Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-SEÇİLMİŞ ƏSƏRLƏRİ-CİLD 3-5
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >> 
GÖY ALTINDA, YER ÜSTÜNDƏ



    Bu dünya ibrətdi, bu dünya dərsdi,
    İtirən uduzur,
    Götürən udur.
    İnsanın varlığı quruca səsdi,
    Sonu da qəfəsdi... Sonrası yoxdur.

    Dağ aşar, çay adlar insan qədəmi,
    Bir qaçmaq olmayır söz gürzəsindən.
    Vaxt olur götürüb kağız-qələmi,
    Qaçmaq istəyirəm Yer kürrəsindən.

    Bu göy Allahındır,
    Bu Yer Allahın,
    İnsana pay verdi - didişmə düşür.
    Allahı dananlar Allaha yaxın,
    Allahı sevənə gor eşmək düşür.

    Doğudan Batıya yol uçub deyən,
    İnsandan-insana yol gözə dəymir.
    Kimsə, deyirlər ki, yoltapıb göyə,
    Dəymir gözlərimə möcüzə, dəymir.

    Əl verib, əl tutmaq nə dəb, nə vərdiş,
    Əl tutan bir isə, əl kəsən min-min.
    Əkindi, səpindi, biçindi, vərdi,
    Torpaqdı mayası mənim şerimin.

    Yada mərhəm deyil hər yadda qalan,
    Var kürsü "dahisi", yığnaq "dahisi".
    Dahilər - hər sözü bir dağ, bir qala
    Cahillər - dağıtmaq, yıxmaq "dahisi".

    Əməl muzeyidir insan yaddaşı,
    Ad ki həkk olundu - şöhrət daşı var.
    Torpağın üstündə bünövrə daşı,
    Torpağın altında əhlət daşı var.

    Tale bir xoş ömrü çox gördü mənə,
    Tikan da əkilməz qəbrimin üstə;
    Ha qovdum özümü mən öz zirvəmə,
    Ha qovdum... dərd yığdı dərdimin üstə.

    Torpağa söykəndim - gücüm dağ gücü,
    Torpaqdan üzüldüm - çürümüş dənəm.
    Mən halal zəmidən bərəkət biçib,
    Haram xırmanında döyə bilmərəm.

    Qaçana çatmarıq, çatmaq da nahaq,
    Uzaqlar uzaqdır, yaxın görünmür:
    Bu gözdən o gözü görmürəm daha,
    Gözümün içi də yaxşı görünmür.

    Torpaqsız, bu yurdda min bölgü olur,
    Böyüyən iddiam - bəlkə də sonum!
    Ey atamın ruhu, mənə həyan dur,
    Quş olum, bir kola, bir daşa qonum...

    Nə göydə göyüm var, nə yerdə yerim,
    Yolçuyam Yer ilə göy arasında;
    Haradır mənzilim - hələ bilmirəm,
    Taleyin tay-təkər arabasında...
4-5 mart, 1991

NECƏ YAŞADIMSA...



    Heç nə qalmayacaq, bilirəm, heç nə;
    Nə şöhrət çələngi, nə şöhrət tacı.
    Vida deyəcəyəm Vətən mülkünə
    Gözləri yumulu, əlləri açıq.

    Nə əkdi, nə dərdi şair əllərim?
    Gözləri yumulu getməyim haqdı:
    Bəlkə gördüyümə şahid əllərim
    Oyub gözlərimi oyadacaqdı.

    Səhərlə göz açdım, axşamla batdım,
    Şax durdum qəhrəman heykəli kimi,
    Dünyaya gözləri yumulu baxdım,
    Dünyanı görmədim görməli kimi.

    Sinəmdə od tutdu söz yığın-yığın,
    Əllərim dil gəzdi bu lallıq üçün.
    Ümid çıraqları yandırmadığım -
    Əllərim açıldı halallıq üçün.

    Heç nə qalmayacaq, bilirəm bunu.
    İtsə nə fərqi var,
    Qalsa nə fərqi.
    Bir ömrün nə dəmdə puç olduğunu
    Anlayan olmasa... olsa, nə fərqi.

    Hər "mənim" dediyim mənimmi?
    Çətin!
    Yüz ara, min axtar... pisi mənimdir,
    Dünya ocağında bişən nemətin
    Tüstüsü mənimdir,
    Hisi mənimdir.

    Axmaqlar eləcə axmaq qalacaq,
    Onlar da baisi: göz yummağımın.
    Mənə düyününü açmaq qalacaq
    Yalan yumağının, düz yumağının.

    Mən alıb satmadım sabahlarımı,
    Nəyəmsə, sən məni onda da ara!
    Gizlədib gözümdə günahlarımı
    Göz yuman olmadım göz yumanlara.

    Bu daşa-torpağa mən səcdə qılıb,
    Eldən pay aldımsa, elə payladım.
    Bir üzdə buz gördüm, bir üzdə qılıq, -
    Necə almışdımsa, elə payladım.

    Bu ürək - Vətənim, bu ürək - Ölkəm,
    Nə pislik tanıdı, nə kin, nə acıq.
    Necə yaşadımsa, elə də ölləm:
    Gözüləri yumulu, əlləri açıq...
28 aprel, 1991

YOL AYRICINDA SÖHBƏT



    Mən özüm bilirəm nəçiyəm, nəyəm;
    Tikdiyim bu daxma, hördüyüm budur,
    Odası tərtəzə, odu köhnəyəm,
    Əlimdən bu gəlir, gördüyüm budur...
    Beşi xoşlasa da, biri xoşlamaz,
    Sinəmdə buz yanar, canlı qışlamaz,
    Qələmim ot biçməz: küləş xışlamaz;
    Məni bağışlayan olarmı? -
    Çətin!

    Özümdən danmışam öz günahımı,
    Nə qədər xeyrimiz, şərimiz qalıb;
    Dərdsiz yox, bölüşəm könül ahımı,
    Bircə soyulmayan dərimiz qalıb,
    Soyun dərimizi, soyun, yaşayaq,
    Beş günlük ömürdü, qoyun, yaşayaq,
    Qurd ola bilmədik, qoyun yaşayaq,
    Məni bağışlayan olarmı? -
    Çətin!

    Talelər dayaqsız dayaqlar üstə;
    Bir qəlbi göynətmir min tale dərdi;
    Tüstülü, tüstüsüz ocaqlar üstə
    Aşları buğlanan biganələrdi.
    Mən ki, hər ölənlə ölə bilmirəm,
    Mən ki, bölünməzi bölə bilmirəm.
    Üzü dönüklərdən dönə bilmirəm.
    Məni bağışlayan olarmı? -
    Çətin!

    Demədim kimə "şah", kimə "yetimsən",
    Bu qara millətin, bu ağ millətin,
    Dedim ki, yemini Allah yetirsin
    Ağlı gödəninə calaq millətin!
    Payını it qapar maymaq millətin!
    Yamaq millətlərə, yamaq millətin!
    Qadını ər doğmaz qorxaq millətin!
    Məni bağışlayan olarmı? -
    Çətin!

    Dünənim, bu günüm ayağım altda,
    Baxıram: üfüqdə sabah görünür,
    İnsandır çıxaran insanı yaddan:
    Sabahın əlində silah görünür,
    Sabahın dilində silah səslənir,
    İlahi, nə böyük günah səslənir:
    Şair dodağında bir ah səslənir:
    Məni bağışlayan olarmı? -
    Çətin!
23 may, 1991

ƏGƏR MƏN ÖZÜMLƏ ÜZ-ÜZƏ GƏLSƏM...



    Bu dünyada, o dünyada, hardasa bir gün
    İkiləşir, özü ilə üzləşir insan.
    Bir yaxşı bax: nəyi çatmır bütövlüyünün?
    Gərək özün öz qarşında utanmayasan.

    Günü sabah mən özümlə üz-üzə gəlsəm,
    Məni mənlə üzləşdirən qüvvədir - haqdan.
    İkiliyə bir tel olsa ikicə kəlməm
    Qorxum yoxdu bu sınaqdan, bu olacaqdan.

    İlk baxışdan tanımasaq bir-birimizi,
    Ortalıqda at oynadar vicdanı yanan!
    Biz əkməsək, biz dərməsək birliyimizi
    Yalanımız doğru olar,
    Doğrumuz yalan.

    Bir səs deyir:
    Ayıq ol ki, sürüşkəndir əsrin aşrımı,
    Hər ağrı da, hər ləzzət də sənindi, ancaq
    Bu əməllə əlin bircə düyün açdımı…
    Udsan, quru səs udarsan quru ədanla.

    Bu günündən sabahına nə dartır gəmin,
    Bircə bellik su açdınmı qurumuş arxa?
    Qafasına çətin sığa ağıldan kəmin:
    Bəd əməldən uçrum qalır, ağıldan arxa.

    Qəbahəti eynilərdi çox üzləşənlər,
    Nadanları tutaşdırıb zövq alan azmı?
    Bir ayının məşqi ilə qalib çıxsa şər,
    Bunu yalnız şərəfsizlər alqışlamazmı?

    Etirafdır etibarın bünövrə daşı,
    İçimizdə beçə verən güvədi, qurddu,
    Bir yalançı heykəli var hər addımbaşı,
    Topdağıtmaz qalaları yalan uçurtdu.

    Bu - vəsiyyət! Bu, özündən özünə məktub!
    Varlığı yox, "var" - desə də beləsi, vallah.
    İkiləşsək "mənin" - biri ölümə məhkum,
    O biri də öz-özünə öləsi, vallah!..
6 sentyabr, 1991

YA RƏBBİM, BU DÜNYA SƏN QURAN DEYİL



    İnsandan insana körpümüz sınıb,
    Ya rəbbim, hamımız sənə sığınıb.
    Özünü özündə itirib insan,
    Didişmə dişləri bitirib insan.
    İçdiyi zəhərdir, qusduğu zəhər,
    Qəhəri bəhərdir, bəhəri qəhər.
    Ya rəbbim, bizlərə qaytar bizləri,
    Şeytan qulağında axtar bizləri,
    Tələsi yoxların cələsi işlək;
    Cələsi yoxların tələsi işlək;
    Çaparlıq istəsək - yolumuz kəsik,
    Qılınca əl atsaq - qolumuz kəsik.
    Ya rəbbim, əl açdıq, tut əlimizdən,
    Çıxmasın bu doğma yurd əlimizdən.
    Sən bizi kiçiklər kinindən qoru,
    Fil tutur, şir tutur hörümçək toru.
    Ya rəbbim, adilsən, hifz elə bizi,
    Halal ocaqlara üzv elə bizi.
    Gör harda, gör necə Məcnunuq hələ,
    Qəbir qazmağınan məşğuluq hələ;
    Külüng də bizimdi, torpaq da bizim,
    Batmış da, yatmış da, oyaq da bizim.
    Yalanı tuş elə öz ünvanına,
    Özün çək nahaqqı haqq divanına.
    Hələ mürgülüyük, xeyli mürgülü,
    Zurnalı, qavallı, neyli-mürgülü.
    Hələ öz içində batanımız çox,
    Düşmən laylasına yatanımız çox.
    Hələ qoltuqlara sığan nə qədər,
    Hələ töküləni yığan nə qədər.
    Yolu çox genişdir gedər-gəlməzin,
    Ağlımız bu yolla gəlsin-gəlməsin?
    Bu gəliş nə gəliş,
    Bəllisə sonu?
    Bu gediş nə gediş
    Kim qovur onu?
    Ya rəbbim, xəlbirlə lovğa "mənləri",
    Ələyib sovur da bölünənləri,
    "Bizliyə", "sizliyə" bölünənləri,
    Dağlıya, düzlüyə bölünənləri,
    Keçir ələyindən lovğa "mənləri",
    Keçir bölünməklə öyünənləri.
    Çoxluğa sədd olan "azlığı" uçur,
    Çoxluğu azlığın üzərində qur.
    Kimdir qıl verəni fəndgir azların?
    Kimdir yaradanı yaramazların?
    "Əhdini cəhdinə girov qoyanlar?!"
    Adını deməyək, deyək ki, "onlar"...
    Gəlir qulağıma bir səs dərindən:
    "Qoru sən özünü həndəvərindən!
    Bir dinlə zamanın sevdiyi səsi:
    Tülkü qaqqıltısı, qurd mələrtisi!.."
    Ya rəbbim, sən qaytar bizi bizlərə,
    Cala boz günləri ağ gündüzlərə,
    Nə qədər itik var, -
    Min artıq tapan,
    Naxırsız naxırçı, sürüsüz çoban!
    Qarışıb: xalq kimdi,
    Xalqı çapan kim!
    İşıq paylayan kim, işıq qapan kim...
    Bu necə yuxudu... ayılmaq olmur,
    Qaçanı qovandan ayırmaq olmur...
    Nə qədər qaçacaq bu qaçan yazıq?
    Nə qədər qovacaq bu qovan yazıq?
    Ona "qaç" deyiblər - qaçır beləcə,
    Buna "tut" deyiblər - qovur beləcə...
    Ya rəbbim, mən sənə olanı dedim,
    Azacıq yadımda qalanı dedim.
    Bizə qalmayacaq nə bizə qalsa,
    Dağ dağa qovuşsa, düz-düzə qalsa,
    Qalan dərdimizi yükləsək əgər -
    Kəl olsa, nər olsa - qəddi əyilər.
    Ya rəbbim, arabir düş yanımıza,
    Arabir ölçü qoy vicdanımıza.
    Harda dinimiz var,
    İmanımız yox,
    İmana gəlməyə gümanımız yox;
    Gəlsən tufanla gəl,
    Tufanla qayıt,
    Bu yeri, bu yurdu sahmanla, qayıt...
    Ya rəbbim, bu dünya sən quran deyil.
    Qudurğan sən görən qudurğan deyil,
    İndi qudurğanın altında yatır...
    İndi qudurğanlar uzun ömürlü,
    Meymunlar yenə də ağacda yatır,
    Fağırlar yenə də quzu ömürlü...
    Ya rəbbim, bu dünya sən görən deyil!
    Bü sədlər, sərhədlər sən hörən deyil.
    Adını, soyunu dəyiş dünyanın,
    Odunu, suyunu dəyiş dünyanın,
    Yolunu, yönünü dəyiş dünyanın,
    Ya rəbbim, bu dünya sən quran deyil,
    Fəzada yerini dəyiş dünyanın...
1991

ATA MİLLƏT, ANA MİLLƏT, AĞLAMA



    Pəncərəni külək döyüb ağlasa,
    Eyvanına quşlar qonub ağlasa,
    Ürəyini nalən yonub ağlasa,
    İçində yan, ağı deyib, ağlama,
    Ağlamağın yeri deyil, ağlama

    Bu döyüşdü - əzilən var, əzən var,
    Ölüm hökmü qoltuğunda gəzən var;
    Burda "bizik", nə "mən" vardır, nə "sən" var.
    Yox, ağlama, ana millət, ağlama!
    Qorxuram ki, sına millət, ağlama.

    Hayqır, könül, bundan betər çağ hanı?
    İnsan yanır, torpaq yanır, dağ yanır.
    Bacım, indi ağlamağa vaxt hanı?
    Qardaş deyib, yurddaş deyib, ağlama!
    Ağlamağın yeri deyil, ağlama.

    Əyilməkdir ağlamağın tərs üzü,
    Dərdi dartıb üzməyəni dərd üzür,
    Ağlayanı tez də tapır dərd-hüzür,
    Bəlkə tanrı belə yazıb, ağlama.
    Səsini boğ, millət qızı, ağlama.

    Bu torpağın son qurbanı mən olsam,
    Öz odumda yanıb külə tən olsam,
    Eldən ötən güllələrə dən olsam,
    Ata millət, oğul, deyib ağlama,
    Ağlamağın yeri deyil, ağlama!
3 mart, 1992

BİZİ VƏTƏN ÇAĞIRIR!



    İndi bizim ölümlə,
    Çarpışan çağımızdı.
    Ölümün boğazından,
    Yapışan çağımızdı.
    Ölümlə tərcümansız
    Danışan çağımızdı.
    Qılınc qap, Vətən oğlu,
    Bizi Vətən çağırır!

    Bu, ölüm - qan yoludur,
    Ölümdən, qandan keçir.
    Bir qolu da qıvrılıb
    Azərbacyandan keçir.
    Dövran bizdən bac alır,
    Şöhrət bizdən yan keçir.
    Qılınc qap, Vətən oğlu,
    Bizi Vətən çağırır!

    Bu yolda əyilənə:
    "Ölüm haqdı”, - deyirik.
    Əbədi məzarımız
    bu torpaqdı, deyirik.
    Vətən göyü dəyişməz
    Göy bayraqdı, deyirik.
    Qılınc qap, Vətən oğlu,
    Bizi Vətən çağırır!

    Bu, səhra məhkəməsi,
    Bu, onun qərarıdı:
     "Bircə addım arxada
    Son ümid divarıdı!”
    Bu yurdda yaşamağa
    Haqqı yox, - fəraridi!”
    Qılınc qap, Vətən oğlu,
    Bizi Vətən çağırır!

    Gücünə qəzəbini,
    zəhmini də qata bil,
    Düşmənin marığında
    pələng kimi yata bil.
    Bu dağları baba bil,
    Bu daşları ata bil!
    Qılınc qap, Vətən oğlu,
    Bizi Vətən çağırır!
    Bizi Vətən çağırır!!!
20 may 1992-ci il

AYAĞA DUR, AZƏRBAYCAN!



    Nə yatmısan, qoca vulkan, səninləyəm!
    Ayağa dur, Azərbaycan, səninləyəm!
    Səndən qeyri
        biz hər şeyi bölə billik!
    Səndən qeyri
        biz hamımız ölə billik!
    Bu, Şəhriyar harayıdı,
    Bu, Bəxtiyar harayıdı!
    Hanı sənin tufan yıxan,
    Gurşad boğan yurda oğul
        oğulların!
    Qara Çoban, Dəli Domrul oğulların.
    Çək sinənə-qayaları yamaq elə,
    Haqq yolunu ayağına dolaq elə,
    Bayrağını Xəzər boyda bayraq elə,
    Enməzliyə qalxmış olan bayrağını!
    Azərbaycan, Azərbaycan,     Azərbaycan bayrağını!
    Ayağa dur, Azərbaycan!
    Bunu bizə zaman deyir,
    Məzarından baş qaldıran baban deyir!
    Nər oğlu nər, səninləyəm!
    Səninləyəm, silah tutan,
    Külüng tutan, yaba tutan,
    Kösöy tutan, nişanlı ər, səninləyəm!
    Səninləyəm, qız atası,
    Hanı nərən, hanı səsin!
    Hanı andın!
    Yoxsa sən də yatmışlara, batmışlara,
    Qeyrətini satmışlara xırdalandın!!!
    Gözünü sil, Vətən oğlu,
        ayağa qalx!
    Üfüqünə bir yaxşı bax.
    Sərhəddinə bir yaxşı bax.
    Sərhəddinin kəməndinə bir yaxşı bax!
    Dur, içindən qorxunu boğ,
    Ölümünlə, qalımını ayırd elə.
    Dur, içindən qorxağı qov,
    Dur, özünü Bozqurd elə!
    Bir səsindən min səs dinər,
    Neçə-neçə daşa dönmüş dinməz dinər!
    Oddan bitər, qandan bitər əyilməzlər!
    Mərd oğullar-mərdliyilə öyünməzlər!
    Torpaq altda ölümlüyə gömülməzlər.
    Varım, yoxum, səninləyəm,
    Azım, çoxum, səninləyəm,
    Şirin yuxum, səninləyəm.
    Yıxın məni söz atından,
    Atın məni tank altına.
    Əzin məni xıncım-xıncım,
    Kəsmir əgər söz qılıncım,
    Didin məni didim-didim,
    Atın məni tank altına.
    Qundaqdakı bir körpəni
         xilas edim.
    Neçə "səni", neçə "məni" xilas edim.
    Səninləyəm,
    Sözü qəmli, özü dəmli
        rəhbər adam!
    1918-də vuruşurdu,
    Danışmırdı rəncbər atan,
        rəncbər atam!
    Səninləyəm, haqq-ədalət, səninləyəm,
    Milli qürur, milli qeyrət, səninləyəm!
    Səpil quma, göyər yerdə, bit qayada,
    Gizli nifrət, açıq nifrət, səninləyəm,
    Oyat bizi, ey yaradan, səninləyəm!
    Ya bilmərrə yatırt bizi,
    Ya bilmərrə oyat bizi,
    Ya yenidən yarat bizi,
    Ey yaradan, səninləyəm,
    Səninləyəm, yatmış vulkan,
    Səninləyəm!
    Ayağa dur, Azərbaycan,
        Səninləyəm!
19 mart, 1992

ÇIXIB GETMƏK İSTƏYİRƏM...



    Çıxıb getmək istəyirəm, çıxıb getmək...
    Harda, neçə iz-tozum var, yığıb getmək,
    Son gülləmi öz başıma sıxıb getmək...
    Çıxıb getmək istəyirəm, çıxıb getmək...
    Bir yad qəlbə əsir düşən hörmətimi,
     (Fərqi yoxdu - o gördümü, görmədimi,)
    Yığıb getmək istəyirəm, yığıb getmək...
    Ömrüm boyu iki həmrəy səs tanıdım -
    Xalqın səsi - haqqın səsi,
    Haqqın səsi - xalqın səsi.
    Yüyürmüşəm xalqa sarı, yetməmişəm,
    Daha haqqın dalısınca getməmişəm.
    Xalqın səsi haqq səsinə calanmasa,
    Hər ikisi bir ocağa qalanmasa
    Odamızda od saxlamaq çətin olar,
    Odsuz ocaq olsa belə - yetim olar.
    Odu yoxsa nəyi var ki, bir millətin?
    Odu yoxsa, yalanı var,
    Yalanı var, talanı var.
    Yalanın da qalanı var
    Satanı var, alanı var...
    Yalan yükü daşımaqdan yorulmadıq,
    Duman - bürkü daşımaqdan yorulmadıq...
    Bu göy altda, bu yer üstdə - yerim dardı,
    Dil tapdığım adamlar yox, ağaclardı,
    Çinarlardı, qovaqlardı, palıdlardı.
    Qonşularım sığırçınlar, qumrulardı...
    Dərd-sərimin çoxdu ardı, çoxdu ardı...
    Yaddaşımda çınqıllaşan,
    Mənsiz qalıb darıxacaq dərdləri də,
    Ürəyimin sızıldayan səsini də,
    Anlarımın kövrəyini, tərsini də
    Yığıb getmək istəyirəm, yığıb getmək.
    Şimşək kimi hönkürtümü çaxıb getmək,
    Çıxıb getmək istəyirəm,
    Çıxıb getmək...
    Boş vədələr fəxri yerdə əyləşəndə,
    Baş tərifkeş yerlə-göylə əlləşəndə,
    Yer üzündə yaşamağa yer çatışmır,
    Bör-böcəyə, qurd-quşa da yem çatışmır,
    Dərdimizi ağlamağa göz çatışmır,
    Qayğımızı bölüşməyə söz çatışmır.
    İndi qəbir yerlərimiz hərracdadı,
    Hətta milli adlarımız hərracdadı.
    Havamıza əl uzanır - havamıza,
    Əl uzanır dərdimizə, dəvamıza.
    Kimdi doğan bu kinləri, qərəzləri,
    Boğuşmağa, didişməyə hərisləri?
    Varmı yazan bu örnəyi, bu dərsləri,
    Yoxmu boğan, deyilməyən bu səsləri?
    İndi, vallah, ən birinci çaşqın mənəm.
    Yurddan-yurda ən birinci qaçqın mənəm.
    Nə itim var - daş atalar, hürdürələr,
    Nə atım var - çubuq çəkib, hürküdələr,
    Nə qoyunum, nə quzum var -qurda qismət,
    Varım-yoxum beş-on sözdü - yurda qismət.
    Bu torpaqdan bircə ovuc torpaq alıb,
    Bircə kəlmə xoş söz alıb,
    Öz köçümü yığıb getmək istəyirəm,
    Yığıb getmək,
    Çıxıb getmək istəyirəm,
    Çıxıb getmək...
noyabr 1992

BİZ OLMAYANLAR...


Hikmət Ziya üçün

    Biz də Ay deyilik, Günəş deyilik,
    Bizim də əlimiz günah bitirir.
    Tüstüsüz, qurumsuz atəş deyilik,
    Bizim də zorumuz çomaq bitirir.

    Bizim də körpəmiz, əsalımız var,
    Keşikçi olmağa əsasımız var;
    Belə də nəyiksə, biz olmalıyıq,
    Belə də biriksə, yüz olmalıyıq,
    Belə də yüzüksə, min olmalıyıq.
    Qançanaq gözlərə mil olmalıyıq.

    Hardasa insana qurd olur insan,
    Cəllad gözlərindən doğulur insan,
    Biz nə qurd olanıq, nə cəllad olan.
    Nə kölə olanıq,
    Nə azad olan;
    Yaş-yaş üyüdərik öz dənimizi,
    Çörək dənimizi, söz dənimizi.
    Sürünən yanında balaca yortar,
    Nə yaxşı pərəstik, nə də pis!.. Orta.
    Biz kimik, bizimçün ölənlər bilir,
    Bizim havamızı bilənlər bilir,
    Bizi çox astaca bölənlər bilir,
    Bizi çox ustaca bölənlər bilir.

    Qapımız açıqdır dost qədəminə,
    Halal düşmənə də açıqdır elə.
    O kəs ki qəm qatdı insan qəminə
    Min dəfə alçalan alçaqdır elə.

    Biz arxa! Biz arxa qədər arxayıq,
    Biganə nə qədər! O, biz deyilik.
    Suyu pak, dupduru bulağıq, çayıq,
    Çirkab çalxalayan dəniz deyilik.

    Bizim də bəs qədər böhtan əkməyə
    Kotançı varımız, kotan varımız.
    Taxıl becərməyə, bostan əkməyə
    Bizi borclu qoyub babalarımız.

    Yüz dəfə yusalar, assalar belə,
    Namərd əlidirsə, o, təmiz deyil.
    Bizimlə baş-başa yatsalar belə,
    Biz onlar deyilik, onlar biz deyil.

    Bizim içimizdə bizdən uzaqlar;
    Bəzən qurd ağzından qoyun saldırar,
    Əyrilər, quldurlar, yekə qulaqlar
    Bizim adımızdan bayraq qaldırar...
    Bizim içimizdə biz olmayanlar...
1992

SƏRHƏD ÇƏPƏRLƏRİ


Dostum Cəfərə

    Sərhəd çəpərləri sökülür, Allah!
    Bu necə yuxudur
    Bu necə haqdı.
    Zaman öz hökmünü qandallayacaq,
    Tarix öz yoluna qayıdacaqdı.

    Özümdən-özümə muştuluq yetər,
    Gözlərim, sizin də gözünüz aydın!
    Qəlbimdən bir başa Təbrizə gedən
    Bir yol cilovladım, bir tel ayırdım.

    Ağlın inqilabı: bu haray-həşir,
    Babamın qəbrinə çatsın bu xəbər...
    Sərhədçi qımışır, dağlar gərnəşir,
    Qorxmazlar qorxunu yedəklədilər!

    Qoca Xudafərin qulağı səsdə,
    Kim uçan tağına dayaq düzəldər?
    Bu dərə yarğanda, bu dar qəfəsdə
    Qəddini düzəltsə, ayaq düzəldər.

    Paslı çəpərləri bu hansı qayçı?..
    Bu xəbər baş aldı, Günəşdən, Aydan.
    Ürəyim özümdən əvvəldə qaçır,
    Şəhriyar oyandı bəlkə bu haydan.

    Ağarmaz qarası ağ ləkələrin,
    Unutmaz bu dağlar bu səsi, qardaş!
    Binası "dağılmaz" səksəkələrin
    Binəsi dağıldı, binəsi, qardaş!

    Gücsüzlər güclüdən güclüdür bu gün,
    Yara qaysaqlanır - kim sızıldamaz.
    İlahi, ilahi haqqına şükür,
    Daha daş ağlamaz, sim sızıldamaz.

    Xəyanət yoluna haqq deyir hələ,
    Gözünə göz taxıb durudan duru.
    Həsrətlər körpüyə yetməyib hələ,
    Pasportlu yalanlar növbəyə durur.

    Tanrım, bədnəzərin gözünə xəncər,
    Alınmaz qalaydı bu hasar, - uçdu.
    Quşlar məclisinə güllədən öncə
    Qorxusuz-hürküsüz durnalar uçdu.

    Qalib də, məğlub da bu dəmdə eyni,
    Sərhəd dirəkləri sökülür, Allah.
    Sənə də min rəhmət İmam Xomeyni,
    Sənin də haqqına min şükür, Allah!
1992

ƏSRİN YALANLARI, ƏSRİN VƏDLƏRİ



    Bu əsrin yalanı tükənmir, artır,
    Bu əsrin vədləri ilğımdı deyən,
    İnsan da insanı uçruma dartır, -
     «Bu mənim insana qayğımdır», - deyə.

    Düşmənə yük çəkir itən yolumuz,
    Biz hələ şirincə yatmaq işində.
    Bağlanıb sabaha gedən yolumuz,
    Biz hələ dünəndə yortmaq işində.

    Hayımız, küyümüz göyə yüksəlir,
    "Kimsə başımıza gül ələyəcək".
    Və ya da "ulduzlar tökülüb gəlib,
    Hamını evində güllələyəcək".

    Gah elə qürrəli, gah elə xoflu,
    Hamımız bir səsli, bir adam kimi,
    Hamı cilovludur, hamı buxovlu,
    Hamı da sozalan yağsız şam kimi.

    Kiminsə ikrahı, kimin istəyi,
    Dünənki bəxtəvər bu günkü yazıq,
    Fikirli görürəm Əbülfəz bəyi,
    Nəriman narazı, Söhrab narazı.

    Çörək dükanları boş olur bəzən,
    Yalan dükanları ağzına qədər...
    Vəzir də, vəkil də seçə bilərsən,
    Qartaldan, qarğadan, quzğuna qədər.

    Bu əsrin vədləri bu qırıq tikə,
    Nə yeyən görübdü, nə görən yeyib.
    Bu qırıq tikəni ona göz dikən -
    Qazanan yeməyib, götürən yeyib.

    Bu elin qibləsi itibdi, vallah,
    Kim ona yön tapsa - dahimiz odur.
    Aldansan, bu yurdun qızına aldan,
    Onun da and yeri bu yurd oğludur.

    Mən də haqq yolunu keçmişəm, - deyim,
    Vəd yalan olanda yalan vəd olur, -
    Onun da "avtoru" cin-şeytan deyil,
    Hamımız tanıyan bir namərd olur.

    Bu əsrin yalanı külək atlı ki,
    Hər bənddən, keçiddən çıraqlar asın,
    Ehtiyatlı olun, ehtiyatlı ki,
    Gələn əsrimizə yalan sızmasın.
6 dekabr 1992

QOŞ MƏNİ DAĞ KÜLƏYİNƏ



    Tanrım, məni məndən qopar,
    Qoş məni dağ küləyinə.
    Dağların bəyaz qarından
    Rəng alan ağ küləyinə.

    Öz nəğməsi daşın, qumun...
    Nəyim qalır, nə də umum...
    Söykənim doğma yurdumun
    Xəfif, yumşaq küləyinə.

    Nə vaxt qəmim dəm olacaq,
    Onda qəmim kəm olacaq.
    Heyif ömrüm yem olacaq
    Əsrin sarsaq küləyinə.

    Tanrım, məni məndən qopar,
    Qoş məni dağ küləyinə...
15 noyabr 1992

DİLƏNÇİ QAÇQIN



    İlahi, varımdan yox oldum bu gün,
    Mən öz yumruğumdan yıxıldım bu gün.
    Elə bil dağ uçdu başıma birdən,
    Bir uşaq dayandı qarşımda birdən.
    Əl açdı, "rəhm edin", qaçqınıq - dedi:
    Bir az aralıda dayanan qadın
    Uşağın sözünü təsdiq elədi:
    "Qaçqınıq - dedi"
    Uşaq da ananı təsdiq elədi:
    "Qaçqınıq - dedi".
    İlahi, ilahi, yurd dağılarsa,
    Qayalar, dağlar da sökülüb gələr.
    Çaylar, bulaqlar da tökülüb gələr
    Dərə aşağı...
    Şirlər balasını öyrətməz belə,
    Qurdlar balasını öyrətməz belə,
    Quzğunlar, qartallar öyrətməz belə,
    İlanlar - çayanlar öyrətməz belə,
    "Kişiyəm" - deyənlər öyrətməz belə,
    Bu da azadlıqdır, bəlkə, ilahi.
    Dilənçi yetirir ölkə, ilahi!
    Vuruşa bilərmi dilənçi sabah?
    Kimə arxalana bu ölkə sabah...
    Bir sürü canavar yığaq bəlkə biz,
    Göndərək bizimçün vuruşa bəlkə,
    Bir mərmi yükləyək hər quşa bəlkə,
    Göndərək bizimçün vuruşa bəlkə...
    Daşlara süd verən yurdum hardasan?
    "Vətənim!" - hayqıran ordum, hardasan!
    İlahi, kardımı, kordumu dünya!
    Bu ağ həqiqəti görmürmü dünya?!
may, 1992

"NİŞANÇI ÖZÜMÜZ, HƏDƏF ÖZÜMÜZ..."


Böyük Sabir demişkən...

    Qorxum yox heç nədən, qorxum var haqdan,
    Qorxuram haqq bizə arxa çevirə;
    Xalq öz qəzəbini gizlədə xalqdan,
    Xalq öz qəzəbini xalqa çevirə,
    Biz niyə bu günə düşdük, ay dədə?!

    Bəs hanı yurddaşlar atası ölkəm?
    Biz gümüş dənizlər sahili idik!
    Sözümüz var idi ötkəmdən ötkəm,
    Biz qızıl taxtı-tac sahibi idik!
    Biz niyə bu günə düşdük, ay dədə?!

    Gülşəni pay umur bir gül əkməyən,
    Belə dünyagirə dünya az olar.
    Ömründə ayağı yerə dəyməyən
    Yer gəzir, yer qura, yerlibaz ola,
    Biz niyə bu günə düşdük, ay dədə?!

    Tamah var - daşkəsən mişardan iti,
    Gödən var - bir qara yarğandan dərin.
    Doğru da, yalan da bir şumda bitir,
    Əlası tez solur yaxşı günlərin,
    Biz niyə bu günə düşdük, ay dədə?!

    Duru göyümüzə kim kül atdı, kim?
    Kim haqqa uzanan əlləri kəsdi?
    Babalar qəbrinə baş əyib deyim:
    Bizim dünənimiz örnəkdi, dərsdi!
    Biz niyə bu günə düşdük, ay dədə?!

    Hardasa Tanrıya ağ olduq yəqin,
    Hardasa şeytanı başa çıxartdıq.
    Hardasa yükünə yük olduq qəmin,
    Hardasa düz yolu daşa çıxartdıq,
    Biz niyə bu günə düşdük, ay dədə?!

    Sən çoxdan demişdin: "güc sayda deyil,
    Yığma düz tərəfə düz olmayanı!"
    Bu indi çoxillik döyüşdü, deyim,
    Seçək "biz" olandan "biz" olmayanı,
    Biz niyə bu günə düşdük, ay dədə?!

    "Nişançı özümüz, hədəf özümüz"...
    Beləsə... çürümüş dirəyik belə.
    Bir süfrə başında iki sözümüz
    Bir ola bilmirsə, ta nəyik belə?..
    Biz niyə bu günə düşdük, ay dədə?!
2 may 1992

YAŞAMAQ BUDURMU?



    Hər gün çıxdığımız çıxılmaz yoxuş,
    Bu yenib qalxmanın mənası yoxmuş.
    Gəl indi insana qəlb açıb, yovuş...
    Yaşamaq budurmu?
    Bu deyil, vallah!

    Bu sözü duzsuzlar, sözü yavanlar,
    Axşam deyiləni səhər dananlar,
    Nə düşmənçilik anlar, nə dostluq anlar,
    Yaşamaq budurmu?
    Bu deyil, vallah!

    Söz nadan dilində qəpiyə dəyməz,
    Dəyməz, su üzündə köpüyə dəyməz,
    Dəyməz, heç bir ovuc kəpəyə dəyməz,
    Yaşamaq budurmu?
    Bu deyil, vallah!

    Özülü çöp üstə yaman dərdlərin,
    Yalan bərələrin, yalan bəndlərin,
    Yanan şəhərlərin, yanan kəndlərin.
    Yaşamaq budurmu?
    Bu deyil, vallah!

    Hələ də mənəmlik düşməyib atdan,
    Lağım atmağında hiylə əl altdan,
    Sən də, əzab oğlu, əzaba qatlan...
    Yaşamaq budurmu?
    Bu deyil, vallah!

    Dildir - yalançıdır, dilində saxla,
    Əldir - talançıdır, əlində saxla,
    Bir ümid şamı var - önündə saxla,
    Yaşamaq yolu var
    Budur bəlkə də.

    Bir gün gövşəməsin tamahımız da,
    Boğaq nəfsimizi damağımızda.
    Sabah lövbər salaq sabahımızda,
    Yaşamaq budurmu?
    Budurmu? Vallah... iyun 1992. Quba – Digah

GÖZƏLLİK SAXLADI ÖLÜMDƏN MƏNİ



    Mən yenib gedirdim qüruba doğru,
    Neçə dərd-vəsiyyət qolumun üstə;
    Önümdə bir təzə dünya doğuldu
    Sən nazil olanda yolumun üstə.

    Hardan bu doğmalıq, bu istək, bu nur!
    Bu kimin bəxtiydi, bu kimin payı?
    Ürəyim ürəyəm deməyə qorxur -
    Bu mənim yol azan qəlbimin payı...

    İşıqlı ulduzlar az-az görsənər,
    Yer kimi göyün də paxılları var.
    Bu dəmdə, görkəmdə səni görsələr
    Gözünü açmamış batıracaqlar...

    Duyğusuz, bu hissi duyası deyil,
    Nə qədər buxovlar, sədlər, kilidlər...
    Bu dünya sevgilər dünyası deyil,
    İtlər dünyasıdır quduran itlər.

    Bu necə məleykə-önümdə belə,
    Axı mən heç vədə sevilməmişdim.
    Sevincək olmuşdum, ömrümdə belə,
    Heç belə, heç belə sevinməmişdim.

    Mən tale yoluna tez çıxdım hədər...
    Sən də çox gecikdin, yadında saxla,
    Onu itirənlər, onda itənlər
    Nə tapar beləcə sayıqlamaqla!

    Zamanın bir çopur daşının altda
    Göyərib puç oldu, gör nə günlərim.
    Köhnə yastıq kimi başımın altda,
    Saralmış günlərim, köhnə günlərim.

    Bu odu odunsuz yanan dünyada
    Şeytana göz dikən gözə görünmə,
    Bu yaman dünyada, yalan dünyada
    Gözəl ol, amma ki, gözəl görünmə!

    Özüm çəkəsiyəm hər ağır yükü!
    Yorulmam, hər anı bir gün də olsa,
    O səni yaradan haqqa min şükür!
    Gözlərim sevindi bir gün də olsa...

    Mən yenib gedirdim qüruba doğru,
    Neçə dərd-vəsiyyət qolumun üstə,
    Önümdə bir təzə dünya doğuldu
    Sən nazil olanda yolumun üstə...
1992

BU MİLLƏTİN DƏRDİ-SƏRİ



    Nəhrləri döndər belə haqqa sarı,
    Haqq qapısın açmır, atam, haqq açarı.
    İmanınla, gümanınla haqqa sarın,
    Bu millətin dərdi-səri min şaxəli.

    Hökmü bircə: yüz niyyətin, min niyyətin,
    Asan yolla asan yola çıxmaq çətin;
    Sayğısı çox, qayğısı çox bu millətin;
    Bu millətin dərdi-səri min şaxəli.

    Tanrım, məni tuş eləmə satqına, tuş;
    O, milləti şöhrətinə girov qoymuş,
    Heç görmədim qan tökəni qannan doymuş,
    Bu millətin dərdi-səri min şaxəli.

    Özü hakim, özü dustaq öz içində,
    Qızıl sözü itir lilli söz içində;
    Milyonları sel ağzında, toz içində...
    Bu millətin dərdi-səri min şaxəli.

    Gözgörəti taxtdan salır əyri düzü,
    Əyri qələm, əyri fikir, əyri düzüm,
    Bu düzlükdə düzlük özü əydi düzü,
    Bu millətin dərdi-səri min şaxəli.

    Bu, beləcə içimizdən gələn səsdi,
    Bu, beləcə yolumuza çıxan dərsdi;
    Düşmən əli əlimizlə bizi kəsdi,
    Bu millətin dərdi-səri min şaxəli.

    Dağ Aranda, Aran dağda olan yerdə,
    Yurddaş adlı yurd dağıdan olan yerdə.
    Baş gödəndən aşağıda olan yerdə,
    Bu millətin dərdi-səri min şaxəli.
3 iyun, 1992

AY ALLAH



    Şəhidlərin çoxu mərdlər,
    Namərdlər artır, ay Allah!
    Nə sənə səsim-harayım,
    Nə əlim çatır, ay Allah!

    Ha qovsa da kağız-qələm,
    Həmdəmimdi bu dərd-ələm:
    Öz içimdə öz zəlzələm
    Ayıqca yatır, ay Allah!

    Könül böylə didər kimi?
    Didər qəsdi, didər kini.
    Haqq yolunda didərgini
    Haqqına yetir, ay Allah!

    Mən gedərgi, aləm qalır,
    Bağrı yanıq laləm qalır,
    Dünya duymaz naləm qalır,
    Bu nə həyatdır, ay Allah!

    Hanı? - dedim - dünya mənim?
    Dünya mənim, qovğa mənim.
    Dərya mənim, dalğa mənim...
    Öz gəmim batır, ay Allah!
9 iyul 1992

QAYITMA



    Gördü öz işini ömür də, vaxt da;
    Qayıtma geriyə, qayıtma daha.
    Ötənin, itənin dalınca - baxma,
    Qayıtma geriyə, qayıtma daha.

    Dönüb nə görərsən bu əyri yolda, -
    Böhtanlar, qeybətlər yarğanı ancaq.
    Harayla, yüyür də, özünü yor da, -
    "Gəl"- deyən, "gör" - deyən tapılmayacaq.

    İstər at, istər bük, qəlbində gizlə,
    O sevda işıqdı, ocaqdı keçdi.
    Üz-üzə dayanıb coşan dənizlə
    Bir ovuc qum ilə oynama, gecdi.

    Sənə bu gedişdə yetişmək çətin,
    Kaş ola bu gediş bəxtinə sarı.
    Kimi uçrumuna ilk məhəbbətin...
    Kimi də öz qızıl taxtına sarı.

    Bir qoşun yoludur bir tale yolu,
    Mənim də vədimə heç uyma nahaq;
    Mənim öz dərdimlə ürəyim dolu,
    Yox əlim əlsizə nə əl tutacaq.

    Mən səni yolundan saxlasam belə,
    Qayıtma, əzizim, geri qayıtma.
    Kövrəlib, dalımca ağlasam belə
    Daş bilib üstümdən yeri, qayıtma!

    Dönükdən dərs almaq daha pis örnək,
    Çalış dönməzliyə dönəni gör sən.
    O nurlu bu gündən zəhlən gedəcək,
    O ala toranlı dünəni görsən.

    Mən dünən, dünənki sədayam, səsəm,
    Mən dünən, dünənin dünəni bəlkə,
    Haraya yetməzəm, haya yetməzəm,
    Atasan bir yolluq o məni bəlkə?

    Mən daşam, dəmirəm, torpağam daha,
    Üstümdən adlayıb yeri, qayıtma!
    Geridə sən görən mən yoxam daha,
    Qayıtma, əzizim, geri qayıtma!..
22 avqust 1992

BU, İNSAN ADLANAN İNSAN



    İlahi, sən saxla, kallaşır insan,
    Ölüm adiləşir, dərd adiləşir.
    Bu insan yanında insan da yansa
    Sanır tamaşadır - bu haray-həşir...

    Baş əyir, and içir ana torpağa,
    Aşınan, daşınan torpağı görmür.
    And içir ulduzlu, aylı bayrağa,
    Böyründə dilənən uşağı görmür.

    Bu insan qara daş, paslıca dəmir,
    Görmür, görə bilmir səpilən dəni.
    Seçmir, seçə bilmir, seçmək istəmir
    Qara geyinəndən ağ geyinəni.

    İndi bu insanı ayır, tap-tanı
    Qələm görə-görə, söz görə-görə!
    Qadın təhqirlənir, qoca tapdanır
    Qanun görə-görə, göz görə-görə.

    Ölüm adiləşir, kallaşır insan...
    Onsuz da ah-vayı ölü eşitmir,
    Kallaşa-kallaşa karlaşır insan,
    İçinin səsini çölü eşitmir...

    Görmür göz yaşını, çay görən insan,
    Vay deyən, saç yolan ananı görmür,
    Özü də özünün çıxır yadından,
    Özünün oduna yananı görmür.

    O qədər qan tökən əl var ki, görür:
    O, axan qanı da axan su bilir.
    O qədər qəribə hal var ki, görür;
    Ulayan iti də qonşusu bilir...

    Gözümün aynası, oyat nurunu,
    Boylan ürəyimə bir səhər çağı,
    Gəzdirib sinəmdə boyat nurunu,
    İnsanı harayla, insanı çağır.

    Bir gör ürəyimdə insan yatırmı?
    İnsanla baş-başa insaf yatırmı?
    İlahi, sən saxla, kallaşır insan,
    Kallaşa-kallaşa karlaşır insan...
5 sentyabr, 1992

BU MİLLƏTƏ NƏ VERDİK Kİ?



    Bu millətə nə verdik ki?
    Kimsə qapdı ziyasını,
    Kimsə pozdu sırasını,
    Duzla yuduq yarasını,
    Xörəyinə duz vermədik.

    Bu millətə nə verdik ki?
    İnamını noxtaladıq,
    İnadını axtaladıq,
    Var-yoxunu qarmaladıq,
    Bir çeynəm saqqız vermədik.

    Bu millətə nə verdik ki?
    Halal tikə qənddi, - dedik,
    Yoxsuluna dərdli, - dedik,
    Kasıbına mərddi, - dedik,
    Mərd kasıba qız vermədik.

    Bu millətə nə verdik ki?
    Çiyninə mindik, - öyrəşdi,
    Bir dillə min dil öyrətdik,
    Neçə fəndi-fel öyrətdik,
    Milyon aldıq, yüz vermədik.

    Bu millətə nə verdik ki?
    Biz səhv etdik, batdı qana
    Millət ata, millət ana,
    İllacı qalsın bir yana,
    Dərdi də ucuz vermədik.

    Bu millətə nə verdik ki?
    Bu millətin səbri böyük,
    Dözür: dözüm həddinəcən,
    Dözür: dözüm səddinəcən,
    Dözür: dözüm xəttinəcən...

    Sonra... daha sonra olmur,
    Sonra qara tufan olur,
    Sonra "qullar dünyasının
    İntiqamı yaman olur"...
16 noyabr 1992

 
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (01.11.2013) | Müəllif: R.C E W
Baxış: 930 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more