmağım
        xoşa getmədi.
    Həqiqətin söz misrası
        daşa getmədi.
    Dedilər ki,
    İsgəndərlik eləmə daha!
    Dedim: elə İsgəndərəm!
    Dedilər: aha,
    Belə ayıq danışmaqda
    Görünür ki, sən
    Yenə keflisən!..
    Dedim: əsla içməmişəm!
    Dedilər: onda-
    Yeri iç gəl! Kefli olanda
    Bəlkə təzə bir geyimdə
        göründü bu kənd...
    Xəyalımda içib gəldim,
    Neçə ili keçib gəldim...
    Pəh-pəh, necə dəyişilib
    Gör indi bu kənd
    Mən kefliyəm, O ayıqdır.
    Kaş ayıq olsun.
    Mirzə Cəlil istəyinə
        o layiq olsun.
mart, 1967

 
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (01.11.2013) | Müəllif: R.C E W
Baxış: 751 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more