Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-SEÇİLMİŞ ƏSƏRLƏRİ-CİLD 3-2
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >> 
BU GECƏ YUXUMDA ARAZI GÖRDÜM



    Bu gecə yuxumda Arazı gördüm,
    Arazı belə tox görməmişdim heç.
    Arazı bəxtindən çox razı gördüm,
    Üstündən yol atdı: "cəsarətlə keç!"

    Dedi: sinəsinə çaylar axmasa
    Dənizlər itirər dənizliyini.
    Cəsarət üstümdə şahə qalxmasa
    Təbriz itirəcək Təbrizliyini.

    Bu hansı tarixdi - xəzan yarpağı? -
    Qəfil küləklərin carçıları kim?
    Mən ki, öyrənmişəm qaya yarmağı,
    Bir dərə dibinə necə çəkilim?

    Qədimlik utanır qədimliyindən,
    Qədim abidələr gülüş hədəfi.
    Bir dilin bir dilə qənimliyindən
    Dad qılır çalağan,
        dad qılır əfi.

    Yüz illər beləcə yatıb mürgülər,
    Sahil qayaları olsan, nə fayda!
    Axar su üzünə bir dəfə gülər,
    Bir də o gülüşlər çətin qayıda.

    Su içmək üçündü,
        çay keçmək üçün;
    İçilməz, keçilməz çayı su bilmə.
    İnsanı ölümdən alan ölümün
    Zəhmini insanın qorxusu bilmə.

    Əsrimiz körpülər əsridir indi,
    Pas atmış ağıllar quylanır yerə.
    Mənim sularımın dizliyi gendi,
    Qabarıb hay salar lal sahillərə.

    Qoymaz üç addımda çöllər alışa,
    Qoymaz ağızlarda dillər alışa.
    Nə qədər yataqda Araz var hələ,
    Arazdan içməmiş Təbriz var hələ,
    Ya mənim dərdimlə yaşar bu dağlar,
    Ya da ki, üstümə aşar bu dağlar...
1981

BİR İNSANA İNAMIMI İTİRDİM



    Ağ yol idi... ikimiz bir qaraltı
    Nağıl kimi: işıq yandı, it hürdü...
    Yarı yolda qədəmləri daraldı,
    Yarı yolda inamımı itirdim.

    A yalquzaq, tək deyilsən bu dəfə
    Sizin olsun - bizim olmaz bu cığır.
    İkiliyi yarıtmadı bu səfər,
    Görək indi tənhalıqdan nə çıxır.

    Elə bildim göy meşələr axnadı,
    Ağ bulaqlar bir də nə vaxt durula...
    Bu gün uçan quşlara da baxmadım,
    "Məni görüb qanadları qırılar"...

    Çox yaxşılar yamanlaşdı gözümdə,
    Çox vədələr dumanlaşdı gözümdə,
    Düz əhd-ilqar yarğanlaşdı gözümdə,
    Bir insana inamımı itirdim.

    Elə bildim küsdürmüşəm səhəri,
    Dan yerini kilidlədim dan üzü.
    Qara yelkən, qanadını çək bəri,
    Bu dəryanın dalğasında dağ üzür.

    Ümid yolu köhnə yoldu, bilirəm,
    Ayaq geri, göz irəli səslədi.
    Dönüşünə ümid yoxdu, bilirəm,
    Ancaq yenə ümidimi kəsmədim.

    Bir ömürdən bir-ikicə yaz qalıb,
    Öz qorumdan öz tayamdı od alan.
    Mənim kimi uduzanlar az qalıb,
    Özgə bəxti haqlamasın o talan.

    Yamaq tutan qəlbə bölük deyərlər,
    Dostdan gələn dərdə "böyük"- deyərlər
    Belə dosta İsmi Dönük deyərlər,
    Bir insana inamımı itirdim.
Pitsunda, 7 sentyabr, 1981

GÖYƏRDİ

Bu dünyanın qara daşı göyərməz.
Musa Yaqub


    Musa Yaqub, gözü yolda Təbrizin,
    Gözlərinin qara yaşı göyərdi.
    Göyərmədi istədiyi bircə dən,
    Savalanın qara daşı göyərdi.

    Bu dünyanı hörümçəkdən almışıq,
    İlməsini kim atdı bu yanlışın,
    Dedim barı düz toxuyaq qalmışı,
    Önümdəcə neçə naşı göyərdi.

    Kim işığı ürəklərə doğrayar,
    Kim işığı ürəklərdən oğrayar,
    Kim yalanı calaq vurdu doğruya,
    Hər şivindən oğrubaşı göyərdi.

    Çox gözlü var torpağına kor baxır,
    Dan yerinə bəbəyində tor baxır.
    Yüz də çevir, min də ələ torpağı,
    Namərdinən mərd yanaşı göyərdi.

    Mən Arazda şaxələnən çinardım,
    Ömrü boyu tufan əydim, su yardım.
    Xətainin qılıncını suvardım,
    Məmməd Araz karandaşı göyərdi.
Pitsunda, avqust 1981
KÜR ÜSTÜNDƏ TƏK AĞAC


Ə.Kürçaylının xatirəsinə

    Kür üstündə tək ağacdı,
    Sağı-solu düzən idi.
    Küləklərin əndərinə-döndərinə
    dözən idi.
    Sinəsində od soyudan,
    Buz əridən gücü vardı.
    Baxışları üfüqlərin
    tərs üzünü oxuyardı.
    Nəğməsində Kür harayı,
    Nəfəsində Muğan duzu.
    Ömrü boyu oxuduğu kitab idi
        Muğan düzü.
    Söz yolunda fəhlə idi
        əli qabar, çiyni qabar.
    Şum yerindən yığılmışdı
        misraları
        damar-damar.
    O, şerinin, şeri onun özü idi,
        əsli idi,
    Bərkliyi də,
        sərtliyi də
        mərdliyinə təslim idi.
    Danışanda deyərdin ki:
    Kürsü onun qatarıdı,
    Yer şarının bu qütbündən
        o qütbünə aparırdı.
    Yol gedəndə deyərdin ki:
    Günəşəcən gedəcəkdi,
    Öz qəlbinin tufanında     təkbaşına avar çəkdi.
    Ürəyində itirdiyi
    səsi gəzdi son anında,
    Əridi səs,
        qeyb oldu səs
        ürəyinin vulkanında.
    Səsləyəni itirdi səs,
    Dönüb getdi Kür üstünə,
    Qondu qərib bülbül kimi
        boynu bükük gül üstünə.
    Gördü həmən məcra boyu
    həzin-həzin ötən su var;
    Tənhalaşan ağacların
    qəfil sınmaq qorxusu var...
1980

QONŞU ÇƏPƏRİ



    Qonşu qardaş, az qurdalan o çəpər boyu,
    Əsəbini, qəzəbini hörmə çəpərə,
    Bizə tərəf əyilməkdən tikan quruyub,
    Pozma onun yatımını hədərcə yerə.

    Bizim bağa su axıdır açdığın bərə,
    Bizim tutdan sizin bağa kölgə düşəcək.
    Gözümüzü gözümüzdən qorusaq belə,
    İtlərimiz macal tapıb həvirləşəcək.

    Tüstü qalxar iki evin həndəvərindən,
    İki tüstü bir havada əriyəcəkdir.
    "Sizin", "bizim" dediyimiz sədd çəpərində
    Qarışqalar eyni yüklə yeriyəcəkdir.

    Sənin baban bulaq çəkdi, ya mənim babam?
    Nə fərqi var? - Su - çəkənin, su - içənindir?
    Yol boyunca cərgələnən bu qoz, bu badam,
    Əkənindi? Yeyənindi? - Nə deyək indi?

    Olmasaq da bir süfrədə bir dəmə ortaq,
    Günümüzün gəlişi bir, axarı birdir.
    Dağa çıxaq, düzə enək, göyə dırmanaq,
    Yolumuzun kilidi bir, açarı birdir.

    Yüz ocağa od veribdir o qara təndir,
    Çəpərlərdə bitən gördüm qaratikanı.
    İki qarış torpaq udsan - biri sənindi,
    Dünyagirlər yemədilər quyruq dünyanı.

    Mən Təbrizli, Naxçıvanlı, mən
        Gəncəliyəm,
    Çox görmüşəm hasar üstdə ölənləri də.
    Mən torpağı bölünməyə öyrəncəliyəm,
    Heç qazanan görməmişəm bölənləri də...
Pitsunda, 30 avqust, 1981

KÖHNƏ QAFİYƏLƏR - ÇAYLAQ DAŞLARI



    Şairlər, sözləri buxovlamayın,
    Gəlin yığışdıraq qafiyələri!
    Təzə fikirlərə yaxın qoymayın
    Üzülmüş, süzülmüş qiyafələri.

    Nə qədər çaydaşı çaylağı ovsun?
    Çay bezər - sel təzə daş gətirməsə.
    Bəlkə ovçuluqdan doyar da ovçu
    Hərdən torbasını boş gətirməsə.

    Məlum qafiyələr ekiztay quzu;
    Kərəsi, kürəsi, təpəli birdir.
    Şığıyıb birini apardı quzğun...
    Hansını?.. çobanın özü də bilmir.

    Sürtük qafiyəni min qələm yonub,
    Ələnib, sovrulub bitli dən kimi.
    Bəzisi dalında gizlənir onun,
    Qurd kəsək dalında gizlənən kimi.

    Gəlin, cındırından sap çəksin hərə,
    Tapaq bu sözlərə ayrı bir peşə;
    Bəlkə biz onları yığıb bir yerə
    Yollayaq Xaqani İyirmi beşə?

    Yüyürək özümüz onlardan qabaq
    Köhnə qafiyələr muzeyi açaq.
    Onda söykənəcək "ürək" "dirəyə"
    Onda yapışacaq "gərək" "görəyə".

    Onda sığınacaq "yovşan" "dovşana"
    "Yalançı", "plançı" dirsək-dirsəyə,
    "Talançı", "palançı" kürək-kürəyə.
    Özünü axtarar "axur", "naxır da",
    Onlara qoşulmaq istər "paxır" da
    Sonuncu qafiyə "və ilaxır" da...

    Gözlər torlananda, çənə əsəndə
    Gəlin çaş salmayaq sözlə əsanı.
    Şairlər, bu "can-can" çeynəməsindən
    Canını qurtaraq "Azərbaycanın..."

    Daş əzdi, qum sıxdı - yağ alınmadı:
    Heybəli, xurcunlu, çarıqlı şerim.
    Nə qədər çalışdın "ağ" alınmadı,
    Köhnə qafiyəsiz darıxdı şerim...
1982

GÜNƏŞ GÜNÜ



    Əkinçi, səpinçi gününə yaxın,
    Dəmirçi, kömürçü gününə yaxın,
    Bu günü qoparaq il budağından,
    Elə adisinin, elə bozunun.
    Süpürüb qarını, silib tozunu
    Yuyub gözümüzdə, sözümüzdə biz
    Sərib qurudub da sinəmizdə biz,
    O günə ad verək, ad - Günəş günü,
    Əkək ağlımıza, yaddaşımıza.
    Bir gün salam verək, - İşığın aydın!
    Töhfəmiz olmasın işıqdan ayrı.
    Bir gün işıqlansın zirzəmilər də,
    Üzü gülər olsun gözü nəmlər də.
    O gün:
    Birinci and yeri qoy Günəş olsun,
    Bir yola çıxacaq iki istəyin...
    Son dəfə baxdığı qoy Günəş olsun
    Əlacsız xəstənin, ağır xəstənin.
    İşıq xərcləməyək cinayətlərə,
    İşıq xərcləməyək xəyanətlərə,
    Çörəyə nur qataq, suya nur qataq,
    Söhbətə nur qataq,
    Sözə nur qataq!
    İşıq çaparları meydanı açaq,
    Ulduzlar tökülsün tamaşasına.
    A şair, qurutma yaranı duzla,
    Qaralıq gətirmə sən ağ şerinə.
    Bir işıq ilinə gələn ulduzlar
    Yüz işıq ilinə dönməz yerinə.
    Dünyamız o qədər qatı dumanda:
    Gözləri tor bağlar ulduzların da.
    Bir günün nurunu yığsaq bir yerə,
    Bəs edər ən tutqun planetlərə.
    Bu bir gün
    O qədər xoş olsun, o qədər işıq
    O qədər mülayim, o qədər ilıq...
    Pis sözlər küllənsin söz küllüyündə,
    Pis günlər utansın pis günlüyündən...
    Haylayıb Nazimin cocuqlarını,
    Bir gün onlara da işıq içirdək.
    Bir gün heyrətimiz tuşlansın göyə,
    Dünyada nə vardır heyrətdən böyük?
    Qıraq raketlərin qanadlarını,
    Kürsüdən endirək diplomatları.
    Dartıb hədə-qorxu nazirlərinin
    Yarımçıq saxlayaq çıxışlarını,
    Onların parlament alqışlarını
    Qapıb əllərindən ütək bir anda,
    Bu bir gün seçici salonlarında
    Səssatma, səsalma nırxını alaq.
    Bu gün dünyamızda
    Bir rəngli bayraq
    Bir rəngli hökm olsun,
    Bir rəngli arzu.
    Nə üz cırmaqlansın, nə göz yorulsun,
    Qoy bu gün tərifə öyrənişənlər
    Günəşin eşqinə sağlıq desinlər,
    İmzalarla deyil, gözlə görsünlər:
    Ağlın duruluğu nə təhər olur,
    Hökmün bulannığı nə təhər olur,
    Günəşin işığı necə paylanır,
    Niyə bu işıqlar gecə paylanır?
    Amma ki satılır toxum yerinə...

    Hər günü, hər ayın kürəyində yük,
    Vahimə tuşlanır yerin qəlbinə.
    Bəşərin inadı qorxudan böyük,
    Təsəlli məlhəmdir insan qəminə.

    Deməyin boşalmaz bu dolu boşluq -
    Zərrəni zərrəyə düysə bu birlik.
    Bəlkə bu minvalla günə gün qoşub
    Dünyada işığı qoruya bildik.
1982

MƏNİ İNANDIRMA



    Tutarlı söz gəzmə özünü yorub,
    Məni bilirsən ki, aldatmaq asan...
    Desələr: "Ay səni qonaq çağırıb,
    Marsla evlənəcək", inanasıyam.

    Desələr göyləri şum eləyiblər,
    Günəşdən su alıb suvaracaqlar;
    Vallah, bu yalanı doğru deyiblər,
    Vallah, olasıdır bu olacaqlar.

    Deyirsən, "qorxum yox qorxularından,
    Özünə də yadsan, yadın da mənəm".
    Gözünü yumdunmu - yuxularında,
    Gözünü açdınmı - yanında mənəm.

    Dilinin ucundan tökülənləri
    Qaytarıb dilinin dibinə əksən,
    Bir yarpaq istisi tapsa əllərin,
    Bir insan kölgəsi itirəcəksən.

    Nə yaxşı çox sözə qəlbim inanır,
    Nə yaxşı ürəyim hələ uşaqdır.
    Hardasa qəlbimin bir damla qanı
    Riyadan, çamırdan, lildən uzaqdır.

    Baxma bu dənizə üzü düz kimi,
    Çölünü içinə bükən nəhəngdi.
    Mən də ilk baxışda o dəniz kimi...
    Hamarım, tumarım görünəcəkdir.

    Düz sözdür dünyada hər şeydən baha
    Ocaq halaldırsa, mən yanasıyam.
    Yalanı yalana bələmə nahaq,
    Onsuz da nə desən inanasıyam...
1982

YA BAXTIM



    İlimdən bircə gün bağışla mənə,
    Ömrümün bir günü özümün olsun.
    Qalan günlərimi heşan eləyim,
    Qalan günlərimi bir ovuc darı...
    Bu Araz dərəsi beləcə qaldı,
    Alışdı iki dil suyun içində,
    Bir dərya su yandı iki ocaqda.
    Təbrizin yolları daşlıdır hələ,
    Yaman dərinləşdi bu dərə, yaman, -
    Ağlın gur selləri dibində hələ...
    Nə vaxt bu dərənin qumu sovrula?
    Nə vaxt bu dərədə nəhrə çalxana?
    Uzaqda mələdi bir çoban neyi...
    Üfüqdə günəşin dodağı qaçdı.
    Özümün olmayan ömür bəs elər.
    Ya baxtım, ömürdən bircə gün mənə...
1982

NƏ GÜNAH



    Bu ömürdü, öz baharı, öz qışı;
    Gələn yazda, gedən qışqa nə günah.
    Xirtdəyəcən günahlara batmışı
    Yuya bilməz, qar-yağışda nə günah.

    Göylər qala buludları axımlı,
    Yer körpəli, yer cavanlı, ahıllı.
    "Dəli" - deyib daşlayanda ağıllı
    Xəncər qapan ağlıçaşda nə günah.

    Yekə-yekə xırdalanan "addılar"
    Heç bilinməz çapardılar, atdılar;
    İki itə para sümük atdılar;
    Qarabaşda, Alabaşda nə günah.

    Qara külək tumanını qaldıra,
    Xırmançının samanını qaldıra.
    Dəyirmançı dabanını qaldıra,
    Bir-birini yeyən daşda nə günah.

    Hər havaya çiyninə baş qoymayan:
    Fırfıra tək fırlanmaqdan doymayan...
    Bu başlarla aşıq-aşıq oynayan
    Çevik əldə, ayıq başda nə günah.

    Bəlkə əlli misrası yox əllimin,
    Bu titrəyiş günahıdır əlimin...
    Qollarında dost əli var əlli min,
    Məmməd Araz, əlli yaşda nə günah...
1982

ƏSGƏR ANDI



    Dağdan, daşdan gəlir səsim,
    Xatirələr yolum indi.
    Hünərimə keşik çəkən
    Nəvəm əsgər olub indi.

    Avropaya ayıl deyən
    Səda məndim, haray məndim.
    Arzuları Berlinəcən
    Gedən Həzi, Gəray məndim.

    Adsız məzar mənimkidir,
    Heykəl olan əsgər mənəm.
    Sinəsində ölməzliyi
    Sağ saxlayan hünər mənəm.

    Əsgər andı atəş demək,
    Əsgər andı yürüş demək.
    Vətən mənə oğul dedi, -
    Vuruş demək, döyüş demək!

    Avropaya ayıl deyən
    Səda məndim, haray məndim.
    Arzuları Berlinəcən
    Gedən Həzi, Gəray məndim.
1982

ÖLÜM YAXŞILIĞI


Yamanlıqdan yaxşılığa dönümdə
Bəzən asan körpü olur ölüm də.


    Ölüm adlı bir "bələdçi" apardı onu,
    Fərqi yoxdu: hava günlü, hava buludlu.
    Ömrü boyu yaxşılıqdan yoxsulluğunu,
    Unudulmaz pisliyini hamı unutdu.

    Son mənzilin son çağrışı yudu günahı,
    Bu məqamda nə sual ver, nə cavab istə...
    Qaratikan "sahibkarı", "gül-çiçək şahı"
    Gedən yolla o da getdi çiyinlər üstdə.

     (Qəmli, dalğın baxan vardı cənazəsinə,
    Pis köçürsə, gərək ona bir əvəz ola.
    Bəd əməllər görk olmasa yer kürrəsinə
    Yaxşıların yaxşılığı görünməz olar).

    Bu dəmlərdə bir möcüzə istəyir adam:
    Məzarının qapısında mərhum oyana.
    Görə: ölüm sağlığını çıxarıb yaddan,
    Pak əllərlə gedir indi torpaq qoynuna.

    Son divandan qaça bilmir pislikli pislər
    Toz kimi də yapışsalar daşa-divara.
    Yer altında itib-batır qurama izlər,
    Meydan qalır yaxşılara, yaxşılıqlara:

    Meydan qalır... meydan acı şeytan da qalır,
    Qara yeli yedəkləyib qapmağa hazır...
    Meydan yoxsa, başı açıq, ayağı yalın -
    Yer süpürür, cilov tutur,
    Üzəngi basır.
    Bu dünyada yamanları dəfn etmək asan,
    Yamanlığı dəfn eləmək çətindən çətin.
    Dar da qazsan,
    gen də qazsan,
    dərin də qazsan
    Şeytan sığan qəbrə sığmaz şeytan xisləti.

    Pislik şeytan əməlidir - deyərdi babam -
    Yüz pisliyin darğasıdır bir namərd səsi.
    Pis - gövdədir, əzəl-axır yıxacaq zaman,
    Pislik - zoğdur;
    o gizlənib, o göyərməsin...
1982

BİR ÖMÜR YOLUNDA


Dostum Fuad Ələsgərova

    Bir ömür yolunda yollar görmüşəm,
    Çoxu da başlanıb dost qədəmindən...

    "Bir ömür yolunda"... bu başlıq nədi?
    Bir köhnə xalçada bir köhnə yelən.
    Köhnə söz bir əldə təzəcə dəndi,
    Bir əldə min illik boz qumdu elə.

    İllərim qum oldu, dən oldu harda? -
    Gərək unudam da, gərək yazam da.
    Zamanın nəfəsi divarlarımda,
    Zamanın addımı yazı masamda!

    Xatirə bitəndi ürəklə əksən,
    Yaddaş itirəni kağız itirmir,
    Yaxşılar yol çəkən, pislər yol sökən,
    Miyanə adamlar yuxuma girmir.

    Ötən gün yaxşıdı ötən gün kimi,
    Geriyə baxmaqla sağalmaz yaram.
    Dönsə, heç demirəm pis günlərimi,
    Yaxşı günlərimə yiyə durmaram.

    Kimlər cilovunu tutdu atımın,
    Dalımca daş atdı kimlər bu yolda -
    Kimin sapandında dağdan atıldım,
    Kimlər hənirimi dinlər bu yolda?..

    Yüz dərdim dağılıb dost nəfəsiylə,
    Zülmətdə işaran ağı görmüşəm.
    Doğruluq, əyrilik tərəzisində
    Yaxşını yamandan ağır görmüşəm.

    Qəlbimin səsindən sözüm doğulub,
    Külək olmamışam yanan şamlara.
    Olsa da pislərin özündən olub -
    Pislik eləmişəm pis adamlara.

    Dağda yıxılanda dağdan yapışdım,
    Enmədim kiçiyin kiçik dizinə.
    Əldən yapışanda haqdan yapışdım,
    Əldən yapışmadım əlim isinə!

    Hər fikir yolçusu yollara sığmaz,
    Yol adlı çəhlim də, şimşək də gördüm.
    Heç yoldan başlamaz, heç yola çıxmaz
    Yolları həmişə yedəkdə gördüm...

    Ömrümə kibrit çək dost əlləriylə,
    Ömürdü, - bir çəngə küləşdi, - deyim!
    Döşümə düymə tik dost əlləriylə,
    Sinəmdən göyərən günəşdi, - deyim!
27 iyun, 1982

YALAN


Yalan eşitmədik böcəkdən, quşdan,
İnsandı insana yalan danışan...


    Tər axır alınının qırışlarından,
    Çır-çırpı kimidir ona yan-yörə,
    Sanki yalançılıq yarışlarında
    Təzəcə çıxıbdı birinci yerə.

    Söz dildə əsgidir,     söz dildə ütü,
    Bu dünya önündə dəyirman pəri,
    Qupquru göyərdir,
    Yaş-yaş üyüdür -
    Vədli yalanları, yalan vədləri.

    Qora söz ən şirin kişmişdən şirin,
    Tökür qabağına yesən, yeməsən.
    Götürsən ikisi-üçü bəsindir,
    Bəsindir əlli il yalan deməsən.

    Yalandı, böhtandı sözün də qışı,
    Babalar yalan da ilandı deyib.
    Dili qulağıma yalan danışır,
    Gözləri: bu yalan yalandı deyir!

    Bəsdir bir damlası yüz qatışığa,
    Yalan - mürəkkəbdir,
    Yalan su deyil.
    Bəzən inanmıram düz qatışığa,
    Bəlkə heç doğru da doğruçu deyil.

    Ay babam, ay nənəm, qalxın məzardan,
    Kim səpdi çınqılı bu hamar düzə,
    Bu söz xəlbirində haram əl hardan
    Pıtrağı ələdi söz süfrəmizə?!

    Yalan ayaq tutsa düz yetməz ona,
    Atını dörd nala çapasıdır o.
    Yol tapsa ədalət salonlarına,
    Bir əldən yüz alqış qapasıdır o.

    Köçəsi deyildir günəşə, aya,
    Yalançı rolunda baş qəhrəmandır.
    Çoxu inanmasın bu tamaşaya,
    Bəsidir minindən biri inandı...
İyul, 1982

ƏLLİ YAŞIMA ÖN SÖZ



    Əlli il deyildi, əllicə gündü..
    Enişli-yoxuşlu... çoxları bilir.
    Zamanın əlində bircə bükümdü,
    Qatlandı, əvvəli-axırı birdir.

    Otuz il əyləşdim üzü divara,
    Dilimdən söz əmdi körpə qələmim.
    Çox çəkdi özünü adil-divana
    Təzə söz dilənən köhnə qələmim.

    Əsrin ortaları qaynar çağlarım...
    Axıra əsrin də axırı düşdü.
    Ağır bir sənətə könül bağladım,
    Bəxtimə dərdin də ağırı düşdü...

    - Hünərin bu yola nə yüklə çıxdı?
    Tapdığın nə oldu, itirdiyin nə?
    Nahaqqın yoluna kötüklə çıxıb,
    Haqqını qoşdunmu haqq qədəminə?

    Kimdi o arxadan sənə daş atan? -
    Dönəndə dizini qucaqlayanlar?
    Boğazdan yuxarı ürək yaşadan,
    Ürəkdən aşağı baş saxlayanlar...

    Tikan da göyərməz acı sözündən,
    Dilindən dillərə yol yoxsa asan, -
    Toxu bal-yağınan, acı sözünən
    Doyuran evlərə qonşu olmusan!..

    Çox olub gölümdə üzən sonalar,
    Çox olub nağılçım-küpəgirənlər!
    Sonralar anladım, xeyli sonralar
    "Cibəgirən olur gözəgirənlər."

    Tapışmaz, uyuşmaz, görüşməz daha
    Cavan günlərimlə yaşlı günlərim.
    Yaşar yaxşıların qayğılarında
    Mənalı günlərim, yaxşı günlərim.

    İki qəbir daşı - iki şam kimi,
    Yoluma boylanır atamla anam.
    Uçurub əlimdən ekizlərimi
    Taleyin yoluna yalqız çıxmışam.

    Demə yol dolaylı, küləklər azğın,
    Hər seldən, gurşaddan uçmaz bu qala.
    Taleyin hökmünü gözləmək azdı,
    Taleyin hökmünü özün imzala...
8 avqust, 1982

YAZI MASAMA



    Biz iki ocaq kimi
    Sinə-sinəyə yandıq.
    Odumuz öpüşəndə
    Közümüzə inandıq.

    Dərd eləmə, desəm ki:
    Yazı masam, ölürəm!
    Ölə-ölə yazmıram:
    Yaza-yaza ölürəm...
9 avqust, 1982

DÜNYA SƏNİN, DÜNYA MƏNİM...



    Bir taleyin oyununda cütlənmiş zərik,
    Yüz il qoşa atılsaq da qoşa düşmərik.
    Bir zərrənin işığına milyonlar şərik,
    Dünya sənin,
    Dünya mənim,
    Dünya heç kimin...

    Çevrəsindən çıxsa əgər sevda fırfıran,
    Bir ümidin ətəyindən tutub da fırlan,
    Eşidərsən: pıçıldayır yıxılan, duran,
    Dünya sənin,
    Dünya mənim,
    Dünya heç kimin...

    Bu get-gəllər bazarına dəvədi dünya,
    Bu ömür-gün naxışına həvədi dünya.
    Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
    Dünya sənin,
    Dünya mənim,
    Dünya heç kimin...

    Ayaq saxla, dövrənə bax ötəri belə,
    Min illərdir Araz belə, Həkəri belə.
    Axşamların, səhərlərin təkəri belə,
    Dünya sənin,
    Dünya mənim,
    Dünya heç kimin...

    Gülünclərə gülünc gələn bu ada güldüm,
    Yüyəninə hər əl yetən bu ata güldüm,
    Mən özümlə oynadığım şahmata güldüm...
    Dünya sənin,
    Dünya mənim,
    Dünya heç kimin...
may-iyun, 1986

ƏLLİ İL YAŞADIM



    Əlli il! Bəsimdir orta bir ömür,
    Taleyin hökmü də vaxtını bilir.
    Ulduzlar qocalır,
    Ulduzlar ölür,
    Mən nəyəm? Zərrənin milyonda biri.

    Hələlik düşüncəm, qəlbim duyğulu,
    Kiməsə gəmiyəm,
    Kiməsə yükəm.
    Vay odu- olasan yataq yorğunu,
    Vay odu vədinə ölüm gecikə.

    Oddan qor götürür əllərim hələ,
    Küldə eşələnmək deyildir peşəm.
    Çoban çomağına yalmanıb hədər,
    Yalaq kənarında çöngüməmişəm.

    Özümdən özümə yol getdim bəzən,
    Köhnə bayatıdır çox dediklərim.
    Dibində su tapdım-şərbətə bənzər
    Keçəl yoxuşların, qozbel diklərin.

    Duruxmaq bilmədi yorğan köhlənim,
    Üzəngi itirdim cilov tapanda.
    Ömrüm də əsrimdə toz olar mənim
    Büküb öz əsrimi qoysam sapanda.

    Yox dərya üstündə qalam, qalacam,
    Dalğası dağ yıxan dərya kimiyəm.
    Nəyim töküləcək, nəyim qalacaq
    Əsəbi gərilmiş dünya kimiyəm.

    Söz sözə çarpanaq,
    Söz sözə özül,
    Yanğın söndürəndir söz yanacağı.
    Dünyanın sözüdür, dünyanın özü,
    Dünyanın sonuncu dayanacağı...

    Əlli il yaşadım- orta bir ömür,
    Taleyin hökmü də vaxtını bilir.
    Ulduzlar qocalır,
    Ulduzlar ölür:
    Mən nəyəm? Zərrənin milyonda biri...
1983

MÜBARƏKDİ, MÜBARƏK!



    Andım, yoxdu- bu urvadı, bu duzdu.
    Andın varsa- quruşdan da ucuzdu.
    Bir uduşda bir taleyi, uduzdun,
    Qumarına: Mübarəkdi!- deyirəm.

    Söz süfrəmdə Günəş dilim, Ay dilim,
    Dərələrə qol paylayan çay dilim.
    Çox güvənib, çox ötüşdün, ay dilim,
    Qabarına: Mübarəkdi!- deyirəm.

    Dəli dalğa necə öpür qayanı!
    Eşqi öpür, hirsi çapır qayanı.
    Məhəbbətin donqar, çopur qayanı,
    Tumarına: Mübarəkdi!- deyirəm.

    Yenimlər də, dönümlər də yel atlı,
    Öz adından öz əhdinə yol atdın,
    Bir ürəkdə iki hökmə qol atdın,
    Qərarına: Mübarəkdi!- deyirəm.

    Bir də ömür o dəmlərə tuş olmaz,
    Səma olar, bulud olmaz, quş olmaz.
    Haray çəkib haraylara qoşulmaz
    Havarına: Mübarəkdi!- deyirəm.
Pitsunda, 5 oktyabr 1983

QARA DƏNİZ ŞƏRQİSİ



    Yer əlimdən, göy telimdən öpürkən,
    Mən Koroğlu,
    Vaxt dəyirman,
    Ömür dən...
    Bir doyumluq möhlət umdum ömürdən,
    Qara dəniz, heç şərqindən doymadım.

    Kimsə demiş: ağ yalmanlı göy atdı,
    Ürgə bilib boğazına ip atdım,
    Daş sahili sahilindən qopartdım,
    Qara dəniz, heç şərqindən doymadım.

    Bu məqamda çarpanaq daş kimiyəm,
    Qaşsız üzük,
    Üzüksüz qaş kimiyəm,
    Ağlıma yad, yada yaddaş kimiyəm,
    Qara dəniz, heç şərqindən doymadım.

    Şərqi doğar bu damazlıq dalğalar,
    Veysəl gözlü,
    Şəmşir sazlı dalğalar,
    Ömründə bir şüar yazdı dalğalar,
    Qara dəniz, heç şərqindən doymadım!

    Qucduğum qum,
    İtirdiyim dağ ləpə,
    Öz içimdə "olmaz" adlı bir çəpər,
    Öz içimdə "yox" doğacaq bir təpə...
    Qara dəniz, heç şərqindən doymadım.
Pitsunda, 1983

QARA DƏNİZ ŞƏRQİSİ



    Dönüb, ömrün qürubuna baxıram hərdən,
    Zarıdığım, sızladığım çağlar olubdu.
    Qələmimə, varlığıma göz yaşı həmdəm,
    Göz yaşımın sirdaşı da çaylar olubdu.

    Kədərimlə yük olmuşam bir kədərliyə,
    Qolsuz olub- dişləriylə qolumdan tutub.
    Bir sünbüldən bir sütüllük dən alım deyə-
    Qılçıq dartan qarışqalar əlimdən tutub.

    Həkim olub- çarpayımda ölüm küsdürüb,
    O, inama ovsun deyib, ölümə gürzə.
    Sinəsindən doğru donlu yalan püskürüb
    Gümanımı inamıma şübhəli görsə.

    Çağrışıma uşaq kimi yüyürən qadın,
    Tez ələyib,
    Yox eləyib dərdi-sərimi,
    Gözsüz olub- ürəyinin közünü qatıb,
    Ümid verib: necə xoşca,
    Necə səmimi!..

    Ünvanıma yarpaq-yarpaq şerlər yağıb,
    Hər alqış da qələmimə bir söykənəcək!
    Bu torpaqdır bu gün mənim ilham çırağım,
    Bilməm sabah nə yazılıb,
    Nə söylənəcək!..

    Borcu borcla qaytarmazdı bizim babalar,
    Yaxşılığı yaxşılığa xırdalamazlar!
    Bu özüldən ucalıbdı bizim qalalar,
    Bunu yazsa-
    Mənim kimi bir şair yazar.

    İndi mənim bir borcum var:
    Borclu qalmayam-
    Ağlar, sızlar anlarımı
    Yığam bir yerə,
    Özəyində qəlbim olan tonqal qalayam,
    Boz külünü yem eləyəm quduz yellərə.

    Ünvanımı tanımasın
    Qəm adlı o çən.
    Gündoğandan günbatana qolumu açam.
    Deyəm: indi qalan ömrü zərrəsinəcən,
    Ölümlərə
    Baş əymədən yaşayacağam...
25 oktyabr 1983

QARA DƏNİZ ŞƏRQİSİ



    Görkəmli kimyaçı-alim, şer-sənət vurğunu dostum Həbib Məmmədəliyevin xatirəsinə sonradan yazılmış başsağlığı

    Moskvada yaşayardı,
    İki göz otağı vardı.
    İki gözüm
    İki dünya görmüşdü
    İki göz otaqda,
    Biri balaca Azərbaycan
    Bakılı, Təbrizli,
    Biri də böyük dünya, -
    Qurulu, dənizli.
    "Hansı ağır gələr?-
    Tərəziyə qoysaq?" -
    Soruşardım ondan,
    Ciddicə deyərdi:
        "Azərbaycan!"
    Dünya Azərbaycan olası deyil,
    Əbədi dünyamdı Azərbaycan.
    Bir bax: nəyi çatmır onun?..
    Baxardım "Azərbaycan otağına".
    Xəzəri var, Şahdağı var,
    Bütün Aran torpağı var.
    Naxçıvan, Ordubad, Şuşa,
    Gəncə, Şamaxı, Quba...
    Nizami başda əyləşib,
    Yanında Nəsimi,
        Vaqif, Natəvan, Sabir,
        Aşıq Ələsgər.
    Nəyi çatmırdı otağın?
    Deyərdim zarafatla
    Bircə Arazı çatmır-
    Qəşəngcə bölə bunları!
    Arazı da mən.
    Başım da pis çıxmır
    Bölməkdən, bölünməkdən...
    Səttarın dəlisiydi,
    Tez-tez görüşərdilər
    Həyatda, rənglərdə.
    Məktubda, yazıda.
    Deyərdi: pirimdir Bəhlulzadə,
    Ocağım, qorum, odumdur.
    Hər görüşəndə hədiyyəsi
    Bir ovuc torpaq olur.
    Nazimi da sevərdi,
    Sarı Aşığı da.
    Toxumluq türkülərdir
        daşıdığı.
    Fikirsiz şerlərə
    "Toyuq dəni" deyərdi.
    Yasamal dərəsinə
    Onların vətəni, deyərdi.
    Nə böyük olarmış
    Bir qəlbin şerə ayrılan
        səpin yeri:
    Yazında sel lal idi,
    Yayında səmum yeli,
    Elə tez-tez yuxuma
    Dalğalı dəniz girir.
    Görürəm iki otaq
    Yelkənsiz bir gəmidir.
    Gömgöy dənizlər boğazından,
    Xəzərə yol axtarır,
    Araza yol axtarır...
    Xanım Qalina hardadır?
    Varislik hissindən
    Bir az ucada dayana,
    Gəmiyə bələdçi ola.
    Böyüklük yoxdu, məncə,
    Ta bundan o yana!
May, 1983

MƏNİM VALİDOLUM



    Bu fikir mərhum şairimiz Əhməd Cəmilə məxsusdur.
    Bir dəfə səhhətini soruşanda dedi: "Nəvəm mənim validolumdur. O, bizə gələndə bütün ağrılarımı unutdurur". Bir neçə ildən sonra bu hiss mənə də doğmalaşdı. Həmin fikri yazıya çevirməyə çalışdım.

    Mənim validolum körpəcə nəvəm...
    O gəldi- ürəyim ağrını danır.
    O gəldi- çay gəlir, çöl gəlir evə,
    Olur iş otağım futbol meydanı.

    At kimi çullayır yazı masamı,
    Açıb qayışımı cilov düzəldir.
    "Quyruğu bəs hanı?
    Yalı bəs hanı?
    Yox, belə at olmaz!»- xoşuna gəlmir.

    Kağıza bığ çəkir: uzun bağ, eşmə.
    "Qoy, - deyir, - babası, çənəndən asım,
    Qara bığlarını buna dəyişmə,
    Qoy elə saqqalın bığ da saxlasın".

    Sualın aramı, uyğusu yoxdur:
    "Niyə qaranlıqda ulduzlar azmır?”
    Bəs niyə pişiyin buynuzu yoxdur?"
    "Göy niyə tökülmür?"
    "Yer niyə aşmır".

    Kiminsə kəlamı yadında qalıb:
    Mən tutqun olanda dillənir balam:
    "Günəş güləyəndir,
    Ay qaşqabaqlı...
    Birisi nənəmdir, birisi babam".

    Mənim validolum, - körpəcə nəvəm,
    Həniri gəldimi- qəm itkin düşür.
    O gəldi-çay gəlir, çöl gəlir evə,
    Gözümə, könlümə gün ilkin düşür.

    Boyuna boy alım dağ zirvəsindən,
    Adına ad verim: qeyrət səngəri!
    Mən qoca qoruqçu vəzifəsində,
    Sən ana dilimə sərhəd əsgəri.

    Suya yönəlməyə, oda varmağa
    Qolum, qanadım ol, ey körpə nərim!
    Üfüqdən üfüqə od aparmağa
    Gözündən qığılcım gözlər gözlərim.
Pitsunda, 2 noyabr, 1983

XƏSTƏXANA HƏYƏTİNDƏ BÜLBÜL OXUYUR


Həkim dostum Cəfər Quliyevə

    Xəstəxana həyətində bülbül oxuyur,
    Tibb bacısı dönüb baxır əlində dərman.
    Nə yaxşı ki, dərdi yoxdur,
    Dərmanı yoxdur,
    Xəbərsizdi bu dünyanın gedişatından.

    Yuva qurub bir ağacın uc budağında,
    Layla çalır? Himn oxuyur?-
    Sirdən də sirdi...
    ...Xəstə qoca titrək qalxır öz yatağından,
    Bəlkə ölüm bu fürsətdə içəri girdi?

    Bülbül ötür,
    Bütün səslər kəsir səsini.
    Yarpaqlar da bir-birinə ehmal toxunur.
    ...Xəstəxana həyətində həkim gəzişir,
    Xəstəxana həyətində bülbül oxuyur.

    Bülbül ötür...
    Nə ayırar bülbülü çağdan?
    Çalağanı marıqdadır- duyur quşcuğaz.
    ...Gözüyaşlı qadın çıxır qonşu otaqdan,
    Gedən getdi...
    Səs ayıltmaz, haray ayıltmaz...

    Çalağanlar Yer üzündə səs oğruları,
    Sərhədlərdən sərhədlərə ölüm çəkənlər,
    Meşə qırıb, dağ uçurub,
    Çay, dəniz yarıb,
    Yer şarının nüvəsinə mərmi əkənlər...

    Çalağanlar caynağında ölkələr itər,
    Çalağanlar, dimdiyində qanadlı raket!
    Ayıq olun
    Əqidələr! Millətlər! Dinlər!
    Daha yekə vəd verəcək caynağı yekə!

    Məqam var ki, göz baxmasa qulaq da daşdı,
    Bəzən olur: ən xoş səsi səssizlik udur,
    Kim ümidli,
    Kim narahat, kimsə təlaşlı...
    Bülbül ötür, qəlbimizdən xəbəri yoxdur...

    Bu dünyadır:
    Biri susdu, yüzü çağlayır:
    Son anda da bal dadı var, havanın, suyun,
    Təbiətin hikmətinə qulaq bağlayın,
    Xəstəxana həyətində bülbül oxuyur...
29 noyabr, 1983

XATİRƏLƏR YORDU MƏNİ



    Bu ilğımdı-üzü gülər,
    Boş vədələr yordu məni.
    Yüzü ağlar, yüzü gülər
    Xatirələr yordu məni.

    Dadı, duzu-doyulmazdı,
    İşıq kimi yuyulmazdı,
    Duyğu kimi duyulmazdı,
    Şirin dillər yordu məni.

    Qarlı zirvə, yaxan mənəm,
    Öz başıma yağan mənəm.
    Qılınc mənəm, qalxan mənəm,
    Xatirələr yordu məni.

    Qayanın hər üzü qaya,
    Qayadan baxmadım aya.
    Həsrətim həsrət o taya,
    Aylar, illər yordu məni.

    Sən bu səmtə yön görmədin,
    Kor da gördü, sən görmədin,
    Ha yol getdim, son görmədim,
    Xatirələr yordu məni.
1983

GETDİLƏR



    Mərdi yıxılmağa qoymadı mərdlər,
    Hayına, sayına yaraq getdilər.
    Namərdlər gah qara,
    Gah ağ yamaqdı,
    Yamaq yaşadılar, yamaq getdilər.

    Boylan günəşlərə, tüstülü bacam,
    Mənzil haqlamadı hər yüyrək qaçan,
    Bəzən gözümüzün qabağındaca
    Aramla gedənlər uzaq getdilər.

    Qapılma şöhrətlər,
        tapılma şanlar,
    Kiminə yəhərdi,
    Kiminə şallax.
    Yüzü haxlayanlar, yüzü aşanlar,
    Yenə də dünyadan uşaq getdilər.

    Torpağa yar deyən qovuşdu ona,
    Var sözü- keşikçi, qoşundu ona,
    Susan qələmi də qoşuldu ona,
    Vədəsiz getdilər,
    Üzü ağ getdilər.
Sentyabr, 1983

"ÖZÜNƏ BAX!" DEYİRSƏN



    Özümə necə baxım, söylə, atam balası?
    Hər gün xeyrə açılmır dünyamızın bal ağzı.
    Özünü qəlpə-qəlpə yapmalıdı öz əlin,
    Balta əlin kəsmədi,
    Kəsməlidi söz əlin.
    Ömür elə çevrədi: irəli yox, geri yox.
    Yerə təkan verənin:
    Heç özünün yeri yox!
    Bəzən olur naharın gəlir qoz qabığında,
    Ən yaxşı bürüncəyim şirin söz qabığından!
    Biri çıxıb çiynimə qoynuna ulduz yığır,
    Biri ağlar görəndə göz yaşından duz yığır.
    Kəklik tumarlanınca
        qırğı vurub yal aşır,
    Özümə necə baxım, söylə, atam balası?
    Biri səni iynənin ulduzundan keçirir:
    "Ol yalandan yalana əriş-arğac keçidi!"
    Atamın vəsiyyəti: "əlsizlərə əl uzat,
    Göz gərəksiz oldu - tök,
    Əl gərəksiz oldu - sat-
    Bir qarışqa gücündə bir dəyirman gücü var.
    Başı olan baş əyməz!
    Kotançı var, cütçü var!
    Dövrəmdə vaxt olur ki, neçə dövran rəqs edir,
    Tərifi - küləkçidir,
    Tənqidi-ələkçidir.
    Biri işıq daşıyır insanlar arasına,
    Biri səfir göndərir ayı mağarasına.
    Bir də gördün birisi qapına şüar yazıb:
    "Ayın qaranlıq üzü-hədiyyə mağazası".
    Sözlü də söz istəyir,
    Söz bağı-cənnət bağı.

    Üzümə min göz baxır-özümə necə baxım?-
    Gövdəmi tumarlayım,
    Gödənimlə əlləşim...
    Özümün ola-ola özümə özgələşim!
    Bu yoldur-sınaq yolu,
    Dağ yolu-qınaq yolu.
    Aylarca keçmək olmur bu bircə varaq yolu.
    Burulğandı-qudurğan,
    Qudurğandı-burulğan...
    Sözümü səsə yazım, səsimi sözə yazım...
    Özümə necə baxım, söylə, atam balası?
6 fevral, 1984

 
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (01.11.2013) | Müəllif: R.C E W
Baxış: 1401 | Reytinq: 4.5/2
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more