Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-SEÇİLMİŞ ƏSƏRLƏRİ-CİLD 3-4
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >> 
BU DƏRƏ DƏRİN DƏRƏ



    Sağım da qayalıqdı,
    Solum da qayalıqdı,
    Önümdə dərin dərə...
    Həyat da dərin dərə,
    Ölüm də dərin dərə.
    Burda quşlar ötürsə,
    Çəyirtkələr gizlənib,
    Qayalar kölgəsində
    Çox kölgələr gizlənib,
    Çox ləkələr gizlənib.
    Çox bəlkələr gizlənib
    Burda ilan ilandır,
    Mələməz quzu kimi,
    Burda məğrur qartallar
    Özü tapar ovunu,
    Gözləri leş aramaz
    Oxşarı quzğun kimi.
    Gedirəm axın boyu,
    Deyirəm çox qəribə,
    Çox qəribə bəşərik,
    Göy başımıza şərik!
    Yer ayağımıza şərik!
    Su üstə tumurcuqlar
    Kiçilmiş gözlər kimi,
    Oyulub, çuxurlanıb,
    İşığı oğurlanıb
    İçilmiş gözlər kimi,
    Bu dərə dərin dərə,
    Suları sərin dərə...
    Dərəyə düşmək asan,
    Dərədən çıxmaq çətin.
    Dərəyə qulazlanan
    Torusan bir millətin.
    Ayağınla düşmüsən,
    Əlinlə çıxmalısan.
    Özünü həfkələyib
    Bir tora yığmalısan.
    Birdən görsən, ilahi!
    Özün özün deyilsən.
    Körpü nədir, bənd nədir,
    Quma özül deyilsən...
    Neynər gərəksizləri,
    Özü gərəksiz olan,
    Qədəm əyri, iz əyri,
    Bir əyrisi düz olan...
    Dərəyə enmə, qorxaq!
    Qorxaq həllənc daşıdır,
    Kim ona təpik vursa,
    Dalı ona qarşıdır.
    Bu dərə qurd dərəsi,
    Marığında nər-igid,
    Ora düşsə kor olar
    Qaranlığa hürən it.
    Bu dərə dərin dərə!
    Dərəyə enmə, qorxaq!
    Sahilə yamaq olan
    Ayaq izin qalacaq.
    Sonra kim darta səni,
    Bir müqəddəs əl gərək.
    İşıqdan sap əyirə,
    Bir müqəddəs əyilə,
    Bağlayıb darta səni
    Çanaqlı bağa kimi
    Qəfildən ata səni.
    Dərəyə enmə, qorxaq!
    Bu dərin dərələrə
    Arazlar sığa bilər,
    Bu dərin dərələrdən
    Arazlar çıxa bilər.
    Dərəyə enmə, qorxaq!
    Şah İsmayıl taxtına
    Gedən yol burdan keçir,
    Ədalət paytaxtına
    Gedən yol
    Burdan keçir:
    Dərəyə enmə, qorxaq!
    Bu dərə, dərin dərə...
20 iyul, 1988

QALMADI



    Məndən bu dünyaya nə qaldı görən?
    Bir odlu, ocaqlı oda qalmadı.
    Suyundan oduma arx açdım, suyum
    Od alıb qarışdı oda, qalmadı.

    Bilməm o nankorun qəsdi nə idi?
    Özü insandırsa, əsli nə idi?
    Gümanım bu dostluq qəsrinə idi,
    O da tez dağıldı, o da qalmadı.

    Köçdü göylərimdən gözünə hər qəm,
    Mən belə qurumuş saman çöpüyəm.
    Körpüsüz bir çayam, çaysız körpüyəm,
    Məndə dərd qalmadı, qada qalmadı.

    Zaman zəlzələdi, ülfətdi zaman,
    Halal şöhrətlərə şöhrətdi zaman.
    Elə azğınları titrətdi zaman,
    Birindən bir ağız səda qalmadı.

    Bir dünyam Vətənin xəritəsidir,
    O, göz dağlayası, göz örtəsidir.
    Şer, söz səhəri, söz ertəsidir,
    Vətənə qaldısa, yada qalmadı.
25 iyul 1988

MƏNƏ BİGANƏLİK ÖYRƏT, ÜRƏYİM!



    Mənə biganəlik öyrət, ürəyim!
    Qıvrılım içimdə,
    Yatım içimdə.
    Yaxşını yamandan seçə bilməyim,
    Büdrəyim, yıxılım, batım içimdə.

    Bir gündə ütsələr meşəni, yolub,
    Yıxıb - sürüsələr dağları, susum.
    İçib məst olmasam, baxıb məst olum,
    Desələr bulağa şərabdır bu su.

    Sapanda güc olum, daşa ağırlıq
    Tənha ulduzlara daş atan olsa,
    Deyim "xəlbirlənən" daş qumdur artıq-
    Yetimi, yesiri yaşadan olsa.

    Heç üzü qaraya üzüm gülmədi
    Sən ki, tanıyırsan, ey ürək, kiməm!
    Pərvanə olanda o kəs bilmədi,
    Biganə olanda biləcək kiməm!

    Bir az da ölümü yandırsın ahım,
    Düz olum, bilməyim düz olmaq nədi,
    Satanın nəyinə gərəkdir axı
    İynə olmaq nədi?
    Biz olmaq nədi?

    Oba yerlərinə baxıb ağlayım,
    Tüstüsüz ocaqdan nə pay, nə umu.
    Odunu nə vaxtdan qara bağlayıb,
    Alovu nə vaxtdan ağzını yumub.

    Quruya yaş olmaq hünərdi bəzən,
    Bəzən də bu hünər girovdu nahaq.
    Səni sinələrdən çox asmışam mən,
    Bəs səni sinəmə kim qaytaracaq?

    Elə daldalanım alqış zalında,
    Xəbərim olmasın alqışlayandan.
    Xəbərim olmasın haqqı yanandan,
    Xəbərim olmasın haqqı danandan.

    Çəkim qoltuğuma qulaqlarımı,
    Bilməyim göy payı, yağışdı, qardı.
    Bilməyim sel çəksə ayaqlarımdan
    Sel kötük apardı, insan apardı...

    Ürəyim, öz dərdim özümdən ağır
    Hər hökmün andınla üz-üzə durur.
    Ölü sağlığımın sayıqlamağı,
    Diri mərhumluğun çağrışı budur...
    Mənə biganəlik öyrət, ürəyim...
27 iyul 1988

ŞAİR, NƏ QAZANDIN?


Şairəm, eşqim də öz qəlbim kimi mərdanədir.
Ə.VAHİD


    Yalan yalmanına əli dəymədi,
    Üzəngi bassa da tərifçi çapar.
    Baş da əydirmədi, baş da əymədi,
    Dili dil açmadı ağlından qabaq.

    Mən onu görmüşdüm nurani çağda,
    Qızıla sarınmış yumaq kimiydi.
    Mən onu görmüşdüm pirani çağda,
    Uşaqdan da uşaq, uşaq kimiydi.

    Sınardı, deməzdi ürəyim sınıb...
    Yerə də, göyə də halaldı andı.
    Manat əvəzinə əlyazmasını
    Aca-yalavaca bağışlayandı.

    Qəlbində bir işım Məcnun gümanı,
    Dəminə dəmkeşdi qəmi də hərdən.
    Azanda, çaşanda öz ünvanını
    Dönüb soruşardı sürücülərdən.

    Mən onu görmüşdüm ürəyi güzgü,
    Palıd gövdəsinə bənzəri vardı.
    Mən onu görmüşdüm üzülü, üzgün,
    Büdrəsə, qarışqa tapdalayardı.

    Onu görməmişdim o illərdə ki,
    Xəyanət yarğandı mərdanəliyə,
    Zaman da ikili, zaman da iki,
    Zaman da yorğandı mərdanəliyə.

    İnsana qanaddı adi həvəs də,
    Həvəsi gözündə qalanlar azmı?
    Məhbəs də, qəfəs də, həbs də, qəsd də
    İnsan mərd olanda həddini aşmır.

    Ağ yola səslərdi istəklər onu,
    Mərdin söykənəyi qayadı, dağdı.
    Mərdanə olmasa küləklər onu
    Qatıb yarpaqlara aparacaqdı.

    Mən onu görmüşdüm ürəyi güzgü,
    Mən onu görmüşdüm üzülü, üzgün.
    Heç onu görmədim hüzünlü, küskün
    Şair, nə qazandın mərd olmağınan!
1988

HESABAT



    Dolaşdıq tarlanı, bağçanı, bağı,
    Buyur, yaddaşını köməyə çağır.
    Çağır tərəzini, çağır qapanı,
    Çağır çağrışlarla şöhrət tapanı.
    Sözdür-çəkəni yox, ölçəni yoxdu,
    Yüklə, sicimi yox, örkəni yoxdu.
    De ki, deməlini hələ demirəm,
    İnəklər cüt doğub, qoyunlar üçəm...
    Yalan at çapanda əlildi vicdan,
    De ki, düzlüyündən əyildi vicdan.
    De ki, işləməkdən pas atıb bu xış,
    Dörd fəsil yerinə qışladı bu qış.
    De ki, hörümçəklər hana toxuyur,
    Naxırçı mallara qəzet oxuyur.
    De ki, kəllərimiz filləri yıxır,
    De ki, fil gücümüz kəlləri yıxır,
    Əzmimiz ucaldıb dağ qızılları,
    Südlə suvarırıq "ağ qızılları".
    De ki, bunlar qalır- demədiyim bir,
    Çaylar at yerinə yedəklənibdir!
    Yağış ələməyə ələyimiz var,
    Bulud bələməyə bələyimiz var,
    Çöllər də, düzlər də dümdüz-yerində,
    Gecə növbə çəkir gündüz yerində.
    Var olsun- üyüdən ağız, "bu boyda",
    Açıb sinəsini kağız bu boyda.
    Olarlar, olmazlar yerli yerində,
    Qalarlar, qalmazlar yerli yerində,
    Sən deyən, mən yazan, nə desək -deyək,
    Sonra da alqışlar təsdiqləyəcək:
    Plan bu qədərdi, yalan bu qədər,
    Talan bu qədərdi, qalan bu qədər,
    Donan bu qədərdi, yanan bu qədər,
    Bilməz bu qədərdi, qanan bu qədər.
    Noxta bu qədərdi, palan bu qədər,
    Yüyənsiz, qamçısız qalan bu qədər.
    Oynayan bu qədər, çalan bu qədər.
    İsmətli bu qədər, "filan" bu qədər...
    Söz də ki, küt düşmür, nə qədər deyir,
    Əyrini də yeyir, düzü də yeyir.
    Dişimiz qalmadı söz çeynəməkdən,
    Bol məhsul olarmı, balam, bu qədər?!
1988

QORXURAM



    Nəydi yırğalayan bir nəhəng dağı?!
    Uçurumlar zamanın yaddaşı kimi!..
    Ələnib töküldü dərə aşağı
    Qayalar dağların göz yaşı kimi...

    Ən tənha adamdır çox dostlu adam,
    Yıxıldın, qaçacaq hamısı birdən.
    Bir olsun-pir olsun: çıxarma yaddan,
    Bir olsun-pir olsun, yapış o pirdən!

    Düz yola çıxmağa çoxu hələkdi,
    Bəzi oyaqları ayıltmaq olmur.
    Bu necə oyundu,
    Necə hənəkdi?
    Siçanı pişikdən ayırmaq olmur.

    Dağ uçdu? Uçruldu?-Bilinmir bu sirr!-
    Fitnəkar felləri deyilsə, nəydi?
    Zamanın qayçısı düzü düz kəsir,
    Səni əl verdiyin hansı əl əydi?

    Hər sözün qulpundan yapışmır əlim,
    Söz alqı-satqısı heyrətdi bəlkə?
    Hardasa "olarım", hardasa "bəlim"
    Əsrin lüğətində nifrətdi bəlkə!

    Sən dünən beləydin, qaragöz oğlan,
    Bu gün də eləsən:- təbi təlaşlı,
    Böyüklər kölgəsi ünvanı olan-
    Ay başı fırfıra, ay başıdaşlı!

    Ağlım, bu eyhamı sənsiz kim anlar?
    Sən çaşqın qafamda bir qafa da qur...
    Niyə bu yıxanlar, bu yıxılanlar
    Gələndə mələkdi, gedəndə quldur?!

    Dərdim min olsa da sönməz çırağım,
    Səsim öz səsimdən bata, qorxuram.
    Şairi yalana yatan yığnağın
    Özü də plana yata, qorxuram.
1989

YAXŞILAR



    Amandı, qoruyun bir-birinizi.
    Qoymayın soyuya Arazı Kürdən.
    Kim atdı, kim satdı birliyinizi-
    Papağı gildəndi,
    Qafası küldən...

    Elə son anda da sonsuz güc ara,
    Sən nəfəs-nəfəsə, səs-səsə gursan.
    Aradan su keçdi-yarğandı ara,
    Alasız, talasız birliyi bir san!

    Yoxsa əl tutanın yıxanın qədər,
    Qorxma, yaxşıların biri min adam!
    Gəzib igidlərlə qədəmbəqədəm,
    Yaxşılar ordusu yaradacağam.

    Ziyasız olanlar ziyanı dandı,
    Yox üzüqarası "qara kütlənin".
    Bir az gec inandım,
    Yaxşı inandım:
    Dişləri pis kəsmir ağlı kütlərin!
    Amandı, qoruyun bir-birinizi!

    Döyüş nə ağıdır, nə də meyxana,
    Ağlağan qatlanar,-
    Qatlanan sınar!
    Beş gün əlinizə düşən meydana
    Kürnəş bağlayanlar yığışmasınlar!

    Bu hansı ağıllı başdan başlanıb?
    Bu sel görünəndən daha dərindir.
    Bu çələng taclardan uca başların,
    Bu sümük xalqına hürənlərindir!

    Yaltaq da alçaqdır, alçaq da yaltaq,
    Çoxları itləşdi bir yalaq üçün.
    Qoyun beləsini duza, saxlayaq,
    Sabah beləsinə şapalaq üçün.

    Hünər zamanın da qəddini gərir,
    İgidlər ərləşir ərgən çağında.
    Xəyanət selinən, yelinən gəlir,
    Ədalət gələndə quş caynağında!

    Amandı, qoruyun, bir-birinizi!

    Qolu itənlərə qol olanların.
    Çəkici, orağı qorunmalıdır,
    Özgə ümidinə qor olanların
    Öz ümid çırağı qorunmalıdır!

    Mən də hər çağrışa dönüb baxmaram,
    Önümdə dağ durur,
    Arxamda dərə.
    Mən də hələm-hələm bayraq taxmaram
    Göyümdə göyərən göydələnlərə.

    Baxın, bir baxışla kim bunu anlar,
    Düşmən qılıncında-bu dost əlidir!
    Təbrikə, təhrikə mahir olanlar
    Güdaza verməyə səriştəlidir.

    İlahi, nə çoxmuş çayır kimilər!
    Ayıqlar qütbündə ayıq kimilər...

    Amandı, qoruyun birliyinizi!..
4 yanvar 1989

BU GECƏ YUXUDA



    Yel kimi səyirdib mənsəb atını,
    Sel kimi kükrəyib,
    Sel kimi axdım.
    Taxıb qollarıma quş qanadını...
    Bu gecə yuxuda şah oğlu şahdım.

    Günəşə, dur-dedim,-mənsiz yerimə!
    Üfürüb söndürdüm ulduzları da.
    Seçdim xan yerinə, əyan yerinə
    Qəpikdən, quruşdan ucuzları da.

    Çalalar önümdə süd gölməçəsi,
    Dərələr-bal dolu ağzına kimi.
    Əmrimə müntəzir, əmrimə əsir-
    Cəlladdan, quldurdan, - azğına kimi...

    Ağa barmağımı tuşladım-qara,
    Nə desəm ağardı dediyim anda.
    Kimdir bu dünyada kimliyi qalan?
    Əvvəli, sonu var qara daşın da.

    İştahım: ucalmaq Allah yanına!
    Bir az da yuxarı, azacıq, azca!
    Birdən şah kimi də Allah yanıla,
    Bir çimdik toz ollam qapazındaca!

    Dağlara baxıram: gileyli dağlar...
    Bir meşə yüklənir bir qarışqaya.
    Bu uzaq yaxınlar, yaxın uzaqlar,
    Barışa bilmirsə-heç barışmaya!

    Qışqırdım, qışqırdım kişnərti sayaq,
    Qapdı hay səsimi bir qadın səsi,
    Kükrəyib qarışdı kükrəyən çaya
    Bir adam kölgəsi, bir at kölgəsi.

    Kimsə düyününü açır baxtımın,
    "Çəpik çal" deyənin öz əli yoxdu.
    Gümüş sarayımın, qızıl taxtımın
    Hər şeyi yerində,
    Özülü yoxdu.

    Böyrümdə tazı da, dovşan da sinib,
    Gözucu vəzirə, vəkilə baxdım.
    Nə qaçan tərpənir,
    Nə qovan dinir...
    Bu gecə yuxuda şah oğlu şahdım!
29 yanvar, 1989

ŞANAPİPİK


Bəzən olur: daşı yeyir ağılsız insan.

    Şanapipik, bu adada çınqıl gəzmə sən,
    Baban görən, nənən görən
        mərzlər yox daha,
    Yüngülqədəm çətinliklər üzləndi üzdən,
    Ağırqədəm asanlıqlar
        dırmandı dağa.
    Bir azını qulağına ayıq başların...
    Bir azını boğazına haqq deyənlərin...
    Daşlar gördü:
    Daşlıqdan pis ömür başlanır,
    Dağlar gördü: dili dağlı dağ deyənlərin!

    Bu adada insanlardan kövrəkdi daşlar,
    Bu adada yox insandan insana körpü:
    Bu adada-vicdanlara pərsəngdi daşlar,
    Bu adada dimdiyində quşların çöpü.

    Diri-diri dəfn olunur burda adamlar,
    Qum ağlayır, daş ağlayır, insan ağlamır-
    Burda düzlük dükanında yalan satılır,
    Vicdan tacir paltarında-
    Vicdan ağrımır!

    Burda insan yurd yerini qaldırıb göyə,
    Yuva qurub, yuvasına əlləri çatmır.
    Burda cılız qadınların ərləri köhlən,
    Burda köhlən arvadların ərləri çatmır.

    ...Nə yaxşı ki, qulaq tutdum xoruz banına,
    Nə yaxşı ki, külək səsi səsimi uddu,
    Qurd da, quş da qoy çəkilsin öz ünvanına,
    Bir zağa da, bir saralmış yarpaq da yurddu.

    Bu dünyanın hər gününə sorağın olsun,
    Bu adanı belə gördün-hayqır, kirimə.
    Daş-qaya tap, yurd-yuva qur, insafın olsun,
    Şanapipik, bir də mənim yuxuma girmə...
1989

GECƏ PƏNCƏRƏMƏ DIRMAŞAN PİŞİK



    Azdı ac gödənə yüz haram tikə,
    Paslı dəmirləri gəmirmə nahaq
    İşıqla qarnını kim doydurub ki,
    Zülmətlə qarnını kim doyuracaq?
    Gecə pəncərəmə dırmaşan pişik!

    Sanma ki, dünyanın bəxtəvəriyəm,
    Yuxuda xoşbəxtəm, o da ki- yatsam.
    Nahaq haqq əritsə, mənəm əriyən,
    Əsrin caynağında yumaqdı ad-san,
    Gecə pəncərəmə dırmaşan pişik!

    Hər haya-haraya zaman inanmır,
    Bəlkə Allahlığı bacarmır Allah!
    Çoxdandı qəlbimin çırağı yanmır,
    Vallah, gözlərindən od versən, allam,
    Gecə pəncərəmə dırmaşan pişik!

    Səninçün fərqi yox hər kim çağırdı,
    Qapıdan qapıya qaçmağın asan...
    Mənim ürəyimə gələn cığırda
    Fil azar, şir azar, hörümçək azar,
    Gecə pəncərəmə dırmaşan pişik!

    Söyüd də dartınır suyunu alcaq,
    Bir quru kötüyün ədası yoxdur!
    Qurd itdən süləngi, it qurddan alçaq,
    Sinəmdə yer versəm, faydası yoxdur,
    Gecə pəncərəmə dırmaşan pişik!

    Pəncərə sındıqca pişiklər artır,
    Görən nə yemişik, nə yedirtmişik?
    Astana yalayan pəncərə yırtır,
    Yəqin çox pişiyə pələng demişik,
    Gecə pəncərəmə dırmaşan pişik!

    Elə marıtdama altdan yuxarı,
    Nə var yuxarıda, büdrəmək, aşmaq...
    Başa başsızları başsız çıxarır,
    Yeri get qabını yala, ay axmaq!
    Gecə pəncərəmə dırmaşan pişik...
1989

BELƏ DÜNYANIN


M.Müşfiqin xatirəsinə.

    Söz verdim, söz adlı dəfinə verə,
    Tək bircə ölümsüz qərinə verə.
    Umdum nə verdi ki, küsdüm nə verə?
    Mən belə dünyanın nəyindən küsüm?

    İtirib özündə özünü dünya,
    Toyların, yasların özülü dünya...
    Əlim ətəyindən üzülü dünya...
    Mən belə dünyanın nəyindən küsüm?

    Ömrünə vay salar, vaydan utanmaz,
    Saç yolub-hay salar,
    Haydan utanmaz,
    Günəşdən utanmaz, Aydan utanmaz,
    Mən belə dünyanın nəyindən küsüm?

    Çaydı dəhnəsində xırsız əjdaha,
    Gecəsi salamat çıxmaz sabaha.
    İti bazarında atından baha,
    Mən belə dünyanın nəyindən küsüm?

    Dağ olsan, istəsə qolunda saxlar,
    Büküb bir hörümçək torunda saxlar,
    Yüz illik odunu qorunda saxlar,
    Mən belə dünyanın nəyindən küsüm?

    Bir gözü işıqdı,
    Bir gözü buzdu,
    Məkrli qadındı, gülçöhrə qızdı,
    Həlimdi, kövrəkdi, sərtdi, quduzdu...
    Mən belə dünyanın nəyindən küsüm?

    Ayağı altına yastıq qoyanlar,
    Başının altına qumbara qoydu!
    Nadanlar dünyanı qumara qoydu!
    Mən belə dünyanın nəyindən küsüm?

    Olsan öz haqqının köləsi belə,
    Əri öz içində, öləzi belə,
    Ondan inciyənin beləsi belə...
    Mən belə dünyanın nəyindən küsüm?
1989.

ƏGƏR SON NƏĞMƏMİ OXUYA BİLSƏM



    Axşamdan səhərə yetdiyim kimi,
    Əgər min arzumdan birinə yetsəm,
    Əgər Naxçıvana getdiyim kimi,
    Ərdəbilə getsəm, Təbrizə getsəm;

    Əgər hər məkanda haqq əkənləri
    Haqlı döyüşlərdə qalibdi-görsəm.
    Özgə torpağına göz dikənləri,
    Çubuqsuz-çətənsiz qalıbdı görsəm;

    Əgər şah düzündən boylansam aya,
    Xətai qılıncı pilləkan olsa:
    O Şahlı dünyadan şahsız dünyaya,
    Şahlıq ləyaqəti yollayan olsa;

    Əgər son ayaqda başımın üstə,
    Öz ana dilimi şam kimi görsəm.
    Nəfəsim çırpınıb çıxsa qəfəsdən,
    O şamda əriyən qəlbimi görsəm;

    Əgər xoş anlarım, xoşbəxt anlarım,
    Bir gödək ömürdə baxtıma yarsa,
    Qəfləti yuxuma daş atanların,
    Daşı öz qəbrinə qismət olarsa;

    Əgər durnaların düzümü düzsə,
    Yayda yaylaqlara qayıdacaqsa.
    Əlim ayağımı torpaqdan üzsə,
    Dilim məramımı oyadacaqsa,

    Qələmim dünyaya əmanət olsa,
    Gözümün işığı bir gözə töhfə.
    Bir də gəlişimə zəmanət olsa-
    Gəlməzdim mən belə dünyaya, tövbə!

    İnam olacaqdır-dözüm vardısa,
    Qəmi dəm eləmək o mənə qaldı.
    Bir-iki yaraqlı sözüm vardısa-
    Vətəndən almışdım, Vətənə qaldı.

    Qoca Xudafərin! Susmaz gur suyam:
    Qəddin düzəlməmiş ölsəm, bağışla.
    Görüşə bilməsəm, Nursum-nur suyum,
    Ölkələr içində ölkəm, bağışla!..

    Əgər son nəğməmi oxuya bilsəm...
    Bir də öz gücümlə özümə baxdım.
    Əgər son nəğməmi oxuya bilsəm,
    Yəqin ki, bunları oxuyacaqdım...
1989

QAÇMA MƏNDƏN



    Məndən qaçma, quzu ceyran,
    Məndən qaçmağa nə var ki?
    Dərdimi qan, dərdimə yan
    Məndən qaçmağa nə var ki?

    Ovçusuyam tələm yoxdur,
    Tək yolçuyam, Lələm yoxdur.
    Sözümə tən qələm yoxdur,
    Məndən qaçmağa nə var ki?

    Nur zülmətsiz haçan oldu?
    Zülmətdən nur içən oldu!
    Ürəyimdən qaçan oldu...
    Məndən qaçmağa nə var ki?

    Bu zamandır, gərdişi var.
    Didmə, qurma vərdişi var.
    Süd dişi var, qurd dişi var,
    Məndən qaçmağa nə var ki?

    Dağına duman deyiləm,
    Bağına tufan deyiləm,
    Qaçsan da qovan deyiləm
    Məndən qaçmağa nə var ki?
1989

GÜZƏŞT



    Bir çaydan su içir güzəşt də, qəsd də,
    Od da var, buz da var insan qanında.
    Kimi söz acıdır qızıl qəfəsdə,
    Kimi qum sovurur söz xırmanında.

    Hər üzə güləni tanımaq olmur,
    Güzəştə gedənlər mərd oğlu mərddi,
    Söz yamaq götürmür,
    Söz yamaq olmur
    Söz sözə çəpərdi, söz sözə bənddi.

    Günah çamırında ağnayana bax,
    Onun da baxtına günəş doğulur.
    Neçə ağıllıya dedi bir axmaq,
    "Qəbahət doğuldu-güzəşt doğulur".

    Qulağı kar olan hin harayına,
    Tülküyə borcumuz hörmətdi-dedi.
    Düşdüsə bir sürü bir qurd payına-
    Bunun da adı var-"qismətdi"- dedi.

    Dünən ön sırada gördüm əzəni,
    Fərqinə varmadım, güzəştə getdim.
    Üstümə çəmkirən Ayızadənin
    Burnuna vurmadım, güzəştə getdim.

    İnadda yüzəmsə, güzəştdə minəm,
    Öz əlim pis qazmır öz məzarımı.
    Bu xalqa ömürlük tapşıran mənəm
    Dərə məzarımı, düz məzarımı.

    Yol kəsən, ev yıxan güclüdən uzaq,
    Gücsüzlə oyunda güzəştə getdim.
    Bu da var: kölgəmi gəmirən alçaq
    Quyruq bulayanda, güzəştə getdim.

    O qədər güzəştə getdim, bu haqqı
    Çox azlar yenə də çox az bildilər.
    Ayağım altında qədim torpağı
    İndicə sərilmiş palaz bildilər.

    Babam da beləcə, atam da belə
    Toruna düşənə güzəştə getdi.
    Torundan qaçana güzəştə getdi,
    Yelə bağışladı yel aparanı.
    Selə bağışladı sel aparanı.

    O qədər güzəştə getdim, axırda
    Palazım dartıldı ayağım altdan.
    Yox, daha torpağa yenmək vaxtıdır.
    Qəzəbim, nifrətim, bərk yapış atdan
    Bəxşişim, güzəştim, daha düş atdan...
02 yanvar, 1990

DÜNYA DÜZƏLMİR


Böyük Mirzə Cəlilə

    Ömür də tükənir, söz də tükənir,
    Başımın altından yastıq da qaçır.
    Əllərdir uçuran, əllər tikəni,
    Çölümdən yaz qaçır, yazlıq da qaçır,
    Dünya düzəlmir ki, düzəlmir, baba!

    Kimdənsə tez durub kimin uşağı
    İtinə daş atıb beş yüz il qabaq.
    Kimin dəyirmanı, kimdən aşağı...
    Bunları yerində kim oturdacaq?!
    Dünya düzəlmir ki, düzəlmir, baba!

    Tərəfsiz tərəfdə düz oğlu düzlər!
    Tərəfgir tərəfdə silah, qan-qada!
    Çayını itirən mavi dənizlər
    Çırpınıb, boğulur göz qabağında.
    Dünya düzəlmir ki, düzəlmir, baba!

    Kiminsə dünəni qəbirsiz qalıb,
    Kotançı babası dəmirsiz qalıb,
    Körükçü atası kömürsüz qalıb,
    Xəmrəsi, urvası xəmirsiz qalıb
    Dünya düzəlmir ki, düzəlmir, baba!

    Mən təkdim, cüt oldum: təkləndim yenə,
    Özüm yük çəkənəm,
    Özüm də yükəm!
    Baxsam "döz" deyənə, "döz" deyilənə
    Ağzımdan qapılar öz halal tikəm,
    Dünya düzəlmir ki, düzəlmir, baba!

    Gedir yal davası, sümük davası,
    Gedir vurhavurla çəpik davası,
    Gedir milyonçunun qəpik davası,
    Çürük fikirlərin çürük davası...
    Dünya düzəlmir ki, düzəlmir, baba!

    "Mənəm" deyənlərin məni görünmür,
    Əli tətikdələr, özü hədəfdə,
    Azmış ağılların çəni görünmür,
    İtmiş, itirilmiş başlar kələfdə!
    Dünya düzəlmir ki, düzəlmir, baba!

    Hələ bu dünyanın qeylü-qalı çox,
    Bilməm zəhəri çox, yoxsa balı çox.
    Çox verdim özümə bu sualı çox,
    Ərzin nadanından ağsaqqalı çox!
    Bəs niyə bu dünya düzəlmir, baba!
1990

TƏSƏLLİ



    Hələ ömrümüzün nə yazı olub,
    Hələ bu dünyada nə yaşamışıq.
    Bizim payımıza çatası olub
    Təsəlli bir qaşıq, ümid bir qaşıq.

    Demə ki, ömrümüz keçdi yarıdan,
    Biz yenə ümidli günlər yarıyıq.
    Biz ki gələcəyə inam sarıdan
    Dünyanın ən varlı adamlarıyıq!..
Yanvar, 1970

BU ŞEYTANLAR


Böyük Cavidi oxuyarkən

    Yer üzündə hər nə qədər insan yaşar,
    Yer üzündə o qədər də şeytan yaşar,
    Hər düyündən, hər müşküldən hali
        şeytan,

    Yolçu şeytan,
    Sülək şeytan,
    Ala şeytan!
    Onu insan doğmayıbsa,
    Hardan belə bu qədərdir?
    O, su üstə üzən quru,
    O, quruda su qədərdi.
    Şeytan almaz insan dərsi,
    İnsan alar şeytan dərsi,
    Şeytan işi düzün tərsi,
    Tərsin düzü olmur, olmaz;
    Onu gəzən yolçu olar,
    Qismətində uğur omaz.
    Başdan aşar "səxavəti",
    Bizdən bizə pay gətirər
        pay aparar,
    Vay aparar, vay gətirər;
    Qəlbimizdən çıxıb gedər məqamında,
    Böyüklərə yük daşımaq məramında.
    Didib tökər ağlımızı,
    Orda hamar cığır görsə,
    Eşələyib quyu eylər,
    Bir balaca çuxur görsə,
    Sinəmizdə bayquşlara yuva qurar,
    Bircə şaxı sınmış görsə,
    Şax gəzinər, şax oturar,
    Ac-yalavac qurd-quş görsə.
    Çöl dünyası daha geniş, daha böyük;
    Daha ağır çəkdiyi yük,
    Özü dartar, özü saxlar.
    Kürsülərə can atanı;
    Özü açar, özü bağlar.
    "Qara şeytan", "sarı şeytan",
    "Ala şeytan", "Bala şeytan".
    Cəmiyyəti yaradanı.
    "Alda-verdə" səriştəli,
    Hər yerdədi, hər işdədi.
    Heç yerdədi, heç işdədi.
    Bu gün yaşa, bu gündədi,
    Keçmişə köç keçmişdədi.
    Alqış alar, çəpik satar
    "Üç qəpiyə", "beş qəpiyə",
    Satar şöhrətpərəstlərə,
    Satar mənsəbpərəstlərə,
    Satar yalanpərəstlərə.
    Bu şeytanlar
        kəsə-kəsə
    Əlimizlə əlimizi,
    Dar ağacı qurğuları
    Çəkib yığar qəlbimizə;
    Elə qurar dilimizi,
    Hər kəs özü
    ölümünə fitva verər.
    Elə burar əlimizi,
    Hər kəs özü cəllad tapar,
    Cəlladına özü iti balta verər.
    Bu şeytanlar:
    Qonşu şeytan qəlbindəki şeytanlara
    Yol axtarar, tapar yolu;
    Bu da şeytan, şeytan oğlu,
    O da şeytan, şeytan oğlu,
    Bu da oğru, o da oğru;
    Bu da quldur, o da quldur.
    Bu yol, qardaş!
    Şeytanların
    ünvanından gələn yoldur,
    Bu yol, qardaş!
    Şeytanların yuvasına gedən yoldur,
    Vallah, qardaş,
    Öz qəlbində özünə yer qalmayacaq, -
    Belə getsə şeytanların
    Bu artımı.
    Bir qulaq ver:
    Arxamızca şeytanların hürüşməsi
    Qurtardımı!!!
mart, 1991

YOXDU



    Bu ocaqda söz alışqan,
    Alışan var, yanan yoxdu.
    Bu saman ki, saxlamışıq,
    Yiyə duran zaman yoxdu.

    Dedim qurban şirin dilə,
    Yatdımı bir şerim dilə?!
    Şirin dildə şirin dilək,
    Şirinliyi duyan yoxdu.

    Söz qanmaz ki, şeşələnir,
    Söz küllükdə eşələnir.
    Min dərdim var - rişələnir,
    Bircəsini qanan yoxdu.

    Bu yol ki, düşdüm ağına,
    Dartınır "ölüm dağına",
    Düşdüm ümid sorağına,
    Hay verən çox, hayan yoxdu.

    Daşdan-kəsəkdən yazıram,
    Çəndən-çisəkdən yazıram,
    İtdən-pişikdən yazıram,
    Heç fərqinə varan yoxdu.

    Harda yoxam, harda varam,
    Qərarımda biqəraram;
    Nəyim halal, nəyim haram,
    Yoxdu, şərhi-bəyan yoxdu.

    Sözümü yordum bu yolda,
    İzimi yordum bu yolda,
    Dözümü yordum bu yolda;
    Dözümə də güman yoxdu.
mart-aprel 1991

YOLÇU, YOLUN HARADI?



    Yolçu, yolun haradı?
    Qoşulum sənə bəlkə!
    Birləşib çıraq olduq
    Yolu itənə bəlkə?

    Mən keçmişi itirdim,
    Sən sabahı bəlkə də.
    Qarışdırıb bölərik,
    Bu günahı bəlkə də.

    Duru gözlər bulandı,
    Daha duru nə var ki?
    Yaman gözdən gizlənən
    Neçə qərinə var ki?

    O mənəm - sən adında,
    Qırıq daşa söykəli,
    Dağında yad buludlar,
    Bağında yad heykəli.

    Arxamda lay-lay duran,
    Divarlar aşdı lay-lay.
    Oduna isindiyim,
    Qadın ülfəti-laylam.

    Ayrı yoldu söz yolu,
    Quyruq olmaz heç yola,
    Əyrini də çəkməz o
    Əyri yola, kəc yola.

    Öndə nəyim yəhərli,
    Arxada nəyim qalıb.
    Gir gizlən ürəyimdə,
    Bircə ürəyim qalıb...
1991

ZAMANA ALDANAN BÖYÜK YAZIĞA



    Belə çoxumuzu aldatdı zaman,
    Gülüb, arxamızca daş atdı zaman.
    Sonra da "gözümdən itilin", - dedi.
    "İtirin keçmişi, itirin", - dedi.
    Aldatdı beləcə aldatdı zaman,
    "Şər" - deyib, özünə əl qatdı zaman.
    Tutaşmaq öyrətdi, söz dura-dura,
    Əyilmək öyrətdi, düz dura-dura.
    Qardaş qardaşına atdı - yenilik!
    Nəvə babasını satdı - yenilik!
    "Hər yeni səhərə yeni göz açdıq",
    "İşdən qayıdanda ünvanı çaşdıq".
    Qara siyahıya düşdü çən-duman,
    Köhnə çay, köhnə arx, köhnə dəyirman.
    Dedik ki, zamanı qabaqlayaq biz,
    Ona çatmayanı ayaqlayaq biz.
    Çölləri şumladıq vaxtından qabaq,
    Dən səpib, suladıq vaxtından qabaq.
    Doğdu inəklər də vaxtından qabaq,
    Buzovlar böyütdük vaxtından qabaq.
    Boşaldı təknəmiz vaxtından qabaq,
    Təzəmiz, köhnəmiz vaxtından qabaq...
    Batdı dövlətimiz vaxtından qabaq,
    İtdi şöhrətimiz vaxtından qabaq,
    Yenə də qışqırdıq: sabah bizimdir!
    Sabaha tuşlanan silah bizimdir.
    Yaxşı böyürənə əl çaldıq - alqış!
    Yaxşı alçalana alçaldıq - alqış!
    Ucaldı heykəlin bu çağda, belə
    Çalış heykəlini bərk saxla, belə
    İndi yıxılmağın çox asan olar
    Çətin yıxılanı durğuzan ola,..
    Səni hiyləgərcə aldatdı zaman,
    Sonra boğazına ip atdı zaman,
    İp atdı, sürüdü haraya gəldi,
    Nə tanrı, nə bəndə haraya gəldi.
    Əlimiz öyrəndi boyaqçılığa,
    Dilimiz öyrəndi boyaqçılığa;
    Qırmızı boyadıq bütün rəngləri,
    "Qırmızı" soy adı bütün rənglərin,
    Adını dəyişdik bütün varlığın,
    Kəşf etdik "Qırmızı bəxtiyarlığı",
    Qırmızı boyandı hər gümanımız,
    Qırmızı parçadan üst köynəyimiz,
    Qırmızı parçadan alt tumanımız...
    "Qırmızı" ağladıq, "qırmızı" güldük.
    Qurd kimi uladıq,
    İt kimi hürdük.
    Zülmət gözümüzü tutduğu halda...
    Söz açdıq işıqlı gələcək haqda.
    Aldana biləni aldatdı zaman,
    Sonra arxamızca daş atdı zaman.
    Hər evə rəhbərin nəfəsi gəldi,
    Nəfəsilə birgə qəfəsi gəldi,
    Bu gün hər mədhinə yasin oxutduq
    Yer qazıb, dəfn etdik əməlli-başlı.
    Məni də qələmim atəşə tutdu:
    "Sən də çox aldandın, ay ağlı çaşqın,
    Çoxun dəfn olundu, çox azın qalıb,
    Qalıbsa, bir ağız avazın qalıb".
    İndi də bir qeyri haldadır zaman,
    Aldana biləni aldadır zaman.
    Kiməsə küləşdir, samandır zaman,
    Kiməsə axçalı dövrandır zaman.
    İndi də zamanı yaşadan bizik,
    Aldadan biziksə, aldanan bizik...
13 aprel 1991

DALIMCA GƏLMƏ



    Ta mənim dalımca gəlmə, əzizim,
    Bir şöhrət çəhlimi tap, qoşul ona.
    Çətin cığırımız yollaşa bizim,
    İz tapaq bir məslək qonşuluğuna.

    Sabahın sədası bu gündən gəlir,
    Taledir quruda tapdığın qayıq.
    Əvvəlin sonu yox, sonun əvvəli,
    Sən mənim dalımca daş at da, qayıt.

    Göyün hökmü ola,
    Yerin imzası,
    Mən özüm istəsəm - dalımca gəlmə.
    Doğrunun diktəsi, şərin duası
    "Dalımca gəl desə",
    dalımca gəlmə.

    Yedəkdə nərin də nərliyi itir,
    Neçə çubuq yeyir bir tikan üçün.
    Əsrin günahları gözümdə bitir,
    Mən kiməm, nəçiyəm bu məkan üçün?

    Var təkan verəni cəhdin, həvəsin,
    Bir gözəgörünməz köməyindədir,
    Səni yedəyində aparan kəsin
    Özü də kiminsə yedəyindədir.

    Mən ki yer eşmədim yola çıxmağa,
    Çəkməyə öz yüküm bəs eylər, atam.
    Mən öz cığırıma özüm sığmaram,
    Nə rəva, sığmaza sığmazı dartam.

    Noxtası quşquna bağlı yol gedən...
    Sonrası? - Beləcə adət, öyrəniş!
    Sonrası? - Ləyaqət gedər əlindən,
    Sonrası - alçalış,
    Sonrası! - hər iş...

    Yoluna yol verməz duman da, çən də,
    Özün öz yoluna özül olmasan;
    Arxadan gələn də, öndə gedən də,
    Ortada qalan da özün olmasan.
    Sən mənim dalımca gəlmə, əzizim.
19 iyun 1991, Quba

İBRƏT-NİFRƏT MUZEYİ



    Sən dünyaya göz açdığın bu diyarda,
    Ünvan gəzdim.
    Soraqladım, açıq gəzdim,
    Pünhan gəzdim,
    Tanımayan tanımadı,
    Tanıyalar baş buladı,
        danışmadı.
    Elə itdin, elə batdın, bu torpağa
    Bircə çimdik külün belə
        qarışmadı.
    Qapısını açdığın bir dost evi yox,
    Qardaş, bacı, qohum yoxdu,
    Tanış yoxdu, simsar yoxdu;
    Atan-baban tapşırılmış
    Heç naməlum məzar yoxdu,
    İzin-tozun saxlamağa
    Bir zağa yox, bir kaha yox, mağara yox,
    "Vardı" - deyən bir dəli yox, bir səfil yox,
    Avara yox.
    Nə nəvən var, nə nəticən, nə kötükcən olacaqdı;
    Bu tarixi, bu ibrəti yad edəcək
    Yadıcalar olsa haqdı.
    Qanı-canı bahasına
    Gözlərinə baxanların çoxu deyir:
        gözün dörddü,
    Baş kəsəndə, ev yıxanda
    Dördünü də birdən örtdun.
    Deyirlər ki, gözlərinin biri hərdən
    Ədaləti, haqqı görüb,
    O, alqışa susayanda xalqı görüb -
    Bu məqamda taxta çıxıb əmr edirdi:
    "Hər nə bəddi, hər nə sərtdi,
    Hər nə xoşdu, hər nə boşdu..."
    Hökmün sonu:
    Yenə "haqqı" düzləməkdi,
    Yenə üzdə olanları üzləməkdi,
    Bu yol - döngə, yarğan-uçrum
    Bir də, bir də olmayacaq.
    Bircə anlıq düşünəsən ibrət üçün,
    Dörd gözünə, dörd mil azdı -
    Nifrət üçün.
    Varlığından nə qalıbsa,
    Nə eşidib, nə görmüşəm -
    Çevirirəm birər-birər:
    Xəyalımda "sənə layiq".
    Ev muzeyi düzəldirəm,
    Girəcəkdə: bədənsiz baş,
    Qılınc tutan bədənsiz əl...
    İçəridə: Baş cəlladın şəkli başda,
    Sonra gəlir: əmrə hazır cığırdaşlar.
    Sonra gəlir: "Qəbristana dönən şəhər" -
    Bir xəndəyə kürəklənir
    Əli yoxlar, gözü yoxlar,
    Başı yoxlar...
    Sonra gəlir: gülləbaran!
    "Xalqa düşmən xalq kütləsi!"
    Altda yazı:
    "Xalqa düşmən olanlara xalq cəzası".
    Sonra gəlir: "Uzaq Sibir mənzərəsi".
    Doğranılmış göy meşədə boz kötüklər...
    Kötüklərin dibindəcə boş qəbirlər...
    Başda yazı:
    "Əvvəlcədən bağlanılmış müqavilə" -
    "Sibirdən Bakıya qardaş töhfəsi"
    "Yeni sakinləri gözləyir Sibir".
    Sonra gəlir: Kremldən gələn səslər.
    Baş cəlladın teleqramı:
    "Xalqı xalqdan qoruyana dost salamı!"
    Sonra gəlir baş cəlladın məktubları:
    "Qızıl sözlər guşəsi.."
    Mən görməzdim o muzeyi,
    Mən girməzdim o muzeyə,
        Bacarmadım.
    Yox, o muzey mənə çoxdan,
    Çoxdan tanış,
    Bundan böyük, bundan doğru muzeyini
    Heyf, tarix saxlamamış.
    Ha istədim o muzeyin qapısından
    Pünhan keçəm, - bacarmadım.
    Gözlərimi yumam keçəm, -
        bacarmadım.
    Bircə düyün, yapışmağa bir əl yeri -
    Bir anlığa səni, səni xilas üçün
    Tapılmadı.
    Rəğbət üçün, rəhmət üçün,
    Dəqiqəlik bir yas üçün
    Tapılmadı.
    Sənə yazıq,
    Sənə bədbəxt,
    Sənə sarsaq,
    Sənə harın, sənə sərsəm
    Demək üçün.
    Bəlkə elə günahısan
    Səni doğan bir millətin,
    Ha istədim xilqətə yad xilqətinə
    Bir ad verəm: - alınmadı.
    Mirqəzəblik sənətinə
    Bir ad verəm: - alınmadı.
    İmanımı, gümanımı
    Vəkil tutdum, alınmadı.
    Vicdanımı vəkil tutdum,
    Alınmadı.
    "Karsız" dedim, alınmadı,
    "Gorsuz" dedim, alınmadı.
    Bir zağan yox, bir kahan yox,
    Mağaran yox,
    Kimsənən yox, simsarın yox.
    Əqrəban yox!
    Məzarın yox, sarayın yox, xaraban yox!
    Dən axtardım,
    Çürük bir dən:
    Öləziyən xatirədə
    Bitsə birdən...
    Əl bu günü,
    Dil dünəni silkələdi, -
    Görünmədi.
    Söz daş oldu,
    Daş mələdi görünmədi.
    Hara yazaq bu yazını,
    Kimə deyək bu deyimi?
    Bu muzeyə nə ad verək: -
    İbrət-nifrət muzeyimi?..
1991

 
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (01.11.2013) | Müəllif: R.C E W
Baxış: 750 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more